DÜNYANI MAARİFLƏNDİRƏN DİN - İslam aləmi Qurban bayramına hazırlaşır

11:41 / 01.10.2014

Reyhan Mirzəzadə

Publisist-politoloq

“Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Məhəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən dünyaya gəlməsi ehtimaldan uzaqdır. Ey Məhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra bir daha görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm!”

Otto Bismark

(dəmir kansler)

XIX əsrdə Almaniyanın görkəmli dövlət xadimi, diplomatı və kansleri

 

Miladi tarixi ilə 610-cu ilin adi bir Ramazan gecəsi idi. Əbasına bürünmüş Məhəmmədin ürəyi yenə duyğular içində  çırpınırdı. Birdən vücudları sarsıdan əzəmətli bir səda eşidildi: “Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur, şəhər civarındakı Nur dağının Hıra mağarasına gəl! Deyilənlərə əməl etsən, anadangəlmə mübtəla olduğun bu hal bir daha təkrar olunmayacaq!

Bu sədanı Məhəmmədin xanımı Xədicə, əmisi oğlu Əli və Məhəmmədin övladlığa götürdüyü Zeyd ibn Sabit də eşidir.

Məhəmməd büründüyü əbasını atıb, cəld bir hərəkətlə ayağa durur. Gecəyarısı Hıra mağarasına yollanmaq istəyən Məhəmmədi, Əli müşayiət etmək istərkən həmin səda “Tək gəl!” – deyə qətiyyətlə əmr edir.

Nur dağının Hıra mağarasına yetişəndə Allahın Cəbrayıl adlı ulu mələyi onun gözlərinə görünür. Cəbrayıl deyir: “Ya Məhəmməd! Sən Allahın Peyğəmbəri, Rəsulusan! Allahın vahidliyini, Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcəyini insanlara bildirməlisən; getdikləri yolun düz yol olmadığını onlara sən başa salmalısan!”

Cəbrayıl Quranın “Oxu! Yaradan Rəbbinin adı ilə oxu!” ilk ayələrini oxumağa başlayaraq, əlavə edir: – Sənə Allah-Təala tərəfindən vəhy olunan bu ayələri və gələcəkdə vəhy olunacaq ayələri oxu və yazdır!

– Axı mən oxumaq və yazmaq bilmirəm...

– Bilirik! Bizə hər şey məlumdur! Ona görə də “Yaz!” demirik, “Yazdır!” deyirik.

– Axı yadımda qalmaz...

– Hər şey bizim əlimizdədir! Elə edərik ki, heç vaxt yadından çıxmaz!

Cəbrayılın verdiyi bu təminatdan sonra Məhəmmədə ilahi bir yaddaş, mükəmməl bir hafizə bəxş olunur...

Məhəmməd (s) miladi tarixi ilə 571-ci ildə Məkkədə, son dərəcə ləyaqətli bir ailədə anadan olub. Atasının adı Abdullah, anasının adı Aminə idi. Anadan olmasından 2 ay əvvəl atasını, 6 yaşında ikən anasını itirib. 8 yaşına qədər babası Abdulmütəllibin yanında qalıb. Babası öləndən sonra əmisi Əbu Talib onu yanına aparıb. Peyğəmbərimizin uşaqlıq həyatı saf, pak, əziyyətli və yetimçiliklə keçib. Məhəmməd heç bir insanda əks olunmayan, son dərəcə təmiz, dürüst, halal, qayğıkeş, əməlisaleh, parlaq bir şəxsiyyət olub. Ömründə bircə dəfə də yalan danışmayıb, hiyləgərlik, saxtakarlıq etməyib. Dostu, düşməni onu “Məhəmmədül Emin” deyə çağırıb. O, 25 yaşında ikən Məkkənin ən təmiz və zəngin qadını olan 40 yaşlı Xədicə ilə evlənib. 6 uşağı olsa da, Fatmadan başqa o biri övladları hələ Peyğəmbərin sağlığında ölüb. 40 yaşına çatınca, Allah tərəfindən ona beləcə Peyğəmbərlik verilib.

... Həmin gündən başlayaraq, həyatının son anına qədər Peyğəmbərimiz Quranın bütün ayə və surələrini əzbər bilir. Allah onun gözünü və könlünü açır, qəlbi nurla, elmlə, biliklə dolur, gözləri gizli bir aləmin işıqları ilə aydınlaşır. O, əvvəllər bilmədiyi hər şeyi bilir və bildirir, görür və göstərir.

Həmin vaxtlar ərəblər bütlərə ibadət edirdilər. Müqəddəs Kəbədə 360 büt var idi. Zülm, abırsızlıq və mənəviyyatsızlıq dünyanı götürmüş, cahillik və nadanlıq əqidələri bürümüşdü. Böyük-kiçik bilinmir, haqq-ədalət gözlənilmir, zəiflər əzablar altında inləyir, qız uşaqları anadan olan kimi diri-diri torpağa gömülür, adamlar öz şəxsi mənfəətlərindən başqa heç bir şey düşünmürdü. Qadınlar ortaq mal kimi varisdən-varisə keçir, analıq haqqı, qadınlıq şərəfi ayaqlar altında tapdanırdı.

Təkbaşına bu bəlaları, deyərdim ki, faciələri aradan götürmək, insanları yüz illərdən bəri getdiyi əyri yoldan döndərmək necə də çətin və ağır idi.Peyğəmbərimiz isə bütün insanları doğru yola dəvət etməyə məmur olunurdu. Fəqət, Məhəmməd bu müşkül vəzifə ilə mükəlləflənərək evə döndü.

Məhəmməd Peyğəmbər (s) Cəbrayıl (ə) vasitəsi ilə ayələri aldıqca, ən etibarlı məsləkdaşlarına diktə edir, onlar da Peyğəmbərin diktəsi ilə ayələri dərinin, sümüyün, xurma yarpaqlarının, gil lövhələrin üzərinə yazırdılar. Ayələri köçürən belə səhabələrə “vəhy katibləri”, yəni vəhyi yazıya alanlar deyilirdi. Ən məşhur vəhy katibləri Həzrət Əli (ə), Abdullah ibn Məsud, Zeyd ibn Sabit və Übeyy ibn Kəb idi.

Qeyd etmək yerinə düşərdi ki,hər bir ayə nazil olduqca, Peyğəmbər onun Qurandakı yerini də müəyyən, yəni ayələrin bir-birinin ardınca düzülüş qaydalarını təyin edirdi. Peyğəmbər vəfat edərkən Quran hələ bütöv kitab şəklində mövcud deyildi. Müqəddəs kitab ilk dəfə Əbu Bəkrin xilafəti dövründə, Həzrət Əlinin (ə) rəhbərlik etdiyi səhabələr birliyi tərəfindən toplanıb kitab halına salınmışdı. Lakin illər keçdikdən sonra səhabələrin arasında Quran ayələrinin oxunuş qaydaları mübahisələrə səbəb oldu. Bəzi səhabələr tərəfindən köçürülən Quran nüsxələri arasında fərqlər üzə çıxdı. Bu fərqlilikləri aradan qaldırmaq üçün üçüncü xəlifə Osman Quranı gözəl bilən bir neçə səhabədən ibarət heyət yaratdı. Onlara vahid Quran nüsxəsi tərtib etməyi tapşırdı. Bu heyət Quranın yeganə və mübahisəsiz variantını Peyğəmbərin vaxtında olduğu kimi bərpa etdi. Osman bütün başqa Quran nüsxələrini ləğv etdirib, heyət tərəfindən təqdim edilmiş yeni nüsxənin üzündən surətlər çıxartdırdı və onları müsəlman dövlətinin əsas şəhərlərinə göndərdi. Həmin dövrdən etibarən bu günə kimi müsəlmanlar yalnız bu nüsxələrin üzündən köçürülmüş Quranlardan istifadə edirlər.

... Peyğəmbərimiz İslam dinini üç il gizli yaymağa çalışır. Sonra İslamın açıq-aydın təbliğ olunması üçün Allahdan əmr gəlir.

Peyğəmbərimiz Səfa təpəsinə çıxaraq məkkəlilərə müraciət edir: “Ey Qüreyş! (qəbilənin adıdır). Bilin ki, Allah birdir! Ondan başqa İlahi yoxdur! Allahdan başqasına ibadət etmək, inanmaq sapqınlıqdır, ən böyük günahdır! Mən Allahın Peyğəmbəriyəm; onun buyruqlarını sizə bildirən elçiyəm, Allahın Rəsuluyam! Allahın vahidliyini və mənim Peyğəmbərliyimi qəbul edin! Bütlərə inanmaqdan imtina edin! Sözlərimə inanmayıb, göstərdiyim Allah yolu ilə getməsəniz, böyük fəlakətə, dəhşətli əziyyətlərə uğrayacaq, cəhənnəm əzabına düçar olacaqsınız!

Məkkəlilər çaşıb qalır. Babalardanqalma dinə, yüz illərdən bəri ibadət etdikləri bütlərə açıqdan-açığa həqarət ifadə edilir, getdikləri yolun onları cəhənnəmə aparacağı çəkinmədən söylənirdi.

Məhəmməd Peyğəmbəri (s) min bir vasitə ilə bu əqidəsindən döndərməyə çalışan məkkəlilər istəklərinə nail ola bilmirlər. Qüreyş qəbiləsinin böyüyü də, kiçiyi də Peyğəmbərimizə, onun ailə üzvlərinə və müsəlmançılığı qəbul edənlərə qarşı amansız düşmən kəsilir, onlara hər cür təhqir, işgəncə və zülümlər etməkdən çəkinmirlər. Bu anlarda Azərbaycanın xalq şairi rəhmətlik Nəbi Xəzrinin “ Peygəmbər “ poemasının misraları yadıma düşür:

 

İslamın ilk zəfər vədələrində

Gördün kafirlərdən bəla nə qədər!

Alovlu cəhənnəm vadilərində

Düşmənə yer ayır, ulu Peyğəmbər!

 

Elin halalına haram qatanlar

Titrəyir, qorxular düşüb canına

Xalqa qan uddurub divan tutanlar

Çəkilsin tezliklə haqq divanına.

 

Kasıba,yoxsula imdad eylədin,

Ürək ver, atəşli ürəklə bizə.

Nə qədər qulları azad eylədin,

Biz də qullarınıq,rəhm eylə bizə.

 

Elə müqəddəssən,geniş qəlblisən

Bəşər taleyində təlaşı gördün.

Nə yaxşı, şairlə Peygəmbəri sən

Cənnət yollarında yanaşı gördün.

Nurlu qanadını üstümüzə sər,

Vəfalı Peygəmbər, doğma Peygəmbər!

 

...Sevimli Peyğəmbərimiz düz 23 il (daha dəqiq desəm, 22 il, 2 ay, 22 gün) həyatının son məqamlarınadək hər əzaba dözür. Hər cür məşəqqətlərə qatlaşır. Fəqət, Allahın əmr və buyruqlarını təbliğ etməkdən, açıqlamaqdan və yaymaqdan bir an da olsun geri çəkilmir. Bu müddətin 13 ili Peyğəmbərimizin həyatının Məkkə, qalan 10 ili isə Mədinə dövrünü əhatə edir. Quranın Məkkədə nazil olması Ramazan ayının Qədr gecəsinə (ayın 27-ci gecəsinə) təsadüf edir və xalqımızın dilinin əzbəri olmuş “Gün var min ayə dəyər” məşhur kəlamı da mübarək Qədr gecəsinə aiddir. Quranın Məkkədə nazil olduğu ayələr Məkki, Mədinədə göndərilən ayələr isə Mədəni ayələr adlanır. Yeganə “Rəhman” surəsinə Məkki-Mədəni surə deyilir. Bütövlükdə Quran 114 surədən və 6200 ayədən ibarətdir. Məkkə dövrünə 90, Mədinə dövrünə isə 24 surə daxildir.

Qurani-Kərim bu İlahi kəlamla, Bismillahir-rəhmanir-rəhim (yəni mərhəmətlilərin ən mərhəmətlisi, rəhimlilərin ən rəhimlisi olan Allahın adı ilə) kəlamı ilə başlayır.

Qeyd etmək istərdim ki, Quran sözü “Oxu!”, “Qiraət et!” anlamında olub, lüğəti mənası “Gözəl səslə ucadan, avazla, düzgün oxu!” deməkdir. “Quranı-Kərim” sözünün lüğəti mənası isə belədir: alicənab, səxavətli, mərhəmətli, müqəddəs Allah kitabı.

İslam alimləri və müsəlmanlar Quranı “Kəlami-şərif”, “Allahın kəlamı”, yaxud “Allah sözü”, “Allahın vəhyi”, “Kitablar anası”, “Böyük”, “Hikmətli”, “Şöhrətli”, “Möhtərəm”, “Nursaçan”, “Nəsihətamiz” və nəhayət, “Bütün dünyanı və xalqları maarifləndirən kitab” adlandırırlar. Quranda Allah sözü 400 dəfədən çox təkrar olunur. 14 əsrlik bir müddətdə İslam dini Atlantik okeanından başlayaraq, Çinə qədər olan ərazidə yaşayan müsəlmanların ictimai həyatının müxtəlif sahələrini – siyasəti, təsərrüfatı, hüququ əhatə etmiş və onu nizama salmışdır. Quranın 7 nəşri olmuşdur: ikisi Mədinədə, biri Məkkədə, biri Bəsrədə, digəri Kufədə, biri Suriyada və nəhayət, ümumi nəşri. Qurani-Kərimdə adları çəkilən Peyğəmbərlər bunlardır: Adəm, İdris, Nuh, Hud, Salih, İbrahim, Lut, İsmayıl, İshaq, Yaqub, Yusuf, Eyyub, Şuayb, Musa, Harun, Davud, Süleyman, İlyas, Elyesa,Yunus, Zülkifl, Zəkəriyyə, Yəhya, İsa (ə), Məhəmməd (ə).

Peyğəmbərimiz “Sizin içərinizdə ən xeyirliniz Quranı öyrənən, ondan da xeyirliniz Quranı öyrədəndir” – deyə buyurmuşdur.

Əsrlər boyu dünyanın böyük elm xadimləri, ziyalıları Qurani-Kərimin gücünə, varlığına, əzəmətinə, təfsir və izahına, məna və anlamına, oxunuş tərzinə, bəlağətinə, icazına və digər xüsusiyyətlərinə dair yüz minlərlə əsərlər, kitablar yazmış, bu yoldakı xidmətlərini həyatlarının dəyərli mənası kimi qiymətləndirmişlər.  

Təəssüflər olsun ki, Azərbaycan xalqı da 70 ildən artıq sovetlər rejimində yaşadığı dövrdə digər müsəlman respublikaları kimi dinindən demək olar ki, ayrı salınmışdı. O zamanlar kütləvi informasiya vasitələrində güclü ateizm təbliğatı aparılır, İslam dininin əleyhinə qərəzli yazılar dərc olunurdu. Müxtəlif imkanlarla müsəlman xalqlarına dininə qarşı ziddiyətli mövqedə olmaları üçün mənəvi və psixoloji təsirlər göstərilirdi. Bu baxımdan “Nauka i religiya” jurnalı da “xidmətini” əsirgəmirdi. Qərbi Almaniya jurnalı  olan “Ostyevropa”da isə sovet rejiminin müsəlmanların İslam dininə bağlılığına qətiyyətli sədd çəkən təbliğatını kəskin şəkildə tənqid edən məqalələr dərc olunurdu. Sovet vətəndaşı olan alim Bəymirzə Xahitov rejimin təzyiqlərinə baxmayaraq, İslamın düşmənlərinə “Ostyevropa” jurnalında çap olunan yazıları ilə layiqli cavablar verirdi.

1978-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Kral Əbdül Əziz adına universitetin nəzdində “Azlıqda qalan müsəlmanların işi üzrə institut ” yaradılmışdı. İnstitutun proqramında antikommunist və antisovet istiqamət dəqiq müəyyənləşdirilmişdi. Bəymirzə Xahitov həmin institutun iclaslarının birində “Rusiyada müsəlmanların vəziyyəti” mövzusunda çıxış edib bütün dünya ölkələrini SSRİ-də yaşayan müsəlmanların hüquqları uğrunda mübarizəyə çağırmışdı. B.Xahitov kommunist ölkələrində yaşayan müsəlmanların vəziyyətindən, bu ölkələrdəki İslam mədəniyyətindən də narahatçılığını bildirmiş, Türküstanın müsəlman rayonlarını Allahsızların istismarından azad etmək fikrini irəli sürmüşdü.

İmperiyada yaşayan müsəlman xalqlarına daim öz müqəddəs dini ilə bərabər olması üçün böyük Allahın özü kömək oldu və yüz minlərlə insanlar siyasi müstəqilliyi ilə birgə öz dini azadlığına da qovuşdular. Artıq 23 ildir ki, Azərbaycan xalqı da ölkə başçısının rəhbərliyi altında öz dini bayramlarını ən yüksək – dövlət səviyyəsində qeyd edir.

İslam dinində bir çox ayin, mərasim və bayramlar: Quran oxuma, namaz, sünnət, fitrə və zəkat, Məkkəni ziyarət etmək, Kəbəyə etiqad, müqəddəs qəbirlərə ziyarət, oruc tutmaq, Ramazan bayramı, Qurban bayramı, merac, aşura, mövlud bayramı və s. mərasimlər mövcuddur. Həyatımızda özünəməxsus rolu olan azandan bəhs etmək istərkən yadıma düşür ki, Birləşmiş Ərəb Əmirliklərindən olan ərəb alimi Əbdülhəmid əl-Fadil haqqa çağırış nidası- azanın hər gün 24 saat boyu ucalmasında böyük Allahın bir möcüzəsini təsdiqləyən cəbri bərabərliyi aşkara çıxarıb.Alim yazır ki, azan bütün yer kürəsi boyu yayılmasında nəinki 1 saat, 1 dəqiqə olsun belə,kəsilmir, bir qurşaqda qurtarmamış digər qurşaqda yayılır.Azanın müddəti 4 dəqiqə çəkir.Hər qurşağın özünün saat vaxtını təyin edən 360 meridian mövcuddur.Bu meridianların hər biri bir-birindən 4 dəqiqə ilə ayrılır.Tutaqki azanın verildiyi yer birinci sıfır meridianındadır.Azan dediyimiz kimi, 4 dəqiqə çəkir.Bu 4 dəqiqə bitən kimi o biri meridiana keçir.Beləliklə, ardıcıl 1,2,3,4-cü və s.meridianlara keçir. 360 meridian x 4 dəqiqə = 1440 dəqiqə. 1440 dəqiqə : 60 dəqiqə = 24 saat. Bu riyazi göstərici  füsunkar azan sədasının bir an belə yer üzündən kəsilməməsini bir daha təsdiq edir.

Müsəlmanların ən əsas bayramı Qurban bayramıdır. Ərəbcə “Eydüləzha”, yəni qurbanlıq heyvanın kəsildiyi bayram adlanır. Ramazan ayında 30 günlük orucluq bitəndən 70 gün sonra, İslam təqvimi ilə zilhiccə ayının 10-da başlanır və 3-4 gün davam edir. Qurban bayramı hər il Məkkəyə ziyarət mərasiminin başa çatdığı vaxtda qeyd olunur.

İslama görə belə nəql edilir ki, İbrahim Peyğəmbərin (ə) birinci arvadı Saranın uşağı olmadığı üçün İbrahim onun razılığı ilə misirli qızı, qulluqçu Həcərlə evlənir. Lakin qadınlar yola getmirlər. Mübahisələr kəskinləşəndən sonra İbrahim Saranın təkidi ilə Həcəri evdən Məkkə ilə Qüds arasındakı səhraya qovur. Lakin Həcər oğlu İsmayılla birlikdə Məkkəyə gətirilir. Burada susuzluq ona da, körpəsinə də əziyyət verir. Həcər uşağı qucağına alıb, su axtarmağa yollanır. Susuzluqdan dodaqları qurumuş ana-bala Səfa və Mərva təpələri arasında olarkən qəflətən səs eşidilir: “Su buradadır!”. Həcər bu sözü eşitcək, dərhal əvvəlcə Səfa təpəsinə doğru qaçır, lakin burada su görmür. Sonra Mərva təpəsinə yüyürür. Burada da su tapa bilmir. O, iki təpə arasında 7 dəfə o tərəf bu tərəfə yüyürsə də, sudan əsər-əlamət olmur. Həcər ümidsiz halda fəryad qoparır: “İstəmi ileyyə, ya İlahi!”, yəni “İlahi, eşit məni, İlahi”!

İsmayılın ağladığını eşidib geri qayıdan Həcər, oğlunun yanında dumduru suyu olan bir quyu görür. Allahın mərhəməti ilə körpə beləcə müqəddəsləşir. Sonralar İsmayıl quyusu adlanan bu quyunun suyu məşhur Zəm-Zəm suyu kimi varlıqları şəfalandırır.

İsmayıl böyüyəndə İbrahim Peyğəmbər (ə) yuxuda Allahdan əmr alır ki, oğlunu qurban kəssin. İbrahim Allahdan qorxan adam olduğu üçün onun əmrini yerinə yetirməyə bilməzdi. Lakin insan cildinə girmiş şeytan, yəni İblis İsmayılın yanına gəlib onu azdırmaq istəyir ki, valideynlərinin sözünü qəbul etməsin. İsmayıl İblislə razılaşmır. Ata-oğul Allahın əvvəlcədən nəzərdə tutduğu qurbankəsmə yerinə yollanır. Onlar həmin yerə çatanda, İblis yenə İsmayılın gözünə görünür və onu təkrar itaətsizliyə sövq etməyə çalışır. Vəziyyəti belə görən İsmayıl ,sirri atasına açır. İbrahim Peyğəmbər (ə) övladını yoldan çıxaranın İblis olduğunu başa düşür və ona görə də əmr edir ki, oğlu İblisi daşa bassın.

İbrahim Peyğəmbər (ə) oğlunun başını kəsmək üçün əlinə bıçaq götürür. Bıçağı İsmayılın boğazına çəkəndə, Allah həmin an baş mələk Cəbrayıla deyir: “Tez  bəndəmin yanına get və çatdır ki, övladına əl qaldırmasın və ona heç bir xətər toxundurmasın! Çünki artıq mən bildim ki, İbrahim mənə sadiqdir və yolumda öz yeganə oğlunu məndən əsirgəmir”. Cəbrayıl dərhal göydən yerə enir və bıçaq İsmayılın boğazına toxunan an onu kütləşdirir. İbrahim Peyğəmbər (ə) başını qaldırıb Cəbrayılın kəsilmək üçün ona qoyun gətirdiyini görür və sevincindən qışqırır: “La ilahə İlləllah! Allahu Əkbər!” yəni “Allahdan başqa məbud yoxdur! Allah böyükdür!” İbrahim bu sınaqdan alnıaçıq çıxdığına görə, Allah onu alqışlayır və bildirir ki, onun nəslini göydəki ulduzlar, dəniz sahilindəki qumlar kimi artıracaqdır.

Bu əsl ilahi möcüzəli tarixi hadisəni dünya müsəlmanları əsrlərdən bəri xoşməramlı  mərasim kimi qeyd edir və  müqəddəs yolda kəsilən  bütün heyvanlar öz xüsusiyyətləri ilə seçilir. Belə ki, islami şərtə görə, Qurban bayramında kəsilən qoyun 7 aylıqdan kiçik olmamalıdır. Bayramda keçi (1 yaşlı), dəvə (5 yaşlı), dana kəsilməsi də qəbul olunub. Heyvanlar erkək olmalı, xəstə, qoca, zəif olmamalıdır. Heyvanı kəsməzdən əvvəl onu üzü Məkkəyə, yəni qibləyə tərəf olmaqla, böyrü üstə yıxırlar. Ağzına çox vaxt nabat qoyur, sonradan çıxarırlar ki, heyvan müqəddəsləşsin (qoyunun gözlərindən sonradan gözmuncuğu hazırlayırlar). Digər  dini qaydalardan sonra Qurban ətini yoxsullara paylayır,  ondan müəyyən qədər də  götürüb ailənin bayram süfrəsi üçün yemək bişirirlər. Bu anlar gözlərim önündə canlanarkən imam Baqirin kəlamı yadıma düşür: “Allah-Təala yemək yedirtməyi və Qurban kəsməyi sevir”.

İslamın əsas şərtlərindən biri də qeyd etdiyimiz kimi, Həcc ziyarətidir. Yetkinlik yaşına çatmış, maddi imkanı olan hər kəsə ömründə heç olmasa bir dəfə Həccə getmək vacibdir. Həcc zamanı ziyarət olunması vacib bilinən Kəbə “Allahın evi” adlandırılmışdır. Əlbəttə, bu, məcazi mənada başa düşülməlidir. Çünki Allah cisim deyil ki, evə sığışsın. Allah Kəbənin qüdrət və əhəmiyyətini insanlara bəyan etmək üçün onu məhz özünün evi adlandırmışdır.Onu da deyim ki, Misirdən olan ərəb alimi Hüseyn Kəmaləddin elmi tədqiqatları əsasında Məkkənin yer kürəsinin mərkəzində yerləşdiyini aşkara çıxarıb.Bütün müsəlmanlar üçün Həcc dinin dirilik rəmzidirsə, Məkkə onların könül paytaxtı, Kəbə ürəklərin birləşdiyi və həm də günahların bağışlandığı müqəddəs ocaqdır. Dahi Sədi Şirazi buranı ziyarət etdikdən sonra yazmışdı:

 

Kəbənin önündə bir yolçu gördüm

Ağlaya-ağlaya deyirdi haman:

“Demirəm qəbul et itaətimi,

Lütf edib keç mənim günahlarımdan”.

 

Kəbənin künclərindən birində “Həcərül-əsvəd”, yəni “Qara daş” yerləşdirilib. Qara daş Allah tərəfindən öz qüdrətinin bir əlaməti kimi insanlara göndərilib. Həcc ziyarəti zamanı hacılar Kəbənin ətrafına 7 dəfə dolanarkən, hər dövrəni Qara daşın qarşısından başlayıb, orada da qurtarırlar. Həccin bir çox ənənəvi qaydaları mövcuddur ki, hər bir müsəlman onu yerinə yetirməyə təbii ki, borcludur. Görəsən müsəlman təkcə düzgün ibadətəmi borcludur?..

Məhəmməd Peyğəmbər (s) deyirdi ki, qonşusu ac ikən özü tox yatan kəs mənə iman gətirməmişdir. Yoxsullar Allahın dostlarıdır. Qorxun kasıbın qarğışından! Allahın ən sevimli bəndələri insanlar üçün daha xeyirli olanlar və Allahın haqqını yerinə yetirməyə daha çox çalışanlar, həmişə xeyir işlər görmək və yaxşılıq etmək istəyənlərdir.

Həzrət Əli (ə) etiraf edirdi ki, axirəti üçün sədəqə verməyənlərə dünyanın heç bir faydası yoxdur. Tamahkardan zəlil adam yoxdur. Hər kəs səndən xeyir umursa, onu ümidsiz etmə! Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.

Ulu babalarımızdan yadigar qalan nəsihətləri zaman-zaman söz dühaları da əsərlərində vəsf etmişlər. Müsəlman aləminin fəxri olan Sədi yenə yazırdı:

 

                                 Bilsən əcdadının qədrini uca,

                            Adın ləkələnməz dünya durduqca.

                                 Nə qədər ki, vardır əlində qüdrət,

                                Kərəm sahibi ol, göstər mərhəmət.

 

Bəli, İslam tərəqqipərvər din kimi yüzlərlə, minlərlə qeyri-müsəlmanların qəlbini də işıqlandırıb. Bu barədə xeyli yazılı abidələr mövcuddur. Əlbəttə, onların mində birini belə bir məqalədə təqdim etmək mümkün deyil. Epiqrafda qeyd etdiyim fikirlərin davamı kimi isə yalnız bunları əlavə edirəm:

Tanınmış ingilis yazıçı-dramaturqu, Nobel mükafatı laureatı Bernard Şou “Məhəmməd (s) – Allahın elçisi” əsərində yazırdı: “Mən həmişə Məhəmmədin (s) dininə, malik olduğu möcüzəli həyat gücü və enerjisinə görə dərin ehtiram bəsləmişəm. Mənim fikrimcə, İslam taleyin cürbəcür fitnələrini və sivilizasiya fərqlərini dəf etmək yolunda uğur qazana bilən yeganə dindir. Mən qabaqcadan görürəm ki, avropalılar bir-birinin ardınca İslam dinini qəbul edəcəklər”.

Dünya şöhrətli fransız maarifçisi, yazıçı və tarixçisi Volter (Mari Fransua Arue) İslama qarşı öz heyranlığını açıqca etiraf edib deyirdi: “İlahi, kaş bütün Avropa xalqları müsəlmanları özlərinə nümunə götürəydilər!”

Azərbaycanın məşhur ictimai-siyasi xadimi, yazarı, filosofu, eyni zamanda hərbçi-generalı Abbasqulu ağa Bakıxanovun sözüdür: “Əgər bizim hər işi görməyə ixtiyarımız olsa da, yenə Allahın rizası olmasa, o işi görə bilmərik”.

Bəli, dünyanı öz nuruna boyayan İslamın, islam aləminin əziz bayramı-Qurban bayramı yaxınlaşır.Dünya müsəlmanları bu bayrama böyük həvəslə hazırlaşır.İndi yer kürəsinin neçə milyon zəvvarı Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə, Məkkə, Mədinəni, ulu Peyğəmbərimizin məzarını salamlamaq üçün bu müqəddəs məkana yola düşüb.Onların içində xeyli sayda həmvətənlərimiz, soydaşlarımız da var.73 illik həsrətdən sonra öz məmləkətinin azad vətəndaşı olan azərbaycanlılar, kafirlərin qadağalarından xilas olub hər il Bakıdan qədim Mədinəyə uzanan yollarla öz Peyğəmbərinin qəbrini qucmağa tələsir.Böyük şairimizin, Nəbi Xəzrinin dediyi kimi:

 

Cahan dəyişdikcə öz təməlindən

Qədim Mədinəyə yollar uzanır.

Odlar diyarından, Azər elindən

Qəbrini qucmağa qollar uzanır.

 

Eşit səsimizi sən, ey Məhəmməd,

Tək qadir Allahdan, tək Səndən mədəd.

Nuruna səcdəyə gəlir dünyalar,

Gəlir elçiləri bütün aləmin.

Xəzər sahilində bir şair də var

İmanı, biəti sənədir...Amin!

 

İndi doğrudan da bütün aləmin- böyük İslam aləminin imanı, biəti Allaha və onun rəsulu Məhəmməd Peyğəmbərin ruhunadır.İndi milyonlarla əllər Haqqın dərgahına uzanıb.Dualar, arzular, istək və niyyətlər bir-birini əvəz edir.Dinimiz, birliyimiz yolunda kəsiləcək qurbanlar öz səadət məqamlarını gözləyir.

Əzizlərimin dualarına qoşularaq, varlığına,böyüklüyünə sığınaraq, mən də üzümü mərhəmətlilərin ən mərhəmətlisi, rəhimlilərin ən rəhimlisi olan Uca Tanrıya tuturam: İlahi! Səni and verirəm öz izzəti-cəlalına! Bizlərə və gələcək nəsillərə sağlam düşüncə, elm və mərifət, möhkəm iman, səbr və dözüm, güc və qüdrət əta et! Haqqı  nahaqqa heç zaman qurban verməyən Allahım! Öz zəhməti, halal əməyi ilə yaşayan və ucalanları şərdən-bəladan, hifz et! Xalqı,yurdu naminə çalışan parlaq zəkaları, dünyada inildəyən bütün məzlumları, köməksizləri xəbislərdən sən özün qoru Ulu Tanrım! Günahsız bəşəriyyəti müharibələrdən, fəlakətlərdən,qırğınlardan, xəstəliklərdən böyük qüdrətinlə xilas et,  ey Yaradan!  Düşmən tapdağında inildəyən torpaqlarımızı azad etməkdə bizə dayaq olmaqla, şəhidlərimizin ruhunu sən özün şad et, Ya Rəbbim!” 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM