Sürrealizmin təfəkkür formaları

09:29 / 18.11.2016

Zöhrə Əsgərova

Yazıçı-publisist

 

II hissə

Şair, filosof Şəms Təbrizi şeirlərinin birində yazmışdır ki, sözdən qabağa get ki, genişlik görəsən, meydan görəsən. Əlbəttə, bu geniş meydanda söz qanadlı quş kimi azaddır. Bu azadlıq məhəbbətə, gözəlliyə, harmoniyaya xidmət etmirsə o fantasmoqoriyaya çevrilir, xaosu təbliğ edir. Sürrealizmin hətta yumorunda da gerçəklik necə deyərlər, “yuxulu” tənqid hədəfidir. Məsələn, Andre Breton “Manifest”də bir çox sürrealistləri belə xarakterizə etmişdir: Debot Valmor məhəbbətdə, Bertran keçmişi təsvir etməkdə, Bodler əxlaqi keyfiyyətlərdə, Rembo həyat təcrübələrində, Nuvo öpüşlərdə, Farq atmosferin yaradılmasında, Reverdi öz evində, Russel süjet qurmaqda əsl sürrealistdir. Nədənsə E.Hemenqueyin sürrealist yuxuya bənzər fikrini xatırladım: “Mən atıldım. Sonra isə fikrimi dəyişdim.” Üzüaşağıya yuvarlanan insanın son və gecikmiş etirafında Hemenqueyin təbiətinə xas xüsusiyyət özünü büruzə verir. Yəqin ki, Rembo Hemenqueyi də intiharda sürrealist adlandıra bilərdi. Belə inasanlar üçün həyat və ölüm arasında sərhəd pozulmuşdur. Onların dahiliyi “üzü aşağı yuvarlanarkən” özünü eyni vaxtda dərk və inkar etməsidir. Fransız rəssamı Marsel Dyuşan isə gözəlliyi eybəcərliyə çevirmək cəhdini, yəni 1919-cu ildə “Bığlı Cokonda” əsəriylə cəmiyyətə, incəsənətə qarşı cəsarətli mövqeyini xatırlayaq. O, öz əsərini daha maraqlı və müasir hesab edirdi. Leonardo da Vinçinin klassik əsərini-“Üzü təraş olan Cokonda” adlandırırdı. Sürrealistlərin mövqeyini təqdir etməyən Jan Pol Sartr yazırdı: “Onlar hər bir əsərində bütün real olan şeyləri özləri ilə birlikdə məhv etməyə çalışırlar.”

Hər yeni nəslin yaradıcı ziyalıları dövrün nəbzini tutmağa çalışır. Bu nəbzin döyüntüləri poeziyada, musiqidə, rəngkarlıqda daha aydın hiss edilir və cəmiyyətdə yeni ədəbi cərəyanların yaranmasında və inkişafında özünəməxsus yer tututr.

Karl Qustav Yunq yazırdı: “Bu dünya dəhşətli hala düşdükdə, onun incəsənəti də abstrak olur, lakin dinc dövrdə isə realist incəsənət meydana gəlir.” Məhz bir çox yeni cərəyanlar müharibələr dövründə intişar tapır. Jan Batayın fikirləri yerinə düşür: “Mən öz daxilimdə teatr açmışam. Burada qəlp yuxu oynanılır. Saxtalaşdırma heçlik altındadır və mən utandığımdan tərləyirəm. Ümid yoxdur, ölüm söndürülmüş şamdır.” Əlbəttə, daxildə açılan teatrın repertuarı zamandır, abstrak aktyorların monoloqları isə müəllifə aiddir. Əsrlər boyu müharibələr tarixi əsərlər kimi döyüş meydanlarında “oynanılır.” Orda tökülən qanlar, dəhşətli döyüş, ölüm səhnələri nə günəşin, nə də ayın doğulub batmasına təsir edə bilmir. Sanki onlar bu qanlı meydandakı hayqırtıları, silahların səsini eşitmir. Heç nə olmamış kimi hər iki düşmən cəbhələrə öz işığını, istisini bərabər sürətdə paylayır. Sosial ədalətsizlik, müharibələrin acı nəticələri, insanların güllələnmiş taleləri, arzuları yaradıcı insanların dünyaya baxışını dəyişir, daxili sarsıntılarını dərinləşdirir. Həyat və ölüm kimi meyarlar onların nəzərində yeni, fərqli bir məna daşımağa başlayır. Bəlkə də məhz ona görə sürrealistlər real həyatdan uzaqlaşıb paralel bir həqiqətə doğru can atmağa

çalışmışlar. Orda- yuxularda əsl müharibələrdə olduğu kimi insanlar həlak olmur, qan tökülmür, dövlətlər sərhədlərə bölünmür, bəlkə də bu azadlıq onlara qanad və ilham verir. Kim bilir?!

Bu janrda 1938-ci ildə Parisdə nəşr edilən “Yuxunun trayektoriyası” külliyyatında rus əsilli Aleksandr Remizovun sürrealist yazıları çap olunmuşdu. O, başqa müəlliflər kimi yuxunun “anatomiyasını” özünəməxsus verməyə çalışmışdir. Məsələn, A.Remizovun “Alt keçid və tıxac” əsəri onun bədii yuxusudur, desək, yanılmarıq. Öz “yuxular dünyasını yaradan” dahi-iblisanə müəlliflər onu daha çox özünə cəlb edirdi. O, Qoqolun əsərlərindəki yuxular haqqında miniatürlər silsiləsini yazır. Daha sonra “Əşyaların odu” Qoqol, “Yovşan ulduzu” Dostoyevski, “Rus ədəbiyyatında yuxular” Puşkin, Lermontov və Turgenevlə bağlı kitablar ərsəyə gətirir. Öz müasirləri arasında o, yeganə yzıçı deyildi ki, yuxuların metafizik təbiətini müzakirə edirdi. A.Remizov yazırdı: “Sözləri səpələyirəm və mənim üçün o necə səslənirsə elə də fikri qururam.” A.Blok Remizovu əsərlərinin ideya və məzmununa görə Dostoyevskinin kubu adlandırırdı.Yaşlı nəsl yazıçılardan Korolenko, Qorki, L.Andreyev, Bunin, Kuprin və s. Remizovun realizmdən uzaq yaradıcılığını mənfi qiymətləndirirdilər. Yelena Obatnina “Aleksey Remizov: Yazıçının şəxsiyyət və yaradıcılıq təcrübəsi” kitabından: “Yazıçının geniş miqyaslı istedadında müxtəlif ideya-estetik və bədii paradiqmalar öz əksini tapıb.” Həmçinin sürrealizmə yaxın şüurlu yuxular, intertekstual memuar janrında nəsr Remizovun yaradıcılığında böyük rol oynayıb. Yaradıcılığına şəxsi yuxularını daxil edəkən yeni düşüncə tərzini, ikinci reallığın təbiətini dərk etməyə başlayır. Onun məşhur “Göl” romanı ədəbiyyatçıları şok vəziyyətinə salır, yenicə çapdan çıxan “Saat” əsəri isə hakimiyyətə hörmətsizlikdə, mənəviyyatın təhqir edilməsində ittiham olunaraq, dövlət tərəfindən ona həbs qoyulur. 1908-ci ildə yazdığı “Saat” romanında şair Korney Çukovski mistik anarxizmin ideyalarının mövcudluğunu qeyd edir.

Remizov deyirdi: “Mən Qoqolun sözlərini təkrar edə bilərdim: “...hər şey yalandır, hər şey xəyaldır, hər şey olduğu kimi deyil.” Lakin o, dərk edirdi ki, bu etirafa onun yaşadığı cəmiyyət hələ mənəvi cəhətdən hazır deyildi. Remizov yalnız Parisə mühacirətə gedəndən sonra özünü olduğu kimi ifadə edir, onu Rusiyada deyil, mühacirətdə fransız avanqardın nümayəndələri yüksək qiymətləndirirlər. O, 1922-ci ildə ölkəsini mühacir kimi tərk edir. İrena Verblovskaya bu haqda yazır ki, Leninin sərəncamı ilə 200-dən çox rus alimi, ədəbiyyatçısı, incəsənət xadimi iki gəmi vasitəsi ilə ölkəni məcburu tərk edir. Onların arasında A.Remizev, H.Berdyayev, A.Kizevetter, H.Losski, P.Sorokin, Y.Anennkov, Y.Şalyapin də var idi. Hətta Şalyapin filarmoniyada verdiyi son konsertdən dərhal sonra yola düşür və heş vaxt Rusiyaya qayıtmır.

Rəssam sürrealistlərin yaradıcılığına nəzər salaq. Məsələn, ispan rəssamı Oskar Dominqez bu sahə ilə bağlı bir çox məqalələrin müəllifidir. 1936-cı ildə Dominqes “Dekalkomanik, avtomatik düşünülmüş interpretasiya” adlı silsilə rəsmlər üzərində işləyir.1947-ci ildə “Onlar bir-birinə baxırlar” adlı şeirlər kitabını çap edir. Oskar Dominqez 1957-ci ildə damarlarını kəsir, lakin 26 il sonra həmin vəziyyətdə öz avtoportretini çəkir.

Rəssam yeni bədii termin yaratmışdı, “litoxromeizm”, bu, zamanın daşa dönüb donduğunu ifadə edir. Onun şəkillərindəki fantastik qrotesklər, personajların qeyri simmetrik, təəccüb doğuran franqmentləri rəssamın sürrealist dünyagörüşünü əks etdirir. Səyyah isti səhrada susuzluqdan əldən düşərək ilğıma doğru can atdığı kimi sürrealist rəssam da gerçəkliyin sərhədlərini aşıb uzaqdan görmək istədiyi ilğımı, yuxunu təsvir edir.

Buna Oskar Dominqezin bir çox şəkillərində rast gəlmək olar: “Qırmızı paltarlı qız”, “Fiqur”, “At”, “Əl”, “Bığlı kişi”, “Sifətlər”, “Qız”, “Bədən” və s. Hissələrdən, franqmentlərdən ibarət insanı xatırladan şəkillərə “qarğışlar qalereyası” da demək olar. Sanki cəllad fırçası ilə təbii gözəlliyin bütövlüyü, kamilliyi pozulmuşdur. İstər-istəməz rus atalar sözü yada düşür: “Baş quyruğu gözləmir.”

Rəssamın formalaşmasında Andre Bretonun, Pablo Pikassonun, Salvador Dalinin, İv Tanqinin təsiri böyükdür. Qeyd edək ki, o, həmçinin sürrealizmlə bağlı məqalələrin də müəllifi kimi məşhurdur.

Əlbəttə, sürrealist janrında çalışan hər bir rəssamın öz yaradıcılıq texnikası, ona yaxın olan mövzuları var. Hər bir əsər rəssamın psixoloji durumundan, həyat fəlsəfəsindən qaynaqlanır. İspan rəssamı Xuan (Joan) Miro haqqında Pablo Pikasso demişdi: “Siz məndən sonra yeni qapılar açacaqsınız.” Rəssamın yaradıcılığına nəzər saldıqda, belə qənatə gəlirsən ki, onun sürrealist əsərlərinin əsas süjet xətti məxfi simvollardır. Biz bunu nəinki rəsm əsərlərində, heykəllərində də müşahidə edirik. Məsələn, “Böyük analıq”, “Ubyu ana”, “Şəxsiyyət”, “Qadın”, “Qadın və qaranlıqda quş” və s. Xuan Mironun rəsmlərində gözlənilməz elementlərin qarşılıqlı vəhdəti bəzən uşaq rəsmlərini xatırladır. Novator rəssam kimi yaradıcılığını belə xarakterizə edirdi: “Mən rəsm çəkərkən qəribə bir təkan hiss edirəm və o məni ətrafımdakı gerçəkliyi unutmağa məcbur edir.”Xuan Mironun sadəlövh təsəvvürü bağışlayan sürrealizmi Oskar Dominqezdən tamamilə seçilir. Rəssamın “Şumlanmış torpaq, “Katalon mənzərəsi”, “Arlekinin karnavalı”, “Quşa daş atan insan”, “Köhnə ayaqqabı ilə natürmort”, “Ürək”, “Mavi ulduz”, “Günəş qarşısında qadın”, “Sərxoş at”, “Aya hürən it” və s. əsərlərini qeyd etmək olar. Axı, bu gördüyümüz yarımçıq yaxud heyrət doğuran obrazlar başqa planetin sakinləri də ola bilər. O, rəsm əsərləri haqqında yazırdı: “İnsanlar daha yaxşı başa düşəcəklər ki, mən onlar üçün fərqli gələcəyə qapılar açmışam...” Həqiqətən də sürrealist rəssamlar öz tamaşaçılarına yeni insan formaları təqdim edəndə istər-istəməz isveç alimi, filosof İmmanuel Svedenborqun əsərlərində özgə planetlərdə yaşayan varlıqların həndəsi təsvirlərini xatırlayırsan. Bu varlıqlar vəziyyət tələb edirsə bəzən bir formadan başqa formaya keçə bilirlər. Alman rəssamı Maks Ernst də şəkillərində həyatda mövcud olmayan sanki paralel dünyaların səhnələrini yaradırdı.”Meşə və qara günəş”, “Səssizliyin gözü”, “Daşlaşmış şəhər”, “Müqəddəs Antoninin yoldan azması” və s. əsərlərini qeyd etmək olar.

Sürrelizm təkcə rəsm əsərlərində deyil, bədii ədəbiyyatda da öz geniş əksini tapmışdır. Bir neçə yazıçının adlarını qeyd etmək yerinə düşərdi. Frans Kafka, Rolan Topor, Xaruki Murakami, Boris Vian, Viktor Pelevin və başqaları. Əlbəttə, Andre Breton

və Filippo Suponun birgə yazdıqları “Maqnit sahələri” ilk kiçik həcmli sürrealist kitab adlandırmaq olar. Adları çəkilən yazıçıların romanlarındakı məzmun qeyri-adi, fantastik görünsə də onların əsas hədəfi cəmiyyətin insan düşüncəsinə, həyat tərzinə göstərdiyi təsirlərin, acı nəticələrin sürrealist təfəkkür vasitələri ilə həllini tapmaqdır. Frans Kafka yazırdı: “Mənim beynimə dəhşətli bir dünya sığınıb. Ondan necə qurtulmaq, parçalamadan onu necə azad etmək? Hər halda onu özündə qoruyub dəfn etməkdənsə, min dəfə onu parçalamaq daha yaxşıdır. Dünyada bunun üçün yaşayıram, bu, mənə tamamilə aydındır.”

Yuxarıda adı çəkilən müəlliflərlə yanaşı Amerikanın fantast yazıçısı Pobert Şeklinin “Şüurların mübadiləsi” povesti haqqında bu yazıda qeyd etməmək mümkün deyil. Sürrealist janrında yazılan povest ilk baxışdan absurd məntiqin nümunəsinə bənzəyir. Əsər müəllif tərəfindən 1965-ci ildə qələmə alınıb. Öz real həyatını fantastik xəyallarla əvəz etməyə hazır olan Marvin Flinin sürrealist düşüncə, ifadə tərzi və onun tragiq nəticəsi oxucuya sanki demək istəyir ki, olduğunuz kimi görünün, sizə verilən həyatın müsbət baş qəhrəmanı olun. Kitab “Stenxoup” qəzetinin reklam səhifəsində qəribə elanla başlayır. Marsdan 43 yaşlı sakit, mədəni, erudisiyalı centlemen özünə bənzər xarakterli yer kürəsindən olan centlemenlə 1 avqustdan 1 sentyabra qədər bədənini dəyişmək istəyir.” Marvinə yer üzündəki həyat o qədər yeknəsəq, darıxdırıcı görünür ki, o, yeni təəssüratlar, həyəcanlar yaşamaq həvəsi ilə Mars planetinin sakini Ze Kraqqaşla şüurunu dəyişdirir. Bir çox xoşagəlməz macəralardan sonra əyri reallıqlar aləmində Ze Kraqqaşı tapıb onu məğlub edərək öz bədəninə daxil olur. Özünü bir anda evində görsə də bu reallıq onda təzadlı hisslər oyadır. Əyri reallıqlar aləmi onun şüuruna hakim kəsilir. Atası guya həmişəki kimi siçovullar sürüsünü otarır, palıd ağacları qış mövsümündə cənuba köç edir və s. Marvin evləndiyi qonşu qızla özünü xoşbəxt sanır. Lakin bu xoşbəxtlik onun şüurunun dəyişilməyən dövrünə təsadüf etsəydi real həyatın əyri güzgüsünün arxasında o illyuziyaya çevrilməzdi. Xüsusi qeyd edək ki, “Şüurların mübadiləsi” kitabında yazıçı qələmi sanki rəssam fırçası ilə sürrealizmin əyri reallıqlarla zəngin səhnələrini böyük bacarıqla verə bilmişdir.

Əlbəttə, bir çox sürrealist təfəkkürlü insanlara məxsus emossional, aqressiv keyfiyyətlərdən uzaq olan yaradıcı insanlar da az deyil. Onlardan biri belçikalı rəssam Rene Maqrit öz sakit həyat tərzi ilə başqa rəssam həmkarlarından seçilirdi. Sürrelistlərin qalmaqallı toplantılarından, ali cəmiyyətə məxsus məclislərdən uzaq idi, kütlənin içində qeyri-adiliyi ilə fərqlənmirdi. Qeyd edək ki, o, ilk əsərlərini kubizm və futurizm cərəyanının təsiri altında yaradır. Lakin Corco de Kirikonun metafizik rəngkarlığı ilə yaxından tanış olduqdan sonra yaradıcılığına yeni istiqamət verir. 1927-30-cu illərdə Fransada yaşayarkən sürrealistlərdən Maks Ernst, Salvador Dali, Andre Breton, Luis Bnyuel, Pol Elyuarla ünsiyyətdə olur. Məhz Fransada Rene Maqritin yaradıcılığında konseptual rəngkarlıq üstünlük təşkil edir.

Mavi işıqlı səmanın onun rəsmlərində özünəməxsus yeri var. Donuq insan fiquru səmanın maviliyində sanki canlanır.“Bəşər oğlu” onun dünyada ən məşhur rəsmlərindən biridir. Aydın səmanın fonunda tünd rəngli palto və şlyapada orta yaşlı kişinin üzündən

yaşıl alma asılıb. Adəm peyğəmbərin cənnətdən enməsinə səbəb olan almanın necə deyərlər, acı nəticəsi, insanların nəfsinə, iradəsinə hakim kəsilə bilməməsinə işarədir. Rene Maqritin bir çox əsərlərində qara şlyapalı kişilər verilmişdir. Məsələn, “Ötən tənha adamın düşüncələri”, “Pandoranın qutusu”, “Böyük yüzillik” və s. Həmvətəni olan Marsel Seppena rəssamın sürrealist şəkillərindəki şlayapalı simasız kişi tipindən ustalıqla istifadə etsə də, Rene Maqritin rəsmlərində yaşayan həyat fəlsəfəsi daha dərindir və oxucusunu düşündürür. O, öz şəkillərində təsvirlə həqiqətin sərhədlərini göstərməyə çalışmışdır. O, əşyanın obrazının əsl əşya olmadığını oxucusuna aşılamaq istəyir. Rene Maqrit dünyada məşhur olan “İmperiyanın işığı” adlı rəsm əsərini başa vurmadan dünyasını dəyişir.

Valeri Koyfman Rene Maqrit haqqında yazırdı: “Arzular, təzadlar, həyəcanlar, sirli təhlükələr yalnız onun şəkillərinə dolurdu, həyatına isə yox...Ölümündən əvvəl bu kamil sənətkar demişdi: “Mən niyə yaşayıb niyə ölməyimizin səbəbini başa düşə bilmədim.” Bəlkə də o, həyat tərzinin səbəb və sirlərinin açıqlanmasını öz şəkillərində, rebuslarında şifrələrlə vermişdi? Hər şey ola bilər.” Rəssamın “Süni güzgü”, “İnsanın yaradılması”, “Qolkonda”, “Azmış jokey” və s. əsərlərinin məzmunu ilə tanış olarkən, istər-istəməz Rene Maqritin fikrini xatırlayırsan: “Sirrsiz nə dünya, nə də insan mövcud deyil.”

XX əsrdə elə sənətkarlar da olub ki, yalnız ölümündən sonra tanınıb. Əslində belə şəxsiyyətlərin əsərləri yaşadığı dövr üçün deyil, gələcək əsrlər üçün nəzərdə tutulmuşdu. Bu şəxs Sergey Kalmıkovdur. O, “Qeyri-adi abzats” yazısında qeyd edirdi ki, rəssam ilk növbədə sənətkar deyil xəyalpərvər olmalıdır. Məhz rəssamı onun fikirləri peşəkar edir.” O, uzun illər Abay adına opera və balet teatrında dekorator rəssam kimi fəaliyyət göstərib, həmçinin rəngkar, heykəltaraş, arxitektoloq, nasir, misirşünas, filosof kimi özündən sonra dəyərli əsərlər qoymuşdur. O, yazırdı: “ Mənim üçün teatrın ya sirkin mövcudluğu vacib deyil. Mənim üçün bütün həyat teatrdır.” Gümüş dövrün sənətkarlarından biri kimi az adam olardı ki, keçən əsrin 60-cı illərin sonuna qədər yaşasın. S.Kalmıkov Orenburqda doğulsa da, lakin ömrünün son günlərini Alma-Atanın psixatriya xəstəxanasında keçirmişdi. Onun ora düşməsinin də qəribə bir tarixi var. Nikita Xruşşovun portretini çəkməyi ona sifariş edirlər. Portret hazır olanda Xruşşovun pencəyinin döş hissəsində orden yerinə milçək rəsminin çəkildiyini görürlər. Əslində milçək qara, mistik qüvvəni təmsil edirdi. Rəssamın bu cəsarətinə görə həbs olunmaq təhlükəsi yarandığı üçün S.Kalmıkov təcili Alma-Atadakı psixatriya xəstəxanasına daxil olur və beləliklə, həbsdən qurtulur.

O, öz yaradıcılığına o qədər aludə olurdu ki, sağlamlığını belə unudur, yarı-ac, tənhalıqda yaşayırdı. Yazıçı Yuriy Dombrovski “Lazımsız əşyaların fakülteti” kitabında rəssam Sergey Kalmıkovun qeyri-adi həyatını təsvir edib. Fantastik, real həyatdan çox uzaq olan mövzular kosmosdan aldığı görüntülərlə müqayisə edilə bilərdi. Sergey Kalmıkovun əsərlərindəki rənglər həyatın rənglərindən çox seçilir. Əsərlərindəki mifoloji səhnələr sanki astral dünyanın rənglərinə bürünmüşdür.

Kalmıkov dahiliyi bioloji faciə adlandırırdı. Bu “faciə”ni isə əslində yaşadığı zamandan çox uzaq olan yüksəklikdə- yaradıcılıq üfüqlərində hiss edirdi. A.Yakovleva

“Peşəkar dahi” yazısında rəssam haqqında qeyd edirdi ki, dünya ilə “dostluq” ona konkret adamlarla dostluğu əvəz edirdi. O, özünü tamamilə işə qurban vermişdi. Buna isə hər bir adam cürət edə bilməzdi. Onun “Üç qrasiya”, “Saçlarını darayan qız”, “Memarın emalatxanasında”, “Kariatida” və s. rəsm əsərlərində hadisələr Kalmıkov sayağı təsvir edilmişdir.

Rəssamın ölümündən sonra psixatriya xəstəxanasının divarlarında bir neçə şəkli asılıb. Qalanları isə dövlət arxivində, muzeydə, şəxsi kolleksiyalarda saxlanılır. Səfalətdə, aclıqda ömrünü müqəddəs arzularına qurban verən Sergey Kalmıkovun “bioloji faciə”yə çevrilən dahiliyi daha sonralar sənətsevərlərin qəlbini fəth etdi. Hətta Aleks Orlov adlı pərəstişkarı öz mülkünü milyon dollara sataraq Kalmıkovun yaradıcılıq irsini dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda axtarmağa başlamış, bir il ərzində rəssamın çox əsərini almağa müvəffəq olmuşdur.

Yuxarıda Kalmıkovun rəsmlərindəki rənglərin qeyri-adiliyinə toxunduq. Rənglərlə bağlı fikrimizi davam edək. Sənətşünas M.Qlavurtiç qeyd edir ki, rəssam Kandinski Çyurlyonisin nümunəsində rənglərin və həndəsi xətlərin magik, ezoterik gücünə inanırdı. Məsələn, Çyurlyonisin əsərlərində abstraksionizm, sürrealizm və realizm vəhdət təşkil edirdi. Həqiqətən də onun “Dünyanın yaranması” adlı silsilə şəkillərindəki qeyri-adi mənzərələrin rəngləri sanki kainatın dumanına bürümüşdür. Tamaşaçıda elə təsəvvür yaranır ki, kosmosda baş verənləri uzaqdan izləyir. V.Kandinski və M.Çyulyonisin çoxşaxəli yaradıcılığı ilə bağlı növbəti yazılarda fikirlərimizi davam edəcəyik.

Yaradıcı insanlar müxtəlif əsrlərdə, fərqli üslubda yazıb yaratsa da, onların üz tutduğu ünvan bəşəriyyətdir. Onlar öz qəlb dünyasından, dünyanı tanıyır...Jan Batay içində açdığı virtual teatrla yaşayır, Sergey Kalmıkov isə həyatı teatr bilir. Onun teatrında tamaşaçı da, iştirakçı da o, özüdür. Lakin Şekspirin teatr bildiyi bu həyat səhnəsində nə qədər dahilər özünü oynaya biliblər?! İçində “teatrı” olanları tarix həmişə alqışlarla xatırlayacaq...

İnsanların həyatında gözəgörünməz zaman adlı ömür çərçivəsi var. O çərçivədən kənarda insan həyatı yoxdur. Yaradılan əsərlərin isə ömrü sonsuzdur, qızılı çərçivəyə alınmış şəkillər zamanla hesablaşmır. Bəşəriyyətə rəng, məna, sual verən dahi əsərlər, çərçivəsindən asılı olmayaraq əslində əbədiyyət üçün doğulmuşlar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM