ZƏKA MƏŞƏLİ - II

10:12 / 26.10.2018

Reyhan Mirzəzadə

Publisist-politoloq

  ( İkinci hissə)

 

1872 -ci ilin yanvarında baş verən bir hadisə Tolstoyun  nəzərdə tutduğu romanın süjet xəttini inkişaf etdirmiş olur. Anna Stepanovna Piroqova  adlı bir qadın özünü qatarın altına atıb öldürür. Bu qadının ölümü belə baş vermişdir: Yasnaya Polyananın yaxınlığında Tolstoya tanış olan bir malikanənin sahibi Bibikov dul qaldığından öz qulluqçularından Anna adlı birisilə  qeyri-rəsmi yaşayırmış. Bunların arasında kəbin olmadığından kişi  Anna qarşısında özünün borclu olduğunu fikrinə də gətirmir. Ona görə də bir dəfə Annanın yanına gələrkən uşaqlarının tərbiyəçisinə başqa qadınla evlənmək istədiyini bildirir. Anna Stepanovna üçün bu gözlənilməz bir zərbə olur. Anna bu fikrin qəti olduğunu təsdiq etdikdən sonra öz əşyalarını bir bağlamaya yığıb evdən gedir. Üç gün yurdsuz- yuvasız gəzdikdən sonra yaxın stansiyalardan biri olan Yasenkiyə gəlir. Oradan fayton tutub Bibikova məktub göndərir. Məktubu Bibikov almır və bununla da özünü elə göstərmək istəyir ki, guya Anna ilə bütün əlaqəsini kəsmişdir. Ancaq məktubda Anna yazmışdı ki, siz mənim qatilimsiniz, əgər qatil xoşbəxt olarsa, siz də mənim qətlimlə xoşbəxt olun. Əgər mənim işgəncələr çəkmiş meyidimi  görmək istəyirsinizsə, iki saatdan sonra Yasenki stansiyasına gəlin.

         Az keçmir ki, məktubda yazılanların hədə-qorxu olmadığı aşkara çıxır. Doğrudan da Anna Bibikovu gözləyir, onun gəlmədiyini yəqin edib, özünü qatarın altına atır və əzilib ölür.

         O zaman Tolstoy özü bu əhvalatı eşidib Yasenki stansiyasına getmiş, Annanın faciəli tarixçəsini öyrənmişdi. Yasnaya Polyananın qonşuluğunda baş vermiş bu əhvalat, təsadüf Tolstoyun nəzərdə tutduğu əsərin son hadisələrinin müəyyən düyünlərini açmaqda ona material vermiş olur. Əsərin adı da həmin Annanın adından götürülmüş, “Anna Karenina” qoyulmuşdur.

         Nəhayət, bu hadisədən sonra 1873-cü ilin martında Tolstoy  “Anna Karenina”  romanın yazmağa başlayır. (Qeyd edim ki, həmin il Lev Tolstoy rus dili və ədəbiyyatı üzrə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilmişdir).

         Əsərdə 150-dən artıq bədii surət vardır ki, Tolstoy təkcə əsas qəhrəmanların deyil, başqa surətlərin də bir insan kimi qəlbini, daxili aləmini, sevinc və kədərini bir neçə sözlə də olsa, oxucusuna elə çatdırır ki, onlar da yadda qalırlar.

1854-cü ilin iyulunda Lev Tolstoy 19 yaşında yazmağa başladığı gündəliyinə bu qeydləri əlavə etmişdi: “Höteni, Lermontovu, Puşkini oxudum.  Lermontovun “İsmayıl bəy” poeması məni heyran etdi. Bəlkə elə buna görə mən bu gözəl diyarı daha böyük məhəbbətlə sevməyə başlayıram. Qafqazın bakirə təbiəti və şairanəliyi onda bir-birinə zidd olan iki məhfumu birləşdirir: müharibə və azadlıq”.

Qafqazı “Rus poeziyasının beşiyi” adlandıran Belinskinin, daha sonra Puşkinin, Lermontovun, Bestujev-Marlinskinin ənənələrini davam etdirən Tolstoy da öz böyük sələfləri kimi həqiqi ilham mənbəyini Qafqazda tapdı. Böyük insan və böyük yazıçı ömrünün üç ilini (1851-1854-ci illər) bu azad diyarda keçirdi.

Lev Tolstoyun yaradıcılığında Qafqaza həsr olunmuş hekayələr və povest xüsusi yer tutur.Onun hərb mövzusunda ilk əsərlərindən olan “Gözdən düşmüş”, “Basqın” və “Meşənin qırılması” hekayələrində çar ordularının  Qafqazda törətdikləri  vəhşiliklərdən ürək ağrısı ilə danışılır.Birinci  hekayədə  göstərilir ki, çeçenlərə qarşı vuruşanlar arasında müharibəyə  əyləncə, varlanma məqsədi kimi baxan, əsl insani hisslərdən məhrum aristokrat gənclər olduğu kimi, rus kəndlisini təmsil edənlər də vardır. Belələrindən biri yoxsul kəndli Xlopovdur.Yazıçı Xlopovu məhəbbətlə təsvir edir, onun təmiz əxlaqlı, səbirli, dözümlü olduğunu göstərir. “Meşənin  qırılması” hekayəsində təsvir olunan qoca soldat Jdanov da Xlopov kimi təmiz adamdır. O da əksər soldatların tutulduğu qumar  oynamaq, içki içmək xəstəliyindən uzaqdır. Yazıçı onu yoxsul kəndlilərin  nümayəndəsi kimi dindar, aza qane olan, gözütox, yoldaşlarına daim yaxşılıq  etməyə  cəhd edən bir adam kimi qələmə alır. Jdanovun həyatda yeganə  zövq  aldığı şey qəmli rus xalq mahnılarıdır. O, bu kədərli mahnılarda özünün taleyini, yaşayışın ağırlığını görür, yoxsulların şikayətini dinləyir.

1861-ci ildə Tolstoy Tiflisdə olan zaman “Kavkaz” qəzetində ruslara qarşı  vuruşan  Şeyx Şamilin naibi Hacı Muradın ruslar tərəfinə keçdiyi haqqında məlumat verilir. Şamilin tərəfində ruslara qarşı uzun müddət vuruşan  Hacı  Muradın  Şamildən uzaqlaşması səbəbləri o zaman 23 yaşlı Tolstoyu  çox  maraqlandırır. Bu barədə kifayət qədər düşünən yazıçı, Hacı Murad  barədə povest yazmaq qərarına gəlir.

Tolstoy yaradıcılığının son dövrünə aid ən görkəmli əsərlərindən biri də “Hacı Murad” povestidir. Povest 1896-1904-cü illərdə ərsəyə gəlmişdir. Tolstoyun  bacısı qızı Denisenko yazırdı: “Hacı Murad” üzərindəki iş “Hərb və sülh” romanı üzərindəki gərgin yaradıcı əməyi xatırladırdı”.

L.Tolstoy əsərin süjetini I Nikolay dövründə öz azadlıqları uğrunda dağlıların uzun illərdən bəri apardıqları mübarizədən götürmüşdür. “Hacı Murad” povesti üzərində göründüyü kimi, yazıçı 50 ilə qədər düşünmüşdür. Ədib  hələ ilk dəfə Qafqaza gəldiyi  vaxtlar xalq qəhrəmanı kimi  adı dillər əzbəri olan, Şamilin özünü belə qorxuya salan Hacı Murad haqqında, onun ölümü barədə çoxlu maraqlı hadisələr eşitmişdi. Onun dəyanəti, qoçaqlığı gənc Tolstoyun  diqqətini  xüsusilə cəlb etmişdi.

         Tolstoy sonralar öyrənə bilmişdi ki, nəcabəti etibarilə avar bəylərindən olan Hacı Murad, Çeçen və Dağıstan imamlarının hakimiyyətə başladığı vaxtlardan siyasət  meydanına atılmışdır. O, 1829-cu ildə Qazı Mollanın avarlar tərəfindən məğlub olmasında iştirak etmişdi. Qazı Mollanın ölümündən sonra 1834-cü ildə yeni İmam Həmzət bəy xaincəsinə avar xanlarına, onların ailəsinə divan tutmuşdu. Həmzət bəy Sultan Əhməd xanın  oğlu Ümma xanı, Hacı Muradın süd qardaşını da öldürmüşdür. Atasının təkidi ilə Hacı Murad qardaşı Osmanla Həmzət bəydən narazı olanları ətrafına toplayıb, məsciddə dua vaxtı onu öldürmüşdü. Həmzət bəyin ölümü ciddi bir hadisə idi...

         Bütün povestdə müəllifin insanın insan tərəfindən əzilməsinə etirazını, başqasını əsarət altına almaq üçün zor işlətmək siyasətini inkar etdiyini, çarizm və onun nökərlərini ifşa etdiyini görürük. Müəllifin azadlıq yolunda apardığı mübarizədə öldürülən Hacı Murada, onun şəxsiyyətinə dərin hörmət və hüsn-rəğbəti də bütün əsər boyu hiss olunur.

Povestdə  yazıçı təhkimçi kəndlilərdən ibarət olan rus soldatlarının və zəhmətkeş dağlıların, habelə bütün sülhsevər xalqların müharibə əleyhinə olduqlarını təsvir edir. Rus soldatları vətəndə başsız qoyub gəldikləri ailələrinin  yanına qayıtmaq, zəhmətkeş dağlılar dinc yaşamaq, öz təsərrüfatları, əkin-biçini ilə məğul olmaq arzusu ilə yaşayırlar.Bir tərəfdən öz  dvoryanları və tacirləri üçün yeni torpaqlar və təzə təhkimçilər əldə etmək istəyən müstəmləkəçilər, digər tərəfdən isə dağlılar üzərində hakimiyyət, ağalıq etmək  iddiası ilə yaşayan yerli feodallar xalqları , zəhmətkeşləri  bir-birinin üstünə saldırıb qan tökür, yüz minlərlə insanların vaxtsız  ölümlərinə  səbəb olurlar.

Yazıçı  “Hacı Murad” əsərində təsvir etdiyi hadisələrlə əlaqədar olaraq avarlar, kumıklar və ləzgilərlə yanaşı, Azərbaycanın Zaqatala, Balakən, xüsusilə  Nuxa (indiki Şəki) ətrafında yaşayan əhalisinin də adət-ənənələrini öyrənir.

Əsər üzərində işlədiyi dövrlərdə Tolstoy Molla Nəsrəddinin lətifələri ilə maraqlanır.Yusif, Zakir, Şakir, İbrahim, Züleyxa kimi Azərbaycan adlarını toplayır, “toy”, “zurna” kimi Azərbaycan sözlərini tərcümə etmədən olduğu kimi gündəliyində qeyd edir.

Tolstoy “Hacı Murad”ın müxtəlif variantlarında müasir Azərbaycan ədəbi dilinin lüğət fonduna daxil olan: adət, əmanət, şəriət, təriqət, mərifət, molla, fatihə, namaz, bayram, nökər, çaxır, peşkəş və s. kimi sözlər, “nə xəbər?”, “xəbər yox” kimi ifadələr, “Dəmiri isti-isti döyərlər”, “Sən tülküsən, mən quyruğun” kimi atalar sözləri işlətmişdir. Əsərdə həmçinin Azərbaycanla əlaqədar olaraq Qarabağ atlarından da danışılır.

Tolstoy I Nikolayın surətini də yaradarkən bədii imkanını, rəng və boyasını əsirgəməmişdir. Onu yalançı və qəlbsiz, “qurğuşun gözlü”  bir adam, dekabristlərin  cəlladı olan despot kimi təsvir edir. Tolstoy nifrət etdiyi çar və onun generallarına  qarşı qoyduğu rus soldatlarına və kəndlilərinə, dağlılarla heç bir ədavəti olmayan bu sadə, əməksevər adamlara öz dərin məhəbbətini və hüsn-rəğbətini gizlətmir.

I Nikolayın ifşası povestdə əsas yer tutur.O, qarnıyoğun, boynuyoğun, dazbaş, baxışları sönük, kinli, qisasçı, kefcil, vacib dövlət işlərinə laqeyd, biganə olan bir çardır.Nazirləri qəbul etdiyi zaman o, çox yorğun, soyuqqanlı, fikridağınıq görünür, çünki bal-masqaraddan təzəcə qayıtmış və orada qadınlarla xüsusi görüş yeri olan otağında 20 yaşlı gənc İsveç qızından yenicə  ayrılmışdır.Çarın  məşuqələri çoxdur və heç kəsdən çəkinmədən, utanmadan açıq-aşkar  görüş təyin edir. Çar sarayında bu, qanundur və heç kəsi təəccübləndirmir.I Nikolay ölkənin, dövlətin maraqlarına zidd olan əmrlər verir.

Tolstoyun başqa əsərlərində olduğu kimi, bu əsərində də iki zidd qüvvə  mövcuddur; sülh, əmin-amanlıqda yaşamaq istəyən zəhmətkeş xalq və  hakim siniflər. Əsərdə rus soldatlarının tipik nümayəndəsi kimi böyük məhəbbətlə sıravi  soldat  Avdeyev surətini yaratmışdır. Təhkimli kəndli olan Avdeyev qardaşının əvəzinə soldatlığa gəlmişdir. Ata-anası gücdən düşmüş və qardaşının uşaqları körpə olduğundan Avdeyev razı olmamışdır ki, qocalar və körpələr başsız qalsın. Avdeyevin bu xeyirxahlığı, humanistliyi, insana qayğıkeşlik  hissləri ilə döyünən qəlbi çərkəslərə münasibətində də özünü göstərir. Zəhmətkeş çərkəzlərin sadəliyi, mərdliyi onun xoşuna gəlir. Basqınların birində Avdeyev ağır yaralanır.Qoca anası ona ilk dəfədir ki, məktub yazıb bir manat da pul göndərmişdir. Məktub və pul çatana qədər Avdeyev xəstəxanada ölür...

Tolstoyun  nəzərində sadə, zəhmətkeş dağlılar da beləcə günahsız məzlumlardır. Ədib aulların yandırılmasını, dinc əhalinin, qocaların, körpələrin  öldürülməsini də beləcə ürək yangısı ilə təsvir edir.

Tolstoya  görə, təbiətin qoynundan çıxmış, öz təbiiliyini itirməmiş Hacı Murad bir insan olaraq pozulmuş zadəganlardan qat-qat yüksəkdir.Hacı Muradın ölümü oxucuya dərin təsir göstərir. Qəhrəmanın öldürülməsinin bütün şiddətini göstərmək, onun halına yanmağa məcbur etmək üçün Tolstoy  Azərbaycan  təbiətinin qəribə bir lövhəsini verir. Orada təbiətin gözəlliyi insanların bir-birinə bəslədikləri ədavətlə kəskin ziddiyyət təşkil edir. Düşmənlər tərfindən təqib olunan Hacı Murad öz yoldaşları ilə birlikdə çiçəklənmiş  kolluqların arasına girir: “Nuxada bülbül xüsusilə çoxdu. Onlardan bir cütü də indi bu kolluqda idi.Hacı Murad öz atlıları ilə birlikdə kolluğa girərkən səs-küy saldıqlarından bülbüllər susmuşdular.Lakin adamların danışığı kəsildikdə, onlar yenidən təranəyə başlayaraq bir-birilərini səslədilər. Gecənin qaranlığında hər şıqqıltıya qulaq verən Hacı Muradı bülbüllərin nəğməsi qeyri-ixtiyari olaraq cəlb edirdi...Bir neçə güllə açıldı- Hacı Murad ləngərləyərək yıxıldı. Milisionerlər (yəni kazaklar R.Mirzəzadə) şən qışqırıqla ona tərəf yüyürdülər.Lakin onların artıq cəsəd hesab etdikləri bu bədən birdən hərəkətə gəldi.Əvvəlcə qızıl qana boyanmış, papaqsız, qırxıq başı yerdən qalxdı, sonra gövdəsi dikəldi, sonra isə o, ağacdan yapışıb tamam ayağa durdu. Onun bu an elə qorxunc, elə zəhmli görkəmi vardı ki, yüyürüb gələnlər o saat dayandılar.Lakin Hacı Murad birdən ağacı buraxaraq səndələdi və dəryazla kökündən biçilmiş “ayıpəncəsi” kimi tam qaməti ilə üzüqoylu yerə sərildi və hərəkətsiz qaldı”.

Döyüş zamanı qılıncların səsi ilə bülbüllərin cəh-cəhi bir-birinə qarışır, Hacı Murad qəhrəmancasına vuruşandan sonra sayca çox olan düşmənin əlində tələf olur.

Romanın müəllifinə dərin ehtiram bəsləyən və qəlım sahiblərini ondan öyrənməyə çağıran  Cəfər Cabbarlı yazırdı: “Tolstoyun güllələrlə deşilmiş Hacı Muradı ayaq üstə qalxaraq, sonra ölü bir halda yerə yıxılarkən adama elə gəlir ki, qoca cəsim bir dağ uçub tökülür.Görünüz müəllif öz qəhrəmanını nə qədər yüksəldə bilmişdir.Bu bacarığı, bu sənəti biz də öyrənməlyik..”.

Bəs Hacı Murad harada dəfn edilmişdir? Axı onun ölümü hamıya məlum idi. Onun hansı yerdə öldüyü və torpağa tapşırıldığı yer isə qaranlıq bir səhifə kimi qalırdı. Bu, əlbəttə, çox maraqlı bir məsələ idi.

         1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri  Qax rayonunda arxeoloji kəşfiyyat işləri apararkən təsadüfi olaraq Hacı Muradın qəbrini aşkara çıxarmışlar. Tolstoyun qəhrəmanı Hacı Muradın və onun döyüş yoldaşlarının məzarı Qax rayonunun ərazisindəki Daykənd adlı yerdə, meşənin kənarındadır. Rayonun qoca sakinlərinin verdiyi məlumata görə, Hacı Muradla çar hökumətinin göndərdiyi iki yüz nəfər atlı arasında qanlı vuruşma həmin yerdə baş vermişdir. Bu vuruşma qurtardıqdan sonra yerli əhali Hacı Muradı və onun həlak edilmiş yoldaşlarını burada basdırmışdır. Üstünü çoxdan otlar, cəngəllik basmış bu qəbri yerli əhali “Hacı Murad babanın məzarı” adlandırırlar. Məzarın baş daşında ərəb dilində kitabə vardır. Kitabədə yazılmışdır: “Bu, mərhum seyyid-üş şühadə Avarlı, Xunzax sakini Hacı Muradın qəbridir. 1269-cu il hicri” (milad tarixi ilə 1852-ci il).

         Hacı Muradın həyatının son illərinə aid bir sıra xatirələr qalmışdır. Onun öldürülməsində bilavasitə iştirak etmiş Nuxa milisinin rəisi Hacı Ağanın, Şamilin yeznəsi Seyyid Əbdürrəhman Cəmaləddin Hüseynin və Nuxa qəzası rəisinin arvadı A.A.Korqanovanın son dərəcə maraqlı xatirələri qalmışdır. A.A.Korqanova öz təəssüratını belə nəql edir:

         “O zaman mənim ərim Nuxa qəzasının rəisi idi. Biz geniş həyətli ikimərtəbəli bir evdə yaşayırdıq. Hacı Murad ərimin gizli nəzarətində yaşamaq üçün Nuxaya  göndərilmişdi. O, bizimlə deyil, şəhərin mərkəzində kiçik bir evdə yaşayırdı. Hacı Muradın 3 nəfər sadiq müridi də onunla bir yerdə olurdu. O, bizdə cəmi 2-3 dəfə olmuşdur.O, hər dəfə bizə gəlməmişdən  əvvəl ərim xüsusi hazırlıq görürdü – həyətdə və qonaq otaqlarının  qapılarında gözətçilər qoyurdu. Hacı Murad üçün müsəlman yeməkləri (plov və s.), bizim üçün isə adi yeməklər hazırlanırdı...

Nahardan sonra hamı eyvana çıxdı. Hacı Murad bizim atları ona göstərməyi xahiş  etdi və onları çox təriflədi. O, bildirdi ki, həmin atlarla gəzintiyə  çıxmaq istəyir. Ərim onun təklifini rədd etməyi yersiz sayaraq razılıq verdi. Gəzinti müvəffəqiyyətlə bitdi.

İki-üç gündən sonra Hacı Murad yenə gəzintiyə çıxmağı xahiş etdi. Ərim vacib işi olduğundan, onunla gedə bilmədi, ona 2-3 gözətçi qoşdu. Hacı Murad ayrılmaz dostlarını da özü ilə götürdü. Nuxadan müəyyən məsafə (10 verst) ayrıldıqdan sonra Hacı Murad qəflətən geri çevrilib gözətçilərə  atəş açdı; nəticədə onlardan biri öldü, yerdə qalanlar isə qaçdı. Hacı Murad aradan çıxdı. Baş verən hadisəni eşidən ərim qaçqınları tutmaq üçün kəndlərə atlı dəstələri göndərdi.O, bilirdi ki, onlar hansı yolla qaça bilərlər...

Hacı Murad meşədə gizlənib ölənə qədər müqavimət göstərməyi qərara aldı...  Adamlar gəlib ərimə xəbər verdilər ki, Hacı Murad öldürülmüş və onun başını gətirirlər. Ərim onların pişvazına çıxdı. Biz sakitləşə bilmirdik, hətta qorxudan ağlayırdıq. Nuxanın bir çox sakini, məmurlar və onların ailələri bizim həyətə toplaşmışdı. Onlar bütün gecəni yuxusuz keçirdilər. Sabahı gün hamı sakitləşdi, ərim baş vermiş hadisə haqqında məlumat vermək üçün Hacı Muradın başını götürüb Tiflisə apardı...”      

A.  A.Korqanovanın təəssüratı burada qurtarır.

Yuxarıda  qeyd olunan məlumatların həqiqətə nə dərəcə uyğun gəldiyini, Hacı Muradın başının kəsildiyini, qəbrin doğrudan da Hacı Murada məxsus olduğunu yoxlamaq məqsədilə Azərbaycan Tarixi Muzeyinin elmi işçiləri tərəfindən həmin qəbir açılmış və müəyyən edilmişdir ki, skletin başı həmin yerdə yoxdur. Qəbir yenidən səliqə ilə tikilmiş və ona ağ mərmərdən təzə başdaşı qoyulmuşdur.

Tolstoyun əsərinin qəhrəmanı, XIX əsrdə Qafqazda milli-azadlıq hərəkatının görkəmli xadimlərindən biri – Hacı Muradın məzarı tarixi abidə kimi mühafizə edilir.

1886-cı ildə Tolstoyun  “İvan İliçin ölümü” adlı yeni povesti meydana çıxır. Povestin süjetini məhşur alim Meçnikovun qardaşı, Tula məhkəməsinin üzvü, yazıçının  yaxın tanışı İvan İliç Meçnikovun xəstəliyi və ölümü  təşkil edir. Yazıçı bu əsərində ayrı-ayrı həyat həqiqətlərini ümumiləşdirib,  yüksək bədii çəklə sala bilmişdir. Burada, xüsusilə yüksək cəmiyyət nümayəndələrinin psixologiyası,  həyatı öz əksini tapa bilmişdir.  Tənqidçi V.V.Stasov bu əsəri oxuduqdan sonra Tolstoya yazmışdı: “Bütün həyatımda buna oxşar bir şey oxumamışdım. Dünyanın heç bir yerində, heç bir xalqda belə dahi əsər yoxdur. Öz-özümə deyirəm: “Nəhayət, budur həqiqi sənət, həqiqət, həqiqi həyat”.

Romen Rollan Tolstoyun “İvan İliçin ölümü” adlı povestini “Həyatın ən böyük ifşası” adlandırmış, “Avropada hələ indiyə qədər belə bir səs eşidilməmişdir” – deyə, yazmışdı.

         80-ci illərdə Lev Tolstoy xalq teatrı məsələləri, xalq dramı haqqında düşünürdü. O, məhz bu teatr üçün “Əliaçıq Pyotr”, “Əvvəlinci  şərabçı” pyeslərini yazır, sonralar “Skomorox”, “Nicat yolu”, “Bais – araqdır” pyesləri ilə həmin fəsli davam etdirdi. Evlərdə, klublarda, məktəblərdə, kənd yerində, həvəskar  dərnəklərində  göstərmək  niyyətilə yazılan belə pyeslərin  ünvanı geniş xalq kütlələri, sadə kənd sakinləri idi.Əksəriyyəti savadsız  və  mütaliə imkanından məhrum olan tamaşaçıları teatr vasitəsilə tərbiyələndirməyi, onlara ədəb-mərifət  öyrətməyi, həyat dərsi verməyi, nəsihət eləməyi müəllif mümkün və vacib sayırdı.

 “Zülmət səltənəti” islahatdan sonrakı kəndlərdə yaranan ictimai və mənəvi fəlakəti göstərən klassik dram əsəridir. Pyesdəki hadisələr kiçik kəndli daxmasında cərəyan edir. Pyotrun komasındakı həyat tərzi kənardan gəlib kənd məişətinin bütün dayaqlarını” dağıdan, adamları misli görünməmiş bir surətdə var-yoxdan çıxaran, onları dilənçi kökünə salan, acından öldürən çarizmin bütün patriarxal rus kəndinə “bəxş etdiyi töhfələr” idi.

Əsərdə Pyotr ilə Nikita simasında mübarizə aparan iki ictimati formasiya qarşılaşdırılır.Tolstoyun təsvirinə görə,kəndin köhnə dayaqlarının dağıdılmasının birinci səbəbi puldur, kapitaldır. Pul üçün sadə, namuslu kəndlilər tamahkarlara, məişət pozğunlarına, əyyaş və canilərə çevrilirlər. Təhkimçi mülkədarlar tərəfindən əsrlərdən bəri qəsdən mühafizə edilən kənddəki nadanlıq, cəhalət və zülmət pula olan ehtiras nəticəsində insanları daha da vəhşiləşdirir. Tolstoyun pyesindəki qəhrəmanlarının hamısı bütün cinayətləri pul xatirinə edirlər.

Nikitanın anası Matryona pul xatirinə oğlunu dövlətli ərli qadin Anisya ilə yaşamağa həvəsləndirir, Anisyanı xəstə ərini öldürməyə təhrik edir, hətta Anisya üçün zəhəri özü də tapır.

32 yaşlı Anisya sevmədiyi halda, varlı dul kişi Pyotra ərə gedir, sonra öz muzduru gənc Nikita ilə əlaqəyə girir, ərini öldürür, pulu aşnası ilə bölür, ona arvad olur.

Əvvəllər sadə, təmiz və namuslu olan Nikita, əxlaqsızlıq çulğamış şəhərdə mənən pozulr.Burada Marina adlı yetim qızın namusuna təcavüz edir, onu atıb, kəndlərinə gəlir. Kənddə gizli surətdə Anisya ilə yaşayır, əri öldükdən sonra onunla evlənir, varına yiyələnir.  Artıq iki cinayət işləmiş Nikita, üçüncü cinayəti  törədir. Anisyanın 16 yaşlı qızlığı  Akulinanın bakirəliyini alır, ondan olan uşağı öz əlləri ilə öldürür.

“Zülmət səltənəti” dəhşət və iztrab faciəsidir.  Burada hər kəs dərin şəxsi drama keçirir. Təkcə özgələrini mənən pozan və məhv edənlərin taleyi deyil, onları bu cinayətlərdən çəkindirməyə çalışan və yaxud cinayətlərin müşahidəçisi olan insanların da taleyi acınacaqlıdır.  Rus kəndini bürümüş nadanlıq və cəhalət zülmətində kiçik şüa mənziləsində sağlam və müsbət nə varsa, sönür, məhv olur.

Tolstoy zülmət səltənətinə və bu səltənətə törədilən hər cür dəhşətlərə qarşı Akin Çilikin sürətini qoymuşdu. Bu sürət onun “şərə güclə müqavimət göstərməmək” təliminin intişarçısı idi.

Akim rus kəndinin siyasi cəhətdən geridə qalmış hissəsini təmsil edir. Lakin xeyirxahlıq və insanpərvərlik moizələri ilə onlar kənddəki məişət pozğunluğunun qarşısını qismən də olsa, ala bilir. Buna görə Akimin öz oğlu Nikitanı tutduğu işlərdən peman olmağa vadar etməsi, onda mənəvi intibah oyatması bir çoxları tərəfindən həyat həqiqəti kimi qəbul edilirdi.

Lakin Tolstoyun pyesinin əhəmiyyəti Akimin sadədil təlimində deyildi.  Onun gücü rus kəndi haqqındakı həqiqəti gizlətməyə çalışan irticanın əksinə olaraq, kəndlilərin dəhşətli həyat şəraitinin realist təsvirini verməsində, bu riyakarlığı aşkara çıxarmasında, ifşa etməsində idi. 

III Aleksandr Tolstoy tənqidinin məhvedici gücünü ilk duyanlardan olmuş, pyesin oynanılmasını qadağan etmişdi. Teatrın ciddi-cəhdinə baxmayaraq, “Zülmət səltənəti”ni oynamaq üçün uzun zaman senzorluqdan icazə almaq mümkün olmamışdı.  Belə icazə ancaq III Aleksandrın ölümündən sonra alınmış, pyes həmin ilin oktyabr-noyabr aylarında Peterburq və Moskva teatrlarında tamaşaya qoyulmuşdu.

“Zülmət səltənəti” XIX əsrin II yarısındakı rus teatrı üçün əhəmiyyətli hadisə idi. Klassik rus repertuarının başqa əsərlərindən fərqli olaraq, pyes teatrları kəndli mövzusuna, xalq həyatına daha da yaxınlaşdırırdı.  Rus teatrları kəndli  güzəranının acınacaqlı ziddiyətlərini bu qədər relistcəsinə və doğru təsvir edən ikinci əsər tanımırdı. Buna görə də pyesi tamaşaya hazırlayan rejissor və aktyorlar böyük çətinliklə qarşılaşırdılar. Onlar pyesin ideya-məfkurəvi dərinliyini kifayət qədər yaxşı qavraya bilmir, əsərdəki müxtəlif xarakterli kəndli tiplərini canlandırmağa çətinlik çəkirdilər.Buna görə də  “Zülmət səltənəti”nin  Peterburq və Moskva tamaşaları  müxtəlif məsləkli qəzet və jurnallar tərəfindən tənqidlə qarşılandı. Tənqidçilərdən bəziləri öz əsəri ilə “ictimai yalan və saxtakarlığa qarşı olduqca qüvvətli, açıq və səmimi protest” edən Tolstoyu  əxlaqsızlıq yaymaqda günahlandırır, qadın və qızları pyesə  baxmaqdan çəkindirmək istəyir, müəllifi dinsiz və inhilist adlandırırdılar.  Əksəriyyət isə aktyor oyununun zəifliyini irad tutur, artistləri pyesin ideya məzmununu aça bilməməklə təqsirləndirirdi.  “Severni vestnik” jurnalı pyesin Aleksandrinski Teatrındakı tamaşası haqqında yazırdı:“Aleksandrinski  Teatrının aktyorları öz vəzifələrinin öhdəsindən qətiyyən gələ bilmədilər. “Zülmət səltənəti”nin tamaşası üçün truppanın demək olar ki, bütün yaxşı artistləri cəlb edilmişdi. Lakin onlardan heç biri səhnə sənəti cəhətdən az-çox istedadlı və diqqətəlayiq bir şey yaratmadı.

“Zülmət səltənəti”nin Moskvadakı Korş və Malı Teatr tamaşaları da müvəffəqiyyətsizliyə  uğrayır, Moskvanın “Teatral” jurnalı Malı Teatrındakı aktyor oyununa belə qiymət verirdi: “Mujiki canlandırmaq ciddi-cəhdi çox süni çıxırdı və tamaşa daha çox maskarad xarakteri daşıyırdı”.

Təbiidir ki, əyalət teatrındakı bu pyesi oynamaq daha çətin olacaqdı. Buna baxmayaraq, “Zülmət səltənəti”nin Bakı tamaşası müvəffəqiyyətlə keçir. XIX əsrin sonlarında Tiflisdə, Qroznıda, Nalçikdə və Qafqazın bir sıra başqa şəhərlərində müxtəlif rus truppaları fəaliyyət göstərirdi.

 Bakıda V.İ.Vasilyev-Vyatskinin truppası 1895-ci ildə noyabrın 12-də “Zülmət səltənəti”ni tamaşaya qoyur, bütün truppaları qabaqlayır. “Kaspi” qəzeti bu münasibətlə yazırdı: “Bakılıların əsl mənada bəxti gətirdi. Ona görə yox ki, qr.Tolstoyun əsərini bizim diyarda ilk dəfə onlar gördülər. Bir də ona görə ki, pyes əyalət teatrı üçün tamamilə məqbul oynanıldı. Tamaşaçılar aktyorların hər bir hərəkətini xüsusi diqqətlə izləyir, hörmətli müəllifin hər sözünə maraqla qulaq asır və ifaçıların müvəffəqiyyətli oyununu layiqincə mükafatlandırırdılar”.

         “Maarifin səmərəsi” komediyasında hadisələr istefaya çıxmış süvari qvardiya poruçiki (çar ordusunda zabit rütbəsidir) mülkədar Zvezdinsevin paytaxtdakı evində baş verir.Ev sahibi müxtəlif quberniyalarda 24 min desyatin torpağın sahibidir. Halbuki kənd əhli bir parça torpağa möhtacdır.Əsərdə üç kəndli obrazı vardır ki, onlar torpaq haqqında mülkədarla danışıq aparmaq üçün öz həmyerliləri tərəfindən bura göndərilmişdir.Yoxsulluq, aclıq, torpaqsızlıq əlindən kəndlilər cana doymuşlar. Onlardan biri Mitri Çiligin elə hey deyir: “Mal-qara otarmaq nədir, heç bir toyuq dənləməsi üçün də yerimiz yoxdur”.Bu sözlər bütün rus kəndlilərinin vəziyyətini göstərirdi.Tolstoy “Böyük günah”, “Əsrin sonu” və başqa məqalələrində olduğu kimi, burda da yüz milyon kəndlinin adından danışırdı.

         “Maarifin səmərəsi”ndəki kəndlilər və bu üç vəkil də Zvezdinsevə yalvarırlar ki, rəhmə gəlsin, güzəştə getsin, toplanan pulu alsın, qalanına da möhlət qoyub torpağı kənd camaatına satsın…

         Əsər satirik planda yazılmış sosial komediyadır və bu mənada Qoqol, Qriboyedov  ənənələrinin davamı, inkişafıdır. M.Qorki haqlı olaraq rus dramaturgiyasının  qiymətli nümunələri cərgəsində bu əsərin də adını çəkir və  iftixarla  qeyd edir ki: “Bizim gözəl komediyalarımız – “Ağıldan bəla”, “Müfəttiş”, “Maarifin səmərəsi” əsla  Molyerin və Bomarşenin komediyalarından pis deyil”.

Tolstoy tək bədii yaradıcılığı ilə deyil, əməli, gündəlik fəaliyyəti ilə də zəhmətkeş xalq kütlələrinin əzab və əziyyətlərinin yüngülləşməsinə çalışmışdır. 1891-1893-cü və 1898-ci illərdə Rusiyada aclıq baş verəndə o, Tula və Ryazan əyalətlərinin kəndlərini gəzir, aclıq çəkən xalqa əlindən gələn köməyi əsirgəmir, lakin bununla kifayətlənməyib, aclığı meydana gətirən səbəbləri aşkar edən, çarizmi lənətləyən “Aclıq”, “Aclıq, ya yox?”, “Dəhşətli məsələ”, “Eyib olsun!” kimi güclü publisistik yazılar yazıb çap etdirir.

Tolstoyun  kəskin  tənqidi məqalələri xaricdə - İsveçrədə və İngiltərədə  nəşr olunurdu; bu məqalələr çar hökumətində və hakim dairələrdə Tolstoya qarşı dərin ədavət yaradırdı. “Moskovskiye vedomosti” adlı  mürtəce  qəzet Tolstoyun “Rus kəndliləri nə üçün aclıq çəkirlər? ” adlı məqaləsini  ingiliscədən  tərcümə edib, amansız tənqid atəşinə tutmuşdu. Qəzet yazmışdı ki, Tolstoyun bu məqaləsi mövcud ictimai və iqtisadi quruluşu  dağıtmağa  çağırır...

         Mürtəce qüvvələr Tolstoyu hər tərəfdən təqib edirdilər: onu dəli adlandırıb dəlixanaya göndərmək, monastırda həbs etmək, əsərlərini qadağan etmək istəyirdilər. Lakin buna baxmayaraq, Tolstoy öz fikirlərindən nəinki əl çəkmir, hətta onları daha qızğın bir surətdə davam etdirirdi. Çar III Aleksandra  və çar II Nikolaya yazdığı məktublarda Tolstoy xalq üçün ağır olan qanunların ləğv edilməsini, vətəndaşlara azad şəkildə hərəkət etmək, təhsil almaq, istədikləri dinə xidmət etmək hüququ verilməsini tövsiyə  edir. Nəhayət, ədib müasir ictimai quruluşu 1899-cu ildə nəşr etdirdiyi “Dirilmə” romanında şiddətli tənqid atəşinə tutur.

         “Dirilmə” romanındakı tənqid o qədər kəskin və hərtərəfli idi ki, bir çox yerlərini  senzura kəsib atsa və dəyişdirsə də, romanın ifşaçılıq qüvvəsini əksildə  bilməmişdi. Tolstoy romanda kilsənin  və ruhanilərin riyakarlığını kəskin  tənqid etdiyi üçün baş ruhani idarə - Sinoid 1901-ci ildə onu kilsədən  təcrid etmiş, xristianlıqdan çıxarıb kafir elan etmişdi.

Uzun müddət Yasnaya Polyanada Tolstoyun  ev-muzeyində qarovulçu  işləmiş L. Kozlovun xatirələrinin birində diqqətimi çəkən məqamları yada salıram:

“Təzə  yolun o tərəfində Lev Nikolayeviç dul arvad Anisya Kopilovanın torpağını şumlayır və çörəyin kəndliyə necə baha oturduğunu özü bir daha təcrübə  edirdi.Təmiz və xoş bir hava vardı.Lev Nikolayeviç  cütü sahmanladı və yeri şumlamağa başladı.Birdən yolda bir fayton göründü. Faytonçu  faytonu düz Lev Nikolayeviçin yanına sürdü.Sən demə, faytonda oturan Tula qubernatoru imiş. Qubernator salam verdi, Tolstoy isə cütünü sürməkdə  davam edirdi. Qubernator xeyli gözlədi, axırda gördü ki, Lev Nikolayeviç dayanan deyil,dedi:

-Lev Nikolayeviç, mən sizin yanınıza vacib bir iş üçün gəlmişəm.

Tolstoy cavab verdi:

-Sizin fikrinizcə, mənim əlimdəkindən daha vacib nə iş ola bilər? Yetimlərə çörək lazımdır.Gözləyin, əlimdəki işi qurtarım, sonra nə sözünüz var, buyurun.

Qubernator Tolstoyun yanınca gedə-gedə onu başdan çıxarmağa çalışır:

-Axı, siz ağasınız, mülkədarsınız, sizə cüt sürmək yaraşmaz.Belə işlər üçün kəndlilər, mujiklər vardır.

Tolstoy cavabında görün, nə deyir:

-Ali həzrət, Allah xatirinə, mənə mane olmayın, çox lazımamsa, gözləyin.

Qubernator faytonda oturub gözləməli olur.Lev Nikolayeviç əkini qurtarır, atı minib cütü qucağına götürür, kəndə qayıdır. Qubernator da faytonu onun dalınca sürdürür...”.

Tolstoyun təvazökarlığını, əməksevərliyini, zəhmətkeşlərin dostu olduğunu göstərən belə faktlar çoxdur.

Tolstoy bütün ömrü boyu bəşəriyyətin xoşbəxtliyi üçün düşünmüş və yaratmışdır. “Əgər mən xalqın xeyrinə bir iş görmədən üçcə gün yaşadığımı bilsəm, özümü öldürərəm” fikrinə  böyük sənətkar bütün ömrü boyu  sadiq qalmışıdı. Yazıçının xoşbəxtliyi həm də onda idi ki, övladlarının  anası Sofya  Andreyevna da, uşaqları da səxavətliyində ailə başçısından geri qalmırdı. Onların mənəvi aləmi, xalqa, məzlumlara qarşı həssaslığı, diqqəti bir-birini sədaqətlə tamamlayırdı. Qrafinya S.Tolstoyanın  2 noyabr 1891-ci il tarixli  “Mənim xalqın aclığına münasibətim” adlı xatirəsi buna layiqli sübutdur:

         “Rusiyada güclənən fəlakət haqqında şayiələr ketdikcə daha vahiməli olurdu. Adam sadəcə yaşadığından və tox olduğundan vicdan əzabı çəkirdi. Özümünkülərə yazırdım: “Mən necə də həvəslə hər şeyi də, özümü də sizin işinizə həsr edərdim!”.

         Çox vaxt nahara əyləşən zaman mən heç nə yeyə bilmirdim, mənə aclar haqda, xüsusən uşaqlar haqda düşüncələr əzab verirdi.

         Noyabrın 1-də mən kiçik bir məqalə yazaraq camaatı xeyriyyəçiliyə çağırdım. Bu kiçik məqaləni mən N.N.Straxova göstərdim, o balaca düzəlişlər etdi və mənə dedi ki, bu çağırış mənim ürəyimdən elə alovla axıb gəlmişdir ki, düzəltməyə lüzum yoxdur və onu mütləq mənim bilavasitə hiss etdiyim şəkildə çap etdirmək lazımdır.

         Noyabrın 3-də “Russkiye vedomosti” aclıq çəkənlərə kömək haqda mənim cəmiyyətə çağırışımı çap etdi.

         Onu burada təqdim edirəm:

         “Xeyriyyəçilik və pul ianələri… o qədər böyükdür ki, adam bu işə girişməkdən qorxur. Amma xalqın fəlakəti də hamının güman etdiyindən qat-qat böyükdür. Budur, yenə də vermək və dönə-dönə xahiş etmək lazımdır”.

         Bütün ailə üzvlərim ehtiyac içərisində olan əhaliyə kömək üçün hərə bir yana dağılışmışdır. Ərim qraf Lev Nikolayeviç Tolstoy iki qızı ilə mümkün qədər çoxlu pulsuz yeməkxanalar, yaxud xalqın onları riqqətlə adlandırdığı kimi “yetim himayələri” təşkil etmək üçün hal-hazırda Dankov qəzasındadır. Iki böyük oğlum Qırmızı Xaç nəzdində xidmət edərək, Çernsk qəzasında fəal surətdə əhaliyə kömək göstərir, üçüncü oğlum imkan dairəsində yeməkxanalar açmaq üçün Samara qəzasına getmişdir.

         Dörd azyaşlı uşaqla Moskvada qalmağa məcbur olduğumdan ailəmin fəaliyyətinə yalnız maddi vəsaitlə kömək edə bilirəm. Amma bu vəsait necə də çox lazımdır! Ayrı-ayrı şəxslər belə böyük ehtiyac qarşısında gücsüzdürlər. Halbuki, isti evdə keçirdiyin hər gün və yediyin hər tikə, bu dəqiqə kimin isə acından öldüyü yada düşərkən qeyri-iradi tənəyə çevrilir. Biz hamımız – burada cah-cəlal içərisində yaşayanlar və öz uşaqlarımızın azacıq iztirablarının hətta zahiri təzahürünə dözə bilməyənlər üçün rəvadırmı ki, soyuqdan donan və acından ölən uşaqlarına baxaraq donuxmuş və üzülmüş anaların, yeməyə bir şey tapmayan qocaların görkəminə sakitcə davam gətirsin?

         Amma indi mənim ailəm bütün bunların şahidi olub. Görün mənim qızım Dankov qəzasından, yerli mülkədarların verdiyi ianə vəsaitinə təşkil olunmuş yeməkxanalar haqqında nə yazır:

         “Mən ikisində olmuşam: kiçicik bacasız daxmada yerləşən birisində dul qadın 25 nəfər üçün yemək bişirir. Mən içəri girəndə masa arxasında saysız-hesabsız uşaq oturmuşdu və onlar çörəyi qaşıq altında səliqə ilə tutaraq şorba yeyirdilər. Onlara şorba, horra və bəzən soyuq çuğundur şorbası  verirlər. Buradaca öz növbəsini gözləyən bir neçə qarı dayanmışdı. Mən birisi ilə söhbətə başladım və o, öz həyatından danışmağa başlayan kimi  ağladı, bütün o biri qarılar da ağladılar. Bu zavallılar yalnız həmin yeməkxana  hesabına yaşayırlar, onların evində heç nə yoxdur və nahara qədər onlar ac qalırlar. Onlara gündə iki dəfə yemək verirlər və bu, yanacaqla birlikdə ayda hər adam üçün 95 qəpikdən 1 manat 30 qəpiyə qədər başa gəlir”.

         Beləliklə, təzə taxıla qədər 13 manata bir adamı xilas etmək olar. Ancaq onlar çoxdur və kömək vəsaiti də sonsuz dərəcədə çox tələb olunur. Amma  gəlin, bu, bizim qarşımızı kəsməsin. Əgər bizim hər birimiz bir, iki, on, yüz adamı- kimin neçəsinə qüvvəsi çatır, yedirtsək, onda vicdanımız daha sakit  olar. Allah qoysa, biz öz həyatımızda daha belə ağır il keçirmərik! Budur, mən də kömək etmək istəyən və kömək edə biləcək adamların hamısına  ailəmin fəaliyyətinə maddi cəhətdən yardım göstərmək xahişi ilə müraciət etməyə cəsarət edirəm. Bütün ianələr birbaşa, bilavasitə  ərim və uşaqlarım tərəfindən təşkil olunan yeməkxanalarda  uşaqların və qocaların yedizdirilməsinə sərf ediləcəkdir.

         İanələri aşağıdakı ünvanlara göndərmək olar (Lev Nikolayeviçin, Seryoja  və İlyanın, Lyovanın və mənim ünvanlarımız göstərilir).

         Mənim sözlərimə haqq verənlərin hamısına minnətdarlıq etmək mən günahkarın yox, mərhəmətli, yumşaq qəlbli adamların yedizdirəcəyi o bədbəxtlərin işidir”.

         “Ədəbiyyat xalqın şüurudur, onun mənəvi həyatının diriliyidir” – Belinskinin bu sözləri böyük Tolstoyun ədəbiyyat haqqındakı fikirləri ilə tamamilə üst-üstə düşürdü. Dahinin “Ədəbiyyat haqqında”kı tövsiyələri nəinki rus ədəbi aləmi, hətta bütün dünyanın fikir, düşüncə, söz sahibləri üçün qiymətli bir irsdir. Bu irsin zərif incilərindən bəzilərini xatırlasaq, yerinə düşər:

“Uşaqlar və xalq üçün nəzərdə tutulmuş kitabçalara münasibətdə  biçimlənmiş və  ən səthi təcrübə ilə təsdiqlənən  ümumi qaydalar var.

1)   Dil  anlaşıqlı, xəlqi və məhəlli ləhcənin sözləri ilə doldurulmamış olmalıdır.

2)    Məzmun asanlıqla anlaşılmalı, mücərrəd olmamalıdır.

3)   Həddən artıq öyrədici olmamalı, didaktika isə əyləndirici formanın örtüyü altında gizlədilməlidir.

Bax, xalq ədəbiyyatı ilə məşğul olan adamların əksəriyyəti üçün yarayan qayda bunlardır...

1)Dil.  Dil təkcə anlaşıqlı və sadə xalq dili olmaqla qalmayıb, həm də yaxşı olmalıdır . Dilin gözəlliyi və olduqca münasib olması iki  baxımdan gözdən keçirilə bilər. İşlədilən sözlərin özünə münasibətdə və onların birləşmələrinə münasibətdə. Sözlərə münasibətdə, deməliyəm ki, adamın səsinə və ya onun mənəvi keyfiyyətinə aid edərkən – möhtəşəm sözündən istifadə lazım deyil,  yaxşıdır, gözəldir söyləmək gərəkdir, səxavətlidir demək lazım deyil,  ürəyiaçıq deyilməlidir.  Mən hələ asanlıqla rus sözü  ilə  əvəzlənə bilən əcnəbi sözləri demirəm. Odur ki,  mən təkcə sadə xalqı, kəndlilərə xas və anlaşılan sözləri məsləhət görmürəm,mən yaxşı, qüvvətli səslənən sözləri işlətməyi məsləhət görürəm və qeyri-dəqiq,  aydın olmayan, obrazlı olmayan sözləri məsləhət görmürəm. Mən bu məsələ ilə maraqlanan oxuculardan  şagirdlərimin tərtib etdikləri “Yasnaya polyana”nın 4-cü sayındakı  “Qaşıqla yedizdirir, millə gözünü deşir” povestini oxumalarını xahiş edirəm. Mən bu povesti həm sözlərə, həm də onların birləşmələrinə münasibətdə nümunəvi hesab edirəm. Dili  qəsdən korlamağa və əlvanlaşdırmağa, rəngbərəng etməyə lüzum olmadığı barədə adətən eşitməli olduğum iradlara gəldikdə, bəli, bu doğrudur, lakin mənə elə gəlir ki, dəqiq deyilməyib. Dili əlvanlaşdırmamağı  deyil,  fövqəladə dərəcədə çətin olan yaxşı rus dilində yazmağı məsləhət görmək  lazımdır.

         Dilimizdə qısa və sərrast bir adı olan ən adi bir halı dilə gətirməkdən ötrü  əlavə sözlər artırmağa gərək yoxdur.

Söz birləşmələri. Həm sözlərdə, həm nitqlərdə, yəni hərəsinin öz yerində, söyləmək azdır:  anlaşıqlı qısa cümlələr gərəkdir, - sadəcə ondan öyrəndiyimiz və hələ də dərsi başa çatdıra bilmədiyimiz  sadə xalqın demək istədiyi yaxşı, ustalıqla cilalanmış  dil gərəkdir... Mən etiraf edirəm, istisnasız  olaraq,  həmişə uzun və dolaşıq cümlələrdə ilişib qalıram, ifadə etmək istədiyim fikir mənə aydın olmur, bu fikri tam mənasında mənimsəyə bilmirəm.

Bu azmış kimi, nitqin rus dilinə tamamilə yad, rus dilinə süni olaraq gətirilmiş və faydasız bir iş olan uzadılma formaları var – feli sifət belə bir şeydir. Nədən siz deyirsiniz:  rəyinizi bilmək arzusunda olduğumdan, rica edirəm. Belə demək sadə və aydın olmazdımı – fikrinizi bilmək istəyirəm, lütfən. Rəsmi dil, əksərən  feli sifətli dil ən qaranlıq dildir, ədəbi dil onun yedəyində gedir – o, ötüb keçərkən dedi. Vərdiş etdiyimiz ədəbi dil belədir, fəqət belə demək doğru olmazmı – ötüb keçir və deyir və s.    Beləliklə, hər iki baxımdan dilə dair qaydalalrla heç nə edə bilməzsən, qaydalar yoxdur, bircə şey var – yaxşı yazmağı öyrənməliyik, bacarmırıqsa – yazmayaq. Əgər ifadə tərzi bizdən dəqiqlik tələb edirsə, onda xalq üçün dəqiqlik və sərrastlıq  min dəfə çox gərəkdir və bunu bacarmadan yazmaq olmaz.

İndi məzmun haqqında. 

Məzmun asanlıqla anlaşılan olmalı, mücərrəd olmamalıdır.  Bu tamamilə yanlış bir mülahizədir.  Məzmun necə istəyirsiniz, elə də ola bilər. Lakin mahiyyət əvəzinə boşboğazlıq olmamalı,  məzmun boşluğu söz yığını  arxasında gizlədilməməlidir...

         Qüdrətli yazıçının qərinədən artıq yaradıcılıq fəaliyyəti saysız-hesabsız maraqlı məqamlarla zəngindir.Onların bir neçəsini yada salaq.

Maks  Polyanovski  “Lev Tolstoyun reminqtonçusu”nda yazır:

         “O zaman “Reminqton ” markalı makinada surət çıxaranları belə adlandırırdılar. Bu işə girməkdə  S. Belenkiyə Tolstoyun yaxın dostu V.Q.Çertkov kömək etmişdi.

         O zaman Belenki həbsxanadan yenicə çıxmışdı. Onu siyasi iş üstündə katorqa cəzasına məhkum olunanlar üçün vəsait  toplamaqda təqsirləndirib  həbs etmişdilər. O, Peterburqda Oxta həbsxanasında saxlanılırdı. Bundan əvvəl Moloçnikovun Novqoroq çilingər – mexanik emalatxanasında  cizgiçi  işləyirdi. Moloçnikov Tolstoy ilə şəxsən tanış idi və məktublaşırdı.

         S.Belenki öz xatirələrində deyir:

         -Moloçnikov məni Çertkov ilə tanış etdi. Onun sayəsində mən Yasnaya Polyanaya gəlib çıxdım. Mən buraya tarixi gündə - Tolstoyun  80 illiyinin  qeyd edildiyi bir gündə gəldim. Həbsxanadan buraxılmış siyasi məhbusu işə götürməyə kim razı olardı? Həm də amansız irtica dövrü olan 1908-ci ildə bunu kim edərdi? Bunu ancaq Lev Nikolayeviç boynuna götürdü.

         Belenkinin yeni işi belə başladı: Tolstoy ona məktublara əl ilə yazılmış cavabları göstərb dedi: “Oxuya bilirsinizmi? Üzünü ağarda bilərsinizmi?”.

         Reminqtonçu bu işin öhdəsindən gəldi. Bəzən yazıçı cavabları birbaşa  “makinaya ” diqtə edirdi. S.Belenki zərflərin üzərində bəzən Lev Nikolayeviçin əli ilə yazılmış qeydlərə rast gəlirdi. “B.O.” hərfləri o demək idi ki, məktub əhəmiyyətsizdir, cavabsız qalmalıdır. (“B.O.” – “bez otveta”).

         Belenki deyir:

         -Onun bəzi əsərlərinin üzünü on dəfələrlə köçürmək lazım gəlirdi. O, makinadan çıxan vərəqləri bir-bir oxuyub dəyişiklik edirdi, bəzən əvvəl yazdıqlarından heç bir şey qalmırdı. Pozulmuş sətirlərin üstündə yenilərini yazır və yenidən üzünü köçürməyə göndərirdi. “Həyat yolları” kitabına müqəddiməni  altmış dəfədən  çox köçürməli olmuşdum.  Onun “Susa bilmirəm” sərlövhəli məşhur məqaləsinin neçə dəfə köçürüldüyü yadımda deyildir. Bəzi əlyazmalarını yenidən işləyir və onların üzünü yüz dəfəyədək köçürtdürürdü...

         O, işlədiyi zaman qapını bağlardı. Ona heç kəs mane olmamalı idi. Yalnız təcili hallarda Lev Nikolayeviçi çağırardılar. Lakin o, uzaqdan da olsun, yaxşı bir musiqi, xüsusən xalq musiqisi eşitdikdə, qapını açıb bayıra çıxar və qulaq asardı. Bir dəfə isə mən belə bir hadisənin şahidi oldum; səksəndən çox yaşı olan Lev Tolstoy böyük qonaq və yemək otağında masanın ətrafında yüyürüb nəvəsi Taneçkanı tutmaq istəyirdi. Burada bir cəhət xüsusilə yaxşı yadımda qalmışdır.

         Lev Nikolayeviç nəvəsinin əlini ovcuna aldı. O, uşağın barmaqlarını bir-bir açıb deyirdi: “Yadında saxla, bu, əməksevərlik barmağıdır. Heç bir əməkdən qorxma. İkinci barmaq – ata və ananı sev deməkdir. Ücüncü barmaq deyir – təmizkar və səliqəli ol! Dördüncü barmaq – heç kəsi incitmə deyir ”, sonra Tolstoy nəvəsinin baş barmağını üç dəfə hərlədib dedi:  “Yalan danışma, yalan danışma, yalan danışma!”.

         Bir dəfə axşam ailədə rəqsdən söhbət düşmüşdü. Ailənin başçısı ayağa qalxıb qızı Tatyananı valsa dəvət etdi. O, cavanlığında, orduda xidmət etdiyi zaman olduğu kimi çevik rəqs edirdi.

         Remuinqtonçu daha nəyi xatırlayır?

         Məlumdur ki, Tolstoy qonorar ilə maraqlanmırdı. O, imperator teatrlarının səhnələrində tamaşaya qoyulan əsərləri üçün ona çatacaq böyük miqdarda qonorardan belə imtina etməyə hazır idi. Lakin Lev Nikolayeviç, almadığı pullardan müdiriyyətin bildiyi kimi istifadə etdiyindən xəbər tutduqda, fikrini dəyişdi. O, qonorarı alıb ehtiyacı olan kəndlilərə payladı.

         Tolstoy öləndən sonra, arvadının xahişi ilə Belenki Yasnaya Polyanada qalıb yazıçının irsini ayırd etməyə kömək etdi. 1914-cü ilin fevralında  S.A.Tolstoya Lev Nikolayeviçin qadağan olunmuş əsərlərindən iki yeşiyi evdən uzağa göndərməyi qərara aldı. O, çar hökuməti orqanlarının bu əsərləri müsadirə edəcəyindən qorxurdu. Hər iki yeşiyi ev əşyası kimi baqaja verdilər. Jandarmlar yeşikləri yoxlayandan sonra yükü təhvil verənləri – dülgər Qriqori İvanoviç Leşşenkonu və köçürücü Samuil Monseyeviç Belenkini həbs etdilər. Belenkini siyasi cəhətdən etibarsızlığına görə 14 ay həbs cəzasına məhkum etdilər.

         Lev Tolstoyun keçmiş reminqtonçusu sonralar “Posrednik” nəşriyyatında ( müəssisə sonralar  “Əmək və bilik” nəşriyyatı adlandırılmışdır) iqtisadçı – planlaşdırıcı vəzifəsində işləmişdir”.

         Bir dəfə Lev Nikolayeviç Tolstoy bir neçə gənc moskvalı yazıçı ilə söhbət edir. Söhbət zamanı o, təəssüflə bildir ki, yaradıcılığa təzə başlayan yazıçılar, görünür, işləməyi çox da sevmirlər.

 Əvvəlcə yazıçılar susurlar, sonra  onlardan biri dözə bilməyib deyir:

         -Lev Nikolayeviç, biz yazırıq da, işləyirik də, ancaq bizim yazılarımızı heç kəs götürmür və çap etmir.

         Tolstoy çox təəccüblənir.

         -Bu necə ola bilər? – deyə, soruşur. – Siz ki, istedadlı adamlarsınız.       

         -Bu, sizin fikrinizdir, - deyə, ona cavab verirlər.-Nəşriyyatlarda  isə, görünür, belə hesab etmirlər.

         Tolstoy belə izahatı həqiqətə uyğun hesab etmir və gənc ədiblərin sözlərini şəxsən yoxlamağı qərara alır. O, kiçik bir hekayə yazır və  altında başqa  imza qoyaraq bir jurnalın redaksiyasına göndərir. Iki həftədən sonra Lev Nikolayeviç hekayənin taleyini öyrənmək üçün redaksiyaya  gedir. Redaktor onunla heç də nəzakətlə danışmır və açıqca bildirir ki, onun əsəri dərc olunmayacaqdır.

         -Bəs niyə? – deyə, yazıçı maraqlanır.

         Sən demə, böyük yazıçının qətiyyən istedadı yox imiş, hələ bu harasıdır, onun əməlli-başlı savadı da çatmırmış.

         -Etiraf edim ki, əzizim, - deyə redaktor əlavə edir, - mən sizin cızma-qaranızı  oxuyarkən tamamilə əmin idim ki, bunu ağzından süd iyi gələn cavan  yazmışdır. Yox, siz kağızları qaralamaqdan əl çəkin. Siz yaşda adamın  yazıçılığa  başlaması  çox gecdir. Siz əvvəllər bir şey yazmışsınızmı?

         -Yazmışam - deyə, Lev Nikolayeviç  təvazökarlıqla  cavab verir. – Mən bir neçə əsər yazmışam, onların haqqında əvvəllər bir qədər rəğbətlə danışardılar. Məsələn, “Hərb və sülh”, “ Anna Karenina...”.

         Bu, Tolstoyun  əsərinin qaytarıldığı yeganə hadisə deyildi. Bir dəfə o, “Rus” jurnalına nəsrlə yazılmış kiçik bir poetik etüd göndərmiş və onu Tolstoyların  evində  yaşayan  qoca Nataliya Petrovnanın soyadı ilə imzalamışdı. Jurnalın redaktoru İ.S.Aksakov tezliklə  əlyazmasını müəllifə qaytarmış  və  üzrxahlıqla  bildirmişdi ki, (onun sözləri ilə desək) müəllif öz fikirlərini  şərh  etməkdə  hələ kifayət qədər təcrübəli deyildir.

         Maraqlıdır ki, “Mənsur şeirlər” yazmaq ideyasını Turgenevə məhz Tolstoy vermişdi.

         Digər maraqlı məqamlar Tolstoyun məktublarında davam edir (kiçik ixtisarla təəqdim olunur):

 

18 noyabr 1852-ci il. Staroqladkovskaya stanitsası

Mərhəmətli zati-aliləri!

 

“Sovremennik”in  IX nömrəsində “Uşaqlığımın tarixi” sərlövhəli povesti oxuyub çox məyus oldum və anladım ki, bu sizə göndərdiyim “Uşaqlıq” romanımdır. Əsərin çapı ilə bağlı mənim birinci şərtim bundan ibarət idi ki, siz əvvəlcə əlyazmasını oxuyub qiymət qoyasınız və verə biləcəyiniz haqqını mənə göndərəsiniz. Bu şərtə əməl olunmayıb. Ikinci şərtim bu idi ki, əsərdə heç nə dəyişdirilməsin. Bu şərtə heç bir məhəl qoyulmayıb, siz sərlövhədən tutmuş hər şeyi dəyişibsiniz. Eybəcər şəklə salınmış bu povesti dərin bir məyusluqla oxuyaraq, redaksiyanı əsərlə insafsızcasına rəftar etməyə sövq eləyən səbəbləri tapmağa çalışıram. Belə  çıxır ki, redaksiya  ya romanı eybəcər şəklə salmağı qarşısına məqsəd qoyubmuş, ya da korrektura aparmağı özünün son dərəcə savadsız  əməkdaşına  tapşırıbmış. “Uşaqlıq” sərlövhəsi və bir neçə sözlük müqəddimə  əsərin məzmununu şərh edirdi. “Uşaqlığımın tarixi” sərlövhəsi isə əsərin məğzi ilə daban-dabana ziddir. Mənim uşaqlıq tariximin kimə nə dəxli var?.. I səhifədə mənim mələyimin obrazcığı əvəzinə, mənim anamın portreti kəlmələrini işlətmək – hər hansı abırlı oxucunu hadisələrin arxasını izləmədən kitabı bir tərəfə atmağa, ondan üz döndərməyə vadar edər. Belə dəyişikliklərin hamısını sadalamağa nə imkan var, nə də ehtiyac... Amma mənim üçün hələ də anlaşılmaz görünən bir dəyişikliyi xatırlatmalıyam. Nə üçün Natalya Savişnanın məhəbbət tarixçəsi – onun xarakterini, bir insan kimi imkanlarını açan, keçmişin məişətini canlandıran əhvalatlar bütövlüklə ixtisar olunub. Heç nə anlaya bilmirəm! Bircə onu deməliyəm ki, əsərimi mətbuatda oxuyarkən həvəskar dəllək tərəfindən başı eybəcər kökə salınmış oğlunu görən ata hansı xoşagəlməz hissləri keçirirsə, mən də o hissləri keçirdim. “Bu yöndəmsiz daz kəllə hardan peyda oldu, axı o, gözəl-göyçək bir oğlan idi...” Bircə təsəllim var ki, romanı bütöv şəkildə öz imzamla buraxdırmaq... Mənə yox, sizin redaksiyanın naməlum əməkdaşına mənsub olan “Uşaqlığımın tarixi” povestindən tamamilə imtina etmək imkanımdan məhrum deyiləm.

Mərhəmətli zati-alilərinə dərin hörmət bəsləyən sədaqətli bəndəniz L.N”.

Yazıçının P.V.Zasodimskiyə yazdığı məktublarından:

13 yanvar 1891-ci il. Yasnaya Polyana

“Pavel Vladimiroviç! Sizin hekayənizi aldım. Və əlüstü oxudum, xoşuma gəldi. Bu, yaşamağa haqqı olan əsərdir, gözəl hekayədir, həm mətləb aydındır, həm də ürəkdən yazıldığı üçün təsirlidir. Siz kəsir cəhətlərini soruşursunuz. Elə bir ciddi qüsuru yoxdur, amma müəyyən çatışmazlığı var. Bu da ondan ibarətdir ki, əhvalat danışanın daxilən boşluğu hekayənin çox yerində qəsdən oxucunun nəzərinə çatdırılır. Məsələn, bir yerdə o öz igidliyindən danışır – bunu atmaq lazımdır. Bir də danışanda özünü uşaq yerinə qoyması, (uşaqların gözü heç vaxt mavi olmur) təbii deyil. Üçüncüsü, əsərin sonunda yolka ilə bağlı xəyala dalması xoşuma gəlmir. Hekayə həm formasına, həm də məzmununa görə çox gözəldir. Onu mənə göndərdiyiniz üçün ürəkdən təşəkkür edirəm.      L.Tolstoy”.

Dünyəvi zövq sahibləri dəfələrlə etiraf ediblər ki, bəşəriyyətə məlum olan bütün səslərdən ən sevimlisi musiqidir. İncəsənətin gözəlliyi ən çox musiqidə ifadə olunur.

Lev Tolstoy musiqi ilə bərabər, mədəniyyətin bütün sahələrinin mükəmməl bilicisi idi. Yaxşı kitab, kino, teatr, musiqi rus xalqının bu dahi övladının həyatını yüksək zövqlə zinətləndirirdi.

N.Qusev və  A.Qoldenveyzer  “Lev Tolstoy və musiqi”də elə bu barədə danışır:

          “Kreyser sonatası”ndan söz gedəndə deyilir ki, musiqi təkcə insanı bəlli  duyğulara  kökləmir, həm də bəzi hərəkətlərə çağırış rolunu oynayır, deməli, təkcə insanın  duyğularına deyil, həm də onun iradəsinə təsir edir.

Tolstoy özü də bəzən “Kreyser sonatası”nı ifa edərmiş. Qadın yazıçı L.Qureviç özünün Tolstoy  haqqında 1895-ci ilə aid xatirələrində   deyir: “Mən onu royalda skripka ilə “Kreyser sonatası”nı ifa edən gördüm. Onun nota bir qədər yaxınlaşdırılmış siması  kəskin və işıqlı-ciddi idi”

Rus musiqisinə Tolstoyun münasibəti necə olub?

S.Taneyev yazır ki, Lev Nikolayeviç  rus xalq musiqisinin – mahnıların, rəqslərin, balalaykanın, gitaranın, qarmonun  vurğunu olub. Onun müasiri olan insanların çoxu kimi o da qaraçı mahnılarını xoşlayarmış.  Rus musiqisinə (xalq musiqisindən söz getmir) Lev Nikolayeviç, nə  qədər qəribə olsa da, az bələd imiş.  Nadir hallarda operaya gedərmiş.  Yalnız  onu xatırlayıram ki, bircə dəfə  Vaqnerin “Ziqfrid”  tamaşasına gəlib, bir də  Rubinşteynin “Feramors” tamaşasının  məşqinə.

Lev Nikolayeviç  musiqini dinləyəndə, əgər ifa olunan və ya ifaçı onun xoşuna gələrdisə, musiqi onu son dərəcə bərk tutardu.  Bəzən özünü saxlaya bilmir və ifanın gedişində  bəyənircəsinə inildəyər və  hətta səslənərdi:  - O-oo! Çox vaxt gözlərindən yaş axardı. Öz sevimlisi Şopendən nəyisə dinlədikdə səslənərdi:

-Bax, belə yazmaq lazımdır! Yaxud da – Das ist Musik!

 Mən artıq söylədiyim kimi, Lev Nikolayeviçin sevimli bəstəkarı Şopen olub.  Görünür, Şopenin fərdiliyində nəsə ona daha yaxın duyğular vardı. Lev Nikolayeviç   Şopendən hər şeyi: balladalarını, skertso, si-bemol-minor sonatasını  (si-minoru mən onun üçün ifa etməmişəm və onu dinləyib-dinləmədiyi barədə bir söz deyə bilmərəm), nöktürnlərini, polonezlərini (özəlliklə lya-major, do-diez-minor, mi-bemol-minor və lya-bemol-major, valslar)  xoşlayırdı.  Prelyüdiyaları xüsusilə sevirdi və mən onların hamısını ona ifa etmişdim. Hər dəfə 1-cini təkrar bir də ifa etməyimi istəyərdi. Fa-diez-major,  re-bemol-malor, re-minor və digərlərini çox sevərdi.  Mazurkaları da çox sevirdi.  Bir dəfə ona  birnəfəsə on-on iki mazurka ifa etdim və o, bu musiqiləri tərifləməyə söz tapa bilmirdi. Bir çox etüdləri də, məsələn,  mi-major və do-diez-major (25-ci bəstə) və  hər iki do-minorları da bəyənirdi.

         Şopen  musiqisini dinləyərkən, Lev Nikolayeviç, onun öz sözlərinə görə,  “dolğun bədii məmnunluq duyğusu,bu məhz belə olmalıdır – izafi heç nə yoxdur, yarımçıq heç nə qalmayıb   duyğusunu” yaşayırdı.

Musiqidən aldığı təəssürat  Lev Nikolayeviçdən xeyli müddət silinib getmirdi. Bir dəfə dedi:

-         Mən yatağa uzanmaq istəyəndə uzunboğaz çəkmələrimi çıxarıram, onlardan da hansısa bir motiv  hoppanıb çıxır.

Ona ruhən yaxın olan sadə insanlar Lev Nikolayeviçin  yanında olanda  bəzən onlara musiqi dinləməyi təklif edərdi. Əfsuslar olsun ki,  hazırlığı olmayanların ciddi musiqini qavramasına o (özəlliklə də fortepiano musiqisi) az təsir edir. Musiqi onlar tərəfindən  əlaqəsiz səslər yığını kimi qavranılır.  Daha səmimi olanlar açıq şəkildə etiraf edirlər ki,  bir şey anlamayıblar, digərləri Lev Nikolayeviçin xətrinə dəyməməkdən ötrü,  ya da  saxta  özünüsevərlikdən öz məmnunluqlarını dilə gətirməyə çalışır, amma bu onlarda çox pis alınırdı. Çox nadir hallarda musiqiyə həssas olan, Şopeni dərk edən tapılırdı. Adətən bu, re-minor prelyüdiyalar, polonezlər, hətta sol-minor balladalar  (Lev Nikolayeviçin  ən çox bəyəndiyi əsərlərdən biri) kimi  enerji ilə dolu pyeslərdə olurdu.

Ümumiyyətlə,  hazırlıqsız dinləyiciyə  bu  ciddi  fortepiano musiqisini çatdırmaq cəhdləri adətən uğursuzluqla bitirdi.  Açıq görünürdü ki, bu hal Lev Nikolayeviçi məyus edir.  O, özünü inandırmağa  çalışırdı ki, gör o nə qədər korlanıb ki, onu xalqdan uzaqlaşdıran belə bir musuqi ona xoş gəlir.

Tolstoyun -  bir insanın və bədii söz ustasının həyatında musiqi  onun ölümünədək mühüm rol oynayıb və özü etiraf etdiyi kimi,  onu bədii yaradıcılığa sövq edib.

Öz ifalarımla Lev Nikolayeviçə  bir zamanlar az da olsa, fərəh bəxş etməyim  məndə ən böyük bəxtiyarlıq  duyğusu kimi qalmaqdadır”.

Spirtli içki bəşər nəsli gələcəyinin ən qəddar düşmənidir – bunu çoxları, lap çoxları bilir. Heç bir fəlakət, heç bir cinayət əyyaşlığın məhv etdiyi qədər insan və sərvəti məhv etmir. Tolstoy yaxşı anlayırdı ki, içkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu isə fəlakətdir. “Ağlımızı başımıza yığmalıyıq!” da  Lev Niklayeviç  əyyaşlığa  qarşı ciddi mübarizədə xalqın gücünü səfərbər edir:

 “Mən bütün varlığımla, - detə Tolstoy  1890-cı ilin yazında öz məktublarından birində yazırdı, -  bu müdhiş fəlakətə qarşı hər hansı mübarizəyə  tərəfdaram və bu fikirdəyəm ki,  bizim zəmanədə  hər hansı sağlam düşüncəli adam, əyyaşlıqdan doğan bütün pisliklərdən ötrü  bu məsələyə  laqeyd  qalmamalıdır”.

Artıq  60-cı illərin məqalələrində Tolstoy uşağın saf qəlbinə onun əhatəsindəki içən adamların  məhvedici təsiri haqqında məsələ qaldırırdı. “Tərbiyə  və  təhsil”  məqaləsində uşağını gimnaziyaya qoya bilmiş və tezliklə öz Vanyasını “yad dildə danışan, yad ağılla düşünən, siqaret çəkən və çaxır içən”  gördükdə, valideynlərin  düşdüyü çaşqınlığı və yaşadıqları məyusluğu təsvir etmişdir.

1884-cü ilin martında Tolstoy gecə Qızlar çölündə on beş yaşlı sərxoş əxlaqsız  qızı görür. Onun barəsində V.Q.Çertkova yazır: “Qız görkəmcə mənim 13 yaşlı Maşam kimiydi... səsi xırıltılı, sərxoş... bomboz, qocalmış, vəhşi sifət”. Bu epizod  “İndi biz nə edək?”  risaləsinin XXIV fəslində yer alır. Həmin bu əsərdə,  fəhlələri şirnikdirib cəlb etdikləri traktirlərin və içkixanaların  geniş yayıldığını ifşa etməklə, yazıçı  şəhər adamının sərxoşluq  “bayramlarının”  parlaq mənzərəsini yaradır. Tolstoyun  Moskva təəssüratları digər yerlərdə gördükləri ilə təsdiqlənirdi.  1885-ci ilin martında  Orlov quberniyasının  Dyatkovsk  şüşə zavoduna  yolu düşən Tolstoy  arvadına yazırdı: “Qadın və kişilərdə sağlam sifət görmək çətindir, taqətləri qalmamış və yazıq insanlar – dərin uçurum”.

Tolstoy  bütün qüvəsi ilə insanlara, xüsusən gənclərə və uşaqlara əyyaşlığın  zərəri  və  sağlam həyat tərzinin üstünlüklərini təlqin etməyə çalışırdı.

1888-ci ilin  yanvar-mart ayında  “Posrednik”də  əyyaşlıq barədə  dörd  kitabça çıxır. “Özümüzə  gəlmək  zamanıdır” broşurundan əlavə, Tolstoyun 1887-ci ildən Çitadan tanıdığı həkim-inspektorun  müavini P.S. Alekseyevin  “Tünd içkilərin zərəri haqqında”  və  “İndiki zamanın dərdinə nəylə çarə edək? – Əyyaşlığı necə dayandıraq?” adlı kitabçaları da nəşr olunur. İkinci nəşrin nüsxəsi indi də   Tolstoyun Yasnaya Polyanadakı kitabxanasında  saxlanılır.  33 səhifəlik kitabça  geniş oxucu kütləsinə ünvanlanıb. “Elə bir zaman gəlib ki, - deyə burada yazılır, - yalnız özünə qapanmış  və  özü üçün yaşayan hər bir insan əyyaşlığın ayrı-ayrı fərdlərə və bütün cəmiyyətə gətirdiyi ziyanla tanış olmalıdır”.

1889-cu ildə Mockvada pasxanın birinci günündə Tolstoy  küçədə sərxoşlara şərab əleyhinə kitabçalar paylayır. Onun gündəliyinin 9 aprel günündə yazılıb: “Yolboyu sərxoşlara vərəqlər paylayırdım. Onlarla yaxşıca danışdım. Şərab və tənbəki pozqunluğunun müdhiş sifəti var”.  Bir həftə sonra yazırdı: “Konkada kitabça verdim, sözümü dedim və ürəyim sakitləşdi”.

Tolstoy  söhbətlərinin birində acı təəssüflə deyir: Çar araq alveri edir. Bu, onu xalqın gözündən salır”.

1901-1902-ci illərdə Tolstoy  xəstəliyi ilə əlaqədar Krımda yaşayır. Burada  da içki düşkünü olan adamlar barədə  düşüncələr və müşahidələr ona rahatlıq vermir.

Tolstoyu müalicə edən həkim K.Volkovun xatirələrində deyilir:

“Qasprada Lev Nikolayeviçə  o vaxtlar Yaltada yaşayan N. çox tez-tez baş çəkirdi. Lev Nikolayeviçin onun barəsində sözlərini xatırlayır:

 – Görünür ki, içəndir. İnsanda nəsə donuqluq, hərəkətsizlik müşahidə olunur. Spirt anatomik preparatları konservləşdirdiyi kimi, eləcə də  əyyaşın ruhunu və ağlını konservləşdirir”.

Lev Nikolayeviç güclü olduğu qədər sadə, sadə olduğu qədər də güclü insan idi. Onun üçün “İnsan” anlayışı hər şeydən yaxın və doğma idi. Və dahi yazıçı özü üçün bu qədər əziz olan insandan heç bir köməyini, bacarığını, qabiliyyətini əsirgəmirdi.

Yevgeni Şapovalov “Tolstoy  haqqında hekayələr”ində bunu digər müəlliflər kimi böyük insana qəlbində bəslədiyi ehtiram hissləri ilə qələmə alır:

 “Səhər Lev Nikolayeviç böyründəki ağrıdan şikayətləndi və dedi ki,  bir az yaxınlıqda açıq havada gəzib-dolaşacaq.  O gedən getdi.  Gün günorta yerində idi, ondansa xəbər yoxdu. Qrafinya Sofya Andreyevna narahat oldu ki, birdən kişi çöldə haradasa  yıxılıb qalar. Mən bütün tanış başqırdlardan xəbər aldım, gölün qıraqlarına göz gəzdirdim, onu tapa bilmədim.

Xutora qayıdıb, olanı dedim. Belə olduqda, Sofya Andreyevna  dedi ki,  onu Qavrilovkada və Petrovkada axtarım, bəlkə Lev Nikolayeviç oralarda kiminsə yanında ilişib qalıb.

-         Əgər alihəzrətə oralarda rast gəlməsən, heç bilmirəm nə edim, – qrafinyanın qanı qaralmışdı.

-         Tapılar, - deyə ona ürək-dirək verdim.

Hə, əvvəlcə Qavrilovkaya yollandım, oradan Petrovkaya üz tutdum. Kəndli kişilərdən və arvadlardan soruşdum: Lev Nikolayeviç kənddən keçib getməyib ki? Adamlar mənə istehza edir,  məsxərəyə qoyurdular: hə, ağanı itirmisən? Bu yerdə bir oğlan mənə yaxınlaşıb dedi ki,  Lev Nikolayeviç səhər tezdən Petrovkaya quru dərə tərəfdən gəlib və bu saat Semyon İqumnovun evində sobanı hörür...

Oğlanın dediklərinə inanmadım, axı soba ustası məsələsini indiyədək heç Lev Nikolayeviçin  özündən də eşitməmişdim. Lev Nikolayeviçin  əlindən gələn bütün işlər mənə bəlli idi, amma soba işi barədə bir söz eşitməmişdim.

İqumnovun daxmasına yaxınlaşdım, həyətə keçdim, gördüm, deyilən doğruymuş - Lev Nikolayeviç iş başındadır. Əlləri gil palçığa bulaşıb, önlük əvəzinə çındır kisə bağlayıb.  Lev Nikolayeviçə diqqət etdim, kərpic götürmək üçün sərbəstcə əyilir, sonra belini düzəldirdi.  Gör ha,- özlüyümdə düşündüm, - evdən nasaz  halda çıxıb, burada isə heç nə olmayıbmış kimi belə bir çirkli işlə məşğuldur.  

-         Gəlib çıxdın? – hirsli halda deyindi. -  Əlindən bilmirəm hara qaçım?

Sonra azca qımışdı və xəbər aldı:

-         Nə üçün gəldin?

-         Sizin dalınızca, Lev Nikolayeviç, - cavab verdim. Sofya Andreyevna bərk narahatdır.  Ağıllarına hər şey gəlir, deyirlər birdən çöldə hardasa yıxılıb qalmış olarsınız.  Axı evdən nasaz halda çıxmışdınız...

Məni dinləyib, Lev Nikolayeviç sorğu-sualına davam etdi:

-         Bəs sən özün necə, Zaxaruşka, bu gün ağrıyıb eləmirsən?

Bilmədim ona nə cavab verim. Ona xoş gəlsin deyə, dilləndim ki, elə mən də sən gündəyəm, nasazam.

-         Onda kərpicləri bir-bir mənə ötür. Tezcə işi bitirək və gedək evə.

 Bu yerdə Sofya Andreyevnanın ərinin harada olduğunu bilən kimi xutora dönmək tapşırığı yadımdan çıxdı. Başımız işə qarışdı. Lev Nikolayeviç sobanı hörür, mən bir-bir kərpicləri verir, İqumnov isə həyətdə arvadı ilə gil yoğururdu. Lev Nikolayeviçin məharətlə sobanın tağını necə hörüb çıxardığına baxdıqca, maraqdan özümü unutmuşdum. Bunu o da duydu və qımışdı:

-         Hə, necədir? Sən, Zaxaruşka, soba hörməyi bacarırsa?..

-         Bilirəm, - deyə cavab verdim. – Kişi xeylağı öz təsərrüfatında hər  işi özü bacarmalıdır.

-         Doğrudur, -  Lev Nikolayeviç razılaşdı, - mən də belə hesab edir və buna əməl edirəm.Bunu Semyonun işində öyrənmək qərarına gəldim, - deyə sözünə davam etdi. – Görürsən, alınır.

İqumnov hazırladığı gil palçığı ilə daxmaya girdi. Biz ikilikdə, Lev Nikolayeviçlə birlikdə işi tezləşdirdik.Ona kərpic çatdırmaq olmurdu.

Bu arada İqumnovun arvadı Lev Nikolayeviçə süfrə açmaqdan ötrü əl-ayağa düşdü, biz isə əl-qolumuzu yumaqdan  ötrü həyətə çıxdıq. Bir vedrə su gətirdim və Lev Nikolayeviçin əlinə su tökdüm. Onun əllərinə baxdıqca, heyrət məni bürüyürdü: biləyini dirsəyədək çırmamışdı, tüklü, sağlam əl-qolu vardı,  heç də  ağa əllərinə oxşamırdı. Sonra köynəyinin yaxasını açdı, birbaşa vedrədən suyu başına əndərməyi əmr etd:.

-         Yaxşı sudur – adama ləzzət edir. Beynimə aydınlıq gəldi, - dedi və sonra daxmanın həyətinə göz gəzdirərək soruşdu:

-         Sənin, Zaxaruşka, daxmada bir şeyin qalmadı ki?

-         Yox, qalmadı, - dedim – Necə bəyəm?

-         Onda getdik. Deyirsən Sofya Andreyevna narahatdır?

Dedim ki, hə, onun səhhətinə görə yamanca narahatdır və onu tapmaq üşün çölü necə ələk-vələk etdiyimi danışmaq istədim. Mənə qulaq asmadı və atları hazırlamağı əmr etdi. Atın qarınaltısını, tapqırı özü çəkib bağladı, cilovu taxdı. Cəld tarantasa  əyləşib üz tutduq öz xutorumuza doğru.

Lev Nikolayeviç  yol gedərkən mənim sağlamlığımı, ağrıyıb-ağrımadığımı xəbər aldı. Bayaq  ona nasaz olduğumu dediyim yadımdan çıxmışdı, bəlkə də ona görə ki, indi əhvalım əla idi.  Cavab verdim ki, yaxşıyam və onun ağrıyan böyrü barədə  soruşdum:

-         Xeyr, ağrıyıb - eləmir, - bu saat özümü əla hiss edirəm.  Naxoşluqdan qorunmaq üçün ən doğru çarə - əməkdir.

-         İqumnov isə bizdən inciyəcək, - ona xatırlatdım.  Biz onun həyətindən, Lev Nikolayeviç, oğrular kimi qaçdıq.

-         Heç nə olmaz, - dedi, - bizsiz də ötüşər...”

 

Tolstoy təhsilinə yekun vura bilməsə də, onun ən böyük universiteti, ən müqəddəs maarif ocağı yaxşı kitablardan ibarət böyük kolleksiyası oldu. Kitablar həyatın ən uzaq və qaranlıq yollarına nur bəxş edən əfsanəvi çıraq kimi onun sadiq həmdəmi oldu. Onun qələminin gördüyü işi qılınc görə bilmədi.

Tolstoyun Yasnaya Polyana kabinetində heç bir bəzək-düzək olmayıb. Lakin hər zaman gözünün qarşısında olmasını istədiyi Dikkensin portreti olub. “Düşünürəm ki, Çarlz Dikkens  XIX əsrin ən iri roman yazıçısıdır”,  -  Tolstoy belə deyib.  Onun ədəbiyyat haqqında qeydlərində və söhbətlərində  arabir Dikkensin “Devid Kopperfild”, “Dombi və oğlu”, “Pikvik klubunun ölümündən sonrakı qeydləri”, “İki şəhərin hekayəti”, “Köhnə günlərin köşkü”, “Martin Çezlvet”, “Bizim ümumi dostumuz” və “Tətil günlərində roman” əsərlərinin adı çəkilirdi.  “Dikkensin hansı səhifəsini açırsan, əladan əladır” – deyə Tolstoy  heyranlığını gizlətməzdi. 

Tolstoy  Puşkininn “Xatirələr”ini, Lermontovun “Sirli soyuq yarımmaska altından”,  Nekrasovun “Qisas və kədər muzası, sən sus”, Baratınskinin “Ölüm”, Tyütçevin “Silentum”, Xomyakovun “Ulduzlar”, Fetin “May gecəsi”ni çox sevərmiş.

Tolstoyun sevdiyi şeirlərdən kiçik bir antologiya düzəltmək mümkün idi  və bu, onun  fəlsəfi lirikasının birinci dərəcəli örnəkləri olardı.

Tolstoy   kitablara münasibətdə zövqünü və baxışlarını  dəyişdirər, lakin öz kitabxanasını heç vaxt dəyişdirməzdi. Bu kitablar arasında onun öz dostları, mübahisə etdikləri, həmsöhbət olduqları vardı.  Bu saralmış səhifələrdə etdiyi qeydlərdə  onun Viktor Hüqo, Gertsen, Qoqol ilə heyrət doğuran dialoqlarına rast gəlinir.

Onun müxtəlif müəlliflərdən oxuduğu kitablara, məqalələrə beşballıq sistemlə qiymət qoymaq şakəri vardı. Təfərrüatı ilə danışmağa imkanı olmadığı  bir çox əsərlər haqqında öz rəyini bu şəkildə bildirmiş olurdu.

Tolstoy  kitablarda səmimiliyi çox yüksək qiymətləndirirdi. Ədib yazıçıdan yazıçıya fərqi görürdü, məsələn, Semyonovda səmimiliyi, Çexovda bədii istedadı qiymətləndirirdi.  Tolstoy  Çexovun ilk hekayələrini hələ 80-ci illərdə oxumuş və onun bənzərsiz yazıçı olduğunu bildirmişdi: “Onun Mopassana oxşarlığı və istedadı var” – demişdi.

Tolstoy 1878-ci ildə Peterburq İctimai Kitabxanası bədii ədəbiyyat şəbəsinin müdiri olan V.Stasov ilə tanış olur. Aralarında dostluq münasibəti yaranır.  Stasov Yasnaya Polyanada və  yazıçının Xamovnikidəki (Moskva) evində olur. O, nadir kitabxana və arxiv materialları tələb edən  bir sıra əsərlərin yaranmasında əvəziz köməkçiyə çevrilir. “Dekabristlər”, “Sənət nə deməkdir”, “Dirilmə”, “Hacı Murad”  kimi əsərlərin yaranma tarixçəsində  Stasovun köməyi danılmazdır. Təkcə kitabları deyil, yeşiklər dolusu arxiv materiallarını, sənədlərdən çıxarışları Yasnaya Polyanaya göndərir. “Dekabristlər” əsəri üzərində işləyərkən Tolstoyu belə bir  psixoloji sual maraqlandırır: I Nikolay dekabristlərin edamına necə baxıb, bu cəzanın ədalətli olub-olmadığına şübhəsi olubmu?

Stasov Tolstoy üçün  “5 dekabrist  asılarkən  riayət edilməli olan hərbi və digər ayinlər haqqında I Nikolayın öz əli ilə yazdığı sənədin surətini” tapıb göndərir.

Tolstoy  “Hacı Murad” romanı üzərində işləməyə başlayanda Stasov onun bədii işə qayıdışına sevinərək onu materiallarla bol-bol təmin edir. “Sizə həddən çox kitab göndərdiyimə  bir söz demədiyiniz üçün - deyə Stasov yazır, - sizə avar tayfası haqqında ən vacib kitabların və məqalələrin  siyahısını göndərirəm. Sizə gərək olmayanların üstündən xətt çəkin, xətt  çəkmədikləriniz, yəni sizə gərək olanları o saat göndərəcəyəm”.

Doxsan cildlik  külliyyatın müəllifi olan Tolstoy, öz gündəliyində yazır: “Həyatın boyu bir  yaxşı kitab yazmaq həddən artıq yetərlidir”. Və nöqtə qoyur. Sonra düşünüb və əlavə edir: “Oxumaq da”.

 

                                          Ardı var



Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM