Müasir Azərbaycan mətbuatının inkişafı Heydər Əliyevin adı ilə bağlıdır

13:13 / 22.09.2015

Vüqar Rəhimzadə

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Azad mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir və Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ideyaların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının gerçəkləşməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır.

Milli mətbuatımızın tarixi bir neçə mərhələyə bölünür. İlk mərhələ Azərbaycanda mətbuatın yaranma dövrü, yəni 1829-1872-ci illəri əhatə edir. Həmin dövrdə bir neçə rusdilli qəzet nəşr olunurdu. Bu baxımdan həmin dövrü Azərbaycan mətbuatının ilkin çağı adlandırmaq olar. İkinci mərhələ milli mətbuatın yarandığı, yəni 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşrə başlaması dövrüdür. Üçüncü mərhələ isə Azərbaycan demokratik mətbuatıdır. 1900-cü illərin əvvəllərində mətbuat sistemində demokratik dəyərlərə yiyələnmək, Azərbaycan cəmiyyətinin savadlanması, maariflənməsi üçün göstərilən cəhdlər daha qabarıq idi. “Molla Nəsrəddin” ədəbi məktəbinin təməli də elə bu mərhələdə qoyulub. 1906-cı il aprelin 7-də nəşrinə başlanılan bu məcmuə milli jurnalistikada, eləcə də ictimai fikirdə ən böyük ədəbi hadisədir. [3, 45]
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə təsadüf edən mətbuatımızın formalaşmasının, inkişafının dördüncü mərhələsi demokratik, bir qədər də inqilabi mətbuat orqanları yaradılması ilə əlamətdardır. Əgər “Molla Nəsrəddin” demokratik cərəyanın məhsulu idisə, 1915-ci ildən nəşrinə başlanılan “Açıq söz” qəzeti inqilabi ideyaları, Azərbaycanın istiqlaliyyəti problemlərini gündəmə gətirdi. Bu mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha da yetkinləşdi. Təsadüfi deyil ki, əksər ölkələrdən fərqli olaraq, həmin dövrdə Azərbaycanda mətbuat haqqında Nizamnamə yarandı. Parlamentin qəbul etdiyi bu Nizamnamə mətbuatımızın ən şərəfli səhifələrindən biridir. Rusiyanın media mənsubları bu gün də təəssüf hissi ilə qeyd edirlər ki, azad mətbuat haqqında nizamnamə Azərbaycanda 1918-ci ildə qəbul edildiyi halda, nə çar Rusiyasında, nə də sovet dönəmində mətbuat haqqında belə mükəmməl və azad qanun mexanizmi işlənməyib. Onlarda 1991-ci ilə qədər yalnız senzuralı mətbuat mövcud olub. Lakin Azərbaycan mətbuatının bu şərəfli dövrü uzun çəkmədi. Bolşevik işğalından sonra respublikada sovet jurnalistikası, kommunist mətbuatı tətbiq olundu. Beşinci mərhələ adlanan bu dövrdə azad və müstəqil mətbuat anlayışı mövcud olmasa da, Azərbaycan jurnalistikasının bir çox görkəmli simaları həmin o illərdə formalaşıb. Həmin dövrün bir çox çatışmazlıqları ilə yanaşı, Azərbaycanın mətbuat tarixində bu mərhələnin böyük rolu var. [4, 55]
1988-ci ilin sonlarından etibarən isə müstəqil Azərbaycan mətbuatı yarandı və şərti olaraq bu dövrü altıncı mərhələ adlandıra bilərik. Lakin 1988-1993-cü illərdə mövcud olan mətbuatı da sözün əsl mənasında azad hesab etmək olmaz. Azərbaycan mətbuatı həqiqətən öz müstəqilliyinə yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə nail oldu. Azad mətbuatın inkişafına əngəl yaradan süni maneələrin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir çox fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. Ulu Öndər mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi. Fərəhli haldır ki, indi bu ənənələr Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. [5]
Qeyd edək ki, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inkişaf edən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış, o cümlədən mətbuat və söz azadlığı təmin olunmuşdur. Bu gün Azərbaycanda Qərb standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu məhz bu reallığın nəticəsi olaraq qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində və 15 oktyabr 2003-cü il prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyev tərəfindən ölkədə azad sözün, müstəqil mətbuatın inkişafı istiqamətində aparılan siyasətin uğurlu nəticələri məlumdur.
Ötən illərin reallıqları bir daha göstərir ki, həqiqətən də Azərbaycanda mətbuat azadlığı sahəsində olduqca ciddi islahatlar aparılıb. Bu siyasət Azərbaycan mətbuatının gələcək inkişafının istiqamət və perspektivlərini müəyyənləşdirib, ölkədə çoxlu sayda müstəqil mətbuat orqanlarının fəaliyyətə başlamasına təkan verib. Görülən tədbirlər nəticəsində Azərbaycanda senzura ləğv edilib, yeni televiziya kanalları fəaliyyətə başlayıb, azad mətbuatın hüquqi, fundamental bazası formalaşıb və s. Azərbaycanda azad sözün və azad mətbuatın bərqərar olması və inkişafı heç şübhəsiz ki, birmənalı olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ilə qədər qeyri-müəyyənlik içərisində çapalayan, siyasi təzyiqlərə, “senzor qayçısının” amansız həmlələrinə məruz qalan ölkə mətbuatı ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində buxovlardan azad oldu. Ulu Öndərimiz düzgün qiymətləndirirdi ki, mətbuat üçün hakimiyyətlə işləmək nə qədər vacibdirsə, hakimiyyət üçün də mətbuat bir o qədər lazımlıdır. Bu iki element siyasi sistemin ayrılmaz komponentləridir. Eyni zamanda, Ümummilli Lider ölkənin demokratik inkişafında KİV-in rolunu çox yüksək qiymətləndirirdi. Dahi rəhbər Heydər Əliyev ictimaiyyətə doğru informasiyanı yalnız kütləvi informasiya vasitələri ilə çatdırmağın səmərəsini çox dəqiq bilirdi. Ulu öndər müstəqil dövlət quruculuğunda KİV-in rolunu yüksək qiymətləndirirdi və hakimiyyətdə olduğu illər ərzində bu sahəyə daim diqqətlə yanaşırdı. Bunu təsdiqləyən saysız-hesabsız faktlar mövcuddur. Ulu Öndər jurnalistlərlə görüşlərinin birində də qeyd edirdi ki, o, fəaliyyətinin bütün mərhələlərində KİV nümayəndələrinə böyük önəm verib. Doğrudan da, bu, həmişə belə olub. Təcrübəli dövlət xadimi Heydər Əliyev çox gözəl bilirdi ki, ölkənin idarəçiliyində mətbuatın rolu danılmazdır. Lakin hamının yadındadır ki, 1992-1993-cü illərdə müxalifət qəzetləri ağ səhifələrlə işıq üzü görürdü. Həmçinin o vaxt mətbuat orqanlarının belə vəziyyətdə nəşr olunmasını Bakıya gələn beynəlxalq təşkilatların nümayəndələrinə senzuranın, qəzetləri “bəzəyən” ağ ləkələrin nə olduğunu başa salmaq bir o qədər də asan olmurdu.
Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzaladı. [6] Həmin Fərmanın bir bəndi ilə Mətbuatda Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. Bu, senzuranın aradan götürülməsi demək idi. Həmin vaxtdan etibarən sözsüz ki, Azərbaycan mətbuatında yeni bir mərhələ başlandı. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə ikinci dəfə qayıdışına qədər yerli jurnalistlərlə əlaqələr demək olar ki, yox səviyyəsində idi, məmur-jurnalist münasibətləri mövcud reallıqlara əsaslanmırdı. Ulu Öndər bu problemi də tez bir zamanda həll etdi. Mütəmadi olaraq mətbuat nümayəndələri ilə ünsiyyət qurdu, media ilə işləmək vərdişlərini aşıladı.
Xüsusilə də etiraf olunmalıdır ki, mətbuatın ağır vaxtları 90-cı illərin sonlarında daha qabarıq görünürdü. O vaxtlar iqtisadi sıxıntılar içərisində yaşayan qəzetlərin 2000-ci ilin əvvəllərində durumu çox gərginləşmişdi. Qəzet kağızının qiyməti qalxdığından mətbuat orqanlarının “Azərbaycan” nəşriyyatına külli miqdarda
borcu yaranmışdı. Bu problem də tez bir zamanda öz həllini tapdı. Gəlin yada salaq ki, bir zamanlar qəzetlərlə dövlət məmurları arasında silsilə məhkəmə çəkişmələri də var idi. Məmurlar qəzetlərdən məhkəmə vasitəsilə böyük məbləğdə cərimələr tələb edirdilər. Bu münaqişələrin səngiməsində də ümummilli lider Heydər Əliyevin böyük rolu oldu. Artıq çoxdan sübut edilib ki, mətbuatın tənqidlərinə ulu öndər Heydər Əliyev qədər dözümlü yanaşan ikinci bir şəxsiyyət olmayıb. Ümummilli lider bir dəfə də olsun özünün haqqında yazılan yazılara mənfi münasibət bildirmirdi. Hətta 2002-ci ildə ümummilli lider Heydər Əliyev jurnalistlərin peşə bayramında da iştirak etdi. Tədbir ərəfəsində isə ölkənin aparıcı qəzetlərinə müsahibələr verdi. Bəs, bütün bunların müqabilində mətbuat necə, Ulu Öndərin fəaliyyətini yetərincə obyektiv işıqlandıra bilibmi? Azərbaycan mətbuatı dahi şəxsiyyət Heydər Əliyevə əsl qiymətini verə bilibmi? Etiraf edək ki, ona münasibətdə obyektivlik heç də həmişə gözlənilməyib.
Məlumdur ki, azad mətbuat, demokratik inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Mətbuat azadlığı müxtəlif iqtisadi və siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcud olduğu müasir dünyamızda insanları və cəmiyyətləri birləşdirən ən əsas meyardır. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan mətbuat azadlığı bu gün hamının anladığı və anlamalı olduğu əvəzsiz bir nailiyyətdir. Həmçinin mətbuat azadlığına hörmət müasir dünyaya qovuşmağın ən əsas yoludur. Etiraf etməliyik ki, sülh və əmin-amanlıq olmadan mətbuat azadlığına tam riayət olunması mümkün deyil. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və bu gün onun təkmilləşdirilməsi uğurla davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması, azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Ölkəmizdə ardıcıl surətdə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı, insan ləyaqətinə hörmət dayanır. Həmçinin Azərbaycanda hüquqi dövlət quruculuğu ideyasının reallaşmasına zəmin yaradılması, milli-mənəvi dəyərlərə qayıdış, mənəvi intibahın başlanması xalqın gələcək taleyi ilə bağlı problemlərin həllinin zəruriliyini ön plana çəkib. Siyasi müstəqillik qazanmış respublikamızda məzmun və mahiyyətcə yeni olan proseslər cəmiyyətin bütün sferalarını əhatə edərək keçid dövrünün qeyri-müəyyənliyinin aradan qaldırılmasına kömək etdi. Vətəndaş cəmiyyətinin formalaşması şəraitində cəmiyyət üzvlərinin məsuliyyət və borclarını düzgün başa düşmələri, gedən proseslərə dərk olunmuş münasibət bəsləmələri, sosial və siyasi fəallığın daimi vərdişə çevrilməsi təkzibolunmaz həqiqətlərdir. Bu baxımdan, Ümummilli Liderin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 6 avqust 1998-ci il tarixli Fərmanı xüsusilə qiymətlidir. Belə ki, həmin Fərmanda kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətlərinin yaxşılaşdırılmasını, onlara dövlət qayğısının artırılmasını nəzərdə tutan, söz, fikir, məlumat azadlığının qorunmasını, siyasi plüralizm prinsiplərinin dönmədən həyata keçirilməsini təmin edən tədbirlər proqramının hazırlanması, müvafiq qanun layihələri yaradılarkən və qanunların qəbul edilməsi zamanı Azərbaycanın qoşulduğu beynəlxalq konvensiya və sazişlərdə, Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan hüquqları və vətəndaşların fikir, söz və məlumat azadlığı müddəalarının əsas prinsiplər kimi rəhbər tutulması xüsusilə diqqəti cəlb edir. Ulu Öndərin mətbuata göstərdiyi qayğını jurnalist təşkilatları ilə görüşləri də təsdiq edir.
Azərbaycanda milli mətbuatın yaradılması günü münasibətilə Ümummilli Liderin dövlət başçısının 2000-ci il iyulun 21-də jurnalistlərlə görüşündə söylədiyi fikirlər də olduqca
maraqlıdır. Ulu öndər Heydər Əliyev bu görüşü keçirməkdə məqsədini giriş nitqində belə şərh etmişdi: “Mənim məqsədim nədən ibarətdir? Birinci növbədə sizi dinləmək. Çünki mən görürəm ki, son zamanlar müstəqil mətbuat, müxalifət mətbuatı çox narahatlıq keçirir”. [1, 98] Ümummilli lider Heydər Əliyev həmişə olduğu kimi, yenə də öz sözünə sadiq qaldı. Belə ki, həmin görüşdən cəmi 9 gün sonra “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında” Prezident Sərəncamı elan edildi. [6] Sərəncamda kütləvi informasiya vasitələrinin maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, mətbuat və fikir azadlığı üçün geniş imkanlar yaradılması məqsədilə 5 maddədən ibarət fəaliyyət proqramı müəyyən edildi. Bu sahədə Nazirlər Kabineti, Prezidentin İcra Aparatı, Mədəniyyət Nazirliyi, Respublika Baş Prokurorluğu və digər qurumlar qarşısında duran vəzifələr göstərildi. Bu tapşırıqlar və tövsiyələr sırasında kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalist təşkilatları ilə birlikdə müstəqil mətbuatın formalaşdırılması və inkişafında xüsusi xidməti olan redaktorların, aparıcı qəzet redaksiyalarının mükafatlandırılması, istedadlı jurnalistlərə Prezident təqaüdləri verilməsi üçün təkliflər, qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənilməsinin 2002-ci il dekabrın 31-dək təxirə salınması və s. barədə mühüm göstərişlər də var idi. Eyni zamanda, bu Sərəncam müstəqil mətbuatın inkişafında yeni mərhələ açdı. Bu da öz nəticəsini gözlətmədi. 2002-ci ilin martında ulu öndər Heydər Əliyev “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Bu isə təkcə Azərbaycanda deyil, həm də dünyada analoqu olmayan bir hadisə kimi Ulu Öndər tərəfindən layiqincə qiymətləndirildi. Bu münasibətlə öz nitqində razılığını bildirən ümummilli lider Heydər Əliyev belə demişdi: “Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə “Jurnalistlərin dostu” kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost nə deməkdir? Dedilər ki, Siz indi dostsunuz. Dedim: Allaha şükürlər olsun ki, nəhayət, dost olduq”. Bununla bağlı Ulu Öndərin jurnalistlərə səmimi müraciəti də böyük maraq doğurur: “Ancaq gəlin həqiqi dost olaq. Mən sizinlə, jurnalistlərlə dost olmaq istəyirəm. Amma dostluq şərəfli şeydir. Gərək iki tərəf də dost olmaq istəsin. İndi belə bir hadisə baş verib. İş belə gətirib ki, biz iki tərəf də dost olmaq istəmişik”. [1, 99]
Hər halda, ölkə mətbuatının 1991-93-cü illərdəki səviyyəsini araşdırsaq, həmin illərin acı mənzərəsini göz önünə gətirsək, haqlı olduğumuz bir daha sübuta yetər. İlk növbədə etiraf olunmalıdır ki, 1993-cü ilə qədər fövqəladə vəziyyət Azərbaycan mətbuatının əsas atributu idi. Fövqəladə vəziyyət rejimində isə söz və mətbuat azadlığı, ümumiyyətlə, mümkün deyil. Fövqəladə vəziyyət bir qayda olaraq, insan azadlıqlarına, əsasən söz və fəaliyyət azadlığına məhdudiyyət qoymaq üçün həyata keçirilən bir rejimdir. Odur ki, Əbürrəhman Vəzirovun, Ayaz Mütəllibovun hakimiyyətləri dövründə söz azadlığı, ümumiyyətlə, demokratiya bir anlayış kimi absurd idi. A.Mütəllibovdan sonra bolşevik qaydası ilə hakimiyyəti zəbt edən AXC-Müsavat rejimi də demokratiyanı bərqərar etmək yox, daha çox yalan vədlərlə demokratiyadan danışmaq yolu tutdu. Ümumiyyətlə, AXC-Müsavat hakimiyyəti dövründə demokratiyadan, azad sözün mövcudluğundan danışmaq yersiz idi. Doğrudur, bu hakimiyyətin dövründə siyasi terminologiyada ən çox işlənən anlayışlar demokratiya və söz azadlığı idi. Amma sözdə... Əməldə isə əksinə. Belə bir vəziyyətdə demokratiyadan, söz azadlığından danışmağa dəyərdimi? Qəribəsi odur ki, AXC-Müsavat hakimiyyəti hətta bu cür mücərrəd demokratiyanı da Azərbaycan vətəndaşlarına çox gördü. Üzdəniraq “demokratlar” ölkədə kütləvi informasiya vasitələrinin artdığını, hakimiyyətin eyiblərini açıb-ağartdığını görüb təşvişə düşdülər. AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə yalnız və yalnız diktatura yolu ilə getdi, ölkədə elan olunmuş fövqəladə vəziyyət tətbiq edildi. Siyasi senzuradan keçmək, faktiki olaraq, mümkün deyildi. O illərdə iqtidarda olanlar haqqında yazılan hər söz-yaxşı, ya pis olmağından asılı olmayaraq ekspertizadan keçir, yalnız bundan sonra çapa buraxılırdı. Siyasi ekspertizadan keçməyən hissələr isə çıxarılır, onların yerinin boş qalmasına icazə verilmirdi. Bu, sözün əsl mənasında, mətbuatın “inkvizisiyası” idi.
Cəmiyyəti, o cümlədən mətbuatı bu mənfur “inkvizisiya”dan ulu öndər Heydər Əliyev xilas etdi. Bu böyük insanın xalqın tələbi ilə hakimiyyətə qayıtması, bütün sahələrdə olduğu kimi, sözün əsl mənasında, mətbuatın da qurtuluş günü oldu. Azərbaycan dövləti parçalanmaqdan, məhv olmaqdan, Azərbaycan xalqı qorxu altında yaşamaqdan, faciələrdən, Azərbaycan mətbuatı isə senzuradan yaxa qurtardı.
Azərbaycan mətbuatının ümummilli lider Heydər Əliyevə münasibəti həm də bir mənəviyyat məsələsidir. Eyni zamanda, Ulu Öndər haqqında etik normalara sığmayan yazılar dərc edən bir sıra qəzetləri bağlanmaq təhlükəsindən məhz ulu öndər Heydər Əliyevin xilas etdiyi də unudulmamalıdır. Məlumdur ki, “Azadlıq”, “Yeni Müsavat” kimi radikal müxalifət qəzetlərinə dövlət köməyi olmasa, borcları dondurulmasa, bu qəzetlər bağlanmaq təhlükəsi qarşısında qalacaqdılar. Ulu Öndər böyük humanistlik, sözün əsl mənasında, mətbuata atalıq qayğısı nümayiş etdirərək həmin mətbu orqanları bağlanmaq təhlükəsindən xilas etdi.
Faktiki olaraq, bu gün Azərbaycanda mətbuatın üzərində hər hansı dövlət nəzarət mexanizmi yoxdur. Həyat göstərir ki, mətbuatın ictimai tənzimlənməsinə və özünütənzimləməyə, mətbuat-dövlət, mətbuat- vətəndaş münasibətlərinin sivil, demokratik yolla tənzimlənməsinə ehtiyac var. Eyni zamanda, müasir beynəlxalq standartlara cavab verən, peşəkar, qərəzsiz, obyektiv mətbuatın formalaşması və güclənməsi istiqamətində də iş gedir. KİV-lərin fəaliyyəti ictimai nəzarətə verilib. 2003-cü il martın 15-də keçirilən Azərbaycan jurnalistlərinin I qurultayında bu nəzarəti həyata keçirəcək Mətbuat Şurası yaradıldı. O zaman Ulu Öndər qurultaya təbrik məktubu göndərdi və öz tövsiyələrini verdi. Bu tövsiyələr mətbuatla dövlət əlaqələrini tənzimləmək üçün, sözün əsl mənasında, proqram sənədidir. Ulu öndər Heydər Əliyev daim Azərbaycan mətbuatına üz tutur, mətbuata dövlət qayğısından söz açırdı. Azərbaycan dövlətinin söz və fikir azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçilərinin fəaliyyəti üçün bundan sonra da hərtərəfli şərait yaradacağını bildirirdi. Bu siyasətin nəticəsidir ki, artıq Azərbaycanda çoxşaxəli müstəqil mətbuat və informasiya sistemi formalaşmışdır. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, teleradio şirkətləri, informasiya agentlikləri, qəzet və jurnallar azad surətdə fəaliyyət göstərir. Bütün bunlar gənc Azərbaycan dövlətinin demokratik dəyərlərə böyük önəm verdiyini parlaq surətdə sübut edir.
Bütün bunlara rəğmən, etiraf etməliyik ki, bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı azad mətbuata hörmət olmadan mümkün deyil. Bu baxımdan Azərbaycanın dünyanın ən demokratik ölkələri ilə bir sırada durmağa haqqı çatır. Lakin çox təəssüf ki, bəzi jurnalistlər, yaxud özlərini guya mətbuat işçiləri, qələm sahibi hesab edənlər bu azadlıqdan, demokratiyanın verdiyi imkanlardan tamamilə başqa məqsədlər üçün istifadə edir, Azərbaycan mətbuatının gözəl ənənələrinə, xalqımızın, ölkəmizin adına ləkə gətirirlər. Etiraf etməliyik ki, son illər ölkəmizdə insanların azad və təhlükəsiz yaşaması, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində çox ciddi tədbirlər həyata keçirilmişdir. Ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan edilmişdir. Azərbaycan dövləti siyasi-hüquqi potensialından tam istifadə etməklə bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görüb. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq hər bir insanın hüquq və azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Artıq hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılma və inkişafı üçün hər cür şərait yaradılmışdır. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi bərqərar olmuşdur. İndi qarşıda duran ən mühüm vəzifə ulu öndər Heydər Əliyev ənənələrini yaşatmaqdan ibarətdir.
Bu gün Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti də uğurla davam etdirir. Dövlətimizin başçısının jurnalistlərlə səmimi münasibətlər yaratması, daim onlarla ünsiyyət qurması bu reallığın təzahürləridir. Möhtərəm Prezidentimiz böyük humanistlik göstərərək «Azərbaycan» nəşriyyatına qəzetlərin borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul etdi. Azərbaycan milli mətbuatının yaradılmasının 130, 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. [2, 43] Burada 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq olunması, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, jurnalistlərə dövlət hesabına tam təmirli yeni mənzillərin verilməsini xüsusilə qeyd etmək lazımdır. Bu hadisələr Azərbaycan mətbuat tarixinin ən parlaq və yaddaqalan səhifələridir. Bütün bu reallıqlar bir daha sübut edir ki, bu gün ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu mövcudluq sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə söykənir. İlk növbədə etiraf edək ki, Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi sayəsində bu gün azad və müstəqil kütləvi informasiya vasitələri cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin inkişaf etdirilməsində aparıcı rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən əsas amillərdən sayılır.

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR

1. Əliyev, Heydər. Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. İkinci kitab: may, 1994 – dekabr, 1994 / bur. məsul R. Mehdiyev. – Bakı: Azərnəşr, 1997. səh. 604
2. Əliyev İlham. İnkişaf – məqsədimizdir. Bakı, Azərnəşr, 2008, səh. 424
3. “Molla Nəsrəddin jurnalının nəşri tarixindən”, Bakı, Çaşıoğlu. 2009 səh. 158
4. “Azərbaycan mətbuatı tarixi”, Bakı, “Təhsil”, 2006 səh. 180
5. www.old.yap.org.az/view. php?lang=
az&menu=20&id=16474
6. www.m.azertag.com/wapindex/node/1222922?hl=az

Geostrategiya" jurnalı № 04 (28)  İYUL-AVQUST 2015


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM