Ürəklərdə əbədi məhəbbət məşəli yandıran insan - FOTOLAR

17:24 / 15.04.2013

Reyhan Mirzəzadə

Publisist-politoloq

15 aprel akademik Zərifə xanım Əliyevanın xatirə günüdür 

 "Faydalı vətəndaş olmaq üçün əvvəlcə insan olmağı öyrənməli".

Nikolay İvanoviç Piroqov

                                 Rus alimi və ictimai xadimi 

"... Zərifə xanımı xatırlamaq, bəlkə mənim üçün daha da təsirlidir. Çünki Zərifə xanım mənim həyat yoldaşım idi. Bəlkə də mənim qədər onu tanıyan, onu mənim qədər hiss edən adam olmayıbdır. Hətta onun valideynləri də. Təbiidir ki, valideynləri onu bəsləyiblər, böyüdüblər, təhsil veriblər, ona həyat veriblər. Ancaq mən onunla həyat qurandan  sonra birgə yaşadığımız dövrdə, təbiidir ki, mənim fikirlərim onun haqqında bütün deyilənlərdən daha genişdir. Ancaq təbii, mən burada heç bir şey demək istəmirəm. Bunlar hamısı insanın qəlbində yaşayır və hər bir insanın, dünyasını dəyişmiş insanı tanıyanların qəlbində yaşayır. Siz isə əziz incəsənət ustalarımız, xadimlərimiz, bununla Zərifə xanım haqqında qəlbimdə yenidən hisslər oyatdınız. Güman edirəm ki, bu xatirə gecəsinə zəhmət çəkib gəlmiş insanları da təsirləndirdiniz və Zərifə xanımın nə qədər gözəl insan olduğunu burada bir daha nümayiş etdirdiniz. Onun haqqında çox sözlər dediniz və çox sözlər də demək olar. Ancaq mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban, sədaqətli ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan, böyüdən bir fədakar insan kimi qəlbimdə yaşayır"

 

Ulu öndər Heydər Əliyevin 28 aprel 2001-ci ildə Zərifə xanımın xatirə gecəsinə həsr olunmuş mərasimdəki çıxışından

 

"Bizimlə keçirdiyi son günlərdə Zərifə xanım bilirdi ki, ömrü sona çatır, özü də, bütün həkimlər də tam açıq danışırdılar, üstüörtülü danışıqlardan uzaq idilər. Onun ürəyi elə işıqlı qalırdı. Ölüm fikri onu qorxutmurdu. Onu narahat edən onsuz qalacaq adamlar idi. Gücdən, qüvvədən düşmüşdü. Bütün ömrü boyu olduğu kimi, səssiz bir məğrurluqla əriyirdi. Ölümü də ona həyatı kimi dərin hörmət gətirdi. O, çox gözəl başa düşürdü ki, əbədiyyət qarşısında hər şey kiçikdir, müvəqqətidir, qalan ancaq yaxşılıqdır. Onu sakitləşdirən məhz bu idi.

Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir."

 

 İlham Əliyev,

 Azərbaycan Respublikasının Prezidenti  

 

İstedadlı alim. Görkəmli pedaqoq. Parlaq zəka sahibi. Bacarıqlı həkim. Tanınmış ictimai xadim. Bu titulları xalqı verib ona. Canından artıq sevdiyi Azərbaycan xalqı. Lakin onun elmi bioqrafiyasından başqa, daha bir zəngin irsi də mövcuddur: Böyük insan. Vətənpərvər şəxsiyyət. Sədaqətli ömür-gün yoldaşı. Gözəl ana. Bunlardan, məhz bunlardan söhbət açmaq istəyirəm.  

Zərifə xanım Əliyevanın tək elm və peşə sahəsində deyil, mənəviyyatın bir nömrəli meyarı olan insanlıq tarixində də böyük xidmətləri olub. Bu xidmətlərin sevinci yüzlərlə adamın ömür səhifəsinə yazılıb. Bu xidmətlər neçə-neçə ailəyə səadət bəxş edib, insanlara həyat eşqi verib, onların qəlbində işıqlı sabaha inam yaradıb. Zərifə xanım zülmətə qərq olan gözlərə nur verib, köməksizlərə həmdəm, qəlbinisgillilərə sirdaş olub. Təbii ki, onun etdiyi bütün yaxşılıqlardan bəhs etmək qalın kitablara sığmaz. Elə buna görə də böyük alim olmaqla bərabər, böyük insan kimi də hər zaman sevilən Zərifə xanım Əliyevanın bu günkü ünvanı on minlərlə azərbaycanlının, minlərlə dostun ürəyi və ruhuna köçüb.

Atası - böyük siyasi və elm xadimi, Azərbaycanın fəxri olan Əziz Məmmədkərim oğlu Əliyevin təbabət yolunu sevə-sevə davam edirdi Zərifə xanım. Yiyələndiyi həkimlik ixtisasının vurğunu idi. O, deyirdi ki, həkim hansı ölkədə yaşayırsa, yaşasın, "Hippokrat andı"na sadiq qalmalıdır. Qanunauyğun olaraq, bu and həkimlərin həyatında və iş fəaliyyətində ali qanuna çevrilməlidir.

Zərifə xanım Əliyeva ömrü boyu səmərəli və zəhmətsevər fəaliyyətində həkimlik ixtisasının parlaq mənəvi dəyəri olan "Hippokrat andı"na böyük sədaqətini nümayiş etdirdi. Bütün bilik və gücünü, istedad və bacarığını  insanın sağlamlığının qorunmasına və yaxşılaşmasına sərf etdi, saysız-hesabsız müalicələri ilə göz xəstəliklərinin qarşısını almağa səy göstərdi. Harada olursa-olsun, cəmiyyətin xeyrinə ləyaqətlə, vicdanla çalışdı. Vətəndaşlara tibbi yardım göstərmək üçün hər zaman hazır, sağlamlığını itirmiş insanlara qarşı diqqətli, qayğıkeş oldu. Həkim sirrini qorudu. Daima öz tibbi biliklərini təkmilləşdirdi. Həkimlik məharətini genişləndirərək, tibb elmini və təcrübəsini inkişaf etdirdi. Xəstənin mənafeyi tələb edəndə sənət yoldaşlarına məsləhət üçün müraciət etdi. Özü də yoldaşlarına həmişə məsləhət və köməyini əsirgəmədi. Dünya təbabətinin xeyirxah ənənəsini qoruyub daha da zənginləşdirdi. Xalqının qarşısında məsuliyyət daşıyaraq həkimin yüksək adını həyatı boyu mətanətlə qorudu.

Zərifə xanım Əliyevanın hər bir insana,vətəndaşa, həkimə, qadına, anaya, həyat yoldaşına nümunə olan nəcib mənəvi keyfiyyətləri silinməz  ülvi meyarlar kimi ürəklərdə əbədi məhəbbət məşəli yandırıb.Bu  məşəlin nuru,şəfəqləri olan sözlər də onundur:

         "Vicdan bizim əsas hakimimizdir. Çətin dəqiqələrdə də, xoşbəxt saatlarda da onunla baş-başa qalanda, o, soruşur: Ağ xalat geyməyə haqqın varmı? Sənin əllərin, xəstəlikdən əziyyət çəkənə yalnız biliyini deyil, həm də qəlbinin həyəcanını, ürəyinin yanğısını çatdıra bildimi? Düzünü desək, vicdanın şəxsi mühakiməsindən şərəflə keçmək böyük xoşbəxtlikdir. Yaxşı həkim həmişə xəstə ilə birlikdə həyəcan keçirir, xəstənin ağrısı elə həkimin şəxsi ağrısıdır. Əgər sağlamlığını itirən şəxs yenidən ona malik olursa, demək, həkim də yenidən həyata qayıdır, doğulur. Bizim sənətimizin mənəvi təməli də elə bundadır. N.A.Semaşko "Həkimlikdən gözəl sənət yoxdur: xəstə bizə yalnız öz sağlamlığını yox, bütün həyatını etibar edir," - deyə yazırdı.

         Qədim kəlamları tez-tez xatırlayan Zərifə xanım deyərdi: "Sağlam bədəndə sağlam ruh olar." O deyərdi ki, bizim hər birimiz öz həyatımızda bu və ya başqa şəkildə səhiyyə işçiləri ilə qarşılaşırıq. Həkim körpənin - gələcək vətəndaşın dünyaya gəlməsini gözləyir, ilk addımlarını atmaqda ona kömək edir, onun baxışları qarşısında dünyanı bütün rəngarəngliyi ilə açır, qayğısı və şəfqəti ilə onun fiziki və mənəvi sağlamlığını möhkəmləndirir. Milyonlarla adamın səhhəti və fəaliyyətinin məhsuldarlığı əhəmiyyətli dərəcədə tibbi xidmətin vəziyyətindən və effektivliyindən asılıdır. O, tez-tez böyük rus yazıçısı və həkimi Anton Pavloviç Çexova istinad edərdi. "Həkimin peşəsi - mücahidlikdir. O, əsl fədakarlıq, geniş ürək və təmiz niyyət tələb edir. Heç də hamı buna qadir deyil."

         Zərifə Əziz qızı dəfələrlə təkrar edirdi: "Həkim üçün xəstənin mənafeyi hər şeydən yüksəkdir." Mükəmməl psixoloq olan Zərifə xanım başa düşürdü ki, xəstəylə etibarlı ünsiyyət həkimin ən yaxşı köməkçisidir. Həkimlə xəstə arasındakı qarşılıqlı ünsiyyət, səmimi dialoq xəstənin orqanizminin müqavimətinin artmasına, onun gizli resurslarını sağlamlıq üçün səfərbər etməyə təsir göstərir. Əksinə, ehtiyatsız söz, kəskin jest, yol verilmiş nəzakətsizlik, kobudluq, ədəbsiz rəftar xəstənin vəziyyətinin pisləşməsinə gətirib çıxarır.

Müdrik Hippokratın, həkimin mütləq təmənnasiz xidmət göstərməsi haqqında dediyi sözləri xatırlamaq yerinə düşər. Təəssüf ki, bəzi təbiblər xəstəni ancaq qazanc mənbəyi olaraq görürlər. Bundan daha yaramaz və biabırçı yanaşmanı təsəvvür etmək çətindir. Rüşvətxor həkimlə həqiqi həkim arasında yerdən göyə qədər fərq var. "Daha çox qopartmaq üçün nə etmək lazımdır?" düşüncəsi əsl həkimə yaddır. Əsl həkim xəstəyə qarşı mərhəmətlidir, sağalmanın, şəfatapmanın sevincini xəstə ilə bölüşür. Əsl həkim hər şeydən əvvəl həyat uğrunda mübarizə aparır, qazanc, fayda uğrunda yox. Bəli, həkimin əməyi də hər cür əmək fəaliyyəti kimi qiymətə, o cümlədən maddi qiymətə də layiqdir. İndi pullu tibbi xidmət var. Ola bilər  yaşlı nəsil, pulsuz tibbi xidməti görənlər buna çətin öyrəşsinlər. Sosial dəyişikliklər bir tərəfə, ancaq həqiqət köhnəlməyib: İnsanlar təkcə çörəklə yaşamırlar və heç kim, "İnsanın ən birinci vəzifəsi yaxşılıq etməkdir" kimi əbədi vəsiyyəti ləvğ etməyib. 

Əlbəttə, "Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir" deyənlər yanılmayıblar. Akademik Zərifə xanım Əliyevanın müəllifi olduğu "Yüksək əqidə: həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı" kitabında dərin təfəkkürlü düşüncə və tövsiyələri nəinki həkimlər, can sahibi olan hər bir insan üçün həyat dərsliyidir. Zərifə xanım yazır: "... Xəstəyə düzgün münasibət həkim sənətinin əsas mahiyyətlərindəndir. Həkimin fəaliyyətinin əsasını xəstənin həkimə inamı, onların arasında sıx əlaqənin yaranması, biri-birini yaxşı başa düşməsi təşkil edir. Həkim çox səbirli olmalıdır. O, xəstənin daxili aləminə girib, onu başa düşməsi üçün "Şəhrizadın uzun-uzadı nağılını"  dinləməyi bacarmalıdır. Həkimin ehtiyatsızlıqla söylədiyi fikir xəstəyə olduqca zərərli təsir göstərir.

Zərifə xanım tövsiyə edirdi ki, həkim xəstə ilə hörmətlə, ehtiyatla, mehribanlıqla, hər sözü fikirləşə-fikirləşə davranmalıdır. Ən təhlükəlisi və dəhşətlisi odur ki, əyninə ağ xalat geyinmiş həkim soyuqqanlı olsun. Həkim insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd adam olmamalıdır...

Görkəmli alim N.Puçkovskaya xatirələrində yazır ki, həmkarları və dostları Zərifə xanımın insanlara necə xeyirxahlıqla yanaşdığının dəfələrlə şahidi olmuşdular. Onlar Zərifə Əliyevanın fəal təşkilatçısı olduğu oftalmoloqların qurultaylarının birində nümayəndələrdən  birinin ayağı sındığını və onun müalicəsinə Zərifə xanımın necə can yandırdığını yaxşı xatırlayırlar. O, hər gün xəstəxanaya gəlir, xəstənin halına qəlbən yanır, hətta lazım olan şeyləri öz evindən gətirirdi ki, müalicəyə xeyri dəysin. Zərifə xanımın xəstəyə baş çəkməsinin bir, iki gün deyil, bütün müalicə müddətində davam etdiyini görən həmkarları indi də o hadisəni kövrəkliklə xatırlayırlar.

Bu cür xeyirxahlığı o, digər oftalmoloqun ailə üzvünə də göstərmişdi. Belə ki, yol qəza hadisəsi baş vermiş, maşınlar toqquşmuş və nəticədə sərnişinlərdən biri beyin nahiyəsindən zədə almışdı. Zərifə xanım o zaman da uzun müddət xəstəni nəzarətsiz qoymamışdı.

Zərifə xanımın insanlara xeyirxah münasibətini əks etdirən bir fakt da onu tanıyanlara yaxşı məlumdur. Belə ki, Zərifə Əliyeva təsadüfən kiçik bir şəhərdən gələn qızla tanış olur və aydınlaşır ki, o, instituta daxil ola bilməyib. Zərifə xanım onu inandırır ki, heç də hər şey itirilməyib və imtahanlara yaxşı hazırlaşsa, bir il sonra o, ali məktəbə qəbul oluna bilər.

Zərifə xanım həmin qızı yataqxanaya düzəldir, işlə təmin edir, imtahanlara hazırlaşmasına nəzarət edir. Doğrudan da, bir il sonra Zərifə xanımın göstərdiyi səylər uğurla nəticələnir. Həyatda ilk addımlarını atan insanlara vaxtında kömək əli uzatmaq olduqca qiymətli və unudulmazdır. Təmənnasız xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi. O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlarına qədər yadda saxlayır, hadisələrin gedişinə düzgün proqnoz verməyi bacarırdı. Zərifə xanım həmişə insanlara təmənnasız olaraq kömək etməyə hazır idi.

Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: "Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq." Zərifə xanımın qəlbi sözün əsl mənasında gözəlliklər kainatı idi. Uzun illər akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xadimə işləmiş, yeddi uşaqla həyat yoldaşını itirib taleyın ağır çətinliklərinə tuş gəlmiş Məleykə Sadıqova Zərifə xanımla bağlı söhbətində bu görkəmli şəxsiyyət-xanımın əsl bacı doğmalığı ilə yanaşaraq ona, balalarına etdiyi yaxşılıqlardan, ailəsinə dəfələrlə öz əmək haqları, geyim, məişət tələbatları ilə maddi və mənəvi dəstəyindən, ərə getmiş qızının mənzillə təmin olunmasına, о biri övladlarının problemlərinə  necə köməkliklər göstərməsindən həsrət və sevgi ilə bəhs edir.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkimi, Zərifə xanımın uşaqlıq rəfiqəsi Alimə xanım Əliyeva danışır: "Sentyabr ayının 1-i mənim doğum günüm olduğu üçün hər il həmin tarixdə evimiz çox qonaqlı-qaralı olardı. Bütün ziyafətlərdə Zərifə xanım və bacıları da iştirak edərdilər. Hamımız pianoda çalıb-oxuyar, rəqs edərək ailədə şənlik yaradardıq. Biz də onların mərasimlərində iştirak edərdik. Ailəvi o qədər yaxın və mehriban idik ki, məclis gec qurtaranda bir-birimizin evində qalardıq. İyul, avqust aylarında dincəlmək üçün ailəvi kurortlara gedər və çox maraqlı yay istirahəti keçirərdik.

Zərifə xanım görüşlərimizin birində mənə kiçik bir qutu verib dedi: "Alimə, mən orta məktəbi bitirəndə anam mənə qədim bir qol saatı bağışlamışdı. Gör səni nə qədər çox istəyirəm ki, bu saatı məndən yadigar saxlamaq üçün sənə verirəm".

Mən həmin saatı indi də əziz bir əmanət kimi saxlayır və qoruyuram.

... O vaxtlar Zərifə xanımı sevənlər, onunla evlənmək istəyənlər çox idi. Ancaq o, heç kimə, heç nəyə əhəmiyyət vermirdi. Gələcək taleyinə Heydər Əliyevi seçdi və yanılmadı. Böyük şəxsiyyət olan Heydər Əliyev Zərifə xanımla evlənməyə qadağa qoyulan bir dövrdə onun polad iradəsi hər şeyə qalib gəldi. Sözündən, istəyindən dönmədi. Onların sevgisi çox saf, qarşılıqlı və müqəddəs bir sevgi idi. Zərifə xanım ömrünün axırına qədər həyat yoldaşına ləyaqətli ömür-gün yoldaşı, arxa-dayaq oldu. Bu nəcib, xanım-xatın qadın ailəsini, balalarını çox sevirdi. Heydər Əliyevin adı çəkiləndə, həmişə "ona qurban olum" - deyirdi. Zərifə və Heydərin ülvi, pak məhəbbətindən, qarşılıqlı hörmət və ehtiramından yaranan isti ailə ocağı əslində dünyanın bütün ailələrinə nümənə idi.

1955-ci ildə Zərifə xanımın ilk övladı - qızı Sevil, 1961-ci ildə oğlu İlham dünyaya gəldi. Zərifə xanım qeyri-adi dərəcədə qayğıkeş, gözəl ana idi. Övladlarını qeyd etdiyim kimi, ilahi bir məhəbbətlə sevir, onlardan ötrü az qalırdı canından keçsin, xüsusilə də uşaqlar xəstələnəndə, özünə yer tapmırdı.

İlham balacalıqda çox sakit, mehriban, saf, adama tez isinişən uşaq idi. Çox ağıllı davranardı. Baxmayaraq ki, evdə, ailədə ona sərbəstlik verilmişdi, ancaq o, dəcəlliyi, şitliyi sevmirdi. Öz yaşıdlarından ağıllı, tərbiyəli hərəkətləri ilə çox fərqlənirdi. Uşaqlar gözümüzün önündə böyüyürdü.

Övladlarının xeyir işinə çox tələsirdi. Sevilin övladı, Zərifə xanımın ilk nəvəsi dünyaya gələndə sevinci yerə-göyə sığmırdı. Körpəyə Zərifə xanımın adını verdilər.

Bir gün mənə dedi ki, İlhamı evləndirmək istəyirik. Qız bizim Tibb İnstitutunun tələbəsidir. Ağıllı, tərbiyəli bir qızdır, dərs əlaçısıdır. Yazıçı Mir Cəlal Paşayevin nəvəsidir. Ürəyimə yatıb.

Çox sevindim. Xeyir-dua verib, qurulan yeni ailəyə xoşbəxtlik, səadət dolu arzularımı bildirdim. Zərifə xanımın oğul toyu görməkdə fərəhinin həddi-hüdudu yox idi. Onun mələk simasına sevinc hissi necə də yaraşırdı.

Sonralar Sevilin iki oğlu, İlhamın isə iki qızı dünyaya gəldi. İlhamın ilk övladına anasının adını verdi - Leyla. O biri qızının adını Arzu qoydular. Nəvələrini çox sevir, onlarla fəxr edirdi, sözü-söhbəti uşaqlardan olardı həmişə. Yeganə arzusu İlhamın oğlunun olması idi. Çox təəssüf ki, fələk  ona  Heydər nəvəsini görməyə imkan vermədi. Leyla və Arzunun toy günündə süzmək, onları gəlin paltarında nənə sevinci ilə qurduqları ailə ocagına yola salmaq ona nəsib olmadı. Çox təəssüf...

Zərifə xanım həddindən artıq alicənab insan idi. Tərifli sözləri heç xoşlamazdı, şan-şöhrəti özünə yaxın qoymazdı. O qədər mədəni idi ki, bir dəfə də olsun, mən onun kiməsə səsini ucaltdığını görmədim. Çox şirindil, xoşrəftar, açıqürəkli, gülərüz, çox sadə və diqqətcildi. Əlbəttə, dahilər deyib ki, hər şeydə - xasiyyətdə də, davranışda da, üslubda da ən böyük gözəllik sadəlikdir. Zərifə xanım bütün bu gözəlliklərə malik insan idi. Hətta xoşuna gəlməyən adam olduqda belə, ona hiss etdirməz, həssaslıqla yanaşardı. Onda insanlara məhəbbət vardı ki, bu da onun böyüklüyündən, genişürəkli, səxavətli olmasından irəli gəlirdi. Allah onu o qədər sadə, təvazökar yaratmışdı ki, respublikanın birinci xanımı olduğunu heç vaxt büruzə verməzdi. Dəb-dəbəyə yad bir xanım idi...

Zərifə xanım Azərbaycan tibb elminin tarixində, onun şöhrətlənməsində ləyaqətli yer tutmuş görkəmli alim və mütəxəssislərdən biri idi. Dünya tibb elminə yeni nailiyyətlər bəxş edib akademik adına yüksələn Zərifə xanım Əliyeva dəyərli ziyalı və alim kimi respublikamızın hüdudlarından kənarda da yaxşı tanınmışdı. Onunla birlikdə elmi iş aparanlar onun nailiyyətlərindən, yüksək mədəniyyətindən, nəcib xüsusiyyətlərindən iftixarla danışırdılar".

Tibb elmləri doktoru, professor Nurəddin Hümbətov Zərifə xanımı kövrək xatirələrlə yada salıb deyir: "Zərifə   xanımla   mən   uzun   illər   bir   yerdə   işləmişik.   O,   göz   xəstəlikləri - oftalmologiya kafedrasında, mən isə daxili xəstəliklər kafedrasında.  O, bir  alim, bir xanım, bir həkim, bir pedaqoq kimi hamı tərəfindən sevilirdi. Mən yalnız onun insani keyfiyyətləri, sadəliyi barədə danışmaq istəyirəm. Baxmayaraq, Zərifə xanım böyük alim, respublika rəhbərinin həyat yoldaşı idi, o, özünü işdə, cəmiyyətdə çox sadə aparırdı. İstər böyüklə, istər kiçiklə davranışında çox səmimi idi. Bir həmkar, iş yoldaşı kimi  mənim xətrimi çox istəyirdi. Biz eyni ildə doktorluq müdafiəsi etmiş, eyni ildə də professor adı almışıq. İnstitutun böyük elmi şurasında doktorluq işimiz müzakirə olunandan sonra sənədləri Moskvaya göndərmək lazım idi. O vaxt Bakıda Ali Attestasiya komissiyası yox idi. İclasdan sonra məni yanına çağırıb dedi ki, Nurəddin, sən sənədlərini hazırla, ver mənə, mən sənin də elmi işini öz sənədlərimlə bərabər göndərim. Moskvada elmi işlərimizi birlikdə görəndə, fikirləşəcəklər ki, sən Heydər Əliyevin ya qohumu, ya da yaxın adamısan. O zaman doktorluq işinin təsdiqi tezləşər.

Bunu heç kim etməzdi. Mən adi bir insan, adi bir həkim idim. Arxamda heç bir vəzifəli adamım, dayağım yox idi. Birinci katibin ömür - gün yoldaşının mənə qardaşlıq qayğısı göstərməsi ürəyimi dağa döndərdi. Tez sənədlərimi hazırlayıb, Zərifə xanıma  təqdim etdim. Heç ay yarım keçməmiş, Moskvadan xəbər gəldi ki, sənədlər təsdiq olunub.

Milli Elmlər Akademiyasındakı mötəbər mərasimdə akademik Topçubaşov doktorluq diplomlarını Zərifə xanıma və mənə təqdim etdi.

Kondisioner zavodunda da Zərifə xanımla bərabər çalışmışıq. Yaratdığı laboratoriyada o, oftalmologiya, mən isə daxili xəstəliklər üzrə elmi iş aparırdıq. Zavodun işçiləri, fəhlələri ilə elə mülayim, elə məlahətli davranırdı ki, çox adam bilmirdi Zərifə xanım kimin qızı, kimin yoldaşıdır...

Zavodda vəzifəsindən, işindən asılı olmayaraq, hamı ilə birinci o salamlaşar, hal - əhval tutardı.  Problemləri,  ehtiyacı  olanlara heç  zaman biganə  qalmazdı.  Onları məmnuniyyətlə qəbul edər, dinləyər, məsləhətlər verər, imkan daxilində kömək edərdi".

Keçmiş SSRİ-nin tanınmış oftalmoloqlarından biri M,Krasnov Zərifə xanımın hətta fiziki nasazlığı zamanı necə qüvvətli ruha malik olmasından yazır: "1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-birilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi hardan idi?!. Ölümünə iki həftə qalmış o, uzaq bir ezamiyyətə hazırlaşırdı: "Aspirantlarıma kömək etmək lazımdır!".

15 aprel,1985-ci il.Vətənimizə qürbətdən gələn son dərəcə kədərli xəbər yüz minlərlə ürəkləri göynətdi,acı göz yaşları yanaqlara və qüssəli qəlblərə axdı.Kədər dolu baxışlar  Moskvaya dikildi.Türk dünyasının ləyaqətli övladı,Azərbaycan xalqının sevimli alim qızı Zərifə Əliyeva həyatla vidalaşıb əbədiyyətə qovuşdu. SSRİ paytaxtı,qüdrətli Novodeviçye məzarlıgı hələ belə bir izdihamlı dəfn mərasimi görməmişdi...

İndi müstəqil yurdunun azad torpagında əbədiləşən mərhəmətli Zərifə xanımın məzarı və möhtəşəm abidəsi önünə hər gün neçə-neçə gənc,ziyalı,qonaq ziyarətə gəlir.Onu salamlayır, ruhuna dualar oxuyur.Zərifə xanım da onları xəfif təbəssümlə qarşılayır.İnsanlara sevgi dolu həyat eşqi,nəciblik və xeyirxahlıq səadəti aşılayır. Yeni ailə quranlara xeyir-dua verir.

Paklııq simvolu olan  Zərifə xanım uzun ömür yaşamasa da, "Həyat illərin sayı ilə deyil, insanın fəaliyyəti ilə ölçülür"- deyiblər. Zərifə xanımın yaşadığı hər bir gün kiçik həyat qədər dəyərli oldu. Yaşaya bilmədiyi hər bir səadət isə onun ruhuna şirin bir töhfəyə çevrilməkdə davam edir. İnsan mənəviyyatının təhlili ilə bağlı bir mütəfəkkirin sözləri yadıma düşür. Alman filosofu Georq Vilhelm Fridrix Hegel qeyd edir ki, insanın vəzifə borcu dörd növə bölünür: özü qarşısında, ailəsi qarşısında, dövlət qarşısında, başqa insanlar qarşısında.

Zərifə xanım Əliyeva özü qarşısında, mənəviyyatı qarşısında, dövlət qarşısında, xalq qarşısında, başqa insanlar qarşısında, yüzlərlə vətəndaş qarşısında unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı.Yaşadı və bundan sonra da yaşayacaq.

... Zaman sürətlə ötüb keçir. Odur ki, həyatımızın hər bir anının dəyərini ilahi töhfə kimi dərindən düşünməyi və qiymətləndirməyi bacarmalıyıq. Bacarmalıyıq həm də ona görə ki, insan və zaman məkanında müvəqqəti ömrü yaşamaq üçün bu gün hər birimiz "Tanrı qonağı"yıq. Görün, böyük rus yazarı Vissarion Belinskinin sözləri dünyanın hər bir "qonağı" üçün nə qədər düşündürücüdür: "Dülgər olacağıq, çilingər olacağıq, fabrik sahibi olacağıq, ancaq insan ola biləcəyikmi? - Bax, budur məsələ!"

 

 

 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM