Publisist-politoloq
29 oktyabr - unudulmaz rus dahisinin əbədiyyətə qovuşmasının 130 illiyi münasibəti ilə
“...Biz ruslar necə eləyək ki, doğrudan da azadlıq əldə edək? Bu iş düzələ bilən işdir. O qədər də mümkün olmayan şey deyil. Ancaq siz mujiklər gərək əlbir olasınız, gərək bacarığınız olsun, bir də qüvvələri bir yerə toplayasınız. Soldatlara da deyin: soldat qardaşlar, biz azadlıq üçün ayağa qalxanda siz bizim tərəfimizi saxlayın, çünki biz azad olsaq, siz də azad olacaqsınız”.
“Hər bir böyük rus adamının tarixi xidməti onun vətənə xidməti ilə, onun insani ləyaqəti, vətənpərvərliyinin gücü ilə ölçülür”.
“Mən əqidə və etiqadlarımın qələbəsi üçün, azadlıq, bərabərlik, qardaşlıq və bolluğun qələbəsi üçün, səfaləti məhv etmək üçün həyatımı belə əsirgəmərəm”
“Puşkin bizdə ədəbiyyatı milli işin ləyaqəti səviyyəsinə yüksəltmişdir.O, ilk rus şairidir ki, bütün rus xalqının gözündə, böyük yazıçının öz ölkəsində tutmağa layiq olduğu yüksək yerə qalxmışdır.Rus ədəbiyyatının sonrakı inkişafı üçün bütün imkanlar Puşkin tərəfindən hazırlanmış və indi də qismən hazırlanmaqdadır”.
N.Q.Çernışevski
“Rusiya çox şeylər üçün nəhayətsiz dərəcədə ona borcludur”
F.Engels
“Ondakı parlaq ifadə olunmuş həyat iradəsi və həyatdakı iyrənc cəhətlərə qarşı fəal nifrət məni valeh edirdi, mən onun gördüyü hər işə gənclik coşğunluğu ilə girişməsindən zövq alırdım”
A.M.Qorki
“Əgər mənim anam qoca Səlminazdırsa, mən Çernışevskinin “Nə etməli?” romanını özümə ikinci ana hesab edirəm. Bunlar məni tərbiyə edib
böyüdüblər”.
Məşədi Əzizbəyov
XIX əsr -rus ədəbiyyatı və ictimai fikri tarixində yeni bir dövr açdığı, həmin yüzillikdə rus xalqı bəşəriyyətə xeyli sayda görkəmli mütəfəkkirlər, dahi sənətkarlar, elm və mədəniyyət korifeyləri bəxş etdiyi kimi, bu əsr eyni zamanda Rusiya tarixində müharibələr, xalqların öz milli istiqlaliyyətləri uğrunda mübarizələr əsri kimi də böyük iz qoymuşdur. Rusiyada XIX əsr inqilabi demokratik hərəkat dövrü “Çernışevski dövrü” adlandırılmışdır.
Çernışevski rus xalqının qüdrətli mütəfəkkiri, alimi, filosofu, yazıçısı, ədəbiyyat tənqidçisi, tarixçisi, publisisti, jurnalisti, iqtisadçısı, inqilabi hərəkatının fəal mübarizlərindən və nəzəriyyəçilərindən biri idi. Bu dahinin fəaliyyəti bir əsrə sığmırdı. O, son dərəcə nüfuzlu bir siyasi xadim kimi XIX əsr rus mədəniyəti tarixində çox böyük mövqe tutmuşdu. Çernışevskinin şəxsiyyətini, həyatını və yaradıcılığını bircə kəlmə ilə ifadə etmək olardı – MÜBARİZƏ!
Nikolay Qavriloviç Çernışevski 1828-ci il iyul ayının 24-də (köhnə təqvimlə 12-də) Rusiyanın Saratov şəhərində ruhani ailəsində dünyaya göz açmışdı. Atası Qavril İvanoviç Penza quberniyasının Çernışeva kəndindən, kasıb bir ailədən idi. O, əvvəlcə Tambov ruhani məktəbini, sonra Penza ruhani seminariyasını bitirmişdi. Qavril İvanoviç yunan dili müəllimi idi.
Saratov kilsəsinin keşişi öldükdən sonra Qavril İvanoviç onun yerinə keşiş təyin olunmuşdu və o, mərhumun qızı Yevgeniya Yeqorovna ilə evlənib ailənin Saratovdakı malikanəsində yaşayırdı. Lakin bu malikanədə digər bir ailə də vardı. Belə ki, onların yaxın qohumları, sonradan tanınmış jurnalist olan N D Pipinin Yevgeviya Yeqorovnanın bacısı Aleksandra Yeqorovna ilə ailə qurub, eyni malikanədə məskunlaşmışdı.
Ağıllı, müdrik, genişməlumatlı olduğu üçün Qavril İvanoviç başqa keşişlərdən fərqlənirdi. Tanınmış rus inqilabçı-yazıçısı, pedaqoq və filosofu Aleksandr İvanoviç Gertsen bu barədə “Kolokol” jurnalında yazmışdı: “O, keşiş olsa da, keşişə oxşamırdı”. Uşaqlıq dövründə Nikolayın inkişafına çox böyük təsiri olan anası Yevgeniya Yeqorovna olduqca mədəni, səmimi qadın idi. Mütaliəni çox sevirdi.Bu mehriban ailədə əməyə, təhsilə, kitaba, azadlığa ehtiramla yanaşılırdı. Bu keyfiyyətlər şübhəsiz ki, Nikolaya, onun tərbiyəsinə gözəl təsir bağışlayırdı.
Nikolayın ilk müəllimi öz atası Nikolay Qavriloviç olmuşdu.Yunan və latın dillərini, ümumiyyətlə, oxumağı, yazmağı ona atası öyrətmişdi. Ailə təmiz, saf əqidəyə qulluq etdiyindən doğru-dürüst mənəviyyat ənənələrini övladlarına da təlqin edirdi. Bunlar ata tərəfindən ailənin ilk övladı Nikolayın ilk dəftərinin üstünə böyük hərflərlə yazılmış ilk sözlər idi: “Zəhmətlə hər şey əldə etmək olar, təmiz adam hamı tərəfindən sevilər”.
Qavril İvanoviçin böyük kitabxanası vardı, bu kitabxanada müxtəlif sahələrə aid kitablar tapmaq mümkün idi. Ədəbiyyata, xüsusilə rus ədəbiyyatına dair kitablar çoxluq təşkil edirdi. Dövrü mətbuat, xüsusilə “Oteçestvennıe zapiski” jurnalı daim diqqət mərkəzində idi.
Erkən yaşlarından mütaliəyə coşqun həvəs göstərən Nikolay, dünyagörüşünə, məlumatlılığına görə yaşıdlarından olduqca fərqlənirdi. O, 8 yaşında ruhani məktəbinə yazdırılmışdı. Lakin bu məktəbdə direktorun daim sərxoşluğa meylli olması təlim-tərbiyə işlərinə mənfi təsir etməsi ucbatından Nikolay dərslərə evdə hazırlaşır, vaxtı gələndə gedib imtahan verirdi. Ruhani seminariyasına daxil olduğu zaman o, latın, yunan, fransız, ingilis, alman, polyak, qədim yəhudi dillərini artıq bilir, tatar, fars və ərəb dillərini öyrənirdi, botanika, zologiya, mineralogiya elmlərinə bələd idi. Misilsiz mütaliəsi ilə seçilirdi.Çernışevski tarixi əsərləri, səyyahların xatirələrini, bədii ədəbiyyatı çox oxuyurdu.Puşkin, Lermontov və Qoqolu, eyni zamanda Avropanın Dikkens, Şiller, Jorj Sand kimi yazıçılarını sevə-sevə mütaliə edirdi.
Bu barədə Y.İ.Pokusayev yazır: (“N.Q.Çernışevski”. Moskva, 1976-cı il) Çernışevskilərin evində o vaxtlar üçün zəngin sayılacaq bir kitabxana vardı. Atasının kabinetində kitabla dolu iki şkaf dururdu. “Burada, - deyə Çernışevskinin dayısı oğlu Aleksandr Pıpin xatırlayır, - Rollendən başlayaraq Şrenk və abbat Milota qədər XVIII əsrin köhnə kitabları vardı; onların ardınca Karamzinin “Rusiya dövlətinin tarixi” gəlirdi, onlara ümumtəhsil məzmunlu yeni külliyyatlar, Plyuşarın Ensiklopedik lüğəti, Dümon-Dervilin “Dünya səyahəti”, Polevoyun “Boyakarlıq icmalı”, Veltmanın “Dünyanın mənzərəsi” və s. əlavə olunmuşdu. Kitabların bu sonuncu sırası bizim ilk qiraətimiz oldu. Sonrasında dini ədəbiyyat təqdim olunurdu..., bizə ən yeni ədəbiyyat da gəlib çıxırdı, şəhərdə çox böyük hörmət sahibi olan Qavriil İvanoviçin yerli zəngin əsilzadə məclisində kifayət qədər çoxlu dostları vardı, oradan oğlu Nikolay Qavriloviç (uşaqlıqdan qiraəti hərisliklə sevən) üçün kitablar, yeni rus kitabları, eləcə də fransız kitabları götürürdü: bizdə Puşkinin, Jukovskinin, Qoqolun yeni əsərlər külliyatları, bəzi jurnallar olurdu.
Çernışevskinin mənəvi inkişafında kitablar böyük rol oynamışdır. Hələ uşaqlıq və yeniyetməlik illərində çox böyük sayda kitablar (ən müxtəlif bilik sahələrində) oxumuşdu. İdrakının, bilik dairəsinin genişliyinə onu tanıyan hər kəs heyrət edərdi”.
Nikolay 14 yaşında ikən Saratov ruhani seminariyasının ritorika sinfinə daxil olmuşdu. Lakin o, şərqşünas olmaq arzusunda idi. O, ərəb, fars, Azərbaycan, tatar dillərini 1844 – 1845-ci illərdə Saratovda olduğu dövrdə öyrənməyə başlamışdı. Nikolayın arxivində saxlanılan dəftərlərdə Şərq dillərinə aid qeydləri, Azərbaycan şairlərinin əsərlərindən ərəb əlifbası ilə çıxarışlar, bütöv cümlələr və fikirlər vardır.
Çernışevski Azərbaycanəsilli görkəmli rus şərqşünası, alimi, tarixçisi, türkşünası və filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü olmuş Mirzə Kazım bəyin 1836-cı ilin nəşri olan “Türk-tatar dilinin ümumi qrammatikası” əsərini diqqətlə nəzərdən keçirmiş, Azərbaycan dilini öyrənərkən bu kitabdan istifadə etmişdi. Mirzə Kazım bəylə dəfələrlə görüşən Çernışevski, böyük alimin mühazirələrini maraqla dinləmişdi. (Nikolay Qavriloviçin Azərbaycan mövzusu ilə bağlılığından bir qədər sonra geniş məlumat verəcəyəm).
Seminariyada Nikolayı çox sevirdilər.Tarix, ədəbiyyat və fəlsəfə sahəsində Çernışevskinin dərin biliyi şagird və müəllimləri heyran edirdi. Hələ seminariya tələbəsi ikən yazdığı “Kitab çapının nəticələri haqqında”, “Yaxşı kitabların zərurəti haqqında”, “Bəşəriyyətin təhsili gənc nəslin təhsilindən asılıdır” adlı əsərlərində biliyin, savadın faydalarından, insanın öz əməyi, halal zəhməti ilə yaşamasından, hər kəsin təhsil almasının, biliyini genişləndirməsinin vacibliyindən bəhs edirdi.
Pokusayev yazır: “Çernışevski uşaqlıq illərindən bılina bahadırları obrazlarını sevməyə başlamışdı. O illərdə Çernışevski rus xalqının 1812-ci il müharibəsindəki qəhrəmanlığını eşitmişdi. Və bu ona öz xalqına görə iftixar hissi aşılayırdı. Lakin bununla yanaşı, Çernışevskini xalqın xarakterində özünü göstərən bəzi cəhətlər mat qoyurdu, bunları o bir dəfə, hələ seminariya illərində müşahidə etmişdi. Volqa sahilində yumruq davası - o vaxtlar məişətdə yayılmış oyun gedirdi. Qəfildən bu cəsur, güclü oyunun gedişində coşub özündən çıxmış yığnaq polis və budka yanında qarovul çəkən bir neçə keşikçinin gəldiyini gördükdə, qaçmağa başladılar. Necə ola bilər ki, ayı hürkək buzovlara çevrilsin? Bu suala hələ çox gənc olan Çernışevski kafi cavab tapa bilmirdi, lakin güclü və cəsur xalqın özünün heç nəyə dəyməyən hakimlərinin zülmünə səbirlə dözdüyü vəziyyət üzərində düşünməyə başlamışdı. Bununla bağlı olaraq Çernışevskinin avtobioqrafik yazılarındakı etirafları son dərəcə səciyyəvidir: “ Mənim öz nəzəriyyəm var, onun əsaslarından biri də mənim kütlənin adi, gündəlik həyatı ilə şəxsi tanışlığımdır, - bu tanışlığın böyük payı hələ uşaqlıq illərində alınmışdır”.
Çernışevski 1846-cı ildə seminariyanı bitirir və onu ilahiyyatçı karyerasına hazırlayan ailəsinin planlarını kəskinliklə alt-üst edərək, universitetə daxil olur.
Çernışevskinin atası öz kilsə vəzifələrinə böyük canfəşanlıqla yanaşırdı və uzun müddət bu fikirdə idi ki, oğlu onun yoluyla gedəcəkdir. Lakin təsvir olunan hadisədən bir az əvvəl Qavril İvanoviç sinod rəhbərliyi tərəfindən ədalətsiz təqibə məruz qaldı və görünür, oğlunun ruhani olmaq fikrindən həmişəlik imtina etmək istəyini qətiyyətlə bəyənmişdi.
Peterburqa gələn kimi 18 yaşlı Çernışevski Saratova, öz dayısı oğlu Aleksandr Pıpinə məşhur məktubunu göndərir. Bu məktub Çernışevskinin mənəviyyat və ideya baxımından nə səyiyyəyə çatdığını, vətənə, xalqa, ölkə elminə xidmət məsələlərinin onu necə dərindən və qızğınlıqla narahat etdiyini göstərir. “Qoy Rusiya da, - deyə yazırdı, - mənəvi dünyanın həyatına verməli olduğu töhfələri versin... Qüvvətli, özünəməxsus və bəşəriyyət üçün xilaskarcasına çıxış etsin... Qoy bu böyük hadisənin heç olmasa, bir hissəciyi bizdən keçib getsin! Onda bu dünyada əbəs yaşamış olmarıq... Öz vətənimizin və bəşəriyyətin rifahı üçün keçici deyil, əbədi şöhrətə öz töhfəmizi vermək – bundan ali, bundan yüksək arzu ola bilərmi?”
O, Universitetə daxil olsa da, peşman olmuşdu.Universitet Nikolayın təsəvvür etdiyi kimi, “elm, bilik xəzinəsi” deyildi.Gertsen yazırdı: “Universitet Maarif Nazirliyinin yanğınsöndürən deposunun bir şöbəsi idi və onun vəzifəsi biliyi söndürmək idi...”
Uşaqlıqdan olduqca zirək və diribaş olan Nikolay, hələ erkən yaşlarından çar Rusiyasının ictimai həyatının mənfi, dözülməz xüsusiyyətlərini dərindən müşahidə edir, bu barədə xeyli düşünürdü.
Varlı, istismarçı təbəqə ilə zəhmətkeş, məzlum insanlar arasındakı ziddiyyətlər Saratov şəhərinin özündə də, Nikolayın məhz gözləri qarşısında da cərəyan edirdi.Baş küçələrdə zadəganların, tacirlərin, mülkədarların bahalı mülkləri, sarayları olduğu halda, yoxsullar şəhərin kənarında uçuq, köhnə daxmalarda yaşayırdı. İnsanlar su ilə pis təchiz olunurdu.Gecə - gündüz çalışan, zülümlə bir tikə çörək qazana bilən-bilməyən binəvalar heç bir tibbi yardım görmürdü.Onların balalarının təhsil almaq imkanı yox idi.
Nikolay Qavriloviç xalqın səfalət və ehtiyac içində olan acınacaqlı həyat tərzini, polisin özbaşınalığını, çinovniklərin xalqı necə təhqir etdiklərini, onunla amansız rəftarını gözləri ilə görürdü.Qubernatorun oğlunun şəhər küçələrindən keçənləri tutub necə döydüyünü hələ uşaqlıqdan yadında saxlamışdı.Əl-qolu zəncirlənmiş 25 illiyə hərbi xidmətə, əsgərliyə aparılan oğlanlar Nikolaygilin evinin pəncərələri önündən keçirdi.Təlim zamanı əsgərlərin vəhşicəsinə döyülməsinin şahidi olan Çernışevskiyə kəndli və sənətkarlara camaat qarşısında qamçı cəzası verilməsi- bütün bu kimi amansızlıqlar ağır təsir bağışlayırdı.
Nikolayın uşaqlıq və gənclik illəri zülmə qarşı kəndli etirazlarının kəskin artdığı bir dövrə düşmüşdü. Artıq səbri tükənmiş və qəzəbi son həddə çatmış kəndlilər mülkədarları və onların çoxsaylı təsərrüfatına baxan adamları öldürür, harınlaşmış və qudurmuş mülkədarlar üçün işləməkdən imtina edir, əsarətdən qaçıb canlarını qurtarırdılar.
Bütün bunlar Nikolayın qəlbində və düçüncəsində hər cür ədalətsizliklərə, haqsızlıqlara, işgəncələrə etiraz, zalımlara nifrət, ac, zəhmətkeş xalqa dərin hüsn-rəğbət hissi doğururdu. Bunlarla bərabər, öz növbəsində qabaqcıl rus ədəbiyyatı da Nikolayda vətənə qızğın məhəbbət, xalqın azadlığı uğrunda var qüvvəsi ilə çalışmaq əzmi yaradırdı.
Nikolay kəndlilərin fəryadını, vergisiz, mülkədarsız, məmursuz torpağa sahib olmaq haqqında arzularını, xəyallarını onların öz dillərindən eşitmiş, Saratov quberniyasında Stepan Razinin və Yemelyan Puqaçovun rəhbərliyi altında keçirilmiş kəndli üsyanları haqqında qocaların söylədiklərini ömürlük hafizəsində saxlamışdı. Təhkimçi kəndli uşaqlarının sevimlisi olan Nikolay, onlarla ünsiyyətdə çox şey görmüş, atasının yeparxiya boyunca səfərləri əsnasında yığılmış təəssüratları barədə danışdıqları onu sarsıtmışdı.Volqanın sahilində saatlarca oturub mülkədarların vəhşi davranışları haqqında məzlum kəndlilərin dərdlərini dinləmişdi. Xalq arasında dolaşan və onun yaddaşına həkk olunan rus xalq qəhrəmanları haqqında mahnı və rəvayətlər də öz təsirini göstərirdi.
Həmin dövrdə mütləqiyyət-təhkimçilik sisteminin böhranı kəndli hərəkatının güclənməsində özünü açıq-aydın göstərirdi. 1826-1834-cü illərdə 145 kəndli iğtişaşı, 1845-1854-cü illərdə isə 348 kəndli iğtişaşı baş vermişdi.Ehtiyac pəncəsində əzilən, mülkədarlar tərəfindən rəhmsizcəsinə istismar edilən, çar çinovnikləri tərəfindən soyulan və təhqir olunan xalq kütlələrinin etirazı anbaan yüksəlirdi.Fəhlələr, əsgərlər və matroslar arasında da münaqişələr artmaqda idi.
Bu bəlaları və məşəqətləri gözləri ilə görən Nikolayın həyata baxışı, dünyagörüşü yeni və fərqli bir istiqamətə yönəlirdi.O, həyata öz münasibətini bildirmək, xaqın yoxsul təbəqələrinin mənafeyindən çıxış etmək, onlara azadlıq, torpaq, çörək, təhsil hüququ vermək üçün alışıb yanırdı.Məhz bu istək onu 30-cu illərdə Moskva Universitetində oxuyan gənclərdən Gertsen və Oqaryovun inqilabi dərnəyi ilə, 1846-cı ilin yanvarında Ukraynada yaradılmış Kirill Mefodyev cəmiyyəti qanadının başçısı Taras Qriqoryeviç Şevçenko ilə, 1847-ci ildə Peterburqda tərəqqipərvər gənclərin yaratdığı Petraşevski dərnəyinin üzvləri ilə yaxınlaşdırmışdı.
Qabaqcıl rus ədbiyyatı – Puşkin və Lermontov, Qoqol və Turgenev, Nekrasov və Saltıkov-Şedrinin yaradıcılığı gənc nəslə getdikcə daha çox təsir göstərirdi. Fəal gənclər gizli dərnəklərdə dekabristlərin təcrübəsini öyrənir, rus ictimai həyatının ən mühüm məsələlərini müzakirə edirdilər.
1850- ci ildə Nikolay Qavriloviç ali təhsilini bitirib bir müddət hərbi orta məktəb sayılan kadetski korpusda dərs deyəndən sonra Saratov gimnaziyasına ədəbiyyat müəllimi təyin olunur. 23 yaşlı gənc müəllim zəngin biliyi, dərin mənəviyyatı, yüksək əxlaqi dəyərləri, yeni inqilabi fikirləri ilə gimnaziyaya təzə ruh, abu-hava gətirir. Köhnəpərəst qüvvələr tərəfindən “volterçi”, “ixtilafçı” adlandırılıb təqib olunsa da, Nikolay Qavriloviç öz yeni inqilabi fikirlərini şagirdləri arasında təbliğ etməkdən çəkinmir.
O, gimnaziyada tədrisin formal quruluşu, mexaniki əzbərçilik, şagirdlərə bədən cəzası verilməsinin əleyhinə çıxır.Gənc pedaqoq çar məktəblərinin ağır, üzücü rejimini, kobud formalizmini, dərsliklərin məzmunca zəifliyini tənqid edərək deyirdi ki, belə məktəblər insanda heç bir canlı arzu yaratmır, ona aydın dünyagörüşü vermir. Bu məktəbi bitirənlər cəsarətsiz, aciz, məhdud və prinsipsiz olurlar.Onların fikirləri tərəddüdlü, dolaşıq, fəaliyyətləri məqsədsiz olur.
Çernışevski məktəblərdəki eybəcərlilkərin, nöqsanların başlıca kökünü uşaqların fəaliyyətlərinin dar sinif çərçivəsinə salınmasında, təlimdəki qaydaların ağırlığında görürdü.Odur ki, o, dörd divar arasında keçilən dərslərlə kifayətlənmir, uşaqlarla tez-tez gəzintilərə çıxır, onların evlərinə gedir, ailələri, həyat tərzi ilə tanış olur, ehtiyacı olanlara maddi yardım göstərirdi.
Uşaqlarla daim isti münasibətdə olduğuna görə, şagirdlər də ona məhəbbətlə yanaşırdılar. Dərsdə hamı müəlliminə diqqətlə qulaq asır, fəallıq göstərir, ev tapşırıqlarını səylə yerinə yetirirdilər.
Çernışevski öz şagirdlərində istər dərs zamanı, istərsə də dərsdənkənar tədbirlərdə daim vətənpərvərlik ruhu, öz yurduna, valideynlərinə məhəbbət, bütün qüvvə və bacarıqlarını xalqın xidmətinə vermək duyğuları, millətə zülm edən çarizmə qarşı mübarizəyə qalxmaq əzmi tərbiyə edirdi.Onun bütün istək və arzuları damla-damla gələcək nəslin təfəkkürünə, daxili aləminə süzülürdü.Hələ 1846-cı ildə yaxın qohumuna yazdığı “Öz vətəninin müvəqqəti şərəfinə deyil, əbədi şərəfinə və bəşəriyyətin rifahına kömək etməkdən daha yüksək və daha nəcib nə ola bilər?” fikri tezisə çevrilib bütünlüklə şagirdlərin həyat məsləyinə çevrilmişdi. Sonralar həmin şagirdlərdən Y.Mosolov və N.Şatilov Moskvada inqilabi tələbə cəmiyyətinin fəal iştirakçıları kimi məşhurlaşmışdı.
Çernışevskinin 1858-ci ildə yaşlı nəslin nümayəndələri üçün bilik yayan cəmiyyət təşkil etməsi və xalq üçün məktəblər açmaq, dərsliklər yaratmaq ideyası da çox qiymətlidir.O, bazar günü məktəblərinin təşkilini yüksək qiymətləndirirdi, çünki buradan da inqilabi mərkəz kimi istifadə olunurdu. Maarifə olduqca böyük dəyər verən pedaqoq, onu hətta canlı orqanizm üçün zəruri olan hava ilə müqayisə edirdi: “Azadlıq və maarif oksigen və hidrogendir, bunlar olmadan təbiətdə heç bir həyat yoxdur”.
Gənc Nikolayı ən çox məşğul edən siyasət idi. O, hər gün öz gündəliyində yoldaşları ilə siyasi mövzularda apardığı söhbətlər haqqında qeydlər edirdi. O, Rusiyadakı siyasi hadisələrin inkişafını və Qərbdəki inqilabi hərəkatı diqqətlə izləyirdi. Onun üçün vətəninin taleyi, rus xalqının taleyi əsas məsələ idi. Nikolay gündəliyindəki ilk qeydlərində və məktublarında mövcud münasibətləri kökündən dəyişdirmək və hər şeydən əvvəl təhkimçilik hüququnu məhv etmək zərurətini irəli sürürdü.
Çernışevskinin 1846-1853-cü illərdəki gündəliyi və bu gündəlikdəki qeydlər həmin dövrdə onun gərgin ideoloji fəaliyyətini parlaq şəkildə əks etdirirdi. Beləki, bu gündəlik Nikolay Qavriloviç tərəfindən xüsusi bir şifrə ilə yazılmışdı və ancaq Oktyabr İnqilabından sonra bütünlüklə nəşr olunmuşdu. Gündəlik gənc inqilabçının öz siyasi baxışları haqqındakı tamamilə açıq bəhs etdiyi gözəl bir sənət əsəri idi.
Çernışevski bütün diqqətini Rusiyanın ictimai-siyasi quruluşunu inqilabi yolla dəyişdirmək məsələsinə verir, istismarçı siniflərlə zəhmətkeş kütlələr arasındakı ziddiyyət və münaqişələrin barışmazlığını qeyd edirdi. O, bildirirdi ki, mütləqiyyət təhkimçi mülkədarların keşiyində durur, aristokratiyaya kömək edir.Məhkəmə və qanunlar yalnız istismarçıların, soyğunçuların, zülümkarların mənafeyini müdafiə edir. Məhkum xalq bunlara ümid bağlaya bilməz. Çarizm hər bir canlı fikri, mövcud quruluşa, hakimiyyətə qarşı hər bir etirazı boğur.
Gənc Çernışevski çarizmin Qərbi Avropada da inqilabi hərəkatın boğulmasında iştirak etməsini kəskin şəkildə pisləyirdi. Qeyd edim ki, 1848-1849-cu illərdə Fransa, Almaniya, İtaliya və Avstriya - Macarıstanda baş verən inqilablar Rusiyaya da təsir etmiş, burada da siyasi vəziyyət xeyli kəskinləşmiş, xalq iğtişaşları güclənmişdi.Belə bir qarışıq vəziyyətdə çar hökuməti həm Rusiyada, həm də Qərbdə inqilabi hərəkatı boğmaq üçün var qüvvəsini səfərbərliyə almışdı.Petraşevskiçilərin dərnəyi dağıdılır, onun iştirakçılarına amansız cəza verilirdi.Lalkin heç bir təqib, heç bir təzyiq, heç bir cəza Rusiyada azadlıq hərəkatını boğa bilmirdi.
1846-1850-ci illərin tələbəlik illəri Nikolayın inqilabi dünyabaxışının formalaşması dövrü olsa da, universitet də onun arzu və ümidlərini doğrultmur.Seminariyada olduğu kimi, universitetdə də professor-müəllim heyəti çarizmə sədaqətini təbliğ edir, heç bir mütərəqqi fikrə malik olmurlar. Bundan sonra o, öz yolu ilə - təkbaşına təhsil almaq yolu ilə gedir. Rusiyanın sabahının, gələcəyinin, ictimai-siyasi inkişafının önə çıxardığı mühüm məsələlərə cavab tapmağa çalışır.
Nikolay Qavriloviç belə bir qənaətə gəlmişdi ki, mütləqiyyət-təhkimçilki quruluşunu məhv etmək üçün xalq üsyanı lazımdır. 1850-ci il yanvarın 20-də o, öz gündəliyində bu barədə yazırdı: “Rusiya haqqında mənim düşüncələrim belədir: qəti surətdə yaxın inqilabı gözləyirəm və onu arzu edirəm...”
“...Bizdə tezliklə qiyam olacaqdır və bu qiyam olsa, mən orada hökmən iştirak edəcəyəm... Bu, mütləq olacaqdır.Hökumətə, vergilərə, çinovniklərə qarşı xalqın narazılığı getdikcə artır... Bununla bərabər, maarifli adamlar arasında indiki qaydalara düşmən olan şəxslərin də sayı artır.Həmin yanğını doğurmalı olan qığılcım da hazırdır. Ancaq məlum deyildir ki, bu iş nə zaman baş verəcəkdir? Ola bilər, 10 ildən sonra baş versin, lakin mənim fikrimcə, tez baş verdikdə isə... mən iştirak edəcəyəm”.
İnqilabi fikirdə olan adamlar Çernışevskinin ətrafına yığılırdı. Məşhur tarixçi Nikolay İvanoviç Kostomarov, dekabrist Aleksandr Petroviç Belyayev, yazıçı Daniil Lukiç Mordovsev, Polşa üsyançısı İosif Malantoviç, müəllim Y.A.Belov Çernışevski ətrafında birləşmişdilər.Bu insanlar tam aydınlığı ilə dərk edirdilər ki, ictimai həyatı yalnız inqilabi yolla dəyişmək mümkündür. Çernışevski bütün əsas vasitələrdən istifadə etməyə çalışırdı ki, bu mübarizənin dalğası genişlənsin, bütün Rusiyanın hər bir əyaləti, şəhəri, hətta ucqar kəndinə yayılsın.Bunun üçün o, 1853-cü ildə “Hərbi məcmuə” jurnalının redaktorluğunu öz üzərinə götürüb hərbi hissələrlə əlaqəsini möhkəmlətmək istəyir. Jurnal vasitəsilə Novitski, Putyata, Dobrovolski, Potebnya kimi fəal zabitlərlə tanış olur...
N.M.Çernışevskayanın “N.Q.Çernişevskinin ailəsi” kitabını oxuyarkən böyük insanın nümunəvi şəxsi həyatı ilə bağlı məqamlar diqqətimi cəlb edir. Onların kiçik bir hissəsini oxuculara təqdim edirəm:
“Saratov gimnaziyasının gənc müəllimi Nikolay Çernışevski 1853-cü ilin qışında bir əyləncə gecəsində ilk dəfə Olqa Vasilyevanı gördü. Bu qıza rast gəlməsi onun üçün izsiz ötüşmədi, ona görə ki, bu qız barədə artıq öncələrdən çox eşitmişdi. Onun gözəl olduğu deyilir, barəsində adi olmayan söhbətlər dolaşırdı. Məsələn, bir dəfə o, şam yeməyində “Demokratiyanın şərəfinə!”- deyə badə qaldırmışdı.
Bu, universiteti bitirib öz həyatını təhkimçilik və mütləqiyyət ilə mübarizəyə həsr etmək kimi odlu bir arzu ilə Saratova gəlmiş Çernışevskinin diqqətini cəlb edir. Doğma şəhərində o, üstəlik də oyanmış bir əyalət ilə qarşılaşmışdı; gimnaziyada onu müəllimlər - çar Rusiyasının məmurları əhatə edirdi; əyləncə gecələrində rastlaşdığı gənclər həmin yerli məmurlardan və nazlı, əzilib-büzülən, ədabaz xanımlardan ibarət idi.
Saratovlu həkimin qızı olan Olqa Sokratovna Vasilyeva dedi-qoduları mübadilə edən və ərə getmək üçün əlverişli oğlan barədə arzularla yaşayan küt baxışlı bu qızlardan kəskinliklə fərqlənirdi.
Çernışevsk, qarşısında həyat sevinci ilə işıq saçan, iri qara gözlərinin ulduz kimi sayrışdığı əsmər-çəhrayı üzlü, qarasaçlı bir qız görmüşdü; mirvari dişlərinin sıralarını çılpaqlayan gözqamaşdırıcı təbəssüm və cingiltili gülüş onun şənlənməyi xoşladığından, dünyada canlı və gözəl olan hər şeyə sevgisindən xəbər verirdi. Olqa Sokratovna görünən kimi bütün məclis canlanır, darıxdıqları hiss olunan qonaqlar sanki yuxudan oyanır, iplə əl oyunları, poçt, püşk oyunu qızışırdı; musiqi özü də daha melodik səslənməyə başlayır, köhnə çağların kadrilinin (rəqs adıdır) rəsmiyyəti azalır və rəqsetmə vaxtı qısalırdı.
Sonralar Çernışevski Olqa Sokratovnanın zahiri görünüşünün Nekrasov poeziyasına təsirini qeyd edərkən yazırdı: “”Xırdavatçı”da Katerina, Saşa, knyaginya Trubetskaya – onların hamısı sənin portretlərindir”.
Eynilə Saşada olduğu kimi, Olqa Sokratovnanın yaddaşı rus poeziyasının obrazları ilə dolmuşdu. O, sadə nağılları, mahnıları, falları xoşlayır, yuxulara inanır və özü də adamların gələcək taleyindən xəbər verməyi sevirdi. Onun sərrast və bəsirətli gözləri vardı, adamı ilk baxışdan tanıya bilir və onun barəsində gəldiyi fikirdə yanılmırdı, onun xarakterində ən vacib elementi tutmağı bacarır və əlüstü ona ayama qoşurdu.
Olqa Sokratovna təbiət vurğunu idi, Volqanı ehtirasla sevirdi və sonralar nəvələrinə danışırmış ki, gənclik illərində onun doğma şəhərində ona zarafatla “Olqa Sokratovna” deyil, “Volqa Sokratovna” deyə müraciət edərlərmiş.
Olqa Sokratovna poeziyanı özəlliklə sevirdi. Puşkin, Jukovski, Batyuşkov, Koltsovun şeirlərinin narın hüsn-xətlə səliqəli şəkildə köçürüldüyü dəftərlərinin bütöv bir bağlaması qorunub saxlanmışdır.
Onun bütün varlığından bayağılıqdan uzaqlıq, gənclik cazibəsi və gözəllik saçılırdı ki, bunlar onun təbiətinin orijinallığını və özünəxaslığını dərhal duymağı bacarmış olan Çernışevskini sehirləməyə bilmədi.
Lakin gənc müəllimin diqqətini Olqa Sokratovnanın təkcə şən təbiəti və həyatsevərliyi cəlb etməmişdi. Onda onu bir inqilabçı olaraq əsir edən cizgiləri də görə bilmişdi. Əmin olmuşdu ki, bu qız cürətlidir, cəsurdur, mətindir, təhlükənin gözünün içinə gülərək baxmağı bacarır.Onların tanışlığından az sonra baş vermiş bir hadisə bunu sübut etmişdi.
Maslenitsa günü idi. Gənclər Çesnokovların evində toplanmışdılar. Toplaşanlara əvvəlcə blina paylandı, sonra köhnə rus adətincə at qoşulmuş xizəkdə gəzintiyə çıxdılar. Nikolay Qavriloviç evdə qaldı, Olqa Sokratovna isə rəfiqələri ilə birlikdə Gimnaziya təpəsindən Volqa sahilinə sürüşmək istədiklərini bildirdilər. Gözlənilmədən bədbəxtlik üz verdi: üzü aşağı Volqaya doğru çapan atların başı buraxılmışdı, xizək döngədə çuxura düşüb çevrildi və qızlar buzun üstünə yıxılıb ciddi xəsarət aldılar. Adamlar qaçaraq gəldilər, onları yerdən qaldırıb evlərinə apardılar və hamısı yatağa düşdülər. Təkcə Olqa Sokratovna evə getməkdən boyun qaçırdı, Çesnokovların evinə qayıtdı və baş vermiş hadisəni gülərək anlatdı:
“Biz Volqaya doğru çapırdıq, orada xizək döndü və paralandı. Əgər atlardan biri yıxılmasaydı, xizəyin altında qalıb xurd-xəşil olacaqdıq. Mən üzüüstə yıxıldım, digərləri mənim üstümə qalaqlandı. Hamı qışqırır, ah-uf edir, mən isə gülməkdən uğunurdum. Məni də yerdən qaldırmaq istədilər. Dedim, özüm qalxaram. Sağ böyrüm və bütün sağ tərəfim əzilmişdi. İndi bir az ağrıyır, mən isə qəsdən gülərək bunu ört-basdır edirəm”.
Yarım saatdan sonra Olqa Sokratovna dedi ki, onda hər şey keçib getdi.Çernışevski hayıl-mayıl olub, onu vəcdlə dinləyirdi. Onun parıltılı gözlərini, qızarmış yanaqlarını görür və düşünürdü: “Gözəldir! Dünyada birinci gözəldir!”. Həmin axşam bu sözləri öz gündəliyinə yazmış və Olqa Sokratovnanı bütün həyatı boyu belə adlandırmışdı, baxmayaraq ki, bu sözün tam mənasında o, heç də gözəl deyildi. Fəqət, Çernışevski ondakı böyük daxili gözəlliyi görə bilmişdi. Onun sevib-seçdiyi qız, ömür-gün yoldaşı yalnız belə: həqiqəti deyən, cürətli, qürurlu, ruhən və mənən güclü olmalıydı.Və həmin axşam Çernışevskinin qəlbi həmişəlik olaraq bu qıza bağlandı.
“Onun mənim səadətim və fərəhim üçün gərək olan məhz belə bir xarakteri var.Öz arvadım olaraq məhz onu istəməyimin ən başlıca səbəblərindən biri budur” – deyə o, gündəliyində yazmışdı.
Məhəbbət Nikolay Çernışevski üçün yüksək qayələrin mənbəyi idi, məhəbbət onu xalqının yaxşı günləri uğrunda ideya mübarizəsinə ruhlandırır, xalqına xidmət üçün qüvvəsini möhkəmlədirdi. Olqa Sokratovnaya olan hisslərini özü belə müəyyən etmişdi:
“Bu, gələcək sosial nizam haqqında düşünərkən, insanların gələcək bərabərliyi və fərəhli həyatı barədə düşünərkən məni bürüyən vəcd - sakit, güclü, heç vaxt zəifləməyən vəcddir. Bu, bir ildırım parıltısı deyil, bu, Günəşin həyəcan oyandırmayan parıltısına bənzər bir şeydir. Bu, Saratovda adamı yandırıb qarsalayan iyul günəşi deyil, bu, Xiosun şirin əbədi baharıdır”.
Öz şəxsi səadətini Çernışevski xalqının səadətindən ayrı düşünmürdü, eyni zamanda ona böyük və yeganə məhəbbət haqqında düşüncələr hakim kəsilmişdi.
“İstəyirəm bütün həyatım boyu birini sevim, - deyə Çernışevski 5 mart 1853-cü ildə gündəliyində yazırdı, - istəyirəm ki, qəlbim təkcə nigahdan sonra deyil, nigahdan öncə də ondan, mənim arvadım olandan başqa kimsəyə məxsus olmasın. İkinci bir eşqi istəmirəm”.
Bu sözləri peyğəmbəranə idi: Çernışevskinin yüksək, saf hissləri yalnız bir qadına, onun arvadı olana verilmişdi.
Fəqət, Olqa Sokratovnaya vurulan Nikolay Çernışevski çoxlu iztirablı düşüncələrə dalmış və yuxusuz gecələr keçirmişdi. Özü üçün bir məsələnin cavabını tapmaq istəyirdi: şəxsi səadətə haqqı varmı? Axı o – inqilabçıdır. İrəlidə - ağır və çətin yollardan, məhrumiyyətlər və mücadilə yolundan keçib getməlidir. “Nə ilə bitəcək bu? Katorqa və dar ağacı ilə... Belə bir hadisəyə dözməyə halı olmayan yazıq anamın mənim taleyimlə bağlı olan taleyi bəs deyilmi?.. Belə bir yol seçmiş adamın arvadının nəsibi nə olacaq? – deyə gündəliyində yazırdı. Və Çernışevski nəhayət, məsələni Olqa Sokratovna ilə birlikdə həll etməyə qərar verir. Bu ayırdetmə heç bir halda nişanlı gənclərin adi etiraflarına bənzəmir. “Mənim səmimi sözlərimi dinləyin, - deyə qıza qəlbini açır. – Peterburqa getməliyəm. Oraya gedib, çox əlləşib-vurnuxmalı, öz işlərimi nizamlamaqdan ötrü çox işləməliyəm...” Özünün inqilabçı açıqlığı və dürüstlüyü ilə Çernışevski sevdiyi qıza etiraf edir ki, ona olan dərin və qüvvətli hisslərinə baxmayaraq, onun həyatını öz həyatı ilə bağlamağa haqqı yoxdur. “Mənim düşüncə tərzim belədir ki, - deyə qıza ürəyini açır, - mən hər dəqiqə jandarmların gəldiyini, məni Peterburqa apararaq Allah bilir hansı müddətə həbsxanaya salacaqlarını gözləməliyəm. Burada elə işlər görürəm ki, ondan katorqa qoxusu gəlir – belə sözləri mən sinifdə açıq deyirəm”.
Bunlar artıq Olqa Sokratovnaya bəlli idi: onun qardaşı Saratov gimnaziyasında Çernışevskinin şagirdi idi və onun barəsində bacısına çox şeylər danışmışdı. O, söhbətin ardını dərin susqunluq içində dinləyirdi. “Mən bu düşüncə tərzindən imtina edə bilmərəm, ona görə ki, bu mənim ətrafımda gördüklərimə sərt münasibət bəsləyən və heç nəylə razılaşmayan xarakterimdədir... Bundan başqa, bizdə tezliklə bunt (iğtişaş, şuluqluq deməkdir – R.Mirzəzadə) olacaq və mən mütləq onda iştirak edəcəyəm... Bu mütləq olacaq. Xalqın hökumətə, vergilərə, məmurlara, mülkədarlara qarşı narazılığı getdikcə artır. Bütün bunların od tutub alovlanması üçün bircə qığılcım kifayətdir... Mən iştirak edəcəyəm”. Və Çernışevski Olqa Sokratovnaya “bir təhlükəli adam kimi” ona rədd cavabı verməsini təklif etdi. Buntdan qorxmadığını sözlərinə əlavə edəndə isə Olqa Sokratovna sakitcə ona cavab verdi: “Məni də qorxutmur”. “Evlilik təklif edən kəs belə danışmalı deyil” - deyə Olqa Sokratovnanın qarşısında üzr istəyəndə, qız yenə də səmimi və ciddi şəkildə dedi: “Necə lazımdır, elə danışırsınız”.
“Onunla bu tərzdə danışmaq mənim üçün ağır idi, - Çernışevski özlüyündə etiraf etmişdi. – Eşq əvəzinə, vəcd əvəzinə, vurğun oğlan danışığı əvəzinə, adam öz dili ilə deyir: - Lütfən, mənə ərə getməyə qərar verməyin! Bu nə ilə bitə bilərdi? Bu söhbət mənim səadətim üçün ölüm hökmü ilə nəticələnərdi. Lakin mən heç nəyə məhəl qoymadan bu söhbəti saldım və söyləməli olduqlarımı açıq söylədim. Mən dürüst bir adam kimi hərəkət etdim. Qız məni dinlədi və mənim dediklərimi öz gerçək mənasında anladı... Anladı ki, mən əzilib-büzülmürəm, səmimi danışıram, vəzifə borcuna görə hər şeyi açıb deyirəm. Ona görə yox ki, onu seçməkdən imtina edirəm. Kim bunu anlaya bilərdi? O anladı! Kim bunda özünü təhqir olunmuş saymazdı? O, özünü təhqir olunmuş saymadı! Ah, bu mənim ona olan hörmətimi necə də yüksəyə qaldırdı! Ah, bu mənim əminliyimi necə də artırdı ki, mən onunla bəxtəvər olacağam, mənimlə ailə qurmaqla bədbəxt olmayacaq!”. Və gündəliyin səhifələrində sevdiyi qıza and içir: “Sənin səadətin məndən nə dərəcədə asılı olduqca, mənim qüvvəmdən, mənim sonsuz səadətimdən asılı olduqca, sən bəxtiyar olacaqsan!”
Olqa Sokratovna ilə danışmaq Çernışevskinin şəxsi səadətini həll edir. 29 aprel 1853-cü ildə Nikolay Qavriloviç və Olqa Sokratovnanın toyları olur. Mayın əvvəlində onlar Peterburqa yola düşürlər.
Peterburqa gələndə Olqa Sokratovna Nikolay Qavriloviçdən hədiyyə aldı. Bu, şeirlər köçürmək üçün tünd-bənövşəyi rəngdə məxmər üzlüyü, qızıl düymələri olan albom idi. İlk vərəqində Çernışevskinin əli ilə yazılmışdı: “Sizə sonsuz sədaqəti olan adam sizə xoşbəxtlik arzu edir, ona görə arzu edir ki, Siz xoşbəxt olmağa layiqsiniz”. Hələ əvvəllər Olqa Sokratovnanın ikicə vərəqi qalmış başqa bir albomu olmuşdu. Vərəqlərdən biri Nikolay Qavriloviç Çernışevskinin avtoqrafı idi. Evlilik həyatına olan baxışlarını ifadə edərək yazmışdı:“Qadın kişi ilə bərabər olmalıdır. İndiyədək bu olmayıb. Qadın həmişə kölə olub. Qadın ərinə bərabər olmalıdır. İndiyədək bu olmayıb. Qadın hər zaman ərinin qulluqçusu olub, fərqi digər qulluqçulardan bir qədər yuxarıda durması idi. Qadın və kişi arasında, ər və arvad arasında bütün münasibətlər buna görə mənfur idi. Hər bir dürüst və ləyaqətli adamın vəzifəsi – qəlbinin bütün qüvvəsi ilə bu mənfur münasibətə nifrət etmək və ondan asılı olan dərəcədə onun kökünü qazımaqdır”.
Olqa Sokratovna ilk gündən ev təsərrüfatını öhdəsinə götürdü. Hər səhər obaşdan saat 5-də yerindən duraraq özü ərzaq dalınca bazara gedirdi.
10 may 1855-ci il, əri dissertasiyasını müdafiə etdiyi gün Olqa Sokratovna disputda (elmi müzakirədə - R.Mirzəzadə) onun dostlarıının arasında idi və onun uğurunun şahidi olmuşdu. O, həm də rəsmi elmin təmsilçiləri tərəfindən ərinin aldığı ilk zərbəni Nikolay Qavriloviç ilə paylaşmışdı – disputun sonunda elmi dərəcənin verildiyi barədə adi təbrik səslənməmişdi. Bu, Çernışevskinin girdiyi ilk döyüş idi – irəlidə ictimai mübarizə yolu, sevdiyi qızı vaxtilə xəbərdar etdiyi yol açılmışdı.
Olqa Sokratovnanın ərinə, uşaqlarına qızğın, sevgi dolu qayğısı özünü hər şeydə göstərirdi. O, uşaqların rahat yatıb-yatmadıqlarına göz yetirməkdən ötrü teatrdan evə gedə, bundan sonra operanın ardını dinləməkdən ötrü geriyə dönə bilərdi.
Çernışevskinin üç uşağı vardı. Aleksandr 1854-cü ildə, Viktor 1857-ci ilin əvvəlində, Mixail 1858-ci ilin sonlarında doğulmuşdu. Çernışevskinin evində olmuş tələbələr Nikolay və Olqa Çernışevskilərin ailə nizamının möhkəmliyinə şahid olmuşdular. Onlar Nikolay Qavriloviç və Olqa Sokratovnanın öz azyaşlı uşaqarının tərbiyəsinə nə dərəcədə sevgi ilə yanaşdıqlarını görürdülər. N.Y. Nikoladze öz xatirələrində Nikolay Qavriloviç barədə deyir: “Arvadını və oğullarını, Saşa və Mişanı heç nəyi əsirgəmədən bütün varlığı ilə sevirdi”. Çernışevskinin arvadının rolu da onun gözündən qaçmamışdı. “Olqa Sokratovna bir ana öz körpəsinin qayğısını necə çəkirsə, onun qulluğunda elə dururdu...”
Mən artıq xatırlatdığım kimi, Olqa Sokratovna rus bədii ədəbiyyatını sevir, çox oxuyur və hətta rus şairlərinin əsərlərini əllə köçürürdü. 1850-ci illərdən ömrünün ahıl çağlarınadək onun sevimli şairi Nekrasov olmuşdu. Onun şeirlərini əzbərdən bilirdi, yarım əsr sonra Nekrasovun unudulmuş şeirlərini Konstantin Çukovskiyə o tapıb göstərmişdi. Olqa Sokratovna Koltsovun şeirlərinə həvəsini Nikolay Qavriloviç ilə bölüşürdü. Hələ Saratovda ikən ondan Koltsovun şeirlər toplusunu hədiyyə almışdı.
“Mənim sevgim qədər saf, mənim sevgim qədər hüdudsuz bir sevgi kitabı; mənim ona olan sevgim kimi, sevginin – qüvvət və fəaliyyət qaynağı olduğunu göstərən kitab” - deyə Nikolay Çernışevski o vaxt gündəliyində yazmışdı.
Fransız dilini bilən Olqa Sokratovna fransızcadan tərcümələrdə Nikolay Qavriloviçə kömək edərdi (məsələn, O.Felyenin “Balaca qrafinya”sının tərcüməsində). Jurnalda təcili işlər olanda Çernışevskinin arvadı onun köməyinə gələrək tarixi materialların üzünü köçürürdü (“Dürüst adamın yaddaşına haqq qazandırılması”). Nəhayət, Nikolay Çernışevskinin rəhbərliyi altında 10 il ərzində “Sovremennik”də getmiş məqalələrin biblioqrafik göstəricisi 1854-cü ildə onun tərəfindən hazırlanmış, “O.S,Ç” imzası ilə dərc olunmuşdu.
Musiqiyə, boyakarlığa, teatra bərk həvəsi olan Olqa Sokratovna Peterburqda rəsm sərgilərinə gedir, italyan operalarında olurdu; Ştrausun Rusiyaya gəlişləri zamanı Pavlovskda onun rəhbərliyi altındakı konsertlərini, Peterburqda isə - Bethovenin əsərlərindən ibarət konsertləri dinləmişdi.
Çernışevski dəfələrlə Olqa Sokratovnaya onun hekayəçilik istedadının olduğunu demiş, onları yazmağı rica etmişdi. “Sənin fitri istedadın barədə düşüncələrim haqda danışmaq istərdim, - deyə 1 oktyabr 1881-ci ildə Sibirdən arvadına yazırdı. – Lakin Sən öz təvazökarlığın səbəbincə mənə hirslənərdin. Nə kimi fitri qüvvəyə malik olduğunun fərqində deyilsən. Əgər bu və digər fəaliyyətdə Sənə özünü göstərmək fürsəti düşsəydi, sən incəsənətdə, poeziyada və işgüzar həyatda böyük ad-san qazanar, məşhurlaşardın. Lakin səni hirsləndirmək istəmirəm və mən susuram...”
1858-ci ildə Nikolay Qavriloviç Hərbi Akademiyada özünə tərəfdarlar taparaq orada iki dərnək yaradır. 1860-cı ildə isə topçu zabitlər arasında “Çernışevskiçilər” dərnəyi fəaliyyətə başlayır.
Bütün bu illərdə Çernışevskinin məqsədi əsgərləri xalqla birləşdirmək olur.Onun bu məqsədlə təşkil etdiyi dərnəklərdən biri də “Şahmat klubu” adlanırdı. O, şahmat yarışları keçirmək bəhanəsilə yığıncaqlar düzəldir və burada çox mühüm siyasi məsələləri müzakirə edirdi...
Çernışevskiyə görə, insan şəxsiyyətinin formalaşmasında həyat şəraiti, ətraf mühit, tərbiyə əsas və həlledici rol oynayır. Onun fikrincə, insan rəhmli, yaxud rəhmsiz, ləyaqətli vətəndaş, yaxud cinayətkar və yaramaz doğulmur, düşdüyü şəraitdən və aldığı tərbiyədən asılı olaraq, müxtəlif vəziyyətlərə düşür. İnsanın taleyi və inkişafı, formalaşması və ictimai həyatda tutduğu mövqeyi irsiyyətlə müəyyənləşdiyini müdafiə edən hər cür fikri Çernışevski qəti rədd edirdi.
Nikolay Qavriloviç öz dövründə uşaqlara heç bir şey öyrətməyən, onlara əzab və işgəncə verən, onları korazehin edən və pozan məktəblərin əleyhinə çıxırdı. O, çar məktəbinin dözülməz rejimini, kobud formalizmini və məzmunsuzluğunu kəskin tənqid atəşinə tuturdu. Deyirdi ki, belə məktəblər insanda heç bir canlı arzu yaratmır, ona aydın dünyagörüşü vermir. Bu məktəbdən çıxanlar cəsarətsiz, aciz, məhdud və prinsipsiz olurlar. Onların fikirləri tərəddüdlü, dolaşıq, fəaliyyətləri məqsədsiz olur.
Çernışevskiyə görə, “Maarif bütün rifah halların əsasıdır”, “Maarif xalqa rifah, həyat və qüdrət verir”, “Əqil və biliyə əsaslanan hər bir iş müvəffəqiyyətlə nəticələnə bilər, əqil və bilik isə təhsil ilə inkişaf edir”di. Lakin Nikolay Qavriloviç öz dövründə təhsilin qənaətbəxş olmadığını təəssüflə qeyd edirdi. O, hər şeydən əvvəl, bütün xalqların, millətlərin övladlarının təhsilli olmasını arzulayırdı. Çernışevski təlimin ana dilində keçirilməsini zəruri hesab edir, hər bir xalqın balalarının öz milli dilində tədrisə qovuşması ilə bərabər, digər xalqlar ədəbiyyatını da öyrənməsini vacib bilirdi. Dahi yazıçı – mütəfəkkir deyirdi ki, qadınlar üçün yaranmış qeyri-normal vəziyyət şərtsiz olaraq aradan qaldırılmalıdır. Özünün dünya şöhrətli “Nə etməli?” romanında sübut edirdi ki, kişiyə nisbətən qadına tam olmayan aşağı dərəcəli canlı kimi baxmaq, buradan da onun zehni fəaliyyətə və ictimai həyatda fəal iştirak etməyə qabil olmadığı nəticəsini çıxarmaq tamamilə puç və əsassızdır. Qadının mənəvi keyfiyyətləri etibarı ilə kişidən heç bir şeylə fərqlənməməsi, zehni inkişaf üçün kişilər kimi bütün əlamətlərə malik olması Çernışevskiyə tamamilə aydın idi. Buna görə də Nikolay Qavriloviç qadının ictimai həyatdan uzaqlaşdırılmasını, onun ictimai həyatdakı mövqeyinin məhdudlaşdırılmasını elmə və sağlam düşüncəyə zidd hesab edirdi. Çernışevski təhsildə və ictimai həyatda iştirak etməklə, qadının hüquq bərabərliyini müdafiə etməklə yanaşı, ona siyasi hüquq verilməsini və zəhmətkeş qadının ictimai vəziyyətinin yaxşılaşdırılmasını ciddi surətdə tələb edirdi.
Çernışevski, tərbiyənin düzgün qurulmasını, uşaq şəxsiyyətinə yüksək dərəcədə hörmətlə yanaşmağı, uşağa qarşı hər hansı təzyiqdən çəkinməyi tələb kimi irəli sürürdü. O, qeyd edirdi ki, müəllim uşağı yaxşı öyrənməli, onun daxili aləmini bilməli, uşağın şəxsi fəaliyyətinə daha artıq əhəmiyyət verməlidir. Onun fikrincə, təhsil uşaqları təbiət və cəmiyyət haqqında mümkün qədər dərin və hərtərəfli biliklərlə “silahlandırmalı”, onlarda doğru və tez düşünmək qabiliyyətini inkişaf etdirməlidir. Əxlaq tərbiyəsi isə şagirdlərdə bütün xeyirxahlıqlara və gözəlliklərə qüvvətli məhəbbət, nəcib hisslər və arzular aşılamalıdır. Buraya o, Vətənə və xalqa məhəbbət, insana, zəhmət adamına həssas və qayğıkeş münasibət bəsləməyi, zəhməti sevməyi, qarşıya nəcib məqsədlər qoymağı və ona çatmaq üçün heç bir çətinlikdən qorxmadan mübarizə aparmağı, namuslu və doğruçu olmağı və s. keyfiyyətləri daxil edirdi. Çernışevkiyə görə, fiziki tərbiyənin vəzifəsi şagirdlərin fiziki qüvvəsini inkişaf etdirmək və sağlamlığını möhkəmləndirməkdir. Bunlar həm də əqli tərbiyənin inkişafı üçün lazımdır.
Çernışevski məktəblərin proqram və dərs kitablarını tənqid edərək, onların dünyəvi məktəbləri deyil, ruhani məktəblərini nəzərdə tutduğunu, təlim məşğələlərinin həqiqi təhsilli adamlar yetişdirmək üçün qətiyyən yaramadığını göstərirdi. Məhz bunun üçün də Çernışevski, köhnə məktəbin təlimini “axmaq pedantlıq” adlandırır və köhnə məktəbin şagirdləri korazehin etdiyini göstərirdi.
Çernışevski dərsliklərin qarşısında yeni və konkret şərtlər qoyur, dərsliklərin elmi əsasda qurulmasını tələb edirdi: “ Dərs kitablarında əqil, fikir, bilik olmalıdır. Kitabın dili sadə olmalıdır. Dərs kitabına elmin hamısı deyil, uşaqların gücünə müvafiq olan əsas materiallar daxil edilməlidir”.
Nikolay Qavriloviç dərs kitablarında verilən materiallar arasında məntiqi əlaqə olmasına, gözəl və nəfis şəkildə çap edilməsinə böyük əhəmiyyət verirdi. O, deyirdi ki, əgər dərsliklər bu xüsusiyyətləri əks etdirsələr, onlarda verilən materialların bir qədər geniş olmasının eybi yoxdur.
Çernışevski öz dövrünün dəyərsiz, çox zaman zərərli və yaramaz uşaq ədəbiyyatına qarşı da ciddi mübarizə aparmışdır. Uşaq zəkasına inanmayan, onu təhqir edən, uşaq əqlinə və təfəkkürünə qida verməyən, saxta və quru nəsihətlərlə dolu olan uşaq ədəbiyyatını Çernışevski kəskin tənqid etmiş, bu ədəbiyyatı sarsaqlıq və giclik adlandırmışdır. Uşaq ədəbiyyatında sadəlik, bədiilik, təbiilik, uşağın yaş xüsusiyyətinə müfaviq məzmun, işgüzar əyləncəlilik, həyata uyğunluq və doğruçuluq kimi prinsipləri tələb etmişdir. Yaxşı yazılmış kitab və ya yaxşı təşkil edilmiş oyun uşağı elə bir zövqlə məşğul edə bilər ki, onun başqa şeylər haqqında düşünməyə vaxtı qalmaz və onun orqanizminə lazımsız şeylər təsir göstərə bilməz.
Çernışevski əxlaq tərbiyəsinə xüsusi əhəmiyyət verirdi. Onun müdafiə etdiyi əxlaq tərbiyəsinin nəzəri əsasını “düşüncəli eqoizm” təşkil edir. Nikolay Qavriloviç bunu rəhbər tutaraq, xalqın mənafeyinin həqiqi müdafiəçisi olacaq fəal ictimai xadimlərə, yeni insana xas olan əxlaqi keyfiyyətləri müəyyənləşdirmiş və buraya – vətənpərvərliyi, insanpərvərliyi, əməksevərliyi, doğruçuluğu, mərdliyi, namusluluğu, sözlə iş birliyini, hər cür alçaqlıqla barışmazlığı və əxlaqi keyfiyyətləri daxil etmişdir.
O, uşaqların şüur və xarakterini təşəkkül etdirən müəllim qarşısında müəyyən konkret tələblər qoyurdu. Onun fikrincə, müəllim insan tərbiyə edir. Təlim-tərbiyə işi ev, yaxud masa, çəkmə, yaxud köynək hazırlamaq kimi bir şey deyil, tamamilə başqa bir işdir. Müəllim quru, sərt rəsmiyyətçilikdən əl çəkib mərhəmətli və düşüncəli olmalıdır.
İnsan şəxsiyyətinin inkişafını və formalaşmasını şərtləndirən ən başlıca faktorlardan biri olaraq tərbiyəyə müraciət edəndə, bəzən onun rol və əhəmiyyətini qədərindən yüksək qiymətləndirməklə, Çernışevski tərbiyə sahəsində Rusiyanın mütləqiyyət-təhkimçilik üsul-idarəsi şəraitində müşahidə olunan bərbad vəziyyəti, təhkimçilər hökuməti və rəsmi tərbiyə sisteminin yürütdüyü “maarifçilik” siyasətinin mahiyyətində olan qüsurları açıb göstərirdi. Nikolay Qavriloviçin haqlı olaraq gəldiyi fikrə görə, bu bərbad vəziyyət o dərəcədə aydın və kəskin idi ki, ona münasibətdə hər hansı dözümlülük. ya azacıq da olsa, düşünmə və həyatın dörd bir tərəfində görünən təzahürlər barədə məntiqi mühakimə yürütmə qabiliyyətinin yoxluğu, ya da bütün öncül, mütərəqqi olan hər şeyə qarşı heyvani nifrətlə izah oluna bilərdi. O, Rusiyada savadlılığın vəziyyətinə toxunarkən “Xürafat və məntiq qaydaları” məqaləsində yazırdı: “İki yüz milyona yaxın əhalisi olan bütöv Qərbi Avropada (Rusiyada o vaxt 65-70 milyon əhali yaşayırdı) bizim ölkəmizdə olduğu qədər savadsız adam yoxdur; hansısa bir Belçikada və ya hətta Bavariyada, hələ Bavariyanın digər Qərbi Avropa torpaqlarından geri qaldığını demirik, 5 milyon əhaliyə nisbətdə məktəbdə oxuyanların sayı bütöv Rusiyada olduğu qədərdir”. Buradaca Çernışevski öz qeydlərində izah edirdi ki, ən güzəştli hesablamalara görə təxmin edilir ki, Rusiya imperiyasının 65 və ya 70 milyon əhalisinə nisbətdə oxumağı bacaran adamların sayı 5 milyona yaxındır. Lakin bu rəqəm çox ehtimal ki, həddən artıq yüksəkdir. Üstəlik də, daha sonra qeyd edir, savadlıların əksəriyyəti - şəhərlərdədir. Deməli, kəndlərdə, xüsusilə əməkçi kəndlilər arasında hökm sürən savadsızlığı, zülmət qaranlığı yalnız təsəvvürə gətirmək olar.
Savadlılıq məsələsində belə bir ağır vəziyyətin səbəbi nədədir? Elə həmin məqalədə Çernışevski göstərirdi ki, belə bir bərbad vəziyyətin səbəbini rus adamının təbiətində axtarmaq istəyənlər var. “Maddi işdə rus adamının ətalətliliyini” əsas götürməklə, onlar bu nəticəyə gəliblər ki, rus, öz təbiəti etibarilə tənbəlliyə meyllidir, eynilə təhsilin zəif inkişafından da bu nəticəyə gəlirlər ki, rus tayfasının maarifə həvəsi azdır. Rusiyada savadlılığın və ümumilikdə maarifin zəif inkişafetmə səbəblərinin bu səpkidə izah olunmasını Çernışevski rus xalqına kobudcasına, kütbeyincəsinə atılan bayağı böhtan adlandırırdı. Gerçəklikdə isə, - deyə Çernışevski göstərirdi, bunun əksi, məhz xalqın maarifə fövqəladə dərəcədə güclü bir şəkildə can atdığı müşahidə olunur, fəqət şərait və idarəçilik bunu həyata keçirməyə hədsiz maneçilik törədir.
Çernışevski məşhur rus ədəbi tənqidçisi, alimi Vissarion Qriqoryeviç Belinskidən sonra rus ədəbiyyatının ən böyük, ən görkəmli nəzəriyyəçilərindən biridir. O, öz müəllimi Belinskinin prinsiplərini davam etdirərək materialist, inqilabi-demokratik görüşlərinə əsasən dərindən düşünülmüş, möhkəm, tam bir ədəbiyyat və materialist estetika nəzəriyyəsi yaratmışdır.
Çernışevski göstərirdi ki, insanın ən böyük zövq mənbəyi həyatdır, həyatla bağlı olmayan, varlıqdan doğmayan arzu və istəkləri ciddi hesab etmək olmaz. Sənət də ancaq həyata əsaslandığı, həyatı düzgün əks etdiyi zaman qiymətli və böyük əsərlər yarada bilər.
Çernışevski öz böyük sələfinin, 30-40-cı illərdə Rusiyada mütərəqqi humanitar elmlərin inkişafındakı xidmətlərini qiymətləndirərkən yazırdı: “Belinskiyə qədər bizdə tənqid var idisə, lakin ədəbiyyatımızın tarixi yox idi.Ədəbiyyat tariximiz haqqında düzgün və dəqiq anlayışa malik olmağımızla biz Belinskiyə borcluyuq.
Belinskinin tənqidində sanki bütün rus ədəbiyyatı təkrar olunmuşdur... O, xüsusi elm olan rus ədəbiyyatı tarixi elminin yaradıcısıdır.O, bu elmin ilk bilicisidir və indiyə qədər də birinci olaraq qalır. Bu sahədə indiyə qədər bizim alimlərimizin heç biri Belinski ilə müqayisə edilə bilməz”.
O, ədəbiyyat və incəsənəti, fəlsəfə və iqtisadiyyatı xalqı, məzlumları zülm və əsarətdən qurtarmaq, insanların həyatını yaxşılaşdırmaq uğrunda mübarizədə kəskin bir silah hesab edirdi. Çernışevskinin “Həyat dərsliyi” əsl həyat dərsliyi olan gözəl əsərləri klassik rus ədəbiyyatının parlaq səhifələrindən biridir.
N.Q.Çernışevskinin “İncəsənətin varlığa estetik münasibətləri” adlı məşhur əsəri onun estetikaya dair yazmış olduğu əsərlər içərisində mərkəzi yeri tutur. Bu əsəri Çernışevski vaxtilə rus dili və ədəbiyyatı üzrə alimlik dərəcəsi almaq üçün dissertasiya kimi yazıb hazırlamışdı. (Bir qədər əvvəl “N.Q.Çernışevskinin ailəsi” kitabından gətirdiyim sitatlarda Olqa Sokratovnanın 10 may 1855-ci ildə ərinin dissertasiya müdafiəsində iştirakı zamanı “Elmi dərəcənin verildiyi barədə adi təbrik səslənməmişdi” fikrindən də aydın olur ki, əsərin təsdiqində problemlər yaradılıbmış). Lakin dissertasiyada bir sıra yeni cəsarətli fikirlər irəli sürüldüyündən və o zaman estetika elmi sahəsində mövcud olan idealist mülahizələr ciddi tənqid və rədd edildiyindən, əsər Peterburq Universitetində təsdiq edilməmiş və Çernışevskiyə alimlik dərəcəsi verilməsi təxirə salınmışdı.
Əsər ilk dəfə 1855-ci ildə nəşr edilmişdir. Çernışevskinin bu əsəri 60 –cı illərdə inqilabi- demokratik rus ədəbiyyatının inkişafında, realizm ənənələrinin ədəbiyyatda və incəsənətdə möhkəmlənməsində böyük mütərəqqi rol oynamışdır.
“Sənət, sənət üçün” nəzəriyyəsini qəbul etməyən və yüksək ideyalı incəsənətin carçısı olan Çernışevski, bu barədəki fikirlərini genişləndirərək yazırdı: “İnsan üçün dünyada ən əziz olan şeylərin ən ümumisi və ən əzizi həyatdır, əvvəlcə elə bir həyat ki, onu insan istəyir, sevir, sonra isə hər hansı bir həyat, çünki hər halda yaşamaq yaşamamaqdan yaxşıdır, canlı olan hər bir şey öz təbiəti etibarı ilə öıümdən, yoxluqdan qorxur və yaşamağı sevir.Buna görə də adama elə gəlir ki, “gözəl həyatdır”. “Gözəl o məxluqdur ki, onda biz həyatı öz anlayışımıza görə görmək istədiyimiz kimi görürük”. “Gözəl o predmetdir ki, həyatı ifadə edir və ya bizə həyatı xatırladır”.
İncəsənət əsərlərində təsvir edilən hadisələrin və xarakterlərin tipik olması məsələsini də Çernışevski obyektiv varlığın öz qanunlarına əsaslanaraq zəruri bir şərt kimi irəli sürmüşdü. O, belə hesab edirdi ki, təsvir olunan həyat materialını tipikləşdirmək və bununla da yüksək bədii ümumiləşdirməyə nail olmaq incəsənətin bütün növləri və xüsusən poeziya (ədəbiyyat) üçün zəruridir. Hadisə və xarakterləri tipikləşdirmək cəhətdən daha çox imkana malik olduğu üçün poeziya başqa incəsənətlərdən ölçüyə gəlməz dərəcədə yüksəkdə dayanır, bütün başqa incənətlər poeziyanın bizə dediyinin yüzdə birini də deməyə qadir deyildir.
Çernışevski qeyd edir ki, tip yaratmaq – tipi kəşf etmək, onu düşünmək deməkdir. Tipik surət və hadisələri görmək, müşahidə etmək azdır, onları təsvir edə bilmək bacarığına malik olmaq lazımdır. Hər hansı bir süjetin ümumi bir icmal şəklində yazılması öz-özlüyündə bədii əsər yaratmaz- süjetdən istifadə etməyi bacarmaq lazımdır. Hər bir hadisənin ümumi və xüsusi cəhətləri vardır, ümumi və əsas cəhəti təfərrüatdan ayıra bilmək, hadisə və predmetin mahiyyətini təşkil edən cəhəti müvəqqəti elementlərdən, keçici təfərrüatdan fərqləndirə bilmək sənətkar üçün çox mühümdür. Tipiklik və surətlərin tam dolğunluğu üçün də bunun əhəmiyyəti böyükdür, çünki lazımsız təfərrüatdan uzaqlaşmaq və əsərdə həmişə yığcamlığa nail olmaq tipik hadisə və surətlər üçün əlverişli şərait yaradır. Çernışevski bu cəhətdən rus ədəbiyyatında Puşkin, Lermontov və Qoqol kimi sənətkarların povest və hekayələrinə yüksək qiymət verirdi.
N.Q.Çernışevski XIX əsrin ikinci yarısında Rusiyada baş vermiş böyük ictimai dəyişiklikləri dərin təhlil edən mütəfəkkirlərdən biri olmuşdur. Lakin o, təkcə Rusiya azadlıq hərəkatının müqəddəratı ilə məhdudlaşmamış, bəşəriyyətin qanunauyğun inkişafının dərin materialist və dialektik izahını vermişdir. Özünün tarixə aid bir sıra əsərlərində, məsələn, alman tarixçisi Fridrix Kristof Şlosserin “Ümumdünya tarixi”nin rus tərcüməsinə müqəddimə”, “XVIII Lyüdovik və X Karlın hakimiyyəti dövrü Fransada partiyaların mübarizəsi”, “Fransa Lyüdovik – Napoleon dövründə”, “İyul monarxiyası”, “ Qraf Kafur”, “Kavenyak” və s. əsərlərində Çernışevski mövcud quruluşun sinfi bölgüsünü vermiş, ictimai mübarizənin əsas səbəbi olan sinfi mənafelərin əksikliyini açıb göstərmək səviyyəsinə yüksəlmişdir.
Çernışevski elm üçün doğulmuşdu, özünün publisistik fəaliyyətində də elmə olan məhəbbətinə daim sadiq qalmış, rus fəlsəfi, estetik, iqtisadi elm sahələrinin maraqlı xüsusiyyətlərini işləyib hazırlamışdı. Bununla belə, Nikolay Qavriloviç yaxşı bilirdi ki, o, öz ideyalarını publisistika ilə daha dəqiq və birbaşa çatdıra bilər.
Kəndli islahatlarının çürüklüyünün sübutu və inqilaba çağırış ideyaları onun “Ünvansız məktublar”əsərində daha qabarıq şəkildə özünü büruzə verir. 1862-ci ilin martında bu məktubların çapı nəzərdə tutulmuşdu. Lakin bu yazılarda islahatın xalqa zidd mahiyyəti açıldığından senzura həmin vaxtlar onların çapına icazə verməmişdi.Müəllif burada da xalqı inqilabi mübarizəyə səsləyib, vəziyyəti belə izah edirdi: “Krım müharibəsi “bizim paltarımızı bir balaca cırdı və bizə əvvəlcə elə gəldi ki, onu yalnız yamamaq yaxşı olar; lakin yamamağa başlayanda tədricən hiss etdik ki, bu paltarın əl vurduğumuz hər yeri çürümüşdür; budur, indi siz görürsünüz ki, bütün cəmiyyət başdan-ayağa təzə paltar geyməyi tələb edir.O, yamaq istəmir”. Buradakı “başdan ayağa təzə paltar geymək” ifadəsi o vaxtkı ezop dili ilə inqilaba, yeni həyata çağırış idi.
N.Məmmədovun qeydlərinə görə, Çernışevski öz əsərlərində ədəbiyyatın ideyalılığı, tendensiyalılığı məsələsinə də xüsusi diqqət yetirmişdir. O, göstərirdi ki, səhv, uydurulmuş fikir, ideya həyatı təhrifə və bədii uğursuzluğa aparıb çıxarır. Yazıçı aydın dünyagörüşə malik olmalı, həyatın eybəcər cəhətlərini təsvir və tənqid etməklə bərabər, onun işıqlı, müsbət cəhətlərini, inkişaf meyllərini də qələmə almalıdır. Əlbəttə, Çernışevski həyatın işıqlı, müsbət cəhətləri dedikdə, dövrün mütərəqqi ideyalarını, bilavasitə zəhmətkeş kütlələrin mənafeyini müdafiə edən inqilabi – demokratik görüşləri nəzərdə tuturdu. Çernışevski yazırdı: “İstedadın gücü həqiqətdir. Qayəsi yanlış olan əsər bədii cəhətdən də zəif olur”.
Çernışevski bədii əsərin təhlilini verərkən iki mühüm amilə, prinsipə əməl etməyi vacib sayırdı. O, ədəbi tənqidin mahiyyət və vəzifəsindən bəhs edərək yazırdı : “Ədəbiyyat haqqında söhbət gedərkən bizim hafizəmizdə iki mühüm prinsip xüsusilə yadda saxlanılmalıdır. 1) Ədəbiyyatın cəmiyyətə və onu məşğul edən məsələlərə münasibəti anlayışı, 2) bizim ədəbiyyatımızın müasir vəziyyəti və onun inkişafını şərtləndirən amillər anlayışı. Bizim tənqidin ən mühüm əsasları kimi hər iki prinsip Belinski tərəfindən əsaslandırılmış,onun dialektikasının bütün gücü ilə şərh edilmiş və ədəbi təcrübəyə tətbiq olunmuşdur. Ədəbi tənqidin mühüm nailiyyətləri də bu iki prinsipə əməl edilməsindən asılı olmuşdur”.
Çernışevski ayrı-ayrı yazıçılar və əsərlər haqqında mülahizə söyləyərkən də Belinskinin hazırladığı bu iki prinsipə riayət etmişdir.
Çernışevskinin ilk mühüm ədəbi – tənqidi əsəri Puşkinə həsr olunmuşdur. O, Puşkini rus ədəbiyyatında əsaslı dönüş yaradan, onu yüksək bir inkişaf mərhələsinə qaldıran, öz əsərləri ilə Rusiyada yeni oxucular nəsli yetişdirən, bu nəslin ictimai şüurunun və bədii zövqünün inkişafında misilsiz xidmət göstərən dahi bir şair adlandırmışdır. Çernışevski yazırdı ki, Puşkinə qədər Rusiyada ədəbi-bədii təhsil çox az adamı məşğul edirdi. Məhz bu şairin təsirilə ədəbi-bədii təhsil on minlərlə adamın arasında yayılmışdır.
Nikolay Qavriloviç Puşkin poeziyasının mahiyyəti və pafosundan bəhs edərkən göstərirdi ki, Puşkin böyük və alovlu vətənpərvər bir şair olmuş, öz tükənməz istedad və enerjisini, zəngin və çoxcəhətli yaradıcılığını şüurlu surətdə rus cəmiyyətinin maariflənməsi, mənəvi inkişafı işinə həsr etmişdir.
Çernışevski Puşkinin rus ədəbiyyatının gerçəkliklə, xalq həyatı ilə əlaqəsini qüvvətləndirməsi, rus ədəbiyyatında realizmin əsaslarını qoyması sahəsindəki rolunu da xüsusi olaraq təqdir etmişdi: “Puşkin əsərlərində, ilk dəfə olaraq, rus adət -ənənələrini və rus xalqının müxtəlif ictimai təbəqələrinin həyatını olduqca düzgün və dəqiq əks etdirmişdir”. Bu baxımdan tənqidçi, xüsusən “Yevgeni Onegin” poemasını yüksək qiymətləndirirdi: “Yevgeni Onegin” müasir rus cəmiyyətini əks etdirən ilk rus romanıdır. O, rus ədəbiyyatında demək olar ki, misilsiz müvəffəqiyyət qazanmış və ədəbiyyatın, həmçinin oxucuların təsəvvürünün inkişafına böyük təsir göstərmişdir”.
Nikolay Qavriloviç Puşkinin ədəbiyyatda xəlqilik probleminə həsr olunmuş məqaləsini də təqdir etmiş, şairin xəlqilik haqqında qiymətli, orijinal mülahizələr söylədiyini göstərmiş və yazmışdır ki, Puşkinin yaradıcılığı da tam xəlqi səciyyə daşıyır. Onun poeziyası təbii, həqiqi və səmimi bir xalq ruhu ilə aşılanmışdır. Tənqidçi Puşkin poeziyasının xəlqiliyini şərtləndirən amilləri çox düzgün təyin etmişdir. O, göstərirdi ki, Puşkin ilk təhsilini xarici dildə alsa da, fransız tərbiyəsi görsə də, uşaqlıq illərindən xalq həyatı ilə də əhatə olunmuşdur. Bu cəhətdən təhkimçi kəndli olan dayəsi Arina Rodionovna Puşkinə çox qüvvətli və səmərəli təsir göstərmişdir. Puşkin bilavasitə dayəsinin təsiri və səyi nəticəsində rus dilini, rus nağıl və rəvayətlərini mükəmməl öyrənmiş, daim kəndlilər içərisində dolanaraq, bu sahədə müşahidə, məlumat və biliklərini dərinləşdirmiş, beləliklə də onun ruhu xalq ruhu ilə yoğrulmuşdur. Çernışevski belə bir cəhəti xüsusi qeyd edirdi: “ O adamda ki, xalq təbiəti güclü olur, heç bir xarici təsir onda bu təbiəti boğub məhv edə bilməz”.
Çernışevski Puşkin haqqında bəzən birtərəfli, yanlış mülahizələr də söyləmişdir. O, eyni zamanda qeyd edirdi ki, Puşkinin poeziyası məzmununa görə deyil, başlıca olaraq yüksək bədii məziyyətlərinə görə diqqətəlayiqdir. “Puşkin əsas etibarilə forma şairidir. Bununla biz heç də demək istəmirik ki, rus poeziya tarixində onun əsas xidməti- şeirin işlənilməsindədir; belə fikirdə poeziyanın cəmiyyətin həyatında oynadığı rola dair çox məhdud bir görüş öz əksini tapa bilər. Lakin həqiqətən Puşkinin əsərlərinin mühüm əhəmiyyəti ondadır ki, onlar gözəldirlər və ya indi necə deyərlər, bədiidirlər”. Başqa bir yerdə isə, Puşkin əsərlərinin ideya məzmunundan bəhs edərkən Çernışevski yazırdı ki, Puşkin həyat haqqında bu və ya digər dərəcədə qəti təsəvvürə malik olan bir şair olmamışdır.
Rus ədəbiyyatında Puşkindən sonra Çernışevskinin ən çox diqqətini cəlb edən və onun dərin hörmətini qazanan yazıçı Nikolay Vasilyeviç Qoqol olmuşdur. O, Qoqolun rus ədəbiyyatının inkişafı tarixində xidmət və rolunu “Rus ədəbiyyatının Qoqol mərhələsi haqqında oçerklər” adlı elmi-tənqidi əsərində geniş və dərindən işıqlandırmışdır. Lakin Çernışevski bu əsərlə məhdudlaşmamış, 50-60-cı illər arasında Qoqol haqqında 20-yə yaxın məqalə və resenziya yazmış və onlarda Qoqolun ayrı-ayrı əsərləri, ümumi yaradıcılığı, rus ədəbiyyatının inkişaf tarixində rolu, həmçinin dünyagörüşünün ziddiyyətləri, ədibin həyatının çox dövründə keçirdiyi mənəvi-psixoloji böhran haqqında maraqlı, orijinal və olduqca diqqətəlayiq mülahizələr söyləmişdir.
Böyük sələfi Belinski kimi, Çernışevski də Qoqolu dahi yazıçı, Puşkindən sonra rus ədəbiyyatının ən görkəmli nümayəndəsi saymış, onu rus “Natural ədəbi məktəbinin”- realizm yaradıcılıq metodunun əsas banisi adlandırmış, rus ədəbiyyatının Puşkindən sonrakı dövrünü bilavasitə Qoqolun adı ilə bağlamış, “Qoqol mərhələsi” kimi qiymətləndirmişdir. O, yazırdı ki, rus ədəbiyyatında Qoqol yalnız dahi sənətkar kimi deyil, eyni zamanda məktəbin banisi – rus ədəbiyyatının fəxr edə bildiyi yeganə banisi kimi qiymətlidir.
Çernışevskinin təqdim və təbliğ etdiyi şairlər içərisində Nikolay Platonoviç . Oqaryov və Nikolay Alekseyeviç Nekrasov xüsusi yer tutur. O, “Rus ədəbiyyatının Qoqol mərhələsi haqqında oçerklər” əsərində Oqaryovun poeziyası və fəaliyyətinə dair qiymətli mülahizələr söyləmiş və “N. Oqaryovun şeirləri” adlı xüsusi bir məqalə yazmışdır.
Çernışevskiyə görə Oqaryov böyük rus yazıçısı və mütəfəkkiri Gertsenin dostu və silahdaşı, rus inqilabi- demokratik hərəkatının görkəmli nümayəndəsi və rus poeziyasının nadir simalarından biri kimi dəyərli insan idi. Oqaryov poeziyasının ideya məzmunundan danışarkən tənqidçi göstərirdi ki, onun poeziyasının əsas mahiyyət və pafosunu inqilabi- demokratik ideyaların təbliği, rus xalqının azadlığı və xoşbəxt həyatı uğrunda mübarizə təşkil etmişdir. Onun lirik qəhrəmanının simasında da öz həyat və fəaliyyətini şüurlu surətdə doğma xalqının azadlığı və səadəti uğrunda mübarizəyə həsr edən inqilabçıların səciyyəvi sifətləri ümumiləşdirilmişdir.
Çernışevski Nekrasovu Puşkin,Lermontov, Koltsov kimi birinci dərəcəli istedadı olan, rus şairləri içərisində ən dahi və ali bir şair saymış, onun poeziyasının mahiyyətini və tarixi əhəmiyyətini düzgün qiymətləndirmişdir. O, göstərmişdir ki, Nekrasov poeziyası həm məzmunu, ideya istiqaməti və problemlərinə görə, həm də bədii xüsusiyyətlərinə görə rus poeziyasında tam yeni bir hadisədir. Nekrasovun əsərlərilə rus poeziyası öz inkişafının yeni bir mərhələsinə daxil olur.
Çernışevski Nekrasov poeziyasının bir mühüm cəhətini də yüksək dəyərləndirmişdir. O, yazmışdır ki, Nekrasov xalq mənafeyini müdafiə edən, onun azad və xoşbəxt həyatı uğrunda mübarizə aparan demokratik ziyalıların düşüncəsini, əhval- ruhiyyəsini, dərd və səylərini, ideallarını düzgün və səmimiyyətlə, yüksək poetik bir səviyyədə təsvir etmişdir. Onun şeirləri həm “fikir poeziyası”, həm də “qəlb poeziyası ” kimi diqqətəlayiqdir.
Öz mülahizələrini, öz ideallarını üzə çıxarmaq üçün polemika publisistin əlində ən yaxşı silah hesab olunur.Çernışevski bu silahın ən güclü daşıyıcısı Belinski ənənələrinin böyük davamçısı idi.O, öz polemik gücü ilə dövrünün qabaqcıl yazıçılarının ideya büdrəmələrinin qarşısını almış, düşmənlərinə güclü zərbələr endirmişdi.
C. Məmmədov qeyd edir ki, Çernışevski öz opponentinin bütün qüvvəsini nəzərə alan polemist olmuşdur və polemikanı bir mübarizə vasitəsi, üsulu kimi qiymətləndirmişdir. O, özünü bir jurnalist-publisist-polemist kimi xarakterizə edərkən yazmışdır: “Hətta dostlarım da mübahisəli məsələlərin qızğın polemika ilə aydınlaşdırılmasına mənim fövqəladə, hətta bir az da artıq məhəbbətimi qeyd edirdilər”.
“İnkar – mənim Allahımdır” –deyən Belinskinin etirafını tamamilə Çernışevskiyə də aid etmək olar. Nikolay Qavriloviç polemikadan müxtəlif məqsədlər üçün istifadə edirdi.Əvvəla, bu, düşməni ifşa etməyin, onun fikirlərini, baxışlarını mühakimə etməyin səmərəli forması idi, ikincisi, Çernışevski polemikada özünün müsbət baxışlarını inkişaf etdirirdi, üçüncüsü, polemika publisistik ifadə tərzini daha canlı edirdi.Publisist Çernışevskinin “Torpaq mülkiyyəti haqqında”, “Yalançı ağsaqqallar”, “Öyrəndinizmi?”, “İqtisadi fəaliyyət və qanunçuluq”, “Tənqiddə səmimiyyət haqqında” və s.məqalələri polemikanın ən kamil nümunələri kimi bu gün də bizi heyran qoyur. Belə əsərlərin hamısında Çernışevski öz ideyalarını böyük ehtirasla təbliğ edə bilirdi”.
Nikolay Qavriloviç müxtəlif şairlərdən, ədəbi əsərlərdən gətirdiyi misallarla öz publisistikasını daha da zənginləşdirir, fikirlərini açıb söyləyirdi. Bu baxımdan onun “Dəyişikliklərin vaxtı deyilmi?”əsəri xüsusi maraq doğurur. Çernışevski məqalədə Nekrasovun poemasından aşağıdakı sətirləri misal gətirir:
Mən kənddə soruşuram: Mujik, necə yaşayırsan?
Soyuqdur, səyyah, soyuqdr,
Soyuqdur, əzizim, soyuqdur!
Başqa kənddə soruşuram: Mujik, necə yeyib, necə içirsən?
Aclıqdır, səyyah, aclıqdır,
Aclıqdır, əzizim, aclıqdır!
Çernışevski kəndlinin bu zavallı cavabına hiddətlənir: “Söz yox ki, zavallı cavablardır, amma həm də ağılsız cavablardır. “Mən soyuqda, soyuqda yaşayıram”- Məgər sən istidə yaşaya bilməzsənmi? Məgər koma isti ola bilməzmi? “Ac yaşayıram, ac yaşayıram” – Məgər sən tox yaşaya bilməzsənmi, məgər torpaq pisdirmi, sən qara torpaqda yaşayırsan, yoxsa ətrafında torpaq azlıq edir?!. Nə gözləyirsən?.. Əgər sən ağılsız deyilsənsə, belə yaşamağın və belə cavabın lazım olmadığını bilməlisən!”
Çernışevskinin Nekrasov şeirinə bu təfsiri inqilabi mübarizəyə əsl çağırış idi. Təkcə 1850– ci illərin sonunda o, islahata hazırlıqla əlaqədar və bu islahatın çürük mahiyyəti ilə bağlı 100-ə yaxın məqalə və resenziya ilə çıxış etmişdi. Bu yazılarının hamısında Nikolay Qavriloviç Rusiyanın acınacaqlı və bərbad vəziyyətinin səbəbini yalnız təhkimçilikdə deyil, eyni zamanda “səfeh idarə üsulu”nda, mütləqiyyət quruluşunda görürdü.
Tolstoy və Çernışevski eyni zamanın yazıçıları idilər. Onlar eyni ildə -1828-ci ildə doğulmuş, demək olar eyni vaxtda ədəbiyyata gəlmişdilər. Tolstoyun ilk əsəri “Sovremennik”də 1852-ci ildə işıq üzü görmüş, 1853-cü ildən isə həmin bu jurnalda Çernışevskinin ədəbi fəaliyyəti başlanmışdı.
Tolstoy və Çernışevskinin şəxsi tanışlığı 1855-ci ildə olmuş, sonralar onlar dəfələrlə Vasili Petroviç Botkinin, İvan İvanoviç Panayevin evində, “Sovremennik”in redaksiyasında görüşmüşdülər.
“Nə etməli?” romanının müəllifi ilə polemika qadın məsələsinin həllində də özünü göstərirdi. Tolstoy hesab edirdi ki, qadının vəzifəsi ailə həyatı çərçivəsində olmalıdır.Turgenevə etiraz edərək o, 1868-ci ildə yazırdı: “Kişinin - insan cəmiyyəti pətəyindəki çalışqan arıların vəzifəsi ən müxtəlifdir, lakin qadın - ananın vəzifəsi heç şübhəsiz bircədir, onsuz insan nəslinin davamı mümkün deyildir... Qadının ləyaqəti ondan ibarətdir ki, öz vəzifəsini anlasın, bilsin və bütün varlığı ilə özünü ona həsr etsin”.
Xarakterlərinin daxili quruluşuna, şövqlərinə və düşüncə tərzlərinə görə Çernışevski və Tolstoy fərqli adamlar idi. Birində məntiqi, elmi, digərində bədii, estetik təfəkkür üstün idi. Biri mütəfəkkir və inqilabçı kimi erkən yetişmiş və sonrasında bütün həyatını öz idealının həyata keçməsinə - inqilabın yaxınlaşmasına həsr etmişdir. Digəri isə bütün həyatı boyu həqiqətin, həyatın kökünün axtarışında olmuş, əzablı düşüncələr və şübhələrdən sonra mujik həqiqətinin etiraf olunması üzərinə gəlmiş və bunun əsaslandırılmasında onun dini-mənəvi təlimi birinci dərəcəli önəm kəsb etmişdi.
Çernışevski və Tolstoyun mədəni irsi rus milli zəminində cücərib boy atmışdı. Lakin bu “zəmin” bir-birinin təkrarı deyildi. Çernışevski Rusiyanın gələcəyinə üz tuturdu, xalqın daha şüurlu qismi, avanqardı onun öncülləri olmalı idi. Onun fikrincə, demokratik düşüncəli aydınların vəzifəsi bundan ibarətdir ki, xalqla ittifaqa girməklə, inqilabi ideyaları onun şüuruna yeritsinlər.Tolstoy demokratizminin öz önəmli çalarları vardı. Bu demokratizm hələ yazıçının erkən əsərlərində, onun əkinçiyə hüsn-rəğbətində özünü göstərmişdi.
Çernışevski və Tolstoy xalq Rusiyasına mənsub idilər ki, bu, çar hökumətinə də aydın idi. Hökumətin göstərişinə əsasən, Çernışevskinin həbsi ilə eyni vaxtda Yasnaya Polyanada da axtarış tədbiri keçirilmişdi. Bu hökumət “Niva” jurnalında Tolstoy və Çernışevskinin portretlərinin dərcini yasaqlamışdı.
“Nə etməli?” ilə “Hərb və sülh” romanlarının müqayisəsi ilk baxışdan uyğunsuz görünə bilər. “Hərb və sülh” tarixi əsərdir, onda əksini tapan hadisələr 60-cı illərdə yarım əsr əvvələ aiddir, halbuki “Nə etməli?”də Rusiyada ilk inqilabi şərait dövrünün canlı gerçəkliyi qaynayır. Amma burası da vardı ki, Tolstoyun romanında da önəmli tərəflər, 60-cı illərin mühüm problemləri təcəssüm olunmuşdu. Bundan başqa, onda təsvir olunan çağın hüdudlarından çox-çox kənara çıxan xeyli mənəvi problem ümumbəşəri önəm daşıyırdı.
Hər iki roman XIX yüzilin 60-cı illərində yaradılıb. “Hərb və sülh”ün yazılma niyyəti və onun ilk fəsillərinin yaranması o vaxta təsadüf etmişdi ki, Çernışevski Petropavlovsk qalasının “kabinet sakitliyində” “Nə etməli?” və “Həbsxana silsiləsinin” digər əsərləri üzərində çalışırdı.
Onların yaratdıqları romanlar tipoloji baxımdan da bir-birindən fərqlənirdilər. Bədii istedad baxımından da “Nə etməli?”nin müəllifi öz böyük müasirindən xeyli geridə qalırdı. Fəqət, hər halda bütün bu fərqlərə baxmayaraq, onların ümumi başlanğıcı vardı: onlar eyni bir zamanın yazıçıları idilər. İdeyaları, problemləri, emosiyaları, tipləri, insan xarakterlərini gerçəklik özü doğurur və bunlar yazıçıların yaradıcılığında obyektiv təməli təşkil edirdilər. Lakin gerçəklik hər yazıçı tərəfindən özünəməxsus şəkildə, onun siyasi baxışlarından, həyat təcrübəsindən, etik və estetik ideallardan asılılıqda qavranılır və mənalandırılır, emosionallıqla yaşanılırdı.
Bizim üçün öncə bütün bu problemlərin ümumiliyini izləmək maraqlıdır. Onlardan ən mühümləri: “mujik”, müsbət qəhrəman, şəxsi və ümumbəşəri mənəvi borc və səadət, insanın əxlaqi simasında gözəllik və çirkinlik, ailə və nigah, qadının ailədə və cəmiyyətdə vəziyyəti kimi problemlər idi.
Həm Çernışevski, həm də Tolstoyun romanlarının müsbət qəhrəmanları həqiqət və həyatın mənası axtarışlarında özləri üçün istiqamətin göstəricisi olaraq xalqı seçirdilər. Qəhrəmanın ümummilli məsələlərə münasibəti – onun mənəvi simasının həlledici əlamətidir. İnsanın mənəvi zənginliyi onun xalqa yaxınlıq ölçüsündən asılıdır. İstiqamətin göstəricisi düzgün və etibarlı bir şəkildə seçilmişdi. Lakin elə buradaca biz yazıçıların xalqın mahiyyətini anlamalarında önəmli fərqlərini aşkar edirik.
Tolstoy ömrünün son illərində Çernışevskinin demiş olduğu bəzi həqiqətləri dərk və etiraf etmişdi.Yazıçı torpağın əvəzsiz olaraq əkinçiyə verilməsini tələb etmişdi, bu müddəa Çernışevskinin “Proloq” romanında ifadə olunmuşdu: “Bütün torpaqlar kəndliyə məxsusdur, heç bir satınalmadan söhbət gedə bilməz! - mülkədarlar, başınız salamat ikən rədd olun!”. Çernışevskinin məktublarında Tolstoy çoxlu yüksək mənəvi dəyərə malik fikirlər aşkar etmiş və onların dəyərləndirilməsində Darvin nəzəriyyəsi ona “güc və aydın düşünmə qabiliyyəti” vermişdi.
“Nə etməli?” romanında Çernışevski bənzər fikri ifadə etmişdi: “Gələcək işıqlı və gözəldir. Onu sevin, ona can atın, onun üçün işləyin, onu yaxınlaşdırın, ondan köçürə bildiyiniz qədər köçürüb bu günlərə gətirin: fərəh və həyatınız gələcəkdən götürüb ona nə qədər köçürə bilsəniz, o qədər işıqlı və xoş olacaq. Ona can atın, onun üçün işləyin, onu yaxınlaşdırın, ondan köçürə bildiyiniz qədər köçürüb bu günlərə gətirin!”
Çernışevski ədəbi-tənqidi məqalələrində Qərbi Avropa ədəbiyyatının görkəmli nümayəndələrindən də bəhs etmiş, onların yaradıcılığı, şəxsiyyəti, ədəbi taleyi haqqında qiymətli mülahizələr söyləmişdi. Bu baxımdan onun Lessinq haqqında irihəcmli tədqiqat əsəri, Milton, Şekspir, Bayron, Dikkens, Tekkerey, Kornel, Rasin, fransız maarifçiləri, Balzak, Jorj Sand, Şiller, Höte haqqında məqalə və fikirləri xüsusi əhəmiyyət kəsb edir.
Ədəbiyyatda, ədəbi tənqiddə və fəlsəfədə Çernışevski və Dobrolyubovun təbliğ etdikləri azadlıq ideyaları rus incəsənətinin başqa sahələrinə də qüvvətli təsir göstərmişdi. Ədəbiyyatda olduğu kimi, rəssamlıqda da tənqidi realizm cərəyanı qüvvətlənmişdi. Xalq içərisindən çıxmış İlya Yefimoviç Repin, İvan Nikolayeviç Kramskoy, Vasili Qriqoryeviç Perov kimi rəssamlar bu cərəyanın banisi sayılırdı. Bu istedadlı realist rəssamların əsərlərinin əsas qəhrəmanı xalq idi; kəndlinin ağır zəhməti, fəhlənin dözülməz həyatı bu əsərlərin əsas mövzusu idi. Perovun “Kəndlinin dəfni”, “Troyka”, Konstantin Apollonoviç Savitskinin “Dəmir yolunda təmirat işləri” kimi əsərləri bu mövzuda yaradılmışdı. Az sonra dövrün realist rəssamları inqilabi hərəkatı əks etdirən əsərlər yaratmağa başladılar. Repinin “Təbliğatçının həbsi”, “Gözləmirdilər”, Konstantin Yeqoroviç Makovskinin “Tələbələr qonaqlığı” əsərləri inqilabi mövzuda olan əsərlər idi. Həmin dövrdə realist rəssamların əsərlərində eyni zamanda rus təbiətinin gözəl mənzərələri yaradılırdı. Aleksey Kondratoviç Savrasovun “Qaranquşlar uçub gəldilər” kimi gözəl əsəri, Mixail Konstantinoviç Klodtın “Meşə ucqarları”, Arxip İvanoviç Kuindjinin “Ukrayna gecəsi”, Fyodor Aleksandroviç Vasilyevin “Mülayim hava”, İvan İvanoviç Şişkinin “Meşə” əsərləri rus təbiətinin əsrarəngiz, füsunkar mənzərələrini əks etdirirdi. Aparıcı rus ədəbiyyatında olan əsl xəlqilik və vətənpərvərlik duyğuları həmin dövrdə realist rus rəssamlığının da əsas ruhunu təşkil edirdi.
Unutmaq olmaz ki, Çernışevski ilə bərabər, Dobrolyubovun da məqsəd və ideyaları dövrün rus bəstəkarlarına böyük təsir bağışlamışdı. Rus musiqisində də rus həqiqətini, rus xalqının mübariz ruhunu əks etdirmək qabaqcıl bəstəkarların başlıca şüarına çevrilmişdi. Mixail İvanoviç Qlinkanın istedadlı şagirdlərindən olan “Su pərisi” və “Daş qonaq” operalarının müəllifi bəstəkar Aleksandr Sergeyeviç Darqomıjski raznoçin yazıçı və rəssamların əsərlərində olduğu kimi, musiqidə də inqilabi-demokratik ideyaların tərənnüm olunmasını tələb edirdi. İtalyan operası ruhunda tərbiyələnmiş köhnə musiqi məktəbi tərəfdarları xəlqilik prinsipləri əleyhinə çıxsalar da, bu, heç bir nəticə vermirdi. Rus ədəbiyyatı və rəssamlığında olduğu kimi, rus musiqisində də realizm və xəlqilik qalib gəlirdi.
1855-ci ildə Peterburqda gənc bəstəkarlar dərnəyi təşkil edilmişdi. Bu dərnək “Qüdrətli dəstə” adı ilə məşhurlaşmışdı.Dərnəyin rəhbəri rus bəstəkarı, pianoçusu, dirijoru, pedaqoqu Miliy Alekseyeviç Balakirov idi. Tsezar Antonoviç Küi, Modest Petroviç Musorqski, daha sonra Nikolay Andreyeviç Rimski-Korsakov və Aleksandr Porfiryeviç Borodin də dərnəyin üzvləri sırasına daxil oldular.
“Xalqa doğru və xalq ilə!” – gənc bəstəkarların əsas şüarı bu idi. Onların musiqi əsərlərinin əsasını rus xalq mahnıları təşkil edirdi. Mübariz bəstəkarlar öz əsərlərinin mövzusunu məhz rus tarixindən və şifahi rus xalq poeziyasından götürürdülər. Rimski-Korsakovun “Qar qız”, “Sadko”, Musorqskinin “Boris Qodunov” və Borodinin “Knyaz İqor” operaları bu ideya ilə yaranmışdı.
Həmin dövrdə Rusiyada yalnız ədəbiyyat və incəsənətdə deyil, elm sahəsində də böyük nailiyyətlər əldə edilmişdi. İvan Mixayloviç Seçenov, Sergey Petroviç Botkin və Nikolay İvanoviç Piroqov kimi rus alimləri öz sanballı əsərləri ilə dünya elmini zənginləşdirmiş, Sofya Vasilyevna Kovalevskaya və Mariya Aleksandrovna Bokova kimi güclü qadın alimlər yetişmişdi.Tərbiyə elmi sahəsində məşhur rus pedaqoqu Konstantin Dmitriyeviç Uşinski fəaliyyətə başlamışdı.Çernışevski və Dobrolyubov isə rus fəlsəfi fikrini demək olar ki, ən uca zirvələrə qaldırmışdı.
Çernışevski alman klassik fəlsəfəsini, xüsusilə bu fəlsəfənin Hegel və Feyerbax kimi görkəmli nümayəndələrinin əsərlərini hələ gənc yaşlarında, Belinskinin, Hegelin və Feyerbaxın adlarını mətbuatda çəkmək qəti qadağan edildiyi 1848-1855-ci illərin “zülmətli yeddiillik” dövründə oxuyub öyrənmişdi.
Nikolay Qavriloviç Hegel fəlsəfəsinin düzgün qiymətləndirilməsində, onun əhəmiyyətli keyfiyyətlərinin Rusiyada təbliğ olunması sahəsində böyük əmək sərf etmişdi.O, Georq Vilhelm Fridrix Hegeli “böyük müəllim”, “dahi mütəfəkkir”, “alman klassik fəlsəfəsinin nəhəngi, bahadırı” adlandırıb ona yüksək qiymət verməklə yanaşı, eyni zamanda Hegel fəlsəfəsinə tənqidi yanaşmış, onun dialektik metodu ilə sistemi arasında dərin ziddiyyətlər olduğunu göstərmişdi. Ümumiyyətlə, Nikolay Qavriloviç müxtəlif idealist nəzəriyyələri tənqid edir və Hegel dialektikasını materializm ruhunda işləyib dəyişdirməyə çalışırdı.O, siyasi iqtisad, estetika, tarix sahəsində gerçəkliyin öyrənilməsinə dialektik şəkildə yanaşmağın nümunələrini təqdim etmişdi.
Çernışevski, Lüdviq Andreas Feyerbax haqqında böyük ehtiramla danışır, onun fəlsəfi görüşlərini alman fəlsəfəsinin inkişafında keyfiyyətcə daha yüksək mərhələ, mükəmməl və dolğun təlim adlandırmışdı. Lakin o, Feyerbaxa da tənqidi yanaşmış, böyük alman materialist filosofuna xas olan bir sıra məhdud cəhətlərdən xali olmuşdur.
Rus fəlsəfəsi tarixində fəlsəfə ilə praktikanın , nəzəriyyə ilə sinfi mübarizənin üzvi əlaqəsini heç kəs Çernışevski qədər dərindən dərk etməmişdi.
Çernışevski Rusiyada idealizmin hökmranlıq etdiyi illərdə bir sıra qiymətli fəlsəfi əsərlər yazmış, hər cür idealist- fəlsəfi cərəyanları amansız tənqid atəşinə tutmuş, materialist fəlsəfəni qızğın müdafiə və təbliğ etmişdir. Dünya şöhrətli rus inqilabçı-aliminin, pedaqoqunun fəlsəfi görüşləri başlıca olaraq onun “Sənətin gerçəkliyə estetik münasibəti”, “Fəlsəfədə antropoloji prinsip”, “Mübahisə gözəllikləri”, “Karpenterin enerji və təbiət kitabına müqəddimə və qeydlər” və başqa elmi, estetik-nəzəri əsərlərində şərh olunmuşdur. Onun fəlsəfi görüşlərinin formalaşmasında rus materialist fəlsəfi fikri, xüsusən onun görkəmli nümayəndələri Belinski və Gertsen mühüm rol oynamışdır.
N.Q.Çernışevski “Nə etməli?”, “Müqəddimə”, “Proloq”, “Povestlərdə povestlər”, “Alferyev”, “Kiçik hekayələr, “Sakit səs”, “Nəcib ər”, “Levitskinin gündəliyi”, “Şorba qızdırmaq ustası”, “Keçmiş”, “Fəcr işıqları” və s. kimi əsərləri, olduqca zəngin nəzəri irsi ilə bütöv bir inqilabçılar nəsli tərbiyə etmişdi. Dahinin təkcə “Nə etməli?” romanı nəinki tək Rusiya, hətta xarici ölkə inqilabçılarının bir neçə nəsli də həmin kitabdan tərbiyə almışdı. “Nə etməli?” – o dövrün liderləri Lenin, Marks və Engelsin ən sevimli kitablarından biri idi. Çernışevsknini şəxsiyyəti, misli olmayan istedadı, zəngin elmi-bədii və fəlsəfi yaradıcılığı dünyanın bütün mədəni aləminin diqqətini cəlb etmişdi. O, dövlət tərəfindən ciddi nəzarət altına alınmışdı. Ədəbiyyat məsələləri ilə məşğul olan jandarm zabiti Rakeyev Çernışevskinin əsərlərini xüsusi bir qəddarlıqla təftiş edirdi.Yuxarı dairələrə yazılan imzasız məktublarda Çernışevski “qəddar, amansız, barışmaz sosialist” adlandırılırdı.
Çernışevski öncül Qərbi Avropa və Amerika fikrinin nailiyyətlərini dərindən öyrənmişdi. Bir sıra - cəmiyyətin inkişaf qanunları haqqında, xalq kütlələrinin tarixdə rolu haqqında, ictimai həyatı əməkçi kütlələrin marağına uyğun şəkildə dəyişdirmə vasitələri haqqında, incəsənətin və ədəbiyyatın təbiəti və tərbiyəvi önəmi haqqında olan məsələlərdə Çernışevski onun müasiri olan xarici elm və publisistika ilə müqayisədə daha cəsarətli inqilabi nəticələrə gəlmişdi. Məsələn, onun “Roma imperiyasının süqutundan Fransa inqilabınadək Avropada sivilizasiya tarixi” (1860-cı il); “Amerika Birləşmiş Ştatlarının prezidenti Q.K.Keriyə siyasi-iqtisadi məktub”; “Romanın süqutunun səbəbləri haqqında” (1861-ci il) və s. məqalələri bu qəbildəndir.
Nikolay Qavriloviç Qərbi Avropa utopik sosialistlərinin təmsilçiləri – Sen-Simon, Furye, Ouen ilə müqayisədə irəliyə doğru böyük addım atmış, onların dinc yolla sosializmə keçidin mümkünlüyü haqqında mülahizələrini qətiyyətlə rədd etmiş, sosializm ideyalarını inqilabi demokratizmlə ardıcıl şəkildə uzlaşdırmışdı.
Tarixdən məlumdur ki, çar mütləqiyyətini devirmək sahəsində ilk açıq üsyana dvoryan inqilabçıları olan dekabristlər təşəbbüs göstərmişdilər. İstər öz əsrində, istərsə də sonrakı əsrlərdə yalnız rus fikirlərinə deyil, bir çox xalqların ictimai fikrinə çox nəcib təsir göstərən və bütün azadlıqsevən xalqların, onların qabaqcıl ziyalılarının, o cümlədən azərbaycanlıların dərin hörmətini, məhəbbətini qazanan N. Q. Çernışevski, hələ 20 yaşında universitet tələbəsi ikən gündəliklərinin birində bu sözləri yazmışdı: “ Mən belə bir fikrə gəlirəm ki, respublika həqiqi, kamil insan üçün yeganə ləyaqətli quruluşdur və əlbəttə, bu, dövlətin son formasıdır. Bu rəy fransızlardan götürülmüşdür, lakin buna mənim əvvəlki, qədim, köklü bir rəyim qoşulur: cəmiyyətdə aşağı sinif üçün və ümumiyyətlə, aşağı siniflər üçün bir sinfin başa siniflər üzərində hökmranlığından böyük fəlakət yoxdur”.
Gənc Çernışevski bu fikirdə idi ki, respublika ləyaqətli dövlət quruluşudur, lakin elə bir respublika ki, orda sözdə respublika, işdə, əməldə isə yeni bir sinfin başqa siniflər üzərində ağalığı olmasın: elə bir dövlət quruluşu ki, orada aşağı təbəqələr – ölkənin sərvətini yaradanlar: yeməyə çörək, geyməyə paltar, yaşamağa yurd tapa bilsinlər, ailələrini dolandıra bilsinlər, uşaqlarını oxuda bilsinlər, kölə əməyindən azad olsunlar, tam hüquq bərabərliyi əldə etsinlər, bərabərhüquqlu, azad vətəndaşlar olsunlar.
Avropa utopistlərindən fərqli olaraq, Çernışevski bu ideyanı ancaq inqilabi mübarizə yolu ilə həyata keçirməyin mümkün olduğunu söyləyir, çarizmi və təhkimçilik quruluşunu inqilab yolu ilə kökündən ləğv etməyə çağırırdı. O,belə bir qəti fikrə gəlmişdi ki, çar Rusiyasında bütün dövlət orqanizmi saxtadır. Bu orqanizm çürümüşdür, iylənmişdir. Bu dövlət orqanizmi sistemində canlı, təzə heç nə yoxdur. Sistem köhnədir, cəmiyyətin bütün qüvvələrini bu sistem əzmişdir. Sistem dəyişilməlidir, əsas məsələ bundadır!”.
Çarpərəst liberallar iddia edirdilər ki, iqtisadi, mədəni tərəqqi dövlət quruluşundan asılı deyildir, bu xüsusi şəxslərin fəaliyyəti nəticəsidir . Çernışevski “İqtisadi fəaliyyət və qanunvericilik” kimi bir sıra məqalələrində cəmiyyətlər, dövlətlər tarixini elmi şəkildə təhlil edərək sübut edirdi ki, harada olursa – olsun, despotizm iqtisadi, siyasi və mədəni inkişafa ciddi əngəldir, böyük ölkələrdə, o cümlədən də Rusiyada bu üsul- idarə nə qədər tez ləğv edilsə, cəmiyyət üçün bir o qədər xeyirlidir .
Xalq həyəcanının anbaan vüsətlənən qüdrətindən qorxuya düşən rus liberalları çar qarşısında tələblər irəli sürməməyin, onunla sazişə girməyin, hökuməti acıqlandırmamaq xəttini əsas götürməyin tərəfdarı kimi çıxış edirdilər. Lakin Rusiyada məzlum kəndlilərin tərəfində duran, təhkimçiliyin bütün zülm və miskinliyinin əzablarına dözə bilməyən inqilabçılar da vardı ki, həmin vaxtlar sayca çox az olan bu inqilabçıların başında Nikolay Qavriloviç Çernışevski dururdu.
İnqilabi dövrləri tarixin bayram dövrləri adlandıran Çernışevski deyirdi ki, rus inqilabçıları həlledici məqamları əldən verməməli, dəmiri isti-isti döyməlidirlər. Yuxuda olan adamları oyatmaqdan qorxanlar cəsur olub dəmiri döyə bilməzlər.İnqilab üçün igid, mərd, mübariz, döyüşkən adamlar lazımdır. Kim xalqı həyəcanlandırmaq, xalq etirazının aşıb-daşmasını görmək istəmirsə, qoy heç işə əl vurmasın.
Nikolay Qavriloviç “Ağa kəndlilərinə müraciətnamə” adlı bəyannaməsində Gertseni liberalizm və demokratizm arasında müəyyən tərəddüdlərə yol verdiyinə görə ciddi məzəmmət edirdi.Qeyd edim ki, gizli mətbəədə yığılmış və satqın V.Kostomarovun əli ilə çar hökumətinə ötürülmüş bu bəyannamə ilə bərabər, Çernışevskinin “Rus adamı” imzası ilə Gertsenə göndərdiyi “Əyalətdən məktub” da düşmən əlinə keçmişdi. Çernışevski yazırdı:
“Siz qürbətdə, uzaq İngiltərədə, özünüz dediyiniz kimi, çar hakimiyyəti tərəfindən zülm edilən rus xalqı naminə səsinizi ucaltdınız... Hamı gözləyirdi ki, siz çarizm zülmünün ifşaçısı olacaqsınız, Rusiya qarşısında onun əsrlərlə davam edən bədbəxtliklərinin mənbəyini açıb göstərəcəksiniz. Axırda nə oldu? Haqsızlığın amansızcasına ifşası əvəzinə, II Aleksandra və onun arvadına tərifnamələr gəlməyə başladı.Siz öz üzərinizə böyük vəzifə götürübsünüz, ona görə də sizin hər bir sözünüzün haqqı-hesabı olmalıdır... Siz hal-hazırda Rusiya haqqında yanlış təsəvvürdəsiniz. Liberal mülkədarlar, liberal professorlar sizi çardan mütərəqqi cəhdlər gözləmək ümidi ilə aldadırlar... Siz liberal ağaların hay-küyündən təşvişə düşərək ilk nömrələrindən sonra “Kolokol”un tonunu dəyişdiniz. “O sahildən” əsərinin, “İtaliyadan məktublar” ın müəllifi olan Siz, yüz illər ərzində Rusiyanın bədənini didib çeynəyən nəğməni təkrar edirsiniz; yaddan çıxarmayın ki, çarımız mütləqiyyət çarıdır. Siz çarlara inanmayın, boş ümidlərlə aldanmayın və başqalarını da yanlış yola salmayın. Adamlara lazım olduğu bir şəraitdə enerjinizi əsirgəməyin... Vəziyyətimiz dəhşətlidir, dözülməzdir, yalnız balta bizi xilas edə bilər. Başqa heç bir xilas yolu yoxdur... Məsələnin dinc yolla həlli üçün nə bacarırdınızsa, etdiniz, indi isə tonunuzu dəyişin; qoy “Kolokol” ibadətə çağırmasın, həyəcana səsləsin! Qoy Rusiya baltaya əl atsın! Sağlıqla qalın və unutmayın ki, çarların xeyirxah niyyətlərinə inam yüzillərdir Rusiyanı məhv edir. Sənsiz də onu müdafiə edən tapılar”.
O, təhkimçilik Rusiyasında azadlıq mübarizəsinin bayraqdarı, ideya rəhbəri və təşkilatçısı oldu.Nekrasov və Dobrolyubovla birlikdə “Sovremennik” jurnalını inqilabi-demokratik ideyaların mərkəzinə və güclü tribunasına çevirdi. Nikolay Qavriloviç kəndli islahatları ilə kifayətlənməyərək, sonra daha qızğın fəaliyyət göstərib möhkəm, mübariz və inqilabi hərəkata rəhbərlik edə biləcək bir təşkilat yaratmağa başladı. Onun yazdığı “Təhkimçi kəndlilərə onların xeyirxahlarından salam” adlı bəyannamə demokratiyanın manifesti oldu. Bu kəsərli sənəd Rusiyada 1861-ci il islahatlarının yalançı mahiyyətini açmaqla bərabər, kəndli kütlələrini təşkilati mübarizəyə, zorla, silah gücü ilə bütün köhnə hakimləri yıxmağa çağırırdı. Bəyannamədə yazılırdı: “Siz çardan azadlıq gözləyirdiniz. Budur, bu da çarın sizə verdiyi azadlıq! İndi özünüz bilirsiniz ki, çarın verdiyi azadlıq necə azadlıqdır!”.
M.İbrahimov bəhs edir ki, Çernışevski islahatdan sonra kəndlilərin daha ağır vəziyyətə düşdüyünü, yaxşılığa doğru heç bir dəyişiklik olmadığını və “canavarlar, yəni mülkədarlar və çinovniklər” yaşadıqca, həyatın yaxşılaşmayacağını qeyd edərək yazırdı: “Siz mülkədarların təhkimçilərisiniz. Mülkədarlar isə çarın nökərləridir, yəni çar onların üstündə mülkədardır. Deməli, onlar və çar eyni şeydir. Orası da məlumdur ki, it itin quyruğunu basmaz”.
İnqilabçı-demokratların əksinə olaraq, o zamankı monarxist rus liberalları kəndli islahatını tərifləyib göylərə qaldırır, çarizm qarşısında yağlı sözlərlə yaltaqlıq, riyakarlıq edərək zülm və ədalətsizliyə bəraət qazandırırdılar. Buna görə də Çernışevski liberallara qarşı amansız mübarizə aparır, onların xalqa zidd, xain və satqın simalarını açıb göstərirdi. Siniflər mübarizəsini rədd edən, əzənlərlə əzilənlər arasında guya “sülh və qardaşlıq” ideyalarını yayan və cəmiyyətdə mübarizəni zəiflətmək istəyən liberalları və onların başçısı Çiçerini ələ salaraq, Çernışevski yazırdı: “Bu vaxta qədər tarixdə mübarizəsiz müvəffəqiyyət mümkün olduğunu bildirən heç bir hal olmamışdır. Lakin Çiçerinin fikrinə görə, mübarizə zərərlidir. Bu vaxta qədər biz bir cərəyanın ancaq başqa əks cərəyanla məhv edilə biləcəyini bilirdik; biz bilirdik ki, qüvvələri gərginləşdirmədən güclü düşməni məğlub etmək olmaz. Lakin Çiçerinin fikrinə görə, qüvvələri gərginləşdirməkdən qaçmaq lazımdır.O, bilmir ki, qalib gələn ordu həmişə yorulmuş olur və hərgah bu ordu yorulmaqdan qorxursa, heç meydana girməsi lazım deyil”.
Nikolay Qavriloviç Rusiyanı nəzərdə tutub Avstriyaya əsaslanaraq qeyd edirdi ki, çoxmillətli ölkələrdə istər dövlətin müqəddəratı, istərsə də inqilabın müqəddəratı hakim millətin zəhmətkeş kütlələrinin başqa tayfalara necə münasibətdə olmasından çox asılıdır.Buna görə də bu cür ölkələrdə inqilabçılar milli məsələyə böyük diqqət verməli, onu düzgün həll etməli və hakim millətin zəhmətkeş kütlələrinə başqa xalqlar tərəfindən yardım göstərilməsini təmin etməlidirlər.
Çernışevski irq nəzəriyyələrinə qarşı, bir qism millətlərin başqalarından üstünlüyü haqqındakı iddialara qarşı amansız mübarizə aparırdı. O, göstərirdi ki, irq nəzəriyyələri milli zülmə haqq qazandırmaq məqsədi güdür. Amerikadakı köləlik müdafiəçilərinin hədyan və riyakarlıqlarını irq nəzəriyyələrinin mürtəce mahiyyətinə dair parlaq bir misal kimi qeyd edən Nikolay Qavriloviç, başqa ölkələrdəki milli zülmü də tənqid edirdi. M.Cəfər yazır ki, N.Q.Çernışevskinin “İrqlər haqqında”, “Dinə görə insanların klassifikasiyası”, “Milli xarakterə görə insanlar arasında fərq”, “Fəlsəfədə antropoloji prinsip”, “Proqresi doğuran elementlərin xarakteri” kimi bir çox yazılarında burjua irq nəzəriyyəsini, şovinizmi, hakim millətçilik ideyalarını, müstəmləkə zülmünü, hər cür işğalçılıq müharibələrini dərin elmi əsaslarla tənqid etməsi heç bir zaman öz aktuallığını itirməyəcəkdir.
ARDİ VAR....
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM