Etnoqrafiya yoxsa... : Etnosları və mədəniyyətləri tədqiq edən elmi necə adlandırmalı?

12:22 / 02.04.2015

Əliağa Məmmədli

Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri

  Elmdə etnoqrafiya kimi adı bu qədər mübahisə doğuran bəlkə də ikinci fənn yoxdur. Bu elm haqqında müəyyən məlumatı olanlar bilirlər ki, ən bəsit tərifə əsasən bu elm xalqları, onların xüsusiyyətlərini, o cümlədən adət və ənənələrini, mədəniyyətlərini öyrənir. Lakin, XIX əsrin əvvəllərindən formalaşmağa başlayan bu elmin nəinki obyekti və predmeti, hətta adı haqqında indi də müxtəlif yanaşmalar mövcuddur. Bu isə öz növbəsində geniş elmi diskussiyaların meydana gəlməsini şərtləndirir [15, 1-15; 17; 19; 16; 10və b.].

Bu gün Azərbaycan elm nomenklaturasında qəbul olunmuş qayda müəyyən dərəcədə bu problemlərin təzahürüdür. İlk növbədə qeyd etmək lazımdır ki, Milli Elmlər Akademiyası sistemində Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir. Lakin, Azərbaycan Prezidenti yanında Ali Attestasiya komissiyasının qəbul etmiş qaydalarına müvafiq 5102.01 şifrəsi altında EtnoqrafiyavəEtnologiya nəzərdə tutulur. Və yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 nomrəli qərarı ilə təsdiq edilmiş”Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların təsnifatında” ayrıca elm sahəsi kimi fərqləndirilən antropologiya elmlərinə daxil olan ixtisaslar arasında mədəni antropologiya, etnoqrafiya və etnologiya, sosial antropologiya qeyd olunur[20]. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, bu qərara əsasən etnoqrafiya, arxeologiyadan fərqli olaraq tarix elmləri siyahısından çıxarılıb, ayrıca bir elm sahəsi kimi göstərilir[20].
Beləliklə, biz faktiki olaraq bir elm sahəsinin bir neçə variantda adlandırılması ilə rastlaşırıq. Belə bir vəziyyət bir sıra, o cümlədən tarixi, siyasi, metodoloji, amillərlə şərtlənir. XIX əsrin ortalarında formalaşmağa başlayan etnologiya (etnoqrafiya) elmi ölkədən, bu ölkədəki elmi ənənələrdən və s. amillərdən, bununla yanaşı qarşısında dayanan vəzifələrdən asılı olaraq bir neçə variantda adlandırılırdı. Fransada əsasən etnologiya adına üstünlük verildi. Məsələn, məhşur fransız alimi Jan-Jak Amper 1830-cu ildə antropoloji (humanitar) elmlərin ümumi təsnifatını hazırlayarkan, bu təsnifatda ayrıca məhz etnologiyanı fərqləndirmişdir [9]. Təsadüfi deyil ki, etnologiyanın müstəqil bir elm kimi təsdiq olunması 1839-cu ildə Paris “Etnoloji cəmiyyətinin” yaradılması ilə bağlıdır.
Eyni zamanda Almaniyada tarixi ənənələri olan qeyri-avropa xalqlarının və mədəniyyətlərin öyrənilməsi “Völkerkunde” adlanırdı, alman xalqının adət-ənənələri, folkloru və s. “Volkskunde”, yəni “Vətənşünaslıq” adlanırdı. Lakin XIX əsrin 30-cu illərindən sonra Almaniyada da etnologiya termini istifadə edilməyə başlanılır. Hətta bu gün də Almaniyada “Völkerkunde”və etnologiya paralel olaraq işlənilir. İngilis dilli ölkələrdə isə, əsasən ABŞ və Böyük Britaniya, xalqlar haqqında elm daha çox antropologiyanın tərkib hissəsi kimi inkişaf etmişdir. Böyük Britaniyada bu elm sosial antropologiya kimi, ABŞ-da isə mədəni antropologiya kimi qəbul olunmuşdur. Burada qeyd etməliyik ki, Qərb elm ənənəsinə əsasən etnoqrafiya yalnız xalqların təsvir edilməsinə deyilir [14, 39].
XIX əsrin otralarından başlayaraq Rusiyada etnologiyanın (etnoqrafiyanın) təşəkkülü müşahidə olunur. Rus coğrafiya cəmiyyətinin təsis olunduğu 1845-ci il həm də rus etnologiyasının (etnoqrafiyasının) başlanğıcı hesab olunur. Burada qəbul olunmuş qaydaya əsasən bu elm etnoqrafiya adlanırdı. Təsadüfi deyil ki, 1845-ci ildə Rus coğrafiya cəmiyyətinin tərkibində məhz etnoqrafiya bölməsi yaradılır və bu bölmənin ilk sədri K.M. Ber bölmənin vəzifələrini müəyyən edən məruzəsini “Etnoqrafik tədqiqatlara dair” adlandırır[11,215]. Beləliklə, rus elm ənənəsinə görə etnoqrafiya adında elm Rus imperiyası, sonradan Sovetlər birliyində mövcud olmuşdur. Sovetlər birliyi dağıldıqdan sonra Moskvada yerləşən Rusiya Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu adını dəyişib Etnologiya və Antropologiya İnstitutu adlanmağa başladı.
Aydındır ki, Azərbaycan uzun illər Rusiya tərkibində olduğundan bizdə bu ənənə çərçivəsində fəaliyyət göstərmişik və müxtəlif dövrlərdə Azərbaycanda bu və ya digər elmi strukturlar daxilində məhz etnoqrafiya bölmələri fəaliyyət göstərib. Azərbaycanın müstəqillik əldə etdiyindən sonra, 1993-cü ildə Milli Elmlər Akademiyası tərkibində Arxeologiya və Etnoqrafiya
İnstitutu yaradılır. Göründüyü kimi, Moskvadan fərqli olaraq Bakıda etnoqrafiya adına hələ də sadiq qalırlar.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının siyahısında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ali təhsilin doktorantura səviyyəsi uzrə ixtisasların təsnifatında” və nəhayət AMEA sistemində faktiki olaraq eyni elm bir neçə cür adlanır. Belə bir vəziyyətin yaranması sözsüz ki, həm obyektiv, həm də subyektiv səbəblərdən irəli gəlir. İlk növbədə bu məsələdə Azərbaycan etnoqraflarının passiv mövqeyini qeyd etməliyik. Bu elmin müxtəlif cür adlandırılmasında nə etnoqraflarla məsləhətləşmələr aparılıb, nə də ki, etnoqraflar özləri bu müzakirələrə qoşulublar. Eyni zamanda etiraf etməliyik ki, problem təkcə elmi fənnin adlandırılmasında deyil, problem həm də bu elm fənninin qarşısında duran məsələlərdə, bu məsələlərin həlli yollarında, istifadə olunan metodoloji alətlərdədir. Sadəcə etnoqrafiyanı etnologiyaya və ya antropologiyaya çevirməklə məsələ öz həllini tapa bilməz.
Yuxarıda qeyd etdiyimiz kimi xalqlar haqqında elmin müxtəlif ölkələrdə müxtəlif cür adlandırılması tarixi köklərlə, elmin təşəkkülünü şərtləndirən amillərlə və nəhayət konkret ölkədə bu elm qarşısında duran vəzifələrlə müəyyənləşirdi. Bu baxımdam sözsüz ki, etnologiya, etnoqrafiya, sosial və mədəni antropologiya arasında fərqlər mövcuddur. Burada, yəqin ki, bu terminlər arasında fərqlərin nədən ibarət olması məsələsinə aydınlıq gətirmək lazımdır. Etnologiya, etnoqrafiya, sosial və mədəni antropologiya bir çoxları tərəfindən eyni elmin müxtəlif adları kimi qəbul olunur[12]. Və bu cür yanaşma elmi ictimayyət arasında geniş yayılmışdır. Şübhəsiz, burada bu fənlərin obyektinin və predmetinin ümumiliyi əsas rol oynayır.
Müəyyən dərəcədə belə yanaşma ücün əsas az deyil. Məsələn, bəzi ölkələrdə etnologiya və sosial/mədəni antropologiya sinonim terminlər kimi qəbul olunur. Almaniyanın bu elm sahəsi üzrə ən məhşur institutu almanca “Max-Planck-Institut für ethnologische Forschung”, ingiliscə isə “Max Planck Institute for Social Anthropology” adlanır, yəni almanca etnologiya, ingiliscə sosial antropologiya [21]. Lakin onu da qeyd etmək lazımdır ki, rus və sovet ənənəsinə əsaslanan Azərbaycan elm ənənəsində antropologiya dedikdə əsasən fiziki antropologiya, yəni insan qruplarının fiziki quruluşunu tədqiq edən elm başa düşülür.
Etnologiya və etnoqrafiya arasında da müəyyən fərqlər mövcuddur. Son illərdə hökm sürən yanaşmaya əsasən etnologiya nəzəri bir elm kimi təqdim olunur[9]. Bu yanaşmaya əsasən etnoqrafiya əsasən xalqların maddi, mənəvi mədəniyyətinin, davranış qaydalarının, adət və ənənələrinin təsviri ilə məşğul olur. Etnologiya isə bu təsvirlər əsasında müxtəlif izahedici modellər və nəzəriyyələr işləyib hazırlayır. Beləliklə müasir etnologiya etnoqrafiyaya müəyyən dərəcədə konseptual aparat verir. Məhz bu səbəbdən bir çox Avropa ölkələrində etnologiya, sosial antropologiya terminləri ilə yanaşı etnoqrafiya da istifadə olunur. Lakin, burada qeyd etmək lazımdır ki, bir çox hallarda etnoqrafiya, etnoqrafik tədqiqatlar sosial (mədəni) antropologiyanın çöl materialları toplamaq üsulu hesab olunur [7]. Təsadufi deyil ki, müasir sosial antropologiyanın klassiklərindən hesab olunan Alan Bernard öz “Sosial antropologiya: insanların sosial həyatını tədqiq edərkən” adlı əsərində qeyd edir ki, “etnoqrafiya sözünü antropoloqlar iki mənada istifadə edirlər. Bir tərəfdən, bu sözlə çöl işləri, çöl məlumatlarının yazılı qeyd olunması adlanır. O biri tərəfdən, bu adla ümumiyyətlə xalqların təsviri anlaşılır” [14, 39].
Bu fərqlərə baxmayaraq etnologiyanın və etnoqrafiyanın sinonim terminlər olduğunun tərəfdarları az deyil və bunun da müəyyən səbəbləri vardır. Hər bir elmin empirik bazası ilə yanaşı nəzəri əsasları vəhdət təşkil edir. Empirik materiallar olmadan nəzəriyyələr işləyib hazırlamaq qeyri-mümkündür, və əksinə.
Daha ciddi fərqlər etnoqrafiya və mədəni/sosial antropologiya arasında mövcuddur. Qeyd etmək lazımdır ki, mədəni və sosial antropologiya müvafiq olaraq ABŞ və Böyük Britaniyada təşəkkül tapmışdır. Burada antropologiyanı ümumən insan haqqında elm kimi qəbul edərək, onu mədəni və ya sosial aspektdən öyrənilməsindən asılı olaraq bu elmi ya mədəni, ya da ki, sosial antropologiya adlandırırlar. ABŞ alimlərinin əksəriyyəti hesab edirlər ki, mədəniyyət və cəmiyyət eyni mənalı anlayışlardır. Mədəniyyət anlayışı isə sosial strukturu da əhatə edir və bununla belə sosial antropologiya mədəni antropologiyanın tərkib hissəsidir [13, 3]. İngilis alimləri isə mədəni antropologiyanı sosial antropologiyanın bir hissəsi kimi qəbul edir və mədəniyyəti sosial həyatın bir aspekti hesab edirlər.
Etnoqrafiya və mədəni/sosial antropologiya arasında mövcud olan fərqlər ilk növbədə ikincinin nəzəri ümumiləşmələrə, empirik faktların interpretasiyasına daha çox diqqət yetirməkdir. Bu baxımdan mədəni/sosial antropologiya da bir neçə səviyyəli struktura malikdir (empirik tədqiqatlar, ayrı-ayrı istiqamətlərin problemləri, ümumi nəzəri problemlər və s.) [7, 44]. Etnoqrafiya ilə mədəni/sosial antropologiya arasında bir fərq də tədqiqatların quruluşu ilə bağlıdır. Belə ki, əgər etnoqrafik tədqiqatlar bir qayda olaraq regional əlamətə görə qurulursa, antropoloji tədqiqatlar əsasən problemlər üzrə aparılır. Növbəti fərq ondan ibarətdir ki, əgər etnoqrafiyada əsas anlayış “xalq”dırsa, antropologiya üçün mərkəz anlayışlar “mədəniyyət” (cəmiyyət) və “fərd” (şəxsiyyətdir). Amerika antropoloqu Konrad Kottakın qeyd etdiyi kimi, antropologiya insan müxtəlifliyinin öyrənilməsi kimi izah olunur[18, 17].
Xaqların etnik xüsusiyyətlərini öyrənən elmin müxtəlif cür adlandırılması haqqında qısa icmalı bir məsələni qəti təsdiq edir ki, hər bir ölkə öz elmi ənənələrini, müasir elmdə tendensiyaları və nəhayət bu elmin spesifik predmet sahəsini nəzərə alaraq ya etnoqrafiya, ya etnologiya, ya sosial antropologiya, ya da ki mədəni antropologiya adlandırır. Belə mülahizələrdən irəli gələrək belə bir nəticəyə gəlmək olar ki, bu elmin adlandırılması müəyyən dərəcədə bu ölkənin alimləri tərəfindən razılaşma yolu ilə əldə oluna bilər. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, son dövrlərdə beynəlxalq elmi dövriyyədə əsasən antropologiya və ya sosial antropologiya işlənilir. Məhz bu amillərə əsaslanaraq biz bu yanaşmanın Azərbaycanda tədbiq edilməsinin və antropologiya adının üstündə dayanmağın tərəfdarıyıq.
Aydın məsələdir ki, elmin adının dəyişməsi və ya dəqiqləşməsi ilə bu elmin qarşısında duran bütün məsələlər həll olunmur. Şübhəsiz hər bir elmdə olduğu kimi, Azərbaycanda antropologiyanın inkişafı üçün, onun müasir dünya antropologiyası ilə ayaqlaşması üçün müntəzəm olaraq prioritet mövzuları, müasir nəzəriyyələri, yeni yaranan istiqamətləri nəzərdən keçirərək tətbiq etmək zərurəti yaranır. Bu baxımdan antropologiya elminin inkişaf konsepsiyasının işlənib hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Bu konsepsiyada əks oluna biləcək bəzi müddəaları qeyd etməyi lazım bilirik.
Şübhəsiz Azərbaycan etnoqrafiyası, antropologiyanın sələfi olaraq, zəngin və şərəfli tarixə malikdir. Bu tarixə ötəri bir nəzər saldıqda belə etnoqrafiya elminin müxtəlif sahələrində mühüm nailiyyətlər əldə olunduğu göz qabağındadır.
Bu çoxsahəli zəngin irsi hərtərəfli araşdırmadan, onun tarixini və perspektivlərini yüksək elmi səviyyədə tədqiq etmək və müəyyənləşdirmək qeyri-mümkündür. Etnoqrafiya elmi hazırda da qurub-yaradan Azərbaycan xalqının qədiminin və bu gününün öyrənilməsinə təsirli kömək göstərir, onu yeni dəlil-sübutlarla zənginləşdirir. Azərbaycanda etnoqrafiya elminin nailiyyətləri sırasında mühüm yeri şübhəsiz Azərbaycan xalqının ənənəvi təsərrüfat mədəniyyətinin tədqiq edilməsi və bu mədəniyyətin regional və ümumdünya əhəmiyyətinin müəyyənləşdirilməsi tutur. Azərbaycan xalqının ənənəvi təsərrüfat mədəniyyətinin tədqiq edilməsində maldarlıq təsərrüfatının öyrənilməsinin də xüsusi yeri var.
Azərbaycan alimlərinin etnoqrafik tədqiqatları bir daha sübüt edir ki, Azərbaycan xalqının zəngin və özünəməxsus mədəniyyəti sistemində yüksək inkişaf səviyyəsinə çatmış sahələrindən biri də sənətkarlıqdır. Azərbaycanın zəngin təbii xammal ehtiyatı, əkinçilik və maldarlıq məhsulları qədim zamanlardan başlayaraq, müxtəlif sənət sahələrinin meydana gəlməsi üçün əlverişli şərait yaratmışdır.
Etnoqrafiyanın mühüm sahələrindən olan ailə-məişət məsələrinin etnik xüsusiyyətlərinin tədqiqi də Azərbaycan etnoqraflarının nailiyyətlərindən sayıla bilər[1;2;3 və b.]. Ailə mənəvi dəyərlərin, o cümlədən adətlərin və mərasimlərin icra olunduğu özəkdir. Şübhəsiz, Azərbaycan ailəsi də qədim zamanlardan bəri bəşəriyyət üçün səciyyəvi olan bu əsaslar üzərində qurulmuşdur. Tarixən mövcud olmuş ailə formaları, onların təkamülü, Azərbaycan ailələrinin quruluşu, onlarda mülkiyyət bölgüsü, ailədaxili qarşılıqlı münasibətlərin xüsusiyyətləri kimi problemlərin öyrənilməsində etnoqrafların əldə etdiyi mühüm nəticələri qeyd etmək lazımdır.
Etnoqrafik tədqiqatlar sahəsində müasir Azərbaycan cəmiyyətinin inkişafında etnososial və etnomədəni xüsusiyyətlərin öyrənilməsi istiqamətində də mühüm nailliyyətlər əldə olunmuşdur. Bu araşdırmalar dünyada və ölkədə cərəyan edən siyasi, mədəni tendensiyaların öyrənilməsi ətrafında cəmləşərək, müasir sosiomədəni proseslərin etnik aspektlərinə, Azərbaycançılığın etnosiyasi aspektlərinə, Azərbaycanda gedən etnodil proseslərinə, Azərbaycanda müasir miqrasiya proseslərinin etnomədəni xüsusiyyətlərinə aydınlıq gətirmişlər[5; 8; 6].
Lakin, bu nailiyyətləri qeyd edərək, eyni zamanda etiraf etməliyik ki, müasir sosial/mədəni antropologiyanın diqqət mərkəzində saxladığı bir çox elmi problemlər Azərbaycan etnoqrafiyasının maraq dairəsindən xeyli kanarda durur. Bu problemlərin bəzilərinin xatırlanmasını zəruri hesab edirik.
Bizcə, Azərbaycanda müasir sosial antropoloji tədqiqatlar ölkə əhalisi arasında ictimai-siyasi, mədəni transformasiyalar şəraitində etnomədəni dəyişikliklərin xüsusiyyətlərində cəmləşməlidir. Belə ki, antropoloqların diqqətində etnik mədəniyyətin vəziyyətinə əmək və məcburi miqrasiyaların, iqtisadiy-yatda bazar mexanizmlərinin təşəkkülü kimi sosial proseslərin təsirinin xarakteri və dərəcəsi dayanmalıdır. Belə ki, bəzi tədqiqatların nəticələri insanların kütləvi yaşayış yerlərinin dəyişməsinin etnik mədəniyyətin dayanaqlıq dərəcəsinə təsirini təsdiq edir. Müəyyən dərəcədə ənənəvi sosial-mədəni identikliklə yeni yaşayış şəraitinin sintezi nəticəsində yeni submədəniyyətlərin formalaşması baş verir [4].
Dünyada baş verən qlobal dəyişikliklər Azərbaycan xalqının həyat fəaliyyətinin bütün sahələrini əhatə etmişdir. Məkan və inter-yerin ənənəvi təşkili, ailədə münasibətlər və nəsillər arası münasibətlərin xarakteri, etnomədəni meyllər və etnosun mədəniyyətinin başqa aspektləri innovasiyaların basqınına məruz qalır. Bu proseslərin həyat fəaliyyətinin konkret sahələrindəki istiqamətləri, təsir gücü, antropoloji tədqiqatların mövzusu olmalıdır.
Müasir mövzular arasında ənənəvi mədəniyyətin müasir şəraitə uyğunlaşma prosesini qeyd etmək olar. Bu mövzu həyat təminatı sistemində (məskunluq mühiti, təsərrüfat yönümləri, əməyə münasibət, qida mədəniyyəti) dəyişmə proseslərini və dünya qavranmasını (inanclar, etnotarixi yaddaş, mərasimlər və ənənələr) əhatə edir. Qeyd etmək lazımdır ki, bu mövzu kontekstində müasir ailənin və ailə münasibətlərinin etnik xüsusiyyətlərini tədqiq, ailədə şəxslərarası münasibətlərin strukturunu, demoqrafik səciyyələrini müqayisəli-tipoloji planda təhlil etmək olar. Bu sahədə müəyyən işlər artıq görülmüşdür, lakin hələ çox tədqiqatların aparılmasına ehtiyac var.
Müstəqillik dövründə azərbaycanlıların etnik şüurunun formalaşmasına və inkişafına maraq xeyli artmışdır. Antropoloji tədqiqatlar zamanı bu mövzu çərçivəsində azərbaycanlıların etnik identiklik məsələləri öyrənilməlidir. Bu tədqiqatlar zamanı identiklik proseslərini gücləndirən və ya zəiflədən amillərə xüsusi diqqət yetirilməlidir. Müstəqil dövlət şəraitində milli şüurunun təşəkkülü, burada etnik simvolların rolu tədqiqat mövzusu olmalıdır.
Azərbaycanda sosial antropoloji tədqiqatların maraqlı istiqamətlərindən biri kimi ayrı-ayrı sosial qrupların məişətinin və mədəniyyətinin etnik xüsusiyyətlərinin öyrənilməsini qeyd etmək olar. Məsələn, bu tədqiqat istiqamətində maraqlı obyektlərdən biri kimi ziyalılar çıxış edə bilər. Bu sosial qrup əsasında müstəqillik dövründə Azərbaycanda baş verən etnomədəni və sosial-siyasi dəyişikliklərin xüsusiyyətlərini tədqiq etmək olar. Bu sosial qrupun seçilməsi ziyalıların müəyyən qabaqcıllığı ilə şərtlənir. Belə ki, ziyalıların müxtəlif qrupları timsalında (yaş qrupları, fəaliyyət növləri, fəaliyyətin əsas dili, mədəni meyllər və s.) cəmiyyətdə baş verən dəyişikliklərin xarakterini göstərmək olar. Bu kontekstdə Azərbaycan ziyalılarının “qərb” və “şərq” mədəniyyətləri anlayışına münasibətini və bu anlayışların Azərbaycan mədəniyyətində yeri məsələlərini müəyyənləşdirmək olar.
Azərbaycan antropoloqlarının diqqət mərkəzində ölkədən kənarda Azərbaycan icmalarının etnik xüsusiyyətləri, Azərbaycanda yaşayan etnik qruplar arasında etnomədəni, etnososial, etnosiyasi proseslər, ölkə əhalisinin müxtəlif lokal və konfessional qruplarının xüsusiyyətlərinin müasir durumu kimi məsələlər də dayanmalıdır.Burada tədqiqat obyekti kimi tarixən formalaşmış (Gürcüs-tanda, Dağıstanda, İranda, Türkmənistanda) və yeni yaranan (Rusiya, Ukrayna və s.) Azərbaycan icmaları çıxış edir. Bu icmaların hüquqlarının, sosial-mədəni statuslarının, yaşadıqları mühitə uyğunlaşma dərəcəsinin tədqiqi həm elmi, həm də praktiki əhəmiyyət kəsb edir.
XX əsrin sonlarında baş verən sosial-siyasi transformasiyalar nəticəsində aktuallaşan problemlərdən biri də müasir miqrasiya prosesləridir. Son illərdə azərbaycanlıların miqrasiya fəallığı xeyli artmışdır. Miqrasiya axınlarının əsas istiqaməti ölkədən kənara yönəlmişdir. Ölkədən kənara qeyri-azərbaycan əhalisinin də köçü xeyli artmışdır. Belə olan halda miqrasiyanın mənfi saldosu ölkə əhalisinin etnik, sosial və demoqrafik strukturuna və eyni zamanda etnik mədəniyyətin vəziyyətinə təsir edir.
Azərbaycanda sosial antropoloji tədqiqatların perspektivləri ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə və bu inkişafda müasir Azərbaycan cəmiyyətinin etnik və mədəni xüsusiyyətlərinin rolu ilə şərtlənir. Bu istiqamətdəki tədqiqatlar belə bir nəticəyə gəlməyə əsas verir ki, son illərdə Azərbaycanda baş verən sosial-siyasi dəyişikliklərin xarakteri müəyyən dərəcədə cəmiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrindəki etnik xüsusiyyətlərlə şərtlənir. Bu xüsusiyyətlər siyasi və dövlət institutlarının, çoxpartiyalı sistemin, seçki prosesinin və s. təşəkkülündə öz əksini tapır. Bununla yanaşı ölkənin sosial və iqtisadi inkişafının əmək fəaliyyətində və ailə məişətindəki etnik xüsusiyyətlərində müəyyən asılılıqı qeyd olunur. Bu xüsusiyyətlərin müəyyənləşdirilməsi və tədqiqi Azərbaycanın inkişafının strateji istiqamətlərinin işlənib hazırlanması üçün tutarlı elmi baza kimi çıxış edə bilər.
Xalqın, ölkənin dünyada tanıtmasında antropologiyanın rolu böyükdür. Azərbaycan etnik, mədəni baхımdan zəngin ölkədir. Zənginlik isə sayla ölçülmür. Bu, mədəniyyətin özünəməхsusluğu, zənginliyi ilə ölçülür. Belə ki, yalnız Azərbaycanda, ölkəmizin təkcə bir kəndində yaşayan хalqlar var. Məsələn, Xınalıqda yaşayan хınalıqlılar kimi. Bu xalqın dili və etnik mədəniyyəti çoх unikaldır. Dünyada bunun təkrarı yoхdur. Və yaxud Nicdə yaşayan udinlər. Antropoloqların tədqiqatlarının bir istiqaməti də fərqliliklərlə yanaşı, azərbaycanlıların sosial mədəni birlik kimi formalaşmasını, oхşarlıqları üzə çıхarmaqdan ibarət olmalıdır. Antropoloqlar Azərbaycan xalqının tolerantlığının tarixi köklərini araşdırıb dünyaya bir nümunəvi təcrübə kimi təqdim edə bilərlər. Sözsüz, etnik baхımdan zəngin olan ölkələrdə müəyyən problemlər-iqtisadyyatın inkişafında, mədəniyyət sahəsində, sosial problemlərlə bağlı problemlər ortaya çıхır ki, onları daim izləmək və vaхtında həll etmək lazımdır.
Beləliklə, nəticədə qeyd etməliyik ki, etnoqrafiyanın adını dəyişib antropologiya qoymaq işin yalnız texniki səciyyə daşıyan bir tərəfidir. Mahiyyətcə az əhəmiyyət daşımayan ikinci tərəf isə elmi yanaşmaların, mövzular seçiminin, tədqiqat üsullarının, kadr hazırlığının müasir antropologiya elmi ilə ayaqlaşmasıdır. Dünyanın siyasi, iqtisadi və mədəni sisteminə sürətlə inteqrasiya edən Azərbaycan da humanitar elmlər sistemində mühüm yer tutan sosial/mədəni antropologiyanın institutlaşması və inkişafı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 4 may 2009-cu ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın” məqsəd və vəzifələrinə tam cavab verir və artıq bu istiqamətdə işə başlamağın vaxtıdır.


Qeydlər

1. Qeybullayev Q.Ə. Azərbaycanlılarda ailə və nigah. Bakı: Elm, 1994, 440 s.;
2. Quliyev H.A. Azərbaycan ailə məişətinin bəzi məsələləri. Bakı: Elm, 1989, 96 s.;
3. Quliyeva N.M. Azərbaycanda müasir kənd ailəsi və ailə məişəti. Bakı: 1997, 241 s.
4. Mahmudov C.C. Azərbaycanlılar Rusiyada (Sankt-Peterburq şəhərinin əsasında etnososioloji tədqiqat). Tarix elm. nam. dis. avtoref. Bakı, 2007
5. Балаев А. Этноязыковые процессы в Азербайджане в XIX-XX вв. Баку, 2005
6. Балаев А. Азербайджанская нация. Основные этапы становления на рубеже XIX-XX вв. Москва, 2012
7. Белик А.А. Культурная (социальная) антропология. Учебное пособие. Москва, 2009
8. Мамедли А. Современные этнокультурные процессы в Азербайджане: основные тенденции и перспективы. Баку, Университет Хазар, 2008
9. Садохин А.П., Грушевицкая Т.Г. Этнология. Москва, Высшая школа, 2000
10. Тишков В.А. Реквием по этносу: Исследования по социально-культурной антропологии. Москва, Наука, 2003
11. Токарев С.А. История русской этнографии. Москва, Наука, 1966
12. Этнология. Учебник для высших учебных заведений. Под ред. Маркова Г.Е. и Пименова В.В. Москва, Наука, 1994
13. Этнология США: условия и тенденции развития // Этнология в США и Канаде. М., 1989
14. Barnard A. Social Anthropology: Investigating human social life. Abergele: Studymates, 2006
15. Eberhard W. “Bugünkü Avrupa’da Etnolojinin Esas Cereyanları”, DTCF Dergisi, s. 1-15, VI/1-2, 1948
16. Eriksen T.H., Nielsen F.S. A History of Anthropology. London: PlutoPress, 2001
17. Evans-Pritchard E. A History of anthropological thought. New York: Basic books, Inc. Publishers, 1981
18. Kottak C.Ph. Anthropology. The exploration of Human diversity. N.Y.,McGraw-Hill Companies, 1997
19. Moore L. Henrietta. Anthropological Theory Today. Cambridge: Polity, 1999
20. http://edu.gov.az/upload/file/emr-no641-23.04.12.pdf
21. http://www.eth.mpg.de/cms/de/index.html


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM