Qərbin Avrasiya siyasəti, onun dəyişən və dəyişməyən aspektləri

09:00 / 29.01.2019

Cavanşir Feyziyev

Fəlsəfə doktoru, millət vəkili

Avropada Renessans, Reformasiya və Maarifçilik hərəkatları bütün cinahlar üzrə ictimai, siyasi, iqtisadi və mədəni həyatı kökündən dəyişməyə hazırlayan prosesləri yetişdirdi: avropalılar hətta kralı yıxıb edam etmək, yüzilliklər boyu davam edən xanədanları çökdürüb yeni siyasi rejimlər qurmaq (Fransa inqilabları), parlament mədəniyyətini siyasi praktikada möhkəmləndirmək (Britaniya reformaları), istehsal üsulunu inqilabiləşdirməklə kapitalist iqtisadi sistemini yaratmaq və klassik modernləşməni dönmədən həyata keçirmək risklərindən çəkinmədilər. Vestfaliya Sülhünün bağlanmasından sonra (1648) Avropada milli dövlətlərin yaranması prosesi dönməz oldu. Əlbəttə, bundan sonra da bu regionda müharibələrin qarşısı alınmadı. Ancaq kontinental siyasi özünütəşkilin məntiqi getdikcə Avropadaxili münaqişələri Avropaxarici rəqabət meydanına çıxarmağa yönəlirdi.
Planetin coğrafiyası, ayrı-ayrı regionlarda yaşayan insanların həyat tərzi haqqında yeni-yeni biliklərin əldə edilməsi avropalıların gözünü açmışdı. Onlar Makedoniyalı İsgəndər və Roma imperiyası zamanında Şərqə və Cənuba doğru hərbi yürüşlərin açdığı sərhədlərə daha bir xəyal kimi nəzər salmaq istəmirdilər. Artıq onlar bu sərhədləri də ötüb keçmək, Asiya, Afrika və Amerika qitələrində “öz hakimiyyətlərini” yaratmaq imkanlarına real baxırdılar. Avropa dövlətlərində iqtisadiyyatın inkişafı siyasi strukturların, ardınca da hərbi sənayenin tərəqqisinə yol açırdı. Daha yüksək inkişaf etmiş Avropa dövlətləri Avropa sərhədlərindən daha geniş geopolitik məkanda öz “sivilizasiya üstünlüklərini” hərbi-siyasi üstünlüklərə çevirmək üçün bir-biri ilə amansız rəqabət apara-apara mübarizəyə girişmişdilər. Təqribən XVIII əsrdən başlayan, XIX əsrin sonu – XX əsrin əvvəllərində zirvəsinə çatan Avropa imperializmi bu müddətdə, demək olar ki, planetin böyük bir hissəsini özünün ekspansiya siyasətinin toruna salmışdı.
Planetin qərb yarımkürəsi XX əsrə qədər dünya siyasətinin idarə olunmasında iştirak etmirdi. Bu vaxta qədər həmin siyasətin meydanı – yalnız şərq yarımkürəsi, konkret olaraq, Asiya və Avropanın bir-birini əvəz edən hegemon dövlətlərinin əlində idi. Yalnız Amerika Birləşmiş Ştatları ilə planetin qərb yarımkürəsi dünyanın siyasi tarixində önə çıxdı. Özü də necə çıxdı! – Başlanğıcından hegemonluq ambisiyalarını prioritetə çevirən “realpolitik” xəttinin yeridilməsi ilə [12, s.17-55, 137]. Avropanın qərb yarımkürəsinə ekspansiyasının “törəməsi” olan ABŞ bundan sonra “Ata-Avropa” ilə birlikdə “Qərb sivilizasiyası” və “Qərb imperializmi” fenomenini funksionallaşdırır. Avropa ilə ABŞ arasında nə qədər ziddiyyətlər, anlaşılmazlıqlar olsa da, onlar həlledici məqamda eyni mövqedən çıxış edir, Qərb siyasətini həm Avropa – Asiya münasibətlərində, həm də daha geniş miqyasda, Qərb – Şərq münasibətlərində birlikdə təmsil edirlər.
Qərb imperializminin tədriclə Amerika, Afrika və Avstraliya qitələrinə, Asiyanın bir sıra Yaxın Şərq və cənub-şərqi Asiya ölkələrinə sahib olduğu və digər ölkələrdə də geniş nüfuz dairəsi yaratdığı uzun tarixi dövrdə o, bu prosesin planetar miqyas almasının qarşısını ala bilən iki Avrasiya qüvvəsini görürdü: Osmanlı və Rusiya imperiyalarını [4, s.154-163]. Lakin, görkəmli ingilis tarixçisi Arnold Toynbinin qeyd etdiyi kimi, Qərbin öz “silahını” – “qərbləşməni” onun özünə qarşı məharətlə işlətməyi bacaran Böyük Pyotr və Mustafa Kamal Atatürk həmin prosesin başa çatdırılmasına imkan vermədilər [5, s.256, 266-291]: Rusiya və Türkiyə Qərbi – Avrasiya üzərində mütləq hökmran olmağa qoymadılar. Ancaq bütün bunlara baxmayaraq, Qərb imperializmi planetin dominant siyasi qüvvəsi kimi formalaşaraq, dünyanın bütün qitələrində özünün müstəmləkə rejimlərini qurdu. Müstəmləkə-ölkələrin var-dövləti Avropa və Amerika şəhərlərinə axmağa başladı.
Amerika Birləşmiş Ştatlarının güclənməsi ilə Qərb geosivilizasiyasının qlobal transatlantik məkanı daha da genişləndi. Qərbin Avrasiya proseslərinə yumşaq diplomatiya, sərt radikalizm və qanlı müharibələrlə müdaxilə etməsi Şərq – Qərb arasında geopolitik balansı həlledici şəkildə Qərbin xeyirinə dəyişdi. Asiya dövlətlərinin böyük əksəriyyəti xeyli dərəcədə Qərbin iradəsindən asılılıq vəziyyətinə gətirildi. Müqayisə üçün deyək ki, 1800-cü ildə Asiya dövlətlərinin ümumdaxili məhsulu (ÜDM) bütün dünya ÜDM-nin 60%-ni, Avropa isə 30%-ni təşkil edirdi. 1750-ci ildə – Hindistan Böyük Britaniyanın müstəmləkəsinə çevrilməmişdən bir qədər öncə elə təkbaşına dünya iqtisadiyyatının 25 %-nə (yəni bugünkü ABŞ kimi) sahib idi. Bu dövlət Böyük Britaniyanın imperiya idarəçiliyi altında olduğu 1900-cü ildə isə onun dünya iqtisadiyyatındakı payı 1.6%-ə enmişdi [7, s.15].
Ümumiyyətlə, Qərb imperializmi həmin tarixi dövrdə Asiya dövlətlərinin iqtisadiyyatını çökdürmüş, onu yalnız özünə sərf edən şəklə salmış, bu ölkələri özünün ucuz işçi qüvvəsi və xammal bazasına çevirmişdi: “Avropa XX əsri sərvət və qüdrətinin apogeyində qarşılayırdı. 1900-cü ildə beş böyük Avropa dövlətinin – Böyük Britaniya, Almaniya, Fransa, Rusiya və Avstriya-Macarıstanın dünya istehsalında xüsusi çəkisi ABŞ-ın 26,6 %-nə qarşı 51,9 % idi” [3, s.141]. Əgər 1492-ci ildə – Kolumb Yeni Dünyanı kəşf edən dövrdə avropalılar yer kürəsinin cəmi 9%-nə sahib idilərsə, 1801-ci ildə onlar yer kürəsinin üçdə birinə, 1880-ci ildə üçdə ikisinə, 1935-ci ildə isə planetin 70% əhalisinin yaşadığı 85%-nə nəzarət edirdilər. Ancaq XX əsrin ortalarından bu prosesin enən tempi başladı: Qərb sivilizasiyaları bloku (Şimali Amerika, Qərbi Avropa, Avstraliya və Yeni Zelandiya) dünya iqtisadiyyatında malik olduğu dünya ümumdaxili məhsuluna (ÜDM) görə 44,6% payla (2000-ci il) üstünlüyünü təmin edirdi, halbuki bu pay 1950-ci ildən (54,5 %) azalmaqdadır və XXI əsrin ilk onilliklərində onun daha da azalması (2015-ci ilə qədər 38,5%) proqnozlaşdırılır [6, s.32].
Əlbətə, bu proses qaçılmaz idi: İkinci Dünya müharibəsinin sonlarından 1960-cı illərə doğru beynəlxalq miqyasda Qərb imperializminin böhranı və planetin bütün qitələrində milli müstəqillik hərəkatları beynəlxalq siyasi sistemi köklü transformasiyaya uğratdı. Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması ilə dövlətlərarası münasibətlərin beynəlxalq huquq qaydalarına uyğun qurulması və inkişaf etdirilməsi praktikası formalaşdı. Bununla da, dünya hegemonluğu uğrunda mübarizənin forma, metod və üsulları dəyişdi. Beynəlxalq siyasi sistemin avanqardını təşkil edən ölkələr istər-istəməz beynəlxalq huquq normalarına uyğun daha çevik manevrləri işə saldılar. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında, əsasən, İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələrin təmsil olunması və beynəlxalq siyasi sistemin daha çox onların iradəsindən asılılıq vəziyyətinə gətirilməsi yenə də beynəlxalq ədalətin pozulmasına şərait yaradan prosesləri ləngirsə də, dayandırmadı...
Son yüz ildə (1910 – 2010) beynəlxalq siyasi proseslərin inkişaf dinamikası elə bir gərginliklə müşayiət olunmuşdur ki, “dünyada qlobal hökmranlığın iyerarxiyasında” lider dövlətin və dövlətlərin konfiqurasiyası beş dəfə köklü şəkildə dəyişmişdir [7, s.24]. Eyni zamanda nəzərə almaq lazımdır ki, böyük sarsıntılara səbəb olan bu dəyişikliklərin hər bir tektonik dalğasında da yalnız Qərb dünyasını təmsil edən dövlətlər həmin “iyerarxiyanın” yüksək pilləsində dayanmışlar (Fransa, Böyük Britaniya, Avstriya-Macarıstan – Almaniya, Rusiya, Amerika Birləşmiş Ştatları). Özlərinin törətdiyi iki dünya müharibəsində də, sonrakı beynəlxalq konfliktlərdə də dəfələrlə üz-üzə gələn bu dövlətlər qlobal idarəetmənin sükanını əllərində möhkəm saxlamış, heç cür imkan verməmişlər ki, qeyri-Qərb dünyasının liderləri qlobal hegemonluğun “üst qatını” ələ keçirsinlər.
Qərbin Avrasiya siyasətinin bir sıra mühüm məqamları Halford Makkinder, Georq Kennan, Jozef Pilsudski, Zbiqnev Bjezinski və Aleksandros Petersonun əsərlərində konseptuallaşdırılmışdır. Müasir geopolitikanın banisi Halford Makkinder dünyanı idarə etməyin Avrasiyadan başlayan yolunu Qərbin dominantlıq siyasətinin əsasına qoymuş [14], Georq Kennan isə eyni paradiqmanı bir qədər fərqli interpretasiya ilə Amerika Birləşmiş Ştatlarının qlobal siyasətinə modifikasiya etmişdir [10]. Onun “işğalı və təcavüzkarlığı önləmə” siyasətini (Containment”) əsaslandıran nəzəri müddəaları – Rusiyanı Avrasiya geopolitikasının mərkəzindən kənara itələmək və bu regionda Amerikanın mövqeyini möhkəmləndirmək geostrategiyası üzərində qurulmuşdur.
Polyak Jozef Pilsudskinin “Prometeizm – İntermarum” ideyasına görə, Qərb siyasəti Avrasiyaya münasibətdə daha ədalətli və rasional mövqedən çıxış etməlidir. Avrasiya – heç bir hegemonun yedəyində getməməlidir. Polşanın da daxil olduğu Avrasiya dövlətləri “xırdalanıb kiçildikcə”, Rusiyanın Avrasiyada dominantlığı möhkəmlənir. Jozef Pilsudski Avropa ilə Asiya arasında dayaq nöqtəsi kimi, iki nəhəng – Almaniya və Rusiya arasında gərilib qalmış Şərqi Avropa dövlətlərinin birliyi ideyasını həyata keçirməyin siyasi praktikasından çıxış etməyə çalışır: Jozef Pilsudski Yaponiyada keçirdiyi 20 illik mühacirətdən sonra Polşaya qayıdır və 1926-cı ildə vətənində siyasi hakimiyyətə yiyələnir. Lakin İkinci Dünya müharibəsi öncəsi – 1920-1930-cu illərin dramatik proseslərində “Prometeizm hərəkatı” boğulur. Maraqlıdır ki, həmin hərəkata təkcə Şərqi Avropa xalqlarını deyil, həm də Qafqaz xalqlarını, eyni zamanda, Azərbaycanı da qoşmaq təşəbbüsləri edilir [17, s.273-275].
1977-1981-ci illərdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş, beynəlxalq siyasətin problemlərinə dair bestseller-əsərlərin müəllifi Zbiqnev Bjezinski Avrasiyada Qərb geopolitikasının strateji istiqamətlərini də konseptual planda işləyib. ABŞ strateqi Avrasiyanı planetin tarixi kökləri olan ən gərgin konfliktlərinin baş verdiyi və həmişə də baş verməsi istisna edilməyən bir narahat geopolitik zonası kimi konstatasiya edir: burada tarixən formalaşmış və dövlətlərini yaratmış millətlərlə belə bir ənənəyə malik olmayan etnik qruplar mürəkkəb kombinasiya yaradır; SSRİ-nin təşkil olunması prosesində bilərəkdən ərazisi parçalanmış və etnik bütövlüyü pozulmuş xalqların hər zaman konfliktə girməsi mümkündür; ona görə də böyük dövlətlərin bu konfliktlərdən öz məqsədləri üçün yararlanması buradakı qeyri-stabilliyi daha da artırır.
Zbiqnev Bjezinski göstərir ki, “çoxtərəfli rəqabətə” açıq olan Avrasiya regionunda siyasi proseslərin idarə olunmasına əhəmiyyətli təsir göstərən əsas amillərdən biri – Mərkəzi Asiyadan Balkanlara qədər uzanan “türk etnodil və etnosiyasi zonasıdır” ki, indi o, yenidən bütövləşmə zərurətini yaşayır [2, s.163-166]. Asiyadan Avropaya doğru istiqamətlənməsində getdikcə artan “geopolitik gərginlik” məhz bu zona üzərində – Qafqaz hüdudlarında ən yüksək həddinə çatır: burada Rusiya, Türkiyə və İranın geopolitik rəqabəti [2, s.167] Avrasiyanı keçmiş imperiya zamanlarına, yoxsa yeni müstəqil dövlətlərin quruculuq, əməkdaşlıq və konsolidasiya fazasına keçirəcək səviyyədə davam edir.
Zbiqnev Bjezinski özünəməxsus analitik təhlilləri əsasında bu nəticəyə gəlir: “ABŞ üçün bütün Avrasiyaya münasibətdə kompleks xarakterli, geniş qapsamlı və uzun müddətli geostrategiyanı işləmək və tətbiq etmək zamanı yetişib. Bu zərurət iki bir-biri ilə bağlı olan fundamental reallıqdan irəli gəlir: hazırda Amerika –yeganə superdövlət, Avrasiya isə – dünyanın mərkəzi arenasıdır. Deməli, Avrasiya kontinentində qüvvələr nisbətinin dəyişməsi Amerikanın dünya birinciliyi, deməli, həm də onun tarixi varisliyi üçün həlledici əhəmiyyət daşıyır” [2, s.230]. Beləliklə, Avrasiyada ABŞ hegemonluğu imperativindən çıxış edən strateq “yeni dünya nizamı” siyasətinin də bu hegemonluğun reallaşması prosesində həyata keçə biləcəyini zənn edir: “dünyanın və Avrasiyanın hazırkı arbitri ABŞ” heç vəchlə imkan verməməlidir ki, nə Avrasiyanın özündən, nə də “kənardan” hansısa dövlət gəlib bu müstəsna liderliyə şərik olsun; bu qlobal siyasətin əsas müttəfiqi – Avropa, onu həyata keçirən əsas vasitə isə – NATO-dur: “İndi yeni Avropa formaya düşməkdədir və əgər bu yeni Avropa geopolitik planda “Avratlantik” məkanın bir hissəsi olacaqsa, onda NATO-nun genişlənməsi də zəruri olacaqdır” [2, s.237].
Avrasiyanı yalnız amorf bir sistem, daim axan, yayğın bir xəlitə kimi gördüyündən, Zbiqnev Bjezinski inanmır ki, bu kontinentdə “geopolitik plyuralizm” mümkün olsun. O, ABŞ-ın “antihegemonist” siyasətinə qarşı Rusiya, Çin, Hindistan, İran və s. Avrasiya dövlətlərinin hansı bir konfiqurasiyada isə koalisiya yaratmaq cəhdlərini nəzərdən keçirərək bu fikrə gəlir ki, onların öz aralarında kifayət qədər ziddiyyətlər olduğu üçün, faktiki olaraq, belə bir “ittifaq” mümkün deyildir: ancaq hər ehtimala qarşı, ABŞ Avropa ilə müttəfiqlikdə və NATO-nu gücləndirməklə, Avrasiya dövlətlərinin mövcud ziddiyyətlərindən məharətlə istifadə edib, öz əleyhinə yönəlmiş “koalisiya cəhdlərini” və digər manevrləri neytrallaşdırmalıdır. Göründüyü kimi, Zbiqnev Bjezinski ABŞ-ın liderliyi ilə layihələşdirilən “Trans-Avrasiya təhlükəsizlik sisteminin” yaradılmasında Avrasiya dövlətlərinin özünü yalnız vasitə kimi dəyərləndirir. Lakin, aydındır ki, Avrasiya geopolitikasının yenə də bir hegemon dövlətin mənafeləri əsasında müəyyənləşdirilməsi nə buradakı ziddiyyətləri, konfliktləri aradan qaldıra, nə də regionun müstəqil inkişafına yol açacaq prosesləri stimullaşdıra bilər.
Aleksandros Peterson “Dünya Adası: Avrasiya geopolitikası və Qərbin taleyi” kitabında klassik Qərb geopolitikasının əsas mövqelərini çağımızın beynəlxalq siyasətinin platformasında yenidən arqumentləşdirməyə çalışır. Bu məqsədlə o, “Avrasiya üçün İyirmi Birinci Əsrin Geopolitik Strategiyasını” [15] təqdim edir: bu strategiya Qərb dövlətlərinin siyasəti ilə Avrasiya dövlətlərinin siyasətini bütün parametrlərinə görə uzlaşdırır; “Avrasiya geoiqtisadiyyatının” yenidən qurulmasında Qərbin ən yüksək səviyyədə iştirakını zəruri sayır”; Qərb o zaman Avrasiyada öz dominantlığını təmin edə bilər ki, bu regionun hər bir dövləti ilə qurulan siyasət (müəllif Rusiya, Türkiyə, Çin, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Gürcüstan, Ermənistan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Monqolustan, Ukrayna, Moldova, Belarusiya ilə qurulmalı olan spesifik siyasi kursları bir-bir nəzərdən keçirir) “universal Avrasiya siyasəti” ilə koordinasiyasını tapsın; Avrasiyadakı dövlətlərin əksəriyyətində siyasi sistemlər “qeyri-Qərbyönlü” olduğundan, onların Rusiyaya və ya Çinə meyl etməsi gözləniləndir, buna görə də həmin “ölkələrin demokratikləşdirilməsi – burada Qərb siyasətinin hərəkət etməsinin təminatıdır” [15, s.119-122].
Aleksandros Peterson Qərb geopolitikasının Halford Makkinder, Georq Kennan və Jozef Pilsudski kimi nümayəndələrinin ideyalarına söykənərək və Avrasiya proseslərinin “real xarakterindən” çıxış edərək bu qənaətə gəlir: “Gürcüstandan Monqolustana qədər Avrasiyanın kiçik dövlətləri” Qərbin dəstəyi ilə gücləndirilməlidir ki, bu regionun dominantlıq iddiasında olan nəhəng dövlətləri ilə onların geopolitik tarazlığı yaransın. – “Avrasiya üçün İyirmi Birinci Əsrin Geopolitik Strategiyası daha da böyüməkdə olan Qərbin hər zaman olduğundan daha çox Avrasiyaya nüfuz etməsini zəruri sayır. Həmin xətt bu ideyanı əsas götürür ki, Qərbin Avrasiyaya nüfuzu və onunla inteqrasiyası nəinki mümkündür, həm də strateji cəhətdən imperativ xarakterlidir, eyni zamanda bu nüfuz dairəsi Qara dəniz regionu ilə məhdudlaşmamalı, Xəzər dənizini, Mərkəzi (İç) Asiyanı da bütünlüklə əhatə etməlidir... Bu strategiya nə ümidsiz şəkildə özünütəcridetmədir, nə də təkəbbürlü şəkildə imperialist iddialıdır. O, coğrafi ölçülərə malik, sonsuz dərəcədə realistik bir strategiyadır. Qərbin özünü yeniləşdirmək və müdafiə etmək üçün ona ehtiyacı vardır. Qısası, bu elə müdrik strategiyadır ki, bu gün Qərbin Avrasiyaya münasibətindəki dəhşətli boşluğu görür və doldurur... Qərbin taleyi Dünya Adasındakı (yəni – Avrasiyadakı) hadisələrlə müəyyən edilmiş və ediləcəkdir. Buna görə də Qərb hökumətləri, xalqaları və təşkilatları Avrasiya geopolitikasında uzun müddətə və daha qətiyyətlə qalmaq üçün öz enerji və resurslarını səfərbər etməlidirlər” [15, s.144-145, 161]. Əlbəttə, bu yanaşmanı “imperialist iddialarına” bükülmüş Qərbçilik mövqeyinə nisbətən daha “ehtiyatlı addım” hesab etmək olar.
Avrasiyada siyasi proseslərin özünün inkişafı diktə edir ki, Qərbin ona yanaşması fundamental şəkildə dəyişsin. Bu ilk növbədə, Avrasiya post-sovet məkanının yeni reallıqlarını nəzərə almaq zərurətində özünü göstərməlidir: Qərb Avrasiyanın yeni müstəqil dövlətlərinə Rusiya Federasiyasının “təsir dairəsindən” hələ də çıxa bilməmiş və dünya birliyinə inteqrasiya olunmağa hələ kifayət qədər güc toplamamış ölkələr kimi baxmamalıdır. Əlbəttə, burada həmişə olduğu kimi, yenə də ABŞ mümkün risklərlə həmin mühafizəkar yanaşmanın ifrat alternativinə əl atır: o, Rusiyanı Orta Asiyadan “vurub çıxarmağa” çalışır. Rəsmi Vaşinqton bu regionda nəhəng hərbi bazalar yaratmaq planlarını ardıcıl şəkildə həyata keçirir. ABŞ və Rusiya arasında Orta Asiyada söz sahibi olmaq uğrunda mübarizə Vaşinqtonun getdikcə üstünlük qazanması ilə davam edir.
2012-ci ildə amerikalılar Özbəkistan hökuməti ilə bu ölkədə ABŞ hərbi gücünün möhkəmləndirilməsi üçün danışıqlara başlayıb. Rusiya isə hələ də “öz peyki” saydığı Qırğızıstanla əlaqələrin yaxşılaşdırılmasında fəallıq göstərir. Lakin ABŞ Qırğızıstanla münasibətdə də Rusiyaya rəqib olmağı düşünür. Qırğızıstan isə “alternativ siyasətə” gedərək, öz növbəsində ABŞ-la da əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Vaşinqtonla Daşkənd arasında danışıqlar Özbəkistanda ABŞ-a aid Operativ Reaksiya Mərkəzinin (“Center for Operative Reaction”) yaradılması məqsədi ilə gedir. Bu mərkəzin faktiki olaraq 2014-cü ildən ABŞ-ın hərbi bazası vəziyyətinə gətirilməsi planlaşdırılır. İlkin mərhələdə sözügedən mərkəz bölgədə baş verəcək fövqəladə hallara nəzarət üçün nəzərdə tutulub. Mərkəzin texniki bazası NATO-nun Əfqanıstandakı hərbi texnikası hesabına formalaşdırılacaq. Bir müddətdən sonra həmin texnika Özbəkistanın ixtiyarına veriləcək [9]. Bu prosesin fəal diplomatiyası açıq şəkildə göstərir ki, əslində, söhbət ABŞ-ın Orta Asiyada nəhəng hərbi bazanın yaradılması ətrafında gedir.
Qərb geopolitikasının Amerikamərkəzçi və Avropamərkəzçi dixotomiyası – birincinin radikal, ikincinin mötədil siyasi kurslarında özünü göstərir. İndi Avrasiyada ABŞ-ın strateji fəaliyyətinin Avropa maraqları ilə nə dərəcədə üst-üstə düşdüyü fəal şəkildə müzakirə edilir. Rahul Peter Das bu qənaətə gəlir ki, “Amerika Birləşmiş Ştatları Asiyada fəaliyyətini intensivləşdirir, bu isə onun “Avropa öhdəliklərinin” zəifləməsinin labüd nəticələrindəndir. Buna görə də Avropa öz potensialını səfərbər etməli və qlobal hadisələrə təsir vasitələrini artırmalıdır. Əgər Avropa effektiv tədbirlərlə bu çağırışlara cavab verə bilməsə, onda siyasi fövqəlgüclər sferasında marginallaşma təhlükəsi ilə üzbəüz qalmış olacaq” [8, s.1]. Çünki Avrasiyada baş verən proseslər getdikcə daha çox qlobal siyasi məkana təsir edir və burada qüvvələr nisbətinin azacıq dəyişməsi beynəlxalq sferada dövlətlərarası münasibətlərinin xarakterindəki balanslaşdırıcı amilləri modifikasiyaya uğradır.
Başlıca olaraq, bu gün Qərbin və ümumiyyətlə, beynəlxalq siyasətin Avrasiyadakı geopolitik strukturlaşmanı belə diqqətlə izləməsi və ona uyğun aparıcı geostrateji tendensiyaları müəyyənləşdirməsi ona görə aktuallaşıb ki, Avrasiyanın özünəinamı, öz daxili potensialına güvənməsi prosesi qarşısıalınmaz olub! Hazırda dünya əhalisinin 75 %-i Avrasiyada yaşayır. Dünyanın təbii ehtiyatlarının çox böyük hissəsi Avrasiyanın payına düşür. ABŞ-dan sonra, dünyanın ən güclü iqtisadiyyata və hərbi büdcəyə malik altı dövləti (eyni zamanda, nüvə dövlətləri), ərazisinə və əhalisinə görə planetin ən böyük dövlətləri Avrasiyada yerləşir. Tamamilə aydındır ki, kənar qüvvələrin Avrasiyaya bölücü, konfliktyaradıcı, ekspansionist müdaxiləsi olmasa, bu region indikindən qat-qat artıq öz potensialından istifadə edə və inkişafının tamamilə yeni bir mərhələsinə yüksələ bilər. Avrasiyanın “iç” geopolitikasının hazırkı inkişafı prosesi müasir beynəlxalq siyasətin aparıcı humanist tendensiyalarını özünə transformasiya etdikcə, bloklaşma və dominantlaşma kimi birtərəfli meyllərin yanlış və zərərli olduğu üzə çıxır.
Həmin tendensiyaların getdikcə rasionallaşması və praqmatikləşməsi istiqamətində Qərbin də Avrasiya problemlərinə fundamental yanaşması pozitiv keyfiyyətlər əldə edir. Yeni nəsil Avrasiya dövlətlərinin öz müstəqilliklərini möhkəmləndirmə, “yedək siyasətində” getməmə, milli iqtisadiyyaylarını dirçəltmə, demokratikləşməni dönmədən həyata keçirmə fəaliyyətlərində qətiyyət göstərməsi – Qərbdən də adekvat münasibəti təbii olaraq tələb edir. Bir sıra siyasi analitiklərin fikrincə, əgər Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı Qərb dünyasının inkişafını istəyirlərsə, deməli, onlar Asiya dünyasının da inkişafında maraqlı olmalıdırlar: Qərb Avrasiyaya özünün “aşağı mərtəbəsi” kimi baxmamalı, yeni beynəlxalq siyasi reallıqda onu özünə bərabərhüquqlu tərəfdaş kimi görməlidir.
Artıq belə bir yanaşma həm Şərqdə, həm də Qərbdə yeni arqumentasiyada, tam dolğun əsaslarda meydana çıxır. Avrasiyanın qlobal məkanda özünütəsdiq zərurəti Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyub Ərdoğanın İstanbul Beynəlxalq Forumundakı (2012) çıxışında özünün əsaslandırılmış ifadəsinin tapır: “Qərb artıq dünyanın mərkəzi deyildir. Şimalı, cənubu, qərbi və şərqi ilə dünya artıq çoxmərkəzli bir sistemdir. İqtisadi cəhətdən də dünya belə bir sistemə doğru dəyişmə içindədir. Biz də buna müvafiq olaraq, mövcud güc tarazlığını ifadə edən Böyük İyirmilərin (G-20) yaratdığı dünya sistemini ciddiyyəti ilə qəbul edirik” [1]. Doğrudan da, əgər yüz il bundan qabaq Qərbin yalnız dörd (Böyük Britaniya, Fransa, Amerika Birləşmiş Ştatları, Almaniya) və Avrasiyanınsa yalnız bir dövləti (Rusiya) planetar miqyasda söz sahibi idisə, indi Avrasiyanın xeyrinə bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Yarım əsr bundan qabaq diqqəti o qədər də cəlb etməyən bir sıra Avrasiya dövlətləri beynəlxalq siyasi sistemin ön platformasına çıxıblar. Ona görə də Qərb Avrasiyaya münasibətdə çoxtərəfli, plyuralist siyasəti aktuallaşdırmağı zəruri sayır, regionun ayrı-ayrı dövlətləri ilə əməkdaşlığı lazımi səviyyəyə qaldırıb, onlar arasında uzlaşdırıcı siyasəti kombinasiya edir [11]. Belə geniş platformada isə Avrasiyanın regional-geopolitik bütövlüyünü yaradan türk dövlətləri ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Qərbin Avrasiya ilə münasibətlərinin çoxtərəfli əməkdaşlıq imkanları açacaq yeni pozitiv mərhələsini başladan mühüm təşəbbüslərdən biri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramıdır. 2009-cu ilin mayında qəbul edilmiş bu layihə Avropa İttifaqı ilə yeddi Avrasiya dövlətinin (Rusiya, Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Ermənistan və Belarusiya) əməkdaşlıq platformasının inkişafını nəzərdə tutur [13]. Avrasiyanın böyük inkişaf perspektivlərinə diqqət yetirən və bu regionun siyasi, iqtisadi və mədəni potensialına bələd olan mütəxəssislərdən biri – ABŞ-ın Polşa və Pakistanda səfiri vəzifəsində çalışmış Tomas Simons “Avrasiyanın yeni sərhədləri: gənc dövlətlər, əski cəmiyyətlər, açıq gələcək” kitabında Qərbin Avrasiya siyasətinin yeni əsaslarda qurulması ideyasından çıxış edir. “Bugünün Avrasiyası dünənin Sovet İttifaqı deyil” [16, s.7] – paradiqmasını inkişaf etdirən Amerika diplomatı göstərir ki, Qərb Avrasiyanın yeni zamanlar üçün özünütəsdiq siyasətinə dəstək verməklə, əslində, beynəlxalq münasibətlərin dinamikasına güclü impuls vermiş olur: əgər belə bir dəstək verilmiş olsa, Birləşmiş Ştatlar Avrasiyadakı siyasətinin Rusiyaya yox, buğunun dövlətlərinə fokuslaşmasından real nəticələri görəcək. – “ABŞ Avrasiya dövlətləri ilə effektiv işləmək üçün, onlara iyirmi birinci əsrin standartlarına uyğun yaşayan beynəlxalq birliyin məsuliyyətli və qadir iştirakçıları kimi münasibət göstərməlidir. Ancaq bu həm də o deməkdir ki, gərək biz özümüz də iyirmi birinci əsrin eyni məsuliyyətlərini bölüşək... Avrasiyada hansı şeylər ki, dəyişməlidir, – gərək biz ona kömək edək” [16, s.12-13].
Qərbin Avrasiya siyasətinin dəyişməz və dəyişən aspektləri, əslində, müasir beynəlxalq siyasətin mürəkkəb xarakteri ilə bağlıdır. Dəyişməzlər – mühafizəkar realpolitikin dominantlıq doktrinasından hələ də geri çəkilmədiyini, dəyişənlər isə –liberal mövqelərin beynəlxalq siyasətdə demokratik yeniləşməni dünya inkişafının zəruri şərtləri sırasında öz plana çıxardığını göstərir. Beynəlxalq sistemin mütərəqqi istiqamətə transformasiyası isə Avrasiya geopolitikasında həm Qərbin, həm də Avrasiyanın milli dövlətlərinin qarşılıqlı münasibətlərini yeni inkişaf səviyyəsinə yüksəltmək – pozitiv dəyişiklikləri həyata keçirə biləcək qüvvələrin konsolidasiyasına real zəmin yaratmaq yolunda mümkündür.

Ədəbİyyat
1. http://www.ensonhaber.com/basbakan-erdoganin-istanbul-kuresel-forumu-konusmasi-2012-10-13.html
2. Бжезинский З. Великая шахматная доска. Господство Америки и его геостратегические императивы. М.: Международ. отношения, 2002
3. Рубинский Ю.И. Европейская цивилизация в меняющемся мире / Глобализация. Конфликт или диалог цивилизаций? М.: Новый век, 2002
4. Тойнби А.Дж. Постижение истории. М.: Айрис Пресс, 2002
5. Тойнби А.Дж. Цивилизация перед судом истории. Мир и Запад. М.: АСТ, 2011
6. Яковец Ю.В. Цивилизационные аспекты глобализации / Глобализация. Конфликт или диалог цивилизации? М.: Новый век, 2002
7. Brzezinski Z. Strategic Vision: America and Crisis of Global Power. New York: Basic Books, 2012
8. Das R.P. Europe in Eurasian Strategic Consideration: Introductory Remarks / The Impact of Asian Powers on Global Developments/ Ed. By Pieter E., Hazdra P. Phisyca-Verlag, 2004
9. http://vestnikkavkaza.net/news/politics/30555.html
10. Kennan G. At a Century’s Ending. New York, London: W.W.Norton, 1996
11. Kinzer S. Reset: Iran, Turkey, and America’s Future. New York: Times Books. Henry Holt and Company, 2010
12. Kissinger H. Diplomacy. Simon & Schuster Paperbacks, 1994
13. Korosteleva E.A. The European Union and its Eastern Neighbours: Towards a more ambitious partnership? London: BASEES / Routledge Series on Russian and East European Studies, 2012
14. Mackinder H. The Geographical Pivot of History // The Geographical Journal, 1904, vol. XXIII, April, No.4, p.430-451
15. Peterson A. The World Island: Eurasian Geopolitics and Fate of the West. Praeger Security International, 2011
16. Simons W.Jr. Eurasia’s New Frontiers: Young States, Old Societies, Open Futures. Ithaca and London: Cornell University Press, 2008
17. Woytak R. The Promethean Movement in Interwar Poland // East European Quarterly, 1984, № 13(3), pp.270-291

Евразийская политика Запада,
ее переменные и константные аспекты
Резюме
В статье анализируются историко-политические последствия империалистической политики Запада в Евразии. Показывается, что в современную эпоху "остаточные" формы этой политики являются обратно пропорциональными перспективам развития Евразии. Автор исходит из того, что политику Запада в Евразии необходимо выстраивать на новых основаниях. Согласно этой позиции, прогрессивно направленная трансформация международной системы возможна на пути повышения уровня развития взаимоотношений национальных государств как Запада, так и Евразии, создания реальных предпосылок для консолидации сил, способных осуществить позитивные изменения в евразийской геополитике.

Eurasian Politics of the West,
Its Changing and Unchanging Aspects
Summary
Historico-political consequences of the Western imperialism towards Eurasia are broadly explored in the article. Incongruity of the “redundant” forms of this politics with the development perspectives of Eurasia is clearly indicated. Necessity of reestablishment of the Eurasian politics of the West is specifically mentioned in the article. Conclusion is that the transformation of the international system towards the advanced direction is only possible in case of raising the mutual relations of the nation-states of both West and Eurasia to the new developmental level and ensuring the consolidation of powers able to realize the positive changes.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (48) NOYABR-DEKABR 2018



Strategiya.az

Xəbərlər
25.08.2019

“Avro 2019”: Voleybol üzrə Azərbaycan millisi Hollandiya yığması ilə qarşılaşıb

25.08.2019

Türkiyə ordusu İraqın şimalında üç şəhid verib
 

25.08.2019

Türkiyə təhlükəsizlik qüvvələri 24 terrorçunu məhv edib

25.08.2019

Sabahın hava proqnozu açıqlanıb

25.08.2019

Xaçmazda 2 nəfər bıçaqlanıb

25.08.2019

Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib

25.08.2019

Atəşkəs iriçaplı pulemyotlarla 21 dəfə pozulub

25.08.2019

“WordPress”in avtomatik yenilənmə siyasəti barədəXƏBƏRDARLIQ

25.08.2019

Şamaxıda yanğın olub

25.08.2019

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək

25.08.2019

“Nur” şadlıq sarayında baş verən yanğın söndürülüb

25.08.2019

Çin lideri orduya döyüş hazırlığını yüksəltməyi tapşırıb

25.08.2019

"OPEC+" formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru

25.08.2019

“Qarabağ” – “Linfild” oyununun hakim təyinatları açıqlanıb

25.08.2019

Batmaq təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub

24.08.2019

Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır

24.08.2019

Avropa İttifaqı Amazonda yanğınların söndürülməsinə köməyini təklif edib

24.08.2019

Şamaxıda "Toyota"nın vurduğu piyada xəstəxanada öldü

24.08.2019

İran yeni raketini sınaqdan keçirib

24.08.2019

Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat - "Bibixanım" saxlanıldı (FOTO)

24.08.2019

Bazar gününə olan hava proqnozu

24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

24.08.2019

Xərə Zirə adasının palçıq vulkanı elementləri tədqiq edilib

24.08.2019

Azərbaycan millisi İsrail, Ukrayna və Latviya yığmaları ilə qarşılaşacaq

24.08.2019

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

24.08.2019

“Soyuz MS-14” Beynəlxalq Kosmik Stansiyaya birləşə bilməyib

24.08.2019

Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürülüb

24.08.2019

Neftin qiyməti ucuzlaşıb

24.08.2019

Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib

24.08.2019

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

24.08.2019

8 min manata yaxın pul və qızıl əşyalar oğurlayan Masallı sakini ələ keçdi

24.08.2019

Donald Tramp Çin mallarının idxal tariflərini yenidən qaldırıb

24.08.2019

Hirkan Milli Parkında yanğın tam söndürülüb

24.08.2019

İstirahət günlərində hava necə olacaq?

24.08.2019

Xəzər dənizində zəlzələ baş verib

24.08.2019

Atəşkəs snayper tüfənglərlə 19 dəfə pozulub

23.08.2019

Moskvada Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

23.08.2019

"İnterpol" narkotik alverçisi olan azərbaycanlı barədə axtarış elan etdi

23.08.2019

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

23.08.2019

Mərkəzi Bank depozit hərracı keçirəcək - Məbləğ yüz milyon manat

23.08.2019

Göyçayda evdən külli miqdarda pul oğurlanıb

23.08.2019

Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

23.08.2019

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23.08.2019

Mərdəkan körpüsündən avtomobil aşıb

23.08.2019

Rusiyadan gələn maşında 67 ədəd mobil telefon və dərman preparatları aşkarlandı

23.08.2019

Ümumi təhsil müəssisələrində vakansiya seçimi başa çatır

23.08.2019

Ötən gün törədilmiş 32 cinayətin üstü “isti izlər”lə açılıb

23.08.2019

Sabah 40 dərəcə isti olacaq

23.08.2019

Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib

23.08.2019

Bəyanat: İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib