Publisist-politoloq
Avqustun 15-də hind xalqı müstəqilliyinin 69-cu ildönümünü qeyd etdi.
Hindistanın himni Şərqin böyük filosofu Rabindranat Taqorun əsəridir.
Qədim, zəngin mədəniyyəti olan istedadlı hind xalqı tarixin fırtına və qasırğalarına həmişə mərdliklə sinə gərib, gözəl incəsənət və ədəbiyyat əsərləri yaratmışdır. Bu əsərlərdə xalqın dərin zəkası, əzəmət və qüdrəti, onun ən nəcib hiss və duyğuları, humanizm və xeyirxahlığı, sadəlik və müdrikliyi ifadə olunmuşdur.
Hind mədəniyyəti hələ qədim zamanlardan xalqlara tanış idi. Hind xalqının azadlığı uğrunda böyük mübariz, demokrat və filosof Mahatma Qandinin əsasını qoyduğu “Qandizm” adlı fəlsəfi-siyasi cərəyanın başlıca idealı hind milli təfəkkürü və ənənələri ilə bağlı idi. M.Qandi deyirdi:“Mədəniyyət - elə bir davranışdır ki, o, insana öz insani borcunun nə demək olduğunu aydınlaşdırır.İnsani borcunu ödəmək və əxlaq normalarına riayət etmək oxşar, həmcins anlayışlardır. Əxlaq normalarına sadiq qalmaq- öz hiss və ehtiraslarına hakim olmaq deməkdir. Yalnız belə bir davranış sahəsində biz özümüzü dərk edirik.Təsadüfi deyildir ki, “sivilizasiya” qudcarat dilində “gözəl davranış” deməkdir. Əgər bu məfhum doğrudursa, o zaman Hindistanın kimdənsə nəyisə öyrənməyinə heç bir ehtiyac yoxdur”.
Hind musiqisinin məşhur tədqiqatçılarından Silven Levi yazır ki, İrandan Çinə qədər, Sibirin buzlu yerlərindən Yava adasınadək hind musiqisi hər yerdə tanınmışdı. Hind musiqisindən bəhs edən alimlər, yazıçı və təzkirəçilər göstərmişlər ki, hindlilər musiqiyə çox meyl göstərən xalqdır. Musiqi hind əfsanələrində, milli eposlarında mühüm yer tutur. “Ramayana” və “Məhəbhəram” dastanlarında ən qədim hind musiqisindən də bəhs edilir. "Sanqitaratnakada" adlı musiqi risaləsində göstərilir ki, musiqi insana ruh verir, ürəkləri həyəcanlandırır, şər qüvvələri uzaqlaşdırır. Hindistanda elə bir məclis olmaz kı, orada oxuyub - oynamasınlar.
Hind musiqisi Azərbaycan xalq musiqisinə çox yaxındır. Hindistanın böyük dövlət xadimi Cəvahirləl Nehru özünün “Hindistanın kəşfi” adlı elmi əsərində müsəlman musiqiçilərinin sənətkarlığından danışır və göstərir ki, onlarla hindli musiqişünaslar arasında yaxın yaradıcılıq, dostluq əlaqəsi olmuşdur.
Hind xalqı öz gözəl musiqisini min illərdən bəri qoruyub inkişaf etdirmişdir. Mütəxəssislər bildirir ki, hind musiqisi öz kökünü raqalardan-muğamlardan alır. Raqalar, yəni köklər hind musiqisinin əsasını təşkil edir. Azərbaycanın milli mədəniyyətinə məxsus “Mahur” muğamının üç min il əvvəl Hindistanda yaradıldığı məlumdur. Müasir hind musiqisini dinləyərkən raqaların, xüsusilə “Mahur” muğamının bütün hind musiqisində nə qədər mühüm yer tutduğunu aydın görmək olar.
Hindistan və Azərbaycan arasında mövcud olan mədəni əlaqələr XIII-XIV əsr Azərbaycan tarixçilərinin əsərlərində də öz əksini tapmışdır. Alimlərimizdən Rəşidəddin 600 il əvvəl yazdığı “Cameüt-təvarix’’ kitabında Hindistan, Çin, Monqolustan və başqa ölkələrin tarixindən ətraflı bəhs etmişdir.
Azərbaycan alimi Zeynalabdin Şirvani Hindistanı gəzmiş, gördükləri barədə üç kitab yazmışdı. O, hind alimləri ilə görüşmüş, Hindistanın əfsanələrini, musiqisini, memarlığını bəyənmiş, təqdir etmişdi. Onun “Cənnət bağı səyahətləri” (“Riyazüs səyahə”), “Səyahət bağları” (“Hədayqus səyahə”), “Səyahət bağı” (“Bustanüs səyahə") əsərlərində hind xalqı, Hindistan haqqında maraqlı fikirləri vardır. O, bu əsərlərində Hindistanı cənnət adlandırır, gözəl hind sənətindən danışır, hind adət-ənənələri, el şənliklərindən bəhs edirdi. Bütün bunlardan həvəslə söhbət açan Zeynalabdin Şirvani, eyni zamanda hind xalqının başı üstündəki ingilis imperializmini kəskin ifşa edirdi.
XIX əsrin ikinci yarısından başlayaraq hind ədəbiyyatında, habelə hind poeziyasında dönüş dövrü başlanmışdı. Xalq kütlələri fəallaşdıqca, müstəmləkə zülmünə və onun mənfur qanun-qaydalarına qarşı milli istiqlaliyyət uğrundakı mübarizələr genişləndikcə, ədəbiyyatda da yeni ideya və formalar yaranırdı. Hind şeirində başlanan yeni istiqamətin görkəmli nümayəndəsi Bxaratend Xarişçandra öz satirik şeirlərində, siyasi yazı və məqalələrində zülm və əsarətə qəzəblə nifrət edirdi. “Hindistanın dərdi” adlı əsərində o, ölkənin bədbəxtliyini qəlbindəki yaraya oxşadır və yadların hökmranlığını ən böyük biabırçılıq və təhqir adlandırırdı. Bütün ölkədə hökm sürən aclığı, talan və ağır vergiləri ürək acısı ilə qələmə alaraq, xalqı qaranlıq gecələri işıqlı gündüzlərə çevirməyə çağırırdı. Onun “Qanqa” adlı şeiri Ana Vətənə, onun füsunkar təbiətinə məftun olan bir şairin könül mahnısı kimi səslənirdi.
Hind şeirinin ən böyük nümayəndələrindən biri Svalen Vivekananddır. Onun ictimai və ədəbi fəaliyyətinə yüksək qiymət verən Rabindranat Taqor yazmışdır ki, Hindistanı başa düşmək istəyənlər, gənc nəsildə Vətənə məhəbbət və sədaqət duyğusu, onun keçmişi üçün iftixar və parlaq gələcəyi üçün ümid hissi oyadan bu böyük sənətkarı oxumalıdırlar.
XX əsrin böyük şairi Məhəmməd İqbalın adı Hindistanın hər yerində dərin hörmətlə çəkilir. Klassik hind ədəbiyyatının vətənpərvərlik kimi nəcib ənənələrini inkişaf etdirən şairin “Bizim Hindistan” şeiri dillər əzbəri olan bir xalq mahnısına çevrilmişdi. Bu şeir həcmcə kiçik olsa da, böyük bədii təsir qüvvəsinə malikdir. O, böyük və unudulmaz şairimiz Səməd Vurğunun “Azərbaycan” şeiri kimi xalqın iftixar duyğularını tərənnüm edərək ürəkləri riqqətə gətirir.
Hind xalqının azadlıq mübarizəsindən danışarkən böyük vətənpərvər Tilakın xatirəsini yad etməmək mümkün deyil. 0, xalq arasında “Purna svarac”ı, yəni İngiltərə müstəmləkə ağalığından tamamilə azad olmaq şüarını irəli sürmüşdü.
Şair Xarindranat Çattopadxayyanın “Yalan” şeiri isə... Böyük öyüddür, çox böyük:
Şairsən, şeirində vəsf eyləyirsən
Sərin kölgələrin şeiriyyətini.
Baxıb qızıl rəngli üfüqlərə sən-
Sevirsən göylərin ülviyyətini.
Söylə,dinlədinmi barı bircə an
Bu ac qadınların ahu-zarını?
Axı,bir əl boyda çörək ucundan
Onlar satır cavan vücudlarını.
Belə deyirlər ki, bezib həyatdan,
Ömrünü sürürsən zahid kimi tək:
Zövq alıb göylərdən və kainatdan,
Dağlardan şeirinə alırsan bəzək.
Lakin söylə mənə, baxmısanmı heç
Yorğun baxışlara, qəmli gözlərə?
Dünyadan ümidsiz eləyəndə köç
Payız yarpağı tək solan üzlərə?!
Nadan! Tərif etdin illər uzunu
Sakit gecələrin ulduzlarını.
Lakin söylə mənə, qoy bilim bunu,
Gördünmü yurdumun ac qızlarını?
Bil, aclar sevməyir ulduzu əsla,
Ay da cüzam kimi gəlir onlara;
Aclar həmdəm olub əbədi yasla,
Gözlərdə duman var, qəlblərdə yara.
Şair utanmadan təsvir edirsən
Gümüşü çayları bəlkə yüz kərə.
Yoxsa bilmirsənki bu zamanda sən
Şəhərlər çevrilir xərabələrə?
Milyonlar köməksiz kölələr kimi
Məhv olur altında cəbrin, zəhmətin.
Dünyaya sığmayır insanın qəmi.
Başında od çaxır bəşəriyyətin.
...Lakin en torpağa, əzabkeş yerə,
Onun dərdlərini yaz varaqlara!
Nəzər sal, ey şair, barı bir kərə
Acından büzüşən bu uşaqlara!
Böyük siyasi xadim, Hindistanda milli-azadlıq hərəkatının görkəmli liderlərindən biri, sülh, demokratiya və sosial tərəqqi uğrunda mübariz, milli əsarətin barışmaz əleyhdarı olan Cəvahirləl Nehru parlaq sima kimi xalqların yaddaşında əbədi yaşayır.
Nehru qədim hind mədəniyyətinin, ölkənin milli azadlıq hərəkatı tarixinin, o, cümlədən qandizm fəlsəfəsi və təcrübəsinin ənənələrini dərindən mənimsəmişdi.
Cəvahirləl Nehrunun fəaliyyəti tək siyasət dairəsi ilə məhdudlaşmırdı. O, daxilən yüksək mədəniyyətli, hər sahədə erudisiyalı, dərin fəlsəfi zəkaya malik bir şəxsiyyət idi. Nehru eyni zamanda mütəfəkkir və şair idi. Onun adı onilliklər ərzində Hindistanın müstəmləkə əsarətindən azad edilməsi, ölkənin dirçəlişi və Asiyanın böyük, suveren dövləti kimi təşəkkülü uğrunda mübarizə ilə qırılmaz surətdə bağlı olmuşdur.“Hindistan mənim qanımda - canımda idi və ondakı çox şey məni instinktiv olaraq dərindən həyəcanlandırırdı”-deyən Cəvahirləl Nehru yazırdı:“Bizim idealımız və məqsədimiz tarixi meyllərə zidd gedə bilməz. Tarixin əsl yaradıcısı xalqdır. Siyasi rəhbərlərin fəaliyyəti isə xalq kütlələrinin arzu və niyyətlərinin ödənilməsi uğrunda mübarizəyə tabe edilməlidir”.
Cəvahirləl Nehru 1947-ci il avqustun 15-də Dehlidəki tarixi Qırmızı qalaca üzərində Hindistanın üçrəngli milli bayrağını qaldırdı. 200 ildən artıq İngiltərənin əsarəti altında qalmış Hindistan müstəqil və suveren dövlət oldu. Şair Şankar Şaylandra “15 avqust” şeirində böyük sevinc və iftixar hissi ilə hind xalqına deyirdi:
Yaşa ey hind eli, salamlar sənə!
Yar olmuş çiçəkli bir bahar sənə.
Çəkir karvanlarını o qatı zülmət,
Yanaşıb qapını açır səadət,
Hünərlə, zəfərlə gülür bu bayram
Salam, ey oyanan qədim xalq, salam!
Artıq böyük Vətən çıxmış səfərə,
Alqış haqq yolunda ölən kəslərə.
Yaşadır onların eşqini torpaq,
Mümkünmü dostları xatırlamamaq?!
Bu gün sıramızda yoxsa da onlar,
Hər vaxt bizimlədir mərd qəhrəmanlar.
İstiqlaliyyəti elan olunduğu gün ölkənin ilk Baş naziri olan Cəvahirləl Nehru demişdi: “İndi hind xalqı yeni, müstəqil və demokratik Hindistan uğrunda mübarizəyə başlayacaqdır. Yeni Hindistan digər xalqlarla sülh və dostluq şəraitində yaşayacaqdır”.
Müxtəlif dünyagörüşlərinə, ədəbi cərəyanlara, siyasi və dini baxışlara mənsub olan hind şairləri öz doğma xalqına xidmət edir, ölkənin gələcək rifahı və səadəti naminə qüdrətli əsərlər yaradırdılar. Onlar geniş xalq kütlələrinin arzu və əməlləri ilə yaşayırdılar.
1950-ci il yanvarın 26-da hind xalqının həyatında daha bir əlamətdar hadisə baş verdi. Hindistan Respublika elan olundu. Müasir hind şairlərindən İsrar Ulxan Macaz “Bayrağımız” adlı şeirində azadlığa çıxmış ölkənin üzərində dalğalanan zəfər bayrağını ilhamla tərənnüm edirdi:
Öldü əlimizdə düşmənlərimiz,
Yadların qan izi çölümüzdədir.
Sevirik, sevirik azadlığı biz,
Zəfər bayrağımız əlimizdədir.
Vurur, sevinc ilə vurur qəlbimiz,
Səadət nəğməsi dilimizdədir.
Həyat mahnısını oxuyuruq biz,
Zəfər bayrağımız əlimizdədir.
Şair Mannulal Şarma Şil “Təklikdə öz-özümlə” şeirində insanları daima mərd olmağa, çətinliklərdən əsla qorxmamağa, ölümün gözünə dik baxmağa, tufan və fırtınalardan, od-alov içərisindən qalib çıxmağa, dost yolunda candan keçməyə hazır olmağa çağırırdı:
Yolun keçilməmiş sıldırımsa - get!
Dəhşətə gəlib, geri dönmə sən!
Əgər mübarizə alovlarında
Ərimək lazımdır - əri, sönmə sən !
Əgər görsən alır göyü buludlar,
Gurlayır qəzəblə qasırğa, tufan –
Tərəddüd eləmə, öz dostlarının
Səsinə cürətlə səs ver hər zaman!
Hindistanın paytaxtı Dehli şəhəridir. Şəhər iki hissədən - köhnə Dehli və Yeni Dehlidən ibarətdir. “Bağlı-bağatlı şəhər” adlandırılan Dehlinin on milyondan çox əhalisi var. Ölkənin əsas sənaye, elm və mədəniyyət mərkəzləri burada yerləşir. Şəhərdə Hindistanın siyasi tarixində böyük xidmətləri olan unudulmaz şəxsiyyətləri - Mahatma Qandi, Cəvahirləl Nehru, Ləl Bahadur Şastri və İndira Qandinin əbədiləşdirilmiş xatirə ocaqları hindistanlıların və ölkənin qonaqlarının ziyarətgahına çevrilmişdir.
Kəlküttə Hindistanın ən böyük ticarət şəhəridir. Benqal körfəzinin sahilində yerləşən bu şəhər Avropasayağı tikilib. Dünyanın ən böyük nəbatat bağlarından olan Kral Nəbatat bağı Kəlküttədədir. Qeyd edim ki, bu bağ Böyük Britaniya nəbatat bağından sonra dünyada ikinci yeri tutur. Bağ çox gözəldir. Burada nəzəri daha çox cəlb edən 1044 ədəd müstəqil sütun kimi ucalan nəhəng ağaclardır. Deyilənə görə, bir kökdən törəyən bu “sütunların” qol-budaqları altında doqquz min əsgər kölgələnə bilərmiş.
Dünya ədəbiyyatının ən görkəmli simalarından biri, böyük ədib, şair, filosof, ictimai xadim və vətənpərvər maarifçi Rabindranat Taqor Kəlküttədə doğulmuşdur. Ailədə on dördüncü uşaq olan Rabindranatın tərbiyəsində özündən yaşca böyük olan qardaşlarının, xüsusilə beşinci qardaşı Cotirindronathın böyük rolu olmuşdu. 1913-cü ildə Şərq ölkələri yazıçıları arasında birinci olaraq Nobel Mükafatına layiq görülən Taqor, eyni zamanda istedadlı rəssam və bəstəkar kimi də şöhrət qazanmışdı.
Rabindranat Taqor 80 il ömür sürmüş, onun ədəbi-elmi və ictimai fəaliyyəti 65 ildən artıq bir dövrü əhatə etmişdir.Ədib 12 roman və povest,yüzdən artıq hekayə və novella, 50 şeir məcmuəsi,üç min mahnı,bir neçə poema və dramatik poema, 30 dram əsəri, bir neçə opera və balet, hind fəlsəfəsi, ədəbiyyat və incəsənəti, musiqi nəzəriyyəsi, hind maarifi, tərbiyə və digər mövzulara aid 200-dən artıq elmi əsərlərin, bir sıra rəsm əsərlərinin və bir neçə dərsliyin müəllifi idi. Onun vətənpərvər şeiri sonralar Hindistan Respublikasının himni oldu.
Taqor nəinki təkcə Hindistanın, həm də əsrinin və bəşəriyyətin ləyaqətli oğlu olaraq ömrünün böyük mənasını xalqının mədəniyyətinə, maarifinə, mənəvi yüksəlişinə xidmətdə görürdü. Cəvahirləl Nehru deyirdi ki, Taqor Hindistan xalqını məhdud təfəkkür yolundan çıxıb insanlığı məşğul edən böyük problemlər üzərində düşünməyə çağırdı.
Taqorlar ailəsi XIX əsr boyu Benqaliyada müxtəlif islahatçılıq hərəkatında fəal iştirak etmişlər.Bu ailədə gözəl yazıçılar, sənətkarlar yetişmişdir.
Ədibin babası Dvarkanaxt Taqor və atası Debendrananxt Taqor XIX əsrdə hind ictimai fikrinin inkişafında mühüm rol oynayan və məşhur hind yazıçısı, ictimai xadimi Ram Maxai Roy tərəfindən əsası qoyulmuş “Brəhma Samac” cəmiyyətinin görkəmli xadimlərindən olmuşdur. Bu cəmiyyətin əsas məqsədi kasta sistemini ləğv etmək, büdpərəstlik, qurban vermək, qadın hüquqsuzluğu, vaxtsız kəbin, dul qadınların özünü yandırması kimi mürtəce feodal adət-ənənələri və köhnə hindçilik qalıqları ilə mübarizə aparmaq, müasirləşməyə yol açmaq idi.Gəncliyində Rabindranat Taqor da bu cəmiyyətin işlərində fəal iştirak etmiş və sonradan 1907-1909-cu illərdə yazdığı “Qora” romanında “Brəhmə Samac” hərəkatının çox geniş təsvirini vermiş, bununla bərabər, bu cəmiyyət daxilində olan fikir, siyasi rəy ziddiyyətlərini təhlil etmişdi.
Taqor xalqının dərdi ilə yaşayan bir filosof idi. O deyirdi:“Mənim həmvətənlərimi adam hesab eləmirlər, hər hansı bir imtiyaz sahibi olmağıma utanıram”.
“Qora” romanında əsərin qəhrəmanı və Taqorun “işıq düşüncəli igid” adlandırdığı Qaurmaxon xalqdan uzaq düşmüş ziyalılardan biri olan və daha çox öz şəxsi səadəti haqqında düşünən yoldaşına deyir:
“Qardaşım, mənim Allahım şəxsi səadət deyildir. Mənim Allahım saray xanımları arasında deyildir.Mənim ilahəm, mənim gözəlim gözü ilə odlar görən yoxsulların, kasıbların, dərdlilərin, təhqir olunmuşların arasındadır. Bu elə bir ilahədir ki, ona aşiqanə mahnılar oxumurlar. Ona çiçəklər təqdim etmirlər. Ona ruhunu, varlığını verməlisən. Mənim üçün dünyada ən böyük sevinc, səadət həyatımı xalqın səadəti uğrunda qurban verməkdən ibarətdir”.
Lakin Rabindranat Taqoru yalnız hind xalqının taleyi deyil, bütün məhkum xalqların taleyi dərindən düşündürürdü. O, eyni narahatlıqla, eyni həyəcanla o zaman əsarətdə olan böyük Çin xalqını, ağır müstəmləkə şəraitində hüquqları tapdalanan Afrika xalqlarını, Amerika zəncilərini müdafiə edir, onlara hüquq, azadlıq tələb edirdi.
Taqor butun dünyada sülh və xalqlar dostluğunun fəal müdafiəçilərindən biri olmuşdur. O, yalnız hind ictimai həyatı ilə deyil, bütün dünya hadisələri ilə ciddi maraqlanır, bütün dünya işlərinə qarışır, bütün insanlığın mənafeyini, ləyaqətini və xoşbəxt gələcəyini müdafiə edən dəyərli ümumbəşəri ideyalar irəli sürürdü.Həyati xüsusiyyətləri ilə Taqora çox yaxın olan fransız yazıçısı, ictimai xadimi, alimi, musiqişünası, Nobel Mükafatı laureatı Romen Rollan “Taqor haqqında etyüd” məqaləsində çox haqlı olaraq yazmışdır ki, Rabindranat Taqor öz əsərlərində ümumdünya əhəmiyyəti olan bir çox problemlər qaldırmışdır.
Taqor bir nasir olaraq dünya miqyasında psixoloji romanın, kiçik hekayə və novellanın nadir ustalarından hesab olunur. Onun “Qora”, “Dostlar”, “Dördlər”, “Biqha sahili”, “Fəlakət”, “Ev və dünya”, “Axırıncı poema”, “Qum zərrəsi” romanları dünya ədəbiyyatında şöhrət qazanmışdır.
Xalqın başına gətirilən müsibətlərin əsas səbəbini cəhalətdə və gerilikdə görən Taqorun fəaliyyətində məktəb və maarif məsələləri mühüm yer tuturdu. Hələ 1901-ci ildə o, atasının Bolpur şəhərindəki “Şantiniketan”, yəni “Sakit guşə” adlanan malikanəsində uşaqlar üçün bir məktəb açmışdı. Bu məktəbdə Taqor öz üsulu ilə dərs deməyə başlamışdı.
Azərbaycanın əməkdar elm xadimi, pedaqoq, nasir, ədəbiyyatşünas alim, akademik Məmməd Arif yazdığı bir məqaləsində Taqorun pedaqoji fəaliyyətindən danışarkən demişdi (“Ədəbiyyat qəzeti”, 11 iyun 1935-ci il):“Tolstoyun “Yasnaya Polyanadakı” məktəbi məşhur olduğu kimi, Taqorun da “Şantiniketan”dakı məktəbi bütün Avropa pedaqoji aləmində məşhurdur. Məfkurəvi cəhətdən Tolstoyla Taqor arasında müəyyən ümumi cizgilər olduğu kimi, bu iki pedaqoqun pedaqoji prinsipləri arasında da ümumi cizgilər az deyildir”.
Azərbaycan poeziyasında Taqor surəti xalqımızla hind xalqı arasındakı tarixi dostluq və qardaşlığın, hind xalqının azadlıq və səadət eşqi ilə çırpıntılarının təcəssümü olan poetik bir surət kimi xüsusi yer tutmuşdur.Taqor S.Vurğun,M.İbrahimov, R.Rza, M.Müşfiq və s.kimi sənətkarlarımızın əsərlərində hörmətlə xatırlanmışdır.
Taqorun “Kxonika” adlı kitabında atalar sözü və zərb-məsəllər kimi ən yığcam aforizmlərdən ibarət olan şeirlərin mühüm bir hissəsi “Gəldi-gedər quşlar” adı altında çap edilib. Bunlardan bəzilərini təqdim etməklə, böyük humanist - vətənpərvər şairin həyat və ölüm, məhəbbət və sədaqət, zəhmət və səadət, azadlıq və əsarət kimi ümumbəşəri mövzu və məsələlərə baxışı haqqında müəyyən təsəvvür almağa kömək edər:
“Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər”.
“İşıq saçdığı üçün alova minnətdar ol, amma daimi dözümlə kölgədə qalan çırağı da unutma!”.
“Köklər - yerin dərinliyinə işləmiş eyni budaqlar,
Budaqlar - havaya ucalmış eyni köklərdir”.
“Ölüm də doğum kimi həyata aiddir”.
“Yerimək - ayaqları qaldırmaq və endirməkdən ibarətdir”.
“Quşun qanadlarını qızılla bəzəyib ağırlaşdırsan, o bir daha səmalarda süzə bilməz”.
“Çiçək bütün ulduzlarını itirmiş səhər səmasına şikayətlənir ki: “Mən şeh damcımı itirmişəm!”.
“Çayın qurumuş yatağı öz keçmişinə minnətdar ola bilməz”.
“Ey gənc qız! Sənin sadəliyin gölün şəffaflığı kimidir. O, sənin sədaqətinin dərinliyini göstərir”.
“Sərçənin tovuza yazığı gəlir ki, elə ağır quyruğu var”.
“Quşa elə gəlir ki, balığı havaya qaldırmaq, ona yaxşlıq etməkdir”.
Kəlküttədə Rabindranat Taqorun gözəl bir ev-muzeyi var.Ev-muzey ikimərtəbəli böyük imarətdə yerləşir. Orada hər şey yazıçının sağlığında olduğu kimi mühafizə edilir.Qeyd etdiyim kimi, Rabindranat Taqor eyni zamanda şair, nasir, rəssam, rejissor, aktyor və musiqişünas kimi tanınmışdı. Yazıçının ev-muzeyində bütün bunları əks etdirən yüzlərlə şəkil və eksponatlar vardır. Dünyanın hər yerindən buraya yazıçının müxtəlif dillərə tərcümə olunub nəşr edilmiş əsərləri göndərilir.
Caypur Hindistanın təmiz və səfalı şəhərlərindəndir. Bu şəhəri “Asiyanın Parisi” adlandırırlar. Hind memarları burada gözəl saraylar ucaldıb. Caypurda ən gözəl saray Maharacın sarayıdır. Qədim Dağüstü sarayda bir ibadətgah var. Deyilənə görə, bu ziyarətgah dini etiqadından asılı olmayaraq, hamıya xidmət edir. İnsanlar hündür təpənin üstündə yerləşən həmin ocağa fillərin üstündə qalxır.
Benqal körfəzinin sahilində daha bir gözəl şəhər var. Bu, təmtəraqlı Mədrəs şəhəridir. Hindlilər Mədrəsi “Rəqqasların və kino aktyorlarının Vətəni” adlandırırlar. Vaxtilə Asiyadakı ən böyük kinostudiyalar burada yerləşirdi. Hətta digər ştatlardakı studiyalar da kinofilm çəkərkən Mədrəs artistlərini dəvət edirdilər. Hazırda Bombey kinostudiyası ölkənin kino istehsalının mərkəzi sayılır. Bunlardan başqa, Kəlküttə şəhərində də kinofilmlər çəkən studiya fəaliyyət göstərir.
Hind xalqı kinonu çox sevir, ölkədə hələ müstəqilliyindən çox qabaq, 1913-cü ildə kinofilm istehsalına başlanılmışdır. Xatırladım ki, 1980-ci illərdə Hindistan kino istehsalına görə dünyada birinci yeri tuturdu, indi isə ölkədə hər il 800-dən artıq kinofilm istehsal olunur. Satyadcit Ray, Mrinal Sen, Şyam Beneqal və Adur Qopalakrişnan Hindistanda kino yaradıcılığının görkəmli nümayəndələridir.
Hind elində Azərbaycana sevgi dolu şeirlər həsr edən şairlər az deyil. Gözəl, sevimli Xəzərimizə də dünyada xeyli söz inciləri həsr edilib. Amma hər dəfə əsrarəngiz Xəzərin pıçıldaşan mavi suları ilə görüşərkən - sahil ətrafında salınmış füsunkar parkı ziyarət edərkən tanınmış hind şairi Sədhü Sinqh Həmdərdin “Xəzərin sahilində” şeirini təbəssümlə xatırlayıram:
Öz qum beşiyində çalxanır Xəzər -
Nəhəng okeanın körpə yavrusu.
Dəlisov dalğalar baş alıb gəlir,
Sahilə çatmaqmı dalğa arzusu ?!
Çarpıb, geri dönür nəhəng dalğalar,
Dənizin qoynuna baş alıb gedir.
Dəniz ürəyinin öz xisləti var –
Qabarma, çəkilmə dəniz eşqidir.
Ayrılır, qovuşur, coşur dalğalar
Dalaşan, barısan aşiqlər kimi.
Elə bil sahildə ovsunlanmışam,
Arzular aparıb yenə fikrimi.
Ah! Xəzər! Dayanıb sahilində mən
Deyirəm, dünyada xoşbəxtlər də var.
Nəğmə, gülüş səsi alıb sahili,
Qoşa sevgililər, dəcəl uşaqlar...
Fəhlələr bitirib iş növbəsini,
Polad sinələri öpür şəfəqlər.
Gündüz yorğunluğu qalar dənizdə,
Dənizsə onlara yüngüllük verər...
Uzaq Ana yurdu anıram bu dəm,
Sevincim bir inam yaradır məndə:
Mənim öz yurdumdur bu əziz diyar,
Bakı fəhləsiyəm bu gündən mən də...
Uzun illər bundan əvvəl olsa da, həmin illəri xatırlayan bakılıların yaddaşından Hindistanın Qucarat ştatından gələn qonaqlarla görüşü heç bir zaman silinməyəcək. Nümayəndə heyətinə şair Ə.Cəfri başçılıq edirdi. Ə.Cəfri respublikamızdan aldığı təəssüratlardan silsilə şeirlər yazmışdı. Həmin şeirlərdən ikisini yada salaq. “Bakı” və “Bakılılara” şeirlərinin misraları insanın qəlbini riqqətə gətirir:
Bakı, sən adi şəhər, ya canlı ulduzlarla
Gecə-gündüz alışan kəhkəşan bir şəhərsən?
Ya qızıl nəhrisənki dağlardan baş alaraq,
Mavi gözlü dənizlə görüşüb öpüşərsən?
...Yolların qıvrım-qıvrım, sevgilimin saçı tək,
Qəlbimizin içindən cığır açıb uzanar
Gözəl Qız qalasının sinəsində sayrışan
Mirvaridir elə bil qoynundakı hər fanar.
Sən hər gün büsat quran Divalisənmi Bakı?
Ya Niyazi eşqinin böyük təntənəsisən?
Ya bəstəkar Tofiqin şirin musiqi dolu,
Qaynar nəğmə çeşməsi, ürəyinin səsisən?
Ağyelkənli qayıqlar bizim hind qızlarının
Kağızdan düzəltdiyi “qayıqlara” bənzəyər.
Onlar uzağa getməz, qayıdar sənə sarı,
Axı sevgi, səadət məbədisən ey şəhər!
Sən - Nizami dühası,Təbrizinin nəğməsi,
Vurğun kimi şairin qızıltorpaqlı yurdu.
Nəbi Xəzri bəxş edib öz ilhamını sənə
O füsunkar hüsnünə gözəllik nəqşi vurdu.
İstəyirəm torpağın duyğusu deyim sənə,
Yox, dəyişir, çoxalır, azalır o hər saat
Bəlkə yerin günəşi adlandırım səni mən?
O da gah çıxır-batır, yaddır hüsnünə bu ad.
Sən Qafqaz vadisində Xəzəri qucaqlayan,
Ömrü neçə əsrlik odürəkli Anasan.
Arzum budur həmişə xoşbəxt balalarınla
Belə çiçəklənəsən, belə işıqlanasan!
Nəzərə çatdırım ki, şeirdə əksini tapan Divali-hər il Hindistanda keçirilən atəşfəşanlıq bayramıdır.“Hind qızlarının kağızdan düzəltdiyi qayıqlar” fikri - ərə getmək istəyən hind qızlarının adaxlı tapmaq niyyəti ilə ildə bir dəfə ağ kağızdan “qayıq” düzəldib çaya buraxması inancına işarələnib.
“Bakılılara” şeirindən:
Mənim Ana yurdum tək nə böyükdür yurdunuz,
Mehriban qəlbiniz tək mehriban eliniz var.
Məhəbbətlə ölçülür ucalığı insanın
Hər Bakı sakininin gözündə bir od yanar.
...Bakılı dost, zülmətin pərdəsini üzündən
Öz əlinlə bilirəm, həmişəlik atmısan.
Keçib nur dənizindən qəlbindəki baharla
Qışbilməz, xəzanbilməz gülüstan yaratmısan.
Çıraq tutub yoluna öz qəlbinin odundan,
Sən süd arxı çəkmisən dağ çapan Fərhad kimi.
İlhamın bir günəşdir-bilməz nədir soyumaq,
Safsan məhəbbət kimi, güclüsən həyat kimi.
Salam deyirəm sizə - haqq, ədalət naminə
Canını qurban verən igidlər, qəhrəmanlar!
Salam deyirəm sizə dünənki arzuları
Bu gün çiçəkləndirib sabaha yol açanlar!
...Qulaqlarımda sanki həzin hind musiqisinin zərif melodiyaları səslənir. Gözəl və ahəngdar hind nəğmələri dünyanın çox yerində olduğu kimi, Azərbaycanın da musiqi həyatında mühüm yer tutub. Dünya şöhrətli sənətkar Rəşid Behbudov, unudulmaz müğənni Şövkət Ələkbərova, istedadlı xanəndə Elmira Rəhimovanın ifalarında hind musiqi və mahnıları özünəməxsus incəliyi ilə ürəkləri həmişə riqqətə gətirib. Hələ 1956-cı ildə Hindistan Respublikasının Prezident müavini Sarvapallı Radxakrişnan Bakıda olarkən konsert proqramında iştirak edib demişdi:“...Dünənki konsert göstərdi ki, sizin hind xalqlarının mədəniyyətinə olan marağınız nə qədər böyükdür. Əmin ola bilərsiniz ki, bizim ölkənin xalqları da sizin haqqınızda, mədəniyyətiniz haqda çox şey öyrənmək istəyir. Burada, Azərbaycanda olmaq bizdə böyük və dərin təəssüratlar yaratdı”.
Və yenidən hind musiqişünaslarının korifey sənətkarımız haqqında dediyi sözlər yada düşür:“...Rəşid Behbudov kamil sənətkardır. O, burada olarkən Azərbaycan musiqisini iliyimizə yeritmişdir”.
Əsrlərdən bəri bir-birinə qarşılıqlı ehtiram bəsləyən xalqlarımızın yadigar irsinə xidmət göstərmək isə hər birimizin vətəndaşlıq borcudur.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM