Yazıçı-publisist
Mən uzun illərdir ki, jurnalistika sahəsində bir xanım tanıyıram. Əvvəllər bu tanışlıq mənə adi görünsə də illər ötəndən sonra, əlaqələrimiz sıxlaşdıqca onu daha yaxından tanımağa başladım. Onun hündür qaməti, gözəlliyi ilk baxışdan insanı özünə cəlb etsə də, lakin onunla tanışlıq səni başqa mənəvi dünyalara aparır. Orda da real həyat var, fəsillər bir-birini əvəz edir, insanlar yazıb yaradır, hərə öz taleyini yaşayır.Bu istedadlı xanım yazdığı dahi qəhrəmanları elə bil lap yaxından tanıyır, onlarla ünsiyyət qurur. Dahi insanlar da sanki əsrlərin yuxusundan oyanır, onların qəlb qapısını döyən xanımı tanıyırlar: “Salam Reyhan xanım. Yolunu çoxdan gözləyirdik. Bizi duyan, fikirlərimizi bölüşən insanla söhbət etmək üçün yaman darıxmışıq. Siz həyatımızdakı hətta unutduğumuz hadisələri, bəzi tarixləri yada salır, xatirələrimizə ikinci həyat bəxş edirsiniz. Yaxşı ki, varsınız.” Bəli, dahilərlə “danışan” xanım məni də heyrətdə qoyur. Gecəsi gündüzünə qarışan Reyhan xanım XXI əsrin gərginliyinə, bir çox qayğılara baxmayaraq, geriyə-dahiləri ilə seçilən, yadda qalan zamanlara, ayaqları dəyməyən torpaqlara, mənəviyyat dünyasının üfüqlərinə doğru can atır. Belə bir aforizm var: “Başqalarının həyatına işıq salanlar heç vaxt nursuz qalmazlar.” Haqqında fikirlərimi böyük həvəslə bölüşmək istədiyim xanım tanınmış publisist-politoloq Reyhan Mirzəzadədir. Dahilər onu çox düşündürür...
Həyatını, taleyini xalqına, elmə, yaradıcılığa həsr edən dahi şəxsiyyətlər haqqında yazmaq o qədər də asan deyil, nə qədər axtarış, araşdırma tələb edir. 2016-cı ildə “Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi” adlı publisist kitabı ilə yaxından tanışam. Kitabda müxtəlif illərdə mətbuat səhifələrində çap olunan məqalələri toplanmışdır. Onlardan bir neçəsinin adını çəkmək istərdim. “Mehriban Əliyeva: “Mən kitab adamıyam””, “Birinci xanımın azərbaycançılıq məfkurəsi”, “Bəşərin ölməz dühası, həqiqi insan aşiqi”, “Babaların vətənpərvərlik məfkurəsi”, “Ürəklərdə əbədi məşəl yandıran insan”, “Mir Cəlal və Lev Tolstoy”, “Xalqın əziz oğlu”, “Böyük ədibə məhəbbətlə” və başqaları. Sözün düzü, Reyhan xanımın istedadıyla yanaşı, zəhmətsevərliyinə, fədakarlığına qibtə etməyə bilmirsən. Qısa müddət ərzində onun rus ədibləri haqqında geniş, zəngin sənədlər, məlumatlar toplayıb onlarla həmsöhbət, həmsirdaş olmağın özü yüksək mənəviyyatın, qələmə olan hədsiz məhəbbətin təzahürüdür. A.Puşkin, N. Nekrasov, L.Tolstoy, V.Jukovski, Qoqol, Yesenin və başqaları haqqında araşdırmaları ilə diqqəti cəlb edən Reyhan xanım həmçinin qardaş xalqlar, islam haqqında yazıların da müəllifiidr. Bu yazıda onun yaradıcılığını tam əhatə edə bilmədiyimiz üçün əsasən rus klassiklərinin həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunmağa çalışacağıq.
Adlarını çəkdiyimiz dahi rus sənətkarlarından A.Puşkinə həsr etdiyi “...Şeiriylə dolaşdı yer kürəsini : Puşkin Rusiyanın şair balası...” yazı şairin vəfatının 180 illiyinə həsr edilib.Nə qədər ki, dünya durur, bu dahi şair seviləcək, onun ədəbi irsi təhlil ediləcək, yeni-yeni nəsllər öz dövrünün gözü ilə şairi tanıyacaq. Puşkinin həyat və yaradıcılığı yaşadığı əsrə yeni məna verəcəkdir.
Azərbaycanın bir çox ziyalıları, şairləri onun ədəbi irsinə müraciət etmiş, tərcümələri ilə Azərbaycan və Rusiya ədəbiyyatında qarşılıqlı əlaqələrin inkişafına istiqamət vermişdir. Əhməd bəy Cavanşir, Rəşid Əfəndiyev, Firudin bəy Köçərli, M.R, Əfəndizadə, S.Vurğun, M.Dilbazi, M.Rahim, R.Rza, B.Vahabzadə və başqaları Azərbaycan oxucularını Puşkinin poemaları, nağılları ilə yaxından tanış etmişdir.1880-ci ildə Moskvada Puşkinin abidəsinin açılışı ilə əlaqədar S.Ə.Şirvani ona şeir həsr etmişdi.
Görkəmli yazıçı Elçinin “XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər” məqaləsinə diqqət yetirək: “...Rusiyada xüsusən Azərbaycan-Rusiya əlaqələri kontekstində iki Rusiya var idi: I Pyotrdan üzü bu tərəfə müstəmləkəçi Rusiya imperiyası və həmin imperiyanın fəsadları- bu, bir Rusiyadır, Puşkin, Qoqol, Lermontov, Belinski, Gertsen, Dostoyevski, Çaykovski, Lev Tolstoy...-bu isə ikinçi Rusiyadır və biz ikinci Rusiyanın Azərbaycanla bağlı böyük mütərəqqi rolunu qeyd etsək...bu fikrin əsas müttəfiqi həqiqətdir.” Bəli, bu həqiqətdir. Arzu edərdik ki, dövlətlər arasında müharibələri siyasət, silah deyil, şairlərin sülhpərvər şeirləri xalqları dinc və əmin-amanlıq içində yaşamağa kömək etsin. Tarixə nəzər salanda belə qənaətə gəlirsən ki, yazıçı və şairlər həmişə xalqının önündə olmuş, azadlıq uğrunda müstəmləkəçiliyə, zülmə qarşı haqq səsini qaldırmaqdan çəkinməyiblər. Məqalədə məhz bu istiqamətə fikirlərimizi yönəldəcəyik. Bu işdə Reyhan xanımın məhz bu nəcib missiya ilə yazdığı məqalələr bizə kömək edəcəkdir. Xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsi uğrunda təbliğat vasitələrindən istifadə etmək heç vaxt gec deyil!
Reyhan xanım məqaləsində Rusiyanın başqa şairləri kimi Puşkinin çar üsuli- idarəsinə qarşı etirazını, tələblərini belə qələmə almışdır: “Puşkin tələb edirdi ki, rus qulluqçu ziyalılar tarixi, iqtisadi elmləri dərindən öyrənmək əsasında siyasi tərbiyə məktəbləri keçsinlər, vətənpərvərlik ruhunda tərbiyə alsınlar. Lankastr təhsil sistemi haqqında dekabristlərin rəyi ilə razılaşan Puşkin, ilk növbədə vətəndaş tərbiyə etmək ideyası əsasında hərbi və ruhani tərbiyənin kökündən dəyişilməsini tələb edirdi...” Müəllif daha sonra qeyd edir: “Puşkin orjinal milli şair kimi yetişərkən sənətin və poeziyanın böyük xalq işi olduğunu dərk edir və öz yaradıcılığında bu cəhətə xüsusi olaraq diqqət edirdi. Qorki yazırdı: “Puşkin ilk olaraq hiss etmişdir ki, ədəbiyyat birinci dərəcəli əhəmiyyətə malik olan ümummilli bir işdir...O, birinci olaraq ədəbiyyatçının adını və şərəfini o zamana qədər mümkün olmayan bir yüksəkliyə qaldırmışdır, onun nəzərində şair xalqın bütün arzu və istəklərinin ifadəçisidir, həyatın bütün hadisələrini anlayıb əks etdirmək şairin vəzifəsidir.”
Reyhan xanım Azərbaycan şairlərinin Puşkin yaradıcılığına dərin məhəbbətini diqqətə çəkir. Azərbaycan və Rusiya ədəbi əlaqələrin inkişafı həmişə aktual məsələlərdən biridir. “Bu gün də nəsl-nəsl insan Puşkinin poeziyasından cəsarət, həqiqət, məhəbbət və nifrət dərsi almağa qadirdir.Bu fikirlərini Rəsul Rza elə özünün “Böyük sənətkar” şeirində də ifadə edir:
Sənin hər sözündə, hər bir sətrində
Böyük rus qəlbi var, rus ruhu vardı,
O nəcib könlünün saf tellərində
Qardaşlıq nəğməsi dalğalanardı.
“Bəxtiyar Vahabzadə isə Puşkini həm şair, həm bəstəkar, həm də rəssam adlandırırdı: “...O, son dərəcə adi və sadə sözlərlə həm rəsm çəkir, həm də rəsmin nəğməsini yaradır”. Əslində Puşkini rus ədəbiyyatında poeziyanın feli adlandırırlar. Onun çılğın, emosional təbiəti nəinki yaradıcılığında, ictimai-siyasi hadisələrdə də, haqsızlığa qarşı mübarizələrdə də özünü qabarıq göstərirdi. Puşkinin dueldə iştirakı da çılğınlığına dəlalət edirdi, düşmənlər isə onun bu xüsusiyyətindən yararlana bilmişdilər. Lakin dünya ədəbiyyatında onun poeziyasının günəş parıltısını zaman azaltmaq iqtidarında deyil. Ədəbi üfüqlərdə parlayan şairlər dünyasını dəyişsələr də quş qanadlı şeirləri əsrlər boyu yaradıcılığının zirvəsində yuva qura biləcəkdir. Reyhan xanım şairə olan heyrət və məhəbbətini öxucularla böyük şövqlə bölüşür, fikirlərin şeir dəryasında incilər toplamaqdan yorulmur, böyük zövq alır. O,Puşkin haqqında Azərbaycan şairlərinin tərcümələrindən söz açır, ona həsr olunan şeirləri təqdim edir. Əlbəttə, təkcə Puşkin deyil, başqa dahi rus klassiklərinin də yaradılığında, həyatında kənar müşahidəçi deyil, sanki iştirakçı kimi çıxış edir. Puşkinin “Böyük Pyotrun ərəbi” əsərində belə bir deyim var: “Dahi insanın fikirlərinin izinə düşmək ən maraqlı elmdir.” Reyhan Mirzəzadə də bu maraqlı elmin fədaisidir.
“Şeiriylə dolaşdı yer kürəsini: Puşkin Rusiyanın şair balası” məqaləsində yazır: “Məmməd Rahimin xatirələrində S.Vurğunla əsərin tərcüməsi barədəki söhbəti xatırlayıram. Orada belə məqamlar var: “ Rahim, sən bilirsən ki, “onegenskaya strofa” dünyada məşhurdur...Bütün poemanı bu şəkildə yalnız dahi sənətkar Puşkin başa vura bilərdi. Mən həmin formanı saxlamaq istəyirəm. Güman edirəm ki, tərşümənin məziyyətlərindən biri də bu ola bilər. Əlbəttə, bu, dəhşətli bir zəhmət istəyir.” Buna qısaca açıqlama vermək istərdim. “Onegin strofası”ndan ilk dəfə Puşkin “Yevgeni Onegin” əsərində istifadə etmişdi. Strofa on dörd şeirdən ibarətdir. Son iki şeirin strofasına aforistik yaxud ironik fikirlər daxil edilir. Strofanın özünəməxsus rifma sxemi mövcuddur. Bu şeir formasından bir çoxları istifadə etmiş, M.Lermontov da “Tambov kaznaçeyi” poemasında qeyd etmişdi ki, “Onegin ölçüsündə yazıram.”
Reyhan xanım Puşkinin yaradıcılığına müraciət edən şairlərimizin şeirlərini təqdim edir. Əslində bu, böyük zəhmət tələb edən bir axtarışdır. Oxucular onlarla yaxından tanış olurlar: “Cəfər Cabbarlı, Nəbi Xəzri, Əliağa Kürçaylı, Gəray Fəzli, Tofiq Mütəllibov, Qabil, Cabir Növruz və başqaları. Məqalədə Abasqulu Ağa Bakıxanovun Puşkinin özü və ailəsi ilə yaxın tanışlığı da diqqəti cəlb edir. Reyhan xanım Puşkinlə bağlı təhlillərində hadısələrin ardıcıllığını qoruyur, onu şair kimi yüksək qiymətləndirən görkəmli şairlərin də adlarını çəkir, şairi vəsf edən şeirlər təqdim edir. Məqalədə oxuyuruq: “ Puşkin irihəcmli əsərlər yazmağa hələ liseydə təhsil alarkən başlamışdı. “Ruslan və Lyudmila” poeması liseydə yaranmışdı. Puşkin yeni romantik poeması ilə saxta və yalançı klassizmə ağır zərbə vururdu...Jukovski poemanı oxuduqdan sonra öz şəklini Puşkinə göndərmiş və şəklin arxasında bu sözləri yazmışdı: “Məğlub olmuş şairdən qalib gəlmiş şagirdə”. Qalib gəlmiş şagird isə düşmənləri getdikcə daha güclü misralarla “nişan”alırdı.”
Puşkinin dahiliyi onda idi ki, dünya mədəniyyətindən, şərq fölklorundan yaradıcılıqla istifadə edə bilirdi. Məsələn Qurani-Kərimdə “ƏL İnşirah” surəsi onun “Peyğəmbər” adlı şerində öz həqiqi əksini tapıb. Onun son bəndlərini təqdim edirik:
Sonra bir qılıncla köksümü yarıb,
Titrək ürəyimi ordan çıxarıb,
Yerinə köz qoydu, alışan bir köz,
Dedi: “Bundan belə bu ağrıya döz.”
Qaldım meyid kimi kimsəsiz düzdə.
Tanrı dilə gəldi başımın üstdə:
“Oyan, ey peyğəmbər, həm gör, həm eşit,-
Mənim istəyimlə get dolan rəşid.
Sən ellər dolaşıb, dənizlər adla,
Bəşər ürəyini sözünlə odla!”
Bir məsələyə də toxunum ki, Reyhan Mirzəzadə Rus və Azərbaycan yazıçı və şairlərinin yaradıcılığında bəşəri duyğuların axtarışındadır. Təsadüfi deyil ki, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin yaradıcılığına xüsusi yanaşır. Mən Reyhan xanımın Mir Cəlal müəllimə olan böyük ehtiram və diqqətinin şahidiyəm. Yazıçının qələmə aldığı elmi məqalələrin mövzusunda rus klassiklərinin yaradıcılığı mühüm yerlərdən birini tutur. Bu mənəvi yaxınlıq Reyhan xanıma rus klassiklərinə müraciət etməkdə Mir Cəlalın məqalələri istiqamət vermişdir. Məsələn, “Mir Cəlal və Rus ədəbiyyatı” məqaləsində Puşkin,Qoqol,Çexov, Qorki, Şoloxov kimi sənətkarların yaradıcılığı öz əksini tapmışdır. Məqalədə deyilir: “Mir Cəlalın rus yazıçı və şairlərinin yaradıcılığına həsr etdiyi çoxsaylı məqalələri onun zəngin rus ədəbiyyatı tarixinə dərindən bələd olduğu, bu barədə xeyli əsaslı tədqiqatlar apardığını göstərir.” “Mir Cəlal və Lev Tolstoy” yazısında isə toplanan maraqlı faktlar gənc oxuculara Tolstoy haqqında zəngin məlumatlar verir. Xüsusilə, Mir Cəlalın istedadlı alim kimi Tolstoy haqda yazdığı fikirlər bu gün də bizim üçün çox dəyərlidir. Reyhan xanım məqalədə qeyd edir: “Heç bir sənətkar insan qəlbinin sirrlərindən Tolstoy qədər agah olmamışdır.O, sözün həqiqi mənasında insan qəlbinin ustadı idi.Bu barədə Mir Cəlalın qeydlərinə diqqət yetirək: “Sənətə müqəddəs iş kimi baxan Tolstoy deyirdi: “Ancaq o zaman yazmaq lazımdır ki, hər qələmi mürəkkəbə batıranda, orada bir parça ət qoyursan” Doğrudan da Tolstoy sənətə həyatını vermişdi. O, deyirdi: “O, adam ki, qayəsi şəxsi səadətdir, axmaqdır, o adam ki, qayəsi başqalarını təqliddir, o, zəifdir.O adam ki, başqalarının səadətidir, xoşbəxtdir!” Reyhan xanım yazısında Dahi yazıçının şəxsi ləyaqətini, həssas, sadə qəlbli bir ziyalı olmasını kövrək hisslərlə qələmə alır. Çünki bəzi yazıçılardan fərqli olaraq o, zəngin, mürəkkəb həyat yolu keçmiş, düzgünlüyü həyatı boyu ən böyük siyasət bilmişdi. Reyhan bu haqda yazır: “İnsan amili və həyatı tərəqqipərvər, genişürəkli, yazdıqları ilə əməlləri vəhdət təşkil edən yazıçını bir an rahat buraxmırdı. Bu faktları mənbələrdən araşdıranda xeyli kövrəlmişdim. 1882-ci ildə Tolstoy Moskvada əhalinin siyahıya alınması tədbirlərində könüllü iştirak etmişdi...O, kasıblara kömək etmək, onları işə düzəltmək, uşaqları məktəbə yazdırmaq, yurdsuzlara sığınacaq düzəltmək istəyirdi.Bu problemlərlə bağlı mətbuatda və Şəhər Dumasında məsələlər qaldırırdı.” Yazıda verilən təhlillərin hamısını qeyd etmək imkanımız olmadığı üçün təkcə onu bildirim ki, Mir Cəlal Tolstoyu çox sevirdi. Onun da təbiətində dahi Tolstoy kimi müsbət cəhətlər çox idi, xalqına, tarixinə, mədəniyyətinə çox bağlı idi. O, “Dahi sənətkar”, “Lev Nikolayeviç Tolstoy”, “Böyük rus ədibi”, “Dahi söz ustası” və s. məqalələrin müəllifi idi. Reyhan xanım məqalədə Azərbaycanda rus klassiklərinə olan maraq və istəyi belə ifadə edir: “Mir Cəlalın bu barədə yazdıqlarından: “...1903-1904-cü illərdə “Şərqi-rus” qəzetində ədibin iki hekayəsi (“Buğda dənəsi”, “Zəhmət, ölüm və naxoşluq”) tərcümə və nəşr olunmuşdur. Tolstoyun 20-dən çox hekayəsi Azərbaycan dilində kitab şəklində buraxılmışdır. “İnsana çoxmu yer lazımdır?”(1908), “Tanrıyamı, Harunamı xidmət etməli?!”(1907), “Qafqaz əsiri” (1912), “Fransuaza”(1912) və s. Tolstoyun hekayələri oxucular arasında tez yayılır və şöhrət qazanırdı. “Qafqaz əsiri” bir neçə dəfə nəşr olunmuşdur. Həsənbəy Zərdabi Tolstoyla şəxsən yazışırdı...Cəlil Məmmədquluzadə Tolstoyun yaradıcılığındakı xalqçılıq, həqiqətpərəstlik və sənət məharətini, tənqid meyllərini alıb təbliğ edirdi. Təsadüfi deyil ki, o, böyük ədibin, ancaq kəndli və torpaq məsələlərinə aid olan hekayələrini o zaman çalışdığı “Şərqi-Rus” qəzetində nəşr etmişdir.Bu hekayələrdən birini isə özü sadə xalq dili ilə tərcümə etmişdir.Tolstoyun xalq jurnalı nəşr edənlər üçün yazdığı məsləhətləri (aşağı təbəqələrin anlayacağı sadə bir dildə yazmaq) Cəlil Məmmədquluzadə öz jurnalında əməli olaraq tətbiq edirdi.””
“Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir” məqaləsi də Reyhan xanımın bu görkəmli ədib, alim haqqında növbəti yazılarından biridir. Reyhan xanımın Mir cəlal Paşayevlə bağlı apardığı araşdırmalar inanıram ki, ən maraqlı elmi işlərin mövzusu ola bilər. Bəlkə də vaxt gələcək onun yazıları öz həqiqi dəyərini alacaqdır. Çünki Reyhan xanım yazdığı qəhrəmanları öz doğması kimi sevib onlarla daha yaxından tanış olmaq üçün hər bir çətinliyə, vaxtsızlığa sinə gərən mərd bir xanımdır. Azərbaycançılıq məfkurəsini qəlbində yaşadıb, ona sadiq olmaq Reyhan xanıma xas cəhətdir. Məqalədə oxuyuruq: “Milyon-milyon insan könlünün və xalq ruhunun tərcümanı olan Mir Cəlal Paşayev həm yazıçı, həm də ədbiyyatçı alim kimi öz əsərlərində dünyanın müxtəlif xalqları ilə bərabər müsəlman milləti və dövlətlərinin tərəqqisi barədə də düşünmüş və yazmışdır...”
Digər rus şairi Nekrasovun anadan olmasının 195 illiyi münasibəti ilə “Rus ədəbiyyatının böyük klassiki-Nekrasov” adlı yazı şairin doğulduğu zamanın kəşməkeşlərindən keçməsindən, onun mübariz ruhundan, mənəvi əzablarından bəhs edir. O, tarixə müdaxilə etmir, baş verən real hadisələri olduğu kimi qələmə alır. N.Nekrasov dahi şair, dramaturq, jurnalist, tənqidçı, mübariz ictimai xadim kimi oxucularda böyük maraq doğurur. Reyhan xanım yazır: “Nikolay Alekseyeviç Nekrasov Dostoyevskinin dediyi kimi, sözün həqiqi mənasında Rusiyada vətəndaş poeziyasının bayrağını yüksəklərə qaldırmışdır. “1848-ci ildə Nekrasov vaxtı ilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsini icarəyə götürdü. Onun yorulmaz fəaliyyəti nəticəsində jurnal qısa müddətdə inqilabçı demokratların mübariz orqanına çevrildi. Gertseni, Çernışevskini, Turqenevi, Dobrolyubovu, Qonçarovu, Şedrini, Dostoyevskini, Tolstoyu və bir çox başqalarını “Sovremennik” jurnalında çap edən və xalqa tanıtdıran məhz Nekrasov idi.” “Mir Cəlal və Tolstoy” məqaləsində deyilir: “Tolstoy Maksim Qorkinin dediyi kimi, başdan-başa bir dünya idi. O, hər tərəfə nəzər sala-sala 60 il Rusiyanı dolaşmışdı.””
Reyhan xanımın Nekrasovla bağlı geniş yazısını təhlil etsək çox vaxt apara bilər. Əvvəldə qeyd etdiyimiz kimi, ancaq Azərbaycan-Rus ədəbi əlaqələrlə bağlı məsələlərə toxunacağıq. Hər bir yaradıcı insan öz dövrünün, məhkum olduğu taleyinin əsərlərini ərsəyə gətirmiş, ictimai hadisələrlə bağlı onun məqsəd və mübarizəsi səngimək bilməmişdir.Əsl sənətkar sanki pərvanə kimi alovun içində qanadlarını yandırmaqdan belə çəkinmir. Məqalədə qeyd olunur: “O, kiçik yaşlarından burlakların kədərli mahnılarını dinləyir, Sibir sürgününə göndərilən ayağı qandallı dustaqların əzab-əziyyətləri onun uşaq qəlbində təəssüf dolu acı izlər qoyurdu. Atasının ailədə olduğu kimi, təhkimli kədlilərlə də kobud rəftarı ömrü boyu Nekrasovun hafizəsindən silinməmişdi...Onun ürəyində zadəgan zülmünə, əxlaqına, rüşvətxor çar çinovniklərinin bürokratizminə, pozğun mənəviyyatına, hakim siniflərin murdar və ənənələrinə dərin bir nifrət hələ gənc yaşlarından oyanıb kök salmağa başlamışdı.” “Ömrünün 14 ilini “Rus elində kimin günü xoş keçir” poemasının yazılmasına həsr edən şair burada rus xalqının islahatdan əvvəl və sonrakı həyatının geniş və dolğun mənzərəsini yaratmışdır...Onun bütün yaradıcılığı istər XIX əsrdə, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanda realist ədəbiyyatın və ictimai fikrin inkişafına müsbət təsir göstərmişdir.”
Reyhan xanım daha sonra yazır: “Böyük nasir və dramaturqumuz Cəlil Məmmədquluzadə 1908-ciildə “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi “Filosoflar”əsərində qadın, ana hüququnu müdafiə edib, azadlıq uğrunda mübarizədə qadınların da böyük və sarsılmaz qüvvəyə malik olduğunu qeyd edərkən Nekrasovun “Rus qadınları” poemasındakı Volkonsaya və Trubetskaya obrazlarını, onların fədakarlığını, cəsurluğunu və sədaqətini misal gətirmiş...C.Məmmədquluzadə bütün Azərbaycan yazıçılarını Nekrasov yolu ilə getməyə, Azərbaycan qızlarının Volkonskaya və Trubetskaya kimi inqilabi ruhda tərbiyə olunmasına həsr edilmiş şeiürlər yazmağa çağırırdı.1910-cu ildə “Bakı” qəzeti Nekrasovun sağlığında nəşrinə icazə ala bilmədiyi “Rus elində kimin günü xoş keçir” əsərində epopeyanın qəhrəmanı Qriqori Dobrosklonovun mahnılarının Yaroslavlda artıq nəşr edildiyini sevinclə oxuculara xəbər verirdi...A.Səhhətin sayəsində Azərbaycanın böyük inqilabçı şairi Mirzə Ələkbər Sabir Nekrasovun və digər rus klassiklərinin irsi ilə tanış olmuşdur. Sabirin realist poeziyası, xüsusilə onun kəskin satirası öz ideya və məzmununa görə Nekrasov poeziyası ilə üst-üstə düşür. Nekrasova aid olan “kədər və intiqam” şairi devizini Sabirə də şamil etmək mümkündür.
“Nekrasovun Peterburqda məzarı önündə deyilən fikirləri xatırlayaq: “Nekrasovun məzarı ətrafında tikanlar bitə bilməz” bu, Nekrasovun böyük şəxsiyyət, humanist şair, xalqının uğrunda qurban getməyə hazır olduğunu bir daha sübut edir.
Bir haşiyəyə çıxım. Abbas Səhhət nəinki şair, həm də tərcüməçi kimi Azərbaycan oxucularını görkəmli rus şairlərinin şeirləri tanış etmişdi. Krilovun, Puşkinin, Lermontovun, Çexovun, Nekrasovn, Fetin yazılarını tərcümə etmişdir. Ümumiyyətlə, rus klassikləri XX əsrin Azərbaycan ədiblərindən Ə.Şərif, M.Arif, M.Rəfili, M.Rzaqulizadə, C.Xəndan və bir çoxlarının tərcümələrində rus koloriti, ovqatı qorunmuşdu. Çünki Rusiya və Azərbaycan tarixində paralell əlaqələr çoxdur. Çar Rusiyasında, sovet dövründə də beynəlmiləlçilik ruhu yaşayırdı ədəbiyyatımızda...
Reyhan Mirzəzadənin N.Qoqolun vəfatının 165 illiyi münasibəti ilə qələmə aldığı yazı inanıram ki, oxucularının böyük marağına səbəb olacaqdır. “Qoqolun yaratdığı surətlər həyatı qədər ölməzdir” yazısında Qoqolun möhtəşəm abidəsi ucalır. Əslində Qoqolun həyatı və yaradıcılığı haqqında yazmaq bir o qədər də asan deyil. Nekrasov və başqa rus yazıçı və şairləri kimi o, da öz yaşadığı cəmiyyəti, hakim dairələri tənqid edirdi. O, yazır: “ Rusiya, Rusiya!.. Niyə sənin hər yerində üfüqlərdən-üfüqlərə, dənizlərdən-dənizlərə yayılan qəmli nəğmələrin eşidilir? Bu nəğmələrdə çırpınan nədir?..Ey Rusiya! Niyə səndə hər şey intiizar dolu gözlərini mənə dikmişdir? Mən hələ də heyrət içində hərəkətsiz durmuşam. Başımın üstünü isə yağış dolu buludlar alıb, sənin ənginliyin qarşısında fikirlərin donub qalmışdır. Bu ucsuz-bucaqsız ənginlik nələr olacağınımı xəbər verir?” “Qoqol haqqında ilk dəfə mətbuatda çıxış edən Puşkin olmuşdu...Qoqol hələ ilk əsərləri ilə həm qüdrətli, orijinal bir sənətkar, həm də böyük bir vətəndaş kimi Puşkinin diqqətini cəlb etmişdi...Puşkin Qoqol haqqında yalnız yazmaqla, onun istedadını qiymətləndirməklə kifayətlənmədi. Böyük şair gənc yazıçının yaradıcılığını böyük bir müəllim kimi izlədi. Qoqolla dostlaşdı, onu yeni, daha böyük əsərlər yazmağa həvəsləndirdi. “Müfəttiş” və “Ölü canlar” kimi ölməz əsərlərin süjetini Qoqola Puşkin verdi.” Bir şeyi dəqiq bilirəm ki, Qoqolun mürəkkəb, qeyri-adi təbiəti, yaradıcılığı Reyhan xanımı həm sarsıtmış, həm də təsirləndirmişdi. Çünki hər yazıdan sonra o, yazıçılar haqqında ayrıca təəssüratını mənimlə dərindən bölüşürdü. Onun yanğıyla dediyi sözlərdə yaşadığı zamanda özünü tapa bilməyən dahi sənətkarlara qarşı bir doğma qayğı dolu hisslər duyulurdu. Qoqolun mənəvi tənhalığı, yaşadığı zamandan kənarda düşünüb yaşaması, ictimai-sosial həyatın nə qədər cansıxıcı, yeknəsəq olması öz real əksini əsərlərində tapmışdır.
“Vurğunam Bakıya ona görə ki, qoynunda Yesenin inci yaratdı” yazısı şairin vəfatının 90 illiyinə həsr edilib. Gördüyünüz kimi, Reyhan xanım görkəmli insanların doğum gününü və dünyalarını dəyişmə tarixlərini diqqətlə, həssaslıqla izləyir.
Yazı səni Köhnə Bakını, Mərdəkanı şairlə qoşa addımlamağa, onunla birgə Cabbar Qaryağdıoğlunun muğamat məclisində iştirak etməyə sövq edir.Yesenin fərqli həyat, düşüncə tərzi ilə yaxından tanış olandan sonra, şərq koloritinə yüksək qiymət verir. Deyilənə görə, Yesenin Şağan kəndində təşkil edilən “Füzuli” məclisində, aşıqların tədbirlərində iştirak etmişdir. O, musiqiçiləri dinləyəndən sonra deyir ki, burada o qədər müdriklik var ki, bütün şərqə, bütün Rusiyaya yetər.” Bakının qonaqpərvərliyindən doymayan şair ayrılıq ərəfəsində yazır:
Əlvida, Bakı! Mavi türk səması, əlvida,
Qüvvədən düşürəm mən, damarımda donur qan.
Mən bir səadət kimi aparram məzaracan,
Balaxanı mayını, Xəzər dalğasını da.
Reyhan xanım məqaləsində yazır: “...Yesenin Cabbarın şərəfinə bədahətən şeir deyir. Onu “Şərq musiqisinin peyğəmbəri adlandırır. 1925- ci ilin yayında Çaqin Yesenini bağ evinə aparır. Bura doğrudan da əsl İran illyuziyası idi. Yekə bağ, fəvvarələr, hər cür şərq əyləncələri-əsl İran idi.O, burada arvadı Sofiya Andreyeva ilə yaşayır və yaradıcılıqla məşğul idi...Xəzərin mavi dalğalarına, Bakının füsünkar gecələrinə məftun olan şair: “Bakının lampaları ulduzlardan gözəldir,-deyə Bakıya olan munis duyğularını şeiryyətə çevirirdi...Rəsam R.Mehdiyevin gözəl və maraqlı bir əsərində Sergey Yesenin Əliağa Vahidlə bir qəzəl məclisində təsvir olunub...Hüseyn Nəcəfovun “Balaxanı mayı” adlı kitabında Əliağa Vahidlə Sergey Yesenin aşıq məclisinə dəvət olunur.”
Reyhan Mirzəzadə rus şairinin şərq aləmində tapdığı yeni bir dünyanı, yeni nəfəsi, yeni sevgiləri böyük məharətlə araşdırır, hətta bu tarixi xatirələr onu dərindən kövrəldirdi. Çünki özü də Yesenini şeir, muğamat məclislərindəki böyük həvəslə iştirak etməsini təsəvvür edir, inanır ki, qonaqpərvər xalqımıza o, əsl qiyməti verə bilmişdir. Məhəbbət Allahın insanlara verdiyi ən gözəl və saf bir nemətdir. Dilindən, dinindən asılı olmayaraq o geniş qəlbli insanların ruhunda qanadlanır, yaşayır. Şərq günəşinin öz işığı və hərarəti var. Bəlkə hərarətli şərq günəşinin vətənində yaranan şeirlər, əsərlər, səhra qumlarını yandıran Leyli və Məcnun məhəbbəti Yeseninin qəlbinin dərinliklərində yaşayırdı.
“Bütün Şərq dünyasına poetik şair sevgisi ilə yanaşan Yesenin “İran nəğmələri” ilə Şərq klassiklərinə nə dərəcədə bağlandığına yazımın əvvəlində toxunmuşdum...Şair öz əsərlərində tez-tez Firdovsinin, Səidinin, Xəyyamın adlarını çəkir və bəzən düşüncələrində onlara istinad edirdi. Məhəmməd peyğəmbərdən, Qurandan danışır...Bülbülün nəğməsini, qızılgülün ətrini, pərinin gözəlliyini vəsf edir, kamanı dinləyir, tütək səsinə qulaq asırdı.” Yazılarında Bakı, Şuşa, Mərdəkan, Tiflis, Batumi, Tehran, Təbriz, Xorasan, Bosfor, Bağdad, Şiraz və başqa yer adlarına rast gəlmək olar.
Məqalədə Yeseninin çılğın təbiətinin hardan qaynaqlandığını Qorki böyük məharətlə belə əsaslandırır: “Yesenin yüz minlərlə insanların fəryad və iniltisi idi, o, köhnəliklə yeniliyin barışmaz nifaqının parlaq və dramatik simvolu idi.” Bu cəhətdən şair hakimiyyət dairələri üçün arzuolunmaz şəxsiyyət kimi daim nəzarət içində saxlanılırdı. Onun ölümü də bu günə qədər araşdırılır, həqiqətin üzə çıxması üçün nəinki ədəbiyyatşünaslar, kriminalistlər də səbəb və nəticələri öyrənirlər. Tez parlayıb tez sönən ulduz kimi Yesenin yazdığı şeirlərin diliylə bu gün də oxucuları ilə danışır, onlara qəlbinin gizli haraylarını çatdırır.
XX əsr zəngin tarixi hadisələrin ünvanıdır. İncəsənətdə, ədəbiyyatda nə qədər yeni cərəyanlar yaranmışdı. Bu yeni düşüncə, təfəkkür tərzləri inqilab və müharibələr ərəfəsində və ondan sonra yaranıb inkişaf etməyə başladı. S.Yesenin imajinizm cərəyanına qoşulmuşdu. O dövrdə sənətkarlar yaradııcılığında dadaizmə, futurizmə, sürrealizmə, suprematizmə, kubizmə, akmeizmə və digər cərəyanlara aludə olmuşdular. Onlar bu cəhətdən öz bədii təxəyyülünə xas “həqiqətin” axtarışında idilər.
Qeyd edək ki, Reyhan xanımın məqalələrində qoyulan problemlər, hadisələr o qədər zəngindir ki, onları təhlil etmək üçün əslində hər bir şairin həyat və yaradııcılığına ayrıca toxunasan. Reyhan xanımın publisist və politoloq kimi toxunduğu mövzulara belə həssas və dərindən yanaşması onu göstərir ki, mətbuatda öz sanballı sözünü deməyi bacaran xanım yazarlarımız var. Mən də son illər publisist yazılara müraciət etdiyim üçün bu işin məsuliyyətini, çətinliyini dərk edirəm. Yazılarında tarixçilərin, ədəbiyyatçıların fikirlərini çox təkrarlamamağa çalışırsan, yaddan çıxan, qələmə alınmayan hadisələrin qaranlığına işıq salmaq istəyirsən. Məhz bu istək, müəllifi öz üzərində gərgin işləməyi, hərtərəfli dünyagörüşünə malik olmağı tələb edir. Reyhan xanımın hər bir yazıısında həm bədii təfəkkür, məntiqi mülahizələr, hadisələrə o illərin sərhədindən yanaşmaq bacarığı onun peşəkar publisist kimi yetişdiyinə dəlalət edir. Reyhan xanım dahilərə öz layiq olduğu dəyəri bütün incəliklərinə qədər verə bilir.
“Rusiyanın ən görkəmli rus şairi, rus poeziyasında romantizmin banilərindən biri, istedadlı tərcüməçi, Rusiya dövlətinin ilk rəsmi himninin müəllifi, akademik Vasili Andreyeviç Jukovskinin əbədiyyətə qovuşmasından 165 il ötür.” “Onlar Rusiyanı necə bir ölkəyə çevirmişlərsə, Rusiya eləcə də olacaqdır” məqalə geniş axtarışların məhsuludur. Yazıda Jukovskinin şərəfli həyatı böyük məhəbbətlə, həssaslıqla verilmişdir. Reyhan xanımın ona xüsusi münasibəti Jukovskinin ilk növbədə ali insan keyfiyyətləri idi. Rus ədəbiyyatında O, çox yüksək mövqe sahibi idi. Belinskinin: “Jukovski olmasaydı Puşkin olmazdı” fikrində böyük bir həqiqət var. Puşkin hətta ölüm ayağında ailəsinin taleyini Jukovskiyə tapşırır.
Məqalədə oxuyuruq: “Dahilərdən biri deyib ki,bütün dünyanın dəyərli adamı olmaq üçün ilk növbədə öz vətəninin vətəndaşı olmalısan. Jukovski dünyanın dəyərli adamı kimi ilk növbədə Rusiyanın layiqli vətəndaşı idi...Jukovski hər şeydən əvvəl insan şəxsiyyətini müdafiə edən, şəxsiyyətin azadlığını irəli sürən insanpərvər bir şair vətəndaş kimi diqqəti cəlb eidrdi. O, hətta 1822-ci ildə öz kəndlilərini təhkimçilikdən azad etdirmişdi.”
Qeyd edək ki, bir çox nəsillər hələ uşaqlıqdan onun məşhur müdrik nağıllarının sehirinə düşmüş, onun yaradıcılığı ilə yaxından tanış olmuşlar. O, yaradıcılığında təkcə yazdığı 39 balladası, tərcümələri, nağılları ilə deyil, həmçinin Rusiyanın ilk himninin müəllifi kimi məşhur idi. İmperator Aleksandra həsr etdiyi şeiri isə onun taleyində bir yüksəliş yaradır, o, saraya dəvət edilir. Məhz sarayda çalışdığı dövrdə “Yukovski Puşkinə, Gertsenə, Lermontova, Şevçenkoya, Baratinskiyə, dekabristlərə, digər inqilabçılara, çətində olanların hamısına kömək edirdi.”
Qeyd etmək lazımdır ki, Reyhan xanımı uzun illərdir vətənpərvər, xalqına, dövlətinə böyük məhəbbətlə,sədaqətlə yanaşan bir ziyalı kimi tanıyıram. Onun hər bir yazısı xalqlar arasında birliyə, mədəni əlaqələrə çağırışdır. Yazıda bu xüsusiyyət bir daha özünü göstərir. Jukovskinin vətənpərvərliyindən yazarkən Reyhan xanımın Molla Pənah Vaqifi xatırlaması da təsadüf deyildir: “Jukovskinin şair, şəxsiyyət, vətəndaş, dost, ictimai-siyasi xadim olaraq həyatını əks etdirərkən yaddaşımızda Azərbaycan xalqının unudulmaz şairi Mola Pənah Vaqif canlanır...Qarabağ xanlığının vəziri olduğu zaman Vaqif Jukovski kimi sarayda yaşasa da qəlbi daim öz xalqının qəlbi ilə bir çırpınırdı. Şair öz vətəninin azadlıq və istiqlaliyyəti yolunda Jukovski kimi heç zaman, heç kəsə, heç nəyə satılmırdı.” Bu bənzətmə olduğca uğurludur, həqiqətən də Molla Pənah Vaqifə xas mərd cəhətlər Azərbaycan ədəbiyyatında, tarixində şərəfli yerlərdən birini tutur.
Vasili Jukovskinin həyat tarixini vərəqləsək, onun uşaqlığı, təhsili, ailəsi ilə bağlı çox maraqlı, yadda qalan hadisələri çözələməli olardıq. Lakin bir məsələni qeyd edək ki, onun əsl anası Yelizavetta Dmitriyevna türk əsilli idi.
Reyhan xanım şairin ömür kitabının bir çox səhifələri ilə oxucuları tanış edir, bu, mənəvi körpülərdə alicənab, istedadlı şəxsiyyəttlərlə obrazlı desək, unudulmaz görüşlərimizi təşkil edir.
Fərəhli hal odur ki, Reyhan xanımın rus klassikləri haqdakı yazıları ölkəmizin Rusiyadakı Fövqəladə və səlahiyyətli səfiri, mədəniyyət xadimimiz Polad Bülbüloğlunun ona ünvanlanan məktubunda öz müsbət əksini tapmışdır. 032-2 saylı 20 fevral 2017-ci il tarixli məktubu ixtisarla oxucuların nəzərinə çatdırmaq istəyirəm: “...Danılmaz faktdır ki, 19-20-ci əsr Azərbaycan ədəbi fikrinin formalaşmasında, mütərəqqi baxışları ilə seçilən şair və yazıçılar nəslinin yetişməsində rus ədəbiyyatının dərin təsiri olmuşdur. Bu kontekstdə rus poeziyasının ən parlaq simalarından olan Puşkin yaradıcılığının ədəbiyyatımızda buraxdığı izləri xüsusi vurğulamamaq mümkün deyildir.
Təkcə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun gənc yaşlarında qələmə aldığı “Puşkinin ölümünə Şərq poeması”nı yada salmaq Azərbaycan ədəbiyyatında Puşkin yaradıcılığına olan maraq və diqqətin miqyasını anlamaq üçün kifayət edər. Bu baxımdan sizin dünya şöhrətli rus şairinin həyat və yaradıcılığına həsr etdiyiniz silsilə məqalələri yüksək qiymətləndirir və onu müasir Azərbaycan oxucusunun, rus ədəbiyyatının klassikləri barədə dolğun məlumat əldə edə bilməsi üçün faydalı hesab edirəm.
Sonda qeyd etmək istəyirəm ki, mədəniyyət xadimi və ölkəmizin Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri kimi Azərbaycan və Rus mədəni əlaqələrinin inkişafına xidmət edən fəaliyyətinizi yüksək qiymətləndirirəm. Bir daha sizə minnətdarlığımı ifadə edir və işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə, Polad Bülbüloğlu”
Böyük sevinclə mən də bu məktubu oxudum. Hörmətli səfirimizin vaxtının azlığına baxmayaraq, Reyhan xanımın rus klassikləri barədəki yazılarına öz müsbət münasibətini bildirməsi onun Azərbaycan-Rusiya əlaqələrinə nə qədər həssaslıqla yanaşdığının bariz nümunəsidir. Əlbəttə, bu məktubla və uğurlu publisist yazıları ilə Reyhan xanımı təbrik edirik.
Qeyd etmək lazımdır ki, Reyhan xanım rus klassikləri haqda böyük zəhmət, istedad tələb edən araşdırmalarını sifariş əsasında ərsəyə gətirməmişdir. Bu istək ziyalı qəlbinin tələblərindən doğmuş, ədəbiyyatın maarifləndirici, təsiredici gücündən ilham alaraq rus və azərbaycan oxucularını bir-birini daha yaxından tanıması üçün böyük zəhmət çəkmişdir.
Yazıda əsas məqsədimiz Rus-Azərbaycan ədəbi əlaqələrinə qısa da olsa nəzər yetirmək idi. Reyhan Mirzəzadənin bu sahədə yazılan sisilə məqalələri məni buna sövq etdi. Lakin mən deyərdim ki, bu müdriklik bağından biz budaqlar qopara bildik, çünki bütün müəlliflər haqda yazılanlar özü kitab qədər təhlillər tələb edir. Hər halda Reyhan xanımın dünya klassiklərinin ali məram və məqsədlərini Azərbaycan oxucularına çatdırması təqdirəlayiqdir və insanın öz vətəni, torpağı qarşısında daşıdığı vəzifənin nə qədər müqəddəs olduğu oxuculara aşılanır. Yazıçının, jurnalistin silahı sözdür, qələmdir. Cəmiyyətin isə nikbin, dostluq ruhunda yazılara böyük mənəvi ehtiyacı var. Daha yüksək, ali məqsədlərə xidmət etmək, oxucularda estetik zövqü formalaşdırmaq çox vacib məsələlərdən biridir. Çünki necə düşünürüksə, elə də həyat tərzinə sahib oluruq...
Bəşəri duyğularla köklənən Reyhan Mirzəzadə solmaz, rəngarəng söz çələnglərini qələmə aldığı hər bir yazıçı və şairin sətirlərinin üzərinə düzür, onları dərin ehtiramla yad edir. O, sanki Pikassonun məşhur sülh göyərçini kimi xalqlar arasında dayaqları məhəbbətdən olan mənəvi körpülər salır. Dahilərlə “danışan” xanımın ürək sözləri tükənmir. Artıq o, M.Lomonosov, Y.Lermontov haqqında maraqlı yazılar üzərində çalışır. Biz də hörmətli Polad Bülbüloğlunun Reyhan xanıma ünvanladığı xoş arzulara qoşulur, inanırıq ki, Reyhan Mirzəzadə öz yaradıcılığında yeni uğurlara imza atacaq və pərəstişkarlarını sevindirəcəkdir!
P.S. Sonda istərdim ki, “Strategiya” internet saytının baş redaktor müavini İsmayıl müəllim, Sizə xüsusi minnətdarlığımı bildirim. Həm mənim, həm də Reyhan xanımın yazıları Sizin saytınızda daha çox yer almışdır. Siz vətənpərvərliyə, tariximizə, qədim mədəniyyətimizə həsr edilən yazılara daha çox üstünlük verirsiniz. Belə mövzular isə gənclərimizin sağlam köklər üzərində tərbiyələnməsində mühüm rol oynayır. Sizin kimi istedadlı, nəcib ziyalılara mətbuatımızda, mədəni həyatımızda böyük mənəvi ehtiyac var. Təşəkkür edirik!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM