Antropologiya üzrə elmlər doktoru AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Dünya ictimayyətinin son onilliklərdə etnik, etnomədəni məsələlərə artan diqqəti bir neçə amil ilə şərtlənir. Bu amillərdən biri dünyanın bir çox ölkələrində müxtəlif etnosların problemlərinin həllində yaranmış mürəkkəb vəziyyət olmuşdur. Gizlin deyil ki, elə bu gün də bir çox xalqların elementar hüquqları məhdudlaşdırılır və hətta onlar açıqcasına diskriminasiyaya məruz qalırlar. Belə bir şəraitdə, təsadufi deyil ki, dünya ölkələrinin bir çoxunun sosial-siyasi həyatında etnik amil rolunun kəskin artması müşahidə olunur. Bəzi ölkələrdə bu proseslər bölücü hərəkatların meydana çıxması, etnik milliyətçilik ideologiyasının güclənməsi ilə nəticələnmişdi. Sivilizasiyalar və mədəniyyətlərarası münasibətlər kontekstində insanlar, cəmiyyətlər arasında müəyyən problemlərin mövcudluğunu təsdiqləyən bir çox ölkələrin siyasi, intellektual elitaları və elmi dairələri eyni zamanda bu problemlərin həlli yollarının da axtarışındadırlar.
XX əsrdə bir çox ölkələrdə etnik siyasətin əsası kimi götürülmüş etnomədəni assimilyasiya doktrinasına alternativ olaraq, özündə vətəndaşların fərdi hüquqlarını və etnik birliklərin öz mədəni identikliklərini tanıtma hüquqlarını birləşdirən, multikulturalizm konsepsiyası meydana çıxmışdır. Onun nəzəriyyəçiləri C.Teylor, U.Kimliçka, B.Parekx və başqaları mədəni müxtəflik dialektikasına və identikliyə əsaslanırdılar. Multikulturalistlər israr edirdilər ki, “identiklik məkanından birgə istifadə etmənin alternativi yoxdur” (Тэйлор, 2002, с. 36) və bundan çıxış edərək, siyasi millət çərçivəsində müxtəlif etnomədəni yönümlü qrupların və fərdlərin birgəyaşayışının mexanizmlərini təklif edirdilər. Onlar multikulturalizmi bu və ya digər kontekstə etno-mədəni müxtəlifliyi təzahür edən və fərdi, icma, bölgə, dövlət səviyyəsində bu müxtəlifliyi tənzimləyən ideyalar, qaydalar, qanunlar sistemi kimi qəbul edirlər. Bu sistemin (qabaqlar multikulturalizm adlanmasa da) təşəkkül tapma tarixçəsi, keçdiyi inkişaf mərhələlərinin təhlili multikulturalizm anlayışının dərk edilməsi üçün böyük əhəmiyyət kəsb edir.
Bir çox tədqiqatçıların fikrincə, nəzəri cəhətdən multikulturalizm XX əsrin 40-50-ci illərindən başlayaraq etnologiyada, mədəni və sosial antropologiyada geniş yayılmış mədəni relyativizm ideyalarına əsaslanır (Харрисон, 2014, c. 14). Mədəni relyativizmə əsasən heç bir mədəniyyət başqalarından nə pisdir, nə də yaxşı. Mədəni rеlyаtivizmin əsаs idеyаsı müхtəlif хаlqlаr tərəfindən yаrаdılmış mədəniyyətlərin оnlаrın inkişаf səviyyəsindən аsılı оlmаyаrаq bərаbər hüquqlu hеsаb еdilməsidən ibаrətdir. Bu ideyadan irəli gələrək, mədəni rеlyаtivizm tərəfdаrlаrı hesab edirlər ki, müхtəlif хаlqlаrın mədəniyyətləri müqаyisə еdilməzdir. Hər bir mədəniyyət yеrli şərаitə uyğunlаşmаq üsulu оlduğundаn, digərləri ilə еyni hüquqа mаlikdir.
Multikulturalizmə həsr olunmuş ədəbiyyatda, bir qayda olaraq, müasir siyasi və sosiomədəni vəziyyəti formalaşdıran iki əsas amil qeyd olunur. Birinci amil - 1960–1970-ci illərdə müxtəlif azlıqların (dini, etnik, mədəni və s.) və qadınların öz hüquqları naminə mübarizə də daxil olmaqla demoktarik hərəkat. Məsələn, bu mübarizə irqi (ABŞ-da qaradərililər) və gender asimmetriyasının, sosial bərabərsizliyin aradan qaldırılması naminə aparılırdı. İkinci, bəlkə də, daha da əhəmiyyətli, amil 1960–1970-ci illərdə güclənən miqrasiya axınları. Söhbət Qərb ölkələrinə Asiyanın, Şimali Afrikanın və Yaxın Şərqin kasıb ölkələrindən böyük sayda miqrantların gəlməsindən gedir. Qeyd edilməlidir ki, burada müxtəlif bölgələrdən olan miqrantların öz maddi və sosial durumunun yaxşılaşdırılması istəkləri inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının ucuz işçi qüvvəsinə tələbatı və bu ölkələrdə demoqrafik vəziyyətin yaxşılaşdırılması cəhdləri ilə üst-üstə düşüb. Bu proseslərin nəticəsində Qərb ölkələri əhalisinin ümumi tərkibində miqrantların payı bir neçə dəfə artmışdı (Мировая миграция в цифрах, 2013). Belə bir şəraitdə Qərb dövlətləri elmi ədəbiyyatda mədəni plyuralizm (və ya mədəni müxtəliflik) adı alan vəziyyətə reaksiya vermək məcburiyyəti qarşısında qalır və bu reaksiya multikulturalizm siyasəti kimi tanınmaqa başlayır.
Multikulturalizm mövzusu ətrafında müxtəlif siyasi, ideoloji toqquşmalar baş verir. Belə bir vəziyyət multikulturalizm anlayışının hələ də tam müəyyən olunmaması ilə bağlıdır. Bəziləri multikulturalizmdə tərəqqini, azadlığın, insan haqlarının, bərabərliyin inkişafında yeni mərhələni, polietnik postmilli qloballaşmış gələcək dünyada ahəngdarlığın bünövrəsini görürlər. Başqaları üçün isə multikulturalizm tələdir, məhvedici seçimdir, millətləri, mədəniyyətləri, Avropa dəyərlərini və demokratiyanı dağıdandır. (Sartori, 2001, р. 127; Хенкин, 2011; Животовская, 2011; Кондратьева, 2011). Məsələn, Covanni Sartori qeyd edir ki, “multikulturalizm plyuralistik cəmiyyətin qapalı yarımqruplara parçalanması” deməkdir və son nəticədə Avropanın siyasi modelini və identikliyini təhlükə altına qoyur (Sartori, 2001, р. 127).
“Multikulturalizm” termini və bu adla tanınan nəzəriyyə son onilliklərdə müxtəlif tədqiqatçıların əsərlərində kifayət qədər geniş şərh edilib (Goldberg, 1994; Mapping Multiculturalism, 1996; Multiculturalism and American Democracy, 1998; Out There: Marginalization and Contemporary Cultures, 1990; Taylor, 1994) və hal-hazırda aşağıdakı mənalarda istifadə olunur:
1) bu və ya digər ölkədə unikal, çoxmillətli cəmiyyət formalaşdıran tarixi prosesin nəticəsi kimi;
2) əhalisi müxtəlif etnik, dini, mədəni qruplardan ibarət olan və bu səbəbdən daxili birgəyaşayış qaydalarını tənzimləyən qanunların axtarışında olan bu və ya digər ölkələrin spesifik daxili siyasəti kimi;
3) bu və ya digər ölkənin həyatının polietnik konteksti (mühiti) kimi;
4) müxtəlif millətlərə mənsub olan, lakin qohumluq, evlilik münasibətləri olan insanların ailədaxili münasibətlər fenomeni kimi (Толкачев, 2013).
Son illərdə Avropada multikulturalizm siyasətinin nəticələri bir çoxlarında məyusluq hissi yaradıb. Qərb ölkələri ilə orada yaşayan diasporalar arasında fərqlərə baxmayaraq hamısı üçün səciyyəvi bir tendensiyə müşahidə olunur. Bu da ondan ibarətdir ki, multikulturalizm konsepsiyasının müəlliflərinin fikirlərinə əks olaraq formalaşan cəmiyyət demilliləşmiş yeni tip multikultural (çoxmədəniyyətli) cəmiyyət deyil. Qərb cəmiyyətlərində immiqrant icmalarının konsolidasiyası və institutlaşması baş verir. Və bu icmalar nə mədəni, nə sosial, nə hüquqi, nə siyasi inteqrasiyaya meylli deyillər. Alman sosiologiyasında bu hala “paralel cəmiyyətlər”, Fransa da isə “kommunitarizm” adı veriblər. Belə icmalar onlara məxsus olan sosial ukladı və mədəni dəyərləri saxlayaraq, mənşə ölkələri ilə geniş əlaqələr saxlayaraq, hətta “etnik iqtisadiyyat” yaradırlar.
Fransa alimləri multikulturalizm siyasətinin neqativ nəticələri ilə rastlaşaraq, yazırlar ki, hər hansı bir mədəni birliyin rəsmi tanınması və ona xüsusi hüquqların verilməsi müəyyən təhlükələr daşıyır. Məsələn, bu zaman etnomədəni icmanın müvəqqəti fərqləndirilməsi daimi xarakter ala bilər və bu da öz növbəsində cəmiyyətin fraqmentləşməsi, başqa icmalarla qarşıdurma ilə nəticələnə bilər (Schnapper, Bachelier, 2000, p.243).
Şübhəsiz, multikultiralizmin nəzəri cəhətdən tədqiq edilməsinin əhəmiyyəti bu sosial-mədəni fenomenin praktiki əhəmiyyəti ilə müəyənləşir. Burada müxtəlifliyin necə təşkil olunması məsələsinə diqqəti yetirmək lazımdır. Bəzi mütəxəssislərin fikrincə, müxtəlifliyin təşkil olunma siyasəti mədəni fərqlərin institutlaşmasına yönəlməlidir. Belə olan halda dövlət ictimai sferanın homoqenliyindən əl çəkərək öz vətəndaşlarına tək fərdlər kimi yox, həm də müəyyən etnomədəni qrupların nümayəndələri kimi baxır (Малахов, 2014, c.97).
Nəzərdən keçirilən yanaşmaları ümumiləşdirsək, belə bir nəticəyə gələ bilərik ki, sosial, siyasi, antropoloji elmlərdə multikulturalizm fenomeni anlayışı altında aşağıdakılar başa düşülür:
- bu və ya diğər sosial-iqtisadi, tarixi səbəblərdən (əmək miqrasiyaları, məcburi köçürmələr, müharibələr) ayrı-ayrı ölkələrə son iki yüz ildə miqrasiya axınları nəticəsində etnik, dini, irqi icmaların formalaşması və bu icmaların qəbul edən cəmiyyətlər ilə münasibətlər sistemi. Bir qayda olaraq formalaşan icmalar özlərinə məxsus xüsusiyyətlərini qoruyub saxlayaraq qəbul edən cəmiyyətə inteqrasiyaya ciddi müqavimət göstərirlər və yaxud əksinə, qəbul edən cəmiyyət onları tədric edərək inteqrasiya üçün süni maneələr yaradır;
- gəlmə etnik, dini, irqi icmalar bir qayda olaraq onları qəbul edən cəmiyyətlərin etnomədəni, dini və irqi səciyyələrindən ciddi surətdə fərqlənirlər. Belə olan halda, bu cür müxtəlifliyin tənzimlənməsi və birgəyaşayış prinsiplərinin formalaşdırılması;
- müasir zamanda həyatın bütün sahələrində çoxluğun, müxtəlifliyin hökm sürdüyünü nəzərə alaraq, cəmiyyətlərdə belə bir şəraitdə qruplar, icmalar, təbəqələrin fərqlənən maraqlarını uzlaşdırmaq məqsədi ilə dövlət tərəfindən yürüdülən siyasət.
Azərbaycanda da son illərdə multikulturalizm anlayışı tez-tez istifadə olunur və hətta 2016-ci il ölkə prezidenti tərəfindən “multikulturalizm ili” elan edilib. Bu mövzuya həsr olunmuş çoxsaylı elmi, siyasi və ictimai tədbirlərdə multikulturalizmin “Azərbaycan modelindən” bəhs edilir. Universitetlərdə hətta multikulturalizm kafedraları açılır, bu adda fənn tədris olunur. Bununla əlaqədar son bir-iki ildə nəşr olunan elmi məqalələri, monoqrafiyaları da qeyd etmək lazımdır (Niftiyev, 2015; Mirzəzadə, 2013; Mirzəzadə, 2012; Рзаева, 2015; Cəbrayılova, 2014; Həbibbəyli, 2013). Faktiki olaraq multikulturalizm dövlət siyasətinə çevrilmişdir və xüsusi olaraq prezident administrasiyasında bu məsələlərlə məşqul olan dövlət müşavirliyi institutu və multikultiralizm mərkəzi yaradılmışdır.
Lakin bütün bunlara baxmayaraq Azərbaycan sayağı multikulturalizmin, bizim fikrimizcə, dəqiqləşdirilməsinə və əsaslandırılmasına böyük ehtiyac duyulur. Məsələn, mətbutda tez-tez “multikulturalizm Azərbaycanda həyat tərzidir”, “Azərbaycanda multikulturalizm ənənələri”, “Azərbaycanda multikulturalizmin qaynaqları” və s. kimi ifadələrə rast gəlmək olur. Bu ifadələrin daşıdığı məna bəzən ya aydın olmur, ya da ki, ümumiyyətlə izah olunmur.
Multikulturalizm mövzusuna həsr olunmuş əsərlərdə, dövlət xadimlərinin çıxışlarında Azərbaycanda multikulturalizm anlamının dərk edilməsinə müəyyən dərəcədə aydınlıq gətirilir. Məsələn, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqindən belə bir nəticə çıxır ki, “Azərbaycanda multikulturalizm əsrlər boyu formalaşmış dostluq və həmrəylik əsasında qurulmuş etnik münasibətlərin təzahürüdür” (Əliyev, 2014).
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullaya görə “multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, Azərbaycan insanının tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq” kimi başa düşülməlidir (Abdulla, 2014).
Bəzi tədqiqatlarda isə Azərbaycanda multikulturalizm anlayışının tərifini verərkən onu “Azərbaycan modeli” kimi səciyyələndirirlər və fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsi kimi izah edirlər (Həbibbəyli, 2013).
Beləliklə, bu iqtibaslardan görünür ki, Azərbaycan multikulturalizmi “etnik münasibətlərin təzahürü”, “Azərbaycan insanının tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlığı”, “fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarının eyni məkanda yanaşı yaşaması və qarşılıqlı zənginləşməsi” kimi təqdim olunur. Göründüyü kimi, humanitar, sosial, siyasi elmlərdə qəbul olunmuş yanaşmaların bir çoxundan Azərbaycan müəlliflərinin yanaşması ciddi sürətdə fərqlənir. Əgər elmi siyasi-fəlsəfi leksikonda multikulturalizm köklü surətdə bir-birindən fərqlənən mədəniyyətlərin münasibətlər sistemidirsə, Azərbaycanda biz müxtəlif etnik qruplar arasında mədəniyyət baxımından ciddi fərqlər müşahidə etmirik. Hətta bəzi qrupların fərqli dini mənsubiyyəti belə onların etnomədəni baxımdan birlik təşkil etmələrinə xələl gətirmir. Azərbaycanın etnik, konfessional quruluşuna nəzər salsaq görərik ki, burada “fərqli sivilizasiya və mədəniyyət daşıyıcılarına” rast gəlmək də qeyri-mümkündür.
Azərbaycan ərazisində yaşayan əhali tarixən polietnik olmuşdur. Və təbiidir ki, belə bir şəraitdə etnik qruplar arasında müəyyən münasibətlər sistemi formalaşmışdır. Lakin belə bir halı unikal hesab etmək, bizcə, düzgün olmaz. Dünya ölkələri arasında nadir halda əhalisi monoetnik olanlara rast gəlmək olar. Əksinə, dünya ölkələrinin tam əksəriyyəti polietnikdir. Bu ölkələrin tarixi təcrübəsi bir daha təsdiq edir ki, insan cəmiyyətinin təkamülü nəticəsində müxtəlif etnik, mədəniyyət, din, maraq qrupları arasında bu və ya digər ölkə üçün səciyyəvi olan birgəyaşayış sistemi formalaşmışdır. Tarixən gedən bu proses qədim dövrlərdən müşahidə olunub və multikulturalizm terminin elmi və siyasi leksikona daxil olmasından çox-çox qabaqlara təsadüf edir. Belə olan halda, əgər multikulturalizmi yalnız müəyyən etnik münasibətlər sistemi kimi qəbul etsək, o zaman bütün polietnik ölkələri multikultural ölkələr kimi səciyyənləndirməliyik.
Belə olan halda Azərbaycanda multikulturalizm dedikdə biz nəyi nəzərdə tuturuq? Dövlətin həyata keçirdiyi etnik siyasəti, tarixən formalaşmış etnoslararası münasibətlər sistemini, yoxsa müasir şəraitə uyğunlaşmış dövlət ideologiyasını?
Azərbaycanda yaşayan xalqların çoxəsrli birgəyaşayış təcrübəsi, müxtəlif etnik birliklər arasında formalaşan sıx təsərrüfat, sosial və mədəni əlaqələri, Azərbaycan xalqı kimi dərin inteqrasiya olmuş sosial-mədəni birliyin yaranması ilə nəticələnmişdir. Yaranan birlik ümumi tarixə, iqtisadiyyata və mədəniyyətə, vahid Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi özünü dərk edən və eyni zamanda etnik kökləri ilə, öz etnosu ilə genetik bağlılığı olan əhali qruplarının yaranmasına əsaslanır.
Azərbaycanda inteqrasiya prosesləri sovet hakimiyyəti qurulduqdan çox-çox əvvəl gedib. Sovet ideoloqları bəyan edirdilər ki, inteqrasiya prosesləri, qardaşlıq, mehriban qonşuluq prinsipləri məhz 1917-ci il çevrilişindən sonra bərqərar olub. Lakin Azərbaycanın təcrübəsi göstərir ki, bu heç də belə deyil. Bəzən Azərbaycan haqqında yazılarda müəlliflər belə bir məlum faktı görmək istəmirlər ki, burada inteqrasiya prosesləri qədim zamanlardan mövcud olmuşdur. O zamanlar Azərbaycan müstəqil dövlət deyildi və təbiidir ki, heç bir assimilyasiya siyasəti yürüdə bilməzdi. Zaman-zaman Azərbaycan ərazisində məskunlaşan müxtəlif etnik qrupların taleyi heç bir təzyiq olmadan təbii inteqrasiyanın, mədəniyyət mübadiləsinin bariz nümunəsidir. Məzh bu səbəbdən etnoslararası dərin inteqrasiya ölkə səviyyəsindən tutmuş, kənd, icma, ailə səviyyəsində də baş vermişdir.
Bunun səbəbi, çox guman, tarixin böyük bir hissəsində dini mənsubiyyətin insanlar üçün əsas rol oynaması olub. XIX əsrə qədər, bəzi ölkələrdə isə hətta XX əsrin ortalarına qədər insanların identiklik strukturunda önəmli yeri məhz dini identiklik tuturdu. Azərbaycanda tarixən yaşayan etnik qrupların tam əksəriyyəti islam dininə mənsubdurlar, və bu səbəbdən islam burada gedən inteqrasiya proseslərinin və etnoslararası tolerant münasibətlərin ciddi bünövrəsini təşkil edir. Lakin, məlumdur ki, azərbaycanlıların belə münasibətləri təkcə dindaşlarla deyildi. Məsələn, azərbaycanlıların xristian dininə mənsub olan udilərlə, XIX əsrdən Azərbaycan ərazisinə köçürülən ruslar və ermənilərlə, yahudi dinin nümayəndələri ilə tarixən formalaşmış münasibətlərini də qeyd etmək olar. Azərbaycanda yaşayan müxtəlif etnoslar arasında gedən inteqrasiya prosesləri əsrlər boyu davam edib və bu gün də ölkədə mövcud olan tolerantlıq və qarşılıqlı anlaşma mühitini təmin edir. Məhz bu amil Azərbaycan ərazisində müxtəlif qruplar arasında dərin inteqrasiya proseslərini müəyyənləşdirirdi.
Etnoslararası inteqrasiya proseslərinin gücləndirən digər amilərdən biri də ölkədə yaşayan müxtəlif etnosların təsərrüfat fəaliyyətinin bir çox növləri arasındakı oxşarlıq olmuşdur. Azərbaycan ərazisində məskunlaşan ayrı-ayrı etnoslar eyni təbiət-iqlim şəraitində yaşadıqlarına görə eyni təsərrüfat növləri ilə məşğul olurdular ki, bu da etnoslararası əlaqələrin və qarşılıqlı mədəni təsirlərin intensivliyini müəyyənləşdirmiş olurdu.
Etnoslararası inteqrasiyanın inkişafına təsir göstərən digər amil Azərbaycan (türk) dili idi. Tarixi proseslərin gedişində elə vəziyyət yaranmışdı ki, məhz bu dil ölkədəki etnik birliklər arasında əsas ünsiyyət vasitəsinə çevrilə bilmişdi. Bunun obyektiv və subyektiv səbəbləri var idi. Əsas səbəblərdən biri bu idi ki, bu dildə danışanlar ölkə əhalisinin böyük əksəriyyətini təşkil edirdi, bu dili öyrənmək asan idi, təsərrüfat fəaliyyətinin müəyyən növü ilə məşğul olan azərbaycanlılar vaxtaşırı köçlər zamanı bir növ informasiya daşıyıcıları kimi çıxış edirdilər. Rusiya işgalından sonra XIX-cu yüzillyin əvvəllərində rusların Qafqazı təsvir etdikləri ilk yazılı mənbələrdə göstərilirdi ki, “Azərbaycan dilini öyrənmək asandır. Avropada fransız dili işləndiyi kimi Qafqazda da Azərbaycan dili işlənilir” (Обозрение ..., 1836, с.78). Beləliklə, hələ sovet hakimiyyətinə qədərki dövrdə ənənəvi Azərbaycan mədəniyyəti məlum səbəblərdən Qafqazın böyük bir hissəsində çoxsaylı etnoslararası əlaqələrin gerçəkləşdiyi kommunikasiya-işarə məkanına çevrilmişdi.
Azərbaycanda tarixən formalaşmış etnomədəni birlik şəraitində mədəniyyətlərin fərqliyindən, çoxluqundan və onların hansısa birgəyaşayış prinsiplərinin axtarışına çıxması haqqında bəhs etmək, bizcə düzgün olmaz. Məhz bu səbəbdən Azərbaycanda multikulturalizm anlamı müxtəlif təzahürləri olan vahid mədəniyyətin variantlığını, müxtəlifliyini, çeşidliyini nəzərdə tutmalıdır. Azərbaycan mədəniyyəti anlayışı altında maddi, mənəvi, davranış mədəniyyətlərinin bəzi elementləri müəyyən dərəcədə fərqli olan və eyni zamanda əsas səciyyələrinə görə vahid olan mədəniyyət başa düşülür. Bu birlik müxtəlif varlıqların süni birləşməsi kimi yox, tarixən eyni ərazidə yaşayan, həyat tərzində, davranış qaydalarında ümumi cəhətləri olan təbii birlik kimi formalaşmışdır.
Azərbaycan sayağı multikulturalizmin əsaslandırılması üçün, bizcə, multikulturalizm nəzəriyyəçilərindən olan B.Parekxin fikirlərini önəmli hesab etmək olar. Belə ki, Parekxə görə, hər bir cəmiyyət kimi, multikultur olan cəmiyyətin də özünü saxlamaq üçün çoxluqun bölüşdüyü dəyərlərə ehtiyacı var. Öz kontekstinə çoxlu mədəniyyətləri daxil edən belə bir mədəniyyət mədəni müxtəlifliyi dəstəkləyərək və qidalandıraraq yalnız onların qarşılıqlı əlaqəsi nəticəsində əmələ gələ bilər (Parekh, 2000, р. 7, 219). Multikulturalizm nəzəriyyəçiləri üçün bu doktrina, millətin daxilində etnik və mədəni müxtəlifliyin saxlanılması ilə yanaşı, vətəndaş millət institutunun möhkəmlənməsinə xidmət edir (Kivisto, 2000, р. 14).
Birgəyaşayiş prosesində əldə olunmuş Azərbaycanda yaşayan etnosların çoxəsirlik təcrubəsi təsdiq edir ki:
- müxtəlif etnik icmalar arasında sıx təssərrüfat, sosial və mədəni əlaqələr təşəkkül tapıb;
- ümumi tarixə, iqtisadiyyata və mədəniyyətə əsaslanan dərin inteqrasiya olunmuş sosial-mədəni toplum formalaşıb;
- genetik olaraq öz etnik kökləri ilə bağlı olan və eyni zamanda özlərini vahid Azərbaycan mədəniyyətinin bir hissəsi kimi dərk edən əhəmiyyətli təbəqə yaranıb.
Avropa və dünya əməkdaşlıq sisteminə qoşulan və polietnik əhali tərkibinə malik olan Azərbaycanın müstəqillik və demokratiya yolunda irəliləyə bilməsinin vacib şərtlərindən biri də sabit etnoslararası qarşılıqlı əlaqələr sistemini qurmaqdır. Bu daima davam edən prosesdə multikulturalizmi məhz bir mədəniyyət çərçivəsində müxtəlif etnomədəni təzahürlərin qarşılıqlı təsiri, qarşılıqlı mənimsənilməsi kimi təqdim etmək, bizim fikrimizcə, Azərbaycan reallıqlarını əks etdirərdi.
Şübhəsiz ki, Azərbaycanda multikulturalizmlə bağlı durum və onun ətrafında baş verən müzakirələr bir məqalə ilə kifayətlənə bilməz. Bu mövzunun tam işlənməməsi səbəbindən burada bizim müşahidə etdiyimiz mürəkkəb və hələ də tam aydın olmayan proseslərin yalnız fraqmentar icmalı verilib. Buna baxmayaraq bu proseslərin ilkin təhlili göstərir ki, multikulturalizm ilə bağlı məsələlər, nə qədər avtonom olsalarda, iqtisadi və sosial-siyasi proseslərlə sıx əlaqədədirlər. Məhz buna görə etnik siyasətin milli maraqlarla uzlaşdırılması Azərbaycan dövlətinin müstəqil inkişafının əsas şərtlərindən biridir.
Geostrategiya" jurnalı № 02 (32) Mart-Aprel 2016
Strategiya.az
Multikulturalizm: nəzəri yanaşmalar və gündəlik həyatın reallıqları
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM