08:39 30 Avqust 2017
1497 dəfə oxunub
Çap versiyası

 

 

Gürcüstana getmək barədə qərarım ani oldu. Sırf Acarıstanın mərkəzi Batumu görmək üçün bu səfərə çıxmağa dəyərdi. Çünki mərhum atamın vaxtilə işlədiyi və uşaqlıq illərimdə haqqında dəfələrlə bəhs etdiyi Batumu görmək çoxdankı arzum idi. 800 km-lik yolu qət edərək 24 ildən sonra yenidən Qara dənizin sahilinə gedib, onun suyunda üzmək istəyini bura əlavə edəndə bu qismətə görə Allah şükür etmək gərəkir.

Səhərə yaxın bir zamanlar əhalisinin mühüm hissəsini azərbaycanlıların təşkil etdiyi Tiflisin “Ortaçala” vağzalına çatdıq. Batuma getmək üçün tələsdiyimdən normal avtobus marşrutlarını gözləməyib, Tiflislə Batum arasında işləyən mikroavtobuslardan birinə mindik. Sən demə, buradakıların hamısı azərbaycanlılar imiş. Kimisi bizim kimi dincəlməyə, gəzməyə, kimisi də Batumdan keçərək Türkiyəyə işləməyə gedirdi. Tiflisdən bir qədər uzaqlaşdıqdan sonra Gürcüstanın dağları və ormanlarının bol yaşıllığı bizi darıxmağa qoymadı. Çünki yol çayların kənarından və dağlıq-meşəlik ərazilərdən keçirdi. 8 saatlıq müddətdə nələr keçmədi ağlımdan. Məsələn, həyatımda ikinci dəfə, Türkiyəyə bu qədər yaxın əraziyə gedirdim və ikinci dəfə mənə Qara dənizi görmək qismət olacaqdı. Bu zaman uşaqlıqdan Türkiyə telekanallarindan eşitdiyim Qara dəniz bölgəsinə aid Batum haqqındakı türkü də yadıma düşdü:

Mən gedirəm Batuma,

Batumun batağına...

İlk dəfə bu mahnını eşidəndə elə güman edirdim ki, Batumda bataqlıqlar var. Bəlkə də nə vaxtsa olub? Amma tarixi mənbələrdəki etimologiyasına görə, “Batum” sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin adı ilə bağlıdır. Batum (biz tərəflərdə “Batım” deyirdilər) mənim yadımda həm də qış ərəfəsində kəndimizə Batumdan qayıdanların, o cümlədən atamın gətirdiyi portağal, mandarin kimi sitrus meyvələri və quru çayı ilə qalmışdı. Ancaq indiki

vaxtda bu meyvələrin mövsümü olmadığı üçün Batumun naringisi məni maraqlandırmırdı.

Nəhayət, Ozurgetidən sonra Acarıstanın ərazisinə keçdik. Budur Kobuletiyə çatdıq. Ucsuz-bucaqsız dağ meşələrindən sonra Qara dəniz sahillərinin buradan görünməsi diqqətimizi və marağımızı çəkdi. Burada həyat çox qaynar görünürdü. Hətta bizim mikroavtobusdakı sakinlərdən bəziləri buranı Batum zənn edib, düşmək istədilər. Qoymadıq... Kobuletini bizim Nabrana daha çox bənzətmək olar. Nəhayət, Batuma 2–3 kilometr qalmış, demək olar ki, şəhərə birləşmiş Maxincauri qəsəbəsinə çatdıq. Madona xanımın evini tapmaq bir qədər çətin olsa da, sonunda kiçik hovuzu olan acar qızının həyətindəyik.

Yerləşməyimizdən 1 saatın sonra Qara dənizin sularına özümü atmaqdan çəkinmədim. Bu zaman 26 il əvvəl yazdığım misraları yenidən xatırladım. Ən yaxın insanı itirdikdən sonra doğma evimdən uzaqlaşmağı daha münasib yol seçdiyim dövrdə qələmə alınan bu misralar Qara dəniz sahilindən mənə qalan barmaqla sayılacaq xatirələrdən biri idi:

Hardasa ümid sönür, sönən ümidlər mənim,

Dünya başıma dönür, sərsəm duyğular mənim...

Qara dəniz, ya Xəzər – bütün dənizlər mənim,

Sevinc mənim, kədər mənim, ən ağır dərdlər mənim...

Xəzərdən fərqli olaraq burada çimərliklərin əksəriyyətində sahilin və suyun dibinin daşlı olduğunu bilirdim. Amma bizim qaldığımız yerin yaxınlığındakı otellərin qarşısındakı qumlu çimərliyə getdik. Uzun yoldan sonra Qara dənizdə üzmək olduqca rahatlıq verdi. Sözün əsl mənasında dincəldim...

Qayıtdıq Madonanın evinə. Batumda ilk gecəmiz idi. Bakının istisindən sonra burada sərin olacağını düşünürdüm. Amma oradakı qohumların təbirincə desək, Bakının istisini özümüzlə aparmışdıq. Rütubətə gəlincə isə, o, bizlik deyildi. Batum zatən subtropik zonada və dəniz sahilində yerləşdiyindən burada rütubət Bakıdan da çox olur. Qısaca desək, burada gecələməyin Bakıdakından o qədər də fərqi yox idi. Hətta Hövsan gecələri buradan da sərin olur, desəm, yəqinki yanılmaram.

Səhərisi gün Batumun mərkəzini görmək, maraqlı yerlə baş çəkmək üçün tələsdik. Orta Batum məhəlləsində yerləşən və Batumun Şərqin müsəlman şəhəri olduğunu göstərən “Orta cami” məscidinin görüntüsü də olduqca möhtəşəm idi (bu barədə növbəti yazıda...).

Batumun dağlıq hissəsinə bizi aparan “Arqo” kanatından istifadə etdik. Batum kanatı həm uzunluğu, həm də hündürlüyünə görə daha heyranedici və möhtəşəm idi. Ən maraqlısı isə kanatın son dayanacağına yaxın yerdə dağın üzərində iki dildə “Batumi” yazısının həkk olunması idi. Dağda xüsusi quraşdırılmış durbinlərlə şəhərin digər hissələrini də yaxından seyr etmək şansı vardı.

Batumdakı bulvara qədər ərazidə sahilə yan alan gəmilər və katerlərin görüntüsü daha maraqlı idi. Bulvarda yerləşən Şərq memarlığı üslubuna malik “Saat qülləsi”, ondan bir qədər irəlidəki qədim mayak gecəvaxtı daha da gözəl görüntü alır. Hələ bir qədər aralıda olan, qaranlıq düşəndə qovuşub-ayrılmaları bir başqa ecazkarlıq sərgiləyən görkəmli yazarımız Yusif Vəzir Çəmənzəminlinin əsərinin (müəllif kimi göstərilən “Qurban Səid” təxəllüsünə iddialılar çoxdur) qəhrəmanları “Əli və Nino” heykəlini (abidəsini) görmək daha diqqətçəkici idi. Gürcü heykəltəraşı Tamar Kvesitadzenin metaldan hazırladığı məhəbbət abidəsi 2010-cu ildə bulvar ərazisində quraşdırlıb. Axşam tərəfi 10 dəqiqədə bir qovuşan və ayrılan bu heykəlin izləyiciləri daha çox olur.

Bulvarın başlanğıcında yerləşən 130 metrlik hündürlükdə olan “Əlifba qülləsi” bizim alov qüllələri kimi Batumun simvoluna çevrildiyi kimi, həm də gecələr işıqlandırılma ilə daha da füsunkar olur. Bu işıqlandrıma zamanı qüllənin başındakı kürənin tez-tez Azərbyacanın bayrağındakı rənglərə bürünməsi gözəl mənzərə idi. Bulvarın birbaşa çimərliyə açılması, onun ərazisində yerləşən oyun attraksionları da uşaqlar üçün heyrətverici idi. Çünki onlarin bəziləri bizimkilərdən daha nəhəng və əsrarəngizliyi ilə seçilirdi.

Batum küçələrində və bulvarın özündə gəzməyin ən maraqlı tərəfi o idi ki, bu şəhərdə dünyanın 6 qitəsindən də insan görmək olardı. Türkiyədən, Gürcüstandan və Azərbaycandan olan soydaşlarımızla yanaşı, İrandan türklər və farslar, Yaxın Şərqdən ərəblər, Rusiya, Ukrayna və Belarusdan, Afrikadan gələnlər, ən nəhayət

çox təəssüf ki, bədnam qonşularımız olan ermənilər də bu şəhərdə çox idi. Burada küçələrdə elanlar, restoran və kafelərin üzərində bəzi reklamlar isə üç-dörd dildə yazılırdı: gürcü, ingilis, türk və rus. Hətta bir çox yerdə gürcü və ingilis dili ilə yanaşı, türk dilinə üstünlük verilirdi. Burada Türkiyədən gələn soydaşlarımızın yeməkxanaları, mağazaları daha çox idi. Orada çalışan türklərlə yanaşı, acarların əksəriyyəti də türkcə danışırdılar. Batumun özünün də Türkiyəyə yaxınlığı (sərhədə qədər uzaqlıq cəmi 12 kilometrdir) burada türk mallarının bolluğuna səbəb olur.

Əlbəttə burada türk restoranları çoxdur. Onların pizzasından da daddıq. Amma Gürcüstana gedib xaçapuri yemədən qayıtmaq olmazdı. Acar xaçapurisi və təndirdə bişirilən başqa bir növ xaçapurinin dadı daha ləzzətli idi.

Gecə Batum bulvarından sonrakı ən gəzməli yer təbii ki, şəhərin “Musqili fəvvarələr”i idi. Suyun işıqla rəqsini meydana gətirən fəvvarələr həm uzunluğu və sahəsi, həm də müxtəlifliyi ilə gecələr turistləri bura cəlb edir. Dünyanın müxtəlif ölkələrindən gələn insanlar gecələr bu fəvvarələrin ətrafında yığışıb hər növdən musiqi sədaları altında su fəvvarələrinin rəqsini izləyirlər. Fəvvarələrin qurtardığı yerdə şəhərdə gəzinti üçün faytonlar dayanıb. Küçəni o tərəfə adlayanda isə Türkiyə konsulluğunun binası qarşısında dalğalanan möhtəşəm türk bayrağını gördük. Konsulluq binasında təmir işləri gedirdi.

Batumda türk varlığı təkcə bunlarla qurtarmır. Dəniz gəzintisinə çıxdığımız katerdəki rəqqasə də türk mahnılarının sədaları altında rəqs edirdi. Daha doğrusu, onun türk mahnısı altında rəqs etməsi bizim məhz o katerə yönəlməyimizə və dəniz səfərinə çıxmağımıza səbəb oldu. Dənizdən Batum bulvarını seyr etmək, hətta oradan dənizdə üzən, göydə uçan və çimərlikdə istirahət edən insanlarla birgə sahilin şəklini çəkmək daha maraqlı oldu. Ən yaxşısı o idi ki, dənizdən bənzərsiz şəkillər çəkmək olurdu. Yarımsaatlıq dəniz gəzintisi doğrudan da insanın ruhuna bir sərinlik gətirdi desəm, yanılmaram.

Batum səfərinin ən əsrarəngiz hissəsi isə şəhərdən 9 kilometr uzaqlıqda yerləşən Batum Botanika Bağındakı gəzinti idi. 11 bağdan ibarət olan 100-dən çox yaşı olan Botanika Bağının cəmi 4–5 bağını gəzsək də, burada dünyanın bütün

qitələrindən ağacların mövcud olması, bambuk, palma və digər ağaclar başda olmaqla, onların daha böyük, həm də möhtəşəmliyi, hər 200–300 metrdən bir sərin bulaqların olması məni buranı cənnətə bənzər bir yer olaraq qiymətləndirməkdən çəkindirmir. Bütün cəhətləri ilə möhtəşəm olan bu bağdakı səliqəlilik, dünyanın dörd bir yanından insanların da bu səliqəli mühitin qaydalarına tam şəkildə riayət etməsi insan da doğrudan da əsl həmrəylik hisslərini gücləndirirdi...


Müəllifin digər yazıları

  1. KƏNGƏRLİ NƏSLİNİN SONUNCU GENERALI
  2. PROFESSORU CASUS KİMİ İTTİHAM ETDİLƏR - Foto
  3. VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
  4. BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)
  5. 15 SENTYABR ZƏFƏRİNİN 99-CU İLDÖNÜMÜ
  6. Bir səfərdən üç yazı - AVROPA HARA, BİZ HARA (II yazı-müşahidə)
  7. Bir səfərdən üç yazı - MƏN GEDİRƏM BATUMA (I yazı–təəssürat)
  8. Repressiyanın 80-ci ili - SAĞLIĞINDA BƏRAƏT ALAN YEGANƏ ALİM - (VI yazı)
  9. Repressiyanın 80-ci ili (V yazı) - ÖLÜMÜ SÜRGÜNDƏN ÜSTÜN TUTAN ALİM
  10. SARKİSYAN VƏ DİGƏR MÜHARİBƏ CİNAYƏTKARLARINI HƏRBİ TRİBUNAL GÖZLƏYİR
  11. Müharibə zamanı KİV-də obyektivlik problemləri
  12. Repressiyanın 80-ci ili (IV yazı) - UNUDULMUŞ ŞƏRQŞÜNAS: Zifeld-Sumumyaqi
  13. Reklam mədəniyyətsizliyi - Prezidentin yaratdığı yeni qurumun fəaliyyəti bu problemin qarşısını ala bilər
  14. Repressiyanın 80-ci ili (III yazı) - GƏNCƏLİ ABDULLANIN BAKIDAKI NAKAM SONU
  15. SİLAHLI QÜVVƏLƏRİMİZİN 99 YAŞI
  16. AVROPASAYAĞI ƏDALƏT: İraqı və Suriyanı bölənlər Kipri birləşdirmək istəyir
Şərh yaz




Enter Code*:

Son xəbərlər
 
Xəbər başlıqları
25-11-2017
24-11-2017

Bütün xəbərlər

 
© 2012 Strategiya.az
Proqramlaşdırma: Encoder.Az
1.6191 san