Publisist-politoloq
10 dekabr - rus xalqının qüdrətli şairi, dramaturqu, jurnalisti, tənqidçisi və mübariz ictimai xadimi N. A. Nekrasovun anadan olmasının 195 illiyi münasibəti ilə.
“Biz rusların öz siyasi və dövlət əhəmiyyətimizə şübhə ilə yanaşmağa haqqımız yoxdur: bütün slavyan qəbilələri içərisində yalnız biz möhkəm və qüdrətli dövlət halında birləşmişik və istər Böyük Pyotradək, istərsə ondan sonra bu son dəqiqəyədək taleyin bir çox sərt sınaqlarından şərəflə çıxmışıq; biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq. Daxilən inkişaf etməyən bir xalqda bu möhkəmlik, bu qüvvət ola bilməz. Bəli, bizdə milli həyat var, biz ona görə yaranmışıq ki, dünyaya öz sözümüzü, öz fikrimizi deyək; lakin bu hansı sözdür, hansı fikirdir - bunun qayğısını çəkməyimiz hələlik tezdir. Bizim nəvələrimiz, yaxud nəticələrimiz bunu heç bir səy göstərmədən, gərgin düşünüb axtarmadan biləcəklər, çünki bu sözü, bu fikri onlar deyəcəklər...İndiyədək biz Avropa mədəniyyətinə yalnız buna görə heyran olurduq ki, o, Asiya mədəniyyəti deyildi - bundan əl çəkməyin vaxtıdır. Avropa mədəniyyətini yalnız buna görə sevmək, yalnız buna görə ona ehtiram göstərnək, ona can atmaq lazımdır ki, o, bəşəridir və buna əsasən bəşəri olmayan bütün Asiya şeylərini necə qətiyyətlə rədd ediriksə, bəşəri olmayan bütün Avropa şeylərini də eyni qətiyyətlə rədd etməliyik...Rusiyanı 1940-cı ildə görə biləcək nəvələrimizə və nəticələrimizə qibtə edirik- o zaman Rusiya mədəni dünyanın başında duracaq, elmin də, sənətində qanunlarını verəcək, bütün mədəni bəşəriyyətin dərin hörmətini qazanmış olacaqdır”.
Vissarion Qriqoryeviç Belinski,
görkəmli rus ədəbi tənqidçisi.
“Puşkin yoxdursa, Lermontov da öldüsə, Nekrasov var. Deməli, rus poeziyasının bayrağı azad surətdə göylərdə dalğalanmaqdadır”.
Fyodor Mixayloviç Dostoyevski
tanınmış rus yazıçısı
Böyük rus şairi Nikolay Alekseyeviç Nekrasovun anadan olmasının 195 illiyi yaxınlaşır. Çar Rusiyası dövründə həmvətənlərinin ağır güzəranını, təhkimçi kəndlilərin dözülməz vəziyyətini ürək ağrısı ilə müşahidə edən, yüksək vətəndaşlıq duyğusu ilə qələmə alan N.A.Nekrasovun ədəbi irsi klassik rus poeziyasının ən qiymətli səhifələrindəndir. O, rus ədəbiyyatına inqilabçı - demokratik poeziyanın ən gözəl nümayəndəsi kimi daxil olmuşdur. XIX əsrin böyük bir dövrünü yaradıcılığında əks etdirən Nekrasov, öz əsərləri ilə təkcə yaşadığı əsr haqda oxucuların təəssüratını genişləndirməklə qalmır, onun əsərlərindən insanlar vətəni, öz xalqını sevməyi öyrənir, ictimai fəallığını artırır. Nekrasov poeziyasının tərbiyəvi əhəmiyyəti də bundadır. Şairin demokratizmi onun vətənpərvərliyindən, öz vətənini azad, məğrur və xoşbəxt görmək arzusundan irəli gəlirdi. Vətən sevgisinin mahiyyəti haqqında şair yazırdı ki, vətəni sevmək, hər şeydən əvvəl ona ürəkdən, ehtiraslı və səmərəli bir şəkildə xoş güzəran, maarif diləməkdir, bütün ləyaqətini və hətta həyatını ona qurban verməkdir; ondakı bütün yaxşı şeyləri ürəkdən sevmək və kamilliyə gedən yolda ona mane olan hər şeyə qarşı nifrətdir:
Sənətə xidmət et, vətəndaş ol sən!
Çalış insanlığa bir sirdaş ol sən.
Ucalt məhəbbətin qadir adını,
Ona tabe elə istedadını.
İlhamın, qüdrətin çoxdursa əgər,
Heç zaman sən onu vermə büruzə.
Çünki əməyində saçıb şəfəqlər,
O, öz - özünə çıxacaq üzə.
Nekrasovun böyüklü - kiçikli hər bir əsərini oxuyanda ilk dəfə diqqəti cəlb edən onun doğma xalqına, doğma rus torpağına olan tükənməz məhəbbətidir. Bu saf məhəbbət onun poetik fikirlərinin mayası, əsərlərinin cövhəridir. O, yalnız sevməklə, vətəninin ecazkar təbiətinin füsunkar mənzərələrinə heyran olmaqla kifayətlənmir; ana yurdunun hər dərdi, hər əzabı şairin həssas qəlbində əks-səda verib, güclü etiraz və üsyan səsinə çevrilir. Nekrasovun fikrincə, əsl poeziya həmişə həyatla bağlı olmalıdır. Vaxtilə məşhur dekabrist, şair və ictimai xadim olan Kondrati Fyodoroviç Rıleyevin irəli sürdüyü “Mən şair deyiləm, amma vətəndaşam” fikrini Nekrasov bir qədər də inkişaf etdirmişdi. Şair qəti bir fikir irəli sürürdü ki, özünü vətəndaş zənn edən bir kəs, vətənin dərdinə biganə qala bilməz. O, şairdə hər şeydən əvvəl vətəndaşlıq hissinin olmasını vacib bilirdi:
Sən şair olmaya bilərsən, inan,
Vətəndaş olmağa lakin borclusan.
Axı vətəndaşlıq nə deməkdir, nə?
Layiqli oğuldur o vətəninə.
İnqilabçı şair Nekrasov bu fikirdə idi ki, poeziya xalqın azadlığı işinə xidmət etməlidir. Ona görə də şair göstərirdi ki, doğma anasını müsibət içində görən oğul, sakit tamaşa edib kənarda qala bilməz. Vətənin namusu, şərəfi üçün, etiqad və məhəbbət uğrunda odun içinə girmək də azdır. Belə bir iş üstündə həlak olan oğul mənasız ölmür, al qanı boş yerə tökülmür. Şairin fikrincə, vətəninin övladı olan belə namuslu vətəndaşlar vətənə çox lazımdır. On görə də Nekrasovun bu sətirləri döyüş şüarına çevrilib ölkənin hər yerində inqilabçılar tərəfindən əzbərdən təkrar olunurdu.Şair - vətəndaşın odlu sətirləri Rusiyanın qabaqcıl adamlarında ümid yaratmaqla bərabər, istismarçılar aləminə nifrət hisslərini də gücləndirirdi.
Nekrasovun böyüklüyü bir də onda idi ki, o, Lermontovun ölümündən sonra rus poeziyasında yaranan durğunluğu hiss etmişdi. O, duymuşdu ki, poeziya ədəbiyyatın başqa janrlarına nisbətən həyatın tələblərindən geri qalır. Nekrasov bunlara son qoydu, rus şeirinin şərəfini bərpa etdi, ona yeni məna və məzmun gətirdi, dövrün tələblərinə cavab verə biləcək mübariz bir poeziya səviyyəsinə qaldırdı. Rus ədəbiyyatında rus kəndlisi birinci dəfə olaraq Nekrasov poeziyasında özünün yüksək mövqeyini tutdu, özünün bütün qüdrətini, eyni zamanda zəif cəhətlərini də ilk dəfə Nekrasov poeziyasında aydın gördü, birinci dəfə olaraq öz düşmənlərinin kimlərdən ibarət olduğunu, onların bütün çirkin, vəhşi sifətlərini və niyyətləini Nekrasov poeziyasından öyrəndi.
Lakin Nekrasov xalqının halına acı göz yaşları tökməmiş, əksinə, ən qəzəbli misraları ilə elin-obanın düşmənlərini damğalamışdı. Əslində böyük sənətkarların hamısının yaradıcılığında bu iki duyğu- məhəbbət və nifrət hissləri həmişə qoşa olmuşdur. Həqiqi sənətkarlar vətəni səmimi məhəbbətlə sevdikləri kimi, ona dərd verənlərə, bəla gətirənlərə qarşı da amansız, barışmaz olmuşlar. Ona görə də belə ədiblərin əsərlərində lirika ilə satira əksər hallarda bərabər addımlamışlar. “Portretlər” adlı şeirində Nekrasov öz dövrünün bir çox məşhur adamlarının, rütbə və mənsəb sahiblərinin real və inandırıcı satirik portretlərini yaratmışdır.
Ədalətsiz məhkəmə hakimlərini, ədabaz şair, aktyor və musiqiçiləri, bivec ziyalıları, xəyanətkarlıqla iş başına keçən çinovnikləri amansız tənqid atəşinə tutan şair, əsərin bir hissəsində yazır:
Günahı böyükdür məhkəmələrin,
Hakimlər kor olmuş uşaq kimidir.
Həlli beş yüz illik vaxt tələb edən
İşi bir ləhzədə onlar həll edir.
Odlu, qəzəbli misralar şairin qələmindən birdən - birə kağıza köçürülmürdü. Şairin sətirləri onun yaralı qəlbinin fəryadı, yanıqlı ruhunun üsyanı idi. Çünki o, hər şeydən əvvəl Rusiyanın, əzəmətli və cəfakeş, “miskin və məğrur” bir torpağın əsl övladı, əsl vətəndaşı idi. Nekrasov öz şeirini “intiqam və kədər pərisi” adlandırırdı. Çünki onun ilham pərisi xalqın əzab və göz yaşlarını tərənnüm etməklə bərabər, insanları əsarətə qarşı intiqama çağırır, o, amansız bir mübarizə başlanacağına and içirdi. Qabaqcıl rus inqilabçı - demokratları - Belinski, Çernışevski və Dobrolyubovun ən yaxın dostu və silahdaşı olan Nekrasov, “sənət sənət üçündür” nəzəriyyəsinə tamamilə qarşı çıxaraq,vətəndaş şeirinin, xalq şeirinin bayrağını yüksəklərə qaldırmışdı.
Nekrasovu təkcə qabaqcıl rus ziyalıları deyil, bütün xalq sevirdi. Dobrolyubov şairin yeni nəsli gələcək azad Rusiyanın yolunda can qurban verməyə çağıran “Yeremuşka haqqında mahnı” adlı əsərini oxuduqdan sonra dostlarının birinə yazmışdı: “Bu şeiri sev, əzbərlə və unutma. Didaktikdir, lakin bizim gənc nəslin ürəyindən xəbər verir. Aman Allah, əgər senzuranın təzyiqi olmasaydı, Nekrasov nə qədər gözəl şeirlər yaza bilərdi!..”. Dobrolyubov Nekrasovu “Sevimli rus şairi, bizim şeirimizdə xeyirxahlığın ilk nümayəndəsi, həyat və qüvvət ifadə edən yeganə talant” adlandırmışdı.
Dostları Nekrasovun qüdrətli ilhamına qanad verir, yaradıcılıq üfüqlərini genişləndirirdi. Şair bu məsləkdaşlarının parlaq zəkalarının, xalq azadlığı üçün yanan ürəklərinin, müqəddəs amallarının, cəsarət və fədakarlıqlarının pərəstişkarı idi. Birlikdə keçən anları şair ömrü boyu unutmurdu. Bu dostluğu yalnız taleyin acı sınaqları sarsıda bilərdi. Nə etmək olardı Tanrı qarşısında? Nekrasov dostu Dobrolyubovu itirdikdən sonra ürək ağrısı ilə yazırdı:
Gənclik illərində sən ehtirası
Ağla tabe etdin, sən o vaxt sərtdin.
Azadlıq, şərəfçin necə yaşayıb,
Necə ölməyi də bizə öyrətdin.
Ömrün hər zövqünü, hər səfasını,
Rədd edib, qorudun o pak eşqi sən.
Çəkdin yer üzünün hər cəfasını,
Öz ürək yanğını heç söndürmədən.
Əmək, arzu, ümid - nə verdin, aldı
Yari - mehriban tək sevdiyin vətən.
...İllər ötdü - getdi, soyudu qəm də,
Sən bizdən yüksəyə qalxdın anbaan...
Ağla, Rus torpağı! Fəxr elə həm də,
Bu göylər altından qərar tutandan,
Sən hələ nə belə oğul doğubsan.
Nə çəkə bilibsən qoynuna geri;
Yığıbmış qəlbinə bu xoşbəxt insan
Mənəvi gözəllik xəzinələri.
Ey ana təbiət! Göndərməsəydin
Belə insanları dünyaya hərdən
Viranə qalardı həyat zəmisi...
N. A .Nekrasov 1821-ci il dekabrın 10-da varlı mülkədar ailəsində anadan olub. O, üç yaşında ikən atası Aleksey Sergeyeviç xidmət etdiyi Ukraynanın Kamenes - Podolsk quberniyasında mayor rütbəsində istefaya çıxıb, ata - baba mülkünün yerləşdiyi Yaroslavsk quberniyasının Qreşnyov kəndinə köçür. Nekrasovun uşaqlıq illəri burada, Volqa çayının sahilində, təbiətin qoynunda keçir.
Həssas, yaraşıqlı, mavigözlü, zəngin mənəviyyatlı qadın olan anası Yelena Andreyevna mütaliəni çox sevir, fransız və polyakca kitablar oxuyur, musiqi ilə maraqlanır, pianoda ifa edir, məlahətli səslə oxuyardı. Lakin Aleksey Sergeyeviç belə bir mənəvi sərvəti anlaya biləcək dərəcədə kamil adam deyildi. Bu səbəbdən gözəl Yelena özünü bir gün belə xoşbəxt hiss etməz, ürəyi açılmaz, üzü gülməzdi. Hətta bir dəfə əri balaca Nikolayın yanında məşuqəsi olan yad bir qadını Yelenanın otağına gətirmiş, həmin qadına ifrat dərəcədə qulluq etməyi arvadından tələb etmişdi. Yelena bu haqsız tələbdən imtina etdiyi üçün qəddar əri tərəfindən döyülmüş, acı göz yaşları, hıçqırıqlar içində boğula - boğula oğlunun qolundan tutub otaqdan çıxmışdı.
O gündən balaca Nikolayın şair qəlbi gizli də olsa, atadan küsmüş, ömürlük əzablara düçar olan tənha, kimsəsiz qadına – anasına sığınmışdı.Yelenanın yeganə təsəllisi uşağının ona qəlbən bağlanması, hər addımda sevimli anasına havadar çıxması idi. Odur ki, Yelena ailə həyatının ən böhranlı günlərində dərdini dağıtmaq üçün uşağının əlindən tutub tez - tez bağçaya çıxar, oğlunu bağrına basaraq, oxşar, ağlayardı. Beləliklə, sevimli ananın qəmli həyatı və atanın zalım rəftarı balaca Nekrasovun şüurunu həyat və insan taleyi haqqında düşündürən ilk səbəb, ilk dərd olmuşdu. Odur ki, Nekrasov bu dərdli ananı, onunla birlikdə sevimli bacıları Anna və Yelizavetanı ömrünün son günlərinə qədər belə unuda bilməmiş, “Vətən”, “Ana”, “Laylay”, “Rus qadınları”, “Bir saatlıq cəngavər” və s. kimi bir çox əsərlərində bu gözəl insanları xatırlamış, onların qəmlərindən bəhs etmişdi. Bu da təsadüfi deyildi ki, Nekrasov 7 yaşında ikən yazdığı “Sevimli anacan...qəbul ediniz...” misrası ilə başlanan şeirini anasına - Yelena Andreyevnaya həsr etmişdi.
Atası da öz zövqünü oğluna aşılayar, hara gedərdisə, onu da özü ilə aparar, gəzdirər, əyləndirərdi. Buna görə də Nikolay hələ 10 yaşında ikən gözəl və inadkar bir ovçu, nişançı olmuşdu. O, at çapmaqda da mahir idi, möhkəm iradəsi, fövqəladə çevikliyi, atəşin təbiəti vardı.
Nekrasov balaca vaxtlarından Volqanı çox sevmiş, rus xalqının ictimai həyatı və bu həyatın mənası haqqındakı ilk dərslərini məğrur çayın sahillərində almışdı. Buradakı həyat Nekrasovu amansız təhkimçilik hüququ ilə erkən tanış etmiş, bu məzlum kəndlilərə verilən ağır cismani cəzaları gözləri ilə görmüş, burlakların acınacaqlı həyatı ilə yaxından tanış olmuşdu. Bir dəfə Nekrasov yoxsul balıqçılar arasında dolaşarkən onlardan birinin əmək şəraitinin ağırlığına artıq dözə bilməyərək: “...Ah, Allah, mənə səhərə qədər üzüsulu bir ölüm versəydi, nə olardı...”- dediyini eşitmiş və bu sözdən o qədər sarsılmışdı ki, öz sevimli çayına da nifrət və hiddətlə baxmağa başlamış, məğrur Volqanı “kölələr çayı, kədər və qubar çayı” adlandıraraq, yazmışdı:
Ah, nə qədər ağladım,
Doğma çayın o qəmli,
Kədərli sahilində.
Boğdu məni bir anda,
Sahilində duranda,
Volqamızın o səhər
Hıçqırıqlar, ələmlər.
Dedim: Qullar çayısan,
Kədər, qubar çayısan!..
O, kiçik yaşlarından burlakların kədərli mahnılarını dinləyir, Sibir sürgününə göndərilən ayağıqandallı dustaqların əzab - əziyyətləri onun uşaq qəlbində təəssüf dolu acı izlər qoyurdu. Atasının ailədə olduğu kimi, təhkimli kəndlilərlə də kobud rəftarı ömrü boyu Nekrasovun hafizəsindən silinməmişdi.
Dünyaya çörək, işıq, həyat və rövnəq verən zəhmət adamları ehtiyac və səfalət içində yaşayırdılar. Namuslu, dözümlü, qüvvətli insanların əzab və ağrıları onun şair qəlbinə od salmışdı. Bu od gündən- günə közərdikcə, Nekrasov öz qəlbinin harayını daha aydın eşidirdi - Yox, belə yaşamaq olmaz!..
Onun ürəyində zadəgan zülmünə, əxlaqına, rüşvətxor çar çinovniklərinin bürokratizminə, pozğun mənəviyyatına, hakim siniflərin murdar adət və ənənələrinə dərin bir nifrət hələ gənc yaşlarından oyanıb kök salmağa başlamışdı.
Nekrasov mütaliəni çox sevirdi. Onda ədəbiyyata, şeirə həvəs, kitaba sonsuz maraq anasından keçən ən gözəl xüsusiyyət idi. Onun yeganə arzusu şair olmaq idi. Anası da oğlunu ədəbiyyatçı, şair görmək istəyirdi. Atası bu arzunun qəti əleyhinə olaraq, Nikolayı hərbçi - zabit kimi yetişdirməyə çalışırdı.
1838-ci ildə 17 yaşlı Nikolay Peterburqa gələrkən atasının göndərdiyi hərbi məktəbə deyil, universitetə daxil olmaq fikrinə düşür. Müvəffəqiyyətsizliyə uğrayan gənc, universitetə yalnız azad dinləyici kimi daxil ola bilir. Bundan qəzəblənən atası oğluna maddi köməkdən imtina edir, onu övlad kimi tanımaq istəmir. Beləliklə, Nekrasov çıxılmaz, çətin vəziyyətə düşür. İşə düzələ bilməyən oğlan üç il Peterburq küçələrində bir parça çörəyə möhtac qalır. Gecələməyə yeri olmur. Qışı isti paltarsız keçirən Nekrasov iradəsindən dönmür, çap etdirə bilməsə də,şeir yazmaqdan qalmır, onları dəftərinə köçürür. Həyatının ən ağır anlarında da şair olmaq fikrindən dönmür.
Hələ gimnaziyada oxuduğu illərdə yazdığı ilk şeirlərini dostlarının köməyi ilə 1840-cı ildə çapa hazırlayır. Onun “Arzular və səslər” adlı ilk şeirlər məcmuəsi nəşr olunur. Bu məcmuədən sonra Nekrasovun cəmiyyətdəki haqsızlıqları tənqid edən oçerk və felyetonları ərsəyə gəlir ki, onların bir çoxu şeirlə yazılmışdır.Təsadüfi deyildir ki, 1843-cü ildə nəşr etdirdiyi kitabını da şair “Şeirlə məqalələr, şəkilsiz” adlandırmışdır.O, hansı janrda yazırsa- yazsın, birinci növbədə şair olaraq qalırdı.
Nekrasov bir müddət Rusiyanın kitab mədəniyyətini zənginləşdirmək üçün nəşriyyat işləri ilə məşğul olmuşdu. Şair 1843-1845-ci illərdə klassik rus və müasir şair, ədiblərin əsərlərindən ibarət bir neçə külliyyat, almanax, məqalələr məcmuəsi və s. nəşr etmişdi. Nekrasov ədəbiyyatın hansı sahəsində çalışmasından asılı olmayaraq, rus yazıçısına yalnız bu tövsiyələrini (“Rus yazıçısına” şeirində) aşılayırdı:
Nahaq izdihama üz verərək sən,
Ona yarınmağa hey can atırsan.
Ey rus yazıçısı, sənin vəzifən
O deyil, ucadır, nəcibdir ondan.
Bax, elə bir dövrə çatmışıq bu gün
Ki, fayda verməyir xalqa yarınmaq.
Xeyirli iş üçün, məfkurə üçün
Əlləşən insanı arzulayır xalq.
Nə ada qulluq et, nə də sənətə,
Ellərin yolunda qoy həyatını.
Qüdrətli, möhtəşəm bir məhəbbətə
Tabe et, dühanı, istedadını.
Çoxsa bacarıq da, hünər də səndə.
Gəl ondan söz açıb, qürurlanma heç.
Öz - özünə parlar sənin işində
Onun həyat verən şüası tez - gec.
Ən möhkəm daşları, diqqət elə sən,
Qırıb parçalayır bir adi fəhlə.
Onun çəkicinin zərbələrindən
Öz - özünə uçur alov və şölə.
1844 -1845-ci illərdə Nekrasov bir sıra povest, felyeton və oçerklərini yazır ki, bunların içində “Peterburq guşələri” xüsusi yer tuturdu. Onu da qeyd etmək istərdim ki, nəsr əsərləri yazmaq Nekrasovun imkanlarının daha geniş olduğunu təsdiq edirdi. Məcmuədə müəllif şəhər ətraflarını, çirkli həyətləri, üfunətli zirzəmiləri, burada yaşayan miskin, bədbəxt adamları təsvir edir. Belinski “Peterburq guşələri”ni yüksək qiymətləndirir, Nekrasovun qeyri - adi müşahidəçilik qabiliyyətini, gördüklərini ustalıqla təsvir etməsini əsərin dəyərli xüsusiyyətlərindən hesab edirdi.
1850- ci ildə yazdığı “Yolda” adlı şeirini Belinskiyə oxuyarkən Vissarion Qriqoryeviç həyəcanlı halda Nekrasovu bağrına basıb, “Heç bilirsinizmi ki, siz şairsiniz, özü də əsl şair!”- demişdi.
Şeirdə Peterburq həyatını təsvir edən dörd epizod təqdim olunur.İlk epizodda acından taqətdən düşmüş bir nəfər alverçidən çörək oğurlayıb tez onu dişləyir, lakin bu zaman tutulur.
İkinci epizodda ananın öz oğlu ilə kədərli vida mərasimi təsvir olunur. Gənc qadın hönkürüb ağlayır. Sakitcə, lakin ciddi şəkildə dayanmış baba da sevimli Vanyuşasından ayrılır.
Üçüncü epizodda uşağın dəfni daha kədərlidir.Saldat uşağın tabutunu qoltuğunda aparır. Şair göstərir ki, nə qədər uşaq sağ idi, buna heç kim sevinmirdi, indi uşaq ölüb, gözlərdə yaş parlayır.
Sonuncu epizodda kasıb arabaçı, səfeh Vanka arıq yabısının qayışlarını parıldadır ki, varlı kimi görünsün. Bu şeirdə Nekrasov sadə adamların göz yaşlarını, kədər və qüssəsini, xalq həyatının əsas xüsusiyyətlərini göstərə bilmişdir.
N. A. Nekrasov rus ədəbiyyatı və ictimai fikri tarixinə yalnız şair kimi deyil, eyni zamanda istedadlı redaktor və mübariz bir jurnalist kimi də daxil olmuşdur. Hələ gənc yaşlarından - Yaroslavl gimnaziyasında oxuduğu zamandan onda mətbuata qarşı dərin maraq oyanmışdı. Həmin dövrdə nəşr edilən “Moskva universitetinin elmi xəbərləri”, “Moskovskiye vedomosti”, “Teleskop”, “Moskovskiy nablyudatel”, “Biblioteka dlya çteniya”, “S. Peterburqskiye vedomosti” və s. jurnalları böyük həvəslə oxuyan Nekrasov, öz yoldaşlarına demişdi: “Mən daha yaxşı nəşr edərəm”.
Mütəxəssislər haqlı olaraq qeyd edirlər ki, XIX əsr rus jurnalistikası Nekrasovun adı ilə bağlıdır. Ömrünün çoxunu mətbuat sahəsində işləməklə keçirən bu böyük jurnalist , Rusiyada mübariz, mütərəqqi mətbuatın təşkilatçılarından və rəhbərlərindən biri olmuşdur. Nekrasovun nəşr etdiyi jurnallar həmin əsrdə Rusiyada ən görkəmli adamların yetişməsində, onların tərbiyə olunmasında böyük rol oynamışdır.
1848- ci ildə Nekrasov vaxtilə Puşkin tərəfindən təsis edilmiş “Sovremennik” məcmuəsini icarəyə götürdü. Onun yorulmaz fəaliyyəti nəticəsində jurnal qısa bir müddətdə inqilabçı - demokratların mübariz orqanına çevrildi. Gertseni, Çernışevskini,Turgenevi, Dobrolyubovu, Qonçarovu, Şedrini, Dostoyevskini, Lev Tolstoyu və bir çox başqalarını “Sovremennik” jurnalında çap edən və xalqa tanıtdıran məhz Nekrasov idi. Nekrasov da özünün qabaqcıl müasirlərindən, dostlarından çox şey öyrənirdi.
“Rusiyanı bürüyən yeddiillik qaranlıq gecə” adlanan 1848-1855-ci illərdə “Sovremennik”in işi çox çətinləşdi.1866-cı ildə jurnal tamamilə bağlandı.
“Sovremennik” bağlanandan sonra Nekrasov öz redaktorluq fəaliyyətini dayandırmadı. O, 1867-ci ildə “Oteçestvennıye zapiski” jurnalının naşiri Krayevski ilə danışaraq, nəşrin redaktorluğunu öz əlinə aldı. Sədaqətli dostlarını yenə ətrafına toplayaraq, bu jurnalı da inqilabçı demokratiyanın orqanına çevirə bildi.
Şairin mövqeyi təbiiki senzuranın xoşuna gələ bilməzdi. Hökumət tərəfindən mətbuat işləri idarəsinə verilən bir tapşırıqda deyilirdi: “Nekrasovun hökumət üçün nə qədər qorxulu olduğuna hələ də göz yumanlar var. Bu məsuliyyət birinci növbədə senzura komitəsinin və dövlət - mühafizə idarələrinin öhdəsinə düşür”. Buna baxmayaraq, şair - jurnalist öz jurnalının nüfuzunu ömrünün sonuna qədər qoruyub saxlaya bildi.
Nekrasov 20 il “Sovremennik”in, 10 il “Oteçestvennıye zapiski”nin redaktoru və naşiri olmuşdur. 30 il ərzində rus cəmiyyəti və rus xalqı Nekrasovdan almanaxlardan başqa 350 nömrə jurnal almışdı ki, bu nömrələr orta hesabla 18 milyon nəfər tərəfindən oxunmuşdu.
“Nekrasov ideal bir redaktor - naşir idi”, “Nekrasovdan yaxşı bir redaktor tanımıram”, “Rus jurnalistikasının taleyi Nekrasova çox borcludur”-bu fikirləri onun müasirləri olan M. A. Antonoviç, P. Kovalevski, A.S.Suvorin söyləmişdi.
Nekrasov əsərlərinin çoxunu canlı həyat müşahidələrinə əsaslanıb yaradırıdı. Şair özü də: “Hər yazıçının özünəməxsusluğu var. Mənimki reallıqdır”- demişdi. Nekrasov yaradıcılığının böyük məziyyətlərindən biri də budur ki, onun rus həyatında görüb duyduğu reallıq birtərəfli, zahiri reallıq deyildi.Şair mənsub olduğu xalqın ürəyində, daxilində, mənviyyatında olan reallığı, real şüuru da kəşf etmişdi.Bu real şüurda isə xalqın qüdrəti, əzəməti qorunurdu. Müdrik şair ürəyi bu qüdrəti duyduğuna görədir ki, Nekrasov rus xalqının xoşbəxt gələcəyinə dərin inam bəsləyir və bu inamın tərənnümü onun yaradıcılığında xüsusi yer tuturdu. Rus xalqına, rus kəndlilərinə və bütün zəhmətkeş insanlara məhəbbət, Rusiyanın böyük və işıqlı gələcəyinə inam onun poeziyasının əsas mövzusu idi.
Nekrasov 13 bacı - qardaş olan çoxuşaqlı ailədə dünyaya gəlmişdi. Bundan da irəli gələ bilərdi ki, onun uşaqlıq aləminə daha həssas, uşaqların taleyinə, sabahına daha diqqətcil münasibəti vardı. Şairin 1860-cı ildə yazdığı “Uşaqların fəryadı” şeirini həyəcansız oxumaq mümkün deyil. Nekrasov bu şeirdə o vaxtlar kəndlədən gətirilib zavodlarda, zirzəmilərdə hərlənən ağır çarxların gurultusu içində huşlarını itirincəyə qədər işlədilən uşaqların ürəkparçalayan fəryadını çox təsirli şəkildə təqdim etmişdir.
Uşaqlıq sevincindən məhrum olan bu körpələr şəhərlərin başgicəllədən boğucu mühitindən, əzablı və ağır əmək şəraitindən doğma kəndə, sakit çöllərə qaçmaq, həsrət qaldıqları analarının qucağına baş qoyub ağlamaq, təsəlli tapmaq istəyirlər. Lakin kəndə getməyə də ayaqları gəlmir, çünki onları orada da əzabdan, dərddən başqa heçnə gözləmir. Onlar öz həssas uşaq qəlbləri ilə başa düşürlər ki, ana qoynuna baş qoyub ağlamaq özü də yolverilməzdir.Çünki onların bu göz yaşları bədbəxt anaların ürəyini parçalaya bilərdi:
Həyat döyüşündə məhv olanların
Eşitməsəniz də hər lənətini,
Eşidin, qardaşlar, barı ağlaşan
Bədbəxt uşaqların şikayətini:
...Hər gün fabriklərdə ağır çarxları
Hərləyir, hərləyir, hərləyirik biz!
...Dayan, ey amansız hərləniş, dayan,
Zəif huşumuzu qoy bir toplayaq!-
Ağlamaq, yalvarmaq verməyir fayda.
Nə bir rəhmə gəlir, nə eşidir çarx.
...Bizi buraxsalar indi bir düzə-
Yıxılıb yatardıq otlar üstündə .
Tezcə bir nə ola, biz evə dönək!..
Lakin yox, orada gedirik nahaq...
Ehtiyac orda da qoymaz dincələk,
Dərd bizi orda da qarşılayacaq!
Yıxılsaq hərlənən bu başımızla
Solğun anamızın köksünə səssiz,
Hönkürsək, ağlasaq göz yaşımızla
Onun ürəyini parçalarıq biz!..
Nekrasov kənddən ayrıldıqdan sonra da kəndliləri tərk etməmişdi. Şairin arxivində bir çox kəndli dostlarına yazdığı məktublar və onlardan aldığı cavablar mühafizə olunmaqdadır. Bu məktublardan biri Nekrasovun ovçu dostu Qavrila Yakovleviç Zaxarovdandır. Nekrasov həmişə kəndə ova çıxanda, Qavrilanı özü ilə aparar və onun oxuduğu xalq mahnılarını dinləməyi sevərdi. Bu mahnılardan biri də “Korobuşka” adlı mahnı idi. Nekrasov Qavriladan eşitdiyi bu mahnıdan ilham alaraq gözəl şeirlərindən biri olan “Korobeyniki”, yəni “Çərçilər” adlı şeirini yazmışdı.Yazı- pozu bilməyən Qavrila şairə göndərdiyi məktubunda sadə sözlərlə öz sevimli dostunu pasxa bayramı münasibəti ilə təbrik edir və “Mənim gözəl laçınım” sözləri ilə başlayan məktubda tez - tez şairi yuxuda gördüyündən və onun üçün çox darıxdığından bəhs edirdi. Qavrila məktubu zabit Kuzma Rezviyakova yazdırdığını da əlavə qeyd edirdi.
Bir dəfə yenə kəndə gedəndə Nekrasov Orina adlı bədbəxt bir kəndli qadına rast gəlir. Orina saldat anası idi. O, 8 il olardı ki, saldatlığa aparılmış yeganə oğlunu bir dəfə də olsun, görməmişdi. Bir gün onun gözünün ağı - qarası olan oğluna polkda cəza verir, döyür və evə yola salırlar. Oğul güclə özünü anasına çatdırır, evə gələndən 10 gün sonra ölür... Bədbəxt ana ilə bu görüşdən sonra Nekrasov özünün “Saldat anası Orina” adlı məşhur əsərini yazır.
Ana mövzusu Nekrasovun yaradıcılığını zinətləndirən qiymətli sərvətdir. Belə ki, şairin yaradıcılığı ilə hərtərəfli tanış olduqca, onun anaya həsr etdiyi xeyli şeirlərinə rast gəldim. Şeirləri həyəcansız oxumaq mümkün deyil. Birini təqdim edirəm:
Ana eşqi ülviləşir zaman-zaman,
O, ilahi bir sevgidir bu dünyada.
Yurdumuzda anasını haraylayan
Gözüyaşlı körpələri salın yada...
Ana eşqi çırağıdır hər övladın,
Qəlbimizlə, ruhumuzla o görüşür.
Dilimizdən düşmür ata, bacı, qadın,
Ağır gündə bircə Ana yada düşür.
Ana Rusiyanın böyüklüyü, rus adamının əyilməz mənliyi, polad iradəsi, geniş və saf qəlbi, dərin məhəbbəti, işıqlı zəkası Nekrasovun “Beşik nəğməsi”, “Sirr”, “Bostançı”, “Üç atlı”, “Unudulmuş uzaq bir diyarda”, İt ovu”, “Əxlaqlı adam”, “Vətən”, “Vətən yaxşıdır”, “Elegiya”, “Dua”, “Səpinçilər”, “Dəmir yolu”, “Kənd uşaqları”, “Belinskinin xatirəsi”, “Biçilməmiş zəmi” və s. kimi çoxsaylı əsərlərini cilalandıran, onun milli qürurunu qidalandıran əsl ilham mənbəyi olmuşdur. “Rus qadınları” da həmçinin. Beləki o,1872- ci ildə dekabrist Volkonskinin oğlunda onun anası Mariya Volkonskayanın əri və digər dekabristlər haqqında xatirələrin olduğundan xəbər tutur. Şair dərhal dekabristin oğlu ilə görüşür və xeyli məlumat əldə edir.
Yada salmaq istərdim ki, 1826 - cı ildə dekabristlərin əsas bir hissəsini Sibirə sürgün etdilər. Onların fədakar, etibarlı qadınları, qəhrəman rus qızları - Muravyova, Trubetskaya, Annenkova, Pozen, Yuşnevskaya, Volkonskaya və başqaları ərləri ilə bərabər, Sibirə getməyi qərara aldılar. Çar Nikolay bu hadisənin xalqa ağır təsir edəcəyini bilib, onlara mane olmaq əmrini verdi. Lakin cəsur qadınlar hər cür əzab - əziyyətlərə dözərək, fikrindən dönmədilər...
N. A. Nekrasovun məşhur “Rus qadınları” poeması bu mövzuya həsr olunub. Əsər sözün əsl mənasında xalqın mənəvi qüdrəti, azadlıq eşqi və qəhrəmanlığı haqqında əbədi yaşayan bir dastandır. Qeyd etdiyim kimi, çar mütləqiyyəti tərəfindən sürgünə, dözülməz katorqaya göndərilmiş cəsur dekabristlərin - inqilabçı zabitlərin arvadları heç bir çətinliyə, hədə - qorxuya baxmayaraq, isti və rahat dvoryan ocaqlarını qətiyyətlə tərk edib, uzaq Sibirə, qandallı ərlərinin yanına gedirlər. Onların hünəri, mərdliyi və mətanəti şairə ilham verir:
...Məzara qoyulum mən diri-diri-
Ərimin gözləri yolda qalınca.
Qohum tənələri, yad tənələri...
Tənəsiz gedirəm onun dalınca.
...Nahaq qaraladı böhtanlar onu,
O ki, təmiz idi qarlı dağ kimi.
Dustaq geyimində olsa da yenə
Mən onu sevirəm bir Allah kimi.
...Bir qədər ağladıq. Mənim qərarım
Onu sevindirdi, kövrəltdi yaman:
“Özünü ələ al! Bir şənlən barı,
Yox, mənim əzizim, çox sınıxmısan!
Ah, bu üstümüzdən qara buludu
Biz necə dağıdaq! Necə ayrılaq?..”
“...Gedin! Vaxtdır daha! Qovarlar yoxsa.
Nəçənniklər yaman üzüboz olur”.
Sanki cəhənnəmə atırlar məni,
Cənnətim, balalar, belə sovulur.
Söydü rus dilində bir zabit məni.
Qışqırıb, hirslənib, dönmüşdü oda,
Sergey yuxarıdan frank dilində :
“Maşa, görüşərik dustaqxanada!..”.
Onların bir neçə nəfəri Sibirdə məhv olur.Qalanları isə uzun illərdən sonra saçları ağarmış və belləri bükülmüş halda geri dönürlər. Sibirdən geri dönən fədakar rus qadınlarından biri də Mariya Volkonskaya idi...
Böyük nasir və dramaturqumuz Cəlil Məmmədquluzadə 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr etdirdiyi “Filosoflar” əsərində qadın, ana hüququnu müdafiə edib, azadlıq uğrunda mübarizədə qadınların da böyük və sarsılmaz qüvvəyə malik olduğunu qeyd edərkən Nekrasovun “Rus qadınları” poemasındakı Volkonsaya və Trubetskaya obrazlarını, onların fədakarlığını, cəsurluğunu və sədaqətini misal göstərmiş və poemanın qayəsini izah edərək yazmışdır: “Volkonskaya, yainki Trubetskaya öz ərlərinə vəfalı olublar və ərlərini hökumət katorqa tənbehi üçün Sibirə göndrəndə, bunların övrətləri də nə müsibətlərlə Sibirə gedib və nə bədbəxtliklərlə Sibir həbsxanasında ərləri ilə bərabər ömürlərini başa veriblər və halbuki hər ikisi dövlətli kişinin qızı ola - ola eləyə bilərdilər ki, ərlərindən boşanıb, bir özgəsinə ərə getsinlər...”.
C.Məmmədquluzadə bütün Azərbaycan yazıçılarını Nekrasov yolu ilə getməyə, Azərbaycan qızlarının Volkonskaya və Trubetskaya kimi inqilabi ruhda tərbiyə olunmasına həsr edilmiş şeirlər yazmağa çağırırdı.
1910 - cu ildə “Baku” qəzeti Nekrasovun sağlığında nəşrinə icazə ala bilmədiyi “Rus elində kimin günü xoş keçir” əsərində epopeyanın qəhrəmanı Qriqori Dobrosklonovun mahnılarının Yaroslavlda artıq nəşr edildiyini sevinclə oxuculara xəbər verirdi. Bu mahnılar şairin sağlığında çap olunmasa da, xalq arasında əldən - ələ yayılıb inqilabçı gənclərin dillər əzbəri olmuşdu.
Bu nümunələrdən göründüyü kimi, bunlar adi mahnı olmayıb, inqilaba əsl çağırış idi:
Bəsdir ağır qul taleyi,
...Yetər, yetər!
Dirçələn rus üzərində
Başqa nəğmə eşidilər.
Xalqın qisməti-
Bəxtiyar olmaq
Azadlıqdadır
Hər şeydən qabaq.
Bu mahnıların ilk dəfə nəşr edilməsinin xəbəri verildiyi həmin ildə Bakıda “Nekrasov səhəri” təşkil edilmiş, şairin həyat və yaradıcılığı haqqında məruzə dinlənilmiş, şeirləri oxunmuşdu.
Ömrünün on dörd ilini “Rus elində kimin günü xoş keçir” poemasının yazılmasına həsr edən şair, burada rus xalqının islahatdan əvvəl və sonrakı həyatının geniş və dolğun mənzərəsini yaratmışdır. Şair əsl xalq eposu yaratmaq üçün müxtəlif poetik formalardan, rus xalq yaradıcılığına xas olan oynaq ritmlərdən, əfsanə və rəvayətlərdən, nağıllardan, mərasim nəğmələrindən, xalqın müxtəlif adət və ənənələrindən geniş istifadə etmiş, əsəri xalq danışıq tərzinə uyğunlaşdırmış, folklorun bütün təbii çalarlarını təqdim etmişdir. Bu keyfiyyətlərinə görə “Ən milli rus şairi” adlandırılan Nekrasov, rus elində kimin yaxşı yaşadığını öyrənmək məqsədi ilə səfərə çıxan yeddi kəndlini az qala bütün Rusiya boyu gəzdirir, müxtəlif təbəqələrlə qarşılaşdırır, xalq azadlığı uğrunda mübarizə aparan “Xalq qəhrəmanları” ilə görüşdürür. Bunların fonunda şair ictimai həyatdakı ümumi vəziyyət, insan taleyinin acınacaqlı durumu ilə bərabər, xalqın möhkəm iradəsini, yenilməz gücünü, sarsılmaz birliyini də əks etdirir.
Nekrasov “Şaxta çovğun, qırmızıburun” poemasını bacısı Anna Alekseyevnaya həsr etmişdir. Şairin anasına və bacısına olan dərin məhəbbəti bu poemanın meydana çıxmasında mühüm rol oynamışdır. Poema rus kəndlilərini, xüsusən kəndli qadınları içəridən didib - parçalayan əzabları, fiziki işgəncələri, onların daxili dünyasında cərəyan edən hiss və meylləri açıb göstərir. Poemanın məğzini üç obrazlı surətdə verilmiş motiv təşkil esir: soyuq, tənhalıq, ehtiyac. Oxucu bütün əsər boyu həyatın bu üç çətin və qasırğalı hadisələri ilə qarşılaşan rus qadınlarının taleyini izləyir, təhkimçilk dünyasının dəhşətli, əzablı günləri içərisində doğulan, işgəncələr çəkən və məhv olan rus kəndlilərinin məşəqqətli həyat tərzi onun gözləri önündə canlanır. Poema rus kəndli qadınlarında olan xarakter zənginliyini təsvir edən misralarla başlayır:
Elə qadın var ki, rus kəndlərində
Onda sakitdir üz, möhkəmdir ürək.
Gözəldir, göyçəkdir hər davranışı,
Yerişi, baxışı çariçalar tək.
Belə qadınların şəxsi ləyaqət və simasını müəyyən edən əsas keyfiyyət zəhmətdir. Şairin qəhrəmanı da məhz zəhmətkeş rus kəndli qadındır:
Soyuğa, aclığa onun tabı var,
Səbr edər, özünü heç vaxt itirməz.
Taxıl biçdiyini görmüşəm onun,
Bir əl atan kimi hazır olur dərz...
Əsəri oxuduqdan sonra dekabrist Valkonskinin oğlu Nekrasova yazmışdı: “Mən indicə sizin “Şaxta - çovğun” poemanızı oxudum. O, özünün soyuqluğu ilə deyil, istiliyi və poemanın daxilindəki hərarətlə məni sarsıtdı. İndiyə kimi oxuduğum heç bir əsər mənə bu qədər dərindən təsir etməmişdir”.
Nekrasovun ən böyük niyyəti xalqının səadəti olmuşdur. O, ömrü boyu öz vətənini və xalqını azad, məğrur və xoşbəxt görmək arzusu ilə yaşayıb- yaratmışdır:
İl keçir, gün keçir, taqət azalır
Ey mehriban ana, ey əziz vətən!
Sənin xoş gününü, azad gününü,
Qorxuram dünyada görməmiş öləm.
Ölsəm də istərəm hər ayın, ilin
Xoş keçsin, şən keçsin, ucalsın səsin...
N. A.Nekrasov 1878-ci ilin yanvarın 8-də vəfat etdi. Şairin dəfni böyük bir nümayişə çevrilmişdi. Məzar başında Dostoyevski nitq söyləyərkən “Öz istedadına görə Nekrasov Puşkindən aşağıda durmur” fikrini deyən zaman hər tərəfdən nidalar ucalır: “O, rus şairlərinin hamısından yüksəkdir!”.
Bir Peterburq işçisi öz sadə nitqini şairin düşmənlərinə qarşı nifrətini ifadə edərək belə bitirir: “Nekrasovun məzarı ətrafında tikanlar bitə bilməz!..”
Rus və Qərbi Avropa ədəbiyyatının istedadlı tərcüməçisi olan Abbas Səhhətin əsərlərində Nekrasov poeziyasının güclü təsiri özünü aydın büruzə verirdi. Onun “Şair, şeir pərisi və şəhərli” poeması ilə Nekrasovun “Şair və vətəndaş” əsəri arasında özünəməxsus doğmalıq vardır. Burada həm ideya, həm mövzu yaxınlığı, həm də kompozisiya oxşarlığı çoxdur.
Ədibin “Şikayət”, “F.Köçərliyə”, “Dilbəri - hürriyyətə, “Müsəlman ürəfaları”, “Ölü şəhər” kimi əsərlərində Nekrasovun təsiri bütün keyfiyyətləri ilə hiss olunur.
A. Səhhətin sayəsində Azərbaycanın böyük inqilabçı şairi Mirzə Ələkbər Sabir Nekrasovun və digər rus klassiklərinin irsi ilə tanış olmuşdur. Sabirin realist poeziyası, xüsusilə onun kəskin satirası öz ideya və məzmununa görə Nekrasov poeziyası ilə üst - üstə düşür. Nekrasova aid olan “kədər və intiqam şairi” devizini Sabirə də şamil etmək mümkündür.
“Zaqafqaziya müsəlmanlarının mənəvi atası” adlandırılan Həsən bəy Zərdabi həm Moskva universitetində təhsil aldığı illərdə, həm də Azərbaycanda istər ictimai işlərlə, istərsə də jurnalistlik fəaliyyəti ilə məşğul olarkən şübhəsiz ki, Nekrasovun və onun məktəbinə daxil olan inqilabçı demokratların məqsəd və ideyaları ilə tanış idi. H. Zərdabi 1905-ci ildə “Kaspi” qəzetində redaktor işləyərkən orada dərc etdirdiyi bir məqalədə Nekrasova istinadən yazırdı: “Vaxti ilə şair Nekrasov demişdir: “Xalq harada, ah- nalə də orada”, indi isə demək lazımdır: “Xalq harada, faydalı, məhsuldar əmək, əqilli, istiqamətverici qüvvə, ciddi qayda da orada”.
Nikolay Alekseyeviç Nekrasov Dostoyevskinin dediyi kimi, sözün həqiqi mənasında Rusiyada vətəndaş poeziyasının bayrağını yüksəklərə qaldırmışdır. Onun bütün yaradıcılığı istər XIX əsrdə, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanda realist ədəbiyyatın və ictimai fikrin inkişafına müsbət təsir göstərmişdir. Hələ 1911-ci ildə “Yeni fyuzat” jurnalında şairin “Biçilməmiş zəmi” şeiri çap olunmuşdur. Azərbaycan oxucuları, ziyalıları Puşkin, Qoqol, Lermontov və Qorki kimi böyük rus yazıçıları ilə birlikdə Nekrasovu da sevmiş, onu öz doğma şairləri hesab edərək, irsindən faydalanmışlar. Şairin çoxsaylı əsərləri Azərbaycan dilinə təkrar -təkrar tərcümə olunmuşdur.
Yazımın sonunda Belinskidən yuxarıda gətirdiyim sitatdan bu fikri yenə təkrar edirəm: “...Biz dəfələrlə az qalmışıq məhv olaq və həmişə bu fəlakətdən özümüzü xilas etməyə imkan tapmış, sonra yeni qüvvətlə meydana çıxaraq daha qüdrətli, daha möhkəm olmuşuq”.
Böyük ədibin bu sözləri rus xalqının milli varlığının bədii formuludur - desəm, məncə, yanılmaram. Çünki bu, həqiqətdir. Bu həqiqətin təzahürü Nekrasovun “Himn” adlı şeiri ilə çox səsləşir. Böyük rus xalqına və dövlətinə arzu-dualarımı “Nekrasov himni” ilə bildirməklə, görkəmli şair, ictimai xadim, jurnalist, qüdrətli rus klassikinin 195 illik doğum günü münasibəti ilə hamını ürəkdən təbrik edirəm:
Yarəb! Sən bu xalqa yaxşlıq eylə!
Ver xeyir- duanı hər zəhmətinə.
Xalqın möhkəm eylə azadlığını,
Qüvvət ver haqqına, ədalətinə!
Qoy artsın, çoxalsın xalqın içində
Xeyirxah əməllər, xeyirxah işlər,
Elm ehtirasını sən ver bu xalqa,
Biliyə və elmə sən yollar göstər.
Əsarət adlanan boyunduruqdan
Öz bəndələrini xilas eylə sən.
Elm, maarifdir onun bayrağı,
Yarəb! Sən Rusiyaya şəfa verənsən!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM