Dünyanın ən sirli və maraqlı xalqı-FOTOLAR

10:43 / 22.07.2013

Reyhan Mirzəzadə

Publisist-politoloq

Yaponiya şairanə diyardır

21 martı yapon xalqı yazda gecə-gündüzün bərabərliyi günü kimi qeyd edir

Dünyanın ən sirli və maraqlı xalqı olan yaponlar çox-çox ölkələrin yazarları, tarixçiləri, etnoqraflarını düşündürüb və bu gün də düşündürməkdə davam edir. Yaponlar Tanrı tərəfindən sanki ayrıca bir məkan üçün yaradılan, çoxlarına müəmmalı görünən, zahirən əkiz xalq kimi oxşadığı çinlilərdən belə xeyli fərqlənən, bənzərsizliyi ilə məhz özünə məxsus olan sadə və səmimi bir xalqdır. Alimlər tədqiq ediblər ki, yaponların milli xarakterində bu amillər xeyli fərqlənir:

a) ümumi etik cizgilər - əməksevərlik, güclü bir şəkildə inkişaf etmiş estetik hiss, təbiəti sevmək, ənənələrə sadiqlik, iqtibasa meyllilik, etnosentrizm, praktiklik.

b) qrupşəkilli davranış xüsusiyyətləri - nizam-intizamlılıq, nüfuza sadiqlik, borcluluq hissi.

v) gündəlik adi cizgilər - nəzakətlilik, səliqəlilik, özünüələalma, qənaətcillik, dözümlülük.

Yaponlar ta qədim zamanlardan insanın simasına nəzər yetirməklə həmin adamın niyyəti ilə onun taleyini müəyyən etməyə müvəffəq olurdular. Öz simasını gizlətmək meyli də məhz bununla bağlıdır, məhz bu səbəbdən də yaponlarda daxili ekspresiya və emosiyalardan asılı olmayaraq sakit və dinc üz ifadəsi vardır. Yaponlar ünsiyyət zamanı özlərini həddindən artıq təmkinli aparırlar. Emosiyaların kütləvi şəkildə nümayiş etdirilməsi yolverilməzliyi onlarda uşaqlıqdan tərbiyə olunur.

Yaponlar həm də qədim adət-ənənələrinə sevgi və sədaqətlə yanaşan xalqdır. Keçmiş sovet məkanının tanınmış alimi N.Konrad uzun illər yapon nağılları, mifi, nəğmələri, ümumiyyətlə, yapon mədəniyyətini öyrənməklə məşğul olub. O, yazılarında qeyd edir ki, yaponların "Kodziki" adlanan qədim mədəniyyət abidəsi hər bir yapona yaxın, doğma olan, sevilən bir kitabdır.  Yazıçı, diplomat və şərqşünas N.Fedorenko qarşıya maraqlı sual qoyurdu: "Mən hər zaman düşünürəm - gedəni saxlamamaq, gələni qovmamaq - yapon qonaqpərvərliyinin bu qanunu öz qüvvəsini uzun müddət saxlaya biləcəkmi?" Təbii ki, bu sualın cavabını Yaponiyanı ziyarət edənlər daha yaxşı bilər. İndi isə tarixin səhifələrini vərəqləyək.

İvao Matsukaranın "Yaponiyanın həyatı və təbiəti" kitabında (Tokio, 1964.) maraqlı qeydlər var: "Zövq məsələlərində yaponlar çox sadədirlər və onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rənglədikləri, bol və müxtəlif xörəklər sevdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı xoşlayırlar. Yaponların da Çin xörəklərindən xoşları gəlir, lakin bu yalnız müxtəliflik üçündür. Elə bir ailə çətin tapmaq olar ki, var-dövləti sayəsində hər gün öz evində çinli aşpazın bişirdiyi qədər xörək hazırlatdırsın.

Rəngkarlıqda çinlilər əzəmət, aydın xətlər xoşlayırlar ki, bu, yaponlara vülqarlıq, zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideya güllərini - tünd ətri və aydın cizgiləri olan gülləri sevirlər ki, bu da Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin çöl çiçəklərini, hətta adsız otları daha üstün qiymətləndirirlər. İncəsənətdən, yaxud təbiətdən həzz almaq məsələsinə gələndə, yaponlar qatı mühafizəkara çevrilirlər, onlar yalnız qədim meyarlara sadiqdirlər. Yosun basmış daşları, çox balaca, əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda xüsusi gözəllik vardır".

Ölkədə xalqın torpaga olan təlabatı olduqca böyükdür.Şəhərlər genişləndikcə,ətrafdakı kəndli sahələri böyüdükcə,zəhmətkeş yaponlar daha uzaq məsafələr qət etməli olurlar.Onların çoxu işə gedib-gəlmək üçün gündə 5,hətta 6 saat vaxt itirirlər.Yaponiya kəndlilərinin beyninə bu fikir təlqin olunmuşdur ki,çəltik becərmək,sənətkar olmaqdan,yaxud alver etməkdən şərəfli işdir.Sələflərin "əkinçilik dövlətin əsasıdır"fikri nəsildən-nəslə keçmişdir.İmperatorun özü birinci əkinçi sayılır və ənənəyə görə,hər il öz sarayının yanındakı kiçik tarlada öz əli ilə çəltik əkir.

Kitablardan oxuyuram ki, yapon mənzilinin içini birinci dəfə görəndə adam ən əvvəl orada qətiyyən mebel olmadığına heyran qalır. Orada nə divan, nə kürsü, nə stul, nə masa, nə qab-qacaq düzülmüş bufet, nə paltar dolabı, nə kitab rəfi, nə də çarpayı olur. Tatami - həsirdən sırınmış və üç barmaq qalınlığında olan cod döşək yalın ayaqlar altında azacıq yatıb-qalxır. Tatami məhz elə ölçüdədir ki, yaşlı adam onun üstündə əyləşir, işləyir, dincəlir, yatır. Həmin döşəmələrin ölçüsü həmişə eyni - bir kvadratmetr yarımdan azacıq böyük olduğuna görə yapon mənzillərindəki otaqlar da yalnız müəyyən sahədə olur: 3, 4, 6, yaxud 8 tatami.

Yaponlar mənzillərində müəyyən bir şeyi təmir etmək və ya sazlamaq istəyəndə.hər xırda iş üçün usta çagırırlar.Bu ustaların hər biri əmindir ki, öz işini sifarişçidən yaxşı bilir.Ona görə də hər cür tövsiyə və məsləhətlərə biganə yanaşır və ya əhəmiyyət vermir.Məsələn,yapon dərzisinə kostyumun,yaxud paltarın əyinə bu cür yox,başqa cür durmalı oldugunu sübut etmək mənasızdır.Yapon mehmanxanasının xidmətçisi bayırda soyuq olsa da,qonaq hələ bir-iki saat yatmaq istəsə də,hava işıqlaşan kimi,otaga girib pəncərələrin taylarını aça bilər.Onun fikrincə,oyanmaq vaxtını özü daha yaxşı bilir.

Xeyli müddət Yaponiyada yaşamış rus yazarı V.Ovçinnikov yapon adət-ənənələrini təsvir etdiyi "Sakura budağı"nda müşahidələrinə əsasən yazır ki, yapon ailəsinə qonaq təşrif buyurarkən qapının ağzında onu ancaq ev sahibəsi qarşılayır, qonaq ev sahibi ilə otaqda, ayaqqabısını çıxarıb tatami üzərində təzim üçün lazım olan vəziyyətdə əyləşəndən sonra salamlaşır. Ev sahibi qonağın qarşısında əyləşib söhbət edir, arvadı dinib-danışmadan xidmətçi vəzifəsini yerinə yetirir, ailənin bütün digər üzvləri isə hörmət əlaməti olaraq ümumiyyətlə gözə görünmürlər.

Həyatın formaları yeniləşsə də, yaponlarda ailə ocağı köhnə ədəb qaydalarının qalası kimi qalır.Elçilk zamanı bəylə gəlinin ilk görüşünü elə təşkil etmək vacib sayılır ki,tərəflərdən biri rədd cavabı versə,digər tərəf alçalmasın.Buna görə də çox vaxt müəyyən ictimai yerdə,məsələn,xrizantem sərgisində,yaxud hər hansı parkda albalı agacının baharda çiçək açmasına tamaşa edilərkən gənclərin bir-birini görmələri təşkil olunur.Belə görüş heç kəsin qarşısına tələb qoymadan gənclərin və onların ata-analarının da  bir-biriləri ilə tanış olmalarına imkan verir.

Ailənin təntənəli günləri bir tərəfə qalsın, adi günlərdə də masa arxasında pozulmaz qayda ilə əyləşmək tələb olunur. Evdən çıxan, yaxud evə gələn hər kəsə səs-səsə verib - "Yaxşı yol!", yaxud "Xoş gəlmisiniz!" - demək adətdir.

Tokio təyyarə meydanında yaponların uzaq ölkələrə səfərdən qayıdan qohumlarını qarşılamalarını dəfələrlə seyr etmək də maraqlıdır. Ər təyyarədən düşəndə, arvadı onu dərin təzimlə qarşılayır. Adamlar qarşısında qucaqlaşmaq və ya öpüşmək ağlasığmaz işdir. Ər arvadına başını tərpətməklə cavab verir, oğlunun və ya qızının başını sığallayır, əgər valideynləri lütf edib qarşılamağa gəliblərsə, onlara dərin hörmətlə təzim edir.

Yaponiyada olanların çoxu şübhəsiz müşahidə etmişlər ki,yapon uşaqları demək olar heç vaxt aglamırlar.Bəziləri də bunu körpələrə xas olan məşhur yapon nəzakətinə aid edirlər.Uşaq adətən yemək və ya içmək istəyəndə.narahat olanda,başsız qalanda,nəhayət,müəyyən bir işə məcbur ediləndə aglayır.Yaponların tərbiyə sistemi bütün bunlara yol verməməyə çalışır.Çünki bu ölkədə uşaqların həddindən artıq nazını çəkirlər.Onları heç vaxt aglamaga qoymurlar.Uşaqlara,xüsusən oglanlara demək olar heç nəyi qadagan etmirlər.Məktəb yaşınadək uşaq istədiyini edə bilir.Uşaqda belə bir inam oyanır ki,valideynləri onun mənliyinə toxunmazlar.

Yaponiyada həm qızlar günü,həm də oglanlar günü bayram edilir.Təbii ki,bayram balaca qızlar və balaca oglanlara aiddir."Qızlar günü" martın 3-də,"Oglanlar günü isə mayın 5-də qeyd olunur.Qızların bayramı "Gəlincik bayramı" da adlanır (yaponlar buna "Xina-matsuri"deyirlər). Bayram günü balaca qızlara cürbəcür gəlinciklər gətirirlər:samuray paltarında,əyan geyimində,bəy və gəlin və sairə.

Poeziyanın,şeirin yaponların mənəvi həyatında böyük rolu vardır. Bu xalqın ilk yazılı abidələrindən biri VII əsrdə tərtib edilmiş şeirlər antologiyasıdır. Həmin abidə "Manyösü" - yəni "On min yarpaq" adlanır. Yapon xalqının mənəvi dəyərlərini əks etdirən, tarixini yaşadan ədəbiyyat nümunələrindən biri də məşhur "Kodziki"dir. "Kodziki" təkcə yapon mifologiyasına, dininə, ədəbiyyatına, tarixinə deyil, həmçinin Yaponiyaya və yaponlara aparan bələdçidir. "Kodziki" sayəsində biz "Allahlar əsrini" və "Temmu" dövrünü dərk edir, həmçinin bu vasitə ilə əsl yapon və müasir Yaponiyaya daha yaxşı yaxınlaşmış oluruq.

Yaponiyada  insanlar şeirə, poeziyaya son dərəcə məhəbbətlə yanaşırlar. Əsrlərdən gələn ənənədir ki, ölkədə hər il yanvarın ortalarında poeziya yarışı keçirilir. Bu, milli müsabiqəyə müvafiq mövzu üzrə on minlərlə şeir göndərilir. Şeirlərin ən yaxşıları imperatorun iştirakı ilə keçirilən təntənəli mərasimdə oxunur, qəzetlərdə dərc edilir. İctimaiyyət ən yaxşı xaykuların (bu anlayışa bir qədər sonra aydınlıq gətirəcəyəm) müəlliflərinə təkcə ona görə böyük maraq göstərmir ki, XIV əsrdən bəri hər il bu cür poeziya çempionatı keçirilir, həm də ən əvvəl ona görə ki, həmin yarış müasir həyatın ayrılmaz hissəsi kimi davam etməkdədir.

Yaponiyada şer yazmaq yalnız şairlərin işi deyil, çox geniş yayılmış işdir, mən deyərdim ki, ümumxalq işidir. Hər ay çıxan və ümumi tirajı milyon nüsxədən çox olan təqribən iyirmi jurnal tamamilə poeziyaya həsr edilir.

Yapon poeziyası bəşər bədii təfəkkürünün əldə etdiyi ən qədim və zəngin mənəvi sərvətlərdəndir. Bu poeziyanı son dərəcə özünəməxsus bir poetika, dərin fəlsəfi mahiyyət, müdrikliklə sadəliyin dialektik vəhdəti, bədii estetik konkretlik, yığcamlıq səciyyələndirir. Yaponiyada milli şeirin iki forması çox məşhurdur: Tanka (beşlik) və xokku (üçlük). Tanka Qərbdə sonet, Şərqdə isə rübai kimi tanınır. Xokku qafiyəsizdir. Onun axıcılığını təmin edən əsas şərt fikrin, əhval-ruhiyyənin zənginliyi, assosiasiyanın dəqiqliyi, təhkiyənin isə sadəliyidir. İlk baxışda bu bizim oxucularda təəccüb doğursa da, qeyri-adi görünə bilər. Əslində isə xokku ilə xalqımızın el ədəbiyyatı, xüsusən bayatı arasında bir yaxınlıq var. Yapon poeziyasında xokku janrının böyük yaradıcılarından biri XVII əsrdə yaşayıb-yaratmış Matsyo Basyodur. Onun yaradıcılığından nümunələri təqdim edirəm:

Çiçəklər soldu,

Tökülür toxumları,

Sanki göz yaşıdır...

 

Ah, oyan, tez ol!

Mənim dostum, sirdaşım ol,

Sən ey yatmış pərvanə!

 

Ağacları əkdilər bağda.

Ahəstə pıçıltıyla payız yağışı

Ürək-dirək verir onlara.

 

"Uşaq əlindən yoxdu dinclik!".

Belə adamlarçün yəqin

Gilənarın çiçəyi də əziz deyil.

 

Bu yerdə əlavə etmək istərdim ki, xokku adlanan bu milli şerin sonralar Masaoka Zikki tərəfindən "xayku" adlandırılması təklif olunmuşdur. Çünki xokku müstəqil janr olmazdan əvvəl tankanın tərkib hissəsi idi. Masaoka Zikki düşündü ki, tankanın tərkib hissəsi olan üç misra ilə müstəqil qoşulan üç misranı fərqləndirmək lazımdır və odur ki, müstəqil qoşulan üç misra üçün xayku anlayışını təklif etdi.

1811-1813-cü illərdə yaponların əsiri olarkən kapitan V.M.Qolovin səmimiyyətlə etiraf edib bildirir ki, yaponlara xas olan bütün cəhətlərdən birini, ən əlamətdar cəhəti göstərmək lazım gəlsəydi, aşağıdakıları demək düz olardı: onlar çox kitab oxuyurlar, çox şeylə maraqlanırlar.

Metronun basabasında, kənd evinin açılıb-yığılan divarları arxasında - hər yerdə adamların kitab oxuduqlarını görürsən.

Yaponlar haqqında onu demək olar ki, bu xalq kütləvi surətdə ziyalı xalqdır. Səbəbi yalnız onda deyildir ki, əhalinin hamısı savadlıdır. Yaponun dünyagörüşü yalnız çox kitab oxumaqla yox, həm də adamların yaşından asılı olmayaraq, hər şeyə əsl uşaq marağı göstərmək bacarığı ilə səciyyələnir. Gənclər də, qocalar da hər cür kurslara, sərgilərə, mühazirələrə axın-axın gedirlər. "Musiqi həvəskarı olan fəhlələr cəmiyyəti" elə kütləvi təşkilatdır ki, bəzi siyasi partiyalar onun üzvlərinin sayına həsəd apara bilərlər.

Yaponiyada xalq maarifinə gəlincə, bütövlükdə bir xalq digər xalqla müqayisə olunanda, zənnimcə, yaponlar yer üzündə ən savadlı xalqdır. Yaponiyada oxuyub yazmağı bacarmayan adam yoxdur...

Yapon xalqının həyat tərzi Azərbaycan ziyalılarının da daim marağına səbəb olub. Belə ki, respublikamızda yapon ədəbiyyatının tədqiqatçı və tərcüməçisi Elçinin yapon xalqının əfsanələri və inancları haqqinda da maraqlı qeydləri var. Həmin qeydlərə görə, "Kimsəsiz qarılar" dağının (Obasute) adı əfsanə ilə bağlıdır. Qədim zamanlarda arvadının böhtanlarına inanan bir nəfər ona analıq etmiş qoca xalasını kimsəsiz bir dağa aparıb azdırır. Amma sonra tərtəmiz ayın dağların üzərindən necə qalxmasını görüb əməlindən peşman olur və qarını yenə də evə qaytarmaq üçün həmin dağa tələsir.

Yapon xalq poeziyasında qırqovul valideyn məhəbbətinin rəmzidir. Qırqovul heç vaxt, hətta yanğın zamanı belə öz balalarını atıb getmir.

Yaponiyada əhalinin qış geyimindən yay geyiminə keçdikləri xüsusi mərasim günü mövcuddur. Bu, ay təqviminə görə, dördüncü ayın ilk günüdür.

Yaponiyada yağış ən çox may ayında yağır. Yaponlar buna "samidare", yəni "yağışlar çağı" deyirlər.

Yaponların sevdikləri məşğuliyyətdən biri də iyun ayında atəşböcəyi tutmaqdır. Atəşböcəyi tutmaq istəyənlər gölün, yaxud çayın sahilinə gedirlər. Yaponlar tutduqları atəşböcəkləri gətirib öz bağlarına buraxırlar, ya da onları kiçik qəfəsə salıb evlərinin tavanından asırlar.

Yaponiyada da Çindəki kimi ilin axırında borcları qaytarmaq adəti vardır...

Yaponiya möcüzələr diyarıdır. Bunu bizim yazıçılarımız və şairlərimiz də öz əsərlərində dəfələrlə vəsf ediblər.1966-cı ildə Yaponiyada səfərdə olmuş tanınmış Azərbaycan kinorejissoru və yazıçısı mərhum Həsən Seyidbəylinin "On beş gün Yaponiyada" adlı kitabındakı xatirələrdən bəzilərini yada salmaq istəyirəm: "Yaponiyada yaşadığımız on beş gün ərzində (qeyd etmək lazımdır ki, bütün bu on beş günün çoxunu biz maşınlarda keçirmişik) saysız-hesabsız maşınlarda gəzdik, ancaq bir dəfə də bir sürücünün başqa sürücünü hədələdiyini, kobud bir söz dediyini eşitmədik.

Məndən Sovet İttifaqının hansı güşəsindən gəldiyimi soruşduqda: - Mən Azərbaycandanam, - deyə cavab verirdim. Təəssüf ki, hətta mədəni yaponların çoxu belə Azərbaycanın harada olduğunu bilmirdilər. O vaxt mən daha ümumi bir coğrafi anlayışla öz yerimizə tanışlıq verib "Qafqaz" deyirdim. Bəziləri "Kaukaz" - deyə başlarını tərpədir, bəziləri heç Qafqaz məvhumunu da başa düşmürdülər. O zaman mən "petrol, neft-Baku", "petrol, neft-Baku" - deyə təkrar edirdim. Bunu hamı başa düşürdü. Bütün bunlar ondan irəli gəlirdi ki, Yaponiya bizdən çox uzaqdır, ancaq əsas səbəb uzaqlıq deyil, mədəni əlaqələrimizin zəifliyidir".

Yaponiyanın adlı-sanlı kino sənətkarları Kenedo Sindo, İsixara, Yaponiya kinodramaturqlar təşkilatının rəhbəri Noda Can ilə görüşlərindən bəhs edən H.Seyidbəyli yazır: "Söhbət get-gedə daha mənalı, daha dərin məsələlər ətrafında gedirdi: Eyzenşteynin yaradıcılığından, Kurasavanın filmlərindən, yazıçıların həyata münasibətlərindən... Biz deyirdik ki, yazıçı, kinodramaturq, rejissor, ümumiyyətlə, sənətkar - oxucu, tamaşaçı və zaman qarşısında böyük məsuliyyət daşımalıdır. Yaponlar da bizimlə razılaşıb dedilər:

- Bizim xalqın gözəl bir məsəli var: "Pələng öləndən sonra da onun qiymətli dərisi qalır". Pələng kimi olmaq lazımdır..."

H.Seyidbəyli daha sonra təsvir edir ki, Kamakura yaşıllığa qərq olmuş yapon şəhərlərinin ən yaşıl güşələrindəndir. Lakin burada da maşın əlindən tərpənmək olmur, hara dönürsənsə, şüşəbənd mağazalar görürsən. Elə zərif, elə ustalıqla yaranmış suvenirlər var ki, saatlarla onlara tamaşa etmək istəyirsən, ancaq vaxt azdır. Yapon xalqına aid olan hər şeyi görmək, hər şeyi bilmək istəyirik. Ən gözəl güşələri fotoya çəkirik.

Kamakuranın qədim ibadətgahlarına səyahət edirik. Əyinlərində kimono olan qadınlar və kişilər ibadətgaha yaxınlaşıb əllərini bir-birinə çırpırlar, üç-dörd dəfə əl çalırlar ki, ibadətgahın içindəki budda onları eşitsin. Dua edirlər, xahiş edirlər, səadət, cansağlığı istəyirlər. Yalvarırlar ki, budda onları ac qoymasın. Ancaq bura təkcə ibadətgah deyil, buradan da pul çıxarırlar. İbadətgahın ətrafını muzey etmişlər. Orada nümayiş etdirilən samuray paltarlarını, qədim yapon cəngavərlərinin qılınclarını, buddaları, cürbəcür tapıntıları seyr etmək üçün gərək pul verib bilet alasan. Avtomobil sürənlər üçün üstündə buddanın duası yazılmış açar zənciri satılır. Bundan da pul qazanırlar. Hətta cürbəcür bəzək şeylərinin üzərində də dua yazılmışdır. Büdpərəstlər və turistlər onları həvəslə alırlar.

Yaponiya gözəl diyardır, çox şairanədir. O dərəcədə şairanədir ki, onu olduğu kimi təsvir etsən, oxucu inanmaz, deyər ki, yazıçı hissə qapılıbdır. Yaponiya elə bil böyük bir dekorasiyadır, elə bil hər şey burada insan əli ilə yaranmışdır. Elə bil Yaponiyanın özünü yox, güzgü kimi sularda əksini görürəm və bu əks titrəyir. Buna görə də əlçatmazdır. Halbuki hər şey gözümün qabağında idi. Mən maşından düşüb əlimi bu otlara, bu daşlara, bu sulara vura bilərdim. Ancaq nədənsə mənə belə gəlidi ki, bütün bunlar çox-çox uzaqdadır...

Mənbələrdən onu da öyrənirəm ki, yaponlarda ürək genişliyi güclü şəxsi ləyaqət hissi ilə birləşir: bu, adamların pula münasibətində özünü daha çox göstərir. Yapon həmişə nəzərə çarpdırmağa çalışır ki, pula biganədir. Hətta deyingən evdar qadınlar pulun qalığını saymırlar: adət deyil. Əgər beş fəhlə pivə içəndən sonra pulunu biri verirsə, sonradan heç kəs öz payını zorla onun cibinə qoymağa cəhd göstərməyəcək: burada "alman haqq-hesabı" ağlasığmaz şeydir. Yaponların təsəvvüründə xırdaçılıq, xüsusən xəsislik qüsurların az qala ən böyüyüdür.

Yaponların gözütoxluğundan Marko Polo da  "Səyahət" kitabında bəhs edib yazır: "Çipinqu adası Şərqdə, açıq dənizdədir; qitədən ora min beş yüz mildir. Çox böyük adadır. Sakinlərinin rəngi ağdır, onlar gözəl və nəzakətlidirlər, bütlərə sitayiş edirlər, müstəqildirlər, heç kəsə tabe deyillər. Deməliyəm ki, qızıllarının sayı-hesabı yoxdur; qızıl həddindən artıq olsa da, heç yerə aparmırlar. Qitədən bura tacirlər gəlmirlər, heç kəs gəlmir, buna görə də sizə dediyim kimi, onların qızılı lap çoxdur. Burada mirvari boldur, mirvari dənəsi çəhrayı rəngdədir və çox qəşəngdir, yumrudur, iridir, o da ağ mirvari kimi bahadır. Orada başqa qiymətli daşlar da var. Zəngin adadır, onun sərvətlərini saymaqla qurtarmaz".

Yaponların adət və xüsusiyyətlərini araşdırarkən arxivlərin dərinliklərinə "preslənmiş" bir kitaba rast gəldim. 1940-cı ildə Azərbaycan LKGİ MK Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında rus dilindən Azərbaycan dilinə tərcümə edilərək çap olunmuş "Yapon samuraylarını necə əzdik" adlı məqalələr və sənədlər toplusunda 1938-ci ildə Xasan gölü rayonundakı SSRİ-Yaponiya döyüşlərinə aid materiallar guya əksini tapıb. Doğrudur, əsrlərdən bəri məlumdur ki,  istənilən döyüşdə qalib və uduzan tərəflərin olması labüddür. Həm də haqlı deyilib ki, mübarizə aparan adam üçün məğlubiyyət ar deyil. Fransız filosofu və yazıçısı Mişel de Montin də ədalətli şəkildə bildirib: "Elə məğlubiyyətlər var ki, öz şərəf və şöhrətinə görə ən parlaq qələbələrdən də geri qalmır".

Bədnam sənədlər toplusu ilə tanış olduqca, istehza və ikrah hissləri daxili aləmimə hakim kəsilirdi. Qızıl Ordunun rütbəli hərbiçiləri döyüşlərdən bəhs edərkən özləri-özlərini məğrur, humanist, mübariz, qəhrəman, xeyirxah döyüşçülər kimi qələmə verir, bu barədə qərəzli və  pafoslu məlumatlar verir, qüdrətinə görə dünyada şöhrət qazanmış yapon samuraylarını isə miskin, cəsarətsiz, ədəbsiz, sərxoş, yaramaz adamlar kimi təqdim edirlər. Belə saxta qeydləri oxuduqca, əsla təəccüblənmirdim. Xalqına, ölkəsinə qarşı həmin o "məğrur", "humanist", "mübariz", "qəhrəman", "xeyirxah" ordunun və o ordunun başında duranların iyrənc və vəhşi əməllərinin bilavasitə şahidi olan, millətinin ürəyinə vurduğu yaralara görə həmin o orduya nifrət edən  milyonlarla Azərbaycan övladlarından biri olduğum üçün bunları adi hal kimi qəbul etdim. Bir anlıq Qanlı Yanvar, Xocalı faciələrinin ərşə qalxan fəryad və nalələri gözlərim önündə canlandı. Həmin o Qızıl Ordunun tör-töküntülərinin xalqımızın başına gətirdiyi müsibətlər məni yenidən həyəcanlandırdı. Baxışlarım bir anlıq uzaqlara dikilsə də, nifrət və istehzalı xəfif təbəssümlə atalar məsəlimizi xatırladım: "Adımı sənə qoyum, səni yana-yana qoyum". Nə isə...

... Bu günlər Yaponiyada şəhər və kəndlərin küçələri məzarları təmizləmək, orada ətirli maddələr yandırmaq, ölənlərə ehtiram göstərmək üçün əllərində güllərlə qəbiristanlıga tələsən adamlarla doludur.Ölkədə yaz gecə-gündüz bərabərliyi gününün qeyd olunması qədimlərdən gələn ənənə olaraq,ölənlərə ehtiram kimi dini ayinlə əlaqədardır.Bu ənənənin tarixi şahzadə Syotokunun hakimiyyəti dövründən (593-621-ci illər) başlayır.Yaponiyada yaz gecə-gündüz bərabərliyi-Syumbun-no günü martın 21-də qeyd edilir.Bəzən təqvimdəki istisnalarla bayram martın 20-nə keçirilir.Bu bayramı həm də Tyuniti adlandııırırlar ki, bu da "adi gün "kimi tərcümə olunur.Syumbun-no həftənin ortasına düşəndə Xiqan,yəni "digər sahil"adlanır.Həmin həftə ərzində imperator ailəsindən başlayaraq,bütün ailələr əcdadlarına hörmətini ifadə etmək üçün məzarlıqlara və məbədgahlara gedirlər.Məzarların ətrafı qaydaya salınır,ibadətlər icra edilir.Budda etiqadlarına görə, (bu etiqad qədim Misir,qədim Yunanıstan və digərilərinin etiqadları ilə də çox oxşardır) əzab,qəm,haqsızlıq və xəstəliklə dolu həyat çayı ilə bölünmüş iki dünya mövcuddur.Həyat yolunda bütün nəfslərinə qalib gələn kəs digər sahilə-nəcib insanlar dünyasına keçə bilər.Xiqanda icra edilən ayinlər insanlara narahat və qarışıqlı dünyadan rahat və sevincli dünyaya keçməkdə kömək edə bilər.Yaz gecə-gündüz bərabərliyi günündə Günəş həqiqətən şərqdən çıxıb qərbdə batır,gündüz isə gecəyə bərabər olur.Bir yapon atalar sözündə deyilir ki, isti və soyuq Xiqanda qurtarır.Yaponların ümidinə görə,qışın soyugu və yayın istisi əcdadların məzarlarına baş çəkən zaman geri çəkiləcəklər.Ölənlərin ruhu naminə dostları və qonşuları xüsusi hazırlanmış yeməyə dəvət etmək də bu bayramın milli adətidir.Hər hansı canlıya zərər verməmək kimi budda ənənəsini yadda saxlayaraq,Xiqan vaxtı ət yemirlər.Qonaqlıqlarda əsas yemək "botamoti"yəni düyü kökələri və ya "0-xaq","adzuki"kimi şirin paxla pastası ilə örtülmüş yumşaq düyü kökələridir.Bu cür yeməkləri məhz bu bayramda yemək ənənəsi hələ Edo dövründə yaranmışdı.Hesab edilirdi ki, "adzuki"nin qırmızı rəngi ecazkar təsirə malikdir və bədbəxtliyi qovur.Hələ qədim zamanlarda onlardan müalicə məqsədi ilə tətbiq olunur,həmçinin dini ayinlərdə istifadə edilirdi.İndi də Xiqan ərəfəsində rahiblər bu şirniyyatı kilsələrdə ildə iki dəfə olmaqla hazırlayırlar.Qədim reseptlər üzrə hazırlanmış "o-xaq"ların dadına baxmaq istəyənlərin uzun növbələri səhər tezdən qapıya düzülür.Meydzi dövründə Yaz və Payız gecə-gündüz bərabərliyi günləri dövlət bayramı olmuşlar.

Bizim bol ruzi-bərəkətli,yaşıl səmənili, milli şirniyyatlı Novruzumuzla qardaş olan bu bayram dost yapon xalqının milli məfkurəsinin təcəssümüdür.Qoy bayramlarımız mübarək olsun!

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM