Publisist-politoloq
2 aprel - beynəlxalq uşaq kitabı gününü ölkəmizin kiçikyaşlı vətəndaşları da sevinclə qeyd edəcək
"Əziz balalar! Biz gedən yol qayət qaranlıq, daşlı, torpaqlı, iti tikanlarla səpilmiş olarkən sizin həyatınızın yolu işıq, təmiz, yumşaq görünür... Üsuli - cədid məktəblərimiz günbəgün artmaqda, milli qəzetlərimiz tərəqqidə bulunarkən, sizin öhdənizə qalan bircə oxumaq, elm təhsil etmək deyilmi? Bizim qüvvətimizin yarısı müharibələrdə sərf olundu. Sizin qüvvətiniz isə bütün təhsili-elmə sərf olunacaqdır".
Nəriman Nərimanov
Azərbaycanın tanınmış mədəniyyət və dövlət xadimi.
Aprelin 2-də bütün dünya uşaqlarının əsl bayramıdır. 46-cı dəfədir ki, bu bayram hər il qeyd olunur. Beynəlxalq uşaq kitabı, uşaq ədəbiyyatı günündə nəinki balacaların, yeniyetmələrin, gənclərin də, yaşlıların da, qocaların da sevinci sevincə, təbəssümü təbəssümə qarışır. İnsanlar xoş ovqatdan bir-birinə pay verir. Tədbirlər tədbirlərə, mərasimlər mərasimlərə, sərgilər sərgilərə qarışır. Balaca oxucular, kitabsevərlər dünyanın "yeni möcüzələri"ni; kitablarını, jurnallarını, şeir və nağıllarını soraqlayır. Onların baxışlarındakı səadət dolu qığılcımlar asudə və xoşbəxt gələcəkdən xəbər verir. Kaş irqindən, rəngindən asılı olmayaraq, yer kürəsinin bütün uşaqları beləcə xoş günlər üçün doğulaydı... Kaş...
Çoxsaylı müəlliflər təcrübəyə əsasən söyləyirlər ki, uşaqlar üçün yazmaq asan deyil. Onun özünəməxsus psixoloji xüsusiyyətləri yazıçı və şairdən fitri istedada malik olub elmi biliklərə yiyələnməklə bərabər, uşaq aləmini dərindən öyrənməyi vacib hesab edir. Müxtəlif yaşlı uşaqların baxışlarını, maraq dairəsini, zövqünü bilmədən onu müəyyən bir məqsədə doğru istiqamətləndirmək, onun fərdi meylini inkişaf etdirmək mümkün deyil. Beləki kiçikyaşlı məktəblilərin oxuduğu bədii əsərlərin dili sadə, aydın və rəvan olmalıdır. Şeirlərdə olduğu kimi, nəsr əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Əks halda, yorucu təhkiyə uşağı mətləbdən uzaqlaşdırar, məzmun isə təbii ki yaddan çıxar.
Böyük şairimiz Səməd Vurğun "Balalarımız üçün gözəl əsərlər yaradaq" adlı məqaləsində yazırdı ki, uşaq qəlbini tərbiyə etdiyimiz zaman o qəlbə həyat və təbiətin həqiqiətləri ilə qanad verməliyik. Şair uşaqlar üçün yazmağın nə qədər məsuliyyətli və çətin bir iş olduğunu, uşaq qəlbini, uşaq təbiətini, ümumiyyətlə, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib olduğunu həmkarlarına dönə-dönə söyləyirdi. Səməd Vurğun yazırdı: "Uşaq insandır! Onun sadə görünən oynaq, daima xoşbəxt və azad təbiətində böyük insanların bütün xassələri mövcuddur".
Uşaqlara daim ülvi məhəbbət, dərin sevgi ilə yanaşan şair onlara xeyli şeirlər həsr etmişdi. Onun "Uşaq bağçası" adlı şeiri könüllərdə xoş-əhval-ruhiyyə yaradır:
... Burda dəstə-dəstə gəzən balalar
Əl-ələ tutuşub yallı gedirlər.
Çalır orkestro... Onun qəlbi var,
Verir körpələrə dünyadan xəbər.
Əl-ələ tutuşub yallı gedirlər.
...Burda, bu bağçada hər oğlan, hər qız
Böyüyüb bir igid, bir ər olacaq.
Onların nəsibi həyatdır yalnız,
Onların ilk dərsi hünər olacaq;
Hər biri igid, bir ər olacaq.
Gəlin, balalarım, öpüm sizi mən,
Bir duman görməsin xoş sifətiniz.
Oxuyun, zövq alın mənim şerimdən,
Var olsun qəlbiniz, məhəbbətiniz,
Bir duman görməsin xoş sifətinizi!..
Uşaqlar üçün yazılan əsərlər içərisində qədim hind abidəsi "Kəlilə və Dimnə", ərəb xalqlarının əfsanələri ilə zəngin olan "Min bir gecə" dastanı, "Qabusnamə", bir çox Şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış "Oxuyan piyalə" kitabı, Firdovsi, Xəyyam, Sədi, Hafiz, Cami, Xosrov Dəhləvi, Nəvai kimi sənətkarların nəsihətamiz - ibrətamiz kəlamları Şərq aləmi, Şərq mədəniyyəti haqqında zəngin bilik əldə etmək imkanı yaradır. Bu ənənəyə xalqımız da öz tövhəsini bəxş edib. Görkəmli Azərbaycan alimi,mədəniyyət və dövlət xadimi Xacə Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri"(yəni Nasirin əxlaqa aid kitabı) əsəri əsrlər boyu Orta və Yaxın Şərqdə əxlaq və mənəviyyat dərsliyi kimi şöhrət qazanıb.Tusiyə görə,uşaqlara qarşı son dərəcə həssas olmaq,onların kiçik bir hərəkətini belə gözdən qaçırmamaq,vaxtında pis adət və hərəkətinin qarşısını almaq,ən kiçik yaxşı bir hərəkət baş verdikdə onu tərifləyib adətə çevirmək vacib elementlərdən biridir.Uşaqlarda əməksevərlik,düzlük ənələrinə,bilik və peşəyə həvəs yaratmaq,xeyirxahlıq,başqalarına kömək vərdişləri aşılamaq duygularını formalaşdırmaq xüsusi əhəmiyyət kəsb edir.Tənbəlliyə,yalana,böhtana,iftiraya,xudpəsənliyə meyllilik, adamlara bədxahlıq etmək niyyətlərinin yaranması qəti yolverilməzdir. Ədib uşaqları pis təsirlərdən qorumagı,çirkin,nalayiq davranış olan və nəzakət normaları pozulmuş mühitdən uzaqlaşdırmagı,yalan danışıb nəyi isə gizlətməyə imkan verməməyi valideyn və tərbiyəçilərə tövsiyə edir.Qeyd edir ki, heç bir surət bir-birinə oxşamadıgı kimi,heç bir xasiyyət də başqa xasiyyətə oxşamaz.Ona görə tərbiyə və təlimdə səhlənkarlıq edilsə,hər kəsin cilovu öz təbiətinin ixtiyarına verilsə,o,bütün ömrü boyu hansı xasiyyətdə dogulmuşdusa, elə də qalar: bəziləri quduzluq zəncirində,bir dəstəsi şəhvət girdabında,bir qismi hərislik pəncəsində,bir hissəsi təkəbbür caynagında.Hər bir insanın ilk tərbiyəçiləri,ümumiyyətlə,onun vicdan səsi olar,ikinci tərbiyəçiləri təmiz əqidəli,düzgün fikirli adamlar olar ki,bunlardan hikmət öyrənib tədricən kamillik dərəcələrinə yiyələnərlər.Deməli,ata-ananın borcudur ki, hər şeydən əvvəl övladlarını vicdanlı olmaga öyrətsinlər,sonra müxtəlif təlim-tərbiyə işlərinə başlasınlar.
Azərbaycanın tanınmış maarifpərvər ziyalısı, ictimai və siyasi xadimi Abbasqulu ağa Bakıxanovu yada salaq.Qeneral rütbəli filosof da bu barədə yazırdı:"Uşaqları lap kiçik yaşlarından mənəvi-əxlaqi gözəlliyə öyrətmək lazımdır ki, bu gözəl xüsusiyyət onlarda adət və vərdiş şəkli alıb, təbiətlərinə daxil olsunlar".Bakıxanov özünün "Təhzibül-əxlaq" əsərindən xülasə olan "Nasayeh", yəni "Nəsihətlər" adlı əsərini gənc nəslə tövsiyə məqsədi ilə sadə dildə yazmışdır. 103 nəsihətdən ibarət olan əsər bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Abbasqulu ağa Bakıxanov uşaqlara birinci növbədə öz ata-anasını sevməyi, onları heç vaxt incitməməyi, ailədə özündən böyüklərin sözünə baxmağı məsləhət görür. O, vəzifə və elmdə, yaxud yaşda üstün və böyük olanlara hörmət etməyi vacib bilir. Məzlumlara, çətinə düşənlərə gülməməyi, əksinə, imkan daxilində onlara kömək və qayğı göstərməyi əsl insanlıq dəyərləri hesab edir. Ədib uşaqlara onu da məsləhət görür ki, "Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyi ilə əldə edilir".
Bakıxanov yeniyetmələrin gələcəkdə cəmiyyət üçün daha ləyaqətli adam olmaları üçün faydalı tövsiyələr verir. Ailədə, məclislərdə, kütlə içərisində davranış qaydalarına riayət etməyi, adət-ənənələrə hörmətlə yanaşmağı vacib sayır.
Azərbaycan uşaq ədəbiyyatı yaradıcılarından biri olan Abbas Səhhətin bir çox şeirlərində vətən məhəbbəti, vətənpərvərlik hissləri səmimi və poetik ilhamla tərənnüm olunur:
Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim...
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu...
Vətəni sevməyən insan olmaz,
Olsa, ol şəxsdə vicdan olmaz.
Şairin "Vətən" şeirindən gətirdiyim bu sitat XX əsr Azərbaycan uşaq ədəbiyyatının inciləri sayılan əsərlərin epiqrafı kimi səslənirdi desəm, məncə yanılmaram.
Uşağı düzgün tərbiyə etmək, doğru yola istiqamətləndirmək xüsusi bacarıq, gərgin əmək, ilk növbədə mənəvi saflıq tələb edir. Bu işdə ailənin rolu çox böyükdür. Hər bir valideyn uşağa həssas yanaşmalı, müəllimin yaxın köməkçisi olmalıdır. Təəssüf ki, həmişə belə olmur. Bəzi valideynlər tərbiyənin əsl mahiyyətini aydın təsəvvür edə bilmirlər. Bu baxımdan Abbas Səhhətin "Oğru və anası" şeiri insanı xeyli düşündürür. Əslində uşaqlıqda düzgün olmayan tərbiyəyə tuş gəlib yolunu azmış bir gəncin harayı olan şeirdə əxlaqa zidd olan mənəvi qüsur ifşa olunur. Şeirdə deyilir ki, yoldaşının kitabını oğurlayan uşaq, anası tərəfindən tərbiyə edilmədiyi üçün onda pis sifətlər get-gedə artır. O, cib kəsir, çirkin xislətli, əliəyri adamlara qoşularaq, peşəkar oğruya çevrilir. Nəhayət, ələ keçib məhkəməyə verilir. Uşaq ancaq məhkəmədə ayılır:
-Ay hakimlər, müqəssirəm, doğrudur,
Həqiqətdə mənim anam oğrudur.
Əvvəl dəfə oğurluğa uyarkən,
Yoldaşımdan kitab oğurlayarkən,
Etsə idi anam məni məzəmmət,
Olmaz idim indi by növ bədbəxt.
Mənə anam belə olmuş müdəbbir,
İnsaf ilə deyin, kimdir müqəssir?
Müəllif bu şeirində uşaqlara heç də nəsihət etmir, onlara əxlaq dərsi vermir, hadisəni, əhvalatı olduğu kimi danışır, nəticə çıxarmağı isə oxucunun öhdəsinə buraxır.
Azərbaycan maarifi tarixində Abdulla Şaiq qədər uzun müddət xidmət göstərən ikinci bir müəllim təsəvvür etmək çətindir. O, ömrünün 60 ilini bədii yaradıcılığa, maarif və mədəniyyət işlərinə, müəllimliyə həsr etmişdir. Abdulla Şaiq məktəblilər üçün xeyli dərs kitabları yazmış, proqramlar tərtib edib ərsəyə gətirmişdir. Yaradıcılığının mühüm hissəsini uşaqlara və gənclərə həsr edən şair, maraqlı kompozisiyası olan "Tıq-tıq xanım", "Tülkü həccə gedir" və "Yaxşı arxa" kimi mənzum hekayələrinin mövzusunu heyvanlar və quşlar aləmindən götürmüş və onları nağıl formasında, balacaların anlaya biləcəyi bir dildə işləmişdir. Satirik gülüş və yumor bu əsərlərdə əsas xüsusiyyət kimi önə çəkilmiş, xudpəsəndlik və lovğalıq, acgözlük və riyakarlıq, tamahkarlıq və zorakılıq kimi eybəcərliklər tənqid atəşinə tutulmuş, eyni zamanda uşaqlara nəcib insani keyfiyyətlər aşılanmışdır.
Respublikamızda uşaq təfəkkürünün inkişafı istiqamətində mətbuatın da az rolu olmayıb. Azərbaycanda uşaqlar üçün mətbuatın ilk təməl daşı "Dəbistan" adlı jurnalla qoyulub. Jurnal 1906-cı ilin aprelindən nəşr olunmağa başlayıb. "Dəbistan" jurnalı az ömür sürsə də, "torpağa atdığı ilk toxumlar" sonrakı illərdə öz bəhrəsini verib. Məslək baxımından "Dəbistan"a yaxın olan "Rəhbər" jurnalının ilk nömrəsi 1906-cı ilin sentyabrında çıxıb. Bu jurnal əsasən məktəb və tərbiyə məsələlərindən bəhs edib, geniş xalq kütləsinin savadlanmasına xüsusi fikir verib. "Rəhbər"in də millətimizin balalarının maariflənməsi yolunda fəaliyyəti qısa olub. Onun işini "Məktəb" jurnalı davam etdirib.
Görkəmli maarif xadimi Qafur Rəşad Mirzəzadənin və tərəqqipərvər pedaqoq, jurnalist Əbdürrəhman Əfəndizadənin redaktorluğu ilə çap olunan, uşaqların əxlaqına, biliyinin artmasına müsbət təsir edən, onların həyatını işıqlandıran "Məktəb" jurnalı Azərbaycan pedaqoji fikir tarixində mühüm yer tutub. Onun birinci nömrəsi 1911-ci ilin 29 noyabrında çıxıb. Fəaliyyətini on il davam etdirən "Məktəb", "Dəbistan" və "Rəhbər"dən fərqli olaraq, öz səhifələrində müasir yazıçılarla yanaşı, müxtəlif dövr ədəbiyyatımızın görkəmli nümayəndələrinin şeir və hekayələrini, lətifələr, atalar sözləri və məsəllər, müxtəlif məzmunlu təmsillər, öyüd və nəsihətlər də dərc edib, rus və dünya ədəbiyyatına geniş yer verib. Rus, Avropa və Şərq ədəbiyyatından edilən tərcümələr, təbdil və iqtibaslar müxtəlif mövzularda olsalar da, elmə, təhsilə həvəs oyadıb, hiyləgərlik, eqoizm, təkəbbürlülük kimi sifətlər pislənilib.
Azərbaycan ədəbiyyatında görkəmli uşaq şairi kimi də tanınan Mir Mehdi Seyidzadənin Böyük Vətən Müharibəsi dövründə yazdığı "Qəhrəman" şeirini bu gün də həyəcansız oxumaq olmur. Çünki tarix boyu qəhrəmanları ilə ucalan Ana Yurdumuz Azərbaycan 20 ildən artıqdır ki, yeni bəlalarla üzləşib. Xalqımız bu illərdən bəri işğal olunmuş Qarabağımızın dərdi ilə, torpaqlarımızın erməni faşistlərindən azad olunması arzusu ilə yaşayır. Hələlik danışıqlar yoluna üstünlük verən humanist xalqımız hər an ayağa qalxıb döyüş yolu ilə torpaqlarımızı azad etməyə, Mir Mehdi Seyidzadənin "Qəhrəman"ı ilə övladlarına xeyir-dua verməyə hazırdır:
... Get, igid tərlan!
Get, səni çağırır bu əziz Vətən.
Onunçün bəslənib böyümüsən sən.
Get, çarpış, düşmənə meydan dar olsun!
Anan fərəhlənsin, bəxtiyar olsun!
Azərbaycan ədəbiyyatında elə bir şair və yazıçı yoxdur ki, yaradıcılığı dövründə balalarımızı unudub, onları vəsf etməsin. Əlbəttə, bu, mümkünsüzdür. Çünki şair qəlbi, yazıçı ürəyi o qədər həssas, incə olur ki, o, heç zaman "torpağın canlı çiçəkləri"nə biganə qala bilməz. Elə xalq şairimiz Cabir Novruz kimi. Şair "Baharımız - balalar" şeirində deyir:
Bahar gəlib yer üzünə, balalar,
Amma əsil baharımız sizsiniz.
Sizsiz bizim ömrümüzü qış alar,
Sevincimiz, nübarımız sizsiniz!
Biz uçuruq siz sevinib güləndə,
Arzumuzun ləçəkləri, balalar.
Yüz yaşında qoca sizi görəndə
Cavanlaşır, ürəklənir, balalar.
...Bu dünyada pis atalar yaşayır,
Sizə güllə, sizə bomba axtarır.
Biz onları susdurarıq, biz varıq,
Elələri qoy özündən usansın.
Biz qoymarıq, gül balalar, qoymarıq
Qanlı əllər sizə sarı uzansın.
...Körpəyə bax, ilk dəfədir dil açır,
İlk dəfədir "Ana" deyə çağırır.
Gül balalar dərdimizin əlacı!
Gül balalar ömrümüzün nağılı.
Hələ bir neçə il bundan əvvəl uşaqların həyatı ilə bağlı əsərlərlə tanış olanda, mərhum şairimiz Qabilin "həzin nəğmələr" silsiləsindən "Ağrı" adlı şeiri diqqətimi cəlb etdi. Şeirin məzmunu orta məktəb sinfində müəllimin müşahidə etdiyi doğrudan da ağrılı duyğuları əks etdirir. Qəribədir, bu şeiri bəlkə yüz dəfə oxusam da, ürəyimdən keçən ağrı hissi zərrə qədər də azalmayıb. Hər dəfə uşağın körpə qəlbinin yaşadığı nisgil və acı, baxışlarındakı qüssə, munis ana nəfəsinə, isti ana nəvazişinə həsrət qaldığı varlığı gözlərim önündə canlanır:
"Nə üçün çox istəyirəm mən öz anamı"
Bu barədə yazı yazır sinifdə hamı.
Xışıldayır kağız-qələm, yol çəkir gözlər,
Ehtiyatla sıralanır sadəcə sözlər...
Hamı gərgin, hamı məşğul, başlar aşağı,
Bütün sinif yazı yazır, göz qoyuram mən.
Bütün sinif... bütün sinif... bəs o uşağı
Lap küncdəki o uşağı görmürəm nədən?
Əllərini niyə vurmur ağdan-qaraya?
Kimi çatır lap axıra, kimi yarıya.
Qəzəbimi, hiddətimi boğub güc-bəla,
İstehzalı təbəssümlə söylədim: - bala!
Görünür ki, öz ananı çox sevdiyindən
Bu söhbətdən bir kənara çəkilmisən sən?
Uşağ baxdı gözlərimə məlul, mülayim,
Pıçıltıyla: - Anam yoxdur, - dedi, - müəllim!..
Şairə Xanımana Əlibəyli uşaqlar üçün yazdığı əsərləri, 30-dan çox kitabı, 10-a yaxın pyesi ilə balacaların sevimlisinə çevrilmişdi. Vaxtı ilə onun "Dovşanın ad günü" və "Ay can" pyesləri Dövlət Mükafatlarına layiq görülmüşdü. Bir müddət əvvəl şairənin 90 illik yubileyi ilə əlaqədar "Dovşanın ad günü" pyesi 100-cü dəfə səhnədə nümayiş etdirildi.
Kiçikyaşlı oxucuların dostu olan Zahid Xəlil də uşaqlarımıza biri-birindən gözəl əsərlər ərmağan edib. Ötən illər şairin 6 cilddən ibarət seçilmiş əsərləri azyaşlı oxucuların ixtiyarına verilib.
Qeyd edim ki, hamısından bəhs etmək mümkün olmasa da, Azərbaycan uşaq ədəbiyyatının çoxsaylı zəhmətkeş nümayəndələri və onların yüzlərlə gözəl əsərləri var. Bununla bərabər, dünya uşaq ədəbiyyatından nümunələrin dilimizə tərcümə olunmasının davam etdirilməsi zəruridir. Müstəqillik dövrümüzün azyaşlı oxucularına latın qrafikası ilə əsərlərin təqdim olunması zamanın tələbidir. Bu yolda ölkəmizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə atdığı mütərəqqi addımdan sonra 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasından olan yəni nəşrlər ölkəmizdə kitabxana şəbəkə sisteminin latın qrafikalı ədəbiyyat fondunu xeyli zənginləşdirdi.
İndi dünyanın bütün balaca kitabsevərləri öz sevimli bayramına hazırlaşır. Məşhur Danimarka yazıçı və şairi, uşaq ədəbiyyatına böyük töhvələr bəxş edən Hans Kristian Andersenin doğum günü 1967-ci ildə beynəlxalq uşaq kitabı günü elan olunub. 2 aprel 1805-ci ildə Fyun adasının Odense şəhərində kasıb çəkməçi ailəsində doğulan Andersen ilk dəfə nağılları atasının söylədiyi "Min bir gecə" əhvalatlarından eşidib. Atasını itirdikdən sonra Andersen 11 yaşında əvvəlcə toxucu və dərzi yanında köməkçi, sonra isə tütün fabrikində işləyib. Uşaqlıqdan zəif, xəstəhal olmasına baxmayaraq, uzun və mənalı ömür sürüb. Dərin müşahidə qabiliyyəti olan balaca oğlan kiçik yaşlarından pyeslər yazıb. 20 yaşında Kopenhagen Universitetində təhsil almaq hüququ qazanıb. Onun ilk şeirləri 1826-cı ildə nəşr olunub. Şair əsl ədəbi fəaliyyətə 1829-cu ildə "Holmen kanalından Amager adasının Şərq burnuna qədər piyada səyahət" əsəri ilə başlayıb. Onun "İmprovizator", "Yalnız skripka çalan" poemalarında xalq içərisindən çıxmış istedadlı adamların acınacaqlı taleyi təsvir edilir. Şairin "Mulat" pyesi irqi bərabərsizlik əleyhinə yönəldilib. Lakin Andersen dünya ədəbiyyatında uşaqlar üçün yazdığı nağılları ilə şöhrət qazanıb. Onun "Uşaq nağılları", "Yeni nağıllar", "Rəvayətlər" kitabları nəşr edilib. 170 nağıl, 20-yə qədər pyes, 5 roman, xeyli oçerk və şeirlərin müəllifi olan Andersenə hələ sağlığında ikən özünə qoyulmuş abidəni görmək nəsib olub. Onun laylaları ilə uşaqları yatızdırıblar, tamaşaları teatrlarda uğurla nümayiş etdirilib. Amma hamı onu daha çox nağılçı kimi sevib. "Çirkin ördək balası", "Bülbül", "Su pərisi", "Çaxmaq daşı", "Noxud üstündə yatmış şahzadə qız", "Düyməcik", "Kölgə", "Kralın təzə libası", "Qar kraliçası", "Vəhşi qu quşları" daxil olan kitablar piştaxtaya qoyulan kimi satılıb.
Dünya uşaqlarının çox sevdiyi əsərlərdən biri rus yazıçısı Aleksey Nikolayeviç Tolstoyun "Qızıl açar və yaxud Buratinonun macəraları" adlı nağlıdır ki, bu nağılın motivləri əsasında 1975-ci ildə Belarusfilm kinostudiyasında "Buratinonun macəraları" adlı ikiseriyalı musiqili film çəkilib. Filmə bu gün də dünyanın istər balaca, istərsə də böyük tamaşaçıları maraqla tamaşa edirlər.
Avstrid Liqre XX əsr İsveç uşaq ədəbiyyatının görkəmli nümayəndəsidir. Onun "Uzuncorab Peppi", "Myo, mənim myom" povestləri, "Balaca və damda yaşayan Karlson" trilogiyası balaca oxucuların sevimli əsərlərinə çevrilmişdir. Xanım Liqre 1965-ci ildə Moskvada olarkən kitabxanaların birində ona qeyri-adi hədiyyə - "Balaca və damda yaşayan Karlson"un oxumaqdan didik-didik olmuş nüsxəsi verilmişdi. Kitabın içinə yapışdırılmış qeydiyyat vərəqəsindən məlum olurdu ki, onu həmin vaxta qədər 1000-dən çox uşaq alıb oxumuşdu.
Karlson obrazı azərbaycanlı balaların da böyük marağına səbəb olmuşdu. Yazıçı Əzizə Əhmədova uşaq aləminə yeni töhvə bəxş etdi. Əsas qəhrəmanlarından biri Karlson olan "Damdabaca" romanından sonra "Damda yaşayan Karlsonla bacada yaşayan damdabacanın macəraları" adlı kitabı ilə həm balacaları, həm də böyükləri sevindirdi.
Bacalarımızın daimi sakini Damdabaca Karlsonu Bakıya dəvət edir. Roman isveçli qonağın Abşeronla tanışlığı ilə başlayır. Yazıçı bu yolla balaca oxucuları Bakının keçmişi, onun qədim memarlıq abidələri - Qız Qalası, İçərişəhərlə tanış edir. Damdabaca Karlsonu qarış-qarış Bakını gəzdirir, xalqımızın milli adət və ənənələrindən bəhs edir. Ona atalar sözlərimizi, tapmacalarımızı, yanıltmacalarımızı öyrədir, əfsanələr, rəvayətlər danışır. Isveçli qonaq Azərbaycan toyunda olur. Xörəklərimizin, şirniyyatlarımızın dadına baxır. Gördükləri yeni, qəribə olan Karlsonla Damdabacanın başına neçə-neçə macəralar gəlir.
Burada bir qədər haşiyəyə çıxmaq istəyirəm. Çünki yazar Gülzar İbrahimovanın müasir ruhda böyüyən azəri balaları üçün mövzusu aktual olan nağılları yadıma düşür. Çoxsaylı nağılları içində Gülzar xanımın əfsanəvi qəhrəman, hökmdar xanım Tomiris, Məhəmməd Peyğəmbər, Naxçıvanın Əlincə qalası, Qəbələnin tarixi və füsunkar təbiəti, dünyanın yaxşı tanıdığı məşhur loğman Hippokrat, Odlar Yurdumuzda neftin kəşfi, Roma qoşunlarının Qobustana yürüşü, atəşpərəstlik, karfagenlərlə romalıların döyüşü haqqındakı nağılları təbii ki uşaqlar üçün xüsusilə yaddaqalandır.
Dünya uşaq ədəbiyyatının ən tanınmış və ən sevimli sənətkarlarından biri fransız şair və tənqidçisi, Fransa Akademiyasının üzvü Şarl Perrodur. Bütün dünyada əsl bədii-ədəbi nağıl janrının banisi - yaradıcısı Perro sayılır. Çünki o, həmin janrı demək olar ki, yenidən yaradaraq, uğrunda mübarizələr aparmalı olmuşdur. Şairin yaşadığı XVII -XVIII əsrlərdə Fransada sənətin hər sahəsində ciddi problemlər mövcud idi və mütərəqqi sənət uğrunda qızğın mübarizə gedirdi. Yaradıcılığı bir çox xalqların sənətkarlarına müsbət təsir edən Şarl Perroya qələbə və dünya şöhrəti qazandıran onun nağıl janrında yazdığı bədii əsərləri oldu. "Anam Qız Xatunum nağılları və ya keçmiş zamanlardan ibrətli əhvalat" kitabının Perro oğlu Darmannurun adı ilə nəşr etdirmişdi. O, xəlqilik ənənələri üzrə yaranan nağıl janrını dəyərli, tərbiyəvi, əxlaqi əsərlər yaratmaqla yazılı bədii ədəbiyyatın janrları sırasına daxil etdi. Sonralar bu janr geniş yayılıb ümumdünya əhəmiyyəti qazandı. Şarl Perronun qeyd olunan kitabına onun "Qırmızı papaq", "Çəkməli pişik" və s. əsərləri də daxil edilmişdi.
Fransız yazıçısı, məşhur "Balaca şahzadə" romanının müəllifi Antuan dö Sent Ekzüperinin adı zəngin uşaq dünyasına yaxşı məlumdur. Yada salım ki, təyyarəçi Ekzüperinin "Gecə uçuşu" əsəri 1931-ci ildə filosof - yazıçıya Femina mükafatı qazandırmışdı. Ədəbi aləmdə Ekzüperi qədər həyatı və yaradıcılığının biri-biri ilə sıx bağlı olduğu ikinci bir yazıçı tapmaq çətindir. Bəşəriyyət səmanın maraqlı sirlərini, təyyarəçilik peşəsinin romantikasını Ekzüperinin romanları ilə mənimsəmiş, səmadan yer kürəsinə ilk dəfə fransız yazıçısının gözü ilə baxmış, planetimizin gözəlliyini, əzəmətini Ekzüperi ilə duymuşdur. Təyyarəçilərin danışıqları, raportlarında olan aydınlıq, lakonizm və yığcamlıq Ekzüperi yaradıcılığının, eləcə də "Gecə uçuşu"nun səciyyəvi cəhətlərindəndir.
Amerika romantizminin görkəmli nümayəndəsi Ceyms Fenimor Kuperin "Dəri corab" pentalogiyasına daxil olan "Sonuncu mogikan" romanında Amerikada ingilislərin və fransızların daha böyük ərazilər ələ keçirmək uğrunda mübarizəsi ilə yanaşı, yerli hindu qəbilələrinin ekzotik və mürəkkəb həyatı təsvir edilmişdir. Əsər müxtəlif dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə olunmuşdur.
İngilis yazıçısı Robert Luis Stivenson macəra ədəbiyyatının tanınmış nümayəndələrindən biri kimi sevilir. Onun "Dəfinələr adası" romanında tamahkarlıq, varlanmaq ehtirası pislənilir, insana inam, yüksək mənəvi keyfiyyətlər təcəssüm olunur.
Dünya uşaq ədəbiyyatı içərisində özünəməxsus yeri olan "Ellada qəhrəmanları" adlı kitab bəşər xalqına zəngin bir irs bəxş etmiş ellinlərin - qədim yunanların mifologiya qəhrəmanları Yazon və Herakldan bəhs edir. Kitabda adı çəkilən arqonavtlar (gəmi və dəniz səyyahı mənasını verir) qədim yunan mifologiyasında əjdahanın qoruduğu qızılyunlu qoç dərisini gətirmək üçün Yasonun başçılığı ilə "Arqo" gəmisində Kolxidaya gedən qəhrəmanlardır. Cadugar qadın Medeyanın köməyi ilə arqonavtlar qızılyunlu qoç dərisini ələ keçirmiş və Yunanıstana gətirmişdilər. Kitabın birinci hissəsində qızıl yun dalınca Kolxidaya yollanan arqonavtlar və onların başçısı Yazondan danışılır. İkinci hissədə isə yunan miflərinin ən güclü qəhrəmanlarından olan Heraklın on iki qoçaqlığından bəhs edilir.
Tanınmış rus şairi İvan Savviç Nikitinin şeirlərində uşağlara qayğıkeş münasibət xüsusi yer tutur. Sonralar xəstə ikən yazdığı "Uşaqlıq xatiratı" adlı şeirində şair öz uşaqlıq illərini həsrətlə gözünün önündə canlandırır:
Nə yaxşıdır uşaqlığın halları,
Nə gözəldir uşaqlıq xəyalları!
Yada gəlir ağlamağım, şadlığım,
Bu dünyanın qəmindən azadlığım.
Şeirin digər misralarını oxuduqca, çöhrəmizə təbəssüm qonur:
Şirin-şirin nənəm nağıllar deyir,
Mənim yuxum qaçır, nənəm əsnəyir.
Şair haqlıdır. Doğrudan da uşaqlığın xəyalları yaxşıdır, pakdır, safdır,gözəldir, əvəzolunmazdır. O, ömür boyu insana sədaqətli dost, həmdəm olur. Uşaqlıq aləmi müqəddəs kainatdır. Gəlin hamımız bərabər bu kainatı sevək, əzizləyək və qoruyaq!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM