Bir ailənin üç dahisi - onlar əfsavəvi şəxsiyyət idi

10:10 / 04.12.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

 

Böyük rus tarixçi - mütəfəkkiri Lev Nikolayeviç Qumilyovun anadan olmasının 105 illiyi münasibəti ilə.

 

“Bizim perspektivlər millətin iradəsindən, Lev Nikolayeviç Qumilyovun dediyi kimi, xalqın passionarlığından asılı olacaqdır”.

     Vladimir Vladimiroviç Putin

Rusiya Prezidenti

“Bir şeyi bilirəm və öz aramızda sizə deyirəm ki, əgər Rusiya xilas  olacaqsa, bu, yalnız Avrasiya dövləti olaraq və yalnız Avrasiyaçılıq zəminində mümkün olacaq”.

                                                                        Lev Nikolayeviç Qumilyov

“Savaşları quru yerdə yatmağı bacaran xalqlar udurlar. Ruslar və tatarlar – bunu bacarır, almanlar isə - yox. Almanlar saat hesabı vuruşurlar, kofe içməyin vaxtı çatdımı, dayanırlar, biz isə - hər zaman”.

                                                                           Lev Nikolayeviç Qumilyov

 “Əgər fransızın qüruru, zərifliyə sevgisi, ispanın – qısqanclığı, ingilisin – dürüstlüyü və hər şeyə maraq göstərməsi, almanların – səliqəliliyi varsa, rusların da  bütün digər xalqları anlamaq və qəbul etmək bacarığı vardır  deyən böyük həmvətənimiz Dostoyevski haqlı idi”.

                                                                           Lev Nikolayeviç Qumilyov

Onların hər üçü dahidir: ata, ana və oğul. Hər üçünün də adı bir- biridən ayrılmazdır. Hansı birisindən söhbət gedəndə, o biri ikisi dərhal yada düşür, əzizlənir. Bir ailənin üç üzvü əqidə baxımından birləşib bütöv bir dünya yaradır. Bu bütöv dünyada  onlar hər zaman birlikdədir. Odur ki, Anadan və Annadan başlayıram... 

                           

Görkəmli ədəbiyyatşünas, istedadlı tərcüməçi olan türkəsilli rus şairəsi  Anna  Axmatova dünya ədəbiyyatının parlaq simalarından biridir. XX əsrdə - həm rus elinin böyük inqilab dövründə, həm də bəşəriyyətin iki dünya müharibəsi ilə çarpışdığı keşməkeşli bir zamanda Rusiyada demək olar yeni dövrün bütün bəşər ədəbiyyatı üçün əhəmiyyətli sayıla biləcək  “qadın poeziyası” – Anna Axmatova poeziyası meydana çıxıb təşəkkül tapdı. Bu lirika daha çox səmimi məhəbbət duyğuları ilə oxucuların qəlbini fəth edirdi. Axmatova poeziyası özünəməxsus xüsusiyyətlərinə görə həmişə rus klassikasına, hər şeydən əvvəl, Puşkin ənənələrinə sadiq qalırdı.

Axmatova poeziyası özünün dərin səmimiyyəti, şeiriyyəti, böyük həyati eşqi ilə qüdrətlidir. Şairənin ömür və sənət yolu bəlalar içində keçmişdir. Həqiqi poeziya üçün səciyyəvi olan bu keyfiyyətlər şairəin faciəli həyat yolunda  onu heç vaxt tərk etməmişdir. Anna Axmatova hər cür ağır, dözülməz şəraitdə  belə, xalqına həqiqəti deməkdən çəkinməmişdi.    Axmatovanın xalqın ürəyindən qopan nəğmələrini  “Zvezda” və “Leninqrad” jurnallarına dair məlum qərarla (bu barədə yazımın digər hissəsində geniş bəhs edəcəyəm)  boğmağa, susdurmağa  çalışanlar oldu, lakin şairə  bu böhtana da mərdliklə  dözdü. Bu qərarı səhv bir qərar kimi ləğv edən də əslində elə şairə özü, onun poeziyasına  xas həyat həqiqəti oldu. Odur ki, Axmatova  özü haqqında deyirdi:  “Mən  “Çarli Çaplin”, “Kreyser sonatası” və  “Eyfel  qülləsi”  ilə yaşıdam...”.

“Özüm haqqında qısaca” başlıqlı tərcümeyi-halında  Anna Axmatova yazırdı:  “Mən  23 iyun 1889-cu ildə  Odessa  yaxınlığında  (Bolşoy Fontanda) doğulmuşam.  Atam o vaxtlar istefada olan donanma mühəndis-mexaniki idi.  Bir  yaşında olanda Şimala – Tsarskoye  Seloya  aparılmışam. On altı yaşınadək orada yaşamışam.

Mənim ilk xatirələrim Tsarskoye Selo ilə bağlıdır:  parkların yaşıl, rütubətli  möhtəşəmliyi,  dayəmin məni gəzintiyə çıxardığı çəmənlik, müxtəlif  rəngli balaca  atların  çapdığı  cıdır meydanı, köhnə vağzal və bunun kimi başqa yerlər ki, sonralar  “Tsarskoye  Selo odası”na daxil edilmişdir.

Hər yayı Sevastopol yaxınlığında, Strelets buxtası sahilində  keçirirdim, dəniz ilə burada dostlaşdım. Bu illərin ən güclü təəssüratı – yaxınlığında yaşadığımız qədim Xersones idi.

Oxumağı Lev Tolstoyun əlifbası əsasında öyrənmişəm. Beş yaşım olanda  müəllimənin məndən yaşca böyük uşaqlarla necə məşğul olduğunu dinləməklə, mən də fransızca  danışmağa başlamışam.

İlk şeiri on bir yaşım olanda yazmışam. Məndə şeirlər Puşkin və Lermontovla deyil, Derjavin  və Nekrasov ilə başlanıb. Anam onların yazdıqlarını əzbər bilirdi.

Mən Tsarskoye Selo qızlar gimnaziyasında oxumuşam...”.

Böyük ailə idi: anası İnna Erazmovna, atası Andrey Antonoviç, bacıları İrina, İnna, İya, qardaşları Andrey və Viktor.

Təbiəti etibarilə xoş təəssürat oyadan, ədəbiyyatı bilən,  şeir sevər bir qadın olan anaları uşaqlara daha yaxın idi.

Anna  Axmatovanın  poeziyasının mahiyyətini anlamaq üçün bir detalı yada salmaq istərdim. Bir dəfə Anna, anası İnna Erazmovnaya şeirlərindən birini oxuyur. Anası kövrəlir  və deyir: “Elə bir şey başa düşmədim, yalnız onu hiss etdim ki, mənim qızımın qəlbini nə isə möhkəm sarsıdıb”. Məhz bu cəhət sonrala r Anna Axmatovanın poeziyaya münasibətində bir meyara, ölçüyə çevrilir. O, şeirdə vəzn, qafiyə, forma  ilə birlikdə hiss və həyəcanların  ifadəsinə daha çox diqqət  və əhəmiyyət verir.

Anasının qohum-əqrabası  arasında  ədəbiyyatla  bağlı olan adamlar vardı.  Məsələn, indi unudulmuş, bir zamanlar isə tanınmış Anna Bunina babası Erazm İvanoviç  Stoqovun xalası olub, Anna Axmatova onu “ilk rus şairəsi”  adlandırırdı. Stoqovun  “Russkya starina”da dərc edilmiş  son dərəcə maraqlı “Qeydlər”i  özündən sonra  yadigar qalmışdır.

Anna Axmatovanın anası İnna Erazmovnanın şəcərəsi ana xətti ilə Tatar xanı Əhməddən gəlirdi.

“Mənim babam  Əhməd xanı,  - deyə  Anna  Axmatova  yazırdı, -  öz çadırında muzdlu rus qatil gecə vaxtı öldürmüşdü.  Bununla da, Karamzinin nağıl etdiyi kimi, Rus ölkəsində monqolların zülmünə  son qoyulmuşdu.  Xoş hadisənin xatirəsi olaraq həmin gün Moskvada Sreten monastırından xaç yürüşü başlanmışdı. Bu Əhməd, bəlli olduğu kimi, Çingiz soyundan idi”.

Əhməd soyundan olan bir xan qızı – Praskovya  Yeqorovna – XVIII əsrdə  zəngin və əsilzadə Simbirsk mülkədarı Motovilova ərə getmişdi.  Yeqor Motovilov mənim ulu babamdır. Onun qızı Anna Yeqorovna mənim nənəmdir.  Anamın 9 yaşı olanda nənəm vəfat edib və onun şərəfinə mənim adımı Anna qoyublar...”.

Görünür, həmişə ailədən bir qədər uzaq olan və uşaqları ilə az məşğul olan atası  barədə  Axmatova  yalnız onun vəfatından sonra ailə ocağının dağılması haqqında bir neçə acı kəlmədən başqa heç nə  yazmamışdır. “Valideynlərim 1905-ci ildə ayrıldılar və anam uşaqları da götürüb cənuba yollandı. Biz bir il Yevpatoriyada yaşadıq, burada mən evdə  gimnaziyanın sonuncudan əvvəlki sinfinin  kursunu keçdim,  Tsarckoye  Selo üçün darıxdım və  çoxlu sayda  şeirlər  yazdım...”.

Anna  Axmatovanın  uşaqlıq illəri  XIX əsrin axırlarına təsadüf edirdi. Sonralar o, bir qədər sadəlövhcəsinə  qürurlanırdı ki,  ona Puşkinin yaşadığı yüzilin  son illərini haqlamaq nəsib olmuşdur.

O, Tsarskoye Seloda geniş və  rütubətli  parkları , əntiq tanrıların  və qəhrəmanların heykəllərini, sarayları, Kameron qalereyalarını, Puşkinin oxuduğu liseyi  çox sevirdi, hətta  uzun illər sonra  kazarmaları,  evcikləri,  boz  hasarları,  şəhər kənarının tozlu-torpaqlı balaca küçələrini aydın şəkildə xatırlayır və  bütün xırdalıqları ilə  xəyalında canlandırırdı.

Fəqət, Tsarskoye  Selonun  günəşi  gənc  gimnaziyaçı  Anna Qorenko  üçün  (Qorenko onun ata soyadı idi)  əlbəttə ki, Puşkin idi.  Onları o vaxt hətta yaş eyniliyi də yaxınlaşdırırdı:  o lisey şagirdi idi, Anna isə gimnaziyada oxuyur və ona elə gəlirdi ki,  Puşkinin kölgəsi  parkın  uzaq cığırlarında  daim  gözünə görünür.

Bir zamanlar Gete məsləhət  görmüşdü: “Əgər şairin ruhunu anlamaq  istəyirsənsə,  onun ölkəsinə  get”.  O, Vətən deyəndə, uşaqlığın  keçdiy i ölkəni nəzərdə  tuturdu.  Axı uşaqlıq  və  gənclik  çox vaxt  insanın daxili  aləmində  oyanmış  muzanın  səsini müəyyən edir.

Lakin  Anna  Axmatovanın uşaqlığının və gəncliyinin ölkəsində Tsarskoye Selo ilə paralel olaraq, onun poetik idrakı üçün çox şey demək olan başqa məkanlar da vardı.

Avtobioqrafik qeydlərinin birində yazırdı  ki, gimnaziya tədris ilini, daha doğrusu, payız, qış və yazı keçirdiyi Tsarskoye  Selo  onda Cənubda – mavi dənizin lap sahilində, əsas  etibarilə Sevastopolda Strelets  buxtası yaxınlığındakı  misilsiz  yay ayları ilə əvəzlənirdi.  1905-ci ildə isə tamamilə Yevpatoriyaya  köçmüşdi; həmin  il gimnaziya  kursunu xəstəliyi ucbatından evdə mənimsəməli olmuşdu,  bütün ailənin fəlakəti olan vərəm güclənmişdi. Lakin  sevimli dənizi bütün bu vaxt ərzində onun yaxınlığında ləpələnmişdi. Dəniz onu sakitləşdirir,  sağaldır və ona ilham verirdi.

Onun erkən şeirlərini, o cümlədən Peterburq məhsulu sayılan “Axşam” toplusuna daxil edilmiş  əsərlərini oxuyanda, şairənin  ruhundakı dəniz  sevdasının  ülviyyətindən insan riqqətə  gəlir. Heç vaxt  durub-dincəlməyən Qara dənizin  səsi ömrü  boyu  onun  qulaqlarında sədalanırdı.

Özünün ilk  irihəcmli mənzum əsərində –  1914-cü ildə  Slepnevo malikanəsində (Tver quberniyası) yazdığı “Dəniz  sahilində” poemasında  o, Qara  dəniz sahilinin poetik obrazını yaratmış, onu sevgi haqqında nağılla birləşdirmişdi.

Axmatovanın poetik toponimikasında  Kiyev də öz yerini tutmuşdu, burada o,  Fundukley  gimnaziyasının son sinfində oxumuş, burada 1910-cu ildə  Nikolay Qumilyova ərə getmiş,  burada çoxlu sayda şeirlər yazmışdı.

Axmatovanın həyatında, yaradıcılığında və taleyində  ən başlıca yeri şübhəsiz ki, Peterburq tuturdu. Təsadüfi deyildir ki, Axmatovanı əsl peterburqlu -  məhz Peterburq  məktəbinin təmsilçisi adlandırırdılar.

Peterburq  onun əsl mənəvi  Vətəni idi...

Tsarskoye  Seloya gələn və hələ də burada “yad” sayılan Nikolay  Qumilyov  Kronştadtda   dəniz donanması həkimi  Stepan Yakovleviç Qumilyov  və  qızlıq soyadı Lvova olan Anna İvanovnanın ailəsində doğulsa da, əslində köklü Tsarskoye  Selo sakini idi. Xaç suyuna salma ayinini  Kronştadt  hərb i hospitalının  keşişi  doğumdam beş gün sonra evdə  icra etmişdi. Uşağın  xaç  atası  Lev İvanoviç Lvov  (Anna İvanovna Qumilyovanın qardaşı), xaç  anası isə - Aleksandra  Stepanovna Sverçkova  (gələcək  şairin  ögey bacısı) oldu. Həmin 1886-cı ildə, mayın ortalarında , uşaq hələ  bir  aylığını başa vurmamış,  qumilyovlar ailəsi   Tsarskoye  Seloya,  Moskva küçəsində  yenicə satın alınmış  evə köçür. Qumilyovlar  1886-cı ildən 1895-ci ilə qədər  fasilələrlə  Tsarskoye  Seloda yaşayırlar.

 Valideynlər  ciddi  şəkildə  uşaqlarının  sağlamlığının qeydinə  qalırdılar  və  1890-cı ildə  Nikolayevsk  dəmir yolunun  üstündə  olan Popovkada   böyük olmayan  malikanə  də almışdılar. Ailə vaxtın  böyük hissəsini  burada keçirirdi. 

Altı yaşında ikən Nikolay özbaşına  üzündən oxumağa, təmsillər qoşmağa  başlayır, amma  onları  yazıya almağı hələ bacarmırdı.  1893-cü ildə o, Tsarskoye Selo  gimnaziyasının hazırlıq sinfinə daxil olur, lakin payızda  bronxitə  tutulur  və  evdə  tədris rejiminə keçir.  Çox mütaliə edir: Lermontovu, Puşkini, macəra  ədəbiyyatını – Jül Vern və  Mayn Ridi oxuyur. Həmişəlik  Andersenin  nağıllarına  vurulur. Zoologiya ilə maraqlanır və  öz otağında  hind donuzu və  qurbağalardan  ibarət  “canlı güşə” düzəldir.

1895-1900-cü  illərdə  Nikolay  Qumilyov nizam-intizamla  Qureviçin Peterburq gimnaziyasında oxuyur.  Lakin bu arada qardaşı Mityada vərəm aşkarlanır  və Popovkadakı malikanə satılır,  Peterburq  mənzilini saxlayır və  Qafqaza  köçürlər, Kolya  (Nikolay)  burada  4-cü sinifdən 6-cı sinfə qədər o vaxt  ən yaxşı təhsil ocağı  sayılan 1-ci Tiflis  gimnaziyasında oxuyur. Artıq  ədəbiyyatla dərindən  maraqlanır.  Tiflis  o vaxtlar incəsənətə həvəs  oyadan  rus mədəniyyəti  şəhəri  idi.

 8  sentyabr 1902-ci ildə əlamətdar hadisə  baş verir – “Tiflisskiy listok” qəzetində  Nikolay  Qumilyovun  Lermontovun  “Mtsıri” sinin təsirini açıq  şəkildə  hiss etdirən  “Şəhərlərdən  meşələrə qaçardım...” adlı şeiri dərc  olunur. Özünün bu ilk çap şeirindən qürur duyur.

 Qeyd  edim ki, Lermontov  həmişəlik  Qumilyovun  ən sevimli şairlərindən biri olaraq  qalmışdır: Lermontovun  mərdanəliyi, həvəsləri, onun məğrur  və eyni  zamanda  əzabkeş  tənhalığı, “onu şəhərdən çöllərə  qaçışa” təhrik  edən  “amansız” və “kor işıq” - Lermontov poeziyasının bütün  bu  motivləri  Qumilyova, onun yaşadığı mürəkkəb  mənəvi və estetik təkamülə  baxmayaraq, özəlliklə yaxın idi.

Tiflisdə   Qumilyov  özü  üçün onda “inqilaba maraq oyadan”  Nekrasov  poeziyasını kəşf edir.

1903-cü ilin yayında   Qumilyovlar Tiflisi həmişəlik tərk edib Tsarskoye Seloya dönürlər. Gənc oğlan açıq-açığına məktəb partası arxasında oturmaq istəmir və  o, gimnaziyada ekstern qaydasında qeyd olunmağa çalışır. Lakin eksternlər üçün vakansiyalar yox idi və onu intern qəbul edirlər, amma hər halda, evdə yaşamağına icazə verilir.

Lakin doğma  yurda qayıdış cevinc gətirmir.  Hündürboy, solğun bənizli, bir qədər qıyıqgöz və  “r” və “l” səslərini  düzgün  tələffüz  etməyən bu  gənc  şax dayanır, rəftarda  ədəb - ərkanı ilə seçilirdi. Onda qıcıq oyadan hal – yaşıdlarına xoş gəlməyən şeirlər yazması və modernist poeziyanın  vurğunu olması idi. Kolya sinif yoldaşları və onların dostları ilə yola  getmirdi. Ona bir də ona görə  gülürdülər ki, riyaziyyatdan  və latın dilindən  “2”  aldığına  görə  yeddinci  sinifdə  saxlanmışdı.

Gimnaziyanın  direktoru  yüksək intellekt sahibi, ölümündən sonra onu şöhrətləndirmiş şeirlər yazan və Gümüş əsrin mədəniyyətinə böyük təsir göstərən İnnokenti  Fyodoroviç  Annenski, bu təzə gəlmiş şagirdə  açıq-aşkar  rəğbət  bəsləyirdi. Annenski  onu şagirdlər arasında seçirdi, baxmayaraq ki,  onların daha sıx yaxınlaşması sonralar, 1908-09-cu illərdə olmuşdu. Öz şagirdi  ilə  söhbət  edərkən  Annenski gənc  Qumilyovu  orijinal və məftunedici mülahizələri ilə  heyran qoymuşdu.  Annenskinin  təsiri  altında Qumilyovda  fransız  Parnas və simvolist şairlərinin  poeziyasına , eyni dərəcədə Annenskinin özünün, Bryusov, Balmont  və digər  yaşlı nəsil rus simvolis t şairlərinin  yaradıcılığına  maraq  doğur.

“Nikolay Qumilyov poeziyasının mənbələri, - deyə sonralar Axmatova yazırdı, - hesab edildiyi kimi parnaslıların şeirlərində deyil, Annenskidə idi”. “Müəlliminə sevgi və  onun qarşısında  təzim, - deyə o başqa bir yerdə qeyd edirdi, -  Qumilyovun şeirlərində və nəsrində də əksini tapıb”.

 Bəzən bazar ertəsi günləri Annenski  özünün Tsarskoye  Selo mənzilində mütləq  Qumilyovun da iştirakı ilə ədəbi toplantılar keçirirdi. Bir  müddət ötəndən sonra bu toplantılara  onların “körpəcə” saydıqları üçüncü sinif gimnazisti  Anya (Anna) Qorenko da gəlirdi və hamı artıq bilirdi ki,  Qumilyov onu cavabsız bir eşqlə sevirdi.

Qumilyov  ilə Anna Qorenko ilk dəfə 1903 - cü  ildə  Soçelnikdə  rastlaşmışdılar. Onları qızın yaxın rəfiqəsi  və Tsarskoye  Selodakı  ev qonşuları , həmin  gimnaziyada  bir  sinif  yuxarıda  oxuyan Valeriya Tülpanova  tanış  etmişdi.

Həmin gün qızlar Valeriyanın kiçik qardaşı Seryoja ilə mağazaya yolka üçün oyuncaq almağa getmişdilər. Tülpanovlar hər il Miladın ilk günü yolka şənliyi düzəldirdilər. Qostinıy  Dvoru n qarşısında  onlar  Qumilyov  qardaşları -  Peterburqda  dəniz  kadet korpusunda  oxuyan  böyük qardaş Mitya və  Tsarskoye  Selo İmperator  Nikolay gimnaziyasının yeddinci sinif gimnazisti, kiçik  qardaş  Kolya (Nikolayla) ilə rastlaşırlar. Valeriya bu gənclərlə  öz  musiqi müəlliməsi, həmin vaxtlar  Qumilyovlarla da məşğul olan Yelizaveta Mixaylovna Bajenova vasitəsilə tanış idi.  Bu yaxınlarda Tsarskoye  Seloda  öz məxsusi  evlərinə köçmüş  olan və Tsarskoye Selo yaşıdlarından yaxşı mənada fərqlənən yeniyetmə   qumilyovlar  Yelizaveta Mixaylovnanın  çox  xoşuna gəlirdilər.

 Nikolayın rastına  çıxan  bu qeyri- adi  qız  (onun qeyri - adiliyini və Tsarskoye  Selodakı  digə r qızlara  bənzəmədiyini  o saat anlamışdı) onda silinməz  təəssürat  oyatmışdı. Onların  tanışlığından  sonra Nikolay bir neçə  dəfə  Annanı  sürüşmə meydançasında görmüş, lakin qız ona diqqət yetirməmişdi.  Belə olduqda, Nikolay  Annanın böyük qardaşı  Andreylə tanış  olmuş və dostlaşmışdı.

Andrey  Andreyeviç  Qorenko poeziyadan yaxşı baş çıxarır,  latın poetik mətnlərini yaxşı bilir,  ən yeni poeziyanı – fransız  simvolizmini və  doğulmaqda  olan rus modernizmini maraqla izləyirdi.

Andrey  Nikolay  Qumilyovun poetik təcrübəsinə maraqla  yanaşırdı.  Qumilyov  onların evlərinə  gedib - gəlməyə  başlamışdı. Qorenkolar qapalı yaşayırdılar  və  Anya  Tsarckoye  Selo  obıvatellərində (yəni  yerli sakinlərində)  o qədər  də xoş hisslər doğurmurdu, onu “lunatik” adlandırıdılar. 

Nikolay və  Anna arasında tədricən doctluq münasibəti  yaranır.  Qumilyov  ona  ən yeni fransız və rus poeziyasına dair kitablar hədiyyə edir.

Anyanın sevimli  qardaşı, Qumilyov ilə dostlaşan Andrey  özü  müasir poeziyaya yaxşı bələd idi və Anna onun sayəsində, hələ Nikolay ilə tanışlıqdan öncə, ən yeni poeziya ilə tanış idi, fransız dilini əla bildiyindən Bodler, Verlen və  Mallarmen kimi şairlərin əsərlərini həvəslə  oxumuşdu. Onların bir çox şeirlərini əzbərdən bilirdi.

Qumilyov ilk baxışdan dəlicəsinə vurulmuş, lakin qızda ona qarşı heç cüzi də olsa ifadə olunmuş marağı görməmişdi. O isə inadkar idi,  qız adətən  gimnaziyadan  sonra  rəfiqəsi  Valya Tülpanova ilə çıxır, Nikolay onları qarşılayır və  evlərinədək müşayiət edirdi.

Valeriya  Sergeyevna  xatırlayır: “Biz çox gəzişirdik və həmin gəzintilərdə, özəlliklə də biz gimnaziyadan sonra tələsmədən, ləngiyə-ləngiyə  evə  sarı yollananda , haradasa  küncdə - bucaqda  dayanmış Nikolay Stepanoviç  bizim  “rastımıza çıxırdı”.  Boynuma  alıram ki,  hər ikimiz  onunla  qarşılaşmağımıza  sevinmirdik  və  biz  tez - tez onu  təngə gətirməyə  çalışırdıq. Kolyanın alman dilini qətiyyən sevmədiyini bildiyimizdən almanca uzun şeirləri hündürdən əzbər söyləməyə başlayırdıq. Yazıq Kolya isə  böyük səbr və səbatla dinləyirdi. Hər halda  düz evə qədər gəlirdi!”

Gənv Qumilyov  özünəvurğun, qürurlu  kişilik  ləyaqətinə malik idi. Fəqət,  öz seçimini  etdikdən sonra  ilk vaxtlar  hövsələli  davrandı, ümid edirdi ki, hər şey yoluna düşəcək və inadkarlıqla  pərəstişkarlığına  davam  edirdi.  Arzu-xəyallarında öz  gələcəyin i Anna ilə təsəvvür edir və bu arzula r onun  gənclik  şeirlərində əksini tapırdı.

  1904-cü ilin Pasxasında  Anna və Valeriya Qumilyov tərəfindən bala dəvət olunurlar,  fevralın sonlarında  Tsarskoye  Selo parkında, palıd ağacının altındakı, o vaxtdan bəri  Anna üçün xatirəyə  çevrilən  skamyada  Niklay  öz  sevgisini  dilə gətirir.  Lakin  bu, onların  münasibətlərində  çox  az  şeyi  dəyişdirir,  onun  məhəbbəti  qız  tərəfindən  qarşılıq  görmür, qız  ona  heç  bir vəd vermir, lakin  bununla  belə, onda  hansısa  bir ümid yeri qoyur. O vaxtdan onların arasında  qızın  özünə də aydın olmayan  qəribə bir bağlılıq yaranır.

Anna  son  dərəcə bərk dayanmışdı, Nikolay Stepanoviç  dörd, hətta beş il onun razılığını almağa  çalışmışdı. Qızlara  münasibətdə marağı azalmasa da,  bu  sevgi  getdikcə  dərinləşmişdi. Sonralar bu münasibətin özünəməxsus  tarixçəsi yaranmışdı.

Bu  tarixçənin müəyyən  məqamlarına  diqqət  edək.1905-ci ildə  Nikolay Stepanoviç  Annaya  evlənmək təklifi edir  və rədd cavabı alır. Bundan  az  sonra  onlar ayrı düşürlər, rastlaşmırlar və  hətta il yarım yazışmırlar da.  Axmatova 1905-ci ildə bir illiyə Krıma yollanır, Nikolay Stepanoviç  isə  Parisə gedir.

1906-cı ilin payızında  Anna nədənsə  Nikolay Stepanoviçə  məktub yazmaq qərarına gəlir. Yazır və yola salır. Qəti olaraq bu məktub onların münasibətləri sarıdan  xüsusi  məna kəsb etmir, Nikolay Stepanoviç isə bu məktuba  evlənmə  təklifi  ilə  cavab verir.

Faciəvi  yaşantılar  yüksək lirikanın şah əsərləri səviyyəsinədək qalxan  heyrətli şeirlər doğurur. Sonralar  Axmatova  danışır ki, Qumilyovun lirikasında  onların  münasibətlərinin bütün  bioqrafiyası əksin i tapıb. Nigaha qədər – şübhələr və ümidlər, iztirab və  əzabverici qıcqanclıq.

Axmatova  Nikolay Qumilyova  Anna  Qorenko  qədər  yaxın ola bilmədi.  Şairə etiraf  edirdi ki,  onun “Yad səma” kitabındakı  şeirlərində  o daha müdhiş və yad bir qadına çevrilmişdi, halbuki  onlar artıq birlikdə yaşayırdılar,  bu  qadın onun  yanında idi.

“İncəsənət  adası” axşamında  Anna  Qorenko da vardı. Sonrasında Anna və  Nikolay payızın soyuğundan üşüyən  şəhərdə  xeyli gəzib dolandılar  və  kofe  içməkdən ötrü  “Yevropeyskaya” mehmanxanasına  gəldilər.

Mehmanxana Vladimir təpəliyinin  arxasında yerləşirdi. Orada   Qumilyov yenidən ona evlənmə təklifi etdi və  Anna razılıq verdi.

Anna  Qorenko və Nikolay Qumilyovun nikah mərasimi  25 aprel 1910 - cu ildə Kiyev yaxınlığında, Çerniqov  quberniyası Ostyor qəzası Nikolskaya  Slobodka  kəndindəki  Nikolayevskaya  kilsəsində  keçirildi.

Mayın 2 - də  Anna  Qumilyova  əri ilə Varşava yolu ilə Parisə toy səyahətinə  yollandılar. Parisdə onla r Rue Bonaparte, 10 ünvanda yerləşdilər.  Qumilyov  onu  öz  köhnə  tanışlarının  çevrəsinə  daxil etdi. Onlar  Parisi  çox gəzib dolandılar, orta  əsr Klyuni abbatlığına  getdilər, məmnuniyyətlə  Zoologiya  Bağına baş çəkib oradakı aləmə tamaşa etdilər, Latın məhəlləsində Qumilyovun çox xoşladığı kafedə  əyləşdilər,  gecə kabaresində  oldular. Anna rəssam qadın Aleksandra  Ekster ilə  tanış oldu.  Hələ Kiyevdə  olarkən Ekster bu gənc qadının  qeyri - adi  zahiri görkəminin  arxasında  XX əsr  modernis t rəssamlarının  sevimli modelini duyaraq onun  portretini işləməyə  başlamışdı.

Burada  onlar peterburqlular - ər-arvad Çulkovlar və “Apollon” jurnalının redaktoru Sergey Makovski ilə rastlaşdılar.   Qumilyov  J. Şüzvil, A .Mersero,  P. Arkos, N. Deniker ilə tanış olur. Onlar fransız tənqidçisi Tankred  de  Vizana  baş çəkirlə r Anna ilk dəfə Modilyanini  görür.

Anna ilə Fransada görüşən Nadejda Qriqoryevna  Çulkova  yazır ki, Anna  o vaxt  çox gənc idi, yaşı  iyirmidən çox  olmazdı. Olduqca  gözəl idi, küçədə  hamı dayanıb ona baxırdı.  Parisdə  məqbu l sayıldığı kimi, kişilər  öz  heyranlıqlarını sözlə ifadə edir, qadınlar onu həsədlə  gözləri ilə süzürdülər. O, hündürboy, düz qamətli və qıvraq idi .Bəyaz geyimi, geniş  eynəyi, ağ dəvəquşu  lələyi taxılmış  şlyapası vardı – bu lələyi ona Həbəşistandan  təzəlikcə  qayıtmış əri – şair Nikolay Stepanoviç Qumilyov bağışlamışdı...

Ailənni yaxın dostlarından  biri  isə onlardan  belə bəhs edir: “Nikolay Stepanoviç  1910 - cu ilin yazında  Anna  Andreyevna  Qorenko ilə evləndi və  arvadını Parisə apardı.  Parisdə  onlar bütün varlıqları ilə  məşəl - şəhərin  muzeylərinə  və  fransız  ədəbiyyatına  daldılar.  Qumilyov “Mirvari”ni  çapa  hazırlayırdı.

 1910-cu ilin payızında Parisdən Peterburqa qayıdanda təsadüfən eyni beynəlxalq vaqonda gəldik.  Gənclər də Parisdən gəlirdilər və Dyagilevin  opera və balet tamaşaları barədə təəssüratlarımızı bölüşdük.

Vaqon təkərlərinin yırğalayan taqqıltıları altında  ürək  söhbəti asanlıqla  alınır. Hündürboy, arıq, sakit,  olduqca  solğunbənizli,  həzin  qırışlı  və  alnındakı  atlaz  çolkası  ilə  Axmatovanın  bütün zahiri siması  cəlbedici idi.  Qumilyovun  arvadı ilə  rəftarından hiss olunurdu ki,  onu dərin  məhəbbətlə   sevir  və  xanımı  ilə qürur duyur . Nikolay öz nişanlı vaxtlarından  mənə  dəfələrlə  söz açmışdı.  Özünün  bu  erkən gənclik illərindən  başlanmış  sevgisi  barədə  mənə  sonralar da danışmışdı.

Biz  tez - tez görüşürdük.  Onların  sevgi dramı mənim gözlərimin qarşısında  cərəyan  edirdi. Evləndikdə  mən də Tsarckoye  Seloda ev tutdum, Axmatovanı  arvadımla tanış etdim,  Qumilyovları həmin gərgin-işgüzar  qış aylarında  daim görürdüm.  Nikolay Stepanoviç  evlilik həyatından  təqribən bir il sonra  yenə  də uzaq səfərə yollandı. Anna Andreyevna  arabir bizə gələr, şeirlərini oxuyardı. O, hələlik  ciddiyyətlə  çap olunmurdu. Buna Qumilyov icazə vermirdi.

Onun bir neçə şeirini dinləyib, o saat onların “Apollon”da  dərc olunmasını təklif etdim. O, tərəddüd içindəydi: “Nikolay  Stepanoviç  qayıdanbaş  nə deyər?” O, qəti surətdə  arvadının yazıçılığına  qarşı idi. Lakin  mən  təkid etdim:  “Yaxşı, bütün məsuliyyəti  üzərimə  götürürəm.  Sizə  bu sözü  deməyə  izin verirəm ki, bu sətirləri mən sadəcə  sizin şeir dəftərinizdən  oğurlayıb  özbaşıma  dərc etdirmişəm”. Belə də şərtləşdik.    Axmatovanın  şeirləri  “Apollon” səhifələrində  görünən kimi o qədər tərif doğurmuşdu ki,  Həbəşistandan  qayıdan  Qumilyova yalnız  faktla  barışmaq  qalmışdı.  Sonralar  o,  birinci  olaraq  arvadının şairliyi barədə  vəcdlə  söz  salır, onu özünün ən yaxşı şagirdi hesab edirdi.

Həmin  ilin qışında onların oğlu doğuldu, adını Lev qoydular.  Ağır doğuş  Peterburq  gecələrinin birində  gecəykən oldu. Qumilyovlar o vaxt Tsarskoye  Seloda  yaşayırdılar. Gecə  Anna Andreyevna sancı hiss etdi,  sonra  anladı ki, uşağı tezliklə dünyaya gətirəcək və  ərini oyatdı:

“Deyəsən, Peterburqa getmək lazımdır”.

Qumilyovlar vağzaldan doğum evinə piyada yollandılar, belə ki, Nikolay Stepanoviç  özünü itirmişdi və fayton tutmaq və ya tramvay ilə getmək ağlına gəlməmişdi. Səhər saat 10-da onlar artıq Vasilyev adasındakı doğum evində idilər.

Ertəsi gün Anna Andreyevna  ilkinin doğulması münasibətilə çoxlu sayda təbriklər aldı.

Ana  olandan  sonra  Anna  Andreyevna  “Ağ sürü”nü  çapa hazırlamağa  başladı  və  ər - arvad yenidən bir yerdə  idilər.

Ədəbiyyat  mütəxəssisləri  Axmatova yaradıcılığından  bəhs  edərkən şairənin  akmeizmə  meylliyi  barədə çox yazmışlar. Bəs nədir akmeizm?

“Akmeizm”  yunanca  “akme” sözündən götürülüb, “çiçəklənmə”, “kamilləşmə” deməkdir. Simvolizmin daxilində yaranmış böhranlar nəticəsində  XX əsrin əvvəllərində  akmeizm  ədəbi cərəyanı meydana gəldi. Akmeistlər  öz düşüncə  və ideyalarını  “Şairlər sexi” dərnəyi və “Appolon” jurnalı vasitəsilə yayırdılar. Qeyd edim ki, “Şairlər sexi”nin altı üzvü vardı ki, bunlar  N.Qumilyov, S.Qorodetski, A .Axmatova, O. Mandelştam, M.Zenkeviç və  V.Narbutdan  ibarət idi. Dərnəyə Axmatovanın ər i Nikolay Qumilyov başçılıq edirdi.

1911- ci ildə  Axmatovanın ilk şeiri akmeizmin məramı və ideyasını təbliğ  edən məhz  həmin “Appolon” jurnalında  çap edilmişdi.

1912- ci ildə  şairənin  “Axşam” adlı  ilk şeirlər  kitab ı işıq üzü görür. 300 nüsxə  ilə  buraxılmış  bu kitabda  Axmatovanın  46 şeiri toplanır.

Aradan bir qədər keçəndən sonra  Annanı akmeizmə xidmət  edirkən rassionalizmdə ittiham edirlər. Ə. Xəlilov  O. A.Fedotovanın 1969-cu ildə yazdığı  “Anya Qorenko” məqaləsindən maraqlı sitatlar gətirir: “...1910-1911-ci illərdə mən artıq bilirdim ki, Anya  Qorenko  məşhur  şairə Anna Axmatova olub. Eşitmişdim ki, Tsarskoye  Seloda  şəxsi evlərdə ədəbiyyat həvəskarlar ı yığışır, Anna  Axmatova və  şair Qumilyovun (Anna Andreyevnanın əri) çıxışlarına qulaq asırlar. Axmatovanın poeziyası çoxlarını özünə cəlb eləmişdi, o cümlədən gənc qadınları, ancaq bəziləri onu  “dekadentçilikdə”  qınayırdı...

Yaxşı yadımdadır, onun şeirlərini çoxu əzbər bilirdi, gənc  şair və şairələr isə özlərini ona oxşatmağa  çalışırdı. Mən Axmatovanın şeirlərini sevirdim. Sadə  danışıq dilində yazılmış bu şeirlərdə dərin məna gizlənirdi. Mənə elə gəlirdi ki, o, öz lirikasında  qadın kədərini və  sevincini əks etdirən yeganə şairədir...

Rusların  “qluxie qodı”  adlandırdıqları illərdə  də  Anna yazırdı .Özü də  ruhdan düşmədən! Əzab çəkdiyi üçün yazırdı! Çap olunmadığı üçün yazırdı! O, yazırdı:

Qır-qızıl paslanar, çürüyər polad,

Mərmər də məhkumdur axır ölümə.

Təkcə qəm-kədərdir əbədi heyhat

Bir də hər səslənən şahanə kəlmə!

Rus ədəbiyyatşünaslığında tənqidçilər Anna Axmatovadan danışanda nədənsə  tez – tez  yunan şairəsi  Sapfonu xatırlayır,  Axmatovanı onunla müqayisə  etməyə  çalışırlar. Ona görə yox ki, o dövrdə Rusiyada  A. Axmatovadan  başqa  qadın - şair yox idi. Əksinə,  XIX  əsrdə Rusiyada şeir yazan, əgər belə demək mümkündürsə, yaxşı şeir yazan qadın çox idi; Karolina  Pavlova, Yuliya Jadovskaya, Yelizavetta Şaxova, Yevdokiya Rastopçina -  ümumilikdə bunlar  poetik  periferiyadan (yəni poetik çevrədən – R. Mirzəzadə) başqa bir şey deyildi  Bu şairlərin heç biri şeirdə Axmatovanı  üstələyə  bilmədi, şeir - ədəbiyyat  məktəbi keçməyən, lakin bu sahədə tam yetişmiş və püxtələşmiş  Anna Qorenko  istər  öz  yeni üslub  manerası, istərsə  də zəngin yaradıcılıq karyerası ilə hamını kölgədə qoydu. Odur ki, 1964-cü ildə “Axmatovanın poeziyası yalnız  gələcəyə deyil, eyni zamanda keçmişə uzandığından yunan şairəsinin son şeiri ilə ilk rus şairəsinin şeiri arasındakı məsafə çox da böyük görünmədi” – deyən A.Tarkovski  öz fikirlərində tamamilə haqlı idi. Axmatova  doğrudan da qadınlara  “danışmağı” öyrətdi.

1917-ci ildə  Axmatovanın  “Ağ qanadlı qatar” kitabını  da oxucular  məhəbbətlə  qarşılayır.  “Qəhrəmansız  poema” əsərində  isə  şairə rus ədəbiyyatı  “Gümüş dövrü”nün  epoxasını yaradır. Bir qədər keçdikdən sonra onun adı artıq Aleksandr  Blokla yanaşı çəkilrdi. Hətta  Blok vəfat  edəndən sonra tənqidçilərdən  biri yazırdı: “Rus şairləri  arasındakı birinci yer mübahisəsiz, Axmatovanındır”.

Şairə  həmkarı Marina  Svetayeva  onu “ilahələr gözəli”, “ağı ilahəsi”, “bəyaz  gecələrin şıltaq, dəcəl övladı” adlandırırdı. Rus ədəbiyyatı  “Gümüş dövrü”nün  digər istedadlı nümayəndəsi  olan M. Svetayeva  hələ 1916-cı ildə  Axmatovaya  həsr etdiyi şeirdə yazırdı:

Ey ağı ilahəsi, ilahələr gözəli,

Ey bəyaz gecələrin şıltaq, dəcəl övladı!

Qara yelə tutubdur rus elini qəzəbin

Ox tək iti ahından bağrım başı qanadı.

 

Karıxırıq, çaşırıq, sinəmizdən  qopan: ox!

Anna Axmatovadır! – deyə çıxır ağzından

Sənin adın bir nəhəng, kökdən gələn ahdı, ah,

Yandırır düşən yeri, iz də qalmır kağızdan.

 

R.D.Timençikanın təqdimatı da olduqca maraqlıdır. Müəllif yazır ki, Nikolay Stepanoviç  Qumilyov  təkcə  görkəmli  şair deyil, həm də  incə, bəsirətli  ədəbi tənqidçi idi. XX əsrin əvvəli eyni  zamanda həm rus poeziyasının  çiçəklənmə  dövrü, həm də bir-birinin ardınca doğulan, yeni poetik məktəblərin proqramlarını elan edən  ədəbi  manifestlə r zəmanəsi,   rus və dünya,  klassik və müasir poeziyası əsərlərinin yüksək peşəkarlıqla tənqidi incələnmə  və qiymətləndirilmə  zəmanəsi idi. Sənət tənqidçiləri və nəzəriyəçiləri qismində  Rusiyada  Qumilyovun müasiri  olan az - çox tanınmış  şairlərin demək olar hamısı: İ.F.Annenski, D.S.Merejkovski, Z.İ.Qippius, V.Y.Bryusov, K.D.Balmont, A.A.Blok,  B.İvanov, A.Belıy, M.A.Kuzmin,  M.Svetayeva, V.Xodaseviç,  M.A.Voloşin və bir çox başqaları çıxış  edirdilər.   

Öz  tənqidçilik fəaliyyətinə “Reç” qəzetində 1900-cü ilin sonlarında  poetik  kitabların  resenziyaçısı qismində  başlayan Qumilyov, işini 1909-cu ildən 1916-cı ilə qədər  “Apollon” jurnalında  davam etdirmişdi. Jurnalın “Rus  poeziyası  haqqında  məktublar” bölməsində  saydan saya dərc edilən məqalələri  özünəməxsus silsilə təşkil edirdi. Bu silsilədə  həmin dövrün rus  poeziyasının inkişafının  geniş mənzərəsi təsvir edilirdi. Elə həmin illərdə  Qumilyovun  rus poeziyasının və rus şeirinin nəzəri məsələlərinə həsr edilmiş ilk məqalələri dərc olunmuşdu. Onların sırasında  məşhur “Simvolizm  və  akmeizm irsi” - Qumilyovun poeziyada müdafiə  etdiyi iki başlıca  istiqamətdən  birinin  nəzəri manifesti  də vardı. Bu istiqamətə onun təklif  etdiyi akmeizm adı uzün zaman qüvvəsini saxladı. Qumilyov və onun poetik  dostları və həmfikirləri  bu istiqaməti simvolizmə  qarşı qoymağa  çalışırdılar.

Qumilyov  eyni zamanda Poeziya Emalatxanasının jurnalı olan, 1912-13-cü  illərdə  onun  dostu  M.L.Lozinskinin redaktəsi ilə çıxan “Giperborey”də  tənqidi məqalələrlə  çıxış  edirdi.  Rus poeziyası ilə yanaşı,  Qumilyov  fransız  (T.Qotye, Vilye  Qrifen, Ş.Bodler və  digərlərinin) və  Belçika  (E.Verxarnın) poeziyasına da diqqət yetirirdi. Oktyabr çevrilişindən sonra  Qumilyovun  tənqidi fəaliyyəti  öz yerini populyarizator, tarixi - ədəbi və  nəzəri məsələlərə verdi.

 Maksim Qorki tərəfindən 1918-ci ildə yaradılmış  “Dünya  ədəbiyyatı” nəşriyyatının  əməkdaşları sırasına cəlb edilən  Qumilyov , bu və digər nəşriyyatlar üçün bir sıra tərcümələri həyata keçirir, onlara  giriş  məqalələri yazırdı. Eyni vaxtda o, fransız  ədəbiyyatı və poeziyasının  nəzəri məsələlərinə dair məqalələr yazır, poetik tərcümə nəzəriyyəsi üzərində düşünürdü.

1905-ci ildə  hələ gimnaziyanı bitirməzdən əvvəl Qumilyov öz gəncliyinin  “Konkistadorların  yolu” adlı ilk şeir toplusunu buraxır. Burada özünü qədim fatehlərə,  qərbdə yeni torpaqları itaət altına alanlara bənzədən Qumilyov (bunu özünün ilk  “Rus poeziyası haqqında  məktub”unda  belə izah edir) böyük cəsarətlə  eləcə də “poeziya xəzinəsini qızıl külçələri və almaz diademlərlə dolduran fatehləri” də “konkistadorların” sırasına  aid edirdi.  Bu ilk şeir toplusunun ardınca sıra ilə digərləri  - “Romantik  çiçəklər” “Mirvari” , “Yad səma”, “Ox qabı” , “Tonqal” , “Çadır”, “Odlu sütun”  və  ölümündən sonra, 1918-ci ilin Paris şeirləri toplusu olan “Mavi ulduza doğru”  gəldi.  Bunlardan başqa,   Qumilyovun qələminə  “Qondla” dramatik poeması və  son illərin yarımçıq  “Əjdaha”  poeması uşaqlar üçün  “Mik”   Afrika nağılı,  Çin şeirləri  və  “Farfor köşkü” tərcümələr silsiləsi , kukla  teatrı  üçün ərəb - fars motivlərində  “Allahın  oğulları”  nağılı , Bizans tarixindən  “Zəhərlənmiş tunika” mənzum dramı , eləcə də bir  sıra  digər poetik və nəsr əsərləri məxsusdur.

Qumilyov  1906-cı ilin yayında gimnaziyanı bitirəndə  onu donanma karyerasına  hazırlayan  atasının  istəyinin əksinə olaraq, Parisə yollanır. Burada o, vaxtının demək olar iki ilini Sorbonnada mühazirələri dinləməklə keçirir. Fransanın  muzeyləri, boyakarlığı və  ədəbiyyatı ilə dərindən maraqlanır. XIX əsrin fransız  şairlərindən Teofil Qotye  (Qumilyov onun  “Minalar  və kameyalar” toplusunu rus dilinə tərcümə etmişdi),  digər  parnaslılar (Lekont  de Lill, J.M. Eredia), eləcə  də  Ş.Bodler onda daha çox təəssürat oyadır.

Yaxın  Şərqə və  Afrika  ölkələrinə  olan  daimi maraq  Qumilyovu 1907- 08-ci illərdə  Misirə - Qahirə  və İsgəndəriyyəyə  səfərə  çıxmağa  həvəsləndirir. 1909 -1910 -cu ilin qışında  və 1910-cu ilin payızında  o, yenidən  Afrikaya, Həbəşistana, 1913-cü ildə isə qalla, hararitlər və digər Afrika  xalqlarının həyat tərzinin  öyrənilməsi  və məişət  əşyalarının  kolleksiyalaşdırılması üçün  Antropologiya  və  Etnoqrafiya  Muzeyinin tapşırığına  əsasən  İstanbul və İsgəndəriyyə  yolu ilə Həbəşistana yollanır. Qumilyovun  Afrika  təəssüratları  “Afrika  gündəliyi”ndə,  “Mik” poemasında və   “Çadır” poetik toplusunda geniş  əksini tapmışdır. Şərq ölkələri  və Afrika xalqlarının  müasir  həyatı ilə yanaşı, qədim  Şərq və  Çinə də olan marağı  böyük  şairi  artıq xatırladığımız  “Farfor  köşkü”  Çin şeirləri silsiləsinin  yaranmasına, Oktyabr çevrilişindən  sonra  isə  qədim Babil eposu  “Gilqameş”in  tərcüməsinə  sövq edir.  

1912 - ci ildə Qumilyov  İtaliyaya  səyahət  edir. Vətənə qayıdanbaş  Sankt - Peterburq Universitetinin  tarix-filologiya  fakültəsində  böyük bir şövqlə  roman - alman  seminarında məşğul  olur. Lakin universitet məşğələlərini  tezliklə, əvvəlcə  1913 - cü ildə Həbəşistana  ekspedisiyasına,  (bu barədə artıq yuxarıda deyildi), sonra isə Birinci Dünya müharibəsinin  başlanmasına görə  dayandırmalı  olur.

24 avqust 1914-cü ildə  Qumilyov leyb-qvardiya  ulan alayına könüllü olaraq yazılır və  Qərb Cəbhəsinə yola düşür. 1914-1915 - ci illərdə  şair iki dəfə: birinci dəfə - uğurlu süvari kəşfiyyatına  görə, ikinci dəfə isə geriçəkilmə zamanı top atəşlərinin altında pulemyotu xilas  etdiyinə görə  Georgi xaçı ilə  təltif olunur. 1915-1916-cı illərdə hərbi təəssüratların  izləri ilə “Birjevıye vedomosti” qəzetində “Kavaleristin qeydləri”ni  dərc etdirir. 1916-cı ilin yayında  isə  Krımda – səhhətini qaydaya salmaq üçün göndərildiyi  Massandrada  “Qondla” dramatik poemasını yaradır.

Fevral inqilabından sonra, 1917-ci ilin yayında Qumilyov  Səlanik cəbhəsindəki rus ekspedisiya korpusuna ezam olunur.  Petroqraddan gəmi ilə  İsveç, Norveç  və İngiltərə marşrutu ilə yola düşən Qumilyov, Londonda bəzi  ingilis  ədibləri ilə tanış olmağa macal tapır, Fransaya  gəlib çıxanda, Müvəqqəti  Hökumətin  emissarının sərəncamı ilə burada saxlanılır. Parisdə  “Mavi ulduza doğru”  şeirlər kitabı (ölümündən sonra nəşr edilib) və  “Zəhərlənmiş  tunika” tarixi  faciəsi yaranır. 1918-ci ilin yazında, artıq Oktyabr çevrilişindən  sonra  şair London  və  Murmansk yolu ilə Rusiyaya qayıdır. 

Qumilyovun  “Rus poeziyası haqqında  məktublar”ını dürüst qiymətləndirməkdən  ötrü  onların daha bir önəmli tərəfini də qeyd etmək lazım gəlir: 1900- cü və 1910-cu illər rus poeziyası tarixində dönüş çağı kimi əlamətdardır.  Tarixi həyatın tempini dəyişdirən şəhər sivilizasiyasının böyüməsi, poetik “yaddaşın”  və  assosiativ dilin sərhədlərinin  genişlənməsi, məzmunun psixoloji baxımdan mürəkkəbləşməsi, lüğətin zənginləşməsi, poetik nitqin  dəyişən emosional yükünün ifadəsi üçün yeni stilistika  və yeni poetik formalar axtarışı  -  bütün bunlar yeni poetik epoxanın real, prinsipcə  mühüm təzahürləri idi.

Əsl, layiqli poetik əsər,  Qumilyova  görə,  hərəkətsiz   mexaniki məhsul  deyil, canlı orqanizmdir. Yer üzündə yaşayan hər bir canlı insan yeganə və  bənzərsiz  olduğu  kimi, poetik  əsər də yeganə və bənzərsizdir. İnsan kimi gerçək  poeziya  əsər i də əzab və ağrılarla doğulur – “əzablar və ağrılarla  doğulan” əsər yüzillərcə  yaşaya, sevgi  və nifrət  doğura,  dünyan ı  öz varlığı ilə  hesablaşmağa  məcbur  edə bilər.

1910 - cu illərdə Nikolay  Qumilyovun  fransız  poeziyasına həsr edilmiş  ən iri əsəri -  “Teofil  Qotye” oçerkidir . Bu oçerk  Qotyenin Qumilyov tərəfindən tərcümə  edilmiş  “Minalar və kameyalar”  şeir toplusuna ön söz qismində  çap edilib.  Bu oçerklə  Qumilyov özünü  XIX əsr  fransız  poeziyası, bədii nəsri  və  teatrının bilicisi  kimi tanıtmışdır. O, təkcə  Qotyenın  onu 1830-cu illərin  romantik  hərəkatında iştirakdan  “sənətdə və sənət üçün həyat idealının”  bərqərar olmasına gətirib çıxaran,  Qotyeni fransız Parnas şairlər nəslinin  rəhbərinə və ideoloquna çevirən yaradıcılıq yolunu diqqətlə incələmir, həm də Qotye poeziyasını  fransız  poeziyasının  XX əsrin əvvəllərinə  qədərki  daha geniş ümumi inkişaf kontekstinə  daxil etmişdir.

        “Yad səmasının” ruhlandırıcı  cazibəsi  Qumilyov üçün görünür, gimnaziya  illərindən başlanmışdı – Qustav Emar, Rayder Haqqard, Main Rid... “Qumilyov  gimnaziyaya  gətirilən  nə olsa, hamısını səylə öyrənir” – bunu müəllimləri danışırdılar. Yeri gəlmişkən, Main Ridi o, on üç yaşında bir neçə dəfə oxumuşdu. Deyilənlərə görə, bu epiqram da onun idi:

 

Brem-Qumilyov, sən Parnasa

Gətirdin Avstraliya faunası

Nə görürəm? Çirkin timsah

Üzür Kastaliya bulağında

Orakul olub kenquru.

Pifiya yarığı ağzında

 

Timsah və kenquru  Qumilyovda  “Min bir gecə” obrazları ilə yanaşı idilər. Dənizçi  Sindbad  onun sevimli qəhrəmanlarından biri,  “yeni predmetlərə  maraqla  baxmaqdan  ötrü” doğma şəhərini tərk edən səyyah-şairin prototipi idi.

 

Bağdad yenə hökmrandır

Sindbad yenə səfərdə.

Divlərlə davası vardır.

Misir torpağından isə

Gəmilərdir düşən yola

Möhtəşəm Bassoraya.

 

 Özünün  “Levanta haqqında oxşama”sında – “Yad səmalar”dan olan “Gözqamaşdırıcı” şeirində - Qumilyov ərəb  nağıllarındakı sehirli adları çəkir – burada  Rok quşu və Harun ər-Rəşidin  ziyafət  məclisi də var. Qumilyovun  ərəb mövzusuna  yanaşması -  məhz  vokabula (əzbər öyrənmək üçün ana dilinə tərcümə olunmuş xarici söz –R.Mirzəzadə) izafiliyi, qəhrəmanını gözləyən yad ləhcənin məskən salmasıdır. Məsələn,  onun  “İslam” soneti  demək olar  deyişmə məşqidir. Bu sonet aktrisa O.N.Vısotskayaya  həsr  olunub  və  onun xatirələrinə  görə 1913-cü ildə Afrikaya  gedərkən yolüstü  İstanbuldan açıqcada  Moskvaya  göndərilmişdir.

Qumilyovun  poetik poetologiyası nağıl əjdahalarından indiki akmeistlərə  qədər söz  tarixini əhatə  edirdi. Druid (kahin) şairlər öz yerlərini  ruhanilərin hakimiyyətinə verir, ardınca hakimiyyət orduya, daha sonra – tacirlərin əlinə, ən sonda isə  pariyaların əlinə keçir. Qumilyov öz şəxsiyyətini qeyri - bərabər qanadlarda triptixdə  təbəqələyirdi. Artıq əsgər ikən  o, 1915 - ci ildə  Fyodor Soloquba yazmışdı: “ Mənə hər zaman özüm barədə  şair olmaqdan çox  səyyah, yaxud döyüşçü kimi düşünmək daha asan olub, baxmayaraq ki, mənə, əlbəttə,  incəsənət  müharibədən və Afrikadan daha qiymətlidir”.

Qumilyov  düşünürdü  ki, şair döyüşçüdən daha müzəffərdir və  bu inancını  “Allahın  oğulları”  ərəb nağılının  təməlinə qoymuşdu...

Yeri gəlmişkən, ərəb mövzusuna dair şairin bu fikirlərini yada salmağı təbii hesab edirəm:

 

İndi ulduzlara baxıb hər gecə

Nəyisə gözləyən cəngavərlər dəb,

Ancaq xoşdu mənə susuz səhrada

Su tapıb, diz çökən, su içən ərəb.

...Qumilyovun  qəhrəmanı qəzəl dilində danışan Hafiz oldu.

Hafiz  “öz kölgəsini”  Qumilyovun üzərinə 1916-cı ildə “salmışdı”. Larisa  Reysner həmin il yazdığı məktubunda  onu “Hafiz”  adlandırmış,  Qumilyov  özü isə ona İran lirikasına  olan sevgisi haqda  yazmışdı. “Allahın oğulları”  bu  dövrə  aiddir, bu – P. P. Sazonov  və Y.L.Slonimskinin marionet  teatrı üçün yazılmış  əsərdir. Qumilyovun kukla  komediyasında Hafiz  Pərinin  sevgilisidir, bütün yerdə qalanlar – yaraşıqlı bir oğlan, döyüşçü (bədəvi) və xəlifə - ona layiq deyillər. Bu dramatik nağıla İran lirikasından  sitatlarla  bəzək vurulub. Hafiz  “gizli aləmin dili” adlandırılır.

Şərq mədəniyyətinin hər bir ayrıca əsərində  “Hindistandan Bizansa qədərki”  Şərq  Qumilyova  vahid  və bir  bütöv kimi  görünür. Bu səbəbdən “İran miniatürü” şeirinin  əlyazma qaralamasında  hind mifologiyasındakı  “günəş  enerjili  qorxunc Harud quşu” ortaya çıxır.

İran miniatürləri (əlbəttə,  burada  söhbət Təbriz - Azərbaycan miniatürlərindən gedir, o dövrdə  bu sənət  Qərbdə  və Rusiyada  yanlış olaraq  “İran miniatür sənəti” kimi  qəbul olunurdu) Qumilyovda  özəl ilham qaynağı idi.

 1917- ci ilin əvvəlində  Qərbi Dvina çayı sahilindəki səngərlərdən Larisa  Reysnerə  yazırdı ki, İran cəbhəsi barədə düşünməyə başlayıb, “Qafqaz ordusuna  dəyişilər, tünd qırmızı mahuddan çərkəzi çuxa sifariş verər, hansısa bir narahat xanın  sarayında rezident olar və müharibənin sonunda isə  şan - şöhrətdən əlavə,  mənim İran miniatürlərindən misilsiz  bir kolleksiyam olardı. Özünüz  bilirsiniz ki,  mənim  ən zəif yerim – ekzotik boyakarlıqdır...

Ümumiyyətlə, Şərq mövzusu dahilər ailəsinin hər üç üzvünün diqqətində və yaradıcılığında möhkəm yer tutub.

         “Anna  Axmatovanın Şərq sətirləri”nə  diqqət yetirək. Müdrik şairənin Şərqə dərin marağı vardı.  O, Bibliya  eposlarını və  Gilqameş haqqında Babil  dastanlarını əla bilir və dərindən duyurdu;  hind əsatirlərində  və qədim misirlilər, çinlilər, koreyalıların  mifləri, himnləri və rəvayətlərində ifadəsini  tapan poetik və fəlsəfi baxışlarda çoxlu  mühüm və önəmli cəhətlər aşkar edirdi;  dünya səhnəsində müəmmalı bir şəkildə zühur etmiş monqolların və  hunların  tarixi taleləri ona yaxşı bəlli idi;  qədim  Avestanın  və daha sonrakı dövrün “Şahnamə”sinin  saflığı və fəlsəfi gücü onu həyəcana  gətirirdi. “Şahnamə” barəsində  Mandelştamın belə bir mülahizəsini  təkrarlamağı xoşlayırdı ki,  Firdövsinin  kitabında  qəhrəmanların xarakterləri müəllifin  təmtəraqlı müdaxiləsi  ilə dəyişir.

Bu maraq şöhrətli şairənin yalnız  Şərq mənşəyi ilə izah oluna bilərmi? Onun tatarlara münasibəti  riqqətli idi. Bir redaktor  ona  tatar  klassiki  Tukayın  şeirlərindən  bir neçəsini tərcümə  etməsini  istədikdə, o, bir gözünü qıyaraq  gülümsünüb, demişdi: “Bu saat  halım yaxşı deyil, amma  özümüzünkünü  tərcümə  edərəm”.

Gənc bir qız Peterburqda  qadın qəlbinin həyəcanlarından söz  açan ilk şeirlər kitabını işıq üzünə çıxaranda,  heç kəs ağlına gətirə bilməzdi ki, o, sadəcə  orijinal, istedadlı şairə deyil,  qüvvətli  rus şairəsi kimi doğulub,  onun üçün qadın mövzusu  heç də yeganə mövzu olmayacaq, o,  Puşkin harmoniyasının  sirrini  açan və  Qoqol, Tolstoy  və  Dostoyevskinin  baş vurduqları  “insan  qəlbinin  dərinliklərinə   səyahəti” davam etdirən bir şairə olacaq.

Dövrün yaşlı nəslinin nümayəndəsi yazır ki, yaşadığımız  yarım  əsrin təcrübəsi  Axmatova  poeziyasında  onun  gənclik müasirləri  üçün görünməz  olan həmin cizgiləri görməkdə bizə kömək etdi. Biz gördük ki,  bu poeziya həqiqət  arayan rus ədəbiyyatının taleyi  ilə, rus ədəbiyyatı ilə qırılmaz  tellərlə bağlıdır. Və Rusiyanın yolunun dəfələrlə  Şərq xalqlarının yolu ilə kəsişdiyi, Şərqin qədim dünyagörüşündə insanın mənəvi həyatının heyrət doğuran xəzinələrinin açıldığı, inqilab fırtınasıının  elmin görünməmiş inkişafını qabaqladığı,  elmin isə bizi bəşəriyyətin  bütün yoluna,  onun Şərq beşiyindən başlamaqla,  yeni gözlə baxmağa  məcbur etdiyi bir vaxtda böyük şairə üçün, zəmanəmizin rəssamı və mütəfəkkiri üçün  cəlbedici olmaya bilməzdi.

         Oksana Trotsık  “Bibliya  Anna Axmatovanın bədii dünyasında” yazır ki, Anna  Axmatova  mömin  qadın idi, onun barəsində çoxsaylı memuar ədəbiyyatı bunu təsdiqləyir. Məsələn, Anrep xatırlayır ki,  o, dindən uzaqlığı və  dini arzuların boş, mənasız bir şey olduğu barədə danışanda, Anna Axmatova  ona ciddi irad tutaraq deyib ki, inanc yolu  səadətin rəhnidir. İnancsız yaşamaq olmaz.

Nayman təsdiqləyir ki, kilsə qayda - qanunları onun üçün pozulmaz idi, kilsə  təqvimi  həmişə  başının üstündə olurdu, onu və  ayinləri yaxşı bilirdi. A. Çukovskinin  sözlərinə  görə,  Bibliya  “onun daimi müsahibi olan”  çox  az kitabdan biri idi.  Axmatovanın dinə bağlılığı  təkcə  ehkam normalarına  və  qaydalara  əməl olunması deyil,  həyati  və  yaradıcılıq qüvvələrinin  daimi mənbəyi idi. Vilenkin  öz kitabında deyir ki, Anna Andreyevna  üçün  din haqqında, xristianlıq haqqında,  xristian  fəlsəfəsi haqqında  əsl, ciddi söhbətlər xarakterik idi. Xüsusən  də əgər bu kimi mövzulara  onun şeirləri ilə bağlı toxunulurdusa.

Şairənin  “Ağ sürü” toplusunun  kompozisiyası  ilk şeirdəki  kimi “Tanrının  səxavəti”,  sonuncudakı kimi  “Tanrının  şəfqəti” ilə rövnəqlənir. “Dua”  şeiri Axmatova lirikasında özünə layiq yer tutur.Tanrıya  üztutma  ( yəni dua) burada fədakarlığa  hazır olan qəhrəmanın vətənpərvərlik duyğularının  ifadəsi üçün ritorik formul deyildir. Süjet xəttinin inkişafı kontekstində  “mən və Tanrı” bir növ Tanrı qarşısında səcdədən ibarətdir...

         Bu yerdə fikrimi  vaxtilə  ərinin –  “Sən mənə Rusiyanı sevməyi və Tanrıya inanmağı öyrətdin” deyən  Nikolay Qumilyovun öz arvadının poeziyası barədə yazdığı cümlələrlə davam edirəm: “...Anna Axmatovanın “Təsbeh”ində  əksinə,  eydololoji  tərəf  daha  az  düşünülüb. Şairə “özünü uydurmayıb”,  öz yaşantılarını birləşdirməkdən ötrü təqdim etmir,  onların mərkəzində hansısa bir kənar fakt var,  ona  bəlli və anlaşılan olan birinə  müraciət etmir, onun simvolistlərdən fərqi bax bundadır;  fəqət digər tərəfdən, onun mövzuları çox vaxt  bir şeirin hüdudları ilə  tükənmir,  onlarda  çox şeylər əsassız görünür,  ona görə ki, sübut edilmir.  Əksər şairlərdə  olduğu kimi, Anna  Axmatovada  tez-tez   ağrı, həsrət, ölüm sözlərinə rast  gəlinir. Bu olduqca təbiidir və bu səbəbdən gəncliyin bu gözəl pessimizmi indiyədək  “qələm sınağının” malıdır və  elə gəlir ki, Axmatova  şeirlərində  ilk dəfə poeziyada öz yerini alıb. Düşünürəm ki, gənclikdə iztirab çəkmə qabiliyyəti və buna həvəsin nə qədər böyük olduğu hər kəsi heyrətləndirib. Real aləmin qanunları və predmeti  qəfildən əvvəlkilərin, çin olacağına inandığı arzuların hopmuş olduqlarının  yerində dayanır: şair görməyə bilmir ki, onlar özlüyündəki mənaları ilə gözəldir və özünü onların arasında görə, öz ruhunun ritmini  onların ritmi ilə uzlaşdıra bilmir. Lakin onda yaşamın və sevginin gücü o qədər qüvvətlidir ki,  o özünün yetimliyini sevməyə başlayır, ağrının və ölümün gözəlliyinə vaqif olur. Sonralar, onun bir yerdə və eyni vəziyyətdə dayanmış ruhu yorulanda “qəfil sevinc” zahir olmağa başlayır,  o duyur ki, insan aləmin bütün tərəflərini sevinclə qavraya  və  öz gözündə indiyədək  çirkin ördək olan bu qız  Andersonun nağılındakı kimi su sonasına çevrilə bilər...

Burada mən Axmatova  poeziyasında  ən önəmli cəhətə, onun  stilistikasına keçirəm:   demək olar heç vaxt  izah etmir, o, göstərir.  Buna  obrazların düşünülmüş və  özünəməxsus  seçimi ilə də,  lakin başlıcası - onların  müfəssəl  şəkildə işlənməsi ilə də  nail olur.  Predmetin dəyərini müəyyən edən  epitetlərə (məsələn, gözəl, eybəcər, bəxtiyar, bədbəxt və s.) nadir hallarda rast gəlinir.  Bu dəyər  obrazın təsviri və  obrazların qarşılıqlı  münasibətləri  ilə təlqin olunur.  Axmatovada bunun üçün xeyli üsullar var.

Axmatovanın  ritmikası  onun stilistikasının böyük yardımçısı rolunu oynayır. Peonlar və pauzalar  ona sətirdə  ən lazımlı sözü seçib ayırmağa imkan verir və mən bütün kitabda  vurğusuz sözdəki vurğuya və ya əksinə,  mənaca vurğulu, amma vurğusuz  sözə bir misal da olsun tapmadım. Əgər kimsə  bu nöqteyi - nəzərdən  hər hansı müasir şairin  toplusunu  gözdən keçirmək  zəhmətinə qatlaşsa, əmin olacaq ki, vəziyyət başqa cürdür.  Axmatovanın  ritmikası üçün nəfəsin zəifliyi  və kəsik - kəsikliyi xarakterikdir.  Bütün kitabın yazılmış olduğu  dördsətirlik bənd onun üçün həddən artıq uzundur.  Onun periodları  daha çox iki, bəzən üç, təkəmseyrək hallarda hətta bir  sətirlə qapanır.  Sətrin ritmik vəhdətini əvəzləməyə  çalışdığı səbəb əlaqəsi  çox dərəcədə öz hədəfinə çatmır.   Əgər o kompozisiyaya hakim olmaq istəyirsə, şairəyə  bəndi işləməsi gərəkdir.  Bilavasitə bir  ani şiddət kompozisiyanın əsası ola bilməz.  Bax bu  səbəbdən Axmatova  məntiqi olaraq inkişaf edən fikrin hələlik  yalnız  bir  ardıcıllığını  və ya  predmetlərin onun görmə dairəsinə düşdüyü ardıcıllığı bilir. Bu, şeirin çatışmazlığını təşkil etmir,  lakin bu  onun qarşısında  bir çox məziyyətlərə çatma yolunu bağlayır”.

Həyatının  bənzərliyi  baxımından  Nikolay Qumilyova  “Azərbaycanın Hüseyn Cavidi” deyənlər  heç də yanlmırlar. Böyük şair haqqında oxuduğum  kitablardan  aydın  olur ki, o, ilk növbədə bir vətəndaş kimi incə  ruhlu, həssas, humanist  və alicənab bir insan olub.

Qumilyovun  “Ağaclar” şeirinin necə  ərsəyə  gəlməsinə dair bir hadisəni  Axmatova belə xatırlayır:

“Tsarskoye  Seloda biz yaşayan otağın pəncərəsi ilə üzbəüz  qollu-budaqlı ağac vardı;  bu ağac kölgə salır və  günəş işığını buraxmırdı. Kimsə  ağacı kəsməyi təklif etdi. Nikolay Stepanoviç:

“Yox, heç kəsi qoymaram ağacı kəssin. Ağacı  kəsməyə  kimin əli gələr?” – deyə qəti etiraz etdi”.

Bir qədər sonra  isə Qumilyovun təbiətin qiymətli varlığı, sərvəti – ağaclara  olan məhəbbəti  öz  “Ağaclar”ında  “yaşıllanır”.

Qumilyovun şeirlərindəki  qeyri - adilik və  orijinallıq məhz Qumilyovun özünə məxsusdur. “Yuxu” da olduğu kimi:

 

Gözəlsən bu gün yenə

Nə görmüsən yuxunda?

- Sahil, söyüdlər,

Ay işığında...

 

Gəzirdi gecə uzunu

Gördün sevginin üzünü?

-Gördüm Dezdemonanı,

Bir də özümü

 

Bəs, kimdi orda gizlənən?

Görünən ancaq gözüydü

-Otelloydu gizlənən.

O, gözəldi.

 

Ay işığı da şeirdi,

Layiqdi  hər ikinizə?

-O döyüşçüdü, o şirdi,

Həm də şairdi.

 

Oy, necə oxuyurdu o,

Gizli diləklər haqda.

-Həm də çöllər, biyabanlar,

Gözəl istəklər haqda.

 

Dinləyən varmıdı onu

Həm qəmlə, həm sevə - sevə?

 

-Dinləyən Dezdemonaydı,

Mən çoxdan dönmüşdüm evə.

 

         Qeyd etdiyim kimi, Puşkinin adı  Anna Axmatovanın poetik aləmində  özəl yer tutmuşdur. Puşkin -  onun gəncliyinin Tsarskoye  Selo gəzintilərində  görünməz  yol yoldaşı olmuşdur, böyük şairin necə deyərlər, “şifrələri”ni, Puşkinin  əsərlərinin  sirrini  Axmatova  öz  ömrünün yalnız sonlarında  anlaya bilmişdir. Puşkin,  Baratınski, Tyütçev, Annenskinin  şeirləri  - gənc  Anna  Axmatovanın masaüstü kitabları idi. Əlli il ötəndən sonra  o, əsl puşkinşünas kimi həyəcanlı bir qəlb ilə deyirdi:

 

“Onegin”  o yüngül  hava nəhəngi,

Bulud tək durmuşdu başımın üstdə

.

Puşkinin poeziyası və nəsri Axmatova  üçün artıq yaşlı vaxtlarında  tarixi-ədəbi düşüncə predmetinə çevrilmişdi. “Hardasa 20-ci illərin ortalarında, - deyə o yazır, - köhnə Peterburqun memarlığı və Puşkinin həyat və yaradıcılığının öyrənilməsi ilə çox böyük canfəşanlıq və böyük maraqla məşğul olmağa başladım”.

1961-ci ildə tərtib olunmuş “Mündəricat”da  Puşkinin arvadına həsr edilmiş fəslə yer ayrılır. “Natalya Nikolayevna. Onun xarakteri. Onun vurğunluğu. Onun yeni portreti”.

 Axmatovanın Natalya Nikolayevnaya  kəskin mənfi münasibəti  onun özəl  qeydlərində motivləşdirilir. “Puşkin  arvadının  reputasiyasını xilas edib. Arvadının namusunun qorunması barədə vəsiyyəti ehtiramla yerinə yetirilib. Lakin  biz,  zaman etibarilə  uzaq varisləri, Puşkin cəmiyyətinin daşının daş üstdə qalmadığı bir zəmanədə yaşayanlar obyektiv olmalıyıq. Biz  Natalya Nikolayevnaya  duelərəfəsi tarixçədə  Hekkernlərin həmfikri olaraq  baxmaq  hüququmuz  vardır. Onun fəal köməyi olmadan Hekkernlər gücsüz  olacaqdılar.  Bunu, mahiyyət  etibarilə Vyazemski də Mixail Pavloviçə  yazdığı məktubunda deyir”. Əlbəttə,  söhbət qeyri-şüuri əməl yoldaşı olmaqdan gedir, lakin bu bəyannaməyə uyğun olaraq, Axmatova Natalya  Nikolayevnanın  portretini sərt  qələmlə təsvir edir:

“Bütün bunlardan açıq görünür ki,  arvadına Puşkinin çüzi də  olsa təsiri yoxmuş, onunla hesablaşmadan o, istədiyini edirmiş: onu müflis vəziyyətinə salır,  mənəvi  sakitlikdən məhrum edir, ölüm ayağında olan anasını oğlunun evinə  buraxmır və  öz bacılarını yığıb  evinə gətirir,  bahalı bağ evləri və mənzillər kirayə  edir, sonra onların ünvanını unudur, əri harayasa gedəndə, öz qələbələri barədə yorulmadan  danışır,  Dantesə ərinin qısqanclığı  barədə  söz  açır, onu (ərini) öz konfidentinə çevirir, bu isə Dolli Fikkelmanın  fikrincə, fəlakət doğururdu və nəhayət,  jandarmların gözünə görünməməkdən ötrü, Turgenevin sözlərincə,  tabut evdən çıxarılanda gözə dəymir.  Sanki jandarmlar onun üçün təhlükəli imişlər deyə”.

Axmatova  sual edir: “Puşkin  nə üçün  arvadına  sadəcə Dantes ilə danışmağı yasaq etmir, halbuki  nişanlanmış  Katerinaya  bunu yasaq etmişdi?” Və yekun rəyə gəlir: “O bir konfident olaraq nə baş verdiyini çox yaxşı bilirdi və sadəcə ola biləcək şeylərdən qorxurdu”. Axmatova  belə güman edirdi ki, əgər fevralda (Danteslə məsələni ayırd edəndə)  Natalya Nikolayevna  “Puşkin Tatyanası kimi cavab vermişdisə”,  sonralar o özünü daha çox  Zinaida kimi aparırdı  (“Qonaqlar  bağ evinə yığışırlar” bölməsindəki); Dantesin nişanlanması  haqda xəbərə nifrətamiz qəhqəhəsi gerçəkdən  “heç vaxt  sevmədiyi  və  sevməyəcəyi  adam”ın ona xəyanət  etdiyindən  xəbər  tutan  qadının çılğın qəhqəhəsi” idi. Heç şübhəsiz, Natalya Nikolayevna  özünü ələ ala bilməmişdi.

 Natalya Nikolayevnanın belə bir obrazı tamam gözlənilmədən  zahir olur.  Bəlkə də Natalyaya  qarşı bir qədər az  od püskürməsi lazım idi. Lakin Axmatova  ona heç nəyi bağışlamır: axı Natalya Nikolayevna Puşkinin həyatını təhlükə altında qoymuşdu!

Puşkinin  həlakolma tarixçəsi haqqında tədqiqatlarında  Axmatova  şairin  həyatının bədii konsepsiyasının müəllifi kimi çıxış edir. Şairin bioqrafiyasının  bu hissəsinin bərpası üçün süjet özəyi tapır.

Tədqiqatçı  Axmatova  kənardan heç nə gətirmir, mətnin özünün təhlilindən çıxış edir. Böyük şairənin intuisiyası başqalarıının eşitmədiyi yerlərdə  açar ifadələri tapmağa kömək edir, başqa tipdə tədqiqatçının ciddi məntiqi düşüncəsinin üz tutmadığı yerlərdə onların əks - sədasını tapır. Hətta  Axmatovanın  adda - budda qeydləri mütəxəssislərin sonrakı tədqiqatı  üçün  çox səmərəli  olur.  “Puşkinin iki yeni povesti”  adlı natamam işində yer alan  “Misir gecələri”ndə Mitckeviç və Puşkin haqqında qeydləri  olduqca maraqlıdır...

Anna Axmatova təqribən otuz dildə yazıb-yaradan, müxtəlif xalqlara mənsub yüz əllidən artıq şairin poetik nümunələrini doğma dilinə böyük istedadla tərcümə  etmiş  və onu zəngin rus ədəbiyyatının istifadəsinə vermişdir. Milli  ədəbiyyatlara bəslənən belə yüksək məhəbbət qarşılıqlı olmuş və nəticə etibarı ilə görkəmli şairənin öz əsərləri də dünya xalqlarının dillərinə  sevilə - sevilə  tərcümə olunmuşdur.

Arseni Tarkovski bu barədə yazır: “Anna Axmatova  barəsində  böyük rus  şairəsi kimi  söz  salmadan yalnız tərcüməçi deyə danışmaq olmaz.

Onun yaradıcılıq fəaliyyəti uzun illər  davam edir. Onun poeziyası addım-addım mətinləşərək, həm şəxsi, həm də ictimai həyatında  getdikcə daha böyük sahələri əhatə edir. Böyük Vətən müharibəsinin ilk günlərində  xalq özü onun dili ilə danışırdı. 1941-ci ilin iyulunda yazdığı “And” şeirindəki kimi:

 

O da, bu gün sevgilisiylə sağollaşan gözəl də,

Qoy öz ağrılarından polad qüvvə əritsin.

And olsun uşaqlara, and olsun qəbirlərə

Heç kəs məcbur edəmməz bizləri baş əyməyə.

 

 Anna Axmatova haqlı olaraq oxucuların rəğbətini qazanıb və onun poeziyasının yüksək dəyəri hər kəsə bəllidir. Onun düşüncələrinin dərinlik və enindəki dəqiq nisbət, onun “səsi”  - nə xalqın kədərli saatlarında, nə də xalqın təntənə saatlarında heç vaxt pıçıltı səviyyəsinədək enmir və qışqırtıyadək  yüksəlmir.  Anna  Axmatovanın nitqi  dövrünün metaforik  qeyz  və hiddətindən çox rus realist nəsrinin dilinə yaxındır. Əgər realist poeziyanın hədəfi – dünya-aləm gerçəkliklərini  mahiyyətinə  və ruhuna görə mümkün qədər doğru - dürüstlüklə  təqdim etməkdirsə,  realist  şeir tərcüməsinin məqsədi  xarici dildəki orijinalın mahiyyətini və ruhunu mümkün qədər doğru - dürüst  təqdim etməkdir.

Şairənin böyük polyak şairi Yulian Tuvimdən  bir tərcüməsinə baxaq:

 

Gəncliyin lal düşüncələri, rica edirəm sizdən, -

Ona deyin, deyin ki -  beləsini görmədim heç...

... Ona deyin ki, axı, ölürəm həsrətindən.

 

 “Mən ürəyimi bir neçə hissəyə parçalamaq istərdim ki, onun hər biri parlaq bir ulduz kimi işıq saçsın” – XVI əsr görkəmli Koreya şairi Sonqanın bu sözləri sanki Anna Axmatovanın qəlbinin səsi idi.

Anna Axmatovanın əzablı, məhrumiyyətli, məşəqqətli həyatı olmuşdur. 1918-ci ildə Axmatova  Qumilyovdan boşanmış, 1921-ci ildə şair əksinqilabçı ağ qvardiya ilə işbirliyində təqsirləndirilərək həbs olunmuşdur. Peterburq Fövqəladə Komitəsində özünü çox sərbəst aparan Qumilyov, üç həftədən sonra məhkəməsiz olaraq, güllələnmişdir.

Axmatova ikinci dəfə böyük istedad sahibi, 27 yaşlı peterburqlu şərqşünas  və şair  Vladimir Şileyko ilə ailə qursa da, bu ailə də uğursuz alınmışdır.

Şairənin üçüncü həyat yoldaşı istedadlı sənətşünas Nikolay Punin olub. Punin incəsənət sahəsinə rəhbərlik edib, pedaqoji sahədə çalışıb, Təhsil üzrə Xalq Komissarı təyin olunub. 1935-ci ildə şairənin oğlu Lev Qumilyovla  ( Lev əsassız  yerə  dörd dəfə həbs cəzasına məhkum olunmuşdur)  bərabər, əri Punin də zadlıqdan məhrum  edilib.

1921- ci ildə şairənin  “Petropolis” nəşriyyatında “Bağayarpağı” adlı növbəti  kitabı  nəşr olunsa da, bu ədəbi uğur  ona  sevinc gətirməmişdi. Böyük  şair  A. Blokun vəfatı onu bərk sarsıtmışdı. Oğlu ilə görüş üçün 17 ay həbsxana qapılarında növbələrdə  dayanan  Anna Axmatova, özü  də bir çoxları kimi hər gün azadlıqdan məhrum edilmək vahiməsini yaşayırdı. İstedadlı şairə 1911-ci ildə yazdığı bir şeirində  “Saatlarda yaşayan qəmgin Qu  quşuyam” – deyirdi. Necə deyərlər, saat - qəfəsdə, zaman - məhbəsdə məhkum qu quşu kimi ölməz azadlıq nəğmələri, lirik zümzümələri dillərdən-dillərə  qonan  “Qu quşu”-  Anna Axmatova şeirləri ilə nəyi təlqin edirdi? Mübariz  şairə təkrar - təkrar təlqin edirdi ki, saat, vaxt, zaman çərçivəsində , məhbəs şəraitində də oxumaq, könül nəğmələrini dilə gətirmək mümkündür. Necə deyərlər, təki oxumağa səsin, deməyə sözün olsun.

1923 - cü ildən 1934 - cü ilə qədər Axmatovanın  əsərləri demək olar ki, çap  olunmayıb. Tez - tez müxtəlif  ünvanlara  köçən şairə yazdığı şeirlərinin çoxunu yollarda itirib. Şairə  həmin vaxtlar  “Özüm haqda qısaca” adlı qeydlərində  yazırdı: “Mənim  köhnə  şeirlərim i yada  salan, təzələrini isə  çap edən yoxdur”.

 Cüzi  sayda  işıq üzü görən şeirlər isə qatıi senzuraya məruz qalırdı. 1922-ci ildən 1960-cı ilə qədər Anna Axmatovanın nəşr olunan bütün kitabları ciddi senzuradan, düzəlişlərdən, ixtisarlardan keçirdi.

Lakin tale belə senzuraları təkcə şairənin ədəbi yaradıcılığına deyil,  ailəsinin içinə də tətbiq etmişdi. Belə ki, həyatında aldığı ilk senzura hökumətdən  deyil, doğmaca  atası  A. A.Qrenkodan “tətbiq olunmuşdu”. Atası  Annanın yaradıcılıqla məşğul olmasını istəməmiş və  ona “Qorenko” soyadını daşımağa qadağa qoymuşdu. Bu, onun şair ürəyinə vurulan ən ağır senzura yarası idi. Şairə  əsl soyadından imtina edərək, ulu nənəsinin soyadını – Axmatovanı qəbul etmiş və rus ədəbiyyatının gümüş dövrünə Anna Axmatova adını həkk etmişdi.

1925-ci ildə bolşeviklərin Ümumrusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin  “Bədii ədəbiyyat üzrə partiya siyasəti haqqında” qətnaməsi qəbul olunur. Anna  Axmatova çap olunmaqdan tamamilə məhrum edilir.O, gündəliklərində  belə bir qeydlər edir: “Moskvada keçirilən şeir gecələrindən sonra mənim ədəbi fəaliyyətimə son qoyulmasıı ilə bağlı qətnamə verilmişdir. Bütün redaktorlar məni jurnallarda və almanaxlarda çap etməkdən imtina etdilər. Mən Nevskidə  Marietta  Sergeyevna  ilə (yazıçıdır - R.Mirzəzadə) ilə görüşdüm. O, dedi: “Görün, necə vacib bir şəxsiniz ki, sizin haqqınızda  Mərkəzi Komitə qətnamə imzalayıb. Həbs də etmir, amma çap olunmağa da icazə vermir”.

Qətnamə verildikdən sonra Axmatova düz on dörd il çap olunmur. Bu illər ərzində o, yalnız  tərcümə ilə məşğul olur.1939-cu ilin mayında yazıçı, şair, jurnalist və ictimai  xadim Konstantin Simonov “Moskva  almanaxı”nda çap etmək üçün  Anna  Axmatovadan şeirlər istəyir. Lakin bu, elə - belə diqqət  deyildi. Bu diqqət məhz İ.Stalinin yazıçıların mükafatlandırılması mərasimində  verdiyi sualla bağlı idi: “Bəs Axmatova hanı? Niyə heç nə yazmır?”

Axmatova 1935 - ci ildə  avtobioqrafik  motivli  “Rekviyem” poemasını yazır  ki, bu poemanı repressiya qurbanlarına həsr olunmuş ilk əsər hesab etmək olar.

1935 -1940-cı illərin bəlalarını əks etdirən “Rekviyem” (poemanı Tofiq Bayram  tərcümə edib) şairənin giriş misraları ilə başlayır: 

Nə mərhəmət umdum yad səmalardan,

Nə yad qanadının altına girdim.

Xalqım qara günə düşdüyü zaman,

Orda xalq çəkəni mən də çəkirdim.

         Sonra  “Rekviyem”də  “İthaf”, “Müqəddimə”, “Hökm”, “Ölümə xitab”, “Çarmıx”, “Epiloq” hissələrində  şeiriyyət davam edir. Əsərin qısaldılmış variantında  Axmatova  ağılarını bütün təbiiliyi ilə təqdim edirəm

Bu dərdin önündə yerə çökür dağ,

Nəhəng bir çayın da sinəsi donur.

Qıfıllı qapılar möhkəmdir ancaq,

İçəri qaranlıq, soyuq künc – bucaq,

Araya ölümcül bir kədər qonur…

Kimisə  oxşayır meh narın – narın,

Kiminsə  canını günəş isidir,-

Bilmirik, dəxli yox bizə bunların,

Məhbusun qisməti bir açarların,

Bir də soldatların ayaq səsidir…

… Sanki ibadətə qalxıb obaşdan,

Qəzəbli paytaxtda onlar yeridi.

Bədənlər soyuyub, seçilmir daşdan,

Gün yerdə sürünür, Neva çən, duman,

Ümid də dustaqdan aralı idi…

...Bu elə vaxtdı ki, yalnız meyitlər

Sevinib, əzabdan canı qurtardı.

Dərdə pərçim olan böyük bir şəhər

Zindanlar yanında hey vurnuxardı.

Bezib işgəncədən məhkum alaylar,

Dəli tək hücuma keçəndə qəti,

Yayıldı şəhərə qəmli haraylar;

Çaldı parovozlar ayrılıq fiti.

Başımız üstündə ulduzlar ölmüş,

Rusiya  inləyir, boğulur hətta,-

Qanlı çəkmələrin,

                   Lənətə gəlmiş

Qara maşınların təkəri altda.

...Orda yırğalanır qovaq ağacı,

Onun dövrəsini sükut bürüyür.

Orda qara bəxti zəhərdən acı,

Yüp – yüz günahsızın ömrü çürüyür...

...On yeddi aydır ki, gecə sübhəcən

Səni çağırıram, yoxdur gələnim.

Yıxıldım cəlladın ayağına mən,

Neynim, sən balamsan, bəlamsan mənim!

         Tifağım dağılıb,

         Olub tarimar...

... Həftələr sovuşub tez getdi bada,

Bir tuta bilmədim halından xəbər.

Ay oğul, görəsən dustaqxanada

Necə görüb səni bəyaz gecələr?

Hələ də yollara baxır haçandan,

Eləcə  gözləri dərddən alışır:

O bəyaz gecələr qara xaçından,

Vaxtsız ölümündən mənə danışır.

Ağır qaya kimi dəydi sinəmə,

Qəfildən, nagahan eşitdiyim söz.

Mən ki, hazır idim bu böyük qəmə,

Eybi yox, birtəhər ürək deyir döz.

Gərək ölüm hökmü verim yaddaşa,

Yox  olsun, ömrümə olmasın qənim.

Bu gündən qəlbimi döndərib daşa,

Təzədən yaşamaq dərsi öyrənim.

         Yoxsa...

                   Pıçıldayıb dar pəncərəmdən,

Yay deyir:

                -Gəlmişəm, nəfəs al, sevin!..

Əzəldən görmüşdüm axırını mən

Bu işıqlı Günün, sahibsiz evin...

...Bağlasalar dilimi, getsə  tabım – taqətim,

Həmin dillə hayqırar yüz milyonluq millətim.

Tabutumu endirib torpağa tapşıranda,

Məni rəfiqələrim yada salsınlar onda.

Əgər bir vaxt qiymətim verilsə  şair kimi,

Ucaltmaq istəsələr Vətəndə heykəlimi,-

         Buna qəlbən razıyam.

         Bir şərtlə,

                   qulaq asın:

Dənizin sahilində heykəlim ucalmasın

O sahil ki, qoynunda nə vaxtsa doğulmuşam,

 Ləpirlərim silinib, ordan uzaq olmuşam,

         Nə də o Çar bağında,-

         Durub qəmli, müntəzir,

Məni illərdən bəri bir kölgə gəzir, gəzir,

O yerdə ki, tək oldum, üç yüz saat tək özüm.

Bir iynə ucu qədər işıq görmədi gözüm.

Tüklərim ürpəşəcək axır nəfəsiməcən

Qapqara maşınların vahiməli səsindən.

O yer ki, sındırırdı bir qız lay qapıları,

Yaralı vəhşi kimi zarıyırdı bir qarı,-

         Orda qalxsın heykəlim.

Tunclanmış kirpiklərdən

Suya dönmüş qar kimi axsın göz yaşı birdən.

Qoy məhbəs göyərçini orda uçsun hər səhər,

Nevanın sinəsindən yavaş üzsün gəmilər.

        

Əsər 1940-cı ildə şairənin  “Altı kitabdan” adlı məcmuəsində çap olunur. Lakin  məcmuədə həmin dövr üçün “təhlükəli” hesab edilən bəzi əsərlər də əksini tapır.

Bəllidir ki, Böyük Vətən müharibəsi illərində Axmatova  Daşkəndə təxliyə  olunmuşdu. Dəqiq deyilsə, bu, 1941-ci ilin noyabrı idi.  Daşkənddə 1944-cü ilin mayına qədər yaşamışdı. Bu  icbari  “Asiya köçü” özünün bütün hüznlü ovqatı ilə bərabər  yeni,  “Asiyasayağı”  çalarda poetik kəşflər ilə  əlamətdar olmuşdu. Daşkənddə, o,  bir sıra şeir silsilələri yaratmış, başlıcası  isə - özəl münasibət bəslədiyi  “Qəhrəmansız poema” üzərində işini  tamamlamışdı. Şübhəsiz,  Axmatova muzası  Asiya  gerçəkliklərinə laqeyd  qalmamışdı, lakin  Rusiyaya görə, doğma Leninqrada görə qəribsəməsi yaşadığı  ağrılar  və  həyəcanlar  şairəyə bir dəqiqə də olsun, rahatlıq verməmişdi. Onun Daşkənddən  N.Xarciyevə  yazdığı məktublar da bunu  sübut  edir.

Söyləmək olar ki, burada, Asiyada onda yeni imkanlar və  poetik duyğuların üfüqləri açılmışdı. Ola bilsin, onda Asiyanın hərəkətsiz və istifadəsiz qalmış qan yaddaşı özünü hiss etdirmişdi. Hər halda, Şərqə aid hər şey onun poetik qəlbini daha güclü  bir şəkildə təlatümə gətirməkdə idi. İndi o  böyük qürurla deyirdi ki, “Çingizin qızıdır”  və onun Çingiz  xan, Əhməd xan kimi əcdadları var.

“Axmatova”  soyadı  rus ədəbi çevrələrində uzun zaman diqqəti özünə çəkmişdi.  Məsələn, İ.Brodski yazmışdı ki, Anna Qorenkonun ana xətti üzrə əcdadları arasında  Çingiz xanın xələfi, Qızıl Ordanın sonuncu hökmranı  Əhməd xan vardı...

İkinci Dünya müharibəsi, faşist  Almaniyasının hücumu illərində  Daşkənddə  şairə tərəfindən  bütöv bir  silsilə  əsərlər yaradılmışdı ki, bunlarda  Rusiya  və  Asiya  çalarları Şərqin  bütün heyrət doğuran cəhətlərinin  özəl bir tərzdə qavranması vasitəsilə daha parlaq bir üslubda çulğalaşırdı.

Qeyd etmək lazımdır ki, Axmatova  yaradıcılığının  Daşkənd  illəri hələ də bütün dolğunluğu ilə işıqlandırılmayıb. Şairənin yaradıcılığının  bu  dövrünə  lazımi diqqət  “Orta  Asiya  rus sovet yazıçılarının  yaradıcılığında” kimi  nəşrdə  də  yetirilmir.  Amma  burada  məhz  Axmatova poeziyası layiqli yer  tutmalı idi, heç olmasa ona görə ki, öz  tərcümeyi-halında yazmışdı:  “Mən 1944-cü ilin mayına  qədər  Daşkənddə yaşadım, Leninqrad haqqında, cəbhə  haqqında  xəbərləri hərisliklə  tuturdum. Digər şairlər  kimi mən də tez - tez hospitallarda çıxış edir,  yaralı döyüşçülərə şeirlər  oxuyurdum.  Adamı  yandırıb qarsalayan istidə  ağac kölgəsinin və su səsinin nə demək olduğunu mən ilk dəfə  Daşkənddə öyrənib bildim”.

Anna  Axmatova  ağır, məşəqqətli ömür yolu keşsə də, bu yol son dərəcə mənalı olmuşdur. J.Fillips yaxşı demişdir ki, çətinliklər insanda həmin çətinlikləri dəf etmək bacarığı yaradır. Şairə yarım əsrlik yaradıcılıq həyatında min bir cəfaya məruz qalsa da, vətəndaşlıq qürurunun, mənliyinin, heysiyyətinin  tapdanmasına heç vaxt yol verməmişdir. Bizim unudulmaz  Səməd Vurğunun dediyi kimi:

 

...Ancaq bu dünyanın öz qanunu var,

Xəyanət nə qədər pərdələnsə də,

Onu zülmət olub göydən ensə də,

Günəşin qüdrəti yenə parçalar!..

 

Mərkəzi  Komitənin 9 avqust, 1946-cı il tarixli iclasında  Anna Axmatova  keçmiş  sovet partiya və  dövlət xadimi Andrey Aleksandroviç Jdanovun  təqib və  təhqirlərinə məruz qalır. Jdanov onun yaradıcılığından  danışarkən şairənin  qəhrəmanlarını “monarx qadınlar” və  “yolu azanlar” adlandırır. Jdanov deyir: “O, rahibə, ya da əxlaqsız qadındır. Daha doğrusu, duaları əxlaqsızlığa  qarışan, poeziyası isə havalanmış qadının buduar (keçmişdə varlı  qadınların qəbul otağı) və ibadətxanalar arasında qalan əxlaqsız qadının poeziyasıdır!”

Bu çıxışın  nəticəsində  “Zvezda” və “Leninqrad” jurnalları haqqında Mərkəzi Komitənin 14 avqust, 1946-cı il tarixli  məşhur qətnaməsi verilir.

Qeyd edilir ki, Leninqradda nəşr olunan ədəbi-bədii jurnallarda iş qənaətbəxş deyil... “Zvezda” jurnalı sovet ictimaiyyətində, ədəbi və ictimai-siyasi aləmdə xeyli tanınmış sima olan yazıçı Axmatovanın əsərlərini də hər cür vasitə ilə məşhurlaşdırır. Axmatova bizim xalqın poeziyası üçün yad, yabançı nümayəndədir. Onun pessimizm və ruh düşkünlüyü ilə mayalanmış, köhnə salon poeziyaları qoxusu gələn, estetizm və dekadentliyin burjua - kübar poeziyasında ilişib qalmış, öz xalqı ilə ayaqlaşmaq istəməyən, uyğunlaşmayan şeirləri gənclərimizin tərbiyəsinə pis təsir edir və sovet ədəbiyyatı üçün məqbul sayılmır... Mərkəzi Komitə qeyd edir ki, xüsusilə  “Leninqrad” jurnalının işi heç də ürəkaçan deyil. Jurnalda Mixail Mixayloviç  Zoşenkonun şit, duzsuz, bayağı, cəfəng çıxışları, Axmatovanın boş, siyasi cəhətdən laqeyd şeirləri üçün səhifələr ayrılır... Axmatovanın  tematikası açıq - aydın fərdidir və şeirlərindəki fikirlər şəxsi - nöqteyi - nəzərdən yazılmışdır. Onun poeziyası dəhşətli dərəcədə eybəcərliklərlə  doludur. Şeirləri əsasən qəm, kədər, sıxıntı, ölüm, məhkumluq, mistika ilə hörülmüş sevgi və  erotika motivləri üzərindədir”.

Bu, Axmatova üçün yeni və ağır bir zərbə olur.Verilən bu kəsərli qətnamə Axmatovanın tanıdığı bütün adamların yaddaşlarına həkk edilir. Verilmiş qətnaməni hər yerdə, məktəblərdə, zavodlarda, fabriklərdə, kolxozlarda, ədəbi - yaradıcı mühitdə, ziyalı dairələrində müzakirə edirlər.

M. Zoşenko  psixoloji gərginlikdən özünü zəhərləməyə cəhd göstərir. Axmatova  xeyli vaxt xəstə yatır. Nevroz, ürək, aritmiya, furunkulyoz və s.xəstəliklər canını bürüsə də, zahirən yaxşı görünməyə çalışır. 

Həmin vaxtlar kino və teatr aktrisası Faina Ranevskaya xatirələrində yazır: “Qətnamə verilən kimi mən özümü Leninqrada yetirdim. Qapını Anna Axmatova açdı. Mən onun dodaqlarının rəngsizliyindən qorxdum.Hər ikimiz  susurduq .İstədim onu çaya qonaq edim, imtina etdi.Evdə yeyiləsi heç nə yox idi. Dükana qaçdım, lazımi bir neçə şey aldım. İstəyirdim onu bir az yedizdirim. Çarpayıda uzanıb titrədirdi. Yeməkdən də imtina etdi...Sonra onu həyətə gəzməyə çıxardım. Aradan çox günlər ötəndən sonra o, dedi: “Bir mənə deyin görüm, texnikası ilə Hitleri torpaqlarından qovan mənim bu nəhəng ölkəmin, tanklarla qoca bir qadının döş qəfəsindən keçmək nəyinə gərəkdir axı?!”.

Bir çoxları qətnamədən narazı qalaraq,  Axmatovanın halına acıyırdı.Tanımadığı adamlar ona çiçəklər, meyvələr göndərirdi. Sadə insanlar ondan üz döndərməmiş, heç kim ona xəyanət etməmişdi. Əksinə, daha çox şöhrət tapmışdı. Xalqın təəssüfünü, mərhəmətini, sevgisini qazanmışdı. Heç əvvəllər adını eşitməyənlər, indi məhz onu oxuyurdu.

Axmatova  və Zoşenko Sovet Yazıçıları Birliyindən xarıc olunur, müharibədən  sonrakı o aclıq illərində onları çörək talonlarından belə məhrum edirlər.

Annanın amansızlıqla tuş gəldiyi bu böhtanlar ilk və son böhtanlar deyildi. Ömrü boyu böhtan acılarının zəhərini uda - uda, lakin heç də əyilmədən, qırılmadan  yaşayırdı. Onu yaşadan xalqın böyük məhəbbəti, şeirlərinə  olan sonsuz sevgisi idi. Yalanların, şərlərin silinməz izləri onun hələ 1921-ci ildə yazdığı “Böhtan”ın misralarında  “əbədiyyət” qazanmışdı (şeiri Çingiz Əlioğlu tərcümə edib):

 

Böhtan ömrüm boyu izlədi məni,

Yatdım, yuxuda da gözlədi məni.

O ölü şəhərdə, məşum göylərin

Altında bir tikə çörək gəzərkən

Kölgətək süründü, gəldi arxamca.

İndi hara baxsam bütün gözlərdə

Böhtanın səsini, kölgəsini mən

Satqınlıq, ya da ki, qorxu şəklində

Görüb diksinirəm, görüb susuram…

Mən ondan qorxmuram, hər ləkəsinə

Üzümü ağardan sübutlarım var.

Ancaq ki, indidən belə bir günün

Qəfil gələcəyini hərdən görürəm,-

Sonuncu sədamı eşidib dostlar

Sübh çağı başıma yığışacaqdır.

O şirin yuxuma hönkürtüləri,

Xəsis göz yaşları qarışacaqdır.

Kiminsə xeyirxah, titrək əlləri

Allahın əksini götürüb ehmal,

Soyumuş sinəmin üstə qoyacaq.

O böhtan dediyin qara şeytansa

Hamının gözündən yayınıb gizli,

Xəlvətcə içəri gəlib keçəcək.

Yapışıb  canıma damarlarımdan

O doymaq bilməyən azğın ağzıyla

Soyumuş qanımdan yenə içəcək.

Qatacaq səsini dua səsinə

Hədyan danışığı,sərsəm sözləri

Başa düşüldükcə, aydınlaşdıqca

Tutacaq xəcalət təri gözləri.

Titrəyib sönəcək şamın işığı,

Dostlarım başını salıb aşağı

Ustufca dağılıb yox olacaqlar.

Böhtan son qisası belə alacaq,

O məşum boşluqda canım donacaq.

Sübh çağı toranda anamız yeri,

Torpağı tərk edib uçanda ruhum

Öz yazıq canın anıb yanacaq.

 

Başqa bir şeirində:

 

Onsuz da kor böhtan acı tüstü tək,

Sarılır  həmişə müqəddəs oda

 

- deyən A. Axmatovanı mənən sındırmaq, tutduğu mövqedən daşındırmaq mümkün deyildi.Çünki o, möhkəm iradəli, mübariz, mətin adam idi. Onu yaxından tanıyanlar şairəni  Danteyə bənzər (XIII əsr italyan şairi, mütəfəkkiri, ilahiyyatçısı, siyasi xadim  Dante  Aliqeri nəzərdə   tutulur) əfsanəvi bir şəxsiyyət kimi qiymətləndirirdilər.

Yaxşı deyiblər, böhtan qorxaqların  intiqamıdır. Dərin dəniz daş atmaqla  bulanmaz. Con Kennedinin gözəl bir tövsiyəsi vardı: “Asan həyatlar üçün dua etməyin, daha güclü insan olmaq üçün dua edin”.

Anna Axmatova  daha güclü insan kimi mətinliklə irəliləyirdi. “Əgər poeziyaya  XX əsrdə  məhz mənim Vətənimdə çiçəklənmək nəsib olubsa, mən cəsarət  edib deyə bilərəm ki, buna hər zaman sevinən və  bunu bütün təfərrüatı ilə görən şahid olmuşam”- deyə o, alnıaçıq və qürurla yaşayır, yazıb - yaradırdı.

Ədəbi tənqidçi  A. A. Qozenpud  1980-ci illər xatirələrində Axmatovanın  şəxsiyyəti və  onun zaman qavrayışına dair  özünün  gəldiyi bəzi mülahizələri bölüşür: “Anladım ki, Anna  Andreyevna  üçün  zaman məsafəsi mövcud deyil, keçmiş  dahiyanə intuisiyanın və təxəyyülün hökmü ilə gerçəklikdə təcəssümünü tapır. O, eyni zamanda iki zaman ölçüsündə - keçmişdə  və indidə yaşayırdı. Onun üçün Puşkin, Dante, Şekspir müasirləri  idilər. Bu dahilərlə  o, mənən  söhbətlər edirdi.  Eyni zamanda  şairə  başqalarının  qanını axıdıb, üstünə çilənən qan ləkələrini əbəs yerə  ovcu ilə silməyə  çalışanları da  unutmurdu...”

Anna zamanın zülmünü xalqı ilə birlikdə görmüşdü. Xalqının göz yaşları onun qələmindən süzülsə  də, bu zülm elə zamanın da yaddaşında “dəfn olundu”.

Durmadım altında özgə səmanın,

Heç vaxt güvənmədim yad qanadlara.

Zülmümü birlikdə gördük zamanın,

Xalqımla  bir yerdə çəkildim  dara.

Anna  Axmatova ömrü boyu sadə  yaşadı. Taleyin ona bəxş etdiyi şöhrətdən başı dumanlanmadı. Xalqının təvazökar  bir övladı, ölkəsinin etibarlı bir vətəndaşı kimi işlədi, çalışdı, yazıb – yaratdı. Xanım - xatın şairənin  bu  tövsiyəsi  isə milyonlarla oxucularına  əbədi olaraq, yadigar qaldı:

Şöhrətmi  umursan, eh, ucuz şöhrət...

Adamın  anasın şöhrət  mələdir.

Məndən bir məsləhət  sənə əmanət:

Şöhrətdən  kənar  qaç, şöhrət  tələdir!

Axmatova  istedadı dünya mədəniyyətinin sərhəd  tanımayan məkanlarını dolaşdı. Əsərləri ən müxtəlif  xalqların ən müxtəlif dillərinə tərcümə olundu. Ədəbiyyatşünas  xanım 1964 -  cü ildə  Oksford  Universitetinin  filoloji elmlər doktoru seçildi, İtaliyanın  “Etna –Toarmina” mükafatına  layiq görüldü. 1965-1966-cı illərdə  ədəbiyyat  üzrə iki dəfə Nobel mükafatının nominantı oldu. Həmin illərdə  şairənin  “Zamanın uçuşu” adlı şeirlər kitabı çapdan çıxdı.

 YUNESKO - nun qərarı ilə şairəin anadan olmasının 100 illiyi münasibətilə 1989-cu il  Anna Axmatova ili elan olundu və yubiley müxtəlif ölkələrdə təntənə ilə qeyd olundu.

Anna Axmatova 1966-cı il martın 5-də 77 yaşında Moskvada vəfat etsə də, şairəni Sankt – Peterburq (keçmiş Leninqrad) ətrafındakı Komarovo  şəhərində dəfn etmişlər. Təkcə  Sankt – Peterburqda  Axmatovanın xatirəsinə  dörd  abidə ucaldılıb. Axmatovanın məzarında üzərində barelyef olan daş divar oğlu Lev Qumilyov tərəfindən tikdirilmişdir. Bu divar şairənin “Kresti” istintaq təcridxanası qarşısında günlərlə oğlu üçün yemək çatdırmaq niyyəti ilə dayandığı divarın simvoludur. Aşıq Ələsgərin  “qızıl misraları” sanki bu dəyərli  ana – bala  üçün deyilib:

 

Mərd oğlun qəhrin çəkər mərd ana,

Mər igid meydanda durar mərdana.

 

 

Azərbaycanda hər üç mütəfəkkirin yaradıcılığına böyük ehtiramla yanaşılır. Belə ki, ötən il Bakıda bir çox elm və təhsil ocaqlarında, ədəbi dairələrdə Nikolay Qumilyovun anadan olmasının 130 ililyi münasibəti ilə tədbir və mərasimlər keçirildi, böyük şairin şeirləri səsləndi.

Anna Axmatova, Nikolay Qumilyov və Lev Qumilyov. Bir ailənin üç dahisi. Onlar hər üçü əfsavəvi şəxsiyyət idi.

İki dahi şəxsiyyətin dahi övladı, son dərəcə parlaq zəkaya, iti və dərin düşüncə  tərzinə malik olan Lev Nikolayeviç  Qumilyov Rusiyanın görkəmli tarixçi - etnoloqu, şərqşünası, yazıçı və tərcüməçisi kimi ad qazanmışdır. Levin damarlarından  iki böyük şairin qanı axdığına görə, onda  ədəbiyyata, poeziyaya  dərin maraq olsa da, gözəl şeirlər yazsa da, o, öz çətin həyat  yolunda  məhz  mübarizə  dolu elmi  ümmanları seçmişdi.

Həmin  mübarizə dolu çətin həyat  yolunda  tarixçi - mütəfəkkirin ömür səhifələrinin yalnız  bəzi məqamlarına toxunuram.

Lev  Qumilyov 1934-cü ildə Leninqrad universitetinin tarix fakültəsinə daxil olur və ixtisas olaraq köçəri hun, kuman, türk, uyğur və monqol xalqlarının tarixini seçir. Adı çəkilən xalqların tarixi o dövrdə demək olar ki, tədqiq edilməmişdi. Qumilyov bu etnosların tarixi üzrə ilk mütəxəssis  olmaq arzusunda idi. Lakin  sovet dövründə bu sahədə  elmin dərinliklərinə getmək mümkün deyildi. “Gözdən salınmış” iki rus  şairinin  övladı  sovet dövlətində  taleyin  uğurlarına  ümid  bəsləyə  bilməzdi.

 Heç bir il oxumamışdı ki, Lev universitetdən xaric edilir və tələbə yoldaşlarının donosuna əsasən  “anti-sovet əhvali-ruhiyyəyə”  görə  yazımda  qeyd  etdiyim kimi, həbs olunur. Anna Axmatova Stalinə məktub yazır. Bu dəfə Levi həbsdən məhz bu məktub xilas edə bilir və  Qumilyov hətta  universitetə  bərpa olunur.

Lev 1943-cü ildə  növbəti həbsin cəza müddəti bitdikdən sonra könüllü olaraq cəbhəyə getməyi xahiş  edir və 1944-cü ildə  arzusu baş tutur. Qumilyov  I Belorus cəbhəsində zenit batareyasında topçu kimi vuruşur, Berlinin alınmasında fəal və mübariz döyüşçü kimi iştirak edir. Lakin mükafat və təltiflərə  “layiq” ola bilmir, bu isə  çox güman və təəssüf ki, siyasi dustaq kimi həbsdə  olması ilə əlaqələndirilir.

Müharibədən sonra Lev  aspiranturaya daxil ola bilir, lakin  “yuxarılarda” anası Anna  Axmatovaya qarşı kəskin münasibətə, eyni zamanda  “Ulduz” və “Leninqrad” jurnalları haqqında verilən qətnaməyə görə  aspiranturadan xaric olunur, dissertasiyanı isə yalnız iki ildən sonra müdafiə edə bilir.

Elmi fəaliyyətindəki qısamüddətli uğurları daim sovet rejiminin yeni təqib dalğaları ilə əvəzlənirdi: Lev Qumilyov namizədlik dərəcəsinin sevincini dadmağa macal tapmamış. yenidən həbs olunur. Anasının himayəsi bu dəfə kömək etmir və həbs müddəti yeddi il sürür. Alim yalnız 1956-cı ildə işə yenidən baxıldıqda və heç bir cinayət əməli aşkar edilmədikdə, azadlığa çıxır...

Təsadüfi deyil ki, filologiya elmləri doktoru A. Karimullin onun barəsində: “Stalinizmin tüğyan etdiyi ağır illərdə onun tədqiqatlarını yaxına buraxmırdılar, nəşr etdirə bildiyi əsərləri isə “tarix elmi senzuralarının” süzgəcindən  keçirilirdi. Yazdığı əsərlər dərhal satılırdı və minlərlə  elm adamı onları oxumaq istəyirdi. Çünki əsərləri az tirajla buraxılırdı. Elm adamlarının belə böyük marağına səbəb isə  onun üzərində işlədiyi tədqiqat işinə yeni müstəvidən yanaşması idi. Onun “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər  ətrafında  minillik”, “Son və yenidən başlanğıc”, “Birinci  türk  xaqanlığının müfəssəl siyasi tarixi” əsərləri və  digər kitabları bütün dünyada məşhurdur. O, türk, monqol, slavyan və Avrasiyanın  digər xalqlarının  həyatına dair çoxsaylı elmi əsərlər yazmasına baxmayaraq, daha çox türkoloq alim kimi tanınır”- demişdi.

“Qədim türklər” kitabında qədim türk dövlətinin yaranması, inkişafı və süqutu tarixi tədqiq edilir. Müəllif türklərin siyasi həyatını, onların məişətini, dini görüşlərini və mədəniyyətini zəngin materiallar əsasında araşdırır, iki dövrün qovşağında-qədim və orta əsrlərdə Orta Asiyada köçərilərin həyat tərzini işıqlandırır. Kitabda türk anlayışının yaranması, bu ifadənin formalaşmasında mühüm rolu olan türk tayfalarının ictimai-iqtisadi vəziyyəti, bir çox türkdilli tayfalar arasında tutduqları mövqe də diqqəti cəlb edir.

Görkəmli türkoloq - alim Xəzər ətrafında yaşamış türklərin həyatını dəqiqliklə  araşdırmış və  bununla bağlı maraqlı elmi açıqlamalarını ortaya qoymuşdu. Amma ona inanmırdılar. Buna baxmayaraq, sonrakı illərdə Volqa ətrafında aparılan arxeoloji qazıntılar Qumilyovun nəzəriyyəsini təsdiq etdi. Alim tam dəqiqliklə  Xəzər imperatorluğunun sərhədlərini göstərə  bilmişdi. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdu ki, məhz Lev Qumilyovun yazdığı kimi, XIII əsrdə Xəzər dənizinin səviyyəsi qalxıb və Xəzər İmperatorluğunun xeyli ərazisi su altında qalıb.

Alimin bu kəşfi barədə xarici mətbuatda dəfələrlə yazılar dərc edilmişdi. Qumilyovun əsərində qədim türk tayfaları olan türkyutlar, doqquz-oğuzlar, türkeşlər, karluklar, kidanlar, uyğurlar, qırğızlar, Altay və Sibir çöllərində yaşayan bir çox türk tayfalarının ictimai vəziyyəti elmi cəhətdən tədqiq edilmişdir.

Lev Qumilyov  “Qədim türklər” ində yazır: “Qərbi Avropa və  Çin arasındakı nəhəng ərazi tarixçilərin diqqətini cəlb etməmiş, buna görə də tədqiqat mərkəzindən kənarda qalmışdır. Bu ərazini qədim dövrlərdə yunanlar Skifistan, farslar Turan, çinlilər isə  “şimal barbarları” adlandırmışlar”.

Şübhə yoxdur ki,  Qumilyovun “Qədim türklər”i  türk tarixinin haqqında  bəhs olunan dövrü barədə indiyə qədər yazılmış ən möhtəşəm kitabdır. Belə bir kitabın məhz sovet dövründə yazılması müəllifin son dərəcə zəngin biliyə malik olması, on illiklər boyu davam edən gərgin elmi axtarışları ilə bərabər, onun siyasi, ideoloji cəsarəti və hünəri də xüsusi dəyərləndirilir. Böyük tarixçi yazır:

“Sibir və Mərkəzi Asiyanın qədim  xalqlarını yalnız  Çinin, yaxud İranın qonşuları kimi nəzərdən keçirmək təcrübəsinə son qoymaq lazımdır. Nəhayət, onların tarixlərinin və mədəniyyətlərinin müstəqil inkişafı haqqındakı mübahisəsiz  həqiqətdən təcrübi nəticələr çıxarılmalıdır.Bu qədim xalqların necə yaşadıqlarını, hiss etdiklərini, qələbə çaldıqlarını və məhv olduqlarını yalnız bu yolla başa düşmək olar.İndinin, hətta gələcəyin qaynaqları keçmişin  dərinliklərində gizlənir. Axı həm də qədim türklər bir çox  Sovet İttifaqı xalqlarının əcdadlarıdır. Nəhayət, bəşəriyyət tarixinin ümumi qanunauyğunluqları variantları nəzərə  alınmadan öyrənilə  bilməz”.

Qumilyova  görə, a) Tarixə heç kim kiminsə “qonşusu” kimi daxil edilə bilməz; b) Tarixdə mövcud olmuş hər hansı etnosun bugünkü varisi var; c) Tarix  “hadisələrin koleydoskopu” yox, dialektik (və ya funksional) sistemidir.

Vəli Həbiboğlu da  “Qədim türklər” üzərində  düşüncələr”ində diqqəti əhəmiyyətli  məsələyə yönəldir:

“...Çapdan buraxılmış külli miqdarda tarixə aid dərslik və tədqiqatlarda gah türk xalqlarının tarixən təşəkkül tapdığı ərazilər, arxeoloji qazıntılar, daş salnamələr, qədim mədəniyyət nümunələri, dünyanı lərzəyə gətirən güclü axınları barədə danışılmır, gah da başqa xalqlara, dünya 4 tarixində dövlət qurumu türklərə nisbətən çox az qədim olan xalqlara daha geniş yer ayrılır. Çoxсildli  “Vsemirnaya istoriya”, “İstoriya  drevneqo  mira” “İstoriya  srednix  vekov” , “Sovetskiy  ensiklopediçeskiy  slovar”, habelə yüzlərlə  dərslik və tədqiqat əsərlərinin adını sadalamaq olar ki, bu kitablarda  türk xalqlarının qədim tarixi oxucu diqqətindən kənarda qalır, bəzən də ona çox səthi məlumat verilir. Beləliklə, başqa xalqların tarixi yaxşı tədqiq olunduğu, şişirdildiyi, dünyaya  ən qədim bir xalq, tarix kimi tanıdıldığı halda, süni maneələr tətbiq etməklə, türk xalqlarının ümumi tarixi arasında qəsdən uçurumlar yaradılır, bir-birindən təcrid olunmuş halda tədqiqat məcrasına yönəldilir, öz kökündən uzaqlaşdırılaraq başqa xalqların tarixinə  calaq edilir, eyniləşdirilir, bu məkrli, uzaqgörən siyasətdən baş çıxardıqda isə mövcud tədqiqatların nəşri, üzə çıxarılması və  yayılmasını qadağan edirdi.

...İki böyük tanınmış şairinin - N. S. Qumilyovun və A. A. Axmatovanın övladı olan bu böyük tarixçi  bütün həyatını türk xalqlarının qədim dövr tarixinin araşdırılmasına həsr etmişdir. Onun elm aləmində böyük əks - səda doğuran monoqrafiyaları, tədqiqat xarakterli məqalələri, bu məcrada elmi fəaliyyəti türk xalqlarının tarixinin öyrənilməsi və  təbliği sahəsində mühüm addım kimi qiymətləndirilməlidir.

... Bu böyük və qədim xalqın soykökünün, tarixinin araşdırılmasına icazə verilmədiyi bir vaxtda, o, bu gün belə əhəmiyyətini itirməyən, bir çox tədqiqatçıların  dönə - dönə oxuyub bəhrələndiyi, gündəlik stolüstü kitabına çevrildiyi iri həcmli, elmi - kütləvi səpkidə yazdığı “Qədim türklər” kitabını ortaya  çıxarmışdır. Bu kitab həqiqətən elm aləmində çox böyük əks - səda doğurdu. Ömrünün otuz iki ilini yalnız bu kitabın - son dərəcə dəyərli tədqiqat  əsərinin  yaranmasına həsr etmiş müəllif, əsərin adından göründüyü kimi, qədim türklərin dövlətinin yaranması, inkişafı və süqutu qanunauyğunluqlarını  zəngin tarixi faktlar əsasında araşdırır. Onu da qeyd edək ki, kitabda qədim türklərin V- IX əsrlərdə inkişaf tarixi öz əksini tapmışdır. Bu dövr türk tarixinin  ən maraqlı və zəngin dövrlərindən biri olsa da, bütövlükdə  türk xalqlarının  ən qədim dövrü haqqında heç də təsəvvür yaratmır. Türklərin  hələ  eradan əvvəl  dövlət qurumlarının  mövcudluğu, Sibir və  Altay çöllərində, Çin ətrafında, habelə müxtəlif vaxtlarda zəfərli yürüşlər zamanı Asiyanın və  Avropanın bir çox regionlarına geniş yayılması, məskunlaşması, zəngin mədəniyyət və məişətə malik olması bu kitabda tədqiqatdan kənarda qalmışdır. Bundan əlavə, əsərdə yalnız Şərqdə, Sibir və Altay, habelə müasir Asiyanın ərazilərində yaşayan qədim türklər barədə danışılır. Qərb regionunda, o cümlədən Qafqaz, İran, müasir Azərbaycan ərazisində qədim dövrlərdən bəri məskunlaşmış, daha doğrusu, aborigen əhali olmuş türklərin tarixi, həyat tərzi, mədəniyyəti və dünyagörüşü məsələlərinə toxunulmur. Bu da təbiidir. Çünki müəllif yalnız müəyyən bir dövrdə, həm də özünün qeyd etdiyi kimi, Şərq regionunda yaşayan  türk xalqlarının tarixini araşdırmağı qarşısına məqsəd qoymuşdur.

...Kitabda türk xaqanlıqlarının yaranması, inkişafı, qonşu dövlətlər və tayfalarla münasibəti, mədəniyyəti və dünyagörüşü, ümumdünya tarixinin inkişafı fonunda bu qəhrəman xalqın rolu, məskunlaşdıqları ərazinin tarixi, coğrafi mühiti, təsərrüfat, məişət həyatı çox geniş faktiki materiallar, salnamələr, sənədlər əsasında işıqlandırılır. Müəllif kitabın yazılmasında külli  miqdarda onomastika, toponimika, dilçilik materiallarından da geniş istifadə  etmişdir. Ayrı-ayrı tayfaların həyat və mübarizəsi, bir-birinə qaynayıb - qarışması, Çin əsarəti altında yaşamaları və yeni xaqanlıqda birləşmək meylləri tədqiqatda inandırıcı şəkildə  açılıb göstərilir. Müəllifin bu tarixi sənədlər və tədqiqatlarla bərabər, Orxon -  Yenisey abidələrindən də geniş istifadə  etməsi əsərin tarixi əhəmiyyətini daha da artırır. Oxucular bu kitabda türk tarixində çox böyük xidmətləri olan Qapağan xan, Qütlü, Kültigin, Bilgə xaqan kimi sərkərdə  və hökmdarların həyat yolu, mübarizəsi ilə  yaxından tanış olurlar.

...Ərəb xilafətinin qoşunları müsəlmanlığı yaymaq üçün hər tərəfə güclü  axınlar təşkil etmişdilər. Orta Asiyada, Sibir və  Altayətrafı regionlarda  köçəri tayfalarla qarşılaşan ərəblər bu xalqların mübarizliyini, döyüş meydanında göstərdikləri şücaəti görüb valeh olurdular. Onlar türklərin qəhrəman xalq olduğunu yüksək qiymətləndirirdilər. Elə buna görə də  bütün köçəri tayfalara türk adı verərək, daha doğrusu, bu tayfaların türk olduğunu bilərək,  onların şücaət və  qəhrəmanlıqlarını vəsf edirdilər. Beləliklə, vaxtilə türk xaqanlığına daxil olmayan bir çox köçəri tayfalar həmin vaxtdan etibarən türk adı ilə tarixdə tanınmağa başlandı. Görkəmli türkoloq, tarixçi alim Lev Qumilyov bu məsələləri öz qiymətli tədqiqatında elə bir incəliklə  araşdırır və fikir yürüdür ki, onun elmi, ensiklopedik təfəkkürünə  heyran qalmamaq olmur...”

Qumilyovun  türklərin  qədim tarixinə  həsr etdiyi elmi araşdırmaları ona  xarici ölkələrdə də böyük şöhrət qazandırmışdı. Tarixçini  müxtəlif ölkələrin  aparıcı şərqşünaslıq mərkəzlərində məruzələr oxumağa dəvət etsələr də, həbsdə  olan adam damğası adı altında Qumilyovun xarici ölkələrdə  elmi məruzələr etməsinə  qadağa qoyulmuşdu. Buna baxmayaraq, o, şəxsi dəvət ilə YUNESKO tərəfindən təşkil edilən arxeologiya  və  tarixə həsr edilən bir çox elmi konfranslarda iştirak edə bilmişdi.

Qumilyovun türk tarixinə, coğrafiyasına həsr edilən elmi əsərləri dünyanın bütün aparıcı ölkələrinin dillərinə tərcümə olunub. Bir çox Qərb ölkələrinin ali məktəblərində Qumilyovun türk tarixinə  həsr edilən elmi-tədqiqat əsərlərindən dərslik kimi istifadə olunur.

20 monoqrafiya, 300-dən artıq elmi məqalənin müəllifi olan Lev Qumilyov Azərbaycan türklərinə də ehtiramla yanaşaraq yazıb ki, azərbaycanlılar anadan hərbçi kimi doğulurlar. Döyüşmək, mübarizə aparmaq bu millətin qanındadır, onlar cəsur bir türk xalqıdır...

 “Молодёжь Якутии” qəzetinin 30 mart, 1989-cu il tarixli nömrəsində jurnalist  Avqust Muranın dahi tarixçi ilə müsahibəsi dərc olunmuşdur. “Lev Qumilyov: “Damarlarımda  Qızıl Ordanın qurucusu Cuçi xanın türk qanı axır” adlı müsahibənin Vilayət Quliyevin rus dilindən Azərbaycan dilinə tərcüməsi  oxucularımıza  “525-ci qəzet” in 1 may 2017-ci il tarixli nömrəsində təqdim olunmuşdur. Həmin müsahibədən bəzi qeydləri yada salıram:

A.M. Hər hansı bir xalqdan danışarkən “vəhşi” epitetindən istifadə etmək nə dərəcədə mümkündür?

L.Q. Hər bir insan kimi hər xalqın da öz yaşı var. Xalqlarda izafi enerji mövcud deyil. Xalq yer üzünə gəlir və dərhal enerji israf etməyə başlayır. Bildiyiniz kimi, insan öz həyatı boyu müxtəlif mərhələlərdən keçir - bura gənclik, yetkinlik, qocalıq dövrləri daxildir. Gənclik çağında insan daha dəliqanlıdır və özünü vəhşi kimi aparır. Sonra tədricən səbirlilik və müdriklik dövrü gəlir. Xalqlar da demək olar ki, eyni yolu keçirlər. Gənc xalqlar özlərini bir cür apara bilərlər, yetkin xalqlar başqa cür. Romanın üzərinə gedən germanlar gənc, romalılar isə artıq qocalıb əldən düşməkdə olan xalq idilər. Ona görə də hər ikisi özlərini  fərqli şəkildə, yəni yaşlarına uyğun aparırdılar.

Avropada geniş yayılmış təkamül nəzəriyyəsinə görə, əvvəldə bütün xalqlar “heysiz” vəziyyətdə olublar, sonra dirçəlməyə başladılar. Tam əksinədir. Onlar  başlanğıc mərhələdə inkişafda idilər, sonra mədəniyyətlərini sərf edib qurtardılar. Xalqlar “vəhşi” ola bilməzlər, “vəhşi” adlandırılanlar sadəcə  enerjilərini, mədəniyyətlərini sərf edib tükətmiş insanlardır. Onlar sadəcə həddindən artıq qocadırlar. Amma təbii ki, nə vaxtsa gənc olublar, Sizin neçə yaşınız var?

A.M. 23 yaşındayam, necə bəyəm?

L.QMənim isə 77 yaşım var. Siz yeriyirsiniz, qaçırsınız. Mənim isə ayaqlarım yer tutmur. Siz gəncsiniz, mən qocayam. Gənc və qoca xalqlar da təxminən bizim vəziyyətimizdədirlər. Avropasentrizm nəzəriyyəsi nöqteyi-nəzərindən məsələn deyək ki, Avstraliyadakı aborigenlər vəhşidirlər. Bu, mümkün deyil. Əslində, onlar sadəcə çox qoca xalqdır. Yer üzündəki ən qədim xalqlardan biridir.  Onlar nə vaxtsa mövcud olmuş çox güclü, mədəni etnosun qalıqlarıdır. Sadəcə əski mədəniyyətlərini qeyb ediblər. Amma nə vaxtsa Avstraliya aborigenləri gənc və qüvvətli idilər. Əgər belə olmasaydı, nəhəng və təhlükəli Hind okeanını necə keçə bilərdilər, yeni materikdə necə məskunlaşa bilərdilər? Qocaldıqca əski mədəniyyətlərini itirdilər, yorulub əldən düşdülər və indiki vəziyyətlərinə gəlib çıxdılar…

A.MRusiyada heç zaman irqçilik olmamışdı. Əks-təqdirdə XIX əsrdə burada slavyanofillik və avroasiyalılıq kimi cərəyanlar ortaya çıxa bilməzdi.  Söhbət lap bu yaxın vaxtdan  - əsrin əvvəllərindən gedir.

L.Q. Mən avroasiyalılıq fikrinin tərəfdarıyam! 20 il yazdıqlarımı çap etməyiblər. Durğunluq dövründə heç bir kitabım çıxmayıb. Sonuncu “Hunnlar Çində” əsərim 1973-cü ildə işıq üzü görüb. “Rus və Böyük Çöl” indi çap edilir. Artıq cəmiyyətdə sağlamlaşma prosesi gedir…

A.M. Müasir Sovet (xüsusi olaraq vurğulamaq istəyirəm ki, rus yox, məhz Sovet!) federal mədəniyyəti, dövlətçiliyi, siyasəti, kütləvi informasiya vasitələri aydın ifadə olunmuş avropasentrist xarakter daşıyır. Baykonur kosmodromu Qazaxıstan ərazisində yerləşir, amma mən  indiyə qədər oradan bir nəfər qazağın kosmosa uçduğunu eşitməmişəm.

L.Q. Rusiya Avropadan 600 il cavandır. O Qərbin yiyələndiyi tarixi təcrübəyə malik deyil. ..Avropalılar unudurlar ki, malik olduqları Avropa mədəniyyətindən Asiyada beşi, Avropada isə yalnız biri var. Avropada bizim eranın birinci əsrində yaranan Bizans superetnosu vardı, lakin o özü üçün ayrılmış 1200 ili yaşayıb məhv olmuşdu.

A.M. Onilliklər boyu yakut ziyalılarının bir hissəsində davamlı şəkildə Çinə və Yaponiyaya  maraq və rəğbət hissi qorunub saxlanmaqdadır. Bu məsələnin mahiyyətini necə izah edərdiniz?

L.Q. Çünki Avropanın əxlaq qaydaları yakutların xoşuna gəlmir. Bu, təbiidir. Bəzən hətta şüuraltı şəkildə də olsa asiyalı olmaq, asiyalı kimi qalmaq istəyirlər (bu xalqın təbiətindən irəli gəlir), lakin onları zorla avropalıları yamsılamağa məcbur edirlər. Bu da elə haqqında bayaq danışdığım avrosentrizmdir…

 

         “Etnosşünaslıq”  və  ya  beynəlxalq terminlə ifadə edilsə, “etnologiya” yeni formalaşmış, hətta formalaşmaqda olan elmdir ki, bu elmin yaradıcılarından  biri də Lev Qumilyovdur. O, bu barədə yazır:

         “Etnologiya, heyvanların vərdişləri barədə elm olan etologiyaya oxşar olaraq, etnik kollektivlərin vərdiş impulsları haqqında elmdir.İmpulslar şüurlu və emosional ola, fərdin şəxsi iradəsi, kollektivin təhrik ənənələri, kənar vəziyyətin, coğrafi mühitin hətta tarixi gedişatın doğurduğu spontan inkişafın təsiri ilə diktə edilə bilər”.

         Buna görə də Qumilyov etnosşünaslığa yalnız humanitar elm kimi baxılmasını qəbul etmirdi. Sübut edirdi ki, etnosşünaslıq humanitariya hüdudunda saxlanılsa, elmi-metodoloji əsaslarını tamamilə itirəcəkdir. “Etnosşünaslığın predmeti – araşdırma obyekti özünün müxtəlif təzahür formalarında, tayfa, xalq, millət və s.-də mövcud olan etnosdur.

         “Etnos nədir?” sualına görkəmli tarixçi belə cavab verir:

         “Etnos – biosfera fenomeni və ya canlı varlıqların termodinamikasının ikinci  başlanğıcının  prinsipinə  uyğun olaraq, geobiokimyəvi  enerji ilə işləyən  diskret  tipli elə bir sistemli bütövlüyüdür ki, tarixi hadisələrin diaxron  xronologiyası  ilə  təsdiq  olunur”.

 

Kamil Nərimanoğlu və  Əliheydər  Ağakişiyev  “Lev Qumilyov və onun “Etnogenez  və Yerin biosferi” əsəri haqqında bir neçə söz”  məqaləsində  yazır:

         “ ...İmperativ məntiqə, sabitləşmiş fikrə  əsaslanan, çoxluğa qarşı dayanan alimin ayrılmaz dostu həmişə yalnız həqiqət – tarixi həqiqət olub. O həqiqət ki, onun yolunda Qumilyovlar ailəsi nəsilliklə qurban getdi və heç nəyini əsirgəmədi .

         1912 - ci ildə Peterburqda anadan olan L.N.Qumilyov iki şairin – Nikolay Sergeyeviç  Qumilyovun  və  Anna  Andreyevna  Axmatovanın oğludur. Bu adları epitetsiz işlətdik, çünki bu iki sənətkarın böyüklüyü və çəkdikləri əzablar bütün dünyaya bəllidir. O  taledən  Lev Qumilyovun da payına düşüb. Peterburq Dövlət  Universitetini bitirdikdən sonra həbs edilib, üst – üstə  on dörd il sürgündə, həbs düşərgələrində olub. 1956 – cı ildə bəraət  alıb. Ermitajda, Leninqrad Universitetinin coğrafiya fakültəsində çalışıb. Maraq dairəsi – Türk- monqol xalqlarının qədim və  orta yüzilliklər tarixi;  Avrasiya  ( Qıpçaq çöllərində, Orta və Mərkəzi Asiyada, Xəzər hövzəsində) türk mədəniyyətinin tarixi  və xarakteri; Cəmiyyətin  (xüsusən orta  yüzilliklər türk və monqol cəmiyyətinin) təbiətlə, tarixi və coğrafi mühitlə münasibətləri, insanda və insan  cəmiyyətində bioloji və sosial faktorların  tənasübü və s-dir. Ən böyük elmi nailiyyətləri – Qədim və orta yüzilliklər ( e.ə. III yüzillik – b.e. XIII yüzilliyi) türk – monqol tarixinə dair orijinal konsepsiyanın yaradılması və elmi cəhətdən əsaslandırılması; Tarixi inkişaf dialektikasının, təbiət – cəmiyyət münasibətlərinin öyrənilməsi əsasında  ilk dəfə olaraq mükəmməl, universal etnogenez nəzəriyyəsinin işlənib  hazırlanmasıdır. Onun etnologiya adlandırdığı bu nəzəriyyə, əsasən, türk və monqol tarixinə  dair materiallara söykənir.

L.N.Qumilyov Xəzər dövlətinin İtil adlı paytaxtının olduğuna inanmış və bir neçə illik axtarışlardan sonra həmin şəhərin indiki Volqa deltasında olduğunu sübut etmiş və arxeoloji qazıntılar nəticəsində meydana çıxarmışdı. Tarixə  dair  əsərləri – “Uydurulmuş səltənət sorağında”,              “Hunlar Çində”, “Tibetin əzəməti və süqutu”, “Avrasiya”, etnologiyaya dair əsərləri – Ümumittifaq coğrafiya cəmiyyətinin xəbərlərində, “Məruzə”lərində, müxtəlif elmi məcmuələrdə və “ Priroda” jurnalında “etnos” anlayışının  izahına, başqa sahələrlə əlaqəsinə dair onlarla məqalə çap etdirmişdir. Peterburq Universiteti  “Xəbərləri”nin  Coğrafiya seriyasında        (1966-1976 – cı illər arasında) “Landşaft və  etnos” seriyasında 10 – dan yuxarı məqaləsi dərc edilib...”

         K. Nərimanoğlunun və  Ə. Ağakişiyevin məqaləsinin bu hissəsində  bir əlavəni qeyd etmək zərurəti yarandığı üçün müəlliflərin yazdıqlarına daha sonra davam edəcəyəm.

         1973 – cü ildə “Leninqrad ( Peterburq) Universitetinin xəbərləri” məcmuəsində  L. Qumilyovun  “Etnogenezin  daxili  qanunauyğunluqları” məqaləsində  maraqlı məqamlardan birini oxuculara xatırlatmaq istəyirəm. Dahi tarixçi yazır:

         “ ... Hər hansı etnosun inkişafının dörd dövründə dörd imperariv (yəni qayda – R. Mirzəzadə) hökm sürür. Birinci - əmələgəlmə dövründə  “kim olmalısansa, elə də ol”; ikinci – cəmiyyətin individiumlara  tələbatı dövründə “ necəsənsə, elə də ol”; üçüncü – individiumların bir – biriləri  ilə qanlı toqquşmaları dövründə  “mən necəyəmsə, sən də elə ol” və nəhayət, sonuncu – etnosun dağılma və ya relikt dövründə  “özündən razı ol”, yəni başqalarına  maneolma  imperativləri hökm sürür...”

         K. Nərimanoğlu və  Ə. Ağakişiyev daha sonra yazır ki, Qumilyovun ümumi həcmi  30 çap vərəqindən  çox olan  “ Etnogenez  və yerin  biosferi” kitabı 1979 – cu ildə mütəxəssislərə  çatdırılmaq  üçün deponent  edilsə də, çox – çox sonralar işıq üzü görmüşdür. Bu əsərdə Qumilyov etnoloji nəzəriyyəni bütün aspektlərdəki mürəkkəbliyi ilə işıqlandırmışdır. Alimin Xəzər hövzəsindəki xalqların etnik – mədəni tarixinə dair digər bir kitabı isə 1986 – cı ildə deponent edilmişdir. Etnos nəzəriyyəsi ilə bağlı daha bir kitabı  və “ Rusiya və  Böyük Çöl ” əsərinin nəşri də son illərin məhsuludur.

         ... L. Qumilyov  Avrasiya  nəzəriyyəsinin banilərindən biridir.  XX əsrin 20 – ci illərindən başlayan ( N.S.Trubetskoy, P.N.Savitski, Q. Florovski, N. Alekseyev, L. Karsavin, Q. Vernadski və b.) Avrasiya  konsepsiyasının mərkəzində  Avrasiya  nəzəriyyəsinin coğrafi, tarixi, mədəni, ictimai – siyasi yozumu nə qədər fərqli olsa da, əslində  sintez mədəniyyətini, indi dəbdə olan qloballaşmanın yeni biçimini  əks etdirir. Şübhəsiz ki, avrasiyaçılığın zaman keçdikcə  ortaya  çıxan geopolitik  konsepsiyaları iki əsas qütbdə birləşir : əski  SSRİ ərazisini ehtiva edən mədəni – siyasi – tarixi – coğrafi ərazi; Türk dünyasını ehtiva  edən mədəni – siyasi – tarixi - coğrafi  ərazi.

         Avrasiyaçı  Qumilyov üçün  Avrasiyanın mərkəzi xətti tarixi türk – slavyan  birliyi idi. “Avrasiya  ritmləri” əsərində   Qumilyov Avrasiya  problemini geniş təhlil edərək, məsələyə  müxtəlif  elmi baxışları şərh etmiş, tarixi – coğrafi, etnik – mədəni, sosial – fəlsəfi  aspektlərdə  Avrasiya dünyabaxışının  köklərini, mahiyyətini  ətraflı şərh etmişdir. Etnosu biosfer fenomeni kimi qəbul edən və onu müxtəlif yönlərdən açıqlayan  L. Qumilyov  sistem  metodologiyası ilə təhlil aparmış və mədəniyyət fəlsəfəsi, tarix  fəlsəfəsi açısından, kosmosdan enerji alış – verişi, enerji dövriyyəsi və  passionarlıq  prinsiplərini ortaya qoyan şərtlər daxilində dərin araşdırma aparmışdır. “Hunlar”, “Əski  çağda  Orta Asiya”, “Qədim Türklər”,                   “Uydurulmuş  səltənət  axtarışında”,  “Hunlar Çində”,  “Qədim burcat  rəsm sənəti”,  “Qədim Rus və Böyük Çöl”, “Rusdan  Rusiyaya qədər”,  “Xəzər dənizi ətrafında  minilliklər”, “Avrasiya  ritmləri “, “Qara  əfsanə”, “Son və yenidən  başlanğıc “, “Tarixin  “arabeskləri” və s. əsərlərində  və şübhəsiz ki, sırf  nəzəri əsəri  “ Etnogenez və yerin biosferi” adlı  əsərində  avrasiyaçılığın tam elmi mənzərəsi  verilmişdir. Qan yaddaşında  söz  möcüzəsi  yaşayan Lev Qumilyov, elmi  təfəkkürlə  bədii – fəlsəfi  təfəkkürü birləşdirmişdir...

Qumilyova görə, passionarlıq kosmosdan gələn enerjinin xüsusi bir formasıdır.İnsanların istilaya və şöhrətə, kəşflərə can atması məhz passionarlıqdan irəli gəlir. Passionarlığın çox olması qırğınlara, faciələrə səbəb ola bilər, lakin onsuz sənətin, elmin tərəqqisi də mümkün deyil. Əgər görkəmli alman filosofu Artur Şopenhauer bəşəriyyətin inkişafını iradə və təsəvvürdə, digər alman filosofu, şairi və bəstəkarı   Fridrix Nitşe hakimiyyət iradəsində, Avstriya  psixoanalitiki, psixiatr və  nevroloqu, tibb və sosiologiya elmlərinə, ədəbiyyat və incəsənətə dair çoxsaylı əsərlərin müəllifi    Ziqmund Freyd libidoda (libido- psixoanalizin əsas anlayışlarından biri olub, həvəs, ehtiras, arzu, cəhd deməkdir) görürdüsə, Lev Qumilyov bu inkişafın əsasını passionarlıqda  görürdü.

Lev Qumilyovun uzun illər çapına qadağa qoyulduğu, dövlət tərəfindən müxtəlif şəkildə təqib olunduğu “Rusdan Rusiyaya qədər” adlı əsəri  1995-ci ildə “Rusiyanı, onun tarixini və ruhunu anlamaqdakı xidmətinə görə” Rusiya Federasiyasının  Dövlət  Mükafatına layiq görülmüşdür. Qumilyovun irəli sürdüyü konsepsiyaya görə, slavyanlar və türklər arasında  dostluq əlaqələri zaman - zaman bütün Avrasiyanın həyat tərzinə çevrilmişdir .Müəllifin həmin kitabın son sözündə əks olunmuş “vəsiyyəti” belə başlayır:

“Avrasiya kontinenti (əslində onun Avrasiya etnosunun formalaşdığı mərkəz) üç dəfə birləşmişdir. Əvvəlcə  onu Sarı dənizdən Qara dənizə qədərki  əraziləri əhatə edən xaqanlıq yaradan türklər birləşdirmişlər.Türkləri Sibirdiən gələn monqollar əvəz etmişlər. Tam tənəzzül və  dezinteqrasiya  dövründən sonra  təşəbbüsü  öz  əlinə Rusiya almışdır: XV əsrdən ruslar Şərqə doğru hərəkət edərək, Sakit okeana çatmışlar. Beləliklə, yeni hökmranlıq  Türk xaqanlığı və  Monqol ulusunun “varisi” olmuşdur.

...Avrasiya  landşaftının  müxtəlifliyi  onun xalqlarının etnogenezinə müsbət təsir göstərmişdir. Hər biri üçün münasib, ona rahat olan yer tapılmışdır: ruslar çay vadilərini, fin-uqor xalqları və  ukraynalılar  çayayrıcı məskənləri, türklər  və  monqollar çöl zolaqlarını, paleoasiyalılar isə tundranı mənimsəmişlər...

Avrasiya xalqları hər bir xalqın müəyyən həyat formasına ilkin hüquq prinsipindən çıxış edərək, ümumi dövlətçilik yaratmışlar...”

“Vəsiyyət”  bu və digər  xəbərdarlıqlarla bitir:

“Əlbəttə, sivilizasiyalı xalqların, yəni yad super etnosun dairəsinə girməyə can atmaq olar...Anlamaq lazımdır ki, Rusiyanın Qərbi Avropa ilə inteqrasiyası bütün hallarda Vətənin ənənələrindən tam imtina və sonrakı assimiliyasiya hesabına başa gələcəkdir...”

Rusiya  Coğrafiya Cəmiyyətinin prezidenti, coğrafiya  elmləri doktoru, professor  Sergey Borisoviç Lavrov (həm də Lev Qumilyov Fondunun prezident müavini olmuş, hazırda dünyasını dəyişmişdir) “Rusdan Rusiyaya  qədər” kitabına  “Böyük avrasiyaçının vəsiyyəti” adlı son sözlərinə münasibətini bildirərək, qeyd etmişdir ki, böyük mütəfəkkir dünyadan gedərkən düşdüyümüz ümidsiz vəziyyətdən çıxış yolu tapmaqda bizə kömək etməyə çalışmışdır...

Lev  Qumilyov 1992-ci il iyun ayının 15-də Sankt - Peterburq (Leninqrad)  şəhərində vəfat edib.

1996-cı ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin imzaladığı sərəncamla ölkənin paytaxtı Astanadakı Avrasiya Universitetinə dahi tarixçinin adı verilib. Həmin universitetdə Lev Qumilyovun xatirəsinə dair zəngin kabinet-muzey yaradılıb.

2005-ci ildə Tatarıstanın paytaxtı Kazanda böyük tarixçinin abidəsi ucaldılıb. Dünya şöhrətli türkoloq-alimin 100 illiyi  Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda və digər türkdilli respublikalarda təntənəli şəkildə qeyd edilib.

Oktyabrın 1-də bəşər qarşısında böyük xidmətləri olan Lev Nikolayeviç  Qumilyovun anadan olmasının 105-ci ildönümü təntənə ilə qeyd olundu. Mütəfəkkirin xatirəsinə sevimli Azərbaycanında da töhfələr həsr olundu.

Nikolay Qumilyov, Anna Axmatova  və Lev Qumilyov. Onlar insanlıq kainatında hər zaman bərabərdirlər. Bu bərabərlik böyük əqidə ilə qüdrətlidir. Qüdrətli əqidə sahibləri isə heç zaman unudulmurlar.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM