Publisist-politoloq
UŞAQLAR DÜNYANIN ƏN BÖYÜK SƏADƏTİDİR
“Uşaq kitabları tərbiyə üçün yazılır, tərbiyə isə böyük işdir: o, insanın taleyini həll edir.”
V.Belinski
Rus yazıçısı, filosofu və ədəbi tənqidçisi
“ İnsanın başqaları üçün görə biləcək ən yaxşı iş öz ailəsində ləyaqətli uşaqlar tərbiyə etməkdir.”
Çingiz Aytmatov
(qırğız yazıçısı və ictimai xadimi)
İki xalqın böyük simalarının bu dahiyanə fikirlərini iqtibas seçməyim təsadüfi deyil. Həqiqətən tərbiyə ailədə müqəddəs vəzifə olmaqla, həm də ciddi ümumxalq işidir, ictimai işdir, vətəndaşlıq borcudur. Tərbiyə işinin uşaqlıqdan, kiçik yaşlardan düzgün qurulmasının böyük əhəmiyyəti vardır. Görkəmli İrlandiya yazıçısı, şairi və filosofu Oskar Uayld yazırdı ki, uşağa buyurmaq yox, öyrətmək, yol göstərmək; idarə etmək yox, istiqamət vermək; əmr etmək yox, məsləhət vermək; öyüd vermək yox, isbat, sübut etmək lazımdır. Uşaqlara qarşı mümkün qədər tələbkar olmaq, amma mümkün olduğu qədər də böyük hörmət qoymaq lazımdır. Tələb etməzdən əvvəl, öyrətmək lazımdır.
Görkəmli fars şairi Sədi Şiraziyə məxsus fikirdir: ”Uşağa yalnız ana-ata olmaq kifayət deyildir, həm də ona yaxşı dost, əsl sirdaş olmaq lazımdır.” Rus yazıçısı Maksim Qorkinin tövsiyəsi idi: ”Belə eləmə” az deyilməlidir. Göstərmək lazımdır: bax, belə elə.”
Azərbaycanın maarifpərvər yazıçı və filosofu Mirzə Fətəli Axundzadə deyirdi ki, uşaqları tərbiyə edərkən onlara çubuq və sillə vurmaq uşaqların əxlaqını pozur, təbiətini alçaldır, fitri cövhərini boğur, onların qorxaq və yalançı olmalarına səbəb olur.
Deməli, uşaqların tərbiyəsində ailənin və cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Bu yolda ən güclü təsir qüvvələrindən biri ədəbiyyatdır. Xalqın sabahı, xoşbəxt gələcəyi naminə balalarımızın mükəmməl tərbiyə alıb böyüməsində həlledici amil kimi uşaq ədəbiyyatının rolu danılmazdır. Məşhur alman yazıçısı Jella Lepmanın “Uşaqlara kitab verin, bununla onlara qanad vermiş olacaqsınız ” fikirləri böyük həqiqəti əks etdirir. Bu xanımın təşəbbüsü, YUNESCO-nun Beynəlxalq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının qərarı ilə 1967-ci ildən etibarən dünya şöhrətli nağılçı N. Andersenə böyük hörmət və sevgi əlaməti olaraq, yazıçının doğum günü- 2 aprel tarixi Beynəlxalq Uşaq Kitabı Günü elan edilib. Hər iki ildən bir həmin tarixdə uşaq yazarlarına və kitab qrafikası rəssamlarına Andersenin adını daşıyan beynəlxalq mükafat - Qızıl Medal təqdim olunur. Yalnız həyatda olan müəlliflərə verilən bu mükafatı “Balaca Nobel“ adlandırırlar.
Mütəxəssislər deyirlər ki, insan yaddaşının təsirləri ən yaxşı qavrayan, ən həssas dövrü 5-12 yaşlardır. Bu dövrdə uşağın ətrafında hər şey gözəl və rəngarəng olmalıdır: geyimi də, eşitdiyi sözlər də, mahnılar da, divardakı bədii lövhələr də, ata-ananın, yaxud müxtəlif tərbiyəçilərin bir-birinə münasibəti də.
İlk dəfə körpə yaddaşına nəqş olunan bütün bu yeni təsirlər çox dərin izlər buraxır və əksəriyyəti ömürlük hafizədə qalır. Yəqin buna görədir ki, uşaqlıqda eşitdiyimiz “Şəngülüm- şüngülüm”, “Ala-bula boz keçi”, “ Gəl-gəl, a yaz günləri” yaddaşımızda həmişəlik yaşayır.
İstər ölkəmizdə, istər başqa məmləkətlərdə uşaq ədəbiyyatında təzə nümunələr üzə çıxdıqca, mənəvi sərvətimiz zənginləşdikcə, uşaqlarımızın yaddaş xəzinəsinə yeni-yeni qiymətli incilər daxil olur. Bu, çox sevindiricidir. Lakin etiraf edək ki, bu gün arxivlərimizdə də ötən dövrlərin yadigarı – balacalar üçün yazılmış zövq oxşayan gözəl poeziya nümunələri az deyil. Latın əlifbasına keçdikdən sonra dünyanın müxtəlif xalqlarına məxsus olan uşaq şeirlərinin heç də hamısı yeni əlifba ilə nəşr olunmayıb. Unudulmasın və balalarımız bu şeirlərdən faydalansın deyə, ən müxtəlif mənbələrdən onları tapıb, seçib beynəlxalq uşaq ədəbiyyatı günü münasibəti ilə bəzilərini bütöv, bəzilərini ixtisarla balaca şeirsevərlərimizə hədiyyə etmək arzusundayam.
Əvvəlcə uşaq ədəbiyyatı barədə məni düşündürən bəzi məsələlərdən söz açmaq istəyirəm.
Balacalar üçün yazılan əsərlərə, uşaq poeziyasına dərindən bələd olduqca, bir daha anlayıram ki, uşaq yazıçısı, yaxud şairi hər şeydən əvvəl tərbiyəçi və pedaqoq olmalıdır. Çünki onun üzərinə bədii, keyfiyyətcə zəngin əsər yaratmaqla bərabər, eyni zamanda tərbiyə etmək, ləyaqətli, cəsur, Vətənini və xalqını sevən sədaqətli, bir sözlə, əsl insan yetişdirmək vəzifəsi düşür. Götürək bu sadə və səmimi misraları:( Ukrayna şairi Platon Nikitoviç Voronkonun “ Ən gözəl yer Vətəndir “ şeiri)
Durna-durna-dur-durna!
Çox gəzdi qur-qur durna.
Qanadını yordu o,
Ayağını qırdı o.
Soruşduq biz durnadan:
-Haradır ən gözəl yer?
Durna uçdu durmadan:
-Ən gözəl yer Vətəndir!
Görün bu bir neçə kəlmədə körpə şüurlara Vətənə məhəbbət, Vətənə bağlılıq necə həssas duyğular və təbii çalarlarla aşılanır. İlk baxışdan adama elə gəlir ki, bunları yazmaq asandır. Amma elə deyil.
Uşaq ədəbiyyatının öz səciyyəsi, mürəkkəb xüsusiyətləri vardır. İstər şeir olsun, istər nəsr nümunəsi, burada surətin reallıq və canlılığı, hadisələrin təbiilik və axarlılığı, təsvirin oynaqlıq və şirinliyi, mükalimələrin yığcamlığı, nəinki sözlərin, səslərin belə qulağı oxşaması, durğu işarələrinin yerli-yerində işlənməsi əsas və başlıca şərtlərdəndir. Çünki uşaqlar bədii ədəbiyyatda şüarçılıq və yersiz haşiyələri sevmir, onlar yazıçıdan sübut və nəticə tələb etmirlər. Onlara surət, boya və səs lazımdır. Uşaqlar üçün yazılan əsərlərdə hər şeydən əvvəl əyləndirici, cəzbedici və sövqedici süjet xətti olmalıdır. V. Belinski haqlı olaraq demişdi ki, uşaq yazıçısı fitrətən bu qabiliyyətə malik olmalı, sonradan uşaq yazıçısı olmamalıdır. Bu da bir növ vergidir. Burada yalnız istedad deyil, xüsusi bir düha lazımdır. Bəli, uşaq yazıçısının yaranması üçün çox, olduqca çox şərtlər vardır: nəcib, sevən, riqqətli, sakit, körpə qəlbi kimi saf bir qəlb, yüksək məlumatlı bir ağıl, əşyalara aydın bir baxış, yalnız canlı təsəvvür deyil, həm də yaradıcı, şairanə bir xəyal, hər şeyi canlı, rəngarəng surətlər halında təsəvvür etməyə qabil bir xəyal lazımdır.
Aydındır ki, uşaqlara məhəbbət, uşaq yaşının tələb, xüsusiyyət və təfərrüatını dərindən bilmək də ən mühüm şərtlərdəndir. Uşaq yazıçısı sənətkarlığının bu “sirri”nə gəlincə, bu, yalnız uşaq ədəbiyyatında, hətta yalnız ədəbiyyatda deyil, bütün sənətlərdə sənətkarın istedadı məsələsidir. Ümumiyyətlə, sənətkardan öz sənətinə tək istedad tələb olunursa, uşaq yazıçısından, uşaq rəssamından, uşaqlar üçün yazan şairdən, uşaq tərbiyəsi ilə məşğul olan hər bir şəxsdən əlavə olaraq, xüsusi pedoqoji istedad, tərbiyəçilik qabiliyyəti, eyni zamanda uşaqlara böyük qayğı və məhəbbət tələb olunur. Çünki uşaqların başa düşəcəyi kimi sadə yazmaq, fikirləri şux, bədii obrazlı ifadə etmək o qədər də asan iş deyil. Voronkonun “Bahar nəğməsi “ nə diqqət yetirək:
-Bahar,
Bahar
ay Bahar!
-Oksana,gəldim, nə var?
-Tez qov dumanı, qaçsın,
Novruzgülülər açsın.
Gəlsin aprelin səsi,
Deyək “ Bahar nəğməsi”.
Bahar güldü ürəkdən:
-Balaca Oksana,al,
Bağışladım sənə mən
Günəşli, xoş günləri,
Meşədəki gülləri,
Bu “ Bahar nəğməsini”
Verdim sənə, Oksana,
Mənə də oxusana.
Zənnimcə, şərhə ehtiyac yoxdur.
İstedadlı uşaq yazıçısı, şairi həyata yaratdığı qəhrəmanının gözü ilə baxmağı bacarmalıdır. Bu bacarıq yazardan geniş müşahidə qabiliyyəti tələb edir. Bir sözlə, uşaq yazıçısı və şairi məhz “ uşaq dilində” yaza bilməlidir. Mütəxəssislərin dediyi kimi, bu uşaq dili isə bəzilərinin yanlış başa düşdükləri tək heç də “r” əvəzinə “y”,”ş” əvəzinə “s”,”k” əvəzinə “ç” hərfləri işlətməkdən, yəni uşaq tələffüzünü yamsılamaqdan ibarət deyil. Eyni zamanda uşaqlar üçün yazılan əsərlərdə sadəliyi dayazlıqla, dərinliyi səthiliklə, məzmunu sözçülüklə, təbiiliyi sadə təqlidçiliklə qarışdırmaq da olmaz. Uşaq ədəbiyyatının dili canlı, dolğun, dəqiq, düzgün, oynaq, məzəli olmalıdır. Ədəbiyyatın başlıca mövzusu müasir həyat məsələlərindən, inkişaf etmiş yeni cəmiyyətin gələcək vətəndaşına layiq xarakter tərbiyə etməkdir ki, bu cəhətdən ümumi ədəbiyyatla uşaq ədəbiyyatı arasında deyərdim ki, heç bir fərq yoxdur. Uşaq əsərlərində çox sadə və adi məsələlərdən: təmizkar, səliqəli, sədaqətli olmaq, zəifə kömək, ata-anaya, böyüyə hörmət etmək, sənət seçmək kimi gündəlik məsələlərdən danışılır ki, ,bunlar da müasir dünya uşaq ədəbiyytının ən yaxşı nümunələri kimi sevilir. Yunan şairi Fotula Yannokopulunun “ Ana uşağını çimdirəndə “ şeirində olduğu kimi:
Ağ köpüklü sabunun,
Suyla dolu ləyənin,
Gözləyir,gəl,çim, oğlum,
Təmiz olsun bədənin.
...Ağlayır şeytan oğlum
Canına su dəyəndə.
Amma çiməndən sonra
Çıxmaq bilmir ləyəndən.
Ləyən boşalır,dolur,
Bədəni təmiz olur.
...Ana,zərif əlinlə
Çimdir hər vaxt oğlunu.
Öz ğöyərçin balanı,
Körpə,şıltaq oğlunu.
Təmiz olsun bədəni
Təzə yağmış qar kimi,
Ağ olsun qular kimi.
Əbəs yerə deməyiblər ki, sənət həyatın dərsliyidir.İtalyan uşaq yazarı Canni Rodarinin “Hər sənətin ətri var “ şeri bu barədə gözəl nümunədir.Şeirdə sənətlər haqqında balacalar məhz kiçik yaşlarından məlumatlandırılmaqla bərabər, onlarda sənətə qarşı maraq, zəhmətə qarşı həvəs duyğuları oyadılır.
Hər bir sənətin
Öz ətri olur.
Bişən bulkanın
Ətri yayılır.
Salsan yolunu
Emalatxanaya-
Taxta yonqarı
Xoş ətir yayar.
Rəngsazın üst-başı
Rəng ətirlidir.
Şüşəsalandan-
Təzə yaxıncın
Qoxusu gəlir.
Sürücüdən gəlir
Benzinin iyi.
Maşın yağıdır
Fəhlə pencəyi
Təzə ləpənin
Getmir qoxusu
Şirniyyatçıdan.
Xələtli həkim
Qoxuyur hər vaxt
Şəfalı dərman.
Şumlayan zaman
Kotanla yeri-
Gəlir kəndlidən
Torpağın ətri.
Dəniz ətrini,
Balıq iyini
Duya bilərsən
Balıqçıdan sən.
Heç bir şey ətri
Gəlməz işsizdən!
Tənbəl varlılar
Ətirlənsə də
Gündə o ki var-
Bunun xeyiri
Yoxdur bir kəsə,
Bilin,uşaqlar!
Öz milli dəyərlərinə, ana dilinə, doğma xalqına bağlılığını başlıca meyar kimi önə çəkməklə, beynəlxalq mədəni ənənələri, yeni təfəkkürün formalaşması proseslərini də öyrənmək vacibdir. Çünki tərbiyə yalnız bir xalqa, bir millətə və bir nəslə xas olmayıb, bütün bəşəriyyətə aid olan ənənədir. Buna görə də biz tərbiyəvi anlayışlara, nəzəriyyələrə və ideyalara həm müxtəlif millətlərin, həm də Azərbaycan xalqının istər şifahi ədəbiyyatında-ulu babalarımızın idrakı və hikməti ilə yaranmış rəvayətlərdə, hekayətlərdə, nağıllarda və lətifələrdə, atalar sözləri və zərbi-məsəllərdə, istərsə də kitabə və əlyazmalarda da tez-tez rast gəlirik. Bütün bunlar öz yerində. Amma bir etiraf da yerinə düşür. Elə bir xalq yoxdur ki, onun yeni nəslinin tərbiyəsinə nağıl qədər geniş yayılan ikinci uşaq ədəbiyyatı nümunəsi təsir göstərmiş olsun. Uşaqlar nağılları maraqla qarşılayır, həvəslə dinləyir, yaddaşlarına həkk edir, sevə- sevə bir-birilərinə danışırlar. Qəribə əhvalatların maraqlı dillə təsviri, haqqın nahaq üzərində qələbəsi, sehirli əşyaların möcüzələri, qorxulu qüvvələrin məhvi, yurda bağlılıq, saf məhəbbətin təntənəsi və c. balacaları əsrarəngiz bir aləmə qərq edir. Görkəmli rus pedaqoqu K.Uşinski yazırdı ki, mən xalq nağıllarını uşaqlar üçün yaradılan və yazılan hər hansı bir əsərdən qat-qat üstün tuturam.
Hələ məktəbli ikən qəzetdə oxuduğum maraqlı bir məqalə təbəssümlə yadıma düşür.
1910-cu ildə L.Tolstoyun ölümündən sonra bir uşaq Qorkiyə belə bir məktub yazmışdı:
“Əzizim Maksim Qorki, bütün rus yazıçıları ölüb getdilər. Bircə sən qalmısan. Mənə bircə dənə nağıl yaz, göndər.”
Qorki bu kiçik məzəli məktuba belə bir cavab yazmışdı:
“Mənim əzizim İlyuşa! Düzdür, Tolstoy insandı - o,vəfat etdi, lakin dahi bir yazıçı kimi o,hələ ölməmişdir, o,həmişə bizimlədir. Bir neçə il keçəndən sonra sən böyüyüb boya-başa çatacaqsan, Tolstoyun gözəl əsərlərini özün oxumağa başlayacaqsan, mənim əziz balam, onda sən böyük sevinclə hiss edəcəksən ki, Tolstoy ölməzdir, o, səninlədir, onu oxuduqca həzz alırsan. Bir də Vladimir Korolenko adında gözəl bir yazıçı var. Atana de ki, o, sənə Korolenkonun “Qoca zəngçalan” adlı hekayəsini ucadan oxusun. Məktubuna görə təşəkkür edirəm. Arzunu yerinə yetirib sənə bir nağıl yazıb göndərirəm.”
Bu gün xalqlar və ölkələr arasında əlaqələrin möhkəmləndiyi, müəyyən fikir və münasibətlərin çox iti sürətlə yayıldığı bir vaxtda uşaqlarımızın dünyadakı yaşıdlarının necə və hansı arzularla yaşamaları, hansı qayğılarla əhatə olunmaları ilə tanışlığımız zəruridir. Bu yazımda mövzu ilə əlaqədar uşaq poeziyasının dilini canlandırmaq istəyimin bir səbəbi də əvvəlki “Uşaqların gələcəyi aldıqları tərbiyədən asılıdır “ (“Azad Azərbaycan" qəzeti, 1 aprel 2012-ci il, “Uşaqlar valideynlərindən daha çox zəmanəsinin övladlarıdır “ (Strategiya.az portalı, 27 mart, 2013-cü il) adlı məqalələrimdə dünya uşaq nəsr əsərlərindən artıq geniş bəhs etməyimdir.
Kitab bayramı münasibəti ilə dünyanın bütün uşaqlarını Azərbaycanın tanınmış şairi, nasiri, qabaqcıl maarif xadimi Mikayıl Rzaquluzadənin “ Salam, uşaqlar! “ı ilə salamlayıram.
İstərdim gəzim, görüm, bu dünyada nələr var?
Bir görüm, yer üzündə neyləyirlər uşaqlar?
Bilim, nədir adları, günləri xoşmu barı?
İstərdim ki, bir bilim, kimdir bu uşaqlardan
qaranlıqdan qorxmayan?
Bir bilim ki, onlara dostlar əl uzadırmı?
Hamısı şirin-şirin,
rahat-rahat yatırmı?
Hərdən, gecə uzunu qaçanda yuxuları,
Onları məhəbbətlə oxşayan varmı barı?..
Gəzərdim mən bu sayaq dünyanı diyar-diyar,
Deyərdim uşaqlara:” Salam, əziz uşaqlar!
Siz ey dərisi qara, ağ, qırmızı, ya sarı,-
Düzlərin, meşələrin, dağların uşaqları!
Ey Turin uşaqları, ey Berlin uşaqları!
Siz ,ey xoşbəxt Moskva, şən Pekin uşaqları!
Siz, rəngarəng qitənin ey qəmgin uşaqları!..
Ey hərbin dəryazının önündə şux çiçəklər!
Nə rəngdə olur-olsun saçınız, nə fərqi var:
Salam,
əziz uşaqlar!..”
Alim Əliyar Qarabağlı qeyd edirdi ki, körpə uşaq olan hər evdən layla səsi gəlir. İlk nəzərdə laylalarda məqsəd-hələ bir yaşa çatmamış körpələrin həyatında mühüm yer tutan yuxunun rahatlığını təmin etməkdir. Mahnının gözəl ahəngi, pəsdən oxunması, ana səsinin nəvazişli titrəyişi uşağa məstedici təsir bağışlayır. Uşaq, məzmununu başa düşmədiyi sözlərin, səslərin ahəngindən, musiqisindən məst olur.
Laylalar əslində beşik nəğmələridir. Bir-iki yaşlı uşağın həyatı beşikdə,yaxud ana qucağında keçir. Bir sıra xalqlarda, o cümlədən rus, ukrayna, belorus, komi, mordva, latış, litva və s. xalqlarda körpələrin yatırılması zamanı oxunan nəğmələr beşik mahnıları, bizdə isə nənnilər (yəni körpə uşaqları yatırtmaq üçün asılan kiçik yatacaq) adlanır.
Kuba şairi Emilio Balyaqasın “Zənci laylası“ mənə öz şirin laylalarımızı, yaxud nənnilərimizi xatırladır:
Yat, mənim şeytan balam,
Yat, mənim zənci balam.
Ay mənim şəkər balam,
Gül balam, inci balam.
... Layla dedim yatasan,
İstəyinə çatasan.
Dərdi-qəmi qazıyıb
Yurdumuzdan atasan.
...Yat, gözümün işığı,
Yat, incitmə gəl məni.
Gözlərini yummasan,
Xortdan aparar səni.
...Yat,mənim oğul balam,
Qənd balam, noğul balam.
Taleyin göylərində
Ulduz tək doğul balam.
İstedadlı yunan şairi , sülh uğrunda alovlu mübariz, İkinci Dünya müharibəsi dövründə öz xalqının azadlıq və istiqlaliyyəti uğrunda döyüşən cəsur vətənpərvər Fotula Yannokopolunun uşaqlar üçün yazdığı “Xoruz“ şeiri bizim sevimli Abdulla Şaiqin “Xoruz” şeiri ilə necə də yaxından səsləşir:
Bala xoruz oyadır
Uşağımı səhərdən,
Nazik səslə oxuyur
Bu nəğməni çox erkən:
Oyan,balaca oğlum,
Oyan, qurbanın olum,
Saçılanda şəfəqlər,
Günəşə bax, hər səhər.
...Bax,göyərən çöllərə,
Aç yaxanı yellərə.
Mələşir qoyun,quzu,
Axıb gedir dağ çayı,
Yuyunmağa çağırır
Zümzüməylə o, bizi.
Oyan,balaca oğlum,
Oyan, qurbanın olum.
Erkən durub yuxudan
Gəzmişəm bağça-bağı,
İştaham var yeməyə
Həvəsim artıb yaman
Oxuyub oynamağa,
Nəğmə,şeir deməyə...
Fotula Yannokopulunun “Uşağını geyindirən ananın mahnısı”nı oxuyanda, istər-istəməz adamın öz uşaqlığı yadına düşür. İstər qız olsun, istər oğlan, ürəyi övlad sevgisi ilə dolu olan hər bir ana, balasına beləcə məhəbbətlə yanaşır:
Darayıram başını,
Dizim üstə oğlumun,
Quzu dərisi kimi
Qıvrımdır saçı onun.
Çilədim üstə ətir,
Ev də ətirlə doldu,
Tutdum dırnaqlarını-
Əlləri qəşəng oldu.
Geydirdim köynək,tuman
Kiçik şalvar ona mən
Qaranquş şəkilli bir
Döşlük asdım döşündən.
Bu da isti corabı,
Ağ çəkmə ayağında...
Geydirdim paltosunu,
Papağını bir anda.
Bu əlcəyi, bu şərfi...
Gedir bağçaya indi
Rəngli oyuncaqları
Kiçik səbətindədir.
O gedir addım atıb
Bağ içiylə tıppatıp.
Bəzən uşaqlar valideynlərinə və ya digər doğmalarına düşündürücü suallar verirlər. Uşağın kiçik təfəkkür dünyasının maraqlı suallarından birini türk şairi Faruq Nafiz Camlıbel “Mələk “ şeirində görək necə cavablandırıb:
Ana dünən Zeynəbə
“Mələk balam “ deyirdi.
Eşidincə bu sözü
Qız belə sual verdi:
-Mələk balam nə demək?
Doğrusu, anlamadım.
Mələk qanadlı olar,
Hanı mənim qanadım?
Cavab verdi anası,
-Üç balam daha vardı,
Onlar qanadlanaraq
Əlimdən uçdu... qurtardı.
Üçü də yalnız qoydu-
Bu talesiz qadını
Barı sən uçma deyə-
Qopardım qanadını.
Uşaqlar...Uşaqlar...Təbiətin və həyatın canlı çiçəkləri olan uşaqlar...Siz necə də sevimli varlıqlarsınız! Türk şairi İbrahim Ələddin Gövsənin “ Ana sevgisi “ ndə uşaq zəkasının nuru qəlbləri də rövnəqləndirir:
Bir ananın iki balası varmış,
Ən kiçiyi beş yaşında olarmış.
Bir gün ana sonbeşiyi sevərkən
Uşaq dedi:
-Əziz ana, səni mən
Nə qədər çox sevdiyimi bilməzsən!
Bəlkə məni sən o qədər sevməzsən.
-Niyə oğlum?
-Çünki balan ikidir:
Sənin könlün iki eşq ilə vurar,
Mənim yalnız bir sevgili anam var!
Uşaqların tərbiyəsində nənələrin və babaların sevgisi və rolu az deyil. Onlar yaxşı bilirlər ki, uşaqları böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. Nəvələrinə ən ülvi, ən munis duyğular bəsləyən nənələr və babalar daim bu kiçik vətəndaşların yanında olmağa çalışırlar, isti nəfəsi ilə onları əyləndirməkdən, şənləndirməkdən zövq alırlar. Türk şairəsi Əminə Ərtəmin “ Nəvələrim,xoş gəldiniz “ şerində nənə-nəvələr məhəbbəti zərif duyğularla təqdim olunub. Nənə nəvələrini xoş ovqatla salamlayıb deyir:
Biri Günay, biri Güntan,
Sizləri gözlədik hər an.
Yanağına güllər qonan-
Nəvələrim,xoş gəldiniz!
Bağ-bağçaya sevinc doldu,
Gözüm daha nurlu oldu!
Barım-bəhrəm necə boldu-
Nəvələrim, xoş gəldiniz!
Bu könlümün sizsiz gülü!
Xoşbəxtliyin sərin yeli.
Ürəyimdə sevgi seli-
Nəvələrim, xoş gəldiniz!
Ömrü, günü bahar olun,
Uca duyğularla dolun!
Güclü olun, güclü qalın,
Nəvələrim, xoş gəldiniz!
İngilisdilli xalqların folklorunun birində “ Uşaqlara məsləhət “ verilir. Gəlin, öyrənək bu əhəmiyyətli məsləhət nədir elə?
Yaxın gəlin, uşaqlar,
Qulaq asın siz mənə.
Yaxşı demiş atalar,
Baxın onlar deyənə:
İşləyəndə işləyin,
Gəzməyin də vaxtı var.
Bu, xoşbəxtlik yoludur,
Gedir qoçaq adamlar.
İş yarımçıq görülsə,
Ürək açmaz ,doğrusu.
Təmiz görülmüş işdən
Gələr çiçək qoxusu.
“Uşaqlara məsləhət“ şeiri məzmunu və ahəngdarlığı ilə sanki sevimli şairimiz, Azərbaycanda doğulub boya-başa çatan, ədəbiyyatımıza sədaqətlə xidmət edən, hazırda Almaniyada yaşayıb yenə Azərbaycan naminə yaradıcılıq dolu zəhmətini əsirgəməyən yəhudiəsilli Simax Şeydanın “ Atalar deyib...” şeirinin poetik notlarına köklənib. Hər iki şeir balacaları zəhmətə, halallığa, işin dəyərini anlamağa sövq edən tərbiyəvi motivlərlə zəngindir. Bəzi misralarla tanış olaq:
...Ancaq düzgün başa düş,
Əziz dostum sən məni.
Qoymaq olmaz tarlada
Yerdə qalan bir dəni.
Buğda vardır, dövlətdir,
Buğda həyatdır, həyat.
Vətən çörəkli olsa,
Basıla bilməz heç vaxt!
Onun üçün zəhmətdən
Gərək qalmasın heç kəs.
Atalar yaxşı deyib:
İşləməyən dişləməz.
Ana və müəllim istər balacalar, istərsə də böyüklər üçün çox əziz olan simalardır.Bu simalar ən böyük məhəbbətə, ən dərin sevgiyə layiqdirlər.Simax Şeydanın “ Əlvan çiçək “ şerində ana və müəllim obrazı bir insanın varlığında cəmləşib. Bir insanın varlığında cəmləşən munis sevginin nuru körpə qəlbləri necə də hərarətlə isindirir. Müəllif eyni zamanda balacalara müəllim sənətinə bir daha böyük hörmət hissləri aşılayır:
Müəllimlər günüdür,
Bu günü gözlər hamı.
Səhər tezdən durmuşam,
Təbrik edim anamı.
Əvvəl-əvvəl yanaşıb
Öpdüm iki üzündən.
Bir dəstə çiçək verdim,
Sıxdım əlini şən-şən.
Neçə ildir məktəbdə
İşləyir o hörmətlə.
Sevir bütün uşaqlar
Anamı məhəbbətlə.
Zəhmətinin bəhrəsi
Ordeni də var onun.
Yaxasında gün kimi
Alışıb yanır onun.
Balaca qardaşım da
Gəldi ana deyərək.
Verdi ona sevinclə
Bir dəstə əlvan çiçək.
Ürək ağrısı, min-min acı təəssüf hissləri ilə qeyd etməyə borcluyam ki, elm və texnikanın ən yüksək səviyyədə inkişaf etdiyi bir dövrdə mütərəqqi bəşəriyyət tərəfindən müharibələrin, insan qırğınlarının qarşısını almağa nə edək ki, hələlik nail olunmayıb. Televiziya efirləri, informasiya texnologiyaları vasitələrində məhv olunmuş, şikəst edilmiş, al-qanına boyadılmış günahsız adamların, uşaqların, dilsiz körpələrin dəhşətli görüntülərini seyr etmək sözlə ifadə edilə bilməyəcək dərəcədə ağır və üzüntülüdür. Elə yapon şairi Akimi Sukimuqanın qələmə aldığı “ Bir məktəblinin xahişi” də əslində həmrəy olan dünyanın bütün uşaqlarının xahişidir:
Bütün dünyadakı ata-analar!
Dinləyin döyüntüsünü qəlbimizin.
Övladlarınız sizə əzizdirsə,
Atom sınaqlarına son qoyun,
Müharibə ocağı közərməsin.
Çox şeyi anlaya bilmir uşaqlar ancaq,
Dəhşətli xəbər çatır onlara.
Gah deyirlər filan yerdə,
Uşaqlar qaldı yetim, avara...
...Evlər bomboş.
Yuvalar bomboş...
Uşaqların üzü kədərli.
Gözlərində görünmür müjdəsi ilk baharın.
Ey bütün dünyadakı atalar-analar!
Qaytarın,
Uşaqların dinc, bəxtiyar yuxusunu
Onlara qaytarın!
Mikayıl Rzaquluzadə uşaq şeirinin dili ilə əslində yetkin insanlığa üz tutaraq ciddi və bugünümüz üçün də son dərəcə aktual olan bir məsələni ortaya qoyur- ” Qoruyun gələcəyi” :
Bir əlində gül-çiçək,
Bir əlində telli saz,-
Şəfəqli bir səhər tək
Ellərə gələndə yaz,-
Könül həvəsə gəlir,
Şən nəğmələr yüksəlir:
Nə şirindir yaşamaq,
Ölkəmiz nə qəşəngdir!
Nə şirindir yaşamaq,
Çöllər güldür-çiçəkdir!
...Uşaqlar bu dünyada
Əsil canlı çiçəkdir!
Uşaqlar bu dünyada
Sabahdır,gələcəkdir!
...Hər elin öz bağında
Açılsın çiçəkləri!
Hər eldə öz çağında
Açılsın çiçəkləri!..
Bəli, açılsın...Ancaq
Açılarmı çiçəklər,-
Göydən yer üzərinə
Güllə, mərmi yağarsa?
Açılarmı çiçəklər,-
Çaylardan su yerinə
İnsan qanı axarsa?
Çiçəklər açılarmı,-
Ölən oğullar üçün
Analar yas saxlarsa!?
Çiçəklər açılarmı,-
Cavan qızlar-oğlanlar
Yenə şikəst qalarsa?!
...Ey analar,atalar!
Qoruyun hər çiçəyi!
Gəlin verək əl-ələ,
Qoruyaq gələcəyi!..
Qoruyaq gələcəyi! Haqlı tövsiyədir. Millətlərin taleyi, bəşəriyyətin xoşbəxt sabahı olan balaları qanlı müharibələrdən, terrorlardan, göz yaşlarından, qaranlıq gələcəkdən hamımız qorumalıyıq. Uşaqlar dünyanın ən böyük səadətidir. Dünyanın ən böyük səadətini qorumaq üçün, yaşatmaq, ucaltmaq üçün hamımız səylə çalışmalıyıq. Hamımız işləməli, yaratmalı, maarifləndirməliyik. Alim də, yazar da, tərbiyəçi də, sadə vətəndaş da. Unutmaq olmaz ki, tərbiyə - böyük işdir. Uşağa uşaq ikən ədəb öyrətmək daş üzərində naxış vurmaq kimidir. Bu, atalar sözüdür. Vaxtı ilə Lev Tolstoy deyirdi: “Mən indi nəyə qadirəmsə, hamısını uşaqlıqda qazanmışam. Görəsən, o vaxt- elə qısa müddətdə bu qədər çox şey götürdüyümüz halda, ömrün sonrakı çağlarında onun yüzdə birini əldə edə bilirikmi? Təzə doğulan körpədən beş yaşlı uşağadək olduqca uzaq məsafədir. Beş yaşlı uşaqdan mənim hazırki yaşımadək isə çox yaxındır.”
“Beş yaşlı uşağadək olduqca uzaq məsafə “də hamımız tələsməliyik. “Ondan sonrakı məsafə” isə doğrudan da yaxındır. Həm də çox yaxın...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM