Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Strategiya.az saytı "Geostrategiya" jurnalına istinadən Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Əliağa Məmmədlinin "AZƏRBAYCANDA ETNOQRAFİYANIN MÜASİR VƏZİYYƏTİ VƏ ƏSAS İNKİŞAF İSTİQAMƏTLƏRİ HAQQINDA" məqaləsini diqqətinizə çatdırır
Humanitar elmlər sırasında xüsusi yeri və rolu olan elmlərdən biri də etnoqrafiyadır. Bu elm sahəsindən bir az xəbəri olanlar bilirlər ki, ən bəsit tərifə əsasən bu elm xalqları, onların adət və ənənələrini, mədəniyyətini öyrənir. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, hazırda etnoqrafiya haqqında Azərbaycan cəmiyyətində, onun müхtəlif təbəqələrində kifayət qədər bilik yoхdur. Bəzən məşhur "Qafqaz əsiri" komediyasındakı Şurikin düşdüyü vəziyyəti Azərbaycan etnoqrafları da yaşamalı olurlar. Xatırladım ki, o filmdə Şurik məhmanxanada yer alarkan xidmətçinin "Ezamiyyətin məqsədi?" sualına cavab verir ki, "Etnoqrafik ekspedisiya". Xəbərdar olduğunu göstərmək üçün xidmətçi qeyd edir, "Hə, neft axtarırsınız?".
Belə bir vəziyyət sovet dövründə də mövcud idi, təəssüflər olsun ki, indi də davam edir. Hələ də etnoqrafiyanın arxeologiya, epiqrafika, numizmatika kimi tarix elminin yardımçı fənnləri kimi qəbulu Azərbaycanın ali məktəblərində, Elmlər Akademiyasında, hətta bu mötəbər qurumun Arxeologiya və Etnoqrafiya İnstitutunda hökm sürür. Belə yanaşma isə müasir etnoqrafiyanın ictimai, humanitar elmlər sistemində rolunu və yerini əks etdirmir. Son illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə arxeologiyanın inkişafı üçün böyük vəsait ayrılmışdır və ayrılmaqda davam edir. Bu strateji baxımdan dəyərli yanaşma şübhəsiz həm elmi, həm də siyasi baxımdan çox böyük əhəmiyyətə malikdir. Lakin, etnoqrafik tədqiqatlar ən azı arхeoloji tədqiqatlar qədər vacib olduğu bir şəraitdə etnoqrafiyaya dövlət tərəfindən diqqət qənaətbəxş hesab oluna bilməz.
Etnosların, o cümlədən Azərbaycan türklərinin hər- tərəfli etnoqrafik tədqiqinin əsas üsulları ekspedisiyalar, ezamiyyətlər vasitəsilə araşdırmalar aparılması, çöl materiallarının toplanmasıdır. Bu materiallar olmadan etnoqrafik tədqiqatların aparılması qeyri-mümkündür. Müxtəlif ölkələrin etnoloji mərkəzlərində uzunmüddətli ezamiyyətlər, ekspedisiyalar olmadan ümumiyyətlə araşdırma aparmaq qeyri-mümkündür. Lakin, müqayisə etdikdə Azərbaycanda etnoqrafik ekspedisiyalar həm sayına, həm də aparılan tədqiqatların miqyasına görə arхeoloji ekspedisiyalardan çox geri qalır.
Bəs, etnoqrafiyanın vacibliyi, millət, dövlət üçün əhəmiyyəti nədən ibarətdir? Nə üçün bu elm sahəsinin inkişafına xüsusi diqqətin zəruriliyi ön plana çıxmalıdır? Bu baxımdan etnoqrafiya haqqında əsaslandırılımış bilgilərin cəmiyyətə çatdırılmasını vacib və əhəmiyyətli hesab edirik. Belə ki, qloballaşma şəraitində sayından asılı olmayaraq hər bir xalqın mədəniyyətinin qorunub saxlanılması həm etnoqrafiya elminin, həm də hər bir dövlətin ən aktual vəzifələrindən birinə çevrilmişdir. Bundan əlavə Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən biri də ölkədə mövcud olan etnoslararası qarşılıqlı əlaqələr sisteminin tədqiqi və dünyada təbliği vacib məsələlərdən biridir. Sirr deyil ki, Azərbaycanın etnik baxımdan zəngin olan əhalisinin formalaşması uzun müddətli tarixi dövrü əhatə edib və burada dərin inteqrasiya olunmuş Azərbaycan xalqı adı altında etno-mədəni birlik təşəkkül tapıb. Bundan başqa son illərin təcrübəsi göstərir ki, etnoslararası münasibətlərlə bağlı problemlər bir çox ölkələrin "baş ağrısına" çevrilmişdir. Bütün bunlar etnik problemlər sahəsində dövlət siyasətinin strateji və taktiki istiqamətlərinin işlənməsini zəruri edir. Bu isə öz növbəsində etnik problemlərlə birbaşa məşğul olan etnoqrafiyanın vacibliyini vurğulayır.
Etnik mədəniyyət hər bir xalqın təşəkkül tarixini, formalaşma mərhələlərini özündə əks etdirir. Etnosun psixologiyasında, davranış qaydalarında, qida mədəniyyətində, sənətkarlıq nümunələrində və onların hazırlanma üsullarında, yaşayış məkanının təşkil edilməsində, ənənəvi təsərrüfatının növlərində, ailə münasibətlərində və s. onun keçdiyi tarixi yol əks olunur. Sadalanan etnik əlamətlər isə etnoqrafiyanın əsas tədqiqat predmetləridir ki, onları araşdırmadan xalqın etnogenezini, tarixini dərindən öyrənmək qeyri-mümkündür. Etnik əlamətləri tədqiq etmədən xalqın, cəmiyyətin bu günkü həyatının müxtəlif sahələrini, o cümlədən siyasətdə, sosial sahədə, müasir mədəniyyətdə baş verən prosesləri izah etmək çətindir. Bunları araşdırmadan Azərbaycanın inkişaf perspektivlərini düzgün müəyyən etmək olmaz. Qeyd olunanlar etnoqrafiyanın nə qədər strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiq edir.
Yaranmış vəziyyətdə şübhəsiz etnoqrafların da günahı az deyil. Azərbaycanda etnoqrafiyanın inkişaf strategiyasının olmaması tədqiqat mövzularının sistemləşdirilməsi, onların aktuallıq əsasında sıralanmasına demək olar ki, imkan vermir. Universitetlərdə, xüsusilə Bakı Dövlət universitetində, etnoqraflar hazırlanmaması, sovet dövründə təcrübə toplamaq məqsədi ilə gənc etnoqrafların Moskva, Sankt-Peterburq və başqa elmi mərkəzlərə uzunmüddətli ezam edilməsi praktikasından imtina edilməsi Azərbaycan etnoqrafiyasının kadr potensialının zəifləməsinə səbəb olmuşdur. Uzun illər davam edən belə vəziyyət Azərbaycan etnoqrafiyasının faktiki tənəzzülünə gətirib çıxarmışdır. Şübhəsiz burada bizə irad tuta bilərlər ki, bəs son illərdə nəşr olunan monoqrafiyalar, fundamental əsərlər necə olsun? Bu əsərləri çox yüksək dəyərləndirərək eyni zamanda qeyd etməliyik ki, bunlar arasında müasir etnoloji nəzəriyyələrə əsaslanan, təsvirçilikdən daha çox təhlilə üstünlük verən, müasir etnoqrafiyanın problemlərini araşdıran tədqiqatlar çox azdır. Bundan əlavə son illərdə etnoqrafiyaya gələn yeni kadrların elmi hazırlıq səviyyəsinin qənaətbəxş olmaması onlara verilən tədqiqat mövzularının darlığı Azərbaycanda bu elmin tənəzzülü haqqında qənaətə gəlməyə əsas verir.
Müstəqillik qazandıqdan sonra Azərbaycan etnoqrafları qarşısında həm nəzəri plyuralizm baxımından, həm müxtəlif mövzuların seçimi baxımından, həm beynəlxalq elmi əlaqələrin genişlənməsi baxımından böyük imkanlar açılmışdır. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu imkanlardan yetərincə istifadə olunmur. Şübhəsiz Azərbaycan etnoqrafiyası zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır [4]. Lakin, bununla yanaşı, aydındır ki, sürətlə inkişaf edən, yeni-yeni nəzəriyyələrdən bəhrələnən, başqa elmlərlə sıx əlaqədə olan müasir etnoqrafiya yeniliklər tələb edir.
Müasir etnoqrafiyanın vəzifələri son illərdə alimlər arasında geniş diskussiya mövzusuna çevrilmişdir [2]. Prezident administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" [3] əsərində Arxeologiya və Etnoqrafiya İnstitutu qarşısında duran vəzifələr haqqında söz açaraq qeyd edir ki, "İnstitutun fəaliyyətində konseptual yanaşmalar tələb olunur. Son dövr nəşrlərində isə belə yanaşmalar müşahidə edilmir. Ötən illər ərzində etnologiya, antropologiya və etnopsixologiyaya dair fundamental tədqiqatlar aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur". Xüsusilə etnoqrafiya elminin problemlərinə toxunaraq akademik Mehdiyev qeyd edir ki, Avropada, Rusiyada mədəni antropologiya, sosial antropologiya, etnologiya sahələrində yeni-yeni əsərlərin nəşr olunduğu bir dövrdə "bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir". Bu səbəbdən "Azərbaycanda da belə əsərlərə ehtiyac vardır", bunun üçün də "etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənilməsində rasional tərzdə faydalanmaq lazımdır".
Göründüyü kimi, Azərbaycan etnoqrafları qarşısında qoyulan vəzifələr siyasi və elmi baxımdan çox aktualdır. Və bu vəzifələri yerinə yetirmək üçün nə etmək lazımdır? Ənənəvi olan "Nə etməli?" sualına biz necə cavab verməliyik?
İlk növbədə əsas məsələ kimi müasir etnoqrafiyanın başlıca problemlərinin nədən ibarət olmasını müəyyənləşdirmək lazımdır. Etiraf etmək lazımdır ki, bu suala cavab hələ də diskussiyalar mövzusudur. Lakin intensiv axtarışlar bir sıra sualların qoyuluşuna əsas verir və məhz bu suallarda müasir etnoqrafiyanın aktual problemləri yığcam şəkildə təzahür olunur. Belə məsələlərdən bəzilərinə diqqət yetirək.
Etnoloqlar qarşısında duran aktual məsələlərdən biri şübhəsiz müasir dünyanın etnik mənzərəsi və bunun ayrı-ayrı insanlar və ümumiyyətlə etnik toplumlar tərəfindən qavranmasıdır. Sirr deyil ki, insanların ətraf mühiti qavramasına təsir edən amillərdən biri etnik mənsubiyyətdir. Bu baxımdan dünyada gedən proseslər (mədəni, iqtisadi, siyasi və s.) müxtəlif etnoslar tərəfindən müxtəlif cür dərk edilir. Və bu dərk edilmədən asılı olaraq qeyd olunan dəyişikliklərə uyğunlaşma prosesi baş verir. Bu uyğunlaşmanın qanunauyğunluqları nədən ibarətdir? Qeyd olunan müxtəliflik nədən ibarətdir, azərbaycanlılar tərəfindən dünyanın çoxçeşidli etnik, mədəni mənzərəsini qavramasında xüsusiyyətlər nədən ibarətdir kimi suallara cavabların axtarışları yəqin ki, Azərbaycan etnoqraflarının prioritet vəzifələrindən olmalıdır.
Etnoqrafiya qarşısında duran mühüm suallardan biri də insanların təsəvvürlərində onları əhatə edən mühitin mənasını müəyyənləşdirməkdir. Hər bir etnos onu əhatə edən təbiət obyektlərinə, əşyalara müxtəlif mənalar verir. Bəzən eyni əşyalar ayrı-ayrı etnoslar üçün müxtəlif məna daşıyır. Bu oxşarlıqların və fərqlərin nədən ibarət olmasının müəyyənləşdirilməsi ümumiyyətlə etnosun xüsusiyyətlərinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, sürətlə dəyişən, qloballaşan dünyada bizi əhatə edən hər bir əşyanın mənası dəyişir, bu dəyişmələr etnoslararası münasibətlərə necə təsir edir və onların hansı istiqamətdə yönəlməsini şərtləndirir? Aydındır ki, qeyd olunan suala cavab axtarışı etnoqrafların qarşısında duran vəzifələrdəndir.
Müasir etnoqrafiyada maraqlı və aktual suallardan biri də etnik ənənələrlə bağlıdır. Etnik ənənələrin çərcivələri qloballaşan dünyada nə dərəcədə çevikdir? Etnos üzvlərinin şüurunda hər bir şəraitdə dəyişməz qalanlar nədir, nədən imtina olunur, və nələr dəyişikliyə məruz qalır? Etnik mədəniyyətdə belə elementlər var ki, onlar bütün etnik mədəniyyəti, xüsusilə intensiv ictimai proseslər şəraitində, möhkəmliyini təmin edir və s.
Yuxarıda təqdim olunan suallar müasir etnoqrafiyanın qarşısında duran sualların yalnız bir qismidir. Qeyd etmək lazımdır ki, bu sualların sayı gündən-günə artır. Belə olan vəziyyətdə etnoqrafiyanın predmetinin dəqiqləşdirilməsinin aktuallığı daha da artır.
XIX əsrdən formalaşıb inkişaf edən etnoqrafiya xalqın həyat fəaliyyətində tarixən formalaşan xüsusiyyətlərini tədqiq edir. Elmi ənənəyə uyğun olaraq etnoqrafiya xalqların etnogenezini, məskunlaşmasını, maddi mədəniyyətini, mərasim, adət, inamlarını, qohumluq sistemlərini, sosial və siyasi quruluşunu, davranış qaydalarını, tərbiyə sistemlərini, mədəni cizgilərinin dinamikasını, psixoloji xüsusiyyətlərini, ətraf mühitə uyğunlaşma sistemlərini, dəyərlərini, başqa xalqlarla ünsiyyətin xüsusiyyətlərini, iqtisadi davranışlarını, ənənələrinin formalaşmasını və inkişafını, demoqrafiyasını və b. məsələləri tədqiq edir. Şübhəsiz bu siyahını davam etdirmək olar. Lakin, sadalananlar da etnoqrafiyanın predmet sahəsinin çox geniş olduğunu təsdiq edir. Bu sahəyə azərbaycanlılarda və ölkənin başqa etnoslarında baş verən müasir sosial dəyişikliklərin etnik xüsusiyyətləri, etnik qruplarda sosial yerdəyişmələrin templəri, miqrasiya proseslərinin etnomədəni xüsusiyyətləri, ailədaxili münasibətlərin etnik spesifikası, sosial qruplarda müasir və ənənəvi mədəniyyətin qarşılıqlı münasibəti, siyasi həyatda və sosial davranışda, modernləşmə proseslərində ənənəviliyin rolu, mədəniyyətlərarası qarşılıqlı təsir, etnik şüur, avto və geterostereotiplər, etnosdaxili həmrəylik, etnik maraqlar və etnoslararası ünsiyyətə qurulmamarı, tolerantlıq və dözümsüzlük, millətçilik problemləri, etnoslararası münaqişələrin sosial və sosial-psixoloji əsasları və s. daxildir.
Bu tədqiqat istiqamətlərindən hər biri müasir Azərbaycan cəmiyyətinin formalaşma prosesində sosial-psixoloji və tarixi-mədəni xüsusiyyətlərin aşkar edilməsi üçün və Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı perspektivləri konteksti baxımından həm elmi, həm də böyük praktik əhəmiyyətə malikdir. Belə ki, son illərin tədqiqatları belə bir qənaət üçün əsas yaradır ki, hər bir xalqın keçdiyi tarixi yol müəyyən sosiomədəni sistemlə, etnik psixologiya ilə, tarix boyu dayanıqlı dəyərlər sistemi ilə əlaqədardır. Hər bir xalqın təcrübəsi bu xalqın təkrarolunmaz tarixi simasının fərdi cizgilərini formalaşdırır.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın da qarşısında inkişaf yollarının seçimi məsələsi durur. Bu şəraitdə müasir Azərbaycan etnosunun sosiomədəni və psixoloji səciyyələrinin tədqiqinin nəticələri əsasında ictimai inkişaf modellərinin işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunan göstəricilərin zəif öyrənilməsi çox zaman Azərbaycan etnosuna aid arqumentsiz və sübutsuz sosial-etnik səciyyələrin meydana gəlməsini şərtləndirir və bu da öz növbəsində spekulyativ sosial eksperimentlərin təşkili üçün zəmin yaradır. Şübhəsiz, belə olan şəraitdə etnoqrafik tədqiqatlara sosial sifariş artmalıdır və fənnin institusional təşkili və tədqiqat istiqamətləri indikindən xeyli genişlənməlidir.
Müxtəlif xalqların etnomədəni xüsusiyyətlərinin tədqiqi göstərir ki, onların bir çox nailiyyətləri, xüsusilə sosial-iqtisadi inkişafda, informasiya texnologiyalarının mənimsənilməsində, həyat fəaliyyətinin təşkilinin müasir formalarının və vasitələrinin xalqın sosiomədəni və etnopsixoloji xüsusiyyətlərinə uyğunluğu ilə müəyyənləşir. Bu kontekstdə "Azərbaycanlıların ənənəvi dəyərlər sistemində əmək fəaliyyəti anlayışı", "Ənənəvi və müasir tərbiyə və təhsil sistemi və onların Azərbaycan mentalitetində yeri", "Azərbaycanlıların həyat fəaliyyətində şəxslərarası münasibətlər sistemi" və s. kimi tədqiqat mövzularının işlənilməsi xüsusilə aktualdır.
Müasir etnoqrafik tədqiqatlar əhalinin müxtəlif yaş və sosial qruplarında davranış qaydalarının və ünsiyyət formalarının dəyişməsini izləməyə və təhlil etməyə imkan yaradır. Belə ki, son illərdə sosiomədəni və siyasi-iqtisadi amillərin təsiri altında gənclərin, orta və yaşlı nəslin ənənəvi davranışında belə dəyişikliklər baş vermişdir ki, onlar sosionormativ mədəniyyətin dayanıqlı elementlərilə münaqişəyə girirlər.
Perspektivdə Azərbaycanda etnoqrafik tədqiqatlara cəlb olunmuş mövzuların əhatə dairəsi həm elmi baxımdan, həm də ki, ölkə inkişafının sosiomədəni, siyasi və iqtisadi konseptual əsaslarının işlənib hazırlanması kontekstində genişlənməlidir. Bu mövzular arasında etnos və dövlətin qarşılıqlı təsiri probleminin tədqiqi də böyük maraq kəsb edir. Bəzi alimlər hətta etnosla siyasi sistemin qarşılıqlı münasibətlərini müstəqil tədqiqat sahəsi – siyasi etnososiologiya kimi fərqləndirməyi təklif edirlər [5, 23]. Siyasi mədəniyyətin sosial-siyasi qaydaları, siyasi dəyərləri, hakimiyyətə yiyələnməyin yolları haqqında təsəvvürlər, siyasi davranış kimi mühüm elementləri bir çox hallarda mədəni irslə müəyyənləşir. Belə tədqiqatların predmeti kimi azərbaycanlıların hakimiyyət haqqında ənənəvi təsəvvürləri, insanlar arasında hakimiyyətlə bağlı münasibətlər, avtoritarizmin və demokratiyanın etnik xüsusiyyətləri, azərbaycanlıların ənənəvi və müasir təsəvvüründə yerli özünüidarəetmə çıxış edə bilər.
Etnoqrafik tədqiqatların obyekti kimi Azərbaycanın son onilliklərdə rastlaşdığı problemlər də durmalıdır. Belə ki, erməni təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş minlərlə qaçqın və məcburi köçkünlərin etnomədəni adaptasiya məsələsi aktual problemlərdən biridir. Təbii-iqlim, siyasi, iqtisadi və b. amillərin təsiri altında qaçqın və məcburi köçkünlər ənənəvi təsərrüfat vərdişlərini, ənənəvi dünya qavramasını, şəxslərarası və qruplararası ünsiyyət formalarını yeni yaşayış mühitin uyğunlaşdırmalıdırlar.
Etnoqrafik tədqiqatların əsas istiqamətlərindən biri də Azərbaycanda müasir etnik proseslər, etnik qrupların öyrənilməsi ilə bağlıdır. Bu sahədə bir neçə istiqamətdə iş aparılmalıdır. Müasir etnoqrafik üsullarla müasir dövrün, şəhərlərin etnososial durumu, müasir etnoslararası münasibətlər, etnik qrupların etnomədəni inkişafı, etnoslararası münasibətlərin perspektivləri ilə bağlı tədqiqatlar aparılmalıdır. Bu baxımdan, milli azlıqların kompakt yaşadığı bölgələrə ekspedisiyaların təşkil olunmasına ehtiyac var. Belə ki, materialların, informasiyaların toplanması daimi хarakter almalıdır. Müasir həyat çoх dinamik templə davam edir. Proseslər çoх sürətlə gedir. Etnoslararası münasibətlərdə, etnik mədəniyyətin inkişafında, etnososial proseslərdə baş verənləri mütləq izləmək, araşdırmaq lazımdır. Bu sahədə idarəetmə orqanlarına, ictimai təşkilatlara məhz peşəkar-etnoqraflar tərəfindən verilən tövsiyələr çoх önəmlidir. Belə yanaşma, qeyd olunan sahədə yaranan müəyyən problemlərin aradan qaldırılmasına çoх böyük kömək edə bilər.
Hazırda etnoqrafik araşdırmalar yalnız ölkə daхilində məhdudlaşdırılır. Amma etnoqraflar araşdırmaların daha geniş ərazilərdə aparılmasına ehtiyac olduğunu düşünürlər. Azərbaycan türklərinin böyük hissəsinin İranda yaşadığını, Şərqi Anadoluda хeyli azərbaycanlıların olduğunu, Şimali İraqda İraq türkmənləri kimi tanınan, amma faktiki olaraq Azərbaycan türklərinin yaşadığı məlumdur. Həmin ərazilərdə də tədqiqatlar aparmaq zərurəti var.
Etnoqrafik tədqiqatlar sahəsində ən böyük və ağrılı problemlərdən biri də kadr çatışmamazlığı məsələsidir. Etnoqrafiyanın peşəkar cəhətdən tədrisi hələlik Azərbaycan universitetlərində istənilən səviyyədə deyil. Çoх təəssüf ki, akademiyaya bu sahədə tədqiqat aparmaq arzusu ilə gələn gənclər əsaslı biliklərə malik olmurlar və sözsüz ki, bu insanlar elmi əsər yazmaq əvəzinə 1-2 il elmin əsaslarını öyrənməli olurlar. İkincisi doktoranturada, dissertanturada tədqiqat işlərini aparan və müəyyən dərəcədə ümidlər verən tədqiqatçılar təəssüf ki, sonradan çoх zaman başqa, daha gəlirli yerlərə işləməyə gedirlər.
Azərbaycan etnoqrafiyasının problemlərinə, keçdiyi şərəfli yola, bu gün rastlaşdığı çətinliklərə nəzər saldıqdan sonra belə bir nəticəyə gəlmək olar ki, bu elmin inkişafı üçün təcili tədbirlər görmək lazımdır. Belə olmasa yaxın zamanlarda Azərbaycanda etnoqrafiyanın mövcud olması sual altında olacaq. Bu tədbirlər, zənnimizcə, bir neçə istiqamətdə həyata keçirilməlidir.
Uzun illər etnoqrafiyanın arxeologiya ilə birlikdə bir elmi təşkilatda olması obyektiv səbəblərdən irəli gəlirdi. Azərbaycanda, Sovet İttifaqının başqa müttəfiq respublikalarında olduğu kimi, keçən əsrin 20-30-cu illərində elmi müəssisələr qurularkən yaxın, "qohum" olan elmi fənləri bir təşkilatda birləşdirilməsi müxtəlif səbəblərdən zəruri idi. Bu səbəblər arasında kadrların azlığı, elmi fənlərin predmetlərinin tam müəyyənləşdirilməməsi, zəruri vəsaitin çatışmaması və s. Lakin sonralar bu səbəblərdən bir çoxunun aradan qalxmasına baxmayaraq etnoqrafiya arxeologiya ilə bir qurumda qalmaqda davam edirdi. Belə bir vəziyyətin qalmasının səbəblərindən biri və ola bilsin əsası ondan ibarət idi ki, etnoqrafiya arxeologiya və bəzi başqa fənlər kimi tarix elmlərinə daxil edilirdi. Və hətta köməkçi bir vasitə kimi təqdim olunurdu. Bu isə etnoqrafiyanın ikinci dərəcəli bir fənn kimi elmi ictimiyyət, dövlət və ümumiyyətlə cəmiyyət tərəfindən qəbul olunmasına səbəb olmuşdur. Etnoqrafiyanın ictimai və humanitar elmlər sistemində yerinə və roluna nəzər saldıqda isə belə baxışın tamamilə yanlış olduğu üzə çıxır.
İlk növbədə qeyd etmək lazımdır ki, arxeologiya keçmişdə insan fəaliyyətinin maddi qalıqları əsasında tarixi öyrənən bir elmdir [7, 8]. Şübhəsiz əksər alimlər tərəfindən qəbul olunmuş bu cür tərif arxeologiyanı tarixi öyrənmək üçün bir vacib vasitə kimi təqdim edir. Təsadüfi deyil ki, elmlərin təsnifatında arxeologiya tarix elmləri bölməsinə daxil edilir [1]. Arxeologiyadan fərqli olaraq etnoqrafiya qısa olaraq sosial birlik olan etnosları, onların bir sosial varlıq kimi təşəkkülünü, onların özünə məxsus mədəniyyətlərini, davranış qaydalarını, ünsiyyət formalarını və s. öyrənir [6, 5]. Məhz bu səbəbdən müasir elmdə hökm sürən əsas yanaşmalara görə etnoqrafiya antropoloji elmlərə aid edilir və onun predmeti etnosların sadəcə tarixindən daha genişdir [1].
Etnoqrafiya ilə arxeologiya arasında fərqlərə tezis formasında olsa da diqqəti cəlb etməyimizin məqsədi bu elmlərin predmetlərinin, araşdırma üsullarının, metodoloji əsaslarının fərqli olmasını vurğulamaqdır. Belə olan halda etnoqrafiyanın və arxeologiyanın bir elm kimi təşkil olunmaları, elmi institutların strukturlarının formalaşdırılması da müvafiq formada fərqli olmalıdır. Hal-hazırda bu iki elmi fənnin bir təşkilatda cəmləşdirilməsi, zənnimizcə, həm etnoqrafiyanın, həm arxeologiyanın müasir tələblərlə inkişafına maneələr törədir.
Belə olan halda ilk növbədə etnoqrafiyanın təşkilatlanması, yəni Elmlər Akademiyasının nəzdində müstəqil bir qurumun yaradılması haqqında düşünməliyik. Bununla yanaşı etnoqrafiyanın müasir tələblərə uyğun Azərbaycan üçün strategiyasını işləyib hazırlamalıyıq. Qəti surətdə universitetlərdə, xüsusilə Bakı Dövlət universitetində, etnoqrafiyanın tədrisinə diqqəti artırmaq lazımdır. Sovet dövründə uğurla tətbiq olunan oxumaq və ya ixtisası artırmaq üçün xarici universitetlərə və elmi mərkəzlərə gənc, istedadlı kadrların göndərilməsi təcrübəsini bərpa etməyə böyük ehtiyac var. Dövlətin dəstəyi ilə xarici dillərdən etnoqrafiya üzrə klassik ədəbiyyatı, fundamental nəzəri əsərləri, ali məktəblər üçün dərslikləri Azərbaycan dilinə tərcüməsinin təşkili vacib məsələlərdən biridir. Şübhəsiz təcili təkliflər siyahısını artırmaq da olar, lakin bir məsələni nəzərdə saxlamaq lazımdır ki, etnoqrafiyanın problemlərini bu gün həll etməyə başlamasaq, sabah artıq bu sahədəki problemlərimiz dəfələrlə artacaq.
Qeydlər
1. "Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların Təsnifatı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2012-ci il tarixli, 65 nomrəli qərarı - http://edu.gov.az/upload/file/emr-no641-23.04.12.pdf
2. Kərimov E.Ə. XXI əsr və Azərbaycan etnoqrafiyasının bəzi problemləri//"Respublika" qəzeti, 19 yanvar 2000; Kərimov E.Ə. Azərbaycan etnoqrafiyasının dünəni, bu günü və sabahı//"Azərbaycan" qəzeti, 4 aprel 2010
3. Mehdiyev R. İctimai və humanitar elmlər: zaman kontekstində baxış. Bakı, 2010
4. Мамедли А.Э. Советская действительность в этнографических исследованиях азербайджанских ученых//Etnoqrafiyadan etnologiyaya doğru: Azərbaycanda müasir etnoloji araşdırmalar. Məqalələr toplusu. Bakı, 2013
5. Тишков В.А., Шабаев Ю.П. Этнополитология: политические функции этничности: Учебник для вузов. Москва, 2011.
6. Этнология. Учебник для ВУЗов. Москва, 1994.
7. Янин В.Л. Археология. Учебник для ВУЗов. Москва, 2006.
Strategiya.az
Multikulturalizm: nəzəri yanaşmalar və gündəlik həyatın reallıqları
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM