Publisist-politoloq
15 iyul- dünyaşöhrətli rus yazıçı və dramaturqu Anton Pavloviç Çexovun əbədiyyətə qovuşduğu gündür. Həmin vaxtdan 114 il ötür.
“Xalq nə qədər istedadlı olsa da, onun dühası bəşəriyyətin bütün dünya təcrübəsindən ilham almalıdır. Başlı-başına qalan bu düha solub gedir; ancaq digər millətlərin dühaları ilə yaxınlıq və dostluq ona əbədi gənclik qüvvəsi verir”.
Georq Morris Kohen Brandes
“Çexov Rusiyanın ən yaxşı dostlarından biri, ağıllı dost, adil, doğruçu dost, Rusiyanı sevən, onun bütün dərdlərinə şərik olan dost idi”.
Maksim Qorki
“Çexov gözəl üsluba malik bir yazıçı olmaq etibarı ilə misilsizdir və gələcək ədəbiyyat tarixçisi rus dilinin inkişafından danışarkən söyləyəcəkdir ki, bu dili Puşkin, Turgenev və Çexov yaratmışlar”.
Maksim Qorki
“Çexov çoxdan bəri rus ədəbiyyatının hüdudlarından kənara çıxıb. Dünyanın bütün mədəni ölkələrində onu sevənlər var, əsərləri bir çox dillərə çevrilib. Hər hansı dildə Çexovu doğma yazıçı kimi qəbul edirlər”.
Məmməd Arif
“Siz Çexovun pyesləri ilə tanışsınızmı? Bax, dramaturq belə olar! Teatrı hiss etmək bacarığı onda kamil bir dərəcəyə çatmışdır. Mən özümü onun yanında yeni başlayan həvəskar kimi hiss edirəm”.
Bernard Şou
“Şou, Pristli, Heminquey, Tomas Mann, Somerset Moem və digər ünlü yazıçılar özləri etiraf ediblər ki, bu böyük söz ustasının yaradıcılığında özləri üçün çoxlu dəyərli məqamlar tapıblar”.
A.A.Roşal
“Həkim peşəsi, təbabət, eynilə ədəbiyyat kimi – qəhrəmanlıqdır. O, fədakarlıq, ürək saflığı və niyyət təmizliyi tələb edir. Buna heç də hər kəs qabil olmur”.
A.P.Çexov
“Anton Pavloviçin hər bir hekayəsində təmiz, əsl insan qəlbinin sakit və dərin döyüntüsünü duyuram.Həyat təfərrüatının faciəsini heç kəs Çexov qədər aydın və incəliklə başa düşməmişdir”.
Maksim Qorki
“Mən sadə tənqidçi deyiləm, axı mən yazıçı olmaqla bərabər, həm də vətəndaşam! Mən vətəni, xalqı sevirəm. Mən hiss edirəm ki, əgər yazıçıyamsa, o halda mən gərək xalqdan, onun iztirablarından, onun gələcəyindən danışam, mən gərək elmdən, insanın böyük hüquqlarından danışam...Biz hamımız bir yerdə xalqıq və hər nə yaxşı iş görürüksə, xalqa məxsusdur”.
A.P.Çexov
Böyük Vətən müharibəsinin ən qızğın çağında, 1941-ci ilin noyabr ayında faşistlər Moskvanı ələ keçirməyə cəhd edərkən Stalinin çıxışındakı bu ifadələr daha əzəmətli səslənirdi: “...Böyük rus milləti... Belinski və Çernışevski, Puşkin və Tolstoy, Qlinka və Çaykovski, Qorki və Çexov, Seçenyov və Pavlov, Repin və Surikov, Suvorov və Kutuzov milləti...”.
Qorki və Çexov milləti! Necə də səmimi və eyni zamanda qürurverici sözlərdir. M. Arifin dediyi kimi, Puşkin və Tolstoy, Çexov və Qorki yalnız rus ədəbiyyatının cahanşümul nümayəndələri, rus mədəniyyətinin qüdrətli yaradıcıları deyildi.Bu böyük şəxsiyyətlər eyni zamanda rus millətinin qəlbi, ruhu, təfəkkürü idi. Bunlar rus xalqına xas olan ən səciyyəvi xüsusiyyətləri özlərində təcəssüm etdirən insanpərvər, vətənpərvər, azadlıqsevər, demokrat adamlar idi.
Rus ədəbiyyatında Radişşevdən və Qoqoldan başlayaraq həyatın mahiyyətini və təfərrüatını həqiqətə uyğun bir şəkildə bütün incəliklərinə qədər təsvir etmək, ictimai qüsurları və nöqsanları kəskin surətdə tənqid etməsinin bir ənənə halını aldığını Ə. Ağayev də yazılarında qeyd etmişdir.Vaxtilə Qoqol və onun ardınca qüdrətli rus yazıçısı Saltıkov -Şedrin rus ictimai həyatında mövcud olan eybəcərlikləri, xüsusilə sinifli cəmiyyət qaydalarına əsaslanan və çarizmin zülmü ilə daha da dərinləşən zorakıliğı, rus kəndlisinin hüquqsuzluğunu və acınacaqlı vəziyyətini böyük sənətkarlıqla açıb göstərmişlər. Rus bədii nəsrinin qüdrətli nümayəndəsi L.N.Tolstoy və habelə öz vətəndaşlıq səsini poeziyada yüksəldən, ana Rusiyanın keçirmiş olduğu məşəqqətli həyatın, rus xalqının ən yaxşı oğullarına tutulmuş divanın bütün dəhşətlərini açıb göstərən Nekrasov, bu yolla gedərək bərabərsilik və ədalətsizlik üzərində qurulmuş ictimai mühit haqqında öz kəskin hökmlərini vermişlər. Klassik rus yazıçılarının yolunu davam etdirən Anton Pavloviç Çexov da özünün butun yaradıcılığını rus ictimai həyatından alınmış mövzulara həsr etmişdir. A.P.Çexovun gücü və sənətkarlıq qüdrəti onda idi ki, o, xalqın həyatı ilə bağlı idi, öz yaşadığı dövrdə rus xalqının həyatını, onun arzu və istəklərini dərindən duyurdu. O, özünü xalqın xidmətçisi hesab edir, öz sənətinə xalq işinə xidmət edən fəal bir sahə kimi baxırdı.
Nekrasov öləndə Çexovun 18 yaşı vardı və şairin məzarı başında minnətdarlıq ifadə edən ürək sözləri səslənirdi: “Mən Nekrasovu çox sevir, ona ehtiram bəsləyir və uca tuturam...” .
1902-ci ilin qəzet sorğusuna Çexov özünün həmişəki təmkinli manerası ilə cavab vermişdi. Onun 30 dekabr 1902-ci ildə Mirolyubova yazdığı qısa təbrik məktubunda ilk baxışdan ötəri görünən xatırlatma ölçüyəgəlməz dərəcədə əlamətdardır:
“Novaya vremya”nın 24 dekabr sayında Rozanovun Nekrasov haqqında felyetonunu oxudum. Çoxdan, lap çoxdan belə bir şey, belə istedadla, geniş qavrayış və həssaslıqla və ağlın gücü ilə yazılmış yazı oxumamışdım”.
Böyük bir ürək, təmiz bir vicdan, humanist bir əqidə sahibi olan Çexov geniş Rusiyanın təbiətini və insanlarını sevə-sevə təsvir edir, kiçik, miskin, daş qəlblərin rəzalətini ifşa edərək, köləliyə və əsarətə nifrət oyadır, insanları geniş, yüksək və parlaq bir aləmə çağırırdı: “Gərək güclülər zəifləri istismar etməsinlər, çünki azlar çoxlar üçün parazit olmamalı, gizli olaraq onların dadlı şirəsini zəli kimi sormamalıdır...Kim olursa olsun, hər bir adam bu dünyada zəhmət çəkməli, alın təri tökərək işləməlidir.İnsan həyatının məna və məqsədi yalnız budur.İnsanın səadət və sevinci də bundadır. Mənasız həyat, müəyyən olunmamış dünyagörüşü – həyat deyil, əzab-əziyyətdir”.
Rus ədəbiyyatına qüdrətli bir realist, nasir və dramaturq kimi daxil olan Anton Pavloviç Çexovun istedadlı qələmindən çıxan hər bir əsər acı məişət həqiqətləri, həyati reallıqlarla səsləşir, onunla nəfəs alırdı. Çexov öz doğma xalqını dərin bir məhəbbətlə sevən, öz xoşbəxtliyini xalqının taleyində axtaran insanpərvər, genişqəlbli, həssas və munis duyğular sahibi olan yazıçı, sənətkar, ziyalı və şəxsiyyət idi.Bu böyük rus klassikinin realizminin gücü də öz dövrü və xalqının həyatı ilə sıx bağlı olmasında, tənqidinin dərin ictimai məzmununda, rus xalqının gələcəyinə bəslədiyi işıqlı ümidlərdə idi.
L.Tolstoy Çexovu əvəzsiz sənətkar adlandırmaqda haqlı idi.Doğrudan da Çexov rus ədəbiyyatının və mədəniyyətinin fəxridir. O, yaratdığı realist əsərləri ilə özünə əbədi heykəl qurmuş, dünya ədəbiyyatına ən nadir incilər bəxş etmişdir.
Çexov ədəbiyyat sahəsində xüsusi təhsil almamışdır.O, yalnız şəxsi mütaliəsi və öz üzərində müstəqil çalışması sayəsində ədəbiyyatın nəzəri məsələlərini, rus klassik yazıçılarının yaradıcılıq üsullarını, sənətkarlıq məktəbini yorulmadan öyrənmişdir. Öz bədii əsərləri ilə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən Anton Pavloviç, rus ədəbiyyatı tarixində xüsusi yaradıcılıq yolu keçmişdir.O, yazıçılıq sənətini sevmiş, istedada yüksək qiymət vermiş, namuslu əməyi, zəhməti, çalışqan insanların səadətini hər şeydən uca tutmuşdur.Onun elə bir əsəri yoxdur ki, orada rus xalqının həyatından, güzəranından, məişət məsələlərindən bəhs edilməsin, zəhmətkeş rus xalqının obrazı yaradılmasın.
Anton Pavloviç Çexov 1860-cı il yanvar ayının 29 -da Taqanroqda anadan olmuşdur. Anton 7 yaşında ikən çar Konstantin kilsəsi nəzdindəki yunan məktəbinə verilir, iki il burada oxuyandan sonra 1869-cu ildə Taqanroq klassik gimnaziyasına daxil olur. Gimnaziya müəllimlərindən biri onu zarafatla “Çexonte” – deyə çağırır. Sonralar ədib gizli imzalarla nəşr etdirdiyi ilk hekayələrinin bir hissəsini də “Antoşa Çexonte” imzası ilə çap etdirir.
Taqanroq kasıblarının həyatındakı çətinliklər Çexovun ailəsində də açıq hiss olunurdu. Atası Pavel Eqoroviç Çexov kiçik dükanda xırda alver işləri ilə məşğul idi. Anası Yevgeniya Yakovlevna Antonla bərabər 6 uşaq dünyaya gətirmişdi; 5 oğlan və 1 qız: Aleksandr, Nikolay, İvan, Mixail və Mariya.
İflasa uğrayan ata, digər ailə üzvləri ilə birlikdə Moskvaya köçməli olur.Lakin gimnaziyada təhsilinin bitməsini gözləyən Anton Taqanroqda 3 il tək yaşayır.Gənc gimnazistin həyatının daha ağır, kədərli günləri başlayır. O, təhsilini davam etdirməklə yanaşı, həm özü, həm də Moskvada sıxıntılar içində yaşayan ailəsi üçün çörək pulu qazanmalı olur. Atasının pulunu ödəyə bilmədiyi evi əlindən çıxmasına baxmayaraq, evin təzə sahibi mərhəmət edib qoyduğu şərtlə evdə balaca bir guşəni Antonun ixtiyarına verir. Bunun əvəzində Anton sahibkarın qohumuna pulsuz repetitorluq edir.
Özünün dediyi kimi, uşaqlığında uşaq kimi yaşamayan Anton, gecə-gündüz çalışır, dərslərinə davam edir, dərsdən sonra ən müxtəlif ailələrdə repetitorluğa gedir, qayıdıb dərslərini hazırlayır, istirahət günləri evdə qalan ağır əşyaları satıb pulunu atasına göndərirdi.
Taqanroq gimnaziyası Çexovu məmur harınlığına, laqeydliyinə, formalizminə, cəmiyyətdəki cansıxıcı cahilliyə ömrü boyu nifrət bəsləməyə sövq etdi.Gələcək yazıçının mənəvi aləminin kamilləşməsinə gimnaziyanın təsiri məhz bundan ibarət idi.
Gimnaziyada oxuyarkən Çexov Rusiyada cərəyan edən böyük ictimai-siyasi hadisələrə, o cümlədən 70-ci illərin inqilabi hərəkatına dərindən maraq göstərməmişdi.Təbii ki, bunun əsas səbəblərindən biri Antonun yaşadığı Taqanroq mühiti idi.Bu mühitdə adamların ölkənin siyasi həyatı ilə maraqlanması nadir hadisə sayılardı. Bu cür siyasi kütlük yeniyetmələrə də təsir edirdi. Sonralar ədib rus yazıçısı və jurnalisti Nikolay Aleksandroviç Leykinə ünvanladığı məktublarından birində Taqanroq mühitinin siyasi geriliyindən bəhs edib yazırdı: “60 min nəfər yaşayan şəhərin əhalisi ancaq onunla məşğuldur ki, yeyirlər, içirlər, nəsil törədirlər... başqa bir maraq yoxdur”.
Kitabları sevə-sevə mütaliə etməklə yanaşaı, Anton çox erkən yaşlarından teatr tamaşalarına da baxmağa maraq göstərirdi. O, gimnazist yoldaşlarından birinin evində həvəskarlar teatrı təşkil etmiş, qardaşlarını və bacısını da bu teatra cəlb etmişdi. Anton həm kişi, həm də qadın rollarında məharətlə çıxış edirdi. Qoqolun “Müfəttiş” komediyasının tamaşasında bələdiyyə rəisi rolunda yoldaşları Antonda aktyorluq istedadını aydın müşahidə etmişdilər.
G.Berdnikovun qeydlərinə görə,Taqanroq hələ qədimdən teatr şəhəri idi. Qaçaqmalçılıq və dənizarxası ölkələrlə ticarətdən varlanan sərvət sahibləri can-başla çalışırdılar ki, Taqanroq nəinki ticarət, həm də mədəni mərkəz kimi şöhrət qazansın. Odur ki, şəhərdə gözəl bir teatr truppası yaradılmışdı. Truppa şəhərə qastrola gələn digər teatr truppasını həvəs və səxavətlə qarşılayırdı. “Bunlar incəsənət həvəskarları üçün bayram idi,-deyə, V.Zelenenko yazırdı,- həmin tamaşalara qabaqcadan hazırlaşardılar. Qastrola gələnləri, xüsusilə aktrisaları tamaşadan sonra teatrdan mehmanxanaya yola salanda onlar qapının ağzında sıraya düzülər, əllərində gül-çiçək və məşəllər tutar, bəzən isə karet sifariş edər, atları qoşqudan açar, özləri qoşqudan yapışıb aparardılar”.
Teatrın ən möhkəm həvəskarları gimnazistlər idi. Zelenenko yazırdı: “Gimnazistlər, ümumiyyətlə, istedad pərəstişkarları idilər, hər hansı bir istedadlı artistin qızğın pərəstişkarı vardı.Buradakı pərəstişkarlar təmiz, ülvi, şad, fərəhliydilər. Məndə dəfələrlə belə hallar olmuşdu ki, teatrdan qayıdarkən səsim tutular, əl çalmaqdan ovcumun içi ağrıyardı.Belə də olurdu ki, camaat hamısı çıxıb gedər, işıq söndürülər, amma bir dəstə əsl pərəstişkar gimnazistlər qalereyada və tamaşa salonunda fəğan edər, sevincdən coşub-daşardılar”.
Çexov Taqanroqun teatr həyatı ilə 1873-cü ildə, “Gözəl Yelena” tamaşasına baxarkən tanış olmuşdu.Həmin vaxtdan etibarən o, Taqanroq teatrının daimi tamaşaçılarından birinə çevrilmişdi.
Qaydalara görə teatra getmək üçün gimnaziyadan icazə almaq gərəkdi. Lakin Antoşa (Anton) və yoldaşları tez-tez bu qaydalara məhəl qoymur, onları tanımasınlar deyə qrim çəkir, qara eynək taxır, üzlərinə saqqal bağlayır, əyinlərinə atalarının pencəklərini geyirdilər. Teatra tez, tamaşa başlamazdan xeyli qabaq gələrdilər ki, qapını açan kimi cəld qalereyaya keçib yaxşı yerləri tutsunlar. Təbii ki, bütün bunlar yalnız teatra olan marağın təzahürü deyildi, həm də sadəcə olaraq, gəncliyin tükənməz qüvvəsinin ifadəsi, gənclik şövqü və çılğınlığı idi, evdəki sərt nizam-intizam qaydalarından, latın və yunan qrammatikalarından bir qədər yayınmaq, uzaqlaşmaq arzusu idi.
Antoşa hətta teatrda da nadinclik etməyi, şuluq salmağı sevərdi. Məsələn, bir də görərdin ki, o, aktyorları yox, teatra gəlmiş varlı-hallı yunanları səslərdi. Bütün teatr da bu alqışlara, şən səs-küyə qoşulardı. Adlı-sanlı varlılar qəzəblənib özündən çıxar, bəzən isə dözə bilməyib teatrı vaxtından əvvəl tərk edərdilər.
Lakin teatr Çexov üçün ilk növbədə mədəniyyətə, incəsənətə, mükəmməl yaradıcılığa qovuşmaq demək idi. Şekspir, Qriboyedov, Qoqol, Ostrovski yaradıcılığının ecaskar aləmi ilk dəfə məhz burada onun gözləri qarşısında açılmışdı. Əlbəttə, yüksək sənət nümunələri ilə bərabər, Taqanroqda səfeh komediyalar, sönük dramlar, mənasız vodevillər, dəhşətli melodramlar da tamaşaya qoyulurdu.Bunların hamısı isə gələcək Çexov parodiyaları, felyetonları və gülməli hekayələri üçün zəngin mənbə olmuşdu. Amma həmin vaxtlarda bu tamaşalar da yeniyetmələri cəlb edir və düşündürürdü.Gənclərdən biri sonralar xatırlayırdı ki, biz teatra gedəndə bilmirdik ki, orada nə oynanılacaq, təsəvvürümüz yoxdu ki, dram, opera, yaxud operetta nədir-bunların hamısı bizim üçün eyni dərəcədə maraqlıydı.Teatrdan qayıdarkən yol boyu nə havanı, nə də narahat yolu vecimizə almayıb teatrda gördüklərimizi vəcdlə xatırlardıq...
Çexov musiqiyə də uşaq vaxtlarından meyllənmişdi. Atası, qardaşı Nikolay və bacısı evdə musiqi ilə məşğul olurdu. Antonun dostu Andrey Drossinin evində ev konserti adət halını almışdı.Andrey skripka, onların yoldaşı violonçel çalır, mürəbbiyə Polina Petrovna royalda müşaiyət edirdi.Yayda isə musiqi şəhər bağında səslənirdi, orada orkestr səhnədə çıxış edir və ona əla musiqiçi Qaetano Molla rəhbərlik edirdi.Bağa girmək üçün bir az pul alırdılar, amma Anton, onun qardaşları və dostları, necə deyərlər, bağın cəngavərləri daha əlverişli bir yolu –çəpərdən aşmağı üstün tuturdular.Yeniyetmə Çexov o vaxtın görkəmli musiqiçilərini- məşhur skripkaçıları və violonçelistlərini, qastrola gələn Peterburq səhnəsinin solistlərini, hətta məşhur italyan müğənnilərini dinləyə bilirdi. Görünür, məhz kitablar, teatr və musiqi Anton Pavloviç Çexovda yaradıcılığa böyük həvəs oyatmışdı.
Köləliyin, zülmün acılarını duymuş Çexovun daxili aləmində insan vüqarı, vicdan, ləyaqət və ədalət meyarları anbaan güclənirdi. Ailəsinin içində də “Yalan danışma”, “İnsaflı olmalıdır”, “Bu düz deyil” və digər həqiqət məfkurəsinə xidmət edən tərbiyəvi sözlərlə Çexovun təfəkküründə ədalət uğrunda mübarizə canlanır, yeni həyat prinsipləri, yeni həyat qayda və normaları yaranırdı.Onun şəxsiyyət və təbiətində yaranan ilk amillərdən biri namuslu adam olmaq arzusu idi ki, belə insan heç bir zaman yalan, haqsızlıq, riyakarlıq və zülmlə barışa bilməzdi.Hələ 16 yaşında ikən kiçik qardaşına yazdığı bir məktubunda Çexov deyirdi: “Sənin yaxşı xəttin var və bütün məktubunda bir dənə belə qrammatik səhvə rast gəlmədim. Ancaq bir şey mənim xoşuma gəlmir: sən nə üçün öz şəxsiyyətini “heç olan və görkəmsiz qardaşın” deyə adlandırırsan? Öz heçliyini etiraf edirsən? Bilirsənmi heçliyini harada etiraf et? Tanrı qarşısında, bəlkə də ağıl, gözəllik, təbiət qarşısında etiraf et, lakin insanlar qarşısında deyil.İnsanlar qarşısında öz ləyaqətini etiraf etməlisən.Sən ki fırıldaqçı deyilsən, sən ki namuslu adamsan? Elə isə namuslu adam olduğun üçün özünə hörmət et və bunu bil ki, namuslu adam heç demək deyildir”.
Bu sözlər sonralar daha da qüvvətlənərək Çexovun həyat məramnaməsi olmuşdu.O, artıq öz qarşısında böyük bir məqsəd qoymuşdu: insan özü-özünü tərbiyə etməli, öz təbiətini pisliklərdən, köləlik ruhundan, yalandan, saxtakarlıqdan, tənbəllikdən, meşşanlıqdan təmizləməli, namuslu insan olmalıdır!
“Mənim həyatım” adlı maraqlı bir hekayəsində Çexov qoca bir rəngsazın dili ilə deyir: “Cücülər otu yeyir, pas dəmiri yeyir, yalan isə qəlbi”. Çexov insan qəlbini, insan vicdanını yeyən, gəmirən yalanı, yalançılığı, bu ad altında təsəvvür edilən bütün yaramazlıqları tənqid edirdi. Nə üçün? İnsan qəlbini, insan vicdanını təmiz, gözəl və nəcib etmək üçün!
Çexov özü üçün istədiyini tək rus insanı üçün deyil, bütün həyat, cəmiyyət, bəşəriyyət üçün arzu edirdi.Odur ki, bütün varlığını, hünər və qabiliyyətini, bacarıq və istedadını, bütün yaradıcılığını meşşanlıqla mübarizəyə həsr etdi. Görkəmli ədib yazdığı məktublarının birində deyirdi: “Mən yalan və təcavüzün hər bir növünə nifrət bəsləyirəm. Riyakarlıq, kütbaşlıq və istibdad yalnız tacir evlərində və həbsxanalarda deyil; bunu mən elmdə, ədəbiyyatda, gənclik içərisində də görürəm...Mənim üçün ən müqəddəs şey-insan vücudu, can sağlığı, ağıl, istedad, ilham, məhəbbət və mütləq bir azadlıqdır, qüvvətdir, yalandan azad olmaqdır... Əgər böyük bir sənətkar olsaydım, tətbiq edəcəyim məramnamə bu olardı”.
Çexov Rusiyanın olduqca ağır, çətin və qorxulu bir dövründə yaradıcılıq fəaliyyətinə başlamışdı.Onun 24 illik bir zamanı əhatə edən ədəbi yaradıcılığı Rusiyanın, rus cəmiyyətinin çox mürəkkəb, ziddiyyətli bir dövrünə təsadüf etmişdi.1881-ci ilin mart ayında çar II Aleksandra sui-qəsd cəhdi ediləndə Çexov Moskva Universitetinin ikinci kurs tələbəsi və ilk hekayələrin müəllifi idi.Mart hadisəsindən sonra çarizmin daxili siyasətində dəhşətli irtica illəri başlandı.Çar çox ciddi böhran keçirən dvoryan hakimiyyətini qoruyub saxlamaq üçün ən alçaq qanlı tədbirlərə əl atırdı. Bütün inqilabçı-xalqçılar təşkilatları darmadağın edilmiş,kütləvi həbslərin, sürgünlərin arası kəsilmirdi. Rusiyanı yeni, demək olar ki, daha amansız bir “Arakçeyev vahiməsi” bürümüşdü. Çar xəfiyyələrinin qorxusundan azadlıq sözünü heç dilə gətirmək belə mümkün deyildi.Bütün mütərəqqi mətbuat orqanları bağlanmışdı.İnsanlarda ruh düşkünlüyü yaranmışdı.Polis özbaşınalığı, məhkəmələrdə, bütün müəssisələrdə rüşvətxorluq, şəhərlərdə oğurluq, cinayət, talan, kəndlərdə aclıq, xəstəlik, vəba ən adi “həyat normaları”na çevrilmişdi.Sibir həbsxanaları tək siyasi məhbuslarla deyil, oğru, qatil və canilərlə də dolub-daşırdı.
Qeyd etdiyim kimi, ölkədə inqilabi xalqçılıq məhv edilmiş, dar ağacları və necə deyərlər, dəyənək, zopa qüvvələri azadlıq mübarizəsinə qalib gəlmişdi.
Çexovun canından artıq sevdiyi rus eli həyəcan və bəlalar içində idi. Ədəbiyyatda kədər, ümidsizlik və fəryad notları artmışdı.Belə bir vəziyyətdə yazıçının hər bir əsəri ciddi ədəbi hadisə kimi qəbul olunurdu. Həmin vaxtlarda ərsəyə gələn “Cansıxıcı hadisə” əsərində Çexov acizliyini və ruhi düşkünlüyünü anlayan qoca bir alimin faciəsini təsvir etmişdi. Ağıllı, qabaqcıl düşüncəli bu adam həyatın ciddi bir dəqiqəsində başa düşür ki, o, aciz və bacarıqsız imiş.O, ən çox sevdiyi yaxın bir adamının ümidsizliyini, həyatın çətinliklərindən və müsibətlərindən qurtulmaq üçün çırpındığını görür, lakin ona heç bir kömək göstərə bilmir. Bu ağrıları qələmə aldıqca, ideal bir insanın, yüksək təfəkkür və mənəviyyat sahibinin həyatın çirkab məngənələrində boğulmasını təsvir etdikcə, əslində Çexov özü bu murdar burulğanlarda həyatla mübarizə aparırdı. Qoca professor surəti ilə yazıçı idealsız, məqsədiz həyatın həyat deyil, iztirab, bəla olduğunu göstərirdi. “Mənim həyatım” kimi əsərlərinin qəhrəmanları sürdükləri həyatın puç olduğunu anlayaraq, yeni mübarizə üsulları, qüvvətli, cəsarətli işlər lazım olduğunu hiss edirlər. “Naməlum şəxsin hekayəsi”ndəki qəhrəman da yaşadığı həyatın lüzumsuz olduğunu duyur, ağır və faciəli bir həyatdan qurtulmaq üçün çırpınır: “Mən ac qaldım, üşüdüm, xəstələndim, azadlıqdan məhrum edildim!” – deyir.- Şəxsi səadət nə olduğunu bilmədim və bilmirəm, sığınacaq bir yerim yox, xatirələrim ağır, vicdanım isə çox zaman bu xatirələrdən qorxur”.
Çexov bu cür insan surətləri ilə həyatın nə qədər solğun, puç və yaramaz olduğunu, ağıllı, namuslu, yaxşı adamların yalan, hiylə, saxtakarlıq, haqsızlıq, dərd, iyrənclik içində çırpındıqlarını, məhv olduqlarını göstərirdi.
Çexov həyatın bütün eybəcər, çirkin səhnələrini görür və bunları mahir bir qələmlə, bədii surətlərdə canlandırırdı. Onun hər bir əsərində həyat çırpınır, hər bir sözündə həyatın səsi, sədası, fəryadı eşidilirdi.
O, alçaq, vicdansız, küt, riyakar, qorxaq, satqın, eybəcər insan xislətlərindən daha çox yazmağa, insan həyatının gözəlliklərini məhv edən bu qorxunc eybəcərlikləri amansız gülüşlərlə qırmanclamağa çalışırdı. Bu,yalnız bir satira, gülüş deyildi, əsl həqiqətdə bu, bir ələm, bir qəzəb, bir həqiqət, bir nifrət idi.
Çexov hələ Taqanroqda ikən bəzi vodevillər yazmağa təşəbbüs etmişdı . Qardaşlarının dediyinə görə, o, yazdığı ilk vodevilləri cırıb atırmış. Deyirlər ki, ilk vodevillər içərisində “Atasızlıq”, “Xoruz nahaq banlamır”, “Daş qayaya rast gəlib” kimi əsərlər varmış; lakin ədibin bu vodevillərindən heç biri bizə gəlib çatmamışdır.Təkcə adsız bir pyesin mətni qalmışdır ki, bu əsərdə də diqqəti cəlb edən bir cəhət yoxdur. Əldə olan vodevillərin, birpərdəli pyeslərin çoxu 1885-ci ildən sonra yazılmışdır.
1879-cu ilin payızında gimnaziya təhsilini bitirib Moskvaya gedən Anton Pavloviç, 1880-cı ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olur. O, 4 il Moskva Universitetində oxuyur.1884-cü ilin yazında buraxılış imtahanlarını müvəffəqiyyətlə verib senyabrın 15- də qəza həkimi adını alır.
Tibb fakültəsi həmin illərdə çətin fakültələrdən biri idi. Bu fakültəni müvəffəqiyyətlə bitirmək üçün çox gərgin və ciddi işləmək tələb olunurdu. Lakin misilsiz zəhmət hesabına Çexov universitetdəki bütün mühazirələr, imtahanlar, istər əməli və laboratoriya, istərsə də anatomik və klinik məşğələlərlə bərabər, fəal ədəbi yaradıcılıqla da məşğul olurdu. Universiteti qurtardığı vaxtlarda o qədər oçerk, hekayə və felyeton yazmışdı ki, bu, ömrünü təkcə yaradıcı fəaliyyətə həsr edən peşəkar yazıçı üçün də görünməmiş hadisə idi.
İlk bədii əsəri olan “Alim qonşuma məktub” hekayəsini Çexov 1879-cu ilin sonunda yazmışdı.1880-ci ilin əvvəllərində “Strekoza” jurnalında dərc olunan bu hekayə Çexovun ilk mətbu əsəri idi.
1884-cü ildə Çexovun “Melpomenanın nağılları” adlı ilk kitapçası çapdan çıxdı. Bu kiçik hekayələr kitabçasına ədibin “Ər və arvad”, “ İki dalaşma”, “Baron”, “İntiqam”, “Tragik” və başqa kiçik əsərləri daxil edilmişdi.
Lakin Çexov bu qədər gərgin işləri hansı şəraitdə yerinə yetirirdi? Bu şərait barədə o, arabir məktublarında qeyd edirdi.
1883-cü ilin avqustu.Yeni əsərlərinin növbəti hissəsini redaktora göndərən Çexov məktubunda: “Ən pis şəraitdə yazıram.Qarşımda mənim vicdanımı ağrıdan ədəbi işim durur, qonşu otaqda bizə qonaq gəlmiş qohumumuzun körpəsi çığırır, o biri otaqda atam “Mələyin təcəssümü”nü ucadan anama oxuyur... Kimsə musiqi oxutdurur və mən “Gözəl Yelena”nı eşidirəm... Yataq yerimi qohumum tutub, o, tez-tez mənə yaxınlaşıb tibbdən söhbət salır. “Uşağın yəqin qarnı sancır, ona görə də ağlayır”.
Həkim olacağıma lap peşmanam, elə bir adam yoxdur ki, mənimlə tibb barədə “dərin” söhbət eləməyi lazım bilməsin. Kimi ki, tibbi söhbət təhgə gətirir, ədəbiyyata keçir. “Gözəl” şəraitdəyəm” – deyə yaradıcı durumunu acı təəssüf hissi ilə qeyd edir.
O, gecə-gündüz bir parça çörək qazanmaq barədə düşünürdü.Bir köhnə pencəyi vardı, onu xeyli vaxtdı geyinirdi. 1885-ci ildə Çexov yazırdı: “Təkcə Allaha bəllidir ki, necə çətinliklə tarazlığımı saxlayıram və asanlıqla büdrəyib müvazinətimi itirə bilərəm. Əgər gələn ay 20-30 manat az qazansam, mənə elə gəlir ki, tarazlığım cəhənnəmə vasil olacaq və mən batıb qalacağam...”.
Çexov tarazlığını tez-tez itirirdi.Ya qazancı gözlədiyindən az olur, ya da ona məlum olmayan səbəblərə görə redaktorlar tərəfindən pulu yubadılırdı. 1885-ci ilin payızında bağdan qayıtmalı idi, amma haqq-hesab aparmaq üçün pulu yox idi. “Peterburqskaya qazeta” Çexova çatacaq pulu göndərməmişdi. O, yazırdı: “Güclü yağış yağır.Soyuqdur.Bu boz, buludlu göy qübbəsinin altından çıxıb istiyə və Moskva siviliziyasına düşmək üçün mənə ən azı 200 manat lazımdır, cibimdə bircə talerim (3 markalıq qədim alman gümüş puludur – R.Mirzəzadə) var. Bahar, hardasan?”
1886-cı ildə onun həcmcə əvvəlkindən böyük olan “Rəngbərəng hekayələr” adlı ikinci kitabı nəşr olunur. Oxucuların diqqətini cəlb edən bu kitab gənc yazıçının ədəbi mühitdə şöhrət qazanmasına səbəb olur. Çexovu “Novoye vremya” qəzetində iştirak etməyə çağırırlar. Bu qəzet 80-ci illərdə Rusiyada ən mürtəce qəzetlərdən biri idi. Bunu Çexov bilir və qəzetdə dərc olunan əsərlərin bir çoxuna öz narazılığını bildirirdi. Lakin buna baxmayaraq ədib, bu qəzetdə iştirak etməkdən boyun qaçırmır. Bunun bir neçə səbəbi vardı: əvvələn qəzetin redaktoru A.Suvorin o illərdə Çexovun dostu idi; onun sözündən çıxa bilmirdi, ikinci, qəzetdə iştirak etmək Çexov üçün maddi cəhətdən əlverişli idi; üçüncü, Çexov belə düşünürdü ki, əgər mən öz hekayələrimlə qəzetə çıxa biləcək bəzi ləyaqətsiz əsərlərin yerini tutub onların nəşrinə mane oluramsa, burada hec bir pis şey yoxdur. Onu da qeyd etmək lazımdır ki, ədibin demokratik cəhətdən olan dostları və realist yazıçılar onun mürtəce qəzetdə iştirak etməsinə öz narazılıqlarını bildirirdilər.
1887-ci ildə Çexovun “Alaqaranlıq” adlı yeni hekayələr kitabı çapdan çıxır. Bir il sonra bu kitab Elmlər Akademiyası tərəfindən mükafatlandırılır. Həmin ildən Çexovun əsərləri o dövrün qalın jurnallarından olan “Severnı Vestnik”də dərc olunmağa başlanır. Ədibin “Step” adlı irihəcmli hekayəsi 1888-ci ildə bu jurnalda çap olunur.Bu əsər Çexovun bir ədib kimi xeyli inkişaf etdiyini aydın göstərirdi. O zamankı mütərəqqi rus yazıçılarının çoxu bu povestlə əlaqədar olaraq belə bir mülahizə irəli sürmüşdülər ki, Çexovun simasında rus ədəbiyyatı qüdrətli bir yazıçı qazanmışdır.
Çexov ədəbiyyat və incəsənətin başlıca vəzifələrini insanlığa, xalqa, vətənə, bəşəriyyətə xidmətdə görürdü. Bununsa yalnız bircə yolu vardı: həqiqəti yazmaq! Çexov, adını yazıçı, ədəbiyyatçı qoyub yalan yazanlara, özündən uydurub həyata süni bəzək vuranlara, gerçəkliyi təhrif edənlərə qarşı olduqca sərt və barışmaz idi: “Ədəbi riyakarlıq ən murdar riyakarlıqdır!”. Yazıçı gənc istedadlara tövsiyələrində bu fikri dönə-dönə təkrar edirdi: “...Mənim dostlarım, hər şeydən əvvəl çalışın ki, yazdığınız yalan olmasın...İncəsənət elə onunla əhəmiyyətli və yaxşıdır ki, onda yalan qırıldatmaq olmaz...
A.P.Çexov yüksək demokratik mədəniyyət və ali mənəvi-əxlaqi dəyərlər əsasında qurulmuş bir cəmiyyət uğrunda söz sənətindən mübarizə silahı kimi istifadə edən aydın məqsədli, qüdrətli bir realist sənətkardı. Çexov realizmi tənqidi realizm idi ki, bu, eyni zamanda XIX əsr rus tənqidi realizminin yeni mərhələsi idi. Müntəzəm surətdə öz üzərində işləmək, yazıçılıq mədəniyyətini artırmaq, kamil sənətkarlıq istiqamətində böyük zəhmətlə çalışmaq, rus insanının psixologiyasını, rus həyatını bütün dərinlik və incəlikləri ilə dərk etməyə daim səy göstərmək bir yazıçı kimi Çexovun ən səciyyəvi xüsusiyyətləri idi. O, rus cəmiyyəti həyatının ziddiyyətli dövründə rus realist ədəbiyyatının ən mütərəqqi, ən humanist ənənələrini davam və inkişaf etdirən bir yazıçı kimi diqqəti cəlb etmişdi.
1887-ci ildə əvvəlcə Saratov şəhərində, sonra isə Moskvada Korş teatrında Çexovun ilk dramı olan “İvanov” tamaşaya qoyuldu və bununla da kiçik hekayələr müəllifi kimi məşhur olan yazıçı, bir dramaturq kimi də şöhrət tapmağa başladı.
Təvazökarlıq onun şəxsiyyətinin ən gözəl xüsusiyyətlərindən idi. İstər Rusiya, istərsə də Avropada tanınıb sevildiyi vaxtlarda belə, Anton Pavloviç bir sənətkar kimi yenə özündən narazı idi. Qəlbi daha çox işləmək, daha mükəmməl əsərlər yaratmaq arzusu ilə çırpınırdı. Onu da yada salım ki, Çexov 1888-ci ildə “Alaqaranlıq” hekayələr məcmuəsinə görə Rusiya Elmlər Akademiyasının Puşkin mükafatına layiq görülmüşdü. “Severnı vestnik” jurnalında yazıçının “Çöl” povesti nəşr edilmişdi. Saltıkov-Şedrin “Çöl” povestində rus təbiətinin yüksək sənətkarlıqla təsvirinə heyran olduğunu bildirdi.V.M.Qarşin “Çexovun şəxsində rus ədəbiyyatına birinci dərəcəli yazıçı gəlir” – söylədi. Çexovsa Puşkin mükafatına layiq görüldüyü ildə dostlarından birinə yazırdı: “Vicdanla desək, mükafatı aldığıma baxmayaraq, mən öz bədii fəaliyyətimə hələ başlamamışam”.
XIX yüzilin ikinci yarısı – XX yüzilin əvvəllərində daxili xəstəliklər haqqında elmin inkişafında Rusiyanın üç klinik məktəbi – Peterburq Tibb-Cərrahiyyə Akademiyasında formalaşmış S.P.Botkin məktəbi, Q. A. Zaxarin və A. A.Ostroumovun Moskva məktəbləri müəyyənedici rol oynamışdı – deyə, Y.Mebe “Təbabət A.P.Çexovun yaradıcılığında və həyatında” adlı kitabında yazır.
XIX yüzilin 50-ci illərinin ikinci yarısında Botkin, Zaxarin və İ.M.Seçenov Avropada - Almaniya və Avstriyanın ən yaxşı klinikalarında çalışmışdılar. Onlar bir-biriləri ilə tez-tez görüşərdilər. Botkin və Seçenovun dostluğu ömürləri boyu davam etmişdi.
Botkinin dünyagörüşünə rus mədəniyyətinin öncül isimləri – V.Q.Belinski, T.N.Qranovski, A.İ.Gertsenin ideyaları böyük təsir göstərmişdi. Onun baxışlarının formalaşmasında Seçenov ilə elmi təmaslar mühüm rol oynamışdı.
Botkin Rusiyada ilk olaraq klinikada laboratoriyalar: ümumi kliniki, kimyəvi, bakteroloji və fizioloji laboratoriyalar yaratmışdı. Yeni dərman maddələrinin heyvanlar üzərində təsirinin öyrənildiyi fizioloji laboratoriyanın müdiri 1878-ci ildən sonrakı on il ərzində İ.P.Pavlov olmuşdu.
Xəstələri müayinə edərkən Botkin onların əsəb sistemi və psixikasının vəziyyətinə böyük diqqət yetirirdi. Professoru olduğu Tibb-Cərrahiyyə Akademiyasının dinləyicilərində o, elmi-fəlsəfi təfəkkürü inkişaf etdirirdi.
Seçenovun “Baş beynin refleksləri” əsərinin müddəalarından çıxış etməklə, Botkin klinik təbabətin yeni, mütərəqqi nəzəriyyəsini – “nervizm” nəzəriyyəsini yaratmışdı.
1867-76-cı illər ərzində Botkinin “Daxili xəstəliklərin klinika kursu” nun bir sıra buraxılışları olmuşdu. Çexov Botkinin əsərləri ilə tanış idi.
Hərbi-Tibb Akademiyasında 1886-cı ildə keçirilmiş tədbirdə Botkinin söylədiyi nitq bu gün də həkimlərin formalaşmasında öz önəmini itirməmişdir. Məsələn, o deyirdi: “Gələcək həkim üçün elmi istiqamət olaraq bu sözün gerçək mənasında təbiətin öyrənilməsi vacibdir. Fizikanı, təbiət elmlərini bilmək-mümkün qədər geniş ümumi təhsil olduqda elmi praktik təbabətin öyrənilməsinə ən yaxşı hazırlıq məktəbidir”.
Bəlli olduğu kimi, Botkin çarın leyb-həkimi idi, yəni Rusiya həkimləri arasında ən yüksək vəzifəni tuturdu, lakin buna baxmayaraq, sadə adamlar ona müraciət edə bilirdilər və o, onun klinikalarında müalicə olunan xəstələrə atalıq qayğısı göstərirdi. Əlbəttə, Peterburq kübarları da onun tibbi yardımından istifadə edirdilər. Görünür, buna görə Çexov həmin vaxtlar Peterburqda yaşayan qardaşı Aleksandr Pavloviçə zarafatyana şəkildə yazdığı məktubunda deyirdi: “Əgər leyb-həkim Botkini görsən, ona deyərsən ki, mən onun yolu ilə gedirəm: əsilzadələrin evlərində müalicə işi ilə məşğulam. Məsələn, bu saat qrafiniya Kellerin ... aşpazını və Voyeykovanın evinə - onun qulluqçusunu müalicə etməyə gedirəm”.
1888-ci ildə Çexov A.Suvorindən onun nəşr etdirdiyi “İvan Nikolayeviç Kramskoy, onun həyatı, yazışmaları, bədii-tənqidi məqalələri” kitabını alır. Suvorinə ünvanladığı məktubunda Çexov iradını bildirir: “Nəşrdə, mənim fikrimcə, “Əlavə” bölməsində boşluq var, bir çoxları bunu görməyə bilməz: Kramskoyun xəstəliyi və ölümü haqqında Botkinin Tibb Cəmiyyətində oxuduğu referat və ya, daha doğrusu, məruzə yoxdur”.
12 oktyabr 1889-cu ildə mətbuatda dərc olunur ki, xaricdə olan professor Botkin səhhəti ilə əlaqədar olaraq Hərbi-Tibb Akademiyasındakı professorluğunu tərk edir.Bu barədə Çexov Suvorinə yazır: “Botkinin qara ciyərində daş var; görünür, Botkin özü hiss etdiyi ağrılara görə belə düşünür”. Lakin Çexov diaqnoza şübhə edir: “Əgər onun tez bir zamanda vəfat etməsində ilk öncə qaraciyərin maraqlı olduğu doğrudursa, onda daşlar deyil, xərçəng müqəssirdir”.
Çexov haqlı çıxmışdı. Botkin 12 dekabr 1889-cu ildə qaraciyər xərçəngindən vəfat etmişdi...
P.Rozanov öz xatirəsinin sonunda qeyd edir ki, 80-ci illərdə Çexovda iki hal, iki sfera: həkimlik və yazıçılıq çəkişirdi. Tibb fakültəsi öz yetirmələrinə o qədər müsbət, eyni zamanda qiymətli biliklər və səriştələr verir ki, ədəbi uğur təbibdə onun ikinci təbiətini kölgədə qoya bilmir”.
1884-cü ilin yayına yaxın Çexov həkim diplomu alanda artıq 250-yə qədər ən müxtəlif hekayə dərc etdirmişdi, amma Moskvaya qayıdanda həkimlik təcrübəsinə davam edirdi.
“Mənim təbabətim, - deyə Çexov öz əmisi M.Y.Çexova yazırdı – yavaş-yavaş irəli gedir. Bir əldən müalicə edirəm, tanış-bilişim lap çoxdur, deməli, xəstələrim də az deyil. Yarısını müftə müalicə etməli oluram, digər yarısı isə mənə beş- və ya üçrublluq ödəyir”.
1886-cı ilin yazında Çexovun həyatında onu yazıçılq işinə və həkimlik fəaliyyətinə münasibətinə yenidən baxmağa məcbur edən hadisə baş verir ki, sonralar Çexov yazsa və desə ki, “mən – həkiməm” , məhz o vaxt o, anlayır ki, onun yaradıcı həyatının başlıca sferası ədəbiyyatdır. Təbabət isə onun ictimai fəaliyyətində başlıca yerlərdən birini tutur. İş burasındadır ki, 25 mart 1886-cı ildə Çexov tanınmış rus yazıçısı Dmitri Vasilyeviç Qriqoroviçdən məktub alır. “Haradasa bir il olar, - deyə Qriqoroviç yazır, - mən təsadüfən “Peterburqskaya qazeta”da Sizin hekayənizi oxudum (söhbət “Yeger” hekayəsindən gedir). Sizi oxuyub mən daim Suvorin və Bureninə mənimlə razılaşmağı məsləhət görürdüm. Onlar mənə qulaq asdılar və indi, mənimlə birlikdə şübhə etmirlər ki, Sizdə gerçək istedad – Sizi yeni nəsil ədəbiyyat çevrəsindən xeyli irəli çıxaran bir istedad vardır”.
Çexov Qriqoroviçə cavab verir: “Əgər məndə ehtiram göstəriləsi istedad varsa, sizin saf ürəyinizin qarşısında and içirəm ki, mən indiyədək ona hörmət etməmişəm. Duyurdum ki, məndə o var, lakin onu zəif saymağa vərdiş etmişdim. Öz işimə yuxarıdan aşağı baxmağa vərdiş etmiş və yazmağa başlamışdım! Bu ilk səbəb... İkincisi, mən həkiməm və bütün varlığımla öz təbabətimə bağlıyam. İki tərəfə baxan çaş qalar məsəli məndə özünü doğrultmurdu”.
1886-cı ilin mayında Çexov Peterburqa gəlir. Bu gəliş yazıçının zəfəri olur. Onun istedadı bir çox tanınmış ədiblər tərəfindən etiraf edilir. Onun hekayələri ilk dəfə Peterburqda – Rusiyada daha çox yayılan “Novaya vremya” nəşrində işıq üzü görür.
Çexovun xəstəliyi 1901-1902-ci illərdə öz dağıdıcı işini görməkdə idi. Çexovun sağlamlığına nəyin daha çox zərər vurduğu haqqında sualı qoyarkən L.Malyugin və İ.Qitoviç yazırdılar:
“Elə bir tərəzi yoxdur ki, həyatı çəkəsən və deyəsən, hansı o vaxt daha vacib idi – sıyıq palçığı və qələbəlik küçələri ilə Moskva və ya “isti Yalta həbsxanası”, arvadından ayrı düşmək və ya onun öz arvadını sevimli işindən məhrum etdiyinin fərqində olmaq daha vacib idi”.
Xəstə öləndə onun xəstəlik tarixçəsinə epikrin yazır, ölümə gətirib çıxarmış müxtəlif təfərrüatlara qiymət verirlər. Özü də həkimin Çexov kimi böyük bir insanın xəstəlik təfsilatları və ölümü üzərində düşünməyə haqqı vardı.
Puşkin, Qoqol, Tolstoy, Turgenev, Balzakın xəstəlik tarixçələri mövcuddur. Çexovun da xəstəlik tarixçəsi yazılıb. L.Malyugin və İ.Qitoviçin doğru olaraq qeyd etdikləri kimi, Anton Çexov və Olqa Knipperin həyatı “onların taleyinin canlı, uydurulmamış “dramı” olsa da, yazıçını vaxtsız ölümə gətirmiş təfsilatın öyrənilməsi yasaq altında ola bilməzdi.
Çexovun ömrünün üç il, bir il, bir neçə ay uzadılması bəşəriyyətə üç, iki və ya heç olmasa bir dahiyanə əsər vermiş ola bilərdi...”.
Anton Pavloviçin hər bir hekayəsində böyük Qorkinin dediyi kimi, təmiz, əsl insan qəlbinin sakit və dərin döyüntüsü duyulur. Çexov insanların qəlbini ələ alan, onları düşündürən, bədii ifadə vasitələri ilə gözəl fikirlərini sərrast bir şəkildə oxucunun qəlbinə aşılayan realizmə sadiq sənətkardır. Bu hekayələr insana məhəbbət duyğuları ilə doludur. Çexov sevən, iztirablar çəkən insanların dostu idi. Özünün böyük istedadını, böyük qəlbini xalqın və vətənin səadəti işinə həsr edən Çexov, insan əməyinə məftun idi, əməyi tərənnüm edirdi.Yaradıcı əmək Çexovun ilham mənbəyi idi. O,öz əsərlərini sevə-sevə yaradırdı, gərgin əməkdən sevinc duyur, zövq alırdı, əməyin poeziyası və gözəlliyi ona qüvvət verirdi.
Rus kəndlilərinin dözülməz, ağır vəziyyəti və hərtərəfli geriliyi Çexovu qəzəbləndirən, dərindən narahat edən ən mühüm hadisələrdən biri idi. Yazıçının hekayələrində cürbəcür xəstəliklərin tüğyan etdiyi rus kəndinin soyulub-talanması, təsərrüfatının məhv edilməsi olduğu kimi, təbii boyalarla təsvir edilir. Rus kəndlisinin zülmə hədsiz dözümlülük göstərən, cəhalət, mövhumat, köhnə etiqadlar əsiri, zəhmətinin bəhrəsini görmədiyinə görə əli işdən soyuyan, sərxoşluq azarına tutulan, aciz, sabahına ümidini itirən bədbəxt kimi yaşaması Çexovun mərhəmət dolu ziyalı qəlbini çox ağrıdırdı.
“Özgə qoltuğunda” da təsvir olunur ki, bircə arıq atı və bircə qoca iti olan 70 yaşlı kəndli Mixail Zotov neçə gündür ki, acdır. Evdə nə çörək, nə qənd, nə çay var. Heyvanlar da ac və taqətsizdirlər. Qocanı dərd götürmüşdür. Özü cəhənnəm, bu dilsiz-ağızsız heyvanlar necə olsun? Zotov xırda alverçi Marqdan heyvanlar üçün borc arpa almağa gedir, lakin əliboş qayıdır. Marq heyvanları dəri alverçisi İqnatiyə satmağı məsləhət görür. Əlacsız qalan qoca atı da, iti də çölə buraxır, özü də evindən baş götürüb gedir. Qocaya öyrənən heyvanlar sahiblərini təqib edirlər. Təsadüfən evi yol üstündə olan dəri alverçisinə rast gəlirlər... Heyvanların dərisi soyulanda qoca davam gətirə bilməyib, huşunu itirir. Qoca kəndli bundan sonra yaşaya biləcəkdimi?Təbii ki, yox!..
“Mujiklər”də də ürəkparçalayan bir lirizim var. Moskva mehmanxanalarından birində neçə illərdən bəri xidmət göstərən Nikolay Çikildeyev şəhər həyatında çəkdiyi sıxıntını unutmaq üçün arvadı ilə birlikdə çoxdan bəri tərk etdiyi doğma kəndi Jukovaya , qohum-əqrabasının yanına gəlir.Lakin kənddə ürəyi açılacağını güman edən Nikolay, burada doğmalarını elə bir ağır vəziyyətdə görür ki, gəldiyinə peşman olur.Yoxsul daxmada böyük bir külfət, qocalar, gənclər, uşaqlar...Evdə aclıqdır, un yox, çörək yox, qənd yox, çay yox. Ailənin yediyi qara çörəkdir, o da çox vaxt tapılmır. Qoca kəndli – baba belə “azadlıq”dansa, təhkimçilik dövrünü arzulayır. “Adımız qul, kölə olsa da, heç olmasa, ağanın evində hər gün sup və ya sıyıq olurdu” –deyir.
Kənddə xəstəlik, xüsusən uşaq xəstəliyi və ölümü dəhşətli hal almışdı. Yoxsulluq, aclıq üzündən valideynlər balalarının ölümünə laqeyd baxırdılar.Nikolayın qohumlarından birinin 13 uşağından 7-si ölübdür. Ailənin dərd-qəmini daha çox qadınlar çəkir. Kişilər evə pul gətirmir, hər gecə meyxanada sərxoş olurlar. Evə gələndə də arvadlarını döyürlər. Kəndli ailələrindən yollara çıxıb dilənənlər, yoldan ötən ağalardan sədəqə istəyənlər az deyil.Belə bir vəziyyətdə üstəlik dövlət vergisi də tələb olunur.Vergi hesabına ev əşyalarını dartıb aparırlar. Nikolayın qohumunun evində tək bircə samovarı vardı, onu da vergi yığan kəndxuda məzlumun evindən zorla almışdı.
Bir ovuc güclülərin, var-dövlət və mənsəb sahiblərinin minlərlə ağıllı, namuslu, zəhmətkeş adamları təhqir etməsi, ələ salıb oynatması oxucuda köhnə quruluşa nifrət oyatdığı kimi, onu insan şərəfinin, insan azadlığının müdafiəsinə qalxmağa təhrik edir. Zavallı, qorxaq və dilsiz-ağızsız mürəbbiyənin itaətkarlığını ürək ağrısı ilə təsvir edən Çexov “Aciz” hekayəsində dərin bir təəssüflə deyir: “Bu dünyada güclü olmaq nə qədər asandır! Güclü olmaq! Yəni gücsüzlərə, acizlərə zülm etmək, zavallı insanların həyatını zəhərləmək, gününü qara etmək nə qədər asandır!Məhv olsun acizlik, qorxaqlıq, cəsarətsizlik! Yaşasın azad, şərəfli və qüvvəli insan!Çexovun açıq demədiyi, lakin demək istədiyi əsas fikir bundan ibarət idi. Çünki Çexov balaca adamların müdafiəçisi idi. Zəhmətkeş, namuslu, lakin pulsuz və köməksiz adamların tox və qayğısız ağalar tərəfindən necə təhqir olunduğunu gördükdə M.Arifin qeyd etdiyi kimi, Çexovun qəlbi qana dönürdü. Bunu sübut etmək üçün “Qoyun və qız” hekayəsini oxumaq kifayətdir.
Böyük rütbə sahibi olan qayğısız və hörmətli bir cənabın yanına yoxsul bir qız xahişə gəlir.Anası bərk xəstələndiyi üçün qız təcili olaraq başqa şəhərə getməlidir, lakin yol pulu yoxdur. Eşidib ki, bu hörmətli cənab yoxsullara əl tutur, gəlib ondan pulsuz bilet almaq istəyir. Cənab vaxtını keçirmək üçün qızla əylənməyə başlayır, ondan hal-əhval tutur.Ürəyi açıq qız hörmətli cənaba inanıb hər şeyi ona danışır, hətta nişanlısından aldığı məktubu da ona oxuyur, söhbət çox uzun çəkir, saat 8 olur, hörmətli cənab ayağa qalxıb deyir:
-Teatrın vaxtıdır... bağışla məni, Mariya Yefimovna!
Qız da ayağa qalxıb deyir:
-Deməli, mən arxayın ola bilərəm.
-Nəyə?
-Sizin mənə pulsuz bilet verəcəyinizə.
Sadəlövh qızın bu sualına hörmətli cənab gülür və onu başa salır ki, qız səhv etmişdir; ona kömək edə biləcək dəmir yol işçisi o biri qapıda yaşayır.
Qız o biri qapıya gedir və ona deyirlər ki, dəmiryolçu 8-in yarısında Moskvaya getmişdir...
İnsan qəlbi, insan taleyi, insan şərəfi ilə oynayan, fəlakətdən zövq alan, özündən başqa heç bir şeylə maraqlanmayan bu daşürəkli adamlara nifrətini Anton Pavloviç Çexov bu şəkildə ifadə edirdi.
1890-cı ildə Anton Pavloviç Çexov çar hökumətinin sürgün və zindan adası olan Saxalinə səyahət edir. Bu dəhşətli yerdə on minlərlə insan soyuqdan, aclıqdan, zülm və işgəncələrdən məhv olurdu. Çexov özünün xəstəliyinə baxmayaraq, oradakı zavallı, köməksiz insanların ağır katorqa həyatı ilə yaxından tanış olmaq istəyirdi. Səyahət çətin və uzaq olsa da, yazıçının səhhəti yaxşı olmasa da, bəzən boğazından qan gəlsə də, bu insanlıq aşiqini məqsədindən döndərmək mümkün deyildi. O, ada və buradakı həbsxana həyatı haqqında ətraflı məlumat toplayıb, yola düşür.
Uzaq Saxalin həbsxanalarında, ömürlük sürgündə çürüyən, faciəli taleyi qırmızıburun qazamat gözətçilərinin ixtiyarına verilən minlərlə məhbusların dözülməz vəziyyəti böyük insanpərvəri uzun zaman düşündürmüşdür. Buradakı əsl cəhənnəmi, dəhşətli səhnələri öz gözləri ilə görüb dözülməz ağrılarını öz kövrək qəlbindən keçirən, ölümə məhkum olan bu biçarələrin halını yüngülləşdirməyə var qüvvəsi ilə çalışan həkim Çexovla yaradıcı, yazıçı Çexov arasında bir doğmalıq, bütövlük, vəhdətlik vardı.Çünki Çexov öz bədii əsərlərində də həyatı həbsxanaya çevirənlərin əleyhinə çıxırdı.Elə bu acı həqiqətləri də dünyaya bəyan etmək üçün çar istibdadının vəhşi mühakiməsi, zülmü və əsarətinin ifşası olan “Saxalin adası” adlı əsərini yazmışdı.
Uzaq Şərqdə məşəqqətli hərbi həyat görmüş, vərəm xəstəliyinə düçar olmuş saldat və dənizçilər hərbi gəmidə vətənə qayıdırlar. Aclıq, xəstəlik, ağır həyat onları tamamilə taqətdən salmışdır.Yolda ölənləri dənizə atırlar. Naçalniklər insanlara qarşı olduqca etinasız və laqeyddirlər. Saxalin səfərindən alınan təəssürat ədibin “Qusev” hekayəsində, daha sonralar ədəbi aləmdə məşhur olan “6 nömrəli palata”da öz bədii ifadəsini tapmışdır.
“6 nömrəli palata” povesti öz ictimai və siyasi koloritinə görə Çexov yaradıcılığında xüsusi yer tutur. Əsərdə müəllif dəlilər və əlillər yaşayan 6 nömrəli palatanı III Aleksandr Rusiyasına bənzədir.Bu palatada əks olunan dəhşətli həyat cəmiyyətdəki həyatın bir nümunəsi idi.Çexov üçün çarizm quruluşu şəraitindəki həyat əsl zindan həyatı idi.Əsər öz həqiqətləri ilə bütün Rusiyanı sarsıtmışdı.
Əsərin qəhrəmanı doktor Raqin yumşaq təbiətli, ağıllı, namuslu, mütəfəkkir və filosof bir adamdır. Lakin bu adam təşəbbüssüz, laqeyd və tənbəldir. Əmr verə bilmir, qətiyyətli bir addım ata bilmir.Onun rəhbərlik etdiyi xəstəxanada heç bir nizam-intizam, qayda-qanun yoxdur. Burada xəstələr döyülür, ac qalır, onların yeməkləri oğurlanır, xəstəxana qarət edilir.Hər şeyi başlı-başına buraxan Raqin öz hərəkətlərini fəlsəfi cəhətdən tolstoyçuluqla əsaslandırmağa çalışır.
Xəstə İvan Qromovsa bu mühitlə barışmır, həbsxananın dəmir barmaqlıqları arasından zülmkarlara lənət yağdıraraq gələcəyə, yaxşı günlərə ümid bəslədiyini bildirir.
Axırda Raqin öz fəlsəfəsinin qurbanı olur. Onun özünü dəli hesab edib güclə kameraya itələyib qapını bağlayırlar.Onun gözləri qarşısında hər gün xəstələri kötəkləyən mənfur xidmətçi Nikita indi onun özünü amansızlıqla döyür. Rəzaləti, zülmü öz kürəyində hiss etdikdə Raqin dözmür, çığırır, lənətlər yağdırır. Lakin heç kim onun bağırtılarına, etirazlarına, tələblərinə əhəmiyyət vermir. Yalnız bu zaman Raqin xəstələrə edilən zülmləri anlayır, zülmə müqavimət göstərməməyin nə olduğunu başa düşür. İyirmi ildən bəri öz etinasızlığı ilə insanların başına gətirdiyi müsibətləri dərk edir.Lakin gecdir, kameranın dəmir şəbəkəli pəncərəsini qırmaq və oradan xilas olmaq mümkün deyil. Raqin düşdüyü vəziyyətdən sarsılır və ölür.
Çexov bu əsəri ilə Tolstoyun zülmə müqavimət göstərməmək fikirlərinin doğru olmadığını bədii surətlərdə izah edərək, ağıllı, namuslu bir adamın dəlixanaya atılmasını, xəstəxanada hökm sürən zindan şəraitini, hər şeydən əvvəl isə böyük Rusiyanı dəmir şəbəkəli bir həbsxanaya çevirən, dəhşətli və qaranlıq bir zindan olan çarizm üsuli- idarəsini ifşa edirdi. O, çar mütləqiyyətinin sadiq nökərləri olan çinovniklərin, məhkəmə və polis işçilərinin, mülkədarların və sahibkarların yaramaz sifətlərini gah kəskin satira, gah öldürücü istehza, gah da kədərli gülüşlə ifşa edirdi.
Məsələn, Çexovun “Məhkəmə təcrübəsindən bir hadisə” adlı hekayəsində məşhur vəkil çox təsirli nitqi ilə oğrunu müdafiə edir. “Qoca bağbanın hekayəsi”ndə savadlı, qanacaqlı qoca bağban: “Rusiyada tez-tez məhkəmələrdə əclaflara bəraət qazandırır, ədalətin müdafiəsini nadir hadisə sayırlar”, -deyir. “Perpetium mobile” hekayəsində baş vermiş bir cinayəti yoxlamaq üçün mərkəzdən əyalətə göndərilən məhkəmə işçiləri yolda bir mülkədara qonaq olub kefə, qumara qurşanır, ev sahibinin qızına sataşmaq istəyirlər, vəzifə isə tamam yaddan çıxır.Başqa bir hekayədə ədaləti qorumalı olan hakimlər məhkəmə salonundan müşavirə üçün sədrin otağına çəkiləndə proses haqqında ümumi bir fikrə gəlmək əvəzinə, arağın məzələri haqqında uzun-uzadı fikir mübadiləsi edirlər.
Məhkəmələrdə, inzibati idarələrdə, dəmir yollarında, hətta xəstəxanalarda belə rüşvət, həm də açıq rüşvət geniş yayılmışdır.
Mürtəce dairələr Çexov qələminin ifşaedici qüdrətindən vahiməyə düşürdü, həyatın dəhşətli mənzərələrini açıb göstərməsindən narazı qalırdı. Burjua liberal tənqidçiləri böyük yazıçını “alçaq və rəzil tiplərlə çox məşğul olmaqda”, “peyinlikdə eşələnməkdə” ittiham edirdilər.Çexov bu ittihamlara belə cavab verirdi: “Bədii ədəbiyyat məhz həyatı olduğu kimi göstərdiyi üçün bədii ədəbiyyat adlanır”. Ədib yazıçılığı kimyagərliyə oxşadırdı.Deyirdi ki, kimyagər üçün dünyada murdar bir şey yoxdur.Peyindən də, daşdan da faydalı maddələr çıxarmaq, bütün cisimləri tərkibi hissələrinə ayırmaq kimyagərin vəzifəsidir. Yazıçının həyatdakı “xırda adamlardan” iyrənib qaçmağa haqqı yoxdur. O, kimyagər kimi obyektiv, səbrli olmalı, həyatda hər cür insanı öyrənməli, ürəyinin dərinliklərinə enməlidir, yəni həssas psixoloq olmalıdır, həyatı bütün dərinliyi, reallığı, ziddiyyətləri ilə təsvir etməlidir.
“İnsana hörmət və ehtiram etmək nə böyük ruhani bir zövqdür!” Bunlar onun sözləri idi. “İnsana ancaq üç arşın torpaq lazımdır” –söyləyənlərə etiraz edən Çexov, “Firəng üzümü” hekayəsində bildirir: “Deyirlər ki, insana ancaq üçü arşın torpaq lazımdır, amma bilmirlər ki, üç arşın torpaq diriyə deyil, ölüyə lazımdır. İnsana üç arşın torpaq yox, bir malikanə yox, bütün Yer kürəsi, bütün təbiət lazımdır ki, onun geniş fəzalarında insan öz varlığını və azad ruhunun bütün xüsusiyyətlərini meydana çıxara bilsin”.
“Gəlin” adlı son hekayəsində: “Əsas məsələ həyatı dəyişdirməkdir”- deyən Çexov – “necə dəyişdirmək?” sualına aydın cavab verə bilməsə də, öz müsbət qəhrəmanlarının, saşaların, nadyaların bəslədikləri ümidlərlə oxucuları inandırırdı ki, gələcəkdə Rusiya mütləq gözəl olacaqdır, burada yeni şəhərlər salınacaq, böyük, qəşəng evlər, gözəl bağlar, qəribə fəvvarələr, nəcib insanlar yaranacaqdır”.
Çexov, onun səhnə əsərlərindən birinin tamaşasında ağladığını söyləyən tanışına demişdi: “Siz deyirsiniz ki, mənim pyesimə baxanda ağlamısınız... Sizdən başqa da ağlayan olmuşdur... Ancaq mən bu əsəri tamaşaçıları ağlatmaq üçün yazmamışam.Məqsədim başqadır.Mən ancaq təmiz bir niyyətlə, təmiz ürəklə insanlara demək istəmişəm: “Bir özünüzə baxın, bir baxın görün siz nə qədər pis və kədərli yaşayırsınız!” Başlıcası budur ki, insanlar bunu anlasınlar.Nə zaman ki, onlar bunu başa düşdülər, özləri üçün mütləq başqa bir həyat yaradarlar... Mən o gözəl həyatı görməyəcəyəm, ancaq mən bilirəm ki, o həyat bu günün həyatına bənzəməyən başqa bir həyat olacaqdır...Nə qədər ki, arzu edilən bu həyat yoxdur, mən dönə-dönə insanlara deyəcəyəm: “Başa düşün ki, siz nə qədər pis və kədərli yaşayırsınız! Burada ağlamaq nə üçün?”.
Çexovun ailə həyatından bəhs etdiyi hekayələrində ziddiyyətli ailələrin demək olar ki, hamısı dvoryan, iri çinovnik, hərbçi və s.ailələridir. Belə ailələrdə münaqişə tüfeyli həyat sürən kişilərin qudurğanlığı və arvadlarına xəyanət etməsi nəticəsində yaranır. “İt gəzdirən qadın”, “Əfi və ada dovşanı”, “Pis hava”, Arianda”, “Busə”, “Aqafiya”, “Gizli müşavir”, “Talan”, “Nişanlı və atacığaz”, “Tikan üstündə”, “7500”, “Qeyri-qanuni”, “Canlı əşya” hekayələrində mülkədar ərlər ev qulluqçusuna sataşır, qeyri-qanuni uşaqların doğulmasına və küçələrə atılmasına səbəb olurlar. Ziyafətə dəvət olunmuş zabitlər onları hörmətlə qarşılayan ev sahiblərinin qızlarına, arvadlarına pis gözlə baxırlar, bir çox dvoryan gəncləri də qızları rüsvay edəndən sonra qaçırlar.
İsmətli xanımları yoldan çıxarmaq məqsədilə ərlərlə dostluq edən qeyrətsiz əbləhləri, hətta arvadları ilə alver edən ər deyilən əcaib məxluqları Çexov amansızlıqla ifşa edirdi. “Canlı əşya”da ər öz arvadının varlı sevgilisindən xeyli pul alıb kəbinli arvadından əl çəkir. “Tikan üstündə” hekayəsində axmaq ər rütbəsi artsın deyə, özü arvadının əxlaqının pozulmasına şərait yaradır.
Lakin ailə dəyərlərinin ayaqlar altında tapdalanmasına tək kişilər deyil, qadınlar da səbəb olur. Məsələn, “Gəzəyən” hekayəsində fitri istedada malik gənc alim-tədqiqatçı və gözəl həkim olan Osip Stepanoviç yelbeyin və gəzəyən arvadı Olqa İvanovnanın əlində əsir olmuşdur. Savadsız, qabiliyyətsiz, elmdən, mədəniyyətdən xəbəri olmayan Olqa şöhrət üçün özünü “istedadların pərəstişkarı” kimi qələmə verib gecə-gündüz məclislərdə, ziyafətlərdə, sərgi və konsertlərdədir.İşi-gücü guya birindən qiraət, birindən rəssamlıq, birindən not dərsi öyrənməkdir. Ərinin az maaş alması ilə hesablaşmayan Olqa, evində hər çərşənbə günü qonaqlıq, konsert təşkil edir. Onu aktyor, rəssam, bəstəkar, xanəndə və başqa adlarla əhatə edənlərin çoxu istedadsız, tüfeyli və fırıldaqçı adamlardır. Olqa əri ilə həyat yoldaşı kimi deyil, bir qul, kölə kimi davranır.Yelbeyin rəfiqələri ilə yeyib-içib əyləndikdə ər də bu yaramaz qonaqlara qulluq etməli olur.
Gənc alim-həkim axmaq arvadının nadan və riyakarlığı ucbatından həmişə kədərli və fikridağınıq olur. Xəstələrini müalicə edərkən özü difteriyaya yoluxub xəstələnir. Osip Stepanoviç – bu gözəl, əxlaqlı insan, xeyirxah, təmiz, sevgi dolu ürəyə malik olan bu bədbəxt elmə xidmət etsə də, ailədə bir xoş gün görmür, həyatdan nakam köçür.
Yaxud “Arvad” hekayəsində bacarıqlı, mərhəmətli, sənətini sevən, xalqa, vətənə, elmə xidmət etmək arzusu ilə yaşayan və yüksək mənəvi keyfiyyətlərə malik olan raznoçin həkim Nikolay Yevqrafiç ağılsız, yelbeyin və ismətsiz dvoryan qızı Olqa ilə evlənəndən sonra bütün arzuları, ümidləri, həyatı puç olur, Nikolay cəhənnəm əzabı çəkir. O, aldığı on min manat maaşdan yoxsul atasına on manat belə göndərə bilmir. Tüfeyli dvoryan ailəsində böyümüş Olqanın hədsiz israfçılığı ucbatından Nikolay borca düşür, üstəlik Olqanın gizli bir aşnası da meydana çıxır. Nikolay ağır vərəm xəstəliyinə tutulsa da, arvadının heç vecinə deyil, o, öz işlərindədir, özünü yaxşı hiss edir və aşnasının dalınca xaricə gedir.
A.P.Çexov “Aşkarda görünməyən göz yaşları”, “Yaylaqda”, “Xoşa gəlməyən əhvalat”, “Nigarançılıq”, “Məişət xırdaçılıqları”, “İntiqam”, “Kirayənişinlər”, Söhbət”, “Diplomat”, “Artıq adamlar” hekayələrində də xəyanətkar qadınların rəzil həyatını, kənarda “məleykə”, evdə isə ərinə qarşı münasibətində şeytan olan qadınları qətiyyətlə ifşa edirdi.
Çexov istər real həyatda, istərsə də yaradıcılığında uşaqların tərbiyəsinə də həssaslıqla yanaşmışdır. “Uşaqlar”, “Zinoçka”, “Volodya”, “Evdə”, “Ağır xasiyyətli adamlar”, “Qeyri-adi”, “Vanka”, “Reportyor”, “Atacığaz” kimi hekayələrində yazıçı ürək ağrısı ilə ailələrdə uşaqlara lazımi tərbiyənin verilməməsi ucbatından onların çox erkən yaşda pozulduğunu, həyatın girdablarına düşdüyünü, dəhşətlisi budur ki, ata-anaların öz doğma övladlarının faciəli taleyinə çox biganə olduqlarını göstərir. Uşaqlar dərs oxumaq əvəzinə, pul ilə qumar oynayır, papiros çəkir, həddi-buluğa çatmamış özlərinə sevgili axtarır, oxumur, dərslərindən kəsilir, sinifdə qalırlar.Cahil ananın təkidi ilə ata gimnaziyada bütün dərslərdən kəsilən 13 yaşlı oğlunun qiymətlərini düzəltmək üçün müəllimlərə rüşvət təklif edir.
Çexov böyük sənətkar olaraq cəmiyyətin həyatında baş verən bütün hadisələrin doğru mənzərəsini yaratmağı özünün şərəfli vəzifəsi hesab edirdi.O, gənc yazıçılara müraciətlə deyirdi ki, hər bir əsərdə aydın və müəyyən bir fikir olmalıdır. Siz nə üçün yazdığınızı bilməlisiniz.Əgər bu yolda müəyyən məqsədiniz olmasa, aza bilərsiniz.
Fikri düzgün ifadə etmək üçün məqsəd aydınlığı ilə yanaşı, Çexov ifadələrin sərrastlığnı və hədsiz dərəcədə yığcamlığını mühüm şərt hesab edirdi. Onun fikrincə, rus ədəbiyyatı tarixində Lermontovun nəsri yığcamlıq üçün ən parlaq bir nümunə ola bilər. O, gənc yazıçıları Lermontovdan öyrənməyə çağırırdı: “Mən Lermontovun dilindən gözəl bir dil bilmirəm. Mən sizin yerinizə olsaydım, onun hekayələrini alar, məktəblərdə təhlil olunan kimi, ayrı-ayrı cümlələr və nitq hissələri üzrə təhlil edər və belə yazmağı öyrənərdim”.
Çexov bir gənc yazıçıya tövsiyə ilə bildirir: “...Yeni yazanlar adətən mətləb üstünə gələnədək hekayənin yarısına qədər artıq sözlər işlədirlər. Lakin elə yazmaq lazımdır ki, oxucu müəllifin izahı olmadan hekayənin gedişindən, iştirak edənlərin danışığından, onların hərəkətindən əhvalatı başa düşsün... Sizin hekayənizdə İvan İvanoviç danışmağı sevir. Bunun eybi yoxdur, ancaq o, bütün bir səhifə başdan-başa danışmamalıdır. Onu bir az danışdırandan sonra yazın ki : “İvan İvanoviç yerindən qalxdı, otaqda var-gəl etməyə başladı, papirosunu yandırdı, pəncərə önündə dayandı...”.
Çexov dilin ahəngdarlığı, hadisənin sərbəst təsvir edilməsi barədə deyirdi: “Hadisə nə qədər təsirli olsa, onu bir o qədər soyuqqanlı tərzdə yazmaq lazımdır, belə olsa, təsvir olunan hadisə daha təsirli olar”.
O, yazırdı: “Əsl yazıçı olmaq istəyən adam özünün bütün qüvvəsini bu işə sərf etməlidir.Hər işdə olduğu kimi, bu işdə də həvəskar kimi davranmaqla irəli getmək olmaz. Hər bir sənətdə olduğu kimi, bu sənət də istedad və zəhmət tələb edir. Var qüvvə ilə işləmək lazımdır. Həm də birinci növbədə dil üzərində işləmək gərəkdir. Dilin, sözün üzərində düşünmək lazımdır... İstedad özü-özlüyündə azdır; onu düzgün istiqamətdə inkişaf etdirmək lazımdır. Bunun üçün zəruri şərt sənətkarın qəhrəmanlıq iradəsinə malik olmasıdır. Qəhrəmanlıq isə o vaxt meydana çıxır ki, sənətkar öz qarşısında böyük məqsəd – xalqın, vətənin, bəşəriyyətin səadəti uğrunda mübarizə məqsədini qoyur.
Çexovun hekayələrində təbiət təsvirləri də həyatdan, təbiətdən götürülmüşdür. Ucsuz - bucaqsız Rusiyanın bir çox şəhər və kəndlərini, Krımdan tutmuş Sibirə, Saxalinə qədər gəzən görkəmli sənətkarı Moskva ətrafında olan geniş ərazilərin füsunkar gözəlliyi, ecazkar təbiəti daha çox heyran edir. O, özünün bir çox maraqlı hekayələrini Moskva yaxınlığındakı Babkina kəndində yazmışdır. Yazıçının yaratdığı mənzərlər olduqca sadə və maraqlıdır.Yaradıcılığının ilk illərindən başlayaraq Çexov, mənzərə təsvirlərində bədii müqayisəyə böyük yer verir.Onun ilk hekayələrində “kəmərə bənzəyən yol”, “çay yuxulamışdı”, “yarpaq tənbəl-tənbəl yerə uçur” kimi müqayisələrə rast gəlmək mümkündür.
Məktublarından birində Çexov yazır ki, təbiət təsviri olduqca qısa verilməlidir, yazıçı kiçik hadisələri nəzərdən qaçırmamalı və onları elə qruplaşdırmalıdır ki, oxucu gözü önündə tam bir mənzərə görə bilsin. Təbiət təsvirləri o zaman yerində alınar ki, onlar həmin yerdə lazım olsun, bu təsvirlər oxucularda əhval-ruhiyyə oyatmaqda kömək etsin.
Çexovun yaratdığı mənzərələr getdikcə daha təsirli olur, onların əhval-ruhiyyə qüvvəsi daha da artır.Bununla belə, yaradıcılığının son dövründə o, böyük müqayisələrdən uzaqlaşır, təsvirləri daha sadə və aydın verir. Qorkiyə yazdığı bir məktubda Çexov deyir ki, təbiəti insana oxşadanda, məsələn; dəniz nəfəs alır, səma baxır, səhra nazlanır, təbiət pıçıldayır, kədərlənir və s. yazanda çox zaman təsvir yeknəsəq alınır, anlaşılmır. Çexovun fikrincə, təbiəti təsvir edərkən ən sadə sözlərə müraciət etmək daha məqsədəuyğundur. Məsələn, “gün batdı”, “qaranlıq çökdü”, “yağış yağdı” və s.
1886-1903-cü illər arasında görkəmli yazıçı nəsr əsərləri ilə yanaşı, “İvanov”, “Meşə adamı”, “Vanya dayı”, “Üç bacı”, “Qağayı”, “Albalı bağı” kimi indi də dünya səhnələrindən düşməyən məşhur pyeslərini və ailə münaqişələrini əks etdirən “Tütünün zərəri”, “Ayı”, “Təklif”, “Zorən tragik”, “Toy”, “Yubiley” adlı birpərdəli vodevil, məzhəkə və səhnəciklərini yazmışdır.
“Üç bacı” – məhv olan istedadların, sönən arzuların dramıdır. Pyesdə təsvir olunan əhvalat XIX əsrin sonunda Rusiyanın kiçik bir vilayət şəhərində cərəyan edir.Əsərdə iştirak edənlərin əksəriyyəti dvoryan nəslindən olan ziyalılar; müəllim, həkim, elm həvəskarları, bəziləri isə təhsil almış hərbçilərdir. Yaşları, sənətləri, vəzifələri, təcrübələri, dünyagörüşləri baxımından bir-birindən fərqlənən bu adamlar yalnız bir məsələdə birləşir; onların hamısı ağıllı, bacarıqlı, istedadlı olsalar da, həyatda öz yerini tapmayan, taleyindən, bəxtindən narazı olan insanlardır. Onlar nə qədər böyük və ülvi arzularla yaşasalar da, həyatda uğur qazana, istəklərinə nail ola bilmir, istər-istəməz bu çətin taleləri ilə barışmalı olurlar.
Subay ikən fədakar bir elm adamı kimi professor olmaq həvəsi ilə gecə-gündüz çalışan Andrey Prozorov, evləndikdən sonra arvadının kobud hərəkətlərinə, şıltaqlıqlarına dözməyib içkiyə və qumara qurşanır. Sevərək evləndiyi Natalya onu başa düşmür. Özgə mühitdə tərbiyə almış bu qız həmişə özünüdüşünən, eqoist və daşürəklidir. Evdə baldızları ilə yola getmir, qulluqçuları incidir.
Andrey Prozorovun üç bacısı – Maşa, Olqa, İrina, pyesdəki digər obrazlar – Verşinin, Tuzenbax, Çebutıkin də həyatda bəxti gətirməyən, taleyin hökmü ilə razılaşan adamlardır.Onlar da Andrey kimi saf, təmiz arzularla yaşayır, cəmiyyətdə yüksək mövqe tutmaq istəyir, lakin öz arzularına çata bilmirlər. Tuzenbax dueldə öldürülür; üç bacılarsa; Maşa yüngül xasiyyətli əri Kulıkini sevmədiyi üçün əzab çəkir; gimnaziya müəllimi Olqa ərə getmək, ailə qurmaq həsrətilə yaşasa da, heç kəsi sevə bilmir; İrina həyatdan küsərək qəmli taleyi ilə barışır. Prozorova bacılarının üçü də “Moskvaya, Moskvaya!” həsrətilə yaşayır. İnqilabdan əvvəlki Rusiyanın boğuq və üfunətli vilayət həyatından çıxıb canını qurtarmaq, başqa bir həyata, işıqlı, gözəl və fərəhli bir həyata atılmaq cəhdi bu sözlərdə ifadə edilmişdir.
Gələcəyin xəyal və həsrəti pyesin əsas qayəsini təşkil edir. Üç bacılar, Verşinin, Tuzenbax böyük hadisələr baş verəcəyini hiss edirlər. Tuzenbax deyir: “Vaxt gəlib çatmışdır, hamımızın üzərinə bir nəhəng gəlir, sağlam və güclü tufan hazırlanır, bu tufan gəlir, yaxınlaşmışdır və tez bir zamanda cəmiyyətimizdəki tənbəlliyi, laqeydliyi, əməyə ikrahı və çürük ürək sıxıntısını sovurub aparacaqdır. Mən işləyəcəyəm, uzaq deyil, 25-30 ildən sonra hər bir adam işləyəcəkdir”. Bu sözlər hələ birinci rus inqilabının böyük tufanı yaxınlaşdığı illərdə söylənmişdi. Çexovun və inqilab carçısı olan Qorkinin fikirləri bir-biri ilə üst-üstə düşürdü. Gözəl gələcək həsrətini, insana sevinc, ruh verən, insanın xəyallarını ucaldan yaradıcı əmək həsrətindən ayırmaq olmaz. Çalışmaq və çalışmaqla xalqa xidmət etməyi başa düşmək lazımdır. Bu arzu və həsrət bacıların ən kiçiyi olan İrinanı son dərəcə ruhlandırır. Çexov İrinanın dili ilə əsl ziyalı tövsiyələrini diqtə edir: “Bu gün səhər yuxudan ayılaraq, qalxıb əl-üzümü yuduğum zaman birdən-birə mənə elə gəldi ki, bu dünyada hər şey mənim üçün aydındır və necə yaşamaq lazım olduğunu bilirəm. Əziz İvan Romanıç, mən hər şeyi bilirəm. Kim olursa olsun, hər bir adam bu dünyada zəhmət çəkməli, alın təri tökərək işləməlidir. İnsan həyatının məna və məqsədi yalnız budur. İnsanın səadət və sevinci də bundadır... Səhər ala-qaranlıqdan qalxaraq küçədə daş yonan bir fəhlə, yaxud bir çoban, ya da uşaqlara dərs deyən bir müəllim və ya dəmir yolunda maşinist olmaq nə qədər gözəldir... Aman Allah!.. Saat 12-də durub yatağındaca qəhvə içən, sonra iki saat geyinib bəzənən gənc bir qadın olmaqdansa, işləyən, xeyir verən bir adam demirəm, hətta bir öküz, sadə bir it olmaq daha yaxşıdır... Elə bir xanım olmaq nə qədər dəhşətlidir! İsti yay günündə təşnə bir adam su istəyən kimi, mən də işləmək, işləmək istəyirəm. Mən səhər tezdən qalxmasam, işləməsəm, zəhmət çəkməsəm, mənimlə dostluq etməyin, İvan Romanıç”.
Gecəli-gündüzlü zəhmət və əməyin həyat dolu səadətini etiraf edən müəllif deyil, bir oxucu kimi İrinanın sözləri mənə bizim Məmməd Rahimin “Uzunqulaq” şeirini həm təbəssüm və həm də təəssüf hissləri ilə xatırladır:
Sən ey zavallı heyvan, sən ey iqbalı qara,
Sən ey dərdlər əlində girinc qalan biçara!
Sallanıb qulaqların, xeyli qaşqabaqlısan,
Bilirəm ki, dünyadan ürəyi çox dağlısan.
Az halını soruşan, az qeydinə qalan var,
Başında bir noxtadır, dalında bir palan var,
Sədaqətlə gün sürüb, yaltaqlıq bilməyirsən,
Yalmanmayırsan əsla idarə rəhbərinə.
Saxtakarlıq eləyib qımışıb gülməyirsən,
Qoy bu həqiqəti də deyim sənin yerinə:
Namusla hər bir zaman öz ömrünü yaşadın,
Ancaq ki, təhqir üçün işlənir bəzən adın.
Adamlar vuruşanda dayanaraq üzbəüz
Gah eşşək söyləyirlər bir-birinə, gah öküz.
Yazıq, neyləyəsən ki, ağzı-dili bağlısan.
Onlardan əslində sən daha qanacaqlısan!..
Dünyaya arsız gələn, ömrü arsız yaşayan,
İnsanlıqda haqqı yox, insan adı daşıyan
Canlılar var ki, yeyib yatırlar harın-harın.
Olsaydı iqtidarım, bacarsaydım onların
Töküb qabaqlarına ot, ələf qalaq-qalaq,
Noxta vurub başına deyərdim: uzunqulaq!
Böyük dramaturq bütün həyatını rus teatrı ilə bağlamışdı. Ədib bütün sənət əsərlərində, xüsusilə dramlarda süniliyə, zahiri effekt doğuran və əsl həyat gerçəkliklərini təhrif edən hərəkətlərə qarşı barışmaz idi.Hesab edirdi ki, pyeslərdə zahiri dramatizmdən və hərəkətdən daha çox psixoloji dərinliyə, əhval-ruhiyyələrin canlı və təbii şəkildə aşkara çıxarılmasına nail olmaq lazımdır. Çexova görə, sənət əsərində hər söz, hər detal ümumi məqsədə xidmət etməli, hər sözün poetik vəzifəsi və çəkisi olmalıdır. “Əgər birinci səhnədə tüfəng divardan asılmışsa, o, ikinci və üçüncü səhnədə mütləq atılmalıdır.Bunsuz onu xatırlamağa da dəyməz”. “Sözlərin artıqlığı cümləni ağırlaşdırır, fikrin tez çatmasına mane olur, təəssürat zəifləyir, nəticədə təsəvvür tamamlanmır”.
Müasirləri Çexovu bir həyat müəllimi, bir vətənpərvər, səmimi bir insan kimi sevirdilər.Görkəmli rus inqilabçısı, dövlət və partiya xadimi Mixail İvanoviç Kalinin öz müasirlərinin hansı yazıçıları daha çox sevdiyindən, kimdən tərbiyə və ilham aldığından danışarkən Çexovun adını hörmətlə çəkmişdir: “Götürək Çernışevski, Saltıkov-Şedrin kimi adamları, sonra bizim müasirlərimiz olan Korolenkonu, Lev Tolstoyu, onların həyata tənqidi münasibətini, sonra da bizdə despotizmə və polis quruluşuna sonsuz bir nifrət oyadan, bizi ruhlandıran Çexovu...”.
Görkəmli rus teatr xadimi, rejissoru, aktyoru və pedaqoqu, görkəmli teatr islahatçısı Konstantin Serqeyeviç Stanilavski yazırdı:
“Çexov səhnədə həm həyatın zahiri, həm də daxili həqiqətini eyni dərəcədə doğru göstərməyi bacarır.O, həyatda olduğu kimi, teatrda da insanın qəlbinə böyük təsir göstərən şeylərin, səslərin və işığın səhnədəki xüsusiyyətləri haqqındakı biliklərimizi dəqiqləşdirmiş və dərinləşdirmişdir”.
“ İbsenin (görkəmli Norveç dramaturqu, Avropa “yeni dramı”nın yaradıcısı, şair və yazıçı Henrix Yuhan İbsen nəzərdə tutulur – R.Mirzəzadə) müasirləri olan böyük Avropa dramaturqları aləmində, hətta Tolstoyun və Turgenevin yanında Çexov ən nurlu bir ulduz kimi parlamaqdadır”. Bu sözləri böyük ingilis dramaturqu Bernard Şou söyləmişdir. Yuxarıda, epiqrafların birində qeyd etdiyim kimi, Çexov onun da yaradıcılığına ciddi təsir göstərmişdir. Məlumdur ki, B. Şounun “Qəlblər qırılan evdə” pyesi “rus üslubunda, ingilis mövzularında yazılmış təxəyyül” adlandırılmış və əsər müəllifin öz etirafına görə, rus yazıçısının bilavasitə təsiri altında yaranmışdır.
Doğrudan da B. Şounun verdiyi qiymət tamamilə ədalətlidir.Yer üzündə az – çox görkəmli bir teatr tapmaq mümkün deyil ki, onun səhnəsində Çexovun pyesləri oynanılmasın.
“Britaniya ensiklopediyası”nda da Çexov haqqında hörmət və məhəbbət dolu ifadələr əksini tapıb: “Onu İngiltərədə daha çox sevirlər. Onu hamı bir ağızdan böyük yazıçı, yeni dövrün ən böyük bir hekayəçi və dramaturqu hesab edir”.
Çexovu Fransada da çox sevmiş və sevirlər. Onun pyesləri uzun illərdən bəri Fransa səhnəsində yaşamaqdadır. Bu işdə Moskva Bədaye Akademik Teatrının böyük xidməti olmuşdur. Fransada Çexov tamaşalarını ilk dəfə bu teatr göstərmişdir. Hələ 1922 – ci ildə Moskva Bədaye Akademik Teatrının Parisə səfəri zamanı Fransa Akademiyasının üzvü Rober de Fler bu cəhəti çox gözəl qeyd edərək demişdi: “Biz həmişə yadda saxlayırıq ki, məhz Bədaye teatrı rus dramaturgiyasının – Turgenevin, Tolstoyun , Çexovun, Qorkinin ... əzəmətini bizim üçün açmışdır”.
İngiltərədə Çexovun pyeslərini ilk olaraq böyük rejissor və aktyor Ralf Riçardson tamaşaya qoymuşdur. Argentinada isə müstəqil teatrlar rus yazıçısı ilə tanışlıq üçün böyük iş görmüşdülər.
Bu maraq Amerika Birləşmiş Ştatlarında da qüvvətlənməkdə idi. “Kontemporari” teatrı əvvəlcə Çexovun kiçik miniatürlərindən olan “Ayı”, “Elçilik” və “Yubiley ” əsərlərini səhnələşdirdilər, daha sonra ABŞ -ın tanınmış rejissor və aktyorları ədibin irihəcmli pyeslərini tamaşaya qoymağa başladılar. Pejissor F.Toun çox da böyük olmayan Nyu – York teatrında “Vanya dayı ”nı səhnəyə qoydu.Tamaşa o qədər böyük müvəffəqiyyət qazandı ki, rejissor öz hesabına həmin tamaşanı kino lentinə çəkmiş və gözəl bir kino – film yaratmışdı. Bu, Çexovun əsərlərini ekranlaşdırmaq üçün ABŞ – da edilən ilk təşəbbüs idi. Amerikanın başqa bir rejissoru – Devid Ross “Üç bacı” əsərini müvəffəqiyyətlə səhnələşdirmişdi ki, bu, həmin rejissorun Çexovdan hazırladığı beşinci tamaşa idi.
Çexovun dramaturgiyası ildən – ilə daha çox tamaşaçı cəlb etməkdə idi. Polşanın, Bolqarıstanın, keçmiş Çexoslavakiyanın, İtaliyanın, Kanadanın, Danimarkanın, İsveçin və bir çox başqa ölkələrin teatrları Çexov dramaturgiyasında yeni – yeni cəhətlər, xalqların bugünkü mənafeyini əks etdirən xüsusiyyətlər tapırdılar.
Moskva Bədaye Akademik Teatrının Çexov pyesləri üzərində ilham və diqqətlə çalışması və bunun nəticəsində əldə etdiyi zəngin təcrübə xaricin mədəniyyət xadimlərində belə bir yəqinlik oyatmışdı ki, rus rejissorları və aktyorları öz həmyerlilərinin yaradıcılığını nəinki daha yaxşı izah edirlər, həm də onun əsərlərini daha yaxşı tamaşaya qoyur və oynayırlar. Fransız qəzeti “Liberasion” qeyd edirdi ki, Madlen Reno və Barro Jan Luinin tamaşaya qoyduqları “Albalı bağı ” nə qədər yüksək səviyyədə olsa da, Moskva Bədaye Teatrının tamaşasından aşağı səviyyədə durur.
Xaricin ölkələrin ədəbi ictimaiyyəti Çexov tamaşalarının hazırlanmasında Bədaye teatrının aktyor və rejissorlarının sənətkarlığı haqqında böyük hörmətlə danışır, onlara yüksək qiymət verirdi. Ingiltərənin, Fransanın, Yaponiyanın ən böyük qəzetlərinin səhifələrində, habelə Polşa qəzet və jurnallarında dəyərli fikirlər əksini tapırdı: “Böyük bir teatr olan Bədaye teatrın xarakter cəhəti ondadır ki, bu teatr Çexovun ürəkdən bağlandığı həqiqətə qızğın məhəbbət bəsləyir ”. “Üç bacı” tamaşası dünya səhnə sənətinin ən böyük əsərlərindən biridir. “Bəli, Moskva Bədaye Teatrına – klassik sənətin bu ali məktəbinə baxmaq lazımdır”.
Çexovun dram əsərlərinə onun yaradıcılığını sevən bir oxucu-tamaşaçı kimi həmişə böyük həvəslə tamaşa etmiş və edirəm. “Qağayı” pyesində tamaşa boyu hər bir səhnə mizanlarını izlədikcə, Azərbaycanın tanınmış teatr xadimi, rejissoru, aktyoru SSRİ Xalq Artisiti Mehdi Məmmədovun unudulmaz sözlərini xatırlayırdım:
“İncəsənət xadimləri arasında aktyor yeganə sənətkardır ki, öz müasirləri ilə bilavasitə ünsiyyətdə olur, sözün əsl və müstəqim mənasında onlarla üzbəüz dayanır, onu həyəcanlandıran hissləri, onu düşündürən fikirləri öz tamaşaçılarına özü təqdim edir, onlarla bir ürəyin döyüntüsü ilə, eyni vaxtda, eyni həyatla yaşayır. Bu mənada aktyor sənətinin ictimai – estetik mahiyyətini, yaradıcılıq psixologiyasını tədqiq və təhlil etmək, öyrənmək çox maraqlıdır”.
“Qağayı” pyesində Çexov sənətdə fədakarləq mövzusuna toxunmuşdur. Pyesin qəhrəmanı Nina Zareçnaya gənc bir aktrisadır. Əvvəllər səhnə ona bir şöhrət meydanı kimi gəlir, sənətdə də bir şöhrət , ad-san qazanmaq vasitəsi kimi baxır. Lakin həyat göstərir ki, sənət yolunda çox çətinliklər vardır, həqiqi sənətkar bu çətinliklərə dözməli, axıradək davam gətirməlidir. Nina özündə mənəvi qüvvə tapır və sənət yolunda qarşısına çıxan maneələri bir-bir aradan qaldırıb irəliləyir. O, başa düşür ki, əsas iş şöhrətdə deyil, mətanətdədir. Sənətkar gərək qarşısına böyük məqsəd qoysun, bu məqsədə inansın və cəsarətlə irəli addımlasın. Nina öz istedadını böyük sınaqlardan keçirir və qələbə əldə edib məqsədinə çatır.
“Möhkəm iradəyə, tükənməz səbrə malik olan, qələbəyə inam bəsləyən, qəhrəmanlıqlar göstərən, həyat həqiqətlərini cəsarətlə öyrənən adamlar bədii sənət sahəsində həmişə qalib gəlirlər”- bu, “Qağayı”da Çexovun xalqlara, insanlara böyük incəsənətin dili ilə aşıladığı və təlqin etdiyi ən əsas həyat prinsiplərindən yalnız biri idi.
Çexovun bəşəri prinsiplərinin təsiri altında Şərq ölkələrində, o cümlədən Çində, Hindistanda, İranda bir çox realist-satirik hekayəçilər yetişmişdi.
Çexov qüdrətinin Azərbaycan mədəniyyətinə təsiri barədə isə xüsusi bəhs etmək istəyirəm. Buna görə bir neçə sanballı mənbələrə üz tuturam. İlk olaraq Həbib Babayevin “A.P.Çexov Azərbaycanda” adlı məqaləsində oxuyuram: “Rus mədəniyyəti Azərbaycana nüfuz etdikcə azərbaycanlı yazıçılar onun müsbət təsirini öz üzərlərində get-gedə daha çox dərəcədə hiss edirdilər. Bu baxımdan XX yüzildə A.P.Çexov yaradıcılığı böyük rol oynayıb.
Azərbaycanda olmuş rus yazıçıları barədə yazmış Azərbaycan sovet ədəbiyyatşünasları və tənqidçilərinin əsərlərində A.P.Çexovun adına əvvəllər rast gəlinmir. A.P.Çexovun bədii yaradıcılığında Qafqaz yer almır. Amma Çexov Qafqazda olub. A.P.Çexovun özünün və onun dostlarının məktublarında, gündəliklərində, Çexovun öz qeyd dəftərçələrində bunun izlərinə rast gəlmək mümkündür. Bundan başqa, Çexovun zarafatyana “Qara dəniz, Məişət dənizi və Xəzər boyunca” deyə başlıq qoyduğu bitməmiş yol qeydləri qalmışdır. L.N.Lenskayaya ünvanlanmış məktubunda A.P.Çexov yazır: “Sizin əfsanə (söhbət Maşuk və Beştau haqqında “Qafqaz əfsanəsi”ndən gedir) mənə çox gərəkdir; mən onu yayda çap olunacaq (1889-cu ilin yayı nəzərdə tutulur) povestciyəzimə pərçim etdim”. A.P.Çexovun sözügedən əfsanədən istifadə olunmuş povesti naməlum qalıb. Fəqət onun məktublarında, gündəliklərində, hekayələrində, povestlərində yazıçının Qafqazda, o cümlədən Azərbaycanda olduqdan sonra dilinə düşən epitetlərə, müqayisələrə rast gəlinir. “Vodevil süjetləri məndən Bakıda neft yerin təkindən fontan vurduğu kimi püskürür” – deyə Qafqazdan döndükdən sonra A.P.Çexov səksəninci illərin sonlarında vəcdlə qeyd etmişdi.
Azərbaycanda Çexov ilk dəfə 1888-ci ilin yayında olur. “Yunona” gəmisindən kiçik qardaşına ünvanladığı 24 iyul 1888-ci il tarixli məktubunda yazırdı: “Mən Aleksandr Suvorin -2 ilə səyahət edirəm. Səmərqəndə getməyi düşünürəm. Görüm mümkün olacaqmı? Marşrut belədir: Batum-Tiflis-Bakı-Kaspiysk-Zakaspi yolu. Yoldan felyetonlar və ya məktublar yazmaq fikrindəyəm. Əgər bunu bacarsam, redaksiya bütün yol xərclərimi öz hesabına yazacaq... Sumıya avqustun 15-nə qayıdaram”.
Batum və Novıy Afonda olduqdan sonra Çexov 25 iyul 1888-ci ildə Suxumidən A.S.Suvorinə yazırdı: “Mən Abxaziyadayam!.. Hər şey yeni, nağıllardakı kimi, bəsit və poetikdir. Evkaliptlər, çay kolları, sərvlər, sidrlər, palmalar, eşşəklər, qu quşları, camışlar, tünd göy durnalar, başlıcası isə - dağlar, dağlar və sonu və ucu-bucağı görünməyən dağlar. Əgər mən Abxaziyada bir ay yaşamış olsaydım, düşünürəm ki, azı əlliyə qədər sehrli nağıl yazardım. Hər kolun, hər dağ, qaya kölgəsinin arxasından , dənizdən və göylərdən minlərcə süjet boylanır”.
Tiflisdən yazdığı 28 iyul 1888-ci il tarixli başqa bir məktubunda Çexov Fedosya Doljenkoya xəbər verirdi: “İndi mən Tiflisdəyəm, sabah isə Bakıya Kaspi dənizində çimməyə gedirəm”.
Bakıda olanda Nikolay Leykinə yazırdı: “Tiflisdən Bakıya yol isə - göz yoran çöllükdür, qumsalla örtülü dar yerlər və bircə ağac, bircə ot belə yox... Evlərin dam örtüyü yoxdur, ağaclar da yoxdur... 50 dərəcə isti, ağ neft qoxusu hər yeri bürüyüb, ayaqlarının altında neftə bulaşmış palçıq. İçməli su duzlu... Bakıdan dənizlə Uzunadaya üzmək, Zakaspi yoluna çıxmaq, Buxara və Persiyaya üz tutmaq istəyirdim. Lakin nəzərlərimi geriyə çevirməli oldum”.
Səfər A.Suvorinin qardaşının ölümü haqqında xəbər ilə yarıda dayandırılmışdı. Hər iki səyyah Tiflisə dönmüş, buradan Hərbi-Gürcüstan Yolu ilə şimal istiqamətinə üz tutmuş, Tixoretskdə ayrılmışdılar. Daha sonra Çexov həmin il avqustun 7-də Sumıya gəlib çıxmışdı.
Qafqaza ilk səyahət Çexovda, özü bu barədə petraşevçi şair A.Pleşeyevə yazdığı kimi, “yeni, kəskin təəssürat buraxmışdır, o dərəcədə kəskin ki, bütün gördüklərim indi mənə yuxu kimi gəlir”. Onun doğmaları və dostlarına yoldan və qayıdandan sonra yazdığı məktublar vəcdlə doludur. K.Barantseviçə ünvanladığı məktublardan birində, Çexov ona xas realist sadəlik və həlimliklə Qafqazı onun bütün rəngarəngliyi ilə təsvir edir:
“Əcaib şeylər gördüm... Bütün genişliyi ilə dəniz, Qafqaz sahilləri, dağlar, dağlar, dağlar, evkaliptlər, çay kolları, şəlalələr, uzunsov sifətli donuzlar, başlarına örpək salmış kimi görünən sarmaşıqlı ağaclar, sıldırım qayaların yanı ilə sürünüb keçən bulud topaları – pəhləvanlar, delfinlər, neft fəvvarələri, yerin təkindən çıxan odlar, atəşpərəstlər məbədi, dağlar, dağlar, dağlar... Mən Hərbi-Gürcüstan Yolunun gözəlliyini görüb yaşadım. Bu yol deyil, poeziyadır, Demonun yazdığı və Tamaraya həsr etdiyi fantastik hekayədir...
Siz özünüzü 8000 m yüksəklikdə hiss edin... Təsəvvürə gətirdinizmi? İndi xəyalən uçurumun kənarına yaxınlaşın və aşağılara boylanın; çox-çox aşağılarda siz onun daralmış dibini, oradan ağ bir lentin axıb getdiyini görəcəksiniz – bu, dünyanı yola vermiş deyingən Araqvadır. Ona doğru gedən yolda Sizin baxışlarınıza bulud topaları, tala-tala ormanlar, dərələr, qayalar tuş gələcək. İndi baxış bucağınızı azca qaldırın və düz irəliyə baxın; dağlar, dağlar, dağlar, onların yamaclarında qaraltılar – bunlar malqara və adamlardır... Yuxarılara boylanın – oradan müdhiş dərinlikdəki göy qübbəsi. Təravətli dağ yeli əsir.
İki hündür divarı və onların arasında uzun, uzun bir dəhlizi təsəvvürünüə gətirin; tavan – göylər, döşəmə Terekin məcrası; bu məcrada kül rəngində ilan qıvrılıb gedir. Divarların birində rəf, onun üstü ilə sizin əyləşdiyiniz fayton çapıb gedir... İlan özünü divarlara çırpır, irəliyə can atır, qabarıb qalxır. Atlar dəlicəsinə uçurlar... Divarlar çox ucadır, göylər ondan da yüksəkdə... Divarların yuxarısından qıvrım saçlı ağaclar aşağılara boylanır... Başım gicəllənir! Bu Daryal dərəsidir, yaxud Lermontovun dili ilə deyilsə, Daryal keçididir”.
Həmin ilin oktyabrında , o, əzəlki vəcd ilə tanışına yazırdı: “Yayı əla keçirdim... Krıma, Batuma, Bakıya getdim, Mən Hərbi-Gürcüstan Yolunun gözəlliyini gördüm. Təəssüratım çoxdur. Əgər Qafqazda yaşasaydım, orada nağıllar yazardım. Heyrətəşayan ölkədir!”
Çexov 1896-cı ildə bir daha Qafqazda olur.
Üçüncü dəfə Çexov Qafqazda Maksim Qorki, rəssam Vasnetsov ilə yaltalı həkim Aleksinlə 1900-cü ilin mayında olur. Marşrut: Hərbi-Gürcüstan Yolu – Msxet, Tiflis – Batumdur. Bu dəfə Çexovun, görünür, Azərbaycana güzarı düşmür. Qafqaza bu üçüncü səyahəti barədə bilgilər azdır.
Yazıçının 22 aprel 1901-ci il tarixli, Olqa Knipperə ünvanlanmış daha bir məktubu var, burada xəbər verir: “Mayın əvvəllərində, ilk günlərdə Moskvaya gəlirəm, əgər mümkün olsa nikahımızı kəsdirərik və Volqa boyunca səyahətə çıxarıq, yaxud öncə Volqa boyunca səyahət edər, sonra nikahlanarıq – hansını münasib bilirsənsə. Yaroslavl və ya Rıbinskdə gəmiyə əyləşər və Həştərxana doğru hərəkət edərik, oradan Bakıya, Bakıdan Batuma”.
Çexov Azərbaycan yazıçılarından kiminləsə 1888-ci ildə Bakıda olarkən görüşübmü? 1896 və 1900-cü illərdə Çexov Azərbaycanda olubmu? Bu suallar özəl araşdırma tələb edir.Və bu araşdırma Rus-Azərbaycan ədəbi əlaqələri barəsində bilgilərimizi xeyli zənginləşdirərdi.
Hələlik yalnız onu müəyyən etmək mümkün olub ki, Çexovun Bakıda yaşayan tanışları vardı və onlar yazışıblar. Belə bir xarakterdə daha bir fakt var: Azərbaycan MEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutunun fondunda Çexov tərəfindən Viktor Viktoroviç Bilibinə ünvanlanmış məktubun əlyazması qorunur. Məktub 22 fevral tarixlidir, il göstərilmir. Təqribən 1897-ci ildə yazılıb. Məktub əlyazmalar fonduna Bilibinin nəvəsi Arkadi Viktoroviç tərəfindən təqdim olunub. Arkadi Viktoroviçdə nadir ailə sənədi – Anton Pavloviçin V.V.Bilibinə əli ilə yazdığı hədiyyə yazısı ilə fotoşəkli qalmışdır...
Çexovun 100 illik yubileyi ərəfəsində Akademik Dram Teatrı Nigar Rəfibəylinin çevirməsində “Vanya dayı”nı tamaşaya qoymuşdur. Bu quruluş barəsində tənqidçi Cəfər Cəfərov yazıb: “Kollektivin “Vanya dayı”nı oynarkən sərgilədiyi şövq ondan xəbər verir ki, Çexov onlara Ostrovskidən az yaxın deyildir. .. Rəfibəylinin yaxşı çevirməsindən faydalanmaqla, tamaşanın yaradıcıları pyes qəhrəmanlarının mürəkkəb mənəvi aləmini açmaqdan ötrü böyük qüvvə sərf ediblər. Aktyorlar səhnə hərəkətlərinin daha böyük məna dolğunluğuna çalışmaqla, sadəliklə, təmkinlə oynayırlar...”.
Azərbaycan yazıçılarının 3-cü qurultayında (1958) dramaturgiya haqqında həmməruzədə yazıçı-dramaturq İlyas Əfəndiyev deyib: “Bizim klassik dramaturgiyanın ənənələri ilə yanaşı, qarşımızda Anton Çexov və Maksim Qorki dramaturgiyası kimi məktəb vardır. Biz Çexov ənənələrindən çox şey öyrənə bilərik və öyrənməliyik...”.
Qafqaz və Saxalindən sonra 1891-ci ildə xarici ölkələrə səyahətə çıxan Anton Pavloviç Vyana, Venedik, Florans, Roma, Neapol, Cenevrə və Paris şəhərlərini gəzir.Vətənə qayıdarkən Volqa boyunda dəhşətli aclıq olduğunu bilən Çexov, ac insanlara kömək etmək üçün gərgin fəaliyyətə başlayır, yardımların təşkilində yaxından iştirak edir.
1892-ci ildən 1899-cu ilədək Moskva yaxınlığında Melixovo kəndindəki malikanəsində yaşayan xəstə ədib burada çox sıxılır. Bu barədə yazılarında qeyd edən Çexov deyir: “Əgər mən həkiməmsə, mənə xəstələr və xəstəxana lazımdır. Əgər yazıçıyamsa, xalqın içərisində yaşamalıyam... Mənə heç olmasa bir parça ictimai və siyasi həyat lazımdır”.
Melixovo kəndində yaşadığı illərdə Çexov bir sıra əhəmiyyətli ictimai tədbirlərdə iştirak etmişdi.1892 - ildə quberniyalara gedib məzlum insanlara kömək etmiş, 1892-1893-cü illərdə vəba xəstəliyi zamanı sahə həkimi vəzifəsində çalışmış, 1897-ci ildə əhalini siyahıyaalmada iştirak etmiş, Moskva quberniyasının kəndlərində məktəb tikilməsinə kömək etmiş, Taqanroq şəhərində kitabxana və muzey açdırmışdı.
Həkimlərin məsləhəti ilə müalicə üçün bir neçə dəfə xarici ölkələrə gedən Çexov, 1899-cu ildə Melixovo kəndindən Krıma köçmüş, Yaltada tikdirdiyi evdə yaşamışdı.
1900-cu ildə Anton Pavloviçin Elmlər Akademiyasına fəxri üzv seçilməsinə baxmayaraq, 1902-ci ildə çar II Nikolay M. Qorkinin Elmlər Akademiyasına fəxri üzv seçilməsini rədd etdikdə, Çexov da dostuna olan sədaqətini hər şeydən uca tutub Korolenko ilə birlikdə çara etiraz əlaməti olaraq Akademiya üzvliyindən imtina etmişdi.
Krımda yaşadığı müddətdə Çexov M.Qorki və L.Tolstoyla mütəmadi şəkildə görüşür, bu dahilərlə bərabər, Rusiyanın digər görkəmli simaları ilə sıx ünsiyyət yaradırdı.
Rafiq Zəkanın “Yaltada” şeiri həmin unudulmaz illəri ehtiramla vəsf edir:
Yaltada, Çexovun evindəyəm mən,
Baxıram ətrafa min bir maraqla.
Körpə uşaq kimi sevincəyəm mən,
Gəzirdim buranı gündüz çıraqla.
Bu yerdə nə varsa Çexov nişanlı,
Ağaclar boylanır nigaran kimi.
Güllər od naxışlı, alov nişanlı,
Quşlar çiçəklərə yalvaran kimi.
Fikirli – fikirli durubdur qovaq,
Bu onun sevdiyi fidan qovaqdır,
Qovaq aşiqindən uzaqdır, uzaq,
Gözləri yollarda qalıb nə vaxtdır.
Bağça əvvəlki tək təravətlidir,
Bu gün bir mahaldır onun bağbanı.
Bağça intizarlı, ev həsrətlidir,
Burda bu aləmi yaradan hanı?!
Hanı sadə insan, böyük sənətkar,
Söz ustadlarının mahiri Çexov?
Hanı dadlı – dadlı ötən sənətkar,
Hanı rus nəsrinin şairi Çexov?!
O, bir timsalıydı ülvi sevginin,
Azmı şəfəqləndi şəfqəti burda?!
Qoca Tolstoyun, cavan Qorkinin,
Nurani Çexovla ülfəti burda.
Xalqının oduyla qəlbi isindi,
Vətənçin ölməyə hazırdır Çexov.
Bütün dünya onu oxuyur indi,
Bütün bəşər üçün yazırdı Çexov.
Yazırdı ürəyi, ciyəri xəstə,
Ağ günlər eşqiylə alovlanırdı.
Ruhu çırpınırdı sanki qəfəsdə,
Dərindən yanırdı, içdən yanırdı.
Yandıran kim idi, yanan kim idi?
Vərəm qəsd edərdi canına hər gün,
Özü xəstələnmiş bir həkim idi,
Xəstələr gələrdi yanına hər gün.
Ömürlük bağlandı ömrü sənətə,
Kim deyir, aləmdən doyub getdi o?
Həyatı qovuşdu əbədiyyətə,
Dünyada bir dünya qoyub getdi o.
Onunçün deyildi həyat oyuncaq,
İncilər parlatdı alın təriylə.
Qırx dörd il yaşadı, qırx dörd il, ancaq
Əsrlər keçəcək əsərləriylə.
Pensne gözündə, əsa əlində,
Qırx beşə çatmamış ixtiyar kimi...
Getdi, bir günəşli nəğmə dilində,
Qaldı qar altında ilk bahar kimi.
O matəm günündən yetmiş il keçir,
Budur, həmin bina, həmin bağça – bağ.
Fikrimdən yüz əsr, yüz nəsil keçir,
Çexovun eşqiylə qəlbi çarparaq.
Gələcək nəsillər duyurkən sevinc,
Bu evi gözütək gərək gözləyə.
Həyatın aşiqi Anton Pavloviç
Bu yerdə qovuşdu ölümsüzlüyə.
Nurunu dünyaya saçan Çexovun
Eşqi könüllərdən sapınmaz heç
vaxt.
Bütün qapıları açan Çexovun
Evinin qapısı qapanmaz heç vaxt...
Şairimizin bu şeiri elə bir səmimi duyğularla, böyük Çexova elə bir isti münasibətlə yazılıb ki, hər bir azərbaycanlının bu rus yazıçını özününkü, öz doğma yazıçısı hesab etməklə qəlbi rövnəqlənir. Seyfulla Əsədullayevin “Bizim Çexov” deyə adlandırdığı məqaləsi də, bu yazıdakı maraqlı qeydlər də həmişə yaddaşımızdadır:
“...Anatoli Lunaçarski Çexov “məişətçiliyinin” böyük əhəmiyyətini açıb göstərmişdi. “Çexov – bütünlüklə məişətçiliyin içərisindədir, bütünlüklə realizmdədir, bu da onu daha da ictimailəşdirir. Çexov bununla əvəzsizdir ki, o, öz zəmanəsinin müdhiş həyatını qeyri-adi formal kamilliklə əks etdirmiş, həyatın dəhşətlərindən özünə yumoristik və ya ona kədərli-lirik münasibətlə təskinlik vermiş, bütün bunlarla bərabər bizə yuxarıda dediyimiz fəlsəfi üsulla işlənmiş, nəhəng həcmdə zəngin material qoyub getmişdir”.
Oxucu Lunaçarskinin “A.P.Çexov bizim üçün nə ola bilər” məqaləsinin təfərrüatına vardıqca öyrənir ki, özündəki son dərəcə açıqgözlü müşahidə qabiliyyətinə meydan verməklə, o, paralel olaraq, qeyri-adi dərəcədə səlis ifadəetmə qabiliyyətini də inkişaf etdirmişdir... “Bir impressionist və əsrin oğlu kimi... o, şüurlu olaraq romanı novellalar və kiçik hekayələrlə əvəz etmiş, pyesləri isə belə bir hesabla yazıb ki, bir bütövün özü deyil, ayrı-ayrı səhnələrin zəifləməyən seriyasının böyük zənginliyi maksimum təəssürat oyatsın. Bütün bunlarda Çexov yenə də müqayisəyəgəlməz usta idi”.
Çexov yaradıcılığının tanınmış araşdırıcısı Yermilov bu mülahizəni inkişaf etdirərək göstərir ki, Çexov “öz zəmanəsi üçün və gələcək üçün, bizim üçün yaşamış və işləmişdir. O, bizə, bizim zəkamıza, bizim iradəmizə, bizim səadətimizə inanırdı”. Oxucu bu fikrin təsdiqini böyük səhnə ustası Stanislavskidə tapır. “Buludlar sıxlaşdıqca və məsələ inqilaba doğru yaxınlaşdıqca, o (Çexov) daha qətiyyətli olurdu... Ötən yüzilin sonları və bu yüzilin əvvəllərinin bədii ədəbiyyatında, o, birincilərdən biri olaraq hələ yalnız rüşeym halında olan inqilabın qaçılmazlığını duymuşdu... İndi gerçək olan işin çoxunu hələ xeyli əvvəllər hiss edib duymuş adam onun öncədən söylədiklərini qəbul etməyi bacarmalı idi”.
Söz ustası Çexovun yaradıcılığının qavranılmasında mühüm mərhələ onun bədii məharətinin, poetikasının, yaradıcılıq metodunun özəlliklərinin təhlili olmuşdur. “Bir ictimai söz ustası olaraq Çexovun üç əsas yaradıcılıq üsulu vardı, bunlara daha bir üsul - maraq doğuran formallıq əlavə olunur”, - deyə tənqidçi yazır və hesab edir ki, onlardan birincisi – təsvirin qeyri-adi həqiqiliyidir. Yazıçının əsərlərinin belə bir həqiqiliyi Çexovun ümumi təfəkkür tərzi ilə bağlı idi, ruhunun dərinliklərinə qədər həkim olan bu insan özündə elm adamının dərin mənəviyyatını gəzdirirdi.
Lunaçarski Çexov realizminin ikinci üsulu olaraq onun gülüşünü qeyd edirdi. O, Çexov gülüşünün təkrarsız özəlliyini göstərmişdi – bu gülüş onun sələflərinin gülüşünə bənzəmirdi. “Çexovda gülüş nadir hallarda Şedrində olduğu kimi məhvedicidir, heç Qoqoldakı tikanlı gülüş də deyildir. Əksər hallarda bu gülüş yumor sahəsinə, yəni ya səbəbin anlaşılmasından, ya da faktların daxili xırdalığının anlaşılmasından doğan, bizdə əks münasibət oyandıran mənəvi hiddətin mərhəmət ilə, rəhmdilliklə yumşaldılması sahəsinə keçir.
Lunaçarskinin fikrincə, Çexovun üçüncü üsulu onun kədəri – dərin kədəri idi. Və nəhayət, Çexovun formal üsulu- impressionizm, yəni oxucunun şüurunda qeyri-adi qısalıq və sərrastlıqla zəruri effekt doğurmaq bacarığıdır.
Bakıda 30-cu illərdə yazıçının 4 kitabı çıxıb. Birincisi “Rotşildin skripkası” və digər hekayələr” adlanırdı (çevirəni göstərilməyib). İkincisi “Mujiklər” (çevirəni R.Nəcəfov), üçüncüsü – “Yarğanda” (çevirəni göstərilməyib), dördüncüsü R.Nəcəfovun çevirməsində “Albalı bağı” idi. Bütün bu 4 kitabın redaktoru A.Əfəndizadə olmuşdu”.
Sabit Rəhmanın bu maraqlı xatirəsini hələ çox illər bundan qabaq oxumuşdum: “Uşaq idim, hələ heç məktəbə getmirdim. Böyük qardaşımın kitablarındakı şəkillərə baxmağı çox sevirdim. Mənim bu məşğələm qardaşımı heç açmazdı və kitablarını qarışdırdığım üçün məni həmişə danlayardı. Ancaq bu, mənə heç təsir etmirdi, çünki oxumaq bilməsəm də, bu kitablar dünyası mənə çox maraqlı görünürdü. Odur ki, bir gün yenə qardaşım məktəbdə olduğu zaman öz sevimli işimlə məşğul olmağa başladım və kitablardan birini vərəqləyəndə nə təhər oldusa çeşməkli, saqqalı bir kişinin şəkli qopub əlimdə qaldı. Mən təəccüblə bu kişinin şəklinə baxanda qardaşım gəlib çıxdı, şəkli əlimdən aldı və boynumun ardına da bir şillə vurdu.
Anamın o biri otaqdan :
- Ay balam, o uşağı niyə vurursan? – sualına qardaşım acıqlı- acıqlı cavab verdi:
-Çexovun şəklini cırıb.
Qardaşım məni çox istəyirdi və heç bir zaman döyməzdi. O zaman mən təəccüb eləmişdim ki, bu Çexov görəsən kimdir ki, onun üstündə qardaşım mənə əl qaldırdı?
Məktəbdə ilk dəfə müəllim bizə Çexovun “Yatmaq istəyirəm” hekayəsinin məzmununu danışanda, mənim gözlərim doldu və qardaşımdan yediyim şillənin mənasını başa düşdüm.
Uşaqlıqda məhəlləmizdə hökm sürən yoxsulluq, aclıq, səfalət mənzərələrini çox diqqətlə müşahidə etdiyimdən mənə bu hekayədəki həyat son dərəcədə tanış gəldi. Dövlətli bir qohumumuz vardı, onun uşaqları həmişə öz qulluqçularına gülüb deyərdilər ki, gecə yatanda başını balışa qoymamış gözünü yuxu tutur. Onlar bu istehzanı edəndə heç düşünmürdülər ki, o yazıq arvad səhər saat beşdən gecə on ikiyə qədər böyük bir evdə şıltaq bir ailənin hər işini görür, hər yerə qaçır. O, hələ ayaq üstə, iş görən yerdə yuxulaya bilərdi. Çexovun “Yatmaq istəyirəm ” hekayəsini ilk dəfə eşidəndə mən bunları düşündüm və bu yazıçı mənə olduqca yaxın, mehriban göründü.
O zaman rusca bilmirdim. Çexovun əsərlərinin tərcüməsi isə hələ Azərbaycan dilində yox idi.
Bu hadisədən bir neçə il sonra Moskva Dövlət Bədaye Teatrı Bakıya qastrola gəldi. Teatrın repertuarında Çexovun “Albalı bağı” əsəri də vardı.
Mən bu əsərə baxanda elə bildim tamamilə yeni bir aləm kəşf elədim. Düzdür, əsərin incə yerlərini, duzlu, şirin, yumorundakı dərin mənanı başa düşə bilmirdim, ancaq Moskvin, Knipper - Çexova kimi artistlərin oyunu hələ indi də mənim gözümün qarşısındadır. Xüsusən, bizi Knipper maraqlandırırdı. Tələbələr arasında xəbər yayılmışdı ki, o, Çexovun arvadıdır.
“Albalı bağı ” əsəri bizə çox təsir eləmişdi. Mənə elə gəlirdi ki, Çexov göz yaşı doğuran əsərlər müəllifidir.
Mən, hələ heç yazmağa başlamamışdımsa da, ədəbiyyatı həyatım qədər sevirdim. Buna görə də Çexov mənim üçün çox maraqlı idi. Ancaq ümumiyyətlə biz, bir qrup gənc, nədənsə həyatdakı bütün hadisələrə gülüşlə, qəhqəhə ilə yanaşmağa meyl göstərirdik, bu səbəbdən yumoristik – satirik yazıçıları bütün yazıçılardan üstün tuturduq.
Mən rusca bir kəlmə bilmədiyim vaxtlar Qoqolun “Müfəttiş ”ini neçə aylar ərzində lüğətlə oxuyub başa çıxmışdım. Çünki Cəlil Məmmədquluzadəyə olan məhəbbətimiz bizi, istər- istəməz, aparıb Qoqola çıxartmışdı. Qoqol isə yumor- satira sahəsində böyük bir aləm idi, onunla maraqlanmamaq mümkün deyildi.
Bəs Çexov? Bizim hələ onun yumorundan xəbərimiz yox idi.
Çexovu biz yumorist kimi sonralar tanıdıq. Bu, bizim üçün ucu – bucağı olmayan bir dünya idi.
Məlumdur ki, hələ iriplanlı əsərlərini yazmamışdan qabaq Çexov bütün Rusiyada böyük yumor ustası kimi şöhrət qazanmış, adı dillərə düşmüşdü. Çexovun yumorunda elə bir xüsusiyyət var ki, onu oxuyan həyatı, insanları daha dərindən sevməyə başlayır. Bu yumor ürəyin gəncləşməsi, əsəblərin sakit olması üçün sanki bir dərmandır. Elə bil həkim Anton Pavloviç öz xəstələrinə ədəbiyyat vasitəsilə dərman verir. O zamanın yumoristik jurnallarında “Antoşa Çexonte ” imzası ilə nəşr etdirdiyi hekayələr, felyetonlar insanı mübarizəyə çağıran bir gülüşlə yazılmışdır.
Bu gülüşün bir xüsusiyyəti də var. Əsəri oxuyan hiss eləyir ki, onu yaradanın çox böyük, geniş və sızıldayan qəlbi var. Çexovun satirası yumşaq və həyatidir. Çexov həm güldürür, həm də düşündürür, oxucunu özü ilə bərabər fəlsəfi mühakimələrə sövq edir.
Bu cəhətdən mən Çexovla Mirzə Ələkbər Sabirin arasında qəribə bir bənzəyiş hiss edirəm. Məsələn, Sabir “Nə dərs olaydı, nə məktəb”lə yanaşı, “ Ey dərbədər gəlib ürəyi qan olan cocuq ” kimi şeir də yazmışdır. Birində böyük satira varsa, o birində, doğrudan da, “qan olan” ürəyin sızıltıları hiss olunur. Bu şeirlər həm güldürür, həm də düşündürür. “ Yatmaq istəyirəm ” hekayəsinin məzmununu eşidəndə, bu şeirlər yadıma düşdü.
Ümumiyyətlə, bir çox cəhətlər var ki, Sabirlə Çexovu bir – birinə bənzədir. Satirik miniatürlər yaratmaq, az sözlə böyük fikir ifadə etmək, gülə - gülə ağlatmaq nöqteyi- nəzərindən hər ikisi böyük ustadır. Onların həyatı arasında da qəribə bənzəyiş var. Çexov uşaqlığını və gəncliyini atasının baqqal dükanında keçirmişdir. Odur ki, Anton Pavloviç hər zaman “Uşaqlıqda mənim uşaqlığım olmamışdır ” deyə yazmışdır.
Sabir isə uzun müddət sabun dükanından yaxasını qurtara bilməmişdir. Hər ikisi yaradıcılıqlarının ən çiçəklənən dövründə ağır xəstəliyin əzabı ilə dünyadan getmişdir.
Düzdür, ilk baxışda bu bənzətmə qəribə görünə bilər. Çünki Çexov dramaturq - nasir, Sabir isə şairdir. Ancaq, ədəbi janrlarına baxmayaraq, bu yazıçıları çox incə tellər bir- birinə bağlayır.
Çexov ölməz obrazlar silsiləsi yaratmışdır. Çexovun tipləri onun əsərlərinə həyatdan gedib. Bu tiplər təkcə rus həyatı üçün deyil, bütün xalqların həyatı üçün xarakterikdir. Çexov bütün dünyanın qabaqcıl adamlarının sevimli yazıçısıdır...
Çexov dramaturgiyada tamamilə yeni bir cığır açıb, yeni bir aləm yaradıb. Onun xüsusi, özünəməxsus dramaturgiya xətti var, qələmi var, heç bir kəsin xəttinə, qələminə bənzəmir. “Çexov dramaturgiyası”, “Çexov üslubu ” dedikdə, bizim yadımıza onun dram əsərlərindəki ustalıq, söz içində söz başa salmağı bacarmaq, incəlik, zəriflik düşür. Ona görədir ki, yalnız yüksək sənətkarlığı olan teatr kollektivləri Çexovun əsərlərini tamaşaya qoyduqda müvəffəqiyyət qazana bilir...
Çexovda fitri istedaddan başqa, böyük və dərin bir müşahidəçilik qabiliyyəti də vardı. Adi gözlə görülə bilməyən şeyləri Çexov görürdü, bircə dəfə nəzər salmaqla gördüyü adamın xarakterini təyin edə bilirdi. Bu barədə Çexov özü deyirdi: “Yazıçı gərək özündə dəqiq, yorulmaz – usanmaz bir müşahidəçilik qabiliyyəti tərbiyə etsin. Elə eləsin ki, bu, onunçün bir vərdiş halına düşsün, ikinci xasiyyətə çevrilsin”.
S.Rəhman sonda yazır: “Çexov tələbkar və təvazökar bir yazıçı olmuşdur. Onun həm yaradıcılığı, həm də həyatı bizim üçün məktəbdir. Biz bu böyük sənətkardan hər zaman öyrənməliyik”.
Almaz Hüseynova “A.P.Çexov və Azərbaycan” kitabında əhəmiyyətli məsələlərə toxunub yazır:
“... Çexovun adı ilə bağlı materiallar əvvəlcə Azərbaycanın rusdilli mətbuatının səhifələrində görünmüş, XIX yüzilin sonları- XX yüzilin əvvəllərinin ictimai-siyasi şəraitindən irəli gəlmişdi. Lakin bu həmin yazıların bütövlükdə Azərbaycan ictimaiyyəti üçün önəmini azaltmırdı.
Görkəmli Azərbaycan yazıçısı Abdulla Şaiq, məsələn, Azərbaycanın mütərəqqi yazıçıları kimi, Çexovu orijinalda oxumuş, onun hekayələrinə aludə olmuş, bir qədər sonra isə Çexov yazı üslubunun, böyük rus yazıçısının ustalığının bütün məziyyətlərini Azərbaycan oxucularına çatdırmağa çalışmışdı.
Çexovu Azərbaycanda hələ yazıçının sağlığında orijinalda oxuduqlarını Abdulla Şaiqin Məmməd Arifə ünvanlanmış məktubu sübut edir. Şaiq özünün rus ədəbiyyatı ilə tanışlıq tarixçəsini 1903-cü ilə apararaq yazır: “Çexov və Qorkinin hekayələrini xüsusi bir şövqlə oxuyurdum”.
Bu hekayələrin təsiri altında Şaiqdə, onun sözlərinə görə, “yoxsullara və həyatdan nəsibini görməyənlərə” xüsusi maraq oyanıb, bu yazıçılar ona ustalıq və bacarıq dərsi keçiblər. Sonralar o etiraf edir: “Mənim bir yazıçı kimi inkişafımda rus ədəbiyyatı böyük rol oynayıb. Krılov, Puşkin, Lermontov, Koltsov, Nikitin, Tolstoy, Çexov, Qorki həmin vaxtlar məni xüsusilə maraqlandıran yazıçılar olublar”.
Mütərəqqi Azərbaycan ziyalılarının digər təmsilçiləri də o vaxtlar klassik rus ədəbiyyatına, o cümlədən Çexov yaradıcılığına böyük maraq göstəriblər. Və təbii olaraq, Çexov əsərlərinin Azərbaycan dilinə çevrilmə məsələsi gündəmdə dayanmalı idi və dayanmışdı.
...Bununla yanaşı, Çexovun “dramatik qanunları pozduğunu” iddia edən ədəbiyyatşünaslar, tənqidçilər, teatrşünaslar ilə polemikaya girən Məmməd Arif yazır: “... Çexov dram üçün başlıca olanı – hərəkəti inkar etmir, lakin onun xarakterini dəyişərək, onu bir qədər arxa plana keçirmişdir. Çexov arzu edirdi ki, seyrçi səhnədə təkcə dinamik məqamları görməsin, təkcə səhnədəki atəş səsini eşitməsin, həm də burada dilə gətirilən adi sözlərə, hətta dialoqlar arasındakı pauzalara və susqunluğa diqqət yetirsin, bütün bunlardan nəticə çıxarsın...”.
O, öz satirası , yumoru ilə avara adamlara, yaramaz quruluşa, zülmə, tüfeyliliyə nifrət yağdırırdı. Bununla bərabər, Çexov insanlara inanırdı, rus xalqının zəkasına, bacarığına əmin idi.
Obyektiv yaradıcılıq həqiqətini həmişə etiraf edən yazıçı deyirdi ki, sənətkar və sənət məsələnin həlli ilə yox, məsələnin düzgün qoyuluşu ilə məşğul olmalıdır. “Siz istəyirsiniz ki, at oğurluğunu təsvir edəndə deyim: at oğurlamaq pisdir. Axı bu, mənsiz də çoxdan məlumdur”.
Zaman-zaman həll olunmamış məsələləri həll etməklə deyil, məsələnin düzgün qoyuluşu ilə məşğul olmaq, məlum olanları yox, naməlumları yazmaq cəhdi, istəyi və məqsədi böyük ədibi yeni-yeni yaradıcılıq axtarışlarına istiqamətləndirən əsas amillərdən biri idi.
XIX əsrin sonundan etibarən rus ədəbiyyatının qiymətli inciləri Azərbaycan dilinə tərcümə edilməyə başlanmışdı. Az sözlə böyük mənalar söyləyən Çexovun Azərbaycanda görkəmli təbliğatçısı Firidun bəy Köçərli olmuşdur. Yazıçının “At familiyası” hekayəsi ilk dəfə Azərbaycan dilində “Şərqi rus” qəzetinin 1904-cü il 16-17 iyun tarixli sayında Köçərlinin tərcüməsi ilə dərc olunmuşdu.
Çexov satirası, Çexov yumoru və Çexov gülüşünün gözəl nümunəsi olan “At familiyası”nı müasir tərcümədə yazıma daxil edirəm:
“İstefaya çıxmış general – mayor Buldeyevin dişi ağrıyırdı. O, ağzını araq və konyakla yaxalayır, ağrıyan dişinə müştük qırı, tiryək, skipidar, neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tıxayırdı, lakin bunların heç bir köməyi olmurdu, artıq pay onun ürəyini bulandırırdı. Həkim gəldi. Buldeyevin dişini qurdaladı, kinə yazdı, lakin bu da kömək etmədi. Ağrıyan dişin çıxarılması təklifinə də general razı olmadı. Evdəkilərin hamısı – generalın arvadı, uşaqları, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseiç də onun yanına gəlib diş ağrısını ovsunla müalicə etməyi məsləhət gördü.
Dedi ki:
-Zati - aliləri,on il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergiyığan qulluq edirdi. Dişləri ovsunla sağaltmaqda o çox mahirdi. Bir də görürdün ki, üzünü pəncərəyə tutub pıçıldayır, tüpürür, elə o dəqiqə də dişinin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi...
- O indi haradadır?
- O, vergi idarəsindən çıxarıldıqdan sonra Saratovda qaynanasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Bir adamın dişi ağrıyan kimi onun yanına gedir, köməyi də olur. Saratovluları öz evində qəbul edir, başqa şəhərdə yaşayanları isə teleqrafla müalicə edir. Zati – aliləri, ona teleqram vurun... Yazın ki, bir Allah bəndəsinin dişləri ağrıyır, müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da poçtla göndərərsiniz.
- Bu boş sözdür! Fırıldaqçıdır!
- Zati – aliləri, siz bir təşəbbüs edin. Arağa çox hərisdir. Özü də arvadı ilə deyil, bir alman qadını ilə yaşayır. Söyüş söyəndi, amma heç belə məharətli cənab olmaz!
General arvadı dilləndi:
-Alyoşa, teleqram vur. Sən inanmırsan, amma mən bunu özümdə sınaqdan çıxartmışam. Sən buna inanmasan da, xəbər göndərməyə nə var ki! Bundan əl – ayağın qurumaz ki!
Buldeyev onlarla razılaşdı:
-Yaxşı da, siz deyən olsun. Belə bir vaxtda adam nəinki vergiyığana, hətta şeytanın özünə də teleqram göndərər... Uf, daha tab gətirə bilmirəm!
Yaxşı, de görüm, sənin o vergiyığanın harada yaşayır? Ona nə yazaq?
General stolun arxasında oturub qələmi əlinə aldı.
Darğa dedi:
-Saratovda onu it də tanıyır. Zati – aliləri, buyurub yazırsınız ki, Saratov şəhərində, deməli ki... Hörmətli ağa Yakov Vasiliçə... Vasiliçə...
-Sonra?
-Vasiliçə...Yakov Vasiliçə... Familiyası isə... Familiyasını unutmuşam!.. Vasiliçə... Zəhrimar... Onun familiyası necədir? Buraya gələnədək yadımda idi... İcazə verin...
İvan Yevseiç gözlərini tavana zilləyib fikirləşdi: onun dodaqları tərpənirdi. Buldeyevlə arvadı səbirsizliklə gözləyirdilər.
-Hə, nə oldu? Tez ol, görək!
- Bu saat... Vasiliçə... Yakov Vasiliçə... Yadımdan çıxıb... Özü də çox sadə familiyadır... elə bil at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın, dayanın... Yoxsa Ayğırovdur? Yox, Ayğırov da deyil. Onu bilirəm ki, ata məxsus bir şeydir, ancaq nədir, yadımdan çıxıb.
-Dayçazadə?
-Yox, yox! Dayanın, dayanın... Madyanlı. Madyanzadə. Qancıqov...
-Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev!
-Yox, Dayçayev də deyil... Atov... Atlızadə...Dayçalı... Yox, bunlar da deyil!
-Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş!
-Bu saat! Qulanov... Qulanlı... Qulanzadə...
Generalın arvadı soruşdu:
-Bəlkə Yabızadədir?
-Yox, elə deyil! Alaşayev... Yox, bu da deyil! Yadımdan çıxıb!
General acıqlandı:
-Ay səni öküz vursun, yadından çıxıbsa, bəs nə üçün baş – beynimzi aparırsan? Rədd ol buradan!
İvan Yevseiç ağır – ağır otaqdan çıxdı. General isə əlləri ilə üzünü tutub otaqdan – otağa gəzişməyə başladı.
O, ah – vay eləyə- eləyə deyirdi:
-İlahi, bu nə dərddir mən düşdüm! Dünya gözümə dar olub!
Darğa bağa çıxdı və gözlərini göyə dikib vergiyığanın familiyasını fikirləşməyə başladı:
-Ayğırçayev... Ayğırçızadə... Ayğırçılı... Yox, belə deyil. Atçıyev... Atçızadə... Atçılı... Madyanzadə.
Bir az keçdikdən sonra onu generalın yanına çağırdılar.
-Yadına düşdümü?
-Zati – aliləri, heç cür yadıma sala bilmirəm.
-Bəlkə Attanovdu? Attanzadə? Hə? Elə deyil?
Evdəkilərin hamısı cürbəcür familiyalar icad etməyə başladılar. Atların yaşına və cinsinə aid hər cür familiya söylədilər; atın yalını, dırnağını, qoşqu ləvazimatını xatırladılar... Evdə, bağda, qulluqçu otağında və mətbəxdə adamlar o baş, bu başa gedərək, alınlarını ovuşdura – ovuşdura familiya axtarırdılar...
Darğanı tez – tez evə çağırırdılar:
-İlxıyev? İlxıçızadə? İlxıçev?
İvan Yevseiç:
-Yox, heç biri deyil,- deyərək cavab verir və gözünü yuxarı dikib fikirləşə - fikirləşə ucadan deyirdi:
-Alaşzadə... Alaşalı... Alaşalıyev...
-Ata! – deyə uşaq otağından çığırırdılar: - Arabayev! Yüyənov...
Bütün malikanə bir – brinə dəymişdi. Əziyyət çəkən və daha ağrıya dözə bilməyən general vergiyığanın familiyasını tapan adama beş manat pul vəd etdi. Adamlar dəstə - dəstə İvan Yevseiçin dalınca gəzirdilər...
Ona deyirdilər:
-Kəhərov! Kəhərzadə! Kəhərli!
Axşam oldu, ancaq familiyanı hələ də tapa bilməmişdilər. Beləliklə, teleqram göndərmədən yatdılar.
General bütün gecəni yata bilmədi; otaqda o baş – bu başa gəzişərək inildədi... Səhər saat üçdə evdən çıxıb darğanın pəncərəsini tıqqıldatdı və ağlar bir səslə soruşdu:
-Yortanov deyil ki?
-Xeyr, zat – aliləri, Yortanov deyil, - deyə İvan Yevseiç cavab verdi və günahkar adam kimi ah çəkdi.
-Bəlkə at familiyası deyil, başqa bir familiyadır!
-Zati – aliləri, doğru sözümdür, at familiyasıdır. Burası lap yaxşı yadımdadır.
-Eh, qardaş, sən nə huşsuzsan! Bu familiya indi mənim üçün dünyada hər şeydən əzizdir. Lap əldən düşmüşəm!
Səhər general yenə də həkimin dalınca adam göndərdi.
-Qoy gəlib çıxartsın! Daha dözə bilmirəm...
Həkim gəldi və ağrıyan dişi çıxartdı, elə o saat da ağrı kəsildi, general dincəldi. Həkim işini qurtarıb əmək haqqını aldıqdan sonra öz briçkasına minib yola düşdü. Darvazadan çıxanda İvan Yevseiçə rast gəldi...
Darğa yolun kənarında durub başını aşağı dikərək fikirləşirdi. Onun alnında əmələ gələn qırışıqlardan və gözlərinin ifadəsindən məlum olurdu ki, o çox bərk fikirləşir.
Mızıldaya – mızıldaya deyirdi:
-Səməndov... Səməndzadə... Tapqırov... Tapqırzadə... Yəhərov... Qayışov...
Həkim ondan soruşdu:
-İvan Yevseiç, əzizim, sizdən beş çetvert yulaf ala bilərəmmi? Bizim kəndlilərdə yulaf var, amma çox pis yulafdır...
İvan Yevseiç küt bir nəzərlə həkimə baxdı, qəribə bir şəkildə gülümsədi və heç bir söz demədən əlini əlinə vuraraq malikanəyə tərəf yüyürdü; elə də sürətlə qaçırdı ki, sanki onu quduz it qovurdu.
Özünü generalın kabinetinə soxub sevinə - sevinə və qəribə bir səslə çığırdı:
-Zati – aliləri, tapdım! Tapdım! Allah həkimə çansağlığı versin! Yulafov! Vergiyığanın familiyası Yulafovdur! Yulafov, zat – aliləri! Yulafova teleqram göndərin!
General qəzəblə:
Al, - dedi və hər iki əlinin baş barmağını barmaqlarının arasına keçirib ona göstərdi. – İndi daha sənin at familiyan mənə lazım deyil! Al!”
O, daim axtarışda idi. Hər gün cib dəftərçəsinə sonradan mövzuya çevriləcək yeni fikirlərin qeydləri daxil olurdu. Bu fikirlərdə həmişə düşüncə və təbəssüm qoşa addımlayırdı:
“Xalqın gücü və nicatı namusla fikirləşən, duymağı və işləməyi bacaran ziyalılarındadı”.
“Ah, nə yaxşı olardı ki, təhsilə əməksevərlik, əməksevərliyə isə təhsil qatılaydı”.
“Ölüm dəhşətdi, həmişə yaşayacağını, heç bir vaxt ölməyəcəyini bilmək daha dəhşətdi”.
“Ər-arvad qonaqpərvərdilər, çünki tək qalanda dalaşırlar”.
“80 yaşlı qoca 60 yaşlıya deyir: ayıbdı, cavan oğlan”.
“Arvadla Parisə getmək, samovarla Tulaya getmək kimi bir şeydi”. “Ayağını qatar kəsmiş bir nəfər çəkməsindəki 21 manatın narahatçılığını keçirir”.
“Təvazökar bir adamın yubileyini keçirirlər. Yubileydən özlərini göstərmək, bir-birilərini tərifləmək üçün istifadə edirlər. Ancaq ziyafətin sonunda ayılırlar: yubilyar ziyafətə dəvət olunmayıb, yaddan çıxıbdı”.
“Ömrü boyu kapitalizmdən, milyonlardan yazmışdı, pulu isə heç vaxt olmamışdı”.
“İbseni tədqiq etmək üçün xeyli vaxt itirəndən, zəhmət sərf edəndən sonra İsveç dilini öyrənir və qəflətən dərk edir ki, İbsen böyük yazıçı deyil, indi bilmir ki, İsveç dilini neyləsin”.
Petya nişanlısına pul verir ki, (“Adaxlı” hekayəsində) borcunu qaytarsın. Sonra isə pul verməsi barədə nişanlısından qəbz almadığına görə özünü qınayır, iztirab çəkir. “Qanuni olaraq mən necə evləndim”, “Albionlu qız”, “Yoğun və nazik”, “Stansiya rəisi”, “Qadınların qisası”, “Zarafat”, “Uduşlu bilet”, “Xeyirxah alman”, “Müxbir”, “Arayış”, “Xanımlar” və s.hekayələrində ədib yalançı ömür, süni hisslər və duyğularla yaşayanların mənasız həyatlarını təsvir etmişdir.
Çexov yaradıcılığından öyrənən Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev də bütün Yaxın Şərqdə xırda hekayələrin ən gözəl nümunələrini yaratmışlar. Çexovun “Cinayətkar ” hekayəsindəki Denis Qriqoryeviç kimi Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndakı Novruzəli də öz avamlığı üzündən gülünc vəziyyətə düşür. Denis Qriqoryeviç və Novruzəli eyni mühitin bədbəxt etdiyi adamlardır. Oxucu bir tərəfdən bu adamlara gülür, digər tərədən isə onlara yazığı gəlir, onların halına acıyır.
Çexovun “Albalı bağı” pyesindəki hadisələrlə Azərbaycanın ictimai-siyasi həyatının təxminən eyni dövrünü əks etdirən, lakin ondan bir qədər əvvəl yazılan “Dağılan tifaq” əsərindəki hadisələr arasında böyük yaxınlıq vardır. Haqverdiyev bu pyesində Nəcəf bəy və onun məsləkdaşlarının tifaqının dağılması prosesini realist qələmlə təsvir etmişdir.Peterburqun Aleksandriyski teatrını özünün ikinci müəllimi hesab edən Azərbaycan dramaturqu realizmə sadiq qalaraq, bəyliyin, feodal-patriarxal münasibətlərin dağılma səbəblərini inandırıcı coşqu ilə göstərə bilmişdir.
Çexov yumorunun təsiri daha çox Haqverdiyevin hekayələrində özünü göstərir. Çexov kimi Haqverdiyev də qələmə aldığı hadisələrə müdaxilə etmədən, onları sakit və soyuqqanlı bir surətdə təsvir edir.
Yığcamlıq, qısa mükalimələrlə hadisənin təbiətini açmaq, surətlərin danışığını onların təfəkkür tərzi ilə uyğunlaşdırmaq Çexov kimi Haqverdiyev yaradıclığına da aid olan bir xüsusiyyətdir. Çexovun hekayələrində dərin lirizm, incə bir kinayə əsas yer tutur. Haqverdiyevin hekayələrində də lirik haşiyələrə, kinayələrə tez – tez rast gəlmək olar. Hətta Çexovun “Cərrahlıq ” hekayəsi ilə Haqverdiyevin “Diş ağrısı ” hekayəsi arasında həm mövzu, həm də forma cəhətdən müəyyən bir yaxınlıq vardır. Bu təsir özünü Haqverdiyevin “ Bomba”, “Çeşmək ”, “Tənqid ”, “Qiraət ” kimi hekayələrində də göstərir. Əgər Çexov, o zamankı rus mühitinin çirkinliklərini təsvir edirdisə, Cəlil Məmmədquluzadə və Haqverdiyevin yaratdığı surətlər də Azərbaycan mühitinin çirkinliklərini göstərir.
Abbas Səhhət 1915-ci ildə özünün “Cərrahlıq” adlı hekayəsini yazarkən Çexovun eyniadlı əsərinin motivlərindən istifadə etmişdir. A.Səhhətin hekayəsi Azərbaycan gerçəklikləri əsasında yazılsa da, Çexov üslubunun bir çox xüsusiyyətləri özünü hiss etdirməkdədir.
Azərbaycan yazıçıları Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ilə böyük rus yazıçısı Çexovu, yoxsul, zəhmətkeş insanlara məhəbbət və dövrün yaramazlıqlarına qarşı nifrət hissi birləşdirir.
Çexov faşizmi, onların yırtıcı ideologiyası, siyasəti və planlarını hələ öz dövründə meydana çıxarıb ifşa etmişdi. Odur ki, Çexova düşmən nəzərləri ilə baxan vəhşi alman faşistləri imperialist müharibəsinin birinci ilindəcə böyük insan və böyük yazıçının Badenveylerdəki tunc heykəlini qıraraq ondan top gülləsi hazırladılar.Həmin vəhşi almanların yırtıcı və “qisasçı” məsləkdaşları Çexovun İstradakı (Moskva yaxınlığında şəhər) xatirələrini, yazıçının vaxtilə ailə üzvləri ilə yaşadığı evi darmadağın etdilər. Çexovun vətəni, uşaqlıq illərinin əziz xatirəsi olan Taqanroq şəhərini talan etdilər. Lakin faşist quldurlarının azğınlığı çox sürmədi. Qüdrətli rus ədibinin vətənini vəhşilərdən azad etmək üçün xalqımızın qəhrəman oğulları, 416-cı diviziyanın əksərən azərbaycanlı döyüşçüləri digər döyüşçülərlə bərabər köməyə gəldilər. 1943-cü il avqustun 30-da Çexovun vətəni-Taqanroq düşmənlərdən azad edildi, bu hərbi qələbənin şərəfinə diviziyaya Taqanroq atıcı diviziyası adı verildi.
Hər dəfə Nəriman Həsənzadənin “Taqanroq ağrısı” şeirini oxuyanda Çexov yurdunun xilası uğrunda gedən odlu-alovlu döyüşlər film kimi gözlərim önündə canlanır:
Taqanroqda nəfəs alıb durdu qatar,
O ayları, o illəri saldı yada.
Qulağımda qırxdörddəki atışmalar,
Haray saldı yetmişinci il olsa da.
Elə bildim torpaq yanır, səma yanır,
Alov qalxır vaqonların arasından.
Elə bildim Əmrah hələ ufuldanır,
Başındakı yarasının ağrısından.
Şöhrət olsun anaların vüqarına
Bu şeirimdə verəcəyəm bir şad xəbər.
Azadlığı bu Taqanroq diyarına
Azərbaycan oğulları gətirdilər.
Lülələrin od ağzına sinə gərdi
Qara bığlar, uca boylar, od-alovlar.
Elə bildim o zamankı səngərlərdi
Vağzal boyu gül əkilmiş sement qablar.
Bu torpaqda oğullaşdıq, atalaşdıq,
Sözümüzü, andımızı yuduq qanla.
Hələ dünən Məcidovla vidalaşdıq.
Taqanroqun qəhrəmanı bir insanla.
Hər ürəyin öz sözü var, öz nəğməsi,
Hər ürəyin yeri də var, səması da.
Unudulmaz Taqanroqun qələbəsi
Unudulmur Taqanroqun ağrısı da.
Çexovun arvadı (onlar 1901-ci ildə evlənmişdilər) Olqa Leonardovna Knipper görkəmli rus dramaturqu, yazıçısı, pedaqoqu, teatr xadimi, teatr rejissoru, Moskva Bədaye Teatrının yaradıcılarından biri olan Vladimir İvanoviç Nemiroviç-Dançenkonun şagirdi, istedadlı aktrisa idi. “Siz xoşbəxtsiniz, - deyə K.Stanislavski ona yazırdı, - sizdə səhnə cazibədarlığı var, bu sizi dinləməyə vadar edir və buna görə də Sizin üçün səhnədə istədiyinizi etmək asandır”.
Olqa Knipper təkcə səhnə istedadına malik deyildi, həm də gerçək həyatda öz qadın zərifliyi və həyatsevərliyi ilə adamları özünə cəlb edirdi. S.Qiasintova Olqa Knipperi ilk dəfə yazın erkən çağında görmüşdü, bu vaxt, o, bir yazıçı arvadı idi. Qiasintova xatırlayır: “Açıq rəngli geyimi ilə düz qamətli qadın iki kişi ilə küçədə gedirdi. Hər iki kişinin qoluna girmişdi. Hər üçü nəyəsə gülürdülər. Məni həyəcan bürüdü və onlar yanımdan ötüb keçdilər – daha doğrusu, onun geyimi yanımdan “xışıltı salaraq” keçib getdi”.
Aktrisanın zahiri görünüşü və üzündə Moskva günəşinin şüaları oynaşan bəxtiyar qadının rayihəli siması – Qiasintovanın xatirəsində belə qalmışdı.
Çexova onun Moskva mənzilində baş çəkən S.Skitalets də Olqa Leonardovnanı eyni həyatsevərlikdə xatırlayır. Xəstə yazıçının yatdığı otağa “gənc, gözəl, gül-gül açmış” Olqa Leonardovna daxil olur. Onun gəlişi ilə otaq sanki daha da işıqlanır. Olqa bu yaxınlarda xəstəlik keçiribmiş. Ona görə də Çexov öz arvadına “sərt tonda” irad bildirir ki, dərmanları niyə qəbul etmir. S.Skitaletsin sözlərinə görə, Çexov bu tonun arxasında, o özü xəstə olduğu bir vaxtda sonsuz yumşaqlığını və sevimli qadınına zərif qayğıkeşliyini gizlədirdi, onun vaxtsız sönən ömrünə belə bir qayğı göstərilməsinə daha çox ehtiyac vardı.
M.Turovskaya Olqa Knipper-Çexovaya həsr etdiyi araşdırmasında yazır ki, Olqa Leonardovnanın Çexovla yaşadığı altı il onun üçün asan keçməyib. Olqanın məktublarında çoxlu sevgi, çoxlu vicdan əzabı və teatr haqda çoxlu söhbətlər, həyat qarşısında anlaya bilmədiyi çoxlu nəsnələr və Çexovun iç dünyasına – bu uzun və eyni zamanda sürətlə ötüb keçmiş altı il boyunca onun kədərini və sevincini təşkil edən əhval qarmaqarışıqlığına nüfuz etmək cəhdləri vardı.
Nemiroviç-Dançenko xatırlayır ki, o vaxtlar bəzi çevrələr Olqa Knipperin ətrafında “hansısa tənə, töhmət atmosferi” yaratmışdılar. Elə Olqa Leonardovna özü də anlamaya bilməzdi ki, bitib-tükənməyən ayrılıq günləri yazıçı üçün əzabvericidir. “Bu əbədi sual – nə üçün o, Çexovla birlikdə deyil, - deyə M.Turovskaya yazır – Olqa Leonardovnanı bütün həyatı boyu və ölümündən sonra müşayiət etmişdir”.
Aktrisa özü bunu belə yazır: “İlk baxışdan belə görünür ki, bu məsələnin həlli sadədir – teatrı atmaq və Anton Pavloviçlə bir yerdə olmaq. Mən bu fikirlə yaşayırdım və - onunla mücadilədə idim, ona görə ki, bilirdim və duyurdum ki, mənim həyatımın bu parçası onda öz əksini tapacaq və ona əzab verəcəkdi. O, heç bir vaxt mənim teatrdan öz xoşumla getməyimə razılıq verə bilməzdi...”
Anton Pavloviçdə ağ ciyər vərəminin ilk açıq əlamətləri 1884-cü ildə görünməyə başlamışdı.Dekabrın 10-da yazmışdı: “Üç gündən çoxdur ki, boğazımdan tamamilə yersiz qan gəlir... Səbəbi güman ki, damarın partlamasıdır...”.
Budur, onu yenə qanqusma tutub. Çexov bu barədə 1886-cı il aprelin 6-da yazırdı: “Mən xəstəyəm. Qan qusuram və zəifləmişəm... Yazmıram...Əgər sabah əyləşib yazmasam, məni bağışlayın: Pasxayadək hekayəni göndərə bilməyəcəyəm. Cənuba getmək lazımdır, amma pulum yoxdur...”.
1904-cü ildə Çexov müalicə məqsədi ilə arvadı ilə bilrlikdə Almaniyanın Badenveyler şəhərinə gedir. iyulun 1-dən 2-nə keçən gecə (köhnə təqvimlə - R.Mirzəzadə) xəstənin halı lap pisləşir. Ürəyi tab gətirmir, hələ Saxalin səfərindən sonra Çexovun ürəyi olduqca zəifləmişdi.Ciyəri pis işlədikcə, ürəyinə bir o qədər güc düşürdü.
Nisbətən sakit keçən 1 iyulda xəstə yuxuladı, lakin gecə saat 1 radələrində oyanıb həkim çağırmağı xahiş etdi. Həkim gələn kimi Çexov ona söylədi ki, artıq ölür. Dedi ki, oksigen dalınca adam göndərmək lazım deyil, çünki onu gətirib gələnədək artıq vəfat edəcəkdir.
Həkim can üstə olan xəstəyə bir qədəh şampan şərabı gətirməyi əmr edir. Olqa Leonardovnanın xatirələrinə görə, Çexov qədəhi götürüb ona tərəf dönür və özünəməxsus xoş təbəssümlə gülümsəyib deyir: “Çoxdandır mən şampan şərabı içməmişəm...”.
Qədəhdəki şərabını axıra qədər sakitcə içir və sol böyrü üstə səssizcə uzanır və həmişəlik susur...
Dəfn mərasimi Moskvada, Novodeviçye qəbiristanlığında olur.
Kuprin xatırlayır: “Qəbiristanlıqdan asta-asta, dərin sükut içində qayıdırdıq. Mən Çexovun anasına yaxınlaşıb dinməzcə əlindən öpdüm. O, yorğun, zəif səslə dedi: “Gör bizə nə böyük dərd üz verdi... Antoşa yoxdur...”.
Rus ədəbiyyatını xalqın vicdanı adlandıranlar haqlıdırlar. Bu ədəbiyyatın ən yaxşı ənənələrini özünəməxsus bir üslubla davam etdirən, insaniyyət, həqiqət və gözəllik kimi əbədi məfhumlara həyatilik, səmimiyyət, hərarət verən Anton Pavloviçi yalnız rus xalqının, Çexov millətinin deyil, bütün bəşəriyyətin vicdanı adlandırmaq olar.İnsan qəlbini bu qədər dərindən başa düşən, insanın hər dərdinə şərik olan, onun ürəyindən bu qədər ustalıqla xəbər verən Çexova bu ad layiqdir.
Tolstoy doğru deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM