Publisist-politoloq
Azərbaycanın görkəmli alimi, siyasi və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin 120 illik yubileyi münasibəti ilə
Azərbaycanın məşhur tarixçi-filosofu Abbasqulu Ağa Bakıxanovun gözəl və düşündürücü bir kəlamı var: “Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. Çünki hər şeyi onların vasitəsilə əldə edirlər”. Doğrudan da mütəfəkkirin sözlərində böyük həqiqət var. Dünyada ən mütərəqqi mövqelər və uğurlar məhz elmin, kamalın vasitəsilə əldə olunmuş və şübhəsiz ki, əsrlər boyu da əldə olunmaqda davam edəcəkdir. Elə buna görə də elmi və kamalı əziz tutub ömrünü xalqının yolunda fəda edən insanlar heç bir zaman unudulmur, onlar günü-gündən daha da sevilir, daha da əzizlənirlər. Ürəklərdə əbədi yuva quran insan – şəxsiyyətlərdən biri, fədakar alim və görkəmli siyasi xadim olan Əziz Əliyevin doğum günü, eyni zamanda 120 illiyi ərəfəsində onun müqəddəs xatirəsini bir daha yad, ruhunu isə bir daha şad etmək üçün genişmiqyaslı fəaliyyətinin yalnız bircə qolundan, Azərbaycanda tibb elminin, təhsilinin inkişafındakı xidmətlərindən, insanların maariflənməsi, ziyalanması, sağlamlığının qorunması yolundakı əvəzolunmaz zəhmətinin bəzi məqamlarından bəhs etmək istəyirəm. Çünki Əziz Əliyev bir insan, vətəndaş kimi həkimə, həkimliyə böyük qiymət verirdi. Insanın sağlamlığı, fiziki kamilliyi, onun üçün həyatda ən əsas meyarlardan biri idi. Həkimlik onun gözlərində dünyanın nəinki azar-bezarından, hətta bütün pisliklərindən, əyər-əskiklərindən qurtuluş məqamı idi. Təbii ki, “Sağlam bədəndə sağlam ruh olar” kəlamı da bu yerdə öz həqiqi mənasında səslənir. Bunlarsa düşünməyə əsas verir ki, dünyanı yalnız sağlamlıq xilas edə bilər. Dünya sağlam adamların çiynində bərqərardır. Əziz Əliyev həkimliyə həmişə bütün mənalarda yüksək qiymət vermiş, yüksək dəyərləndirmişdi.
Leninqrad (İndiki Sankt-Peterburq) Hərbi Tibb Akademiyasına müvəffəqiyyətlə daxil olan Əziz, 1918-ci ilin erməni-daşnak qırğınlarına görə təhsilini başa vura bilməsə də, Tanrı ona çox gənc yaşlarından sevdiyi sənətə daha ürəkdən bağlanmağa imkan verir. Talehin işinə bax ki, Naxçıvana, sonra da İranın Ərəblər kəndinə pənah gətirən Əzizin özünə hər iki yurdun neçə-neçə xəstə, şikəst insanları pənah gətirir. Tibb məntəqələrində həkim köməkçisi işləyir. Şəfalı əlləri ilə adamlara yardım edir. Yenidən Naxçıvana dönüb tibbi təhsilini davam etdirmək üçün xüsusi göndərişlə 1923-cü ildə Bakıya gələn Əziz, 1927-ci ildə Azərbaycan Dövlət Universtitetinin tibb fakültəsini bitirir.
1930-cu ilin əvvələrində Qarabağın indiki Xocavənd rayonunda qəflətən vəba xəstəliyi yayılmağa başlayır. Xəstəlik sürətlə artıb ətraf rayonlara da keçir. O zaman tibb sahəsində məsul fəzifədə olan Əziz Əliyev bütün səhiyyə ordusunu səfərbərliyə alır. Moskvadan akademik Lev Aleksandroviç gəlir. Amma epidemiya getdikcə daha da çoxalır. Təxribatçılar, daha doğrusu, erməni və ermənipərəst xislətli araqarışdıranlar vəziyyətdən istifadə edib gərginlik yaratmaq üçün ətrafı bürümüş vəba epidemiyası ilə bağlı camaat arasında dəhşətli şaiyələr yayırdılar. Guya “Cənnətə getmək üçün vəbadan ölənlərin ciyərlərini yemək lazımdır” yaxud “Bunu edən adama vəba yaxın gəlmir” və sairə. Bunlar isə xəstəliyi durmadan artırırdı. Axırda camaatın etirazına, hay-küyünə baxmayaraq, qoşunların əhatəsində ölənləri yandırmağa başlayırlar. Bu yolla epidemiya dayandırılır.
Qarşımda xeyli sənəd var. Yaddaşları səhifələyirəm.
Milli Məclisin deputatı Arif Rəhimzadənin dediyinə görə, (Əziz Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsindəki çıxışından) 1930-cu ildə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin bazasında Tibb İnstitutu yaradılır. İnstitutun yaradıldığı lk illərdə bu təhsil ocağına rəhbərlik etmək Əziz Əliyevə nəsib olur. Respublikanın tibb kadrlarına ehtiyacı və bu ehtiyacın ödənilməsinə olan tələbat, bu sahədə milli kadrların çatışmazlığı, Azərbaycan dilində dərs vəsaitinin yoxluğu və digər bu kimi problemlər işin necə çətin və məsuliyyətli olduğunu göstərirdi. Əziz Əliyev Tibb İnstitutunun formalaşmasında və qabaqcıl təhsil ocaqlarının birinə çevrilməsində böyük xidmətlər göstərmişdir. Onun rəhbərlik etdiyi dövrdə Azərbaycan Dövlət Tibb İnstitutundan söz açmaq Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Cahangir Hüseynov, Kamil Balakişiyev, Əbülfəz Qarayev kimi dünya şöhrətli görkəmli alimlərdən söz açmaq demək idi. Qısa müddətdə Azərbaycan dilində 45 adda dərslik və tədris vəsaitinin hazırlanması doğrudan da əsl hünər idi.
Hələ cavan yaşlarından həmkarları tərəfindən “Təcili yardım” ləqəbi almış Əziz Əliyev “təbabətin atası”- Hippokrat həkimlər üçün nə tövsiyə etmişdisə, onların hamısına yüksək ləyaqət və zəngin mənəviyyatı ilə tam əməl edirdi. Hansı sahədə çətinliklər mövcud idisə, Əziz Əliyev oraya göndərilir və o, həmin yerdə işləri tənzimləyirdi. Məhz buna görə bu zəhmətkeş və fədakar insan 1934-cü ildə Bakı şəhər səhiyyə şöbəsinə müdir təyin edilmiş və 1935-ci ildə yenidən Tibb İnstitutuna rektor vəzifəsinə qaytarılmış, 1937-ci ildə isə ona eyni zamanda Azərbaycan Dövlət Universitetinə də rəhbərlik etmək həvalə olunmuşdu.
T.Talıblı özünün “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” kitabında yazır ki, Əziz Əliyev Tibb İnstitutunun rektoru kimi fəaliyyətə başladığı gündən institut həyatında əsl dəyişiklik başlandı. Müəllim, tələbə kollektivi arasında o, bir rektor kimi tezliklə böyük hörmət qazandı. İnstitutda canlanma hiss olundu. İnstitutun həyətində ağaclar əkildi. Əziz Əliyev hara gedirdisə, birinci abadlıq işlərindən başlayırdı. İnstitutda yeni korpuslar açıldı. Səhiyyəmizin ən yaxşı kadrları instituta cəlb edildi.
Həmin illərdə Tibb İnstitutunun tələbələrindən olan, tibb elmləri doktoru Abdulla Quliyev yazır: “Unudulmaz müəllimim Əziz Məmmədkərim oğlu Əliyevi şəxsən 1932-ci ildən tanıyırdım. Onda o, Azərbaycan Tibb İnstitutunun rektoru, mən isə tələbə idim. Əziz müəllim fakültə terapiyası kafedrası nəzdindəki laboratoriya diaqnostikasından bizə dərs deyirdi. Qabaqcadan onu da deyim ki, Azərbaycan dilində “Laboratoriya diaqnostikası” adlı ilk tibb dərsliyini də məhz Əziz Əliyev yazmış və nəşr etdirmişdi”.
Əziz müəllim bütün tələbələri şəxsən adı-soyadı ilə tanıyırmış. Onların hər birinə ayrı-ayrılıqda fərdi münasibət göstərirmiş. Lakin hamıya eyni atalıq tələbkarlığını da unutmurmuş.
Rus tarixçi – akademiki Yevgeniy Viktoroviç Tarle maraqlı bir fikir söyləyib: “Həqiqətən xeyirxah olmaq üçün həddən artıq xeyirxahlıqdan bir az artıq xeyirxah olmaq lazımdır”. Xeyirxahlıq, alicənablıq, insanpərvərlik, həssaslıq, qayğıkeşlik, səmimiyyət kimi ali keyfiyyətlər Əziz Əliyevin mənəviyyatını zənginləşdirən, rövnəqləndirən, onu göylərə, səmalara ucaldan və sevdirən müqqədəs dəyərlər idi.
Həmin illərdə Əziz Əliyevin vəzifələri tez-tez dəyişdirilir, o, ən ehtiyac hiss olunan yerlərə göndərilirdi. O, 1934-cü ilin aprelindən 1935-ci ilin yanvarına qədər Bakı Soveti Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. Həmin il yanvarın 28-də Azərbaycan Xalq Səhiyyə Komissarı tərəfindən imzalanan əmrlə Əziz Əliyev yenidən Tibb İnstitutuna direktor təyin edilir və 1938-ci ilin iyununa qədər institutun həyatında və tibb elminin, yüksək ixtisaslı tibbi kadrların yetişdirilməsində böyük rol oynayır. Azərbaycan Dövlət Tibb İnstitutu nəinki Zaqafqaziyada, eləcə də keçmiş Sovet İttifaqında seçilən bir ali məktəbə çevrilir. Bu illərdə institutun təlim-təhsil bazası, texniki avadanlığı, laboratoriyaları, kafedraları yaranır və möhkəmlənir. İnstitutun məzunları keçmiş SSRİ-nin bütün bölgələrinə işləmək üçün göndərilir. Xeyli sayda elmi kadrlar yetişir. Ümumittifaq səviyyəsində tanınan görkəmli alimlər Azərbaycanın Tibb İnstitutuna mühazirələr oxumağa dəvət olunur.
Akademik Mirməmməd Cavadzadə yazırdı: “...Azərbaycan Tibb İnstitutunun rektoru vəzifəsində çalışan vaxtlarda təhsil ocağının maddi-texniki bazası möhkəmləndirilmiş, praktiki səhiyyəyə yardım artırılmış, institut respublikamızın tibb mədəniyyətinin mərkəzinə çevrilmişdi. Respublikamızın tibb kadrlarının hazırlanmasının keyfiyyətinin yüksəlməsində Azərbaycan dilində ədəbiyyatın nəşri böyük bir irəliləyiş idi. Böyük alimin işə tələbkarlığı, prinsipiallığı, nizam-intizama münasibəti, qoyulan tələblərə riayət etməsi örnək və nümunəyə çevrilmişdi. Azərbaycan tibb ictimaiyyəti arasında həmişə böyük hörmət və izzət sahibi olan Əziz Əliyev, ömrünün sonuna qədər səhiyyəmizin inkişafına xidmət etmiş, elmi və nəzəri, praktiki fəaliyyətini bir an belə zəiflətməmişdi”.
Munis həkim peşəsi, insan sağlamlığı, səhiyyədən bəhs edərkən məşhur tibb alimi, partiya və dövlət xadimi Nikolay Aleksandroviç Semaşkonun öz həmkarlarına müraciətində ruha fəxarət gətirən sözlərini yada salmaq təbii ki, yerinə düşər: “Həkimlik sənətindən xeyirxah sənət yoxdur: xəstə nəinki sağlamlığı, hətta bütün həyatı ilə sizə arxayın olur”. Azərbaycanda bu nəcib sənətkarları yetişdirən Əziz Əliyev kimi nəhəng dühaya isə sözün əsil mənasında böyük bir millət, böyük bir xalq arxayın idi.
Yenə o illərə qayıdıram. Əziz Əliyevin apardığı məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində təkcə 1932-35-ci illərdə tibb alimləri tərəfindən institutda xeyli dərslik və dərs vəsaiti tərtib edilib tələbələrin ixtiyarına verilir. Özünün 1934-cü ildə yazdığı “Klinik analizlər” kitabı o dövrdə böyük sensasiyaya səbəb olur. Bu kitab institutda dərhal dərs vəsaiti kimi istifadə edilir. Tələbələrin və gənc həkimlərin stolüstü kitabına çevrilir. Onun 1937-ci ildə “Eksperimental nefrit” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası nəinki Azərbaycanda, habelə o dövrdəki ittifaq miqyasında böyük rezonans qazanır. Əziz Əliyevin “Allergiyanın problemləri”, “Sensibilizasiya olunmuş qanın morfologiyası” və “Eksperimental nefrit zamanı böyrəyin proteolizi” adlı elmi işləri də diqqət mərkəzinə çevrilir.
Həmin dövrdə bilavasitə Əziz Əliyevin şəxsi təşəbbüsü ilə K. Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, С.Hüseynovun “Patoloji anatomiya”, Y.Qazıyevin “Ağ ciyər vərəmi”, Y.Musabəylinin “Göz xəstəlikləri”, Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” və bu kimi digər kitablar, eləcə də M.Mirqasımovun, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının bir qədər sonra nəşr olunan əsərləri Azərbaycan elm tarixində görkəmli yer tutmuş kitablardandır.
Əziz Əliyevin qayğısı ilə İ.Berberinin “Boğaz, burun, qulaq xəstəlikləri”, A.Qaltıçinin “Uşaq xəstəlikləri”, V.Skvortsovun “Farmakologiya kursu”, E.Freyzeldin “Histologiya” adlı kitabları və digər müəlliflərin dərslikləri Azərbaycan dilinə tərcümə olunur.
Professor Əziz Əliyev rəhbərliyə başladığı illərin əvvəllərindəcə, iqtisadi çətinliklərə, baxmayaraq təhsil ocağında sanballı kitabxana yaradır. Onu dünya tibb ədəbiyyatının dəyərli nümunələri ilə zənginləşdirir. Kitabxana üçün indiki Rəsul Rza küçəsində yerləşən institutun əsas binasında yer ayırır. Professor P.Rostovun sədrliyi ilə kitabxana komissiyası təşkil edir. Əziz Əliyevin yaratdığı zəngin kitabxanadan yalnız Tibb İnstitutu deyil, respublikanın bütün həkimləri də istifadə edir.
1936-cı ildə kitabxana komissiyasının oxuculara kitab və ədəbiyyat almaq haqqında göndərdiyi təlimatda yazılır: “Kitabxana plan üzrə bütün SSRİ-də nəşr olunan təzə kitabları, o cümlədən dövri tibbi bioloji ədəbiyyatı alır. Bundan əlavə kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”.
Əziz Əliyev nəinki Tibb İnstitutunun rektoru işlədiyi dövrdə, ümumiyyətlə, bütün işgüzar fəaliyyəti zamanı tibb nəşriyyatı yaradıb onu təkmilləşdirmək və inkişaf etdirməklə, Azərbaycan səhiyyəsinin, eləcə də tibb elminin yüksəlişinə öz çoxsaylı töhfəsini bəxş etmişdi. Belə ki, onun təşəbbüsü ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı”nın nəşri təkmilləşdirilmişdi. O, əvvəllər məsul katibi olduğu “Azərbaycan tibb jurnalı”nın redaktoru təyin edilmişdi. Əziz Əliyevin jurnal redaktoru kimi fəaliyyəti zamanı da respublikada tibb işçilərinin yetişməsində, onların elmi əsərlərinin çap olunub yayılmasında, zəngin və fundamental tibb ədəbiyyatının yaranmasında qatlaşdığı böyük zəhmət heç zaman unudulmayacaqdır. Onu da yada salım ki, 1933-cü ildə yenə də Əziz Əliyevin təşəbbüsü ilə Tibb İnstitutunda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzet də çap olunurdu. Hazırda bu qəzet “Təbib” adı ilə Tibb Universitetində nəşr olunmaqdadır.
“Xalq qəzeti”ndə (30 noyabr 2008-ci il) Eldar İsmayılın “Əziz Əliyevin yaratdığı qəzet” məqaləsində oxuyuruq: “1933-cü ilin 16 dekabrında ilk sayı işıq üzü görən “Tibbi kadro uğrunda” qəzeti Tibb İnstitutunun həyatında və eləcə də respublika ictimaiyyəti arasında böyük rəğbətlə qarşılandı. Həmin dövrdə belə bir mətbu orqana böyük ehtiyac hiss olunurdu. Xüsusilə mövcud problemlərin aradan qaldırılması, milli kadrların yetişdirilməsi, tələbələrin təlim-tərbiyəsi sahəsində mühüm işlər görülməliydi. Qarşıda duran qlobal problemləri Əziz Əliyev kimi böyük şəxsiyyət görməyə bilməzdi. Bir sıra çətinliklərə baxmayaraq, o, istəyinə nail oldu. Bundan sonra institut əməkdaşları, professor və müəllimlər, tələbələr, eləcə də həkimlər elmi-pedaqoji fəaliyyətlərini işıqlandıran yeni tribuna əldə etdilər...”.
“Tibbi kadro uğrunda” adı altında fəaliyyətə başlayan qəzet milli kadr uğrunda mübarizəyə qoşulur. Həmin günlərdə institut rəhbərliyi sadə zəhmət adamlarının övladlarını, xüsusilə qızları tibb institutuna cəlb etmək üçün qəzetin imkanlarından geniş istifadə edir.
1937-ci ilin 20 noyabrından etibarən “Medisina kadrları uğrunda” adı ilə çıxmağa başlayan qəzet, artıq geniş redaksiya funksiyasına və fəal müxbirlərə malik olur. Bu dövrdə fəallığı daha da yüksələn qəzet, nailiyyətləri göstərməklə yanaşı, mövcud qüsurları da cəsarətlə tənqid edir. Xüsusilə institutda nizam-intizamın möhkəmlənməsi, təlim-tərbiyənin yüksək səviyyədə aparılması işi qəzetin daimi mövzularından biri olur.
Əziz Əliyev tibb sahəsi üzrə milli mütəxəssislərin hazırlığını həmişə diqqət mərkəzində saxlayıb. Onun rəhbərliyi dövründə institutda 11 doktorluq və çox sayda namizədlik dissertasiyaları müdafiə edilib. Dörd il ərzində 30 tibb elmləri namizədi hazırlanıb ki, onlardan 19 nəfəri milli kadrlar olub. Əziz Əliyevin təklifi və bilavasitə iştirakı ilə hazırkı 1 saylı şəhər xəstəxanasının yaxınlığında tələbələr üçün “tibb şəhərciyi”nin tikintisinə başlanılıb. Bir qədər sonra həmin şəhərcikdə tələbə yataqxanaları ilə bərabər, nəzəri kafedralar üçün tədris korpusları da tikilib. O dövrdə sabahın həkimlərinin dərin biliklərə yiyələnmələri, yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün əlverişli şəraitin yaradılması sahəsində də ardıcıl olaraq səmərəli işlər görülüb. N.Semaşko adına xəstəxananın yanındakı qoşa beşmərtəbəli bina məhz Əziz Əliyevin fəaliyyəti və birbaşa zəhməti ilə ərsəyə gəlib.
Xüsusilə heç zaman unutmaq olmaz ki, Əziz Əliyevin təhsil ocağına rəhbərlik etdiyi illər Azərbaycan xalqı üçün digər tərəflərdən də ağır və çətin, yəni siyasi baxımdan repressiyaların meydan suladığı, sayılan-seçilən, günahsız insanların kütləvi şəkildə “aradan götürülən” bir dövr idi. Məhz həmin illərdə xalqımızın mütərəqqi sərvəti, işıqlı sabahı olan yüzlərlə övladı, düşünən beyni məhv edildi. Xeyli alim, ziyalı, sənətkar, mədəniyyət, incəsənət xadimlərimiz heç bir təqsiri olmadan böhtanlara tuş gətirilib sürgün və gülləbəran edildi. Məhz Əziz Əliyev şəxsiyyətinin nüfuzu sayəsində həkimlər belə bəlalardan canlarını qurtara bildilər. Lakin bu böyük insanın milli və mənəvi təəssübkeşliyi ona heç də asan başa gəlmədi. Onun tərcümeyi-halına düşən bir faktı yada salaraq deyim ki, 1938-ci ildə Azərbaycan K(b)P MK tərəfindən aldığı partiya cəzası da Əziz Əliyevə Tibb İnstitutunda anticovet əhvali-ruhiyyəsi yaradanlarla zəif mübarizə aparması ucbatından verilmişdi.
Əziz Əliyevin fəaliyyətinin üstün cəhətlərindən biri ondan ibarət idi ki, məhz eyni vaxtda ona bir neçə vəzifə həvalə olunurdu. Qeyd edildiyi kimi, Tibb İnstitutu kimi ağır bir sahəyə rəhbərlik edən Əziz Əliyev eyni zamanda bir müddət Azərbaycan Dövlət Universitetinin rektoru da olmuşdur. Tibb İnstitutunun rektoru vəzifəsindən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsinə irəli çəkilən Əziz Əliyevin quruculuq imkanları daha da genişlənmişdi. Lakin Əziz Əliyevdən sonra Tibb İnstitutuna rəhbər təyin olunan erməni S.Tatevesova sonradan üzə çıxan faktlara görə elmimizə və səhiyyəmizə sağalmaz yaralar vurmuşdu.
Əlbəttə, Əziz Əliyev həyatının sözügedən dövrü tək elm və səhiyyənin inkişafına xidmət etməklə bitmirdi. 1934-cü ildə Azərbaycan Kommunist Partiyasının XII qurultayında Ə.M.Əliyev Azərbaycan KP MK üzvü seçilmiş, 1935-ci ildə Sovet Azərbaycanının 15 illiyi münasibətilə Azərbaycan MİK onu Fəxri Fərmanla təltif etmişdi. 1935-ci ildə Zaqafqaziya MİK-nin üzvü, 1936-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilən Əziz Əliyev bir neçə çağırış SSRİ Ali Sovetinin deputatı kimi də keçmiş SSRİ-nin Ali Qanunvericilik və siyasi düşərgələrində etibarlı və işgüzar xadim kimi özünü təsdiq etmişdi.
Əziz Əliyevin böyük ömür salnaməsi ilə yaxından tanış olanda hər bir tərəqqipərvər azərbaycanlının ürəyində qürur hissi yaranır. İnsan, zəmanəmizin belə böyük ziyalısı, belə böyük siması, belə böyük azərbaycanlısı ilə necə fəxr etməsin? Onun saf ruhuna necə səcdə etməsin? Dünyaya meydan oxuyan alman faşistlərinin Bakı neftini, Azərbaycanı zəbt etmək arzusunu onların ürəyində çürüdən Əziz Əliyev, haqqında yalnız kitablarda oxuduğu, kandarından ilk dəfə addımladığı Dağıstanda nələr etmədi? Nələr yaratmadı? Əlbəttə, bu onun ömür kainatının başqa bir mövzusu olsa da, Əziz Əliyevin adı gələndə dost və qardaş Dağıstanı yad etməmək mümkün deyil.
1942-1948 ci illərdə Dağıstan Vilayət Partiya Komitəsinin Birinci katibi olan Əziz Məmmədkərim oğlu oraya rəhbər təyin olunduğu ilk zamandan dağlıların hörmət və sevgisini qazanır. Böyük Vətən Müharibəsinin ən şiddətli anlarında tabarasanlı köhnə partiya işçisi Maxmed Hacıyeviçin qeydinə görə, Əziz Məmmədkərim oğlu nəinki rayonların iqtisadi və siyasi problemləri ilə, həm də rayon əhalisinin həyat və məişət, məktəblərin, kitabxanaların və xəstəxanaların işi ilə maraqlanırdı. Əziz Əliyev öz qəlbinin bir hissəsini büsbütün dağlıların ehtiyacına vermişdi. Bu adamı belə bir ağır zamanədə bizə Allahın özü göndərmişdi.
Dağlı məmur Baqautdin Əhmədov yazırdı ki, Azərbaycan Respublikasında səhiyyənin böyük təşkilatçısı olmuş Əziz Əliyev bu sahədəki zəngin təcrübəsindən istifadə edərək Dağıstanda müharibə zamanı təxliyyə hospitallarının dəqiq, rəvan işinə böyük diqqət yetirirdi. Onun tövsiyələrinə əsasən, həkimlər və tibb bacıları ilə yanaşı, hospitallarda məsul işçilər də daim növbə çəkir, hospitalların ərzaq məhsulları, dava-dərman və yanacaqla fasiləsiz təchizatını təmin edirdilər. Respublikada 15-dən çox təxliyyə hospitalı işləyirdi. Müharibə illərində hospitallara 130 mindən çox yaralı gətirilmiş, onlardan 100 min nəfəri və ya 76 faizi sağaldılmışdı...
Əziz Məmmədkərim oğlu doğma Vətəninə, Azərbaycana qayıdandan sonra tükənməz bir enerji, qurub-yaratmaq eşqi ilə Bərpa Cərrahlığı və Ortopediyya İnstitutu, 3 saylı kliniki xəstəxana, Həkimləri Təkmilləşdirmə İnstitutunda da əzmlə çalışır. Savadlı, bacarıqlı həkim kadrların yetişməsində, ixtisaslaşmasında, yüzlərlə xəstənin sağalmasında əlindən gələni əsirgəmir. Uzun illər boyu zəhmətlə qazandığı elmi, nəzəri, idarəçilik təcrübəsi burada da onun köməyinə gəlir, ona böyük ehtiram qazandırır. 1957-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi və Respublika Tibb İşçiləri Həmkarlar Təşkilatı tərəfindən aldığı Fəxri Fərmanda deyilir: “Uzunmüddətli, yorulmaz fəaliyyətinə, nöqsansız işinə və 30 illik həkimlik əməyinə görə verilir”.
Əziz Əliyev bütün bu nailiyyətləri ilə bərabər, həm də gözəl bir ailə başçısı, səmimi ata kimi yaddaşlarda dönə-dönə xatırlanır. İlahi ona bu baxımdan özünün qəlbinə, ruhuna görə ağıllı, tərbiyəli, işgüzar, daim öz üzərində çalışan mehriban övladlar bəxş etmişdi. Bu övladlar içində özünəməxsus yeri olan, görkəmli alim-oftalmoloq, akademik zirvəsinə yüksələn Zərifə xanım Əliyevanın həyat və ömür yolu bu gün bütün nəsillərə, qız-gəlinlərə, tələbələrə, mütəxəssislərə böyük tərbiyə məktəbidir.
Zərifə xanımın iş yoldaşı olmuş, professor, əvvəllər Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru vəzifəsində çalışmış Nazim Əfəndiyevin xatirəsindən :
“Əziz Məmmədkərim oğlu qeyri-adi hörmətcilliyi, insan şəxsiyyətinə diqqəti və xeyirxahlığı ilə həmişə seçilmişdir. Hamıya bəllidir ki, respublikanın ən tanınmış adamlarından olan Əziz müəllim həm də səhiyyəmizin bacarıqlı təşkilatçılarından biri idi. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru işlədiyi vaxtlarda o, bir dəfə mənə zəng edib zarafatla soruşdu: “Nazim, çayın var?” Mən onun zarafatını başa düşməyib cavab verdim ki, var. Bir müddət keçəndən sonra dedilər ki, Əziz Əliyev mənim yanıma gəlib. Onu qapıda görəndə təəccüblənib düşündüm ki, yəqin gözlərinə baxdırmaq istəyir. Xeyli söhbətləşəndən, bir stəkan çay içəndən sonra məlum oldu ki, Əziz müəllim Zərifəni hansısa vacib bir məsələ ilə əlaqədar işdən saat yarım tez buraxmağım üçün icazə almağa gəlib. Bunu eşidəndə, mən Əziz müəllimin nizam-intizamlığına, sadəliyinə və başqalarına şəxsiyyət kimi hörmətlə yanaşdığına bir daha heyran qaldım. Axı Əziz müəllim bu sözü mənə telefonda da deyə bilərdi. Mən Zərıfə xanımı otağıma dəvət etdim. Ata-bala görüşdülər və həmin anda mən onların insani xüsusiyyətləri etibarı ilə nə qədər yaxın və oxşar olduqlarını anladım. Zərifə xanım atasının yolu ilə gedirdi...”
Akademik, Sosialist Əməyi Qəhrəmanı M.Topçubaşovun “Səməndər quşu” məqaləsində maraqlı bir hadisə təsvir olunur: “... Mərkəzi Komitədə işləyirdi Bakıda cərrahların yığıncağı keçirilməli idi. Bununla əlaqədar yanına getmişdim. Katibəsi məni tanıyırdı. Sorğu-sualsız kabinetinə keçirdim. Qapını açanda, onu 3-4 adamla söhbət edən gördüm. Ayaq saxlayıb kabinetdən çıxmaq istəyəndə, məni çağırdı. Keçib əyləşdim. Söhbətlərindən belə görürdüm ki, buradakılar tikinti mühəndisləridir. Mübahisəli məsələləri vardı. Əziz də elə bil “mühəndisləşmişdi”. Hər şey barədə yerli-yataqlı məsləhətlər verirdi. Zarafatla soruşdum:
– Əziz lələ, deyəsən indi də təhsilini mühəndislər institutunda davam etdirirsən?
– Yox, doktor, – dedi. Söhbətinə ara verdi. Lakin sözlü adama oxşayırdı. – Tələsmirsən ki? – Sualına özü də cavab verdi. – Əlbəttə, tələsirsən. Tələsmək yaxşıdır. Ancaq təkcə təbabət üçün tələsmək məncə çox azdır. Niyəsini deyim: bir ömür təbabət üçün tələsmək, bir ömür mühəndislik üçün, bir ömür fəlsəfə üçün, bir ömür aqronomluq üçün... Axı ay doktor, bizə bu qədər ömürləri verən kimdir?..
Əzizə ömürlər verilməmişdi, bir ömür verilmişdi. Elə bir ömür ki, bütün biliklərə kifayət etmişdi. Yenə də özündən, biliyindən razı qalmırdı...
Bu məqamda böyük tatar şairi Musa Cəlilin gözəl bir sözü yadıma düşür: “Gərək elə yaşayasan ki, öləndən sonra da yaşaya biləsən.” Bu gün yüzlərlə insan doğma xalqının Əziz övladını sevə-sevə yad edib ruhuna rəhmət diləyir. Yüzilliklər belə ötsə də, adı ürəklərdə yaşayan Əziz Məmmədkərim oğlu Əliyevin xidmətləri yenə tədqiq olunacaq, yazılmamış, deyilməmiş şücaətləri tarixin səhifələrinə köçəcəkdir. Buna heç bir şübhəmiz yoxdur. Bununla belə, haqqımız var düşünək ki, ölkəmizdə istər maarif işlərində, elmin, xalqın tərəqqisinə məhəbbət və məsuliyyətlə yanaşmada, istərsə də insan həyatına, sağlamlığına vicdani, munis dəyərlərlə xidmətetmədə Əziz Əliyev məfkurəsi parlaq bir örnək olmalıdır. Vətəndaşlarımızın mənəvi və fiziki kamilliyinə, sağlam bədən və sağlam ruhla qurub-yaratmaq eşqinə dəyərli rəvac verən bir örnək...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM