Publisist-politoloq
Polşa Konstitusiyası Avropanın ən qədim, dünyada isə ABŞ-dan sonra ikinci konstitusiyadır
3 may Polşa respublikasının milli bayramıdır
Hər dəfə Polşanın və polyak xalqının adını eşidəndə,üzümə təbəssüm qonur, ürəyimi doğma hisslər bürüyür. Və hər dəfə də şahidi oluram ki, bu duyğular tək mənim yox, bütün azəri xalqımın qəlbinə,yaddaşına hopub.Səmimi xalq kimi sevgiyə və hörmətə layiq olan polyakların altı əsrə yaxındır ki,dostluga sədaqətini görmüşük. Bizdən əvvəl yaşayan nəsillərimiz də,bizlər də. Bu yaddaşların xatirələrini bir daha əziz tutmaq üçün gəlin tarixə kiçicik ekskursiya edək.
Azərbaycan və Polşa məsafəcə bir-birindən uzaqda yerləşsə də, xalqlarımız tarixən sıx əlaqələr saxlayıb və bu əlaqələr bünövrəsi qoyulandan heç bir zaman kəsilməyib. 15-ci əsrdə Ağqoyunlu və Polşa dövlətləri arasında diplomatik, Azərbaycan hökmdarı Uzun Həsənlə Polşa kralı Yagellon arasında isə səmimi dostluq münasibətləri mövcud olub.Həmin əsrin 70-ci illərində Uzun Həsən öz səfirini Polşaya göndərib.Xalqlarımız arasında dostluq körpüsünün təməli qoyulub.O vaxtdan polyaklar və azərbaycanlılar arasında ünsiyyət yaranıb,bir-birinin iqtisadiyyatına,ədəbiyyatına maraq oyanıb.İki dövlət arasında ticarət əlaqələri artıb. Azərbaycandan Polşaya xalı-xalçalar, xəncər və digər Şərq silahları aparılıb. Polşadan isə Azərbaycana kəhraba və müxtəlif növ odlu silahlar gətirilib. Polşa Krallığı və Şimali Azərbaycan Rusiya tərkibinə daxil olduqdan sonra çar ordusuna çağırılan polyakların bir qismi Azərbaycanda hərbi xidmət keçib. Bir çox inqilabçı polyaklar Azərbaycana sürgün olunub. Həmin vaxtlar Azərbaycandan Polşaya neft, pambıq, kürü, şərab, meyvə qurusu aparılıb, Polaşadan da Azərbaycana sənaye məhsulları, geyim və ayaqqabı gətirilib. 1618-ci ildə Şamaxıda məscid tikən polşalı memar Yan Dembovskinin xalqımıza yadigar qoydugu bu misilsiz sərvət də çox dəyərli varlıq kimi sevilib. Azərbaycanın Avropada qədim və zəngin məmləkət kimi tanınmasında polşalı səyyahların,ədiblərin böyük xidməti olub.18-ci əsrdə yurdumuza gələn səyyah Tadeuş Krusinski latın dilində çap etdirdiyi yol qeydlərində elimizin tarixi,mədəniyyəti,təbiəti haqqında xeyli məlumatlar verib.
Azərbaycanla Polşa arasında mədəni əlaqələr 19-cu əsrin birinci yarısından genişlənib. Zənnimcə,qeyd etməyim yerinə düşərdi ki, hələ 17-ci əsrin birinci yarısında dünya şöhrətli İran şairi Sədi Şirazinin "Gülüstan" əsəri Avropa dilləri arasında ilk dəfə polyak dilinə məhz Azərbaycan dilindən tərcümə olunub.Tarixi mənbələrdən məlum olur ki,həmin dövrdə Polşa kral dəftərxanasının tərcüməçisi Samuel Otvinovski İstanbulda mühacirətdə olan Xoca Yusif adlı bir azərbaycanlı ziyalı ilə tanış olur.Xoca Yusif hörmət əlaməti olaraq,"Gülüstan"ın Azərbaycan dilinə tərcüməsini polyak dostu Samuel Otvinovskiyə bagışlayır.O da əsəri bir neçə ildən sonra Azərbaycan dilindən polyak dilinə çevirir.
Polşada hərbi xidmətdə olan görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlı burada bədii yaradıcılıqla da məşgul olur.Beləki o,Azərbaycan nəsrinin ilk nümunələrindən sayılan "Rəşid bəy və Səadət xanım" əsərini polyak torpagında fransız dilində yazır və 1830-cu ildə Varşavada nəşr etdirir.Uzun illər azərbaycanlı oxuculardan gizli qalan "Rəşid bəy və Səadət xanım"əsəri yalnız Sovet hakimiyyəti illərində əldə edilib Azərbaycan dilinə tərcümə olunur.
Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında görkəmli şərqşünaslar Aleksandr Xodzko və Lüdviq Şpitsnaqelin də böyük rolu olmuşdu. Peterburq Universitetinin tələbəsi olarkən universitetin fars dili və ədəbiyyatı bölməsinin müdiri azərbaycanlı professor Mirzə Qafar Topçubaşov digər polşalı tələbələrlə bərabər, onlara da dərs demişdi. Məhz bu iki alimin nümunəvi xidmətləri sayəsində Qərb dünyası Azərbaycan mədəniyyəti barədə məlumat alırdı. Şpitsnaqel görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin "İsgəndərnamə"sindən parçalar, Azərbaycan dilini mükəmməl öyrənmiş Xodzko, parlaq Nəsimi poeziyasından nümunələri polyak dilinə tərcümə etmişdi. Şərq ədəbiyyatı üzrə tanınmış mütəxəssis Stanislava Rumkiyeviç Azərbaycanın böyük söz ustadlarından biri Məhəmməd Füzulinin əsərlərindən bir neçəsini polyak dilinə çevirmişdi.
Azərbaycanın tanınmış yazıçı- filosoflarından biri olan Abbasqulu ağa Bakıxanov 1833-cü ildə Varşavaya gəlmiş və burada altı ay yaşamışdır. O da Qutqaşınlı kimi Polşada bədii yaradıcılıqla məşgul olmuş və "Xəyalın uçuşu"adlı əsərini burada fars dilində qələmə almışdır.Bakıxanovun "Xəyalın uçuşu"poemasındakı Lehistan (Polşa) və onun paytaxtı Varşava haqqındakı yazdıgı misraları yada salmamaq olmur:
...Bu şəhərin bagı cənnət bagıdır,
Hər görüşdə ələmləri dagıdır.
Hər gözəllik bu şəhərdə olmuş cəm,
Bu yerlərin təsvirində acizəm.
Tərif etmək mümkün deyil söz ilə,
Görmək lazım bu şəhəri göz ilə.
Abbasqulu aga Bakıxanov Varşavada o dövrün bir çox mədəni ziyalıları ilə tanış olmuşdu.Onlardan biri də Aleksandr Sergeyeviç Puşkinin bacısı O.S.Pavlişşeva idi.Bu fakt da maraqlıdır ki, Bakıxanov sonralar "Gülüstani-İrəm" əsərini Tiflisdə polyak şairi Tadeuş Lado-Zabıotski ilə birlikdə rus dilinə tərcümə etmişdi. Məhz həmin dövrdə görkəmli polyak yazıçısı Xodzko Azərbaycanın qəhrəmanlıq dastanı olan "Koroğlu"nu tərcümə edərək ingilis və fransız dillərində nəşr etdirmişdi. Digər polyak yazıçısı Stefan Jeromskinin "Bahar ərəfəsi" romanının ilk süjeti məhz Bakıda vaqe olmuşdu.
Tarixən Azərbaycan xanımlarına məxsus olan gözəl,zərif,ecazkar,yaraşıqlı zinət və bəzək əşyaları yurdumuza gələn heç bir qonagın diqqətindən yayınmayıb.Onların soragı uzaq-uzaq elləri dolaşıb.Bu işdə polşalı qardaşlarımız da zəhmətini əsirgəməyib.Belə ki,uzun müddət Bakı quberniyasının zərgərlik məmulatları üzrə baş əyarı olmuş Zqlenitski 1900-cu ildə Fransanın paytaxtı Paris şəhərində keçirilmiş Ümumdünya sərgisində Azərbaycanın zərgərlik nümunələrini geniş nümayiş etdirmişdi.
20-ci əsrin əvvəllərində hər bir xalqın inqilabi ruhda olan milli mahnıları ilə yanaşı, bütün bəşəriyyətin beynəlmiləlçi zəhmətkeş qüvvələrini təmsil edən mahnıları da dillər əzbəri idi. Belə mahnıların ən geniş yayılanlarından biri "Varşavyanka" idi. Mərkəzi və Şərqi Avropada məşhur olan "Varşavyanka"nın melodiyası 19-cu əsrin ortalarında Parisdə yaşayan polyak mühacirlərinin oxuduqları bir nəğmədən götürülmüşdü.
1883-cü ildə Polşa inqilabçılarından Vatslav Svenitski bir neçə il həbsxanada yatdıqdan sonra "Varşavyanka"nın polyak dilində olan ilk mətnini yaratmışdı. Sonralar mətn alman, çex, rumın, Azərbaycan və başqa dillərə də tərcümə olunmuşdu.
Azərbaycanın unudulmaz şəxsiyyətləri Nəriman Nərimanov və Məşədi Əzizbəyov hələ 1908-ci ildə "Varşavyanka"nın Azərbaycan dilinə tərcüməsini təşkil etmişdi. Sonralar şair Mirzə Əbdülqədir Vüsaqi İsmayılzadə (Mikayıl Müşviqin atası) mətni yenidən tərcümə etmişdi. Bu da məlumdur ki, Müslüm Moqamayevin Balaxanı, Sabunçu fəhlələrindən və məktəblilərindən təşkil etdiyi xor dəstəsi "Varşavyanka"nı həmin tərcümədə dəfələrlə ifa etmişdi. Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirov özünün "Sevil" operasında "Varşavyanka"nın melodiyasından faydalanmışdı.
Vaxtilə paytaxtımız Bakı şəhərinin baş memarı olan polyak mühəndis Yuzef Qoslavski, şəhərsalmanın inkişafına dair mükəmməl plan işləyib hazırlamışdı. Bibi-heybət körfəzindəki ilk neft quyuları polyak mütəxəssis Pavel Potoskinin rəhbərliyi ilə qazılmışdı. Professor Mixail Abramoviç uzun illər Azərbaycan Neft Yataqlarının Kəşfi İnstitutunun direktoru vəzifəsini icra etmişdi. 1913-cü ilin məlumatına görə, təkcə Bakıda 2183 polyak yaşayırdı. Onları maarifləndirmək məqsədi ilə paytaxtımızda "Polşa evi" yaradılmışdı. Birinci Dünya müharibəsi başlandıqdan sonra isə "Polşa çarlığı əhalisinə yardım komitəsi" təsis olunmuşdu. Birinci Dünya Müharibəsindən sonra deportasiya zamanı on minlərlə polyak Azərbaycana gəlmişdi. Xüsusilə yada salmaq istəyirəm ki, 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyətinin ilk Milli Ordusunun qərargah rəisi də milliyyətcə polyak olan general Sulkeviç olmuşdur.
1918-ci il Azərbaycanın siyasi tarixində müstəsna rol oynadığı kimi, Polşanın da həyatında əvəzsiz izlər qoydu. Polşa torpaqları 18-ci əsrin sonunda Prussiya, Avstriya-Macarıstan və Rusiya arasında bölüşdürülmüşdü. Buna baxmayaraq, polyak xalqı öz milli dövlətinin bərpası uğrunda güclü mübarizə aparırdı.
Birinci Dünya müharibəsi dövründə, yəni 1914-1918-ci illərdə Rusiya tabeliyində olan Polşa torpaqlarını Almaniya və Avstriya-Macarıstan qoşunları işğal etdi. Polşanın azadlığı uğrunda mübarizələr getdikcə daha geniş vüsət aldı.
Polşanın müstəqilliyi uğrunda gərgin mübarizələrdə Polşanın milli qəhrəmanı, marşalı Yuzef Klement Pilsudskinin əvəzsiz xidmətləri olmuşdur. Hərbi əməliyyatlarda səlahiyyət sahibi kimi həlledici gedişlər edən Pilsudski fəaliyyətinə görə 1917-ci ildə 15 ay müddətinə Maqdeburqda alman həbsxanasına salınmışdı. 1918-ci il noyabrın əvvəlində Birinci Dünya müharibəsi bitdikdən sonra Sovet hökuməti müstəqil Polşa dövlətini tanıdığını bildirdi və Polşanın bölüşdürülmısinə dair əvvəllər çar hökumətinin bağladığı bütün müqavilələri ləğv etdi. Noyabrın 9-da Yuzef Pilsudski həbsxanadan azad olunub, Varşavaya gəldi, Polşanın siyasi tarixində ən böyük şərəfə - Polşanın müstəqilliyinə nail oldu və ölkənin rəisi kimi dövləti idarə etməyə başladı. Lakin 1926-cı ildə polyak xalqı Pilsudskinin fəaliyyətində diktatorluq dönüşünün şahidi oldu. Doğrudur o, tarixə zəmanəsinin Mussolini və Hitler kimi qatı diktator müasirləri kimi düşmədi. Çünki onun 1934-cü ildə faşizmlə - Hitlerlə bağladığı hərbi müqaviləyə əsasən Şərqi Avropa və SSRİ-ni darmadağın etmək niyyətləri polyak xalqının heç də ürəyindən deyildi. 1935-ci ildə Pilsudskinin vəfatından sonra həmin müqavilə demək olar ki, mənəvi cəhətdən qüvvədən düşmüşdü və 1939-cu ildə Hitler öz simasını bir daha nümayiş etdirərək, hüquqi cəhətdən qüvvədə olan həmin müqaviləyə əhəmiyyət vermədən Polşaya amansızcasına hücum etdi.
İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə tək Polşa 6 milyon nəfərədək itki verdi. 1945-ci ilin yanvarında keçmiş Sovet Ordusu və Polşa qoşunları Varşavaya daxil olanda, şəhər faşist işğalçıları ilə döyüşlərdə həlak olmuş 700 min varşavalının məzarına bürünmüşdü. Indi ölkənin paytaxtında yaradılmış süni təpədə Varşava üsyanı qurbanlarının da xatirəsini əbədiləşdirən abidə ucaldılmışdır. Ətrafına xeyli xırda çay daşları döşənmiş "Məğlub edilməyən həlak olanlar" adlandırılan memarial polyakların və ölkəyə gələn qonaqların ziyarət etdikləri məbədgaha çevrilmişdir. Hər il oktyabrın 1-də isə xüsusi olaraq on minlərlə insan buraya gəlir, daşlar arasında saysız-hesabsız şam yandırırlar. Gecə burada əfsanəvi bir mənzərə yaranır...
1950-ci ildə Ümumdünya Sülh Tərəfdarlarının ikinci konqresində Varşava şəhəri Fəxri Beynəlxalq Sülh Mükafatı ilə təltif olunmuşdu.
Polyak xalqı isə Polşanın müstəqilliyi naminə böyük xidmətlər göstərən Yuzef Pilsudskinin xatirəsinə ehtiramla yanaşır. Bu gün Polşada onun heykəlləri qoyulmuş, küçə və xiyabanlara Pilsudskinin adı verilmişdir. Politoloq və tarixçi Meçislav Pruşinski demişdir: "Pilsudski özünə elə bir şöhrət qazanıb ki, yəqin ki, Polşada yaxın iki əsrdə çətin kimsə ona nəsib olsun".
Hər bir xalqın müstəqillik tarixi ona əziz oldugu kimi, Azərbaycanımızın da bu müqəddəs amal ugrunda keçdiyi şanlı yol bizlərə əzizdir,unudulmazdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri olan Məmmədəmin Rəsulzadə 1920-ci ilin aprelində Azərbaycan bolşeviklərin Qırmızı Ordusu tərəfindən işğal olunduqdan sonra tez bir zamanda ölkəni tərk etməli oldu. Finlandiyadan sonra Polşaya gələn Rəsulzadə burada bir neçə il yaşadı. 1921-ci ildə Polşa artıq bolşevik Rusiyasını məğlub edib öz müstəqilliyini yenidən bərpa etmiş bir ölkə idi. Qafqazın, ilk növbədə Azərbaycanın da öz istiqlaliyyətinə nail olmasını istəyən Polşa hökuməti M.Rəsulzadənin bu ölkədə fəaliyyət göstərməsinə imkan yaratdı.
Həmin illərdə Varşavada "Wschod" (polyak dilində "Şərq" deməkdir) jurnalı nəşr olunurdu. Bu jurnalın mövzusu Polşanın Şərqdəki mənafelərinin, onun Sovet Rusiyası ilə münasibətlərinin təhlili idi. 20-ci illərin ikinci yarısından etibarən jurnaldakı məqalələrin çoxu Qafqaz məsələlərinə həsr olunmuşdu. M.Rəsulzadə həmin vaxtdan bəri mütəmadi olaraq "Wschod" jurnalında məqalələrini çap etdirirdi. 1930-cu ildə jurnalın 12-ci nömrəsində M.Rəsulzadə "Azərbaycan Respublikası" adlı geniş məqaləsində Azərbaycan xalqının mədəni inkişafını və azadlıqsevərliyini qısaca təsvir etmişdi. Azərbaycanda incəsənət və ədəbiyyat ənənələrini, iqtisadi potensialını və kommunizm ideologiyasının Azərbaycan xalqının dəyərlər sisteminə zidd olduğunu jurnalın çoxsaylı oxucularına təqdim edən Rəsulzadə, Azərbaycanın yalnız müstəqil şəraitdə inkişafının tərəfdarı olduğunu bir daha sübut etmişdi.
Polyak xalqı Azərbaycan mədəniyyətinə, musiqi və incəsənətinə həmişə böyük məhəbbətlə yanaşmışdır. Dahi sənətkarlarımız Üzeyir Hacıbəyov və Rəşid Behbudov ölkədə vaxtilə çox məşhur olmuş və onlar indi də sevgi ilə xatırlanırlar. "Arşın mal alan" komediyası barədə tanınmış Polşa dramaturqu Povolotski 1979-cu ildə yazırdı: "Mən istər Rəşid Behbudovun söhbətindən, istərsə də komediyanın rus mətnindən gördüm ki, Üzeyir Hacıbəyov təkcə böyük bəstəkar deyil, həm də böyük komediyanəvisdir. Onun bənzərsiz obrazları, incə, təbii yumoru həyata nikbin baxışı hamını valeh edir. Bəli, bu gün fəxr edirəm ki, "Arşın mal alan" komediyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam. "Arşın mal alan" musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Venqerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim ikiqat artdı. Deməli, mən Azərbaycan dramaturgiyasından Polşa səhnəsinə əsər gəlməsinin ilk təşəbbüskarıyam. Mən ilk körpüsalanam. Aldığım məlumata görə, son bir neçə il ildə "Arşın mal alan" Polşa səhnələrində 1500 dəfə də çox oynanılmışdır. Təkcə Vrotslav şəhər teatrında 450 tamaşada getmişdir".
Onu da qeyd edim ki, vaxtilə Katovitse şəhərində konsertlər vermiş Rəşid Behbudovun mahnılarını katovitselilər heç zaman unutmurlar. Polyaklar ölməz Rəşidi "Katovitse qızları" mahnısının ən mahir ifaçısı kimi qəbul etmişdilər.
Yaxşı yadımızdadır ki, YUNESKO-nun qərarı ilə böyük şairimiz Nəsiminin dünya miqyasında 600 illik yubileyi qeyd olunan zaman şairin həyat və fəaliyyəti ilə yaxından tanış olub heyrətlənən polşalı heykəltəraş Qustav Zemla Nəsiminin portretini yüksək sənətkarlıqla işləmiş, həmin portret Fransa və Almaniyada keçirilən sərgilərdə nümayiş etdirilmişdi.
1810-cu ildə Varşava yaxınlığında dünyaya göz açmış Friderik Şopen cəmi 38 il ömür sürsə də, gözəl əsərləri və mahir ifaçılığı ilə musiqi korifeyləri arasında özünə layiqli yer tutmuşdur. Ömrünün təxminən yarısını Parisdə yaşamasına baxmayaraq, Şopen daim Polşa ilə sıx bağlı olmuş, doğma yurdundan ayrı düşdüyü üçün üzüntülərini musiqilərində səsləndirmişdir. Şopenin yaradıcılığı Polşa milli musiqisinin böyük nailiyyəti olmaqla yanaşı, dünya klassik musiqi sənətinin zirvələrindən birini təşkil edir. 1927-ci ildən başlayaraq, Varşavada pianoçuların Şopen adına ənənəvi beynəlxalq müsabiqəsi keçirilir. 1970-ci ildə Azərbaycan pianoçusu Validə Rəsulova bu müsabiqənin diplomuna layiq görülmüşdü. Polyak xalqının Azərbaycan musiqisinə sonsuz sevgisinin nümunəsidir ki, 20-ci əsrin əvvəllərində Varşavada Polşanın məşhur "Sport-Rekord" şirkətində Azərbaycanın bir çox muğam ustaları və ifaçılarının əsrarəngiz nümunələri qrammofon valına yazılmışdı. Müslüm Maqomayev 1969-cu ildə Sopotda keçirilən beynəlxalq estrada mahnısı festivalında Birinci Mükafata layiq görülmüşdü.
Polşa həm də dünya elminə Nikolay Kopernik kimi böyük alim-astronom verməsilə tanınır.Kopernik 1473-cü ildə Torun şəhərində dogulub.1973-cü ildə məşhur astronomun anadan olmasının 500 illiyi ilə əlaqədar Torunda yubilyarın adını daşıyan universitet şəhərciyi salınıb.Əlbəttə,mən Koperniki təsadüfən yada salmadım.Xatirimə Bakıxanovun "Əsrarül-mələkut"əsəri gəlir.Abbasqulu aga düz dörd əsr sonra Kopernikin "Səma sferasının dövrləri haqqında"kıtabını əldə edir,oxuyur,astronomun heliosentrik sistemini müdafiə edir və onun əsasında özünün həmin əsərini yazır.Bu əsərində azərbaycanlı mütəfəkkir görkəmli polyak astronomunun dərin zəkasına,hərtərəfli biliyinə,parlaq istedadına,mətin iradəsinə ehtiram hissi ilə yanaşır,onun kəşflərini yüksək qiymətləndirir.
Bu gün paytaxtımız Bakı şəhərinin mənzərəsinə diqqət yetirdikdə, Azərbaycanda yaşamış istedadlı polyak memarlarının füsunkar işlərini heyranlıqla seyr edirik. Belə ki, 19 və 20-ci əsrlərdə Polşa memarları müasir Azərbaycan memarlığına böyük tövhələr bəxş etmişlər. Memar Skibidski 1900-cü ilə kimi 250 binanın, o cümlədən Dəmiryolu İdarəsi binası, Tağıyev teatrının layihələrini hazırlamışdı. Memar Qoçlavskiyə 1891-ci ildə Müqəddəs Aleksandr Nevski kilsəsini tikmək tapşırılmışdı. O, həmçinin Bakı Sovetinin binası və Zeynalabdin Tağıyevin sarayının layihəsini hazırlamışdı. Digər polyak memar Skureviç çoxsaylı ictimai binaların, o cümlədən ilk Milli Bankın binasının müəllifi idi. Venesiya qotikası üslubunda yaradılmış, milli ornament və xəttatlıq nümunələrimiz ilə bəzədilmiş, neft sənayeçisi Musa Nağıyevin tikdirdiyi məşhur "İsmailiyyə" binasının memarı da milliyətcə polyak olan Ploşko olmuşdur. Ploşko həmçinin Murtuza Muxtarovun tikdirdiyi çoxmərtəbəli evlər və Müqəddəs Mariya katolik kilsəsinin layihələrini işləyib hazırlamışdır.
"Azərbaycan"jurnalının 1972-ci ildə çap olunan 3-cü sayında əvvəllər Bakıda yaşamış polyak yazıçı Stanislav Strumf-Voytkeviçin "Mənim Bakıya qayıtmagım" adlı məqaləsini oxuyuram.Yazıçının səmimiyyəti dogrudan da ürəklərə asanlıqla yol tapır.Uzun illərdən sonra yenidən Bakıya gələn Strumf-Voytkeviçin bu yazısında maraqlı qeydlər çoxdur.Bu qeydləri oxuduqca, köhnə Bakının sanki filmlərdə əksini tapan görüntüləri gözlərim önündə canlanır.Yazıçı yazır:"...57 ildən sonra yolu düz getdiyimə dogrusu, o qədər də əmin deyildim.Məktəb binasının qarşısında yana buruldum,bərbərxanaya girdim,icazə alıb agsaçlı ustanın kreslosunda əyləşdim.
-Tinin o tərəfindəki küçə köhnə Persidski deyilmi?-deyə soruşdum.
Usta cavab verdi:
-Bəli,elə adlanırdı.
-O küçəylə getsəm,Kamenistiyə çatarammı?
-Çatarsan,çatarsan...Ancaq indi Şors küçəsi adlanır.Sən Bakıda nə vaxt olmusanki?
-Axırıncı dəfə 1917-ci ildə.Hər şeyi tanıya bilmirəm.Bu rayonda nəsə dəyişilibdir.
Usta başımı qırxdı,daradı və ayrılanda təsəlli verdi:
-Ancaq insan dəyişilmir.
...Bakıya gələndən iki gün sonra telestudiyaya dəvət olundum.Telestudiya Kirovun abidəsi ucalan Dagüstü parkın yaxınlıgındadır.Buraya funiklyorla da qalxmaq olar.
Televiziya redaktoru ilə söhbətim Moskvadan göstərilən bir sensasiyalı futbol oyunu qurtaran kimi verildi.O gecə yorgun idim,pis danışırdım,sonra şəhərin tərəqqisinə gələndə,necə oldusa,birdən-birə açılışdım.Dogrudan da 300 mindən 1 milyon 300 min əhaliyə,bir neçə orta məktəbdən və 90 faiz savadsızlar mühitindən 9 ali məktəb və başqa yüzlərcə təhsil ocaqlarına qədər-məsafə çox böyükdür!Hələ çoxlu digər elmi müəssisəni,muzeyləri, Elmlər Akademiyasını, bir neçə teatrı,operanı,filarmoniyanı,kitabxanaları,mədəniyyət evlərini,stadionları,Şirvanşahlar sarayı silsiləsi ilə birlikdə tarixi abidələri,məscidləri,əfsanəvi Qız qalasını,İçəri şəhəri dövrələmiş qala divarlarını demirəm.
Bu böyük nailiyyətlərdən ətraflı danışandan sonra,intervümün axırında təəssüfləndim ki, "yoldaşlarımdan çoxunu tapmadım,məsələn,əziz dostum,Bakının 1 nömrəli taksi şoferi Mustafa Əliyev vəfat etmişdir..."
Bunlar sözün əsl mənasında dogrudan da köhnə Bakının sanki filmlərdə əksini tapan görüntüləri idi.Düşünürəm, nə olaydı, kaş Stanislav Strumf-Voytkeviç indi həyatda olaydı,bir daha,bir daha Bakımıza gələydi,bu gün sevimli paytaxtımızı seyr edərdi, dünyanı heyrətləndirən Bakıya öz gözləri ilə yenidən baxaydı...Oxucularım qoy məni qınamasın, bilmirəm,vallah bilmirəm o, nələr yaşayardı,nələr deyərdi?Duygularını hansı sözlərlə,hansı ifadələrlə,hansı kəlmələrlə bölüşərdi? İnanın ki,bilmirəm!..Bakı müstəqilliyimizdən sonra inanılmaz dərəcədə,bəlkə göz dəyməsin,kosmik sürətlə dəyişdi,gözəlləşdi.Azərbaycan möcüzələrlə üz-üzə dayandı.Allah bəd-nəzərdən qorusun!
Bəli,suverenliyimiz bizə çox şey verdi.Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra Polşa ilə tarixi əlaqələrini daha yeni məcrada inkişaf etdirdi və bu ənənə bu gün də şərəflə davam etməkdədir.
Qarşıda dost ölkənin şanlı tarixinin böyük nümunəsi olan Milli Bayramı yaxınlaşır.3 may gününü onlar Konstitusiya günü kimi dövlət səviyyəsində qeyd edirlər.Əslində bu bayram ümumbəşəri xarakter daşıyır.Çünki Avropanın ən qədim,dünyada isə tarixinə görə Amerika Birləşmiş Ştatları Konstitusiyasından sonra ikinci Konstitusiya sayılan Polşa Konstitusiyası 1791-ci ildə qəbul edilib və 220 ildən artıq mübariz yol keçib.Polşada Ali Seym tərəfindən Konstitusiya qəbul edildikdən iki gün sonra, 3 may tarixi Milli Bayram elan edilib.Sonralar ölkə işgal altında oldugu illərdə bu bayram uzun illər qeyd olunmayıb.Bayram yalnız 1918-ci ildə ölkənin müstəqilliyinin bərpa olunmasından sonra yenidən qeyd edilməyə başlanılıb.1946-cı ildə,İkinci Dünya müharibəsindən sonra kommunist hakimiyyəti bayramın geniş şəkildə qeyd olunmasını qadagan edib,bütün nümayişlər milis tərəfindən sərt şəkildə yatırılıb.1951-ci ildə bayram rəsmi şəkildə ləgv edilib.1990-cı ildən etibarən isə 3 may bayramı yenidən Polşanın dövlət bayramı və qeyri-iş günü elan edilib.Hər il Varşavada, Pilsudski meydanında yerləşən Naməlum Əsgərin Məzarı qarşısında 3 may bayramı münasibəti ilə təntənəli mərasim keçirilir.Mərasimlər hərbi paradla, top atəşləri,qarovulun ali səviyyədə dəyişdirilməsi və əklil qoyulması ilə müşaiyət olunur.
Tarixə saldıgımız nəzərlərin bir daha sübut etdiyi kimi, Azərbaycan və polyak xalqları arasında dostluq, qardaşlıq əlaqələri tarixin böyük,çətin sınaqlarından keçib.Deyərdim ki,ugurla,hətta çox ugurla keçib. Məhz elə buna görə də Polşa Respublikasının,Polşa vətəndaşlarının, polyak xalqının sevinci də, səadəti də bizim sevincimiz, bizim səadətimizdir. 3 may-Konstitusiya gününü bayram edən bacı-qardaşlarımızı müstəqil ölkəmizin azad övladları kimi bizlər də ürəkdən təbrik edir,"Qoy birliyimiz,dostlugumuz əbədi olsun! Möhkəm olsun!"- deyirik.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM