Yazıçı-publisist
Rəvayətlərə görə, at Adəm peyğəmbərdən öncə yaranmışdı. Allah ona at və Burağı göstərib özü üçün birini seçməyi təklif edir. Atamız Adəm isə atı seçir. Allah deyir: “Sən özünə və uşaqlarına əzəmət seçdin.” At öz gözəlliyi, zərifliyi, sürəti və sədaqəti ilə özünü insanlara sevdirə bilmişdir. Xüsusilə ağ at günəşin işıq, həyat, mənəvi dirçəliş rəmzidir. Deyilənə görə, Budda yerdəki həyatını ağ atda tərk etmişdi.
At haqqında həvəslə, məhəbbətlə yazsam da bircə dəfə onun uzun boynunu sığallamaq, tərkinə minmək mənə nəsib olmayıb. Ancaq yazımda onu layiqincə nəvazişli sölərimlə qiymətləndirməyə çalışacağam. Demək olar ki, bu yazım atlara ünvanlanan sevgi məktubumdur. Memar, rəssam, şair deyiləm onların bədii obrazını yaradım. Sevgi qəlbin ən böyük əsəridir...
Görəsən, dünyada atlara qoyulan heykəllərin sayını bilən varmı? Yeganə varlıqdır ki, onların adı yiyəsi ilə bir yerdə yaşayıb, tarixə qovuşub. Altay çöllərindən üzü qərbə doğru çapan döyüş atlarının nalının səsi, kişnərtisi tarixin yaddaşında yaşayır. Belə bir aforizm var, tarixi saatların da saatsazı var. O atların da adı dünya tarixində yaşayan sahibləri, sərkərdələri var.
At heykəllərinin məşhur memarı Petr Klodu xatırlamamaq mümkün deyil. Onun özünün atları vardı. İdmançı kimi də onları çox sevirdi. Klodun ilk yaradıcılıq məhsulu Narv arkasının üstündə altı atın kolesnisasını yunan əsatirinə görə qələbə Allahı Nika idarə edir. Bu memarlıq abidəsi emosional təsir gücü, koloriti ilə çox möhtəşəmdir.
Dünya şöhrətli memarın klassik səviyyədə yaratdığı at heykəlləri Sankt-Peterburqda, Berlində, Neapolda şəhərin görkəminə xüsusi yaraşıq verir. Şahə qalxan Klodun atlarını bir dəfə görən onları heç vaxt unuda bilməz. Sankt-Peterburqda memarın dörd at heykəlləri Anniçkova körpüsündə ucaldılıb. Atların ram edilməsi dinamikliyi, təbiiliyi ilə yadda qalır.
Fikir vermisnizsə, atın üstündə oturan sərkərdələrin heykəlləri daha əzəmətli görünür. Mən müasir qəhrəmanların şöhrətinə kölgə salmaq üçün atı tərifləmirəm. Qədim sərkərdələr, hökmdarlar öz zamanının atı üstündə təsvir edilib, heykəllərə çevrilib. Ancaq yeganə hökmdardır ki, I Pyotrun at üstündə heykəlləri öz şəhərində daha çoxdur. Bununla belə, italyan memarı Etyen Moris Falkonenin II Yekaterinanın sifarişi əsasında I Pyotrin at üstündə yaratdığı tunc heykəli daha məşhurdur. Bu əsər üzərində Falkone on iki il çalışmışdır. Nəhayət, 1782- ci ildə heykəlin açılışı olub. Şəhərin mistik həyatında heykəlin özünəməxsus yeri var. Deyilənə görə, işıqlı aylı gecələrdə saat üç radələrində heykələ diqqətlə baxsan sanki onun canlandığını müşahidə edcəksən.Kim bilir, bəlkə, at bir yerdə dayanmaqdan yorulub, ləngər vurur, bəlkə də sərxoş adamın uydurmasıdır. I Pyotrun Lizetta adlı atının müqəvvası Sankt Peterburqun Zoologiya muzeyində saxlanılır. Onu da qeyd edək ki, almanlar Leninqradı mühasirəyə alanda Senat meydanından heykəlin daha təhlükəsiz yerə köçürülməsinə dövlət tərəfindən icazə verilmir. Stalin yaxşı bilirdi ki, I Pyotrun Lizetta atının üstündəki heykəli nə qədər ki, öz yerindədir, o şəhəri heç bir düşmən məğlub edə bilməz. Bunu tarixdən də yaxşı bilirik. Petr Klodun I Nikolayın İsaakiyev meydanında at üstündəki heykəlinin isə 1930-cı illərdə demontaj edilmək təhlükəsi yaranmışdı. O dövrdə incəsənət xadimləri heykəlin müdafiəsinə qalxaraq, ona siyasi tarixi qiymət verilməsinə etiraz edirlər. Heykəli məhz yüksək mühəndislik, memarlıq abidəsi kimi qiymətləndirirlər. Çünki şahə qalxan at I Pyotrun atları kimi iki ayağı üstə hazırlanmışdı. Deyilənə görə, hər iki rus çarlarının heykəllərindəki baxışlar eyni istiqamətə yönəlmişdir. Lakin III Aleksandrın nəhəng, ağır çəkili at üstündə dolu bədənli heykəli uğursuzluqlarla üzləşmişdi. Dönə-dönə onun yeri dəyişilmiş, gözdən uzaq yerə köçürülmüşdü. Yazıq at bu şəhərdə ucalan atların yanında öz zərifliyi, gözəlliyi ilə seçilə bilmir. At sanki xəcalətdən başı aşağı ayağının altına baxır...
II Nikolayın at üstündə heykəlinin də aqibəti öz bəxti kimi qara gəlir. 1914-cü ildə Petroqradın Manej meydanında ucaldılan heykəlini 1918-ci ildə hakimiyyətə gələn bolşeviklər demontaj edirlər. Bu yaxın illərdə onun heykəlləri öz vətənində yenidən xalqına qovuşsa da, nədənsə atı ona çox görüblər. Ayaq üstə həyat yoldaşı ilə qoşa heykəlləri şairlərə ucalan heykəllərə bənzəyir...Lenin onu nəinki heykəl atından, hakimiyyətdən də sala bildi. Bolşevik Vasiliy Çapayevin isə at üstündə ağ qvardiyaçılara qarşı hücüma keçən heykəli hələ də II Nikolaya qarşı mövqedədir. Deyilənə görə o, döüyş zamanı atdan çox maşına üstünlük verirdi. Memar əsəri yaradarkən nəzərə almışdı ki, xalq qəhrəmanı atda daha əzəmətli görünür. Bəli, siyasətlə qəhrəmanı ata mindirib ucaltmaq, yaxud atdan düşürüb unutdurmaq o qədər də çətin iş deyil... "Çapayev" dedim, sovet dövründə məktəb illərində Süleyman Rüstəmin "Çapayev" şeirini əzbərləməyim yadıma düşdü. Çapayevin at üstündə çınqıl daşlı çaylardan çılğınlıqla necə çapıb keçdiyini təsəvvür edirdim.
O illəri xatırlayanda istər-istəməz marşal, üç dəfə Sovet İttifaqı Qəhrəmanı Semyon Budyonnı göz önünə gəlir. Vaxtı ikən atçılıq idmanının əsasını qoymuşdu. Vətəndaş müharibəsində birləşmiş kavaleriyaya başçılıq edirdi. Sonralar birinci atlı ordusu yarada bilmişdi. Kazaklar ona "Kazbek" adında at bağışlamışdılar.O, vətəndaş müharibəsində "Kazbek"lə döyüşlərdə iştirak etmişdi. At 18 yaşına qədər Budyonnuya sədaqətlə xidmət edir. Marşal həmişə deyirdi ki, atı sevməyən onun belində çapa bilməz. Budyonnunun altı atı döyüşlərdə məhv olub. İkinci Dünya Müharibəsində atçılıq qvardiyasına texnikadan daha çox üstünlük verirdi. Moskvanın müdafiəsində 45 dərəcə şaxtada texnika sıradan çıxanda atlardan istifadə olunurdu. Təəssüf ki, 1956-cı ildə hərbi kavaleriya Sovet dövləti tərəfindən ləğv edilir. S.Budyonnı bu hadisəni çox pis qəbul edir. Yeni Budyonnı cins atını yetişdirən keçmiş marşal artıq yüksək vəzifə sahibi olmadığı üçün bu məsələnin müsbət həllində aciz qalır. Atçılıq sahəsi qoyunçuluq, taxılçılıq sovxozları ilə əvəz olunur. 11 il ərzində 7 milyon at ətliyə verilib məhv edilir. Bu, atlara qarşı ən amansız hökm, ağır cəza idi. S.Budyonnı atların az bir hissəsini qoruyub saxlatdırır. Filmlərdə çəkilişlər üçün atlara ehtiyac olduğunu bildirir. Onun 1945-ci ildə doğulan Sofist adlı sevimli atından M.Kutuzovun at heykəli üçün model kimi istifadə olunur.
Sonralar ölkədə əzəmətli heykəllər də atsız ucaldıldı, şəxsiyyətə pərəstiş illərində də hakimiyyəti atla bölüşmədilər.
Kim deyə bilər k i,Stalini at üstündə görüb. Onun əli hər şeyə çatsa da, təkcə ata çata bilməmişdi. Əslində onun bir əli yarışikəst, üstəlik də insan kimi çevik deyildi. Stalin “troyan atına” daha çox üstünlük verirdi. Soruşa bilərsiniz ki, troyan atı hara, o hara? Deyilənə görə, Stalin vaxtaşırı Beriyadan soruşur ki, Lavrentiy, Troyan atından nə xəbər?“Troyan atı” kodu altında gizli qulaq asmaq üçün istifadə olunan kiçik bir aparat nəzərdə tutulurdu.Bu gözəgörünməz “troyan atından” nə qədər informasiyalar əldə edilib?! Əslində Troyan atı namərdlik rəmzidir. Kəşfiyyatda ondan çox istifadə olunub, nəhəng ölçüdən tutmuş, ən kiçik modelinə qədər...
Amma tarix üçün gizli qalsa da, Stalin də başqa kişilər kimi at belində oturmaq arzusunda olub. Oğlunun dediyinə görə, o, Möskvada hərbi paradı ağ atın üstündə şəxsən özü qəbul etmək arzusundaydı, lakin o, atın qarşısında aciz qalır. Ata minməyə çalışarkən yıxılıb əzilmişdi. Bu hadisə uzun illər hamıdan gizlin saxlanıldı. Hakimiyyətdə ondan güclü, vəzifədə ondan yüksəkdə duran adam yox idi, amma o, ata qalib gələ bilmədi. Stalin ata minə bilməyəcəyini başa düşüb bir gün S.Budyonnını yanına cağırıb deyir ki, Qızıl meydanda parad üçün qələbə və şöhrət rəmzi olan yaxşı cins atlar tapsın. S.Budyonnı Stalinin tapşırığını tez bir zamanda yerinə yetirir, yaxşı cins atlar tapa bilir. Marşal Jukov və Rokosovski bir ay ərzində atda məşq edirlər. (Jukovun atının adı “Kumir”, Rokosovskinin atının adı isə “Polyus” idi.) Qələbə paradından əvvəl xüsusi bərbər atların zahiri gözəlliyi üçün əlindən gələni əsirgəmir, onları daha cazibədar edir. Yəqin ki, cavan nəsl televizor ekranından Sovetlər ölkəsinin Qızıl Meydanında ağ və qara atın şahanə yerişini, görkəmini xatırlayır. 1948-ci ildən sonra Stalin paradda ağ atdan istifadə edilməsinə qadağa qoyur. Çünki ağ at ona Jukovu xatırladırdı. Artıq marşal yüksək vəzifələrdən çıxarılmışdı. Gördüyünüz kimi, at da şəxsiyyətə pərəstişin qurbanına çevrilıb keçmiş yiyəsi Jukov kimi unudulur. Onu unutmaq istəməyənlər isə 1995-ci ildə Jukovun at üstündə məğrur heykəlini Moskvanın Manej meydanında ucaldırlar.
Bildiyiniz kimi, ta qədimdən hökmdarların ən sevdiyi hədiyyə cins atlar olmuşlar. Bu elə gözəl bir məxluqdur ki, ona göstərilən məhəbbət də bir neçə at gücünə bərabərdir.Elə bilərsiniz ki, belə güclü sevgiyə, ancaq kentavr malikdir. At əsasən ceyran kimi uzun nazik ayaqlara sahib olmaqla bərabər ağlı ilə də seçilir, ağıllı Hans adlı at kimi. Ona deyilən rəqəmləri tapıb götürür, üstəgəlləri, vurma və bölməni yaxşı bilirdi. Əgər partaya sığa bilsəydi uşağın yerinə məktəbə hesab dərsinə gedə bilərdi. Nədənsə ispan rəssamı Xuan Mironu xatırladım. Onun sürrealist təfəkkürü ilə 1964-cü ildə çəkdiyi “Sərxoş at” şəkili təəssüf ki, atsevərləri məyus edib. Belə bir rəsm neolit dövründəki adamların qayalar üzərindəki cızmaqarasına oxşayır. Bəlkə də sərxoş vaxtında atı yuxuda belə görüb. Xuan Mironun atından bir az gözəl at heykəlini isə yenə İspaniyanın Madrid şəhərinin mərkəzində görmək olar. Servantesin məşhur Don Kixot qəhrəmanının heykəli yorğun, özü kimi arıq Rosinant adlı atın üstündə təsvir edilib. Şəxsən Madrid şəhərində olarkən bu heykəlin tamaşaçısı olmuşam. Don Kixotun yanında sadiq dostu kök bədənli Sanço Panso nə yaxşı ki, uzunqulağa minib, yoxsa o arıq at onun ağır çəkisinə tab gətirə bilməzdi. Bir tarixi faktı da yada salaq ki, məhz ispanlar 1493-cü ildə ilk atları Amerikaya aparmışlar. Yəqin ki, o atlar Xuan Mironun atı kimi sərxoş, Rosinant kimi zəif, arıq olmayıb.
Azərbaycanda ata münasibət daha ürəkaçandır. “Qaçaq Nəbi” mahnısını yadımıza salaq. Mahnıda boz atın tərifi görəsən, həqiqətdir ya əfsanə? Yəqin ki, bu mahnını dinləməyən yoxdur:
Boz at səni sər tövlədə bağlaram,
Qızıldan, gümüşdən səni nallaram.
Sözün düzü, atın nalının möhkəm olması üçün qızıl və gümüşdən istifadəsi yadıma düşmür. Yəqin cənnət atları nəzərdə tutulub. Orda yollar daş-kəsəkli deyil, axı. Digər tərəfdən də atın qızıl, gümüşlə bəzənməsi mənə Roma diktatoru Kaliqulanın İnsitat adlı atını xatırlatdı. At əsl insan həyatı yaşayırdı. Onun yaşadığı yerə tövlə demək mümkün deyildi, çünkü ora bərli-bəzəkli mərmərdən idi. İmperator Penelopa adlı atla İnsitatı evləndirmiş, həm “ata”, həm də “qayınata” olmuşdu. Atların saray əyanları kimi ayrıca xidmətçiləri vardı. İnsitatı qəyyumluğa götürən ona “atalıq” edən Kaliqula atını hətta siyasət meydanına gətirmişdi. Kaliqula onu Romanın vətəndaşı etdikdən sonra senat kimi ən yüksək dövlət orqanına senatr seçmişdi.İnsana məxsus olan “şərəfli vəzifə” İnsitata qismət olmuşdu. Deyilənə görə, Kaliqula bu qeyri-adi hərəkəti ilə senatı qıcıqlandırmaq istəmişdi. Senatda nə plebey, nə də patrisiya tərəfdarı olmayan, adam kimi danışa bilməyən at, ancaq darıxandakişniyə bilərdi. Bu səs isə nə “hə”, nə də “yox” deməkdir. Yaxşı ki, İnsitat adam dili bilmirdi, yoxsa ilk təklifi o olardı ki, “atlar” partiyası yaransın, senat cıdır meydanına çevrilsin. Atalar sözüdür, at yolu ayaqları ilə görür...Qəddar imperatorun ömrü uzun olsaydı axırda senatda kentavrlar da peyda ola bilərdi. Çünki heç olmasa, onların başı adam başıdır. Yadınızdadırsa, qədim əsatirə görə, qəhrəman Heraklın, Axillesin müəllimi kentavr olmuşdur. Kentavr dedim, hindular yadıma düşdü. Deyilənə görə, hindular ilk dəfə at belində insan görəndə bərk vahimələniblər. Atın yiyəsi yəhərdən yerə yıxılanda isə elə zənn ediblər ki, at iki yerə bölünüb. Qorxudan yerli aborigenlər qaçıb meşədə gizləniblər. İndi təsəvvür edin ki, senatda da atı görənlər nə sarsıntılar yaşayıb!
Qismətə bax, bizdə də elə atlar olub ki, Qarabağ müharibəsində insandan çox onun bəxti gətirib. Məsələn, 1993-cü ildə Ağdam at zavodu erməni təcavüzkarları tərəfindən işğal ediləndə, nə yaxşı ki, atçılar vaxtında atları döyüş bölgəsindən çıxarmışdılar. Məkrli düşmən at zavodunu ələ keçirə bilməmişdi. Yoxsa onları da mənimsəyib deyərdilər ki, “Davud Sasunlu”nun Cəlali adlı atı “qədim erməni torpağı olan Ağdam” atlarının əcdadır.
İkinci Dünya Müharibəsi dövründə isə almanlar rusların atçılıq zavodlarından atları xidmətçiləri, yiyələri ilə birgə əsir götürürlər. Almaniyada atlar Gerinqin himayəsində doğma yerdən uzaqlarda qərib həyatını yaşayırlar. Atlar yiyələrinin ovqatında baş verən ən kiçik dəyişikliyi belə hiss edir, rahatsız olurdular. Sahibinin daxili sarsıntı və həyəcanını duyarkən bəzən yemdən də imtina edirdilər. Atlar insanın taleyini öz taleyi kimi qəbul etməyi bacarır. Çox təəssüf ki, atları sevsəm də onlara qulluq etmək, qayğısına qalmaq mənə nəsib olmayıb...
Yeri gəlmişkən qeyd edək ki, Qarabağın xan zavodlarında əsasən üç cins atlar saxlanılıb-Maymun, Qarnıyırtıq, Əliyetməz. 1869-cu ildə keçirilmiş Ümumrusiya at sərgisində iştirak edərək Maymun gümüş, Toxmaq bürünc, Usmiyevlərin (xan qızı Natəvanın) Əyilməz adlı atı isə attestata layiq görülüb. Qarabağın xan zavodları nəinki Rusiya atçılığına hətta Avropa dövlətlərinin atçılığına da az təsir göstərməyib. Yeri gəlmişkən məşhur rəssam Vasiliy Vereşaqin Qarabağda olarkən, onun füsunkar təbiətinə vurulmuşdu. Rus rəssamı bir çox ölkələrin qaynar nöqtələrində xalqların milli xüsusiyyətlərini hadisələrin fonunda peşəkarlıqla çəkə bilmişdir. O, 1905-ci ildə rus-yapon müharibəsində gəmidə eskizlər çəkərkən güllə yarasından ölmüşdür. V.Vereşaqin həyatı boyu çox atlar görmüşdü. Lakin 1870-ci ildə o, Qarabağa səfəri zamanı öz təəssüratlarında yazır: “Həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur.Heç bir yerdə bu cür atlar görməmişəm. Mən orada bir cins atın rəsmini çəkdim.” Qeyd edək ki, dünyada 260 cins atın ikisi Azərbaycana məxsusdur- "Dilbaz" və "Qarabağ" atıdır.
Maraqlıdır ki, L.Tolstoyun "Hərb və sülh" romanında Nataşa Rostovanın qardaşı Petyanın sevimli atının adı Qarabağ idi.Tarixdən məlumdur ki, Qarabağ atları öz zərif gözəlliyi ilə həmişə seçilmişlər. Qeyd edim ki , Lev Tolstoyun uğurlu hekayələrindən biri "Atın tarixi" adlanır. Orda əsas qəhrəman Xolstomerdir. Bu atın başına gələn hadisələri çözələsək, çox uzun çəkər. Hər halda bu hekayədə də atın sədaqəti, daha faydalı bir varlıq olması diqqəti cəlb edir. At insanları insandan yaxşı tanıyır...
Yazının əvvəlində at üstündə sərkərdələrin möhtəşəm görkəmindən danışdıq. Belə qəhrəmanlardan biri, Xarkovda Lenin prospektində at üstündə dünyanın qırmancı adlanan Atillanın əzəmətli heykəli ucalır. Əlində nizə, sol çiynində şahin quşu, qalxanının üstündə su sonasının əksi var. Onun məhz Xarkovdakı heykəlinin ucalması təsadüfi deyildir.Atillanın bacısı Xarka su sonalarının himayədarı idi. O, su sonalarından birini xəbər üçün qardaşının yanına uzaq ölkəyə göndərir ki, Atilla artıq döyüşlərdən əl çəkib evinə, ocağına qayıtsın. Yolda şahin quşu su sonasını öldürür, Atillaya bacısının ismarıcı gəlib çatmır. Xarka vəfat edəndən sonra bu şəhərin əsası qoyulur.(Əski türklərin məskunlaşdığı torpaqlar.)
XII əsrin şairi Reyhan Bulqarinin və Baxşi İmanın əsərlərində Atillanın ailəsi haqqında məlumatlara rast gəlmək olar. Reyhan Bulqari “Qıpçaq çöllərinin çiçəkləri” poemasında yazır ki, müdriklər Atillanın gələcək qəhrəmanlıqlarını əvvəlcədən görərək ona deyirlər ki, Tenqri (Allah) səni şöhrətləndirmək istəyir, ata min yürüşə çıx." O dövrdə onun zil qara rəngdə atı başqa atlardan seçilir, ona ayrıca qulluq edilirdi. Bulqarlar islam dinindən əvvəl insanların adını doğulduğu ilin şərq təqviminə əsasən qoyurdular. At ilində doğulan gələcəyin sərkərdəsi adından göründüyü kimi Atilla adlanmışdı. Gizli adı isə Tuki idi.
Bulqarların şərq təqviminə əsasən Atilla at ilində dünyaya gəldiyi üçün at ilində dünyadan köçməliydi...Artıq o, Hun dövlətinin imperatoru idi. Müdriklər onu geri-vətənə qayıtmağı təkid edirlər ki, Tenqri sənə vəd etdiyi uca şöhrəti verdi, geri dönmək vaxtıdır. Atilla bu sözlərə əhəmiyyət vermir. Reyhan Bulqari poemasının sonunda yazır ki, düşmənə qarşı hücumda Atillanın atı büdrəyir. Bu hadisəni Tenqrinin ondan narazılığı ilə əlaqələndirirlər. Baştu şəhərinə geri dönməyə məcbur olur. Atilla atının büdrəməsindən qəzəbləndiyi üçün onu özündən uzaqlaşdırır. Bir müddət sonra atının öldüyünü eşidir, ona qarşı haqsızlığını dərk edib peşman olur. Onunla vidalaşmaq istəyir, yenə də şamanlar ona ilan ilində ölən atla vidanın onun üçün təhlükəli olduğunu bildirirlər. Baştu şəhərində atın öldüyü yer kurqana çevrilmişdi. Atilla, "bu kurqanı kim yaradıb?" soruşmaq istərkən kurqandan nəhəng ilan çıxıb onu sancır. Reyhan Bulqarinin əski türk mədəniyyətinə, onun ölməz qəhrəmanı Atillaya həsr etdiyi "Qıpçaq çöllərinin çiçəkləri" poeması məzmun və milli koloriti ilə yadda qalan əsərdir. Onu böyük qürur hissi ilə oxudum, gələcək nəsillərin yaddaşında bu tarixi poema Atillanın şöhrəti kimi yaşayacaq. Poemanın son sətirlərində oxuyuruq: "Tenqri bütün canlılara həyat verir və onlar solan çiçəklər kimi də tez ötüb keçir. Qıpçaq çölləri çiçəklərlə zəngindir." Qədimdə deyərdilər ki, Hun imperatoru Atillanın atının keçdiyi torpaqda ot bitməzdi. Bu fikir Qıpçaq çöllərinə aid deyil. Bu münbit çöllərdə, doğma torpaqda o, ilk dəfə at çapmağı öyrənmişdi.
Hələ qədimdən dünyada nə qədər insan özünün və özgələrin meydanında at oynadıb qılınc çalıb. Atların qopardığı toz göylərə ucalıb. Sərkərdələrin atara məhəbbəti bütün əsrlərdə xüsusi tarixə malikdir. Makedoniyalı İskəndərin atası Filip də atçılığa çox böyük əhəmiyyət verirdi. Don çayı sahillərindən minlərlə atı öz ölkəsinə gətirtmişdi. İskəndər hələ uşaqlıqdan atlara böyük maraq göstərirdi. Yeniyetmə dövründə ram edə bildiyi atı- Busefal 25 il Makedoniyalı İskəndərə sədaqətlə xidmət etmişdi. Busefal dünyada öz sahibi kimi çox cəsarətli olub. Dönə-dönə İskəndəri ölümdən xilas etmiş, Hindistana yürüş zamanı ölümcül yaralanmışdı. Atın əzəmətli heykəli öldüyü şəhərdə ucalıb. Yel sürətli atlar sahibi ilə dünyada neçə-neçə ölkələrin sərhəddini aşmış, ayaqlarının nalı ilə yeni torpaqlarda yeni tarixə “möhür” vurmuşdur.
At yeganə canlılardan biridir ki, öz sahibinin həyatı, qayğıları ilə yaşayır. Bu sevgi həmişə qarşılıqlı olur. Deyilənə görə, Türkmənbaşı Safarmurat Niyazovun ata sevgisi bitib tükənməz idi. O, əziz qonaqlarına cins atlar bağışlamağı sevirdi. Dövlət gerbində “Yanardağ” adlı atın şəkili həkk olunub. Bununla bərabər ölkədə hər il böyük təntənə ilə “Axaltəkə atı” günü qeyd edilir. Axaltəkə atına “Manas” dastanında rast gəlmək olar. At Türkmənistanın Axal vilayətində yaşayan təkə qəbiləsindəndir.Ümumiyyətlə, axaltəkə atları səhralar atıdır. Belə atlar çox dözümlü, güclü olurlar. Türkmənistanda belə bir hadisə baş vermişdi. Öz sahibinin adını daşıyan Bəy Nəzər adlı at oğurlanır. At düşmən əlində olarkən su içməkdən, yeməkdən qəti imtina edir, xiffət onu əldən üzür. Oğrular atın halına acıyaraq, vicdan əzabı çəkir, onu yiyəsinə qaytarmağa məcbur olurlar.
Hələ qədim zamanlarda skiflərdə belə adət vardı: döyüşçülər atı ilə bir yerdə basdırılırdı. Əgər atı öldürməsəydilər tükündən kəsib qəbrə qoyurdular. Əfsanəyə görə, at yiyəsinə həyatda olduğu kimi, qəbrdə də qulluq edəcək, onu ruhlar aləminə aparacaqdı.
Monqolustanın da dövlət gerbində at şəkli var. Maraqlıdır ki, adət-ənənəyə görə, təzə doğulan üç günlük oğlan uşağına at hədiyyə olunur. Monqolustanda ən çox atı olan adam varlı hesab edilir.Qayıdaq on üçüncü əsrə. O dövrdəÇingiz xan Monqolustanın kiçik qəbilələrini bir yerə toplayıb güclü ordu yarada bilmişdi. Avropa və Asiyanı işğal edən Çingiz xanın döyüşlərdə dalğalanan bayrağı at quyruğu idi. Yəqin bu, ordunun at gücünə malik olmasının rəmzidir. Monqol atları uzaq səfərlər üçün çox dözümlü və çevik idilər. Bir haşiyəyə çıxım, Çingiz xanın nəvəsi Batı xan öz qüdrətini nümayiş etdirmək üçün at hündürlüyündə iki qızıl at fiquru düzəltdirib, Qızıl Ordanın paytaxtındakı darvazanın qarşısında yerləşdirir. Sonralar qızıl atın başına nə macəralar gəlir, bir Allah bilir, sonda isə oğurlanır.
Ulan-Batordan bir az aralıda çölün düzündə Çingiz xanın at belində möhtəşəm heykəli ucalır. Onun məzarının bu günə qədər harda yerləşdiyi məlum olmasa da, əzəmətli heykəli isə sanki deyir: mən doğma torpağa qayıtmışam. Heykəl beş il müddətində hazırlanmışdır. Kompleksdə restoran, mağazalar xidmət göstərir, ziyarətçilərin Çingiz xanın zəbt etdiyi torpaqların xəritəsi ilə tanış olmaq imkanı var. Kompleks 13 mərtəbəli bina hündürlüyündədir. Dünyanın bir çox ölkələrindən turistlər bu nəhəng abidəni görməyə gəlirlər. Deyəsən, monqollar fərqli istedadları ilə seçiləmyi bacarırlar. Orda Ginesin rekordlar kitabına düşən 9 metrlik monqol uzunboğaz çəkməsi turistlərin böyük marağına səbəb olur.
Şəkillərdə, heykəllərdə at üstündə təsvir edilən sərkərdələrin hamısı göründüyü kimi, həyatda da müsbət qəhrəman ola bilsəydilər...Belə tarixi şəxsiyyətlərdən biri Napoleondur. Başqa qəhrəmanlar kimi onun atlara xüsusi rəğbəti olmayıb. Lakin ərəb cins atı Marenqo adlı atına münasibəti başqa idi. 1799-cu ildə atı Misirdən gətirmişdilər. At cəbhədə 8 dəfə yaralanmış, fransızların Moskvadakı məğlubiyyətini sahibi ilə bir yerdə yaşamışdır. Tarixi atın skeleti Londonun Ordu Milli Muzeyində saxlanılır.Əslində Marenqo Napoleonun şəxsi 130 atından biri idi.İngilis tarixisi Cill Xamilton Marenqoya kitab həsr etmişdi.
Rəssam Jak Lui Davidin çəkdiyi “Napoleon Sen-Bernard aşırımında” məşhur şəklini tanımayan yoxdur. Rəssam uzun illər bu möhtəşəm əsər üzərində çox işləmiş, surətlərini çəkmiş, ona həssaslıqla yanaşmışdır. Deyilənə görə, Napoleonun balaca boyuna münasib at o qədər də hündür olmamışdır.
Maraqlıdır ki, bir çox zəngin insanlar nədənsə rəssama sifariş verərkən öz obrazlarını atda oturan Napoleona bənzətmək istəyirlər. Görünür, çox adamın ürəyindən Napoleon olmaq keçir.Daha demirlər ki, şəkil çəkilməzdən əvvəl qəhrəmanı qaldırıb ata oturdublar. Sən demə, Napoleon tez-tez atdan yıxılırmış. Napoleonun atlarının şəxsi mehtəri Antuan Jardenin dediyinə görə, imperator atlara qarşı amansız idi. Onun döyüş atları çətin sınaqlardan keçməliydi. Atın başına, qulaqlarına qamçı vurulur, silahdan atəş açılır, gözləri qarşısında bayraq yellənirdi, bir sözlə, ata psixoloji təsir göstərilirdi. 1805-1815-ci illər ərzində döyüş cəbhələrində fransız ordusu beş yüz min at itirmişdi, onların arasında yaralanıb, şikəst olanları da vardı. Avropanın atçılıq sahəsinə Napoleon böyük zərbə vurmuşdu. Napoleon müharibədə uğursuzluqlar qazanmazdan əvvəl Marenqo atı buzlu yolda büdrəyərkən o, atından yıxılır. Bu hadisə ordunun sanki döyüş ruhunu zəiflədir, onu pis əlamət kimi qiymətləndirirlər.Tarixdən də məlumdur ki, Napoleon rusların strateji gücünün, şaxtalı təbiətinin qurbanı olur. Ömrünün son illərini “Müqəddəs Yelena” adasında sürgündə olarkən Napoleon kökəlmiş və xəstələnmiş, Kinq Corc adlı ata başqalarının köməkliyi ilə, çox çətinliklə minərdi.Tarixdə yaşayan məşhur şəkildə isə şahə qalxan at üstündə cəsarətli Napoleon, guya atı cilovlaya bilir. Dünyanı öz əsarəti altına almaq istəyən fransız imperatoru insan itkisi ilə yanaşı atların ölümünə səbəb olmuşdu. Romada qədimdə hər oktyabr ayında müharibə və bərəkət allahı Marsa atı qurban verərdilər. Çünki at fasiləsiz həyatın rəmzi kimi qəbul edilmişdi. Kəsilmiş quyruğunu qış fəslində qoruyardılar. Əslində bu müqəddəs qurban ayini ilə Bonapart kimi amansız sərkərdələrin insanlarla bərabər atları qurban verməsi arasında çox böyük mənəvi fərq var.
Canlıların həyatına qıymayan, insanlığa sığmayan qəddarların əməlləri təəssüf ki, tarixdə qanlı izləri ilə yaşayır. Bu qan heç vaxt tarixin yaddaşından silinməyəcək.
Qayıdaq məşhur fransıız rəssamı Jak Lui Davidə. İlk rəssamlardan biridir ki, 1799-cu ildə Luvr muzeyinin zallarından birində "Sabinyankalar" əsərinin nümayişini ziyarətçilər üçün pullu edir. Əsərə baxış 1 frank 80 santim idi. Bu yenilik birmənalı qarşılanmasa da beş il müddətində əsər böyük şöhrət qazanır, müəllif də kifayət qədər pul əldə edir. Həmin il Napoleon Bonapart tərəfindən Jak Lui David dövlətin rəsmi rəssamı statusunu alır. 1804-cü ildə isə imperatorun birinci rəsamı tituluna layiq görülür. Görünür, rəssamın təsvir etdiyi aşırımdakı qəhrəmanlığına, at belindəki cəsarətinə görə Napoleon kənardan özünə valeh olmuşdu. Bəlkə də bu əsərdən sonra imperatorun özünə inamı birə on artmışdı.
Bir başqa fransız rəssamı, imperator qvardiyasının zabiti Teodor Jerikonu da xatırlasaq yerinə düşər.Fransada romantik cərəyanın əsasını qoymuşdu. Atları çox sevirdi. Atları onun kimi təsvir edən az rəssam tapılar. Cıdır yarışmasında at çapmaqda mahir idmançı idi. Lakin bir gün atdan yıxılarkən beyni bərk zədələnir və bu, onun ölümünə səbəb olur. Atlarla döyüş səhnələrini əks edən yeddi əsəri Luvr muzeyində yerləşir. Bundan əlavə Teodor Jeriko "Azad atlar", "İki poçt atı", "Vəhş atlar", "Epsomda cıdır yarışı", "Şimşək zamanı at" şəkillərinın müəllifidir. Jeriko "Meduzanın istinadgahı" əsərini bitirdikdən sonra rəssam dostu Ejen Delakruanı emalatxanasına dəvət edir. Deyilənə görə, Delakrua dənizdə qəzaya uğrayan insanların faciəvi anlarını şəkildə görərkən dəhşətə gəlir və küçəyə çıxaraq, dayanmadan evinə qədər qaçır. Ejen Delakrua da dostu kimi yadda qalan əsərlərin müəllifidir. 1855-ci ildə onun məşhur "Atı mahmızlayan mərakeşli" əsəri bir çoxlarına tanışdır. "Mərakeşli şeyx at üstündə" şəklində təvazökar, utancaq ata az rast gəlmək olar. "Xiosda qətl" şəklində isə şahə qalxan atın gördüyü dəhşətdən üzündə dərin kədər rəssam tərəfindən qabarıq verilmişdir. "Gavurun paşa il təkbətək döyüşü" şəkilində də atların sahibi kimi döyüşkən ruhu əks olunub. Əsrlər boyu insanların həyatında əsas rol oynayan atların təsvirləri incəsənətdə özünəməxsus yer qazansa da, XX əsrdə müasir mövzular atları keçmişin qəhrəmanı kimi sıxışdırmağa başladı.
Sənaye inkişaf edəndən sonra şəhərlərdə atın özü yox, heykəlləri qalıb. Yadınızdadırsa, evlərdə neft lampaları yanan dövrdə şəhərin ilk ictimai nəqliyyatı konkalar idi. Arxiv materiallarında 1910-cu illərdən yadigar qalan nadir şəkillərdə Azneft dairəsində hərəkər edən konka, daha sonra konkanın üzərindəki "Vokzal- Bailov" lövhəsi onun marşrutunu əks edir. Bundan əlavə arxiv şəkillərində XIX əsrin sonlarında təcili tibbi yardım arabasına rast gəlmək olar. Atlar insanların sağlamlığının qorunmasında, mənzil başına çatdırılmasında, rahatlığında əvəzsiz köməkçidir.
Maraqlı faktdır ki, Peterburqda Putilov zavodunun layihəsi əsasında atların hündürlündə tuncdan yaradılan konka Vasiliostrovskaya metro stansiyasının yaxınlığında yerləşdirilmişdir. O konkanın sərnişinləri dünyalarını çoxdan dəyişib, görəsən, o dövrün insanlarının ilk heyrət və sevincini biz bu gün yaşaya bilərikmi? Əlbəttə, yox. Onların bizim həyat tərzimiz haqqında təsəvvürü olsaydı, bizi başqa planetin adamı zənn edərdilər. Burda bir az haşiyəyə çıxmaq istərdim. Fransız fantast-yazıçısı, karikaturisti Alber Robido haqda qısaca da olsa məlumat vermək vacibdir. (Leninin sevimli müəllifi idi.) O,1848-ci ildə Fransanın əyalətlərindən birində anadan olmuşdu. Robida XX əsrdə baş verəcək texniki inkişafı əvvəlcədən rəsmlərində təsvir etmişdi. Tank, aviasiya, əleyhiqaz, videotelefon, distant təlim, domofon, televizor, videomaqnitafon, texnogen faciələr, qadın polislər, hərbi müxbirlər, göydələn binalar və s.hadisələr onun şəkillərində elmi-fantastik əsərlərə bənzəyirdi. Birinci Dünya müharibəsində onun proqnozları gerçəkləşəndə, özünü ittiham edir, həyəcanlanır, daha gələcəyə şəkilləri ilə pəncərə açmaqdan ehtiyat edir.
Lakin etiraf edək ki, texnika sürətlə inkişaf etsə də, atın gücü müasir maşınların sürətində davam edir. 1872-ci ildə şotlandiyalı ixtiraçı-mühəndis Ceyms Vatt“at gücü” anlayışından ilk dəfə istifadə edir. Kömür mədənlərində yük daşıyan atları bir müddət müşahidə edəndən sonra bir atın 45 kiloqramlıq kömürü 1 saniyədə 1,11m. uzağa daşımaq imkanı olduğunu müşahidə etmişdi. İndi həmin at gücü ilə maşınlar öz gücünü nümayiş etdirir. Kimi avtoşluqla, kimi bahalı maşın markası ilə “sahib olduğu at gücünü” göstərir.
Oxuduğum maraqlı faktlardan da biri odur ki, hər gün bizim planetimiz günəş enerjisinin bir milyardlıq hissəsini alır. Günəş yer kürəsini yüz otuz trilyon at gücündə olan enerji ilə təmin edir.
Deyirəm ki, atda oturanla maşında oturan dünyaya eyni gözlə baxa bilərmi? “Dəmir dostlarımızın” qurbanlarının sayı durmadan artır. Şəhərdə bir neçə at gücündə işləyən maşınlara etibar yoxdur. Maşın insanı öz arzularının mənzilinə tez çatdıra bilsə də, o dünyaya daha tez çatdırır. Sürücü bir göz qırpımında həyatını itirir. Atın hissi, duyğusu güclüdür öz yiyəsini uçuruma yuvarlanmağa qoymaz. Təhlükəyə bir neçə saniyə qalmış olsa belə, dəmir nallarından od çıxar, yiyəsini vaxtında ölümdən qurtarar. Sözümün canı odur ki, ata etibar var, maşına isə yox. At üçün yol qaydaları yoxdur, amma maşın üçün var. Yol hərəkəti üçün bu qədər qayda-qanun mövcuddur, cərimələr təyin edilir, biz isə nədənsə maşının yerini atla səhv salırıq. Maşında at gücü var, amma özü, hissi yoxdur. Bunu bilməyə nə var ki...İlbəil küçələrdə artan maşınlar insanların sayını azaltmaqdadır.Bu məqamda ağıllı, etibarlı atları necə yada salmayım. Atı hərəkətverici poeziya adlandırırlar.
Hanı, Koroğlu kimi qəhrəmanlarımız at belində? Düzdür,o zamanda da hamının Qıratı olmayıb, amma ata minən hər kəs təbiətlə daha yaxın ünsiyyətdə olub. Atalar sözüdür, igid odur atdan düşüb atlana, çətinliyə qatlana. Qədim “Çovqan” yarışmasında cavanlar əsl igidlik, cəldlik göstərirdilər.Keçmişdə kişilər maşın pəncərəsindən başını çölə çıxarıb təbiəti seyr eləməyiblər.
Atlar öz taleyini sahibi ilə bölüşməyə hər an hazırdır. Eh, sadəlövh atlar, kaş ki, bizi daha yaxından tanıya biləydiniz...Bir tərəfdən də sevinirəm, nə yaxşı ki, Allahın yaratdığı canlı varlıq kimi Yaradanın qanunları ilə yaşayırsınız. Alimlərin fikrinə görə, at insan kimi yuxu görmək qabiliyyətinə malikdir. Görəsən, o yuxularda insanların atlarla ünsiyyətini necə dəyərləndirir?Deyilənə görə, atlar hər gün sübh vaxtı Allaha dua edir: “Ya Allah, Adəm övladlarına itaət etməyimi əmr etmisən, məni onların gözündə sevimli et.” Bir də deyirlər ki, cins atın olduğu həyətə şeytan girməz. At çox qürurlu bir varlıqdır. (Nədənsə ona heyvan demək istəmirəm.) O başqa atın qabağındakı yemin artığına toxunmaz, hər otu da xoşlamaz. Əgər yemində alaq otu olsa onu səliqə ilə ayırıb yeməz. Amma bir cəhəti də var ki, şəffaf suyu bulandırıb içər. Görəsən, suyun aynasında niyə görünmək istəmir. Bəlkə suda əksi onu qorxudur.O insana o qədər alışıb ki, özünü də insan kimi görmək istəyir...At özünə qarşı hörmətsizliyə davamsızdır. Özünə, necə deyərlər, cənab ata layiq olduğu diqqəti tələb edir.
Deyilənə görə, 25-30 il yaşayan at çox nadir hallarda uzun ömürlü olur. Məsələn, 1760-cı ildə doğulan Old Bill adlı at bir insan ömrü qədər, 62 il yaşamış, hal-hazırda Mançester muzeyində onun kəllə sümüyü saxlanılır. İnsanın ata, yoxsa atın insana olan böyük məhəbbətindən Old Bill bu qədər yaşaya bilib?
Nəzərinizə çatdırım ki, Quranın “Əl-Adiyyət” və “Əl-Bəqərə” surələrində atlar haqqında ayələr var. “Əl- Adiyyət” surəsinin 1-2 ayələrində deyilir: “ And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara. And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara”. Bu ayələrdən atın insan həyatında böyük əhəmiyyət kəsb etməsi üzə çıxır. Yoxsa, Xuan Mironun təsvir etdiyi ata nə minmək olar, nə də başına and içmək.
Quranın “Sad” surəsində isə Süleyman peyğəmbərin atlara olan sevgisindən bəhs edilir: “ (Bir gün) axşam üstü ona cins (bir ayağını dırnağı üstünə qoyub üç ayağı üstündə duran) çapar atlar göstərildiyi zaman. O, dedi “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tərifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim). (Süleyman dedi: “ Onları (atları) mənə qaytarın. (Atlar qaytarılıb gətirildikdən sonra )onların qıçlarını, boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdığı üçün onları qurban kəsib fəqir-füqəraya payladı.) (31-33)
Başqa versiyada isə Allah günəşı əvvəlki yerinə qaytarır ki, peyğəmbər vaxtında ibadət edə bilsin. Əslində Süleyman peyğəmbər müharibələr üçün atlar tərbiyə edib hazırlamağa böyük önəm verirdi.
Bir haşiyəyə çıxım. Deyilənlərə görə, cənnət əhli bir yerə toplaşandan sonra mələklər Allahın əmriylə nur saçan atların belində gələcəklər. Qızıl və bahalı daş-qaşla, zərif parçalarla bəşənmiş küləkdən sürətli gözəl behişt atları cənnət əhlinin qarşısında dayanacaqlar. Atlar bir göz qırpımında onları Allahın hüzuruna aparacaqdır. Cənnət əhlinin yerdəki nümayəndələri elə bilməsinlər ki, orada da hərə öz ünvanına çatmaq üçün köhnə, çirkli avtobuslara minəcək, düşəndə də gediş haqqını ödəyəcək. Pulsuz cənnət atları yolunuzu gözləyir, ey yerdəki cənnət əhli.
Qəribədir, atlar bizi sevib tanısa da deyəsən, biz onları axıra qədər tanımırıq. Məhəmməd peyğəmbərin(s.s.) hədislərində deyilir: “Atın alnında qiyamət gününə qədər xeyirxahlıq həkk olunub,” “Hər kim müqəddəs müharibədə ata hörmətlə yanaşmırsa o, riyakar insandır.” “Şərhul kifayət” kitabında qeyd edilir: “Atı rəqib tərəfə satmaq olmaz.O öz sahibini tanıyır, özgənin ona minməsinə icazə verməz.”
Elə atlar var ki, o da yiyəsi kimi cənnətə düşəcək. Onlardan biri imam Hüseynin sadiq dostu-Zülcanah adlı boz atıdır. Döyüş meydanında sahibi ilə tək qalan, onun şəhidliyinə sirdaş kimi ilk ağlayan odur. Zülcanahın belini əyən imamla ayrılığın ağır tənhalıq yükü idi. O son dəfə əziz sahibinin bədənini həsrətlə qoxulayıb qohumlarının yanına acı xəbərlə tək döndü. Onun kəkili sahibinin al qanına boyanmışdı. Zülcanahın o gündən ayaqları sanki yerdən üzüldü, üfüqlərə doğru çapdı və bir daha gözə görünmədi. İnsanın insana verdiyi zülm, ədalətsizlik atın da ürəyini qırıb sarsıtmışdı...
Yaxşı və pis insan var, lakin pisliyin daşını atıb yaxşılığı, nəcibliyi atlardan öyrənmək ayıb deyil. Məhəbbətin öz gizli dili var- nəvaziş, qayğı və fədakarlıq. O bizimlə bu dildə danışır. Atlar öz yiyəsini yorulmaz məhəbbətlə sevir. Sahibinin səsini, nəfəsini yüz insanın içində seçə bilir.
Deyirlər, ata qırmanc almaq yox, ot vermək lazımdır, o, hər hansı bir təhlükə anında bizi xilas edə bilər. O öz kasıb tövləsində yatanda da ayaq üstə yatır, həmişə insanın köməyinə hazır olan təmənnasız dost kimi...
Atları çox yorub incitməyin. Yorğun atları güllələməyin, cənablar!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM