Publisist-politoloq
Düşüncənin əvvəli,bütün sayların sonu,
Sözdür, yadında saxla, unutma əsla bunu!..
Söz bayraqdan daha çox əldə eyləyər zəfər
Qılıncdan daha artıq qalxıb alar ölkələr.
Nizami
Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə?
Nizami
Dahilərdən biri gözəl deyib ki, hər insan bir ulduzu, bəşəriyyət-kəhkəşanı xatırladır.O, mənim həyatımın, ömür kəhkəşanımın parlaq ulduzudur – mənim Zöhrə Ulduzum. Onunla ilk tanışlığım, illərlə uzanan və möhkəmlənən münasibətim, dostluğum, ehtiramım, sevgim bir-birini ardıcıl əvəz edən akkordların yaratdığı qüdrətli bir musiqi əsərinə bənzəyir.İllər və həyat bizi bir-birimizə elə bağladı ki, bir də ayıldıq ki, 30 ilə yaxındır bir-birimizin yanında, ömründə və taleyindəyik. Məni qınamasınlar, bir xanımda, bir qadında bu qədər keyfiyyətləri görmək çox çətindir; ağıllı, müdrik, dərin mənəviyyatlı, yüksək təfükkürlü, parlaq düşüncəli, bilikli, savadlı, anbaan öz üzərində çalışan, daim elmi axtarışlarda olan, zəhmətkeş, bütün bunlarla bərabər, evdarlığı, zövqü, səliqə-səhmanı, qayğıkeşliyi, diqqətcilliyi, insanpərvərliyi yerli-yerində və çoxlarına nümunə olan belə yaradıcı xanımlar az-az gəlir dünyaya.
İlk tanışlığımızdan bu günə qədər onunla bir ömür qədər dostluq ömrü yaşamışam. Zöhrə xanımı mənə sevdirən digər keyfiyyətləri də var ki, bunlar onu gözümdə şəxsiyyət, xarakter sahibi kimi ucaldıb. Xarakter- mükəmməl tərbiyələnmiş iradədir-deyiblər. Sözünün, söhbətinin, danışığının, məntiqinin yerini bilən, həyatın hər bir kritik məqamında doğru çıxış yolunu tapmağı bacaran, hansı hərəkətin, hadisənin nə ilə nəticələnə biləcəyini uzaqgörənliklə duyan əsl yazıçı, əsl yaradıcı həssaslığı, səmimiyyəti var Zöhrə xanımda. Mən onu həmişə zərif, ülvi duyğularla zinətlənən mükəmməl tərbiyələnmiş iradə sahibi kimi görmüşəm.
Doğru söyləyiblər, dostun ətri dosta dərmandır. Onun sadaladığım bütün bu “ətirləri” mənə həmişə mənəvi dərman olub. Zöhrə xanım heç zaman riyakarlığı, yaltaqlığı, yalanı, hiyləni, saxtakarlığı, ədabazlığı sevməyib, bu xüsusiyyətləri özündə “yaşadanlardan” uzaq olub. Zamanın gərdişinə görə belə adamların sayı az olmasa da, həssas məqamlarda ziyalı təfəkkürü ilə onları “ötüşdürməyi” bacarsa da, özünün mənəvi coğrafiyasında belə adamlara heç zaman yer olmayıb, bu gün də yer yoxdur və heç zaman da olmayacaqdır.
O, mənliyini, varlığını sözdə tapıb, taleyini sözə, söz sənətinə, ədəbiyyata, mədəniyyətə bağlayıb.Bu, əlbəttə, təsadüfi deyildir. Çünki Tanrının seçilmişlərindən, sadaladığım keyfiyyətləri ilə lap seçilmişlərindəndir Zöhrə xanım. Qələm və mənəviyyat, özü də zəngin mənəviyyat... İstedadlı qələm sahibi və eyni zamanda müasir zəmanənin yeni dünya görüşləri səviyyəsində özünü kamilləşdirmək, mükəmməlləşdirmək bugünkü yazıçıdan gecəli-gündüzlü gərgin əmək, zəhmət tələb edir. Mirzə Şəfi Vazehin kəlamlarıdır:
Sən özün qazanmasan səadətini hərgah,
Onu sənə verəmməz nə bir Allah, nə bir şah.
Allah ona söz yazmağa qələm verdi, müqəddəs qələmə (“Qurani-Kərim”də də qələm surəsi var) isə səadət vermək hər qələm əhlinin hünəri deyil. Bunun üçün canını da, sağlamlığını da istirahətsiz əməklə qələmə fəda verməyə hazır olmalısan. Məgər aylarla, illərlə yuxusuz gecələr keçirmək, qidalanmanın vaxtını saatlarla unutmaq, üstəgəl ailə, övlad, daha sonra nəvə qayğıları, neçə illər yataqda olan xəstə ömür-gün yoldaşının yolunda şam kimi ərimək, qohum-qonşunun dərdlərinə, yaxud sevincinə həmdəm olmaq, təkcə yaradıcılıqda deyil, çalışdığı dövlət işini mükəmməl şəkildə icra etmək əməyində də ad-san qazanmaq, cəmiyyət və dövlət səviyyələrində keçirilən ən müxtəlif tədbir və mərasimlərdə fəal olmaqla bərabər, müqəddəs sözü, müqəddəs qələmi ucaltmaq asandırmı?Əlbəttə, yox! Vaxtilə Azərbaycanın tanınmış yazıçısı və ictimai-siyasi xadimi Süleyman Rəhimov deyirdi ki, yazıçı təbiəti rahatlıq bilməyən, dinclik tanımayan təbiətdir. Tamamilə doğru fikirdir.
Çünki söz anlayışı adi məsələ deyil. Əsrlər boyu dahilərimiz sözə yuz minlərlə misralar həsr ediblər, söz haqqında qalın-qalın kitablar yazılıb. Söz-həyatın ən böyük silahı olub.Söz- insan qüdrətinin böyük sərkərdəsidir.Söz sahibi, qələm sahibi olanlar- həyatın ən böyük silahı ilə silahlanan insan qüdrətinin böyük sərkərdələri- yazıçılar, şairlər, ədəbiyyat, mədəniyyət xadimləri həm də ictimai xadimdirlər. Əgər onlar səhv edərsə, adamları, cəmiyyəti, bütövlükdə xalqı, milləti yanlış yola sövq edərlər. Əsl xadimlər isə insanlığı yalnız düz yola, doğru yola, haqq və ədalət yoluna istiqamətləndirənlərdir. Çünki yazıçının əsərləri onun mənəvi həyatının tərcümeyi-halıdır.
Bu barədə Zöhrə xanım yazır: “...Həyatıma məna, məzmun verən, ilham pərisinin mənə bəxş etdiyi qələmə görə onun qarşısında baş əyirəm! Nə yaxşı ki, o, mənimlədir. Qələmi almaq olar.Ən bahalısını da əlində tuta bilərsən, ancaq ilhamsız onu yazmağa məcbur edə bilməzsən”.
Sənətin və elmin dühası öz xeyrini güdmədən xalqa xidmət etməkdir. Zöhrə xanım yaradıcılığında yalnız xalqın, gələcək nəsillərin xeyrini güddü.Yalnız onlar üçün yaşadı, onlar üçün çalışdı, onlar üçün əzablara qatlaşdı, kitabları min əziyyətlə ərsəyə gətirdisə, onların mətbəə maliyyəsini yoluna qoymaq onun üçün də asan olmadı.Yəqin ki, bu hisslər bir çox qələm adamlarına yaxşı tanışdır, çünki indi kitab çap etdirmək onu yazmaqdan daha müşkül qayğıya çevrilib. Bu yolda istedadlı adamların yaradıcılığı yolunda səxavətini əsirgəməyənlərə ünvanlanan dualar hallalları olsun!
Zöhrə xanımın daxili aləmindəki ziya nuru getdikcə şəfəqlənməkdə davam edir:
“XX əsrin adamı kimi XXI əsrə alışmağa, onu tanımağa çalışıram. Eraların, əsrlərin qovuşduğu mürəkkəb bir prosesdir.Bir sahildən başqa sahilə üzmək üçün səriştəli “üzgüçü”, “dalğıc” olmaq lazımdır.Pulu, varı olanın isə gəmi, təyyarə ilə istədiyi sahilə çatmaq imkanı var. Məqsədlər eyni olsa da, arzuya yetmək imkanları, sürətləri insanlar arasında nə qədər müxtəlifdir.Ədəbiyyata xidmət edənlər xalqının yaxşı, pis günündə onun mənəvi dostu, sirdaşıdır.Kimliyindən asılı olmayaraq, ən böhranlı, çətin anlarımızda sevimli şair, yazıçının əsərlərinə müraciət edirik.Onun əsəriylə üzbəüz, tək qalırıq.Bu ünsiyyət yaralarımıza məlhəm, mənəvi dayaqdır. Kitabları evimizin nəinki bəzəyi, mənəvi xəzinəsi olmaq hüququndan məhrum etməyək.Onun kövrək, ürəyidolu vərəqləri əllərinizin hərarətinə, qəlbinizin döyüntülərinə, səsinə ehtiyacı var.Kitab sizin əllərinizdə canlanır, yaşayır.
Mədəniyyət öz yüksək zirvəsinə qalxdıqca, insanlar maddi rifah, qəlb rahatlığı, məzmunlu həyat qazanır.Mədəniyyəti nə iqtisadiyyatdan, nə də elm sahələrindən ayrı düşünmək mümkün deyil.Mədəniyyət, ədəbiyyat xalqın ölməzliyinin rəmzidir.Gələcəyimiz bu günümüzün axarı ilə keçmişə qovuşur. Mədəniyyətimizin daha da ucalması, çiçəklənməsi naminə mənəviyyatımızım müqədəs məbədinin dayağını daha da möhkəmləndirmək üçün bir kərpic qədər xidmətimizi, məhəbbətimizi ondan əsirgəməyək.Qoymayaq ki, bu müqəddəs məbəddən gündə bir kərpic ayrılıb düşsün, unudulsun, onun dayaqları ilbəil zəifləsin.Xalqın işıqlı ümidi, and yeri Qurandır, mədəniyyətdir, Şəhidlər Xiyabanıdır.Varı, libası ilə yox, zəkası, əməli, mədəniyyəti ilə seçilənlər gələcəyimizin mənəvi körpüləridir.Bu körpü bizi bəşəriyyətə tanıdacaq, bəşəri fikir və qayələrə qovuşduracaq...”
Zöhrə Əsgərovanın redaktor kimi fədakar zehninin və işgüzar əlinin hərarətindən minlərlə kitab səadətə yetişib, yüz minlərlə oxucu öz könül dünyasında sənət rayihəsini dadıb.
O, Azərbaycanın qüdrətli şair və yazıçıları ilə çiyin-çiyinə çalışıb.Neçə-neçə gənc yazarların xeyirxah məsləhətçisi, geniş yaradıcılıq üfüqlərinə uğurlanan yollarının xeyir-duaçısı olub.
Kitablarından kitablarına onun klassik oxucuları formalaşıb. Filosof Əbu Turxan gözəl deyib ki, klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir. Zöhrə xanım bir çoxları kimi, məni də özünün klassik oxucusu kimi yetişdirib.
Vaxtilə Zöhrə Əsgərovanın bərabər çalışdığı yazıçı ziyalıların səmimi xatirələri oxucuların ruhuna isti duyğular bəhs edir.Belə ziya sahiblərindən biri Əməkdar Mətbuat (poliqrafiya) və Əməkdar Mədəniyyət işçisi Nəriman Veysəloğludur. Nəriman müəllim yazır:
“Haqqında öz ürək sözlərimi demək istədiyim yazıçı-publisist Zöhrə Əsgərovanı bir yerdə çalışdığımız “Gənclik” nəşriyyatından yaxşı tanıyıram... Yadımdadır, keçən əsrin 80-ci illəri idi. “Gənclik” nəşriyyatında işçilər arasında illər qarşılıqlı qayğı, mehribançılıq, doğmalıq davam etdiyi halda yazıçı Əzizə xanım Əhmədova səhhəti ilə bağlı rəhbərlik etdiyi nəşriyyatı tərk edəndən sonra bu münasibətlər tamam dəyişildi. Nəşriyyatda soyuqluq, qruplaşma halları yaranmağa başladı.
50-60-cı illərin səriştəli naşirlərinin, redaktorlarının, tərcüməçilərinin, rəssamların çoxu özünə yeni iş yerləri axtarmağa başladılar.
80-ci illərdə yazıçı kimi tanınmış Zöhrə xanım nəşriyyatda redaktor kimi fəaliyyətə başladı. Onun ilk günlərdən səmimiyyəti, xoş rəftarı kollektivdə isti atmosferin yaranmasına səbəb oldu. SSRİ dövründə dövlət əhəmiyyətli nəşriyyatlardan biri sayılan “Gənclik” nəşriyyatının kollektivi ilə dil tapa bildi, hamının hörmətini qazandı. O vaxtdan bir-birimizə olan səmimi münasibətimiz daha da möhkəmləndi. Nədənsə məni bir sual həmişə düşündürüb. Görəsən, yaradıcılığının, sənətinin yüksək zirvələrinə çatan Azərbaycanın yaradıcı qadınları ailə, uşaq, nəvə və s. bütün bu kimi qayğılara baxmayaraq, bu qədər çətin işlərin öhdəsindən necə gəlirlər? Axı yaradıcılıq da öz sahibindən ayrıca diqqət və qayğı tələb edir...
Milli, mədəni dəyərlərimizi öz istedad və bacarığı ilə daha da zənginləşdirən Azərbaycan qadınları H.Qurbanova, B.Şəkinskaya, L.Bədirbəyli, N.Rəfibəyli, Mədinə Gülgün, M.Dilbazi, Ə.Cəfərzadə, Afaq Məsud, Ə.Əhmədova, X.Hasilova, Zöhrə Əsgərova və başqalarının ən müqəddəs amalı xalqına ləyaqətlə xidmət etməkdir. 40 ildən artıq yaradıcılıqla məşğul olan, sözün ilahi qüdrətindən ilham alan Zöhrə xanım “Ünsiyyət” adlı ilk kitabından oxucuları sözün sehrinə salmağı bacardı. Müxtəlif illərdə onun “İki tale”, “Tənhalıq”, “Özgə evin işığı”, “Mirvari toy”, “Özəl poçtdan məktub var” nəsr kitabları çap olundu. Kitablarında sanki “Bu mənəm, bu mənim yaradıcılığım, sizinlə bölüşmək istədiyim fikirlərdir”, deyən hörmətli yazıçımız öz oxucularını qələmə aldığı mövzularla yaşamağa, düşündürməyə qadirdir. Yaradıcılıq qəribə bir dünyadır. Bu haqda Zöhrə xanımın öz etirafı yerinə düşərdi: “Fikirlərin göylərindən ağ vərəqlərə, sanki, söz “yağışı” yağır. Sözlər də fəsillər kimi gah istidir, gah soyuq. Yağışlı gündə işıqlı fikirlərimizin üfüqlərində günəş batmır”. Budur, sözün qüdrəti. Yaxud “Hənifənin etirafı” hekayəsindəki fikirlər kimi: “Görəsən, insanları bir-birindən nə ayırır? Yadlıq ilə doğmalıq arasında məsafə nə qədərdir? Neçə addım, neçə il, neçə ay? Kim bilir? Yadların doğmalığı, yoxsa doğmaların yadlığıdır tale yollarımızı dəyişən? Yadlıq ilə doğmalığın sərhədində kim udur, kim uduzur?” Hekayədə qocaman aktrisanın həmişə əlindən düşməyən əl yaylığına da müəllif, sanki can, nəfəs verir, qadının bir çox psixoloji vəziyyətində əl yaylığı, sanki oxucu ilə ünsiyyətə girir. Hadisələrin inkişafında bir vasitəçi rolunu oynayır. Bu, yazıçının incə müşahidə bacarığına malik olduğunu göstərir. “Özəl poçtdan məktub var” hekayəsi isə xalqımızın ləyaqətli şəxsiyyəti Zeynalabdin Tağıyevə həsr edilib. Burada nəticəsi yaşlı bir insan olan Tofiqin ulu babası ilə qeyri-adi yuxuda tarixi görüşündən, həyat qədər real olan söhbətlərindən bəhs edilir. Hacı dünyasını dəyişsə də, onun xeyirxahlığı, nəcibliyi yaşamaqdadır. Pula ehtiyacı olan bir insana nəticəsi Tofiq vasitəsilə o dünyadan “özəl poçtla” yardım etməsi hekayənin əsas süjet xəttidir. Xalqımızın başına gələn faciələrin dəhşətlərini açıqlayan “Kor səhər”, “Son mənzilə gedən qatar” hekayələrində yazıçının vətəndaş mövqeyi, düşmənə qarşı nifrəti sərtdir, qətiyyətlidir. Bu hekayədə də Xocalı faciəsində musiqi aləti olan tütək canlıdır, yiyəsi kimi. Hekayə bu sonluqla bitir: “Doğmalarından zülmlə ayrılan Xocalının dərdi yerə-göyə sığmır. Orda səhərin gözləri kordur...Orda kor İlyasın tütəyi də yiyəsi kimi şəhiddir”. Böyük bir maraqla oxunan, daha çox sevilən “Bir gecənin qonağı”, “Mirvari toy” hekayələrində isə obrazların düşdüyü psixoloji gərginlik, mənəvi yalqızlıq, yaralı xatirələrin harayı oxucunun qəlbində doğma, tanış hisslər kimi əks-səda verir. Ərini itirmiş orta yaşlı Mənsurə azərbaycanlı xanımına məxsus sədaqəti, həssaslığı ilə diqqəti özünə cəlb edir. Hekayədə biz Mənsurə və əri Səmədin gəncliyinə qayıdır, aralarında baş verən maraqlı sərgüzəştlərin canlı şahidi oluruq. Toylarının 30 illiyini – Mirvari toyunu keçirməyə Əzrayıl macal vermir. Mənsurənin yalqız qaldığı mənzilindəki sakitliyi, ancaq xatirələrin “səsi” pozur, bu məkanda yeni-yeni yazılar doğulur. Mənsurə daxili sarsıntılarını unutmaq üçün “arı kimi nilufər çiçəyini tapmaq istəyir. Çünki arı nilufər çiçəyinin ətrinə, şirəsinə elə aludə olur ki, axşamın necə gəlib düşdüyünü, onun ləçəklərinin bağlandığını hiss etmir, içində ölür”.
“Bir gecənin qonağı”nın baş qəhrəmanı vəfat etmiş alim Behbud kişidir. O, vətənpərvərlik xəstəliyindən vəfat edib. Yas məclisində, ancaq öz qayğı və problemləri haqda danışmağa üstünlük verənlərin əsl simaları oxucuda həm gülüş, həm də təəssüf doğurur. Mərhum Behbudun cənazəsi evindən çıxarılarkən başına toplanan laqeyd insanlara ruhun son ittihamı nə qədər inandırıcı və acı bir mənzərədir: zaman, şərait hətta ölünü də dilə gətirir. Zöhrə xanımın qələmə aldığı qəhrəmanları adi insanlar deyil, orijinal düşüncə qabiliyyətinə malik olan, öz mənliyi, əqidəsi, siması ilə seçilən şəxsiyyətlərdir. Həyatda da müəllif haqqında bu müsbət keyfiyyətləri demək olar. Onun həyatı zəngin, mənalı bir hekayətdir. Onun yaradıcılıq xidmətləri hər cür tərifə, təltiflərə layiqdir. Onun son dərəcə kövrək qəlbinin məhsulu olan kitabları hələ neçə nəsil gənclərin duyğularına, hisslərinə hakim kəsiləcək, öz aləminə qovuşduracaq, çoxları ilə bölüşmədiyi qiymətli fikirlərini yalnız öz doğma oxucusuna etibar edəcək.
Zöhrə xanımın “Özəl poçtdan məktub var” kitabına daxil etdiyi esselərdə tariximiz, mədəniyyətimiz, bəzi qərb filosoflarının ziddiyyətli absurd dünyagörüşü bədii boyalarla məntiqdən doğan incə yumorla təhlil olunur. Yazılarda bəşəri duyğular üstünlük təşkil edir.
Zöhrə xanım aktual, qlobal mövzulu esseləri ilə oxucularla birbaşa dialoqa girir. Bu isə uzaq, yaxın tarixlərə, mədəniyyət dünyasına qiyabi ekskursiyalardır desək, yanılmarıq. Pikassonun məşhur sülh rəmzi olan ağ göyərçini, sanki Zöhrə xanımın müharibəyə, zorakılığa qarşı yazılan esselərinin üzərində qanad çalır. “Varlığımız ağlımızın güzgüsüdür”, “İnsan yeganə varlıqdır ki, olduğu kimi görünmək istəmir” esselərində bu mövzu qəlb yanğısı ilə təhlil edilir: “...dünyanın qaynar nöqtələrində haqq, ədalət özü iftira və zalımlığın köləsinə çevrilirsə, şüurlara siyasi effemizm üsullarıyla təsir edilərək, başqasının ərazisinə hücum “müdafiə reaksiyası” termini ilə əvəz olunub çirkin əməllərə bəraət qazandırılırsa, onda dahi insanlara hörmətimiz daha da artmalıdır. Onlar vətənpərvərliyi, sevməyi, yaşamağı öyrətmişlər, ölməyi yox... aclıqdan, səfalətdən ölən, müharibə şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm dünyamız vaxtsız ölümdən savayı nə verir?!”.
Zöhrə xanım Əsgərova 1973-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.“Azərnəşr”, “Gənclik”, “Yazıçı” nəşriyyatlarında redaktor işləyib. 1981-ci ildən Azərbaycan Jurnalistlər, 1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. Rəsul Rza adına Beynəlxalq, Qızıl Qələm, Həsən bəy Zərdabi, “Xan qızı Natəvan” (və s.) mükafatlarının laureatıdır. Çoxsaylı kitabların, yazıların müəllifidir.Yazıları türk, rus, fars dillərində çap olunub. Xeyli müddət Bakı Bədən Tərbiyəsi və Turizm kollecində müəllim kimi fəaliyyət göstərib.
Zöhrə Əsgərova daha sonra 15 ildən artıq dövlət qulluğunda çalışıb.Harada fəaliyyət göstəribsə, orada zəhmətsevərliyi ilə seçilib və sevilib, orada öz parlaq izini qoyub. Beləki, Zöhrə xanım ölkə başçısı, prezident İlham Əliyevin imzası ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Elə uşaqları, gəncləri çox sevdiyinə görədir ki,Tanrı taleyini bu missiya ilə bağlayıb. Uşaqlardan, onların tərbiyəsindən, gələcəyindən çox yazıb. Uzun illər Gənclər və İdman Nazirliyində məsul vəzifədə çalışıb.Harada olubsa, gəncliyə addımlayan uşaqlar həyatını mənalandırıb.
Bu dünyanın ən böyük səadəti uşaqlardır desək, yanılmarıq. Uşaqlar torpağın canlı çiçəkləridir. “Vətəni qorumaq uşaqları qorumaqla başlayar”-deyib böyük Mustafa Kamal Atatürk. “Bu dünyada bir uşaq belə xoşbəxt olmadığı müddətcə böyük kəşflər və yüksəlişlər heçdir”- deyib Albert Eynşteyn. Bu sözlər böyük həqiqətdir. Ancaq onu da deyiblər ki, həqiqət və xeyir doğma tellərlə ancaq gözəllikdə birləşir. Kaş “birləşir” sözü “birləşərdi” kimi deyilərdi. Kaşki dahilərin dediyi bu fikirlərdəki həqiqət bəşəriyyətin bütün körpələrinə, uşaqlarına olan xeyirli münasibətin doğma telləri ilə ancaq gözəl bir aləmdə birləşəydi. Kaş...
Zöhrə xanım uşaqları çox sevir. Məqam düşdükcə, yazılarında uşaqların şirin dünyasından bəhs edib. Lakin yaradıcılığının son iliərini yalnız uşaq mövzularına həsr etməkdədir.
“Dünyan uşaqlara verək” məqaləsini Zöhrə xanım çoxdan yazıb. Burada vacib və düşündürücü məqamlar çoxdur. Diqqət yetirək:
“Hər gün hər saat dünyaya minlərlə, milyonlarla körpə gəlir, o anda dünya körpələşir, məsumlaşır. Zalım dünyada ilk səhv, günah etməyənə qədər bəlkə də çiyinlərimizdə mələk kimi gözəgörünməz qanadlarımız olub. Nə qədər ki, müharibələr yer üzündə cəhənnəmi əvəz edib insanları məhv etdikcə, irqindən asılı olmayaraq uşaqların həyatına son qoyulduqca, biz necə xoşbəxt ola bilərik? Televizor qarşısında oturub kanalları tez-tez çeviririk, müharibə dəhşətlərini görüntüləyən kanallara baxandan sonra şou verilişlərə, şən mahnılara keçid alırıq. Bu anda nə etdiyimizi axıra qədər dərk etmirik. Dünyada ən xoşbəxt, uzunömürlü ölkələr arasında rəqabət yoxdur, yalnız müharibələr, fırtınalar, zəlzələlər, vulkanlar, cinayət və qəza hadisələri efirdə, mətbuatda xəbərlərin yarıdan çoxunu təşkil edir. Qanı donduran "qanlı xəbərlər” isə azalmaq əvəzinə, günü- gündən çoxalır.
Xaricdə saysız-hesabsız müharibələrdə ölüb yaralanan uşaqlar azmış deyə, dünyada sağ qalanları da yeni "pedaqoji" təlimlərin qurbanı etmək çox dəbdədir. Bu gün insanlar uşaqlıq dünyasından çox ayrılmışlar. Belə bir deyim var: "Dünyanı uşaqlara verə bilmiriksə, heç olmasa, qəlbimizi verək". Nazim Hikmətin sözləridir: "İnsanın qanadları qəlbindədir". Bu "qanadlara" xüsusilə, uşaqların böyük mənəvi ehtiyacı var…”
Yaxşı aforizmdir: "Uşaqları tərbiyə etməyə çalışmayın, onsuz da sizə oxşayacaqlar. Yaxşı olar ki, əvvəlcə özünüzü tərbiyə edin". Həm də uşaqlara təlqin etmək istədiyimiz şeylərə əvvəlcə özümüz inanmalıyıq.
Belə deyim var, azadlıq ürəyin istəyəni yox, haqqın çatanı etmək deməkdir. Mənə elə gəlir ki, atalar sözləri psixoloqu əvəz edə bilər. Mənəvi, əxlaqi dəyərlərimizin daha da zənginləşməsi üçün o qədər həyatı təcrübədən çıxan müdrik fikirlər var. Dədə Qorqudun öyüdlərinin, Nizami Gəncəvinin, Nəsirəddin Tusinin, Abbasqulu ağa Bakıxanovun və bir çox dahilərimizin əsərləri müsbət mənada əsl psixoloji təsir mənbəyi deyilmi?
İslam dinində övladın valideynə hörmətlə yanaşması vacib şərtlərdən biridir. Peyğəmbərimiz (s.s.) buyurub ki, yaşlılara ehtiram Allaha ehtiramdır. Həzrət Əlinin (ə) "Nəhcül-Bəlağə" kitabında oğlu imam Həsənə(ə) vəsiyyəti öz diqqətəlayiq cəhətləri ilə yadda qalır: "...Əziz oğlum, məndən 4 şey öyrən, istədiyin zaman sənə zərər verməyəcək. 4 şeyi də ağlında tut; zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır; qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin, kökün ən ucası gözəl xasiyyətdir...Yalançı ilə dost olmaqdan çəkin, çünki o, ilğıma bənzər, sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar".
İnsanları doğru yola yönəldən müqəddəs kitablar nə qədər ki, bizim masamızın üstündən uzaq olacaq, evdə əlçatmaz bir yerdə ağzı bağlı saxlanılacaq, biz heç vaxt özümüzü dərk edə bilməyəcəyik. Deyirlər, müqəddəslər torpağın duzudur. Təəssüf ki, onlarsız torpaq da öz əvvəlki gücünü itirib.
Qəribə də olsa, müxtəlif əsrlərdə, tarixi şəraitlərdə yaşamalarına baxmayaraq Nəsirəddin Tusi və Con Lokkun uşaqların tərbiyələnməsi ilə bağlı qohum fikirləri az deyil. Con Lokkun fikrincə, valideynlərin əsas vəzifəsi, marağı uşaqların yaxşı tərbiyə almasına yönəlməlidir, çünki millətinin uğurları bundan çox asılıdır. İspan rəssamı Bruno Amadio isə valideyn kimi öz uşağı tərəfindən lənətlənmişdi. O uşağın göz yaşlarını tarixdə yaşadan "Ağlayan oğlan" şəklini xatırladım. O şəkli hardan assaydılar, o, yerdə yanğın baş verirdi. Şəkildəki oğlanın uzun illərdir ki, acı göz yaşları körpə yanaqlarında donub. Onu kim ovundura bilər? Şəkildəki uşağın ağlamağına insan qəlbi dözmür. Rəssam Brunonun öz oğlunun göz yaşlarını çəkmək üçün kibriti yandırıb onu qorxutması nə qədər acınacaqlıdır. O, oğlunun oddan çox qorxduğunu yaxşı bilirdi. Uşaq atasının amansızlığına dözməyib sonda qəzəblə çığırır: "Özün yan!" Əsər hazır olandan sonra rəssamın oğlu sətəlcəmdən ölür, özü isə öz evində yanır. Evdəki yanğın zamanı "Ağlayan oğlan" şəkli ziyan çəkmir”.
Müəllifin uşaqlar üçün yazdığı “Zdec proletel anqel” kitabı haqda fikir söyləməmək mümkün deyil. Maraqlıdır ki, bu kitabda Canni Rodarinin, Antuan de Sent Ekzüperinin, Ayzek Azimovun hekayələri əsasında yeni hekayələr yer almışdır. Sanki bu dahi yazıçıların baş qəhrəmanlarının taleyində yeni səhifələr açılır. “Asteroidlərdən gələn məktublar və ya kiçik şahzadə qayıtdı”, “Baba niyə küsdü?”, “Robotlar xoşbəxt ola bilərmi?” hekayələrini misal gətirmək olar. Kitabda “Nobel qonaqlığı”, “Ağıllı tutuquşu”, “Sönmüş işıqların etirafı”, “Şaxtababaya məktublar”, “Duz kimi məhəbbət”,”Yalan və həqiqi “ikilər”, “Uşaqlığın döngəsində”, “”Üç söz” və başqa hekayələr yer almışdır.
“Burdan mələk ötüb” hekayəsi müharibənin acı günlərini yaşayan bir ailədən bəhs edir. Yerə enən gözəgörünməz mələk qanlı müharibədən, axan qanlardan, göz yaşlarından sarsılaraq yarıqaranlıq bir evdə ağlayan uşaqların səsini eşidib ora daxil olur. Aclıqdan yata bilməyən uşaqların qarşısında ata və ana acizdirlər, heç cürə onları ovuda bilmirlər. Mələk mehribanlıqla qanadlarını uşaqlara toxundurub mənzili tərk edir. Bu müqəddəs təmas uşaqları toxtadır, dodaqlarında təbəssüm yaranır.Məhəbbət hər yaranı sağaldır əgər o müqəddəs amala xidmət edir.Gənc ata döşəmədə mələyin qanadından düşən lələyi götürüb heyrətlə deyir: “Burdan mələk ötüb”. Bəşəriyyətin, xüsusilə, uşaqların mələk kimi saf etiqadlı insanlara böyük ehtiyacı var. Z.Əsgərovanın “Varlığımız ağlımızın güzgüsüdür” essesinin sonunda bir daha uşaqların taleyinə böyük həssaslıq göstərir: “Başında küləklər əsən adamların bəd əməllərinin günahsız qurbanlarının sayı bitib tükənmir...Xüsusilə, aclıqdan, səfalətdən ölən müharibə şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm dünyamız vaxtsız ölümdən savayı nə verib?! “
“İlk baxışdan siyasət və məhəbbət bir-birini inkar edən qüvvələrdir. Siyasətdə məhəbbətə yer olmadığı kimi, məhəbbət də siyasətdən uzaqdır.Vətənə, anaya olan məhəbbət hər hansı bir soyuq siyasətdən daha ucadır, daha müqəddəsdir.Siyasət bizim həyatımızda o vaxt baş qaldırıb silaha çevrilməlidir ki, təhlükədə olan ana torpağı müdafiə etmək lazımdır”. (“Tarixi faktlar və qondarma əhvalatlar”)
Dahi Cübran deyib ki, böyük şair- bizim sükutumuzu ifadə edə bilən şairdir. İngilis şairi Robert Brauninq etiraf edir ki, həqiqi şair insanlığın müəllimidir. Sükutumuzu ifadə edə bilən, insanlığın müəllimi olan, poeziyanın məqsədini faydalı həqiqətə çevirən şairlərimizdən biri də Rəsul Rzadır.
XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən "Vətən", "İntiqam! İntiqam…" adlı şer kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət", hekayə və oçerk topluları, "Vəfa" pyesi işıq üzü görüb. Şairin "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm", "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" əsərləri, "Rənglər" silsiləsi də çox məşhurdur.
Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu istedadlı şairimiz Mikayıl Müşfiqin həyatı və taleyindən götürülüb.
Yaradıcılığı ilə yanaşı, ictimai-siyasi fəaliyyəti ilə də nüfuz qazanan Rəsul Rza, bir çox dövlət vəzifələrində çalışıb. 1939-cu ildə Azərbaycan Yazıçıları İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilib.
Zöhrə xanım bu böyük şairdən, onun yaradıcılığından “Taleyüklü rənglərin işığında” səmimi hisslərlə söz açır. Yazıçı xanım bu maraqlı söhbətində deyir ki, şair “İlk məktub” şeirində oxucuya özünü belə təqdim edir: “Adım Rəsul, əlavəsi ilə Rəsul Rza. Şair olmaq istəyirəm. Öz bildiyim kimi aza-yaza.
...Oxucular onu XX əsrin istedadlı, modernist şairi kimi tanıdı, sərbəst janrda yazdığı şeirlərdə Rəsul Rza şəxsiyyətinin böyüklüyü, fikir azadlığı öz tərənnümünü tapdı... Nəhəng şairlər heç vaxt tarixin zaman kimi axan çayında fikir köhlənini dəyişmir. Bu çayın dərinliklərində üzməkdən çəkinmir. Qəvvas bilir ki, inciləri, mirvariləri dərinə baş vurmaqla əldə etmək olar. O, sənətkar kimi kiməsə oxşamaq istəmir, onun öz fəlsəfəsi, həyat prinsipləri var:
Lermontov deyiləm mən,
Şekspir də deyiləm.
Nə olsun ki,
Onlar da
Rəsul Rza deyildir.
Rəsul Rzanın qürurlu görkəmi arxasında həmişə kövrək qəlbi həyəcanla döyünüb.O, oxucularına nəsihət verməkdən uzaqdır, təbii səmimiyyəti ilə daha çox yadda qalır:
Sərt baxışla
Bir körpənin dodağından
Gülüşünü silsələr-
bir möhtaca,
bir qəribə,
bir acizə gülsələr,
bütün dünya xöşbəxt olsa
bir səhər,
yer üzündə bircə acsa
mənə toxunma...
Rəsul Rza şair kimi əlinə qələm alanı prinsipial vətəndaş mövqeyi ilə seçilmişdir.O,şair-rəssamdır.Onun şeirinin poetik qarı, yağışı, günəş şəfəqləri, rənglər simfoniyası bütün çalarları ilə sətir-sətir sözün qüdrətiylə duyğularımıza yağır.Yeri gələndə dəli qəzəb də dahiləşib şairin qələmində Azadlığa can atan ruh kimi arzularının müqəddəs ünvanına tələsib.Məncə onun təbiətlə, rənglərlə bağlı şeirləri rəssamlara yeni mövzular verə bilərdi.
...Müasir dünyada gedən qlobal proseslər, siyasi çarpışmalar XX əsrdə də olmuşdur.Dünya xəritəsində dövlətlərin bir çoxunun sərhədləri dəyişmiş, insanların bugünkü dünyagörüşü dünənkindən çox seçilir. Lakin elə ölkələr var ki, onların acı taleyində silahlar son sözü deyir.Şairin xarici ölkələrə səfərləri, görkəmli şair və yazıçılarla çıx yaradıcılıq əlaqələri, müxtəlif xalqların dillərinə tərcümə olunan yeni kitabları haqda yazmaq əslində ayrıca geniş mövzudur.Avropa və Şərq ölkələrinə səfəri zamanı dünyada baş verən hadisələr, xalqların həyat tərzi ilə yaxından tanış olmuşdur. Axı torpaq əkilib becərilmək, xalqların xoşbəxt yaşaması üçün ən doğma məkandır.Orda bombaların partladılması, günahsız insanların axan qanı torpağın gücünü, rəngini azaldır...
Rəsul Rza “Unutmayın” şeirində ölümündən sonrakı taleyinin qayğısını çəkir, vəsiyyət edir. Həyatının maraqlı, mənalı, keçdiyindən bəhs edir, sevdiyi doğma torpağa bağlılığını xüsusilə qeyd edir. Lakin həyat eşqi öz işığı, rəngləri ilə onu daha çox özünə cəlb edirdi:
Ölülər geri dönə bilsəydi,
Mən bu torpağa gələrdim.
Burda uzun bir dəqiqə
Dincələrdim...”
Dağıstanın Xalq Şairi Rəsul Həmzətov deyib ki, şeir xoş bir təbəssümdən, ya da göz yaşlarından yaranır.Zöhrə xanım təbəssüm, yaxud da göz yaşlarından yaranan şeiri çox sevir.Poeziyanın ucsuz-bucaqsız çəmənzarında bu şeirləri ətirli bahar gülləri tək toplayıb, bəsləyib,sevib, sevdirib. Redaktə etdiyi şeirlərə də öz çiçək ətirli nəfəsini əsirgəməyib.Odur ki, ədəbiyyat sahəsindəki fəaliyyətinin bir hissəsi poeziyanın əlvan rəngləri ilə bəzənib.Şeir ona doğmalaşıb.Şeir onu təbəssümlə qarşılayıb.Bu zərif xanımın incə əlinin hərarəti ilə neçə-neçə şeir kitabları evlərdən-evlərə, ocaqlardan-ocaqlara, yurdlardan-yurdlara “pərvazlanıb”.Odur ki, şeirin, poeziyanın sədaqətli dostu olmaqla bərabər, Rəsul Rza irsinə verdiyi töhfələrə görə Beynəlxalq Rəsul Rza mükafatı da Zöhrə xanımın halal haqqı olub.2013-cü ildə Azərbaycan Yazıçılar Birliyində çoxsaylı şair, yazıçı, ziyalı və ictimaiyət nümayəndələrinin iştirakı ilə keçirilən mükafatın təltifi mərasimində Xalq şairi Sabir Rüstəmxanlı çıxışında demişdir:
“... Rəsul Rza mükafatı Yazıçılar Birliyinin son dərəcə düşünülmüş və haqlı olan bir mükafatıdır. Çünki mükafat yalnız ədəbi məktəbi olan, Azərbaycan ədəbiyyatında iz açmış, ədəbiyyatın bütöv bir dövrünün simasını müəyyənləşdirmiş ədəbi şəxsiyyətin adına olmalıdır. Bu mənada Rəsul Rza mükafatı mütləq olmalıdır. Çünki Rəsul Rza Azərbaycan şeirində bütöv bir məktəb yetişdirib. Bu gün də o ənənə davam edir...
O vaxtlar başda Rəsul Rza olmaqla, Fikrət Qoca da, Vaqif Səmədoğlu da, Ələkbər Salahzadə də, İsa İsmayılzadə də tənqidlərə tuş gəliblər. Amma vaxt keçdi, zaman göstərdi ki, doğrudan da bugünkü düşüncə ilə yanaşanda Rəsul Rza şeiri əslində həm bu günün, həm də gələcəyin şeiridir. Onun yaradıcılığı həm ifadə tərzi ilə, həm də ruhu ilə dahiyanədir. Bu şeirlər bütün zamanlarda oxunacaq. İnsanın yaşantıları, zamanın konfliktləri artdıqca Rəsul Rza yaradıcılığının qiyməti daha da artacaq. Bu mükafatın əhəmiyyətini dərindən duyduğuma görə hesab edirəm ki, onu alanların fəxr etməyə haqqı var... Mükafatı alanlardan Zöhrə Əsgərova keçmişdə iş yoldaşım olub və ilk hekayələrinin çap olunduğu vaxtdan yadımdadır. Sevinirəm ki, illər uzunu ədəbiyyatdan uzaq düşməyib, ara-sıra yazılarını oxuyuram, adını eşidirəm. Hərçənd ki, “Yazıçı” nəşriyyatından sonra uzun müddət əlaqələrimiz olmayıb. Onu mükafatı almağı münasibətilə təbrik edirəm...”
Muzeylər əsrlər boyu tarixin keçdiyi yolun əlçatmaz məqamlarını özündə əks etdirən, ötən əsrlərin acılı-şirinli hadisələrindən xəbər verən, eksponatların dili ilə danışan, bu misilsiz sərvətləri qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən və gələcək nəsillər üçün yaşadan milli, maddi-mənəvi xəzinə hesab olunur. Bu xəzinə bəşər yaddaşı üçün əvəzolunmaz irsdir.Yaddaş vicdanın və əxlaqın, mədəniyyətin əsasını təşkil edir. Yaddaş- mədəniyyətin zənginləşməsinin, mədəni dəyərlərin estetik qavranılmasının təcəssümüdür. Yaddaşı qorumaq özümüzə və nəsillərimizə olan mənəvi borcumuzdur. Yaddaş bizim sərvətimizdir. Bu dünyəvi sərvətin üzləşdiyi qayğılar, nəinki qayğılar, deyərdim ki, bəlalar, hətta faciələr Zöhrə Əsgərovanın “Təcavüzün mədəniyyət sandıqları”ndan da üzə çıxır:
“Kolumbiya qəbilələrinin birində belə adət vardı. Hindu başqasından borc götürəndə əmanət kimi öz adını girov qoyurdu. Borcunu qaytarana qədər isə adsız yaşayırdı. İbtidai qanunlar olsa da, qəbilədə insan adının şərəfi, onun başqası qarşısında məsuliyyəti nə qədər qiymətlidir. Belə bir aforizm var, mərdlik olmasa müdriklik faydasızdır. Dünyada hakimlik edən marginalların “mərdliyi”nin əsas məqsədi isə özgələrə öz iradəsini qəbul etdirib “yol göstərməkdir”.
Qədim zamanlarda Yunanıstanda muzeyin ilk beşiyi məbədlər, sonralar isə varlı insanların topladığı şəxsi kolleksiyalar olmuşdu… Səlib yürüşlərində (1096-1291-ci illər ərzində) Qərbi Avropada öz mövqeyini möhkəmlədən, var-dövlətini zənginləşdirən ruhanilər, cəngavərlər azmı qənimətlər qazanıblar? Benjamin Franklinin fikri bunlara sərt cavabdır: “Əxlaqdan məhrum siyasətdə qanunlar nə iş görə bilər?” Düşünürsən ki, “gözəllik aşiqləri” müharibələrdə sənət əsərlərinin bahalı qiyməti qədər də insan həyatını məhv ediblər… Qəribədir, şərq mədəniyyətinin nümunələri Avropaya daşınsa da, orda sərgilənən əsərlər, heykəllər, əlyazmalar, zinət əşyaları onsuz da öz adı, vətəni ilə ziyarətçilərə təqdim olunur. Məsələn, Berlində yerləşən muzeydə Romanın məşhur Milet bazarının darvazası, İştar darvazası, Nefirtitinin büstü və s… Coğrafiyanı dəyişib Qafqazdan keçək Qərbi Avropaya. Mədəniyyət yüklü qiymətli karvanlar yalnız şərqdən qərbə doğru irəliləyir. 1830-cı ildə Karl Fridrix Şinkelin layihəsi əsasında Berlinin mərkəzində muzey adası yaradılır. Prussiya krallarının topladığı sənət əsərlərinin kolleksiyası bu muzeydə toplanılıb. Muzey demək olar ki, bəşəriyyətin 6 minillik tarixinin qədim mədəni irsinin zəngin kolleksiyasına malikdir. Doğrudan da Berlin muzeyi sanki incəsənət adasıdır.
Yadımdadır, 2003-cü ildə televiziyada xarici xəbərlərdə İraqın dövlət muzeyinin direktoru Nabxal Amin gördüyü dəhşətlərdən bərk sarsılıb yerə çökərək, iki əli ilə başına vurduğunu göstərdilər. Onun fikrincə, son təcavüzdə 170 min qədim eksponatlar sındırılıb, oğurlanıb. Düzdür, bir neçə ildən sonra muzey əşyalarının bir qismi beynəlxalq təşkilatlarının ümumi səyi ilə geri qaytarılsa da, qədim mədəniyyət nümunələrinin çoxu nə vaxtsa uzaq ölkələrin qənimətinə çevriləcək…
İkinci dünya müharibəsi dövründə almanların yəhudilərə qarşı amansız münasibəti fonunda cəsur qadın İrina Sandlerin qəhrəmanlığı xüsusi diqqət çəkir. Bu nəcib alman qadınını nasistlərin vəhşilikləri əsla qorxutmur. O, nasistlərin yəhudilərə qarşı ölüm düşərgələrində təşkil etdikləri amansız planlardan xəbərdar idi. Odur ki, öz gizlin məqsədinə çatmaq üçün Varşava gettosuna texniki işçi kimi işə düzəlir. O, çilingər alətləri üçün nəzərdə tutulan çantasının dibində işin axırında hər dəfə bir balaca uşağı yük maşınında gizlədirdi. Uşaqların səsini gözətçilər eşitməsin deyə, özü ilə it də götürürdü. Beləcə, 2500 uşağı ölüm düşərgəsindən xilas edə bilmişdi. Bir müddətdən sonra humanist, fədakar qadın kimi o, Nobel mükafatına təqdim edilir, lakin mükafat başqasına nəsib olur.
1947-ci ildən bu ölüm düşərgəsi Auşvis-Birkonau Dövlət Muzeyi kimi fəaliyyət göstərir. Başqa muzeylərdən fərqli olaraq bu muzey öz ziyarətçilərinə estetik zövq vermir...Ürək ağrıdan mənzərələrdən biri muzeydə nəhəng şüşə arxasında tavana qədər yüklənmiş uşaqların əzik, köhnə ayaqqabılarıdır. Bu günahsız uşaqlar cəhənnəmin nə olduğunu “yerdə gördüm”, deyə bilərlər. Deyilənə görə, Osvensium və Buhenvaldda insanlar Hitlerin sevimli bəstəkarı, ilhamçısı Vaqnerin musiqisinin sədaları altında qaz sobalarına göndərilirdi.
Alman qadını İrina Sandler 2500 körpəni xilas etməklə, dünyaya sübut etmişdir ki, nə cinayətkarın, nə də humanist insanın qarşısında din, siyasət çəpər ola bilməz…
Qədim zamanlarda ziyarətçilər yumruğunu yumruğunun üstünə qoyub boruya bənzər boşluqdan rəsm əsərinə diqqətlə baxırdılar. Sanki əsərin qəhrəmanını daha yaxından görməklə bir məkana düşürdülər. Yunan sözü olan “muzey” “muzalar məbədi” adlanır. Fikir vermisinizsə, muzeylərdə davranış qaydalarına, nizam-intizama çiddi nəzarət mövcuddur. Xüsusilə, Vatikan muzeyində ziyarətçilərə qısa şalvarda, yubkada, sinəsi çox açıq köynəkdə görünmək qadağandır. Bəlkə bu, tarixin səhnəsində əsrlərcə yaşı olan şah əsərlərə dərin hörmətin nəticəsidir ki, əfsanəyə çevrilən qəhrəmanların daldığı sükutun pozulmasını istəmirlər. Çünki onlar sanki qədim dövrün ab-havasından ayrı bir mühiti heç təsəvvürlərinə belə gətirmirlər”.
Zöhrə Əsgərovanın bütün kitablaı, əsərləri sevilə-sevilə oxunur. Müəllifin “Talelərə yazılan musiqi” kitabını nə qədər təkrar oxuyursansa, hər dəfə sanki yeni-yeni maraqlı faktlar tapır, kəşflər edirsən.Dünya mədəniyyətinin “parıldayan kəhkəşanı”nda “bəşər ulduzları”nı sevə-sevə “seyr edirsən”. Kitabın əsas məramı unudulmaz Kərim Kərimovun “ətrafında dolanır”. Zöhrə xanım yazır:
“Həyatının çox hissəsini milli mədəniyyətimizin inkişafına sərf edən Əməkdar İncəsənət Xadimi, Xalq artisti, yazıçı, dramaturq Kərim Kərimov mənalı bir ömür yaşamışdır...
O, hələ keçən əsrin 50-60- cı illərindən radio və televiziyada musiqi redaktoru, radio pyeslərin, televiziya filmlərinin ssenari müəllifi kimi özünü təsdiq etmişdi. Həmçinin müsiqişünas kimi onun “Azərbaycan xalq çalğı alətləri”, “Simli kvartet”, “Opera haqqında söhbət”, “Azərbaycanda xalq mahnılarının toplanması və öyrənilməsi” “Musiqidən keçən ömürlər” adlı kitabları çap olunmuşdur. “Çahargah fantaziyası”, “Xanəndənin taleyi” pyesləri səhnələşdirilmişdir.
Konfutsinin fikridir: “Bir ölkənin doğru idarə olunub olunmadığını, əxlaq baxımdan yüksəlib yüksəlmədiyini bilmək istəyirsinizsə, o ölkənin musiqisini dinləyin.”
Kərim Kərimovun “üzeyirşünaslıq”, “bülbülşüaslıq”, “qaraşünaslıq”, “fikrətşünaslıq” üzrə yazdığı ssenariləri, rejissor işləri musiqişünaslıq sahəsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan radiosunda keçən əsrin 60-cı illərində onun “Mont restoranından qoca”, “Dvorjakın melodiyası” radio pyesləri səsləndirilib. “Dvorjakın melodiyası”nın televiziya filmi də tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Kərim müəllim dünyanın 20-dən çox xarici ölkələrinin universitetlərində Azərbaycanın milli musiqisinin, musiqi alətlərinin təbliği ilə bağlı konsert-mühazirələrlə çıxışlar etmişdir.
“Musiqidən keçən ömürlər” kitabında keçən əsrdə milli musiqi tariximizdə baş verən hadisələri müsiqişünas kimi qələmə almışdır. XX əsrin əvvəlləri və ortalarında yetişən istedadlı incəsənət xadimlərimizin milli mədəniyyətimizin inkişafı uğrunda mübarizəsi, fəaliyyəti kitabda öz geniş əksini tapmışdır. Kərim müəllim “Azərbaycan xalq mahnılarının toplanılması və öyrədilməsi” məqaləsində qeyd edir ki, Üzeyir Hacıbəyli və Müslüm Maqomayev yüz mahnıdan ibarət Azərbaycan xalq mahnıları məcmuəsini ilk dəfə olaraq nəşr etdirmişdir. Səid Rüstəmov Cabbar Qaryağdıoğludan əllidən yuxarı mahnı öyrənib onları işləyərək, məcmuə şəklində çapa vermişdir.Muğamatların ilk not yazısı və nəşri 30-cu illərdə M.Mansurovun ifasında Tofiq Quliyev və Zakir Bağırov reallaşdırmışdır. Milli musiqi aləti olan tarla bağlı maraqlı xatirələri, tarixi faktları oxucular üçün dəyərli məlumatlardır. Sovet dövründə Kərim müəllimin Mərkəzi televiziyadakı vətənpərvər çıxışları tarın müdafiəsinə yönəlmişdi...
Kərim Kərimovun xatirələrindən: “...70-ci illərin əvvəllərində mən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri idim. Bir gün Sabir (Xalq artisti velonçel ifaçısı Sabir Əliyev onun qaynı idi) Moskvadan gəlib mənə dedi ki, Slava (o, Rostropoviçi belə çağırırdı) Bakıya gəlmək istəyir, əgər mümkünsə, onun konsertlərini sentyabrın ortalarına planlaşdırın...Sabir böyük təəssüflə bildirdi ki,nə “Soyuzkonsert”, nə də “Qoskonsert” daha Rostropoviçin konsertlərini təşkil etməyəcək, çünki onun və Qalina Vişnevskayanın çıxışları qadağan olunmuşdur...Rostropoviçin Bakıya gəlib konsert vermək arzusunu mən o vaxtlar respublika rəhbəri Heydər Əliyevə çatdırdım. Çox çəkmədən mənə xəbər gəldi ki, Heydər Əliyev tapşırıb ki, Rostropoviçin konsertləri Bakıda ən yüksək səviyyədə keçirilsin... Rostropoviç Bakıya 1971-ci il sentyabrın 13-də gəldi...O, Bakıda bir həftə ərzində on konsert verdi.Bu konsertləri o, “Tarixi silsilə” adlandırmışdı. Rostropoviçin konsertlərinə dəfələrlə Heydər Əliyev öz ailəsi ilə gələrdi”.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova “Talelərə yazılan musiqi”ni oxuduqdan sonra qeyd edir ki, musiqiçilərimizin, müğənnilərimizin, bəstəkarlarımızın, həyat və yaradıcılığının elmi səviyyədə kontekstual təhlili, təbliği məhz peşəkar musiqişünasların əsas vəzifələrindən biridir. Zöhrə Əsgərova haqlı olaraq bildirir ki, təəssüflər olsun musiqişünasların həyat və fəaliyyəti ilə bağlı mükəmməl səviyyədə tədqiqat əsəri azdır.
Təqdirəlayiqdir ki, Zöhrə Əsgərova bu mövzuya toxunmaqla yanaşı, dünya musiqi tarixindən nümunələr gətirir, təhlillər edir, bu isə müəllifin təqdimatında polifonik səviyyədə səslənir.Belə bir aforizm var: “Elmi dissertasiyalardan daha çox məhz incəsənət əsəri dünya və cəmiyyət haqqında informasiyanı özündə daşıyır”.
Mən əvvəllər də Zöhrə xanımın “Özəl poçtdan məktub var” kitabını böyük maraqla oxumuşdum, onun yaradıcılığı ilə yaxından tanış idim.Odur ki, “Talelərə yazılan musiqi” kitabını oxuyub ona ön söz yazmağa həvəslə yanaşdım.
Bu kitabda da fəlsəfi düşüncələr, hisslər, lirik ovqatlar az deyildir.Bu isə kitabı daha oxunaqlı edir.Bəzən oxucuya elə gəlir ki, Zöhrə xanım mövzudan yayınır, lakin əslində hadisələr bir-birinə zəncir kimi bağlanıb, bir məntiqə söykənir, musiqinin insanların psixologiyasına, həyat tərzinə təsiri.Ümumiyyətlə, incəsənətlə bağlı başqa yazılarda da Zöhrə xanım zamanın nəbzini tutmağa çalışır, xalqlar arasında mənəvi yaxınlığa təkan verən mədəniyyətin humanist missiyasını ön plana çəkir...
Mədəniyyət xalqlar arasında sülh və həmrəyliyin təməl daşıdır.Hərbi münaqişələr zamanı daha çox mədəniyyət sahəsi böyük təcavüzlərə məruz qalır.Bu hadisələrin acınacaqlı nəticələri Zöhrə Əsgərovanın tarixi faktlara söykənən yazılarında da diqqət çəkir.Xüsusilə Kərim Kərimovun keçmiş sovet dövründə mədəni həyatımızda rastlaşdığı neqativ hadisələrə qarşı müqaviməti, obyektiv, prinsipial münasibəti onun vətəndaş mövqeyini bir daha üzə çıxarır...
Zöhrə Əsgərova dünyanın mədəniyyət sahəsində baş verən tarixi hadisələri şərh edərkən öz gözlənilməz yazıçı təhlilləri ilə oxucunu düşündürür və üzə çıxardığı mövzuya yeni rakursdan yanaşmağı bacarır...
Zöhrə Əsgərova “Talelərə yazılan ömür” kitabında ecazkar qüvvəyə malik olan musiqinin insan talelərini dəyişmək qüdrəti incə ştrixlərlə oxuculara təqdim edilir. Kitab bu fikirlərlə sona çatır: “Əbədi musiqinin əzəmətli notları üzərində istedadlı insanların böyük arzuları doğulur və nə yaxşı ki, onlar kainatın musiqi ahənginə qovuşub öz sonsuz ömrünü yaşayırlar”.
Zöhrə Əsgərovanın “Talelərə yazılan ömür” kitabından yalnız bəzi məqamları maraqla təqdim edirəm:
“...İbn Sina “Tibbnamə” əsərində simli musiqi alətlərinin insanın əsəblərinin sakitləşməsinə, melanxoliyaya, yuxusuzluğa qarşı faydasını qeyd edir.Təsadüfi deyil ki, Harun ər Rəşidin qəzəbini yatırtmaq üçün musiqiçi Şəhriül Məsudinin udda çalması kifayət edirdi.Daha bir hadisə də tarixdən məlumdur ki, XIII əsrdə Çingiz xanın nəvəsi Hulakü xan tərəfindən Bağdad zəbt olunur, hökmdarı edam edilir, Şərq mütəfəkkiri Səfiəddin Urməvi isə udda çaldığı gözəl musiqi ilə xanı öz məharətinə məftun etdirir.Urməvi cəzadan xilas olur.Ud musiqi aləti kimi çox güclü sakitləşdirici qüvvəyə malikdir...
Hər bir əsrin özünəməxsus mənəvi böhranları zamana ehtiyacı olan keçid dövründə baş qaldırır.Tarixin siyasi meydanlarında mədəniyyət meyarları necə deyərlər, öz qibləsini axtarır.Lakin mədəniyyət siyasətdən də güclü təsir gücünə malikdir.Efirdə neqativ xəbərlər, bayağı verilişlər yeni gənc nəslin tərbiyəsində öz mənfi izini qoymaqdadır.Dahi rus şairi Puşkin demişkən, dünyaya “magik kristaldan” baxmaq lazımdır.Yəni həyata, insanlara səthi yanaşmaq əvəzinə, onun əsl dəyərini, görünməyən tərəflərini, istedadını üzə çıxarmaq vacibdir...
Burda bir haşiyəyə çıxım.Azərbaycanda milli mətbuatın – “Əkinçi” qəzetinin əsasını qoyan marifçi ziyalımız- ilk ali savad alan təbiətşünas, istedadlı müəllim Həsən bəy Zərdabi hələ XIX əsrin sonlarında qədim mahnılarımızı toplamaqla məktəblərdə şagirdlərə xalq mahnılarının öyrədilməsinə çalışırdı.Milli mahnılarımızın ruhunda təbiətimiz, məişətimiz, məhəbbətimiz, tariximiz yaşayır. O, Bakı şəhər Dumasında maarif şöbəsində çalışarkən bu xeyirxah işi həyata keçirməyə nail olur.
Həmçinin keçən əsrin 20-30-cu illərində min bir əziyyətlə rayon və kəndlərdən toplanan xalq mahnıları bu gün kifayət qədər müğənnilərin repertuarında səslənirmi?! Bu məqamda gənc bəstəkar Asəf Zeynallını necə xatırlamamaq olar?Üzeyir Hacıbəylinin tələbələrindən biri olan bəstəkar 1927-ci ildə “Azərbaycan türk xalq mahnıları” məcmuəsini nəşr etdirir.1932-ci ildə 23 yaşlı Asəf Zeynallı Bülbüllə birlikdə Qarabağa folklor nümunələrimizi toplamaq üçün ekspedisiyaya gedir, təəssüf ki, qayıdarkən ağır xəstəliyə tutularaq vəfat edir...
Uzun illərdir ki, “Sarı gəlin” erməni müğənniləri tərəfindən oxunur, onu öz qədim mahnısı kimi dünyada tanıdırlar. Onlar “xalqlar dostluğu” naminə bizim xalqa yaxşı nə vermişlər? Üzeyir Hacıbəylinin əsərlərini mənimsəməkdən belə çəkinməyiblər.Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun və İsrafil Abbaslının kitablarından götürülmüş, Azərbaycan, rus və ingilis dillərində çap olunan “Gəldim, gördüm... mənimsədim” adlı kitabında ermənilərin Azərbaycanın milli mədəniyyətinə mənəvi təcavüzləri, xəyanətləri, riyakarlığı tarixi faktlarla açıqlanmış və təhlil edilmişdir: Erməni bəstəkarı A.Spendiarovun simfoniya üzrə istedadı əhəmiyyətli dərəcədə türk-Azərbaycan musiqi ənənəsinə söykənərək və Ü.Hacıbəylinin musiqisinin təsiri altında ən yaxşı erməni operası olan “Almast”ı yaratmışdır...” “A.Spendiarovun not yazılmış kitabçasında çoxlu qeydlər...bir sıra muğamatların qeydləri var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüştər”, “Kürd Şahnaz”.Bu yazıların əksəriyyətindən Spendiarov öz əsərlərində istifadə etmişdir...”
Zöhrə xanım digər əsərləri kimi, “Talelərə yazılan musiqi”sini də sanki hər bir oxucu təbəqəsinə aydın olan rəvan və ahəngdar, həzin və cəlbedici bir musiqi dili ilə yazıb. Ana dilinin bütün zənginlikləri , bütün doğmalığı və səmimiyyəti ilə təqdim olunan bu əsərlər oxucu tərəfindən asanlıqla qavranılır və ürəklərə yol tapır. Bu əsərlərdəki informasiya bolluğu barədə xüsusi danışmaq istəyirəm. Müəllifin bəzən bir cümləsində 2-3, bəzən də daha çox məlumatlar yer alır. Bu məlumatların çox böyük əksəriyyəti demək olar ki, ən yeni informasiyalara söykənir. Zöhrə xanım dünya mədəniyyətinin, ictimaiyyətinin bütün sferalarında baş verən ən son yenilikləri gərgin əməyinin, sonsuz zəhmətinin hesabına oxuculara, xüsusilə gənc nəslə çatdırmağa tələsir. Millət üçün insan kapitalının yetisdirilməsində bu gün elm, mədəniyyət sahəsində xeyli işlər görülməlidir ki, bunların da əsas qismini dərin,dolğun, zəngin araşdırmalar, tədqiqatlarla yazılan əsərlər təşkil edir.
“Keçən əsrin 60-cı illərində Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyev, Tofiq Əhmədov, Rafiq Babayev bu sahədə (muğam və caz improvizasiyası sahəsində -R.Mirzəzadə) öz istedadı ilə seçilmişdir.Həmin illərdə “Qaya” kvarteti yaranmışdır.Vaqif Mustafazadənin qızı Əzizə xanım da atasının sənətinin layiqli davamçısı olaraq mahir caz ifaçısı kimi dünyada şöhrət qazanmışdır”- deyə Zöhrə xanım yazır. Daha sonra :
“...Deyilənə görə, bəstəkar Sergey Raxmaninov özünü pis hiss edəndə pianoda çalarkən ağrıları keçib gedirdi...Bəstəkar Rixard Vaqnerin fikrinə görə, musiqi düşünə bilmir, lakin fikirlərin həyata keçirilməsinə kömək edir.Bu fikri təsdiq etmək üçün bir neçə bəstəkarın nümunəsində bunu qeyd edək.Məsələn, dahi bəstəkar P.Çaykovski Rusiyada Ədliyyə Nazirliyinin gələcək məmuru kimi çalışmaqdan imtina edərək, yeni açılan konservatoriyaya sənədlərini verib ora daxil olur.O, öz həyatını musiqisiz təsəvvür edə bilmir.Etiraf edir ki, o, musiqi nəzəriyyəsi ilə çox məşğul olmuş, nə vaxtsa qulluq etdiyi vəzifəni musiqiyə qurban verməyə hazırdır...
Dünya şöhrəti qazanan P.Çaykovski opera, balet, simfonik əsərlər və romanslar müəllifi kimi saglığında o qədər tərif eşitmişdi ki, artıq incəsənətdə qazandığı yeni uğurlar onun başını gicəlləndirə bilməzdi.Lakin həyatı boyu unutmadığı bir xatirə onu yaman təsirləndirmişdi.Bəstəkarın musiqi əsərini dinləməyə gələn, tamaşaçı zalında onunla bir yerdə əyləşən yazıçı Lev Tolstoyun kövrələrək göz yaşlarına necə qərq olduğuna Çaykovski şahid olmuşdu.Musiqi insanı təsir gücü ilə necə deyərlər, öz məvhərindən qoparmağa qadirdir.Tarixin ən dəyərli anlarından biri deyilmi?Bəstəkar P.Çaykovski və yazıçı Lev Tolstoy – iki dahi yanaşı bir yerdə oturmuş, onlara hakim olan musiqinin ahəngi ilə ürəkləri eyni sürətlə döyünür...
…Raxmaninovun, Baxın, Şopenin, Vivaldinin, Bethovenin, Şubertin, Qriqin və s. Klassik əsərlərini necə dinləməmək olar? Mən bu kitabı yazarkən daha çox klassik musiqilərə qulaq asmağa başladım.Doğrudan da insanın düşüncə tərzi, həyata baxışı, zövqü nə qədər dəyişir, zənginləşir.Sən səyyah kimi özünə yeni əlçatmaz bir “dünya” kəşf edirsən.
Məsələn, skripkada ifa olunan incə melodiyalar insanda mərhəmət, xeyirxah, bir sözlə, yüksək hisslər oyatmağa qabildir.Vətəni İtaliya olan skripka da uzun zaman ərzində yenidən işlənilib, təkmilləşib.Nahaq demirlər ki, skripka az qala insan kimi danışır.Adları dünya musiqi tarixində yaşayan dahi sənətkarları xatırlayaq. Məsələn, italyan skripkaçısı, bəstəkar Arkancello Korellini (1653-1713) müasirləri “musiqinin Kolumbu” adlandırırdılar.Venesiyalı abbat, bəstəkar, skripkaçı, dirijor Antonio Vivaldi skripka ilə konsertlərin yaradıcısıdır.Nikkolo Paqanini (1782-1840) dünyanın dahi, virtuoz skripkaçısı kimi tanınır.Simli alətlərin peşəkar ustası Antonio Stradivarinin (1644-1737) 560 ədəd musiqi alətləri mövcuddur.
Öz elmi kəşfi ilə bəşəriyyət tarixində iz qoyan Albert Eynşteyn 6 yaşında istedadlı skripkaçı idi.Hətta o, musiqiçi kimi tamaşaçılar qarşısında kvintetdə çıxış etmişdi. Alman mətbuatında onun virtuoz musiqiçi olduğu haqda məqalələr çap olunurdu.O, məqaləni cibində gəzdirərək, tanışlarına deyirdi: “Siz elə bilirsiniz ki, mən aliməm? Xeyr, mən əslində məşhur skripkaçıyam”.Eynşteyn bu istedadı ilə fəxr duyurdu.Hətta musiqinin ilahi gücü onun alim kimi yetişməsində müstəsna əhəmiyyət kəsb etmişdi.Alim sevimli bəstəkarı Baxın fuqalarını tez-tez ifa edirdi.Fizika sahəsində məşhur “Nisbilik nəzəriyyəsi”nin kəşfini məhz bəstəkarın əsərlərinin böyük təsiri altında yarandığını bildirmişdi”.
“Torpağa əsgərlər deyil, silahlar basdırılsın”. Bu, Zöhrə Əsgərovanın növbəti yazısındandır:
“1942-1943-cü illər arasında gedən amansız döyüşlərdə hərbiçilərimiz, xüsusilə, azərbaycanlılar qanı ilə əsl qəhrəmanlıq səlnaməsini yazdı. Almanlar və onların müttəfiqləri Stalinqradda 1,5 milyon nəfər canlı itki, yaralı, əsir oldular. Bir sözlə, alman nasistlərinin qələbə arzuları Volqa sahillərində, Stalinqradda iflasa uğradı.
Bu döyüşlərin iştirakçıları üçün dövlət tərəfindən “Stalinqradın müdafiəsinə görə” medalı təsis edildi. 2 minə yaxın həmyerlimiz “Stalinqradın müdafiəsinə görə” medalına, “Qırmızı ulduz” ordeninə layiq görüldü. Gəlin, həmyerlilərimizdən birini xatırlayaq.
Həmzə Sadıqov Stalinqradın müdafiəsində göstərdiyi fədakarlığa görə medal və “Qırmızı ulduz” ordeni ilə təltif edilir. II Dünya Müharibəsində döyüşən zabit Həmzə Sadıqovun şöhrəti, qəhrəmanlığı ilə gənc nəsil yaxından tanış olmalıdır.
Məlumdur ki, azğın Hitler yəhudi xalqını sevmirdi. Yəhudilərin kütləviliklə qırılıb məhv edilməsində böyük səyləri olan Hitler, ətrafına özü kimi qaniçənləri toplamışdı. General Roddenburq bu işdə də onun “sag əli” idi, məhv etdiyi yəhudilərin əvəzində Adolf Hitlerdən böyük mükafatlar almışdı.
Stalinqrad ərazisində olan “Qırmızı Oktyabr” zavodunda məskunlaşan general Roddenburq öz qatil missiyasına davam etməkdə idi. Zavodun zirzəmisində xeyli sayda yəhudi ailələri, uşaqları, qadınları, qocaları əsirlikdə ac-susuz saxlanılır, onlara insanlığa sığmayan min cür əzab və işgəncələr verilir, nəticədə hər gün neçə-neçə insan zülümlə öldürülürdü. Sovet kəşfiyyatı bu barədə məlumat aldıqdan sonra zavodun ələ keçirilməsi planlaşdırılır.Lakin xeyli sayda olan düşmən qüvvəsi də zəif deyildi.
Qızğın döyüşlər başlayır. Hər iki tərəf itkilər verir. Döyüşə rəhbərlik edən sovet kəşfiyyatçısı Həmzə Cümşüd oğlu Sadıqov son anda təkbaşına vuruşub zavodun həyətinə daxil olur və bütün hərbi döyüş potensialı və təcrübəsi ilə generalın 25 mühafizəçisini məhv edərək yuxarı mərtəbəyə qalxır. Roddenburq imkan tapıb atəş açaraq Həmzəni ayağından yaralasa da, igid Həmzə mətinliklə generalı təslim edib əsir götürür. Zirzəminin qapılarını dərhal açıb 200 nəfərdən çox yəhudi balalarını, qadınları və kişiləri ordan xilas edib azadlığa buraxır.
Azərbaycanlı zabitin sorağı Stalinə çatır. Onu Sovet İttifaqı Qəhrəmanı adına təqdimatında ermənilər mane olur. Üstəlik, Həmzə Sadıqovun azərbaycanlı olduğu bilinməsin deyə, soyadı dəyişdirilib “Sadıqaşvili” kimi təqdim edilir.
Müharibədən sonra Həmzə Sadıqov evinə dönərkən Mir Cəfər Bağırovun göstərişi ilə Ağdam rayonunun girəcəyindən qəhrəmanın yaşadığı kəndə qədər Həmzənin yollarına xalı-xalçalar sərdirilir.
Qəhrəmanın oğlu Firdovsi Sadıqov sonralar atasının müharibədə keçdiyi döyüş yollarının izinə düşmüş, onunla birgə döyüşən dostlarını tapa bilmiş, atası haqqında məlumatlar əldə etmiş, Volqoqrad şəhərində (keçmiş Stalinqrad) yaradılmış muzeydə qəhrəman atasının ehtiramla yad edilməsinin şahidi olmuşdur.
2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu Rövşən Vəlizadə və Firdovsi Sadıqovun birgə ərsəyə gətirdiy “Stalinqrad döyüşünün unudulmuş qəhrəmanı” adlı kitabı əslində qəhrəmanın hüquqlarının reabilitasiyasına həsr edilib. Kitabın ön sözünün müəllifi institutun direktoru, millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru Aytən Mustafayevadır. Ön sözdə qeyd edilir: “...Uzun müddət tarixin arxivlərində “Sadıqaşvili” kimi yaşayan, “heç kimə lazım olmayan” qəhrəmanımız, həmyerlimiz Həmzə Cümşüd oğlu Sadıqovun hüquqları az-çox bərpa olundu.Onun keçdiyi şərəfli yol xalqlar arasında (xüsusilə Azərbaycan-yəhudi, Azərbaycan-rus) qurulmuş dostluq və qardaşlıq körpülərinin ən davamlı sütunlarından biri olacaq”.
Kitabda arxiv sənədlərindən çıxarışlar Həmzə Sadıqovun kimliyini, fəaliyyətini kifayət qədər üzə çıxarır. Kitabın 33-cü səhifəsində oxuyuruq: “H.C.Sadıqov Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı idi...xidmət etdiyi hissənin poçt qutusunun nömrəsi ВЧ 44388 idi. H.C.Sadıqovla bağlı olan maraqlı faktlardan biri arxiv sənədləri şöbəsinin rəisi, mayor A.L.Lonşakovun xatirələridir. O, yazırdı ki, əksər sənədlərdə Sadıqov Həmzə Cümşüd oğlunun milliyyəti azərbaycanlı kimi deyil, gürcü və erməni kimi qeyd olunurdu. Lonşakov etiraf edirdi ki, ondan əvvəl bu vəzifəni polkovnik Beqlaryan Stepan Aşotoviç tutmuşdu. Hətta “Qırmızı ulduz” ordeni ilə təltif olunan zaman sənədlərdə onun adı Sadıqaşvili Həmzə Cümşüdoviç kimi qeyd olunmuşdur.
Hərbi kəşfiyyat polkovniki A.Savçenkonun 1949-cu ildə “Leninqrad” nəşriyyatında dərc olunan “Stalinqrad”adlı sənədli kitabında deyilir: “...Əgər Fon Rodenburqun başçılıq etdiyi 76-cı alman piyada diviziyası məğlub edilməsəydi, 1943-cü il Tehran konnfransı baş tutmayacaqdı. ABŞ Prezidenti Ruzvelt də eyni fikirdə idi...”
Böyük qəhrəmanlıq göstərən, alman generalını məğlub edən Həmzə Sadıqov isə ermənilər tərəfindən arxadan zərbə alır. O, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmür. Məkrli düşmənlərimiz müharibə içində azərbaycanlılarla da gizli müharibə aparırdılar. Bu məsələdə yəqin ki, o dövrün dövlət xadimi Mikoyanın da iştirakı az olmayıb.
Kitabda Stalinqrad ərazisində alman generalı Fon Rodenburqun “Ölüm sarayı” adlanan əsir düşərgəsindən H.Sadıqovun xilas etdiyi ruslar, yəhudilər arasında ermənilər də vardı: Suren Akopoviç Seyranyan, Maryam Gevorkoviç Xaçikyan, Herodast Yegizaroviç Maliyan. Onlar öz xilaskarına yəhudi əsirləri kimi yüksək dəyər verə bilməzlər. Onların damarlarından xəbis, məkrli qan axır. Kitabda Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev həmişəki kimi xalqımıza olan dərin məhəbbətini bir daha etiraf edir: “...Polkovnik Sadıqov Həmzə Cümşüd oğlu öz canı və qanı bahasına göstərdiyi qəhrəmanlıqları ilə xalqlarımızın qəlbində heykəlini ucaltmış və ölməzliyə qovuşmuşdur. Qədirbilən xalqlarımız hər zaman polkovnik Sadıqovun göstərdiyi qəhrəmanlıqları gənclərimizə örnək sayaraq, onu qəlblərində yaşadacaq.”
Həqiqətən də yəhudi xalqı öz xilaskarına səmimiyyətlə, dərindən dəyər verməyi bacarır. Məsələn, 1943-cü ildə fotoqraf müsəlman Veseli bir neçə yəhudi ailəsini Albaniyada öz evində gizlətmiş, bir ildən çox onlara hərtərəfli maddi və mənəvi dəstək olmuşdur. O, 2000-ci ildə vəfat edib. ADAS İsrail Konqresasiyası Veselinin ailəsini Vaşinqtona dəvət etmişdir. Ravin Kilşteylov belə humanist ailələrin dünyaya nümunə ola biləcəyini vurğulamışdır. Bununla yanaşı, bu yaxınlarda siriyalı ailənin sinaqoq tərəfindən qəbul edilməsi ilə yəhudilərə vaxtı ikən sığınacaq verənlər arasında yaxın, doğma münasibətlərin mövcudluğunu göstərir. Əslində insanların bir yerdə sülh və əmin-amanlıq içində yaşaması vacibdir. Tədbirdə yəhudilərə sığınacaq verən ailələrin siyahısı əbədiləşmiş “Doğruların bağı”adlı lövhəyə həkk edilmişdir. Lövhədə Polşa, Portuqaliya, Yunanıstan, Albaniya və s. ölkələrin adı var...”
“Divarları qapılara çevirək”. Nə gözəl səslənir bu fikir. Bu, Zöhrə Əsgərovanın maraqlı yazılarından birinin başlığıdır. Bu başlığın və humanist fikrin altında nələr var? Gəlin, müəllifin özünü dinləyək:
“Yeni yazım öz məcrasını Şəhidlər Xiyabanından aldı. Qəlbimdə kövrək duyğular yaşayırdım. Burda “Vətən” kəlməsi daha müqəddəs səslənir. Şəhidlər Xiyabanının sükutu da, yanan məşəli də tarixlə nəfəs alır.Yəhudi müdrikləri deyib: “Sükut da danışmağı bacarır”. Bu sükut isə danışan tarixdir.
...8 may Şəhidlər Xiyabanına Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Yevdayev Milix, şair Yuşbayev Simax Şeyda, politoloq-publisist Reyhan Mirzəzadə, Albert Aqarunovun oxuduğu 154 saylı məktəbin direktoru, şagirdlər, qohumları, “Səbail” tank taborunun komandiri Hacı Əzimov və döyüş yoldaşları ilə birgə yığışmışdıq. Vaxtı ikən komandiri Albertlə tanış olarkən ona ilk sualı bu olmuşdu: “Qarabaq uğrunda döyüşməyə səni nə vadar edir?“ Albert cavab vermişdi: “Mən bu torpağın övladıyam, burada doğulmuşam. Atam, anam və babam bu torpaqda yaşayır. Azərbaycan bizim vətənimizdir”.
Təsadüfi deyil ki, 2015-ci ildə “Dədə Qorqud” Milli Fondu, Ağsaqqallar Şurasının qərarı və “Azərbaycan dünyası” beynəlxalq jurnalının təşəbbüsü ilə Milli Qəhrəman Albert Aqarunov “Vətən övladı” qızıl ordeninə layiq görülüb. Orden İsraildə qardaşında saxlanılır.
Bizim ərazimizdə 80-ə yaxın müxtəlif millətlərin və etnik azlıqların nümayəndələri yaşayır. Qədim ərazilərimizdə məskunlaşmış xalqların dini inancları, adət və ənənələri ilə bağlı müqəddəs ocaqlar mövcuddur. Azərbaycan dövləti din sahəsində öz tolerantlığı ilə nəinki regionda dünyada tarazlaşdırılmış siyasət yürüdür. Bakı, Quba və Oğuz şəhərlərində 7 sinaqoq fəaliyyət göstərir.Tarixə nəzər salsaq, 25 əsrdir ki, yəhudilər Azərbaycan torpağında əmin-əmanlıq şəraitində yaşayır. Bu, həqiqətdir ki, Azərbaycanda heç vaxt antisemitizm siyasəti mövcud olmayıb. 1990-cı ildə “Azərbaycan-İsrail” mədəni əlaqələr cəmiyyəti təsis edilmiş, 1992-ci ildən isə Azərbaycan Respublikası və İsrail dövləti arasında diplomatik əlaqələr qurulmuşdur.
7 aprel 2011-ci il tarixində Bakıda keçirilən “Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu”nda Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin çıxışından: “...Necə edək ki, xalqlar bir-birinə daha da yaxın olsunlar. Necə edək ki, dünyada dini zəmində qarşıdurma olmasın, xalqlar, sivilizasiyalararası məsələlər müsbət istiqamətdə inkişaf etsin...Başqa dinin tarixi və dini abidələrinə hörmət ilk növbədə öz dininə olan hörmətin əlamətidir. Bizim gücümüz milli və dini müxtəlifliyimizdir. Biz Azərbaycanda bunu belə başa düşürük...”
2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq istifadəyə verilib. O vaxtdan Milix Yevdayev icmaya və sinaqoqa rəhbərlik edir. 2011-ci ilin “Roş-a-Şana” bayramından başlayaraq və bu günədək “Sukkot, Simxat-Tora, Xanuka, Purim, Reysax, Şavuot kimi bayramlarda sinaqoqda tədbir iştirakçıları üçün süfrələr açılır.
Şəhidlər Xiyabanından qayıtdıqdan sonra Milix Yevdayevin qonağıyıq. Bu neçə saat ərzində Milix müəllimin geniş dünya görüşü, müdrik fikirləri, hər cümlədən bir Azərbaycan dilində səsləndirdiyi şeirlər bizi heyran etdi.
... Fərəhli haldır ki, Milix Yevdayev Azərbaycanda dini tolerantlığın layiqincə təşkilinə və dünyada təbliğinə görə “Vətən övladı” ordeninə layiq görülüb. Səmimi qəlbdən onu -“Vətən övladı”mızı doğma adla təbrik edirik.
Şəhidlər Xiyabanında, Milix müəllimin otağında tanınmış şair Simax Şeyda ilə görüşümüzün ayrı bir sevinci var idi. Əslində onun haqqında məqalə deyil, kitablar yazmaq olar. İki xalqımız arasında dostluğa xidmət edən ziyalımızı oxucularımızla daha yaxından tanış etmək lazımdır. O, əsl Azərbaycan şairidir. Oğuzda dünyaya gəlmiş, Gəncədə çalışmış,(sonradan Bakıya köçmüş), xalq teatrının, mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş Simax Şeyda, ömrünün 60 ilini vətəni Azərbaycanda yaşamışdır. Orta yaşlı nəslin nümayəndələri yəqinki qoca şairin səhnələşdirilmiş “Tülkü, tülkü, tünbəki” əsərini yaxşı xatırlayırlar.
İkinci Dünya müharibəsinə həsr etdiyi “Topçu Həsən” poemasını müharibədə Stalinqrad döyüşlərində qəhrəmanlıqla vuruşan atası Barux Yaqub oğlu Yuşvayevə ithaf etmişdir. 2013-cü ildə çapdan çıxan “Topçu Həsən” kitabının ön sözündə müəllif yazır: “...Topçu Həsən mənim sevdiyim, əzizlədiyim, ağır-ağır döyüşlərdən çıxardığım qəhrəmandır. Əziz oxucular, mənə elə gəlir ki, siz də onu sevəcək, keçdiyi döyüş yolunu maraqla izləyəcəksiniz. Bu əsəri ona görə yazdım ki, sizin görmədiyiniz Böyük Vətən müharibəsi haqqında təəssüratınız olsun, qəlbinizdə bütün müharibələrə nifrət oyansın”. Böyükhəcmli poema azərbaycanlı oğlu Həsənin müharibədə göstərdiyi igidliklərdən bəhs edir.
Simax Şeyda deyərkən, gözlərimiz önünə onun uşaqlar üçün yazdığı 35-ə qədər kitabları gəlir. Onun 3 cildlik kitablarında Azərbaycana olan sevgisi səmimi hisslərlə verilmişdir. Hal-hazırda o, Almaniyanın Münhen şəhərində yaşayır. Simax Şeyda Azərbaycan şairlərinin şeirlərini toplayıb antologiya tərtib edərək, onları alman, ingilis, ivrit dillərinə tərcümə etdirərək, Avropada yaymışdır.
Azərbaycan və yəhudi xalqlarının vətənpərvər şairi 80 yaşında da yazıb yaratmaq həvəsi ilə yaşayır. Yeri gəlmişkən, 80 illik yubileyi münasibəti ilə Simax müəllimi kitablarının, şəxsiyyətinin pərəstişkarları adından səmimi qəlbdən təbrik edirik. Mən Simax müəllimi şəxsən tanıdığım üçün onun ali insani keyfiyyətlərinin şahidiyəm. Onun kimi mehriban, səmimi ziyalılara həmişə mənəvi ehtiyacımız var. Simax müəllim kimi insanlar canlı kitabdır, gənc nəslin tərbiyəsində canlı nümunədir, bu şəxsi keyfiyyətlər isə vacib şərtlərdən biridir. Aprel, may aylarında Simax müəllim Bakıda olarkən politoloq-publisist Reyhan Mirzəzadənin onun 80 illiyi münasibəti ilə təşkil etdiyi tədbirlərdə fəallığını, zəhmətini xüsusi qeyd etmək lazımdır.
Bununla yanaşı, Simax Şeydanın sözlərinə gənc bəstəkar İlahə Qismət isə musiqi bəstələyib. Yeni mahnının klipi hazırlanır. İlahə Qismətin bundan əvvəl İsrail-Azərbaycan dostluğunu tərənnüm edən musiqisi ilə tanış olmuşdum. Olduqca vətənpərvər ruhda çəkilən klipdə mahnını İlahə Qismət İsrail müğənnisi Araz Həsənoğluyla birlikdə oxuyur. 28 may tarixində Akko və digər şəhərlərdə klipin təqdimatı keçiriləcək.
Yazım “Divarları qapılara çevirək” adlanır. Bu, təsadüfi deyil. Bu müdrik fikirlər qollarından və ayaqlarından anadangəlmə məhrum olan Nik Vuçiçə məxsusdur. O, nə siyasətçi, nə də dini liderdir, əli olsaydı belə, silahdan atəş açıb insanların həyatına son qoymazdı. Nik insanlara məhəbbət aşılayır, onunla görüşə milyonlarla insan can atır. Onu köksünə sığmaq istəyənlər çoxdur. Xüsusilə, dünyada müharibələrin tüğyan etdiyi bir zamanda Nik Vuçiç həyatda üzərinə düşən müqəddəs missiyanı dərk edir. İnsanları sülhə, mərhəmətə və saflığa doğru dəvət edir. Vay o günə ki, qəddar, məkrli əllər insanların ümid qapılarını ermənilər kimi divarlara çevirə...
...Simax Şeydanın uşaqlara həsr etdiyi “Nağıl istəyən qız” kitabını kaş erməni uşaqları oxuya biləydi. Kaş erməni uşaqları nənə və babalarının uydurduğu yalanı- “türk erməninin düşmənidir” fikrini təkzib edəydi, yalanı həqiqətdən ayırmağı bacaraydı. Heç olmasa Nik Vuçiçin çıxışlarını izləyəydi, çünki orda siyasət əvəzinə insanlığa səmimiyyət, gələcəyə ümid, həmrəylik, məhəbbət aşılanır. Erməni uşaqları əsl tarixlə tanış olsunlar, ermənilər heç vaxt Qafqazın qədim, yerli əhalisi olmayıb. Erməni rejissoru Robert Saakyantsın 2006-cı ildə uşaqlar üçün çəkdiyi “Evə dönüş-2050” cizgi filminə aldanmasın. Bitlisə nə vaxtsa qayıdacaqlarına ümid edirlər. Uşaqları inandırmağa çalışırlar ki, 2050-ci ildə Qara dənizdən Xəzər dənizinə qədər “Böyük Ermənistan” bərpa olunacaq və xəritəsini də təqdim etməyi unutmayıblar. Uşaqları yalan danışmağa, yalanı həqiqət kimi təqdim etməyə məcbur etmək ən böyük günahdır...
Sevimli şairimiz Simax Şeyda da bəşər övladı kimi düşünür. Şeirlərində günəş doğur, sevinc, həyat eşqi bulaq kimi çağlayır. O, insanları milliyyətindən asılı olmayaraq sevməyi, dəyərləndirməyi bacarır. Doğulub böyüdüyü Azərbaycana olan məhəbbəti isə bitib-tükənmək bilmir. Məhz bu cəhətdən o, ikinci doğma Azərbaycan dilində yazıb yaradır. Vətənimizin qəhrəmanları ona doğma və əzizdir. Azərbaycanın bütövlüyünü görmək arzusu yəhudi dostumuzun, azərbaycanlı şairimizin insan kimi bütöv şəxsiyyət olduğunu bir daha sübut edir. O, “Qəhrəman Mübariz” şerində erməni əsgərlərini müharibədən çəkindirir, nahaq qan tökülməsini istəmir:
Gəlmə düşmən, Vətənimə,
Gəlmə yaxın.
Mübariz tək oğlu çoxdur
Bu torpağın.
Simax müəllim, nə yaxşı ki, Azərbaycanda Çingiz, Albert, Mübariz kimi qeyrətli oğullar var və gələcəkdə də belə qəhrəman övladlarımız doğulacaq. Sevindirici haldlr ki, sizin kimi dostlarımız istər Azərbaycanda, istərsə də uzaq ölkələrdə bizimlə həmrəylik göstərib tədbirlərimizə dəstək olurlar...”
Rus dilində çap olunan “Odisseya “Korablya durakov” kitabına “Sürrealizmin təfəkkür formaları”, “Həyat rəngli simfoniyadır”, “Varlığımız ağlımızın güzgüsüdür” və başqa esselər daxil edilmişdir. Mövlananın “Hər kəsin baxmadığı istiqamətdən bax dünyaya” fikri qırmızı xətlə Zöhrə Əsgərovanın yaradıcılığından keçir. Təsadüfi deyil ki, bu kitabda həm incəsənət, həm şərq fəlsəfəsi, dahilərin sağalmaz “dahilik” xəstəliyi, sinesteziya haqda araşdırmalara geniş yer verilib. Əgər “Odisseya “Korablya durakov” kitabında toplanan müəliflərin yaradıcılığına bir-bir toxunsaq, onları təhlil etsək bu ayrıca bir kitab mövzusudur. Bir çox dahilərin yaradıcılığını yüksək qiymətləndirən Zöhrə Əsgərova onların əsərlərindən bəhrələnə bilmişdir. Məsələn, N.Qumilyov, S.Dali, Lotreamon, A.Rembo, M.Kazinik, D.Kiriko, D.Harms, A.Breton, A.Remizov, S.Kalmıkov, İ.Bosx, X.Miro, M.Çyorlionis, M.Ernst, F.Kalo, K.Souza Pinto, Qoqol, V.Kandinskiy, A.Şnitke və başqaları. Bəzi müəlliflərlə bağlı qısa təhlillərlə qənaətlənməli olacağıq. Avropada “Kiçik Şekspir” adlanan gənc fransız şairi Artur Rembonun sürrealist fikirləri ilə Məhəmməd Füzulinin “Yeddi badə” əsərində musiqi alətləri ilə dialoqlar demək olar ki, eyni məna daşıyır. Füzuli gözlə görünməyən həqiqətlərin sirlərinə nüfuz edir. Ud musiqi alətinin sahibi uda deyir ki, sən cansız ağac parçasısan. Başqalarının istəyi ilə dillənirsən, kədərinlə könüllü heç nə ifadə edə bilməzsən. Ud ona cavab verir ki, mən bilirən nə üçün yaradılmışam.Öz səsimlə insanları sevindirə, kədərləndirə bilərəm. Artur Rembo da bu fikirdədir ki, dəmir günahkar deyil onu musiqi alətinə çeviriblər. Ağac parçası üçün çox pis olardı ki, əgər o skripka olduğunu başa düşsün. Kitabda “Həyat rəngli simfoniyadır” yazısında Həzrət İnayət xanın “Səsin mistikası” əsərindəki fikirlərinə müraciət edək: “Deyəsən, insanlar psixometriya adlanan bir şeyə inanmağa başlayıblar.Bu, əşyaların danışdığı dili öyrənməkdir. Əşyanın malik olduğu forma və rəngdən savayı onda elə bir xüsusiyyət var ki, o bizimlə danışır...”
Zöhrə Əsgərova şair A. Rembonun özünəməxsus yaradıcılığını incə və dəqiq ştrixlərlə oxucuya çatdırır:“Artur Rembo 1871-ci ildə “Sərxoş gəmi” şeirində əslində öz taleyinin acılarını təsvir edirdi...Ümidsizlik burulğanında o, gəminin parçalanmasını arzu edir. Çünki o, ikili həyat içində həm var, həm də yoxdur...Şair sanki faciəvi sonluğuna fərman verir. Gündəlik həyat tərzinin sərhədlərindən uzaqlarda yarıyuxulu sərsəm kimi cəmiyyətdən uzaqlaşmaq, daxili hayqırtıları susdurmaq, ovunmaq mümkündürmü?! Fərqli düşüncə tərzində “yuxulu gerçəklər” yaşayır, sən heç vaxt öz yuxundan ayılmaq istəmirsən. Çünki orda sən özün kimisən, bir başqası deyilsən. O, özü taleyin “dalğalarında üzən sərxoş gəmidir”. Bu “sərxoşluq” sürrealist şeirlərində daha qabarıq özünü göstərir...Azad, yaradıcı insan kimi coşqun, bənzərsiz hisslərinin apokrifini yazmağa çalışır”. Deyilənə görə, sürrealizm yuxu ilə gerçəkliyin sintezidir. Fantasmoqorik formalar əsərlərin əsas nüvəsidir. Burda ruhun materializmlə əlaqələri qırılır, irrassional təfəkkür dominantlıq edir.
Z.Əsgərova sürrealizm ilə bağlı fikirlərinin nədən qaynaqlandığını belə bildirir: “Sürrealizm ilə qaravəlli arasında oxşar cəhətlər çoxdandır məni düşündürürdü. Lakin tapmacaların sürrealizm janrına uyğun təsvirləri böyük maraq oyadır.Sürrealzmdən fərqli olaraq qaravəllilərin məzəli, yalan dünyasında qəribə bir nikbinlik, həyatsevərlik var. “Badi-badi giriftar. Hamam hamam içində. Xəlbir saman içində. Dəvə dəlləklik edər. Köhnə hamam içində”. Yaxud: “Baldırı qırıq hörümçəyin belinə xurcunla minib çayı keçmək, ördək ətini altı yox qazanda bişirmək, çaxmağı yox tüfənglə quş vurmaq kimi təsvirlər sürrealizm deyil, bəs nədir? Həqiqəti nağılvari möcüzələrə çevirmək, heyrət doğuran formalar yaratmaq sən demə, elə qədimdən mövcud idi...Bəlkə də sürrealizm özü tapmacadır...” Lakin Avropada sürrealizmin yaranma köklərini orta əsrlərdə yaşayan dahi rəssam İeronim Bosxun “Xoşbəxtlər bağı” triptixi ilə əlaqələndirirlər. Əlbəttə, bu şəkili görənlər sürrealizmin bariz obrazlarını, heç kimə məlum olmayan, əcaib insan və heyvanlarda, süjetlərdə görə bilərlər. Əslində triptix üç hissədən ibarətdir. Cənnət, əraf və cəhənnəm səhnələri tamaşaçının diqqətini özünə cəlb edir. Sürrealizm bir cərəyan kimi XX əsrin əvvəllərində meydana gəlsə də, onunla yanaşı yeni yaradıcılıq üslublarında yazan müəlliflərin sayı çoxalmışdıı. İmajinizm, dadaizm, abstraksionizm, kubizm, futurizm sahəsində görkəmli yazıçılar, şairlər, rəssamlar meydana gəlmişdi. V.Mayakovski, S.Yesenin, P.Pikasso, V.Kandinskiy, S.Dali və başqalarının adlarını çəkmək olar. Bir çoxlarının niyə məhz yeni yaradıcılıq üslubunda əsərlər yaratdığının əsas səbəblərindən birini “Odiseya “Korablya durakov” kitabında oxuyuruq: “Karl Qustav Yunq yazırdı: “ Bu dünya dəhşətli hala düşdükcə, onun incəsənəti də abstraktdır, lakin dinc dövrdə isə realist incəsənət meydana gəlir.Məhz bir çox yeni cərəyanlar müharibələr dövründə intişar tapır...Birinci dünya müharibəsi illərində dünya öz harmoniyasını, rassionallığını incəsənət nümayəndələrinin gözündə itirəndə sanki həyat təsvirləri də öz məna və formasını itirməyə başladı”.
Kitabda şair Daniil Harmsın yaradıcılığı oxucuları maraqlandıra bilər. O, özünəməxsus xarakteri, epotaj geyimləri ilə cəmiyyətdə çox seçilirdi. O, deyirdi ki, şeiri elə yazmaq lazımdır ki, onu pəncərəyə atanda şüşəsi sınsın. Özünə yeni xarakterik obraz axtarırdı ki, kütlədən seçilsin. Uşaqları sevməsə də onlar haqqında qəribə məzmunlu şeirlər yazıb S.Marşakın köməkliyi ilə çap olunur və onun qonararı ilə birtəhər yaşayırdı.
O,1933-39-cu illər arasında “Hadisələr” adlı 30 absurd miniatür yazır. Onlardan biri “10 saylı mavi dəftər” adlanır. Müəllif yazır ki, bir kürən adam vardı, onun isə nə gözləri, qulaqları, saçları, bir sözlə heç nəyi yox idi. Amma nədənsə o, kürən adlanırdı. Miniatür bu fikirlərlə sona çatır: “Yaxşı olar ki, biz onun haqqında daha danışmayaq”. Mövlananın da bu fikirləri Harmsın fikirləri ilə səsləşir: “Nə əlbisələr gördüm içində adam geyinib müharibəyə qatılmaması üçün özünü psixikası pozulmuş xəstə kimi aparır və bu, onun xəstəxanaya düşməsinə səbəb olur. O, epotaj geyimini əsgər forması ilə heç cür dəyişə bilməzdi. Müharibədə iştirakdan qaçsa da Leninqrad blokadası zamanı acından xəstəxanada ölür.
“Sürrealizmin təfəkkür formaları” essesində bir-birindən maraqlı dahi müəlliflər haqqında təəssüf ki, yazmaq çox vaxt apara bilər. Harms haqqında qısa məlumatdan sonra Qoqolun “Sərsəmin gündəliyi” əsəri müəllif tərəfindən böyük məharətlə təhlil edilib. Əsərin baş qəhrəmanı Poprişev Peterburq departamentində kiçik məmurdur. Sənədlərin üzünü köçürməklə, direktorun stolunun üstünün tozunu silməklə məşğuldur. Direktorun qızı Sofiyaya olan cavabsız məhəbbəti və qəzetlərdə oxuduğu həyəcanlı xəbərlər onun ağlını əlindən alır. Poprişev itlərin bir-biri ilə yazışmasının şahidi olur və bildirir ki, yalnız zadəgan insan savadlı ola bilər.Muzdur tutulan insanın məktublarında nə vergül, nə nöqtə yoxdur. Poprrişev özü isə artıq yazdığı gündəliyində zaman və məkan anlayışını çaşdırır.
Gündəliyində qeyd edir ki, 2000-ci il 43 apreldə İspaniyada kral tapılmışdır. 86 martobryada gündüz və gecə arasında departamentin direktoru probkadır (tıxacdır) direktor deyil. Üç həftə özbaşınalıq edib işə çıxmır, lakin işə qayıdarkən özünü İspaniyanın kralı kimi aparır. Gündəliyindəki son tarixi 34 fevral 349-cu il psixatriya xəstəxanasında qoyur. O, özünü İspaniyanın VIII Ferdinandı adlandırır. 2000-ci ildə İspaniyanın həqiqi kralı Xuan Karlos I de Burbon olmuşdur. Poprişev yalançı Ferdinand tarixə əsl kral kimi düşməsə də ədəbiyyat tarixində yaşayır. Öz böyük, əlçatmaq arzularına çata bilməyən insan öz faciəsini görmür, uydurulmuş xəyallar aləmidə yaşayır. Özünü İspaniyanın kralı kimi təsəvvür edir. Belinski Qoqolun bu əsərini fəlsəfi dərinliyinə görə Şekspirə layiq povest kimi qiymətləndirir. Belə bir aforizm var: “Ağıllı insan başqa bir ağıllı insanın qarşısında səfeh kimi görünməkən çəkinmir”. Özünün və başqasının dəyərini bilən insanlar qaranlıqda günəş kimidirlər, onların işığında kor qalmaq mümkün deyil.
Zöhrə Əsgərova kitabı təsadüfən “Axmaqlar gəmisinin” odiseyası” adlandırmayıb. Kitabın üz qabığında İ.Bosxun “Axmaqlar gəmisi”nin şəkili var. Gəminin göyərtəsində qəmli oturan təlxək sərxoşluq, əyyaşlıq edən din adamlarından üz çevirərək harasa uzaqlara baxır. Gəmi əslində sahildə uzun illərdir lövbər salmış, hətta onun içində ağac bitmişdir. Ətalət içində yaşayanlar əlbəttə, əsl həyatın gözəlliklərinə kordur. Zöhrə Əsgərova XXI əsrin yeni gəmisinə yeni sərnişinləri dəvət edir. Möcüzələrlə dolu bu gəmi müdriklik bayrağı altında insanları xoşbəxt arzularının sahillərinə aparmağa hazırdır. Əsas odur ki, təmiz, nəcib arzuları həyata keçirmək, insanlara layiq olduğu səadəti, dəyəri vermək üçün birliyə, həmrəyliyə nail olaq.
Xanım Əsgərovanın “Varlığımız ağlımızın güzgüsüdür”də də fəlsəfi düşüncələr baxımından diqqətçəkən məqamlar çoxdur:
“Deyirəm, dünyada ən güclü dualardan biridir: “Allah, ağlımızı əlimizdən almasın”. əgər ağıl əldən gedibsə hər şeyi itirmisən. əslində yazı qarmaqarışıq dünyada öz məhvərindən çıxmayan, ağlını azmayan, öz milli mənəviyyatına hörmət və qayğıyla yanaşan insanlar üçün nəzərdə tutulub. (Bu adamların xəritədə dəqiq coğrafiyası yoxdur. Yaxşı adam elə hər yerdə yaxşıdır.) Ey dünyanın yaraşığı, nicatı olan müdrik adamlar, sizin elminiz, helminiz olmasaydı biz kimə ürəyimizi açardıq?! Qədim filosof Baltasar Qrasian gözəl deyib: “Fikirlərini sükut məbədində gizlət, ancaq ağıllı adamlar üçün üzə çıxart.” Qədim zamanlardan bəri insanlar orakullara, bütlərə, qəbilə başçılarına, müxtəlif din nümayəndələrinə və indi də psixoloqlara öz ürəyini açıb mənəvi yardım almaq ümidindədirlər. (Belə ünsiyyətə sərsəmlər könüllü gedə bilməzlər.) Cəmiyyətdə tarazlığı qorumağa çalışanların çox vaxt səsi, harayı zamanın ritmində, dəli sürətində, burulğanında eşidilmir. Bildiyiniz kimi, gözəl görünən şeytani həvəslər baş alıb getməkdədir...
Bəşəriyyətə öz məhəbbətini, səxavətini təmənnasız paylayanlara
tərcüməçi lazım deyil. Xeyirxahlıq üçün uzanan əlin məqsədi lüğətsiz də aydındır. Təkcə pislik, şər həmişə özünə bəraət qazandırmağa çalışır, neçə dildə özünə tərcüməçi, silahdaş, vəkil axtarır. Görən son vaxtlar dünyada niyə daha çox sərsəm küləklər, fırtınalar meydan oxuyur? Şərə meyilli çılğın insanların ağlını əlindən alır. (Allahdan ayrı düşənlər öz bəndə, vətəndaş borcunu cəmiyyət, ailə qarşısında unudanda yerlə göy arasında harmoniya pozulanda, ağa qara deyəndə sabahkı acı aqibətimiz əməllərimizə sərt cavabdır.) Fikirlər finiş xəttinə çatdıqca qəmli, yorğun təəssüratlarla üz-üzə qalmaq istəmirsən. əslində insanı xoşbəxt etmək üçün o qədər də çox şey lazım deyil. Axı, ilk baxışdan dünyanı ağıllı insanlar idarə edir. Dünyanın qaynar nöqtələrində haqq, ədalət iftira və zalımlığın köləsinə çevrilirsə, şüurlara siyasi evfemizm üsullarıyla təsir edilərək, başqasının ərazisinə hücum “müdafiə reaksiyası” termini ilə əvəz olunub çirkin əməllərə bəraət qazandırılırsa, onda dahi sərsəmlərə hörmətimiz daha da artmalıdır. Çünki onlar öz əsərlərində məhəbbəti, gözəlliyi, xeyirxahlığı, mərdliyi, cəngavərliyi və buna bənzər bir çox əxlaqi keyfiyyətləri, hissləri bəşəriyyətə bəxş edə bilmişlər...Onlar insanlara vətənpərvərliyi, sevməyi, yaşamağı öyrətmişlər, ölməyi yox. əgər elm və mədəniyyət bəşəriyyətin gələcəyi naminə dominant qüvvə kimi dünyada siyasi qüvvələri tənzimləyə, sağlam mövqeyə yönəldə bilsəydi, bu müsbət təcrübə milyonlarla insanlara yeni xoşbəxt həyat bəxş edərdi...(Amma təəssüf ki, bu strategiya bir çox siyasətçilərin, təcavüzkarların məqsəd və qanlı planları ilə üst-üstə düşmür.)
Başında küləklər əsən adamların bəd əməllərinin günahsız qurbanlarının sayı bitib tükənmir, qəbristanlıqlar böyüyüb şəhərciyə dönür. Xüsusilə, aclıqdan, səfalətdən ölən, müharibə şəhidləri olan minlərlə məsum uşaqlara sərsəm dünyamız vaxtsız ölümdən savayı nə verir? !
Nazim Hikmət demişkən:
Cocuqlara kıymayın efendilər,
Bulutlar adam öldürmesin.
"Tarixi yaddaş və qondarma əhvalatlar" kitabının təhlili mözü ayrıca böyük bir yazının mövzusudur.Yüzlərlə əhəmiyyətli məqamlardan yalnız bir-ikisinə diqqət yetirək:
“A.Dobrolyubovun (1876-1945) fikrincə, insanlar arasında həmrəylik təbii vəziyyətdir, əsarət isə qeyri-normal siyasi quruluş kimi məhv edilməlidir.
Rus yazıçısı L.N.Tolstoyun da filosof kimi “Mənim etiqadım nədən ibarətdir?”, “Etiraf” adlı yazılarında xristianlığa və kilsə xadimlərinə öz şəxsi münasibətini bildirmişdir.Bu haqda geniş şərh verməyə məncə ehtiyac yoxdur.Çünki L.N.Tolstoyun xristian dininə aid fikirləri haqda çox yazılmışdır.
L.N.Tolstoy zorakılıqsız anarxiya ideologiyasını işləyib hazırlamışdı. “İnqilab zorakılıqla deyil, hər bir cəmiyyətin üzvü dövlət işinin icrasından könüllü surətdə imtina etməlidir”.”Zorakılıqsız müqavimət” ideyasını “Allah səltənəti bizim daxilimizdədir” əsərində şərh edib.O, mədəniyyəti din üzərində qurmağın əleyhinə idi. “Zorakılıqsız müqavimət” prinsipinin apoloqeti L.N.Tolstoy peyğəmbərlərdən tutmuş qədim filosoflara qədər onların təlimlərini öyrənirdi.
Yeri gəlmişkən qeyd edək ki, Mahatma Qandi 1909-cu ildən başlayaraq, Londonda təhsil alarkən L.N.Tolstoyla tez-tez məktublaşmağa başlayır.O da tolstoyçu kimi onun əsas beş prinsipini qəbul edir:qəzəblənməmək, zina etməmək, and içməmək, şərə zorakılıqla müqavimət göstərməmək, öz düşmənini yaxının kimi sevmək.
Tolstoy öz yazılarında “vicdan” sözünü işlədirdi.Qəribə o idi ki, hind dilində “vicdan” sözündən istifadə olunmur.Mahatma Qandi isə yazırdı ki, Tolstoyun insanın vicdanın səsinə qulaq asmaq çağırışı qədim hind mənbələrində belə ifadə olunur: daxili duyğu, daxili səs, daxili görmə qabiliyyəti.Əsas odur ki, o həqiqət, vicdan, daxili səs qəlbində pak doğulsun...
Yazıçı Lev Tolstoyun dərin fəlsəfi baxışları Qandinin dünyagörüşünü tamam dəyişir.Bu fəlsəfə Qandiyə böyük təsir göstərir.Hindistanın İngiltərənin əsarətindən dinc yolla azad olunmasına Mahatma Qandi nail ola bilir.O, hindlilərlə müsəlmanlar arasında barışığa, kastaların aradan götürülməsinə çalışırdı...”
Kitabın ikinci hissəsində islam haqqında bir çox dünya mütəfəkkirlərinin, şərqşünasların fikirləri, səmimi etirafları öz əksini tapıb.
Milliyyətcə polyak olsa da, Şamaxıda doğulub böyümüş şərqşünas Teodor Şumovskinin Quranın poetik tərcüməsi isə dünyanın şərqşünaslıq sahəsində ən qiymətli kitablardan biri sayılır. Onun "Quran" Şumovskinin bədii tərcüməsi" kitabından görünür ki, Şamaxının insanları, təbiəti ilə yanaşı, müsəlman xalqın dini inancları da gənc Teodorun islama münasibətində əhəmiyyətli rol oynayıb. Bu sözlər isə onundur: "İnqilablar baş qaldırmış dağılmış, dövlətlər əmələ gəlmiş məhv olmuş, insanın gözləri qarşısında yeni ölkələr yaranmış Quran isə yaşayıb yaşayır".
"Zaman kitabı deyil, kitab zamanı öz içində yaşatmağa qadirdir. Məhz buna görə dillərdə həqiqətin ucalması salnaməçilərin, tarixçilərin, alimlərin, yazıçıların siyasi mövqeyindən və əqidəsindən çox asılıdır. Kəskin sözlərlə xalqlar arasında soyuq müharibələr, ədalətli sözlərlə sülh yaratmaq olar... Biz sülhün, ədalətin tərəfdarıyıq!"- deyir Zöhrə xanım...
1956-cı ilə Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Xruşov Böyük Britaniyanın kraliçası Yelizavettaya qızılı rəngli Zaman adlı Qarabağ atını hədiyyə göndərmişdi.
Hədiyyəni Ağdam Atçılıq Zavodundan Bakıya tanınmış jokey Əli Tağıyev gətirir. Sonra Biləcəridən qatarla Rusiyaya, oradan isə gəmi ilə Böyük Britaniyaya aparır.
Amma Britaniyada at xəstələnir. Atın xəstəliyi ilə bağlı olaraq baytarlar deyirlər ki, at vətənin həsrətini çəkir və onun başqa heç bir xəstəliyi yoxdur. Bir müddət sonra isə Zaman adlı at, Qarabağ – vətən həsrəti çəkərək ölür.
Bəxtiyar Vahabzadə 1976-cı ilə Şəkidə bu hadisəyə “Qarabağ atı” şeirini yazır.
Cıdır düzü…
Sinəsində at oynaqlar,
Cıdır düzü –
İgidliyin arayışı –
Üstündə də nal ləpiri möhür bağlar.
Qarabağın cins atları –
hünərimin kişnərtisi,
Toppuzların gurultusu,
Qılıncların parıltısı,
Neştər səsi!
Qarabağın kürən atı –
Döyüşlərdə arxasıdır
Koroğlunun,
Bayandurun.
Cilovunu gəmirdimi,
hünəriniz varsa əgər o qızmamış,
Qamçıların hədəsinə dayandırın!
Kişnədimi o uçacaq.
Kişnərtisi – qanadları!
Qamçı vurma!
Qamçı yola gətirənni cins atları?
Zaman keçdi,
Zəmanəmdə “Qırat”, “Dürat”, “Zaman” oldu
İgidliyi kitablara köçürüldü.
Yaddaşlarda unuduldu.
“Zaman” atım, aman atım!
Keçmişimdən bu günümə amanatım!..
Zöhrə xanım xalqının amanatlarına heç zaman biganə qalmayıb. Qələmə aldığı “Nalın tarixi möhürləri”ndə at, o cümlədən Qarabağ atı barədəki qeydləri insanın könlünə xoş ovqat bəxş edir:
“...Qarabağın xan zavodlarında əsasən üç cins atlar saxlanılıb:Maymun, Qarnıyırtıq, Əliyetməz. 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində iştirak edərək Maymun gümüş, Toxmaq bürünc, Usmiyevlərin (Xan qızı Natəvanın) Əyilməz adlı atı isə attestata layiq görülüb. Qarabağın xan zavodları nəinki Rusiya atçılığına, Avropa dövlətlərinin atçılığına da az təsir göstərməyib.Yeri gəlmişkən qeyd edək ki, məşhur rəssam Vasiliy Vereşaqin Qarabağda olmuş, onun füsunkar təbiətinə vurulmuşdu.Rus rəssamı bir çox ölkələrin qaynar nöqtələrində xalqların milli xüsusiyyətlərini hadisələrin fonunda peşəkarlıqla çəkə bilmişdir.V.Vereşaqin həyatı boyu çox atlar görmüşdü.Lakin 1870-ci ildə o, Qarabağa səfəri zamanı öz təəssüratlarında yazır: “Həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur.Heç bir yerdə bu cür atlar görməmişəm.Mən orada bir cins atın rəsmini çəkdim”. Maraqlıdır ki, L.Tolstoyun “Hərb və sülh” romanında Nataşa Rostovanın qardaşı Petyanın sevimli atının adı Qarabağ idi...
...Kim deyə bilər ki,Stalini at üstündə görüb. Onun əli hər şeyə çatsa da, təkcə ata çata bilməmişdi. Əslində onun bir əli yarışikəst, üstəlik də insan kimi çevik deyildi. Stalin “troyan atına” daha çox üstünlük verirdi. Soruşa bilərsiniz ki, troyan atı hara, o hara? Deyilənə görə, Stalin vaxtaşırı Beriyadan soruşur ki, Lavrentiy, Troyan atından nə xəbər?“Troyan atı” kodu altında gizli qulaq asmaq üçün istifadə olunan kiçik bir aparat nəzərdə tutulurdu.Bu gözəgörünməz “troyan atından” nə qədər informasiyalar əldə edilib?! Əslində Troyan atı namərdlik rəmzidir. Kəşfiyyatda ondan çox istifadə olunub, nəhəng ölçüdən tutmuş, ən kiçik modelinə qədər...
Amma tarix üçün gizli qalsa da, Stalin də başqa kişilər kimi at belində oturmaq arzusunda olub. Oğlunun dediyinə görə, o, Möskvada hərbi paradı ağ atın üstündə şəxsən özü qəbul etmək arzusundaydı, lakin o, atın qarşısında aciz qalır. Ata minməyə çalışarkən yıxılıb əzilmişdi. Bu hadisə uzun illər hamıdan gizlin saxlanıldı. Hakimiyyətdə ondan güclü, vəzifədə ondan yüksəkdə duran adam yox idi, amma o, ata qalib gələ bilmədi. Stalin ata minə bilməyəcəyini başa düşüb bir gün S.Budyonnını yanına cağırıb deyir ki, Qızıl meydanda parad üçün qələbə və şöhrət rəmzi olan yaxşı cins atlar tapsın. S.Budyonnı Stalinin tapşırığını tez bir zamanda yerinə yetirir, yaxşı cins atlar tapa bilir. Marşal Jukov və Rokosovski bir ay ərzində atda məşq edirlər. (Jukovun atının adı “Kumir”, Rokosovskinin atının adı isə “Polyus” idi.) Qələbə paradından əvvəl xüsusi bərbər atların zahiri gözəlliyi üçün əlindən gələni əsirgəmir, onları daha cazibədar edir. Yəqin ki, cavan nəsl televizor ekranından Sovetlər ölkəsinin Qızıl Meydanında ağ və qara atın şahanə yerişini, görkəmini xatırlayır. 1948-ci ildən sonra Stalin paradda ağ atdan istifadə edilməsinə qadağa qoyur. Çünki ağ at ona Jukovu xatırladırdı. Artıq marşal yüksək vəzifələrdən çıxarılmışdı. Gördüyünüz kimi, at da şəxsiyyətə pərəstişin qurbanına çevrilıb keçmiş yiyəsi Jukov kimi unudulur. Onu unutmaq istəməyənlər isə 1995-ci ildə Jukovun at üstündə məğrur heykəlini Moskvanın Manej meydanında ucaldırlar…
Alimlərin fikrinə görə, at insan kimi yuxu görmək qabiliyyətinə malikdir. Görəsən, o yuxularda insanların atlarla ünsiyyətini necə dəyərləndirir?Deyilənə görə, atlar hər gün sübh vaxtı Allaha dua edir: “Ya Allah, Adəm övladlarına itaət etməyimi əmr etmisən, məni onların gözündə sevimli et.” Bir də deyirlər ki, cins atın olduğu həyətə şeytan girməz. At çox qürurlu bir varlıqdır. (Nədənsə ona heyvan demək istəmirəm.) O başqa atın qabağındakı yemin artığına toxunmaz, hər otu da xoşlamaz. Əgər yemində alaq otu olsa onu səliqə ilə ayırıb yeməz. Amma bir cəhəti də var ki, şəffaf suyu bulandırıb içər...
Deyilənə görə, 25-30 il yaşayan at çox nadir hallarda uzun ömürlü olur. Məsələn, 1760-cı ildə doğulan Old Bill adlı at bir insan ömrü qədər, 62 il yaşamış, hal-hazırda Mançester muzeyində onun kəllə sümüyü saxlanılır. İnsanın ata, yoxsa atın insana olan böyük məhəbbətindən Old Bill bu qədər yaşaya bilib?..
Deyirlər, ata qırmanc almaq yox, ot vermək lazımdır, o, hər hansı bir təhlükə anında bizi xilas edə bilər. O öz kasıb tövləsində yatanda da ayaq üstə yatır, həmişə insanın köməyinə hazır olan təmənnasız dost kimi...”
Zöhrə xanım necə deyərlər, “dünyanı görmüş” peşəkar incəsənətçidir. Hələ sovet dönəmində çox insanların sərhədləri aşmağa cürəti olmayanda, o, turizm sahəsində rəhbər vəzifədə olan həyat yoldaşı ilə neçə-neçə ölkələri səyahət etmişdir. Dünyanın ən məşhur tarixi abidələri, tikililəri, muzeyləri, sarayları, kitabxanaları, mədəniyyət, incəsənət ocaqlarını və rəssamlıq sərgilərini ziyarət edən Zöhrə xanımla dəfələrlə teatrlarda olmuşuq.Teatra onun özəl münasibəti var. Yaxından tanıdığı istedadlı aktyor Fuad Poladovun yaxşı sənətkarlıqla bərabər, dəyərli bir şəxsiyyət olmasından mənə çox danışıb. Şəxsiyyət, sima, xarakter sahibi olmayan heç bir sənətkar onun qəlbində yuva qura bilmir. Qələmə aldığı “Mən ölməmişəm, gözəgörünməzə qovuşuram” yazısı bu unudulmaz sənətkara həsr olunub:
“Mən Fuad Poladovun uzun illər çalışdığı teatr səhnələrində və kino filmlərdəki rollarından danışmaqdan çox uzağam. Atalar demişkən, görünən dağa nə bələdçi. Vaxtı ikən ürəklənib onun haqqında yazmadığım ürək sözlərimi gec də olsa etiraf etmək istəyirəm. Lakin təəssüf ki, bu, vida yazısıdır.
Mən memar olsaydım onun məğrur heykəlini yaradardım, rəssam olsaydım portretini çəkərdim. Yaradıcılıq zirvəsini fəth edən bir sənət adamı kimi. Sağ olsaydı, bəlkə də bu fikirlərlə razılaşmazdı. Çünki o, həmişə təvazökarlıq göstərib, özünü sıravi aktyorlardan biri kimi adlandırardı. Qəribədir, istedadlı insanlar ucaldığı zirvədə öz tənhalığını daha çox hiss
edirlər...Fuad Poladov da bu mənəvi tənhalığın zirvəsindəydi, Hamlet kimi. “Olum ya ölüm, budur məsələ, hansı şərəflidir? Azğın taleyin müdhiş oxlarına susub dözməkmi yoxsa fəlakətlər dənizlərinə qarşı silahlanıb üsyanmı etmək ya qələbə çalmaq, ya həlak olmaq?” O, bu monoloqda inanıram ki, qələbə çalmağa üstünlük verərdi.
Onun teatr səhnəsində oynadığı şah Qacar, Hamlet rolları azərbaycan tamaşaçısına Fuad Poladovun ifasında nə verdi? Əslində bu, aktyorun bəşəri hisslərini, azad şəxsiyyətin əzəmətini göstərən ləyaqətinin təcəssümü idi. Şekspir həyatı teatr adlandırmış, lakin bu “teatrda” aktyorlar deyil, insanlar öz obrazlarını olduğu kimi qrimsiz təqdim edir. Bu insanlardan biri Fuad Poladovdur.
O, başqalarından fərqli olaraq, evə, işə, tədbirlərə ictimai nəqliyyatla, piyada gedirdi. Demək olar ki, öz fikirləri ilə tək qalmaq, fikrini yayındırmamaq üçündür . Dönə-dönə onu metroya daxil olan görmüşəm. Başı aşağı iri addımlarla yol gedirdi. Onun yerişində də bir əzəmət duyulurdu, sanki gizli fikirləri də addımlarının səsinə qarışır, sükutu da danışırdı. Hansı monoloqlar doğulub yaşayırdı onun qəlbində? Əgər ağır xəstəlik olmasaydı Fuad Poladovun polad kimi iradəsi sarsılmazdı...Verilişlərin birində o, demişdi ki, metroda üzbəüz oturan baba ilə nəvəni müşahidə etməsi nəticəsində Gənclik dayanacağında düşmək əvəzinə Əhmədli dayanacağında düşmüşdü. Kasıb bir babanın əngəlli olan nəvəsi ilə mehriban, səbrli davranışı Fuad Poladovu yaman təsirləndirmişdi. Zahirən zabitəli görünən bu insannın əslində çox kövrək, həssas qəlbi var idi. Müsahibələrinin birində qeyd etmişdi ki, mən narahat olanda rahat oluram, narahatamsa deməli, mən yaşayıram...”
“Qadın-həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.Qadın Yer üzündə gözəllik, lətafət nümunəsidir, o, həyatın fəlakətli və ağır dəqiqələrində kişinin təsəllivericisidir, onun sevinci və iftixarıdır”. Vissarion Qriqoryeviç Belinskinin bu sözləri gözlərim önündə ilk əvvəl nümunəvi ömür-gün yoldaşı, ana kimi Zöhrə xanımı və onun ailəsini canlandırır. Vəfadarı, həyat yoldaşı Fərhad müəllim gözəl insan, qayğıkeş ata, ziyalı adam idi. Zöhrə xanımı çox sevir, ona “mənim qoruyucu mələyim” deyirdi. Ailədə hər kəsin öz yeri, bir-birinə xətir-hörmət vardı. Qızları Fidan və Leyla ata-ana mehribanlığının, ünsiyyətinin isti nəfəsində böyüyüblər. Əfsus ki, taleyin yazılmayan qanunları daha çox yaxşı insanları sınaqlara tuş gətirir. Amansız xəstəliyi zamanı Zöhrə xanım Fərhad müəllimə tək ömür yoldaşı deyil, sözün əsl mənasında ona ANA, BACI oldu. Həftələrlə, illərlə yuxusuz gecələr keçirən, başının üstündən bir an belə aralanmayan, qayğılar aləmində çarpışan bu cəfakeş, əzəmətli qadın, ailə başçısının bircə gün də olsa ömrünün uzadılması yolunda bütün qüvvəsi ilə çalışdı.
Fərhad müəllim haqq dünyasına qovuşandan sonra onun “qoruyucu mələyi” övladlarının, ocağının “pərvanəsinə” döndü. Zöhrə xanımın “Mirvari toy” əsəri sevimli həyat yoldaşının xatirəsinə ithaf olunub.
İndi Fərhad müəllimin ruhu şaddır. Fidan və Leyla gözəl ailə qurub, hər ikisi anadır. Qızlarının həm də rəfiqəsi kimi Zöhrə xanım öz valideynlik şərəfini daim ucaltmaqdadır.Nəvələrini, kürəkənlərini olduqca sevən, onlardan bir an kənarda qərar tuta bilməyən Zöhrə nənə balalarını tez-tez sevindirmək üçün yen-yeni məqamlar, sürprizlər axtarışında olur.
O, gerçəkdən “dünya ilə barışıb”. “Dünya, barışmışam səninlə” – deyib:
“Vaxt vardı xoşbəxtliyimin görüşünə uşaq kimi atılardım, sanki dünyanı köksümə sıxardım. Zamanın əbədiyyət sükutundan xəbərsiz saat əqrəbiylə yarışa qoşulub tanımadığım gələcəyə tələsərdim. Dünyanı niyə ümid qapısı bilirdim? O qapının açarı yox. Həsrət dumanına bürünmüşəm.Gördüyümü eşitmirəm, eşitdiyimi görmürəm. Unudulan xoşbəxtliyin kölgəsində tənha gəzirəm.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya,altı gör dünya.
Dünya insanları həvəslə qarşılayıb qəmgin yola salır. Başı yaman qarışıqdır. Hamı kimi mən də şirindil dünyaya inanıb gəncliyimi verdim ona əmanət. Qocaların gözündə cavan, cavanların gözündə qoca dünya, yolları çiyninə xurcun edib nə yığıb, nə paylayırsan? Çox arzularım zamanın kor ələyindən yarımçıq ələnib. Halvasını çalmışam vaxtsız ölən istəklərimin. Yaddır öz-özümə qismətim.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya, altı gor dünya.
Torpaq da od tutur namərd, zalım fitnəsindən. Həqiqətin günəşinə namərd kordur. Namərdlərin torunda zülməti yara-yara alışıb-yanan səsim söz atında elə bil şahə qalxır. Səbrim doğrandıqca sözüm ilan kimi qıvrılıb düşmənin qılıncını yerə salır. Dünya kimlərə qalıb?
Sözlərimə bələnib yol tək uzanıb gedir dünya. Dilimdə dünya sözdür. Gözümdə dünya gözdür.Mən gözlərimi yumsam da dünya dirigözlüdür. Verdiyi nə vardısa hər şeyim onda qalıb.
Üzü dönüb dünyanın. Daha səsimi eşitmir kar dünya altı gor dünya.
Məclislərdə söz incilərim-boyunbağım, qolbağım. Hikmətli sözlər başımda tacım. Daha mənə özgə parılti nə lazım? Fikirlərimin sahilində ləpələnir sözlərim. Bu sahildə balıqlar da nağıllaşıb dilə gəlir.Torpaqla yağış, külək dillərində danışırıq. Belə fürsət düşməz ələ.
Hamı özü kimi səni tanıdı dünya. Göylərə qonşu dünya, sən olduğun kimisən. Bağışla mənim gileyimi yaşanan illərimə. Səni görməyə dəyər, səni sevməyə dəyər...
Xoşbəxt nəvələrimin gülüşlərinə hay verən, uşaqlaşan dünya, daha barışmışam səninlə...”
Qayğı çələngidir ana istəyi,
Hopdu iliyə, qana istəyi.
Ana məhəbbəti uçmaz qəsirdir
Hamı ömrü boyu ona əsirdir.
Şair necə gözəl deyib... Doğrudan da dünyanın misli bərabəri olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır.
Ana həsrəti, ana yanğısı nənə yaşlarında belə onu geriyə, uzaqlara boylandırır, analar anası olan bir qadının, bir xanımın, bir yazıçının, bir söz sənətkarının, bir ictimai xadimin gözləri yenə ana axtarır, ana haraylayır, sığınmağa ana qucağı axtarır. Bir Zöhrə Ulduzu tək parlayıb ürəklərə, ruhlara nur çiləyən ana, sanki səmalara üz tutub ulduzlar kəhkəşanından ana soraqlayır. Analar necə də möhtac qalarmış analarına! Ana nisgili ilə qələm də sızıldayarmış.
Vaxtilə Höte deyirdi ki, heç kim qollarında bir uşaq tutan ana qədər cazibədar və bir neçə uşaq arasındakı bir ana qədər hörmətli deyil. Doğrudur! Avraam Linkoln ürək və səmimiyyətlə etiraf edir: “Mənə, oxuduğum kitabların ən gözəlinin hansı olduğunu soruşsanız, deyəcəm: Anamdır”.
Zöhrə xanım redaktor kimi saysız-hesabsız kitablar oxudu, yazıçı kimi saysız-hesabsız yazılar yazdı. Mən öz varlığım tək əminəm ki, əgər dünən də, bu gün də, sabah da Zöhrə xanıma “oxudugunuz və yazdığınız kitabların ən gözəli hansıdır?” sualı verilsəydi, o, cavab verərdi: “ANAM!” Bunlar onun sözləridir:
“...Mən anama baxmaqdan doymurdum...Başımı onun dizləri üstə qoydum...Bu xoşbəxt anların şirinliyini, əvəzsiz olduğunu indi daha çox hiss edirdim”.
“Varlığınla sevindiyim günlər ömrümün naxışlarıydı, indi sənsiz bu naxışlar solğundur, qəmlidir, ana! Qəm, qəm çəkənin həmdəmidir.Sənsiz açılan səhərlərim sənsizliyə açılır. Sənsiz doğan günəş, ürəyimi isitmir, ana!..Sevincimdə, qəmimdə sənin özgə yerin var-ürəyimin başında, gözlərimin yaşında. Sənsiz ana, ağbirçək olmuşam cavan yaşımda. Ağ saçlar utanır cavan yaşımdan...”
“Allahın ən böyük möcüzəsidir Ana məhəbbəti. Keçmiş günlərimin xatirələri “xəyallarımın muzeyində” yaşayır. Xatirələr divarından uşaqlığımın gəlinciklərini, rəngbərəng paltarlarımı, bir də anamın cavanlıq şəkillərini asmışam. Üzümü şəklinə dayayıram. Ürəyimin döyüntüləri artdıqca sanki şəkilə ruh verir. Bəlkə divarların da yaddaşı oyana...
Uşaqlıq şəkillərim analı günlərimin yadigarlarıdır. Onda elə bilirdim ki, anam həmişə belə gözəl, yaraşıqlı qalacaq və mənim qayğımı çəkə-çəkə nə yorulacaq, nə də qocalacaq. Məni dünyaya gətirən ana məni də ana görəndən sonra rahatlaşdı. Daha mən də anam kimi balama gözümün işığını, qəlbimin sevgisini verməkdən yorulmurdum. Elə bilirdim ki, günəş körpəmin təbəssümündə, gözlərində doğulur.
Yaşa dolsam da, anamın sevgisi, nəfəsi hələ də həyatımda çatışmır. Anasız dünya kimə gərəkdir? İndi nə qədər “ana” desəm də, analı günlərimin heç kandarında belə dayana bilmərəm. Ancaq səninlə mən əsl “mən” idim, ana! Səninlə elə bil dağa söykənirdim. Zirvəsi qarlı dağlar sənin ağ saçlarına bənzəyirdi, bəlkə ona görə dağları çox sevirdim...Sənin məhəbbətin göylər qədər hüdudsuz idi, bəlkə ona görə səmanı çox sevirdim. Göy qurşağı göylərin xalısıdır. Elə bil cənnətin rəngləri düşüb ora... İndi xoşbəxt səmamı sənsizliyin qara buludları bürüyüb, ana!”
“Anacan, sən dünyanı dəyişəndən sonra mən də “öldüm”. Ancaq mən elə “ölmüşdüm” ki, bunu özümdən savayı heç kim bilmirdi. Əllərimin gördüyü işlər ürəyimdən xəbərsiz idi. Köməksiz körpə kimi doğma ana qucağını, nəfəsini gəzirdim. Yenidən dil açmışdım, yenidən addım atmaq öyrənmişdim. Uşaqlıqda ağlayanda nazımla oynayar, göz yaşımı qurutmağa çalışardın. Sənin sığalın mənə hər şeyi unutdurardı. Sənli günlərdə uşaqlığımın bəzən yerli-yersiz axıtdığı göz yaşlarım çoxdan quruyub, ana. Sənsiz günlərin isə göz yaşı qurumur. Əbədi payız imiş sənsizlik, ana!..”
“...Tənhalıq dünyamda şirin xəyallarımın, keçmiş sevinclərimin, gülüşlərimin indi lal sükutuna dalıram.Uşaqlıq ona görə ən xoşbəxt bir dünyadır ki, orda “ölüm” sözü yoxdur, hər şey əbədi və təbii görünür sənə. Həyat bütün rəngləri ilə uşaq qəlbimizi fəth edə bilirdi.
Yeraltı çaylar kimi göz yaşlarımız qəlbimizə axır.Dünya ahımızdan tərləmiş güzgüyə bənzəyir.İtirdiyimiz doğmaların nisgili sönmüş tonqal kimi içimizdə tüstülənir.Keçmişdən qopan bu günümüz nə özümüzə, nə də xoşbəxt arzularımıza bənzəmir.
Ana, keçmişə qonaq çağır məni.Doğma evimiz üçün yaman darıxmışam. Bəlkə köhnə evimiz gözləyir bizi...Divarlarda səsimiz yaşayır...Keçmişə qonaq getsəm də, ordan mənimlə heç nə qayıtmayacaq...Nə sən, nə uşaqlığım...”
“Əvvəllər ən yaxın qonşu qohumdan, telefondan da sənə əziz idi.İndi əl telefonu qulağımızdan, gözümüz bilgisayardan çəkilmir.İnsanlar bir-birinə yadlaşır, tənhalaşır. İnsanı əvəz edən əyləncələr, vasitələr çoxalır.
Əlimə fürsət düşsəydi, anama əl telefonu ilə zəng vurardım.Keçmişdə ona ona tez-tez zəng edə bilmədiyim günlərin, ayrılıqların əvəzini çıxardım.Küsməyi ilə barışmağı bir olan anamın yəqin ki, ruhu məni bağışlayar. Ananı başa düşmək, ona öz layiq olduğu dəyəri vermək üçün nə qədər vaxt ötməliydi? Mən ana və nənə olsam da, onun məhəbbət və qayğısına yenə ehtiyacım var.Mənəvi yaralarımın üstündə qurduğum xoşbəxtliyimin hələ də bir gözü gülür, bir gözü ağlayır.Yaxşı ki, hərdən yuxularımda görüşürük.Bilmirəm, görüşümüz yerdə, yoxsa göydə baş tutur?”
Əzizim Zöhrə xanım, Nikolay Ostrovskinin bu düşündürücü sözlərini unutmaq olmaz: “Analar, hər şeyi görməsələr belə, ürəkləriylə eşidərlər”.
Analar, onların ruhu o zaman səadətə qovuşur ki, övladları öz parlaq mənəviyyatı ilə düz yolla yaşayır, düz yolla düşünür, düz yolla gedir, düz yolla çalışır. Xalqı üçün belə övladlar dünyaya gətirib öz halal südü ilə onu millətinin düz yolla tərəqqi etməsi üçün böyüdən ANALAR da, onların ruhu da xoşbəxt olur. Siz xoşbəxt bir ananın xoşbəxt övladısıniz. Çünki daim ananızın arzuları ilə yaşamısınız; ağılla, müdrikliklə, alicənablıqla, halallıqla, zəhmətlə, namusla, qeyrətlə, vicdanla. Qazandığınız ad-sana öz gecəli-gündüzlü əməyinizlə qovuşmusunuz. Səkinə ana hər şeyi görməsə də, ürəyi ilə bunların hamısını eşidir. Mən qürurla deyirəm: “Ananızın ruhu daim sevinir, çünki o, xoşbəxtdir, yetər ki, siz bu ruhu daim təbəssümlə qarşılayasınız, çünki onun məhz bu təbəssümə ehtiyacı var, onun ruhunu yalnız övlad təbəssümü sevindirə bilər, kədəri yox!”
Dostum, bu yazımdakı son sözlərim nə ola bilər?Bu şərəfli ömründə mənə ayırdığın paya görə sənə çox minnətdaram! Varlığına, mənalı söhbətlərinə, işıqlı təfəkkürünə, həyatımda olduğuna, sədaqətinə, sözün, zəkanın, əməlin kəhkəşanında Zöhrə Ulduzum tək parladığına görə sənə ürəkdən təşəkkür edirəm! Səni öpürəm, Zöhrə Ulduzum, bağrıma basır və 2 aprel 1951-ci il tarixli “70 yaşın mübarək olsun!” – deyirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM