Publisist-politoloq
13 fevral - dünya şöhrətli rus yazıçısı, dramaturqu, şairi, publisisti, naşiri, təmsilçisi İ.A.Krılovun 250 illik yubileyi münasibəti ilə.
(Əvvəli 25 yanvar tarixi, saat 10.43 - də)
Rusiyada xeyli vaxt davam edən quraqlıq və qəhətlik illərində xalqın maddi vəziyyətini yaxşılaşdırmaq əvəzinə,çar I Aleksandr onsuz da varlı olan əyalət dostlarından birinə qiymətli hədiyyələr bağışlayır. Krılovun “Bulud ” təmsilində Dağ Buludu məzəmmət edir ki, sən öz dirilik suyu olan bərəkətli qətrələrini torpaqlara tökmək əvəzinə, nə üçün suyu onsuz da çox olan dənizə tökürsən, ona iltifat göstərirsən? Göründüyü kimi, şair çarizmin xalq səfalətlərinə etinasız münasibətini alleqorik şəkildə oxucunun yadına salır.
Krılovun sadə adamlara, zəhmətkeş xalqa olan məhəbbəti, yolunu azmış dvoryanlara nifrəti bir sıra təmsillərində, xüsusilə “Yarpaqlar və köklər”də daha aydın şəkildə əksini tapmışdır. Təmsildə təsvir olunan xalq - əmək, zəhmət adamları, kəndlilər cəmiyyəti yaşadan əbədi və ən real qüvvədir. Təmsili bütövlüklə təqdim edirəm:
Yaz günüydü, ağacda yarpaqlar oynaşırdı,
Əsdikcə, dan yelilə gizli pılıldaşırdı:
-Səhər-axşam günəşdən uzandıqca kölgəmiz-
Dərələrə sərinlik verən kimdir? Bizik, biz!
Bizdəndir bu ağaca görkəm, gözəllik, vüqar,
Neylərdi biz olmasaq? Tərifə haqqımız var!
Yolçu-çoban inlərkən ol günəş pəncəsində,
Onları kim qoruyur öz sərin kölgəsində?
Bu yarpaqlar deyilmi keyf üçün axşam-səhər
Çobanları çağırır tütəyilə bərabər?
Al şəfəqlər sökərkən uca dağlar başından,
Kölgəmizdə hər səhər quşlardır şaqqıldayan.
Siz də haqqı danmayın, hər səhər, ey dan yeli.
Ancaq bizimlə keçir gününüz əyləncəli.
Vüqarlı bir səs gəldi qara torpaq altından:
-Bizə də bir “sağ olun!” demək olmazmı yaran?
Uca ağac başında xışıldadı yarpaqlar:
-Kimdir böylə danışan? Bu cəsarət kimdə var?
Kimindir bu gözəllik? Kimindir bu kölgələr?
Kimdir tutan özünü bizim ilə bərabər?
-Bizik! – deyə səs gəldi yenə torpaq altından,-
Tanımayırsınızmı? Bizik sizi yaşadan!
Biz köklərin üstündə yaşayır bu yarpaqlar,
Sizə həyat bizdəndir, yaşayın hey bəxtiyar!-
Aradakı bu fərqi ancaq unutmaq olmaz:
Bu budaqlar yenidən yarpaq açar gələn yaz.
Bir gün dostlar, qurusa sizi bəsləyən köklər,
Bu ağacdan, yarpaqdan qalmaz bir iz, bir əsər.
Ağacın kökləri - əməyi sevən, gecə-gündüz çalışan, tər tökən, təvazökar, təhkimçi rus kəndliləridir.Yarpaqlar isə parazit xislətli mülkədar-dvoryanlardır. Krılov ölkənin gücünü zəhmətkeş xalqın qüvvəsində və gərgin əməyinin səmərəsində görürdü.
Krılovun ən zəruri həyat motivlərini əks etdirdiyi ədəbi incilərdən olan “Şəlalə və bulaq”, “Xoruz və mirvari”, “Müşgülpəsənd gəlin” əsərlərinə heç bir təhlil vermədən onları sevə-sevə yada salıram:
“Şəlalə və bulaq”:
Coşub qayalıqdan axır şəlalə,
Bulağa xor gözlə baxır şəlalə.
Bulaq dağda güclə seçilir... fəqət,
Əlacdır xəstəyə o verir qüvvət.
Şəlalə qürurla deyir:- Ay bulaq
Az suyunla olur səndə çox qonaq!
Mənə tamaşaya gəlir insanlar
Bəs səni görməkdə söylə, nə sirr var?
Bulaq sakit-sakit axıb keçərkən
Deyir: - Xəstələrin dərmanıyam mən!
“Xoruz və mirvari” :
Peyin tayasını qurdalayaraq,
Mirvari dənəsi tapdı bir xoruz.
Dedi: “Eh, bu nədir? Necə də axmaq,
Gərəksiz bir şeydir, həm də lüzumsuz.
Səfehlik deyilmi bunu bu təhər,
Qiymətə mindirmək, qiymətli bilmək?
Daha şad olardım tapsaydım əgər
Bunun əvəzində bir arpa gerçək,
Çoxda ki, o, ucuz bir şey olardı,
Mənim qarnım isə ondan dolardı.
Bir fayda almıram mən ki, o şeydən
Onu ki, qanmıram, anlamıram mən,
O, həm gərəksizdir, həm də ki, axmaq!”
Sarsaqlar bu cürə düşünər ancaq.
“Müşkülpəsənd gəlin”:
Getmək istəyirdi bir gənc qız ərə,
Evlilik bir günah deyil gənclərə,
Günah odur ki, qız lovğaydı xeyli,
Qürurdan heç kəsə düşmürdü meyli,
O, istəyirdi ki, getdiyi insan
Olsun dərrakəli, xoşxislət cavan,
Varlı, vəzifəli, hörmət sahibi,
Gözəl, boy-buxunlu, şöhrət sahibi,
Gətirsin çox hədsiz-hesabsız qazanc,
Qızı da çox sevsin , olmasın qısqanc.
Çətindir belə bir nişanlı tapmaq,
İndi sən bu qızda bir taleyə bax:
Gəlirdi bu qıza çox adlı-sanlı,
Mərifət sahibi, xeyli nişanlı.
Gələnlər hamısı münasib ərdi,
Kim olsa, birini sevib gedərdi.
Başqaydı bu qızda lakin düşüncə
Həm müşgülpəsənddi, həm zövqü incə,
Könlünı yatmırdı əsla gələnlər.
Deyirdi, bunlardan mənə ər olmaz!
Bunun şöhrəti yox, onun nişanı,
Bu adlı-sanlıdır, yox cibişdanı,
Bu yekə burundur, o qaşı seyrək,
Bu belə, o elə, çətindir seçmək.
Qəlbinə yatmadı heç kəs müxtəsər.
Çoxları eşqindən çəkdi dərdi-sər.
Bu işin üstündən ötdü bir zaman
Elçilər dağıldı qızın başından.
İki il keçincə təzəsi gəldi,
Bu aşiqlərin də işi əngəldi.
Xor baxdı qız yenə bu gələnlərə.
Dedi:- mən bunlara getmərəm ərə!
Hər axmaq nəçidir mənə tay olsun?
Günəşim, sevgilim gərək ay olsun.
Ərçin tələsmirəm nə olubdur, nə
Qızlıq həyatı ki, xoş keçir mənə
Rahətəm gecəni, həm də gündüzü,
Belə ərə getmək boş şeydir düzü.
Rəddi - cavab verib, bu aşiqləri
Qız öz qapısından qaytardı geri,
Elçilər kəsdilər qapıdan ayaq.
İndi tək-bir elçi gəlirdi ancaq.
Keçdi bir il daha, yox bir səs, nəfəs.
Qızçın elçiliyə gəlmədi heç kəs,
Qız gəldi yetişmiş bir xanım oldu.
Əvvəlki zəriflik, incəlik soldu.
Bir –bir yoldaşları saydı gördü qız
Hamı ərə gedib, o qalıb yalqız...
Qızın ürəyini sıxdı qəm-kədər,
Bir dəfə güzgüyə salınca nəzər
Gördü ki, hüsnünü soldurub zaman.
O, gözəlliyini itirir hər an.
Artıq saralmışdır gül dodaqları,
Solmuş baxışları, al yanaqları.
Əvvəlkilər kimi o deyildir şən
İpək saçlarına onun düşüb dən.
Keçmişki məlahət qalmayıb əsla,
Ona hər tərəfdən gəlir min bəla.
Verirdi məclisə yaraşıq-işıq
Hər görən hüsnünə olurdu aşıq.
İndi ona heç kəs salmayır nəzər,
Artıq lovğalıqdan eyləyir həzər.
Ruhunu, qəlbini başqa hiss sarır.
Qüruru buraxır, o ər axtarır;
(Qızlar kişilərə baxsa hər necə
Qəlbləri yenə də bizdədir məncə)
Qız deyir fürsəti verməyim əldən.
Tamamən solmamış ərə getdim mən.
Bir axsaq rast gəlir lovğa dilbərə
Razılıqla gedir qız ona ərə.
Krılov təmsil janrını satiraya çevirib – onun novatorluğu elə bunda idi. Krılov təmsillərinin bu satirik istiqamətini onun müasirləri də qeyd etmişdilər. Məsələn, Aleksandr Bestujev yazırdı: “Onun hər təmsili – satiradır, bununla güclüdür ki, qısadır və sadədil görünüşdə ifadə olunur”.
Krılov bütün xalqlara yaxın və anlaşılandır. Rus təmsil yazarının dahiliyini qeyd edən fransız tərcüməçiləri onu Bayron və Valter Skott, Lamartin və Hüqo, Gete və Şiller, Puşkin və Lermontovla yanaşı qoymuşlar.
“Krılov, - deyə fransız araşdırıcı J.Flyöri onun barəsində yazıb, - moralist dərinliyini satirikin sərt qüvvəsi ilə bir bütöv halında birləşdirib, bu yalnız ona xasdır və onun yeri təkcə ən yaxşı rus yazıçıları arasında deyil, həm də dünyanın ən böyük təmsil yazarları arasındadır”.
İngilis tərcüməçilər Krılovun başlıca xidmətini bunda görürdülər ki, “təmsil alleqoriyası maskası altında, o, məsxərəyə qoyulan zəifliyə nəcib hüsn-rəğbətini və cinayətkar hakimiyyətə daimi hiddətini büruzə verir”.
İtalyan ictimai xadimi Mauritsio Kvadrio hələ 1869-cu ildə Oqaryova yazırdı ki, o, “Pişik və bülbül” təmsilini məqalə üçün mövzu və ya şər ovçu – monarxiyaya etibar edən italyanlara öyüd-nəsihət qismində götürüb.
Belarus ədəbi təmsilinin beşiyi başında Krılovun yaratdığı örnəklər dayanmışdı, - deyə belarus ədəbiyyatşünası Yanka Kazeka qeyd edir. Onunla həmrəy olmaq və bu obrazlı ifadəni bir çox milli ədəbiyyatlara aid etmək mümkündür.
Krılov təmsillərinin çağdaş gerçəkliklə bilavasitə bağlılığından danışarkən tatar demokrat yazıçısı Qaliəsgər Kamal yazırdı: “Əgər söyləsək ki, Krılov babanın təmsilləri hər bir insanın davranışını göstərmək üçün daimi güzgüdür, yalan olmaz” və özünün onlardan mürtəce mətbuatın təmsilçilərini məsxərəyə qoymaq məqsədilə istifadə etdiyini göstərərək sözünə davam edir: “Bu səbəbdən biz çalışırıq ki, adamlar çağdaş gerçəkliyi Krılovun təmsilləri ilə ölçsünlər”.
İ.M.Yampolskinin “Krılov və musiqi” kitabındakı qeydlər rus dahisinin mənəvi aləminin nə qədər zəngin, onun incəsənətin hər bir növünə, xüsusilə musiqiyə qəlbən, ruhən bağlı olduğunu maraqlı faktlarla bir daha təsdiq edir. Yampolski bəhs edir ki, İvan Andreyeviç Krılovun həyatında və yaradıcılığında musiqi mühüm yer tuturdu. Böyük təmsilçinin musiqi maraqlarının çevrəsi geniş və müxtəliftərəfli idi. Anadangəlmə fitri istedadı olan Krılov peşəkarcasına skripka çalır, opera ilə dərindən maraqlanırdı.O, Librettoçu və tənqidçi kimi çıxış edir, musiqi bilicisi və sərrafı kimi tanınırdı. Rus ədiblərindən çox az adam Krılov qədər musiqi sənətinə sıx bağlı olub, musiqi təəssüratına özündə bu qədər dərin tələbat duyub.
Krılovun bioqrafları onun musiqi maraqları və əlaqələrindən yan keçirlər. Hətta Krılovun yaxın dostu, onun haqqında ilk müfəssəl bioqrafik oçerkin müəllifi olan Ptotr Pletnyov onun skripkada çox gözəl ifasını ötəri xatırladır, sonralar isə onun ifalarının “mükəmməlliyindən” yazır.
İvan Andreyeviç Krılovun ilk musiqi və teatr təəssüratları XVIII əsrin son rübündə rus əyalət mühiti şəraitində keçən uşaqlıq illərinə aiddir.
Krılov atası barədə danışmağı sevməzdi və onun barəsində özündən sonra heş bir xatirə qoymayıb. Görünür, onların münasibətləri bir elə də yaxşı deyilmiş. Anası Mariya Alekseyevnaya isə zərif bağlılığı olmuşdur. Onun barəsində sadə, lakin yüksək mərhəmət duyğuları ilə dolu qəlbə malik qadın kimi bəhs edir. “O, analıq bəsirəti ilə öz oğlunun qabiliyyətini kəşf edib və maddi imkanlarının məhdudluğuna baxmayaraq onları inkişaf etdirməyə çalışıb”. Krılovun daha bilgili bioqrafları anasının gələcək yazıçının tərbiyəsi və təhsilində üstün rol oynadığını etiraf edirlər.
Krılovun musiqi istedadı anasından gəlirdi. Bəllidir ki, ərinin 1778-ci ildə vəfatından sonra yaşamaq üçün vəsaitsiz və uşaqları ilə təkbaşına qalan Mariya Alekseyevna varlı tacir və dvoryan ailələrində kanonlar (kilsə nəğmələri) oxutmaqla güzəranlarını təmin edirmiş. Kanonlar hava üstündə oxunur və ya reçitativ ifa olunurdu ki, bu da böyük musiqi həssaslığı tələb edən iş idi.
Həmin vaxtlar Tverin gənc Krılovun təmasda olduğu ictimai həyatının başqa bir tərəfi – onun teatr və musiqi mühiti də vardı. XVIII yüzilin 70-80-ci illərində Moskva və Peterburqda olduğu kimi, əyalət şəhərlərində də teatra marağının gücləndiyi vaxtlar idi. O vaxtlar Tver – rus teatr mədəniyyətinin əyalət mərkəzlərindən biri olub. Yerli ruhani seminariyasının məktəb teatrı təkcə bu şəhərin həyatında deyil, ümumilikdə əyalət teatrının inkişafında mühüm mədəni təzahür idi. Onun səhnəsində hələ 40-cı illərdə parlaq paneqirik tamaşalar oynanılmışdı.
Gənc Krılovun məktəb teatrındakı tamaşalara, Qubernator Evindəki həvəskar tamaşalara gedə bilir, hətta özü səhnədə oynaya bilirdi. Ehtimal ki, təhkimli orkestrlərin ifalarını da dinləmişdi. Bu kimi orkestrlər Tverdə də vardı, məsələn, namestnik qraf Y.Siversin təhkimli orkestrinin əla ifaları bəllidir. Onları xatırlamadan gənc Krılovun Tverdəki teatr-musiqi həyatı və bədii təəssüratlar çevrəsi natamam qalardı.
Hesab edilir ki, Krılovun təmsillərinə müraciət etmiş ilk bəstəkar Andrey Rubinşteyn olub. Bu o qədər də doğru sayılmır. Rubinşteyndən hələ xeyli əvvəl Aleksandr Pleşşeyev Krılovun təmsillərinə musiqi yazmışdır. Ən istedadlı rus “amatorlarından” biri – bəstəkar və violonçelist Vasili Jukovski və Pyotr Vyazemskinin yaxın dostu olan Pleşşeyev öz librettosu ilə operaların, rus şairlərinin sözlərinə ballada və romansların müəllifi idi. “O, Jukovskinin balladalarına və Krılovun bir neçə təmsilinə musiqi yazıb. “Çox məzəlidir” – deyə N.A.Markeviç öz gündəliyində bu barədə yazır.
Vladimir Odoyevski də Krılov təmsillərinə musiqi yazmağa təşəbbüs etmişdir. Mixail Qlinka ad. Mərkəzi Musiqi Mədəniyyəti Muzeyinin əlyazmalar bölməsində səs və fortepiano üçün “Kvartet” təmsilinin eskizi qorunub saxlanılır. Onun digər musiqi əsərləri kimi bu pyes də natamam qalmışdır. Bu qaralama əlyazma belə bir nəticəyə gəlməyə imkan verir ki, bu sadə, bir qədər sadəlövh musiqi hər hansı satiriklik cizgisindən məhrumdur; təmsilin məzmunu sadə təhkiyəvi tonda verilib.
Sovet dövrü bəstəkarlarının əsərlərindən Dmitri Şostakoviçin hələ Leninqrad Konservatoriyasının tələbəsi olarkən 1922-ci ildə yazdığı, orkestrlə səs üçün (metso-soprano) “Krılovun iki təmsili”ni: “Ağcaqanad və qarışqa” və “Eşşək və bülbül”ü göstərmək olar. O vaxt bəstəkarın cəmi 15 yaşı vardı. Fantaziyanın bu gənclik təravətinə bürünmüş musiqili-satirik lövhələrində yetkin Şostakoviç yaradıcılığına xas bir çox tipik cizgilər özünü göstərib. Bu əsərlərə aşkar “Korsakov təsiri” ilə yumorun, kinayənin, bəzən qroteskin (bu sonuncu özəlliklə “Eşşək və bülbül” təmsilindəki eşşəyin musiqi xarakteristikasında duyulur) qəribə uzlaşması səslənməyə xüsusi gözəllik bəxş edib. Obrazların satirik təcəssümünün parlaqlığına görə bu, rus musiqi ədəbiyyatında Krılov təmsilləri mətnləri üzrə yaradılmış ən istedadlı örnəklərdir. Şostakoviçin əsəri musiqi “krıloviana”sını tamamlayır.
Böyük sənətkarlar həmişə başqa xalqların ədəbiyyatına, mədəniyyətinə ehtiramla yanaşmışlar. Bu barədə böyük rus yazıçısı M.Qorki deyirdi: “Elə bir kiçik ölkə yoxdur ki, o, böyük söz ustası yetirməmiş olsun”. Abxaziya ədəbiyyatının klassiki, xalq şairi D.Qulia yazırdı ki, ədəbiyyat qızıl kimi bir şeydir, qızılın isə həm böyük, həm də kiçik parçası ola bilər. Həcmlərindən asılı olmayaraq, parçaların hamısı qızıldır. Ola bilməz ki, böyük parça xalis qızıl olsun, kiçik parça isə palçıq. Qızıl həmişə qızıldır, həcmi rol oynamır.
Bu baxımdan Azərbaycan ədəbiyyatı da möhkəm demokratik ənənələrə malik, dünya ədəbiyyatı tarixində öz mövqeyi, yeri və “qızılları” olan bir ədəbiyyatdır. Səsi-sədası uzaq əsrlərin dərinliklərindən gələn dünyəvi ədəbiyyatımız XX əsrin əvvəllərindən müasir ədəbi tərəqqinin aparıcı meyllərini özündə təmsil edirdi.Həmin dövrdə ədəbiyyatımız özünün M.Ə.Sabir, C.Məmmədquluzadə kimi böyük realist ədəbi simalarını yetişdirmişdi.
Rus ədəbiyyatının qabaqcıl nümayəndələri XX əsr Azərbaycan ədəbiyyatına, demokratik jurnalistikasına mübarizlik aşılamış, ədəbiyyatın realizm, xəlqilik ruhunda təşəkkülünə müsbət təsir göstərmişlər. Azərbaycan ədəbiyyatı çoxəsrlik humanist, realist ənənələrini yeni dövrün ideya-iictimai tələblərinə uyğun olaraq inkişaf etdirməklə, özünəməxsus dəyərli xüsusiyyətlərini saxlamaqla qabaqcıl rus ədəbiyyatından, böyük sənətkarlarının, dühalarının bədii kəşflərindən də faydalanmışlar. Görkəmli rus ədiblərinin, mədəniyyət xadimlərinin Azərbaycandakı təbliğatçıları, naşirləri həmin yazıçı və mütəfəkkirlərin ideyalarını yaymaqla, xalqın bədii zövqünün müasirləşməsinə, milli ədəbiyyatın realizm və mütərəqqi romantizm ruhunda əksini tapmasına nail olurdular.
Azərbaycanda Krılov yaradıcılığının təbliğinə türk və rus dilərində çıxan qəzet və jurnallarda (“Kəşkül”, “İrşad”, “Həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Zənbur”, “Tuti”, “Kaspi”, “Baku”, “Bakinets”) böyük diqqət yetirilirdi.
Azərbaycanda rus ədəbiyyatını təbliğ edən, hər iki xalqın ədəbiyyatının və mədəniyyətinin yaxınlaşmasına səy göstərən görkəmli yazıçı, jurnalist, maarif xadimi, tənqidçi və tərcüməçilərdən biri Firidun bəy Köçərli olmuşdur. Köçərlinin bir alim, ziyalı kimi gözəl xüsusiyyətlərindən biri onun təkcə Azərbaycan ədəbiyyatı ilə deyil, dünya ədəbiyyatının mühüm hadisələri ilə, o cümlədən rus ədəbiyyatı klassiklərinin yaradıcılığı ilə yaxından tanış olması idi. Firidun bəy rus ədəbiyyatının məziyyətlərini dərindən başa düşərək onu məhəbbətlə təbliğ edir, bir çox nümunələrini Azərbaycan dilinə çevirib nəşr edir, başqa sənətkarları da bu əhəmiyyətli işə sövq edirdi.
Krılovun təmsillərinə həvəs o qədər böyük idi ki, görkəmli ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin özü də ilk dəfə əlinə qələm alarkən məhz Krılovdan başlamışdı. Bu barədə Haqverdiyevin tərcümeyi-halında da məqamlar var: “Mən hərçənd ədəbiyyat səhnəsində nə qədər müddətdir çalışmamı 1892-ci sənədən hesab edirəm, ancaq birinci qələm alıb yazıya məşğul olmağım ondan çox qabaqdır. Realnı məktəbdə ikən 1887-ci sənədə Krılovun təmsilatlarından bir neçəsini şeirlə Azərbaycan dilinə tərcümə etmişəm.Hətta tərcümənin biri indi də xəyalımdadır”.
Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafında görkəmli şair və maarif xadimi, pedaqoq Abdulla Şaiqin də az xidmətləri olmamışdır.A.Şaiq hələ XIX əsrin sonundan rus ədəbiyyatından tərcümələr etməyə həvəs göstərir, ilk növbədə böyük rus təmsilçisi İ.A.Krılova müraciət edirdi. Şaiq əvvəlcə Krılovun “Sazəndələr”ini və sonralar dərsliyinə daxil etdiyi başqa təmsillərini fars dilinə də çevirmişdi. Krılovun yaradıcılığı Şaiqi bütün ömrü boyu məşğul etmişdi. Onun 40-dan artıq təmsili A.Şaiqin tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdı.
XX əsrin əvvəllərində Bakı məktəblərində çalışan Abdulla Şaiq, rus dili və ədəbiyyatından dərs deyən müəllim yoldaşlarının köməyi ilə rus ədəbiyyatı klassiklərini və rus dilinin qayda-qanunlarını öyrənməkdə davam edirdi.Təsadüfi deyil ki, A.Şaiq tələbələrinə hərdənbir yarızarafatla: “Mən rus ədəbiyyatını Azərbaycan ədəbiyyatından yaxşı bilirəm” – deyərdi.
Azərbaycan ziyalıları, Abbas Səhhətin tədqiqatçıları haqlı olaraq onda satirik ifadə vərdişlərinin güclənməsini Q.Zakir, M.F.Axunzadə, M.Ə.Sabir yaradıcılığı ilə bərabər, eyni zamanda İ.A.Krılovun yaradıcılığına müraciət etməsilə əlaqələndirirlər.
A.Səhhət Krılov sənətinin realist qüvvəsini, bu böyük rus ədibinin əsərlərinin tərbiyəvi əhəmiyyətini düzgün dərk edir, onun təmsillərini yaradıcılıqda xəlqiliyin ən gözəl nümunələri sayırdı. Buna görə də Səhhət dönə-dönə Krılov yaradıcılığına müraciət edir, dahi təmsilçinin “Fil və alabaş”, “Sazəndələr”, “Qaraquş və arı”, “Zəhmətkeş ayı”, “Balıq, ördək və xərçəng”, “Qazlar”, “Göl və çay”, “Qurd və quzu”, “Cütçü və ilan” kimi əsərlərini ana dilimizə çevirmişdi. Bu tərcümələr onun yaradıcılığı üçün də səmərəli olurdu. Belə ki, bunların təsiri ilə şair “Ayı və şir”, “Qarışqa və milçək”, “Ayı və qurd”, “Tülkü və meymun”, “Gün və külək”, “Uşaq və aslan” kimi orijinal təmsillərini yaratmışdı.
Krılov təmsilə sözün həqiqi mənasında hörmət qazandırmışdı və Azərbaycan şairlərində də təmsilə yenidən bir maraq, həvəs oyatmışdı. Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin və bir çox başqa şairlərimizin orijinal təmsillərinin yaranmasında Krılovun böyük xidməti olmuşdur.Krılovun təsiri xüsusilə A.Səhhətin təmsillərində özünü aydın göstərir. İstər sadəlik, istər dərin ictimai məzmun baxımından Səhhətin təmsilləri Krılovun təmsillərinə çox yaxındır. Məsələn, Səhhətin “İt və kölgəsi”, “Ayı və şir” təmsillərini yada salaq. Mənim də çox sevdiyim, uşaqlıq illərində təkrar-təkrar mütaliəsindən zövq aldığım “Ayı və şir” təmsili yaddaşımda indiyədək əzbər qalıb:
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə.
Olmadılar razı onu bölməyə,
Çıxdı iş axır ölüb-öldürməyə.
Çeynədilər, dişlədilər, diddilər,
Bir-birini al qana qərq etdilər.
Özlərini taqətdən saldılar,
Hər biri bir səmtə düşün qaldılar.
Tülkü uzaqdan görüb ol haləti,
Bildi ki, yox heç birinin taqəti.
Gəldi, götürdü, ovu qıldı fərar,
Həsrət ilə baxdı dalınca bunlar.
Azərbaycanın görkəmli şairi Qasım bəy Zakir “Dəvə və eşşək”, “Tülkü və şir”, “Tülkü və qurd”, “Qurd, çaqqal və şir”, İlan, dəvə və tısbağa”,Tısbağa, qarğa, kəsəyən və ahu” kimi təmsillərini Krılov təmsilləri ruhunda yazmış, bu əsərləri xalqın həyat və məişəti ilə bağlayaraq qələmə almışdı. Zakir də Krılov kimi sadə, yığcam, mənalı yazmağa çalışmış, uzun təsvirçiliyə, sözçülüyə yol verməmiş, atalar sözləri, müdrik kəlamlar, xalq məsəllərindən, hekayə və rəvayətlərdən geniş istifadə etmişdir.
Q.Zakir “Qurd, çaqqal və şir” təmsilini Krılovun “Şir ovda” təmsili mövzusunda yazmışdır. Burada hər iki ədibin təmsili mündərəcə etibarı ilə bir-birinə çox yaxındır.
Krılovun “Şir ovda” təmsilində şirlə yoldaşlıq edən qurd, tülkü və it ovladıqları maralı bölmək istəyirlər. Burada şir təşəbbüsü əlinə alaraq, onu dörd hissəyə bölür, lakin ovun bütün hissələrini özünə götürür.Krılov şir surəti ilə çar I Aleksandrı nəzərdə tutmuşdur. Zakir də yerli hakimlərin ədalətsizliyini ifşa etmişdir.
Zakir şir surətində heç bir qayda-qanunla hesablaşmayan yerli hakimləri, çaqqal surətində xəbis, yaltaq bəyləri məsxərəyə qoyur, qurd surətində isə işsiz, peşəsiz müftəxorları ifşa edirdi.
Görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvani Krılovun “Bülbüllər”, “Şir və siçan” adlı təmsillərini iqtibas etmişdir. Krılov, çar I Aleksandrın bürokratizminə qarşı yazdığı “Balıqların rəqsi”, “Şir tərbiyəsi”, “Alabəzək qoyunlar”, “Sazəndələr” və digər kəskin satirik təmsillərinə görə rəsmi dairələr tərəfindən təqib olunmuşdu. Şair “Bülbüllər” təmsilində yaxşı oxuyan bülbül surəti ilə özünə işarə etmişdi:
Pis oxuyan quşları ovçu eylədi azad,
Onlar uçdu çəmənə, könülləri oldu şad.
Mənim yazıq bülbülüm oxuduqca qəfəsdə,
Ovçu onu daha bərk saxlayırdı məhəsdə.
Böyük Şirvani də öz kəskin satiralarına görə ruhanilər tərəfindən təqib olunurdu. Şair, Krılovdan etdiyi iqtibas ilə öz vəziyyətinə işarə etmiş, təmsilin əsl mündərəcəsini saxlamağa çalışmışdır:
Dedi: - Ey bülbülü məsih-nəfəs,
Səni sövtün qoyub əsiri-qəfəs.
Olmasaydı əgər bu göftarın,
Olmaz idi bu gunə avarın.
İ.A.Krılovun təmsillərini başqa dillərə tərcümə etmək çox çətindir.Onun əsərlərini ingilis, fransız, italyan dillərinə tərcümə edənlər bu çətinliyi xüsusilə qeyd edirlər.Bir ingilis tərcüməçisi bu barədə yazır: “Krılov ən orijinal bir şair olduğu üçün o, rus şairlərinin hamısından daha çətin tərcümə olunur.Onun təzadlarında, kəskin və qısa satirasında, duzlu-məzəli həkimanə sözlərində, şeiriyyətində elə gözəlliklər vardır ki, onları nəsrlə də eynən vermək mümkün deyildir”.
İngilis müəllifi həqiqəti söyləyirdi.Krılov hətta Ezopdan, Lafontendən və digər şairlərdən tərcümə etdiyi təmsilləri də tamamilə milli rus süzgəcindən keçirir, rus məişətinə, rus təbiətinə uyğun və sadə rus dilində yenidən yaradırdı. Belinski doğru demişdi ki, onun fövqəladə rus təbiəti hər şeyi rus formsında yenidən işləyir və hər şeyi rus ruhunda tərcümə edir.
Krılovun əsərlərini başqa dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə etmək böyük səy və bacarıq tələb edir.Böyük söz ustadını olduğu kimi tərcümə etməkdə çətinlik çəkən əcnəbi şairlər, məsələn, A.Dyüval rus şairinin iki misrada dediyi bir fikri bəzən 20 misrada deməyə məcbur olurdu. Mütərcim Hersoq Bassano Krılovun 38 misrada verdiyi bir fikri tərcümə etmək üçün mətləbi 69 misra uzatmışdı. Azərbaycan şairləri isə belə hallara yol verməmişlər. Onlar Krılovun özü kimi qısa, təsirli, sadə və mənalı yazmağa çalışmışlar. Buna görə də dahi rus təmsilçisinin “Qarğa və tülkü”, “Cırcırama və qarışqa”, “Qurd və quzu”, “Sazəndələr”, “Zəhmətkeş ayı”, “Fil və alabaş” kimi təmsilləri vaxtilə Azərbaycan məktəblilərinin və bütün savadlı insanların dilinin əzbəri olmuşdu.
Azərbaycanın görkəmli ədibləri Krılovun təmsillərindən səmərəli istifadə etməklə, onu xalqa, bütün oxuculara doğru və düzgün çatdırmağa çalışmışlar.Bir vaxtlar Krılovun “Yolçular və itlər” adlı təmsilini çox qəliz ərəb sözləri ilə tərcümə edib “Abirin və gilab” adı ilə çap etdirən bir şairi Cəlil Məmmədquluzadə 1906-cı ildə “Molla Nəsrəddin” jurnalında ( 21-ci sayında) kəskin tənqid etmiş və mütərcimləri Krılov təmsillərini sadə xalq dilində tərcümə etməyə çağırmışdı. Ədib yazırdı:
“Açdım Krılovun məcmuəsini və vərəqləyib “Abirin və gilab” adında bir təmsil tapa bilmədim.
Mənim xəyalıma belə bir şey gəldi: rusca oxuyanlara məlumdur ki, Krılov təmsillərini sadə rus dilində yazıb ki, rus xalqı yaxşı başa düşsün. Əgər Krılov bilsə idi ki, azərbaycanlılar onun təmsilini tərcümə edəndə yolçulara “abirin”, itlərə “gilab” adı qoyacaqlar, yəqinki Krılov da təmsillərini firəng dilində yazardı”.
Krılov təmsilini ilk dəfə Azərbaycan dilinə tərcümə edən Abbasqulu ağa Bakıxanov olmuşdur. Məşhur müəllim və tənqidçi Firidun bəy Köçərli onun tərcümə etdiyi “Eşşək və bülbül” təmsilini yüksək qiymətləndirir və qeyd edirdi ki, Abbasqulu ağanın bu şairanə tərcüməsi hər bir qiraət kitabçasını ziynətləndirə bilər.
Bakıxanovdan sonra şair Həsənəli xan Qaradaği Krılovun bir çox təmsilini Azərbaycan dilinə tərcümə etmişdir. H.Qaradağinin Krılovdan tərcümələri ilk dəfə 1882-ci ildə nəşr olunan “Vətən dili” dərsliyinə daxil edilmişdi. A.O.Çernyayevskinin S.Vəlibəyovla birlikdə tərtib etdikləri “Vətən dili”nin ikinci hissəsində isə Krılovdan edilmiş təmsillərin tərcümələri həm nəsr, həm də nəzmlə verilmişdi.
Krılovun təmsilləri ilə maraqlanan və onları Azərbaycan dilinə tərcümə edən sənətkarlardan biri də Növrəsdir.
Növrəs Qaradağidən sonra Krılovun təmsillərini azərbaycancaya çevirən üçüncü sənətkardır. Mirzə Ələsgər Növrəs 1846-cı ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Şuşada mollaxanada alan Növrəs, Xankəndində hərbi məktəbi bitirmiş, bir il hərbi xidmətdə olmuş, sonra istefaya çıxmışdı.S.Ə.Şirvaninin müasiri və dostu olan Növrəs gözəl şeirlər yazırdı.
S.Ə.Şirvani Növrəsə yazdığı mənzum məktublarında onun əsərlərini yüksək qiymətləndirib, onun istedadlı bir sənətkar olduğunu qeyd edirdi. Növrəsin ədəbi irsindən “Pəndi - ətfal” kitabçasında toplanmış əsərləri və tərcümələri daha qiymətlidir.
F.Köçərli “Pəndi-ətfal” kitabçasındakı şeirləri təhlil edərək yazırdı ki, bu təmsillərin bir hissəsi rusların təmsilnəvisi Krılovdan tərcümə olunubdur. F.Köçərlinin qeydlərinə əsaslansaq, Növrəsin Krıov təmsillərini 1888-1890- cı illər arasında tərcümə etdiyini ehtimal etmək olar. “Cırcırama və qarışqa”, “Şir” adlı iki təmsil kitabçada “Məsəli – Krılov” başlığı ilə getmişdir. Tərcümənin dili sadədir. Mütərcim əsərin fikir və mənasını olduğu kimi verməklə, misralarının sayını da orijinalda olduğu qədər saxlaya bilmişdir.
Həmin dövrdə Azərbaycan ədəbiyyatında təmsilin gözəl nümunələrini yaradan və Krılov yaradıcılığının orijinalına uyğun bir şəkildə daha müvəffəqiyyətli tərcümələr edən Mirzə Ələkbər Sabir, Abbas Səhhət və Abdulla Şaiq olmuşdur. M.Ə.Sabirin tərcümə etdiyi “Qarğa və tülkü” təmsilindəki “Olmsaydı cahanda sarsaqlar, ac qalardı yəqinki yaltaqlar” misraları xalqımızın dilində zərb-məsələ çevrilmişdir.
Sabir “Hörümçək və ipəkqurdu”, “Qarışqa” kimi ictimai məzmunlu orijinal təmsilləri ilə yanaşı, Krılovdan da müvəffəqiyyətli tərcümələr etmişdir.Sabirin “Qarışqa” təmsilində qarışqanın zəhmət və qeyrəti, “Hörümçək və ipəkqurdu” təmsilində isə özünü ipəkqurdundan üstün tutan hörümçəyin boş və mənasız yerə öyünməsi, onun sənətinin səmərəsizliyi göstərilir. M.Ə.Sabir bu təmsilində uşaqlara, yeniyetmə və gənclərə ipəkqurdunun faydasını və hər bir faydalı sənətin yalnız səy göstərmək, zəhmət çəkmək və çalışmaq sayəsində mümkün olduğunu izah etmişdir. Sabirin Krılovdan tərcümə etdiyi “Qarğa və tülkü” təmsili aydın və səlistdir, bədii xüsusiyyətlərinə görə əvvəlki təmsil tərcümələrindən əsaslı surətdə fərqlənir. Gəlin, diqqət edək:
Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa.
Tülkü görcək, yavaş-yavaş gəldi,
Endirib baş ədəblə çömbəldi.
Bir zaman həsrət ilə qarğaya sarı
Altdan-altdan marıtdı baş yuxarı.
Dedi: “Əhsən sənə, a qarğa ağa!
Nə nəzakətlə qonmusan budağa!
Bəzədin sən bu gün bizim çəməni,
Şad qıldın bu gəlməyinlə məni.
Nə gözəlsən, nə xoş liqasan sən!
Yeri var, söyləsəm, hümasan sən!
Tüklərindir ipək kimi parlaq,
Bədnəzərdən vücudun olsun iraq!
Bu yəqindir ki, var sevimli səsin,
Oxu, versin mənə səfa nəfəsin!”.
Böylə sözdən fərəhlənib qarğa,
Ağzını açdı ta ki, etsin – ğa,
“ğa” edərkən hənuz bircə kərə,
Pendiri dimdiyindən endi yerə.
Tülkü forən həvada qapdı yedi,
Qarğaya tənə ilə böylə dedi:
“Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar”.
Azərbaycanda Krılov əsərlərinin tərcüməçiləri çox olmuşdur və bu tərcümə əsərlərini bu gün də yeni nəsilin nümayəndələri sevə-sevə oxuyurlar. Abdulla Şaiq sonralar uşaqların ruhuna uyğun “Tülkü həccə gedir”, “Yaxşı arxa”, “Tıq-tıq xanım”, “Ovçu məstan” kimi təmsilvari nağıllar da yazmışdır. Səlis, ahəngdar, axıcı və bədii bir tərzdə yazılmış bu nağılların böyük tərbiyəvi əhəmiyyəti vardı. Təbii ki. A.Şaiqin bu məmzum nağılları tək balacaları deyil, böyükləri də düşündürən dərin bir mənaya malikdir.
Rus ədəbiyyatının, eləcə də böyük rus təmsilçisinin ən yaxşı bilicilərindən biri görkəmli ədib və dövlət xadimi Nəriman Nərimanov idi. Rus ədəbiyyatının inkişafında Krılovun oynamış olduğu müstəsna dərəcədə böyük rolu, o, çox yaxşı anlayırdı. Həmin dönəmdə Nərimanov “İrşad” və “Həyat” qəzetlərində tez-tez publisistik məqalələrlə çıxış edirdi. Bu məqalələr “Dövlət işləri”, “Bazar günü söhbətləri” rubrikaları altında çıxırdı. “Həyat” qəzetində dərc olunmuş məqalələrinin birində Krılovun “Yolçular və itlər” təmsilini təhlil edərkən Nərimanov təmsilin ideya məzmununu dövrün konkret ictimai-siyasi hadisələri ilə bağlamağa çalışır.
Nərimanov bu təmsilin personajları ilə onun müasiri olan gerizəkalılar, tərəqqi düşmənləri arasında müqayisə aparır. O, yaxşı olan hər şeyə ləkə yaxmağa, hər gözəl ideyaya mane olmağa çalışan ziyankar adamlarla nəyə gəldi hürən sarsaq itlər arasında müəyyən bir bənzəyiş görür. Təmsilin məzmununu misal gətirən Nərimanov, bunun ardınca təmsilçi Krılovun rus ədəbiyyatında tutduğu yer haqqında söz açır: “Ədəbiyyat tarixindən məlumdur ki, bu təmsilində Krılov öz şəxsi hal-vəziyyətini də təsvir edir. Krılovun gözəl şeirlərinə həsəd aparan adamlar tapılırdı. Onlar gah deyirdilər ki, Krılov yazmağı bacarmır, gah deyirdilər ki, pis yazır, yaxud da – onun yazdıqlarının adamlara bir faydası yoxdur, halbuki 120 il əvvəl yazılmış əhvalatlar və təmsillər asanlıqla əzbərlənir... “Krılov baba” bütün mədəni millətlər arasında populyardır. Ona görə onu “Baba” adlandırmayıblar ki, yaşlıdır, ona görə ki, o, böyük və təcrübəli müəllim – adamların tərbiyəçisidir”.
“Təmsilin mənası, - deyə Nərimanov qeyd edir, bundan ibarətdir ki, mürtəce qüvvələrə hərəkət sərbəstliyi vermək olmaz, onlara öz məqsədyönlülüyümüzü və mütəşəkkilliyimizi qarşı qoymalıyıq”.
“İrşad” qəzetində getmiş başqa bir məqaləsində Nərimanov azərbaycanlıları birliyə, vəhdətə çağırır. Məqaləsinə epiqraf olaraq o, Krılovun “Qu quşu, Durnabalığı və Xərçəng” təmsilinin azərbaycancaya tərcüməsindən bu misraları verib:
Yoldaşlıqda gər olmaya ittifaq,
Əmrlər yeriməz, olunar nifaq...
Düz gətirməz əhl-nifaq işləri,
Ağrıyar başları, sınar dişləri...
Bu təmsilə Azərbaycan xalqının digər görkəmli xadimi, jurnalist və bəstəkar Üzeyir bəy Hacıbəyov da müraciət etmişdir. Krılovun “Qu quşu, Durnabalığı və Xərçəng” təmsilindən misralar “Bir daha müəllimlərin vəhdəti haqqında” məqaləsinə epiqraf seçilmişdir. Müəllif incə kinayə ilə ondan bəhs edir ki, istisnasız olaraq hamı öz şagirdlərinə Krılovun bu təmsilini əzbərləməyə məcbur edir, nifaqın zərərindən və vəhdətin xeyrindən vəz edir. “Lakin əgər qəfildən, - deyə sözünə davam edir, - şagirdlərin arasında cürətli biri tapılsa və müəllimlər arasında neçə illərdən bəri davam edən nifaqı bildiyindən, onlara belə bir sual verməyi qət etsə: “Möhtərəm müəllimlər, nə üçün siz özünüz vəhdət və həmrəyliklə yaşamırsınız?” – mən bilmirəm, müəllimlər bu qədər haqlı suala nə cavab verərdilər?”. Nə məsələdir? Bu nifaqın səbəbi nədir və nə vaxtadək davam edəcək? Axı, - deyə Hacıbəyov irad tutur, - “bu saat elə bir vaxtdır ki, Rusiyadakı azadlıq hərəkatı bizim gözlərimizi açıb, çox şeyi izah etmişdir. İndi biz azadlığın, mədəniyyət və maarifin, əsl həmrəylik və birliyin nə olduğunu bilirik. “Birləşmək və öz xalqımıza fayda vermək, sözdə deyil, əməldə fayda vermək zamanı deyilmi?” – deyə müəllif sözünü tamamlayır.
“Təəssüf edirik” felyetonunda lazımlı işlərlə məşğul olmaqdansa, boşboğazlıqla məşğul olan kəsləri tənqid edərkən Üzeyir bəy bir daha Krılovun kəskin misralarına üz tutur. “Bu başabəla xadimlər öhdələrinə hələlik öz axarı ilə gedən müəyyən bir iş götürürlər, - deyə o, yazır. – Lakin onun həyata keçirilməsi yolunda aşılması lazım gələn çətinlik, əngəl ilə qarşılaşdıqda – onlar acız qalır, əllərini yanlarına salır və ondan imtina etməyi məsləhət görürlər və təşəbbüs “Qu quşu, Durnabalığı və Xərçəng” təmsilindəki yüklü araba kimi yerindən tərpənmir.
...İkincisi, bəla bir də burasındadır ki, bəziləri təsəvvür etmədikləri işə girişir, onu bəxtə-bəxt birtəhər həyata keçirməyə çalışırlar. Ardınca Üzeyir bəy Krılovun məşhur misralarının məzmununu verir: “Vay o gündən ki, çəkməçi şəkər çörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə”.
Krılovun ən yaxşı təmsillərindən biri, bəlli olduğu kimi, “Meymun”dur, burada Meymun tarlada çalışan kəndlini yamsılamaq fikrinə düşür. Təmsildə şöhrətpərəstlik azarı ilə gücləri çatmayan işə girişən adamlar gülüş hədəfinə çevrilir.
Üzeyir bəy “Ordan-burdan” felyetonunda bu təmsilə müraciət edib. Parlaq və obrazlı, sadə və anlaşıqlı bir dildə ondan söz açır ki, təkcə şöhrətpərəstliklə uzağa gedə bilməzsən. Nə kimi bir işin qulpundan yapışdığını bilməlisən ki, cəmiyyətə xeyir gətirə, tərəqqiyə xidmət edəsən və özün bundan mənəvi məmnunluq duyasan. Əks halda, Krılovun meymunu kimi əbəs yerə əmək, enerji və zaman sərf edib, heç nə əldə edə bilməyəcəksən.
1906-cı ilin aprelindən nəşr olunmağa başlayan demokratik yönlü “Molla Nəsrəddin” jurnalı Krılov yaradıcılığının populyarlaşdırılmasında müstəsna rol oynayıb. Jurnalın naşiri, demokratik məsləkli realist yazıçı Cəlil Məmmədquluzadə öncül rus mədəniyyətinə ehtiram bəsləyirdi. Onun ən sevimli rus yazıçılarından biri Krılov olub, onun təmsilləri irticaya qarşı mübarizədə kəsərli silah idi. Görünür, Krılov təmsillərinin azərbaycanlı oxucular arasında böyük populyarlığını nəzərə alan Cəlil Məmmədquluzadə öz ideyalarının təbliğində ən münasib vasitə olaraq dəfələrlə onlara müraciət edib.
Rusdilli mənbələrdə Krılov, onun həyatı və yaradıcılığından bəhs edən maraqlı kitablar çox olsa da, onların bəzilərini təkrar-təkrar oxumuşam. Məsələn, Pyotr Pletnyovun “İvan Andreyeviç Krılov” kitabında müəllif yazır:
“Krılovda biz qarşımızda sadiq, saf, kamil Rus obrazını görürük. Onun fərdi mənəviliyini, heç yerinə kənar mineralın bir zərrəsinin belə nüfuz etmədiyi qızıl külçəsinə bənzətmək olar. Bunu, ola bilsin, özünəxas naturanı tərbiyə, həyat şəraiti, əlaqələr və münasibətlər, zövqlər, həvəslər və - heç şübhəsiz, aydın ağıl elə dolğun, möhkəm və yüksək dərəcədə əmələ gətirib biçimləmişdi ki, bütün təzahürlərində, hətta onun fəaliyyətinin hər bir elementində tipik olan hər şey Rus dünyasını ifadə edirdi. Əqidəsində bəxtəvərcəsinə bütünləşmiş və bərkimiş bir insanın mənəviyyatı nəylə təmasda olur-olsun, nəyə nəzər salır-salsın, nəyə reaksiya verir-versin, hər şey onun qüdrətli sözündə həqiqət donunda görünür, dəqiq və dolğun olurdu. Krılovun daxili aləmi onu əhatə edən zahiri aləmi ilə o dərəcədə üst-üstə düşür; onun bədii təfəkkürü rus düşüncəsinin qayələrinin, vərdişlərinin, dilinin, səslərinin, boyalarının, duyğusunın və ruhunun ən yüngül çalarlarına və özəlliklərinə elə incəliklə nüfuz edir ki, onun sözü ağlına düşdüyü andan poetik örnəkdə sonuncu dayanacağına qədər hər bir hərəkətində, hər bir cizgisində bu vəzifəni yerinə yetirirdi...
Hələ uşaqlığının erkən yaşlarında üzə çıxan petik istedadı ilə Krılov təbiətdən ən möhkəm, ən aydın, ən sağlam bir ağıl alıb. Həyat şəraiti ona sistemli olaraq vaxtında bu nadir istedadı formalaşdırmağa imkan verməyib. O, hələ uşaq yaşındaykən xidmətə başlamağa, ən yaxşı illərini iş başında, onun meylləri və missiyası ilə ümumi heç nəyi olmayan adamlar arasında keçirməyə məcbur olmuşdu. Necə deyərlər, xeyir gətirməyən, əzici və hətta zorakı vəziyyətlərdən onun ağlı çoxlu faydalı şeyləri həyata daşımışdı.O, düşündürücü ehtiyac ilə üzbəsürət tanış olmuşdu; mülki həyatın müxtəlif pillələrindəki adamlara diqqət etmiş, onları anlamağa çalışmış və dəyərləndirmişdi; o, xəlqilik stixiyasına kitablardan, hekayələrdən deyil, bir iştirakçı və rol ifaçısı kimi öz həyat təcrübəsindən vaqif olmuşdu. Bu, bir tərəfdən bizim ən tanınmış yazıçılarımızın heç də çoxuna nəsib olmayan təcrübəlilik, digər tərəfdən, cəmiyyətin üst təbəqəsini təşkil edən adamların hərəkətlərinin və fikirlərinin bütün çalarlarının incəliklərinə qədər anlamağa anadangəlmə qabiliyyət Krılova cəmiyyətin bütün çevrələrinə eyni dərəcədə xoş gəlməkdə kömək etmişdir. O, insanlara məqbul olan heç nəyə yad deyildi. Xatirimdədir, təsadüfi adamlardan biri onun barəsində belə demişdi: “Mən yazıçılardan daha çox Krılovu sevirəm, onunla iş barəsində də, ordan-burdan da danışmaq, məmnuniyyətlə nahar etmək və hətta kart oynamaq olar”. Onun gəncliyinin sonuncu əyləncəsi az qala onun ehtirasına, şövqünə, tərgidilməsi çətin olan adətinə çevrilmişdi. Qnediç danışırdı ki, bir dəfə onun üçün olan-qalan varını qurban verməyə hazır olub... Qəribə deyilmi ki, jurnallar üçün, xidmət üçün, teatr üçün işləməyə macal tapan, eyş-işrət məclislərində şənxasiyyət yoldaş olan və ən parlaq çevrəni canlandıran, hətta ona bəzək olmağı bacaran bir adam idi, qəribə deyilmi ki, Sankt-Peterburq ali aristokratiyasının sevimlisinə çevrilmişdi? Qraf Aleksandr Sergeyeviç Stroqanovun bəzi bioqrafik cizgilərini verərkən Krılovun onun evində nə münasibətlə olduğunu artıq xatırlatmışam. Eynilə də bir çox digər mühüm adamların ailələrində o, ən xoşagələn, arzuedilən qonaq idi. Əlbəttə, hər kəsin yadında olar ki, bütün ruhu və qəlbi ilə o, Aleksey Nikolayeviç Oleninin evinə mənsub idi...”.
Böyük və əbədiyaşar Krılov haqqındakı digər kitablarda əksini tapan bu fikirlər də ədibin həyat salnaməsinin unudulmaz səhifələrindəndir.
Pyotr Pletnyov. “İvan Andreyeviç Krılovun həyatı və əsərləri”:
“Puşkin deyirdi ki, güclü oyunu bir tərəfdən yaxın fəlakət, digər tərəfdən – parlaq uğur vədi arasında qalan, ürəyi ən qüvvətli duyğularla dolduran, qeyri-adi adamlar üçün hər zaman cəlbedici olan təşəbbüslər sırasına aid etmək gərəkdir. Və bu izahat oyun şövqü olanları az da olsa ucaltmır, nəcibləşdirmir. Hər halda, Krılovun belə bir zəif cəhəti vardı. O, bütün varlıqları ilə oyun ehtirasına qapılmış yığnaqları arayıb tapırdı. Əgər orada oyun yoldaşı tapacağını bilsəydi, başqa bir şəhərə yola düşməyə hazır idi”.
İvan Bıstrov. “Bioqrafik və biblioqrafik qeydər”:
“İvan Andreyeviç o vaxtlar dama oynamağı xoşlayırdı. Dmitrevski, Kluşkin, Krasnopolski (Nikolay Stepanoviç) bu məşğuliyyətə laqeyd deyildilər, gündüzlərini və gecələrini bu yolda fəda edirdilər, mətbəədə isə təkbaşına Plavilşikov qurdalanırdı” (İvan Andreyeviçin sözləri).
Vladislav Keneviç. “İvan Andreyeviç Krılov”:
“Belə demək olmaz: o kart oynayırdı; o, bununla yaşayırdı, o, kartda varlanmaq vasitəsi görürdü. O, oyunçu yığnaqlarını arayıb-tapır, gündüzlərini və gecələrini onlarla keçirirdi. “Boynuma almağa utanıram, - sonralar o, Nikolay Qreçə etiraf etmişdi, - mən kart oynamağa partnyor arayıb-tapmaqdan ötrü yarmarkaları dolaşırdım”.
Pyotr Vyazemski.“İ.İ.Dmitriyevin həyatı və şeirləri haqqında məlumat” məqaləsinə haşiyəli qeyd:.
“Bizə bəllidir ki, bir vaxtlar şövqlü, ehtiraslı oyunçu olub; doğrudanmı beləymiş? Adamın inanmağı gəlmir ki, şövq, ehtiras bu nəhəng və bütöv qayada özünə yol aça bilərdi. O, kartla qumarı ehtimal ki, fərasətinin, dərrakəsinin maddi hesablarına görə oynayıb. Kiməsə vurulubmu? Bir zamanlar gənc olmayıbmı? Bax, cavabı tapılmalı məsələlər bunlardır”.
Varvara Olenina. “Qeyd dəftərçəsi”:
“Krılov barədə bəlli lətifəni ona görə təkrarlayıram ki, o, özü bunu mənə danışıb və Fenyuşanı (onun ifritə aşpazı ) şəxsən tanıyırdım. Bir dəfə nahar edəndə, pirojkinin xoşagəlməz qoxusundan təəccüblənib, qazançanın ağzını açanda nə görsə yaxşıdır: hamısını göyərti ilə bişirib. “Mən, - deyir, - düşündüm: səkkizini yemişəmsə və heç nə olmayıbsa, qoy qalan səkkizini də ötürüm, görüm nə olacaq. Yedim və hələ də sağam”.
M.Lobanova. “İvan Andreyeviç Krılovun həyatı və əsərləri”:
.
“Onun özü şişman olduğuna və təbiəti etibarilə tənbəlliyinə görə, təsərrüfatına nəzər yetirə bilmirdi, muzdla tutduğu sadə arvadlar isə insana aid yalnız ilkin tələbatları təmin edir, qalan şeylər isə veclərinə deyildir, səliqə-sahmanın nə olduğu heç ağıllarına da gəlmir. Onların işi-gücü onların hövsələdən çıxmış ağasının gətirib evə yaraşdırdığı nə varsa korlamaq və sıradan çıxarmaqdır. Məsələn, onlardan biri, Fenyuşa sobanı onun sevdiyi yunan klassiklərinin əsərləri ilə qalamışdı”.
Vladislav Knyajeviç. “1820-ci ildə yazılmış qeydlər”.
“Çox gözəl hal idi ki, o, öz Fenyuşasına yunan müəlliflərinin əsərlərini tanımağı öyrətmişdi, bəlkə də ona görə ki, bir də görürdün , daha çox da səliqəsiz saxlanmaqdan bu kitablar bir-birindən fərqli şəkildə ləkə basmış, tanınmaz olmuşdu. Fenyuşaya: “Ksenofantı, “İliada”nı, “Odisseya”nı, Homeri mənə ver”, deyir, o isə kitabı səhvsiz tapıb gətirirdi”.
Pyotr Pletnyov. “ İvan Andreyeviç Krılov” :
“Oxuyarkən və ya düşüncəli halda əyləşmiş olarkən (mən onu bir dəfə də olsun yazı masasının arxasında oturub işləyən görmədim, onun belə bir masası da yox idi), yaxud evində qonaq qəbul edəndə, o adəti üzrə divanda ayağını ayağının üstünə aşırıb siqarını tüstülədirdi... Ətrafındakı hər şeyi: masaları, stulları, rəfləri, onlardakı əşyaları toz basmışdı, bu xoşagəlməz halı ona hiss etdirmədən onun qənşərində birtəhər əyləşməyin özü müşkül məsələ idi”.
Faddey Bulqarin. “ İvan Andreyeviç Krılov haqqında xatirələr”:
“Geyimdə və saçlarına qulluqda İvan Andreyeviç Krılov səliqə gözləmirdi və xoşlamazdı ki, onun otaqlarında qurdalansınlar, yaxud, deyildiyi kimi, otaqlarda yır-yığış etsinlər; bu səbəbdən səliqə-sahman az idi, hər yeri toz basmışdı. Höte də belə bir zövq sahibi olub”.
Modest Korf. “İvan Andreyeviç Krılov haqqında qeydlər və xatirələr”:
“Krılov heç vaxt rəsmi evli olmayıb, lakin bir qızı vardı”.
Sank-Peterburqun “Letniy sad” adlanan Yay bağında əzəmətli bir heykəl qoyulub. Postamentin üstündə sanki canlı bir insan oturub. Onun əlində kitab vardır. Bu əzəmətli insanın başı bir qədər aşağı əyilib. Saçları enli, açıq və ağıllı anlına tökülüb. Gözləri ciddi və fikirlidir. Sifəti də sakitdir. Postamentin dörd bir tərəfində müxtəlif heyvan və quş şəkilləri həkk olunub: hiyləgər tülkü ağacda oturmuş ağılsız , sarsaq qarğaya yaltaqlanır; dəcəl meymun, çolaq ayı, çəp keçi və ulaqdan ibarət olan sazəndələr hey çalırlar; donuz palıd ağacının köklərini kobud burnu ilə yerindən çıxarmağa çalışır və s.
Bu postamentin ətrafı həmişə uşaq və böyüklərlə dolu olur. Balacalar, onlara son dərəcə yaxın və doğma olan İvan Andreyeviç Krılova, onun maraqlı personajlarına coşqun həvəslə tamaşa edir, təmsillərini əzbərdən söyləyirlər... Bu, əsrlər boyu belə olacaq, 1844-cü ilin 21 noyabr günündə bu əziz insan gözlərini əbədi olaraq yumsa da, o - böyük rus şairi, rus dahisi, rus ziyalısı həmişə yaşayacaqdır!..
Krılov insanlara daim xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş etmək səyi ilə çalışırdı.Oxucularımın çöhrəsinə Krılov təbəssümü qonsun deyə, Ə.Zeynallının “Krılovun“soavtoru” şeirini bir daha yaddaşlarda canlandırmaq istəyirəm:
Dünən bir tamaşa gördüm... Doğrusu,
Özüm də bilmədim nə sirdir bu:
“Tülkü dırmaşaraq uca budağa
Ağzında pendiri tutmuşdu...Qarğa
Yerdən boylanırdı Tülküyə sarı.
Deyirdi:-Könlümün ey vəfadarı,
Dişlərin incidir, gözlərin mərcan
Quyruğun etmişdir aləmi heyran,
Bülbülü mat qoyan gözəl səsin var,
Bizə ilham verən xoş nəfəsin var.
Gəl bir mahnı oxu, könlüm şad olsun.
Bu çöllər, meşələr qoy abad olsun.
İstədi oxusun Tülkü, bu zaman
Pendir yerə düşdü... Qarğa durmadan
Pendiri götürüb havaya qalxdı,
Tülkünün gözündən sel tək yaş axdı”.
... Heyrət içindəyəm. Elə bu zaman
Rejissor səslədi məni arxadan.
-Söylə,lələşini necə görürsən?
“Soavtor” olmuşam Krılova mən.
Dedim:- Kaş Krılov indi olaydı,
Bizim bu günlərdə diri qalaydı.
Bir təmsil yazardı sənin adına,
Fələk də çatmazdı, inan dadına.
Səni yaxşı-yaxşı qandırardı o,
“Soavtor” atanı yandırardı o.
Azərbaycan ədəbiyyatında krılovvari müasir təmsillərin sayı getdikcə artmaqda olsa da, onlardan yalnız birini – Mikayıl Rzaquluzadənin “Gözəllik barəsində” əsərini yada salmaqla, könülləri xoşlandırmaq arzusundayam:
Ceyranla qurbağadan
çox yazıb şairlər.
Adəmdən – Ezopa –
Ezopdan bugünkü təmsilçilərə qədər.
Nə olar!
Hər ölkənin, hər elin,
hər dövrün, hər ilin
və hər təmsilin
öz ceyranı,
öz qurbağası var.
Birini də biz deyək,
Nə çıxar, görək:
Bir gün ceyran
su içməyə gəldi gölə.
Baxdı gölün güzgüsündə
öz əksinə:
sevinə-sevinə,
gülə-gülə,
bir azca da
öyünə-öyünə...
İnsafa qalanda,
haqqı da vardı!
O nə qamət,
O nə əda,
O nə vüqardı?!
Hələ gözlər, hələ gözlər!..
Birdən
Ziyilli bir qurbağa
hoppandı,
ceyranla yan-yana dayandı.
Və başladı
gölün güzgüsündə
öz hüsnünə baxmağa.
Baxdı, baxdı,
oldu özünə heyran,
və dilləndi:
-A ceyran,
düzü,
sən də gözəlsən,
mən də...
Bir iş var ancaq:
sənə gözəl deyər hər kəs,
Amma mənim gözəlliyimi
Hər yetən qiymətləndirə bilməz!..
Burda mən
istədim yazam:
Ceyran bu sözlərdən
od tutdu, yandı.
Yay kimi gərilib birdən tullandı!
Özünü gölə atdı...
Və batdı...
Amma heyfim gəldi ceyrana,
Təmsil də bitdi...
Gəldim yekun vurmağa:
Dedim:
-Yazıq!-
Ancaq bilmədim
Kim?-
Ceyran, ya qurbağa?..
Qarşıda əzəmətli bir yubiley tarixi gəlir; bu, fevralın 13-üdür. Həmin gün sadə və sevimli, şən və kədərli, alicənab və tələbkar, kiçiklərin və böyüklərin dostu - İvan Andreyeviç Krılovun doğum günüdür. Bu doğum gününün 250 illik əzəməti Krılov dünyasının əzəmətinə qovuşub alovlu məhəbbət məşəli ilə bütün dünyada şölələnəcəkdir.
Sankt-Peterburqun “Letniy sad”ı ilə bərabər, Krılovun bütün heykəllərinin, daş və yazılı abidələrinin hərarəti bəşər aləminin qədirbilən insanlarının, ədəbiyyatsevərlərinin, krılovsevərlərinin, təmsilsevərlərinin hiss və duyğularını bir daha rövnəqləndirəcəkdir.
Daş abidələrin önündə saysız-hesabsız çiçəklər qoyulacaq, yazılı abidələrinsə qarşısında bir daha sonsuz sevgi ilə zinətlənən məhəbbət çırağı yanacaqdır. Həmin çıraq ki, iki əsrdən çoxdur Azərbaycan oxucusunun qəlbində, Azərbaycan xalqının ürəyində nurlanır və əbədi olaraq da nurlanacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM