Arxeoloji qazıntıların nəticələrinə görə, Naxçıvan tunc dövründə artıq böyük bir yaşayış məntəqəsi olmuşdur. Naxçıvan haqqında ən erkən məlumat İosif Flaviyə (e.ə. I əsr) və Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Klavdi Ptolemeyin “Coğrafiya” əsərində Naxçıvanın adı ilk dəfə “Naksuana” şəklində qeyd olunmuşdur (7, s.338). Orta əsr ərəbdilli və farsdilli mənbələrdə şəhərin adı “Nəşavə”, “Naqçuan” şəklində qeyd olunmuşdur.
Orta əsr müəlliflərindən əl-Bəlazuri, ət-Təbəri, əl-İstəxri, Qudamə ibn Cəfər, İbn Hövqəl, əl-Müqəddəsi, İbn Misqəveyh, Məhəmməd Bəkrani, Yaqut əl-Həməvi, İbn əl-Əsir və Həmdullah Qəzvini Naxçıvan haqqında az da olsa məlumat vermişlər. Əl-Bəlazuri Busfurracan nahiyəsinin əsas şəhərlərindən olmuş Nəşavada (Naxçıvan) “bir çox qəsrlərin tikildiyini” qeyd etmişdir (1, s.195). əl-Bəlazurinin məlumatına görə, zəngin şəhərlərdən olmuş Nəşava “Sasani şahənşahı Ənuşirəvanın dövründə tikilmişdir” (1, s.195). E.Çələbiyə görə isə Naxçıvan “Şah Əfrasiyab tərəfindən tikilmişdir” (3, s.44). XIII əsr müəllifi Yaqut əl-Həməvi “Mucəm əl-buldan” əsərində qeyd etmişdir: “Nəşava Azərbaycan şəhəridir. Bəziləri onu Arran şəhəri hesab edirlər. Xalq arasında ona “Naxçuvan” və ya “Nakcuvan” deyirlər” (14, V, s.286).
Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvanın ən parlaq dövrü X-XI əsrlərdə Əbu Duləfilərin, XII əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrə təsadüf edir (10, s.407).
Naxçıvan Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir. Zəngin təbii sərvətlərə, əlverişli coğrafi mövqeyə malik olan bu diyar qədimdən Qafqazın iri mədəni mərkəzlərindən birinə çevrilmiş, onun Şərq ölkələri ilə iqtisadi, mədəni əlaqələrində mühim rol oynamış, yerli tayfaların və xalqların mədəni-tarixi inkişafına ciddi təsir göstərmişdir. Təsadüfü deyil ki, Azərbaycanın qədim tarixinin parlaq səhifələrinin bir çoxu bilavasitə Naxçıvanla bağlıdır.
E.ə. IX-VI əsrlərdə Naxçıvan Şərqin qədim dövlətlərinin Mannanın və Midiyanın tərkibinə daxil idi. Midiya dövründə Naxçıvan tanınmış şəhərlərdən biri olmuşdur. E.ə. VII əsrdə Naxçıvan skiflərin hücümuna məruz qalmış, e.ə. VI əsrin ortalarından IV əsrin 30-cu illərinədək Əhəmənilər imperiyasının tərkibində olmuşdur. Əhəmənilər dövlətinin süqutundan IV əsrin sonlarından e.ə. I əsrin birinci yarısınadək Naxçıvan Makedoniyalı İsgəndərin imperiyasının və Atropatenanın bir hissəsi olmuşdur (7, s.338). B.e. I əsrindən Naxçıvan şəhəri antik Albaniyasının tərkibinə daxil idi (6, s.169). Sasani hökmdarı II Şapur (309-379) Qafqaz yürüşü zamanı (364-367) Naxçıvan şəhərini dağıtmış, 18 min ailəni isə əsir aparmışdı (7, s.339). Albaniya bəzən Sasani hökmdarlarının nüfuz dairəsində olmuşdur. 591-ci ildə bağlanmış Sasani-Bizans müqaviləsinə görə, Naxçıvan Sünik və Vaspurakan vilayətləri tərkibində Sasanilərə tabe edildi (13, s.44). Naxçıvandakı Yezdabad qalasının Sasani şahənşahı III Yezdəgird (632-651) tərəfindən tikdirildiyi qeyd olunur (7, s.339). VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus olan zərbxana fəaliyyət göstərməyə başlamışdı. Y.A.Paxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş “naxç” işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur (9, № 5). 625-ci ildə Bizans imperatoru İraklinin (619-641) yürüşü nəticəsində dağıdılmış Atropatena-Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.
Azərbaycan ərazisinə ərəb qoşunlarının hücumları 642-ci ildə baş vermiş Nəhavənd döyüşündən bir il sonra 643-cü ildə başlandı. Orta əsr ərəbdilli mənbələrinin təhlili təsdiq edir ki, xəlifə Ömərin dövründə ərəblər yalnız ölkənin cənub və Dərbəndədək Xəzərsahili torpaqlarını tuta bilmişdilər. Bu mərhələnin sonunda yerli əhali ilə müqavilə bağlayan ərəblər onlara müqavimət göstərməyən yəni xristianlara, yəhudilərə və işğalın ilk dövründə atəşpərəstlərə dini vergi olan cizyə ödəmək müqabilində toxunmadılar. İslamı qəbul edənlərə güzəştlər edildi, ərəblərlə birlikdə yürüşlərdə iştirak edən yerlilər xidmətləri əvəzində vergidən azad edildilər (12, s.5; 13, s.35). Lakin, 644-cü ildə, Xilafət mərkəzində baş vermiş siyasi gərginlikdən istifadə edən Azərbaycan əhalisi üsyan edərək ərəblərlə bağladıqları müqavilələrin şərtlərini yerinə yetirməkdən imtina etdi.
Xəlifə Ömərin qətlindən sonra hakimiyyətə gəlmiş Osman ibn Əfvanın (644-656) Azərbaycana göndərdiyi sərkərdə Vəlid ibn Uqbənin rəhbərlik etdiyi ordunun hücumu ilə ərəblərin Azərbaycana ikinci-geniş yürüşü başlandı. Azərbaycan torpaqlarını yenidən işğal etmiş və yeni sülh müqaviləsi bağlamış ərəblər sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə Araz çayını keçərək Albaniya ərazisinə də hücum etdi, ölkəni taladı, zəngin qənimətlə və əsirlərlə Vəlidin qərargahına qayıtdı (13, s.35). Nailə Vəlixanlının fikrincə, “İran istiqamətindən hücum edən ərəblər Cənubi Azərbaycan kəndlərini və Naxçıvan obalarını viran qoyaraq xeyli arvad-uşaqları əsir götürüb Culfa keçidindən Arazın о tayına apardılar” (12, s.5-6). Mənbələrin təhlili təsdiq edir ki, bir neçə dəfə Naxçıvana hücum edən ərəblər Naxçıvan qalasını tuta bilməmiş, ətraf yerlərin işğalı ilə kifayətlənmişdilər (13, s.36). 644-cü ildə xəlifə Osmanın göstərişinə əsasən sərkərdə Həbib ibn Məsləmənin başçılığı ilə güclənmiş yeni ərəb hücumları Naxçıvan üçün də daha ağır nəticələrə səbəb oldu. Bu yürüşdə Salman ibn Rəbiə də Həbib ibn Məsləməyə yardım edirdi (13, s.37).
Z.M. Bünyadov və R.Məmmədov Naxçıvanın ərəb ordusu tərəfındən işğalını dəqiq tarix göstərmədən “xəlifə Osmanın (644-656) dövrünə”, Dağıstan tarixçisi Ə.Şıxsəidov isə 644-645-cü illərə aid etmişlər. Hər iki Azərbaycan alimi Naxçıvana yalnız bir hücum haqqında məlumat vermişdilərsə, Ə.Şıxsəidov ərəblərin Cənubi Qafqaza 32/652-653-cü ildə baş vermiş yeni hücumundan da bəhs etmişdir (12, s.6; 13, s.38).
Bəlazuri qeyd edir ki, Həbib ibn Məsləmənin Salman ibn Rəbiənin köməyi ilə Qaliqaladan (Ərzurum) başladığı ilk hücumu bu şəhərin alınması ilə nəticələnmişdi. Bundan sonra Mərbəlada möhkəmlənmiş ərəb sərkərdəsi burada onun görüşünə gəlmiş Xilat batrikini qəbul etmiş, bu batrikin hələ 640-cı ildə baş vermiş ərəb hücumları dövründə sərkərdə İyaz ibn Ğanəmlə bağladığı müqaviləni təsdiqləyərək müəyyən olunmuş vergini qəbul etmişdi. Xilatdan sonra Həbib, əl-Busfurrucan (Naxçıvan əraziləri) sahibi ilə görüşərək onu hakim vəzifəsinə təyin etmiş, onunla sülh və əmin-amanlıq müqaviləsi bağlamışdı. Daha sonra “əl-Qırmız kəndi” adlanan Əzdişata gələn Həbib kürdlərin çayını (Nəhr əl-əkrad) keçərək Dəbil şəhərini yenidən tutmuşdu. Təslim olan və aman istəyən Dəbil əhalisi ilə sülh müqaviləsi bağlayan Həbib öz dəstəsini ölkənin içərilərinə göndərərək Dəbilin bütün kəndlərini ələ keçirmişdi. Beləliklə, Qaliqaladan Dəbilədək bütün torpaqları ələ keçirmiş ərəblər yalnız bundan sonra Naxçıvana hücum etmişdilər (1, s.280-281; 12, s.7; 13, s.38-39).
Ərəblərin Naxçıvana hücumu Dəbilin (Dvinin) yenidən tabe edilməsindən sonra baş vermişdi. Əl-Bəlazuri və başqa ərəb müəllifləri bu şəhərin işğalı gedişini geniş şərh etməsələr də Həbibin mənbədə “ən-Nəşavə” adlandırılan Naxçıvanı tutması, bu şəhərin və Dəbilin əhalisi ilə bağlanmış müqaviləyə oxşar müqavilə bağlaması haqqında məlumat vermişlər. Ərəblər Dəbil əhalisi ilə aşağıdakı şərtlər əsasında müqavilə bağlamışdılar: “Mərhəmətli və rəhimli Allahın adı ilə. Bu kağız Həbib ibn Məsləmədən Dəbilin həm burada olan, həm də olmayan xristian əhalisinə, onun atəşpərəstlərinə (məcus) və yəhudilərinədir. Mən sizin özünüzün, malınızın, kilsələrinizin, sinaqoqlarınızın, şəhərlərinizin divarlarının toxunmazlığına təminat verirəm. Siz amandasınız. Biz bağlalanan müqaviləyə əməl edəcəyik, nə qədər ki, siz ona riayət edəcək, cizyəni və xəracı ödəyəcəksiniz. Allah şahiddir, Allahın şahidliyi kifayətdir. Möhürlədi: Həbib ibn Məsləmə” (1, s.282). Naxçıvan işğal olunduqdan və ərəb sərkərdəsi ilə Naxçıvan əhalisi arasında müqavilə bağlandıqdan sonra əl-Busfurrucanın batriki (xristian əyan) Həbibin yanına gələrək onunla özünün bütün ölkəsi adından hər il xərc ödəyəcəkləri vədi ilə sülh müqaviləsi bağladı (1, 282).
XIII əsr müəllifi Yaqut əl-Həməvi əl-Busfurrucanı “Arran ölkəsinin (Albaniyanın -Ş.Ş) vilayəti” adlandırırdı. O, Nəşavanın əhali arasında “Naxcuvan” və yaxud “Nakcuvan” kimi tanındığını, onun Azərbaycanda böyük şəhər olduğunu, Ərminiyə ilə sərhəddə yerləşdiyini, bəzilərinin isə onu Arrana aid etdiklərini” də qeyd etmişdir (14, V cild, s.286-287).
Əl-Bəlazurinin məlumatına görə, Xilafət ordusu tərəfındən ələ keçirilmiş Naxçıvanın və əl-Busfurrucanın (Vaspurakanın) hakimləri ilə ətraf yerlərin hakimləri kimi ərəb üsul-idarəsinə tabeçilik və vergi ödəmək şərtilə ayrı-ayrılıqda sülh müqavilələri imzalamış Həbib ibn Məsləmə buradan Sisəcana (Sünikə) hücum etdi, qızğın döyüşdən sonra Vays qalasını tutdu və “əs-Sisəcandakı qalaların sakinləri ilə ona vəd etdikləri xərcin ödənilməsi şərtilə sülh bağladı. Naxçıvanın və əs-Sisəcan (Sünik) qalalarının ələ keçirilməsindən sonra Həbib ibn Məsləmə xəlifə Osmanın göstərişilə Bizans sərkərdəsi Mavrianın ardınca Curzana (Gürcüstana) getdi. Ondan ayrılmış Salman ibn Rəbiə isə altı minlik qoşunla Naxçıvandan Beyləqana, oradan isə Bərdəyə aparan yeganə yolun üzərində yerləşən Biçənək aşırımı vasitəsilə Arranın içərilərinə daxil oldu (12, s.9; 13, s.46).
Lakin ərəblərin işğal etdikləri yerlərdə yaratdıqları və əsasən müqavilələrdə nəzərdə tutulmuş vergilərin toplanması ilə məşğul olan idarələr hələ kifayət qədər möhkəm deyildi. Həm ölkənin daxilində, həm də Xilafətin mərkəzində baş verən hər bir siyasi dəyişiklik yerli əhalinin xarici tabeçilikdən azad olmaq cəhdləri ilə nəticələnirdi. Məhz buna görə də Cənubi Qafqazın bir çox böyük şəhərləri, о cümlədən, Naxçıvanla bağlanmış sülh də uzun sürmədi. 653-cü ildə, növbəti qarşıdurmaların birində, hətta Dərbənddən şimala-xəzərlərin şəhəri Bələncərədək irəliləyə bilmiş ərəb sərkərdəsi Səlman ibn Rəbiənin öldürülməsindən sonra Azərbaycanın çox hissəsi yenidən ərəblərin itaətindən çıxdı. İki ildən sonra xəlifə Osman artıq Cənubi Qafqaza yaxşı bələd olan Həbib ibn Məsləməni yeni qüvvələrlə buraya göndərdi. Ərəb müəllifi əl-Kufı “altı min süvarisi və piyadası olan Həbibin Xilat və Sirac Tayra (Şiraka) yeni - ikinci yürüşü, orada düşərgə salması, sonra Curzana (Gürcüstana) məktub göndərərək bu ölkənin hakimi ilə əvvəllər bağladığı sülh müqaviləsini təzələməsi” haqqında məlumat vermişdir (4, s.345-346). Ərməniyyə hüdudla-rında üç dəstəyə bölünən ərəblərin bir dəstəsi Vaspurakan vilayətinə hücum edərək Naxçıvan şəhərinədək həmin ərazidə yerləşən bütün kənd və qalaları ələ keçirə bilmişdilər (12, s.9).
Orta əsr ərəbdilli mənbələrində olan məlumata görə, xəlifə Osman Cənubi Qafqazda işğal edilmiş yerləri, о cümlədən, Naxçıvanı öz idarəsi altında birləşdirmiş Həbib ibn Məsləməni tezliklə 654-cü ildə yeni vali ilə əvəz etdi. Artıq bu dövrdə ərəblərin Cənubi Qafqazdakı işğal dairələri xeyli genişlənərək şimal-qərbdə Tiflis və şimal-şərqdə Dərbənd daxil olmaqla Xəzər sahillərinədək bütün tarixi Azərbaycan ərazilərini və qonşu torpaqları əhatə etdiyinə görə Xilafət nümayəndəsinin iqamətgahı Albaniya dövlətinin əsas şəhəri olan Bərdəyə köçürüldü. Qısa müddətdən sonra xəlifənin əmri ilə Huzeyfə Mədinə şəhərinə qaytarıldı və Azərbaycanda onu müvəqqəti olaraq qohumlarından biri əvəz etdi.
Ərəb müəllifləri Osmanın xəlifəliyi dövründə Azərbaycanda və Ərminiyədə Huzeyfədən sonra rəsmi surətdə valilik edən məşhur sərkərdə Muğirə ibn Şubənin, Qasim ibn Rəbiət ibn Umeyyə və Əmr ibn Müaviyə kimi şəxslərin adlarını çəkmişlər. Xəlifə Əlinin hakimiyyəti illərində (656-661) isə onun Cənubi Qafqazdakı valisi əl-Əşəs ibn Qeys olmuşdur (1, s.286-288; 13, s.50).
654-cü ildə Naxçıvan üçüncü raşidi xəlifəsi Osman ibn Əfvanın (644-656) dövründə - Həbib ibn Məsləmənin başçılığı altında olan ordu tərəfindən tutuldu. Ərəb sərkərdəsi Həbib ibn Məsləmə və Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə, Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656-cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş verdi (7, s.339).
VII əsrin ortalarında Naxçıvan ərazisində xəlifə orduları və bizanslılar arasında döyüş baş verdi. Həmin döyüşdə qalib gəlmiş müsəlmanlar Naxçıvanı öz dayaq məntəqəsinə, hərbi idarə mərkəzinə çevirdilər. VII əsrin ortalarında Naxçıvan Əməvilər xilafətinin tərkibində idi (5, s.10). Əməvilər dövründə xəzərlərin və bizanslıların hücumlarına daha çox məruz qala biləcək bölgələrə, o cümlədən, Dərbənddə və Naxçıvanda qoşun hissələri yerləşdirilmişdi (13, səh-52). 680-ci ildə xəlifə Müaviyənin vəfatından sonra Xilafət mərkəzində qarışıqlıq yarandı. Bundan istifadə edən xəzərlər 685-ci ildə Cənubi Qafqaza hücum etməklə yanaşı Naxçıvan ərazisinə daxil olaraq xeyli əsir və qənimətlər ələ keçirmişlər. Qısa müddət sonra Leontinin başçılığı ilə Cənubi Qafqaza daxil olan Bizans ordusu Qafqaz ölkəsinin 25 vilayətini viran etdi, 8 min əsir ələ keçirdi və yerli əhalinin üzərinə ağır vergilər qoydu. Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvanın (685-705) dövründə yenidən Azərbaycan torpaqlarına daxil olan ərəblər Naxçıvan ərazisində (Culfa və Ordubad tərəflərdə) özbaşınalıqlar etdi (13, s.53). Xəlifə Əbdülməlik tərəfindən əl-Cəzirə, Azərbaycan və Ərminiyə valisi təyin edilən Məhəmməd ibn Mərvanın dövründə (693-709) ərəblərin Cənubi Qafqazda möhkəmlənmə prosesi gücləndi. İstər xəzərlərə, istərsə də bizanslılara qarşı baş verən vuruşmalar nəticə etibarı ilə VIII yüzilliyin əvvələrində ərəb hakimiyyətinin xeyli güclənməsinə, strateji əhəmiyyətli Naxçıvanda yeni ərəb qoşunlarının yerləşdirilməsinə gətirib çıxardı (13, s.55).
Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olmuş Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi. IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əleyhinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı bölgələrdən biri də Naxçıvan olmuşdur. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Busfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi (2, s.134).
Xilafətin ucqarlara nəzarəti zəiflədikdən sonra - IX əsrin sonlarından Naxçıvan Xilafətdən tam asılı olmayan Sacilər (879-941) dövlətinin tərkibinə daxil edildi və X əsrin 30-cu illərinədən bu dövlətin nəzarəti altında qaldı. Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932-937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər (941-981) dövlətinin tərkibinə daxil olmuşdur. X əsrin sonlarından Naxçıvan Azərbaycan tarixində mühüm rol oynamış Rəvvadilər (981-1117) dövlətinin tərkibində idi. X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan “Naxçıvanşahlıq” adlı feodal dövlətinin paytaxtı olmuşdur (11, s.75). Naxçıvan bir müddət Əbudülafilər və Dulafilər kimi tanınan ərəb mənşəli sülalə tərəfindən də idarə olunmuşdur. X əsrin 80-ci illərində ölkədə yaranmış siyasi vəziyyətlə əlaqədar Naxçıvanda müstəqil, yaxud yarımmüstəqil dövlət qurumu – “Naxçıvanşahlıq” meydana gəlir. Naxçıvanşahlıq ərəb xilafətinin süqutundan sonra təşəkkül tapmış Azərbaycan feodal dövlətlərindən biri idi. Naxçıvanşahlıq Salarilər dövlətinin son vaxtlarında meydana gəlmiş və Rəvvadilər dövləti ilə yanaşı fəaliyyət göstərmişdir. Naxçıvanşahlıq adlanan feodallığın təşəkkülü Rəvvadilər dövlətinin adı ilə sıx bağlıdır. Bu feodallığın başında Əbu Duləfilər sülaləsinin nümayəndələri dururdu. Duləfilərin idarə etdiyi, Ordubadla Əylis arasında yerləşən Qoğtən əmirliyinin hakimi Əbu Duləf 982-ci ildə Salarilərin son nümayəndəsi Dvin hakimi Əbül Hica ibn İbrahimi məğlubiyyətə uğradaraq, Dvin, Naxçıvan və digər şəhərləri tutur və Basfurracan da daxil olmaqla həmin ərazilərdə möhkəmlənməyə çalışır. O, buna nail ola bilməsə də, nəvəsi Əbu Duləf sonralar Dvini yenidən tutur və “Naxçıvanşah” titulunu qəbul edərək şahlığı idarə edir. Bu feodal dövləti Naxçıvan, Qoğtən (Qoltan, Ordubad, Əylis) əmirliyi və Dvin ərazisini əhatə edirdi. Naxçıvanşahlıq 80 ilə yaxın (983-1065/66) mövcud olmuşdur (8, s.192).
X-XII əsrlərdə Naxçıvan, Culfa şəhərləri Yaxın və Orta Şərqdə iri ticarət və sənətkarlıq mərkəzi kimi şöhrət qazanmışdı. Kiyev knyazlığına və Qərbi Avropaya gedən karvanlar bu şəhərlərdən keçirdi.
Səlcuq sultanı Alp Arslan (1063-1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda qərarlaşmışdı. Naxçıvan şəhəri XII əsrin 30-cu illərindən 70-ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur (7, s.340).
1221-ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225-ci ildə Naxçıvan Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı tərəfindən işğal edildi. XIII əsrin 30-cu illərində Qızıl Ordanın, 1257-ci ildə isə Hülakular dövlətinin tərkibinə daxil oldu. 1258-ci ildə Hülaku xan Bağdadı tutaraq mənəvi olaraq müsəlmanlar üçün birləşdirici rol oynayan, lakin zəif idarəetmə aparatına sahib olan Xilafətə son qoydu. Bununla da bütün İslam şəhərləri kimi Naxçıvan da Xilafətdən ayrıldı. XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü. Naxçıvan tüməni bunlardan biri idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən beşi (Naxçıvan, Ordubad, Azad, Əncan və Maku) bu tüməndə yerləşirdi (7, s.340).
Qədim Azərbaycan şəhərlərindən olan Naxçıvan ərəblər tərəfindən sülh yolu ilə tutulmuş şəhərlərdən biri olmuşdur. Bu ərazidə olan əhli-kitab əhli-zimmə sırasına daxil edilir, bağlanmış müqavilənin şərtini gözləməklə onların şəxsi və mülki toxunulmazlıqlarına zəmanət verilirdi. Müqaviləyə görə, Naxçıvanın da İslam dünyası qarşısında təəhhüdləri islam dini təlimini, bu dini və onun mərasimlərini təbliğ etmək, ona etiqad etmək, İslama qarşı müharibə aparmamaq, bu müharibələrdə iştirak etməmək, vergini və ya xəracı vaxtında ödəmək idi. Ərəb Xilafəti isə onları xarici hücumlardan müdafiə etməli, əhalinin siyasi hüquqlarının və etiqad azadlıqlarının qorunub saxlanılmasını təmin etməli, şəxsi həyatına və dini işlərinə qarışmamalı, əmlakına, şəxsiyyətlərinə hörmət etməli idi.
Naxçıvan bir çox orta əsr Azərbaycan alim və mütəfəkkirlərinin vətəni olmuşdur. Ərəb müəllifi Yaqut əl-Həməvi qeyd etmişdir ki, “Naxçıvandan bir çox elm adamları çıxmışlar və onlar “Ən-Nəsəvi” (yəni Naxçıvani) ləqəbi ilə məşhurdurlar (14, V cild, 286-287). Alim Əbu Ömər Naxçıvani (XI əsr) Azərbaycanda fəlsəfi fikirlərin yayılmasında böyük rol oynamışdır. Elməddin Naxçıvani XI əsrin böyük təbibi sayılırdı. Onu “Həkimlər Şahı” adlandırırdılar” (5, s.11-15).
Bu dövrdə Naxçıvan memarlıq məktəbi bütün Şərqdə məşhurlaşmışdı. Həmin məktəbin əsasını memar Əcəmi ibn Əbubəkr Naxçıvani qoymuşdur. 1162-ci ildə onun rəhbərliyi ilə Yusif ibn Kuseyr türbəsi, 1186-cı ildə isə Möminə Xatun türbəsi tikilmişdir. Culfa kəndindəki “Gülüstan türbəsi” orta əsrlərin müasir nəslə böyük bir memarlıq yadigarıdır. Naxçıvan memarlıq məktəbi Yaxın və Orta Şərq ölkələrinin memarlıq sənətinə istiqamət verici təsir göstərmişdir. Osmanlı-Səfəvi müharibələri dövründə dəfələrlə dağıldılmasına baxmayaraq, Naxçıvan XVII əsrədək memarlıq baxımından qiymətli tikililərə malik idi. Osmanlı müəllifi Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 10200 “örtülü ev”, 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur (3, s.83). Övliya Çələbinin bu məlumatına əsasən demək olar ki, o zaman Naxçıvanda təxminən otuz minə yaxın əhali olmuşdur.
Nəticə olaraq deyə bilərik ki, VII əsrin II yarısından etibarən Naxçıvan “İslam mədəniyyəti” mərkəzlərindən biri olmuşdur. Naxçıvan İslami memarlıq ənənələrini indiyədək qoruyub saxlamışdır.
ƏDƏBİYYAT
1. Bəlazuri, Əhməd ibn Yəhya, Fütuhul-buldan, (thq: Abdullah Ənis Təbba), Beyrut-1987.
2. Bünyadov Z.M. Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007.
3. Evliya Çələbi, Səyahətnamə, Bakı-2012.
4. İbn Əsəm əl-Kufi, Kitab əl-Fütuh. Beyrut-Lübnan. h.1411/m.1991.
5. Quliyev C., Mədətov Q., Nadirov A., Sovet Naxçıvanı, Bakı-1984.
6. Məmmədova F. Qafqaz Albaniyası və albanlar, Bakı, 2005.
7. Naxçıvan Ensiklopediyası, Bakı-2002.
8. Naxçıvan tarixi, ən qədimdən XVIII əsrin 40-cı illərinədək. “Əcəmi nəşriyyatı”. 2013. III cilddə. I cild. 452 s.
9. Пахомов Е.А. – Монеты “Нахчавана”, Az.SSR EA-nın Xəbərləri, 1949.
10. Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri, Bakı-2015.
11. Şərifli M.X. IX əsrin II yarısı-XI əsrdə Azərbaycan feodal dövlətləri, Bakı, 1978.
12. Vəlixanlı N. Naxçıvan - ərəblərdən monqollaradək (VII-XII əsrlər), Bakı-2005.
13. Vəlixanlı N. Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda. Naxçıvan-2015. 180 s.
14. Yaqut əl-Həməvi, Mucəm əl-buldan, Beyrut, h.1397/m.1977.
Açar sözlər: Naxçıvan, Nəşavə, Əbu Düləfilər, Vaspurakan, Albaniya.
Ключевые слова: Нахчыван, Нашава, Абу Дулафиты, Васпуракан, Албания.
Key words: Nakhchivan, Nashava, Abu Dulafids, Vaspurakan, Albania.
Резюме
Нахичеван – один из городов Азербайджана, о котором в средневековых источниках приведена наиболее подробная информация. В произведениях таких средневековых авторов, как Балазури, Табари, Истахри, Кудама, Ибн Хаукаль, Мугаддаси, ибн Мискавейх, Мухаммед Бакрани, Руби аль-Хамави, Ибн Асир и Хамдаллах Казвини, хотя и немного, но предоставлены сведения о Нахичеване.
Блестящий период истории города Нахичевана, являвшегося одним из ведущих городов Албании, Саджидского, Сaлaридского, Раввадидского государств, созданных на территории Азербайджана, приходится на период правления Абу Дулафитов в X-XI вв., а также XII в., период, когда Нахчиван являлся столицей и центральным городом Азербайджанского государства Атабеков.
Summary
Nakhchivan is one of the cities of Azerbaijan about which there are given relatively more detailed information in medieval sources. Despite the little information such medieval authors as Balazuri, Tabari, İstakhri, Qudaamah, İbn Hawqal, Muqaddasi, İbn Miskawayh, Muhammad Bakrani, Ruby al-Hamawi, İbn Athir and Hamdullah Gazvini mention Nakhchivan in their works.
It was a brilliant period in the history of Nakhchivan city under the Abu Dulafis in X-XI centuries and in the XII century when the city was the capital and one of the principal cities of Azerbaijani State of Atabeks.
"GEOSTRATEGİYA" jurnalı №03 (39) May-İyun 2017
Şahlar Şərİfov
İlahiyyat üzrə fəlsəfə doktoru
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM