Publisist-politoloq
XIX əsrin 40-cı illərindən Şərq mövzusu rus mətbuatı səhifələrində möhkəm yer tutmuşdur. Şərqin, onun xalqlarının taleyi və mədəniyyəti Dostoyevski, Turgenev, Nekrasov, Qonçarov, Qleb Uspenski, Şedrin, sonralar isə daha geniş dərəcədə Çexov, Korolenko və Qorkini dərindən maraqlandırmışdı. Onların hər biri öz ideya mövqeyindən və gücləri çatan qədər Şərq xalqlarının var-yoxdan çıxarılmasına, zülmə düçar edilməsinə qarşı çıxmış, onların dərdinə şərik olmuş, hüsn-rəğbətlərini ifadə etmişdilər. Şərqə maraq XVIII və XIX əsrlər Rusiyasının bütün ideya-ictimai və ədəbi həyatının əsas istiqamətlərindən biri olmuşdur.
Şərq nağıllarının tərbiyyəvi təsiri o qədər güclü olmuşdur ki, Tolstoy ömrünün sonuna qədər onlara tez-tez qayıtmışdır. 1868-72-ci illərdə tərtib etdiyi “Yeni əlifba” və 4 qiraət kitabına “Min bir gecə” nağıllarından 10-a qədər nümunə daxil etmişdi. 1879-cu ildə şair A. A. Fetə yazdığı bir məktubda “Min bir gecə” nağıllarını mütləq oxumağı ona məsləhət görürdü. 1894-cu ildə müəllim V.F.Lazurski ilə ilə müsahibələrinin birində ərəb nağıllarını gənclərə oxumağın pedaqoji xeyrindən danışmışdı. Bir sıra əsərlərində o, bu və ya digər fikrini əsaslandırmaq üçün Şərq nağıllarına müraciət etmişdi (“Etiraf”, “Bəs biz nə etməliyik?”, “Bu doğrudanmı belə olmalıdır?”, “Bizim əsrin köləliyi” və s. məqalələri ). “Kreytser sonatası”nda, o, Pozdnışevin dili ilə “Min bir gecə” nağıllarından birini söyləmişdi. Belə misalların sayını xeyli artırmaq olar.
Tolstoyun həyatında Şərq mədəniyyətlərinin öyrənilməsi, Şərq xalqlarının təmsilçiləri ilə ünsiyyət digər böyük rus yazıçılarının həyatında olduğu ilə müqayisədə daha böyük yer tutmuşdur. Şərqin mədəniyyət xadimləri ilə onun gündəlik əlaqələri rus yazıçılarının zülm altında olan Şərq xalqları ilə dostluq, qardaşlıq və həmrəyliyinin yeni mərhələsi ilə əlamətdar idi.
Lev Tolstoy Şərqin qədim təlimləri ilə öz sələflərindən daha çox maraqlanır və onları öyrənirdi. O, rus yazıçıları arasında birinci olaraq Asiya və Afrika xalqlarının mütəfəkkirləri ilə şəxsi əlaqələr qurmuş və bununla da rus mədəniyyəti ilə Şərq xalqlarının mədəniyyətləri arasında bir növ canlı körpü yaratmışdı.
A.İ.Şifman “Lev Tolstoy və Şərq”də əhəmiyyətli məsələlərə toxunur
Tolstoyun Çin publisistləri Çjan Çin-tun və Ku Hun-min, Hindistanın azadlığı uğrunda görkəmli mübariz Mahatma Qandi və digər hind xadimləri (A.Ramazesxan, Baba Bharati, Qopal Çetti, Taraknath Das), yapon ədibləri K.Senuma, Masutaro Konisi, Tokitomi Roka, Ave İsoo, Asiya və Afrikanın onlarca yazıçısı, publisisti, filosofu və ictimai xadimi ilə yazışmaları, onların bir çoxunun Yasnaya Plyanaya gəlişi - bütün bunlar mədəni dəyərlərin geniş mübadiləsinə və rus ədəbiyyatının Şərqdə populyarlaşmasına rəvac verirdi.
İmperializm dövrünün başlanması ilə Tolstoy dünya yazıçılarından birinci olaraq, Asiya xalqlarının müstəmləkə istismarından müdafiə olunması yönündə çıxışlar edirdi. Onun “İndi biz nə etməliyik?”, “İki müharibə”, “İtalyanlara”, “Vətənsevərlik və hökumət”, “Bizim çağın köləliyi”, “Ağlınızı başınıza yığın”, “Çinliyə məktub”, “Hindliyə məktub” və bir çox məqalə və bəyannamələri Şərq və Qərb ölkələrində geniş yayılmışdı.
Nəhayət, Tolstoy, onun müasiri olan yazıçılarla müqayisədə rus ictimaiyyətinin Şərq mədəniyyətləri ilə tanış edilməsində daha çox işlər görmüşdü: Asiya xalqlarının folklor əsərlərini tərcümə edir, qədim mütəfəkkirlərin təlimləri haqqında məqalələr yazır, Rusiyada Şərqin böyük müdrikləri haqqında kitabların nəşrinə kömək edirdi. Şərq insanları ilə gündəlik əlaqə, Şərq xalqlarının müstəmləkə iddialarından müdafiə olunması, onların mənəvi dəyərlərinin Rusiyada təbliği - Tolstoyun çoxyönlü yazıçılıq və ictimai fəaliyyətinin mühüm tərəflərindən biri idi.
Hindistanın məşhur ictimai xadimi və filosofu Mahatma Qandi “Mənim həyatım” adlı tərcümeyi -halında qeyd edir ki, hələ gənclik illərində Tolstoyla maraqlanmış, onun əsərlərini oxumuş və Tolstoyun ona böyük təsiri olmuşdur. Sonralar Qandi Tolstoyla məktublaşmışdır. Həmin məktublardan ikisi “Literaturnaya nasledstvo” jurnalının 1939-cu ildə Tolstoya həsr olunmuş 37 – 38-ci nömrəsində çap edilmişdir. M.Qandinin məktubu 1909-cu il oktyabrın 1-də, Tolstoyun ona cavabı isə 1909-cu il oktyabrın 7-də yazılmışdır. Bu məktublarda Tolstoyun müstəmləkə şəraitində yaşayan Afrika xalqlarının taleyi ilə maraqlandığı əks olunmuşdur. Aşağıda həmin məktublardan parçaları təqdim edirəm:
“Hörmətli cənab!
Mən cəsarət edib, demək olar ki, üç ildən bəri Cənubi Afrikada nələr baş verdiyinə sizin diqqətinizi cəlb edirəm.
Bu müstəmləkədə demək olar ki, 13000 Britaniya hindlisi vardır. Bu hindlilər bir çox illərdən bəridir ki, onlar üçün yaradılmış müxtəlif hüquq məhdudluğundan əzab çəklirlər. Qaralar əleyhinə, bəzi cəhətlərdən isə, ümumiyyətlə, asiyalılar əleyhinə çıxmaq cəhdi bu ölkədə çox güclüdür. Məsələ asiyalılarla əlaqədar olduğuna görə, belə bir cəhd ticarət rəqabəti ilə izah olunur. Üç il bundan əvvəl yalnız asiyalılar üçün nəzərdə tutulmuş xüsusi qanun həyata keçirilməyə başladığı zaman bu cəhd özünün ən yüksək zirvəsinə çatmışdır. Həmin qanundan isə məqsəd, mənim və bir çox başqalarının fikrincə, yalnız budur ki, o qanun kimin əleyhinədirsə, onlar alçaldılsın və insanlıq ləyaqətindən məhrum edilsinlər... Britaniya hindlilərinə vəziyyəti başa salanda, onlar dedilər ki, həmin qanuna tabe olmayacaqlar, həbsxanaya düşməyi və onlara verilə biləcək hər növ cəzanı belə bir qanundan üstün tuturlar. Bunun nəticəsində hindli əhalinin, demək olar ki, yarısı bu gərgin mübarizəyə və həbsxana əzablarına dözməyib, biabırçı qanuna tabe olmaqdansa, Cənubi Afrikadan sürgün olunmağı üstün tutdu. Əhalinin qalan yarısından isə demək olar ki, 2500 nəfər adam öz vicdanının səsinə qulaq asaraq həbsxanaya düşdü, onlardan bəzisi lap beş dəfə həbsxanaya girib -çıxmışdır. Həbslərin müddəti dörd gündən altı aya qədər olmuş, həbs olunanlar çox zaman katorqa işlərinə göndərilmişlər. Hindlilərin çoxu maddi cəhətdən tamamilə iflasa uğramışlar, hal-hazırda Cənubi Afrika həbsxanalarında 100-ə qədər belə məhbus vardır. Onların bəziləri elə lap əvvəldən, öz gündəlik çörəyini güclə qazanan yoxsul adamlardır. Buna görə də onların arvadlarını və uşaqlarını ictimai ianə ilə dolandırmaq lazım gəldi. Həmin ianəni isə həbsxanalardakın özləri kimi zülmə müqavimət göstərməyən yoxsul adamlar toplamışdır. Belə bir vəziyyət Britaniya hindlilərinin halını çox ağırlaşdırsa da mənim fikrimcə, onlar yenə də bu ağır vəziyyətin yüksəkliyində dayandılar. Mübarizə hələ də davam edir və nə vaxt qurtaracağı da məlum deyildir... Bildik ki, mübarizə bizim zəifliyimizdən asılı olaraq uzanır, çünki bizim zəifliyimizi görəndə, hökumətdə belə bir fikir əmələ gəlir ki, bizim uzun müddət əzaba və məhrumiyyətlərə dözməyə gücümüz çatmaz.
Mən bir dostumla buraya gəlmişəm ki, imperiya hökumətinin bəzi şəxsləri ilə görüşüm, onlara vəziyyəti izah edim və belə bir ədalətsizliyi aradan qaldırmağı onlardan xahiş edim”.
Tolstoyun Qandiyə cavabı:
“Sizin mənim üçün olduqca maraqlı və mənə böyük sevinc gətirən məktubunuzu indicə aldım. Cənubi Afrikadakı əziz qardaşlarımıza və həmkarlarımıza Allah özü kömək eləsin! Zəifin rəhimsizə qarşı, məzlumluğun və məhəbbətin təkəbbür və zülmə qarşı eyni mübarizəsi gündən –günə bizdə də daha çox təzahür edir, xüsusilə dini qanun dünyəvi qanunla çox bərk toqquşduğu bir yerdə - hərbi xidmətdən imtina etməkdə özünü göstərir. Hərbi xidmətdən imtina etmək çox-çox baş verir...
Mənim məktubumun hind dilinə tərcümə olunub yayılmasına mən yalnız sevinə bilərəm... Sizi qardaşcasına təbrik edir və məktublaşdığımıza sevinirəm”.
Tolstoy köləlik və zorakılıq dünyasına qarşı barışmaz idi. Özünün hər şeyi bağışlamaq təliminin əksinə olaraq, o, zülmkarları heç vaxt bağışlamır, yalan və istismar üzərində qurulmuş cəmiyyəti əfv etmirdi. Həyatın hakim quruluşunun onun şəxsində barışmaz düşməni vardı. Tolstoy dəfələrlə və var qüvvəsi ilə hakim quruluşa özünün məşhur “Karfagen dağıdılmalıdır!” bəyannaməsini ünvanlamışdı.
“Həyatın mövcud quruluşu - deyə, o, Avstriya yazıçısı Eugen Henrixə yazırdı, - uçurulub dağıdılmalıdır... Hər növ despotizm məhv edilməli və azadlıqla əvəzlənməlidir, bir sözlə, zorakılıq məhv edilməli, insanların sərbəst və könüllü birliyi ilə əvəz olunmalıdır”.
Onun sələfləri və müasirləri olan ən yaxşı rus yazıçıları və alimləri kimi Tolstoy da bəşər tarixinin erkən çağlarında yüksək mədəniyyət və sivilizasiya yaratmış Asiya və Afrika xalqlarına dərin hörmət bəsləyirdi. Tolstoy Şərq mədəniyyətlərində yalnız durğunluq və gerilik görən burjua “mütərəqqiliyinin” məddahlarının onlara təkəbbürlü münasibətini bölüşmürdü. Əksinə, yazıçı Şərqin mədəni dəyərlərini sağalmaz xəstəliklərə tutulmuş Qərb sivilizasiyasına qarşı qoyurdu. O inanırdı ki, məhz müdrik Şərq xalqları insanlığa ən yaxşı gələcəyin yolunu göstərəcəkdir.
Öncə onun Şərq fəlsəfəsinə yanaşmasının spesifik xarakterini qeyd etmək gərəkdir. Tolstoy Çin, Hindistan, Yaponiya, İran və digər Şərq ölkələrinin qədim mütəfəkkirlərinə böyük ehtiram bəsləyirdi. Lakin onu fəlsəfə tarixi və ondakı istiqamətlər deyil, şüurun və varlığın münasibətlərini onların necə təfsir etdikləri deyil, qədim dövrün böyük mütəfəkkirlərinin həyatın mənasını, insanın rolu və təyinatını necə anladıqları, onların mənəvi prinsiplərinin necəliyi maraqlandırırdı. Onların əsərlərində Tolstoy hər şeydən öncə insanlığın əldə rəhbər tutmalı olduğu ali mənəvi qanun olaraq ümumdünya məhəbbəti haqqında fikirləri arayıb-axtarırdı.
Şərq mütəfəkkirlərinə subyektiv yanaşmanın nəticəsində Tolstoy bəzən yetərli əsas olmadan onlardan bəzilərini ucaldır, ideallaşdırır və bununla yanaşı, bir zamanlar böyük mütərəqqi rol oynamış digər görkəmli filosofları lazımınca qiymətləndirmirdi. Bəzi hallarda da əks mövqelərdə dayanan filosoflara eyni gözlə baxırdı. Məsələn, bir çox məsələlərdə fərqli mövqelərdə dayanan Konfutsi və Lao-Tszını yaxınlaşdırırdı. Çox vaxt İsa, Məhəmməd, Budda, Konfutsi və digər dini təlimçiləri yalnız bir əlamətə görə eyni sıraya düzürdü ki, onlar öz təlimlərini insanın qəlbini fəth etməyə yönəltmişdilər.
Tolstoy İran mədəniyyətinə böyük maraq göstərib və onu hər zaman yüksəkdə tutub. Qədim İran ədəbi abidələrini və eposunu öyrənərək, Hafiz, Sədi və Firdövsi yaradıcılığından vəcdə gələrək, onlardakı incə poetikliyi, həqiqi xalq müdrikliyini, insansevərliyi qeyd edirdi.
İran mədəniyyət tarixi, onun görkəmli ədəbi abidələri ilə Tolstoy həm rus, həm də xarici qaynaqlara əsasən tanış olurdu. Onun kitabxanasında İran tarixinə dair bir sıra kitablar saxlanılırdı.
Hafiz yaradıcılığı ilə Tolstoy Qərbi Avropa tərcüməsində hələ gənc yaşlarında tanış olmuşdu. Sonralar, 1859-cu ildə, bu şairi rus dilinə tərcümədə, Afanasi Fetin ona göndərdiyi əlyazmada dəfələrlə oxumuşdu.
Hafizin adı həmin vaxtlarda Tolstoy və Fetin bir sıra məktublarından keçir. 1859-cu ildə İvan Turgenev Hafiz şeirlərinin alman nəşrini Fetə hədiyyə edir və o, bu şeirlərə uyaraq onların tərcüməsinə girişir. Tolstoy bu təşəbbüsün uğur qazanacağına inanmır, güman edir ki, Hafizin fəlsəfi poeziyası Fetin lirik istedadına yaddır və onun bu niyyətinə kinayə ilə yanaşır, buna “hafizlik etmək” deyirdi. Fet 1859-cu ilin noyabrında Hafizdən ilk tərcümələrini Tolstoya göndərəndə, bu “tərcümənin tərcüməsi” ona xoş gəlmir. Amma Hafizin şeirlərini “Russkoye slovo”nun 1860-cı il sayında Fetin tərcüməsində oxuyanda bunları bəyənir.
Tolstoy Sədi yaradıcılığını yüksək qiymətləndirirdi. “Gülüstan”ı hələ gənclik illərində oxumuş və o zamandan bəri bütün ömrü boyu onun müdrikliyi və poeziyası barədə yüksək fikirdə olmuşdu. 1870-ci illərdə uşaqları dünya poeziyasının zənginlikləri ilə tanış etməli olan “Əlifba” və “Rus oxu kitabı” üzərində işləyərkən Tolstoy “Gülüstan”ın III fəslindən bir epizodu ayrıca nağıla çevirərək onlar üçün işləmişdi.
Sonralar, 1904-cü ildə “Oxu dairəsi” toplusuna bu kitabın rus nəşrindən çoxlu kəlamları buraya daxil etmişdi. “Oxu dairəsi” sülh, xeyir əməllər və humanizm ideallarını yaymış böyük mütəfəkkirlərin baxışlarını xalq arasında yaymalı idi. Ona görə də Tolstoy “Gülüstan”dan poetik mənzərələri və səhnələri deyil, mənəvi məzmunlu fikirləri və kəlamları seçmişdi. Onlardan bəzilərini misal göstərmək olar:
“Axmaq adamın susması daha yaxşıdır. Lakin əgər o bunu bilsəydi, axmaq adam olmazdı”.
“Tamahkarlığı olmasaydı, heç bir quş tora düşməzdi”
“Qarınqulu – hər zaman kölədir”.
“Bilik əldə etmiş, lakin ondan yararlanmayan, torpağı əkib, onu səpməyən adama bənzəyir”.
“Həlim sözlər və mehribanlıqla fili sapla yedələyib aparmaq mümkündür” və s.
Sədinin xalq arasında çoxdan bəri zərb-məsəllərə çevrilmiş bu kimi aforizmləri ilə yanaşı, Tolstoy “Oxu dairəsi”nə onun daha geniş pritça (ibrətli hekayə deməkdir- R.Mirzəzadə) və tövsiyələrini daxil etmişdi.
Dəfələrlə Sədinin kəlamlarının tərcüməsi üzərinə qayıtmaqla, Tolstoy hər dəfə onları orijinala yaxınlaşdırmaqla düzəlişlər edir, onu daha şəklə salırdı.
Tolstoy belə bir işi İran folkloru örnəklərinin üzərində də aparmaqla, rus oxucularını onlarla tanış edirdi. Fars məsəlləri və atalar sözləri Tolstoyun toplularında demək olar rusca səslənir, eyni zamanda öz ilkinliyini itirmirdi
Türk oxucuları Lev Tolstoy yaradıcılığı ilə ilk tanış edən Olqa Sergeyevna Lebedeva olmuşdur. Türk və ərəb dillərini əsaslı şəkildə öyrəndiyi Kazan Universitetini bitirdikdən sonra, o, fəaliyyətini türk və rus ədəbiyyatlarının yaxınlaşdırılması kimi nəcib bir işə həsr etmişdir. Rus yazıçılarının türk dilinə tərcüməsinin geniş planını tutaraq, Lebedeva 1881-ci ildə İstanbula gəlir ki, bu işə türk hakimiyyətindən icazə alsın. Lakin onu burada dərin məyusluq gözləyir: Lebedeva ciddi maneələrlə qarşılaşır və bu istəyinə nail ola bilmir.
Lebedeva 1889-cu ildə Stokholmda şərqşünasların konqresində tanınmış türk yazıçısı Əhməd Midhət ilə görüşür. Onun köməyi və onun redaktəsi altında Lebedeva Osmanlıda Puşkin və Lermontovun bir çox əsərlərini və Tolstoyun dörd hekayəsini nəşr etdirir.
Tolstoyun Osmanlıda erkən nəşrləri arasında Lebedevanın tərcüməsi orijinala daha yaxın olur, çünki digər tərcümələrdən fərqli olaraq o, bilavasitə rus dilindən tərcümə edilir. Eyni zamanda onun tərcümələri Əhməd Midhətin düşünülmüş redaktəsi sayəsində türk dili baxımından qüsursuz olur. Bu səbəbdən həmin tərcümələr uğur qazanır. Rus əsərləri sırasından onun qısa vaxt ərzində etdiyi tərcümələr o zaman üçün görünməmiş tirajla – 40 min nüsxədə yayılır.
Lebedevanın Tolstoy ilə yazışmaları 1894-cü ilə aiddir. Lebedeva Rusiya və Türkiyəni yaxınlaşdırmağa kömək edə biləsi əsərləri nəşr etdirmək fikrində olur. Bunun üçün böyük rus yazıçısının razılığına nail olmaq istəyir və başlanğıc üçün öz tərcümələrini Yasnaya Polyanaya göndərir. Bu tərcümələri müşayiət edən məktubunda yazır:
“Lütfkar cənab, qraf Lev Tolstoy!
Şərq dilləri ilə məşğul olarkən türk dili və ədəbiyyatını xüsusi olaraq öyrənmişəm. Bu məqsədlə bir müddət İstanbulda qaldım və bir çox ədiblərlə tanış oldum. Bu mənə imkan verdi əmin olum ki, onlar sizin möcüzə əsərlərinizi fransız tərcüməsində hərisliklə oxuyurlar və onlara əsaslanıb Sizin dühanızı qiymətləndirməyə macal tapıblar.
Onların ən populyar yazıçısı, mənəviyyat adamı və romançı Əhməd Midhət “Maarifin meyvəsi”ni türk dilinə tərcümə edib və özünün “Tərcümani-həqiqət” qəzetində dərc etmişdir.
Vətənsevər qəlbi olan hər kəsin qürur duyduğu mənim böyük həmvətənimin düşüncələri ilə onları daha çox tanış etmək istərkən, Sizin buna icazəniz olmadan bəzi gözəl hekayələrinizi, məsələn, “Ailə səadəti”, “İlyas”, “İki qoca” və “İnsanlar niyə canlıdır” hekayələrinizin tərcüməsinə cəsarət etmişəm. Əfsuslar olsun ki, qeyri-adi dərəcədə ciddi və cəfəng senzura səbəbincə əsər seçimi olduqca cətindir və hələlik yalnız bunlarla kifayətlənməli oldum. Bütün bu tərcümələr böyük uğur qazandı və göydə satıldı. “Ailə səadəti” Beyrut qəzetində ərəb dilinə tərcümə olunmuşdur”.
Tolstoy dərhal Lebedevaya dostluq ruhunda cavab verir. Görünür, yazıçının qızı Tatyananın əli ilə yazılan məktub, təəssüf ki, onun arxivində saxlanılmayıb, lakin cavabın məzmunundan Lebedevanın Yasnaya Polyanaya yeni məktubuna əsasən fikir yürütmək mümkündür. Bu məktubunda Lebedeva yazıçının türk xalqının həyatına dair bir sıra suallarına cavab verir.
Lebedevanın XIX yüzilin sonlarında Osmanlının sosial-siyasi həyatından həqiqəti əks etdirən oçerki olmaqla, bu ikinci böyük məktubu dərin elmi maraq kəsb edir. Tolstoy bunu belə qiymətləndirir və onu maraqlandıran, o cümlədən Osmanlıda ictimai hərəkat haqqında digər məsələlərə də düşünərək cavab verməsini rica edir.
Onu məhz nələrin maraqlandırdığından (türk xalqının maddi vəziyyəti, müxalif təriqətlərin olması, ictimai-siyasi hərəkatın inkişaf yolu) ehtimal etmək olar ki, o, bunar barədə məqalə yazmaq və ya ola bilsin, Lebedevanın məktubunu bu əsnada müxtəlif xalqlar haqqında seriya kitabların nəşrə hazırlandığı “Posrednik” nəşriyyatında çap etdirmək niyyətində olmuşdur. Çox təəssüf ki, Tolstoyun bu məktubu da saxlanılmayıb – bu məktub barədə də Lebedevanın cavab məktubuna isnadla fikir yürüdə bilərik. 18 avqust tarixli məktubla yanaşı, o, Tolstoya öz məqaləsini də göndərib, burada xristianlıq və İslamın mənəvi ideallarının ümumiliyi və hər iki dinin bir-birinə qovuşdurulmasının mümkünlüyü haqqında yazırdı.
“Lütfən, mehriban qraf, düşünməyin ki, - deyə Lebedeva sonda yazırdı, - mənə sizin suallara cavab vermək bəlkə də çətin olar. Əksinə, mən əgər nəyisə bilmirəmsə, sizin bilməyə maraq göstərdiyiniz hər şeyi öyrənməyə çalışmaq mənim üçün böyük səadətdir”.
Tolstoy zamanında türk ədəbiyyatı Rusiyada demək olar məlum deyildi. Qərbi Avropa dillərinə tərcümələr də çox az idi. Onun Tolstoya məlum olmaması ola bilsin, bundan qaynaqlanırdı. Amma yazıçı türk folkloru ilə tanış idi və onun rus oxucularının malına çevrilməsi üçün az iş görməmişdi. O, özünün “Rus oxu kitabları”na , sonra isə xalq müdrikliyi toplularına, türk nağılları, əfsanələri, əsatirləri və zərb-məsəllərini daxil etmişdi.
Təəssüf ki, 70-ci illərdə Tolstoyun “Əlifba”, “Yeni əlifba” və “Rus oxu kitabları” üzərində işlədiyi vaxtlarda türk folkloru rus dilinə çox az tərcümə olunmuşdu. Bu mövzuda kitablar demək olar yox idi. Yazıçı fransızca Şərq xalqları antologiyasından faydalanmışdı, burada Bidpayın məşhur təmsillər toplusu türk məzmununda verilmişdi. Bu topludan o, öz müntəxəbatı və oxu kitabları üçün materiallar götürmüşdü. Türk variantı əsasında Tolstoy müntəxəbata daxil olunmuş “Meymun”, “Sican-qız”, İki tacir”, “Uğur”, “Ördək və ay”, “Siçan anbarın altında”, “Qızılquş və xoruz”, “İki qardaş”, “Padşah və qızılquş”, “Canavar və yay”, “Dolaşa balası” və digər nağılları, təmsilləri işləmişdi. Ona görə də onlardakı hind koloriti ilə yanaşı, türk folklor motivləri də açıq şəkildə hiss olunurdu.
“Məhəmmədin Qurana daxil olmayan kəlamları” məcmuəsinə Tolstoy tərəfindən çoxlu sayda türk zərb-məsəlləri və atalar sözləri daxil edilmişdir. Yazıçı Məhəmməd peyğəmbərə aid olunan, kamilləşmə və halal yaşamaq ideyasının ifadə olunduğu kəlamları seçmiş, İslamın rəsmi ehkamlarını bir kənara qoymuşdu. Topluya daxil edilən bəzi kəlamlara diqqət edək:
“Lalın dili yalançının dilindən yaxşıdır”.
“Həqiqi təvazökarlıq - bütün xeyirxahlıqların mənbəyidir”.
“Bilik unudulanda ziyan çəkir, lakin onu layiq olmayana bildirəndə tamam itib gedir”.
“Şər adamla oturmaqdansa, tək oturmaq yaxşıdır: tək oturmaqdansa, xeyirxah adamla oturmaq yaxşıdır”.
“Mümkün qədər çox susmaq və xeyirxah ovqatda qalmaq – bundan yaxşı nə ola bilər?”
“Allaha ümidvar ol, lakin öz dəvəni bağla”.
“İşçinin təri qurumadan onun haqqını ödə”.
Tolstoy tərəfindən işlənmiş bu və bir çox digər kəlamlarda, gördüyümüz kimi, spesifik dini, dumanlı, mistik heç nə yoxdur: onlar xalqın həyati müdrikliyini əks etdirir.
Türk xalq müdrikliyini Tolstoy özünün sonrakı dövr toplularında: “Müdrik insanların hər gün üçün kəlamları”, “Oxu dairəsi” , “Həyat yolu”nda eyni tərzdə işləmişdi. Onları ən müxtəlif qaynaqlardan seçməklə, o, daim fikir verirdi ki, xalqın baxışlarını ifadə edən kəlamlar, nə mistik İslam, nə də Qərbi Avropa “yığıcıları” tərəfindən saxtalaşdırmalarla təhrif olunsun.
Tolstoy tərəfindən işlənmiş türk folklor toplusu indiyədək Rusiyada çap olunmuş ən yaxşı nəşrlərdən biri hesab edilir.
Tolstoyun ərəblərlə əlaqələri, məsələn, Hindistan, Çin, Yaponiya xadimləri ilə müqayisədə o qədər də geniş deyildir. Bununla belə, ərəb ölkələrində kömək və məsləhət üçün uzaq Yasnaya Polyanaya müraciət edən adamlar tapılır və onlar hər zaman Lev Nikolayeviç tərəfindən xoş münasibət görürdülər. Tolstoyun ərəb yazıçılarından ilk sırada bütün Şərqdə tanınan ictimai xadim, XIX yüzilin sonları, XX yüzilin əvvəllərində ərəblərin siyasi həyatında mühüm rol oynamış Misirin baş müftisi Məhəmməd Abdonu göstərmək olar.
Keçmişdə antibritaniya azadlıq hərəkatının fəal iştirakçısı, parlaq natiq və publisist, Məhəmməd Abdo sonralar İslamın yeniləşdirilməsini təbliğ etmiş modernist cərəyanın başında gəlirdi. 1904-cü ilin yanvarında ingilis şərqşünası Sidney Kokrell vasitəsilə Yasnaya Polyanaya göndərdiyi məktubunda Məhəmməd Abdo, Tolstoyun cavabından çıxış etsək, rəhbərlik etdiyi hərəkatın dini və etnik təməllərindən danışıb və dünya şöhrətli yazıçıdan dəstək xahiş etmişdi.
Lev Tolstoy bu məktuba 13 may 1904-cü il tarixli böyük bir məktubla cavab verib, burada öz fəlsəfi və sosial baxışlarının mahiyyətini şərh etmişdir. Ərəb dünyasından onun mənəvi ideallarını bölüşən xadimlər ilə ünsiyyət onu sevindirirdi. Bununla birlikdə yazışdığı şəxsin onda narazılıq doğuran hansisa iddiasına cavab verərkən, o, rəsmi kilsənin Qərbdə və Şərqdə təbliğ etdiyi köhnə yanlışlıqlar və xürafatın yeni ad altında bərpa etmək cəhdlərini bütün kəskinliyi ilə pisləyirdi. “Mən düşünürəm ki, - deyə, Tolstoy yazırdı, - dini ehkamlarla, göstərişlərlə, möcüzə və xürafatlarla beyinlər nə qədər çox doldurulursa, insanları bir o qədər ayırır və hətta aralarına ədavət salır”.
Tolstoy Məhəmməd Abdodan onu çox maraqlandıran Babilər hərəkatının ərəblər arasında nə dərəcədə yayıldığı haqqında yazmağı xahiş etmişdi.
Misirdən cavab məktubu gəlməyib. Məktub əvəzinə, öz dostu Sidney Kokrilldən tezliklə məktub alır ki, Misirin baş müftisi vaxtsız vəfat edib... Həmin maraqlı yazışma burada qırılır.
Tolstoyun yazışdığı digər misirli ərəb şərqində Babilik hərəkatına rəğbət bəsləyən Qabriel Sasi idi. Onun 1901-ci ildə Yasnaya Polyanaya göndərdiyi üç böyükhəcmli məktubunda Babilərin yeni doktrinasının mahiyyəti təfsilatı ilə şərh edilir və hərəkatda iştirak edən, fanatik və despotik hakimiyyət tərəfindən təqib olunan kəndlilərin ağır vəziyyəti təsvir olunurdu. Ona ərəb ölkələrində çap olunmaq üçün nəzərdə tutulan cavab məktubunda Tolstoy babilər hərəkatına özünün qızğın marağını təsdiq edir və onu müdafiə etdiyini bildirirdi.
Tolstoyun ərəb dünyasından olan adamlarla ünsiyyəti dostanə xarakterdə idi. Gənc suriyalı müəllimə Rəmzə Avavini ilə yazışmaları buna gözəl misaldır.
26 oktyabr 1904-cü ildə Yasnaya Polyanaya gətirilən iri həcmli poçtda kiçik Zəhlə şəhərindən olan qızın məktubu çıxır. Qız rus dilində yazırdı:
“Zəhlə, 10 oktyabr 1904-cü il.
Çoxhörmətli Lev Nikolayeviç!
Bu tanış olmayan xətt sizə qəribə görünəcək, lakin bu dəqiqə sizi onunla tanış edərəm.
Mən əslən Suriyanın Dəməşq şəhərindən olan ərəb qızıyam, adım – Rəmzə Avavini. Moskva Filaret Yeparxiya məktəbində kurs bitirmiş və indi geriyə - vətənimə dönmüşəm, burada Dəməşq şəhərinin yaxınlığındakı Zəhlə kəndində anamla birlikdə yaşayıram.
Bu kəndin sakinləri özlərinin yaxşı təhsili ilə ad çıxarıblar və sayları 2700 nəfərdir. Onların hamısı sizə heyrandır, oxuyub vəcdə gəlirlər və sizi bircə dəqiqəliyə də olsa, görmək həsrətindədirlər.
Sizə məktub yazmaq xahişi ilə bir neçə dəfə yanıma gəliblər, lakin mən buna cəsarət etmirdim. Nəhayət, onlar mənə yalvarıb yalnız bircə xahişlə sizə məktub yazmağımı istədilər ki, siz misilsiz portretinizi onlara göndərəsiniz. Buna görə onlar qəlbən sizə minnətdar olacaqlar. Ərəb qəzetlərində tez-tez sizin portretlərinizə rast gəlinir, lakin bunlar yaxşı halda olmurlar...
Ona görə də çoxhörmətli Lev Nikolayeviç, sizə müraciət etmək cəsarətinə görə məni bağışlayın və yaxşı ailələrdə, sizi sevən evlərdə divardan asmaq üçün, eləcə də ehtiyacı olan qəzetlər və jurnallar üçün bizə əziz olan portretinizi yerləşdirməkdən ötrü sizin üçün asan bir iş olan bağlama göndərməkdən imtina etməyin...
Bərbad xəttimə görə məni böyük qəlb genişliyinizlə bağışlamağınızı rica edirəm.
Həyatınızda sizə yaxşılıqlar arzusu ilə:
Aciz bəndəniz Rəmzə Avavini”.
Lev Tolstoy həmin vaxtlar bərk məşğul idi. Hər gün dünyanın bir çox ölkələrindən gələn onlarca məktuba cavab verməli olur, ona məktub yazanların heç də hamısının istəyini təmin edə bilmirdi. Buna baxmayaraq, ərəb qızının məktubunu cavabsız qoymur. 11 fevral 1905-ci ildə o, bu məktubu bir də oxuyur və özünün fotoqrafik portretlərindən birini seçərək, arxasına avtoqraf yazıb, ona göndərir. Həmin zərfə qoyulmuş məktubunda isə yazır:
“Çox təəssüf edirəm ki, lütfkar xanım, düşüncələrim dağınıq olduğundan, sizin və şagirdlərinizin istəyini indiyədək yerinə yetirə bilməmişəm. Əlimdə olan portreti sizə göndərirəm və bunu əvvəlcədən edə bilmədiyimə görə məni bağışlamağınızı rica edirəm.
1905, 11 fevral. Lev Tolstoy”.
Yasnaya Polyana yurduna gələn qonaqların ardı-arası kəsilmirdi. Gələnlərin arasında müxtəlif peşə sahibləri olurdu; lakin jurnalistlər, mədəniyyət xadimləri xüsusilə çoxluq təşkil edirdi. P.Q.Qanzenin 1890-cı ilin aprelində Tolstoyu ziyarət edərkən “Beş gün Yasnaya Polyanada”kı təəssüratından bəzi məqamlar:
“...Hələ mənim gəlişimin ilk günündən, bazar günü, gəzinti zamanı siqaret yandırdım və Lev Nikolayeviç buna diqqət etdi:
- A-a, siz çəkirsiniz?
- Bəli, deyə cavab verdim, - belə bir vərdişim var. – Və buna dair daha bir kəlmə də olmadı.
İndi gəzinti zamanı mən özüm bu barədə söz saldım:
Deyin, Lev Nikolayeviç, siqaretdən yaxa qurtarmaq sizə çətin olmadı ki?
- Xeyr, axı mən bir dəfə atmışdım, sonra yenə başladım və nəhayət, birdəfəlik tulladım, getdi.
Bu sözünə cavab verdim ki, fikrimcə, çəkəndə mənim işim daha yaxşı və daha iti gedir.
Lev Nikolayeviç etiraz etdi:
- Sizə belə gəlir.
- Necə bəyəm?
- Belə də. İşləyərkən səndə iki adam olur: biri işləyir, digəri işin gedişini izləyir. Əgər sən bu müşahidəçinin beynini dumanlandırsan, sənə elə gələcək ki, yaxşı işləyirsən – axı səni kimsə izləmir, kimsə dayandırmır.
Bu söz məni mat qoydu...”
V.B.Şklovskinin “Əsrin başlanğıcı” ndan: “...Yanvarın axırlarında Sofya Andreyevna kiçik oğlu Mişaya toy eləyirdi: təmtəraqlı, kübar toyu; Çudov monastrının xoru oxuyurdu, böyük knyaz Sergey Aleksandroviç çiçəklərin və bəzənib – düzənmiş qadınların arasında təşəxxüslə hərlənir, özünü göstərirdi, o, məxsusi bu toya görə gəlmişdi, deyəsən, niyyəti dahi qocanı görmək idi.
Böyük knyaz Sofya Andreyevna ilə çox mehriban davranırdı, camaat bəyin anasının cavanlığına təəccüb qalmışdı.
Bəylə gəlin Yasnaya Polyanaya getdilər.
Baharda Lev Nikolayeviç özü də ora getdi və burada xəstələndi: həkimlər ona kinə və kofein yazmışdılar.
...Tolstoyun səhhəti hamını əndişəyə salmışdı.
Çexov 1901-ci il noyabrın 17-də öz qadınına yazırdı:
“ Mənim mehriban zövcəm, Tolstoyun xəstələnməsi və hətta vəfatı barədə sizə çatan şayiələr tamamilə əsassızdır. Onun səhhətində elə bir dəyişiklik yoxdur və olmamışdır, vəfatına isə görünür, hələ çox var. Doğrudur o, zəifdir, çox üzgün görünür, ancaq heç bir təhlükəli, qorxulu əlamət yoxdur, heç bir əlamət; qocalıqdan savayı... Sən deyilənlərə qətiyyən inanma, əgər Allah eləməsin, bir şey olsa, mən teleqram vurub, səni xəbərdar eləyərəm. Teleqramda onun adını “baba” yazacam, başqa sayaq yazsam, çox güman teleqram çatmaz ”.
... Tolstoy Çexovu zərif bir duyğu ilə sevirdi, onu qısqanırdı, yaradıcılığına tələbkarlıqla yanaşırdı.
Lev Nikolayeviç poeziyadan açıq xeyirxahlıq tələb eləyirdi. Puşkinin sadiq məhəbbəti onun gözündə hələ xeyirxahlıq deyildi, ona görə ki, bu məhəbbət yalnız özü üçün, dünya üçün idi. Qaralamada (qeyd dəftərçəsi) daha aydın yazılmışdır: İncəsənət (musiqi), poeziya – Çexov, rəssamlıq, xüsusilə (poeziya) musiqi (qaraçı musiqisi) elə təsəvvür yaradır ki, törədiyi yerdə nə isə gözəl, poetik, xeyirxah bir şey var. Amma orada heç bir şey yoxdur. Bu yalnız həyat valisinin – xeyirxahliğin əynində füsunkar görünən çar libasıdır.
... Çexov 1902-ci il aprelin 2-də akademik N.P.Kondakova yazırdı: “L.N.Tolstoyun halı yaxşıdır, xəstəliyin (sətəlcəmin) sovuşmasına söz ola bilməz, ancaq yenə də zəifdir, çox zəifdir, yalnız bu yaxın günlərdən bəri qalxıb kresloda otura bilir, yoxsa əvvəllər bütün vaxtı uzanırdı. Gəzməsi hələ uzun çəkər. Üç gün bundan qabaq yanına getmişdim, mənə elə gəldi ki, yavaş – yavaş dirçəlir, ancaq çox qocalıb, lap əldən düşüb. Çox oxuyur, fikri aydındır, gözlərindən ağıl yağır ”.
Aprel ayında Sofya Andreyevna alma bağlarına baxmaq və ev-eşiyə baş çəkmək üçün Yasnaya Polyanaya getdi. Qayıdıb Qaspraya gələndə, Tolstoyun vəziyyətini ağırlaşmış gördü: təzə bir xəstəlik başlamışdı, bir müddət keçəndən sonra müəyyən elədilər ki, qarın yatalağıdır. Lev Nikolayeviçdə ruh düşgünlüyü yaranmışdı. O, özü arvadına deyirdi: “ Yorulmuşam, yaman yorulmuşam, ölmək istəyirəm”.
İyunun əvvəllərində Lev Nikolayeviç yavaş – yavaş babatlaşdı. Əlində çəlik bağı gəzməyə çıxırdı. O, müti, mülayim olmuşdu, yenə yazmağa başlamışdı.
Təzədən Yasnaya Polyanaya qayıtmağa hazırlaşdılar.
Lev Nikolayeviç ləng sağalırdı. Sofya Andreyevna fikirləşirdi ki, Tolstoy bir daha çətin özünə gələr; bundan sonra başqa həyat – qocalıq həyatı başlanacaq.
Çexov Tolstoyun xəstəliyinə diqqətlə göz qoyurdu. Anton Pavloviç həkim idi, özü də yaxşı həkim idi. O, Lev Nikolayeviçin tamam – kamal sağalacağına inanmırdı.
Tolstoy, Çexovun dediyinə görə, hələ bir neçə il yaşaya bilərdi və qəfil ölə bilərdi. Lev Nikolayeviç hələ bundan sonra səkkiz il yaşadı. Çexovdan çox yaşadı...”
Böyük rus yazıçı və filosofu LevTolstoyu ilk dəfə kinofilmə çəkən İvan Sergeyeviç Frolov Bakıda yaşayırdı: Vidadi küçəsi, ev nömrə 185, mənzil 12-də. Jurnalist onunla görüşmüşdü. Frolov çox gümrah idi. Onun gözləri cavanlığa məxsus bir ifadə ilə qaynayır, hərəkəti qocaların hərəkətinə oxşamıdı. Söhbətlərində gəncliyə məxsus bir romantika vardı:
- Deyirlər, Tolstoyu ilk dəfə kinofilmə siz çəkmisiniz?
- Kim deyibsə, düz deyib,- Frolov gülümsəyir. Onun göy gözlərindən səmimiyyət yağır.
- Siz o əhvalatın tarixini danışarsınızmı? Böyük sənətkarla necə görüşdünüz? Necə çəkdiniz?
Frolov yenə gülümsədi:
- Lev Nikolayeviçi kinoya çəkdiyim günlər indiki kimi yadımdadır, - deyə söhbətinə başladı. – O vaxt mən cavan idim. Moskvada Xanjonkovun yanında işləyirdim. Xanjonkov Rusiyada kino sənəti ilə məşğul olan ilk fabrikantlardan idi. O, mənə ancaq kinofilmlərə yazılmış şəkil sözlərini, ayrı-ayrı kino kadrların altındakı ifadələri köçürməyi tapşırmışdı. Mən 17 yaşımdan etibarən bu işlə məşğul idim.
1908 - ci ildə mənim həyatımda özüm də gözlmədiyim halda möcüzə baş verdi. Bir axşam yaxın qohumlarımdan birinin evində yaşlıların söhbətinə qulaq asdım. Onlar Lev Nikolayeviç Tolstoy haqqında danışırdılar. Deyirdilər ki, avqust ayında onun anadan olmasının 80 illiyi qeyd ediləcəkdir.
Bu söhbətlər məndə qəribə bir fikrin yaranmasına səbəb oldu. Tolstoyu filmə çəkmək olmazmı? Lap yaxşı olar! – deyə, öz – özümə qərarlaşdırdım.
Xanjonkov Moskvada yox idi. Nə etməli? Eşitmişdm ki, Petroqradda Aleksandr Osipoviç Drankov adlı bir kinofabrikant yaşayır. O, fotoqrafdır, operatordur.
Drankova məktub yazdım və onun yadına saldım ki, Lev Nikolayeviç Tolstoyun anadan olmasının 80 illiyi tamam olur, onun həyatından kinofilm çəksəniz, yaxşı olmazmı?
Mən məktubuma cavab gözləyirdim, Drankovun özü Moskvaya gəldi. O, məndən xahiş etdi ki, onunla birlikdə Lev Nikolayeviç Tolstoyu kinofilmə çəkmək üçün Yasnaya Polyanaya gedim.
Mən sevindim. Lap çox sevindim. Biz Yasnaya Polyanaya getdik. L.N.Tolstoyu malikanəsində bizi onun oğlu Lev Lvoviç qarşıladı. O da atasına oxşayırdı. Saqqallı idi. Biz Lev Lvoviçə fikrimizi dedik. Dedik ki, kinoaparatla gəlmişik, Qraf Tolstoyu lentə çəkmək istəyirik.
Lev Lvoviç bu təklifdən çox razı qaldığını bildirdi. Drakovla o, qraf Tolstoyu həmişə istirahət elədiyi yerdə - parkdakı skamyada oturub işimizi planlaşdırdılar.
Artıq plan hazır idi. Lev Lvoviç məsələni anası Sofya Andreyevnaya danışmağa getdi. Az çəkmədi ki, Sofya Andreyevna bizim yanımıza gəldi və dedi:
- Lev Nikolayeviç bu gün özünü yaxşı hiss eləmir... Sizin üçün otaq ayırmışıq. Buyurub istirahət edə bilərsiniz. Ümidvaram ki, siz sabah bir iş görə biləcəksiniz.
O gecə necə yatdığımı deyə bilməyəcəm. Ancaq onu deyəcəyəm ki, səhər alatoranda ikimiz də ayaq üstə idik. Səbirsizliklə Lev Nikolayeviçin çölə çıxmasını gözləyirdik. Axı biz eşitmişdik ki, o, səhər tezdən evindən çıxıb kəndlilərin yanına gedir. Gözlədik, gözlədik, heç bir nəticə hasil olmadı. Lev Lvoviç çölə çıxıb bizə dedi ki, atamın ayağı çox bərk ağrıyır, həyətə çıxa bilməz.
Təsəvvür edirsinizmi, nə qədər kədərlənmişdik. Bəlkə bu böyük sənətkarı kinofilmə çəkmək bizə qismət olmayacaq? Nə isə, səbr edib dözdük. Səhər tezdən yenə Lev Lvoviç bizə belə bir xəbər gətirdi:
- Atam hələlik çölə çıxa bilmir. Amma bir məsələ var. Mənim bacım atamın tapşırığı ilə hər il onun anadan olan günündə kəndə gedir, kənd uşaqlarına, yoxsullara, ac-yalavaclara hədiyyə paylayır. Bacım bir azdan yola çıxacaqdır. İstəyirsiniz onunla gedin.
Mən aparatımı götürüb faytona mindim. Faytonda nələr yox idi? Cürbəcür şirniyyat növləri, pal-paltar, ayaqqabı. Biz kəndə getdik. Kənd uşaqları bizi gözləyirmiş kimi hay-haray qopardılar.
- Gəldilər, gəldilər!..
Böyük sənətkarın qızı uşaqlara, yoxsullara cürbəcür hədiyyələr payladı. Mən bu kadrları həvəslə lentə köçürdüm.
Biz malikanəyə qayıtdıq. Bir gün də gözləməli olduq. Səhəri Lev Lvoviç sevinə-sevinə yanımıza gəlib dedi:
- Hazırlaşın, razılığını almışıq.
Həyəcanımdan nə edəcəyimi bilmədim. Aparatı necə sazladığımı, lentləri necə sahmana saldığımı deyə bilmərəm. Təsəvvür edirsinizmi? Bir azdan mən dünyanın ən böyük sənətkarını görəcəyəm, onu kinoya çəkəcəyəm... Həyəcanımdan əllərim əsir, dodaqlarım titrəyirdi.
İçəri girdik. Kresloda ağsaçlı, nurani bir kişi əyləşmişdi. Çiyninə odeyala bənzər isti bir örtük salmışdı. Dizinin üstünə ağ balış qoymuşdu. İlk növbədə mənim nəzərlərimi bu cəlb etdi: ağ saqqal, ağ balış. Böyük sənətkar əllərini hər iki tərəfdən fikirli halda kreslonun yanlarına döyür, hey döyürdü...
Mən həyəcanla ona yaxınlaşıb dedim ki, icazə verin sizi kinolentə çəkək.
- Buyurun, buyurun, - deyə o, mehribanlıqla, astadan dilləndi.
Mən kinoaparatı sazladım. Otaqda işıq az olsa da, bir neçə kadr çəkdim.
Elə işimi yenicə qurtarmışdım ki, L.N.Tolstoyun şəxsi katibi Nikolay Qusev içəri girib onu anadan olması münasibətilə təbrik etdi. Arvadı gəldi, nəvəsi gəldi. Mənim sonradan tanıdığım Stasov içəri girdi. Mən Tolstoyu öz arvadı ilə, nəvəsi ilə söhbət etdiyi yerdə, dostları ilə görüşdüyü yerdə kinolentə köçürdüm.
Xəbər gəldi ki, Lev Nikolayeviçlə görüşməyə kəndlilər gəlmişlər. Mən eyvana çıxdım. Yasnaya Polyanadan və qonşu kəndlərdən böyük sənətkarı təbrik etməyə gəlmiş kəndlilərin də şəklini çəkdim.
Drankov işlərin yaxşı getdiyini görüb sevindi. – İndi də malikanəni çək,- dedi. Mən Tolstoyun malikanəsinin ayrı-ayrı mənzərələrini çəkdim. Onun istirahət etdiyi yerləri, mal – qarasını, gəzdiyi xiyabanları çəkdim.
Drankov dedi ki, təcili Moskvaya gedib kadrları hazırla, gətirib burada Lev Nikolayeviçə göstərək.
Mən Drankovun dediklərinə əməl etdim. Kadrlar Tolstoyun çox xoşuna gəlmişdi. Hətta o demişdi: “Çox təəssüf edirəm, atam sağ olanda belə bir məsələ yox idi. Yoxsa onu da lentə köçürərdilər. İndi ona baxardıq, sağlığını yadımıza salardıq”.
Bir ildən sonra biz Yasnaya Polyanadan məktub aldıq: “Lev Nikolayeviç özünü yaxşı hiss edir. Tez gəlsəniz yaxşı kadrlar çəkə bilərsiniz”. Məktubu Sofya Andereyevna yazmışdı. Biz təcili Yasnaya Polyanaya getdik və böyük sənətkarla əlaqədar olan bir neçə maraqlı kadrlar çəkdik.
Biz həmin kadrları çəkib yenidən Moskvaya qayıtdıq. Həmin il Lev Nikolayeviçin özü Moskvaya gəldi. Demə bu, onun Moskvaya son səfəri imiş.
Bir il sonra, 1910-cu ildə kədərli bir xəbər aldım: Tolstoy ölmüşdür. Mən tələsik yır-yığış eləyib Yasnaya Polyanaya yola düşdüm. Eşitdim ki, Tolstoyun cənazəsi Astapova stansiyasında stansiya rəisinin otağındadır. Stansiyaya getdim. İcazə alıb otağa girdim. Nə qəribə taleyim varmış? Keçən il bütün Moskvanın hörmətlə yola saldığı bir sənətkarı kinolentə köçürmək mən nəsib olmuşdu. Bu il isə onu ölmüş halda, sadə kəndli paltarında stansiya rəisinin kiçik otağında çəkəcəkdim.
Frolov söhbətini buradaca bitirdi və əlavə etdi:
- İndi mən öz böyük sənəti ilə bütün dünyanı valeh etmiş, bu qüdrətli sənətkarın ölümünün 50 illiyi günlərində həmin hadisələri bir daha yad edir və öz-özümə fikirləşirəm: “Bu qədər nəhəng sənətkar da ölərmi? :Yox! O, ölməmişdir. O, yaşayır. Cildlərdə, söhbətlərdə, kinokadrlarda, qəlblərdə yaşayır” .
Rus və Azərbaycan mədəni, elmi əlaqələri tarixində üç görkəmli şəxsin məslək və əqidə dostluğu diqqəti xüsusilə cəlb edir. Bunlardan biri məşhur inqilabçı-demokrat N.Q.Çernişevski, biri L.N.Tolstoy, digəri isə azərbaycanlı alim, rus şərqşünaslığının banilərindən biri, məşhur türkoloq Mirzə Kazım bəydir.
M. Kazım bəy xalqımızın elə qabaqcıl oğullarının nəslinə mənsubdur ki, o nəinki mütərəqqi rus ideyalarına yiyələnmiş, habelə Rusiyanın münbit ictimai-siyasi, mədəni mühitinə düşmüş, özünün çoxcəhətli fəaliyyəti üçün burada geniş meydan tapmışdır. Bu mühitin məşhur yazıçı və alimləri ilə tanışlıq M.Kazım bəyin fikirlərini aydınlaşdırdığı kimi, onun Şərqə dair ensiklopedik bilikləri də bu ziyalılara lazım olmuş, nəticədə görkəmli rus düşüncə sahibləri ilə məslək və əqidə dostluğu yaranmışdır. L.N.Tolstoy ilə M.Kazım bəyin dostluğu da məhz belə dostluq idi. Həyatından məlum olduğu kimi, M.Kazım bəy 20 ildən artıq Kazanda yaşamış və Kazan Universitetində işləmişdi. O, burada elmi-pedaqoji fəaliyyətinin ən səmərəli dövrünü keçirmiş, universitet həyatının qabaqcıl fikirli professor, müəllim və tələbə heyəti ilə qaynayıb-qarışmışdı. Onun L.N.Tolstoyla tanışlığı da universitetdən başlamışdı.
Gənc L.N.Tolstoy 1842-ci ildə Kazan Universitetinə daxil olmağa hazırlaşır. Bunun üçün də türk və ərəb dillərini öyrənməyi qərara alır və bu dillərin gözəl bilicisi M.Kazım bəyə müraciət edir. M.Kazım bəy iki il onunla məşğul olur.Tolstoyun bacısı öz xatirələrində qeyd edir ki, onunla (Tolstoyla) məşğul olan türk dili professoru M.Kazım bəy şagirdinin Şərq dillərini öyrənməkdə qeyri-adi qabiliyyətinə təəccüb edirdi. Lakin iki il ərzində türk və ərəb dillərini mükəmməl öyrənməsi Tolstoyun müəlliminin də Şərqə dair zəngin biliyinin və ustalığının nəticəsi idi. Ona görə də Tolstoy türk və ərəb dillərindən “5” qiymətlə universitetə qəbul olunmuşdu. M.Kazım bəyin təhsil illərində də L.Tolstoyda Şərqə böyük məhəbbət aşılaya bilmişdi. Ədibin yaradıcılığının görkəmli tətqiqatçısı A.Şifman qeyd edir ki, Tolstoyun təhsil aldığı illərdə universitetdə türk tarixi, ədəbiyyatı və dilinin məşhur biliciləri olan professor M.Kazım bəy və baş müəllim Mirzə Əbdül Səttar Kazım bəy (Mirzə Kazım bəyin kiçik qardaşı) dərs deyirdilər. Universitetdə Şərqə dair biliklərinin necə zənginləşdiyini Tolstoy 1910-cu ildə dünya şöhrəti qazandığı zaman yaxşı xatırlayırdı. Ədib öz xatirələrində təvazökarlıqla yazırdı: “Görünür, mən ərəb dilini bir qədər bilirəm və bu dillə universitetdə başqalarından çox maraqlanırdım. Bu dil, görünür ki, Şərqdə ən klassik dildir”.
Tolstoy və Mirzə Kazım bəy universitetdə bir çox mədəni tədbirlərin birgə təşəbbüsçüləri olmuşlar. Onların rəhbərliyi ilə 1846-cı ilin 19 aprelində universitetin akt salonunda maraqlı tamaşalar təşkil olunmuşdu: “Kazan quberniyasının xəbərləri” məcmuəsi bu əlamətdar tamaşa haqqında yazırdı: “...Heç bir konsert, hətta heyrətamiz Servenin gülüşləri də bu qədər tamaşaçı cəlb etməmişdi. Universitetin nəhəng zalı bütün tamaşaçıları tuta bilmirdi”. Tamaşa həmin ilin 25 aprelində göstərildikdə də eyni maraqla qarşılanmışdı. İkinci tamaşanın bütün iştirakçılarını göstərən afişa hazırda Tolstoyun şəxsi arxivində saxlanılır. Həmin afişadan məlum olur ki, Tolstoy iki, M.Kazım bəy isə üç əsərin tamaşasında iştirak etmişdir. M.Kazım bəyin iştirakçısı olduğu tamaşaların birində Tolstoyun qardaşı Sergey Nikolayeviç də çıxış etmişdi. Maraqlıdır ki, bu tamaşalardan yaranan ideya nəticəsində Lev Nikolayeviç özünün “Baldan sonra” adlı məşhur povestini yazmışdır.
Tolstoyla M.Kazım bəyin dostluğu sonralar da davam etmişdir. M.Kazım bəy 1849-cu ildən sonra elmi və pedaqoji fəaliyyətini Peterburq universitetində davam etdirmişdir. Peterburq həyatı nəinki M.Kazım bəyin elmi-pedaqoji fəaliyyətində, habelə ictimai -siyasi görüşlərində də irəliləyiş əmələ gətirmişdi. Bu işdə “Sovremennik” jurnalının işini xüsusilə qeyd etmək lazımdır. “Sovremennik” o zamanlar mütərəqqi və demokratik fikirli bir jurnal kimi rus ziyalıları arasında geniş yayılmış, ictimai-siyasi, ədəbi həyatda məşhurlaşmışdı. Jurnalın ətrafında M.E.Saltıkov-Şedrin, N.A.Qonçarov, N.A.Nekrasov,N.Q.Çernişevski, N.A.Dobrolyubov kimi yazıçılarla birlikdə L.N.Tolstoy və M.Kazım bəy də var idi.
Lev Nikolayeviçin qəlbində Mirzə Kazım bəyin xüsusi yeri vardı. Öz müəlliminə olan sonsuz ehtiramı müəlliminin həmyerliləri ilə görüşündə də özünü büruzə verirdi.
Respublikanın Xalq artisti Hacıağa Abasov “Söz ustasının hüzurunda” adlı xatirəsində yazır:
“Məktəbdə oxuyanda atam həmişə deyərdi ki, oğlum, bizim doğma ana dilimizi yaxşı bilməklə bərabər gərək rus dilini də öyrənəsən. O zaman Bakıda mərkəzi poçt idarəsinin rəisi Sipelnikov adlı bir kişi idi. Bizim kənddə onun bağı da var idi. Atam həmin adamdan xahiş etdi ki, məni də öz ailəsində saxlasın; “Qoy Hacıağa sizdə qalsın, uşaqlarla oturub – dursun, oynasın, rus dilini öyrənsin. Bunun əvəzində mən də sənin bağına baxaram, meyvələrini becərərəm” – dedi.
Beləliklə, uşaqlıq günlərimi bir müddət rus ailəsində keçirdim. Sipelnikovun oğlanları ilə bir yerdə oynayırdıq, əylənirdik, Aleksandr Sergeyeviç Puşkinin, Lev Nikolayeviç Tolstoyun kitabları onların əlindən yerə düşməzdi. Yavaş – yavaş mən də bu kitabları həvəslə oxumağa başladım. Rus ədəbiyyatına, xüsusən, dahi rus ədibi Tolstoya məhəbbətim o vaxtdan başlandı. Etiraf edirəm ki, Tolstoyun əsərləri rus dilini qavramaqda, həyatı öyrənməkdə mənim üçün bir məktəb oldu. O zaman Bakıda həvəskarların verdiyi tamaşalarda mən də iştirak edirdim. Artist Cahangir Zeynalovun təşəbbüsü ilə Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini Bakıda ilk dəfə tamaşaya qoyduq, bu tamaşada mən də iştirak etdim.
L.Tolstoyun əsərlərini oxuduqca onun yaradıcılığına rəğbətim daha da artırdı, ona pərəstiş edirdim. Öz – özümə deyirdim, kaş gücüm çataydı, onun əsərlərini ana dilimizə tərcümə edib həmvətənlərimə çatdıraydım . Kaş o gün gələydi ki, bizim camaat Lev Tolstoyun gözəl kitablarını ana dilində oxuyaydı.
Ədibin hekayələrindən birini Azərbaycan dilinə tərcümə etmək fikrinə düşdüm. “Allah haqqı görür, amma tez aşkar etməz” adlı hekayəsini Azərbaycan dilinə tərcümə edib “Dəbistan” jurnalına apardım. Tərcüməni bəyəndilər və 1906 – cı ildə jurnalın 16 – cı nömrəsində çap etdilər. O qədər sevindim ki, elə bil dünyanı mənə bağışladılar.
Öz təhsilimi davam etdirmək üçün 1906 – cı ildə Petrovski şəhərinə (indiki Mahaçqala) getdim. Burada Ali pedaqoji kursunda oxumaqla bərabər, Dağıstana tez – tez gələn artist Cahagir Zeynalov, Hüseynqulu Sarabski ilə birlikdə səhnə fəaliyyətini də davam etdirdim. Biz yerli həvəskarların iştirakı ilə N.B.Vəzirovun, Ə. Haqverdiyevin pyeslərini Mahaçqalada, Bunyakskidə, habelə bir çox ləzgi aullarında tamaşaya qoyduq.
Mahaçqalada ədəbiyyat müəllimi Əli Qasımovla tanış oldum. Onunla dostlaşdıq. Məlum oldu ki, Əli Qasımov da mənim kimi Lev Tolstoya pərəstiş edənlərdən biridir, hətta ədiblə məktublaşır. Əli Qasımov dediki, Tolstoyla görüşmək istəyirəm, bu barədə ona məktub yazıb xahiş edəcəyəm ki, Yasnaya Polyanaya, onun görüşünə getməyimə icazə versin.
- Sən də mənimlə gedərsənmi? – deyə soruşdu.
- Əli qardaş, - dedim, - canla-başla gedərəm. Təki Lev Tolstoy buna razı olsun.
Yadımdadır ki, 1907 – ci ilin aprelində Lev Tolstoyun şəxsi katibi Çertkovun imzası ilə bir məktub gəldi. Məktubda yazılmışdı ki, Lev Nikolayeviç ona qonaq getməyimizə məmnuniyyətlə razıdır.
Bu xəbər məni çox sevindirdi, gecə səhərədək gözümə yuxu getmədi: “Dahi söz ustasının hüzurunda özümü necə aparacam? Onunla necə danışacam?”- deyə düşündüm.
1907-ci ilin aprelin 13-də Əli Qasımovla Yasnaya Polyanada Lev Nikolayeviçin malikanəsinə getdik. Yaz günü idi, bağ gözəl ətir saçırdı. Əli qabaqda, mən də onun ardınca pilləkənlərlə yuxarı mərtəbəyə qalxdıq. Müşayiətçi bizi geniş bir otağa apardı. İcazə aldıqdan sonra ədibin iş otağına daxil olduq. Salam verdik. Şəkillərdə gördüyüm ağ saqqallı adam başını yuxarı qaldırıb bizə baxdı, gözlərini qıydı, gülümsündü, salamımızı aldı.
O, bizi çoxdan tanıyırmış kimi mehriban bir ifadə ilə:
- Xoş gəlmişsiniz!- dedi.
Bu anlarda onun arvadı Sonya Andreyevna otağa daxil oldu.Tolstoy bizi nişan verərək dedi: “Sofya Andreyevna, mənim qafqazlı müsafirlərə artıq dərəcədə ehtiramım var.Sən bilirsən ki, keçmişdə Kazan Universitetində oxuyan vaxt mənə Şərq dillərindən təlim verən qafqazlı şərqşünas Mirzə Kazım bəy olmuşdur.Qonaqlara hörmət və ehtiram etmək lazımdır”.
Yoldan gəlib yorulduğumuz üçün Lev Nikolayeviç bizimlə söhbət etmədi: “Axşam görüşərik” – deyib, parka gəzməyə getdi. Onun arvadı Sofya Andreyevnanın tapşırığı ilə bizi yaraşıqlı, rahat bir otağa apardılar. Burada yedik, içdik, dincəldik.
Axşam Lev Nikolayeviç bizi çaya dəvət etdi. Ürəyimiz döyünə - döyünə onun kabinetinə getdik. Ədib gülərüzlə, atalıq məhəbbəti ilə, açıq ürəklə bizi qarşıladı, söhbət etdi. Mənim rus dilində sərbəst danışmağım xoşuna gəldi. Əsərlərinin Azərbaycan ziyalılarının arasında böyük rəğbət qazandığını, sevilə-sevilə oxunduğunu ona söylədik. Gülümsünüb, razılığını ifadə etdi. Tolstoy Qafqaz xalqlarının yaşayışı və məişəti ilə maraqlandığı üçündür ki, bu barədə tez- tez suallar verirdi. Biz, çoxmillətli Qafqaz xalqlarının cəhalət içində boğulduğunu, elm və maarifdən məhrum olduğunu söylədikdə o, başını ağır-ağır silkələdi və dedi ki, mən Qafqazda olmuşam, hər şeyi görmüşəm, siz düz deyirsiniz, orada vəziyyət daha pisdir.
Lev Nikolayeviç Şərq ədəbiyyatından söhbət açdı, Sədinin, Hafizin yaradıcılığından danışdı, Mirzə Fətəli Axundovu xatırlatdı. Belə bir qənaətə gəldik ki, böyük ədib, Şərq ədəbiyyatına və onun bir qolu olan Azərbaycan ədəbiyyatına da bələddir.
Biz üç gün Yasnaya Polyanada Lev Nikolayeviçin qonağı olduq. Burada hər yeri gəzdik, kəndlilərlə görüşüb söhbət etdik. Onlar Tolstoyu qayğıkeş bir ata adlandırırdılar və sevirdilər.
Lev Nikolayeviçlə görüşüb ayrılan gün o, şah əsəri olan “Hərb və sülh” kitabından bir nüsxə mənə, bir nüsxə də Əli Qasımova bağışladı. O, hər iki kitabın cildinin dalında öz xəttilə yazmışdı: “Yadigar üçün. Lev Nikolayeviç Tolstoy”.
Yasnaya Polyanadan Mahaçqalaya qədər mən bu qiymətli hədiyyəni əlimdən yerə qoymadım, nəcib və mehriban insanın xəyalı ilə yaşadım.
O vaxtdan yarım əsr keçmişdir. İndi Tolstoyla görüşümü yada salanda, onun əzəmətli siması gəlib gözümün qarşısında dayanır, özümü cavan sayır və xoşbəxt hesab edirəm. Bəli, mən xoşbəxtəm. Çünki arzularım doğrulmuşdur. İndi mənim xalqım başdan-başa savadlıdır və Lev Nikolayeviçin ölməz əsərlərini doğma ana dilində oxuyur”.
Tolstoyun diqqətini görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin şeirləri də cəlb etmişdi. O, 1880-ci ilin mart ayında şair Fetə yazırdı: “Bizə çox ağıllı və savadlı yeni bir alman müəllimi gəlmişdi.O, bu günlərdə mənə Mirzə Şəfinin əsərlərini gətirmişdi. Orada çox gözəl şeylər vardır, onlardan xəbərin varmı?”.
Tolstoy 1899-cu ildə Bakıda yaşayan Vlasovla tanış olur və onun məktublarından istifadə edərək “Dirilmə” əsərindəki Bərəçi surətini yaradır.
1908-ci ildə Tolstoyun anadan olmasının 80 illiyi münasibətilə C.Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında yazır: “Rus ədiblərindən aləmə məşhur olan qraf Tolstoyun bu yaxınlarda 80 yaşı tamam olur. Demək olar ki, bəlkə Yer üzündə indiyədək heç bir kəs yazıçılıqda qraf Tolstoy kimi hörmət və şöhrət qazanmayıb”.
Həmin il Tolstoyun yubileyi münasibəti ilə Bakı Realnı Məktəbində oxuyan Tağı Şahbazi Simurq öz yoldaşları ilə birlikdə yazıçının “İnsana çoxmu yer lazımdır?” adlı əsərini ana dilimizə tərcümə edir və istedadlı səhnə ustası Mirzağa Əliyevin maddi köməyi ilə nəşr etdirir.
M. Əliyev Tolstoya yazdığı məktubda Azərbaycan oxucularının böyük sənətkara olan məhəbbətindən danışır və kitabdan 20 nüsxə ona göndərir. Tolstoyun tapşırığı ilə şəxsi katibi Qusev M.Əliyevə yazdığı cavab məktubunda Tolstoyun minnətdarlığını və Azərbaycan oxucularına salam göndərdiyini bildirir.
Məlum olduğu kimi, görkəmli maarif xadimi, müəllim, yazıçı, tərcüməçi Sultan Məcid Qənizadə hələ 1894-cü ildə L.Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə etmiş, bunula rus dramaturgiyasını ilk dəfə Azərbaycan səhnəsinə gətirənlərdən biri olmuşdur.1894-cü ildə həmin əsər Bakıda səhnəyə qoyulmuşdur. Əsərin səhnə müvəffəqiyyəti tərcüməçini ruhlandırmışdı. Odur ki, S.M.Qənizadə 1895-ci ildə L.Tolstoya xüsusi məktubla müraciət edərək əsərin çapına icazə almışdı. 1896-cı ildə “Əvvəlinci şərabçı” ayrıca kitab halında çapdan çıxmışıdır.
Tolstoyun bu əsəri Azərbaycan oxucuları və tamaşaçıları arasında böyük marağa səbəb olmuşdu.
XX əsrin əvvəllərində Tolstoy yaradıcılığına xüsusi ehtiramla yanaşıb onun təliminə rəğbət bəsləyənlərdən biri də şair Abbas ağa Qayıbov Nazir olmuşdur. Abbas ağa Nazir haqqında mətbuatda az yazılsa da, o, XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaradan istedadlı şairlərdəndir.
A.Q.Nazir 1849-cu ildə Qazax mahalının Salahlı kəndində anadan olub. Zəmanəsinin savadlı şəxslərindən olan atası Mirzə Nəbi Qayıbov həm də şair idi. Anası Fəxrənisə şair Molla Vəli Vidadinin nəvəsidir.
Nazir klassik Azərbaycan və Şərq ədəbiyyatına yaxından bələd idi, fars, ərəb və rus dillərini yaxşı bilirdi.
Abbas ağanın ədəbi irsi qəzəl, vətənpərvərlik ruhunda yazılmış mənzumələr və satirik şeirlərdən ibarətdir. Şairin “İki qardaş”, “Vətən təranəsi”, “Məktəb”, “Nəsihət”, “1905-ci il”, “Qış vaxtı varlı və füqəra güzəranı”, “Ədəbiyyat”, “Millətə xitab” və s. şeirləri daha artıq nəzəri cəlb edir. (Şairin Tolstoyun ölümünə həsr etdiyi elegiya şeiri mətbuatda sonralar dərc olunmuşdur).
Rus ədəbiyyatı klassiklərini müntəzəm mütaliə edən şair, Tolstoy yaradıcılığına xüsusi əhəmiyyət verir, onun əsərlərini dərindən öyrənirdi. 1909-cu ildə rus ədibinin “İnsana çoxmu torpaq lazımdır?” adlı hekayəsini Azərbaycan dilinə nəzmən çevirən şair, əsərin çapına və yayılmasına icazə almaq üçün L.Tolstoya məktubla müraciət etmişdi. A. Nazir yazırdı:
“Çox hörmətli cənab qraf Lev Nikolayeviç!
Müsəlman dindaşlarımı Sizin əsərlərinizlə tanış etmək arzusu ilə bir müsəlman şairi kimi “İnsana çoxmu torpaq lazımdır?” başlıqlı əsərinizi şeirlə tatar (yəni Azərbaycan dilinə -R.Mirzəzadə) tərcümə etmək şərəfi mənə nəsib olmuşdur.
Ona görə həmin tərcümənin çap edilməsinə və yayılmasına Sizin lütfən icazə vermənizi böyük ehtiramla xahiş edirəm.
Dərin hörmətlə Abbas ağa Qayıbov.
24 fevral 1909”.
L.Tolstoy cavab məktubunda yazırdı:
“Yasnaya Polyana. 4 mart 1909-cu il.
Mən artıq iyirmi ilə yaxındır ki, 1881-ci ildən sonra yazdığım bütün yazılarımın təkrar nəşrinə və bütün dillərə tərcümə etməyi arzu edənlərə ixtiyar vermişəm. Odur ki, öz üzərinizə götürdüyünüz zəhmət üçün Sizə ancaq təşəkkür edə bilərəm.
Lev Tolstoy”.
Lev Nikolayeviç Tolstoyun irsi XX əsr görkəmli Azərbaycan yazıçıları, sənətkarları və ziyalılarına qüvvətli təsir göstərir. İllər keçdikcə bu təsir daha da güclənir, C. Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiq, S.S.Axundov və başqaları, Mirzə Cəlilin sözləri ilə desək, “insanlıq aləminə xidmət edən dahi sənətkar”ın ustalığından öyrənmişlər.
Xalq yazıçısı Mehdi Hüseyn uşaqlıq illərindən bəhs edəndə yazırdı ki, əmisinin oxuduğu “Qafqaz əsiri” onun eşitdiyi ilk bədii əsər olmuş, məktəbə gedəndən sonra, hətta bir yazıçı kimi tanınanda da Tolstoyun əsərələrini təkrar mütaliə həvəsini itirməmiş, hər dəfə də yeni bir incəlik, məna dərinliyi tapmışdır. M.Hüseyn deyirdi: “Mən elə bir yazıçı tanımıram ki, rus və vətənimizin başqa xalqlarının yazıçılarının böyük müəllimi Tolstoyu sevməsin”.
Tanınmış yazıçımız Süleyman Rəhimovun fikrincə, Tolstoyun bədii irsi böyük bir akademiya, ali ustalıq məktəbidir.
Sevimli yazıçımız Mirzə İbrahimov yazırdı ki, Tolstoyun oxucuları mənən zənginləşirlər...Hazırda məhsuldar işləyən gənc yazıçılar, xüsusilə nasirlər ədibdən psixoloji dərinlik və dəqiqlik, təfərrüatların yığcamlığı və tutumluluğu, bədii sözə diqqət, bir neçə cizgi, bir-iki təfərrüatla xarakter yaratmaq, yaddaqalan canlı portret çəkmək ustalığı öyrənirlər.
Yüzlərlə fakt sadalamaq olar ki, Tolstoy tək misilsiz istedad sahibi deyil, adı böyük hərflərlə yazılacaq İNSAN və insan aşiqi idi. Sadə insanın vurğunu olan yazıçı-filosof hər zaman, hər an onların dayağı idi.
Tolstoy mülkədarlara qarşı üsyan edən kəndlilərin müdafiəsinə qalxırdı. Çarizm nökərləri üsyançı kəndlilərə qarşı şiddətli cəza tədbirləri gördüyü zaman Tolstoy “Susa bilmirəm” adlı məqaləsini yazdı, mütləqiyyətin vəhşi, qəddar siyasətini tənqid etdi.
Yazdığı məqalələrdə tək Rusiyanın burjua-mülkədar quruluşunu deyil, Avropa və Amerikada həqiqi azadlıq əvəzinə, demokratiya haqqında boş söhbətlər getdiyini, yalan və fırıldaq hökm sürdüyünü, parlament seçkilərində alverçilik və tərəfgirlik siyasətinin işə keçdiyini göstərirdi. Hindistanda və Çində dəhşətli təcavüz və zorakılıqla məşğul olan, qırğınlar törədən Amerika imperializmini də Tolstoy ardıcıl surətdə tənqid və ifşa edirdi. Həmin dövrdə Tolstoyun ifşaçı qələmi daha da kəskinləşmişdi.Onun böyük şöhrəti və qüdrəti haqqında dövrün mürtəce mühərriri olan Suvorin haqlı olaraq yazırdı: “Bizdə iki çar vardır: Biri II Nikolay, o biri də Lev Tolstoy. Bunlardan hansı qüvvətlidir? II Nikolay Tolstoyla bacara bilmir, onun “tac və taxtını” sarsıda bilmir, Tolstoy isə mütləq Nikolayın və onun sülaləsinin taxtını başına çevirəcəkdir”.
Tolstoyu həbs etmək, onun ağzını yummaq çətin idi. Odur ki, çar kilsə vasitəsilə Tolstoyu hörmətdən salmaq qərarına gəlir. Görkəmli yazıçını dinsiz adlandırıb, baş ruhani idarəsi olan Sinodun qərarı ilə xristianlıqdan xaric etdirir. Bütün bunlara baxmayaraq Tolstoyun kütlələr içərisində nüfuzu daha da artır, ona hər yerdən, Şərqdən və Qərbdən olan saysız-hesabsız pərəstişkarları məktublar yazır, onu sevir və dərin məhəbbətlə alqışlayırdılar. Rusiyanın kilsələrində isə çarın göstərişləri yerinə yetirilirdi; yazıçını lənətləyir, tez ölməsi üçün dualar edilirdi.
...L.N.Tolstoy bütün dünyanın hər tərəfindən, Rusiyanın ən uzaq məntəqələrindən hər gün saysız- hesabsız məktublar alırdı. O, qrafların, knyazların, zadəgan ziyalılarının əli ilə yazılmış ibarəli məktublara o qədər də etina etmir, sadə adamların hərf-hərf yazdıqları məktubları maraqla oxuyub cavab verirdi. Bu məktubların çoxunda bir parça çörək üzünə həsrət qalan insanların ah-naləsi ucalır, öz mərhəmət əlini uzatması ondan xahiş edilirdi.
Tolstoy son nəfəsinə qədər mövcud burjua- mütləqiyyət quruluşunu, bu quruluşu hədsiz bir yaltaqlıqla mədh edən din xadimlərini qamçılayır, onların qeyri-insani mahiyyətini açıb göstərirdi. Onlar da əks həmləyə keçərək ədibi öz evində belə casuslar toru ilə bürüyür, onu ölüm qorxusu ilə hədələyir, iyrənc məktublarla təhqir edirdilər. Bu məktublardan birində yazılırdı: “Əgər hökumət səni aradan götürməsə, biz özümüz səni susmağa məcbur edərik”. Başqa bir məktubda deyilirdi: “Sən əclafı məhv etmək üçün mən yol taparam...”.
Ədibi “Budur, insan şəklinə girmiş iblis ” – deyə, qulağı eşidə -eşidə söyür, mürtəce qəzetlərdən biri Yasnaya Polyananı “düşmən yuvası” adlandıraraq, hökumətdən onu dağıtmağı tələb edirdi. Bütün bunlarla bərabər , Tolstoyun çox sərrast bir ifadə ilə “Quldurlar dəstəsi” adlandırdığı hökumət mütərəqqi insanlığın hörmətini qazanmış ədibə açıq şəkildə cəza verməkdən qorxur, ona rəğbət bəsləyənlərə divan tuturdu.
Əlbəttə, bütün bu hadisələr Tolstoya və onun ailəsininə ardıcıl mənəvi zərbələrsiz ötüşmürdü. Sofya Andreyevna hələ 1887-ci ildə yazırdı:
“Xaosun bir-birini əvəzlədiyi vaxtda hər şeyə qayğı ilə yanaşırdım. Ancaq bu şeylər məni taqətdən salır, dəlilik vəziyyətinə gətirib çıxarır və mən tamamilə müvazinətimi itirirdim. Qısası, bütün bu dəqiqələr mən əndişə içindəydim, qarşıda böyük işlər dururdu: uşaqların gigiyenik xəstəliyinin qarşısını almaq, onları oxutmaq, ərimin kefini xoş tutmaq, uşaqların işlərini yerbəyer etmək, gözdən keçirmək, Samar malikanəsinin planı və satışını reallaşdırmaq, "Kreyser sonatası"nın 13 hissəsinin qadağan edilməsindən sonra onu yenidən nəşr etmək, keşişə yulaf otu bağışlamaq, 13 cildi korrektə etmək, Mişaya gecə paltarı, döşəkağı, Andryuşaya çəkmə almaq, evdəki paltarların vaxtını keçirməmək, mükəlləfiyyətləri öz adına uyğun sığortalamaq, camaatın pasportlarını əldə etmək, bütün hesabları yazıb gözdən keçirtmək və daha nələr-nələr... Və inanın bütün bunlar, doğrudan da mənə təsir eləyir...”
Lev Nikolayeviçin həyatındakı kəskin dönüş rus kilsəsinin onu dindən kənar etməsindən sonra başladı. Həyatın reallıqları, ruhanilərin dindən öz məqsədləri üçün olduqca çirkin şəkildə istifadə etmələri, insanların kilsələrə gedərək tövbə edib, ordan çıxdıqdan sonra isə yenidən heyvani hisslərlə yaşamaları 80 yaşlı Tolstoya ağır təsir edirdi. Böyük zəka və əqidə sahibi, psixoloji olaraq çox böyük gərginliklər keçirirdi. Dünya malının boş bir şey olduğunu bütün varlığı ilə anlayan Tolstoy, şəxsi malikanələrindən əl çəkmək və onları yoxsullar arasında bölüşdürmək fikrinə düşmüşdü. Xeyli təpkilərlə rastlaşmasına baxmayaraq, Tolstoy şəxsi mülkiyyətdən əl çəkmək barədə qərar qəbul etdi. Bu isə ailə daxilində böyük narazılıqlara səbəb oldu. Ailədə Tolstoyun artıq ağlını itirdiyi qənaətinə gəlmişdilər və onu həkimə göstərmək, müalicə etdirmək istəyirdilər. Lakin Tolstoy onların bu iradlarını rədd edərək, var-dövlətin insanlara mənəvi və ruhi rahatlıq gətirmədiyini, ətrafındakıların boğaza kimi çirkab içində olduğunu söyləyərək, çıxış yolunu Allaha bütün varlıqları ilə bağlanmalarında, Allahın insanları sevdiyi kimi, insanların da Uca Yaradanı saf və təmənnasız duyğularla sevməsində, pisliklərdən əl çəkməsində gördüyünü söyləyirdi. Amma dünyaşöhrətli ədibi öz ailəsində belə, başa düşmək istəmir və onun hər addımını, dediyi hər sözü əsəbiliklə qarşılayırdılar. Bütün bunlar Tolstoyun ağır sarsıntılar keçirməsi ilə müşayiət olunurdu.. Ailənin bəzi üzvləri onun tərəfində olsalar da, ailə başçısının mülkədarlıqdan əl çəkib, sadə bir kəndli vəziyyətinə düşmək istəyi ilə heç də hamı razılaşmırdı. Belə bir vəziyyət isə uzun müddət davam edə bilməzdi.
Xalqdan uzaqda, xalqın faciəsi üzərində qurulan zadəganlar aləmində, dedi- qodularla dolu olan bir mühitdə yaratmaq getdikcə çətinləşirdi; odur ki, dahi sənətkar “Bu həyatda qalıb yazmaq da rəzalətdir”- qərarına gəlir. Bu məqsədlə bütün mülkünü vərəsələr arasında bölüb özünə heç bir şey götürmədən, hətta son bir ildə yazdığı bütün əsərlərin qonararından da imtina edir.
Tolstoy 1910-cu il, köhnə rus təqvimi ilə noyabr ayının 10-da səhərə yaxın gizlicə Yasnaya Polyananı tərk edir.
Evdən çıxarkən arvadına məktub qoyur. Məktubda yazılır:
“Mənim gedişim səni kədərləndirəcək. Buna təəssüf edirəm, lakin məni anla və inan ki, başqa cür hərəkət edə bilməzdim. Evdə mənim günüm dözülməz hala gəlmişdir. Hər şey bir yana, indiyədək yaşamış olduğum gen-bolluq şəraitində daha yaşaya bilmirəm və mən yaşda olan qocalar adətən ömürlərinin son günlərini tənhalıq və sakitlik içində yaşamaqdan ötrü dünyəvi həyatdan əl çəkirlər – mən də bunu qət etmişəm.
Lütfən bunu anla və mənim harada olduğumu öyrənsən da, arxamca gəlmə. Sənin gəlişin vəziyyətimi daha da pisləşdirəcək, fəqət mənim qərarımı dəyişməyəcək. Mənimlə yaşadığın 48 illik dürüst həyata görə sənə təşəkkür edirəm və sənin qarşında müqəssir olduğum hər şeyə görə məni bağışla, eynilə mən də bütün varlığımla qarşımda müqəssir ola biləcəyin hər şeyə görə səni əfv edirəm. Mənim gedişimin yaratdığı bu yeni vəziyyətinlə barışmağı və mənə qarşı xoş olmayan hisslərə düşməməyi məsləhət görürəm...
Lev Tolstoy”.
O, həyatının son dövrlərini təkbaşına və özü istədiyi kimi yaşamaq istəyirdi. Bəzi məlumatlara görə, Tolstoy Krıma, oradan isə Yunanıstan və ya Bolqarıstana getmək istəyir, digər mülahizəyə görə isə yazıçı Qafqaza gəlib öz məsləkdaşlarının yanında yaşamaq niyyətində idi. Lakin Tolstoya bu səfəri başa vurmaq nəsib olmadı.
Tolstoy son illərdə ruhi sarsıntılar keçirdiyindən fiziki cəhətdən çox zəifləmişdi. Bu da onun tez-tez xəstələnməsinə səbəb olurdu. Nəticədə Tolstoy yolda xəstələndi və vəziyyəti get-gedə ağırlaşmağa başladı. Buna görə də həkimi Makovitskinin təklifi ilə səfərini yarımçıq saxlamağa məcbur oldu. Tolstoy və onu müşayiət edən şəxsi həkimi Astapovo stansiyasında (indiki Lev Tolstoy, Lipetsk vilayəti) qatardan düşdülər. Amma gedəcəkləri yerləri yox idi. Xəstə Tolstoy ilə geriyə Yasnaya Polyanaya qayıtmaq mümkün deyildi. Onları bu vəziyyətdən yerli stansiyanın rəisi İ.İ.Ozolin qurtardı. O, xəstə Tolstoyu öz evinə dəvət edərək, ona xüsusi xidmət göstərməyə başladı. Ömrünün son anlarında ikiüzlülük edən rəsmi dairələrin nümayəndələri və ruhanilər xəstə yatan Tolstoyun yanına gəlib onu tövbəyə məcbur etmək istəsələr də, sözübütöv, əyilməz dahi, peşiman olmadığını, öz fikirlərindən əl çəkmədiyini bir daha qətiyyətlə bildirərərək, ruhaniləri bir addımlığına belə buraxmadı.
Tolstoy ömrünün son 10 gününü stansiya rəisinin evində keçirdi. 1910-cu il, noyabr ayının 7-də (köhnə təqvimlə 20-də) Rusiya həyatının aynası hesab edilən böyük yazıçı 82 yaşında əbədi olaraq gözlərini yumdu. Həmin o müqəddəs gözlərini ki, M. Qorki demişdi: “Onun iti gözlərini xatırlayıram- onlar hər şeyi bütün incəliklərinə qədər görürdü. Onun sözlərinin qüdrəti yalnız intonasiyasında, yalnız üzünün ürpərtisində deyil, bütün ömrüm boyu gördüyüm ən iti, ən gözəl gözlərin oynaqlığında və parıltısında idi.Lev Nikolayeviçin bir cüt gözündə min göz vardı”.
Tolstoyu keşiş və dini mərasim olmadan dəfn etdilər. Çünki ölümündən 9-10 il əvvəl kilsə onu dinsiz elan etmişdi. Lev Tolstoy hələ 1895-ci ildə öz gündəliyində yazmışdı: "Mümkünsə, məni dini mərasimlə dəfn etməyin. Bu mümkün olmasa, onda məni istədiyiniz kimi olduqca sadə şəkildə dəfn edin".
Bu hadisə haqqında müxtəlif fikirlər, rəylər söylənildi, şərhlər verildi. Böhtan və şayələr yayıldı. Bəziləri bunu ədibin hədsiz qocalığı, zəifləyib gücdən düşməsi, yaşamaq ehtirasını itirməsi ilə izah etməyə çalışırlar. Məsələ belə idimi? Yox! O, yazmaq, yaratmaq üşün doğulmuşdu. Ona isə mane olurdular. Tolstoyun gündəliyində bununla əlaqədar qeyd edilən hər bir sözdə böyük bir qəlbin iniltisi, dahi bir sənətkarın ağır bir faciəsi duyulur. Həmin gündəlikdə oxuyuruq:
“Özümü sağlam hiss edirəm, lakin mənasız şeylər işləməyə qoymur”(5 avqust ). “Çətindir... Deyəsən, işləməyəcəm. Rahat deyiləm. Heç bir şey yazmamışam” (8 sentyabr). “Bu gün bədii yaradıcılıqla məşğul olmaq tələbini aydın hiss edirəm, lakin bu iş üçün imkanım olmadığını da görürəm” (2 oktyabr).
Dəbdəbəli kübar həyatı keçirən bir sinfin – dahi ədibin nifrət edib, ikrah hissi ilə arxa çevirdiyi bir sinfin nümayəndələri ona rahatlıq vermir, ruhi müvazinətini pozur, yaradıcılıqla məşğul olmasına maneçilik törədirdilər: “Səhər yenə də dedi-qodu və dava –dalaş... Gün boş keçdi, yaxşı işləyə bilmədim” (12 oktyabr).
Ədib gördüyü kəndlərin birindən aldığı təəssürat haqqında 1910-cu il sentyabrın 4-də gündəliyində yazırdı: “Dəhşətli bir yoxsulluq. Ağlamaqdan özümü zorla saxlayıram”. O, göz yaşlarını saxlayır, lakin kin, qəzəb və ikrah hissini boğa bilmirdi. Doğma övladları, 48 il birgə ömür sürdüyü arvadı Sofya Andreyevna isə onun bu üsyanına nəinki şərik olmur, hətta tamamilə zidd bir mövqe tuturdu. Onlar ədibin üz döndərdiyi mülkədarlıq dünyasının təəssübünü çəkir, onun “şan - şərəfini” qoruyur, “tüfeyli həyat keçirmək hüququ”nu müdafiə edirdilər.
Böyük yazıçını uzun illər boyu gözümçıxdıya salmış çar hökuməti Tolstoyun vəfatından sonra nəinki polis orqanlarını ayağa qaldırmış, hətta bəzi şəhərlərdə əsgəri hissələri döyüşə hazır vəziyyətə gətirtmişdi. Polis idarələrinə gizli surətdə ciddi tapşırıq verilmişdi ki, hökumətə qarşı heç bir çıxışa, “binalardan matəm əlaməti ” asılmasına yol verilməsin. Yasnaya Polyanaya gedənlərə göz qoyulsun.
Həmin günlərdə alınmış çoxlu teleqram ictimaiyyətin əhval- ruhiyyəsini də aydın ifadə edirdi. Q.V,Plexanov, V.M.Bexterev, İ.İ.Meçnikov, İ.A.Bunin, A.S.Serafimoviç, S.V.Raxmaninov, Dostoyevckinin ailəsi, Almaniyada və Fransada oxuyan rus tələbələri kədərləndirdiklərini, böyük söz ustadının yaradıcılığının əbədiliyinə inandıqlarını bildirirdi. Görkəmli rus rəssamı İ.Y.Repin vurduğu teleqramda yazmışdı: “Onun ruhu haqqın və azadlığın qəlbində yaşayır”.
O vaxt sürgündə olan inqilabçılar da senzura- polis maneələrini aşaraq rus xalqına üz vermiş itki münasibətilə kədərləndiklərini ifadə edə bilmişdilər. Arxangelsk quberniyasının Xolmoqor şəhərindən K.Y.Voroşilov və başqalarından alınmış teleqramda deyilirdi: “Xolmoqor şəhərində siyasi sürgündə olanlar ehtiraslı həqiqət yolçusu, böyük söz ustadı, təfəkkür oyadıcısı Lev Nikolayeviç Tolstoyun vəfatı münasibəti ilə dərindən kədərləndirdiklərini bildirirlər ”.
Məxfi sənədlər böyük yazıçının vəfatından sonra baş vermiş hadisələrin xarakterini öyrənmək üçün çox maraqlıdır. Bu sənədlər Tolstoyun vəfatı ilə əlaqədar olaraq keçirilən tədbirlərə II Nikolayın cinayətkarcasına münasibət bəslədiyini göstərir. Məsələn, o, yazıçının xatirəsini əbədiləşdirmək üçün komitə yaradılmasını qadağan etmişdi. Yasnaya Polyananı dövlət mülkiyyətinə çevirib orada muzey yaratmaq haqqında demokratik dairələrin verdiyi təklifləri rədd etmişdi.
L.N.Tolstoyun vəfatına ayrı-ayrı ölkələrdə göstərilən münasibət də diqqəti cəlb edir. Yazıçının ölümü münasibəti ilə Praqada şəhər idarəsinin binası üzərində matəm bayrağı asılmışdı, Brüsseldə Tolstoy haqqında xronika filmi göstərildikdə hamı hörmət əlaməti olaraq ayağa qalxmışdı. Londonda, Stokholmda, Budapeştdə, Haaqada, Sofiyada və başqa şəhərlərdə matəm yığıncaqları keçirilmişdi. Ispaniya şəhərlərində polisin mane olmasına baxmayaraq, vətəndaşlar matəm yürüşləri təşkil etmişdilər.
Abbasağa Nazirin şeirlərindən biri də bayaq bəhs etdiyim kimi, böyük rus yazıçısının vəfatı münasibətilə yazılmış matəm mənzuməsi idi. Ədibin vəfatından üç gün sonra yazılmış bu mənzumə “Qraf Tolstoyun vəfatına aid” adlanır. Əsər sonralar çap olunmuşdur. Şeiri kiçik ixtisarla təqdim edirəm:
Lev Tolstoy, ədibi-əzəmi rus
Dari-dünyadan eylədi rəhlət.
Yəni fot oldu, səd həzar əfsus
Nuri-şəmsi-həqiqətü hikmət.
Qüvvədən düşdülər dəhanü-zəban.
Eşidilməz dəxi bir də seyri-cahan;
Əbədi örtülüb o aydın göz.
Parlamaz indi şöleyi-əfkar.
Eyləməz qəlbi-aləmi tənnir,
Tutmaz əl dəxi kilin-gövhərbar.
Həq və insafı eyləməz təsvir:
Dəhənindən çıxınca son nəfəsi,
Etmədi tərk həqqü-insafı.
Qalmadı, getdi ruhu canü-səsi,
Qaldı baqi əqideyi-safi.
Çıxhaçıx vəxti canı etdi xitab,
Dedi yanındakı təbiblərə:
“Neçə milyon çəkir xəlayi qəzəb,
Yığılıbsız neçün bu bir nəfərə”.
Əhli Rusiyyə sanma ki, tənha
Bu müsibətdən oldular məğmum,
Bəlkə məcmu əhaliyi-dünya
Üçün oldu bu bir müsibət ümum.
F.Köçərli də böyük rus yazıçısı və filosofunun ölümünü təkcə Rusiya üçün deyil, mütərəqqi bəşəriyyət üçün olduqca böyük itki hesab edirdi. Rus dahisinin ölümünün İslam aləmi üçün də kədərindən bəhs edən Köçərli qeyd edirdi ki, Lev Tolstoy Məhəmməd Peyğəmbərlə, onun insanlara və Allaha məhəbbət təlqin edən, insanları sülhə və birliyə çağıran təlimilə tamamilə şərik olduğu üçün müsəlman aləminin dərin hörmət və etiramını qazanmışdır.
Ə.Hüseynzadə yazırdı ki, bu gün rusların əlində olan kitabçaların əksəriyyəti L.Tolstoyundur. “Bu hal ilə Tolstoy rusların Sədisi olmuş olur”.
Sədi yaradıcılığını yüksək qiymətləndirən müəllif onun insanlara gözəl əxlaq, güzəran öyrədən bir şəxsiyyət kimi əsas xüsusiyyətlərini L.Tolstoyda axtarır.Bütün Şərqdə Qurandan sonra ən çox oxunan kitabın “Gülüstan” olduğu məlumdur.Ə.Hüseynzadə belə hesab edir ki, Sədi də Tolstoy kimi çox yaşamış, ölkələri gəzmiş, əsgərlik etmişdir.O da həyat kimi gah xəndan və məsrur, gah qəmgin və məyusdur. O, məsudlara nəsihət edir, fəlakətzədələrə təsəlli verirdi.
Ə. Hüseynzadəyə görə, tolstoyçuluğun əsasını elpərvərliklə bərabər, fəal və geniş bir dindarlıq konsepsiyası təşkil edirdi.
Dünyanın müxtəlif ölkələrindən olduğu kimi, Azərbaycandan da yüzlərlə ziyalı, alim, mədəniyyət xadimləri, sadə tolstoysevərlər Yasnaya Polyanaya gəlir, böyük Tolstoyun məzarını ziyarət edir, ruhuna dualar edirdilər.
Unudulmaz Xalq şairimiz Nəbi Xəzrinin “Yasnaya Polyana xatirələri”ni dəfələrlə oxumuşam, hər dəfə də elə bil bu füsunkar məkana özüm gedib-gəlmişəm. Şairimiz yazırdı:
“Maşınımız Tula şəhərini arxada buraxaraq irəliləyirdi. Şiddətli yağışdan islanmış asfalt yol dərələri, təpələri yarıb keçən sonsuz bir çaya bənzəyirdi. Maşınımız isə kiçik gəmi kimi çayda üzdükcə mütəmadi bir şırıltı qoparır, hər iki tərəfdən uzanan meşəlikləri arxada buraxaraq gedirdi.
Hamımızı sevincdən çox qürur hissi bürümüşdü. Indi biz böyük dahinin doğulduğu yeri görəcək, onun saatlarla gəzib iz saldığı xiyabanları dolaşacaq və nəhayət, onun müqəddəs qəbrini ziyarət edəcəyik.
Yasnaya Polyanaya yaxınlaşdıqca ürəyimiz daha şirin və xoş duyğu ilə döyünməyə başlayırdı. Kim isə:
- On iki kilometr qalır, - dedi, - daha nə var ki, indi çatarıq.
Başqa bir yoldaşımız isə:
- Beş saatdır yol gəlirik, gözümə görünmür. Amma bu son dəqiqələr yaman ağır keçir,- dedi.
Bir azdan sonra böyük bir darvazanın yanında dayandıq. Düşdük. İçəri girdikdə qarşımızda gözəl bir aləm açıldı. Yüksək palıd xiyabanı bizi öz sərin qoynuna aldı. Yaxındakı göy, buludlar ardından çıxan günəşin şüaları altında par-par parıldadı.
Yasnaya Polyana dünyada ən böyük muzey- malikanədir. Buranın özülünü L.N.Tolstoyun babası knyaz N.S.Volkonski qoymuşdur. Bütün tolstoylar nəsli burada doğulub, burada böyümüşdür. L.N.Tolstoy 82 illik həyatının altmış ilini burada, bu sakit, əfsanəvi təbiətin qucağında keçirmişdir.
Yasnaya Polyana təpəlikdə yerləşir. Bir tərəfdən sahilində ağcaqayınlar və moruq kolları bitmiş Yasenki çayı axır, bir tərəfdə Böyük göl sakit-sakit yuxulayır. Meşələrin qurtaracağında Tolstoyun kəndlilərlə əl-ələ verib becərdiyi əkin yerləri başlayır.
Yasnaya Polyananın gözəlliyinə valeh olan böyük rus rəssamı İ.E.Repin yazmışdır: “Burada təbiət xüsusi valehedici bir koloritə malikdir. Gözəl Krım belə Yasnaya Polyananın yerini verə bilməz”.
Tolstoyun doğulub uşaqlığını keçirdiyi ev indi burada yoxdur. O, özü 1854-cü ildə əsgərlər üçün jurnal buraxmaq istəyərkən, pula böyük ehtiyac duyduğundan həmin evi satmışdır. İndi muzeyə çevrilmiş ev isə sonradan yazıçının özü tərəfindən tikdirilmişdir. Üstü dəmirlə örtülmüş iki mərtəbəli, hər iki tərəfə aynabəndi olan bu ev yaşıl və uca ağaclarla əhatə olunmuşdur.
...Evin həyətində qoca bir ağac var. Buna “Yoxsullar ağacı” deyirlər. Bütün yaxın kəndlərdən kəndlilər Lev Nikolayeviçin yanına məsləhətə gələrmişlər. Səhərlər onlar bu ağacın altındakı taxta skamyada oturub (skamya indi də durur) Lev Nikolayeviçi gözləyərmişlər.
Bir də görərdin ki, qapı açıldı, Lev Nikolayeviç əlindəki əsaya söykənərək kəndlilərə yaxınlaşdı. Kəndlilər onu dövrəyə alıb öz dərdlərini söylədilər; kimisi payızlıq əkindən, kimisi şumdan, kimisi ağasından narazı olduğundan söhbət açdı. Bəziləri Lev Nikolayeviçi öz yanına qonaq çağırırdı. Bəziləri isə üst –başı cır –cındır oğlunu Lev Nikolayeviçin açdığı məktəbə qoymaq istəyirdi. Bu böyük yazıçının çox xoşuna gəlir və uşağın başını tumarlayırdı.
-Oxumaq lazımdır, bala, oxumaq. Sizlərə Rusiyanın ehtiyacı vardır.
Sevincdən gözü yaşarmış uşaq böyük dahinin ona doğru uzadılmış əzələli iri əlini öz kiçik əlləri ilə sıxır.
Lev Nikolayeviç Tolstoy kəndlilərin ən yaxın dostu olmuşdur. O, kəndliləri, kəndlilər də onu sevərdi. Elə buna görədir ki, onun əsərlərində əsas yerlərdən birini rus kəndlisi tutur.
Lev Tolstoy xalqın savadlanmasına çalışan böyük bir mütəfəkkir idi. O, kəndli uşaqları üçün məktəb açmışdı. Tolstoy rus dilini öyrənmək üçün “əlifba” kitabı da tərtib etmişdi.
1874-cü ildə o, A.A.Tolstoya yazmışdı:
“Mən xalqın savadlanmasını ona görə istəyirəm ki, orada batıb gedən puşkinlər, lomonosovlar üzə çıxsın. Belələri hər bir məktəbdə çox - çoxdur”.
Kəndli uşaqları üçün açılan məktəb indi ədəbiyyat muzeyidir. Bu binanın qarşısındakı kiçik bir evdə Tolstoy kəndlilər üçün xəstəxana təşkil etmişdi. Onyn öz şəxsi həkimi burada xəstə kəndlilərə baxarmış.
1941-ci ildə alman qəsbkarları vətənimizin dərinliklərinə soxulduqca Yasnaya Polyananın da üzərinə təhlükə çökürdü. Hökumətin qərarı üzrə muzeyin bütün şeyləri uzaq arxaya – Tomsk şəhərinə köçürüldü. Faşistlər Yasnaya Polyanada qırx beş gün hökmranlıq etdilər. Mədəniyyətin düşməni olan faşistlər dünya ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Tolstoyun xatirəsinə təcavüz etməkdən belə çəkinmədilər. Rus xalqının ziyarətgahına dönmüş bu ev faşistlər tərəfindən tövləyə, kazarmaya çevrilmişdi.
Yerli əhali danışır ki, burada sərxoş alman əsgərləri səhərədək məclis qurur, ağacları qırıb tonqal yandırır, atlarını böyük yazıçının yaşadığı otaqlarda bağlayırdılar. Insan sifətini itirmiş faşistlər, hansı bir feldfebelinsə meyitini Lev Nikolayeviç Tolstoyun qəbri yanında basdırmışdılar.
Qırx beş qara gün Yasnaya Polyananı tanınmaz etdi.
1942-ci ilin yanvarın 6 – da V.M.Molotov yoldaş faşistlərin vəhşiliyi haqqındakı notada bildirirdi ki, alman qəsbkarları ay yarım ərzində bəşəriyyətin ən böyük dahilərindən olan Lev Nikolayeviç Tolstoyun doğulduğu, yaşadığı, yaratdığı, bütün dünyada məşhur olan Yasnaya Polyananı işğal edərkən, rus xalqının bu böyük abidəsini dağıtmış, murdarlamış və nəhayət, yandırmışlar.
Çox keçməmiş ev – muzey təmir olundu, hər şey öz əvvəlki qaydasına salındı. Nəhayət, 1942 – ci ilin may ayında Yasnaya Polyananın qapıları yenidən xalqın üzünə açıldı...” Nəbi Xəzrinin bu sətirləri Xəlil Rza “Biz nəyi yaşatdıq?” adlı şeirini yadıma salır:
Gələndə bu evə at bağladılar,
Gedəndə bu evə od vurdu onlar.
Didib çeynədilər, ayaqladılar
Müqəddəs hər nə var, gözəl hər nə var.
Neçə zər cilidli söz dünyasını
Yanıb tüstüləyən torpaqda tapdıq.
Neçə narın xətli əlyazmasını
Alovlar ağzından havada qapdıq.
Bir yerdə durmadıq, getdik irəli,
Sanki o düha da bizimlə getdi.
Yanında Kutuzov, köhlən at üstə,
Pyer də, Nata da əzm ilə getdi.
Buluddan çıxartdıq günəşi, ayı,
Bizdən nicat umdu qövsi-qüzeh də.
Sena körpüləri, Luvr sarayı,
Min-min xəzinə də, min-min muzey də.
Homer Afinada, Bayron Londonda
Bizdən kömək umdu, nicat gözlədi.
Lanqfello, Drayzer Vaşinqtonda
Bizdən kömək umdu, nicat gözlədi.
Qızmış “pələng” lərin tırtıllarından
Qoruduq hüsnünü neçə baharın.
Bethoven heç nəyi eşitməsə də,
Eşitdi səsini bizim topların.
Məftil çəpərləri qırdı əlimiz,
Yardıq zindanları, yetdik haraya.
Aldıq Almaniyadan Drezdeni biz,
Verdik al səhərli Almaniyaya.
Təkcə bu Yasnaya Polyananı yox,
Gör nəyi yaşatdı sovet əsgəri:
Dünəni, bu günü, sabahıyla bir
Bütün insanlığı, bütün bəşəri!
Xəzri daha sonra yazır: “...Ev – muzeydən sol tərəfə döndükdə uzun bir xiyaban başlayır. “Sakitlik zonası” deyilən bu yerdə böyük bir sakitlik hökmrandır. Qoca ağaclar yüksələrək tağ kimi yolun üstünü örtmüşdür. Bir tərəfdə L.N.Tolstoyun öz əlləri ilə əkdiyi meyvə bağı, o biri tərəfdə isə çoxlu arı pətəkləri vardır. Bu xiyaban gətirib bir meşəyə çıxarır. Sıx ağcaqayınlıq başlayır. Göz işlədikcə bəyaz, bəmbəyaz ağaclar.... Budur, hətta bir ağcaqayın palıd ağacına sarmaşıq kimi sarılaraq qalxmışdır. Bunlar hamısı böyük yazıçı, böyük zəhmətkeş Tolstoyun əlləri ilə əkilmişdir. “Köhnə sifariş” meşəsi də elə buradadır.
Lev Nikolayeviç öz xatirələrində tez-tez bu meşəni xatırlayır. O, öz böyük qardaşı Nikolenkanı çox sevirmiş. Onlar buraya tez- tez gəzməyə gələrmişlər. Sıx meşədə qaçdı-tutdu oynayar, yaşıl ağaclara baxıb təbiətin gözəlliyinə heyran qalarmışlar. Nikolenka bir əfsanə düzəltmişmiş. Guya bir sirli “yaşıl budaq” vardır. Kim onu tapsa, dünyada insanlara xoşbəxtlik gətirəcək, həqiqəti açıb göstərəcəkdir. Onların uşaq qəlbi bu budağı tapmaq və insanlara səadət gətirmək arzusu ilə çırpınardı. Nikolenkanın dediyinə görə bu budağı dərənin qurtaracağındakı təpəlikdə axtarmaq lazımdır. Bu iki xəyalpərəst uşaq saatlarla dərənin qurtaracağına gedib o sirli budağı axtararmışlar. İllər keçmiş, Lev Nikolayeviç bu hadisəni heç bir zaman yaddan çıxarmamışdı. Hətta o, vəfat edərkən əziz qardaşının və gözəl uşaqlıq günlərinin xatirəsinə, orada-dərənin qurtaracağında basdırılmasını vəsiyyət etmişdi.
Biz qəbri ziyarət etdik. Böyük dahinin bu kiçik, sadə qəbri yanında papaqlarımızı çıxarıb sükutla durduq. Qəbir yerdən azacıq qaldırılmış, uzunsov və dördkünc bir təpəcikdən ibarətdir. Üstünə rəngbərəng təzə çiçəklər və yaşıl budaqlar qoyulmuşdu. Deyirlər ki, yaz, qış bu qəbrin üzərində gül-çiçək əskik olmur. Yaxın kəndlərin kolxozçuları buraya tez-tez gəlir, özlərinin əkib becərdiyi gül –çiçəklərdən əklillər düzəldib sevimli Lev Nikolayeviçin qəbri üstünə qoyurlar.
Meşə sakit və səssiz idi. Elə bil ki, böyük dahinin yuxusunu pozmamaq üçün nə bir külək əsir, nə budaqlar tərpənirdi. Yalnız uzaqlarda oxuyan hansı bir quşcuğazınsa şirin nəğmələri bir lay-lay kimi “Köhnə sifariş” meşəsinə dalğa-dalğa yayılırdı.
...Biz muzeyə gələndə orada çoxlu adam var idi. Qapıda haradan gəldiyimizi soruşub dəftərə qeyd edən qız :
-Bir azacıq gözləyin,- dedi,- bu saat...
Adamlar dəstə - dəstə evdən çıxırdılar. Kiminin qaşları çatılmış, düşüncəli, kimisi isə yoldaşları ilə öz hisslərini bölüşərək bərkdən – bərkdən danışırdı:
-Gör nə böyük insandır! Mənə elə gəlir ki, onu bu gündən tanımağa başladım. Böyük olduğu qədər də sadə imiş.
- ... Lev Nikolayeviç tez-tez nahara gecikərmiş. Bağda-bostanda işlədiyindən, saatlarla parkda gəzib düşüncələrə daldığından nahar da yadından çıxarmış. Belə vaxtlarda Lev Nikolayeviç üçün yeməyi aşağı başda qoyardılar. – Mavi paltarlı qız əlindəki şumal ağacla stolun aşağı başındakı şüşə örtüyün altında qoyulmuş boşqab, bıçaq, çəngəl və qaşığı göstərdi.
Otaq sadə, təmiz və işıqlıdır. Divarda Lev Tolstoyun arvadı Sofya Andreyevnanın yağlı rənglə çəkilmiş portreti, sevimli qızı Mariyanın, anasının, atasının və babalarının şəkilləri vurulmuşdur. Məşhur rus rəssamları tərəfindən işlənmiş bu şəkillər əziz bir xatirə kimi nəsildən – nəslə saxlanılır.
...Qonşu otağa keçdik. Mavi paltarlı qız:
- Bura Sofya Andreyevnanın otağıdır,-dedi. O, burada oturub tikiş işlərini görər, yanına gələn qohum-qardaş və tanışlarla söhbət edərmiş. Bu otaqdaca palıd ağacından olan kiçik, yaraşıqlı bir masa durur. Burada Sofya Andreyevna Lev Nikolayeviçin əl yazmalarının üzünü köçürərmiş, gecə keçər, bəzən o, səhəri gözlərini yummadan açarmış. O, buradaca “Anna Karenina” nın yeddi dəfə üzünü köçürmüşdür. Lev Nikolayeviç öz əl yazmalarının üzərində o qədər işlərmiş ki, səhifələrdə ağ yer qalmazmış. Bundan başqa onun xətti də qatma-qarışıq imiş. Onu Sofya Andreyevnadan başqa heç kim ayırd edə bilməzmiş. Elə buna görədir ki, Maksim Qorki Sofya Andreyevna haqqında yazır:
“ Mahir usta və üsyankar bir insan olan Lev Nikolayeviç Tolstoyla ömrünün əlli çətin ilini keçirən Sofya Andreyevna onun həyat yolunda yeganə dostu və işində birinci köməkçisi olmuşdur”.
...Birinci mərtəbədə L.N.Tolstoyun ikinci bir iş otağı vardır. Bura əldən- ayaqdan uzaq sakit bir otaqdır. Bura Lev Nikolayeviçin babasının vaxtında ambar imiş. Lev Nikolayeviç özü bu otağı təmizləyib qaydaya salmış, sakit olduğu üçün iş otağına çevirmişdir. Bu daşlar, divarlar “Hərb və sülh” əsərini dönə - dönə işlənilən səhifələrinin şahididir. Bir küncdə palıd ağacından düzəldilmiş divan durur. Burada Lev Nikolayeviçin qolları üstündə onun sevimli qızı Mariya can vermişdir. O, Mariyanın soyumuş alnından öpərək gözündən yaşlar axıtmış: - Əzizim, yeganə ümidim, gözümün işığı, məni hara qoyub gedirsən? – demişdir.
Bu böyük yazıçı hər şeydən əvvəl geniş ürəkli, mehriban ailə sahibi, incə qəlbli bir ata olmuşdur.
...Yasnaya Polyana! Şair ürəkli böyük nasirin yaşadığı şairanə yer... Sevimli, doğma Yasnaya Polyana!
Biz onun hər addımını gəzib dolaşdıq. Onun xiyabanlarının sərin havasını udduq. Çəmənliklərindən rəngarəng güllər, çiçəklər dərdik. Biz o gülləri, çiçəkləri böyük yazıçımız Lev Nikolayeviç Tolstoyun qiymətli kitabları arasına qoyub ömrümüz boyu əzizləyəcəyik... Solmaz səhifələr arasındakı o çiçəklər solsa da, xatirələrimiz qəlbimizdən silinməyəcəkdir”.
...Hələ Tolstoyun sağlığında Qorki demişdi: “Düha adını daşımağa ondan daha ləyaqətli, daha mürəkkəb, daha ziddiyyətli və hər cəhətdən gözəl olan bir adam yoxdur. O, sözün xüsusi, geniş mənasında gözəldir, onda elə bir cəhət vardır ki, mən hamıya və hər kəsə ayrılıqda qışıqırıb demək istəyirəm ki, görün, Yer üzündə necə qəribə, heyrətamiz bir adam yaşayır!”
Bu gün həmin əsrarəngiz rus torpağı -Yasnaya Polyanada bir İNSAN uyuyur. Həmin qəribə, heyrətamiz ADAM əbədiyaşar varlığı və zəkası ilə gur yanan bir məşələ - zəka məşəlinə çevrilib. Bu məşəl öz hərarəti, odu, alovu ilə hələ bir-birini əvəz edəcək neçə-neçə nəsilləri, yüzillikləri, minillikləri isidəcəkdir. O, hər zaman İNSANLIĞIN qəlbində yaşayacaqdır.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM