Publisist-politoloq
28 sentyabr Mir Cəlal Paşayevin xatirə günüdür. Ədibin vəfatından 37 il ötür.
“ 1961-ci ildə Azərnəşrdə onun “İnsanlıq fəlsəfəsi” adlı kitabı çap olunmuşdu. Onu vərəqlərkən 1937-ci ildə Qiyabi İnstitutun Şəki sessiyasında dediyi sözlər yadıma düşdü:” Məktəblərdə mütləq “İnsanlıq” bir predmet kimi təlim olunmalıdır.”
İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərində həmişə qırmızı bir xətlə keçirdi ”.
Qılman İlkin
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi
“Mənim təsəvvürümdə gecə-gündüz tanımadan qələm işlədən Mir Cəlal ölməzdir.Yetkinliklə, dolğunluqla qələm işlədən, özündən sonraya cild-cild ölməz əsərlər qoyan ədib də bir yolluq ölərmi, unudularmı? Yox! Ölməz, unudulmaz, onun bu dünya üzündə ədəbiləşən yeri vardır, onun ədəbiləşən surəti öz əsərlərində yaradılmışdır. Məncə, gözəl insan, gözəl ailə başçısı Mir Cəlal öz əsərlərində, elmi tədqiqatlarında yaşayacaqdır. Məncə, Mir Cəlalın pak surəti gecələr ayla işıqlanacaq, gündüzlər günəşlə şölələnəcəkdir ”.
Süleyman Rəhimov
Azərbaycanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı
“ Mir Cəlal müəllimi bir yazıçı kimi, bir ədib kimi xarakterizə etmək üçün bu başdan deyim, onun həyatı çox qəribə olub. O, bir insan yox, üç insanın həyatını yaşayıb. Mən deyərdim ki, Mir Cəlal müəllimin romanist və novellist kimi ədəbi-bədii yaradıcılığı eyni səviyyədə keçib. Bu, bir tərəfi. İkinci tərəfdən - böyük ədəbiyyatşünas alim olub. Onun əsərlərində bizim böyük klassiklərimizə dair tənqidləri, təhlilləri var. Üçüncüsü də böyük bir pedaqoq, müdrik bir müəllim olub. Bu üç həyatı bu insan yaşayıb. Onun fəaliyyətində bu üç həyat bir-birini elə tamamlayırdı ki, bir-birinə elə bağlı idi ki, vahid bir Mir Cəlal obrazı yaranırdı.”
Arif Paşayev
Mir Cəlal Paşayevin oğlu, akademik.
“Bədii və elmi əsərlərinin hər birisi haqqında, onillər ərzində Universitetdə yetişdirdiyi tələbələri barəsində həmişə məhəbbətlə danışan Mir Cəlal müəllimdən tez-tez soruşardılar ki, fəaliyyətinin hansı tərəfini özü daha üstün tutur və ya “Şah əsəri” hansıdır, iftixarla deyərdi ki, həyatımda yaratdığım ən böyük əsər – ailəmdir .
Cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlal, bunu gözəl ifadə xətrinə deyil, həqiqətən belə düşündüyünə görə deyirdi. Bəlkə də özü uşaqlıq çağlarından ailə məhəbbətindən uzaq düşdüyünə görə, ailə dəyərlərinə, ailə ünsiyyətinə xüsusi münasibət bəsləyirdi. ”Azərbaycanda ədəbi məktəblər ” adlı məşhur elmi əsərin müəllifi həqiqətən xüsusi bir həyat məktəbi, ailə məktəbi yaratmışdı”.
Hafiz Paşayev
Mir Cəlal Paşayevin oğlu, fizika – riyaziyyat elmləri doktoru.
Sevimli yazıçımız, görkəmli alimimiz Mir Cəlal Paşayevi həm böyüklüyünə görə, həm saflığına görə, həm də sadəliyinə görə sevirəm. Onun haqqında oxumaqdan və yazmaqdan doymuram. Elə əsəri olub, bəlkə on dəfə oxumuşam. Oxuduqca da sanki onunla söhbət etmişəm. Söhbət etdikcə də, daxilən rahatlanmış, içimdə həyata daha çox inam, yaşayıb –yaratmağa yeni həvəs duymuşam. Onu tanıyan və tələbələri olmuş ziyalılarla fikir mübadilələri apardıqca, bu gözəl insanın obrazını xəyallarımda yaradıb, düşüncələrimdə yaşatmışam.
Ədəbiyyatımızın tədqiqatçısı və təəssübkeşi olan Mir Cəlalın yaradıcılığında ölməz sənətkarlarımıza, onların yadigar qoyduqları zəngin irsə, ənənələrə isti münasibətini maraqla izləmişəm.
Onun yetirmələri olan alimlər deyirlər ki, Mir Cəlal müəllim XX əsr Azərbaycan ədəbiyyatı klassiklərinə daha böyük rəğbət bəsləyirdi. O, bu yazıçılara təkcə böyük sənətkar, qüdrətli qələm sahibi kimi deyil, həm də ölkəmizdə və bütünlükdə Yaxın Şərqdə intibah, milli dirçəliş, ictimai tərəqqi, azadlıq uğrunda mübarizə aparan böyük amal, məslək mücahidləri kimi yanaşırdı. Mir Cəlal müəllim xüsusilə realist ədəbiyyatımızın və məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadəni həm sənətkar, həm də bir vətəndaş kimi özünə ideal hesab edirdi. İdeal sənətkar şəxsiyyətindən, milli məfkurə məsələlərindən, ədəbiyyatda ideya, məzmun, vətəndaşlıq mövqeyi, orijinal, sadə üslub xüsusiyyətlərindən, az sözlə böyük fikirlər ifadə etmək bacarığından söhbət düşəndə, daha çox onu xatırlayır, fikirlərini ona istinad edirdi. “ Cəlil Məmmədquluzadənin realizmi böyük bir ədəbi məktəbdir, qurtuluş, azadlıq, demokratizm, maarifpərəstlik fikirləri bu məktəbin başlıca ideya və məzmununu təşkil edir ” – deyirdi. Onu “ Məzlum Şərqin ən böyük sənətkarı” adlandırır, nüfuzuna və bəşəri xidmətlərinə görə dünya ədəbiyyatının korifeylərindən biri olan Lev Tolstoya bərabər tuturdu.
Ana dilimizə məhəbbət və sədaqətdən, bağlılıq və etibarlılıqdan bəhs edərkən tanınan və sevilən yazıçımız, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin xidmətlərindən söhbət açmağı özümə şərəf bilirəm.Çünki Azərbaycan dilinin saflığının qorunmasında Mir Cəlalın böyük zəhməti olub. Dilimizin müqəddəsliyini, fikirlərin sadəliyini ədib həm öz əsərlərində yüksək tutub, həm də bunu tələbələrinə, yetişdirdiyi alimlərə tövsiyyə edib. Yazıların elmi - nəzəri səviyyəsi ilə bərabər, dil – üslub məsələlərinə də xüsusi fikir verib. Onun üçün yazı işində dərin məzmunla yanaşı, dil və üslub aydınlığı da əsas şərt olub. Mir Cəlal təmtəraqlı, dolaşıq, qəliz fikirli yazıları sevməyib, sadə və müdrik yazı qaydalarının tərəfdarı kimi çıxış edib. Özü Azərbaycan dilinin – Ana dilimizin gözəlliyinə gözəllik qatan, dilçiliyimizin meyarlarına zəriflik bəxş edən bu üslubun ustadı kimi tanınıb. Yetirmələrini həmişə buna sövq edib. Bu barədə maraqlı bir faktı qeyd etmək istəyirəm.
Xalid Əlimirzəyev aspiranturada oxuyanda “ M.F.Axundovun ədəbi – tənqidi görüşləri” adlı böyük bir məqalə yazır. Məqaləni Universitetin o vaxt nəşr olunan “ Elmi əsərlər” adlı məcmuəsində çap etdirmək üçün Mir Cəlal müəllimə təqdim edir. Yazıçı həmin jurnalın filologiya seriyasının redaktoru idi.Ədib məqalənin əvvəlindən, ortasından bir neçə abzası nəzərdən keçirdikdən sonra Xalidi məzəmmət etməyə başlayır:
“Qardaş, bu nə məqalədi gətirmisən?..Bu nə əndirəbadi, dolaşıq cümlələrdi doldurmusan bura? Bu nədi yazmısan: “Böyük dramaturq, filosof M.F.Axundov idrakın və dərin elmi-fəlsəfi təfəkkürün zirvəsində dayanan dahi, nadir, şəxsiyyətlərdən biridir ”. Bir cümlədə bu qədər gurultulu söz, epitet işlətmək olar? “ Böyük”, “ dərin”, “ fəlsəfi təfəkkür ”, “zirvə”, “ dahi ”, “ nadir ” və s. Yox, belə olmaz. Yazı yazanda söz yığınına yox, məzmuna, mətləbə fikir vermək, sadə, aydın, mükəmməl yazmaq bacarığına yiyələnmək lazımdır. Yazdıqlarınızı mürəkkəbi qurumamış çapa verməyə tələsməyin. Üstündə dönə-dönə işləyin, təkmilləşdirin “.
Böyük ustadın nəsihətamiz tövsiyələrində doğrudan da böyük həqiqət var. Çünki hikmət elə sadəliyin özündədir. Üstünlüyün gücü sadəlikdədir. Sadəlik - mənəvi gözəlliyin əsas şərtidir. Sadəlik - gerçəkliyin gözəlliyidir. Belə deyib ulu babalarımız. Bütün məfkurə və davranışlarımızda babalarımızın vəsiyyətlərinə sadiq və layiq olmaq hamımızı işıqlı yollarla irəliləməyə və əsl səadətə qovuşdurmağa təlqin edən dəyərlərdir. Bu dəyərlərlə yaşamaq insana yalnız başıucalıq gətirir.
Bir qədər də Mir Cəlalın üslubunda, dilində sevə-sevə, məharətlə işlədilən və xalqın sadə ruhunu yaşadan idiomatik deyimlərdən söz açmaq istəyirəm.Tanınmış rus filoloqu, mədəniyyət və ictimai xadimi, akademiki Dmitriy Lixaçovun sözləri yadıma düşür: “ Böyük mədəniyyəti, böyük milli ənənələri olan böyük xalq, əgər öz taleyini kiçik xalqların taleyi ilə bağlayırsa, xeyirxah olmalıdır. Böyük xalq kiçik xalqa öz varlığını, öz dilini və mədəniyyətini qoruyub saxlamaqda kömək etməlidir”.
Çox ədalətli fikirlərdir. Elə buna görə də Mir Cəlal sovet rejiminin üstünlüklərindən xalqı üçün maksimum istifadə edib. O dövrlərdə yazdığı əsərlərdə azərbaycançılıq naminə əlindən gələni əsirgəməyib.Dilində və üslubunda Azərbaycan dilinin bütün incəlik və özəlliklərini qorumaqla, həm xalqın mənəviyyatını yaşadıb, həm də Mirzə Cəlil və Mirzə Ələkbər Sabir ənənlərinə sadiqliyini nümayiş etdirib. Ona görə ki, hər bir xalqın kökü və mədəniyyəti məhz anasının laylası, torpağa bağlılığı və bir də Ana dili ilə başlayır. Dilimizin namusunu çəkmək – milli mədəniyyətimizin, tariximizin keşiyində dayanmaq deməkdir. Axı, dil tək dünənimiz və bu günümüz deyil, həm də sabahımız və əbədiyyətimizdir. XİX əsr klassik gürcü ədəbiyyatının böyük nümayəndəsi, şair və yazıçı Vaja Pşavela haqlı deyib ki, dil xalqın anasıdır. Min dəfə sağ olsun! Verilən imkana sığınaraq Ana dilimizin daim qayğısına qalan, onun qeyrətini çəkən, dilimizi daim sevdirməyə və yaşatmağa çalışan Mir Cəlal müəllim başda olmaqla, bütün haqq dünyasına qovuşmuş ziyalı, sənətkar, alim, qələm və digər parlaq düşüncə sahiblərimizin ruhu şad olsun deyə, qəlbimdəki arzumu hörmətli oxucularımla paylaşmaq istəyirəm.
Qürurlanıram ki, qonşu və dost gürcülər yer üzündə Ana dilinə heykəl qoyan ilk xalqdır. Abidə 1984-cü ildə Tbilisi şəhərinin görkəmli yerində ucaldılıb. Hər ilin sentyabrında məktəblilər Ana dili heykəlinin qarşısında bu dilə və Vətənə sədaqətli olacaqlarına and içib tədris ilinə başlayırlar. Arzum odur ki, bu ənənə yurdumuzda da təcəssüm olunsun. Qoca Qafqazın iki dost xalqı - gürcülər və azərbaycanlılar bu milli ənənələrini bərabər yaşatsınlar, Ana dillərinə, Vətənlərinə daim sədaqətli, etibarlı olacaqlarına and içsinlər və bu milli-mənəvi rəmzi gələcək nəsillər üçün yadigar qoysunlar...
...Bilirik ki, ədəbi dil xalq dili əsasında yaranır. Xalq dilini, xalq düşüncə və deyim tərzindəki dəqiqliyi, şirinliyi, ürəyəyatımlılığı duyduqca, həmin əsərə, onu qələmə alan yazıçıya məhəbbət bir az da artır. Söz fikrin ifadə vasitəsi olduğu üçün onun da fikir kimi məna dərinliyi, məzmun rəngarəngliyi hududsuzdur. Söz müxtəlif tərəflərdən müxtəlif rəngdə görünə bilər. Məna pillələri ilə sözün zirvəsinə qalxmaq,onu hər tərəfdən görə bilmək, cövhərini tam üzə çıxarmaq qələm sahiblərindən böyük istedad tələb edir. Lakin bəzən yazarlar sözləri “darayıb”, cümlələri elə “ütüləyirlər ” ki, bu “darama” və “ütüləmə” bizi xalqın şirin-şəkər, dadlı-duzlu, səsli-nəfəsli dilindən uzaqlaşdırır. Nəticədə dilimiz soyuq, quru, dəftərxana dilinə çevrilir. Məsələn, aciz, bacarıqsız bir adamı quru dəftərxana dili ilə belə səciyyələndirmək olar: “Filankəs çox aciz adamdır. Sözü tutarsız və təsirsizdir. Sözü heç kəsin yanında keçməz, nüfuzu və hörməti yoxdur. Bacarıqsızdır ” və s. Bu uzun sicilləmələrin əvəzinə, bircə cümlə “Ağzı qatıq kəsmir” xalq ifadəsini işlətsək, həmin adamı daha dəqiq və daha gözəl xarakterizə etmiş olarıq. Belə xalq ifadələrinin gücü bir də ondadır ki, bunlar tərcüməyə gəlmir. Tərcüməsi mümkün olmayan söz və ifadələr onu yaradan xalqın ruhundan, zövqündən, düşüncə tərzindən, adət və vərdişindən, həyat və məişətindən doğmuş ifadələrdir. Ümumiyyətlə, bir dildə idiomların çoxluğu o dili yaradan xalqın qədimliyinə, məişətinin zənginliyinə və xüsusən də dilin əlvanlığına ən yaxşı dəlildir. Qeyd edim ki, hər hansı bir söz idiomatik deyimin içində məcaza çevrilir. Məsələn, “ saqqal” sözü “ saqqal tərpətmək” idiomasında bir məna, “ saqqala salam vermirsən ”də ikinci məna, “ ağsaqqal ” sözündə üçüncü məna, “ saqqalımın altından keç ” də dördüncü məna, ” saqqallı uşaq” da beşinci məna, “ saqqalım yoxdur, sözüm ötmür ” deyimində isə altıncı məna ifadə edir.
“ Saqqallı uşaq” ifadəsi böyük demokrat Cəlil Məmmədquluzadə tərəfindən yayılıb məhşurlaşdırılıb. Ədib “ Saqqallı uşaqlar ” məqaləsində yazırdı:” Ancaq məni bir qisim uşaqların fikri alıbdır: o da saqqallı uşaqlardır. Mən saqqallı uşaqlar o kəslərə deyirəm ki, otuz və qırx yaşa çatıb, amma adlarını yazmağa acizdirlə”.
Mir Cəlalın “ Dağlar dilləndi” povestində Mərkəzi Komitənin katibi Katib Katibli ali məktəb məzunlarına deyir: “ Sizin şagirdləriniz həm balaca uşaqlar, həm də saqqallı uşaqlar olacaq ”.
“Qaragünlüyünü qablaşdırmaq” ifadəsi hər cür çətinliyə, əziyyətə hazır olmaq, məhrumiyyəti, təhlükəni göz önündə tutmaq anlamında işlənir. Dilimizdə “ qara gün” və “ ağ gün” ifadələrinin tarixi qədimdir və bir sıra başqa xalqlarla müştərək olan inamlarla əlaqədardır. “ Qaragünlük” isə bu qara gün üçün əvvəlcədən hazırlanan, ayrılan azuqə, məhsul və s.-dir ki, bunları qablaşdırmaqla, gələn qara günü yola vermək mümkündür.
Mir Cəlalın “ Təzə şəhər ” romanında deyilir: ” Ağa dağ yolları ilə gedib həm pristavla, həm də qubernatorla görüşmüşdü. Hələ yollarda ikən qaranlığını bir də qablaşdırmışdı”.
Ədəbiyyatımızda işlədilən idiomatik ifadələrdən biri də Karvanqırandır. Bu, Zöhrə ulduzunun xalq dilindəki adıdır. Burda da Mir Cəlal yanaşmasına diqqət etmək istəyirəm. Nəzərə alanda ki, Azərbaycan xalq dilinə məxsus astionimlər tədqiq olunmayıb, bu sahədə dəqiqlik yaradılmayıb, müxtəlif əsatir və rəvayətlərdə astionimik adların qarışdırılmasını təbii hesab etmək olar. Azərbaycan ədəbiyyatında, məsələn, Q.Qəhrəmanovun “ Duzlu daşlar ” hekayəsində Zöhrə ulduzu Venera, Dan ulduzu, Axşam ulduzu, Çoban ulduzu ilə bərabər, eyni zamanda Karvanqıran kimi təqdim olunub, yəni ifadələr eyniləşdirilib. Onunla əsaslandırılıb ki, qədimlərdə bu ulduz çıxanda həmişə karvanlara basqın olurmuş.
İzahlı lüğətdə Mir Cəlaldan belə bir misal gətirilir: “ Fal göstərirdi ki, Dan ulduzunun Karvanqıranla ötüşüb qovuşmağı gözlənilir ”. Burada Karvanqıranla Dan ulduzu fərqləndirilir.
Eyni zamanda C.Cabbarlının da “ Ey Dan ulduzu ” şeirində bunlar qarşılaşdırılır və deməli, bir-birindən fərqləndirilir. Amma təkrar edirəm, dilimizdəki astionimlər tədqiq olunmadığı, əsaslı sübutlar ortaya qoyulmadığı üçün dilçıliyə kifayət qədər incəlik və həssaslıqla yanaşan bu iki ciddi ədəbiyyat adamının – Mir Cəlal Paşayev və Cəfər Cabbarlının yanaşmalarını bir oxucu kimi həqiqət hesab edirəm.
Mir Cəlalın əsərlərindəki xalq ruhuna doğma olan ahəngdarlıq hər zaman özünü büruzə verir. Yazıçı xalqın şirin və təbii dilindəki idiomatik ifadələri yerli-yerində işlətməyi bacarır. Onun “Mərkəz adamı” hekayəsində kiçik bir parçaya diqqət yetirək:” Paltarımı geyinib küçəyə çıxdım. Həyətin qarovulu üzümə baxıb, əhvalımı soruşdu. Güldü. Balaca gözlərini fanar işığından qoruyaraq, dişlərini ağarda- ağarda dedi :
- Hə! Get dolanginən, xamsan, hənuz! Bacıoğlu, bu namərd oğlunu sən tanımırsan. Buna Əntərzadə deyərlər...”
Buradakı “ Get dolanginən xamsan, hənuz ” idiomatik ifadəsi ilk dəfə Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi Əbülqasim Nəbatinin şerində işlənərək xalqın dilinə düşmüş və Mir Cəlaldan sonra bir çox ədəbiyyat nümunələrində əksini tapmışdır.
“ Xofla rica arasında qalmaq” əslində dini ifadə olub, həm Xaliqdən qorxmaq, həm də onun rəhminə bel bağlamaq,ümidsizliyə düşməmək mənasına gəlir. İfadənin indiki mənası belədir: tərəddüd etmək, mütərəddid qalmaq. Mir Cəlalın hekayələrinin birində deyilir : “ Şairlər demişkən, qaldım xofla rica arasında”.
Mir Cəlal həm bədii, həm də elmi yaradıcılığa təxminən eyni vaxtda, eyni dövrdə başlamış, uzun müddət yaradıcılığının hər iki sahəsi ilə məşğul olmuşdur. O, ədəbi tənqidə söykənən yazılarla bərabər, ədəbiyyat tariximizə aid ciddi tədqiqat əsərləri yaratmışdır. Onun elmi əsərlərində həmişə bir cəhət xüsusi nəzərə çarpmışdır: dərinlik, təbiilik və sadəlik. 50 ildən artıqdır ki, XX əsr Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi Mir Cəlal Paşayevin araşdırmalarının zəminində və elmi təlimi əsasında aparılır.
Füzuli haqqında ilk kitablardan birini Mir Cəlal yazmışdır. “Füzulinin poetik xüsusiyyətləri” adlanan və 1940-cı ildə yazılan bu kitab müəllifin həm də namizədlik dissertasiyası idi.Kitabda Füzulinin sənət baxışından, bədii dil xüsusiyyətlərindən, xalq dilindən necə istifadə etməsindən, şairin təsvir və ifadə vasitələrindən, lirikasının məzmunundan, Füzuli şeirinin poetikasından- vəznindən, qafiyələrindən, rədiflərindən və s.-dən ətraflı bəhs edilir. Sonradan Mir Cəlal bu monoqrafiyanın üzərində yenidən işləmiş, onu təkmilləşdirmiş və 1958-ci ildə “ Füzuli sənətkarlığı” adı ilə nəşr etdirmişdir.
Mir Cəlala Azərbaycan ədəbiyyatşünaslığında xüsusi mövqe qazandırmış əsərlərdən biri də 1947-ci ildə yazdığı “Azərbaycanda ədəbi məktəblər ( 1905-1917) ” monoqrafiyasıdır. Həmin dövr ədəbiyyatımızın hərtərəfli mənzərəsini əks etdirən bu maraqlı əsərə görə müəllif eyni zamanda filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. XX əsrin əvvəlində ədəbi hərəkatın inkişaf istiqamətlərini və yaradıcılıq problemlərini araşdıran elə bir alim yoxdur ki, Mir Cəlal Paşayevin “ Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyasından bəhrələnməsin. Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə kimi XX əsrin nüfuzlu tədqiqatçılarının əsərlərində Mir Cəlaldan gətirilmiş sitatlar bunu aydın şəkildə göstərir. Buna görə də elm aləmində hələ o zaman Mir Cəlalın “ Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərindən hərə bir qaşıq götürüb ” deyimi geniş yayılmışdı.
Elmin inkişafında onun xidmətləri böyük idi. Lakin Mir Cəlal Paşayev daha böyük titula sahib olmağa, elmi ad almağa can atmırdı, özünü oda-közə vurmurdu. Ciddi xarakter sahibi olan alimin yetişdirdiyi nəhəng alimlər ordusu onun ən böyük elmi dərəcəsinin təzahürü idi. Mir Cəlal müəllimin əsərlərinin birində belə bir epiqraf əksini tapmışdı : “ Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər ”.
Mir Cəlal müəllimin yazdığı roman və hekayələr həyati əsərlər olsa da, peşəkarlıq və sənətkarlıq baxımından yüksəkdə duran orijinal və yetkin sənət nümunələridir. Onun əsərləri özünün bədii təfəkkürünün məhsulu olub, əsl həqiqətdə insanı ədalətə, humanizmə, xeyirxahlığa, cəmiyyəti bəlalardan mühafizə etməyə səsləyən bir çağırışdır. Yazıçının “ Dirilən adam”, “ Bir gəncin manifesti”, “ Açıq kitab”, “ Yaşıdlarım”, “ Təzə şəhər”, “ Yolumuz hayanadır?” romanları, bir çox oçerklərin toplandığı “ Sağlam yollarda”, “ Yeni kəndin adamları ”, “ Gözün aydın” adlı kitabları, “ Boy” adlı hekayələr toplusu oxucuların yaddaşında dərin izlər qoymuşdur.Ədibin qələmə aldığı “İnsanlıq fəlsəfəsi”, “ Subaylıq fəlsəfəsi”, “Qaymaq”, “Ayaz”, “Şəxsi məsələ”, “Nazik mətləb”, “Vicdan əzabı”, “ Təzə toyun nəzakət qaydaları ”, “ Əsgər oğlu” və onlarla digər hekayələri sanki bu günümüz üçün yazılan əsərlərdir və cəmiyyətimizin bu günü üçün dəyərli nümunədir.
Bayaq dediyim kimi, Mir Cəlalın hər bir mövqeyi, hər bir addımı yalnız haqqa, ədalətə və humanizmə ölçülmüşdü. Odur ki, Mir Cəlal müəllimin vaxtilə tələbələri olmuş ziyalılarımızın hansı birisi ilə söhbət edirsənsə, hamısı öz müəllimləri haqda eyni məntiqlə danışır, eyni faktlarla onu yada salırlar. Deyirlər ki, Mir Cəlal müəllim bizə təkcə böyük klassikləri sevməyi deyil, həm də bütünlükdə ədəbi irsimizi, elm və mədəniyyətimizi düzgün, həqiqətə uyğun, zaman və tarix yanaşmasından çıxış edərək öyrənməyi, həll etməyi tapşırırdı. O, sənətkarları, böyük elm və mədəniyyət xadimlərini üz-üzə qoymağın, ideoloji prinsiplərə əsaslanaraq birini digərinə qurban verməyin qəti əleyhinə idi. Bunu təkcə ayrı-ayrı sənətkarlara, elm və mədəniyyət xadimlərinə deyil, bütünlükdə ədəbi irsimizə, ictimai fikrimizə, milli mənəviyyatımıza, cəmiyyətimizin ardıcıl, dinamik, intellektual inkişafına ağır zərbə və tarixi həqiqətin təhrifi kimi qiymətləndirirdi. Hamımızı xalqa çox baha başa gələn bu yalnış addımlardan uzaqlaşmağa və elmi fəaliyyətimizdə varislik prinsipini gözləməyə çağırırdı.
Mir Cəlal müəllimin tələbəsi olmuş, filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyevin xatirələrindən birindəki təkcə bu epizod Mir Cəlal müəllimin nə qədər dərin məfkurəli, uzaqgörən, humanist və parlaq zəkalı bir müəllim-ağsaqqal olduğunu təkrarən sübut edir və onu daha da sevdirir. Xalid müəllim yazır:” Mir Cəlal müəllimin yetişdirmələri içərisində rəhmətlik Firidun Hüseynova xüsusi rəğbəti vardı. Bu istedadlı, hələ cavan ikən ağsaqqallıq məqamına çatmış tələbəsi ilə fəxr edir, onun elmdə, ictimai işlərdə qazandığı nailiyyətlərə ürəkdən sevinirdi.
...Bir dəfə elmi müşavirələrdən birində Firidun müəllimlə aramızda çox ciddi mübahisə düşdü. Bir-birimizə güzəştə getmədiyimizə görə, məsələ böyüyüb açıq münaqişə həddinə çatdı və demək olar ki, küsülü vəziyyətdə ayrıldıq. Bundan xəbər tutan Mir Cəlal müəllim kafedraya gələn kimi, məni yanına çağırıb birbaşa soruşdu:
-Firidunla aran necədi?
- Elə-belə, pis deyil...
- “Elə-belə” nədi, qardaş? Sizə eyib deyil, boş şeylərin üstündə bir-birinizə hücum edirsiniz. Firiduna da demişəm. Gedin barışın və aranızda olan incikliyi unudun. Sizi istəyən çox olsa da, istəməyənlər də var.Niyə bədxahlarınızı sevindirirsiniz? Belə olmaz. Mən həmişə sizi səmimi həmkar, dost kimi görmək istəyirəm.
Daha sonra Mir Cəlal müəllim ibrətamiz bir misal çəkdi:
- Qorki deyirdi ki, Puşkin kimi dahinin öz mühitinə, onu əhatə edən dostlarına ehtiyacı vardı. Məhz bu dostların köməyi ilə onun şeirləri ildırım sürəti ilə Rusiyanın hər yerinə yayıldı. Puşkini Puşkin eləyən onu yetişdirən mühit oldu. Kiçik də olsa, sizin də öz mühitinizə ehtiyacııınız var. Bir-birinizi qorumasanız, çətin anda bir-birinizə arxa durmasanız, dahi də olsanız, istədiyinizə nail ola bilməyəcəksiniz. İndiyədək münaqişə, dedi-qodu, yersiz demaqoqluq heç kimə şöhrət, başıucalıq gətirməyib.Bunu unutmayın.
Firidun da, mən də, əziz müəllimimizin tapşırığına əməl edərək, tezliklə barışdıq və dostluğumuz, bir-birimizə olan inamımız getdikcə böyüdü, pozulmaz ilqara çevrildi ”.
Mir Cəlal müəllim insanlıq fəlsəfəsinin doğrudan da böyük filosofu idi. Qayğıkeş idi, arxasızlara, köməksizlərə, halal və zəhmətkeş insanlara daim dayaq olurdu. Həyat yollarında tələbələrinin yaxın məsləkdaşına çevrilmişdi. Müəllimlərdən kimsə doktorluq işi hazırlayıb kafedraya gətirəndə Mir Cəlal müəllim hamıdan çox sevinirmiş. Sanki bu iş başqasının deyil, onun öz əməyinin məhsulu imiş. Əlini stolunun üstündəki cildlənmiş doktorluq dissertasiyasının üstünə qoyub, üzündə xoş təbəssüm, xüsusi fərəhlə deyirmiş:
- Cox sağ ol, qardaş. Dağ boyda iş görmüsən. Təbrik eləyirəm. Sən artıq öz borcunu yerinə yetirdin. İndi növbə bizimdi. Dissertasiyanı ver uşaqlara oxusun, vaxtında müzakirə eləyib göndərək müdafiəyə...
Musa Ələkbərlinin xatirəsindən: “ Mir Cəlal müəllim olduqca duyumlu, həddindən artıq həssas bir insan idi.Onu yaxından tanıyanlar,müəllim yoldaşları, aspirantları, tələbələri çox yaxşı bilirdilər ki, Mir Cəlal müəllimin “yanından köç ötürmək” qeyri-mümkün idi.Soruşduğu,maraqlandığı məsələlər barəsində gərək ona əsl həqiqəti deyəydin, yoxsa onun nüfuzedici baxışları altında dilin topuq çalacaq, kəlmələri alt-üst vuracaqdın.
Dördüncü kursda oxuyurdum.Özümdən aşağı kursda oxuyan bir qızla çox maraqlanırdım...Onunla tanış olsam da, heç cür yaxınlaşa, ürəyimi aça bilmirdim.
Uzun götür – qoydan sonra nəhayət, çarə tapıldı.Mən o vaxtlar, tələbə ikən Azərbaycan radiosu ilə əməkdaşlıq edirdim.Hər ay ən azı bir-iki verilişim səslənirdi.Qərara aldım ki,fakültəmizdə oxuyan iki nəfər əlaçı qızdan veriliş hazırlayım. Təbii ki, o iki nəfərdən biri maraqlandığım o qız olacaqdı.
Fakültəmizin dekanı ilə danışdım.Çox xoşhal oldu və iki nəfər qızın adını verdi və o qızlardan biri o idi.
Dekanın göstərişi ilə qızlarla Mir Cəlal müəllimin kafedrasında görüşdüm. Mən qızlarla təzəcə söhbətə başlamışdım ki, Mir Cəlal müəllim gəldi.Laborant qız məndən əvvəl söhbəti ona açıqladı.Mir Cəlal müəllim əlini çiynimə qoydu, qızlarla mehribanlıqla görüşdü.
- Mir Cəlal müəllim, - dedim, - fakültəmizin əlaçı qızlarıdır.Mən onları radioda işıqlandırmaq istəyirəm.
Mir Cəlal müəllim özünəməxsus bir yumorla:
- Bu qızların işığı nəinki özlərinə, hətta bütöv bir şəhərə bəs eləyər – dedi. Ancaq düzünü de, görüm, bunlardan hansını sevirsən?
Nəsə bir söz demək istəsəm də, Mir Cəlal müəllimin mehriban, gülümsər baxışları altında dinə bilmədim.Bircə onu hiss elədim ki, üzüm, gözüm, qulaqlarım,bütöv bədənim od tutub yanır.Suçlu adamlar kimi eləcə döyükdüm.Ay bənizli o qız da qıpqırmızı qızarmışdı.Mənim uzaqlardan başlayacaq dolambac yollarımı Mir Cəlal müəllim tək bircə kəlməsi ilə qısaltmış, söhbətimi əsl mətləb üstə kökləmişdi “.
Mir Cəlal müəllim əməlində, qəlbində, ruhunda düz adam idi, əqidəsi təmiz idi, hər zaman mənliyini qoruyurdu, halallığın, işgüzarlığın tərəfdarı idi. Bu keyfiyyətlərin sahibi olan insanlarla ünsiyyətindən, onlara qayğı göstərməsindən,həyat yollarında dayaq olmasından zövq alırdı.Elə bu saf dünyasına görə də Tanrı ondan heç bir mərhəmətini əsirgəməmişdi. Onun gözəl ailəsi vardı.Ocağında tərbiyəli, istedadlı övladlar böyüyürdü.Çünki bu ocağı əlinin zəhməti, ürəyinin hərarəti şölələndirmişdi. Azərbaycanın ucqar dağ kəndində balaların savadlanması, təhsil alması yolunda bacarığını əsirgəmədən çalışaraq, halal əmək haqqı ilə özünə isti yuva qurmuşdu :
“Gədəbəydə işlədiyim üç il həyatımın ən gözəl, ən unudulmaz illəri olub. Gədəbəyin ab-havası, rəngarəng, füsunkar təbiəti, gözəl, mərd insanları, onların mənə göstərdiyi qayğı, hörmət indi də yadıma düşəndə, kövrəlirəm, ürəyim riqqətə gəlir. O vaxt ucqarlarda işləyən müəllimlərə yaxşı pul verilirdi. Pul da pul idi. Təsəvvür eləyin, üç manata bir erkək almaq olurdu. Mən orada qazandığım pulla gedib iki il Kazan Pedaqoji İnstitutunda təhsilimi artırdım, Bakıda, İçərişəhərdə ev aldım, toyumu elədim”. İslam dininin banisi böyük Məhəmməd Peyğəmbərin sözü bir daha təsdiqini tapır: “ Elm dalınca düşənin ruzisini Allah öz öhdəsinə götürür ”.
Mir Cəlal müəllimin ailəsində ata və övladlar arasında səmimi dost münasibəti vardı. Deyirlər, yaxşı atanın verdiyi tərbiyəni heç bir məktəb verə bilməz. Ailədə atanın verdiyi tərbiyə uşaqların böyük sərvəti idi. Mir Cəlalın uşaqları onun üçün dünyanın ən böyük səadətinə çevrilmişdi. Yazıçının qızı, Bakı Dövlət Universiteti Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent Ədibə xanım Paşayevanın dediklərindən:” Övladcanlıydı. Arif orta məktəbi yenicə bitirmişdi. Ürəyindən Moskvada təhsil almaq keçirdi. Atam da istəyirdi ki, oğlu getsin və bir az gözləri açılsın...
O vaxtlar hələ heç kim qızını turizm səfərinə tək buraxmazdı. Amma mən Macarıstana səfər edəndə 18 yaşım elə orada tamam olmuşdu.
Anam narahat olub deyərdi:
- Mir Cəlal, onu hara buraxırsan? Hələ uşaqdır.
- Hələ ki mən sağam, qoy qızım dünyanı gəzib-dolaşsın. Qızların işi çətindir, kimə rast gələcək, taleyi necə olacaq, Allah bilir “...
Vaxtilə məşhur “ Oqonyok” jurnalında Mixail Antonovun “Nəcib qaydalar və nəcib əməllər ” məqaləsindəki bir fikri tez-tez xatırlayıram: “ İnsan amili haqqında çox danışıb və çox yazsaq da, ona yalnız bir baxım bucağından yanaşırıq: insana qayğı göstərmək lazımdır ki, o, yaxşı işləsin. Məgər insan təkcə “ işçi qüvvəsidir ”, “ əmək ehtiyatıdır ”? Yox. İnsan sosial və mənəvi varlıqdır, cəmiyyətimizin başlıca sərvətidir ”.
Böyük bəstəkarımız Qara Qarayevin də dediklərini unutmuram. Bəstəkar qeyd edirdi ki, bəzən sənətkarlar bir-iki mövzunun ətrafında dolanır, həmin dairədən kənara çıxa bilmir. Əsl sənətkar odur ki, uzun illər dönüb dolandığı dairəni dağıdıb kənara çıxa bilsin, ikinci, üçüncü dairələr yaratmağı isə bacarsın!
Bəs bunun üçün nə vacibdir? Gəlin, unudulmaz şairimiz Bəxtiyar Bahabzadənin tövsiyələrini yada salaq : “ Təkcə istedada güvənmək olmaz. Çox gəzmək, çox görmək, çox oxumaq, çox axtarmaq, çox bilmək, ümumi səviyyəni daim artırmaq və öz üzərində çox işləmək lazımdır. Bunsuz əsrin səviyyəsində durmaq, ümumbəşəri inkişafla ayaqlaşmağa çalışmaq, zamanın özündən doğan yeni sözü demək, müasir oxucunun qəlbinə yol tapmaq mümkün deyil ”.
Mir Cəlal müasir oxucunun qəlbinə birbaşa yol tapırdı. Çox gəzmək, çox görmək, çox oxumaq, çox axtarmaq, çox bilmək, ümumi səviyyəni daim artırmaq kimi keyfiyyətlər isə birinci Mir Cəlalın ailə üzvlərindən başlayırdı.O, övladlarını imam Həzrəti Əlinin dediyi kimi, öz dövrü üçün deyil, onların dövrü üçün yetişdirirdi. Uşaqları hamısı ali təhsilli, çalışqan, zəhmətkeş, dünyəvi hadisələrdən xəbərdar idi. Hələ sovet dövrünün ən inkişaf illərində SSRİ məkanının hüdudlarını aşıb xarici ölkəyə göndərilmək hər ailənin üzvünə nəsib olan üstünlük deyildi. Mir Cəlal Paşayevin ortancıl oğlu Hafiz ən yüksək etimadı qazanaraq, 70-ci illərin ortalarında Amerika Birləşmiş Ştatları kimi superdövlətə göndərilməyə layiq bilinmişdi.
Hafiz artıq ABŞ –da işləyirdi. Ailədə isə hamı Hafiz və onun sevimli ömür-gün yoldaşı Rəna xanım üçün darıxırdı. Əziz oxucularım, gəlin sizinlə bərabər, həmin illərdə Mir Cəlal müəllim başda olmaqla, ailənin zərif duyğuları yaşayan və okeanların o tayına, uzaq Amerikaya pərvazlanan iki məktuba diqqət yetirək. O məktublara ki, hazırda Mir Cəlalın Gəncədəki ev-muzeyində gözəl eksponat və dəyərli sənəd kimi qorunur.
“ Əzizim Hafizə salamlar olsun,
Bu dünya durduqca, o da var olsun!
Hafiz, sənin son məktubun, Aqilin balasına göndərdiyin şəkillər ailəmizdə sevinc və şənliyi çox artırdı. Vaxtilə Rəna xanımın alıb burada qoyduğu körpə libasını, sənin məktubunu götürüb Zemfira xanımın görüşünə getdik. Orada da şənlik başladıq. Sizin və balaların sağlığına badə qaldırdıq. Evdə salamatlıqdır. Aqil xaricə, Orta Şərqə səyahətə gedib. Ayın əvvələrində gələcək. Elmira da, Ədibə də dərslərilə məşğuldurlar. Arifin, Tofiqin, Eldarın kefləri sazdır, sizə salam deyirlər. Aqil gedəndə Moskvada uşaqlar ilə görüşmüş, Camalı, Cəmiləni sevindirmişdir. Bu yaxınlarda Püstə xanımı da uşaqların görüşünə göndərəcəyəm. Cümşüd bu axşam Mahiri yola salırdı. Bütün əhl-əyalilə bizdə idilər. Bakıya soyuqlar düşüb. Ailələrdə qışa hazırlıq gedir. Tofiq vaxt tapanda bağa gedir. Orada təmir işi aparmaq istəyirik. Qohum-əqrəbanın, dost-aşnanın hamısının sənə salamı var, hamısı sənə öz işində qələbə arzulayır, yolunu gözləyirlər. Göndərdiyin otkrıtka – şəkillər əldən - ələ gəzir, hamı maraqla baxır. Sənə möhkəm cansağlığı və səadət arzulayırlar.
Səni bağrımıza basıb qara gözlərindən öpürük, çoxlu- çoxlu salam-dua deyirik. Anan, nənən, bacı və qardaşların, bütün qohum -əqrəba sənin uzaq səfərinin qələbə ilə, tez başa çatmasını aramsız gözləyirlər.
Hələlik bu qədər. Telefon ilə danışmağa hazırlaşırıq. Arif nömrəni tez yığa bilir.
Anan və atan
24 / X 75 ( imza qoyulmuş) ”
Daha bir məktub:
“ Əziz oğlum Hafizə salam və yeni il təbrikləri!
Gözün aydın olsun, Rəna xanım yanındadır. Birlikdə dünyanın o tayına yaxşı bələd olarsınız. Bu gün Xəzər sahilində Musa müəllim ilə Sizin səyahət haqqında şirin söhbət və arzular eləmişik. Camal və Cəmilə darıxmasın deyə, Musa müəllim birisigünə bilet aldırıb. Burada salamatlıqdır. İki dərəcə şaxta var. Qohum - əqrəba sizə salam – dua göndərir. Elmira, Ədibə, Rəna hərə öz yoldaşı ilə dünən burada idilər. Kefləri sazdır. Püstə xanım Gəncədən gəlmişdi, başına yığılmışdılar. Hamısı Sizin bayram təbrikinizi oxuyub təşəkkür etdilər.
Gözəl xanım, Aqil müəllim, Arif, Aida, Zemfira yeni il süfrəsində Sizi yad edib şüşələri şaqqıldadırlar. Aytəkin, Altay, Leyla, Nərgiz, Mehriban, Elçin, Nəzakət – hamısı dərsin - qış imtahanlarının hayındadırlar. Mahir əsgərdir. Aqilin balaca qızı atası ilə deyib-gülür. Gərək ki, şəklini Sizə göndəriblər.
Sizin yanınızdan bir oğlan gəlmişdi. Aqil ilə yaxşı söhbətlər edib. Sizin rəssam işlərindən maraqla danışıb.
Hərdən bağa gedirik. Meynələri kəsirik. Daha nə yazım, Sizə göndərməli çox yeməli meyvələr var, nəqliyyat çatmır. Sizinlə görüşməyi aramsız gözləyirik:
Sizdən ayrı yüz qəmü, dərdü- məlamətdir mənə,
Nə xoşam, nə naxoşam, bilməm nə halətdir mənə!
Sağlıq olsun mayda məmnuniyyətlə görüşərik! Sənə can sağlığı, Rəna xanıma gümrahlıq, işiniz, təhsilinizdə qələbələr! Sizi bərk-bərk qucaqlayıb öpürük. Hələlik bu qədər. Salam və hörmətlər. Vaxt olanda, yazın. Məktublarınız bizə bayram havası gətirir!
( imza qoyulmuş) 22 / xıı 75 İlin ən uzun gecəsi ”.
Mir Cəlal müəllimin ata sevgisi, ata kövrəkliyi ilə yazdığı bu məktublardan bir daha duyursan ki, onun son dərəcə mehriban, şən, bir-birinə qarşılıqlı hörməti olan ailəsi, ailə üzvləri olub və indi də var. Yazıçı gəlinlərini öz qızlarından ayırmayıb. Onlara öz övladı, balası kimi məhəbbət, qayğı göstərib. Maksim Qorki nahaq yerə deməyib ki, dünyanın bütün iftixarının səbəbi qadınlardır. Mir Cəlalın ailəsində qadınların, qızların, gəlinlərin xüsusi nüfuzu olub, indi də var və olacaqdır da.
Azərbaycanın gözəl bir atalar sözü var, min xalq yığılsa, bir ananın yerini verməz. Yusif Vəzir Çəmənzəminli haqlı olaraq etiraf edirdi ki, ana insaniyyətin məşəl aparanıdır. Mir Cəlalın ocağında belə bir ana vardı – Püstə xanım. Uşaqların tərbiyəsində onun da xidmətləri danılmazdı. O, çox erkən yaşlarında ailə məhəbbəti və nəvazişindən məhrum olan ərinə bu müqəddəs sevgini ikiqat yaşadırdı. Püstə xanım ərinə böyük dayaq idi. Mir Cəlal ömür-gün yoldaşını çox sevir, hər sözünü –kəlməsini onunla paylaşırdı. Övladlar da analarına itaət edirdilər. Qızlar, gəlinlər onun evdarlığından, səliqə-səhmanından, el dilində desək, biş-düşündən çox şey öyrənirdilər.
Yazıçı, nəvələrinə son dərəcə həssaslıq və xoş rəftarla yanaşırdı. Onları daim təbəssümlə, şirin kəlmələrlə danışdırırdı. Övladları ilə bərabər, nəvələrinin də mükəmməl təhsilə yiyələnib xalqına, ölkəsinə faydalar verəcək işgüzar vətəndaşlar kimi formalaşdırmağa çalışırdı.
Ukrayna dramaturqu və ictimai xadimi Aleksandr Korneyçuk deyirdi ki, yaxşı ailə qurmaq üçün təkcə məhəbbət kifayət deyildir. Bundan ötrü dostluq da gərəkdir. Cənab Korneyçuk düz deyir. Ərlə arvad arasında məhəbbət dostluqla qoşa addımlamalıdır. Ər və arvad bir-birinin ən yaxın dostu və ən etibarlı sirdaşı olmalıdır. Məhz Mir Cəlal müəllim və Püstə xanım kimi. Bu iki parlaq insanın bir – birinə sevgisi və səmimi dostluğu nəinki ailə üzvlərinə, övladlara, nəvələrə, hətta qohumlara, qonşulara, qonaqlara da sirayət etmişdi. Onlardan çoxları öyrənirdi. Mir Cəlal müəllimin ailəsi həyat yollarında yüksələn mənəviyyat universiteti idi. Bu universitet xalqa və cəmiyyətə heç bir dünyəvi universitetin öyrətmədiyi müqəddəs ailə ənənələrini öyrədirdi. Bu universitetin meyarlarına sədaqətli olan hər bir kəs taleyinin yollarında əsla uduzmurdu, insanı xoşbəxtliyə aparan bu sınanılmış yolda öz səadətinə qovuşurdu. Çünki bu ailə dəyərlərinin arxasında düzlük, səmimiyyət, mehribanlıq, ədalət və halallıq dururdu.Ədibin yaratdığı şah əsəri doğrudan da onun ailəsi idi.
Yunan alimi Xilon deyirdi: “ Yaxşı rəhbərlik etməyi evində öyrən ”. Mir Cəlal gözəl ailəsinin böyük rəhbəri idi. Ailənin – kiçik dövlətin böyük rəhbəri. Və özünün də xəbəri yox idi ki, bu kiçik dövlətdə artıq böyük dövlətin gələcəyi üçün böyük alimlər, böyük siyasətçilər, böyük diplomatlar, böyük ictimai xadimlər yetişirdi.
Mir Cəlal müəllim Universitetdə xalqının övladları, ailəsində isə öz balaları üçün, onların yetkin şəxsiyyət olaraq inkişafı üçün böyük əmək sərf edirdi. Onları məhz Mixail Antonovun dediyi kimi, sosial və mənəvi varlıq, cəmiyyətin başlıca sərvəti kimi qoruyurdu. Qara Qarayevin dediyi kimi, onların ətrafında rəngarəng mövzulu, çoxsaylı dairələrin yaranmasına istiqamət verirdi. Bunun üçün də Mir Cəlal həm öz uşaqlarına, həm də qəlbən bağlandığı tələbələrinə bayaq qeyd etdiyim tək, çox gəzmək, çox görmək, çox oxumaq, çox axtarmaq, çox bilmək, ümumi səviyyəni daim artırmaq, əsrin səviyyəsində olan ziyalı kimi yetişmək prinsiplərini aşılayır və gecə- gündüz buna çalışırdı. Bunu özünə atalıq borcu hesab edən Mir Cəlal, həm doğma atalıq, həm də mənəvi atalıq səadətindən həzz alırdı.
Övladları onu həm ailə başçısı kimi, həm dost , həm də alim kimi sevirdilər. Dərin, ülvi bir məhəbbətlə sevirdilər. Mən buradaca sevimli oxucularımın diqqətini yenidən məqaləmin əvvəlinə cəlb etmək istəyirəm. Mir Cəlalın övladlarının biri-birindən maraqlı, dəyərli, tarix və nəsillər üçün əhəmiyyətli olan xeyli xatirələri var sevimli ataları haqqında. Onları oxumaqdan doymaq olmur. Lakin hörmətli Arif müəllimin və möhtərəm Hafiz müəllimin xatirələrindən nümunə gətirdiyim iki iqtibas zənn edirəm ki, böyük bir kitabın mövzusunu və çəkisini əks etdirən fikirlərdir. Mir Cəlal müəllimin ruhuna ülvi münasibətimin nümunəsi olan bu növbəti yazımı yenə onun övladı, sevimli və istəkli qızı, üz cizgilərindən eyni ilə Atasına oxşayan sevimli Ədibə xanımın xatirəsi ilə bitirmək istəyirəm:
“Artıq ürəyi onu incidirdi. Elə qan təzyiqi də özünü büruzə verirdi. “ Təcili yardım” cağırmışdıq. Gecəyarısı gəlib çıxdı. İnfarkt keçirmişdi. Gərək qalxmayaydı. Onun bir saatı vardı. Nəvələri bunu “ Babamın saatı” adlandırırdılar. Saatı ancaq özü qurar, özü işlədərdi. Gecə saat 01.50-də saat dayandı. Həmin anda atam da gözlərini həmişəlik yumdu.
Atamın vəfat etməsi anam üçün böyük itki idi. Bizim üçün də çox ağır idi. Çünki nə dayımız, nə əmimiz varıydı, bircə xalamızıydı, o da evin içində yaşadığından böyük bacı bılirdik...Ona görə də anam şükür edəndə təəccüblənib soruşduq:
- Ay ana, nəyə şükür edirsən?
Ona görə şükür edirəm ki, Mir Cəlal övladlarının, nəvələrinin arasında rəhmətə getdi...
Hərdən soruşurlar ki, Mir Cəlal müəllim vəsiyyət eləyib? Çaşıb-qalırıq. Çünki onun bütün həyatı vəsiyyət idi. Bircə əyri addım atmamışdı. Elə yaşayırdı ki, baxıb, ancaq ibrət götürmək olardı ”.
Doğru deyirsiniz Ədibə xanım, Mir Cəlal müəllimin Vətəndaş olaraq, Ata olaraq, Müəllim olaraq, Alim olaraq bütün keyfiyyətləri ibrət götürülməli idi.Çünki o, böyük İnsan idi.Böyük İnsanlarınsa həyatı fransız yazıçısı Lüsyen Arreanın dediyi kimi, onların ölüm anından başlayır. Mir Cəlalın əsl həyatı elə həmin andan başladı: 1978 – ci il, 28 sentyabr, saat 01.50 dəqiqədən...
P.S. Müvafiq sənədlərin əldə olunmasına kömək etdiyinə görə Mir Cəlal Paşayevin Gəncədəki ev- muzeyinin direktoru İradə İbayevaya minnətdarlığımızı bildiririk.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM