Rusiyada təhsilin, teatrın və maarifin inkişafına böyük təsir göstərən qüdrətli sənətkar

11:48 / 03.11.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

25 noyabr – görkəmli rus şairi və dramaturqu Aleksandr Petroviç Sumarokovun 300 illik yubileyi münasibəti ilə.

 

 

“...Öz zəmanəsinin oxucuları Sumarokovu başqalarından daha çox sevirdilər; Lomonosovun poetik əsərlərinə daha çox hörmət edirdilər, Sumarokovu isə daha çox sevirdilər. Bunun da səbəbi məlumdur: Lomonosova görə o, daha çox belletrist idi, onun əsərləri oxucuların əksəriyyəti üçün asan və daha çox anlaşıqlı idi, həyatla daha çox əlaqədar idi.

...Lomonosovu rus ədəbiyyatının atası adlandırdıqları kimi, onu da çox haqlı olaraq rus teatrının atası adlandırırlar”.

 

Görkəmli rus ədəbiyyatşünası və tənqidçisi

Vissarion Qriqoryeviç Belinski

 

“Müxtəlif şeirləri və mənsur əsərləri ilə o, nəinki Rusiya, hətta görkəmli Avropa yazıçıları arasında böyük və əbədi şöhrət qazanmışdır”.

 

( XVIII əsrin demokrat yazıçısı, jurnalisti və ictimai xadimi Nikolay İvanoviç Novikovun Aleksandr Petroviç Sumarokov haqqında yazdıqlarından).

 

 

Şair, dramaturq və ədəbi tənqidçi, XVIII əsr rus ədəbiyyatının ən görkəmli nümayəndəsi olan Aleksandr Petroviç Sumarokov, rus xalqının ilk peşəkar ədibi sayılır. O, rus zadəgan klassisizminin parlaq simalarından biridir. Sumarokovun ədəbi yaradıcılığı üçün zəngin janr universializmi xarakterikdir. Ədib xeyli sayda təntənəli, dini, fəlsəfi, anakreonist odalar, epistollar, satiralar, elegiyalar, mahnılar, epiqramlar, madriqallar, epitafiyalar yazıb. Özünün şeir texnikasında o vaxtlar mövcud olmuş bütün ölçülərdən istifadə edib, qafiyələr sahəsində ilk təcrübələrə nail olub, ən müxtəlif strofik (şeiri beytlərə ayırma) quruluşları tətbiq edib. Rus ziyalılarının ifadəsincə desək, Sumarokov “rus teatrının atası”, milli teatr repertuarının yaradıcısı olub; dramaturgiya onun ədəbi şəxsiyyətinə daha yaxındır. Klassisizm estetikası dramaturqların janrlar üzrə ixtisaslaşmasını vacib bilsə də, dramaturgiya sahəsində o, ilk faciə və komediya yazarı idi.

Sumarokov yaradıcılığı - rus tarixi-ədəbi prosesində mühüm vəsilədir. Onun nailiyyətləri özündən sonrakı yazıçılar tərəfindən öyrənilmiş və şair – dramaturqun gördüyü misilsiz işlər böyük rus ədəbiyyatı xəzinəsinə daxil olmuşdur. Bu ədəbi varisliyi ilk olaraq Aleksandr

Nikolayeviç Radişşev göstərmiş və Sumarokovla yanaşı, Lomonosovun da xidmətlərini qeyd etmişdi.

Nikolay İvanoviç Novikov özünün “Rusiya yazıçıları haqqında tarixi lüğət təcrübəsi” əsərində Sumarokovdan bəhs edərək, yazırdı:

“Müxtəlif növ şeir və nəsr əsərləri ilə o, təkcə rusiyalılar arasında deyil, həm də xarici ölkə akademiyaları və məşhur Avropa yazıçıları arasında özünə böyük və ölməz şöhrət qazanmışdır. Pusiyalılar arasında ilk olaraq teatr sənətinin bütün qaydalarına uyğun şəkildə faciələr yazmağa başlasa da, bu sahəyə o dərəcədə müvəffəq oldu ki, “Şimalın Rasini” adına layiq görüldü”.

Novikov tərif yağdırmırdı, o, ədəbiyyatı sevirdi və özü də yazıçı idi. Sumarokovu belə görürdü, digər müasirləri də onu bu şəkildə anlayırdılar. Yeni ədəbi dövrün başlanması və yeni ədəbi zövqlərin üzə çıxması ilə Sumarokovun faciə qəhrəmanlarına, onun nəzm - nəsr dilinə və üslubuna istehza edənlər tapılsa da, unutmaq olmazdı ki, Sumarokov öz nəsli üçün yazırdı və öz müasirlərinə məhz öz əsərlərində olduğu kimi lazım idi.

1717-ci il noyabrın 25-də Finlandiyanın şərq quberniyalarından biri olan, tarix boyu Lappenranta və Vilmanstrand adlanan şəhərdə dünyaya göz açmış Aleksandr Petroviç Sumarokov qədim əsilzadə soyuna mənsub idi. Atası Pyotr Pankratyeviç I Pyotrun qoşunlarında zabit olmuş, sonra mülki xidmətə keçərək, Peterburqda yaşayırdı. Ailədə Aleksandrdan başqa onun daha iki oğlu və üç qızı vardı.

Sumarokovun uşaqlığı Moskvada keçmişdi. Hələ uşaq ikən Aleksandrda ədəbiyyata böyük maraq oyanmış, kiçik yaşlarından qədim rus və Avropa ədəbiyyatının ən yaxşı əsərləri ilə tanış olmuşdu.

Uşaqlıqda Aleksandra ana dilində savadı milliyyətcə macar olan İvan Zeykin öyrətmişdi. O, rus dilini gözəl bilirdi və I Pyotr ona şahzadə Alekseyin oğlu balaca Pyotrun – öz nəvəsinin təhsili ilə məşğul olmasını əmr etmişdi. İvan Zeykin sonralar ev müəllimi olmuşdu.

Peterburqda rus zadəganlarının (dvoryanlarının) tələbinə uyğun olaraq, çariça Anna İvanovna xüsusi imtiyazlı zadəgan məktəbi yaratmışdı. Sumarokov təhsilini Quru Qoşunlarının şlyaxet (yəni əsilzadə) kadet korpusu adlanan həmin məktəbdə almışdı. 1732-ci ildə kadet korpusu açılanda, buraya on altı yaşında daxil olmuş Aleksandr Petroviç, məktəbi 1740-cı ildə bitirmişdi.

I Pyotr əsilzadə uşaqlarını xidmətə icbari qaydada aşağı rütbələrdən – soldat, matros qismində başlamağı əmr etmişdi, bu isə əsilzadələrin qüruruna toxunurdu. I Pyotra hər kəsdənəvvəl işlək adamlar – şturmanlar, mühəndislər, həkimlər, topçular, gəmiqayıranlar tələb olunurdu. Onun yaratdığı məktəblər praktiklər (işgüzar, bacarıqlı, təcrübəli deməkdir-R.Mirzəzadə) buraxırdı. Şlyaxet korpusu həmin vaxtlar imperiyada çatışmayan inzibatçılar, rəislər, rəhbərlər hazırlayırdı.

Şlyaxet korpusunun sinifləri təmtəraqlı adla Cəngavər Akademiyası adlanır, lakin əsgəri yeriş və tüfəng fəndləri hesaba alınmasa, bu akademiyada çox az şey öyrədilirdi. Əksərən iyirmi yaş həddini aşmış

kadetlər (orta hərbi məktəb tələbəsi – R.Mirzəzadə )özləri də elmlərə baş vurmağa səy göstərmirdilər. Gənclərə mükəmməl şəkildə fransızca danışmağı, rəqs etməyi, at minməyi, qılınc oynatmağı öyrədirdilər.

Sumarokov oxumağı və öyrənməyi sevirdi və korpusda keçirdiyi illər hədər getməmişdi. Xarici dilləri öyrənmiş, alman və fransız müəlliflərinin kitablarını oxumuşdu. Onun oxuduğu illərdə hələ rus dilinin qrammatikası dərsliyi yox idi. Belə bir dərsliyi çox illər ötəndən sonra – 1755-ci ildə Lomonosov yazmışdı. Korpusda rus dili professoru da yox idi – bu vəzifə daim vakant (boş yer, tutulmamış vəzifə) qalırdı. Kadetlərə onların doğma dilini iki alman – Erix Vesman və Hendrix Erik tədris edirdi. Sumarokov təkbaşına məşğul olurdu, çünki bunun təməli artıq ev təhsilində qoyulmuşdu.

O dövrdə Rusiyada çox az sayda kitab nəşr olunurdu, nəşr edilənlər isə Pyotrun Rusiyada tədrisə daxil etdiyi elmləri öyrənənlər üçün dərs vəsaitləri idi. Sumarokovun əlinə hardansa 1730-cu ildə nəşr edilmiş və heç də dərslik olmayan balaca bir kitabça keçmişdi. “Acizanə surətdə xahiş edirəm, lütfkarlıq göstərib mənə acığınız tutmasın ki, - deyə müəllif ön sözdə yazırdı, - mən onu slavyan dilində deyil , demək olar sadə bir rus dilində, bizim öz aramızda danışdığımız dildə tərcümə etmişəm”.

 

Sumarokov tezliklə öyrənir ki, Pol Talmanın kitabçadakı “Sevgi adasına səfər”ini fransız dilindən həştərxanlı keşiş oğlu, xaricə getməyə və Sorbonnada universitet kursu bitirməyə imkanı olmuş Vasili Kirilloviç Trediakovski tərcümə edib və onu öz şeirləri ilə dolğunlaşdırıb. Yoldaşlarını sorğu-suala tutan Sumarokov öyrənir ki, şeiri burada çoxları, məsələn, Adam Olsufyev, Otto Rozen, Mixail Sobakin də sevir və özləri də şeirlər yazırlar. Sumarokov onlarla dostlaşır. Onun yeni tanışları təntənəli günlərdə oxunması üçün heca vəznində qafiyələr quraşdırırlar.

1735-ci ildə Trediakovskinin “Rus dilində şeirlər yazılmasının yeni və qısa üsulu” adlı balaca bir risaləsi işıq üzü görür, Sumarokov onu diqqətlə oxuyur və müəllifin fikirləri onu qane edir. Trediakovski şeirlərin quruluşu üçün misralarda hecaların bərabər sayını deyil, hər sətirdə vurğuların bərabər sayını , vurğulu və vurğusuz hecaların sıralanmasını təklif edir, yəni rusca şeirlər qoşulmasında tonik prinsipi irəli sürürdü.

Sumarokov korpusda oxuduğu zaman dostları və müəyyən günlər, tədbirlər üçün odalar yazmağa başlamışdı. 1740-cı ildə imperatriça Anna İohannovna üçün kadet korpusu adından yazılmış iki təbrik odası ayrıca nəşrlə çap olunmuşdu.

Lakin təmtəraqlı, təntənəli odalardan daha çox onu sevgi şeirləri özünə çəkirdi. Şair yazırdı:

 

Əsir etdin qəlbimi,

Amma vəfan ki yoxdur.

Fikrin dəyişildimi?

Unutmaqmı istədin?..

Yaxud başqa bir ahəngdə yazdığı:

Dözmürəm həsrətinə

Müqəssir sanma məni,

Rəhm etmə əsirinə,

Ey gözümün işığı,

Əzabkeşinəm sənin...

 

Sumarokov Quru Qoşunlarınn şlyaxet kadet korpusunu poruçik (çar ordusunda zabit rütbəsidir) rütbəsində bitirdikdən sonra korpusun baş komandiri general-feldmarşal Minix onu öz adyutantı (hərbi qulluqçu) təyin edir və korpusun bütün işlərini aparıb ona məruzə etməsini tapşırır. Bu işlər çox deyildi və Sumarokov şeirlər yazmağa macal tapırdı. Şəhərdə Sumarokovun şeirlərinin bəndlərinin üzünü köçürür və bunları mahnılarda oxuyurdular. Mahnıların birində deyilirdi:

 

Sevgimiz qarşılıqlı, nə qalır daha?

Sevgisiz, iztirabsız yox bir saatımız da.

Çarpışdıq taleyimizlə, çox əbəs yerə

Fərəh yoxdur bizimçün, olmayacaq da.

Yox oldu dincliyimiz boş ümidlər içində,

Onunla birgə getdi sakit düşüncələr də.

Odlu görüş istisi isitmir qəlbimizi,

Bir xəyal olub getdi əyləncələr cağımız.

 

Sumarokov zadəgan ideoloqu kimi, zadəgan sinfini dövlətin əsas sütunu hesab edirdi. Lakin o, bunu mədəniyyəti az olan nadan və cahil zadəganlara istinad etmirdi. Ədib ziyalı əsilzadələri üstün tuturdu. Onun fikrincə, öz şərəfli, ləyaqətli işləri, dövlətə vicdan və namusla xidmət etmələri ilə ad qazanan maariflənmiş adamlar zadəgan adına layiq olan şəxslər ola bilərdi.

İctimai baxışlarında Sumarokov təhkimçiliyin tərəfdarı idi.Təhkimçiliyi adalətli, qanuni bir üsul kimi qəbul edirdi. Fikirlərini öz düşüncələrinə uyğun şəkildə əsaslandıraraq, yazırdı: “Əgər biz qəfəsdə olan quşu buraxsaq, quş uçub gedər, əgər itin boynyndan zənciri açsaq, it hamını tutar”. Onun fikrincə, kəndlilər həmişə “qəfəsdə” və “zəncirdə” saxlanmalı idilər, yalnız bu şərtlə zadəgan cəmiyyəti rahat həyat sürə bilərdi.

, 1773-1775-ci illərdə Rusiyada baş verən kəndli üsyanı Sumarokovu qəzəbləndirmişdi. Üsyanın başçısı Puqaçyov haqqında yazdığı şeirlərində şair kəndli üsyanının rəhbərini zalım, qəddar, qaniçən adlandırır və onun edam olunmasını alqışlayırdı. Sumarokov öz faciələrində toxunduğu bu mövzuya “Birinci və baş strelets (strelets – xüsusi daimi qoşunda xidmət edən və xüsusi imtiyazlara malik olan hərbi qulluqçu deməkdir-R.Mirzəzadə) qiyamı”, “İkinci strelets qiyamı”, “Müxtəsər Moskva salnaməsi” və s. kimi bir neçə məqalə və oçerk həsr etmişdi.

Bununla belə, Sumarokov kəndlilərə həddindən artıq zülm edən istismarçı mülkədarları qətiyyətlə ifşa edir, “Ev quruculuğu” adlı məqaləsində bu zalımların yeyib-içdiklərini insan qanı və göz yaşları adlandırırdı.

 

Sumarokov 1746-cı ildə böyük knyaginya (knyaz arvadı) Yekaterina Alekseyevnanın kamer-yunkeri (saray rütbəsidir) olan İohanna Xristina Balk ilə evlənmiş, iyirmi il onunla yaşamış və bu evlilikdən onun Yekaterina və Praskovya adlı iki qızı doğulmuşdu. Onun karyera yüksəlişi öz qaydasında gedirdi: 1751-ci ildə polkovnik rütbəsi, 1755-ci ilin Milad bayramında briqadir rütbəsi almışdı.

1766-cı ildə Sumarokovun ailəsində böyük qalmaqal başlanır. O, arvadından ayrılır və öz faytonçusunun qızı Vera Proxorova ilə faktiki nikaha girir. Ondan oğlu və qızı doğulur. Onların kilsədə nikahlanma mərasimi yalnız 1774- cü ildə mümkün olur, bundan sonra imperatriçanın sərəncamı ilə Sumarokovun uşaqları qanuni sayılır və əsilzadələr zümrəsinə daxil edilir.

Zadəgan adətlərinə zidd çıxaraq, əsilzadə qızı olan arvadından ayrılıb təhkimli kəndli qızı ilə rəsmi şəkildə evlənməsi hərəkəti Aleksandr Petroviçin bütün qohumlarının, hətta doğma anasının belə qəzəbinə səbəb olur. Təəssüf ki, dünyadakı parlaq istedad, zəngin yaradıcılıq qabiliyyəti olan böyük təfəkkür sahiblərinin əksəriyyəti öz ruhuna, qəlbinə yaxın, onu dərk edən və daxili aləmini dəyərləndirə bilən xanım, yaxud kişi – ömür-gün yoldaşı tapmaqda çox vaxt əziyyət çəkmişlər. Onları ailədə, nəsildə ən yaxın, doğma sayılan adamlar da belə dərk edə, dərin hisslərini anlaya bilməmişlər.

İnsan və qanun – rus maarifçiliyinin təməl daşını qoyanların, rus klassisizminin ilk təşəbbüsçüləri olan Kantemir, Trediakovski, Lomonosov və Sumarokovun siyasi - etik təsəvvürlərinin əsasında məhz bu anlayış dayanırdı. Lakin belə bir təyin eyni hüquqla XVIII yüzilin ortalarında – rus klassizminin formalaşdığı və özünü təsdiq etdiyi dövrdə rus ictimai fikrinin bütün təmsilçilərinə də şamil oluna bilərdi.

Bununsa əsası I Pyotrdan gəlirdi. Pyotr xalqını, ölkəsini çox sevirdi. (Bu barədə bir neçə məqalələrimdə bəhs etmişəm). Hətta müxtəlif sahələr üzrə bəzi dövlət nizamnamələrini bilavasitə özü hazırlamışdı. Peterburq isə sevimli şəhər kimi onun qanı, canı idi.

Pyotr deyərdi: “Allah əcəldən aman versə, ömrüm uzun, canım sağlam olsa, elə edəcəyəm ki, Peterburq Amsterdamdan heç də geri qalmasın”.

Doğrudan da Pyotr Peterburq üçün çox şeylər elədi. Şəhərin abadlaşdırılması, yaşıllaşdırılması, gözəl memarlıq nümunələri olan binaların tikilməsi, gəmiçilk, dənizçilik sahəsində yeniliklər, təhsil ocaqlarının açılması, elmlər akademiyasının yaradılmasına hazırlıq və s. bu kimi yüzlərlə işlər çarın böyük xidmətlərinin yalnız bir hissəsini təşkil edirdi.

Şəhərin Yay bağının yuxarı tərəfində olan iki bina paytaxtda böyük şöhrət qazanmışdı. Belə ki, Rusiyada birinci muzey və ölkədə birinci kütləvi kitabxana burada yerləşirdi. Mülkün sahibi Aleksandr Kikin edam edildikdən sonra onun palataları- ikimərtəbəli saray 1718-ci ildə dövlət tərəfindən müsadirə edilmişdi. Pyotr həmin evdə muzey və kitabxana yaradılması barədə sərəncam vermişdi.

Çar muzeyin eksponatlarının bir qismini xaricdən aldırmışdı, bir qismi də onun fərmanları ilə Rusiyanın müxtəlif yerlərindən paytaxta gətirilmişdi. Alınan eksponatların sayı ildən-ilə çoxalırdı.

Muzeydə qədim toplar da saxlanılırdı. Çar, Rusiyanın Hollandiyadakı səfiri Boris İvanoviç Kurakinə iki dəfə sərəncam vermişdi ki, isveçlilərin əvvəlki müharibələrdə qənimət olaraq ələ keçirdikləri qədim rus toplarını Avropa ölkələrindən alsın. İsveç boşalmış xəzinəsini həmin topları satmaqla doldurmaq istəyirdi. Pyotrunsa səxavətinə adam təəccüb qalırdı, adətən qəpiyin də qədrinin bilən Pyotr, muzey üçün eksponatlar aldıqda xəsislik etməməyi məsləhət görürdü. O, Kurakinə yazırdı: “Cəhd edin, topları alın, yoxsa qədim toplar başqalarının əlinə keçər. Pul sarıdan xəsislik etməyin”.

Pyotr muzeyin eksponatlarını zənginləşdirmək üçün daha bir mənbədən istifadə edir. Hələ XVII əsrdə hökumət faydalı qazıntılar, başlıca olaraq, nəcib metallar axtarıb tapmaq, habelə Rusiya ilə birləşmiş yeni torpaqları təsvir etmək üçün xüsusi ekspedisiyalar göndərirdi. Ən dəyərli ekspedisiyalardan biri 1720-ci ildə rus xidmətində olan alman təbibi və botaniki doktor Daniel Qotlib Messerşmidtin başçılığı ilə Sibiri tədqiq etmək üçün yeddi il müddətinə oraya göndərilir. Messerşmidtə tapşırılır ki, ölkənin coğrafiyasını öyrənsin, orada yaşayan xalqları təsvir etsin, aborgenlərin dillərinin öyrənilməsi, qədim abidələrin toplanması ilə məşğul olsun.

Messerşmidt muzey üçün Sibirdə yaşayan bir çox quşların və heyvanların müqəvvalarını, habelə orada yaşamış xalqların qədim abidələrini, etnoqrafiyaya dair kolleksiyalar göndərir. Nəticədə muzey öz eksponatlarının sayına və rəngarəngliyinə görə, Pyotrun ömrünün axırına yaxın Avropada az qala ən zəngin muzey şöhrəti qazanır.

Avstriya prezidenti Veber hələ 1716-cı ildə həmin muzey haqqında yazırdı: “Həqiqətən adam təəccüblənməyə bilmir ki, bu qədər qiymətli əşyanı belə qısa müddətdə toplamaq necə mümkün olmuşdur?” Kitabxana barədə isə yazılmışdı: “İndinin özündə də çox-çox dəyərli olan kitabxana daim zənginləşməkdə davam edərsə, bir neçə ildən sonra kitabların sayına görə olmasa da, sanbalına görə Avropanın ən məşhur kitabxanaları ilə bir cərgədə duracaqdır”.

1725-ci ildə Peterburq kitabxanası o dövrün miqyaslarına görə ən zəngin kitab xəzinələrindən biri sayılırdı, nadir kitablarla zənginliyinə görə isə başqa kitabxanalardan heç də geri qalmırdı. Onun fondunda 11 minə yaxın kitab saxlanılırdı.

Muzey və kitabxana 1719-cu ildə sərbəst istifadə üçün fəaliyyətə başlamışdı. Yarandıqları gündən çar həm muzeyə, həm də kitabxanaya

maarif ocağı kimi baxırdı. O, deyirdi: “Mən istəyirəm ki, adamlar tamaşa etsinlər və öyrənsinlər”.

I Pyotrun silahdaşı, rus dövlət xadimi və diplomatı, ober-ştalmeyster (yüksək saray rütbəsidir), general-anşef, rus tarixində ilk general-prokuror olan Pavel İvanoviç Yaqujinski Qərbi Avropa ölkələrində olduğu kimi, muzeyə baxmağa və kitabxanadan istifadə etməyə görə camaatdan haqq almağı Pyotra təklif edəndə, çar təkliflə razılaşmayıb, demişdi: “Mən əmr edirəm ki, buraya gələnlərin heç birindən pul deyilən şey alınmasın. Üstəlik, adamlar dəstə - dəstə nadir sənət əsərlərinə baxmağa gələrsə, onları həmin otaqlarda mənim hesabıma bir fincan qəhvəyə, bir qədəh arağa, ya da başqa bir şeyə qonaq etsinlər”.

Adamları qonaq etməyə ildə 400 rubl pul ayrılmışdı ki, bu, o zamanlar üçün böyük məbləğ sayılırdı.

Rusiyanın mədəni tarixində böyük yeniliklər davam edərkən Pyotr vəfat edir. Onun yoxluğu Rusiya üçün son dərəcə böyük və ağrılı olur. Şübhəsiz, ömür vəfa etsəydi, o, Rusiyada teatrın da yaradılmasına əzmkarlıqla səy göstərərdi. Lakin bir qədər sonra teatrın yaradılması üçün potensial qüvvələr mövcud olur ki, bunlardan biri güclü Sumarokov idi.

Ədəbi tarixdən məlumdur ki, mütaliəsevər Rusiyanı Şekspir yaradıcılığı ilə ilk dəfə Sumarokov tanış etmişdir. Şekspirin adı ilk dəfə Sumarokovun 1748-ci ildə yazdığı “Şeir yaradıcılığı haqqında epistol” da böyük yazıçıların adları sadalanarkən çəkilib: “Milton və Şekspir, nadan olsa da”. N. Zaxarovun qeydlərinə diqqət yetirək: “Şekspir yaradıcılığına bu cür tərif verilməsi fransız klassistləri üçün səciyyəvidir. “Epistol”a əlavə etdiyi qeydlərində Sumarokov öz şəxsi münasibətlərini dəqiqləşdirir: “Şekspir, ingilis faciə yazarı və komiki, onun həm olduqca pis, həm də fövqəladə dərəcədə yaxşı əsərləri çoxdur”.

Bununla belə, Sumarokovun “Hamlet”ini dolğun tərcümə saymaq olmaz: şair Şekspirin əsərinin ayrı-ayrı motivlərindən və qəhrəmanlarının funksiyalarından istifadə etməklə, özünəməxsus faciəsini yaradıb, müvafiq olaraq, öz pyesinin nəşrində Şekspirin adını heç cür qeyd etməyib”.

Sumarokovun yaradıcılıq fəaliyyətinin əsas dövrü II Yekaterinanın hakimiyyəti illərinə təsadüf edirdi. Rusiyanın ziyalı təbəqələri əvvəlcə Yekaterinanın “maarifçilik vədləri”nə inansalar da, sonralar çariçanın irtica və istibdad hökmlərinə görə onların arasında fikir ayrılığı və narazılıqlar, zadəgan müxalifəti yaranmışdı. Sumarokov müasir rus hökmdarlarının rejimini bəyənmir, çariçaya yazdığı məktublarında dövləti idarə etməyə dair təkliflər verməyə özünü haqlı bilirdi. Ədibin fikrincə, rus çarları dövləti idarə etməkdə ziyalı zadəganlara istinad etməli, onların məsləhət, tövsiyə və təkliflərini mütləq nəzərə almalı idilər. Sumarokovun məsləhət və təklifləri II Yekaterinanin xoşuna gəlmir, çariça məqam düşdükcə yazıçını nüfuzdan və hörmətdən salmağa çalışırdı.

Sumarokov bu manelərə məhəl qoymurdu. Onu yalnız Rusiyanın parlaq gələcəyi, rus xalqının mədəni yüksəlişi düşündürürdü. İnsanların intellektinin artmasında, onların düşüncə tərzinin genişlənməsində, dünyanı

və həyatı dərk etməsində, yaxşını və pisi bir daha sezməsində teatrın böyük rolu ola bilərdi. Bu isə Rusiyada dövlət teatrının yaradılması zəruriliyini bir daha vacib məsələ kimi aktuallaşdırırdı.

Bəs Rusiyada dövlət teatrının yaradılması mərhələsi hansı yolları keçmiçdi?

1750-ci ildə Yaroslavlda Fyodor Volkov öz teatrını yaratmışdı. O, tacir oğlu idi, ticarət işləri ilə bağlı Peterburqda olarkən Şlyaxet korpusu aktyorlarının göstərdiyi tamaşalardan aldığı təəssüratla Yaroslavla qayıtdıqdan sonra aktyor olmaq istəyən adamları bir yerə yığmış, əvvəlcə öz evində, sonra isə şəhərlilərin ianəsi ilə xüsusi olaraq inşa edilmiş teatr binasında tamaşalar göstərməyə başlamışdı. Volkov truppasıının tamaşaları haqqında xəbər Peterburqa gəlib çatmış və çariça Yelizavetanın xüsusi göstərişi ilə truppa paytaxta çağırılmışdı.

İmperatriça yaroslavllıların göstərdiyi tamaşalara baxmış, sonra truppanın böyük qisminin geriyə - Yaroslavla dönməsinə, daha istedadlı aktyorların isə paytaxtda saxlanılmasına sərəncam vermişdi ki, onların arasında Fyodor Volkov və İvan Dmitriyevski də vardı.

1756-cı ilin avqustunda Rusiya imperatriçası Yelizaveta öz fərmanı ilə Peterburqda rəsmən dövlət teatrını təsis edir. Fərmanda bunun üçün xüsusi olaraq aktyor və aktrisalar yığmaq hökm olunur. Aktyorların mahnı ifaçılarından və Kadet korpusunda oxuyan yaroslavlılardan, onlara əlavə olaraq, qeyri - xidməti adamlar sırasından seçilməsi əmr edilir.

Teatrın direktoru vəzifəsinə Aleksandr Petroviç Sumarokov təyin olunur.

Qaydaya görə, teatrın tamaşaları hamıya açıq və pullu olmalı idi. Şəhərdə görünən afişalarda Rusiya teatrı truppasının çıxışlarının başlanıldığı bildirilirdi. Afişalarda o da qeyd olunurdu ki, tamaşalar axşam saat altıda başlanır və biletlər saat dördə qədər verilir.

Artıq ilk tamaşalardan yeni teatrın həyatının asan keçməyəcəyi aydın olmuşdu. Onun saxlanmasına ildə cəmi 5000 rubl ayrılmışdı. Bilet satışından mədaxil olduqca az idi. Biletlərə o vaxt üçün baha qiymət qoyulmuşdu. Elə teatrın binası da gediş üçün münasib olmayan yerdə seçilmişdi. Rusiya aktyorları hətta əcnəbi aktyor truppaları ilə müqayisə oluna bilməzdilər, onlar çar sarayından ildə 20-25 min rubl alırdılar. Sumarokov truppanın saxlanması, kostyumların hazırlanması üçün tez - tez vəsait xahiş edirdi. Bu vaxt teatra ən çox yardım göstərən Fyodor Volkov oldu, onsuz Rusiya teatrı yəqin ki, yaşaya bilməzdi.

Bir müddət sonra aktyorlara sarayın səhnəsində də tamaşalar göstərməyə icazə verilir, teatr Qış Sarayındakı saray teatrında yeni məkan alır.

Həmin vaxtlar rus teatrının artıq ciddi repertuarı vardı. Onun əsasını faciələr təşkil edirdi. Faciələrdə klassik teatrların ənənələrinə uyğun olaraq, coşqun ehtiraslar - şərin cəzalandığı və xeyirin qələbə çaldığının aydınlaşma nöqtələri xüsusi həyəcanlı notlarla göstərilirdi. Komediyalar

qüsurlara, nöqsanlara gülürdü, lakin burada hər hansı siyasi eyhamlara yol verilmirdi. Teatrda Sumarokovun özünün faciələri və komediyaları, Molyerin, Holberqin, Russonun əsərləri tamaşaya qoyulurdu. Rusiyanın teatrsevər tamaşaçılarına artıq Şekspirin pyesləri də tanış idi. Doğrudur, “Hamlet” Rusiyaya fransızcaya tərcümədə gəlib çıxmışdı. Sumarokov ona qeyd etdiyim kimi, “əl gəzdirmiş”, pyesin sonluğuna öz yaratdığı yeni əsərin ruhuna uyğun şəkildə “düzəliş vermişdi ”: baş qəhrəman mənfur şəxsi devirir, Ofeliya ilə evlənir və Danimarka kralı olur. Müasir tamaşaçı üçün pyesin dili də, aktyorların səhnə mizanları da qeyri - adi idi: hansısa bir ifadəni dilə gətirməzdən əvvəl qəhrəman onu sifətinə müvafiq ifadə verməklə təcəssüm etdirməli və fikri “o anda öz ruhi vəziyyətindən çıxmadan” bitirməli idi.

Rusiya ictimaiyyəti artıq XVIII əsrin ortalarında əsl klassik Avropa teatrı ənənələri ilə ünsiyyətə başlamışdı , Sankt-Peterburq isə haqlı olaraq Rusiya teatr sənətinin beşiyi sayılırdı.

 

Aleksandr Sumarokov şair idi.Öz istedadı ilə qürur duyur, inanırdı ki, şeir yaradıcısının qələmi – zabitin qılıncı qədər şərəfli silahdır. Yeri gəlmişkən, qılıncın nə olduğunu korpusdakı qılıncoynatma dərslərindən yaxşı bilirdi, amma müharibələrdə iştirak etmək onun qismətində yox idi.

Şair Sumarokov hərbi rütbəni yüksək qiymətləndirir və hamıdan ona hörmətlə yanaşılmasını tələb edirdi. Moskvanın baş komandanı general-feldmarşal, qraf Pyotr Semyonoviç Saltıkov 1770-ci ildə Sumarokovun iradəsinin ziddinə olaraq Belmonti teatrında onun faciəsinin oynanılmasına icazə vermişdi. Lakin Sumarokov öz məktubunda antreprenerə (kapitalist ölkələrində teatr, sirk və s. saxlayan adam deməkdir – R.Mirzəzadə) etirazını bildirmişdi:

“Mənim faciələrim – mənim mülkiyyətimdir... Mənim muzamın hökmranı kimi deyil, qədim paytaxtın şöhrətli qradonaçalniki (şəhər rəisi deməkdir-R.Mirzəzadə) kimi feldmarşala hörmət bəsləyirəm. Mənim muzam ondan asılı deyildir. Tutduğu mənsəbdə ona ehtiramım var, amma poeziya sahəsində özümü ondan yuxarı bilirəm. Və ondan lütfkarlıq ummaqdan uzağam”.

Sumarokovun ədəbi görüşləri onun nəzəri əhəmiyyət daşıyan ilk şeirlərində ifadə olunmuşdur. Şair “Şeir haqqında məktub” və “Rus dili haqqında” adlı əsərlərində rus klassizminin əsas qayda-qanunlarını müəyyənləşdirmişdir.Onun ədəbi nəzəriyyəsində dram xüsusiyyətləri daha geniş işlənmişdir. O, faciə və komediyanı aydın xətlə bir-birindən ayırır və göstərir ki, faciədə heç bir gülüş, komediyada isə heç bir faciəli ünsür olmamalıdır. Faciə və komediya didaktik olmalıdır, tamaşaçını tərbiyələndirməli, onda nəcib, xeyirxah hisslər, insani keyfiyyətlər oyatmalıdır.Hər ikisində şər cəzalanmalı, xeyir mükafatlanmalıdır.Faciə yüksək dəyərlər və fikirlər məktəbi olmalıdır.

Sumarokov faciənin quruluşuna da böyük diqqət yetirir və bu barədə xüsusi tapşırıqlar verirdi: iştirakçıların sayı az, 4-5 nəfər olmalıdır; faciə beş

pərdəli olmalıdır; üç vəhdət qanunu möhkəm saxlanmalıdır; faciə mütləq şeirlə yazılmalıdır.

Sumarokovun bu qaydaları Avropa klassizmi qaydalarına tam uyğun idi və bu qaydaları Sumarokov öz yaradıcılığında da tətbiq edirdi. Lakin o, istər dram, istərsə də lirika sahəsində rus klassizminin milli xüsusiyyətlərini əsas tuturdu.

Avropa klassistləri faciələrin süjetlərini antik ədəbiyyatdan götürürdülərsə, Sumarokov isə rus tarixinə müraciət edirdi.Hətta qəhrəmanların adını da qədim rus səlnamələrindən götürürdü.Yazıçının faciələrində rus knyazları, boyarlar, çarlar iştirak edir, hadisələr qədim Kiyevdə, Novqorodda vaqe olurdu.

Sumarokovun siyasi faciələri XVIII əsr rus ədəbiyyatının inkişafına müəyyən istiqamət verərək, ona böyük təsir göstərmişdi. Yazıçı-şairin şagirdləri və davamçıları olan Vasili Kapnist, Yakov Knyajnin, Mixail Xeraskov və başqaları XVIII əsr rus dramaturgiyasında istibdadla mübarizə edən əsərlər yaratmışdılar. Sumarokovun ədəbiyyata gətirdiyi “xalq”, “vətən”, “cəmiyyət” sözləri demokratik yazıçıların əsərlərində yeni və geniş məna kəsb edirdi. Müasirləri Sumarokovun şöhrətinin səbəbini onun faciələrində görürdülər. Belə ki, o, 9 faciə yazmışdır: “Xorev”, “Hamlet”, “Sinav və Truvor”, “Aristona”, “Semira”, “Dimiza”, “Vışeslav”, “Yalançı Dmitri” və “Mstislav”.

Sumarokova zəmanəsinin birinci dərəcəli şairləri sırasına daxil edən onun “Xorev” adlı 1847-ci ildə yazdığı ilk faciə əsəridir.Əsərin qısa məzmununu yada salaq. Qədim Kiyevdə iki hökmdar arasında hakimiyyət, taxt-tac üstündə mübarizə gedir. Kiy adlı knyaz Kiyevi işğal edib knyaz Zavloxu taxtdan salır. Lakin Zavlox da mübarizədən əl çəkmir, yenidən qoşun toplayır və hücuma hazırlaşır. İki knyazın bir-birinə münasibəti süjetin siyasi mübarizə xəttini təşkil edir.

Zavloxun qızı Osnelda Kiyin əlində əsirdir. Qızı Kiyin sarayında hörmətlə saxlayır və ona toxunmurlar.

Əsərin baş qəhrəmanı Kiyin kiçik qardaşı Xorevdir. Xorevlə əsir qız Osnelda arasında sevgi - məhəbbət hissi oyanır və demək olar, əsərdə siyasi mübarizə xətti məhəbbət mövzusu ilə birləşir.

Xorev və Osnelda gərgin daxili təlatümlər keçirirlər.Böyük qardaş və hökmdar olan Kiy kiçik qardaşı Xorevi düşmənə qarşı müharibəyə göndərir. Xorev düşmənlə mübarizəyə qalxmağı özünə müqəddəs bir borc bilir, lakin dərd burasındadır ki, düşmən onun sevdiyi qızın atasıdır.

Müharibəyə gedəndə Xorev qıza bir daha öz dərin məhəbbətini izhar edib, onunla vidalaşır.

Osnelda Xorevin atası ilə müharibə edəcəyindən xəbərdardır və Xorevin məhəbbətindən şübhələndiyini oğlana söyləyir. Xorev qıza öz vəzifəsindən, dövlət qarşısında borcundan danışır.Qız Xorevin vicdanlı, namuslu bir qəhrəman olduğunu anlayır və Xorevin onun atası ilə müharibə etməsinə haqq qazandırır. 

Xorev müharibəyə getməzdən əvvəl Zavloxa məktub yazır və Osnelda ilə evlənməsi üçün icazə istəyir. Saray xidmətçiləri Xorevin düşmənə məktub göndərməsini Kiyə xəbər verirlər. Məktubun məzmununu bilməyən Kiy qardaşından şübhələnməyə başlayır. Onun düşmənlə əlaqə saxladığını güman edir və qardaşını müharibəyə tez getməyə tələsdirir.

Xorev gedir, düşmənə qalib gəlir və Zavloxu əsir götürür.

Xorev müharibədə ikən qızın atasından rədd cavabı gəlir, Zavlox qızının düşmənə getməsinə razılıq vermir.Məktub Osneldanın əlinə keçir. Xidmətçilər bunu Kiyə xəbər verirlər. Bu dəfə Kiy qızdan şübhələnərək, onu düşmən casusu hesab edir. Knyazın əmri ilə Osneldanı zəhərləyirlər. Vicdani borcunu yerinə yetirmiş qalib Xorev şəhərə qayıdır.

Dövlətə sədaqəti, vəzifə borcunu şəxsi hisslərindən üstün tutan Xorev, indi Osneldanın ölümünə dözə bilmir və özünə də qəsd edir.

Lakin əsərin belə nəticəsi klassizm prinsiplərini pozurdu, çünki klassizm nöqteyi-nəzərincə, əsl müsbət qəhrəman öz vəzifəsini axıra kimi dərk etməli, şəxsi hissiyyata yol verməməli, qəlbini və bütün duyğularını şüura tabe etməlidir.

Sumarokovun müasirləri olan bəzi ədiblər “Xorev”də hərəkət birliyinin kamil olmadığını qeyd etsələr də, tamaşaçılar bu faciəni çox bəyənmiş və uzun illər boyu tamaşa səhnədən düşməmişdi.

“Sinav və Truvor” faciəsində qədim Novqorod knyazı Sinav əsərin əvvəlində müsbət surətdir. O, əhaliyə qarşı rəftarında, ölkəni idarə etməkdə ideal hökmdardır. Məhəbbətdə isə o, müstəbiddir.Onu sevməyən İlmena ilə güclə evlənmək istəyir, qısqanclıqdan qardaşı Truvoru sürgünə göndərir və nəticədə İlmena ilə Truvorun ölümünə bais olur.İlmena ilə Truvor vəzifə xatirinə ayrılır, lakin ayrılığa dözə bilməyərək, hər ikisi özünü öldürür.

“Dimiza” əsərindən başlayaraq, Sumarokovun siyasi görüşləri fərqli bir şəklə düşür.Öz ehtiraslarının təsiri altına düşən və onların öhdəsindən gələ bilməyən şahların surətindən nəsihət vasitəsi kimi istifadə olunur. “Dimiza”da şahların vəzifəsi haqqında söylənən təntənəli monoloqlar həmin dövrün müasir rus hökmdarlarına xitabən söylənən öyüd-nəsihətlərdir. Faciədə əsərin baş qəhrəmanı Dimiza zalım, ədalətsiz hökmdar olan Vladisanın qəddarlığından şikayətlənərək, Allahları məzəmmət edir ki, niyə onlar hakimiyyəti zalımlara verməklə, günahsızları məhv etmək imkanı yaradırlar? Əsərin bir hissəsində Vladisanın əyanlarından biri olan nəcib xasiyyətli Rusim knyaza deyir: “Hökmdarlıq sənə öz xeyrin üçün verilməyib, onu sənə Allahlar hamıya xeyir olsun deyə veriblər”.

1768-ci ildə Sumarokov “Xorev”i yenidən işləyərək, əsərə süjetlə heç bir əlaqəsi olmayan monoloqlar əlavə edir. Bu əlavələrdə şahlardan ədalət tələb olunur, zülm, əsarət və istibdad haqqında acı sözlər deyilir və “qanun” sözü çox mühüm bir məna kəsb edir. Çünki qeyd olunan “qanun” sözü 1768-ci ildə “Yeni qanunlar komissiyası” təşkil edən II Yekaterinaya üstüörtülü işarə idi. Sumarokov Yekaterinanın açıq tənqidlərə yol verməyəcəyini bilir və buna görə də hakimiyyətdə olan ədalətsizliyi, istibdadı tənqid etmək üşün müxtəlif üsullardan istifadə edirdi.

“Mstislav” əsərində müsbət şah obrazı olan Mstislav ədalətli şahları rəzil şahlara qarşı qoyur, Mstislavın yaxın adamı Osad ehtiras təsirinə qapılan şahları hökmdar olmağa layiq bilmir və s.

Sumarokovun faciələri içərisində ən görkəmli yer tutan və mühüm rol oynayan əsəri “Yalançı Dmitri”dir. Bu faciədə Yekaterinaya edilən işarələr olduqca kəskindir.Təbii ki, Yekaterina bunu başa düşür, lakin bu işarələrin özünə aid olduğunu qəti etiraf etmirdi.

“Yalançı Dmitri”dən aydın olur ki, nəcib və səmimi adamlar hökmdarın üzünə həqiqəti açıb söyləyə bilmirlər, ikiüzlü və yaltaq olmağa məcburdurlar. Məhkəmələrdə qanunsuzluq, rüşvətxorluq hökm sürür, xalq təzyiq altında zülm çəkir. Hökmdar isə öz işindədir.

Sumarokovun ilk faciələrində, məsələn, “Xorev”, “Sinav və Truvor”da mənfi şahlar cüzi də olsa, arada vicdan əzabı çəkirdilərsə, Dmitri zülm və işgəncədən zövq alır, törətdiyi faciə və fəlakətə sevinir.Tamaşaçılar təbii ki, Dmitri və Yekaterina arasında açıq bir uyğunluq görə bilmir, lakin səhnədə eşidilən coşqun tənqidlər birbaşa müasir siyasətə toxunurdu. Əsərdə qanuni və qeyri-qanuni hökmdar məsələsi də müzakirə olunurdu. Müsbət qəhrəmanlardan biri olan Parmen Dmitrini yalnız yalançı çar olmasına görə deyil, eyni zamanda zalım, zülmkar olduğuna, xalqa, cəmiyyətə amansız divan tutduğuna görə günahlandırırdı. Bu cür çıxışlarsa II Yekaterinaya toxunmaya bilməzdi, çünki onun özü də qeyri-qanuni hökmdar idi, əri III Pyotru öldürməklə, rus taxtını ələ keçirmişdi.

Sumarokov 12 komediya yazmışdır; “Tresotinius”, “Nəhənglər”, “Ər-arvadın dalaşması”, “Nartsis”, “Saxta cehiz”, “Üç rəqib qardaş”, Qəyyum”, “Rüşvətxor”, “Zəhər tuluğu”, “Öz təsəvvüründə aldanmış ər”, “Qızının rəqibi olan ana”, “Cəncəlçi qadın” komediyaları.

Şair-dramaturq “Tresotinius” komediyasında yalançı alim obrazında ədəbiyyat sahəsində barışmadığı şair Trediakovskini təsvir etmişdir.Tresotiniusun dili köhnəlmiş və gülünc sözlərlə doludur, o, Trediakovski kimi heca vəzninə meyl edir, gülünc şeirlər yazır. Komediyada yalnız mənfi və gülünc personaj yaradan Sumarokov elə ilk komediyasından məmurluğun mənfi cəhətlərin, qüsurlarını ifşa etməyə başlayır.

“Nəhənglər” əsərində yazıçının tənqid hədəfi ədabaz, modabaz, fransızpərəst zadəgan gəncləridir. Məsələn, Dülij gənc zadəgandır. Bədbəxtliyi ondadır ki, özünün milli kimliyini qəbul edə bilmir, özünün rus olmasından xəcalət çəkir. Bu gənc fransız adətləri və dilinin pərəstişkarıdır. Lakin Dülij heç fransızca da düz danışa bilmir, sözlərin “qol-qabırğa”sını sındırdığı üçün danışığı gülünc alınır.

Rus dilinə xəyanət, onun qaydalarının pozulması, dildə yad, təhrif olunmuş söz və ifadələrin işlədilməsini Sumarokov milli müsibət və ictimai bəla hesab etdiyindən bu son dərəcə vacib məsələyə böyük diqqət və həssaslıqla yanaşırdı.

“Ər-arvadın dalaşması” komediyasında fransızpərəstlik və modabazlıq daha şiddətlə ifşa olunur. Burada Dülij surəti ilə eyni xarakterdə

olan işvəkar qadın Delamidanın obrazı təqdim olunur.Dülij də, Delamida da boş, mənasız həyat sürən, yüngül təbiətli adamlardır. İşləri, gücləri bəzənmək, əylənmək və yeyib-içməkdir. Onları heç bir ciddi məsələ düşündürmür. Onlar da fransızpərəstdirlər, təhrif edilmiş fransız sözləri işlətməklə, öz doğma rus dilini pozur, bunu özlərinə fəxr bilirlər.

Komediyada kənd mülkədarı olan Fatuy surəti də var ki, bu, nadan, məsləksiz, köhnə şivədə danışan bi ağa obrazıdır. Belə surətləri yanaşı təqdim etməklə, Sumarokov zadəgan sinfinin müxtəlif təbəqələrini tənqid edir.Şəhərli Dülij və kəndli Fatuy – hər ikisi qabiliyyətsiz, mədəniyyətsiz, əsl zadəgan adını daşımağa layiq olmayan adamlardır.

“Nartsis” komediyasında yazıçı öz qarşısına yeni məqsəd qoyur. Əsərin personajlarından biri olan Oront, baş qəhrəman Nartsisi namuslu, ağıllı, səmimi bir adam kimi xarakterizə edir. Lakin Nartsis öz gözəlliyinə vurulmuş və Orontun dediyi kimi, ağlı çaşmışdır.Qəşəngliyi ilə öyünən Nartsis hamının zəhləsini tökmüşdür. Əslində Nartsis pis adam deyil, sadəcə ehtirasa qapılmışdır. Onun düşüncələrini, baxışlarını dəyişmək mümkündür.

Sumarokovun komediyalarında müxtəlif ada məxsus personajlardan istifadə olunur. Doront, Valer, Oktaviy, Klarisa və s. adlar fransız komediyalarından, Fatuy, Dodon, Finist, Xobzey və s.adlar rus şifahi xalq yaradıcılığından götürülmüş,Tresotinius, Bobembius və s. adları isə yazıçı özü vermişdir.

Ədibin “Qəyyum” komediyasında vaxtilə geniş yayılmış müamiləçilik ifşa olunur, “Rüşvətxor”da ədalətsiz hakimin surəti verilir. Onu da deyim ki, çariça Yelizaveta və II Yekaterinanın hakimiyyəti illərində əvvəllər qadağan olunmuş müamiləçilik daha da artır, məmurların rüşvətxorluğu elə açıq şəkil alır ki, Kapnistin “İftira” adlı məşhur və ölməz komediyası meydana çıxır. Xatırlatmaq yerinə düşərdi ki, Sumarokovun komediyaları rus ədəbiyyatının inkişafına elə böyük təsir göstərmişdi ki, sonralar əyalət zadəganlığının cəhaləti məsələsi Yekaterina dövrünün məşhur rus ədəbiyyatçısı, rus məişət komediyasının yaradıcısı Denis İvanoviç Fonvizinin “Nadan övlad”, rus dilini saflığı uğrunda mübarizə Aleksandr Sergeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərlərində qoyulmuşdu.

“Öz təsəvvüründə aldanmış ər” əsəri Sumarokovun ən görkəmli komediyasıdır. Əsl məişət komediyası olan əsər 1772-ci ildə yazılmışdır. Burada rus mülkədarlarının əyalət həyatı təsvir olunur. Baş surətlər olan Vikul və Xavronya nadan, mənəviyyatsız, mədəniyyətsiz adamlar, qocalmış ər-arvaddırlar.

Vikul və Xavronyanın evinə gənc, yaraşıqlı, qəşəng, varlı və adlı-sanlı qraf Kasandr gəlir. Xavronya qonağın qarşısında özünü dünyagörmüş xanım kimi aparmaq istəyir, onunla Moskva teatrı haqqında söhbət edir, onun üçün dadlı yeməklər bişirtdirir. Savadsız və mədəniyyətsiz qarının söhbətləri mənasız və gülməli olsa da, yaxşı tərbiyə görmüş nəzakətli qraf Xavronyaya ehtiramla qulaq asır.

Vikulunsa ürəyində qısqanclıq oyanır. Ona elə gəlir ki, gənc qraf onun qoca və eybəcər arvadına vurulmuşdur. Ömürlərini mehribanlıqla keçirən qoca və qarı arasında gülməli dalaşmalar baş verir. Axırda məsələnin üstü açılır: qraf Kasandr bu evdə yaşayan Florizanı əvvəlcədən görmüş, bəyənmiş, qızla evlənmək məqsədilə buraya gəlmişdir.Vikul ilə Xavronya barışır, komediya xoşbəxtlik notları ilə nəticələnir.

Sumarokov faciə vasitəsilə tamaşaçılarda vətənə sədaqət hissi oyatmağa çalışırdı. Komediyanın özü də yazıçının əlində bir tərbiyə vasitəsi idi, böyük tərbiyə vasitəsi. Buna görə də şair komediya yazanlardan hər şeydən əvvəl ağıllı gülüş tələb edirdi...

Buradaca üç nöqtə işarəsi qoyub Sumarokov yaradıcılığının, nəzəriyyəsinin, dramaturgiyasının və teatrının Azərbaycan mədəniyyətinə təsirindən bəhs etməyi zəruri hesab edirəm.

Təkcə Azərbaycanda deyil, bütün Yaxın Şərqdə dramaturgiya sahəsində dəyərli nümunələr yaratmış ilk ədib, xalqımızın görkəmli yazıçı və filosof oğlu Mirzə Fətəli Axundzadənin arzusu Azərbaycanda da milli teatr görmək istəyi idi.

1873-cü ildə Axundzadənin adı ilə bağlı olan və nümayiş etdirilən ilk Azərbaycan tamaşası böyük mədəni hadisəyə çevrildi. Həmin ilin mart və aprel aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə həm Azərbaycan teatrının, həm də Axundzadə pyeslərinin milli səhnəmizdə tarixi başlandı.

Hər iki tamaşa Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakı realnı məktəbinin şagirdləri tərəfindən nümayiş olunmuşdu. Tamaşa göstərmək ideyası N.Vəzirovun rus teatrından aldığı zövqü və təsiri təsadüfən Zərdabiyə söyləməsi və onun “Təmsilat”ı xatırlatması (M.F. Axundzadənin altı komediyası “Təmsilat” adı altında birləşərək, 1859-cu ildə Tiflisdə nəşr edilmişdir) nəticəsində meydana çıxmışdı.

Zərdabinin rəhbərliyi, N.Vəzirov və Əsgər bəy Adıgözəlovun (Goraninin) yaxından iştirakı ilə göstərilən ilk tamaşalar həvəskar tamaşalar olsalar da, Azərbaycanda milli teatrın yaranması üçün qüdrətli bir təkan idi.

Mütərəqqi rus ictimai fikrinin, rus inqilabçı-demokratlarının təsiri ilə yetişən görkəmli Azərbaycan filosof və ədibləri milli mədəniyyətin sürətlə inkişaf edə bilməsi üçün Rusiya ilə ədəbi əlaqələrin möhkəmləndirilməsini əsas şərtlərdən biri hesab edirdilər. Axundzadə qeyd edirdi ki, xalqın mənəvi azadlığı, dini fanatizmdən (məhz fanatizmdən - R.Mirzəzadə) və müridizmdən xilas olması üçün ən doğru yollardan biri rus dili və mədəniyyətini öyrənməkdən ibarətdir; rus mədəniyyəti ilə yaxınlıq xalq içərisində savada və idraka meyli gücləndirəcəkdir.

C.Cəfərovun qeyd etdiyi kimi, xalqa məhəbbət rus maarifçilərini inqilabi mübarizəyə sövq edən əsas qüvvə idi. Axundzadə öz bədii, ictimai-siyasi və fəlsəfi əsərlərində tez-tez xalqın acınacaqlı vəziyyətindən bəhs edir, onun kölə halında olduğunu yazırdı. İstibdadın, zorakılığın bütün ağırlığı xalqın çiyninə düşürdü.Cəhalət içərisində yaşayan xalq anlaya

bilmirdi ki, nə üçün şəxsi məziyyət və əxlaqi keyfiyyətcə ondan heç də üstün olmayan hakim siniflər onu istismar etmək haqqına malik olmuşlar.

Şübhəsiz ki, Axundzadə bu görüşləri ilə rus-inqilabçı demokratlarının estetik görüşlərinə yaxın idi. Onları yaxınlaşdıran cəhətlərdən biri də bu idi ki, realizm prinsiplərinə əsaslanaraq, sənətdən real, doğru və mühüm məzmun tələb edən Axundzadə, bu həyat məzmununu demokratik formalar vasitəsilə ifadə etmək zərurətini irəli sürürdü.Yeni realist sənət uğrunda mübarizə apararkən o, eyni zamanda yeni janrlar, ilk növbədə dram və roman uğrunda mübarizə aparırdı. Məsələ burasında idi ki, xalq həyatını daha dolğun və təbii əks etdirən dram əsəri səhnə sənəti ilə birləşdikdə, olduqca kəsərli və təsirli bir əsər kimi meydana çıxır.

Axundzadə dramı sənətlərin ən şərəflisi hesab edir və onun əsas vəzifəsini həyata müdaxilədə, insanların əxlaqını yaxşılaşdırmaqda, qabaqcıl fikirlər irəli sürməkdə görürdü.

M.F. Axundzadəyə görə, dramatik əsərlər həm müasir cəmiyyət, həm də gələcək üçün yüksək əxlaq tərbiyə edən ibrətamiz bir keyfiyyətdə olmalıdır. Lakin bu mənəvi tərbiyə hansı istiqamətdə getməlidir? Hər şeydən əvvəl xalqı maarifləndirməli, onun gözünü açmalıdır ki, öz düşmənləri olan müstəbidləri, zülmkarları, onu axirət dünyası ilə qorxudub, qul halına salan qüvvələri tanıyaraq, onlarla mübarizə apara bilsin.

Axundzadənin fikirləri ilə Sumarokovun nəzəriyyəsi arasında ədəbi bir doğmalıq vardı. Axundov da Sumarokov kimi düşünürdü ki, həqiqi gülüş, realist komediya, satira insanların əhatə olunduğu, hər gün neçə dəfə yanından ötüb keçdikləri çirkin, alçaq, miskin keyfiyyətləri bütün çılpaqlığı ilə göstərməli və insanları öz eybəcərliklərinə gülməyə məcbur etməlidir. Həqiqi komediya cəmiyyətin içərisində yığılıb qalmış zibili və üfunəti müdhiş bir qüvvə ilə dağıdıb təmizləməlidir.Məsxərə, kinayə, tənqid pozitiv mahiyyət daşımalı, müəyyən məqsədə dəvət etməlidir.

Əsl komediyanın vəzifələrini dərindən duyan Mirzə Fətəli, komediyada yüngüllük, bayağılıq, ədəbsizlik ünsürlərinə yol vermirdi. Çirkin, nəlayiq keyfiyyətlər Mirzəyə görə , sənətin mövzusu ola bilməzdi.Təsadüfi adamların nöqsanlarını və ya qeyri-tipik mənfi keyfiyyətləri təsvir etmək əslən dramatik sənətə və əksəriyyətin zövqünə müxalifdir. Bədii əsər, o cümlədən komediya müsbət bir fikir, ağıllı bir ideya ifadə etməlidir.

Həmin vaxtlar rus teatr mədəniyyəti haqlı olaraq dünyada ən qabaqcıl bir teatr mədəniyyəti hesab edilirdi. Rus teatrının xalqa xidmət etmək məqsədindən irəli gələn bu realizm meyli, yarandığı ilk gündən ictimai-tərbiyəvi meyarlar aşılayan, əsasən xeyriyyəçilik məqsədi ilə tamaşalar verən gənc Azərbaycan teatrının ruhuna və istiqamətinə tamamilə uyğun idi. Teatrımız əyləncə və qazanc məqsədi güdmürdü. Odur ki, hələ möhkəmlənməmiş, peşəkar kadrlara malik olmayan Azərbaycan teatrı, təbii ki, rus teatrına müraciət edib, ondan öyrənməli idi. O zamankı Azərbaycan teatrının aparıcı xadimləri Moskva və Peterburqda təhsil alan, rus yazıçıları

ilə dostluq edən, rus səhnə sənətinə bələd və rus mədəniyyəti ilə yaxından tanış olan adamlar idi.

Onu da qeyd etmək istərdim ki, o zamanlar Bakıda rus teatrı da müntəzəm fəaliyyət göstərir, Vasilyev-Vyatskinin trubbası uzun müddət Bakıda tamaşalar verirdi. Bununla bərabər, Bakı milyonçusu Z.Tağıyevin teatr binasında daim qastrol tamaşaları olardı. Elə bir teatr mövsümü olmazdı ki, görkəmli rus aktyorları Bakıda qastrol tamaşaları verməsin.

Yetişməkdə olan teatr mütəxəssislərimiz Bakıda verilən rus tamaşalarını diqqətlə izləyir, rus aktyorları ilə tanışlıq yaradır, rus dramaturgiyasından nümunələr tərcümə edirdilər.

Bütün bunlar Azərbaycan teatrının hərtərəfli inkişafına müsbət təsir göstərirdi. Teatrın böyük tərbiyəvi əhəmiyyətini dərk edən parlaq məfkurəli Azərbaycan ziyalıları, xüsusən Qori seminariyasını bitirən pedaqoqlar yalnız Bakıda deyil, Azərbaycanın digər bölgələrində də, o cümlədən Qubada, Şəkidə, Şuşada, Naxçıvanda teatr tamaşaları hazırlayır, həmçinin özləri bu tamaşalarda aktyor kimi iştirak edirdilər. Bu müəllim və ədiblərdən Yusif bəy Məlikhaqnəzərov, Haşım bəy Vəzirov, Bədəlbəy Bədəlbəyov, Səfərəli bəy Həsən bəy oğlu Vəlibəyov, Firidun bəy Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İsmayıl bəy Şəfibəyov, Cabbar Qaryağdı, Məmmədtağı Sidqi, Cəlil Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq Eynəli Sultanov, Rəşid bəy Əfəndiyevin adını xüsusi çəkmək istərdim.

Azərbaycanın müxtəlif şəhərlərində meydana çıxan teatr həvəskarları, o cümlədən adları qeyd edilən ziyalılardan bir çoxu ölkənin mədəni mərkəzinə çevrilən Bakıya axışmağa və burada Bakı teatr xadimləri ətrafında toplaşmağa başladılar. Bakıdakı teatr dəstəsinə isə 1887-ci ildən başlayaraq müəllim Həbib bəy Mahmudbəyov, onun sədaqətli məsləkdaşları Sultan Məcid Qənizadə və Nəcəfqulu Vəliyev rəhbərlik edirdilər. Onlar bu dəstəni xeyli qüvvətləndirərək, truppa halına salmışdılar ki, artıq bu truppa 1888-ci ildə müstəqil bir teatr kollektivinə çevrilmişdi. Az sonra Gürcüstandan Bakıya gələn Nəriman Nərimanov da həmin truppaya daxil olmuş və Mahmudbəyovun Azərbaycanda teatr işini möhkəmləndirmək səylərinə kömək etməyə başlamışdı.

Görkəmli rus və Ukrayna yazıçısı, dramaturqu Nikolay Vasilyeviç Qoqolun N.Nərimanov tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş məşhur “Müfəttiş” komediyası Azərbaycan səhnəsində ilk dəfə 1899-cu ildə oynanıldı və Bakının mədəni həyatında mühüm və xoş hadisə kimi qarşılandı.

1899-cu ildə Peterburqda təhsilini bitirib Azərbaycana qayıdan dramaturq Əbdürrəhim bəy Haqverdiyevin də teatr fəaliyyəti bu nöqteyi-nəzərdən faydalı və səmərəli olmuşdur. Ədib hələ gənc yaşlarından səhnənin cazibəsini duyaraq teatra böyük maraq və həvəs göstərir. Tiflis realnı məktəbində oxuduğu illərdə rus və Qərbi Avropa dramaturqlarının əsərlərilə, Tiflis teatrı ilə tanış olduqdan sonra özünün həyat yolunu ədəbi yaradıcılıq yolu ilə birləşdirir və bir qədər sonra Haqverdiyev Peterburqa oxumağa gedir.

Peterburqun teatr mühiti gənc ədibə böyük təsir bağışlayır və o, bu barədə xatirələrində belə qeyd edir: “1891-ci ilin avqust ayında Peterburqa ali təhsil üçün getdim. O vaxt Aleksandrinski dram teatrının ( bu, məhz Sumarokovun vaxtilə rəhbərlik etdiyi teatr idi- R.Mirzəzadə) ən parlaq zamanı idi. Savvina, Komissarjevskaya, Pisarev, Davıdov, Varlamov, Dalski, Dalmatov kimi səhnə zinətləri vardı. Mən deyə bilərəm ki, Yusif bəydən sonra Aleksandrinski dram teatrı mənim ikinci müəllimim olub, müqəddəratımı təyin elədi. Bir həftə olmazdı ki, mən teatra üç dəfə olmasa da, bir dəfə getməyəydim”.

Bakıya qayıtdıqdan sonra Ə.Haqverdiyev Mahmudbəyov tərəfindən təşkil edilmiş truppaya daxil olur və bir rejissor kimi ona rəhbərlik etməyə başlayır.

Unudulmaz yazıçımız Qılman İlkinin də qeydləri maraqlıdır:

“Teatr binalarına gəlincə, qeyd edilməlidir ki, 1911 – ci ilədək Bakıda əsasən iki teatr binası vardı. Bunlardan biri 1883 – cü ildə tikilmiş məşhur Tağıyev teatrı idi. Bu binada əvvəllər Rusiyanını hər tərəfindən qastrola gəlmiş aktyor dəstələri çıxış edirdilər. Yerli aktyor dəstələri yaradılandan sonra Hacı Zeynalabdin binanı onlara teatr tamaşaları göstərmək üçün bəzi hallarda pulsuz və kirayəyə verirdi. Xüsusilə 1896 – cı ildə təşkil olunmuş “Birinci müsəlman truppası” burada tez – tez tamaşalar verirdi. O zaman bu truppaya N. Nərimanov, Cahangir Zeynalov, Mehdibəy Hacınski, Həsən bəy Zərdabi və başqaları daxil idi. 1909-cu ildə baş vermiş yanğından sonra teatr hacı tərəfindən təmir edilib, daha da gözəlləşmişdi. “Günəş” qəzeti 1910 – cu il 24 avqust tarixli nömrəsində yazırdı : “Təzədən tikilmiş şəhər teatrı oktyabrın 1 – də yeni mövsümü açacaqdır. Teatr əvvəlkindən böyük tikilib, 1700 nəfərədək adam tutur”.

…İkinci teatr keçmiş Malakan bağının yanında Malakan (Xaqani) küçəsi ilə Qoqol küçələrinin kəsişdiyi yerdə tikilmiş Mikado teatrı idi. Bunun ikinci adı Pel – Mel idi. Bu binanın yapon memarlığı üsulunda tikilişi təsadüfi deyildi. Bakının varlı şəxslərindən birinin oğlu olan Əliheydər Hacı Haşım oğlu Yaponiya və Çinə olan səfərindən qayıdandan sonra bu yerdə torpaq alıb, belə bir bina tikdirmişdi. Pel – Mel teatrı binasında hər cür tamaşalar verilir, Rusiyanın məşhur incəsənət ustaları Bakıya qastrola gələrkən burda çıxış edir və kino göstərilirdi. Bir sözlə, Pel – Mel Bakının rusdilli əhalisinin mədəni mərkəzinə çevrilmişdi. Özünün memarlıq quruluşu ilə fərqlənən bu bina yalnız bu yaxın illərdə yenidən təmir edildikdən sonra bütün xarici görkəmini tamamilə dəyişmişdir. Hazırda bu binada Səməd Vurğun adına Rus Dram Teatrı yerləşir.

1911 –ci ildə Bakıda ücüncü bir teatr binası inşa edilib qurtarır. Bu, Mayılov qardaşlarının keçmiş Tarqovı ( indiki Nizami) küçəsində ucaltdıqları Opera teatrı binası idi. Bina çox qısa bir müddət, təxminən bir ildə tikilib başa çatdırılmışdır. Deyilənə görə Mayılov qardaşları onu çox hörmət etdikləri bir rus müğənni qadının şərəfinə ucaltmışlar. Opera teatrı 1911 – ci ilin 28 fevralında açılmışdı. Birinci gün “Boris Qodunov ” operası göstərilmişdi.

1983 – cü ildə teatr binasında yanğın olmuşdu. Yanğından sonra təmir olunub, əvvəlki əzəmətli görkəminə qaytarılımış və daha da gözəlləşmişdir”.

Gətirdiyim nümunələrdən rus teatrının, Sumarokov teatrının Azərbaycan teatrına göstərdiyi böyük və danılmaz təsiri özünü bir daha aydın göstərir. O da məlumdur ki, yarandığı gündən əvvəlcə İmperator Teatrı, sonra Aleksandrinski Teatrı, 1920-ci ildən 1990-cı ilə qədər A.S.Puşkinin adını daşıyan və yenidən Aleksandrinski adına qaytarılan bu möhtəşəm teatrdan bəhs edərkən iki mədəni hadisəni də diqqətə çatdırmaq istəyirəm.

Görkəmli Azərbaycan dramaturqu, şairi, nasiri, jurnalisti, teatrşünası, aktyoru, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının “Leninqrad xatirələri” adlı məqaləsini maraqla oxumuşam. Məqalənin dərc olunduğu mənbədə onun hansı ildə yazıldığı qeyd olunmasa da, 1930-cu ildə Cabbarlının Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başlamasını nəzərə alsaq, güman ki, türk teatrının Peterburqa səfəri 30-cu illərin əvvəllərində olmuş və məqalə həmin səfərdən sonra yazılmışdır. Böyük ədibimizin səfər haqqında bəzi qeydlərini sevimli oxucularla bölüşmək istəyirəm (aydındır ki, Peterburq keçmiş sovet dövründə Leninqrad adlanmışdır):

“...İncəsənət İşçiləri İttifaqından, Şərq Xalqları Evindən, Proletar Tələbələr Birliyindən, teatrlardan və başqa təşkilatlardan bir çox nümayəndə stansiyaya toplanıb, qatarımızı gözləyirdi.

Bir-birinin ardınca çıxan natiqlər az bir zamanda yarımkönüllü bir teatrdan yüksəlib müstəqil bir yaradıcı kimi dünya səhnəsinə çıxan türk teatrını və bu yüksəliş üçün imkan yaradan Azərbaycanı alqışlayır, təbrik edirdilər. Sonra Leninqrad teatrlarının nümayəndələri türk aktyorlarını öz teatrlarına qonaq çağırdılar.

Mayın səkkizindən başlamış onuna kimi aktyorlar gündüzlər çalışır, gecələr isə dəstə-dəstə bölünüb teatrlara gedir, Leninqradın teatr həyatı ilə tanış olurdular.

Böyük Dövlət Dram Teatrında idik.Türk teatrının əməkdaşları üçün yanaşı üç loja ayrılmışdı. Səhnədə oyun getdiyi yerdə, birdən Qoriyan rolunu oynayan xalq aktyoru Monomaxov tamaşaçılara müraciətlə:

- Yoldaşlar, bu gün Azərbaycan Türk Teatrının akyorları bizə qonaq gəlmişlər. Türk səhnəsinə alqış! - dedi.

Salondan alqış qopdu.Teatrın hər tərəfindən projektorlar oturduğumuz lojalara doğru çevrildi. Dopdolu salon bir ağızdan “Ura!” qışqırır, türk akyorlarını alqışlayırdılar. Bu alqış çox sürdü və sonra türk milli teatrı şərəfinə gurultulu bir nümayiş şəklini aldı...

Mayın doqquzunda Böyük Dram Teatrında tamaşa bitdikdən sonra teatrın akyor və aktrisaları qarşımıza çıxıb, bizi teatrın qonaq odasına dəvət etdilər.

Bu gecə rus və türk akyorlarının tam mənası ilə qardaşlaşması gecəsi idi. Masalar üzərinə şirnilər düzülmüş və hər iki tərəfdən natiqlər bir-birini təbrik edirdi. Bir o yandan, bir bu yandan, iki o yandan, iki bu yandan aktyorlar çıxıb , bir-biri üçün çalır - oxuyur, deklomasiya (xitabət – R. Mirzəzadə) deyir, hərə öz sənətindən parçalar göstərir və bir-birini öz yaradıcılığı ilə tanış edirdi...

Səhər olmuş, hava işıqlanmış, amma kimsə dağılmaq istəmir. Hər iki tərəfdən qopan “Ura!” səsləri küçədə belə davam edir.

Ayın onu idi. Dəstə, dəstə üstündən gəlib bilet istəyir. Hər yerdən telefonla bilet istəyirlər. Lakin “Biletlərin hamısı satılmışdır” cavabı alınır...

Birinci tamaşa Hərbi –Tibbi Akademiyanı bitirən həkimlər şərəfinə düzəlmiş məclisdə iştirak edən müxtəlif dövlət idarə və müəssisələri nümayəndələri üçün verilirdi...Tamaşaçılar ancaq rus işçiləri olduqlarından oynanan əsərlər üçün hər pərdənin məzmununu anladan müfəssəl librettolar çap edilmişdi ki, tamaşaçılara paylanırdı. Bundan başqa, Leninqradda olan türklər ayrılıqda türk tələbələri və hər teatrın oyunda iştirak etməyən əməkdaşları salonda təbərrük kimi əldən-ələ keçir, tamaşaçılara tərcümə edir və oyunun anlaşılmasına kömək edirdilər. Yalnız orası qeyd edilməlidir ki, bütün salon anlamadığı bir dildə beşpərdəlik bir əsərə baxır və bütün bu müddətdə dopdolu salondan nəfəs çəkintisi belə eşidilmirdi...

Türk Bədaye Teatrı Leninqradda 22 gün qalıb, şəhərin müxtəlif yerlərində 17 tamaşa verdi. Bu tamaşalarda orta hesabla 30 min işçi iştirak etdi...

Bu səfər Leninqrad işçilərini türk səhnəsinin vəziyyəti ilə yaxından, göz görə tanış etdiyi kimi, türk aktyorlarında da heç şübhəsiz, unudulmaz bir xatirə buraxmış oldu. Bu xatirə türk aktyorunun gələcək fəaliyyətində ona böyük yarağlıqlar göstərə biləcəkdir”.

 

 

İkinci hadisə odur ki,1982-ci ilin dekabr ayında ( o vaxtlar teatr Puşkinin adını daşıyırdı) ilk rəhbəri Sumarokov olmuş bu möhtəşəm Azərbaycanda, Bakıda qastrol səfərində olmuşdur.

Rusiyanın qocaman dram kollektivinin çıxışları Azərbaycan paytaxtının mədəniyyət tarixində sözün əsl mənasında böyük hadisə idi. Neva sahilindəki şəhərdən gəlmiş artistlər zəhmətkeşlərlə, maşınqayırma və neft sənayesi işçiləri, teatr ictimaiyyətinin nümayəndələri ilə, tələbələr və məktəblilərlə görüşmüşdülər.Kollektiv D.Xrabrovitskinin “Nə qədər ki, ürək döyünür”, Y.Stavinskinin “Gur saat”, L.Dyürkonun “Mənim məhəbbətim Elektra” pyeslərinin tamaşaları böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdi.

Yaradılması işində böyük xidmətləri və ilk rəhbəri olmuş Sumarokovun ənənələrini sədaqətlə yaşadan istedadlı teatr kollektivinin Bakıdakı uğurlu tamaşaları rəsmi şəkildə dəyərləndirilmişdi. Bu münasibətlə imzalanan tarixi fərmanı da yada salmaq əhəmiyyətlidir:

 

А. S. PUŞKIN АDINА LENINQRАD DÖVLƏT АKАDEMIK DRАM TEАTRININ АZƏRBАYCАN SSR АLI SOVETI RƏYАSƏT HEYƏTININ FƏXRI FƏRMАNI ILƏ TƏLTIF EDILMƏSI HАQQINDА АZƏRBАYCАN SSR АLI SOVETI RƏYАSƏT HEYƏTININ

 

FƏRMАNI

 

Bаkı şəhərində qаstrol günlərində göstərilmiş tаmаşаlаrdа yаrаdıcılıq kollektivinin böyük səmərəli işinə, yüksək bədii ustаlığınа görə А.S.Puşkin аdınа Leninqrаd Dövlət Аkаdemik Drаm Teаtrı Аzərbаycаn SSR Аli Soveti Rəyаsət Heyətinin Fəxri Fərmаnı ilə təltif edilsin.

 

Аzərbаycаn SSR Аli Soveti Rəyаsət Heyətinin sədri

Q. Xəlilov

 

Аzərbаycаn SSR Аli Soveti Rəyаsət Heyətinin kаtibi

R. Qаzıyevа

 

Bаkı şəhəri,

24 dekаbr 1982-ci il.

 

Həmin ilin dekabrın 27-də “Sumarokov teatrı”ı artistlərinin Bakıda yekun çıxışları olmuşdur. Həmin axşam Aleksey Arbuzovun “Köhnə arbatın nağılları” pyesinin tamaşaları göstərilmişdir. Tamaşanın quruluşçu rejissoru A.Muzil, bədii tərtibatçısı, teatrın baş rəssamı M.Kitayev idi. Tamaşada adlı-sanlı aktyorlar – İ.Qorbaçov, V.Kleyner, M.Nikelberq, S.Şeyçenko, V.Doronin, V. Semenovski çıxış etmişlər.

Tamaşa bitdikdən sonra teatrın direktoru K.İliçov kollektivin mehribanlıqla qarşılanmasına, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsinə görə Azərbaycan hökumətinə, şəhərin zəhmətkeşlərinə səmimi təşəkkür etmiş, əmin olduğunu bildirmişdir ki, bu qastrollar Leninqradın (Peterburqun – R.Mirzəzadə) və Bakının incəsənət ustalarının yaradıcılıq ənənələrini, iki şəhərin zəhmətkeşlərinin dostluğunu daha da möhkəmləndirəcəkdir.

Doğrudan da Neva və Xəzərin sahilində rövnəqlənən bu iki əsrarəngiz şəhərin mədəni əlaqələri bu gün də unudulmamışdır. Nevanın adı həmişə ürəyimizdə və misralarımızdadır. Sevimli şairimiz Fikrət Sadığın misraları kimi (“Neva” şeirində):

 

Dəniz kimidir Neva,

Qranit sahilləri döyəcləyir aramla,

Səssiz – səmirsiz...

Kövrək – kövrək ləpələr

Sal daşlara toxunub

Dağılır damla – damla,

Qırılır çilik – çilik,

Səssiz – səmirsiz...

Körpülərin altından arxayın axıb keçir

Çay dolusu sakitlik,

Səssiz – səmirsiz...

Odur ki, dönə - dönə

Nevaya lal deyiblər.

Neva lal deyildir, yox!

Yox! Neva lal deyildir!

“Avrora ”onun dili!

Avrora onun səsi!

Bu günəşli- ulduzlu kainatın altında

Varmı bir ölkə görən

Bu səsi eşitməsin?!

 

 

Yada salmaq istərdim ki, “Sumarokov teatrı” Bakıda ikən Leninqradda (Peterburqda) da Azərbaycan günləri keçirilirdi. Tədbirlər planı ilə şəhərin “Pulkovski” mehmanxanasında Azərbaycanın turizm respublikası, dostluq respublikası olmasına dair zəngin eksponatlı fotosərgi nümayiş etdirilirdi. Sərgiyə gələn çoxsaylı qonaqlar respublikamızın yeni turist marşrutları, Azərbaycanın tarixi və memarlıq abidələri, muzeyləri ilə qiyabi tanış olmuş, mavi Xəzərin sahilinə səyahətə çıxmışlar. Həmin Xəzərin ki, unudulmaz şairimiz Nəbi Xəzri “Bizim üfüqlər” şeirində deyirdi:

 

...Misralar günəşdən libas geyib ki...

Üfüqlər – min arzun, min diləyindir.

Hansı tənqidçisə yaxşı deyib ki,

Sənin qəhrəmanın öz ürəyindir.

 

Ürək! Gah qüssəli, gah da şən ürək!

Tutulub açılan bir asimandır.

Xalqın ürəyilə döyünən ürək

Özü də ən böyük bir qəhrəmandır.

 

Orda arzu da var, xəyal da vardır,

Sehirli, hikmətli dünyalar kimi.

Orda Sibir də var,Ural da vardır,

Ordan Volqa axır dəryalar kimi;

 

Bəli, Volqa gəlir hayla – harayla,

Meşələr qol salır onun boynuna,

Gəlir ana Volqa yeddi min çayla,

Ana Xəzərimin axır qoynuna.

 

Çağlayan dalğalar verir səs – səsə,

Hər dalğa dilində nəğmələr gəlir.

Volqayla yeddi min çaylar gəlirsə,

Bəs Kürlə, Arazla nə qədər gəlir?

 

Deyirlər, susmayır heç zaman Xəzər,

Sevir ki, həmişə gur tufan olsun.

Bu qədər çaylarla qovuşan Xəzər

Haqqı var bu qədər çağlağan olsun...

 

...Teatr sahəsində Sumarokovun xidmətləri olduqca böyük idi.İlk rus teatrının repertuarı əsasən Sumarokovun əsərlərindən ibarət idi. Teatr və aktyor mədəniyyəti uğrunda misilsiz əziyyətlərə qatlaşan və canından keçən yazıçı-dramaturq əlbəttə ki, çar məmurlarının xoşuna gəlmirdi.

1761-ci ildə teatr rəhbərliyindən kənarlaşdırılan ədib, teatr üçün bir daha heç bir şey yazmamağa söz versə də, amma çox keçmir ki, yenə də əlinə qələm alır. Sumarokov 1767-ci ilin yanvarında Müqəddəs Anna ordeninə və həqiqi dövlət müşaviri mülki rütbəsinə layiq görülür.

Həyatını zadəgan sinfinin maarifi və yüksəlişi işinə sərf edən Aleksandr Petroviç mənfurların həzm edə bilmədiyi həqiqət və ədalət naminə mübarizliyi nəticəsində zadəgan cəmiyyətindən demək olar xaric edilir. “Cənab Sumarokov yaxşı şairdir, amma yaxşı qanunverici olmaqdan ötrü həddən artıq sürətlə düşünür...” Bunlar imperatriça Yekaterinanın fikirlərindən yalnız biri idi.

Saraydan və II Yekaterinadan küsən dramaturq, 1769 - cu ildə birdəfəlik Moskvaya köçür. İmperatriça ona 3000 rubl köçmə xərci ayırır.

Orada öz yaradıcılığını davam etsə də, rahat həyat sürə bilmir. Sarayın nadan əyanları, qəddar, cinayətkar məmurlar, hətta öz qohumları belə onu təqib edir, haqqında böhtanlar yayır, övladları arasında düşmənçilik yaradırlar. Yoxsullaşmış, ümidləri puça çıxmış şair ömrünün sonuna yaxın yazdığı “Şikayət” şeirində düşdüyü ağır vəziyyətindən və insanların nankorluğundan yanıqlı bir dillə danışır.

Belinski kimi dühalarınsa yazdıqları tarixin yaddaşına xalqın- böyük rus xalqının böyük məhəbbəti ilə həkk olunurdu: “Sumarokov öz əsərləri ilə o zaman yenicə yaranmış rus teatrını qidalandırmış, Volkova və sonra Dmitriyevskiyə öz istedadlarını bütün parlaqlığı ilə göstərə bilməsi üçün imkan vermişdi. Onun “Yalançı Dmitri”si indiki əsrin hələ lap iyirminci illərində bizim quberniya teatrlarında verilirdi və bu əsər teatrlara xeyli

tamaşaçı cəlb edirdi. Bu, bizim xatirimizdə idi. Sumarokov Rusiyada təhsilə, teatra və beləliklə də maarifə məhəbbətin yaranıb yayılmasına böyük təsir göstərmişdir... Müasirlərinin ona məftun olması bizim üçün əlbəttə, qanun deyildir, lakin faktdır, Sumarokovun onlara çox fayda verdiyini sübut edən canlı bir dəlildir. Rus ədəbiyyatında tənqid və köhnə nüfuz sahiblərini yoxlamaq dövrü başlandıqda, Sumarokovu palçığa atıb tapdaladılar, lakin bu, ədalətsiz bir iş idi, ona görə ki, təkcə estetik nöqteyi - nəzəri əldə rəhbər tutur və tarixi nöqteyi - nəzəri tamamilə unudurdular. Biz əminik ki, Sumarokova bəslənən nifrətin onun adı üzərindən götürüləcəyi vaxt uzaq deyildir...”

Özünün bütün həyatı boyu zəbur surələrinin yeni dilə uyğunlaşdırılması üzərində çalışan Sumarokov, onları bir yerə toplamış və 1774-cü ildə “Dini şeirlər” adı ilə üç toplu şəklində nəşr etdirmişdi. Ədəbiyyatşünas alim, filoloq, tənqidçi, XVIII əsr rus ədəbiyyatı üzrə görkəmli mütəxəssis olan Qriqori Aleksandroviç Qukovski hesab edirdi ki, Sumarokov rus poeziyasının daha bir janrına yeni istiqamət vermişdir. Zəbur surələrində (yaşayışın ağır yükü altında əldən düşən və qüsurlara nifrət edən insan haqqında lirik mahnıdır) Sumarokov zülmkarlara qarşı mübarizəsi, həqiqət və xeyirxahlıq ideyalarına sədaqəti , comərdliyin tərənnümü haqqında mücərrəd şəkildə və dolğun obrazlarda danışır. Bütün bunlar qeyri-təbiilik, sünilik səviyyəsinə qalxmaq istəməyən, ürəyinin səsi ilə danışan şairin son dərəcə sadə dilində, ehtiraslı monoloqunda təcəssümünü tapır.

Zəbur sürələrinin Sumarokov çevirmələrində müəllifin öz düşüncələri Lomonosov və Trediakovski ilə müqayisədə daha böyük ardıcıllıq və inadla səslənir.

Sumarokov zəbur surələrinin miqyasını və həcmini Lomonosov kimi genişləndirmir, bir növ daraldır, məzmunu daha intim şəraitə yönəldir. Sumarokovun zəbur surələri çevirmələrindəki belə bir qayəsi onların Derjavin çevirmələri ilə müqayisəsində daha çox nəzərə çarpır.

Sumarokovun dili onun müasirləri olan Lomonosovun və Trediakovskinin dili ilə müqayisədə, o dövrün təhsilli zadəganlarının danışıq dilinə daha yaxın idi. Odur ki, Sumarokov yaradıcılığı zamanının və ondan sonrakı dövrün rus ədəbiyyatına böyük təsir göstərmişdi. A.S.Puşkin onun başlıca xidmətini xüsusilə bunda görürdü ki, ədəbiyyata barmaqarası münasibət göstərilən vaxtlarda Sumarokov şeir yaradıcılığına hörmətlə yanaşılmasını tələb edirdi .

Sumarokov 380 təmsil müəllifidir. Şair öz təmsillərini qədim rus sözü ilə “pritça” (yəni qısa nəsihətamiz hekayə”) adlandırmışdı. O, təmsillərin qoşulmasında və tərcüməsində rus müəlliflər tərəfindən qəbul olunmuş, faciələrdə də istifadə edilən altı stopalı (altı bölüklü) yambdan imtina etmişdi. Trediakovskinin ixtirası olan ölçülər ona süni, oxucular üçün çətin qavranılan üslub kimi görünürdü. Sumarokov fərqli stoplu yambı əsas götürmüşdü. Uzun və qısa misralar təmsilə canlılıq verir, təbii dialoq qurmağa imkan yaradırdı.

Sumarokov asan dildə yazır, oxucularla söhbətləşir, zarafatlaşır, kobud ifadələr işlətməkdən çəkinmirdi. Bir çox pritçalarını o, şifahi xalq yaradıcılığından almışdı. Bəzi pritçaları süjetli səhnəcikləri, lətifələri, atalar sözlərini xatırladır, bəziləri isə müəllif monoloqları, oxucuya ünvanlanmış tövsiyə, söz, replikadır.

Layiq olmadığı mövqeyi tutmuş bivec kübara eyham vurmaqla, “Yapalaq” pritçasında deyir:

 

Taxmış tovuz lələyi boz yapalaq

Unutmuş əslinə xas əclaflığı.

Yüksək məqama çatmışdır alçaq

Vücuduna sığmayır amansız qəddarlığı.

 

Sumarokov dünyanın əcaib işlərindən yazırdı: it pişiyi yeyir, ayı iti tutub yeyir, ayını – aslan yeyir, aslanı ovçu öldürür, ovçunu ilan sancır, ilanı pişik tutub gəmirir və s. Onun satiralarında heyvanlar və insanlar iştirak edir. Şir, canavar, öküz, qoyun və arıların iştirak etdiyi təmsillər kiçik satirik oçerk, məzhəkə, satirik səhnəciklərdən ibarətdir. “Büt”, “Heyvan”, “Xəz kürk”, “Çolaq əsgər”, “Boyar və boyar qadını” təmsillərində lovğa ağalar, varlıların riyakarlığı, onların ailə münasibətləri tənqid olunur. Lakin Sumarokovun qəzəb və nifrətinə ən çox xalqı soyan müftəxor məmur təbəqəsi səbəb olur. O, zadəgan sinfinin nöqsanlarını göstərməklə, onları islah, tərbiyə etmək, mədəniləşdirmək, doğru yola çəkmək niyyətində idi.Özünün döyüşkən pritça - satiralarını yaradarkən Sumarokov rus xalq yaradıcılığı ənənələrinə söykənirdi. Zadəgan yazıçılarından olan N.İ.Novikov “Truten” adlı satirik jurnalında Sumarokovun təmsillərindən epiqraflar seçirdi.

Sumarokovun təmsillərdən başqa, satirik şeirləri də vardı.Onun ilk satirası olan “Fani dünya xoru” şeiri II Yekaterinanın taxta çıxması münasibətilə təşkil olunan təntənəli mərasimlər üçün yazılmışdı.Lakin necə yazılmışdısa, senzura əvvəlcə əsərin bir çox yerini pozmuş, daha sonra isə onu tamamilə qadağan etmişdi. Səbəbi isə bu idi ki, bu “əzəmətli xor”da təhkimçilik münasibətləri yaxşıca tənqid olunurdu. “Nəciblik haqqında”kı satirasında Sumarokov əsl zadəganlığa dair fikirlərinə məhz bu cür yekun vururdu: “Yalnız öz təbiəti etibarı ilə nəcib, alicənab, mədəni, təhsilli adam zadəgan adına layiqdir. Nadan, cahil, mədəniyyətsiz zadəganlar isə heyvan kimi bir şeydir”.

Sumarokovun şeirləri mövzu, janr vəzn baxımından olduqca zəngindir. İstedadlı şair nəğmə, elegiya, idilliya, ekloqa, təmsil, satira, epistola, stans, epiqram, sonet, təntənəli, fəlsəfi odalar və s. janrlarda çoxlu əsərlər yazmışdır. Müxtəlif lirik şeirlər yazmasına baxmayaraq, müasirləri onun satirik şeirlərini lirikasından üstün dəyərləndirirdi.Şairin sağlığında onun lirik şeirləri dərc olunmamışdır, bu əsərlər əlyazması halında yayılırdı. Ədib öz aşiqanə şeirləri ilə gənc zadəganların qəlbində zərif və nəcib duyğular oyatmağa çalışırdı.Bu şeirlər əsilzadə məclislərində geniş

yayılmışdı; şeirlər musiqidə ifa olunur, cavanlar onu romans kimi sevə-sevə oxuyurdular. “Ümidsizlik haqqında sonet”, “Saat”, “Zalımların əleyhinə” kimi şeirlər Sumarokov poeziyasının ən gözəl nümunələrindəndir. Dünyanın faniliyindən bəhs edən “Saat” şeirinin mövzu və surətləri sonralar Qavriil Romanoviç Derjavin, Fyodor İvanoviç Tyutçev kimi böyük şairlərin yaradıcılığında davam etdirilmişdir.

Janr xüsusiyyətləri ilə tərtib edilən çoxsaylı şeir toplularının nəşr olunmasına baxmayaraq, sağlığında Sumarokovun əsərlərinin tam külliyyatı çap edilməmişdi. Şairin ölümündən sonra mason Novikov “Sumarokovun bütün əsərlərinin tam külliyyatı”nı iki dəfə - 1781-ci və 1787-ci illərdə nəşr etdirmişdir.

A.P.Sumarokov 1777-ci il oktyabrın 12-də Moskvada vəfat etmişdir. Bu il onun vəfatından 240 il ötdü. Noyabrın 25-də isə böyük şair, dramaturq, ədəbiyyat tənqidçisinin 3 əsrlik doğum günüdür. Bu möhtəşəm yubileyi tək Rusiya, rus xalqı deyil, ədəbiyatsevər və teatrsevər ölkələr, xalqlar da qeyd edəcəkdir.O, hamımızın sevimlisidir, unudulmaz sənətkarıdır. Onun adı və irsi əbədi olaraq bəşəriyyərin qəlbində yaşayacaqdır. Adı və irsi əbədilik qazanan ədibinsə əsərlərini öz ana dilində oxumaq düşünürəm ki, hər bir millətə mənsub olan oxucunun arzusudur. Bu arzuların içində bir oxucu kimi mənim də öz arzu-ümidim var; inanıram ki, dövlət və özəl tərcümə məkanlarımız Sumarokov yaradıcılığının incilərini ana dilimizdə və yeni əlifbamızda cəmiyyətimizə təqdim olunmasında səylə çalışacaqdır. Bunu səbirsizliklə gözləyirik.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM