Müsaid bin İbrahim əs-Süleym: "Hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var."

11:20 / 19.08.2015

Reyhan Mirzəzadə

Publisist-politoloq

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının sovet dönəmində əlaqələrində fasilə yaransa da, onlar tarixi və mədəni köklərilə həmişə bir–birinə bağlı məkanlar olub. Vaxtilə ziyalılarımız, insanlarımız bu müqəddəs diyarı böyük arzu və ümidlərlə ziyarət edib. Azərbaycanın tanınmış şairi, yazıçısı, alimi, mütəfəkkiri və tərcüməçisi Abbasqulu ağa Bakıxanovun 1847-ci ildə ən ülvi mətləbi ilə Həcc ziyarətinə getməsi, arzusuna nail olub son niyyəti kimi Tanrıdan məhz bu torpqlarda vəfat etməsini diləməsi, İlahinin hökmü ilə Məkkə və Mədinə şəhərləri arasında, Vadiyi-Fatimədə dünyasını dəyişib burada dəfn olunması haqqında mənbələrdən həyəcanla oxumuşam. 

Şükürlər olsun ki, müstəqilliyimizin səadəti içində xalqlarımız yenə bir-birinə qovuşdu. Əlaqələrimiz bərpa olunub genişləndi. Dünyanın nəhəng iqtisadi mərkəzlərindən, inkişaf etmiş güclü dövlətlərindən biri olan Səudiyyə Ərəbistanı Azərbaycana isti qucaq açdı. Ən çətin günlərimizdə bizimlə bərabər oldu. İqtisadiyyatımızın dirçəldilməsinə kömək etdi, imtiyazlı kreditlər verdi, ”Əsrin müqaviləsi”nə töhfəsini əsirgəmədi, təmənnasız qardaş yardımları göndərdi, qaçqın və məcburi köçkünlərimizə ən böyük qayğılarını unutmadı. Beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini müdafiə etdi. Torpaqlarımızın işğalına etirazını bildirdi. Xocalı faciəsinə qəzəbini bəyan etdi. Azərbaycana qarşı ədalətsiz mövqeyinə görə, Ermənistanla heç bir əlaqə yaratmadı. Bakı və Ciddə şəhərləri qardaşlaşıb bir daha doğmalaşdı.

Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə respublika rəhbərliyinə gələrkən Səudiyyə Ərəbistanı ilə hərtərəfli əlaqələrin genişlənməsinə böyük önəm verdi. Öndərimizin qardaş ölkədəki müqəddəs yerləri,  Həcci necə böyük məhəbbət və qürurla ziyarət etməsi gözlərimiz önündən getmir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu ilin aprelində bəşəriyyətin iki müqəddəs ocağına ziyarəti dünyanın diqqət mərkəzində oldu. Prezidentimizin bu ocaqlara məhəbbətli və ehtiramlı yanaşmalarından birini yada salıram: ”…Səudiyyə Ərəbistanı müsəlman dünyasının mərkəzidir, bu ölkədə bizim ziyarətgahlarımız yerləşir, Vatikan isə xristian dünyasının mərkəzidir. Dini, milli, mənəvi dəyərlərimizə sadiq qalaraq, Azərbaycan uğurla, əmin addımlarla, müasirləşmə yolu ilə irəliləyir.”

Hörmətli Prezidentimizin müsəlman dünyasının doğrudan da dini və mənəvi mərkəzi olan Səudiyyə Ərəbistanına xüsusi münasibəti öz hərarətini müvafiq çıxışlarında hər zaman büruzəsini verir. Ötən ay müqəddəs Ramazan ayı münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən verilmiş iftar mərasimində möhtərəm İlham Əliyev səmimi duyğularla dedi:” Bir neçə il bundan əvvəl mən Məkkə ziyarətində müqəddəs Kəbənin içində dualar edərək niyyət etmişdim ki, Azərbaycanda böyük, möhtəşəm məscid tikiləcək və bu məscidin adı Heydər Məscidi olacaq. Bu ilin aprel ayında mənə yenidən Kəbənin içində dualar etmək xoşbəxtliyi nəsib olub…Müqəddəs Kəbənin qapıları mənim, şeyx həzrətlərinin, ailə üzvlərimin üzünə açılmışdır və yenidən müqəddəs Kəbənin içində dualar edərək, ürəyimdə dedim ki, Heydər Məscidi tikildi. Bir müsəlman kimi mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bu, atamın ruhu qarşısında mənim borcumdur. Bir müsəlman kimi mən xoşbəxt adamam ki, buna nail ola bilmişəm və eyni zamanda xoşbəxt adamam ki, müqəddəs Kəbənin içində üç dəfə dualar etmişəm.”

Ölkə rəhbərimizin öz müsəlmanlığından qürur duyması və bunu fəxrlə ifadə etməsi həqiqətən dünyanın bütün müsəlmanlarına böyük nümunədir. Elə bu parlaq yanaşma ilə də Prezidentimizin misilsiz dəyər verdiyi məmləkətə yollanacaq çoxsaylı insanlarımızın Həcc ziyarəti və bu dost, qardaş ölkənin milli bayramı ərəfəsində Səudiyyə Ərəbistanı Krallığının səfirliyində ölkənin səfiri ilə maraqlı söhbətim oldu.

 

Müsaid bin İbrahim əs-Süleym Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, qardaş ölkənin təcrübəli diplomatıdır.

O,1963-cü ildə Uneyzədə anadan olub. Ər-Riyaddakı Kral Səud adına Universitetdə hüquq sistemləri, London Universitetində beynəlxalq və diplomatik araşdırmalar üzrə ali təhsil alıb. İngilis, yapon və ispan dillərini bilir.

Səudiyyə Ərəbistanı Krallığının daxilində və xaricində təşkil edilmiş siyasi, diplomatik, iqtisadi inkişafla bağlı tədqiqatlara həsr olunan çoxsaylı kurs və konfranslarda iştirak edib, ixtisaslaşmış bir çox daimi və qeyri-daimi komissiyaların üzvü olub. Ərəb Ölkələri Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində bir sıra Zirvə toplantıları, nazirlər görüşü, Komissiya iclaslarında iştirak edib.

Cənab Müsaid bin İbrahim əs- Süleymin səfir kimi ilk təyinatı isə məhz bizim ölkəmizə, Azərbaycan Respublikasına olub. Azərbaycana böyük sevgisi olan səfirlə söhbətimizdə ilk sualım da elə bu barədə oldu:

 

-         Cənab səfir, ölkəmizə gəlməmişdən əvvəl Yaponiya və Böyük Britaniya kimi fərqli dövlətlərdə diplomatik fəaliyyətdə olmusunuz. Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyində məsul vəzifə - beynəlxalq iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsindən sonra səfir kimi ilk təyinatınızı məhz Azərbaycana almısınız. Gəlməmişdən əvvəl Azərbaycanı necə tanıyırdınız?

 

-         Şübhəsiz ki, hər bir Səudiyyə insanının ürəyində Azərbaycanın xüsusi yeri var. Səudiyyə xalqının digər nümayəndələri kimi, mən də Azərbaycanı qədim tarix və zəngin mədəniyyətə malik olan, bizim üçün əziz bir müsəlman ölkəsi kimi yaxşı tanıyırdım. Azərbaycan Respublikasının müstəqilliyindən sonra xalqlarımız əlaqələrini yenidən gücləndirməyə başladılar. Qarşılıqlı səfərlərin artması onların bir-biri ilə daha çox tanış olmasına, müasir nailiyyətləri barədə yeni məlumatlar əldə etməsinə şərait yaratdı. Hazırda xalqlarımız və ölkələrimiz arasında birbaşa təmaslara və münasibətlərə mane olacaq heç bir çətinlik yoxdur. Ona görə də qardaş Azərbaycanı yaxşı tanıyırıq və onun sevincini də qəmini də bölüşürük.  

 

-         İki qardaş ölkə - Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq və əməkdaşlıq yüksək səviyyədədir. Bu əlaqələrin yaradıcıları ümummilli liderimiz Heydər Əliyev və İki Müqəddəs Ocağın Xadimi, kral Fəhd ibn Əbdüləziz   əl - Səud (Allah hər ikisinə rəhmət eləsin!) olmuşlar. 1994-cü ildə Heydər Əliyevin ölkənizə ilk rəsmi səfəri zamanı Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair Baş Saziş imzalanıb. Baş Saziş əlaqələrimizdə hansı perspektivlər yaratdı?

 

-         Məlum olduğu kimi, ölkələr arasındakı əlaqələrin hüquqi bazaya ehtiyacı var. Bayaq qeyd etdiyim kimi, Azərbaycanın müstəqilliyindən, yəni keçən əsrin 90-cı illərindən qabaq ölkələrimiz arasında heç bir əlaqə olmamışdı. Amma mərhum Azərbaycan Prezidenti Heydər Əliyevin Krallığa rəsmi səfəri çərçivəsində, 1994-cü ilin 10 iyul tarixində Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında imzalanmış Baş Saziş iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığına güclü hüquqi bünövrə yaratdı. Adından göründüyü kimi, bu iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığın mühüm sahələrini müəyyən edən əsas və geniş bir Sazişdir. Daha sonralar ikitərəfli əlaqələrimizin hüquqi çərçivələrini müəyyən edən digər mühüm sazişlər də imzalandı. Bununla belə, qeyd edilən Baş Saziş qardaş ölkələrimizin əlaqələrini konkret hüquqi baza üzərində gücləndirməsində önəmli rol oynamışdır.

 

-         Xalqlarımız arasında  mədəni əlaqələr qədim tarixi köklərə malikdir. Hələ orta əsrlər boyunca bir çox Azərbaycan şairləri ərəb dilində də böyük əsərlər yaradıblar. Bir faktı da yada salmaq istəyirəm, 2010 -cu - ildə Xarici İşlər Nazirliyinizin Diplomatik Araşdırmalar İnstitutunda " Heydər Əliyev və Azərbaycanda milli siyasət " kitabının ərəb dilində ikinci nəşrinin təqdimatı bizdə xoş duyğular yaratdı. Bu, mədəniyyətlərimizə bəxş olunan gözəl bir töhfə idi. 2007-ci ildə Səudiyyə Ərəbistanındakı Azərbaycan mədəniyyəti günləri, 2008-ci ildə isə Azərbaycandakı Səudiyyə Ərəbistanı mədəniyyəti günləri xalqlarımızın xatirəsində unudulmaz izlər qoydu. Bu sahədə gələcəkdə yeni planlar varmı?

 

-         Bu gün mədəniyyət əlaqələrimiz tam sürəti ilə irəliləməkdədir. Mədəniyyət sahəsində məsul şəxslərin qarşılıqlı səfərləri həyata keçirilir. Bu yaxınlarda   Səudiyyə Ərəbistanından yüksək səviyyəli nümayəndə heyəti, 18-19 may tarixində Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Azərbaycan səfər etmişdilər. Bu cür forumlar dünya xalqları arasında mədəniyyət mübadiləsi həyata keçirməkdə böyük əhəmiyyətə malikdir. Bu Forum çərçivəsində ikitərəfli mədəniyyət əlaqələrimizin möhkəmləndirilməsi məqsədi ilə mühüm toplantılar keçirilmişdir. Bundan əlavə, hazırda "Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət və İnformasiya Nazirliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında icraiyyə proqramı" layihəsinin hazırlanması üzərində iş gedir. Qeyd edilən Proqram iki ölkədə bir çox maraqlı mədəniyyət tədbirlərinin keçirilməsini nəzərdə tutur. Yaxın vaxtlarda bu Proqramın hazırlanması başa çatandan sonra oradakı tədbirlər haqqında ətraflı məlumat veriləcək.

 

-         Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev ölkəmizlə Səudiyyə Ərəbistanı arasında hərtərəfli əlaqələrin inkişafına xüsusi diqqət ayırır. Bu baxımdan cənab Əliyev mütəmadi olaraq ölkənizə səfərlər edir. Dörd ay əvvəl ölkə başçımız cənab İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri ölkələrimizin dostluq və əməkdaşlıq tarixində yeni səhifələr açdı. Bu hadisə ölkənizin və ictimaiyyətinizin həyatında hansı təəssüratları yaratdı?

 

-         Düzü, zati-aliləri Prezident İlham Əliyevin  Səudiyyə Ərəbistanına səfəri nəinki ölkəmizdə, eləcə də xaricdə böyük diqqətə səbəb olmuşdur. Bütün dünya mediyası bu səfəri geniş işıqlandırmışdır. Ər-Riyad şəhərində onu qarşılayanların önündə İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al Səud (Allah onu qorusun!) və Krallığın ali rütbəli şəxsləri var idi. Məncə qarşılanma və görüşlərin səviyyəsi Krallığın zati-aliləri Prezidentə və Azərbaycan xalqına bəslədiyi hörmət və ehtiramın bariz nümunəsidir. Bəlkə də ev sahibləri kimi bizim Azərbaycan Prezidentinə göstərdiyimiz yüksək iltifat və qonaqpərvərlik haqqında danışmaq düz olmazdı. Məncə bu səfər haqqında təəssürat ən gözəl formada Azərbaycan Prezidentinin özü tərəfindən ifadə olunub. Zati-aliləri, Prezident iyulun 17-də müqəddəs Ramazan ayı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan iftar süfrəsi zamanı məmnunluqla buyurmuşdur ki, İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralının şəxsi göstərişi ilə müqəddəs Kəbənin qapıları onun və ailə üzvlərinin üzünə açılmışdır və həmçinin o xoşbəxt adamdır ki, müqəddəs Kəbənin içində üç dəfə dualar edib. Qeyd etməliyəm ki, bu səfər zamanı iki qardaş ölkə arasında ikitərəfli əməkdaşlığın perespektivləri ətrafında fikir mübadiləsi aparılmış və bu əməkdaşlığın müxtəlif sahələr üzrə, o cümlədən neft-qaz, turizm, kənd təsərrüfatı, qarşılıqlı investisiyalar sahəsində möhkəmləndirilməsi yolları müzakirə olunmuşdur. Allah qoysa, yaxın vaxtlarda bu müzakirələrin səmərəsini görəcəyik.

 

-         Cənab səfir, ölkələrimiz arasında qarşılıqlı surətdə tələbə və müəllim mübadiləsi, onların hazırlığını nəzərdə tutan müvafiq memorandum mövcuddur. Bundan əlavə, Krallıqla Azərbaycan arasında gənclərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilir. Bu barədə fikirlərinizi bilmək istərdik.

 

Azərbaycan və Səudiyyə Ərəbistanı Təhsil Nazirliklərini arasında 15 yanvar 2007-ci il tarixində imzalanmış “Elmi və Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Memorandum” hər iki ölkə universitetlərinə şərait yaratdı ki, onlara uyğun olan təhsil müəssisələri ilə ikitərəfli əlaqələr qursunlar. Buna uyğun olaraq, hazırda hər iki ölkənin bəzi hökumət və özəl universitetləri arasında ikitərəfli əməkdaşlıq və birgə təhsil mərkəzlərinin yaradılması ətrafında danışıqlar gedir.

İmzalanmış “Elmi və Təhsil Sahəsində Əməkdaşlıq Haqqında Memorandum”un canlandırılması üçün son zamanlar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin nəzdində olan Tərcümə İdarəsi arasında əməkdaşlıq əlaqələri qurulmuşdur. Memorandumun 13-cü maddəsinə uyğun olaraq, razılığa gəlinmişdir ki, Krallıq və Azərbaycanın ərəb və Azərbaycan dillərində olan ən mühüm elmi və ədəbi kitablarının seçilməsi üçün hər iki tərəfdən komissiya təşkil edilsin və həmin kitablar iki ölkə universitetləri nəzdindəki tərcümə mərkəzləri ilə əməkdaşlıq edilməklə, tərcümə olunsun. Həmçinin qərara alınmışdır ki, Səudiyyə Ərəbistanı universitetləri ilə müvafiq Azərbaycan universitetləri arasında ümumi maraq kəsb edən sahələr üzrə araşdırma fəaliyyəti gücləndirilsin və həmin işlər ərəb və Azərbaycan dillərinə tərcümə edilsin.

Elm sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığı  Kral Əbdüləziz adına Tədqiqat  və  Arxiv Fondundan olan nümayəndə heyəti bu ilin may ayında Azərbaycana səfər etmişdir. Fondun Əlyazmalar Arxiv Sənədlər Mərkəzinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda olmuş, oranın fəaliyyəti ilə tanış olmuş və əməkdaşlıq yollarını müzakirə etmişdir. Qərara alınmışdır ki, Kral Əbdüləziz adına Tədqiqat  və  Arxiv Fondu  ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlıq sazişi imzalansın. Bu Sazişə əsasən qurumlar arasında arxiv materialları və əlyazmaların surətlərinin mübadiləsi həyata keçiriləcək. Həmçinin qədim Azərbaycan əlyazmalarının rəqəmsallaşdırılması - elektron variantın yaradılması sahəsində əməkdaşlıq ediləcək.

 

 

-         Dünyanın hər yerində hər cür terror, ekstremizm və zorakılığın əleyhinə olan Səudiyyə Ərəbistanı özü də terrordan  əziyyət çəkib. Bu baxımdan keçmiş kral Abdullah bin Əbdüləziz əl - Səudun təklifi ilə BMT-nin tərkibində Terrorla Mübarizə üzrə Beynəlxalq Mərkəz təsis edilib. Əlahəzrət kral Mərkəzin effektiv fəaliyyəti üçün ora 100 milyon dollar həcmində maliyyə yardımı ayırıb. İndi həmin Mərkəzdə işlər necə davam edir?  

 

-         Bildiyiniz kimi, terrorizm dövlət, millət, mədəniyyət sərhədi tanımayan, bəşər cəmiyyətinə təhlükə yaradan ən ciddi qlobal problem sayılır. Buna görə bu problemin bütün istiqamətləri, təzahürləri və kökləri aradan qaldırılmalı, onu doğuran səbəblər həll olunmalıdır. Bu problemlə mübarizə aparmaq və axırına çıxmaq üçün beynəlxalq səylər birləşdirilib, daha da artırılmalıdır. Səudiyyə Ərəbistanı Krallığı əvvəllər olduğu kimi, indi də terrorizmlə mübarizə aparan dövlətlərin önündə gedir. Krallıq terrorizmlə mübarizə üzrə bir çox konfransların keçirilməsini zəruri hesab edərək, çoxlu  təşəbbüslərlə çıxış etmişdir. Onların ən başlıcası isə sizin  qeyd etdiyiniz kimi, 2005-ci ildə BMT-nin nəzdində terrorizmlə mübarizə üzrə Beynəlxalq Mərkəzin yaradılmasının təşəbbüskarı olmaq və tək region üçün deyil, bütün dünya üçün bir təhlükəyə çevrilən bu problemin öhdəsindən gəlmək üçün həmin Mərkəzə 100 milyon dollar yardım göstərməsi olmuşdur. Hazırda da terrorizmlə mübarizə üzrə bu Beynəlxalq Mərkəz müxtəlif istiqamətlər üzrə aktiv fəaliyyətini davam etdirir. Bildiyimə görə, Mərkəzin ən son fəaliyyəti 21-22 iyul tarixində Mərakeş Krallığının Kasablanka şəhərində 30 dövlətin hüquq - mühafizə orqanları rəhbərlərinin iştirak etdiyi beynəlxalq konfransın təşkili olmuşdur. Konfrans zamanı onlar sərhəd təhlükəsizliyi, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etmişlər. Krallıq arzu edir ki, həmin təhlükəli bəlanın qarşısının alınması üçün bütün dost ölkələr bu Mərkəzin fəaliyyətində iştirak etsinlər.  Ümumiyyətlə isə Krallığın  terrorizmlə mübarizədə oynadığı rol, onun İŞİD təşkilatına qarşı vuruşan beynəlxalq Koalisiyada yer almasında da öz təcəssümünü tapmışdır. Belə ki, bu ilin sentyabr ayında Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən konfrans İŞİD təşkilatına qarşı beynəlxalq Koalisiyanın təşkili üçün bir təməl oldu. Krallığın rolu bu təşkilata qarşı keçirilən hərbi əməliyyatlarda iştirakla məhdudlaşmayaraq, həmçinin ondan zərər çəkənlərə humanitar yardımlar göstərmək, terrorçu qurupların maliyyə qaynaqlarının qurudulması üçün beynəlxalq aləmlə əməkdaşlıq etmək, mərhəmət dini olan İslamın təlimlərinə zidd olan bu qrupların kriminal xarakterini ifşa etmək kimi fəaliyyətləri də əhatə edir. Güman edirəm ki, bütün bu səylər terrorçuluğun kökünün kəsilməsini təmin edəcəkdir.

 

-         Cənab səfir, İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanını bir sıra doğma amillər bağlayır ki, onlardan biri də İslamın müqəddəs yerlərinin ölkənizin ərazisində yerləşməsi, hər il yüzlərlə azərbaycanlının, digər müsəlman vətəndaşımızın bu yerləri ziyarət etməsi və bu ziyarətlərin də iki qardaş ölkə arasında əlaqələrin genişlənməsinə xidmət etməsidir. Zəhmət olmasa deyin, bir müddət sonra Səudiyyə Ərəbistanı  Həcc ziyarətinə gələcək yüzminlərlə zəvvarlar, o cümlədən Azərbaycan vətəndaşları  üçün hansı yeni əlverişli imkanlar həyata keçirəcək?

 

-         Həcc zəvvarlarına göstərilən xidmət ildən-ilə təkmilləşdirilir. Bu il də təhlükəsizlik, səhiyyə, təşkilati, xidmət, nəqliyyat, asayiş, profilaktik proqramların həyata keçirilməsinə böyük qüvvə sərf edilmişdir. Bu bütün hacılara imkan verəcək ki, İslam dininin böyük əsaslarından olan bu ayini tam asan və rahat şəkildə  icra etsinlər. Hazırda Allah Evini ziyarət edən hacılara göstəriləcək xidmətlər, güzəştlər, asayiş təminatı və müqəddəs ərazilərdə hərəkəti üçün nizamlanmış nəqliyyatın mükəmməl sistemi yaradılmışdır. Bu il ziyarətə gələn bütün zəvvarlar, o cümlədən azərbaycanlı hacılar Krallığın bu sahədə gördüyü uğurlu işləri öz gözləri ilə görəcəklər. Bu işlərə İki Müqəddəs Məscidin genişləndirilməsi, ayinlərin keçirildiyi ərazilərin abadlaşdırılması, yol, körpü və tunellərin inşası, onlarla xəstəxana, yüzlərlə tibbi mərkəz tikintisi və s. daxildir. Habelə sevindirici haldır ki, keçən ay Səudiyyə Ərəbistanının Ciddə şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb. Bu Azərbaycandan Krallığa və əks tərəfə gedən həcc, ümrə zəvvarlarının, eləcə də adi ziyarətçilərin rahat və tez daşınmasına şərait yaradacaq. Bundan əlavə, birbaşa hava xəttinin açılması iki ölkə arasında ticarət dövriyyəsi və turizm mübadiləsinin daha da artıb çoxalmasına imkan verəcək.

 

-         Sentyabr ayının 23-ü  Səudiyyə Ərəbistanı Krallığının milli bayramı - Krallığın yaranmasının 83-cü ildönümüdür. Bu bayram tədbiri hər il Bakıda da qeyd olunur. Bu tarixi gün haqqında ətraflı danışmağınızı xahiş edirəm.

 

-         1932-ci ildə əlahəzrət Kral Əbdüləziz bin Əbdürrəhman Al- Səud (Allah ona rəhmət eləsin!) ölkəni “Səudiyyə Ərəbistanı Krallığı” adı altında birləşdirərək, dünyaya yeni bir dövlətin yarandığını bəyan etmişdir. Krallıq həmin hadisəni özünün Milli Günü kimi qeyd edir. Mərhum qurucu Kral otuz iki il ərzində çox çətin şəraitdə qəhrəmancasına yeni dövlətin bünövrəsini Allah Kitabı  – Qurani-Kərim və onun Peyğəmbərinin (Ona Allahın salavat və salamı olsun!) sünnəsi əsasında quraraq, İslam dininin qaydaları ilə çiçəklənən, bu dinin saf və humanist təlimləri ilə dünyaya səs salan, sülh və xeyir yayan, elm və tərəqqiyə can atan, özünün və bütün bəşəriyyətin daha gözəl sabahına doğru sürətli addımlarla irəliləyən gənc bir dövlətin qüdrətli memarı olmuşdur. Bu inkişaf və quruculuq prosesi daha sonra onun sadiq övladları tərəfindən davam etdirimiş və onlar dövlətçiliyin bütün sahə və səviyyələrində müasir tərəqqinin əsasını qoymuşlar. Məhz bunun sayəsində Səudiyyə Ərəbistanı Krallığı bu gün İki Müqəddəs Məscidin Xadimi Kral Salman bin Əbdüləziz Al- Səudun (Allah onu qorusun!) rəhbərliyi dövründə özünün ən parlaq günlərini yaşayır. Onun dövründə Krallıq bir çox sahədə, o cümlədən təhsil, səhiyyə, bələdiyyə işi, tikinti, yol və kommunikasiya sahələrində nəhəng layihələrin şahidi və icraçısı olmuşdur. Səudiyyə vətəndaşının məişət və təhsil səviyyəsinin artırılması, həmçinin müasir inkişaf və tərəqqiyə yönəlmiş digər işlər Krallığı dünyanın mütərəqqi ölkələri sırasına çıxarmışdır.

  

P.S. Həcc ziyarətinə yola düşəcək bütün zəvvarlarımıza uğurlu yol arzulayırıq.

Qarşıda gələn Səudiyyə Ərəbistanı Krallığının milli bayramı, Krallığın yaranmasının 83-cü ildönümü münasibəti ilə dost və qardaş ölkənin səfirliyi simasında bütün vətəndaşlarını ürəkdən təbrik edir, onlara əbədi sülh, əmin-amanlıq, səadət dolu günlər, torpaqlarına bol xeyir –bərəkət diləyirik.

 

 

 

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM