Publisist-politoloq
Dünyaşöhrətli rus şairi Vladimir Vladimiroviç Mayakovskinin anadan olmasının 125 illiyi münasibəti ilə
“Mən bu nəhəng şairi olduqca sevirəm. O, həqiqi novator, poetik forma inqilabçısı kimi məni həmişə heyran edir”.
(S.Vurğunun 1936-cı ildə Mayakovski haqqında yazdığı “Gənclərin müəllimi” adlı məqaləsindən)
“Mayakovski bir xalqa, bir ölkəyə mənsub şair deyil. Dünyanın haqq və ədalət uğrunda vuruşan bütün mütərəqqi xalqların şairidir. Onun mərd və ölməz poeziyası azadlıq uğrunda mübarizə aparan xalqların daimi yol yoldaşıdır”.
Qulu Xəlilov
“Kim ki, indi Mayakovskinin köhnəldiyi haqqında düşünür, çox ciddi səhv edir. Mayakovski olub,var və olacaqdır. Onun şeirlərinin təsir gücü günü- gündən artır. Mayakovski poeziyası elə məcradır ki, bizim poeziyamızın axını həmişə irəliyə doğru gedir”.
Rəsul Həmzətov
“...Mayakovskini tanıyanadək mən iki kitab yazmışam. Lakin indi – Mayakovskini tanıdıqdan sonra yazıçılığımı onun məsləhətləri olmadan davam etdirə biləcəyimi heç təsəvvürümə belə gətirə bilmirəm. Mayakovski mənim ədəbi yaradıclığımda qəti bir dönüş yaratmışdır. O, qiymətlidir, misilsiz dərəcədə böyükdür. Mayakovski ölməzdir”.
Ani Vamelvuo
Fin yazıçısı
“Mayakovski həmişə bizim təsəvvürümüzdə həyat və işıq rəmzi kimi, sülh mübarizi kimi yaşayacaqdır”.
Mariya Mayerova
Çex yazıçısı
Rus şairi və tərcüməçisi, unudulmaz Mayakovskinin yaxın dostu Nikolay Nikolayeviç Aseyevin maraqlı xatirələrində bu hissəni təkrar-təkrar oxumuşdum: “...İlk dəfə Baydar darvazaları yüksəkliyindən (Ukraynada, Krım dağlarının baş tirəsində aşırımdır. Hündürlüyü 500 m-ə yaxındır. Buradan Yalta-Sevastopol avtomobil yolu keçir. Aşırımdan Krımın Cənub sahilinə əsrarəngiz mənzərə açılır – R.Mirzəzadə) seyr elədiyim Qara dənizin məni necə sarsıtdığı yaxşı yadımdadır.Dəniz mənə ağlasığmaz göründü, elə bil üfüqdən dik, şaquli istiqamətdə qalxmış divar idi və göz işlədikcə uzanıb gedirdi. Mayakovskini ilk dəfə görənlər də belə bir heyrət hissi keçirirdilər. O, indiyə kimi gördüklərimdən heç kəsə oxşamırdı, qeyri-adi və anlaşılmaz idi.Bu, bəzilərini cəzb edir, bəzilərini isə əsəbiləşdirirdi. Lakin adam tez-tez gördüyü şeyə tez alışır. Dostları da Mayakovskinin qeyri-adiliyinə beləcə alışırdılar. Mayakovski dənizlər arasında okean idi. Okean öz nəhəngliyi, hüdudsuzluğu ilə dənizlərdən seçildiyi kimi, Mayakovski də digər adamlardan öz istedadının genişliyi ilə seçilirdi...”.
Rus poeziyası tarixində Vladimir Vladimiroviç Mayakovski qədər çətin və şərəfli yaradıcılıq yolu keçmiş şairləri barmaqla saymaq olar.Hələ ilk şeirlərini çap etdirdiyi gündən ona edilən, təzyiqlər, amansız təhqirlər şairi öz yolundan döndərə bilmədi. “Anlaşılmayan”, “çətin başa düşülən” şeirlər yazdığına görə Mayakovski tez-tez hücumlara məruz qalırdı. Lakin həmin “anlaşılmayan”, “çətin başa düşülən” şeirlər dərk edildikcə, şairin düşmənləri geri çəkilməyə məcbur olurdular.
V.V.Mayakovski öz yaradıcılığı ilə poeziyanı zənginləşdirən, poeziyaya yeni forma və yeni ruh gətirən görkəmli sənətkar olmuşdur. Vətənpərvər şair poeziyadan mübarizə silahı kimi istifadə etmiş, xalqı çar üsul-idarəsi, zülmü və əsarətindən xilas olmaq yolunda möhkəm birliyə səsləmişdir.Öz yaradıcılığı ilə Mayakovski poeziyada sosializm realizminin-yeni ədəbi bir məktəbin əsasını qoymuşdur.
Mayakovskinin ata babası Vladimir Konstantinoviç Gürcüstanın Axaliski şəhərində doğulmuşdur. 1883-cü ildə o, gənc və gözəl Aleksandra Alekseyevna Pavlenko ilə tanış olmuş və onlar bir müddət sonra evlənmişlər. Konstantinoviçin ailəsində 5 övlad dünyaya gəlmişdir: Lyudmila, Aleksandr, Konstantin, Olqa və Volodya (Vladimir).
Vladimir Vladimiroviç Mayakovski 1893-cü il iyul ayının 19-da Gürcüstanda Kutaisi şəhərinin yaxınlığında yerləşən Baqdadi kəndində dünyaya gəlmişdir. Bağdadi yamyaşıl ecazkar təbiətə malik gözəl bir kənddir.Üç tərəfdən dağlarla əhatə olunub.Kəndin ortasından gur axan Xanistsxali çayı keçir ki, bu, kəndə daha füsunkar gözəllik bəxş edir.
Ailə və onun yaxınları bilirdi ki, Volodya çılğın xasiyyətli, prinsipial, sözündən dönməz və iradəli uşaqdır.O, bir şey tələb edəndə valideynləri mütləq onu yerinə yetirməli idi.Əks təqdirdə Volodya qəzəblənir və yoxa çıxırdı.Belə hallarda isə ailə üzvləri narahat olur və onun hər istəyini yerinə yetirirdilər.
“Məni anam oxudub və bir də cürbəcür xalam və əmim qızları.Hesabdan bir elə xoşum gəlmirdi. Alma, armud verə-verə mənə saymaq öyrədirdilər. Nə qədər istəsəm meyvə verirlər, mən də alıb uşaqlara paylayıram.Qafqazda meyvə boldu.Oxumağı isə həvəslə öyrəndim.
Oxuduğum ilk kitabın adı “Quşçu Aqafya” idi. İşdi mənə bir neçə belə kitab oxutsaydılar, yəqin ki, oxumağın daşını çoxdan atmışdım.Bəxtimdən oxuduğum ikinci kitab “Don Kixot” oldu. Bax, bu əsl kitabdır! Zirehli paltar geyəsən, taxta qılıncla hücum eləyəsən, hamıya da dov gələsən” – deyə Mayakovski sonralar yazırdı.
Mayakovskilər ailəsində hamı şeiri, sənəti sevirdi.Onlar qonaqpərvər ailə olduğundan müxtəlif millətlərdən olan yaxın dostları - azərbaycanlı, tatar, erməni, gürcü, ləzgi onlara gedib-gəlir, bu cür ünsiyyət uşaqlara da müsbət təsir göstərir, onların hərtərəfli inkişafında böyük rol oynayırdı.Həmin dövrün görkəmli şəxsiyyətləri və inqilabçıları olan Vaso Balançivadze, Lado Mesxişvili, Qriqori Korqanov, Aleksandr Sulikidze kimi mütərəqqi fikirli adamlar mayakovskilərə yaxın olmuş və onların söhbətləri balaca Volodyanın sosial-demokrat dərnəklərində iştirakı üçün zəmin yaratmışdır.
Uşaqlıq illərini Baqdadi kəndində keçirən Vladimir Vladimiroviç 1902-ci ildə Kutaisi gimnaziyasının hazırlıq sinfinə daxil olur.Burada bir sıra yazıçıların əsərləri ilə tanış olur, elmi-fantastik kitablar oxuyur.Sonralar ölkədə baş verən vəziyyət –rus-yapon müharibəsi və 1905-ci il inqilabı gənc Mayakovskinin dünyagörüşündə müəyyən dəyişiklik yaradır, o, yavaş-yavaş bütün ictimai-siyasi hadisələrlə maraqlanmağa başlayır.
Onu da deyim ki, Mayakovskinin ailə üzvlərinin hamısı ölkədə gedən siyasi proseslərə fəallıqla yanaşırdı. Bu barədə şair “Mən-özüm”də belə yazır: “Bacılarım Moskvadan gəldilər. Sevincəkdilər.Xəlvətcə mənə bir kağız verdilər. Xoşuma gəldi; kağızda təhlükəli sözlər yazılmışdı:
Ayıl, yoldaşım, ayıl,
ayıl, qardaşəm, ayıl.
At tüfəngi yerə.
Axırı çar haqqında belə qurtarırdı:
Başqa yolun yoxdu
Oğlunla, arvadınla, ananla
əsir düşərsən almanlara...
Bu çağırış inqilaba səsləyirdi.Özü də şeirlə yazılmışdı.Qəlbimdə şeirlə inqilab birləşdi”.
1906-cı ildə Mayakovskinin atası vəfat edir. Ailə Baqdadi kəndini tərk edərək Moskvaya köçür . Mayakovskinin əsl inqilabi fəaliyyəti Moskvada başlayır.O, burada gizli fəaliyyət göstərən bolşeviklərlə tanış olur, onların bir sıra tapşırıqlarını yerinə yetirir.
Vladimir Vladimiroviçin inqilabdan əvvəlki həyat yolunun ən qızğın dövrü 1908-1911-ci illərə təsadüf edir. Onun bu dövrdəki fəaliyyəti elə geniş miqyas almışdı ki, bu, jandarmım diqqətindən də yayınmamış, Mayakovskinin evində dəfələrlə axtarışlar aparılmış, siyasi və bədii ədəbiyyat, siyasi-inqilabi intibahnamələr üzə çıxarılmışdı.
Rusiya Sosial-Demokrat Partiyası Moskva rayon komitəsində təbliğatçı vəzifəsində çalışan Mayakovski bütün daxili həvəs və coşqunluğu ilə inqilabi proseslərdə iştirak edirdi. Həmin vaxtlar Mayakovskini tanıyan və onunla bərabər inqilabi fəaliyyətin iştirakçısı olan dostları ona “Yoldaş Konstantin” ləqəbi verilmişdi. Bu, Mayakovskinin gizli adı idi.
1908-ci il martın 29-da polislər Moskva komitəsi mətbəəsinə basqın edərək, mətbəəni dağıdır, başqa adamlarla birlikdə Mayakovskini də həbs edirlər. Polis məmurlarının bütün səy və təzyiqlərinə baxmayaraq, onlar gənc Mayakovskinin intibahnamələr yazıb payladığını ona sübut edə bilmirlər.Mayakovski həbs zamanı fürsət tapıb vərəqlərində bəzi qeydlər və ünvanlar yazdığı kiçik cib dəftərçəsini tələf edir. Lakin Mayakovskinin həddi-buluğa çatmayan yeniyetmə yaşında olması ona müəyyən cəza verilməsində çətinlik törədir. Polis məmurları bu dəfə onu həbsdən azad etməyə məcbur olsalar da, ardınca gözətçi qoyaraq onun hər addımını təqib edirlər. Polis gözətçisi Mayakovskinin ardınca gəzir, onun hara getdiyini, nə iş gördüyünü müntəzəm bir surətdə məlumat şəkilndə yazıb müdiriyyətə verirdilər.Bu məlumatlarda Mayakovskinin adı “hündür adam” kimi qeyd olunurdu.
1909-cu il yanvarın 8-də Mayakovski ikinci dəfə həbs olunur.Bu dəfə də Mayakovskini müttəhimlər kürsüsündə otuzdurmaq üçün polislərin əlində heç bir sənəd və sübut olmamasına baxmayaraq, onu iki ay həbsxanada saxlayırlar.
Həbsxanada olduğu müddətdə Mayakovski dünyagörüşünü və nəzəri biliklərini artırmaq üçün bacısına yazdığı məktubda bir sıra kitabların ona göndərilməsini xahiş edir.Bunların içində cəbr və həndəsə, fizika, latın qrammatikası və s. kitablar və L.N.Tolstoyun, F.M.Dostoyevskinin əsərləri də vardı.Bu dövrdə Mayakovski çoxlu bədii ədəbiyyat oxuyurdu.
1909-cu il fevralın 27-də Mayakovski həbsdən buraxılır, lakin dörd ay sonra, yəni iyulun 2-də yenidən həbs edilir.Bu dəfə Mayakovski Navinski qadın həbsxanasından siyasi dustaq qadınların qaçmasına kömək etməkdə günahlandırılır.
Polislərin əlində Mayakovskinin müttəhim edilməsi barədə əsaslı sübutlar olmasa da, əsl həqiqətdə yalnız Mayakovski deyil, onun anası, bacısı, bütün ailəsi siyasi dustaq qadınların Navinski həbsxanasından qaçmasına kömək etmişdi. Mayakovskinin evində lazımi paltarlar tikilmiş və qaçış üçün vacib olan müxtəlif şeylər hazırlanmışdı.
1909-cu il avqustun 18-də Mayakovski Butır həbsxanasına göndərilir. Şair beş aya qədər bu həbsxanada qalır. Mayakovski sonralar, 1922-ci ildə yazdığı “Sevirəm” poemasında həmin dövrü belə təsvir edirdi: “Gəncliyin məşğələsi çoxdur, biz başımız gicəllənməyə qədər sərf-nəhv öyrənirik. Məni isə 5-ci sinifdən qovdular və Moskva həbsxanalarında belədən-beləyə atmağa başladılar...Mənə həbsxalarında məhəbbətin nə olduğunu öyrətdilər.Mən Blon meşələrinin dərdini çəkmirəm, mən dəniz mənzərələri üçün köksümü ötürmürəm. Mən dəfn mərasimi bürosunda 103 nömrəli kameranın kiçik dəliyinə məhəbbət bağlamışam.Günəşi hər gün görənlər onun ləzzətini duymurlar.Hərdən deyirlər: “Bu nədir, işığı gözümüzü çıxartdı...”. Mən isə o zamanlar məhbəsin daş divarlarında oynayan günəş şüaları üçün dünyada olan hər şeyimi verməyə hazır idim”.
1910-cu il yanvarın 9-da Mayakovski həbsxanadan buraxılır.Həmin zamana aid xatirələrində Mayakovski belə yazır: “Həbsxanadan çıxdım.Çox həyəcanlı idim.Mənim oxuduğum yazıçılar qocaman adlanan yazıçılar idi.Lakin onlardan yaxşı yazmaq mənə heç də çətin görünmürdü. Mən indidən həyata qarşı düzgün bir münasibət bəsləyirdim. Lakin sənətdə təcrübə lazımdır.Bu təcrübəni hardan alım? Mən avam bir gəncəm. Mən ciddi bir məktəb keçməliyəm.
Məni gimnaziyadan, hətta Stroqonovun gimnaziyasından belə qovdular. Əgər partiya sıralarında qalsam, onda gizlənməliyəm. Mənə elə gəlirdi ki, gizlin yaşayaraq öyrənmək, oxumaq mümkün deyildir. Bütün ömrüm boyu xırda vərəqələr yazmaq və bu vərəqələrdə kitablardan fikirlər götürüb istifadə etmək məni təmin etmirdi. Əgər məni silkələyib bütün oxuduqlarımı yerə töksələr, onda məndə nə qalar? Bir marksist metodu. Lakin bu silah uşaq əlinə düşməmişdirmi? Əgər adamın öz fikri, öz yaradıcılığı olsa, onda bu silahdan istifadə etmək asandır.Bəs düşmənlə üz-üzə gələndə mən nə etməliyəm? Başqa partiyalı yoldaşlara nə var ki...Onlar ali məktəbi də qurtarıblar (Mən hələ o zaman ali məktəbin nə demək olduğunu bilmədiyim bir vaxtda on hörmət bəsləyirdim)”.
Mayakovskinin qəlbi təhsilini artırmaq, mədəniyyət dairəsini genişləndirmək, insanların uzun əsrlər boyunca yaratdığı şeir, sənət, ədəbiyyat nümunələri ilə dərindən tanış olmaq arzusu ilə çırpınırdı. Əfsuslar olsun ki, onun qarşısında bütün yollar bağlı idi. O, artıq qorxulu bir inqilabçı kimi polisin dəftərlərində qeyd edilmiş və ciddi nəzarət altına alınmışdı. Odur ki, onu heç bir məktəbə götürmürdülər.
Nəhayət, Mayakovski rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbinə daxil olur. Lakin çox keçmir ki, o, özünün poetik istedadının rəssamlıq bacarığından daha artıq olduğunu görür.
V.Mayakovski mətbuatda ilk dəfə 1912-ci ildə çıxış etmişdi.Onun ilk şeirlərinin adı “Gecə” və “Səhər”, ilk kitabının adı isə “Mən!” idi. Bu “mən” poeziyaya yeni nəfəs, yeni inqilabi ruh, böyük amallar gətirən bir şairin poetik “mən”i idi.
Mayakovski ilk faciəsini də bu dövrdə yaratmışdı. “Vladimir Mayakovski” adlanan bu faciə 1913-cü ildə Peterburqun “Luna-park” teatrında tamaşaya qoyulmuş, baş rolda şair özü çıxış etmişdi.
Mayakovski ədəbiyyat və sənət aləminə atıldığı ilk gündən ömrünün son dəqiqələrinə qədər heç bir zaman heç bir yerdə böyük qəlbinin ehtiras və alovlarını söndürməmişdi.Burjua astetləri, severyaninlər, balmontlar və müxtəlif adlarla ortalığa çıxan o zamankı ədəbi qrup, ədəbi cərəyan nümayəndələri- simvolistlər, dekadentlər, axmeistlər dvoryan-burjua cəmiyyətinin bütün mübarizə vasitələrini Mayakovskinin əleyhinə çevirmişdilər. Polis təqibləri, həbsxanalar, nəşriyyat qadağaları, ələ salmaq, hər gün, hər yerdə zəhərləmək – bunlar hamısı Mayakovski və onun sənət yoluna qarşı mübarizədə burjuaziyanın işlətdiyi “silah növləri” idi.
Mayakovskinin ideya düşmənlərinin susdurulmasında görkəmli proletar yazıçısı Maksim Qorki də böyük rol oynamışdır.
Mayakovski ilk dəfə Maksim Qorki ilə 1914-cü ildə görüşmüşdü. O zaman Mayakovski hələ çox gənc idi, mühüm əsərlər yaratmamışdı.Buna baxmayaraq, Qorki gənc şairə özünəməxsus bir qayğı və diqqətlə yanaşmışdı.
Qorki yazırdı ki, bizə gələcəyin Puşkinləri, Lermontovları, Bayron, Adam Mitskeviç kimi romantikləri lazımdır. Zənnimcə, gənc Mayakovskinin böyük gələcəyinə tam ümid bəsləmək olar.
Mayakovskinin böyük istedad sahibi olduğunu ilk dəfə məhz Qorki müəyyən etmiş, bu səbəbdən də onu “Letopis” jurnalında işləməyə cəlb etmiş, əsərlərinin çapına kömək etmişdi.
Az sonra isə öz “Uşaqlıq” povestini Mayakovskiyə hədiyyə verən Qorki, kitabın üstündə yazmışdı: “Sözsüz, ürəkdən, Vladimir Vladimiroviç Mayakovskiyə. M.Qorki”.
Birinci Dünya müharibəsi dövründə Mayakovski “Nov” və “Novı satirikon” qəzetləri ilə əməkdaşlıq edirdi. Bu qəzetlərdə bir çox şeirlərini, oçerk, pamflet, felyeton və epiqramlarını çap etdirmişdi.
Vladimir Mayakovskinin poeziya aləminə gəldiyi illər futurizm ədəbi cərəyanının geniş miqyas aldığı dövr idi. İlk dəfə İtaliyada yaranan, daha sonra Rusiyada geniş vüsət alan bu cərəyan Mayakovski yaradıcılığına da təsirsiz qalmamış, gənc şairi özünə cəlb etmişdi. Bir müddət Vladimir Vladimiroviç futurizmin baniləri və nümayəndələri olan Velemir Xlebnikovun, David Burlyukovun, Vasili Kamenskinin, Vyaçeslav İvanovun və Mixail Kuzminin təsiri altında yazıb-yaratsa da, futurizm və onun nümayəndələrinin istər ədəbi zövqü, istərsə də estetik görüşləri şairi əsla təmin etməmiş, o, tezliklə bu ədəbi cərəyandan uzaqlaşmışdı. Təbii ki, Puşkini, Dostoyevskini, Tolstoyu və digər klassikləri inkar edən, xalq ədəbiyyatından imtina edib nihilizmi, formalizmi təbliğ edən bu cərəyanın məramnaməsi poeziyada inqilabi axtarışlar arayan və buna nail olan bir şairi razı sala bilməzdi.
Mayakovski burjua-dekadent ədəbiyyatının xalqa zidd olan mahiyyətini başa düşür və bütün qəzəbi ilə bu ədəbiyyatı rədd edirdi. O, simvolistlərin məşhur nümayəndələrindən olan şair Balmonta müraciətlə deyirdi: “Siz Rusiyanın vaxtı keçmiş mülkədar malikanələrini və məhsulsuz quru çöllərini tərənnüm etmişsiniz”. “Biz faydasız şeirə şeir demirik”. “Bu günün şeiri mübarizə şeiridir”.
Simvolistlər və akmeistlər “Həyata heç bir təshih verməmək, onu qətiyyən tənqid etməmək” şüarını irəli sürürdülər.Mayakovski isə hələ o zaman şeirin tənqidçilik , ifşaçılıq rolunu ilk plana çəkirdi.
Mayakovskinin düşüncəsinə görə, həqiqi poeziya heç olmasa bir saat həyatı qabaqlamalıdır.O, cəsarətlə qarşıya baxırdı, hadisələrin dalınca getmir, onları qabaqlayırdı, adamalrın irəliyə gedən yolunu işıqlandırırdı. Öz dövrünün qabaqcıəl tələbləri səviyyəsində duran Mayakovski hadisələri gələcəyin böyük perspektivi nöqteyi-nəzərindən qiymətləndirməyi bacarırdı.
Vladimir Mayakovski mütərəqqi dünya poeziyasında müsəlləh şeir ordusunun uzaqgörən, hünərli, mübariz, alovlu komandanı idi. O, çox sağlam ideyalı şair idi. Yeri gələndə o özü futuristləri qamçılayırdı. Məsələn, 1921-ci ildə yazdığı “ Sənət ordusuna əmr № 2” şeirində “kök, harın atlar kimi hey yeyib kişnəyən”, “ baritonlar kimi yaxşı yedirilib bəslənmiş məsləksiz, qayəsiz sənətkarları” tənqid edib yazırdı:
Siz ey
sirli təsəvvüf yarpağıyla
örtünən
alnı qırış –
mistiklər,
Qafiyələr torunda çoxdan
dolaşıb qalmış
futuristçiklər,
imajinistçiklər,
akmenstçiklər.
Siz ey
pırtlaşmış saçı- yaxşı
daranmış tellə
Köhnə çarığı- lakla əvəz edib
duranlar,
ey proletkultçular,
Puşkinin rəngi solmuş
frankına
naşı iplə
təzə yamaq vuranlar.
Bizə “uzun saçlı vaizlər deyil, sənətkarlar gərəkdir ”. Elə sənətkarlar ki, “bütün respublikanı çəkib bataqlıqdan çıxarmaq olsun onunla mümkün”.
Vladimir Mayakovskinin öz doğma Vətənini sonsuz bir məhəbbətlə sevdiyi onun hər kiçik şeirində, şeirlərinin hər parçasında böyük bir qüvvətlə ifadə olunmuşdur. Xarici ölkələrə gedib Avropanı, Amerikanı gəzmiş Mayakovski, öz doğma yurdunun, doğma şəhəri Moskvanın hər şeydən, hər yerdən əziz olduğunu söyləyirdi. Sonralar Qorki xəstəlik üzündən İtaliyada müalicədə ikən Mayakovski onun yeni, azad Rusiyaya nə qədər lazım olduğunu böyük bir hərarətlə yazır və sonsuz bir məhəbbətlə Qorkini vətənə çağırırdı...
Mayakovskinin inqilabaqədərki əsərlərinin böyük qismi alçaldılmış və təhqir olunmuşlara həsr edilmişdir.Bu əsərlərdə şair işıqlı gələcək, istismarsız bir cəmiyyət arzulayırdı.
Mayakovskinin görkəmli bir şair kimi məşhurlaşmasında 1915-ci ildə yazdığı “Şalvarlı bulud” poeması çox böyük rol oynamışdır. Şair bu poeması ilə yaradıcılığının ideya istiqamətini təyin etmiş, proletariata xidmət etdiyini göstərmişdir.
Poema zahiri məhəbbət süjetindən ibarətdir.Lirik qəhrəman öz sevgilisi Mariya ilə görüş təyin edir.Lakin Mariya vədələşdiyi yerə xeyli gecilikir. O, sevgilisinə bildirir ki, əzizim, daha məni gözləməyə bilərsən, indi mən başqasına ərə gedirəm.
Lirik qəhrəman şair bundan sonra sarsılır, Mariyanı dönüklüyünə görə ifşa edir: “Halbuki sən daima Cek Londondan, puldan, məhəbbətdən, ehtirasdan danışardın.Mən isə səni Cakonda bilərdim.Lakin Parisin Luvr muzeyindən Cakondanı necə oğurladılarsa, səni də məndən bu cür oğurladılar. Səni oğrurlayan meşşan tərbiyəsidir, sənin mənsub olduğun mənfur cəmiyyətdir...”.
Şair Mariyanı C.Londonun “Martin İden” romanındakı Rufun meşşanlığı ilə müqyisə edir və lirik qəhrəmanın dili ilə öz qəzəbini belə ifadə edir: “...Lakin unutma ki, Vezuvi cinlənəndə dağıldı Pompey...”.
Şair - qəhrəman özünü zahirən sakit aparsa da, qəlbi yaralı, alovludur. O, ürəyinin yanğısını söndürməyə kömək axtarır.Yeganə təsəllisini anası ilə telefon danışığında tapır. Anasına, bacıları Lyuda və Olyaya bildirir ki, onların əzizlərinin bir həmdəmi yoxdur. İndi dərdini söyləməyə bir dost, gizlənməyə bir yer axtarır.
Şair öz poemasını “Şalvarlı bulud” adlandırması ilə demək istəyir ki,mən öz hisslərimi, ehtiraslarımı boğub şalvarlı bulud olaram:
Gəlin, öyrədim, gəlin!
Ey qonaq otağında
Batist geyinən mələk,
Nəzakətli məmura pəri görkəmli canan!
Aşbaz qadın bir təam kitabını
Mətbəxdə açıb vərəqləyən tək
Sən, ey dodaqlarını sakitcə vərəqləyən:
İstəyirsiniz əgər
Ət yeyim, quduz olum:
Ya bahar göyləri tək-rəngarəng, qurşaq-qurşaq,
Ya da hər kəsdən incə,
Bir fağır quzu olum;
Ya bahar göyləri tək,
Kişi yox, şalvar geymiş bulud olum, yumşaq.
İnanmıram Nitsada hər tərəf
gül-çiçəkdir;
Yenə vəsf eləyib tərifləyirəm bir-bir
Kişiləri ki, yaprıx xəstəxanaya bənzər;
Arvadları ki, sürtük zərb-məsəl kimidir.
Poema bir çox məsələlərə etiraz notları ilə bərabər, Fridrix Nitseşeçiliyə qarşı da da yazılmışdır. Məlumdur ki, idealist filosofların, o cümlədən Nitsşenin fəlsəfəsi həyata, insana inamsızlıq ideyalarını təbliğ edirdi. Nitsşenin düşüncəsi belə idi: “İnsan həyatda heç nədir.Olsa-olsa ürəksiz, vicdansız bir əşyadır...Dəniz olmaq azdır ki, onun daxilindən qüsurları yuyub təmizləyəsən...”. Yaxud: “Yer üzü artıq adamlarla doludur, həyat və insanlar pozulmuşdur...”.
Rus şairi Velimir Xlebnikov məqalələrinin birində yazırdı ki, Mayakovski “Şalvarlı bulud” poemasını oxuyanda Qorki ağladı. O, şair, bəstəkar, rəssam Mixail Matyuşinə Qorkinin Mayakovskiyə münasibətini xatırlayaraq yazırdı: “Mən indi başa düşdüm ki, cılız insancıqlar gəncləri necə də asan, düşünmədən döyəcləyirlər, əksinə, böyük həqiqi həyat adamları gənc istedadlara necə qayğı və inamla yanaşırlar”.
V. Mayakovski “Şalvarlı bulud” poemasından sonra “Hərb və sülh”, “Mən və Napoleon”, “Fleyta- onurğa”, “İnsan” və digər irihəcmli əsərlərini yazır.Bu əsərlərində o, imperialist müharibəsinə qarşı çıxış edir, insana yüksək qiymət verir, azadlığı hər şeydən üstün tutur.
Dünya müharibəsinə həsr etdiyi “Hərb və sülh” poeması proloq və ithafdan başqa beş fəsildən ibarətdir, məzmunu etibarı ilə üç hissəyə bölünür. Birinci hissədə şair imperializmin varlığını, onun bədii obrazını yaradır.Nəhayət, müharibənin, qırğınların vəhşi, imperialist xarakterini təhlil edib, xalqları, millətləri, dövlətləri bir-birinə qarşı qoyulmasının kimlərin xeyrinə olduğunu açıb göstərir.
İkinci hissədə müharibənin acı fəlakətləri, dəhşətləri təsvir olunur.Burada şair təkcə müharibəni yaradanları, dünyanı qana boyayanları tənqid etməklə kifayətlənmir, həm də müharibəyə necə deyərlər, “adət edən”, ona biganə, laqeyd qalan, soyuqqanlı, müharibənin qurtarması uğrunda mübarizə aparmayan insanlara öz ürək sözlərini deyir. Dünyanın ən müxtəlif guşələrində yaşayan xalqlara, hünəri ilə ad qazanan millətlərə müraciət edən şair, müharibəni, onun törətdiyi dəhşətləri pisləyir.
Müharibə qızışdıranlara öz kəskin etirazını bildirən Mayakovski, əsərin “İthaf” hissəsində yazır:
Eşidirsinizmi, ey!
Nə qədər aciz olsa,
Lüzumsuz olsa insan
Yaşamalıdır yenə.
Basdırmaq olmaz onu
diri-diri
tranşey, blindajlar qəbrinə.
Bu da qanundur məgər!
Qatillər!
Rusiya, Fransa, İngiltərə, İtaliya, Almaniya,Türkiyə və başqa ölkələrin xalqlarına müharibənin ağır nəticələrini xəbər verdikdən sonra, üçüncü fəsildə yenidən tarixə nəzər salan şair qətiyyətlə bildirir:
Müharibə!
Bəsdir, bəs!
Onları sakit elə!
Torpaq çıl-çılpaq qalıb
Öz sonsuz matəmilə.
Mayakovski poemanın sonrakı fəsillərində də xalqları, insanları bir-birini gühahsız yerə öldürməməyə, gələcəyin xoş günlərinə, sevib-sevilməyə çağırır, adamların şəninə nəğmələr qoşur. Şair bəşər övladı olan insana ucalmaq, tərəqqi, xoş gələcək arzulayır.
M. Qorkinin bütün cəhdlərinə baxmayaraq, həmin vaxtlar senzura poemanın çapına icazə vermir. “Hərb və sülh” də yalnız keçmiş sovet hakimiyyəti illərində çap olunur.
Mayakovskinin ilk sovet dövrü əsərlərindən olan “İnqilab odası”, “Bizim marş”, “Sovet pasportu haqqında şeir” zamanın ən aktual poeziya ritmlərinə çevrilmişdi.
Doğrudan da sənətdə yenilik həmişə çətinliklər, maneələrlə qarşılaşmış və yarandığı gündən də öz düşmənlərini “dünyaya gətirmişdir”.
İllər keçir, Mayakovskinin məğrur səsi poeziya kürsülərindən yüksəldikcə onun ideya düşmənləri susur və rus poeziyasının şah əsərləri meydana gəlirdi.
Mayakovski böyük novator – qafiyə, ahəng, vəzn novatoru idi. O, rus poeziyasında özünə qədər olan heç bir şairə bənzəmək istəmirdi.Təqlidçiləri görməyə gözü yox idi.“Yubiley” şeirində böyük Puşkinə məhəbbətini bildirməklə yanaşı, Puşkini təqlid edən, onun adı ilə alver edən istedadsızları damğalayırdı:
Puşkinçilərdən qorxun!
Mayakovskinin Puşkinə münasibəti həqiqi, yaradıcı münasibət idi. O, böyük şairə müraciətlə deyirdi:
İndi budur
bizim qələmlərimiz
İti süngü
və yaba uclarıdır.
İnqilab vuruşları
“Poltava” vuruşlarından
dəhşətlidir.
V.Mayakovski Derjavindən, Nekrasovdan da öyrənirdi. Lakin heç vaxt heç kimi təqlid etmir, özünəməxsus orijinal sənət nümunələri yaradırdı. Bütün həyat tərzi və yaradıcılığı ilə Mayakovski təkrarolunmazdır...
Qüdrətli şairin yaradıcılığı ilə yaxından tanış olub dərindən dərk etdikcə bir daha əmin olurdum ki, Vladimir Vladimiroviç Mayakovski rus poeziyası ənənəsinin haqlı varisi və davamçısıdır, ən böyük novatordur. Əgər Mayakovski poeziyası olmasaydı, düşünürəm ki, XX əsrin bütün dünya poeziyası yoxsul görünərdi.
Şairin yaradıcılığını yavaş-yavaş, bütün təfsilatı ilə dərk etdikcə, heyranlığımız artır, bu poeziyada hər dəfə yeni bir şey kəşf edirik. Mayakovski yaradıcılığı tükənməz bir xəzinədir. Onun poeziya dünyası kəhkəşan kimi sirlərlə doludur. Bu kəhkəşandan inci dalınca inci tapılır. Mayakovski bizdən uzaqlaşdıqca, bizə yaxınlaşır. Bu poeziya intəhasız, sonsuz, ucu-bucağı görünməyən kainatdır. Buna görə də Mayakovski poeziyası bütün dövrlərin poeziyasıdır.
Mayakovski 1914-cü ildə yazdığı “Ağ bayraqsız” məqaləsində göstərirdi ki, söz bizə həyat üçün lazımdır.Biz lüzumsuz, xeyirsiz incəsənəti inkar edirik.Həyatın hər bir dövrünün söz formulu vardır.Rusiya üçün yeni söz uğrundakı mübarizəni həyat özü meydana atmışdır.
Mütərəqqi milli ənənələrlə birlikdə V.Mayakovski poeziyası əruz, heca vəznlərinin novator xüsusiyyətlərini yaratmaqda, sərbəst şeirin meydana çıxıb formalaşmasında gənc ədəbiyyatçılar üçün əsas mənbə oldu.Mayakovski poeziyasının təsiri müxtəlif sahələrdə müxtəlif şəkildə meydana çıxırdı.Əruz, heca vəznlərini daxilən yeniləşdirmək, yeni keyfiyyətlər kəşf etməkdə Mayakovskinin estetik prinsipləri köməkçi rol oynamışsa, sərbəst şeirin nəzəri-təcrübi əsaslarının hazırlanmasında, poetikasının hüdudlarının aydınlaşdırılmasında əsas rol oynamışdır.
Mayakovski şeirdə obrazlılığa, həyat həqiqətini bədii həqiqət səviyyəsinə qaldırmağa, vəzni, qafiyəni, misraların bölgülərini, sözün fonetik xüsusiyyətlərini bədii obraz yaratmaq tələbinə tabe etməyə xüsusi fikir verirdi.V.Mayakovski məqalə və çıxışlarında, “Şeiri necə yaratmalı?” əsərində orijinal şeir prinsiplərini, poetik novatorluğun əlamətlərini, şeirdə bədii fikrin inkişaf süjetini yaradarkən ritm, köməkçi obrazlar, qafiyə, misra, söz və sairdən necə istifadə etdiyini göstərirdi.
Mayakovski öz inkişafında həmişə saflaşmağa və kamilləşməyə gedən istiqaməti tutmuş, yaradıcılıq ziddiyyətləri və çətinliklərini bacarıqla həll etmişdir. Şair yaradıcılıq işinə böyük məsuliyyətlə yanaşmağı, daim həyatla, real hadisələrlə bağlı olmağı və yeni axtarışlar aparmağı məsləhət görürdü:
Poeziya da
Radi tək
Çətin tapılır, çətin!
Bircə qramdan ötrü
Bir il əmək çəkirsən.
Bir kəlmə seçmək üçün
Yüz ton söz külçəsini
Arayıb axtarırsan,
Qazıb yerə tökürsən...
V.Mayakovski orijinallığı yalnız formada deyil, məzmunda, şairin həyat hadisəsinə fərdi münasibətdə görürdü.Şair deyirdi ki, poeziya tendensiya (qayə, ideya – R.Mirzəzadə) olan yerdə başlanır. O, heç bir məhdudluq qoymadan şeirin ideya mündəricəsini, fikrin dolğun inikasını əsas götürərək, lazım olan bütün sözləri şeirdə işlədirdi.Özünün dediyi kimi, adi danışıq dilini-canlı dili şeirin ifadə vasitəsinə çevirirdi.
Mayakovski özünün şeir texnologiyasını təhlil edərkən qafiyənin, ritmin zərurətindən, şeirin ifadə gücünü artıran digər vasitələrdən də bəhs edirdi. O, yazırdı: “Qafiyə sizi əvvəlki misraya qaytarır, onu xatırlamağa, bir fikri ifadə edən bütün sətirləri birləşdirməyə məcbur edir.O. ritmi şeirin əsas gücü, əsas energiyası adlandırırdı.
Məlumdur ki, görkəmli rus ədibləri Puşkin, Qriboyedov, Belinski, Tolstoy, Qorki və başqaları öz əsərlərində dönə-dönə əcnəbi ölkələrin mədəniyyəti, dili və yaşayış tərzinə valeh olan, öz xalqının yaratdığı nemətlərə, öz doğma xalqının dilinə, mədəniyyətinə və sənətinə xor baxan adamları nifrətlə qamçılayır və ifşa edirdilər.
Mayakovski də klassik rus ədəbiyyatının bu nəcib ənənəsini davam və inkişaf etdirmişdir.Şair eyni zamanda klassik rus sənətinə xas olan böyük humanizm, beynəlmiləlçilik ənənələrini də davam və inkişaf etdirmişdir. Mayakovski qüdrətli bir sənətkar kimi yalançı xəlqilik, mədəniyyəti bayağılaşdırmaq, realizmi ibtidailikdə görmək kimi hallara qarşı, dili məhəlli “xalq sözləri” ilə korlayan, öz təfəkkürlərində patriarxal münasibət və anlayışlardan ayrıla bilməyən, dar milli çərçivədən kənara çıxa bilməyən yazıçılarla amansız mübarizə aparırdı.Mayakovski bununla birlikdə özlərini son dərəcə bilikli, “alim” kimi göstərmək, “yüksək mədəniyyət nümayəndəsi” kimi qələmə vermək üçün öz ana dilinə xor baxan, xarici burjua mədəniyyəti qarşısında səcdə edən, rus dilini əcnəbi sözlərlə zibilləyən vətənsiz kosmopolitlərə, simasız cızmaqaraçılara qarşı da amansız olmuşdur.
“Bizim gəncliyə” adlı şeirində belə adamları nəzərdə tutaraq Mayakovski yazırdı:
Elmi mövzulara toxunan zaman.
Rus dili onların çıxır yadından.
Şair kəskin satirik bir qüvvətlə bu kimi adamları ifşa edir və göstərirdi ki:
Tiflis akademiyası ilə Kazan
akademiyası
Bir-biri ilə fransız dilində
yazışırlar.
Şair gənc nəslə müraciət edərək nəzərlərini Moskvaya, rus mədəniyyətinə tərəf çevirməyi məsləhət görürdü.Rus dilini öyrənmək haqqında deyirdi: “Əgər mən yaşı ötmüş bir zənci belə olsaydım, ərinmədən, yorulmadan rus dilini öyrənərdim”.
Mayakovskinin qəsdən mübahisə tərzi ilə söylədiyi bəzi fikirlər şairin bədxahlarına deməyə əsas vermişdir ki, guya o, rus klassik əsərlərinə nihilist laqeydliklə yanaşmışdır.Əlbəttə, bu, düzgün deyil.Onun şeirlərini diqqətlə oxuyanda mübahisəli kəskinliklə və açıq-saçıq tonla birlikdə onun Puşkinə, Lermontova, Nekrasova, Blok və Yesenin kimi müasirlərinə göstərdiyi hörməti və incə münasibəti aydın görmək olur. Mayakovski “Yubiley” şeirində Puşkinə müraciət edərək deyir: “Bəlkə təkcə mən doğrudan da təəssüf edirəm ki, bu gün siz sağ deyilsiniz”.Doğrudur, bu sətirlər bir çox istehza və açıq-saçıqlıqla dolu olan sətirlər arasında olsa da, axı Mayakovskinin istedadının xüsusiyyəti belə idi: onda həmişə ən yüksək pafos bəzən istehza və satira ilə müşayiət olunur, eyni səhifədə təsirli lirika ilə əvəz edilir.
Məlumdur ki, Mayakovski “Yevgeni Onegin”i əzbər bilirdi. O, Lermontovu, Qoqolu çox sevir, Nekrasovu özünün sələfi hesab edirdi.Sergey Yeseninə həsr etdiyi şeirdə şairin ölümü barədə geniş rəy bildirən ədəbiyyatda bu cür dərin mənalı və güclü olan başqa bir şeir yoxdur.
Vladimir Vladimiroviç Demyan Bednı ilə birlikdə poeziyanı cansıxıcı salonlardan və bər-bəzəkli cildlərdən kütləvi estradaya, zavod sexlərinə, geniş meydanlara çıxarmışdır.Qəzetlər, plakatlar, kino, radio onun sevdiyi tribuna olmuşdur. Poeziya həyatın özündən yeni qüvvə toplamışdır.
Mayakovskinin xalqa, dövlətə qoyub getdiyi ədəbi irs böyükdür.Onun mənzum şüarları, “ROST-un satira pəncərəsi”, lirika və satira, məqalə və həcvlər, epiqramlar və yüksək publisistika, uşaqlar üçün kitabçalar, ssenarilər, pyeslər və poemaları dünyanın ən müxtəlif dillərində bu gün də sevilə-sevilə oxunur. İnsanların zəkası və qəlbi uğrunda mübarizənin ideya cəbhələrində Mayakovski zəhmli və cəsarətli döyüşçü olmuşdur və indi də belə olaraq qalır. Mayakovski bürokratlara qarşı şair nifrəti ilə çıxış edib deyirdi: “Mən qurd kimi gəmirərdim bürokratizmi”. O, əsərlərində yaltaqları, hiyləgərləri, müftəxorları, dedi-qoduçuları, meşşanları, xalturaçıları, keyfiyyətsiz məhsul verənləri, hərcayıları amansızcasına əzib ifşa edirdi.Qəhrəman kosmonavt Valeri Bıkovski Mayakovskini özünün sevimli şairi adlandırırdı.
Gənc Mayakovski rəssamlıqla çox tez maraqlanmağa başlamış, 1908-ci ildə rəssam bacısının köməyi ilə Stroqanov adına Moskva rəssamlıq, heykəltəraşlıq və memarlıq məktəbinə daxil olaraq, sonrakı illərdə məşhur portretist-rəssam V.Serovun yetişdirməsi P.Kelinin studiyasında oxumuşdur. Mayakovskinin dostlarından biri, tanınmış kimya mütəxəssisi S.Medvedev gənclik illərini xatırlayaraq yazırdı: “Mayakovski incəsənət və rəssamlıq haqqında söhbət etmək üçün bizə gələrdi... Onun həqiqətən çox gözəl rəsm çəkmək qabiliyyəti vardı. Təəssüf ki, Mayakovskinin çəkmiş olduğu çoxlu rəsmdən məndə qalmamışdır. Bizim ailəmizin üzvləri, dostlarım Mayakovskinin rəsmlərinə valeh olmuşdular...”.
Qeyd etmək yerinə düşərdi ki, 1919-cu ilin payızından 1922-ci ilin əvvəllərinə qədər Mayakovski Rusiya Teleqraf Agentliyində (ROSTA) çalışmış, minlərlə qrafik rəsmlərin, inqilabi plakatlar üçün yazdığı yüzlərlə qısa və mənalı şeirlərin müəllifi olmuşdur. ROSTA plakatlarının illüstrasiyaları və qısa şeirləri ilə tərtib etdiyi “Qüdrətli gülüş” kitabçasının “Söz istəyirəm...” adlı məşhur müqəddəməsində şair öz plakatları haqqında yazırdı: “Bu illüstrasiyalar qrafika bəzəklərindən ötrü yaradılmamışdır. Bu – üç illik çətin inqilabi mübarizənin rənglər və şüarların səsi ilə ifadə edilmiş protokol yazısıdır. Bu, ROSTA satira pəncərələrindəki böyük təşviqat işinin mənim payıma düşən hissəsidir”.
Dmitri Moldavskinin yazısındakı maraqlı faktlar diqqətimi cəlb edir: “...Mayakovski hər şeydən əvvəl müasir həyatın ən adi polemik hadisələrində tarixi faktları və yüksək poeziya mənbəyini görə bilən insan idi.O, elə bir sənətkar idi ki,inqilabi keçmişi gələcəyə yaxınlaşdlrmağı öz qarşısında məqsəd qoymuşdu.Elə bir şair idi ki, bütün yaradıcılığını və varlığını dünyanın yenidən qurulması kimi nəhəng vəzifənin həllinə yönəltmişdi.
...Mayakovskinin oçerkləri, məqalələri, xüsusən də “Fransız boyakarlığına yeddi günlük baxış” adlı məşhur yazısı şairin yaradıcılığının kamilləşdiyi dövrdə onun zövq və baxışları barədə geniş söhbət açmağa imkan verir. Onun Pablo Pikasso, Fernan Leje və başqa rəssamlar barədə mühakimələri necə də dəqiq və doğru səslənir.
Biz Mayakovski və ona müasir olan təsviri sənətdən söhbət salarkən ilk növbədə şairin birgə işlə bağlı olduğu, yaxından dostluq etdiyi adamların adlarını xatırlamalıyıq.V.Mayakovskinin yaradıcılıq ömürlüyündə bu və ya digər dərəcədə V.Kandinskinin, K.Maleviçin, V.Tatlinin, N.Altmanın, D.Şterenberqin, L.Lisitskinin, V.Lebedevin, D.Moorun, M.Çeremnıxın, A.Rodçenkonun və digərilərinin adlarına tez-tez rast gəlirik.
Sonra isə başqa adlar meydana gəldi.Bir sözlə, V.Mayakovski istər ölkəmizdə, istərsə də xaricdə dövrün rəssamlıq sənətinə yaxşı bələd idi.Həm ixtisası, həm təhsili, həm də sənət ehtiraslarıyla rəssam olan Mayakovski, klassik ənənələrlə , rus realist incəsənətiylə yaxından bağlı idi.Onun əsərlərində, məktub və çıxışlarında onlarla boyakar və qrafik adlarına rast gəlirsən: S. Adlivankin, İ.Ayvazovski, N.Altman, Y.Anenkov, M.Antokolski, A .Arxipov, L.Bakst, A.Byöklin, A.Benua, İ.Bilibin, F.Boqorodski, V.Borisov-Musatov, J.Brak və bir çox başqaları.
Əlbəttə, bütün bu saydığımız adlar içərisində elələri vardır ki, şair onların yaradcılığını qəbul etmirdi. Bəziləri haqda isə həyəcanlı danışırdı. Ancaq bütün bu adlar ümumi şəkildə götürüldükdə sənətkarın rəssamlıq barədə necə də yüksək erudisiyaya malik olduğu görünür.
Mayakovskiyə-rəssama həsr olunmuş xüsusi əsərlər də var. İ.Eventov 1940-cı ildə çap olunmuş “Mayakovski-plakatçı” adlı kitabına böyük şairi yaxından tanıyan və onunla dostluq etmiş bir çox rəssamlarla olan söhbətlərini əlavə etmişdir.
...Mən rəssamların Mayakovskiyə olan məhəbbətini bir daha qeyd etmək istərdim. Tələbə-rəssamlar Mayakovskinin çıxış etdiyi poeziya gecələrinə axışıb gələrdi.Bununla bağlı bir əhvalatı nəql edim. Hadisə Leninqradda (indiki Sankt-Peterburq-R.Mirzəzadə) NEP dövründə baş vermişdi. Amerikadan təzəcə qayıtmış Mayakovski filarmoniyanın zalında çıxış etməliydi.Bilet tapılmırdı, doğrusu bilet almağa heç pulumuz da yox idi.Ancaq buna baxmayaraq biz – böyük bir dəstə filarmoniyaya gedib necə olursa-olsun Mayakovskini dinləməliydik.Biletsiz olduğumuzçün bizi buraxmadılar, yolu kəsən bir dəstə şıq geyimli qapıçı bizi bayıra itələyirdilər.Onların bu hərəkəti bizi daha da əsəbiləşdirdi.Odur ki, xidmətçilərlə döş-döşə gəlib özümüzü pilləkənə atdıq.Hər tərəfdən səs-küy qalxdı.Daha müqavimət göstərə bilmədik.Şairin özünü tələb etməyə başladıq.Vəziyyət elə bir şəkil aldı ki, hətta milis işə qarışa bilərdi.Elə bu vaxt pilləkənin yuxarısında şairin fiquru göründü.Onun əynində palto, başında şlyapa, əlində isə ağac vardı.Şairə yalnız iki sözlə müraciət etdik: “Biz rəssamıq”. Mayakovski hər şeyi başa düşüb gülümsədi. Əlindəki trost (əl ağacı – R.Mirzəzadə) vasitəsiylə əmiranə bir hərəkətlə: “Rəssamları buraxın!” – dedi. Saqqallı xidmətçilərin hamısı kənara çəkilib bizə yol göstərdilər.
...Mayakovski ənənələrilə bağlı olan əsərlərdən biri də Q.Nisskinin “Moskva ətrafında mənzərə” adlı tablosudur.Sanki tamaşaçını uzaq, səma arxasından parlayan gələcəkdə birləşdirən yolun göz işlədikcə uzanan hamar səthi, riyazi dəqiqliklə çəkilmiş işıq kölgələri, reallığın və ümumiliyin vəhdəti, detallar və arzular- bütün bunlardır.Nisski əsəri.Vaxtilə mənə Mayakovski barədə bir rəssamla söhbət etmək nəsib olub.İlk baxışda şairə o qədər də yaxın olmayan görkəmli boyakar Səttar Bəhlulzadəni deyirəm.Vaxtilə onun barəsində geniş yazmışam.
Azərbaycan sənətkarı Mayakovski haqqında elə ehtirasla danışdı ki, mən ancaq bundan sonra Səttarın əsərlərindəki əsas cəhəti- o vaxtadək görə bilmədiyim həqiqi novatorluğu duydum.
Aramızdan vaxtsız getmiş mərhum Tofiq Cavadov da Mayakovskidən həmişə həyəcanla danışardı.
Mayakovski poeziyasının ətrini biz Toğrul Nərimanbəyovun da yaradıcılığında duyuruq. Ancaq bu haqda mən ayrıca yazmaq fikrindəyəm.
Tahir Salahovun sənət dünyasıyla tanış olduqda aydın olur ki, o, Mayakovskini çox sevir.Biz Tahirlə Mayakovskinin “Bu barədə” poeması haqqında söhbət edirik...Mən əvvəllər də əmin idim ki, Tahir Salahov Mayakovskini sevməlidir.Zənnimdə yanılmadığıma sevindim.Tahir sənətindəki zaman duyumu, texnikanın üzvi surətdə dərki, mərdlik və lirizm, tamaşaçı mühakiməsinə inam, habelə bir çox cəhətlər mənə Mayakovski poeziyasını, şairin estetik görüşlərini xatırlatdı...”.
Mayakovski Azərbaycanda ilk dəfə 1906-cı ildə atası vəfat etdikdən sonra ailəsi ilə Kutaisidən Moskvaya köçərkən olmuşdur. Şair sonralar bu barədə yazırdı: “ 906-cı il... Moskvaya doğru irəliləyirdik... Yol. Hamısından yaxşısı Bakıdır. Buruqlar, sisternlər, ən yaxşı ətir neftdir, sonra isə səhralıq gəlir...”.
Lakin 1906-cı ildə Mayakovski Bakıda dayanmamışdır, şəhərə yalnız qatarın pəncərəsindən tamaşa etmişdir. Bakı haqqında ilk təəssüratı şairin yaddaşında silinməz izlər qoymuşdur. 20 il keçdikdən sonra, 1926-cı ildə Mayakovski yazırdı: “Bakını mən üç dəfə görmüşəm.
Birinci dəfə on səkkiz il qabaq. Uzaqdan... Yaxınlaşarkən buruqların yanından böyük tüstü qalaqları yüksəlirdi, külək bu qara sacdan yapışıb quyulardan od çıxarırdı, od kölpəlikləri kənara tullanırdı və əfsanəvi buruqlar şəhəri görünməyə başladı. Üç yerdə yanırdı, hətta Bakıdan Dərbəndə tərəf bir saata qədər uzaqlaşdıqdan sonra da şəfəqi görürdük”. (Burada bir haşiyəyə çıxmaq zərurəti yaranır. Mayakovskinin əsərlərindən gətirilən sitatlar xüsusi hallardan başqa N.N. Aseyevin, L.V.Mayakovskayanın, V.O.Pertsovun və M.İ.Serebryanskinin ümumi redaksiyası ilə 1939-1949-cu illərdə nəşr olunmuş “V.V.Mayakovski. Əsərlərinin on iki cildlik tam külliyyatı”ndan verilir. Tədqiqatçılar qeyd edir ki, Mayakovski yanılaraq 1926-cı ildə yazdığı “Amerika Bakıda” oçerkində Azərbaycanda olması tarixini səhv göstərmişdir. Şair burada bildirir ki, o, ilk dəfə Bakını “on səkkiz il qabaq” (10-cu cild, səh.208), yəni 1908-ci ildə görmüşdür. “Mənim özüm” adlı tərcümeyi-halında isə həmin tarixi 1906-cı il (12-ci cild, səh.15) göstərir. “Amerika Bakıda” oçerkində o, yazır ki, “İkinci dəfə mən Bakını 13-cü ildə görmüşəm” (10-cu cild, səh.208). 1928-ci ildə yazdığı “Doğulmuş paytaxtlar” oçerkində isə qeyd edir ki, “Mən Bakını 24-cü ildə görmüşəm” (10-cu cild, səh.299).
Əslində Mayakovski Azərbaycanda dörd dəfə - 1906, 1914, 1926 və 1927-ci illərdə olmuşdur.
Mayakovski Bakıya ikinci dəfə 1914-cü il martın 29-da ukraynaəsilli rus şair və rəssamı David Burlyuk və rus şairi Vasili Kamenski ilə birlikdə gəlmişdir.
Sosialist inqilabının qələbəsindən sonra Mayakovski yenidən Azərbaycana gəlir.Şairin əsərləri respublikamızda onun hələ buraya gəlməsindən xeyli qabaq yayılmışdı. 1914-cü ildə hələ Mayakovski Azərbaycana gəlməmişdən əvvəl “Kaspi” qəzeti Bakıdakı “Sotrudnik” mağazasında olan “Yeni kitablar” arasında “V.Mayakovskinin şeirləri”ni də təqdim etmişdi. Mağazada “Mayakovski. Ay parkına gedən faciə” kitabı da satılırdı.
Bakı mətbuatında şairin əsərləri 1923-cü ildən çap olunmağa başlanılmışdı. “Bakinski raboçi” qəzetində “Bakı”, “Bizim istirahət günümüz”, “Qəzet günü” və s. şeirləri, “Trud” və “Molodoy raboçi” qəzetlərində digər əsərləri dərc edilmişdi. Həmin illərdən etibarən “Bakinski raboçi” qəzeti ilə müntəzəm əməkdaşlıq edən şair, sonralar qələmə aldığı “Kerzon”, “Demək, bu, belədir!”, “Evə”, “Çağırış” və Amerikada yazdığı “Qabil vətəndaş”, “İbadətkarlıq” şeirlərini də bu qəzetdə dərc etdirmişdir.
Mayakovski Azərbaycan mövzusunda bir çox əsərlər yazmışdır.Şair Azərbaycanın həyatında baş verən hadisələri diqqətlə izləyir və bu hadisələrə xüsusi əsərlər həsr edirdi.
Mayakovskini çox oxuyan və ondan öyrənən şairlərimizdən biri olan, həmin dövrdə Moskvada şairlə tez-tez görüşən Süleyman Rüstəm, Mayakovskinin ədəbiyyatımıza və doğma Bakımıza bağlı olduğunu qeyd edərək: “Bu adam Moskvada oturmağına baxmayaraq, bizim ədəbiyyatla, bizim Bakımızla yaxından tanış idi”-deyə ehtiramla qeyd edirdi.
V.Mayakovski üçüncü dəfə Azərbaycana 1926-cı ilin fevral ayında gəlmişdir. Bu artıq o dövr idi ki, şair sovet poeziyasının ən görkəmli nümayəndəsi kimi şöhrət qazanmış, onun həyat və yaradıcılığı haqqında sovet mətbuatında və xaricdə geniş bəhs olunmağa başlanılmışdı.Bir həftə davam edən üçüncü səfər zamanı Mayakovski Bakı zavodlarında, ordu hissələrində, tələbə auditoriyalarında, yazıçılarla görüşdə məruzə ilə çıxış etmiş və öz əsərlərini oxumuşdur.
Bakıda gördükləri, eşitdikləri, Azərbaycan xalqının mübariz keçmişi, onun igid oğul və qızları, onların qəhrəmanlıqlarla dolu qaynar həyatı istedadlı şairin yaradıcılığı üçün yeni ilham mənbəyi olmuşdur. Bakının, Bakı neftinin adı “150 000 000” poemasında, “Misteriya-buff” komediyasının ikinci variantında çəkilir. Əfsanəvi buruqlar şəhəri olan Bakı haqqında 1923-cü ildə yazdığı şeirində şair ilhamla bildirirdi:(şeiri Tofiq Mahmud tərcümə edib)
Bakı,
Küləklər şəhəri,
Qum rəqs edə - edə
Az qala
çıxara gözləri.
Bakı,
Yanğınlar şəhəri,
Yanğındır dan yeri,
Yanır Balaxanı,
Yanır hər yanı.
Bakı,
Məftillər – budaqları,
His, tüstü – yarpaqları.
Bakı,
Nefti qan damarı,
Axır
Mürəkkəb çayları.
Bakı.
Yastı – yapalaq damlar,
Donqarburun adamlar.
Bakı.
Şənlikdən, hay – küydən uzaq,
Bakı.
Dünyanın pencəyində
yağlı bir yamaq.
Bakı.
Bir insan
arzusuna çatan kimi,
Dərviş Tibetə,
Dindar Məkkəyə,
Xristian Qüdsə
Can atan kimi,
Sənə məhəbbətlə
can atıram Bakı!
Səni ürəyimdə
yaşadıram, Bakı!
Maşınlar, təkərlər
səninlə nəfəs alar,
Yağla, neftlə
Dayanmadan
öpər, öpər,
Güc alar, səs alar!
Şəhərin iradəsinə
əks getmədən
Bədəni qarala –qarala
qələbə qazanar,
İlan tək qıvrıla- qıvrıla
Sisternilər
Bakıdan uzanar!
İndi gələcəyinə,
Gör onun sabahını,
Çünki axır
Paytaxtların ürəyinə
Bakının yanar qanı!
Bütövlükdə Azərbaycan mövzusunda şair bir neçə əsər yazmışdır. “Amerika Bakıda” və “Doğulmuş paytaxtlar” oçerklərinin hər ikisi Azərbaycana həsr olunmuşdur.
Sonuncu dəfə 1927-ci ildə respublikamızda olan Mayakovski bakılıları özünün yeni əsərləri ilə tanış etmişdir.
“Böyük şairin xatirəsi”ndə görkəmli şairimiz S. Rüstəmin qeydlərini yada salaq:
“Mayakovskinin şeirləri ilə 1925 –ci ildən tanışdım. Onun özünə və yaradıcılığına dərin hörmət və məhəbət bəsləyirdim.
...Vladimir Mayakovski Bakıya 1927 – ci ilin dekabr ayında gəldi. Onun şeir gecələri barədə xəbər verən iri, maraqlı afişalar Bakı küçələrinin bəzəyi oldu. O vaxt Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti indiki Akademiyanın ikinci mərtəbəsində yerləşirdi.
Mən cəmiyyətin məsul katibi vəzifəsində çalışırdım. Gənc yazıçı və şair dostlarım Mayakovski ilə necə görüşmək haqda söhbət edirdilər. Onun yanına nə zaman gedəcəyimizi düşünürdük.
Birdən qapı açıldı. İçəri ucaboylu, enlikürəkli, uzunqollu bir adam girdi. Cəld ayağa qalxdıq. O, iki iri addım atmaqla bizim stola yaxınlaşdı. Əllərimizi bir – birimizə uzatdıq. Gələn adam :
-Mayakovski! – dedi.
Sevincimizi dillə demək çətindir. Oturub söhbətə başladıq. Mayakovskinin söhbətə başlaması o qədər sadə və səmimi oldu ki, biz özümüzü çox sərbəst hiss etdik.
Mayakovski təşkilatımızın nə kimi ədəbi qüvvəyə malik olması ilə maraqlanırdı. O, bizdən nəşriyyatlarla əlaqəmizi, kitablarımızın necə yayılmasını soruşdu. Mayakovskini bizim əsərlərimizin mövzusu, Bakı neftçilərilə əlaqələrimizin nə vəziyyətdə olduğu maraqlandırırdı. Söhbət əsnasında dedi ki : “ Biz əsərlərimizi özümüz üçün yazmırıq, özümüz üçün yazsaydıq nəşr etməyə ehtiyac qalmazdı.Biz əsərlərimizi geniş oxucu kütlələri üçün yazırıq.Buna görə də ilk növbədə əsərlərimizi onlara oxuyub, fikirlərini öyrənməliyik. Xüsusilə siz, Bakı şairləri fabriklərdə, zavodlarda fəhlələrlə, mədənlərdə neftçilərlə bir işləməlisiniz... Sizin oxucularınız onlardır. Oxucusuz şair olmaz ”.
Biz ona harada və nə kimi çıxışlar etdiyimizdən danışdıq.
Biz onunla iki saata qədər səmimi söhbət etdik. Böyük şair qardaşımız Vladimir Mayakovskinin Bakıya gəlişi və bizimlə açıq, ciddi söhbət etməsi hamımızda ruh yüksəkliyi oyatdı.
Söhbətdən sonra küçəyə çıxdıq. Mayakovski ilə birlikdə şəhərin küçələrini gəzərkən yol keçənlərin hamısı dönüb heyran – heyran bu pəhləvan gövdəli, iriaddımlı şairə baxırdı.
Mayakovskinin ədəbi gecələrindən biri mədəniyyət sarayında ( indiki Akademiyanın binasında ) oldu.
Budur, Mayakovski səhnədə göründü. Salon hərəkətə gəldi. Alqış sədaları hər tərəfi bürüdü... O, salondakıları ən gözəl əsərlərindən biri olan “ Yaxşı ” poemasını oxudu. Mayakovski poemanı oxuyub qurtarandan sonra hamımız onu ürəkdən alqışladıq. Bir azdan Mayakovskiyə suallar yağdırıldı.
Xüsusən, pudralı, boyalı xanımlar, boynu bantikli, əli troslu gənclər ona gülünc və mənasız suallar verirdi. Bir nəfər şairə belə yazmışdı : “İnsanın qəlbində boşluq olanda, onun iki çıxış yolu var; biri susmaqdan, digəri isə bağırmaqdan ibarətdir. Siz nə səbəbə ikinci yolu seçmisiniz? ”
Mayakovski əsla pərt olmadı. Lakin biz onun halına acıyırdıq. Böyük şairi ürəkdən sevən, poeziyasına pərəstiş edənlər cərgəsində tək – tük nadanların olması və belə hərəkət etməsi bizi əsəbləşdirirdi. Mayakovski bu sualın müəllifinə belə cavab verdi : “Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da var. O da – belə axmaq suallar yazmaqdan ibarətdir ”.
Bütün salon güldü, Mayakovski bu cavabı ilə ürəyimizdən tikan çıxartdı”.
“Mayakovski ilə söhbət”i S.Rüstəmin ölməz misralarında əbədiyyət qazanıb:
Hər şeir yazana deməzlər şair,
Şairlik sənəti asan deyildir.
Şair danışmasa ellər adından
Onu bircə anda yaşatmaz zaman.
Bir hünər sayılmaz dayazda üzmək,
Çeynənmiş sözlərdən qafiyə düzmək.
Şeirə çürük sapla paltar tikənlər.
Açıq qapıları sonsuz döyənlər
Tapmadı özünə ürəklərdə yer.
...Volodya! Danışaq gəl gülə- gülə,
Könül nəğməmizi gətirək dilə.
Qatdın gur səsini dövrün səsinə,
Döyüşkən nəğməni el nəğməsinə.
Şeirin keçilməmiş yolunu seçdin,
Sən odlar, alovlar içindən keçdin.
Vətən hünərinin anası oldu,
Şerin zəfərlərin aynası oldu.
Polad ayağını basaraq yerə
Göydən ulduzları köçürdün şeirə.
Özünü görmədən sevmişdim səni,
Mənimçün hər sözün yeniydi, yeni.
Çıxarmı xatirdən tanışlığımız,
Üz –üzə oturub danışdığımız!
Deyirdin : “Cavansan, sev sənətini,
Xalqın zəhmətinə qat zəhmətini.
Çəkməyək dərdini şöhrətimizin,
Şer silahıdır dövlətimizin!
Duraq keşiyində sənətin ayıq,
Əsərlər yaradaq bu əsrə layiq.
Şeir dünyasında bakılı dostum,
Bir misra uğrunda min misra pozdum.
Qəlbinin səsinə yaxşı qulaq as
Şair qocalsa da şeir qocalmaz.
Poladdan tökülsün kəlmən, qafiyən,
Bu günəşli yolda həvəskaram mən.
Çalış oxucunu buna inandır:
Hər nəğmə, hər şeir ürək qanıdır.
Çox şair dünyanı səssiz tərk etdi,
Özüylə bərabər sözü də getdi.
Çalışaq, sənətə gətirək bahar
Bəlkə bir şeirimiz qalsın yadigar
Gələcək qəhrəman, mərd nəsillərə,
Cavan dost, verməyək ömrü hədərə!”
Volodya, ömrümün bahar çağında
Bakıda qanımın qaynar çağında
Dinləyib sözünü məhəbbətlə mən,
Dost oldum həyatla, həqiqətlə mən.
İnan ki, adını unutmaz zaman,
Ölməz ölümlərə ölümlər yazan.
Keçdikcə fəsillər, ötdükcə illər
Səni xatırlayır hörmətlə ellər.
Qüdrətli şair Azərbaycana olduqca məftun idi. Bunlar şairin qəlbinin dərinliklərindən gələn məhəbbət dolu sözləridir: “ Mən həm Minsk, həm Xarkov, həm Krasnodar, həm də Kazan haqqında yazmaq istəyirdim, lakin... Bakıdan ayrıla bilmirəm”.
1927-ci ildən sonra Mayakovski Bakıya bir daha gələ bilməmişdir. Lakin şairin Bakı haqqında böyük bir poema yazmaq istəyinin olması və bu barədə məlumatlar topladığı məlumdur. K.Petrosovun apardığı tədqiqatlar göstərir ki, Mayakovski 1929-cu ilin sonu və 1930-cu ilin fevral ayında məktub vasitəsilə o zaman İliç adlanan buxta və dənizdən neft çıxarılması haqqında faktlar və rəqəmlər istəmişdir.
XX əsrdə elə bir görkəmli şair tapılmazdı ki, o, Mayakovskinin təsirinə düşməsin, Mayakovski yaradıcılığından bəhrələnməsin, istifadə etməsin. O, təkcə şairlərin köməyinə çatmırdı, onlara eyni zamanda xalq işinin qüdrətini qələmə almaqda yol göstərirdi. Doğrudan da kim Mayakovskiyə arxalanırdısa, onun yaradıcılıq hüdudları genişlənirdi. Şairlərin neçə-neçə nəsli necə yazmağı ondan öyrənirdi.
Azərbaycanda sərbəst şeir 1920-ci illərin ortalarında yaranmağa başlamışdır.Onun ideya-estetik əsaslarının müəyyənləşməsi prosesi bir müddət gərgin ideoloji mübarizə şəraitində davam etmiş, inkişafın sonrakı mərhələlərində sosialist realizmi şeirinə məxsus üslub müxtəlifliyinin bir forması kimi şaxələnmiş, S.Vurğun, R.Rza, M.Rəfili, Ə.Fövzi, M.Müşfiq, O.Sarıvəlli, N.Rəfibəyli kimi şairlərin birgə səyləri və axtarışları nəticəsində özünün yeni xüsusiyyətlərini qazanmış, poetikasının hüdudlarını genişləndirmişdir.
Yeni yaradıcılıq üfüqlərinə qədəm qoymaq, ədəbiyyatı xalqın malı etmək, onun həyatını, işini, mübarizəsini, istək və arzularını tərənnüm etmək üçün Mayakovskinin canlı poeziyası söz, sənət sahiblərinin köməyinə köməyinə gəlirdi. Azərbaycanın görkəmli şairlərindən biri olan Səməd Vurğun deyirdi: “30-cu illərdə yazdığım “Raport” və “Fanar” əsərləri bilavasitə Mayakovskinin təsiri ilə yaranmışdır.Bu şeirlər həmin illərdəki yaradıcılığımda bir dönüş idi.Bu əsərlərdə birinci dəfə Mayakovskinin yolu ilə gedərək, aydın və dürüst siyasi dillə öz fikrimi ifadə etmişəm”.
S.Vurğun Mayakovski yaradıcılığını dünya şeiri üçün yeni hadisə hesab edərək: “Mən şairliyin bütün gücünü sənə verirəm, -ey hücum edən sinif!”-deyən səsini həm böyük şairin səsi, həm də əsrin səsi, yeni poeziyanın səsi kimi səciyyələndirirdi.S.Vurğun göstərirdi ki, rus şeiri və V.Mayakovski Şərq xalqlarının poeziyasına köhnəlmiş şərti şeir qanunlarını aradan qaldırmağa kömək etmişdir.O, bütün milli şairlərin adından deyirdi ki, biz V.Mayakovskini özümüzün dostu və müəllimi hesab edirik. Görkəmli şair təkrar-təkrar etiraf edirdi ki, Mayakovskinin böyük zəmanəni təsvir edən poemalarında insan xarakterlərinin, tiplərin geniş qalereyasını – həmin dövrdəki hadisələrin şahidi olan insanları tapa bilmərik.Bu isə qarşımızda duran vəzifəni bir daha bizə göstərir:yəni biz gərək Mayakovskinin böyük və canlı ədəbi irsini qiymətləndirməklə bərabər, eyni zamanda yalnız onun yolu ilə məhdudlaşıb kifayətlənməyək, onun yaradıcılıq yolunu qanun şəklinə salmayaq, böyük inqilabi dövrün epik təsvirində başqa yollar da axtarıb tapaq.
S.Vurğun Mayakovskinin ənənələrindən özünəməxsus bir üsul və yol ilə istifadə etmişdir. Onun “Zəncinin arzuları” poeması şairin bu sahədəki müvəffəqiyyətinin bariz nümunəsidir. S.Vurğun Mayakovskinin böyüklüyünü dərindən dərk edib yazırdı:
Dünya şairləri döyüşə gəlsin!
Hər söz də cəbhədə qəhrəman olsun.
Şairlər ordusu səf-səf düzülsün,
Yoldaş Mayakovski komandan olsun.
Mayakovski həqiqətən şairlər ordusunun ön cərgəsinə gedərək, onlara yol göstərdi.Sülh və demokratiya uğrunda mübarizə aparılan bir zamanda Mayakovskinin səsi hər an eşidilirdi. O, irəlidə gedir, ədəbiyyatların yüksəlişinə, çiçəklənməsinə kömək edirdi.Şair deyirdi:
Mənim arzum budur:
sənət
bağlamasın kif,
Bizdə
çox şair olsun,
həm yaxşı, həm müxtəlif.
...Gəlin
qan, tər tökərək
rövnəqlədək sənəti.
həm miqdarı artıraq
həm də ki,
keyfiyyəti.
Mayakovskinin ənənələri bizim ədəbiyyatımızda da məhz böyük şairin arzu etdiyi “çox, yaxşı və müxtəlif” şairlərin yetişməsinə kömək edirdi.
Mayakovski əsərlərinin təsiri, göstəriş və məsləhətləri, onun ədəbi mübarizə proqramı Azərbaycanın həmin dövrdəki gənc şairlərinə həqiqi poeziyanın əsl mahiyyətini öyrədirdi. Rəsul Rza bu barədə çox gözəl söyləyirdi:
...Sözümü anlama qiybət kimi,
Sevirəm sənəti
həqiqət kimi !
Lakin vurğun deyiləm...
Demək
səcdə, təqlid yollarında
yorğun deyiləm!
Nəyçün sevdim Mayakovskini mən?
Oxu, bəlkə anladın
bu sözlərdən;
Mən tüpürdüm hüsnə xal yapışıran
şairlərin yoluna,
Durdum yeni şeirin qaravuluna!
... Udaraq bu günün havasını;
könlümdə böyütdüm
şirin gələcək sevdasını.
R.Rza Mayakovskinin poetikasındakı təşbeh,istinarə, mübaliğə və başqa bədii təsvir vasitələrindən öz əsərlərində istifadə edirdi. O, bəzən hətta heca vəznində yazdığı şeirlərin misralarını da bir-birindən ayırır, sözlərin misradakı yerini, funksiyasını mənaya, poetik fikrə tabe edir.Məsələn, “Qızıl gül olmayaydı” poemasında aşağıdakı parçalarda misraların düzülüşünə diqqət edək:
Əynində nimdaş palto,
başında bir nimdaş şal;
nə ipəkdi, nə də yun.
Saçları ağ-
İllərlə bağlı sandıqda qalıb,
şəfəqini itirmiş
adicə gümüş kimi.
Bu bütöv, birnəfəsə yazılmış mətndir.Şair mətnin dördüncü misrasını başqa cür də yaza bilərdi. Lakin belə etməmişdir.Ona görə ki, mətndə əsas poetik məqsəd saçların ağlığını, həm də məhz illərlə sandıqda qalıb şəfəqini itirmiş adicə bir gümüş kimi ağlığını bildirməkdən ibarətdir.Yaxud başqa bir yerdə R. Rza yazır:
Elə bil
oyuncağı qırılmış
uşaq kimi
hıçqırıb yana-yana
İndi ağlayacaqdır.
Bu misralar aşağıdakı şəkildə sənələnsəydi, şeirdə söz və birləşmənin məna çalarlarına xələl gəlmiş olardı:
Elə bil oyuncağı qırılmış uşaq kimi
Hıçqırıb yana-yana indi ağlayacaqdır.
Sərbəst şeirin texnologiyasını işləyib hazırlamaqda, müəyyənləşdirməkdə, büllurlaşdırmaqda V.Mayakovskinin şeir üslubunun əhəmiyyəti böyükdür. R.Rza bu barədə yazır: “Mən uzun müddət Mayakovski əsərlərinin Azərbaycan dilinə tərcüməsi üzərində işləmiş və müəyyən təcrübə qazanmışam. Tərcümə təkcə şairin nə yazması haqqında yox, eyni zamanda necə yazması barəsində də geniş təsəvvür verməlidir.Mayakovskidən çoxlu ifadələr, söz birləşmələri, ayrıca sözlər, müqayisələr, metaforlar vardır ki, bunlar ümumi, qəbul olunmuş rus dili, rus nitqi üçün “qeyri-adidir”.Bu yeniliyin böyük bir hissəsi rus dilinin ruhu ilə tamamilə həmahəng səsləşir. Mayakovski şeirlərini bu və ya digər dilə tərcümə etmək üçün bunları bilməmək, onun poetik “mən”ini bir kənara qoymaq olmaz.
...Uzun illərun təcrübəsi məni bu nəticəyə gətirib çıxarmışdır ki, hər cür tərcümədə, o cümlədən poetik əsərlərin tərcüməsində dilin daxili qanunu və poetik ruhunu nəinki dəyişmək, hətta onu ikinci plana keçirmək də olmaz. Mən hər dəfə Mayakovskinin əsərlərini tərcümə edəndə çalışıram ki, Azərbaycan dili, təsvir vasitələri ilə orijinala yaxın forma tapım.
Bununla belə, Mayakovskinin əsərlərini Azərbaycan dilinə tərcümə edəndə mən yeri gəldikcə elə ibarələrdən, tərkiblərdən, ayrı-ayrı sözlərdən istifadə edirəm ki, onlar Azərbaycan ədəbiyyatında yenidir, işlənməmişdir, yaxud adət etdiyimizdən başqa cür işləndikləri üçün yeni kimi səslənirlər.Bütün bunları Azərbaycan dilinin qanunları və təbii imkanları hesabına edirəm.
Mənə elə gəlir ki, Mayakovski yaradıcılığını təbliğ etmək üçün bizə çox iş görmək lazımdır... Müasir poeziyada Mayakovski yaradıcılığının təsiri inkaredilməz bir həqiqətdir...”.
Müasir dünya poeziyasında Mayakovski şeiri prinsip etibarı ilə getdikcə daha artıq yer alır və əhəmiyyət qazanır...”.
Osman Sarıvəlli Vladimir Mayakovski şeirinin məziyyətlərini dərindən bilən, azadlıq carçısının yaradıcılığına ciddi fikir verən və ondan öyrənən şair idi. O, Mayakovski şeirinin təsirindən bəhs edərək yazırdı: “...O, təkcə sovet şeirinə yox, dünya poeziyasına da güclü təsir göstərib və göstərir. Bu yaxınlarda ərəb şairlərinin şeirlərini tərcümə edirdim. Onlarda Mayakovski şeirinin ruhunu hiss eləyəndə, təəccübləndim. Azərbaycan poeziyasına gəldikdə isə onu deyə bilərəm ki, şeirimizin görkəmli nümayəndələri Mayakovski yaradıcılığına həmişə yüksək qiymət vermiş, ondan öyrənmişlər...”.
O. Sarıvəllinin “Dəmir sətirlərim” adlı silsilə şeirlərində, sonralar yazdığı bir çox əsərlərində, “Misirli qardaşlar” poemasında və satiralarında V.Mayakovskinin aydın təsiri duyulmaqdadır.O.Sarıvəlli göstərirdi ki, ruhən Mayakovskiyə daha yaxın olmaq üçün nəinki mövzu aktuallığı, dolğun məzmun və s. cəhətdən, hətta forma cəhətdən də Mayakovskinin şeir formasına yaxın olmaq daha faydalıdır.Buna görə də O.Sarıvəlli daha çox sərbəst şeirə meyl edirdi.
O.Sarıvəlli deyirdi ki,Mayakovskini sevmək üçün onu oxumaq, dərindən öyrənmək lazımdır.Şair var ki, onun əsərlərini bir-iki dəfə oxuduqda dayaz, məzmunsuz, həyat və hadisələrə biganə,passiv əlaqə bəslədiyi üçün adam bezir, o əsərləri bir də oxumaq istəmir.Lakin Mayakovskinin şeirlərini oxuduqca oxuyursan və hər dəfə də onlarda yeni fikir, yeni məna tapırsan, bu əsərlərin müəllifinin nə qədər hazırlıqlı, dərin, nə qədər gözüaçıq və cəsarətli, qüdrətli olduğuna heyran qalırsan.Mayakovskinin zəngin və mübariz yaradıcılıq yolu yazıçılarımız, xüsusən şairlərimiz üçün nümunə olmuş, həmişə də parlaq nümunə olacaqdır.Həyat və hadisələrlə ayaqlaşa bilmək, gözü açıqlıq,dövrün nəbzini tuta bilmək, həyata aktiv münasibət, qurmaq, yaratmaq, yaşatmaq eşqi, həyatımızı nəhəng lokomotiv kimi çəkib öz arxasınca irəli aparmaq həvəsi, cəsarəti, vətəndaşlıq qüruru, vətənpərvərlik, beynəlmiləlçilik, öz qüdrətli qələmi ilə vətənin keşiyində durmaq, dünyada sülh və demokratiya, millətlər dostluğunu təbliğ və tərənnüm etmək Mayakovski yaradıcılığının ən gözəl cəhətləridir...
Mayakovski azadlığı sevir və buna görə də zülmə nifrət edirdi.O, insanı sevir və buna görə də insan cəlladlarına nifrət edirdi. O, sülhü, əmin-amanlığı sevdiyi üçün müharibə qızışdırıcılarına qarşı mübarizə aparırdı. Lakin səadət əldə etmək o qədər də asan iş deyildi. Buna görə yanmağı bacarmaq, öz alovu ilə qəlbləri isindirməyi, onun şüaları ilə gözlərə işıq verməyi bacarmaq lazım idi:
İşıqlan hər bir zaman,
Hər bir yerdə işıqlan!
Ta son günə qədər
kəsmə bu işıqları.
Heç bir şeyə baxmadan
nurunu yay, vəssəlam;
Budur mənim şüarım
Və Günəşin şüarı.
Böyük şairdən öyrənmək istəyənlər hər şeydən qabaq böyük şairin sağlam, qüdrətli yaradıcılıq ruhunu qavramalı idilər.Bu zəngin və qüdrətli yaradıcılıq ruhu hər bir şairin zövqünə, mənəviyyatına nüfuz etdikcə o mütləq öz faydalı təsirini göstərirdi.
Mayakovski ənənələrini öyrənərkən şeir və sənətin qarşısında duran vəzifələri böyük şairin necə başa düşdüyünü və bu məsələləri necə izah etdiyini öyrənmək lazımdır.Bu cəhətdən Mayakovskinin “Şeiri necə yaratmalı” adlı tənqidi əsərini dərindən oxumaq vacibdir.Çünki bu əsərdə Mayakovski öz poetikasının əsas xüsusiyyətlərini hər hansı tənqidçidən daha yaxşı şərh etmişdir.Mayakovskinin bu məsələlərə münasibətini, onun öz əməli işində çox böyük əhatəli, dərin, zəngin və rəngarəng yaradıcılığında, xüsusən bilavasitə şeir və sənətə həsr olunmuş “Yazıçı qardaşlara”, “Sənət ordusuna əmrlər”, “Kütlələr başa düşmür”, “Ən yaxşı şeir”, “Nədən şikayət edirsiniz?”, “Allahın quşcuğazı” kimi əsərlərində çox aydın görmək mümkündür.Şair “Yazıçı qardaşlara” şeirində köhnəlmiş dəblərə uyub öz saçlarını uzadan, yazdıqlarının da əsl sənətlə heç bir əlaqəsi olmayan pajlardan, kaşanələrdən, yasəmən budaqlarından iftixarla danışan, yazan, ilhamsız, ideyasız və cəsarətsiz şairləri tənqid edib onlara deyirdi:
Əgər sizin kimilər
sənətkar adlanırsa,
Allah vursun sənəti!
Mayakovskinin yaradıcılığında film ssenariləri mühüm yer tutur. 1918-ci ildə özünün üç filmində çəkilmişdir.
20-ci illərdə Mayakovski kino və teatr üçün də xeyli əsərlər yazmışdır. “Pul üçün doğulmayanlar”, “Taxtabiti”, “Xanım və xuliqan”, “Misteriya – buff” əsərləri o dövrün aktual problemlərinə həsr olunmuşdur. “Misteriya-buff” dahi rus rejissoru və pedaqoqu Vsevolod Emileviç Meyerholdun diqqətini cəlb etmiş və o, həmin əsəri musiqili dram teatrında tamaşaya qoymuşdu.
Mayakovskinin yaradıcılığında siyasi mündərəcə ilə bədii ifadə vasitələri bir vəhdət təşkil edir, bir-birini tamamlayır; siyasət poeziya ilə, publisistika bədiilik ilə ayrılmaz surətdə birləşir. Böyük Qorki kimi Vladimir Mayakovski də hələ o zaman yenicə baş qaldıran faşizmin gələcəkdə bəşəriyyət üçün böyük fəlakətlər törədəcəyini qabaqcadan görür və dünyanın bütün azadlıqsevər xalqlarını faşizm ilanının başını əzməyə çağırırdı.Mayakovskinin faşizmə odlu nifrət saçan misraları Böyük Vətən müharibəsi illərində daha böyük bir qüvvətlə səslənirdi. O, bilirdi ki, xalqlar öz müqəddəs sərhədlərini hər cür xarici təcavüzlərdən qorumağa çalışacaq, böyük çətinliklərə rast gələcək, bütün dünyanın qırğın və talanlara sövq edən faşizmə qarşı mübarizədə böyük sınaqlardan çıxmalı olacaqlar.Buna görə də şair dönə-dönə tapşırırdı:
Yoldaş,
kar
və kor
olma!
Yoldaş,
barıtı
quru
saxla!..
Şairdə ölkəsinin sarsılmaz qüdrətinə hədsiz bir inam var idi.Onun üçün şübhəsiz idi ki:
Denikini əzdik.
Maxnonu əzdik,
Eləcə də
hər kəsi
yolumuzdan
silib atacağıq.
Faşistlərə, bu azğın yırtıcılara gəlincə, onlarla Mayakovskinin danışığı qısa idi:
Faşistlərlə
yanğınlar dili ilə,
Güllələr sözü ilə,
süngülərin iti ucu ilə
danış!
Böyük şair Pablo Neruda İspaniyada, respublikaçılar sırasında faşist qiyamçılarına qarşı, Franko qatillərinə qarşı vuruşarkən Mayakovskinin poeziyası ilə tanış olmuşdur. Pablo Neruda dünyanın bütün inqilabi poeziyası üçün Mayakovski yaradıcılığının böyük əhəmiyyətindən danışaraq yazırdı: “Biz cavan olanda Mayakovskinin hamımızı heyrətə salan səsi gurladı. Şəfəqlərdən və toranlıqdan dəm vuran “poetik sistemlər” arasından inşaatçının çəkicini xatırladan bir səs qopdu.Şair öz əllərini kollektivin ürəyinə salır və orada yeni mahnılar üçün qüvvələr tapırdı. Mayakovskinin gücü, mehribanlığı və hiddəti bizim poetik dövrümüzün ən yüksək nümunələri olaraq qalmaqdadır”.
Mayakovski sülhün alovlu və yorulmaz əsgəri idi. O, bütün bəşəriyyətin, bütün xalqların azad və xoşbəxt yaşaması uğrunda mübarizə aparırdı. Keçmiş Sovetlər İttifaqı Ümumdünya Sülh Şurasının Müraciətinə imza atıb sülhə yekdilliklə səs verdiyi tarixi günlərdə də Mayakovskinin odlu sətirləri bir daha ucadan səslənirdi:
-Müharibə olmayacaq!
-İstəmirik!
-Biz yol vermərik!
1926-cı ildə yazdığı “Evə” şeirinin sonunda Mayakovski mübariz poeziyaya, sənətə öz yüksək və tələbkar münasibətini tam aydınılığı ilə bildirirdi:
Arzum budur
qələm süngüylə
yanaşı dursun.
Yaxud:
Dinləyin ey yoldaşlar,
dinləyin ey nəsillər,
bu gursəsli carçını,
coşqun təşviqatçını!
Mən şeir axınlarını
yerində susduraraq,
keçəcəyəm üstündən
incə, lirik topların.
O gün görəcəksiniz
ölməmişəm, sağam mən.
Sizinlə bir canlı tək
söhbət açacağam mən!
Mayakovski hərarətlə sevməyi də bacaran sənətkardır. O, mərd və cəsur bir qəlblə sevirdi. Bu məhəbbətdə ah-nalə yoxdur.Göz yaşları tökmək, bədbinliyə qapılmaq ona yaddır.Bu cəhətdən Mayakovki poeziyası Sabir poeziyasına yaxınlaşır: “Ağladıqca kişi qeyrətsiz olur!”.
Mayakovski şeirlərində daim yüksək həyatilik, gələcəyə inam, mübarizə əzmi duyulmaqdadır.Onun poeziyasında məhəbbət motivi məhz bu səpkidə gedir.
Mayakovski hansı siyasi hadisəni qələmə almasından asılı olmayaraq,həmişə lirik şair kimi də tanınır və sevilirdi. Şairin məhəbbəti dilindən və dinindən asılı olmayaraq, xalqların nəcib duyğuları ilə birləşirdi.Bu cəhətdən böyük sənətkarın “Sevirəm” və “O barədə” poemaları xüsusilə xarakterikdir. “Sevirəm” poemasında zülmdən azad olmaq sevinci məhəbbət hissləri ilə birləşdiyinə görə bu əsər təbii ki, inqilabdan əvvəl yazılan əsərlərdən fərqlənir. Burada şairin nikbinliyi daha qabarıq təqdim olunur, insanın sevinc mənbəyi kimi təsvir olunan məhəbbətdən bəhs olunur, insanı ucaldan həqiqi böyük sevgi tərənnüm edilir.Şairin sevgisi müqəddəsdir, onu sevgilisini görmək, ona qovuşmaq intizarı üzür, onun ürəyi əsir, “İndicə görüşüb ayrılan kimi, yenicə səndən ayrı olan kimi, yenə can atıram qovuşmaq üçün sənə” –deyən Mayakovski, təkrar-təkrar sevgilisinin yanına qayıtmaq, onunla bərabər olmaq istəyir. Poema ölməz şairin məhəbbətinin təntənəli surətdə mədhi ilə bitir:
Nə küsü məhv edər məhəbbəti,
nə yaxın – uzaq.
Düşünülmüş,
sınanılmışdır,
yoxlanılmışdır.
Şeirimin sətirlərini qaldıraraq
and içirəm,
qəlbimdəki hərarətlə.
Sevirəm səni varlığımla,
sevirəm sədaqətlə!
Mayakovskinin dərindən məhəbbət bəslədiyi, qoynunda dünyaya göz açdığı, qəhrəmanlıq keçmişinə malik əsrarəngiz bir Qafqaz eli olan Gürcüstan, onun azadlıqsevər xalqının həyatı şairin poeziyasında öz bədii ifadəsini tapmaya bilməzdi. Tərcümeyi-halını əks etdirən “Mən-özüm”ündə “Vətənim – Gürcüstanın Kutaisi quberniyasının Baqdadi kəndidir” –deyə qeyd edən şairin Gürcüstan mövzusunda yazdığı bir çox gözəl şeir və poemaları müəllifin bədii irsinin dəyərli incilərindəndir.Mayakovski “Beşinci beynəlmiləl”, “Sevirəm” poemalarında Gürcüstanın gözəl təbiət lövhələrini yaratmış, burada keçirdiyi uşaqlıq illərindən maraqla bəhs etmişdir.Şair ən yaxşı əsərlərindən olan “Vladiqafqaz-Tiflis” lirik şeirində oxucunu Gürcüstanın füsunkar təbiəti ilə tanış edir, qədim gürcü mədəniyyətini, Vətənə məhəbbət və sədaqət ifadə edən gürcü xalq mahnılarını vəsf edir, əsrlər boyu əsarətdə qalan gürcü xalqının azadlığa çıxmasını alqışlayır.
Mayakovskinin “Tamara və Demon”, “Yubilley”, “Meksika”, “Hette yoldaşa, gəmiyə və insana”, “Bizim gəncliyə”, “Maliyyə inspektoru ilə poeziya haqqında söhbət” və s. əsərləri, habelə 1922-1928-ci illərdə yazdığı avtobioqrafik qeydlərinin bir hissəsi Gürcüstanla bağlıdır.
Qoca Qafqaz da öz şair övladına olan böyük məhəbbətini bütün əzəməti ilə yaşatmış və əsrlər boyu da yaşadacaqdır.
Mayakovski ictimai həyatda şairin yerini doğru-dürüst müəyyənləşdirmişdir.Bu mənada o, rus poeziyasında sosializm realizminin bayraqdarı olmuşdur. Onun poeziyasının əsas qəhrəmanı, aparıcı qüvvəsi insandır.Şair üçün balaca və böyük şəxsiyyət yoxdur. Ancaq təmiz qəlbli, pak vicdanlı, yüksək əqidəli insan var. Sinfi toqquşmaların baş verdiyi yer bütün dünyadır, hadisələrin baş verdiyi yer isə zaman ölçüsünə görə həm bu gündür, həm də sabahdır. Mayakovskinin qəhrəmanları mübarizdir, işgüzardır, bu adamlar müəyyən amal uğrunda çarpışan vətənpərvərlərdir.
Mayakovski köhnə dünyadanqalma adət və ənənələri, hər cür meşşanlığı, bürokratizmi, süründürməçiliyi, iclasbazlığı poetik ustalıqla qamçılayır və damğalayırdı. Şairin qüdrətli qələminin gəzdiyi yerdə həyat və hərəkət vardı, canlılıq hökm sürürdü.Onun bütün yaradıcılıq aləminin möhkəm dinamizmi vardı.
“Bombadır, bayraqdır, nəğmə və şeir” deyən böyük Mayakovski, həmişə həyatın mühüm hadisələrinə vaxtında cavab verən əsərlər yazmağı bacarırdı. Şairin “Amansız tənqidlərin dərin vuran neştəri”nə diqqət edək: (şeiri R.Rza tərcümə edib)
Zəhmətimizdir
nəhəng
qurğularda parlayan.
Susuz
quru
çöllərdə
göy zəmilər
yaratdıq.
Zəhmətimiz
görünür
hər yana baxsan
hər an.
Fabriklər
gecə-gündüz
durmadan
saçır işıq.
Lakin
günəşin belə
üzündə ləkələr var.
Kölgələr var qaralır,
İşıq var
yanır par –par
Gah bir şəhərdən gəlir
könül bulandıran səs
Gah o birindən qalxır
üfunətli bir nəfəs.
Bu xəstəlik hələ var –
Qəzeti gözləmədən
qəzəbli bir səs çıxar!
Fənalığın
böyrünə
tənqidin nəştərini
uf demədən sanc
özün!
Höqsanları görməyə
alışsın
zirək gözün!
Tənqid bir gün üçün yox,
Gözə kül atmaqçın yox,
Bizə hər gün gərəkdir.
İşimizə
köməkdir.
Qışqırıqçı,
harayçı tənqid
Yaxıb yandıran
Qızmar bir od deyildir.
Tənqid idman deyildir;
Başlayasan yarışa,
Ya tək qaçıb, ya qoşa.
Bizim tənqid hərəkət,
inkişaf dəstəyidir.
... İşimizin sürəti nə azalsın,
nə ensin.
Adicə bir fəhlənin
yanılmayan gözüylə
Yaramazlığı gör,
vur!
İnkişaf yolu budur.
Kim tərəddüd edərsə
sıramızda qalmasın.
Parıltısı güclənər
cilalansa almazın.
Harda yaramazlıq var
tənqidlə vur, damğala.
Qoyma bədniyyətlər
yoluna kölgə sala.
Harda bir müdir gördün
yanı qohum – qardaşlı,
Vur tənqid nəştərini
dərin, əməlli- başlı.
Göynəsin yana – yana
Bəlkə səhvini qana.
Harda sığal gərəkdir,
harda mülayim rəftar
Bacardıqca yardım et,
bunun da faydası var.
Harda qamçı gərəkdir
Vur, möhkəm vur,
Yubanma!
Hədə - qorxuya baxma,
aciz olub dayanma.
1922-ci ildə “İzvestiya” qəzetində şairin “İclasbazlar” şeiri dərc olunmuşdur.Vaxtını səmərəsiz iclaslarda keçirən adamlar şeirin başlıca tənqid və ifşa obyektinə çevrilmişdir. Əsrin sonunda bu misraları oxuyuruq:
Həyəcandan yatmamışam.
seyr edib üfüqləri.
Dirigözlü açmışam
bir arzuyla səhəri:
“Nə olaydı,
bir iclas çağıraydılar
barı,
Kökündən ləğv etməkçün
Bütün bu iclasları.
Mayakovski elə bir vətəndaş şair idi ki, gördüyü, duyduğu müvəffəqiyyət və qüsurlar barədə öz sözünü deməyi özünə borc bilirdi:
... Hətta qatili belə
əhv edə bilərəm mən
Bəlkə də xəstə imiş,
dəliliyi tutubmuş.
heç özünü bilməyib,
xəta çıxıb əlindən.
Ancaq ki, bir manatı
oğurlamış adamın
əlinə vurmuş olsam,
bir dəfə əllərimi,
su töküb yuya- yuya,
kərpiclə sürtə - sürtə
qopararam inanın
murdarlanməş dərimi.
Biz ağların dişini
indi- indi qırmışıq.
hələ də bir ayaqlı
taytayaraq gəzirlər.
Biz, yarı tox,yarı ac,
yeni dünya qurmuşuq.
Yolumuzda yağılar
qursa da min cürə tor,
bizə hər bir düşməndən
qorxulu, murdar olan
rüşvətxordur, rüşvətxor.
Mayakovskinin “Qapılar önündə düşüncələr”i düşünürəm ki, bu gün də ən müxtəlif cəmiyyətlərin ən adi bəlalarına çevrilmişdir: (şeiri Tofiq Mahmud tərcümə edib)
Bataqlıqdan
torf çıxartmaq! –
bu əziyyətin
Necə ağır olduğunu
görün bir kərə.
Ancaq belə işdən – gücdən,
hər şeydən çətin,-
Ayaq döymək, gedib- gəlmək
idarələrə.
Girdin uzun bir dəhlizə,-
qaralar gözün,
Bir söz soruş,
ürəyinin qırılar sapı...
Qapıların arasında
Itərsən özün,-
Sağda qapı, solda qapı.
qarşıda qapı!
Baxsan... qapı arxasında
əyləşib biri,
Sanki onda görkəmi var
kobud bir gəlin.
Burnundan da çəkilməyir
onun əlləri:
“ Bu gün vaxtım yoxdur mənim,
siz sabah gəlin”.
Başqa qapı arasından
katibə qızın
Yavaş- yavaş uzanacaq
pudralı burnu.
“Qəbul yoxdur.
Qədrin bilin
öz vaxtınızın,
haçan gəlmək lazımdırsa
öyrənin bunu”.
Bir qapının üzərində
yazılıb: “Müdir”.
Yaman ciddi, ağır görkəm
verib özünə.
Yumruğunu düyünləyir,
hirslənib, nədir?!
Heç gözünün ucuyla da
baxmayır sənə.
Fəhlə qardaş!
Kömək elə!
Bəsdir, gül, sevin,
Qoy dəyişik salınmasın
apparatımız.
İstər böyük müdir olsun,
istər müavin,
Çalışsın ki, gözəl keçsin
bu həyatımız.
Üz döndərib qoy girməsin
artist roluna,
İşimizi hazır edib
qoysun yoluna!
Qoy kütlələr başa düşsün
dönməsin geri,
Hər xidməti müəssisə
idarə etsin.
Bizim olan, bizə məxsus
idarələri
Yaxşı, gözəl, mərd adamlar
idarə etsin.
Mayakovskinin bu cür mənəviyyat və əqidə şeirləri az deyildi, onlar çox idi və getdikcə də çoxalan bu tərbiyə misralarının istər dünya, istərsə də Azərbaycan poeziyasında ruhən bir-birinə çox doğma olan “qardaş misraları” insanlığını unudan məxluqlara üsyan qaldırır, onların daxili çirkinliklərini nifrətlə pisləyirdi. Unudulmaz Məmməd Araz sonralar “Vəzifə, insan...” şeirində deyirdi:
Keçərdin göylərin yeddi qatından,
Çağlayan çağında nə çağa düşdün!
Ayağın üzüldü mənsəb atından,
Ayağın üzüldü –
Ayağa düşdün.
Yolun əvvəlində görünmür sonu,
Bu gülünc sonluğa gülməzdin onda.
Sağ gözün sol gözə qonşuluğunu
Bilməli olsan da, bilməzdin onda.
Devikmə, təntimə,özünü yolma,
Yoxdu ötürmələr, qarşılaşmalar.
Bu həmin qatardı, həmin yolunan...
Bu həmin adamlar, o qarışqalar...
Özün öz gəzənin, özün itiyin,
Bir daş yaddaşında izin qalıbsa,
Qonşu pişiyinin, qonşu itininin
Üzünə baxmağa üzün qalıbsa,
Səhərlər eyvana çıxmağa qorxma.
Üfüqə, Günəşə baxmağa qorxma.
İndi öz hökmünlə ev dustağı sən,
Üzü dönüklərə dönükdür bu xalq.
Əyil, sürt üzünə bu torpağı sən,
Əyilsən, bağışlar, böyükdür bu xalq.
Bir dən bitirmədi öz alın tərin,
Yox günəş zərrəsi qanında, yazıq,
Yazıqdı yaşmaqlı pəncərələrin,
Dost əli açmayan qapın da yazıq.
Hərdən çıx sahilə ayaq gəminlə,
Su səni daşlamaz, meh səni yıxmaz;
Cavanlıq dostların şeş – beş dəmində,
Vəzifə dostların sahilə çıxmaz.
Mənəmlik, hərislik gözdən tük qapar
İnsan alçalanda, insan enəndə.
Vəzifə çapardır, kəmfürsət çapar,
İnsanı öz əliylə yəhərləyəndə.
Duyarmı eyhamı söz duymaz qalın,
İnsanlıq ən qədim qoruqdu yerdə.
Vəzifə itəndə insanlıq qalır,
İnsanlıq itibsə - yer yoxdu yerdə.
Yaxud Xəlil Rza “Mayakovski ilə söhbət”ində şairin “dərdləri ilə dərdləşir”:
... Əl- ayaq çəkiləndə, şəhər aram olanda,
Reklamların işığı yağış gölmələrinə
Qızıl şölə salanda,
yaşıl şölə salanda.
Paraşüt fəvvarələr bədrli ay nurunu
içib gümüşlənəndə,
Şair çiyinlərilə göylər genişlənəndə
Kimsə xəbər tutmaz ki, Moskvaya gəlmişəm : -
Qırmızı “M” nişanlı bir lağımdan
çıxıram,
Baxıram qarşımdakı qranit şeiriyyətə.
-Salam, Vladimir Vladimiroviç!
Qəbul edin, sizindir bu düyməcə nərgizlər.
Tərtəmiz yuyulmuş köynəkdən savay
Bilirəm olmamış bir təmənnanız.
Ancaq baxışlarınız
bu gülləri əzizlər.
-Təşəkkür, Bakı oğlu...
Nə tez belə gəldiniz,
uçaqla, ya qatarla?
-Qatardan, ildırımdan daha güclü eşq ilə.
Sizə ehtiyacım var, Vladimir Vladimiroviç!
...Qlobal cəsurluğa,
qlobal təfəkkürə möhtacdır bəşəriyyət.
Min – min haqsız içində
haqqı qoruyanlara
Səsi altı qitəyə çatan qəhrəmanlara
möhtacdır bəşəriyyət.
Sizdən sonra fəlakət
bir də tutdu cahanı.
Lüləsinədək qana batmış
tanklar şumladı Avropanı.
Volqanın, Dunayın sularıyla yox,
Axan qanımızla söndürə bildik
faşist cəhənnəmini.
...Bölüb tən ortadan göydələnləri
Siz nişan verdiniz bir zaman bizə
Işığa bürünmüş qaranlıqları.
Gedir...davam edir döyüş, vurhavur.
Cahan barıt qoxuludur.
Inəyi bütöv udan timsah qorxulu deyil,
Suda marığa yatmış qayıqlar qorxuludur.
Tropik meşələrdə
Sarılaraq belinə pələngi boğa bilən
bir ilandan daha çox
Burnunu yaralı torpağa soxmuş
qanadlı raketlər təhlükəlidir.
Bir ölkənin misqal – misqal yığdığını
karvan –karvan aparanlar qorxuludur.
Boğazından dilini qoparanlar
qorxuludur!
Atom, neytron, nüvə...
ölüm silahlarının növü günbəgün artır.
Bütöv bir şəhəri bircə qırpımda
Kül etməyə qadir “Traydent-2 ”,
Hərbi aerodromlar
dünyanın sinəsində xərçəng azarı təki.
Gözü yaşlı bir uşağın yanından
Saymazyana ötüb keçmək –
daha böyük bir azar.
“ Rüşvətxorlar ” şeirini
çevirdi Rəsul Rza,
Soyumadı ürəyi, birini də özü yazdı.
Heyhat, sağalmır yara,
Görünür, şairlərin məlhəm qoyması azdı.
Ürəyə, gözə girir növ – növ mənəvi tiryək.
Deyin, hansı günəşdə bu dünyanı çimdirək?
Nə cür qovaq cahandan bunca qansoranları?
Üzdə nəhəng görünən mənəvi cırtdanları?
Budur, yağış gəlir... imkanım olsa
Leysana, tufana, selə dönərdim,
Sökərdim mağara imarətləri.
Heyif, bir nərgizi apardı yağış,
Şanı giləsitək işıqlı, iri
Mirvari damcılar döyür mərməri...
SSRİ Xalq artisti İqor İlinski qüdrətli şairin teatra olan böyük həvəs və marağını “Mayakovski hissi”ndə qələmə alır:
“Heç bir dramaturq Vladimir Mayakovski qədər məndə dərin və unudulmaz təsir buraxmamışdır.
Bunun səbəbini özlüyümdə aydınlaşdırmaq istərkən belə bir nəticəyə gəlmişəm ki, Mayakovski qədər teatra ciddi və ehtiramla yanaşan başqa bir müəllifə təsadüf etməmişəm. İstər- istəməz Qoqolun məşhur sözləri yada düşür: “Teatr elə bir uca kafedradır ki, oradan ən vacib və ən qiymətli fikirləri xalqa demək mümkündür ”. Vladimir Mayakovski də teatrın rolunu məhz belə başa düşürdü.
Aktyorlara onun qədər diqqətlə yanaşan, fikrini aydın və inandırıcı şəkildə izah edən başqa bir müəllif tanımıram. Bəzi hallarda sərt və tündməcaz görünən o, yaradıcılıq əsnasında heyrətediləcək dərəcədə mülayim, hətta mən deyərdim ki, incə və həssas idi. İş zamanı əsəbləşməzdi. Yadımdadır, aktyorlardan biri hansı sözüsə düz tələffüz edə bilmirdi. Rejissor Vsevolod Meyerxold bunu necə etmək lazım gəldiyini bir neçə dəfə göstərdi. Elə bu zaman Mayakovski gülə - gülə aktyora yaxınlaşdı, əlini onun çiyninə qoyub mehribanlıqla dedi:
-Sözü sadəcə deyin. Yox, yox, tamamilə sadə. Hə, yox, daha sadə! Dayanın, bir dəqiqə ! Deyin : “Ana”. Siz sadəcə “ ana ” deyə bilərsinizmi? Bax, belə... İndi isə deyin “ ata ”, oldu! Həmin sözü də bu qayda ilə sadəcə tələffüz edin.
Aktyor aludə olduğu yalançı klassik pafosa nəhayət, qələbə çaldıqda Mayakovskinin nə qədər sevindiyini hələ də xatırlayıram.
Adətən pyes teatr tərəfindən qəbul edildikdə müəllif onu yaradıcı kollektivə oxuyur, bəzən də məşqlərdə iştirak edir. Mayakovskidən ötrü isə belə hallarda teatr doğma ev olurdu. O, gününü teatrda keçirirdi. Onu təkcə obrazların rejissor tərəfindən düzgün şərhi və ya aktyor ifalarındakı incəliklər deyil, paltarların tikilməsindəki təfərrüat da ciddi maraqlandırırdı.
Mayakovski poetik təfəkkürün geniçliyi və əzəməti ilə həmişə səhnə ustalarını valeh etmişdir. O, ən xırda şeylərdə də ancaq əsas məsələlərin həllnin görə bilir, böyük şairlərə məxsus həssaslıqla uzaq gələcəyə nəzər salırdı.
Mayakovskidə bizi cəlb edən, onun hər qafiyəyə, hər obraza qızğın inamı idi. O, heç bir sözü, heç bir sətri gəlişi gözəl çıxmaq xatirinə yazmırdı. Mayakovski tərənnüm etdiyini ehtirasla sevir, tənqid etdiyini isə - meşşanlığı, təmayülçülüyü, nadanlığı, bürokratçılığı, mənəvi çürüklüyü, bir sözlə, şüurlardakı keçmişin qalıqlarını amansızcasına qırmanclayırdı.
Onun poeziyasındakı bu böyük həqiqət bizə ilham verir, yüksək yaradıcılıq işinə müqayisə edilməyəcək dərəcədə həvəsləndirirdi.
Mayakovski ilə hər bir görüş, hər bir söhbət bizə xüsusi zövq verirdi.
Şair aramızdan gedəndən sonra isə onun əsərlərindəki bədii obrazlar və mənfilikləri yandırıb –yaxan satira ilə görüşlərimiz davam etdi.
Mayakovskinin müsbət qəhrəmanları ilə yanaşı, atirik əsərləri də müasirliyə xidmət edir. “Hamam ” radio tamaşasında Pobedonosikov rolunu ifa edərkən buna daha çox əmin oldum. Tamaşada iştirak edən bütün aktyorlar komediyadakı hər sözün kəsərliliyini, surətlərin realist məziyyətini dərk edirdilər.
Mayakovski dövrünün mənfi hallarını amansızcasına tənqid edirdi. Onun ifşa hədəfi seçdiyi bürokrat təkcə bürokrat deyildir, eyni zamanda dövlət hesabına yaşayan nadan, riyakar, yelbeyin və pozğun adam idi. Biz “ Hamam”ı hazırlayarkən bəzilərinə belə gəlirdi ki, tamaşa bir o qədər də müasir ruhda səslənməyəcəkdir. Lakin tamaşaçılar (bu halda isə dinləyicilər) pyesdəki surətləri məhz müəllifin düşündüyü kimi qəbul etdilər. Onlar anladılar ki, şairin alovluluğu inkişafımıza əngəl törədən xəstə cəhətləri məhv etmək arzusundan doğur”.
Yazımın ilkin hissəsində qeyd etdiyim kimi, Mayakovski ilk kitabını “Mən” adlandırmışdı. Bünövrəsi mətin şair – şəxsiyyət mənliyində qoyulan bu polad sütunlu Mayakovski “Mən”i haqqında X. Rza öz “Mənlik” şeirində doğru-dürüst təhlil verib:
Külqabıda nə qədər ölgün, yarımçıq siqar.
Odu nəfəsdə qalmış, külə dönmüş zəhrimar.
Birini də yandırıb sümürürsən dərindən,
Tüstü gedir, qayıdır təşnə ciyərlərindən...
Hansı şeirə baxıram elə “Mən!”, “ Mən!” deyirsən
Vallah, qardaş elə sən öz içini yeyirsən...
... Gündüzün mənliyi günəşindədir,
Gecənin mənliyi ay – ulduzunda.
Dənizdə ağappaq o tüğyan nədir?
Bir tufan mənliyi yaşayır onda.
Mənliyi olmasa, fırlanarmı Yer,
Yaşada bilərmi bəşəriyyəti?
Ulu kainata sən bir fikir ver,
Mənlikdən yaranmış onun qüdrəti!
Mənliyi olmasa, göllər quruyar,
Dənizlər bilinməz, çaylar bilinməz.
Mənliyi olmasa, güllər quruyar,
Baharlar bilinməz, yaylar bilinməz!
Vətənmi deyirsən, elmi deyirsən?
Kişi Mənliyindən başlanır Vətən.
Mənlik ləyaqəti yetişməyibsə,
Millət yox, qarşında tayfa görərsən.
Lalənin qanıyam, pələngin canı,
Gürz vuran, bal kəsən, dağ yaran mənəm!
Qaldırıb çiyninə Azərbaycanı
Üfüqdən üfüqə aparan mənəm!
...Sən öz Mənliyini döyüşdə kəşf et,
Mənliyi yoxdursa, şir də ahudur.
Kişi Mənliyindən başlanır Vətən,
Vətən - susdurulmaz Kişi ruhudur!
Əlbəttə ki, Vətənin Kişi Mənliyindən başlaması özü bəşər övladının lap körpəlikdən mükəmməl bir tərbiyə yolundan keçməsini tələb edir. V. Mayakovskinin ədəbi yaradıcılığının mühüm bir hissəsini balacalara, məktəblilərə, onların tərbiyəsinə, vətəndaş kimi böyüməsinə, formalaşmasına həsr olunan əsərlər təşkil edir. Bu barədə bəhs etmək istəyərkən Al.Lessdə yadigar qalan “Mayakovskinin iki əlyazması” nı yadıma salıram:
“Nikolay Nikandroviç rəfdən kiçik bir kitab götürdü. Mən kitabın adına baxdım: “Mayakovski rişxənd edir”. Nokaryakov dedi ki, bu kitabın qəribə tarixi var. İyirminci ilin əvvəllərində Mayakovskinin kitabları az tirajla və nadir hallarda çap olunardı. Şair “LEF” adlı bir nəşriyyat təşkil etmişdi. Bir dəfə nəşriyyat üçün kağız tapmaqda ona kömək göstərməkdən ötrü yanıma gəlmişdi.Mən onda bir qədər adi qəzet kağızı tapa bildim.Bu kağızda o, özünün “Mayakovski rişxənd edir” kitabını nəşr etdirdi.
Bir neçə aydan sonra şair yanıma gəldi, kitabını göstərdi, üstündə tələsik bu sözləri yazıb mənə verdi: “Yoldaş Nokaryakova. Mayakovskidən, 31-v-22-ci il”.
O zaman dövlət nəşriyyatının ticarət bölməsinin müdiri idim. Bu bölmə ölkəmizdə kitab satışı ilə məşğul olan ilk müəssisə idi.
Mayakovski idarəmizə gələrdi.Görüşlərimizdən birində ona dedim:- Uşaq kitablarımız heç yoxdur. Bəlkə uşaqlar üçün bir kitab yazaydınız. İstədiyiniz nəşriyyat onu tez bir vaxtda çap eliyər.
Mayakovskinin siması ciddiləşdi, bir cavab vermədən getdi. Mən bu söhbəti tamam yaddan çıxartmışdım. İl yarımdan sonra birdən Mayakovski gəlib “Moskovski raboçi” nəşriyyatında buraxdığı “Gombul Petya və arıq Sima haqqında nağıl” kitabını mənə verdi.
Bir az ondan əvvəl mən “Senyanın Bir mayı” adlı kitabça yazmışdım. Düzünü desəm, bu kitabça çox pis yazılmışdı, dili əyalət sözləri ilə dolu və darıxdırıcı idi. Onun nəşr edilməsi uşaq kitabına olan böyük ehtiyacın nəticəsi idi.
Mayakovski mənə verdiyi kitabın üstündə bu sözləri yazmışdı: “Uşaqlığa düçar olmuş Nokaryakova, qəflətən böyümüş Vl. Mayakovskidən. 8-v- 25-ci il”.
Mayakovskinin uşaq əsərlərində sadəlik, dərin məna başlıca xüsusiyyət kimi diqqəti cəlb edir. O, 1925 –ci ildə yazdığı “Yoğun Petya və nazik Sima haqqında nagıl ” əsərində kiçik yaşlı uşağın yaş və bilik səviyyəsinə müvafiq olaraq deyir :
“Biri var idi, biri yox idi,
Sima ilə Petya var idi.
Sima ilə Petya
uşaq idilər.
Petyanın 5,
Simanın isə 7 –
İkisinin birlikdə 12 yaşı
var idi”.
Göründüyü kimi, Vladimir Mayakovski kiçik uşaqlara yeni bilik verməyi, onların hesablama bacarığını inkişaf etdirməyi qarçısına məqsəd qoymuşdu.
Doğrudur, V.Mayakovski uşaq əsərləri ilə ən çox ömrünün son beş ilində məşğul olmuşdur, ancaq onda uşaqlar üçün əsər yazmağa həvəs əvvəllərdən başlamışdı. Mayakovskinin uşaq əsərləri mövzu cəhətdən rəngarəngdir. O , uşaqlar üçün nagıllar, poemalar, lirik şeirlər və nəğmələr yaratmışdır.
V. Mayakovski tələb edirdi ki, uşaqlar üçün yazılan əsərlər böyük tərbiyəvi əhəmiyyətə malik olmalı, dövrünün vacib məsələlərindən bəhs etməlidir. Məsələn, o, 1918 – ci ildə “Uşaqlar üçün ” şeirlər məcmuəsi çap etdirmək fikrinə düşdükdə belə hesab edirdi ki, bu məcmuəyə elə əsərlər daxil etmək lazımdır ki, uşaqlara həyat həqiqətlərini aşılasın, onlarda nəcib əxlaqi sifətlər tərbiyə etsin.
Mayakovskinin uşaq şeirləri əməyi, zəhmət adamlarını sevmək, ictimai – faydalı işlərlə məşğul olmaq, elmə böyük həvəs və maraq təbliğ etmək nöqteyi – nəzərindən də əhəmiyyətli əsərlərdir. Bu cəhətdən onun “ Hansı sənət yaxşıdır ”, “Vlas adlı sərsəri, bir tənbəlin işləri ” əsərləri maraqlıdır. “Hansı sənət yaxşıdır”:
Çoxalır yaşım mənim –
On yeddiyə çatırkən,
Bəs harada işləyim,
Nə eləyim görəsən? –
misraları ilə başlayır. Müəllif, uşağın sualına cavab olaraq Vətənimizin inkişafı üçün bütün sənətlərin vacib və faydalı olduğunu çoxlu misallarla göstərdikdən sonra fikrini belə tamamlayır:
Vərəqləyib kitabı,
Yadından çıxartma heç –
Hər bir sənət yaxşıdır,
Hansını istəsən seç!
Uşaq qəlbini oxşayan, onun psixologiyasını, təbiətini dərindən dərk edən şair, “Yaxşı nədir, pis nədir ?” şeirində məktəbəqədər yaşlı uşaqları təmizliyə, bağçada, evdə səliqəli olmağa çağırır, onlarda zəhməti sevmək, tərbiyəli və qoçaq olmaq vərdişləri aşılayır:
Uşağın üzü – gözü
qapqara olsa əgər,
Sifəti toz içində,
pinti olarsa özü,-
Əlbət ki, bu çox pisdir,
dəriyə zərər verər.
Əgər sevərsə uşaq
sabunu, diş tozunu,
O yaxşı iş görür bax,
Hamı xoşlayar onu.
V. Mayakovski səmimi ifadələr, sadə təsvirlərlə balacaları heyvanat aləmi ilə - “Hər səhifəyə baxsan ya fildir, ya da aslan”, quşların həyatı ilə - “ Yoldaş quşlar, sizi biz gözləyirik, nədən siz uçub gəlmirsiniz ” adlı əsərlərində tanış etməyə xüsusi səy göstərmişdir.
Gənc nəslin tərbiyə olunmasını özünün doğma vəzifəsi hesab edən Mayakovski, şeirləri vasitəsilə uşaqların qəlbində məktəbə, dərsə, biliyə, ailəyə, xalqa dərin məhəbbət hissi aşılamışdır.
O, uşaqlar haqqında yazdığı şeirlərində bir müəllim, bir ata kimi onları doğru yola dəvət edir, həyatdakı həm mənfi, həm də müsbət cəhətləri göstərməyə çalışırdı. Geniş müşahidə bacarığına sahib olan Mayakovski , həyatın qiymətli çağlarını səmərəsiz və boş işlərə sərf edən uşaqları tənqid hədəfinə almağı da vacib bilirdi. Şairin “Vlas adlı sərsəri, bir tənbəlin işləri ” şeiri bu aktual məsələyə həsr edilmişdir.
Vlas intizamsız və tənbəl olduğu kimi, yalançılıqla da məşğul olur, ata və anasınn məhəbbətindən, yersiz nəvazişlərindən istifadə edərək, günlərlə məktəbə getmir, tez –tez dərs buraxır və nəticədə yoldaşlarından geri qalır. O, sonralar ali məktəbə də daxil ola bilmir. Zavodda işə düzəlirsə də, uşaqlıqdan canına “hopan” laqeydlik və tənbəllik onu işdən soyudur. Getdikcə Vlasın daxili gənclik qüvvələri saralıb solmağa başlayır. Bütün bunlar isə onun iş yerindən qovulmasına səbəb olur. Artıq o, küçələri veyllənir, gününü sərxoşluqla keçirir, üst -başı cır-cındır içində divarlar dibində yatır.
Mayakovski Vlasın çirkin həyatını dərin nifrət hissi ilə təsvir edərkən ümumi işə mane olan belələrinə qarşı sevimli məktəb həyatını, kitabları, çalışqan, nizam – intizamlı, doğru danışan, ailəyə, məktəbə hörmət edən məktəbliləri qoyur və bütün Vlas kimilərə üzünü tutub deyir:
Kitablarla
silahlan!
Uşaqlıqdan beynini
işlət, artır
Yaxud: Hər zaman.
Məktəbi yadda saxla,
bunu bil yəqin
inan:
onunla
şən günlərin
qurucusu olarsan.
Uşaqlara bu və ya başqa vacib məsələlər haqqında danışarkən Mayakovski maraqlı təsvir vasitəsilə onları düşündürməyə çalışmışdır. O, çətin və mürəkkəb mövzularla uşaqlara müraciət edərkən də onların iradəsinə və qəlbinə yol tapa bilmişdir. Onun şeirlərinin forması kimi, məzmunu da orijinaldır, yeni və təravətlidir.
Bu cəhətdən “ İldırım nəğmə” şeiri xüsusilə maraqlıdır. Uşaqların dili ilə doğma Vətənə müraciət edən müəllif yazır :
Bizi apar döyüşə , işə
əziz vətənim!
Ey mənim böyük anam!
Ey respublikam mənim!
Qoca dünya, gör necə
Artdıq, qələbə çaldıq,
Çala – çuxur yerlərdə.
Bağça saldıq, bağ saldıq.
V. Mayakovskinin uşaqlar üçün atəşin qəlblə qələmə aldığı şeirləri istər məktəbdənkənar tərbiyə müəssisələrində, istərdə orta ümumtəhsil məktəblərində bu gün də sevilə - sevilə oxunur və öyrənilir.
İstər keçmiş sovetlər ölkəsində, istər xarici ölkələrdə, istərsə də indiki MDB məkanında Mayakovskinin çox böyük hörməti vardı və indi də şairin nüfuzu milyonların qəlbində yaşayır. Bəziləri yaradıcılıq sahəsində onu peyğəmbər adlandırırdı, məşhur “Mayakovski əfsanəsi” də buradan meydana gəlmişdi. Dünya ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığını dərindən öyrəndikdə, aydın olur ki, heç bir şair və yazıçı öz sağlığında Mayakovski qədər məşhurlaşmamışdır. Fərəhlidir ki, böyük şairin şeirləri bu gün dünyada məlum olan, yazısı və əlifbası olan bütün dillərdə səslənməkdədir. Qitələrdə və ölkələrdə milli azadlıq uğrunda mübarizəni təsvir edən yeni-yeni şairlər ordusu Mayakovski məktəbindən dərs almış, onun yolu ilə getmişlər.
Tanınmış ingilis yazıçısı, jurnalisti və ictimai xadimi Ceyms Oldric etirafla bildirmişdir: “Onun yaradıcılığı müasir ingilis ədəbiyyatında, ingilis oxucusunun mənəviyyatında dərin izlər buraxmışdır.Bizim üçün Mayakovski dünya ədəbiyyatının ən böyük ulduzlarından biri olaraq qalır”.
Görkəmli polyak şairi Yulian Tuvimin sözləri Mayakovskinin dünya ədəbiyyatındakı bu mövqeyini düzgün müəyyənləşdirir: “Mayakovski yaradıcılığı ilə ilk tanışlıqdan aldığım təəssüratı adi sözlərlə ifadə etmək, qiymətləndirmək mənim üçün çox çətindir...
Beyt-inqilab, qafiyə-inqilab, obrazlar-inqilab. Mən inanırdım ki, poeziyada öz məna dərinliyinə görə nəsə qeyri-adi bir hadisə baş verir...”.
1922-ci ilin ortalarında V.Mayakovski ilə görüşünü, onun şeirlərini dinlədiyini xatırlayan böyük türk şairi Nazim Hikmət deyirdi: “Mən mat-məəttəl qalmışdım... Şair bir təşviqatçı, bir başçı kimi gur səslə, mərdanə danışırdı.Mən düşündüm ki, Anadolu kəndlilərinin iztirablarından məhz bu cür yazmaq lazımdır”.
Poeziyada yeni forma axtarışları N.Hikməti də həqiqi novator V. Mayakovski ilə bağladı. Çox keçmədi ki, Mayakovski şeiri ilə yaxından tanış olan N. Hikmət də sərbəst şeirə keçdi. Hikmət şeirləri Mayakovskinin mübarizə şeirinin ideyası ilə ayrılmaz şəkildə doğmalaşdı:
... Deyil beş, on
otuz milyon
ac
bizim!
Onlar
bizim!
Biz
Onların!
Dalğalar
dənizin!
Dəniz
dalğaların!
...Deyil beş on,
otuz milyon,
otuz milyon!
Bir parçasını təqdim etdiyim “Acların göz bəbəkləri ” şeiri bu doğmalığa ən yaxşı nümunədir.
Nazim Hikmət də Mayakovski kimi şeirin məqsədini, şairin rolunu ümumi düşmənə, köhnə dünyanın eybəcərlik və cinayətlərinə qarşı döyüşlərdə, insanın ən gözəl sifətlərini-şərəfini, namusunu, sədaqətini, ləyaqətini, hünərini,məhəbbətini qorumaqda, insana gözəl nəcib duyğular, işıqlı, qabaqcıl fikirlər, mübarizə əzmi və mətanət aşılamaqda görürdü.
Mayakovskinin təsiri altında Türkiyədə yeni şeir cərəyanı, İranda “Şeire no” istiqaməti yarandı, Orxan Vəli, Sayə, S.Bəhbəhani kimi şairlər yetişdi.
Fransanın görkəmli şairi Lui Araqon 1927-ci ildə Parisdə Mayakovski ilə görüşünü xatırlayaraq yazırdı: “...Bu, elə bir dəqiqə idi ki, sonradan mənim bütün həyatımı dəyişdi.Poeziyanı silaha çevirə bilmiş bir şair bütün dünya ilə mənim aramda bir əlaqə yaratdı!”
Görkəmli alman ədibləri Bertold Brext və İohannes Bexer faşizmə qarşı mübarizədə həlak olmuş bolqar şairi Nikola Vaptsarov, Çexiyanın iftixarı Vitezslav Nezval, Stanislav Kostka Neyman, polyak Vladislav Bronevski, Yulian Quvim, amerikalı Lenqston Hyuz, kubalı Nikolas Kilyen, braziliyalı J.Amadu, onlarca, yüzlərcə görkəmli söz ustası Mayakovski poeziyasından ilham almış, onun ölməz ənənələrindən faydalanmış, yeni söz, metafora, təşbeh, obraz yaratmağı, poeziyanın hüdudlarını genişləndirməyi, poeziya ilə həyat , poeziya ilə zəhmətkeş bəşəriyyət arasında sədləri uçurub dağıtmağı qüdrətli rus şairindən öyrənmiş, dünya ədəbiyyatının, poetik yaradıcılığın zirvələrinə yüksəlmişlər.
Lui Araqon, Pablo Neruda, Nazim Hikmət, Bertold Brext kimi dünya şöhrətli şairlər Mayakovskini özlərinin müəllimi adlandırmışlar.
Lakin Mayakovskinin hələ gənc ikən müəllimliyə gedən yolunun şəxsi əzablarından heç vaxt heç kimin xəbəri olmurdu. Elə isə, ədibin dostu və şahidi N.Aseyevin xatirələrini yad edək: “…O vaxtlar Vladimir Vladimiroviçin bir çox hərəkətlərini düzgün qiymətləndirə bilmirdik, çünki bu hərəkətləri doğuran səbəblərdən xəbərdar deyildik.Başlıcası isə ona əzab verən ağrıdan, kədərdən xəbərimiz yox idi.Axı o, heç vaxt öz dərdlərindən, qayğılarından danışmır, şikayətlənmirdi.
…Mayakovskinin “Mən özüm” adlı tərcümeyi-halında “İş” başlığı altında bu sözləri oxuyuruq: “Evimizdə pul yoxdur”.
Bir dəfə ölkənin ayrı-ayrı şəhərlərinə səfərimiz zamanı necə oldusa Vladimir Vladimiroviç qatarda ömrünün həmin dövrü haqda söhbət elədi.Yadımda qalan budur:
“Kiçik bir baqqaliyə dükanından mal almaq üçün anamın dəftərçəsi vardı.Həmin dəftərçəylə dükançı deyəsən təqribən on manatlıq nisyə mal buraxırdı. Lakin boynunda yük olmamaq üçün Petrovsko-Razumovska köçüb bütün yayı yaşamaq üçün meşəbəyinin komasını kirayələdim və özümə söz verdim ki, ayda yeməyə üç manatdan çox xərcləməyim.Özüm üçün ciddi rejim düzəltdim: beş girvənkə hisdə qurudulmuş kolbasa-girvənkəsi otuz beş qəpikdən, on bağlama da baranka (bublik)-bunun da bağlaması on qəpikdən.Yeməyimin əyər-əskiyini də çəkdiyim şəkilləri satmaqdan əldə etdiyim cüzi qazancla düzəldirdim.Əsas yeməyim kolbasa ilə baranka idi. Kolbasanı siçanlardan qorumaq üçün tavandan asırdım.Barankalar da elə ordan asılı olurdu. Kolbasanın üstündə nişan qoyurdum:yarım kireh (uzunluq ölçüsü vahididir, rusca “verşok” deyilir – R.Mirzəzadə) kolbasayla iki baranka səhər yeməyi üçün, bir gireh nahar, yarım gireh də şam üçün ayırırdım. Amma iştaham artanda üç günlük öynəmi birdən yeyirdim”.
Gənclik çağlarında Mayakovski belə yaşamışdı.Özü də ağlayıb-sızlamadan yaşamışdı və həmin günləri xatırlayanda həmişə zarafat edirdi. Mənim o vaxtlar hələ yeniyetmə olan arvadım da Mayakovski ilə elə o günlərdə tanış olmuşdu.O, bacısı Z.M.Mamonova ilə tez-tez qayıq gəzintisinə çıxırmış.Bir dəfə iki cavan oğlanın sürdüyü qayıq onları ötür. Ötüşməyə başlayırlar. Mayakovski (sonradan məlum olur ki, oğlanlardan biri Mayakovski imiş) heç cür geri qalmaq istəmir və nəhayət, qızların bir cüt avarla sürdükləri dördçəpli qayığı ötür.Sahilə yan alanda artıq tanış olublarmış.Qızlar Mayakovskinin xoşuna gəlib. O, qızların şəhər ünvanını istəyib, lakin qızlar ona kələk gəlib yalan ünvan veriblər.
Bundan bir qədər sonra Mayakovski Moskvada onlarla rastlaşır və onu aldatdıqları üçün gileylənir. Beləliklə, tanışlıqları möhkəmlənir.
…Mayakovski ürəyiaçıq, sadəlövh adam idi…Sadəlövhlük və dahilik? Bəli, elədir ki, var…O, dostlarına çox sədaqətli idi. Amma əsl dostlara.Təmənnasız dostluq eləməyi bacaranlar onun ən çox hörmət elədiyi, sevdiyi adamlar idi.Mayakovski həmişə deyirdi ki, əsl dost heç vaxt xəyanət eləməz, hətta adi şeylər, münasibətlərdə baxışlar bir-birinə zidd olsa da. Dostluqda narazılıq ola bilməz.Hətta dostlardan birinin dediyi o birinin xoşuna gəlməsə də, narazılıq olmamalıdır.Yalnız bir şərtlə ki, düşmənləri tərifləməsin.Düşmən nə qədər istedadlı olsa, bir o qədər qorxuludur.Lakin düşmən istedadlı ola bilməz.
…Mayakovski çoxlarının başa düşdüyü mənada ailə adamı deyildi.O, əsl ictimai şəxsiyyət idi, özü də heç vaxt çalışmırdı ki, kiminsə gözünə ictimaiyyətçi kimi görünsün.Yalnız layiq bildiyi adamları qohum sayırdı.Qohumlarına da bu meyarla yanaşırdı. Anasına incə, zərif bir ehtiramla yanaşırdı.Onun bu ehtiramı qucaqlaşıb-öpüşməklə yox, anasının səhhətinə, yeyib-içməyinə, dava-dərmanına və başqa adi məişət məsələlərinə dair qısa sual-cavabda öz əksini tapırdı.Özü də söhbət vaxtı onun səsində anasının səhhətinə, ehtiyac və tələbatına səmimi, riyasız bir qayğı duyulurdu.
Bacıları ilə münasibətində, rəftarında da, yaşca onlardan kiçik olsa da, özünü böyük kimi aparırdı.Lakin uzun-uzadı ailə söhbətləri eləməzdi, bunu hüç sevmirdi də.Şübhəsiz, zövqləri başqa-başqaydı.Hər halda bir neçə dəfə onunla bir yerdə anası, bacısıgildə olmuşdum, görürdüm ki, ən zəruri məsələlərdən kənara çıxan kimi söhbətləri baş tutmur.
Anası da Mayakovski kimi öz hisslərini cilovda saxlamağı bacarırdı. Mən onlarda cəmi iki və ya üç dəfə omuşdum. Hər dəfə də Vladimir Vladimiroviç məni zorla dilə tutub aparmışdı. Balaca otaqlar, Mayakovskinin yerləşə bilmədiyi divan, iri əlləriylə sığalladığı pişik, aralarında uzun pauzalar olan tək-tük suallar yaxşı yadımdadır.Nəhayət, Mayakovski ayağa qalxıb deyirdi: “Hə, bizim getmək vaxtımız gəlib çatdı”.Özü də “biz” sözünü elə deyirdi ki, guya getmək ümumən tələbindən doğan zərurətdir.O, anasını qucaqlayıb o biri otağa aparır və orada nəsə deyirdi ona, küçəyə çıxandan sonra şən səslə qışqırırdı: “Gedək, yellənək!”. Və tramvay dayanacağına tərəf qaçırdı. “Yellənmək”- onun dilində gəzmək, işləmək, fəaliyyətdə olmaq demək idi.
Mayakovski ailəcanlı adam deyildi, amma insanları sevirdi. “Təkcə sizə - anam Aleksandra Alekseyevnaya yox, bütün kainata ailə toxumu əkilib”, - bu, təkcə şeirindən götürülmüş misralar deyildi.Mayakovskinin bütün dünya ilə qohum olduğunu bildirən bəyanat idi.Özü də bu bəyanatda o, məhz anasına müraciət edirdi…Mayakovski məişətdən, onun ənənəvi formalarından uzaq qaçırdı. Lakin cəmiyyətdən, adamlardan kənarda özünü tənha hiss edirdi.Və o, ququ quşu kimi özü üçün hazır yuva-ailə tapdı, orada özünə yer elədi, amma ailənin üzvlərindən heç birini sıxışdırıb isti yuvasından didərgin salmadı.Bu, Briklərin ailəsi idi.Mayakovski özünün bütün yaradıcı həyatını bu ailədə keçirdi…”.
Mayakovski yaradıcılığının uzun bir dövrü ərzində onun ilham pərisi Lilya Brik olub.
Mayakovski 1915-ci ilin iyulunda Osip Maksimoviç və onun arvadı Lilya Yulyevna Brik ilə tanış olur. “Son dərəcə fərəhli bir tarixçə” – deyə sonralar bu barədə yazırdı. Vladimir Vladimiroviç Lilyaya vurulur, onun “yəhudilər Sionunun gözqamaşdıran çariçası” adlandırır.
Tezliklə Mayakovski və Lilya Brik arasında coşqun bir eşq macərası başlanır. Bu eşq macərası “Fleyta-onurğa” və “İnsan” poemalarında və “Hər kəsə” , “Liliya! Məktub əvəzinə” şeirlərində öz əksini tapıb. Bunun ardınca Mayakovski özünün bütün əsərlərini (“Vladimir İliç Lenin” poemasından başqa) Lilya Brikə həsr etməyə başlayır. 1928-ci ildə əsərlərinin ilk külliyyatı çap ediləndə Mayakovski onların tanışlığına qədər yazılmış bütün əsərlərini ona həsr edir.
Lilya və Vladimir 1918-ci ildə Mayakovskinin ssenarisi əsasında “Filmlə buxovlanmış” kinolentində çəkilirlər. Film bizim günlərədək fraqmentlər şəklində qorunub qalmışdır. Fotoşəkillər və Lilyanın plyonkaya bürünmüş şəkildə rəsm edildiyi böyük bir plakat da salamat qalıb.
Qısa deyilsə, Mayakovskinin şəxsi həyatı çoşqun keçib, fəqət hər şey son nəticədə bir ünvanda – Lilya Brikin üzərində cəmləşirdi. Əlbəttə, ona bənd olmasında qeyri-təbii heç nə yox idi və buna hətta bir az nəsə dəlicəsinə vurğunluq da demək olardı. Və Mayakovski bunu aydın dərk edirdi. O, bu münasibətləri qırmaq üçün yollar arayırdı: kənarda yeni eşq macəralarına baş vururdu. Şairin rus mühaciri Yelizaveta Zibert ilə sevgi münasibətindən hətta bir qızı – Patrisiya Tompson doğulmuşdu.
Mayakovski sevdiyi xanımlarla münasibətlərindən heç birini rəsmiləşdirməmişdi. Bəllidir ki, qızı Patrisiyadan başqa Mayakovskinin rəssam Lilya Lavinski ilə sevgi münasibətindən bir oğlu – tanınmış heykəltəraş Qleb-Nikita vardı.
Rus mühaciri Tatyana Yakovleva – şairin həyatında daha bir uğursuz sevgi macərasıdır. Vladimir sevir, Tatyana isə sevmirdi. Buna baxmayaraq, vətənə yola düşməsi ərəfəsində şair Parisdə publika qarşısında çıxışı müqabilində aldığı qonorarı yalnız bircə şərtlə tanıdığı gül firmasına vermiş - Yakovlevanın həftədə bir dəfə “Mayakovskidən” yazısı ilə gözəl bir çiçək dəstəsini almasını qərarlaşdırmışdı. Firma razılaşmanı səliqə ilə yerinə yetirmiş və Tatyana bir çox illər ərzində, hətta şairin faciəli ölümündən sonra da bu gülləri almışdı. Faşist işğalı zamanında isə məhz “Mayakovskinin gül dəstələri”i qadını aclıq və ölümdən xilas etmişdi: Tatyana bu gülləri küçədə satmışdı.
Mayakovski bədii sözün ustası kimi yaradıcılıq zəhmətinin qədrini bilirdi, amma bu zəhməti heç bir zaman məhdud kabinet şəraitində təsəvvür etmirdi.O, həmişə xalqın arasında idi, hər yerdə və həmişə müşahidə edir, fikrə gedir, ilhamlı vəziyyətdə olurdu, həyat onun üçün bitməz-tükənməz həyat mənbəyi idi.Əməkçi insan onun dostu və sirdaşı idi, buna görə də daim yaşamaq, yazıb-yaratmaq eşqi ilə yanırdı:
İlləri arxada qoyaraq
Yaşamaq istəyirəm,
Yaşamaq!
Lakin...Lakin həyat öz amansız diqtəsini kimsə ilə məsləhətləşmədən əmr etməyə hazırlaşırdı. Bu alovlu şairin şəffaf həyat eşqi ilə dolu olan gənc ömrünə hansı səbəblər nöqtə qoydu? Təkcə rus ədəbiyyatı deyil, bütün bəşər poeziyasına özü qədər qüdrətli yeniliklər, inkişaf gətirən bir fitri istedad sahibinin - heç bir düşmən fitnəsinin, sui-qəsdlərinin qalib gələ bilmədiyi bir əzəmət sahibinin çiçəklənən həyatının anidən bitməsi taleyin qəddar hökmü deyildimi? Nə deyək?
Qeyd edim ki,şairin məhəbbət dolu qəlbinə hakim kəsilən sonuncu xanım Veronika Polonskaya – Moskva Akademik Teatrının aktrisası idi.
...1919-cu ilin yazından etibarən Mayakovski daimi olaraq Briklə yaşamasına baxmayaraq, Lubyankada kommunal mənzildə iki balaca otağı vardı. İntihar elə bu otaqda baş verdi.
14 aprel səhərində Mayakovskinin Veronika (Nora) Polonskaya ilə görüşü təyin olunmuşdu. Polonskaya ilə şair artlq ikinci il idi görüşürdü. Onun boşanmasını təkid edir və hətta Bədaye Teatrı keçidindəki kooperativə yazılaraq Nora ilə köçüb orada yaşamağa hazırlaşırdı.
82 yaşlı Polonskayanın 1990-cı ildə “Sovetski ekran” jurnalına verdiyi müsahibəsində xatırladığı kimi, həmin gün şair səhər saat 8-də qeyd etdiyim mənzilinə gəlir, saat 10.30-da isə teatrda onun yanında Nemiroviç-Dançenko ilə məşq təyin olunubmuş.
Polonskaya söyləyir: “Mən geçikə bilməzdim, bu, Vladimir Vladimiroviçi haldan çıxarırdı. O, qapını açarla bağladı, açarı cibində gizlətdi, tələb etməyə başladı ki, mən teatra getməyim, ümumiyyətlə oradan çıxım. Ağladı... Soruşdum, məni ötürmək istəmir ki? “Yox” – dedi, lakin zəng vuracağını vəd etdi. Onu da soruşdu ki, taksiyə verməyə pulum varmı? Pulum yox idi, o mənə iyirmi rubl verdi...
Mən ön qapıya çatar-çatmaz atəş səsi eşitdim. Çaş-baş qaldım, geri dönməyə qorxdum. Sonra otağa döndüm və atəşdən hələ dağılmamış tüstünü gördüm. Mayakovskinin sinəsində azaçıq qan ləkəsi vardı. Özümü onun üstünə atdım, “Sən neylədin?..” deyə hey təkrar edirdim O, başını qaldırmağa çalışdı. Sonra başı sinəsinə düşdü və onun üzünün rəngi dəhşətli dərəcədə ağarmağa başladı... Adamlar gəldilər, kimsə mənə dedi: “Qaçın, “Təcili yardım” karetasıını qarşılayın...
Qaçdım, qarşıladım. Qayıtdım, pilləkəndə kimsə mənə dedi: “Gecdir. Öldü!..”
“Dostum Mayakovski haqqında xatirələr”də N. Aseyev hadisəni belə təsvir edir:
“…1930-cu il aprelin 14-də, bazar günü mən cıdır meydanına getmişdim. Evə gələndə baldızım Vera dedi ki, Mayakovski zəng vurmuşdu.Öyrəndim ki, Vera ilə həmişə mülayim davranan Mayakovski, bu dəfə adəti xilafına, salamlaşmadan məni soruşub; Vera deyəndə ki, mən evdə yoxam, o, bir müddət danışmayıb, sonra isə köksünü ötürərək deyib: “Neyləyək, görünür, belə olmalıymış!”.
Başa düşmək olmurdu; bu sözləri məni evdə tapmadığından dilxor olduğuna görəmi deyib, ya bu məyusluğun daha ciddi səbəbləri vardı. Amma o yadımdadır ki, Mayakovskinin bu sözlərdən sonra xudahafizləşmədən dəstəyi asması Veranın xətrinə dəymişdi.
Cıdır meydanındakı yorğunluq və uğursuzluqdan sonra bazar ertəsi yatıb yuxuya qalmışdım. Və birdən yarıyuxulu halda dəhlizdən həyəcanlı danışıq səsləri eşitdim. Tez yataqdan qalxdım, tələsik paltarımı geyib dəhlizə çıxdım ki, görüm nə məsələdir. Arvadımla rəssam Varvara Stepanova dəhlizdə dayanmışdılar; həyat yoldaşım məni görən kimi dedi: “Kolya! Volodya özünü gülləylə vurub!”.
Ürəyimdən keçən ilk şey bu oldu ki, bu sarsağı 1 aprel zarafatına görə möhkəmcə əzişdirim; dəhliz yarıqaranlıq olduğundan üzünün ifadəsini, vücudunu bürümüş ümidsizliyi görə bilməmişdim.
Mən qışqırdım: “Nə sayıqlayırsan?”.Əvvəlki sözlərindən başqa nə dediyi yaxşı yadımda qalmayıb.
Lubyanski dalanına cumduq.İlıq aprel günü idi, qar ərimişdi, mən dəli kimi Myasnitski küçəsiylə qaçırdım, qabağına xeyli adam yığılmış darvazaya necə çatdığım yadımda deyil.Dəhlizdən Mayakovskinin otağına açılan qapı kip örtülmüşdü.Qapını açar-açmaz…onu gördüm.
Mayakovski başı qapıya tərəf əllərini geniş açmış halda uzanmışdı. Onun həqiqətən Mayakovski olduğuna inanmaq olmurdu; elə bil arxası üstə yerə uzadılmış maneken idi, - sadəcə olaraq sir-sifətdən Mayakovskiyə oxşayırdı.Başım gicəlləndi, səndələdim, kimsə qolumdan tutub qonşu mənzilə apardı və Mayakovskinin ölümqabağı məktubunu mənə göstərdi.
Bundan sonra nə olduğunu, pilləkəndən necə endiyimi, evə necə gəlib çatdığımı xatırlaya bilmirəm.
Bir müddət özümə gələ bilmədim, elə bil dəhşətli bir yuxunun içindəyəm. Az sonra onu Kendrikovoda divanda uzanmış halda gördüm, üzü divara sarıydı, sanki yatmışdı, təmkinli, əzəmətli görünürdü.
Otağa çox adam girib-çıxırdı: Kirsanovu, Katanyanı, Qrinkruqu, rəssam Levini gördüyüm yadımdadır, lakin bunlar təsadüfən yaddaşıma çökən sifətlərdir. Konferensye Alekseyevin gəlişi də yadımdadır.İçəri girən kimi qışqırdı: “Mayakovski? Özünü vurub? Axı niyə? Kimə görə?..”
Onun hələ ölümündən qabaq əfsanəyə çevrilməsini sübut eləməyə ehtiyac yoxdur.Hələ heç bir şair sağlığında bu qədər mübahisəyə, hay-küyə səbəb olmamışdı.Bəs ölümündən sonra? O, ölümündən sonra da şüurları təlatümə gətirməkdə, həyəcanlandırmaqda davam edirdi.
İki gün əvvəl hazırladığı aydın və təfsilatlı bir tərzdə yazılmış ölümqabağı məktubu (tədqiqatçıların rəyinə görə, bu üslub atəşin ani bir qərarın nəticəsi olduğunu istisna edir) bu sözlərlə başlanır: “Ölümümdə heç kəsi müqəssir sanmayın və lütfən, dedi-qoduya yol verməyin, mərhum bunu dəhşətli dərəcədə xoşlamırdı...”
Şair Lilya Briki (eləcə də Veronika Plonskayanı), anasını və bacılarını ailə üzvləri adlandırır və bütün şeirlərini və arxivini Briklərə verməyi rica edirdi.
Avropa səfərini təcili olaraq yarıda dayandıran Briklər dəfnə gəlib çata bildilər; Polonskaya isə, əksinə, orada görünməyə cəsarət etmədi, çünki Mayakovskinin anası və bacıları şairin həyatının bu şəkildə bitməsinin təqsirini məhz onda görürdülər.
Üç gün Yazıçılar Evində ardı-arası kəsilməyən axınla vida mərasimi oldu. Şairi dəmir tabutda Donskoy qəbiristanlığına tərəf “Beynəlmiləl”in sədaları altında onun istedadının on minlərcə pərəstişkarı müşayiət edirdi. Əvvəlcə şairin külü Novıy Donskoy məzarlığının kolumbariyasında qoyuldu, lakin Lilya Brik və şairin böyük bacısı Lyudmilanın təkidli istəklərinin nəticəsi olaraq Mayakovskinin külü olan urna 1952-ci ilin 22 mayında oradan götürüldü və Novodeviçye qəbristanlığında torpağa tapşırıldı.
Dünyanın müxtəlif şəhərlərində şairin xatirəsi əbədiləşdirilmişdir. İndi Mayakovski adına neçə-neçə kitabxanalar, küçələr, meydanlar, parklar, metro stansiyaları, kinoteatrlar mövcuddur, şairin çoxsaylı abidələrinin önünə hər gün təzə-tər çiçəklər qoyulur. Moskva, Norilsk və Düşənbədə V.Mayakovski adına teatrlar fəaliyyət göstərir.
Bakıda, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin yan fasadında Azərbaycan və rus dillərində yazılmış mətn ilə Mayakovskinin xatirə lövhəsi vurulmuşdur: “Böyük sovet şairi Vladimir Vladimiroviç Mayakovski burada, Azərbaycan Pedaqoji İnstitutunun böyük zalında dəfələrlə öz əsərlərini oxumuşdur”.
Böyük şairin 125 illik yubileyi tarixinə elə də çox vaxt qalmayıb. 19 iyul bəşəri poeziyanın əsl bayramı olacaqdır. Bu bayramı bütün ədəbiyyatsevər mədəni xalqlar qeyd edəcək. Çünki Mayakovski bu xalqların qəlbində yaşayır. Bundan sonra da yaşayacaqdır. Həmin o şair. Qafqaz oğlu, rus övladı – qüdrətli Mayakovski.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM