Publisist-politoloq
“...Şeiriylə dolaşdı Yer kürəsini, Puşkin- Rusiyanın şair balası...”
10 fevral - dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə qovuşmasının 180 illiyi münasibəti ilə
“Biz Puşkinin şəxsində böyük bir dünya şairini görürük; başqaları onun şəxsində yalnız böyük bir rus şairini görürlər və (beləliklə də Rusiyanın dünya əhəmiyyətini inkar edirlər), bəziləri isə onun şəxsində yalnız əla nazim görürlər.Kim haqlı, kim müqəssirdir?Kimi edam, kimi əfv etmək lazımdır?.. Heç kəsi, hörmətli cənablar! Fikrin azad səltənətində edamlar və əfvlər olmamalıdır! Qoy hər kəs öz əqidəsini azad söyləsin, əgər bu əqidə azaddırsa, yəni şəxsiyyətlə əlaqədar deyilsə və xüsusi mənafe hissinə yaddırsa, qoy onu azad da söyləsin. Puşkin haqqında danışır və mübahisə edirlər: təkcə bunun özü göstərir ki, bu, vacib söhbətdir. Puşkin haqqındakı yalan fikirlər və yanlış anlayışlar gələcək nəsillərdə ona zərər gətirməyəcək, bəlkə onun haqqındakı məsələnin tez həll olunmasına kömək edəcəkdir. Puşkin, onun haqqında deyilənlərdən nə artmayacaq, nə də əksilməyəcəkdir, o, həqiqətən necə varsa, gələcək nəsillər də onu elə tanıyacaqlar. Onun haqqında deyilmiş müxtəlif və bir-birinə zidd fikirlərdən isə yalnız biri - həqiqət olan təsdiq ediləcəkdir”.
Vissarion Qriqoryeviç Belinski
Görkəmli rus ədəbi tənqidçisi
“Puşkinin rus ədəbiyyatındakı rolunu və yerini müəyyənləşdirmək üçün ölçü vahidi yoxdur. Ona görə ki, rus ədəbiyyatı və ictimai fikrinin yaranma və inkişafında Puşkinin rolu ölçüyəgəlməzdir. Çünki o yalnız yaratmayıb,həm də yaratdıqlarını ömründən sonra davam etdirib. O, həm əsl milli rus ədəbiyyatının banisi, həm də onun davamçısıdır. Puşkin bu gün də öz davamçılarının yaradıcılığında yaşayır və bu ədəbiyyatı yüksəldir. Bunun üçün də biz ona şairlər şairi deməkdə haqlıyıq”.
Bəxtiyar Vahabzadə
Azərbaycanın Xalq şairi
Azərbaycan-rus ədəbi əlaqələri çox qədimdən tarixdə öz parlaq izlərini qoyub. Xalqımızın və bəşəriyyətin dahi şairi Nizami Gəncəvinin hələ doqquz əsr bundan əvvəl “Yeddi gözəl” dastanında ilhamla təsvir etdiyi yeddi gözəldən biri- Qırmızı qəsrdə yaşayan şahzadə rus qızının - kitab oxumağı sevən, mədəniyyəti ilə zövq oxşayan slavyan gözəlinin obrazı yəqinki çoxlarının yadındadır.
Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri bütün xalqların ədəbiyyat və mədəniyyətinə, o cümlədən Rusiyanın böyük sənətkarlarına həmişə hörmət və ehtiram bəsləmişlər.
Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, dramaturq və Lermontov şeirlərinin tərcüməsinə böyük əmək sərf etmiş Məmməd Rahim rus şairinə həsr etdiyi “Mən səni sevmişəm” şeirində deyir:
Mən səni sevmişəm öz canım kimi,
Füzulim, Nəsimim, Xaqanım kimi.
Azərbaycanın ilk qadın Xalq şairəsi, Əməkdar mədəniyyət işçisi Mirvarid Dilbazi “Rus təbiəti” adlı şeirində ruslara xas olan nəcib keyfiyyətləri onların sadəlik və səmimiyyətində, əməksevərliyində, bütün millətlərə və xalqlara hörmət bəsləməsində, düzlük və mərdliyində görür:
Safdır və sadədir rus təbiəti,
Yaxşı tanımaqçın bu şən milləti
Onunla yoldaşlıq edəsən gərək,
Onunla bir yolda gedəsən gərək,
Görəsən dostluqda sədaqətini,
Onda tanıyarsan rus millətini.
XIX əsrin 20-ci-30-cu illərində görkəmli şair, yazıçı, tarixçi-filosof və mütəfəkkirimiz Abasqulu ağa Bakıxanovun görkəmli rus şairləri Aleksandr Sergeyeviç Qriboyedov və Aleksandr Sergeyeviç Puşkinlə, Qafqaza sürgün edilmiş dekabrist şairlərdən Vilhelm Karloviç Küxelbeker, Aleksandr Aleksandroviç Bestujev-Marlinski, Aleksandr İvanoviç Odoyevski ilə yaxın dost olduğunu, Varşavada olarkən Puşkinin bacısının evində, Peterburqda Puşkinlər ailəsində səmimiyyətlə qarşılandığını bilənlər yəqinki az deyil.
Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü,məşhur şərqşünas,ədəbiyyatşünas, tarixçi alim Mirzə Kazım bəyin 40 ildən artıq Rusiyanın ali məktəblərində dərs dediyi də hamıya məlumdur (son iki abzasda qeyd etdiyim məsələlərə bir qədər sonra yenidən toxunacağam).
Bir neçə gündən sonra Rusiya və beynəlxalq ədəbi aləm nəinki Rusiyanın, eləcə də dünyanın böyük və sevilən sənətkarı Aleksandr Sergeyeviç Puşkinin əbədiyyətə qovuşmasının 180 illiyini həzin və unudulmaz xatirə kimi qeyd edəcək.
Puşkinin adı bizim xalqımız və ölkəmizin vətəndaşları üçün də çox əzizdir.Dahi şairin yaradıcılığı iki əsrə yaxındır ki, yurdumuzda ehtiramla qarşılanır.Onun əsərlərini bir-birini əvəz edən nəsillər sevə-sevə oxuyur, nakam şairin xatirəsini daim əziz tuturlar.
A.S. Puşkin 1799-cu il iyun ayının 6-da Moskvada, ədəbiyyatçı və tarixçi Nikolay Mixayloviç Karamzin, şair və alim İvan İvanoviç Dmitriyev, şair və tənqidçi Vasili Andreyeviç Jukovski, şair Konstantin Nikolayeviç Batyuşkovun və həmin dövrün digər görkəmli rus ədiblərinin tez-tez qonaq gəldikləri çox da varlı olmayan bir zadəgan ailəsində anadan olmuşdu.Gələcək şairin atası, əmisi Sergey və Vasili Lvoviçlər də zəmanəsinin tanınmış adamlarından idi. Anası Nadejda Osipovna Böyük Pyotrun zəncisi kimi məşhur olan İbrahimin nəvəsi kimi tanınırdı. Sergey Lvoviç arabir şeirlər yazırdı, onun zəngin kitabxanası vardı. Puşkin XVIII-XIX əsr rus və Avropa klassiklərinin əsərləri ilə məhz atasının kitabxanasında tanış olmuşdu.
Puşkinin tərcümeyi - halında bəzi məqamlar vardı ki, bu, bütün dünya oxucularının da marağına çevrilmişdi. Şair bu barədə yazırdı: “Ana tərəfdən nəslimizin tarixini maraqlı hesab edirəm. Anamın tərəfindən onu bilirəm ki, onun həbəş babası varlı bir knyazın oğlu olubdur. Konstantinopolda (İstambulda) rus elçisi onu sarayda əmanət kimi saxlanan uşaqların içindən tapıb və iki digər ərəb balası ilə birlikdə I Pyotra göndərmişdir. Hökmdar 1707-ci ildə Polşa kralı Avqustun arvadı ilə birlikdə Vilnoda (Vilnüs şəhərinin keçmiş adı- R.Mirzəzadə) balaca İbrahimi xaç suyuna salıb, ona Hannibal familiyasını vermişdir.Mərasim zamanı isə onu Pyotr adlandırmışdır. Hannibal ağlayıb, yeni adı qəbul etmək istəməyibdir. O, ölənə qədər Abram adlanıbdır.Hannibalın böyük qardaşı sonralar Peterburqa gəlib, Pyotra pul verib, Hannibalı azad etdirmək istəyibdir. Lakin Pyotr onu geri qaytarmayıb və həmişəlik yanında saxlayıbdır...”.
Əlbəttə, bu o demək deyildi ki, Abram Petroviç Hannibal (İbrahim) taleyində uduzmuşdu. Bəlkə də Tanrı öz mərhəmətini ona bu istiqamətdə bəxş etmişdi ki, Abram sonralar Rusiyada ən yüksək vəzifələrə ucalıb, böyük sərvət sahibi olmuşdu.
Rusiyada Yelizaveta Petrovnanın hakimiyyətdə olduğu dövrdə, yəni 1741-ci ildə Hannibal ordu generalı vəzifəsinədək yüksəldi. O, geniş və sanballı tikinti - quruculuq işləri ilə məşğul olurdu. İmperiyanın inşaat işlərində; kanallar, evlər, qalalar tikintisində əsas mütəxəssislərdən biri idi. 1756-cı ildə general-mühəndis, yəni bütün ölkənin baş hərbi mühəndisi təyin olunan Abram Petroviç Hannibal , III Pyotrun dövründə istefaya çıxaraq, özünün Peterburq yaxınlığındakı malikanəsinə çəkildi.
1780-ci ilin əvvəlində 82 yaşlı Hannibal vəsiyyətnaməsini hazırlayyıb, öz kapitalını 7 övladı arasında böləndə və bir il sonra filosof kimi dünyadan köçəndə, ağlına da gəlməzdi ki,18 ildən sonra elə Rusiyanın özündə onun nəslini, ulularını, dostlarını əbədiyyətə qovuşduran bir oğlan uşağı dünyaya gələcəkdir.
Əslində 1780-ci ildə Hannibal sanki İlahinin diqtəsi ilə Puşkin üçün də müəyyən şeylər “hazırlamışdı”.Qoca ərəb özünün çoxlu malikanələrindən yalnız Mixaylovski və Petrovski kəndlərini saxlaya bilmişdi. Sonralar, yəni 1824- cü ilin sentyabrında Puşkinin Mixaylovski kəndində şair dostu Nikolay Mixayloviç Yazıkova yazdığı şeir- məktubun misralarını yada salmaq zənn edirəm ki, maraqlı olardı:
Səni gözləyirəm mən o kənddə ki,
O yerdə Pyotrun əzizi olan
Şahın, şahzadənin sevimli qulu-
Mənim ulu babam - ərəb bir zaman ,
Gizlənib özünə salmışdı məskən,
O yer də çıxmışdı xatirəsindən.
Babamın, hökmdar Yelizaveta
Təntənəli vədlər, bəzəkili saray
Cökə xiyabanı kölgələrində
Sərin göründükcə ona isti yay
Uzaq Afrikanı o eyləyib yad
Xəyalən o yerdə çalarmış qanad
Gözləyirəm səni, bax, o kənddə mən.
İki - üç ildən sonra Puşkin “Böyük Pyotrun ərəbi” povestində və daha sonra “Mənim nəslim” şeirində ulu babasını və əcdadlarını hörmətlə yad edirdi...
...Puşkinlər ailəsində uşaqların tərbiyəsi ilə xüsusi mürəbbilər məşğul olurdu. Gələcəyin böyük şairinin mənəvi inkişafında iki şəxsin xüsusi xidməti vardı: şairin ana nənəsi M. A. Hannibal (O, 1801-ci ildən sonra Puşkinlər ailəsində yaşamışdı) və Puşkinin sevimli dayəsi Arina Radionovna.
Erkən yaşlarında Aleksandr Sergeyeviç tosqun, biçimsiz və ləng bir uşaq idi. Şairin bacısı onun uşaqlıq çağlarını belə xatırlayır: “O öz köklüyü, ləngliyi və qaradinməzliyi ilə anamı çərlətmişdi. Anam az qala zor gücünə onu hər gün gəzməyə aparır, hətta qaçmağa məcbur edirdi. Buna görə o, nənəsi Mariya Alekseyevnanın yanında qalmağı xoşlayırdı: onun zənbilinə girib oturur, nənəsinin necə tikib - toxuduğuna tamaşa eləyirdi. Lakin yeddi yaşına çatar - çatmaz o, şux və dəcəl bir uşaq oldu.
1811-ci ildə Aleksandr əmisinin köməkliyi ilə çar kəndində zadəgan uşaqları üçün yenicə təşkil edilmiş məktəbə (litseyə) daxil olur və 1817-ci ilin yayına qədər burada təhsil alır. Litseydə oxuyarkən o, yüksək savadı ilə bir çox yoldaşlarından kəskin fərqlənsə də, öz üstünlüyünü heç vaxt qabartmırdı.Hətta imtahan zamanı dövrün tanınmış şairi və dövlət xadimi Qavril Romanoviç Derjavini “Çar kəndi haqqında xatirələr” şeiri ilə əməlli-başlı heyrətə gətirmişdi. Gənc Puşkin bu şeirində rus xalqının qəhrəmanlığından vətəndaşlıq duyğusu ilə bəhs edirdi. Onu da deyim ki, Puşkinin ilk şeiri 1814-cü ilin 15 iyulunda “Vestnik Evropı” jurnalının 13-cü nömrəsində çap olunmuşdur. “Şair dostuma” adlanan bu şeirini Aleksandr Sergeyeviç şair dostu Vilhelm Küxelbekerə həsr etmişdir.
Litseyçilərin təlim - tərbiyəsilə dövrün mütərəqqi fikirli professor və müəllimləri məşğul olurdu. Məktəbə çoxlu siyasi ədəbiyyat gətirilirdi. Odur ki, bu təhsil ocağı siyasi - demokratik fikirlərin mərkəzinə çevrilmişdi. Puşkin və onun dostları haqlı olaraq məktəbi “Litsey respublikası” adlandırırdılar.
Şair 1815-ci ildə yazdığı “Litsiniyə” şeirində: “Sinəmdə azadlıq hissi coşur, böyük bir xalqın ruhu qəlbimdə baş qaldırmışdır”, - deyə bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olduğunu etiraf edirdi. V. Jukovski şair, alim, ədəbi tənqidçi və tarixçi Pyotr Andreyeviç Vyazemskiyə yazırdı: “Puşkin bizim söz sənətimizin gələcəyidir...”.
Litseyi bitirib, kollec katibi rütbəsində Xarici İşlər Kollegiyasına təyinat alan Puşkin, poeziya aləminə də “Litsey şeirləri” ilə gəldi. Mənzum məktub, romans, sonet, elegiya, oda, satira və epiqramlardan ibarət olan ilk şeirlərində o, novator sənətkar kimi öz sözünü deyə bildi, müasir rus həyatının ən mühüm problemlərini cəsarətlə həll etməyə müvəffəq oldu. Bu əsərlərin bir çoxu onun ideya və yaradıcılıq dostları olan Puşşin, Delanq, Küxelbeker, Çaadayev, Turgenev, Qaliç, Yudin kimi siyasi düşüncəli gənclərə həsr edilmişdir. Dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi teatr cəmiyyətinin üzvü olan gənc şairin şeirlərinin hamısında zadəgan həyatına, zadəgan ənənələrinə qarşı güclü etiraz duyğuları əsas yer tuturdu.
Azadlıq ideyaları onu xüsusilə özünə cəlb etmişdi. Gənc şair ətrafa nəzər salır, hər yerdə eyni ağır vəziyyəti, zülmü və zəncirləri görürdü. “Azadlıq” adlı məşhur odasında şair yazırdı:
Əfsus ki, hər yana eyləsəm nəzər -
Bir zəncir görürəm, bir də ki, qamçı;
Hər yanda məhv edən o sarsıdıcı
Qanunlar, əsarət, göz yaşı gəzər.
Şair gördüyü, duyduğu, acı mənzərələrlə ilə razılaşmır, qəlbində güclü narazılıq və üsyan baş qaldırır, hökmdara müraciət edərək, həqiqəti cəsarətlə onun üzünə deyir, xalqın böyük gücünü, ədaləti ona xatırladırdı:
Ey zalım hökmdar, qəddar hökmran,
Yox səni, tacını heç görən gözüm...
Lənətin möhrünü görüb üzündən
Oxuyur tayfalar baxaraq sənə,
Allaha tənəsən, kainatda sən,
Dəhşətsən, ləkəsən bu yer üzünə...
Ibrət götürünüz, ey çarlar, ibrət,
Nə ağır cəzalar, nə ərmağanlar,
Nə mehrablar, nə də soyuq zindanlar
Sadiq hasar deyil şahlara əlbət...
Şairin “Çaadayevə” şerindəki güclü məntiqə diqqət yetirək:
…Nə qədər ki, yanar alovlanaraq
Azadlıq eşqilə coşqun qəlbimiz,
Nə qədər şərəflə, namusla ancaq,
Yaşayıb dünyada bir gedirik biz,
Ey mənim əzizim, müqəddəs, gözəl
Arzusunu bu gün könlümüzün gəl,
Həsr edək Vətənə, əziz Vətənə,
Yoldaş, inan buna, deyirəm sənə
Bir gün səadətin cazib ulduzu
Doğacaq, Rusiya ayılacaqdır,
Onda mütləqiyyət xərabəsinin
Üstündə adımız yazılacaqdır.
Puşkin orijinal milli şair kimi yetişərkən sənətin və poeziyanın böyük xalq işi olduğunu dərk edir və öz yaradıcılığında bu cəhətə xüsusi olaraq diqqət edirdi. Qorki yazırdı: “Puşkin ilk olaraq hiss etmişdir ki, ədəbiyyat birinci dərəcəli əhəmiyyətə malik olan ümummilli bir işdir... O, birinci olaraq ədəbiyyatçının adını və şərəfini o zamana qədər mümkün olmayan bir yüksəkliyə qaldırmışdır: onun nəzərində şair-xalqın bütün arzu və istəklərinin ifadəçisidir, həyatın bütün hadisələrini anlayıb əks etdirmək şairin vəzifəsidir”.
Puşkin irihəcmli əsərlər yazmağa hələ litseydə təhsil alarkən başlamışdı. “Ruslan və Lyüdmila” poeması litseydə yaranmışdı. Puşkin yeni romantik poeması ilə saxta və yalançı klassisizmə ağır zərbə vurdu, Poema xalq ədəbiyyatı motivləri əsasında, həm də qüvvətli bədii üslubda yazılmışdır. V. Jukovski poemanı oxuduqdan sonra öz şəklini Puşkinə göndərmiş və şəklin arxasında bu sözləri yazmışdı:“Məğlub olmuş şairdən, qalib gəlmiş şagirdə”.
"Qalib gəlmiş şagird" isə düşmənləri getdikcə daha güclü misralarla nişan alırdı: (“Nasir və şair” şeirində)
Nədir, nasir dostum, hey əlləşirsən?
İstədiyin fikri gəl, mənə ver sən!
Mən onun ucunu kəskinləşdirim,
Ona qafiyədən bir qanad verim.
Çəkim, gərginləşsin əlimdə kaman,
Atım, qoy başlasın fəryada düşman!
Öz dövründə Puşkinin ən düzgün qiymətini verən Belinski olmuşdur. Demokratik fikrin ən görkəmli nümayəndəsi olan Belinski hələ şairin sağlığından başlayaraq, onun yaradıcılığına dair bir çox məqalə həsr etmişdi. Puşkini birinci olaraq dahi rus şairi adlandıran Belinski idi. Halbuki, Puşkindən əvvəl Rusiyada Lomonosov, Derjavin, Jukovski kimi qüvvətli şairlər var idi. Belinskiyə görə, Puşkinin böyüklüyü onda idi ki, o bir dəniz kimi özündən əvvəlki ədəbiyyatın bütün xırda və böyük çaylarını öz qoynuna almışdı. O, realist bir sənətkar kimi rus ədəbiyyatının gələcək inkişaf yolunu təyin etmiş və bu inkişafın sağlam bünövrəsini qoymuşdur.
Lakin Belinskinin obyektiv elmi qiymətinə gəlib çıxana qədər Puşkin ilk şeirlərindən başlayaraq, uzun zaman kəskin hücumlara, haqsız təqiblərə məruz qalmışdı. Hər şeydən əvvəl onu deyək ki, çar və onun hakimiyyət dairəsi üçün Puşkin çox qorxulu bir qüvvə idi. Onun mövcud quruluşa qarşı müxalifətçi mövqe tutan şəxsiyyətini, azadlığı təbliğ edən, sadə xalq adamlarına rəğbət bəsləyən üsyankar şeirlərini çar və onun çinovnikləri həzm edə bilmirdilər.
Hələ 1790-cı ildə Puşkin anadan olmamışdan, inqilabçı, yazıçı Radişşev “Peterburqdan Moskvaya səyahət” adlı əsərində rus ədəbiyyatında ilk dəfə təhkimçilik rejiminə, çar mütləqiyyətinə ağır bir zərbə endirmişdi. Puşkin özünün azadlıq uğrunda mübarizəsini Radişşev işinin davamı hesab edirdi. Tərəqqipərvər dvoryanlar, xüsusən gənc nəsil dünyada baş verən ictimai - siyasi hadisələrə çox həssaslıqla yanaşırdılar. Fransada, İtaliyada, İspaniyada, Yunanıstanda və başqa ölkələrdəki üsyanlar, inqilabi çıxışlar onları xalqın taleyi haqqında ciddi düşünməyə vadar edirdi.
Puşkinin artıq başı üzərində qara buludlar gəzirdi. Çar Birinci Aleksandr litseyin direktoru Yeqor Antonoviç Engelqarta demişdi: “Sənin keçmiş tələbən Puşkin özünün dəhşətli şeirləri ilə bütün Rusiyanı ayağa qaldırmışdır. Gənclər onun şeirlərini əzbər bilir. Puşkini Sibirə göndərmək vaxtı çatmışdır”.
M. Karamzinin və V. Jukovskinin səyi nəticəsində Sibir sürgünü cənub sürgünündə hərbi xidmətlə əvəz edildi.
1820-1824-cü illərdə cənub sürgünü Puşkin romantizminin zirvəsi oldu. Bessarabiyadakı xidməti, Vətən müharibəsinin qəhrəman döyüşçüsü, sərkərdəsi, general Nikolay Nikolayeviç Rayevskinin ailəsi ilə Şimali Qafqaza və Krıma səfərə çıxmasının şairin yaradıcılığında böyük əhəmiyyəti oldu. Burada xüsusi qeyd etmək istərdim ki, Rayevskinin ailə üzvləri ilə Puşkin arasında olduqca səmimi və mehriban münasibət vardı. Bu səmimiyyət duyğularına daha bir incə, munis hisslər də əlavə olunmuşdu. Şair, generalın böyük qızı Mariyaya aşiq olub, onu saf bir məhəbbətlə sevsə də, Rayevski çar qəzəbinə hədəf olmuş şairə qızını vermək istəmir, bu evliliyi uyğunsuz hesab edir.
Bir müddət Yekatironoslavlda, Qafqaz mədən sularında, Kişinyovda, Odessada yaşamağa və işləməyə məcbur olan şair, Peterburqdan uzaq düşsə də, çox yerlər gəzir, çox adamlar görür, yeni-yeni təəssüratlarla yazıb-yaradır. Xüsusən Qafqazın təbiəti, cəsur adamları, Qafqaz xalqlarının adət və ənənələri Puşkin üçün maraqlı mövzular idi. Puşkin dövrünün bu “sürgünü”nə yeni gözəl əsərlərilə cavab verdi. Məhz həmin yerlərdə şairin “Qafqaz əsiri”, “Baxçasaray fantanı”, “Qaraçılar” dan ibarət romantik poemalar trilogiyası yarandı.Rus ədəbiyyatını zənginləşdirən bu trilogiya sonralar Şərq mövzusuna müraciət edən neçə-neçə şair və yazıçıların çoxsaylı əsərlərinin yaranmasına geniş imkanlar yaratdı.
“Qalib gəlmiş şagird”in “Qafqaz əsiri” poemasında xalqın azadlıq mübarizəsi rənglərin bütün dolğunluğu, parlaqlığı ilə təsvir edilmişdir. Poemada ictimai - siyasi motivlər daha qüvvətlidir. “Qanriliada”, “Qaçaq qardaşlar”, “Baxçasaray fantanı” kimi poemalarda da başlıca motiv yenə azadlıqdır. “Baxçasaray fantanı” istər məzmun və istərsə də ifadə gözəlliyi, poetik dolğunluğuna görə rus poeziyasında yeni bədii hadisə idi. Belinski deyirdi: “Baxçasaray fantanı”nda forma cəhətdən irəliyə doğru böyük addım atıldığını görürük. Şeiriyyəti daha yaxşıdır. Poeziyası bəzəkli və təravətlidir. Bu poemanın əsasında ancaq tamamilə inkişaf etmiş və püxtələşmiş istedadın qüvvəsi çatacaq qədər böyük bir fikir qoyulmuşdur”.
“Qaraçılar” poemasında şairin şəxsi iztirabları, cəmiyyətdən şikayəti daha aydın və realist boyalarla verilmişdir. “Qafqaz əsiri”nin qəhrəmanı kimi Aleko da öz sinfi mahiyyətinə, kübar cəmiyyətinə nifrət edir, zümrəsindən üz döndərir, azadlığı, qaraçıların sərbəst həyatını üstün tutur.Görkəmli rus şairi Aleksandr Prokofyev “Heykələ dönüb” şeirində Puşkinin bir neçə əsərini təbii boyalarla vəsf edirdi: ( Şeiri şair, Əməkdar incəsənət xadimi Tofiq Mütəllibov tərcümə etmişdir)
O elə şimşəkdi, elə atəşdi,
Yardı zülmətləri şöhrəti, adı.
O elə günəşdi, elə günəşdi,
Rusiya göylərində doğdu, parladı.
Əsrin yaratdığı canlı şeirdi,
O da qartal kimi qanadlı oldu.
“Qafqaz əsiri”nə azadlıq verdi
Sənət meydanında “Tunc atlı” oldu.
Sədd çəkə bilmədi əzəldən bəri,
Nə bir millət ona, nə bir din ona.
Əlləriylə düzdü şöhrət gülləri,
“Tatyana”, “Yevgeni Onegin” ona.
Ona doğma oldu dekabristlər,
Öz ürəyi kimi, öz canı kimi.
Böyük arzularla hər axşam, səhər,
Coşdu “Baxçasaray fantanı” kimi.
Şeiri məlhəm oldu kədərə, dərdə,
Əzmi yenilmədi çətində, darda.
Zülmət gecələrdə, lal gecələrdə,
Ona həmdəm oldu “Qaraçılar” da.
Ellərin səsinə qatdı səsini,
Dedi: “Dağılmazdır şeirin qalası”.
Şeiriylə dolaşdı Yer kürəsini,
Puşkin - Rusiyanın şair balası…
Lakin cənub sürgününü də Puşkinə çox görürdülər.Bessarabiya vilayətinin canişini qraf M.C.Vorontsovla münaqişəsi və polislərin təqibi şairin 1824-1826-cı illərdə şimal sürgünündə, Mixaylovski kəndində yaşaması ilə nəticələndi.Cənub sürgünündə Puşkin dost-tanışlarının arasında olsa da, Mixaylovskidəki tənhalığı şair üçün ağır idi.Buna baxmayaraq, şairin şimaldakı sürgünü daha məhsuldar olur. Cənubda başladığı “Yevgeni Onegin” mənzum romanının üzərində işləyir. “Boris Qodunov” faciəsini və “Kitabsatanın şairlə söhbəti”, “Andrey Şenye”, “Peyğəmbər”, “Qurana təqlid” və başqa şeirlərini yazır. Həmin illər istər Puşkinin həyatında, istərsə də Rusiyanın tarixində dönüş anına çevrilən 1825-ci il 14 dekabr üsyanının ərəfəsi idi. Çar I Nikolay Puşkini Moskvaya çağırıb, “günahını bağışlayır”. Lakin bu azadlıq zahiri azadlıq olur.Çar onun şəxsi senzoru kimi, qələmindən çıxan hər bir əsəri birinci özü oxuyurdu. Puşkin ömrünün sonuna qədər çar təqibinin ağırlığını duydu.
Rusiyadakı azadlıq hərəkatı tarixində A.S.Puşkinin xüsusi mövqeyi vardı. Şairin ilk rus inqilabçıları nəsli olan dekabristlərlə əlaqəsi, onun həyatı və sənətində ən mühüm cəhətlərindən biri sayılır.
Vətən müharibəsində rus xalqı işğalçı Napaleon ordusuna qələbə çalıb, sevimli Moskvanı göz bəbəyi kimi qorumuşdu. Bu, rus xalqının şöhrətini son dərəcə yüksəkliklərə qaldıran bir qələbə idi. Möhtəşəm qələbə Qərbi Avropanı və bir çox Qərb yazıçılarını ümidsizliyə, bədbinliyə saldığı halda, rus torpağında, rus ədəbiyyatında vətənpərvərlik, milli iftixar və mübarizə hisslərini çox qüvvətləndirmişdi. Puşkinin dostlarından biri olan Borf yazırdı:“Borodino döyüşü və Moskvanın alınması zamanı tökdüyümüz qızğın göz yaşlarını xatırlamaya bilmirəm. Fransızlar Moskvadan çəkildikdə isə göz yaşlarımızı ümumu bir sevinc və şənlik əvəz etdi”.
Puşkin hələ 1815-ci ildə yazdığı “Çar kəndində xatirələr” adlı şeirində gözəl Moskvanın müharibə zamanı keçirdiyi faciəni, rus xalqının düşməndən amansız intiqam alıb çahanşümül zəfər qazanmasını böyük fəxrlə qeyd edirdi. Şairin yaradıcılıq və dünyagörüşünün inkişafı hər şeydən əvvəl 1812-ci ilin Vətən müharibəsi , o zamanki rus varlığı, qabaqcıl rus ictimai fikri ilə əlaqədar idi. Dekabrist Murovyov - Anostol çox gözəl yazmışdı: “Biz hamımız 1812-ci ilin övladları idik”.
Şairin litsey yoldaşları arasında gələcək dekabristlərdən Puşşin, Küxelbeker və başqaları da vardı. Çaadayev siyasi və fəlsəfi cəhətdən çox hazırlıqlı, mədəni gənclərdən idi. Puşkin onunla səmimi dost olmuşdur.
1821- ci ilin aprelində Puşkin dekabristlərin cənub cəmiyyətinin ən fəal üzvlərindən biri olan Pestel ilə dostluğu haqqında yazırdı: “Biz onunla siyasi, metafizik və əxlaqi mövzularda söhbətlər etdik. Bu, mənim tanıdığım ən orijinal ağıl sahiblərindən biridir...Yalnız Pestel kimi inqilabi düşüncə sahibi Rusiyanı bir yazıçının rus dilini sevdiyi qədər sevə bilər”.
Puşkinin şəxsində çar öz böyük düşmənini görürdü. Təşvişə düşmüş hökmdar (I Aleksandr və ondan sonra I Nikolay) gənc şairi susdurmaq və ya onun ilhamını zəhərləmək üçün nə qədər hiyləgər tədbirlərə əl atsa da, çirkin məqsədinə çata bilmirdi. Vətən və xalq səadəti yolunda mübarizə meydanına atılmış şairi heç bir qüvvə bu meydandan çıxara bilməzdi; onu sürgünlərlə, təqib və təhdidlərlə qorxutmaq mümkün deyildi.
Puşkinin siyasi lirikasındakı mübarizə çağırışı hamıdan çox dekabristlərə xoş gəlirdi. Ürəkləri vətən məhəbbəti və çar istibdadına nifrət hissləri ilə dalğalanan dekabristlər üçün Puşkin şeiri son dərəcə qüvvətli, mübariz ilham mənbəyi idi. Onlar Puşkinə Rusiyanın, böyük rus xalqının səadəti yolunda çarpışanların pənahı kimi baxırdılar. 1825 - ci ildə Peterburqdakı Senat meydanında dekabristlər üsyanına bir ay qalmış, dekabrist üsyanı başçılarından məşhur şair K. Rıleyev öz dostu Puşkinə yazırdı: “Rusiya gözlərini sənə dikmişdir: hamı səni sevir, sənə inanır, səni təqlid edir. Şair və vətəndaş ol!”. Bu, yalnız Rıleyevin deyil, rus xalqının ən qabaqcıl adamlarının arzu və etimadı idi. Dahi şair və vətəndaş Puşkin öz ölməz əsərləri, şərəfli həyatı ilə bu etimadı doğrultdu.
Dekabrist üsyanı cəllad çar tərəfindən vəhşicəsinə yatırıldı. Üsyançılardan beş nəfəri dar ağacından asıldı, bunların sırasında Rıleyev də var idi. 120 nəfər Sibirə və cənuba sürgün edildi. İstintaq zamanı aydın oldu ki, Puşkin dekabristlərin mənəvi başçısı və ilhamçısı imiş. Onların demək olar ki, hamısının kağızlarının içərisindən Puşkinin şeirləri çıxırdı.
Məslək dostlarının bu uğursuz taleyi Puşkinə son dərəcə ağır və ibrətamiz təsir bağışlayır. Bundan sonra yazdığı bir çox əsərləri və məktublarında şair öz dekabrist məsləkdaşlarını - uşaqlıq dostlarını həsrətlə xatırlayır, onlarla həmfikir olduğuna işarə edir və dekabrizmin məğlubiyyəti nəticəsində çəkdiyi iztirabı dilə gətirirdi. Məktublarından birində oxuyuruq: “Asılanlar asıldılar. Lakin 120 dostun, qardaşın, yoldaşın katorqaya (həbsxanada və sürgün yerlərində cəza çəkən dustaqlar üçün çox ağır icbari işlər - R.Mirzəzadə) salınması - dəhşətdir”. Bu cümlələrdəki “dost, qardaş, yoldaş” sözləri şairin dekasbristlərlə münasibətini aydınlaşdıran ən mənalı, parlaq dəlilllərdəndir. Başqa bir məktubunda o, dekabristlərlə dostluğuna açıq işarə edərək yazırdı: “Mən, demək olar ki, hamı ilə rabitə saxlayır və qiyamçıların çoxu ilə məktublaşırdım”. “Arion” şeirində də Puşkin bu dostluğu etiraf edir. Simvolik bir üslubda yazılmış bu şeirində o, dekabristlərə divan tutulmasını gəmi fəlakətinə bənzədərək, həmin tufandan yalnız özünün nicat tapdığını söyləyir:
Sükançı məhv oldu, gəmi də batdı!
Təkcə mən sehirli nəğməkar kimi
Tufanla sahilə atıldım ancaq...
Deməli, Puşkin özünü dekabristlərin nəğməkarı sayır və bununla fəxr edirdi. “Sibirə məktub” şeirində o, dekabrist dostlarına qürur və yenə qürur aşılayırdı:
Sibir mədənləri dərinliyində
Məğrur səbrinizi hifz eləyin siz.
Çəkdiyiniz əmək heç itməyəcək,
Ölməyəcək böyük əməlləriniz.
Fəlakətə sadiq bir bacı olan,
Ümid o qaranlıq yerlərdə, inan,
Oyadacaq sizdə sevinc, şəcarət,
Arzu etdiyiniz gün gələr əlbət
Zülmətli əngəli hey yara-yara,
Çatacaq sizlərə dostluq və sevgi,
Mənim azad səsim çatır necə ki,
Uzaq katorqada o qazmalara.
O zaman buxovlar parçalanacaq,
Zindanlar çökəcək, o zaman ancaq.
Azadlıq güləcək şən üzünüzə,
Və qılınc verəcək qardaşlar sizə.
Şairin tərcümeyi - halındakı maraqlı səhifələrdən biri də üsyandan sonra çar I Nikolay ilə görüşü və ona verdiyi cavabıdır. Hökmdarla söhbət etdiyi zaman Puşkin onun - “Əgər siz dekabr ayında Peterburqda olsaydınız, nə edərdiniz? - sualına şair mərdliklə cavab verib demişdi: “Əgər mən Peterburqda olsaydım, dostlarımla birlikdə Senat meydanında olacaqdım”.
Puşkin bütün həyatı boyu öz “dostlarını, qardaşlarını, yoldaşlarını” unutmadı; kədərlənsə də, ümidsiz olmadı. Dillərdə gəzən “Sibirə məktub” isə doğrudan da parlaq gələcəyə inamla yazılmışdı.
Xalqa bütün varlığı ilə bağlılığına görə Belinski rus sənətkarları içərisində əsl xəlqi sənətkar olmaq üstünlüyünü ancaq Puşkinə verirdi. Onun fikrincə, Puşkin başdan ayağa xəlqi idi. Tənqidçi yazırdı: “Ədiblər arasında istedad cəhətində olduğu kimi, xəlqilik cəhətində də fərq vardır. Puşkin də xəlqi bir şairdir, Koltsov da, lakin bu iki şair arasında o qədər böyük məsafə var ki, ikisinin adını yan-yana çəkmək bir növ qəribə görünür. Onların arasındakı bu fərq yalnız istedad cəhətindən deyil, xəlqiliyin özü cəhətindən də böyükdür, hər iki cəhətdən Koltsovun Puşkinə olan nisbəti qayadan qaynayıb çıxan duru, sərin bir bulağın, Rusiyanın yarısından çox hissəsindən axıb keçən və milyonlarca insanlara su verən Volqaya olan nisbəti kimidir”.
Puşkin əsl xəlqiliyi xalq düşüncə və hisslərinin inikasında görürdü. Xalqın tarixi, milli quruluşu, xalq həyatının, xalq ruhunun ifadəsi məsələləri Puşkinə görə xəlqiliyin başlıca səciyyəvi cəhətləri idi.
Puşkinin xəlqiliyinin bir xüsusiyyəti də şairin şifahi rus ədəbiyyatı xəzinəsindən tükənməz bir mənbə kimi istifadə etməsidir. Puşkin hələ gənc yaşlarından xalq ədəbiyyatının füsunkarlığına, onun zəngin xəyali məzmununa məftun olmuşdu. Hələ məşhur rus şairi Jukovskinin təsiri altında yazdığı bəzi şeirlərində və xüsusilə şairin “Ruslan və Lyüdmila” əsərində rus şifahi ədəbiyyatının böyük təsiri duyulurdu. Aleksandr Sergeyeviç yazırdı:“Qədim mahnı və nağılları öyrənmək-rus dilini mükəmməl öyrənmək üçün lazımdır”. Daha sonra böyük şair cavan yazıçılara müraciətlə deyirdi : “Rus dilinin xüsusiyyətlərini görmək üçün sadə xalq nağıllarını oxuyun”.
Puşkinin böyük xidmətlərindən biri də rus ədəbi dilini təkmilləşdirməsi, bu dili xalq dili, xalq ifadələri hesabına zənginləşdirməsidir. Belinski Puşkinin rus ədəbi dili sahəsindəki xidmətinə çox böyük qiymət verir və deyirdi ki, şair bu dilə ecazkar bir qüvvə vermişdir. Qoqol isə bu fikirdə idi ki, Puşkində rus dilinin bütün sərvəti, elastikliyi, qüdrəti toplanmışdır. Bu da şairin fikir və ifadə dəqiqliyindən, realizmindən, həyat həqiqətinə sadiq qalmasından, öz xalqı ilə möhkəm bağlı olmasından irəli gəlirdi.
Puşkinin böyük vətəndaşlıq ehtirasının nəzəri kökləri onun ədəbi tənqid və publisistika irsində daha aydın görünür. O vaxt fransız dili tərəfindən sıxışdırılan rus dili haqqında böyük şairin ürək ağrısı ilə dolu sətirləri bu gün də bizi həyəcanlandırır və düşündürür: “Təkcə şeirlə məşğul olan adamlar çıxılmaqla, yerdə qalan heç kim üçün rus dili kifayət qədər cazibədar deyil. Bizdə hələ nə dilçilik, nə də kitab var, bütün biliyimizi, bütün anlayışımızı biz uşaqlıq illərindən, xarici kitablardan götürmüşük; biz yad dildə düşünməyə vərdiş eləmişik...”. Yad dillərin ağır məngənəsini qırmaq yolunda ən böyük addımlardan birini elə Puşkin özü atmışdı.
Öz xalqını sevən, rus xalqının səadətini düşünən, bu xalqın bəşər tarixində oynayacağı misilsiz, müntəzəm rolu dərk edən hər bir rus vətənpərvəri Puşkini sevir, onun sənətini yüksək qiymətləndirirdi. Qoqol, Belinski, Çernışevski, Dobrolyubov, Gertsen, Qonçarov, Ostrovski, Turgenev, Tolstoy, Plexanov, Lunaçarski, Qorki kimi böyük şəxsiyyətlər Puşkinin adını həmişə hörmətlə çəkmiş, onun ölməz əsərlərini rus ədəbiyyatının ən yaxşı nümunələri kimi, bəşəriyyətin mədəniyyət tarixində qabaqcıl rol oynayan qiymətli ədəbi irs kimi qiymətləndirmişlər.
Çernışevski yazırdı ki, Puşkin bizdə ədəbiyyatı milli iş səviyyəsinə qaldırdı. Ostrovskinin fikrincə, bir şəxsiyyətin simasında rus ədəbiyyatı bir əsr qabağa atıldı. Hamı Puşkinlə fəxr edir. Ədəbiyyatımız öz zehni inkişafı üçün ona minnətdardır. Turgenev, Tolstoy və Qorki Puşkini özlərinə müəllim hesab edirdilər. Tolstoy deyirdi ki, Puşkin bizim müəllimimizdir. Yazıçılar bu xəzinəni arasıkəsilmədən tədqiq etməlidirlər.
Rus pedaqojisi tarixini öyrənənlər indiyədək A.S.Puşkinin əli ilə yazılmış maraqlı bir sənədə lazımi diqqət verməmişlər. Bu, dahi şairin “Xalq tərbiyəsi haqqında” çar I Nikolaya yazdığı təhriri məruzəsidir. Həmin məruzədə Puşkin Rusiya xalq maarifinin vəziyyətinə dair bir sıra qiymətli fikirlərini ifadə etmişdir.
Bəs necə olmuşdu ki, yırtıcı Nikolay bir tərəfdən cəhalətpərəst admiral Şişkovu yeni amansız hərbi nizamnamə yazmağa cəlb etdiyi halda, o biri tərəfdən dekabristlərlə yaxın olduğunu gizlətməyən Puşkinə belə bir islahatın layihəsini tapşırmışdı?
Puşkin öz təhriri məruzəsini belə bir tezislə başlayır ki, dekabristlər üsyanına səbəb müntəzəm milli tərbiyənin (maarifin) olmaması və “yadelli ideologizmin” təsiridir. Şair maarifə qəti düşmən olan Nikolayda xalq maarifinə az-çox rəğbət hissi oyatmaq üçün yazırdı: “Yeni ictimai fəlakətlərin qarşısını yalnız maarif ala bilər”.
Lakin maarifin inkişafını “rütbələrə görə böyümək” sistemi ləngidirdi. Gənclərin mənsəb və rütbə arxasınca tez qaça bilmələri üçün təlim kursu 16 yaşında başa çatdırılırdı. Ona görə Puşkin hesab edirdi ki, rütbələri ləğv etmək vaxtı gəlib çatmışdır və gənclər gurultulu, dəbdəbəli kazarmalarda deyil, sakit məktəblərdə kamala çatmalıdırlar.
Dvoryan “ev tərbiyəsini” Puşkin ən böyük bəla hesab edirdi. “Tərəddüd etmək lazım deyildir - nəyin bahaslna olursa-olsun, xüsusi tərbiyə aradan qaldırılmalıdır” - deyirdi. Zadəgan “ev tərbiyəsi” rütbə hüququ almaq üçün varlıların imtahanlara evdə hazırlaşmalarına imkan verirdi. Puşkin bunu nəzərə alaraq, “rütbə üçün imtahanları” ləğv etməyi lazım görürdü. Dahinin fikrinə görə, yalnız ictimai məktəblərin verdiyi təhsil və tərbiyə dövlət qulluğuna getmək üçün yol açmalı idi. Puşkin gənclərin əcnəbi darülfünunlarında təhsil almaları məsələsinə incə bir siyasətlə toxunurdu.
Hərbi məktəblərdən danışarkən Puşkin dekabristlərin Lankastr sisteminə münasibətini bəyənir və belə hesab edirdi ki, kadet korpusları (orta hərbi məktəblər - R.Mirzəzadə) əsasən tərbiyə sahəsində islahatlar tələb edirlər, yəni bu hərbi məktəblərdə bədən cəzası ləğv olunmalı, namus tərbiyəsinə xüsusi diqqət verilməlidir.
Puşkin yazırdı: “Həddindən artıq amansız tərbiyə onlardan rəis deyil, cəllad hazırlayır”. Rəsmi təhriri məruzədə bu sözləri yazması şairin nə qədər cəsarətli çıxış etdiyini göstərir. Qəsdlə amansız rəftar, zülmkarlıq tərbiyə edən Nikolayı bu sözlər olduqca qəzəbləndirə bilərdi.
Gimnaziyalar, litseylər və pansionlara gəldikdə, Puşkin əsasən bunların təhsil müddətini artırmağı tələb edirdi.
Şair ruhani seminariyalarının yenidən qurulmasına xüsusilə böyük əhəmiyyət verirdi. O ruhani seminariyalarında yunan və latın dillərinin öyrədilməsini lazım görür ki, bu özü də o zaman böyük mütərəqqi əhəmiyyəti olan bir tələb idi.
Puşkin orta məktəblərin yuxarı siniflərində ictimai - humanitar elmlərə - hüquq elmlərinə, siyasi - iqtisadi, tarix və fəlsəfəyə böyük diqqət verməyi tələb edir, ilk növbədə Rusiyanın tarixini və iqtisadiyyatını öyrənməyi zəruri sayırdı.
“Rusiya ruslar üçün olduqca naməlumdur. Onun tarixindən və statistikasından başqa, qanunvericiliyi də xüsusi kafedra tələb edir”. Rusiyada dövlət fəaliyyətinə hazırlaşan adamlar hər şeydən əvvəl Rusiyanı öyrənməli və onu sevməlidirlər.
Bütün bunlardan göründüyü kimi, Puşkin dekabristlər üsyanının yeni yatırıldığına baxmayaraq, I Nikoalaya yazdığı rəsmi sənəddə öz siyasi görüşlərini çox da pərdələməmiş və son dərəcə cəsarətli bir layihə ilə çıxış etmişdi. Puşkinin bu layihədə irəli sürdüyü ideyalar dekabristlərin xalq maarifi islahatına aid fikirlərinə demək olar ki, tamamilə uyğun gəlirdi.
O ictimai tərbiyənin zadəgan - ev tərbiyəsindən üstün olması və rus pedaqogikasının özünəməxsus yol ilə inkişaf etməsi ideyasını açıq və aydın şəkildə irəli sürürdü.
Puşkin tələb edirdi ki, rus qulluqçu-ziyalılar tarixi, iqtisadi elmləri dərindən öyrənmək əsasında siyasi tərbiyə məktəbi keçsinlər, vətənpərvərlik ruhunda tərbiyə olunsunlar. Lankastr təhsil sistemi haqqında dekabristlərin rəyi ilə razılaşan Puşkin, ilk növbədə vətəndaş tərbiyə etmək ideyası əsasında hərbi və ruhani tərbiyənin kökündən dəyişməsini tələb edirdi. Dekabristlərin xalq maarifi haqqında mütərəqqi ideyaları qabaqcıl ruslar arasında hələ XIX əsrin 20-ci illərində yayılmışdı. Puşkin dekabrist Pestelin maarif haqqındakı fikirlərinə yüksək qiymət verirdi. Dövlət tərbiyəsi prinsipinini Puşkin də yüksək dəyərləndirirdi. Elmi təbliğ etmək, geniş yaymaq məsələsində Puşkin dostu Pestellə bir cəbhədə dururdu. Onlar bütün varlıqları ilə inanırdılar ki, mədəniyyət geniş kütlələrin malı olsa və ondan ölkənin məhsuldar qüvvələrini artırmaq üçün istifadə edilsə, Rusiya qabaqcıl elm ölkəsi olacaqdır.
Tarix milli ədəbi irsdən xəbərsiz olan və ona etinasızlıq göstərən bir çox bədii istedadların sönüb getdiyinin şahidi olduğu kimi, məhdud milli çərçivəyə qapılıb qalan, onu ancaq təbliğ etməklə kifayətlənib dünya ədəbi prosesindən, onun bədii nailiyyətlərindən xəbərsiz olan istedadların da sönüb getdiyinin, unudulduğunun şahidi olmuşdur. Nizami Firdovsidən, Nəvai Nizamidən xəbərsiz olsaydı, bizə gəlib çatan Nizami və Nəvai yetişməzdi.
Bizim Mirzə Fətəli Axundovun Azərbaycanın və ümumiyyətlə, Yaxın Şərqin ilk dramaturqu, ilk ədəbiyyat tənqidçisi və ilk materialist filosofu səviyyəsinə yüksələ bilməsi bir tərəfdən də rus və Avropa ədəbiyyatı və elmi ilə tanışlığının nəticəsi idi. Bu tanışlığın nəticəsi idi ki, Axundov Şərq ədəbiyyatı, ictimai və fəlsəfi fikrinə də o vaxta qədər görünməmiş yeni bir nəzərlə baxa bilmiş. Şərq ədəbiyyatı və fəlsəfəsinin mütərəqqi cəhətlərini də yüksək qiymətləndirə bilmişdir.
Puşkin Homerdən başlamış Şekspirə, Şekspirdən Volter, Russo, Şiller, Höte, Bayrona qədər Qərb yazıçılarının əsərlərini diqqətlə öyrənsə də, onlardan da heç birini təkrar etməmişdi. Onun realizmi də, romantizmi də romantikası da özünə görə orijinal bədii-estetik və məfkurəvi xüsusiyyətləri olan rus realizmi, rus romantizmi, rus romantikası dekabrizm romantikası idi. Bu orijinallığına görə idi ki, yeni rus ədəbiyyatını mədəni dünyaya tanıtdıran, rus bədii təfəkkürünə diqqəti xüsusilə cəlb edən Puşkin oldu. Təsadüfi deyil ki, bizdə də rus ədəbiyyatı ilə ilk əsaslı tanışlıq Puşkin yaradıcılığı ilə tanışlıqla başlamışdır.
Böyük Puşkini yeni rus realist ədəbiyyatının banisi səviyyəsinə çatdıran sənədlərdən üçüncüsü onun alimliyi, zəmanəsinin elmləri ilə tanışlığı, əsrinin fəlsəfi yüksəkliyinə qalxa bilməsidir.Çernışevski: “Puşkin rus şeiri tarixində necə böyük yer tutursa, rus elmi tarixində belə bir yer tutur” - demişdir. Belə də olmalı idi. Əks təqdirdə Füzuli demişkən, elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur.
Rusiyanın Puşkindən sonra gələn bütün böyük söz ustaları yaradıcılıqlarının ən kamil dövründə belə, yenə də Puşkini özlərinin müəllimi, ustadı sayırdılar. Puşkindən sonra Rusiyanın ikinci qüdrətli şairi Lermontov Puşkinin davamçısı kimi şöhrət tapdı. Qoqol Puşkinin ona verdiyi mövzuları işləyib “Müfəttiş” və “Ölü canlar” əsərlərini yaratdı. Dostoyevskinin ilk qələm təcrübələrindən biri Puşkinin təsiri ilə yazdığı ikinci “Boris Qodunov” əsəri idi. Belinski Dostoyevskinin “Zavallı insanlar” romanında Puşkinin “Stansiya gözətçisi” hekayəsindəki ideyanın davamını görürdü. Nekrasovun “Dekabrist qadınlar”, Lev Tolstoyun “Dekabristlər” əsərlərində Puşkinin dekabristlərə münasibətinin davamı çox aydın hiss olunurdu. 1873- cü ildə “Anna Karenina” romanı üzərində işləyərkən Tolstoy N. N. Straxova məktubunda yazırdı: “Anna Karenina” romanının bədii qayəsi üçün o, “İlahi Puşkinə” minnətdardır. Puşkini xalqlara sevdirən, şöhrətləndirən, əbədiləşdirən də onun xalq səadəti, insan səadəti üçün alışıb-yanan ürəyi idi!..
Azərbaycanın Xalq şairi Rəsul Rzanın yazdıqlarını yada salaq: “ Hələ cocuqluq illərində Puşkinin mənzum nağıllarını dinləyib, onun əfsanəvi hadisələrlə dolu dünyasını səyahətə çıxırdım, hər şeyi unudub bu nağılların havası ilə yaşayırdım.
Cavanlıq illərində Puşkinin romantik poeziyası məni könüllər aləmində gəzdirir, insan taleyinin müxtəlif çalarlı, əlvan rəngli aləminə valeh edirdi. Tatyananın məktubundan sonra mən Puşkinin “Poltava” əsərini, “Qraf Nulin”i , “Qırx qızlar”ı tərcümə etdim. Bu yaradıcılıq işi prosesində Puşkinin mürəkkəb və yüksək sadəliyi, onun sənət sirləri, onun söz ustalığı, insan qəlbinə nə qədər dərindən bələd olduğu gözlərimin qarşısında varaq - varaq açıldı. Puşkin mənə daha yaxın, daha əziz, daha doğma oldu.
Zaman keçdi, ahıllıq illərində Puşkinin əsərlərini yenidən təkrar-təkrar oxudum. Onun müdrik poeziyası yeni bir təravətlə qarşımda açılıb, məni heyranlıq hissilə bürüdü. Bu əsərləri oxuduqca mənə elə gəlirdi ki, onların müəllifi bu şeirləri, bu poemaları, povestləri və romanları bir oturuma, bir nəfəsə yazmışdır. Bu əsərlərdəki fikrin aydınlığı, sözlərin kəsəri, ahəng o qədər təbii və təsirlidir ki, insan coşub - daşan bu ilhamın qüdrətinə heyran qalırdı. Lakin Puşkin poeziyasının, Puşkin yaradıcılığının ilk əlyazmalarını gözdən keçirdikdə, yeni bir həqiqət bütün amansızlığı ilə ortaya çıxır. Görür və inanırsan ki, sənətkar hər sözün üstündə necə zərgər işi aparmışdır. Hər cümlənin düzümünə nə qədər əmək sərf etmiş, pozub və yenidən yazmış və nəhayət, ağır yaradıcılıq zəhməti nəticəsində axtardığını tapmış, sözlər yerinə düşmüş, cümlələrin ahəngi, fikrinin məntiqi düzümü, poetik ifadənin orjinallığı yaranmışdır. Puşkinlə yaxın tanışlıq həqiqətən onun poeziyasının, onun yaradıcılığının dövrünün geniş müdrik ensiklopediyası olduğunu aydın - aşkar göstərir.
Bu gün də nəsil-nəsil insan Puşkinin poeziyasından cəsarət, həqiqət, məhəbbət və nifrət dərsi almağa qadirdir”. Bu fikirlərini Rəsul Rza elə özünün “Böyük sənətkar” şeirində də ifadə edir:
... Sənin hər sözündə, hər bir sətirində,
Böyük rus qəlbi var, rus ruhu vardı.
O nəcib könlünün saf tellərində
Qardaşlıq nəğməsi dalğalanardı.
Öldürdü canına qəsd edənləri
Böyük sənət adlı yarağın sənin.
Azad insanların qəlbində vardır
Məhəbbətin sənin, sorağın sənin.
Bəxtiyar Bahabzadə isə Puşkini həm şair, həm bəstəkar, həm də rəssam adlandırırdı: “Puşkin həm şairdir, həm rəssam, həm də bəstəkar. O, son dərəcə adi və sadə sözlərlə həm rəsm çəkir, həm də bu rəsmin nəğməsini yaradır. Onun məşhur “Qış gecəsi ” şeirindən ikicə bəndi misal gətirmək istəyirəm:
Yağan qarı bura- bura
Boran səslənər əsəbi.
Uşaq kimi gah ağlayar,
Gah ulayar bir qurd kimi.
Yel küləşi səsləndirib
Çardaqlarda gah inləyər.
Gah gecikmiş yolçu kimi
Pəncərəni tıq - tıq döyər.
Boranın yağan qarı burması, onun gah uşaq kimi ağlaması, gah da qurd kimi ulaması həm poetik tapıntı, həm tipik rus qışının səslərlə ifadəsi, həm də şairanə mənzərəsidir. Damları küləşlə örtülən rus komalarının çardağında küləyin əsəbi halda səslənməsinin gecənin vahiməli zülmətində pəncərənin gecikmiş yolçu tərəfindən taqqıldadılmasına bənzədilməsi yenə də həm nəğmə, həm də nəğmənin poetik mənzərəsidir. Çünki Puşkin yazarkən yazdığını həm görür, həm də eşidirdi. Özü bir şair kimi gördüyü və eşitdiyinə görə, oxucunu da görməyə və eşitməyə vadar edir. Bax, budur dahiliyin ən böyük sirlərindən biri !
Mən Puşkinin dahiliyini bir də insan qəlbinin ən dərin guşələrinə işıq salıb, ən gizli və ən incə hissləri üzə çıxara bilməsində görürəm. O, obrazlarını müxtəlif şəraitdə təsvir edir və onun düşdüyü vəziyyətə uyğun yaşadığı duyğuları elə böyük ustalıqla üzə çıxarır ki, oxucu bu duyğuların dərinliyinə və doğruluğuna heyrətlənir. Ən adi əsərlərindən biri olan “ Atəş” hekayəsində qrafı iki vəziyyətdə təsvir edir. Birində özündən razı, lovğa qraf, ikincidə isə düşdüyü şəraitdən asılı olaraq alçaldılmış, rəzil qraf. Yazıçının ustalığı orasındadır ki, o, bizi qrafın hər iki vəziyyətinə inandırır, həm də təəssüfləndirir. Ən maraqlı burasıdır ki, hər ikisində qraf dueldə eyni adamla atışdığı şəraitdə təsvir olunmasına baxmayaraq, o, hər dəfə başqa adamdır. Bəs qrafı dəyişdirib başqalaşdıran nədir? Vaxt və bu vaxt ərzində psixologiyanın dəyişməsi.
Hələ evlənməmiş, həyatın mənasını əyləncələrdə görən, özündən razı gənc qraf ölümdən qorxmur. Dueldə ona tuşlanan tapançanın vahiməsi tüklərini belə ürpətmir. Ölüm qarşısında yediyi gilasın çərdəklərini düşməninin üzünə tüpürür. Onun ölümdən qorxmadığını görən düşməni Silvio, həyatın onun üçün heç bir məna kəsb etmədiyini başa düşüb, bu ölümün onun qisası üçün kiçik olduğunu dərk edir, gülləsini atmır, dueli qeyri - müəyyən bir vaxta keçirir. Elə bir vaxta keçirir ki, ölüm onun üçün qorxulu olsun. Bu nöqtədə Silvio öz intiqamında böyüyür. Daha doğrusu, o, düşməni üçün həyatı qiymətləndirib, yalnız bundan sonra onun üçün məhz qiymətli olan həyatı onun əlindən almaq istəyir.
Birinci dueldən alti il keçir. Qraf yaşa dolur, həyatın qiymətini dərk edir. Yalnız bundan sonra Silvionun gec- tez bir gün gələcəyini düşünüb, hər gün ölüb -dirilir. Çünk o, yaxşı bilir ki, Silvio ondan nə istəyir və gec-tez bir gün o, gələcək, onu duelə çağıracaq və vaxı ilə vurduğu sillənin heyfini alacaq. Altı il müddətində bir tərəfdən evlənməsi, ailə məsuliyyəti, ikinci tərəfdən ölüm qorxusu altında yaşaması qrafı tamamilə dəyişdirir. Daha doğrusu, ölümün vahiməsi ona həyatı sevdirir. Düşməni Silvio isə bir zaman peyda olur, vaxtı ilə atmadığı gülləni indi atacağını bildirir. Silvionun qarşısında qraf sarsılır, əlləri əsir, rəngi saralır. Silvioya da məhz bu lazım idi. O, düşmənini qorxan vəziyyətdə görür. Bu isə qraf üçün ölumdən betərdir.
Hekayədə obrazların şəraitə münasib psixoloji vəziyyətləri o qədər böyük ustalıqla təsvir olunmuşdur ki, oxucu ustad qələminin qüdrətinə heyrətlənməyə bilmir. Böyük bir romana sığışa biləcək hadisələri, dəyişkənliyi, psixoloji vəziyyətləri 5-6 səhifəlik balaca bir hekayəyə sığışdıran sənətin və sənətkarın qarşısında biz susur, bu dahiyanə sənətin önündə başımızı əyməklə, ona öz məhəbbət və minnətdarlığımızı bildiririk”.
30-cu illər ərəfəsində və xüsusən 30-cu illərdən etibarən rus tənqidi xüsusi bir ton və dillə danışmağa başlamış, Puşkin və onun məktəbinə qarşı dəhşətli bir üsyan qaldırmışdı.Həmin dövrdə Puşkinin rəğbət bəslədiyi dekabristlər hərəkatı artıq qan selləri içərisində boğulmuş, çar I Nikolayın dözülməz irtica illəri başlanmışdı.1825-ci ildə nəşrə başlayan “Severnaya pçela” qəzeti çar dövlətinin mənafeyini hər şeydən üstün tuturdu.Bu qəzeti nəşr edən xəfiyyə başçısı Aleksandr Xristoroviç Bengendorfun casusları olan Faddey Venediktoviç Bulqarin və Nikolay İvanoviç Qreç idi. Bulqarin və Qreç bir qədər sonra onlarla həmfikir olan “Biblioteka dlya çteniya” məcmuəsinin ( Rusiyada ilk çoxtirajlı məcmuə) naşiri Osip İvanoviç Senkovski ilə birlikdə xalq arasında çox şöhrət qazanmış Puşkinə, həmçinin onun məsləkdaşları Lermontova və Qoqola qarşı qızğın hücuma başlamışdılar.
Uzun zaman doğma vətənindən ayrı düşümüş şair Rusiyaya qayıdarkən Vladiqafqazda əlinə keçən bir sıra məcmuələri oxuyur. “Ərzuruma səyahət”də Puşkin yazırdı: “...Bu məcmuələrdə hərtərəfli olaraq, məni və şeirlərimi söyürdülər”. Şair həmin əsərini bu sözlərlə tamamlayır: “Sevimli Vətənimdə məni qarşılayan ilk təbrik belə idi”.
Qafqaza ikinci dəfə sürgün edilməmişdən əvvəl, 1827-ci ildə Puşkinin təşəbbüsü ilə “Moskovskiy vestnik” məcmuəsi nəşr edilməyə başlanır. Lakin şair Qafqaza getdikdən sonra məcmuə istiqamətini dəyişir və müvəffəqiyyətsizliyə uğrayır. Məcmuənin bağlanması şairi ruhdan salmır.O, 1830-cu ildə dostu Anton Antonoviç Delviqin nəşr etdirdiyi “Literaturnaya qazeta”da fəal iştirak etməyə başlayır. Qəzet üçün bütün materialların hazırlanması, Delviq Moskvada olmadığı zaman qəzetin redaktorluğu da Puşkinin üzərinə düşürdü.
“Severnaya pçela” və “Moskovskiy teleqraf” məcmuələri şairin diqqətindən yayınmırdı.Çünki çar üsul-idarəsinin ağır zülmünü pərdələyən, qabaqcıl ziyalılara, şair və yazıçılara qarşı ədalətsiz hücumlar edən bu mürtəce nəşrlərin başında öz milli heysiyyətini itirmiş adamlar dururdu.
Puşkin bacarıqlı ədəbi tənqidçi və mühərrir kimi “Literaturnaya qazeta” və “Teleskop”un səhifələrində dərc etdirdiyi yazılarla humanistliyə zidd olan hər şeyə qarşı üsyan edirdi.1831-ci ildə “Literaturnaya qazeta”nın nəşri qadağan edildikdən sonra Puşkin 1835-ci ildə özünün “Sovremennik” məcmuəsini nəşr etməyə başladı.Jurnalda görkəmli ədiblərin əsərləri çap olunurdu.
Puşkinə Azərbaycan torpağını görmək nəsib olmasa da, o, azərbaycanlıları çox sevirdi. Azərbaycan və azərbaycanlılar haqqında şairin hələ litseydə oxuduğu zaman az da olsa, təsəvvürü vardı. 1821-ci ildə Qafqaza gələrkən bu təsəvvür xeyli genişlənmişdi.
“Andrey Şenye” şeirinə görə dəfələrlə istintaqa cəlb olunan Puşkinə, Qafqaz yenidən qucaq açır.1829-cu ildə bu füsunkar diyarda ikinci dəfə olarkən şair bilavasitə Azərbaycan mühitinə düşür. Azərbaycanlıların səmimi münasibətini, mehribanlığını, qonaqpərvərliyini görür. Azərbaycan musiqisinin gözəlliyini, Azərbaycan dilinin şirinliyini duyur. Puşkin Qafqazda ikən gördüklərini, eşitdiklərini, təbiətin füsunkar mənzərələrini, bu diyarda yaşayan xalqların məişətini, həyat tərzini “Ərzuruma səyahət” adlı əsərində maraqlı lövhələrlə əks etdirmişdi. Bu əsərində şair Ərzurumda, rus ordusunda xidmət edən azərbaycanlılarla görüşündən, onların fədakarlığından da danışmış, qarabağlı gənc Fərhad bəyə ayrıca şeir həsr etmişdi.
Səyahət zamanı Puşkinin ən çox yadında qalan Qriboyedovun faciəli ölümü barədə rus dövlətinə izahat vermək üçün Peterburqa gedən İran nümayəndələri arasında olan azərbaycanlı şair Fazil xan Şeyda ilə görüşü olmuşdur. Fazil xan zəngin dünyagörüşlü şair idi və Puşkinin yaradıcılığına yaxşı bələd idi. Söhbət zamanı məlum olur ki, o, Peterburqda olarkən Puşkin ilə görüşmək arzusunda imiş.Yolustü görüşün qısa olması onda təəssüf doğurur. Fazil xan mərifəti, mədəni və nəzakətli davranışı ilə böyük rus şairində xoş təəssüratlar yaradır və bu təəssürat Puşkinin elə həmin vaxtlar qələmə aldığı “Sənin yeni şücaətin var olsun!” adlı şeirində öz bədii əksini tapır.
Puşkin Peterburqa qayıdandan sonra azərbaycanlı dostlarından Fərəculla bəy və Fərhad bəyin portretini Yelizaveta Uşakovanın ev albomuna çəkmişdi. Beş il sonra Peterburqda Puşkin daha bir azərbaycanlı ilə, Abbasqulu ağa Bakıxanovla tanış olur. Bakıxanov ora Varşavadan gəlmişdi. Yazının əvvəlində qeyd etdiyim kimi, o zaman Puşkinin bacısı Olqa Sergeyevna ailəsi ilə birlikdə Varşavada yaşayırdı.O, Bakıxanovdan Peterburqda yaşayan valideynlərinə məktub çatdırmağı xahiş etmişdi.Puşkinlər ailəsi azərbaycanlı qonağı səmimi qarşıladı.Sergey Lvoviç bu görüş barədə qızına yazırdı: “Bu günlər Aleksandr bizi Abbas ağa ilə tanış etdi.Varşavadan qayıtmış Abbas ağa ilk əvvəl Aleksandrla görüşüb, onu valeh etmişdir. Bu şərq övladı doğrudan da çox maraqlı şəxsiyyətdir”. Bu barədə Nadejda Osipovna da qızına göndərdiyi məktubda bəhs edirdi: “O, necə də gözəl söhbətlər edir...O, mənim çox xoşuma gəldi...”.
Sergey Lvoviçin məktubundakı bu qeydlərdən hiss olunur ki, ata, qonağın yanında oğlunun təmkinli, nikbin olmasını arzulayır : “...Abbas ağanın yanında o, Peterburq kübar cəmiyyətini qızğınlılqa söyürdü. Mən onu məzəmmət etdim. O isə daha da əsəbləşib, dedi: “Daha yaxşı, nə fərqi var - rusmu, əcnəbimi yaxşı bilsin ki, bu cəmiyyət alçaq intriqalar, paxıllar, qeybətçilər və dürlü yaramazlar yığıncağıdır!”
Azərbaycan mövzusu Puşkinin istər lirik və epik şeirlərində, istər yol qeydlərində, istər rəsmlərində və istərsə də ayrı-ayrı tarixi qeydlərində məhəbbətlə öz əksini tapmışdır. Şairin “Qızıl xoruz” nağılında əsas obrazlardan biri Şamaxı şahzadəsidir. Şamaxı mühiti, Şamaxı ipəyi onun tez - tez müraciət etdiyi epitetlərdəndir.
Puşkin ömrünün sonuna yaxın “Pyotrun tarixi” əsərini yazarkən xeyli miqdarda arxiv sənədləri ilə işləmiş, 1721-1722-ci illərdə Pyotrun Şərq siyasətinə dair qeydlərindən, Bakı, Şamaxı, Dərbənd xanlıqlarının tarixindən , coğrafiyasından, xanlarından geniş məlumat vermişdir.(Təəssüf ki,hələlik bizim ədəbiyyatşünaslığımızda bu mövzu tam genişliyi və əhatəliyi ilə işıqlandırılmamışdır).
Göründüyü kimi, Puşkinin Qafqaza hər iki səfəri xalqımız və onun ziyalıları üçün böyük tarixi əhəmiyyət kəsb etmişdir. Bu mövzuya şair və yazıçılarımız, ədəbiyyatşünas alimlərimiz dönə - dönə toxunmuşlar. Şair, nasir və jurnalist Gəray Fəzlinin “İki səfər” şeirindəki kimi yazılan bütün əsərlərdə Puşkinə olan məhəbbət dolu qəlblərin çırpıntıları duyulurdu:
Şair, çox sevdiyin gözəl Qafqaza,
Bilirəm, ilk dəfə qübarla gəldin.
Qarlı dağlarına söz yaza-yaza
Sürgünə gəlsən də, vüqarla gəldin.
Sən “qonaq” gələndə bizim ellərə,
Kükrədi Terekin mavi suları.
Sənin rübabınla düşdü dillərə
Dağlar gözəlinin xoş arzuları...
Şair və dramaturq Əliağa Kürçaylının “Sənətkarın xatirəsinə” ithaf etdiyi eyniadlı şeirdən:
Cənubdan, sürgündən seyr elədin sən,
Böyük Rusiyanı, Ana yurdunu.
Ağır yaralıtək inlədin qəlbən
Zülmün pəncəsində gördükcə onu.
Səni düşündürdü Sibir çölləri,
Qanunsuz, təqsirsiz ölən məhbuslar.
Bağlı ayaqları, bağlı dilləri
Gördükcə, könlünü yedi qəm, qübar.
“Məğrur səbrinizi hifz eləyin siz!”
Deyib, ürək verdin sən məhbuslara.
Onlar əsarətə çökmədilər diz
Dedilər: “Çatarıq bir gün bahara”.
Rusiya, o böyük doğma Vətənin,
Artıq çiçəklənmiş bir bahar kimi.
Yurdun gündən-günə boy atır sənin,
Qəlbinə sığmayan arzular kimi...
Xalq şairi Qabilin “Dostlar” poemasında Puşkinin qəlbindən keçən, onu duyğulandıran fikirlər ustad sənətkar qələmi ilə əksini tapmışdır:
Qafqaz! O əsrarlı, sevimli diyar,
Öz Vətənim kimi mənə yad deyil.
O gözəl yerlərin mən neçə bahar,
Qonağı olmuşam, bilin, neçə il!...
Gözəl təbiəti, abu, havası,
Zirvəsi çalmalı uca dağları.
Yaşıl çəmənləri, zövqü səfası
Qorxunc uçqunları, gur bulaqları.
İlhama gətirmiş mənim qəlbimi,
Sevirəm oranı mən sizin kimi.
Qafqaz ellərində yaşayanların
Süfrəsi açıqdır, ürəyi gendir,
Qonağın, yoldaşın, vəfalı yarın,
Yolunda mərdliklə candan keçəndir.
Puşkinin sayəsində Qafqaz o zamandan bəri rus ədibləri üçün yalnız geniş, zəngin azadlıq məkanı olmaq etibarı ilə deyil, həmçinin tükənməz poeziya, qaynar həyat və əsrarəngiz xəyal yurdu kimi müqəddəs oldu.
Tarixin səhifələrində başqa məkanları ziyarət edərkən Puşkinin digər azərbaycanlılarla da görüşünün izləri qalıb. Məsələn, 1835-ci ildə elə Rusiyanın özünü səyahət edərkən şair Kazana gəlib çıxır. O vaxt şəhər dəhşətli faciədən yenicə qurtarmışdı - vəba xəstəliyindən çox adam ölmüşdü. Dahi şair əvvəlcə “rus elmini vəbadan xilas etmiş” gökəmli alim, Kazan Universitetinin rektoru (riyaziyyatçı alim 40 il bu universitetdə dərs deyib, onun 19 ilini universitetə rəhbəlik edib) Nikolay İvanoviç Lobaçevskinin yanına gedir. Rektor rus dilçilik elminin Kazan cəmiyyətinin üzvlərini - professorlardan Mirzə Kazım bəyi, Suroitseni , Karl Fuksu, P.P.Pertsovu, şair M.C.Rıbuşkini və başqalarını Aleksandr Sergeyeviçlə tanış edir.
Məlumdur ki, Puşkin Kazan təəssüratları və Kazan faciəsi əsasında özünün “Vəba zamanı qonaqlıq” pyesini yazmışdır. Şübhə yoxdur ki, Puşkinlə görüş görkəmli Azərbaycan aliminə dərin təsir göstərmişdir. M. Kazım bəy məhz bundan sonra Puşkinin “Baxçasaray fantanı” poemasını Azərbaycan dilinə tərcümə etməyə başlamışdır.
Kazan Universitetinin arxivində həmin əsərin tərcüməsi tapılmışdır. M. Kazım bəy öz tərcüməsini “Göz yaşı çeşməsi” adlandırmışdır. Arxivdə tərcümənin yalnız 263 misrası qalmışdır ki, bu da əsərin təqribən yarısıdır.
Əlyazması variantından məlum olur ki, tərcümə yarımçıq qalıb, bitməmişdir. M. Kazım bəy tərcümə işində orijinala yaxın olmağa çalışmış və buna nail olmuşdur. Bəzi misralarda müəllif “Tavrida” sözünü “Krım”la, “Məkkə” sözünü “Kəbə”ilə əvəz etmişdir.
Böyük rus oğlunun yaradıcılığı yalnız Rusiya torpağında qalmadı, bütün dünyaya yayıldığı, onun dahiyanə, gözəl əsərlərindən bütün xalqlar istifadə etdiyi üçün şair özü də bəşəriyyətə aid oldu. Milli rus şairi olan Puşkin və onun dühası rus xalqının zəngin tarixi keçmişindən, tükənməz mənəvi xəzinəsindən ruh və qida almaqla bərabər, rus xalqının qüdrətini, idrakını, böyük arzularını yüksək sənətkarlıqla ifadə etdiyi üçün yaratdığı əsərlər dünya ədəbiyyatına misilsiz töhfə kimi daxil oldu.
Rus ədəbiyyatında realizmi yüksək kamillik dərəcəsinə çatdırmaq Puşkinə müəssər oldu. O, poeziyada “Yevgeni Onegin” kimi rus həyat və mənşəyini, müasir ictimai fikrini əvəzolunmaz realist bir qüvvətlə təsvir edən mənzum roman yaratdı.
“Yevgeni Onegin” Puşkinin ən sevimli əsəridir. Burada şairin bütün həyatı, gözəl hissləri, fikir və idealı ifadə olunmuşdur. “Yevgeni Onegin” Puşkinin uzun illərdən bəri apardığı zəngin poetik axtarışlarının nəticəsi, yekunu idi. Puşkin ədəbi fəaliyyətinin yarı hissəsini bu möhtəşəm sənət əsərinə həsr etmişdir. Puşkin roman üzərində 7 il, 4 ay, 17 gün işləmiş, “Rus həyatının ensiklopediyası”nı zamanın qarşıya qoyduğu tələblər əsasında daha da təkmilləşdirmişdir.
Onegin obrazı böyük ümumiləşdirici qüvvəyə malikdir. Oneginin xarakterində Puşkin zəmanəsinin zadəgan-mülkədar gənclərinin keçdiyi yolu böyük sənətkarlıqla göstərə bilmişdir. Tatyana obrazı dərin və mənalıdır.O, öz zövqü, əxlaqi görüşlərində möhkəmdir, yenilməzdir. Lakin bu mühit sağlam ruhlu gəncləri mənən şikəst edir, onları həyatın qaranlıq guşələrinə atır. Tatyana müstəqilliyə can atsa da, mənsub olduğu zümrənin kobud qanunları ilə üz-üzə gəlməli olur. Bu mühit gənc nəsil üçün qaranlıq bir zindan idi.
Xalq şairi Səməd Vurğun Puşkinə, xüsusən onun “Yevgeni Onegin” romanına böyük maraq bəsləyirdi. Romanda rus həyatının, dvoryan gənclərinin, ayrı-ayrı insan xarakterlərinin canlı təsviri, Tatyana Larinanın simasında rus xalqına mənsub nəcib sifətlərin cazibədar ifadəsi S.Vurğunun xüsusi diqqətində idi. Bu barədə şair yazırdı: “Mən “Yevgeni Onegin”i ona görə tərcümə etdim ki, bu əsər mənə nəinki bir oxucu, həmçinin bir şair kimi də cəlb etdi.
Mənim tərcümə üzərindəki işim çətin və mürəkkəb idi. Etiraf edirəm ki, mən öz orijinal əsərlərimdən heç birinə “Onegin”in tərcüməsi üzərində işlədiyim vaxtdakı qədər zəhmət və enerji, o qədər yuxusuz gecələr sərf etməmişəm. Nəhayət, 1936-cı ildə tərcüməni tamamlayıb. son nöqtəni qoyarkən, mənə elə gəldi ki, bir dağı yerindən dəbərtmişəm... Əsər özü yaxın bir dost kimi məni mənən ruhlandırır və bütün çətinlikləri aradan qaldırmağa kömək edirdi”.
Məmməd Rahimin xatirələrində S.Vurğunla əsərin tərcüməsi barədəki söhbətini xatırlayıram. Orada belə bir məqamlar var: “Rahim, sən bilirsən ki, “Oneginskaya strofa” dünyada məşhurdur. Bütün poemanı bu şəkildə yalnız dahi sənətkar Puşkin başa vura bilərdi. Mən həmin formanı saxlamaq istəyirəm. Güman edirəm ki, tərcümənin məziyyətlərindən biri də bu ola bilər. Əlbəttə, bu, dəhşətli bir zəhmət istəyir. Həm Puşkin şeriyyətinin məna dərinliyini, həm də ona xas olan yazı tərzini, formanı saxlamaq böyük hünər və səbr istəyir. Mən bu yolla gedəcəyəm. Görək, nə olar”.
Bir neçə gün sonra o mənə öz tərcüməsinin bir hissəsini oxudu:
Belə düşünürdü o gənc sərsəri,
Poçta yollarını süzüb keçərək.
Zeves öz hökmünü verəndən bəri
Bütün qohumların varisiydi tək.
Ruslan, Lyüdmilanın dostlarına mən
Üzümü döndərib deyirəm qəlbən:
Bizim qəhrəmanla müqəddəməsiz
Bu saat buyurun tanış olun siz.
Onegin, o mənim sevimli dostum,
Doğulmuş Nevanın sahillərində.
Bəlkə o yerlərdə, günün birində
Sən də parlamısan, əziz oxucum.
Mən də o yerləri seyr etdim, əvət,
Şimal zərərlidir mənimçün fəqət.
Görək, Xalq şairimiz Hüseyn Arif nə yazır: “...Mənə elə gəlirdi ki, Puşkin bu misraları Azərbaycan dilində yazıb. Valeh olmuşdum...S.Vurğunun tərcümə etdiyi “Yevgeni Onegin” poemasını dönə-dönə oxumağa başladım. Bəzi fəsilləri hətta əzbərlədim. Misralar indi də hafizəmdən silinməmişdir. Rus xilqəti, rus təbiəti, rus torpağının rəngarəngliyi, gözəllikləri, bu xalqın tarixi adət və ənənələri Puşkin poeziyasında öz təbii tərənnümünü tapmış, onun şöhrətini çox-çox uzaqlara yaymışdır...Aylar, illər dolanır, dünyanın bütün qabaqcıl, mütərəqqi adamları kimi, xalqımızın da Puşkin poeziyasına həvəs və marağı gündən-günə çoxalır.Ölməz şair nəsil-nəsil gəncləşir, boy atır.O, hamımız üçün doğulmuşdu, hamımız üçün də əzizdir”.
H. Arifin bu gözəl fikirlərini onun “Puşkin o Puşkindir!” adlı poemasındakı misralar sərrast məntiqlə tamamlayır:
Necə var, eləcə yazdı ürəkdən,
O ilk müəllimim, əzəl ustadım.
Şairim, nə qədər xoşbəxtəm ki, mən,
Çün sənin tələbən çağrılır adım.
Nə dağlar çəkilib dağ sənətkara,
Gör kimin qəsdinə kimlər giribdir!
Sənin sənətinə xor baxanlara
Lermontov nə yaman cavab veribdir.
Içimdə bir yara qövr edir hələ,
Nə sehirli sınaq, nə sirli andı.
Şimalda Puşkinə atıldı güllə,
Cənubda Səbuhi qana boyandı.
Eşidən nə deyir, görən nə deyir,
Buna cavabdehdir bu gün də tarix.
Qaldırıb başını baxa bilməyir,
Vicdan məhkəməsi önündə tarix…
Puşkinin- bu bəşəri dühanın həyatında tarixin və taleyin vicdan məhkəməsi qarşısında doğrudan da böyük günahı var.Bu günahın “qüdrətli sahibləri” şairin- rus poeziyasının günəşini söndürmək istəyərkən, özləri zamanın qaranlıq zindanlarına nifrətlə məhkum olundular.
…Aleksandrın şəxsi həyatında səadət günəşi parlamağa başlayırdı.1829-cu ildə məşhur gözəl, kübar ailənin qızı Natallya Nikolayevna Qonçarovaya evlilik təklif edən şair, 1831-ci ildə onunla ailə qurur. Nigah Moskvanın məşhur kilsələrinin birində kəsilir. Mərasim zamanı Puşkinin nişan üzüyü barmağından düşür, bir qədər sonra nigah şamı sönür…
Puşkinin 4 övladl dünyaya gəlir.İki qızı- Maşa və Natalya, iki oğlu- Aleksandr və Qriqori.
Şairin həyatı daimi sarsıntılar içində keçirdi: kübar cəmiyyəti ilə münaqişələr, sürgünlər, donoslar, həbslər, dostlarının edamı, çar senzurası, pulsuzluq, ailə söz-söhbətləri, kamer-yunker geyimi və s. Müxtəlif vaxtlarda şairin tənqid hədəfinə tuş gəlmiş nazirlər, generallar, diplomatlar Puşkinə qarşı fitnə-fəsadlıq aparır, ondan intiqam almağa çalışırdılar. Onu sıxışdırır, təqib edir, alçaltmağa cəhd göstərirdilər. Şair belə bir dözülməz şəraitdə yaşayıb - yaradırdı...
1830-cu ilin payızında Nijnı Novqorod yaxınlığındakı Boldino kəndinə gələn Puşkin, burada 50-yə yaxın əsər yazır. 1831-ci ildə Peterburqa köçən şair, iki il sonra yenidən Boldinoya qayıdır. Üçüncü “Boldino payızı”ndan “Qızıl xoruz nağılı” və “Kapitan qızı” yadigar qalır.
Uzun illərdən sonra da şair litsey qayda-qanunu ilə yaşamaqda davam edirdi. Amma o da var ki, təbi gələndə, “ilham pərisini hürkütməmək üçün yatağından qalxmadan, uzandığı yerdə işləyirdi: “Səhər saat altıda qalxıram, qəhvə içirəm və saat üçə kimi uzanıram. Xeyli şey yazmışam, - deyə o, 1833-cü ildə Boldinodan arvadı Natalya Nikolayevnaya yazırdı, -saat üçdə at belinə qalxıram, beşdə çimirəm və sonra kartofla qarabaşaq sıyığı yeyirəm. Saat doqquza qədər mütaliə edirəm”.
1835-ci ilin payızında Mixaylovskidən göndərdiyi məktubda isə yazırdı: “...Mən çox gəzirəm, çox at sürürəm. Yediyim - közdə bişirilmiş kartof, bir də çiy yumurtadır. Bu mənim naharımdır. Saat 9-da yatağa uzanıram, səhər saat 7-də dururam...”.
Mixaylovskidə yaşayarkən o, yay aylarında hər gün Soroti çayında çimir, qışda isə səhər yeməyindən əvvəl buz vannası qəbul edirdi. Vanna içi su ilə doldurulurmuş çəlləkdən ibarət idi. Aleksandr Sergeyeviçin faytonçusu xatırlayır: “Səhər tezdən durur, hamama gedir, yumruğu ilə çəlləkdəki buzu sındırıb içinə girir, yayxalanır və tez də çıxırdı. Sonra atı minib çəmənlikdə çapırdı...”.
Puşkin sərrast güllə atır, rapira ilə məharətlə döyüşürdü. Kişinyovda Puşkinlə dostluq etmiş gənc zabit F. N. Luçinin gündəliyində yazırdı: “...Puşkinlə rapirada döyüşdüm və sinəmdən güclü bir zərbə aldım”. Bir neçə gündən sonra yeni qeyd: “...Yenə Puşkinlə döyüşdüm, o məndən yaxşı vuruşur və aydın məsələdir, qalib gəlir...”.
“Belkinin hekayələri” əsərinə daxil olmuş hekayələr içərisində öz mənasının dərinliyi, təsir gücü və bədii keyfiyyəti ilə “Stansiya gözətçisi” povesti ən mühüm yer tutur. Boldinoda yazılmış əsr N.P. Belkin imzası ilə nəşr edilmişdir. Burada çar Rusiyasının təzyiq və əsarəti altında inləyən, insanlıq hüququndan və ləyaqətindən məhrum edilən kiçik bir məmurun acınacaqlı vəziyyəti təsvir olunub. Yazıçı ürək ağrısı ilə yoxsulların, gücsüzlərin halına yanır, onların insanlıq hüququnun müdafiəsinə qalxır.
Əsər stansiya gözətçisi Semyonun faciəsi üzərində qurulmuşdur. Onun canından əziz tutduğu sevimli qızı gözəl Dunyanı həyasız bir zabit Minski zorla onun əlindən alıb, qoca, zavallı, aciz və arxasız atanı gözüyaşlı qoymuş, ölümə məhkum etmişdir. Qızın əvəzində zabitin ataya verdiyi pul onu aldada bilmir, əksinə, qocanı daha da təhqir edir, alçaldır, dərdinin üstünə dərd gətirir. O, pulu əllərində yumurlayaraq yerə atır və ayaqları altında tapdalayır. Öz qəlbinin, məhəbbətinin, heysiyyətinin, vicdanının pula heç zaman satılmadığını deyir. Yazıçı öz qəhrəmanı Vırini yüksək, nəcib, saf insani hisslərin mücəssəməsi kimi göstərərək, yoxsulların, məzlumların, gücsüzlərin tərəfində durduğunu bildirir, onları insanlıq və vətəndaşlıq hüququndan məhrum edən ictimai quruluşa lənətlər və nifrətlər yağdırır.
Sadə adamların, kiçik məmurların müsbət və baş qəhrəman obrazı ilə birinci dəfə olaraq Puşkin tərəfindən ədəbiyyata gətirilməsi o zamanın ədəbi mühit üçün mühüm bir hadisə idi. Bu hadisə ədəbiyyatın xəlqiləşməsi, demokratlaşması, onda realist və ictimai ənənələrin kök salması istiqamətində həlledici rol oynamışdır.
Puşkin şəxsiyyəti olduqca mürəkkəb, çoxcəhətli idi.Lakin onun xarakterinin əsas cəhətləri - müstəqilliyə, özünütəsdiqə sonsuz meyl, öz şəxsi ləyaqətinə dərin inam, öz namusunu qələm və silahla qorumağa həmişə hazır olmaqdan ibarət idi. “Namus” sözünün altında o, təkcə öz şəxsi ləyaqətini və arvadının etibarını deyil, öz əcdadlarının ad-sanını, müəllimlərinin, rus dili və rus ədəbiyyatının nüfuzunu başa düşürdü. “Kapitan qızı”nın epiqrafını yada salaq: “Cavanlığından qoru namusunu”.
A.S. Puşkinin bədii nəsr janrı sahəsindəki məharəti və ustadlığı onun ən məşhur, ən ciddi, ideya-bədii nöqteyi-nəzərindən ən qiymətli əsəri hesab edilən “Kapitan qızı” romanında özünü göstərmişdir. Rusiyada alovlanmaqda olan sinfi mübarizənin ən canlı, ən həyəcanlı, ən maraqlı səhnələrindən biri - Puqaçov üsyanı əks etdirilmişdir.
Yemelyan İvanoviç Puqaçov 1773-1775-ci illərdə Rusiyada kəndli müharibəsinin,feodal-təhkimçilik zülmü əleyhinə kəndli üsyanının bacarıqlı və cəsur sərkərdəsi idi.Üsyana ruslarla bərabər, başqa xalqların nümayəndələri də qoşulmuşdu.Puqaçov təhkimçiliyin ləvği, torpağın pulsuz olaraq kəndlilərə verilməsi və dvoryanlara divan tutulması barədə manifest verdi. Manifestdən sonra üsyan olduqca genişlənsə də, həm Puqaçovun taktiki səhvi, həm də hərəkatın kortəbiiliyi, aydın mübarizə planının olmaması ucbatından üsyan məğlubiyyətə uğradı.Puqaçov üsyanının fərqi həm də onda idi ki, onlar mülkədarlara qarşı vuruşsalar da, “yaxşı çar” uğrunda çıxış edirdilər.Hər halda bu şərt də zülmə düçar olmuş kəndlilərin xeyrinə idi.Üsyan təhkimçilik quruluşuna zərbə vurub, sistemin süqutunu yaxınlaşdırdı.
Real tarixi faktlar və hadisələr əsasında yaradılmış bu əsəri Belinski “Mənsur Yevgeni Onegin” adlandırmışdır. Doğrudan da, öz bədii-ictimai əhəmiyyətinə görə bu əsəri ancaq “Yevgeni Onegin”lə müqayisə etmək olar.
Əsərin müsbət qəhrəmanları Puqaçov, Mironov və Saveliç rus xalqının nümayəndələri kimi təqdim olunmuşdur. Onlar humanizm, nəcabət, qəhrəmanlıq simvoludurlar. Puqaçov surətində bu xüsusiyyətlər böyük ümumiləşdirmə planında verilmişdir. O, xalqın həqiqi oğludur, xalqın iradəsilə hərəkət edir, onun dəyərlərinə xidmət edir, ondan qüvvət alır. Onun mübarizəsi – xalq iradəsinin hökmüdür. Onun mübarizə şüarını Qrinyov aşağıdakı sözlərlə ifadə edir: “Tac-taxtı devirmək və dvoryanların nəslini kəsmək”. Onda dosta sədaqət, düşmənə qarşı amansız nifrət duyğusu vardır. O, kimsəsizlərin, yoxsulların, zəiflərin pənahıdır. Buna görə də xalq onu sevir, müdafiə edir.
Saveliç də nəcib keyfiyyətlərlə, yüksək mənəviyyata malik alicənab bir surət kimi əks edilmişdir. Bütün ömrünü asılılıqda, təhkimçilik təzyiqi altında keçirməsinə baxmayaraq o, mənəvi saflığını mühafizə etmiş, xeyirxah, vicdanlı, namuslu bir vətəndaş olaraq qalmışdır.
“Kapitan qızı” əsərində Puşkin, Puqaçov hərəkatını bütün genişliyi ilə təsvir etmək prinsipini izləməyi vacib bilməmişdir.O, ancaq konkret bir hadisə fonunda Puqaçov hərəkatının ümumxalq hərəkatı, xalqın inqilabi əhval-ruhiyyəsinin ifadəsi olduğunu açıb göstərmiş, bu hərəkatın ictimai səbəblərini izah etmişdir.
“Kapitan qızı” əsərində Puşkin realizmi yüksək inkişaf mərhələsinə qalxmışdır. O, tarixi həqiqəti, rus xalqının qəhrəmanlıq və fədakarlıqla dolu şanlı keçmişini, onun həyatını, milli ənənələrini, folklorunu dərindən öyrənmək sayəsində öz mövzusunu böyük bir qüvvə və misilsiz sənətkarlıqda əks etdirməyə müvəffəq olmuşdur. Elə buna görə də “Kapitan qızı” dünya ədəbiyyatının qiymətli əsərlərindən birinə çevrilmişdir
A.S.Puşkin qərinələrcə bundan əvvəl yazdığı bir şeirində özündən sonra gələcək gənc nəslə müraciət edir, azadlıq və həqiqəti tərənnüm edən sənət adından bu gəncliyi salamlayır, ona yüksək əməllər arzu edirdi:
Salam, ey gələcək, cavan nəsillər,
Üz-üzə, göz-gözə baxmasaq da biz;
Bilirəm ötəcək illər, fəsillər,
O vaxt birləşəcək əməllərimiz.
Puşkin gələcək nəsli Rusiyanın ümidi və istinadgahı adlandırmışdı. Şair ondan çox uzaqda olan bugünkü aləmin xoşbəxt nəslini – öz sevimli nəvələrini görməsə də, yeni xoşbəxt nəsli özünə doğma hesab edir, özünün bu gələcəkdən ayrı olmadığını söyləyirdi:
Düzdür, görməyəcəm mən sizi əlbət,
Sizə yar olacaq başqa zamanlar
Azad qəlbinizdə sevgi, məhəbbət,
Yaşa dolacaqsız ötdükcə anlar
Nə mən görəcəyəm, nə tanışlarım
Dostlar məclisindən dönəndə sizi,
Ancaq eşidəcək sevimli nəvəm
Şirin sözünüzü, şən səsinizi,
Ötüb yanınızdan keçəcək bəlkə,
O sakit gecənin qaranlığında,
Fikirlər içində, yollar uzunu
Məni düşünəcək xoş xəyalında.
Puşkin arzulayırdı ki, gəncliyin həyatı həmişə şən və xoşbəxt olsun. Şair gənc nəslin gələcəyinə və xoşbəxt həyatına üz çevirərək, inamla deyirdi:
Qoy mənim qəbrimin dörd bir yanında
Gəncliyin həyatı coşsun, qaynasın.
Insana ruh verən xoş təbiətin
Ziyası üstümdə daim oynasın.
Belinski rus xalqının taleyinə, tarixi keçmişinə, gələcəyinə bağlı olan, onun gözəl milli sifətlərini tərənnüm edən Puşkini gəncliyin tərbiyə edilməsində başqa rus şairlərindən fərqləndirərək demişdir:“Rus şairlərindən heç biri Puşkin qədər gəncliyə mürəbbe ola bilməz, gənc duyğu tərbiyə edən ola bilməz”.
Gənclik, sədaqətli gənclik, nəsillərin gəncliyi isə ölməz Puşkini heç bir zaman unutmayıb və unutmayacaqdır.Hələ gənc yaşlarımdan dinlədiyim və çox sevdiyim bir nəğmə mənim daxili aləmimdə Puşkin varlığının mənəvi himninə çevrilmişdir.Bu, N.Cəfərovun “Böyük sənətkara” şeirinin sözlərinə D.Uteşevanın bəstələdiyi mahnı-nəğmədir. Həmin şeir-mahnıdan:
Rus xalqının mərd oğlusan, gəzir dillərdə söhbətin,
Ürəklərdə, könüllərdə artır eşqin, məhəbbətin.
Alqış deyir sənə bu gün qoca tarix, yeni dövran
Dahi Puşkin bizimləsən, bizimləsən hər bir zaman.
Yayılmışdır böyük adın dünyanın hər tərəfinə,
Nəğmə qoşur, dastan yazır ellər sənin şərəfinə.
Böyük ustad, əziz şair! Ölməyəcək əməllərin
Sən fəxrisən həm bugünün, həm gələcək nəsillərin.
Puşkin evləndikdən, ailəsi böyüdükdən sonra maddi vəziyyəti çətinləşmişdi. Şair bacısı və iki baldızını da yanında saxlayırdı. Digər tərəfdən də arvadı təmtaraqlı həyatı sevirdi, pal-paltara, bəzək-düzəyə, ziyafətlərə çox xərci çıxırdı. Çar Puşkinin ağır vəziyyətindən istifadə edərək, ona maddi köməklik təklif edir və bu yolla onu özünə tabe etmək istəyirdi. Hətta 1834-cü ildə “iltifat” edib şairi saray kamer-yunkeri (kiçik saray rütbəsi) təyin etmişdi. Bu vəzifə Puşkin üçün təhqirdən başqa bir şey deyildi, həm də Puşkin çarın çirkin məqsədini hiss etmişdi: o, Puşkini saraya yaxınlaşdırmaq, arvadının ayağını saraya, orada təşkil olunan ziyafətlərə açmaq istəyirdi. Bu barədə Puşkin gündəliyində yazırdı: “Çar mənim kamer-yunker təyin olunmağım münasibətilə ona təşəkkür etməməyimdən razı qalmamışdır. Amma mən itaət edə bilmərəm... Hökumətimizin bu cür əxlaqsız adətlərinə nə deyəsən?!”.
Puşkinin həyatı getdikcə daha çox zəhərlənirdi: senzura maneələri, ailə sıxıntıları onu bezdirmişdi. Bir gün o, jandarma şefi Bengendorfa demişdi: “Rus yazıçılarından heç biri mənim qədər təzyiq görməmişdir”.
Son zamanlarda əmələ gələn vəziyyətdən Puşkin başa düşmüşdü ki, tez-gec yüksək cəmiyyətlə onun arasında bir partlayış baş verməlidir. Artıq onun düşmənləri çarın iştirakı ilə ailə işlərinə qarışır, ər-arvad arasındakı məktubları açıb oxuyur, ona gizli imza ilə təhqiramiz məktublar yazırdılar. Bu çirkin öcətmələr onunla nəticələndi ki, Fransa inqilabından qaçıb Rusiyaya gəlmiş mühacir, fransız monarxisti, Fransanın senatoru olmuş (senat - Fransada qanunverici baş palata, senator-senat üzvü-R.Mirzəzadə) Jorj Şarl Dantesin (Hollandiya səfiri baron Hekkernin oğulluğu) şairin baldızı Yekaterina Qonçarova ilə evil olmasına baxmayaraq, onun arvadına da açıq-aşkar diqqət edib, münasibət yaratmaq istəyərək,Sergey Aleksadroviçi təhqir etmişdi. Puşkin də bu təhqirə cavab olaraq, Dantesi duelə çağırdı.
A.Jukovski yazırdı:“Onun sakitliyi təəccüb doğururdu; atışmaya getməyə düz bir saat qalana kimi o öz “Sovremenniki” ilə məşğul oldu, sonra İşimova məktub yazdı”.
O vaxtlar Parisdən yenicə qayıtmış Turgenev xatırlayırdı ki, Danteslə duel ərəfəsində şairi tez- tez, özü də yaxşı əhval-ruhiyyədə görürmüş: “Puşkin mənim qonşumdur. Tez-tez görüşüb uzun-uzadı söhbət edirik. Bəziləri onun son vaxtlar dəyişildiyini, fikirli olduğunu, söhbətlərə əvvəlki kimi maraq göstərmədiyini deyirlər. Onlarla razılaşa bilmərəm. Bizim söhbətimiz yaxşı tutur...”.
Duel ərəfəsində də onlar beləcə, qaranlıq düşənə qədər söhbət etmişdilər. Və Turgenev şairin ovqat və davranışında heç bir dəyişiklik duya bilməmişdi. Bundan sonra Puşkin özü üçün sekundant (duel şahidi - R.Mirzəzadə) axtarmağa yollanmışdı.
Duelin şərtlərini sekundatlar hazırlamışdı:
Bu şərtlər o demək idi ki, ikisindən biri mütləq ölməlidir. Məsafə hədsiz yaxın, Puşkin və Dantes mahir atıcı idi. Lenaj sistemli, böyük kalibrli tapançanın zərbə qüvvəsi isə rəqiblərdən birinin məhvinə “ikiqat zəmanət” idi.Duel Peterburqun kənarında, Komendant Bağının arxasında kiçik pöhrəlikdə baş verdi: buranı yad gözlərdən və soyuq küləkdən gizlənmək üçün seçmişdilər. Çoxlu qar yağmışdı. Sekundantlar cığır açmalı oldular: qalın qar örtüyü məsafəni iri, geniş addımlarla ölçməyə imkan vermədi və nəticədə duelin iştirakçıları üçün təhlükə bir az da artmış oldu. Şinellərlə səddi müəyyən etdilər.
Ayı kürkünə bürünmüş Aleksandr Sergeyeviç qar topasının üstündə oturmuşdu və sakitcə tamaşa edirdi .Qısa qış gününün son işıqlı dəqiqələri ötməkdə idi. Rəqiblər ilkin mövqedə dayandılar və sekundant Konstantin Danzasın (Puşkinin litsey yoldaşı olub) işarəsilə yaxınlaşmağa başladılar. Puşkin iti addımlarla səddə çatdı və tapançasını qaldırıb rəqibini nişan aldı.Lakin Dantes onu qabaqladı - səddə çatmamış atəş açdı.Puşkin üzü üstə qarın içinə yıxıldı.
Açılan güllənin əks-sədası hələ havada titrəməkdə ikən və Dantes işin bitdiyini zənn edib kənara çəkilmək istəyən məqamda yaralı şair son gücünü toplayaraq azacıq dikəldi və əli ilə işarə etdi ki, Dantes yerində qalsın, o cavab atəşi açmalıdır, onun buna haqqı var.
Puşkin, əli titrəmədən nişan alıb, tətiyi basdı. Üzü üstə yıxılan Dantesi görcək qışqırdı: “Bravo!” və huşunu itirdi. O, hələ bilmirdi ki, rəqibi sinəsini əli ilə örtüb özü də qolundan yaralanıb. Puşkinin huşu özünə gələndə, Dantes ayaq üstə idi. Puşkinin yarasından bolluca qan axmışdı, altındakı şinel qandan islanmışdı.
Yolda Aleksandr Sergeyeviç bərk əziyyət çəksə də, gileylənmirdi. Yalnız tez-tez huşunu itirirdi. O, ombasından yaralandığını zənn etmişdi, amma karetada başa düşdü ki, güllə qarnından dəyib. Qarnından ölümcül yara almış tanış zabitin çoxdankı dueli yadına düşdüyündən Danzasa dedi: “Qorxuram ki, mən də Şerbaçyov kimi yaralanmış olum”.
Puşkinin evinə yığışmış təbiblərdən ən nüfuzlusu - saray həkimi N.F. Arendt idi. Spasskinin yazdıqlarından: “Qarnındakı ağrı dözülməz idi. Bu, əsl işgəncəydi. Puşkinin sifəti tanınmaz dərəcədə dəyişmişdi, gözlərindən divanəlik yağırdı, elə bil indicə partlayıb həlqəsindən çıxacaqdı: alnını soyuq tər basmışdı, əlləri buz kimi soyuq idi, nəbzi demək olar, vurmurdu. Xəstə dəhşətli əzablar işində qovrulurdu. Amma yenə iradə qüvvəsini itirməmişdi. Astadan inildəyirdi, dediyi kimi, istəmirdi ki, arvadı onun iniltisini eşidib qorxuya düşsün”.
Puşkinşünas ədəbiyyatçı alim Pavel Eliseyeviç Şyoqolevun “Puşkinin dueli və ölümü”ndən qeydlər: “Ölümcül yaralanmış şairi müalicə edən həkimlərdən heç biri onun xəstəliyinin tarixini qeydə almayıb. Puşkinin sağlığında, onun yaralanması barədə yalnız bircə sənəd yazılıb ki, bu da polis idarəsinin baş həkimi İodeliçin məlumatı idi: “Polisə məlum olmuşdur ki, dünən axşamüstü, saat 5-də, şəhər kənarında, Komendant Bağının arxasında kamer - yunker (inqilabdan əvvəl Rusiyada saray rütbəsi - R.Mirzəzadə) Aleksandr Puşkin və əlahəzrət Kavalerqrad alayının poruçiki (çar ordusunda zabit rütbəsi - R.Mirzəzadə) baron (zadəgan rütbəsi - R.Mirzəzadə) Hekkeren arasında duel olmuş və nəticədə onlardan birincisi qarnının aşağı hissəsindən güllə yarası almışdır. Əlahəzrətin saray həkimi cənab Arendtin göstərdiyi yardıma baxmayaraq, cənab Puşkinin həyatı təhlükə altındadır...”.
Bundan başqa bir neçə qısa bülleten də V. A. Jukovski tərəfindən yazılmış və şairin Moykadakı evinin dəhlizində asılmışdı. Cəmi beş sözdən ibarət axırıncı bülleten şairin ölümündən bir neçə saat əvvəl yazılmışdı: “Xəstə son dərəcə ağır vəziyyətdədir”.
Puşkinin ölümqabağı 46 saatlıq cismani və ruhi əzabları haqqındakı məlumatımız, bu faciəni öz gözləriylə görmüş şahidlərin xatirələrinə əsaslanır. Onların arasında həkimlər də vardı: V.V.Şolts, V.Dal və N.Spasski.
Puşkinin dueli və ölümü ilə bağlı faciələrdən bəhs edən bəzi bədii əsərlərdə, şairin müalicəsiylə məşğul olmuş həkimlərin səriştəsi və vicdanı şübhə altına alınır.
Bu mövzuda yazılmış ən əhəmiyyətli əsərlərin birində - Mixail Bulqakovun “Son günlər” pyesində, Natalya Nikoloyevna (Puşkinin həyat yoldaşı) doktor V.Dala deyir: “Siz həkim deyilsiniz, siz nağılçısınız, siz nağıl yazırsınız...”. Əsərin başqa bir yerində Üçüncü şöbənin gizli casusu Dubelqaya məlumat verərək deyir: “...İki nəfər qışqırdı ki, əcnəbi təbiblər cənab Puşkini qəsdən öldürdülər”.
“Axşam saat altıda Danzas və Puşkini gətirən kareta (hər tərəfi örtülü, dördtəkərli minik arabası - R.Mirzəzadə) knyaz Volkonskinin Moykadakı binasına yan aldı - Puşkin burada yaşayırdı. Küçə qapısında, Puşkin Danzasdan xahiş elədi ki, qabağa keçsin, adamları çağırsın, onu karetadan çıxarsınlar, bir də əgər arvadı evdədirsə, ona desin ki, yarası təhlükəli deyil.
Adamlar qaçıb gəldilər, ağanı karetadan çıxartdılar. Kamerdiner (otaq xidmətçisi –R.Mirzəzadə) onu qucağına aldı.
- Məni aparmaq sənin üçün kədərlidir? - deyə Puşkin ondan soruşdu.
Onu kabinetinə gətirdilər: dedi ki, təmiz alt paltarı versinlər, soyundu və divana uzandı. Puşkin artıq öz ölüm yatağında idi...”.
N. Arendtin təyin etdiyi tiryək öz təsirini göstərdi, Puşkin yavaş-yavaş sakitləşdi.O, başa düşürdü ki, ikinci belə ağrıya dözə bilməyəcək, buna görə arvadı və uşaqlarını yanına çağırtdırdı.
Körpələr yatmışdı, onları yuxulu-yuxulu odeyala bürüyüb atalarının yatağı önünə gətirdilər. O, dinməzcə, bircə əlinin hərəkətiylə övladlarına xeyir-dua verdi və işarə ilə bildirdi ki, uşaqları aparsınlar.
Günorta saat ikini vurdu. Puşkinin bir saatdan az ömrü qalmışdı. Dostları xəstənin yatağına yanaşdılar. Elə bu vaxt Puşkin gözlərini açdı və böyürtkən mürəbbəsi istədi. Kimsə mürəbbəni gətirməyə getdi. Puşkin səbisizliklə gözləyirdi, bir neçə dəfə xəbər aldı ki, mürəbbəni tezmi gətirəcəklər?
Natalya Nikalayevna xəstəyə bir neçə qaşıq mürəbbə yedirtdi. Şairin çöhrəsi sakit idi və arvadı xəstəni ümid içində tərk etdi. Aleksandr Sergeyeviç xahiş etdi ki, başının altını azca dikəltsinlər.
Dal onu asanlıqıa qaldırıb, başının altını düzəltdi.Daha bir neçə dəqiqə ötdü. Gücdən düşmüş, son dərəcə zəifləmiş şair sonuncu dəfə yarıqaranlıq otaqdakı kitablarını seyr elədi və sonra gözlərini açıb, dedi:
- Bitdi həyat !!! Nəfəsim darıxır, elə bil əzirlər!..
Bu, onun son sözləri idi...
1837-ci il, yanvarın 29-u, (yeni təqvimlə fevralın 10-u) günorta saat iki qırx beş dəqiqəydi...
B. Şubin “Aleksandr Puşkinin xəstəlik tarixi və ya “ələm kağızı” məqaləsində yazırdı ki, deyilənə görə, insanın yaşamaq müddəti müəyyən mənada onun genlərində proqramlaşdırılıb. Əgər bu fərziyyə doğrudursa, Aleksandr Sergeyeviç çox yaşamalıymış, onun məşhur ulu babası Abram Petroviç Hannibal 82 yaşında vəfat etmişdir. Ana və ata tərəfdən hər iki babası, ata tərəfdən nənəsi 60 ildən çox həyat sürmüşdür. Ana tərəfdən nənəsi Mariya Alekseyevna Hannibal və atası Sergey Lvoviç 73 il yaşamışdır. Bacısı Olqa da 60 yaşı adlaya bilmişdir. Yalnız kiçik qardaşı Lev nisbətən tez, 48 yaşında vəfat etmişdir.
Aleksandr Sergeyeviçin övladları da uzun ömür sürmüşlər: böyük qızı Mariya 87, zahiri görkəmcə ən çox atasına oxşayan böyük oğlu Aleksandr Aleksandroviç 81 il yaşamışdır. Kiçik qızı Natalya 73 yaşında vəfat etmişdir.
Deməli, belə qənaətə gəlmək olar ki, Dantesin gülləsi şairi ömrünün tən yarısında haqlamışdı...
Şairin mənzilinə hər tərəfdən adamlar axışıb gəlirdi.Gənclər və tələbələr daha çox idi. İzdiham nəyin bahasına olursa-olsun, şairi görməyə can atırdı. Puşkinin vəfatından mütəəssir olanlar ürək yanğısı ilə deyirdilər: “Rus şeirinin günəşi batdı, milli şərəf və iftixarımız, Rusiyanın böyük şairi və mütəfəkkiri Puşkin, həyatının çiçəkləndiyi və fəaliyyətinin qızğın meydan aldığı bir dövrdə həlak oldu”.
Şairin faciəli ölümü xalqı qəzəbləndirir, Rusiyanın bütün mütərəqqi adamları bu hadisəni milli faciə adlandırırdılar.
Küxelbeker “Puşkinin kölgəsi”, Poleşayev “Puşkinin tabutu üzərində çələng”, Lermontov “Şairin ölümü” şeirlərini yazdılar. 25 yaşlı Mirzə Fətəli Axundov “Puşkinin ölümünə Şərq poeması” ilə dahi şairə yas saxladı. Poema “Moskovskiy nablyudatel” jurnalında dərc olundu. Axundov bu poemada böyük rus oğluna-Rusiyanın şair balasına hədsiz məhəbbət və ehtiramını zəngin poetik bir dillə tərənnüm etmişdi.
Axundov “Şairlər ordusunun başçısı” kimi qiymətləndirdiyi və fars dilində yazdığı bu əsərini görkəmli dekabrist-şair Bestijev Marlinski ilə birlikdə rus dilinə çevirib çap etdirmişdi. Böyük rus şairi Nikolay Semyonoviç Tixonov “Fikirlər dəryasına qərq olmuş ürək” adlı məqaləsində bu münasibətlə yazırdı: “Onların hər ikisi həlak olmuş şairə pərəstiş edirdilər.Onlar şairin ölümünə ağlayırdılar. Axundov öz şeiri ilə ağsaçlı qoca Qafqazın naləsini yaratmışdır.Həmin şeir gələcək nəsillərə bir xatirə qalacaqdır.Müxtəlif yaşlı və müxtəlif taleli iki şairin yanaşı oturub poemanı sətir-sətir ruscaya tərcümə etdiklərini təsəvvür etmək olar.Onlar Puşkinin şeirlərini oxuyarkən coşub təlatümə gəlirdilər.Puşkindən elə odlu-alovlu danışırdılar ki, sanki ağ kağız ələm çəkib deyərdi: “Kaş üzümdən onun qələmi yol salaydı”.
Şairin dəfni məsələsinə gəldikdə, mənbələrin demək olar, əksəriyyəti çarın bu ciddi məsələyə laqeyd yanaşmasını qeyd edir. Məhz I Nikolayın Puşkinə qarşı sərt mövqeyi ucbatından, onun cənazəsi gecə ikən gizli yolla kənar ünvana, Svyatıqorsk monastrına aparılıb, tələsik dəfn olunması göstərilir.Lakin araşdırmalarda çarın bu “günahı”nın digər bir təhlili də ortaya çıxır.Belə ki, Rusiyada duellər hələ 1702-ci ildə I Pyotr tərəfindən qadağan edilmişdi.Döyüşün bütün iştirakçıları,sekundant və həkimlər də daxil olmaqla, ağır cəza alırdılar.
Puşkin-Dantes duelindən sonra hərbi məhkəmənin son sərt qərarını “yumşaldaraq” sənədin üzərində çar belə bir dərkənar qoyur: “...Sıravi Hekkerendən zabit patenti (şəhadətnaməsi) alınsın və qeyri-rus təbəəsi kimi, jandarm nəzarəti altında xaricə göndərilsin!”.
Ölümün yaxınlaşdığı vaxtda xəstə şair zəngin mənəvi keyfiyyətlərinin nümunəsini bir daha nümayiş etdirib, çara müraciət edərək qanunu pozduğuna görə onu bağışlamasını istəyir. I Nikolay cavab məktubunda onu bağışlayaraq, övladlarından nigaran olmamağı tövsiyə edir. Şairin təmtaraqlı dəfninə (Puşkinin məzarı Pskov vilayətinin doğma Mixaylovski kəndi yaxınlığındakı Svyatıye Qorıdadır-indiki Puşkinskiye Qorı) imkan verməsə də, ailəsini və uşaqlarını dövlətin himayəsinə keçirir. Şairin borcları dövlət tərəfindən ödənilir. Övladları müəyyən yaş həddinə qədər maddi vəsaitlə təmin olunur.
Qürurverici faktdır ki, doğma Naxçıvanımız və onun qədirbilən övladları belə bir humanist birinciliklə tarixin səhifələrində nümunəvi iz qoymuşlar. Belə ki, 1861-ci ildə Azərbaycanın ən ucqar guşəsi-Naxçıvanın Ordubad şəhərində 24 nəfər müəllim, o cümlədən: Əliməmməd Əmirxanov, Paşabəy Cahangirov, Səməd Sultanov, Şükürallah Abdulla oğlu, Ağası Nəzərbəyov, Nəcəfbəy Budaqov, Mirzə Məmməd Ağasıyev, Mehdi Ağarza oğlu Ağasıyev və başqaları, A.S.Puşkinin Moskvada heykəlinin qoyulması məsələsini ilk dəfə olaraq irəli sürmüş və bu münasibətlə pul toplayıb Qafqaz Maarif popeçitelinə (idarə başçısı) göndərmişdilər. Bu onu göstərir ki , Azərbaycan xalqı, çoxdan bəri əsərləri bəşəriyyətin ictimai fikir xəzinəsinə, adı və xatirəsi isə tarixin ən şərəfli bədii olimpinə daxil olan A.S. Puşkinə böyük məhəbbət bəsləyir.
1880-ci ildə Moskvada Puşkinə heykəl qoyulanda Rusiyanın məşhur yazıçıları Turgenev və Dostoyevski bu hadisə ilə bağlı tədbirdə yaxından iştirak edəndə, Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani də özünün məşhur “Puşkinin heykəlinə” adlı şeirini yazdı. Şeir qısa bir zamanda dillər əzbəri oldu.Uzun illərdən sonra “heykəlin ünvanında” yaşayan tələbə Nəbi Xəzri (Xalq şairimiz) bu möhtəşəm abidəyə ehtiramını elə möhtəşəm misraları ilə paylaşırdı:
Hər səhər erkən,
Dərsə gedirkən
Yolumun üstündə dayanıb durur
Puşkinin heykəli sevimli, məğrur
Baxıram bir anlıq, büsat, nə büsat!
Yenə dörd tərəfdə qaynayır həyat.
Gecəli-gündüzlü yatmayan şəhər
Qəlbində yeni güc, yeni bir hünər
Başlayıb təzədən qızğın bir işə
Salamlar deyərək doğan günəşə.
Osa düşüncəyə qapılmış yenə
Qoyub sağ əlini köksü üstünə.
Onu düçündürür doğma Vətəni,
Bu coşan, qaynayan əmək səhəri
Canlanan təbiət, gələn ilk bahar
Bir də kama çatan şirin arzular.
Həsrətin çəkdiyi böyük azadlıq
Onu düşündürü hər şeydən artıq.
Qaşaları çatılmış, dalğındır gözü,
Sanki var ürəkdə deyəcək sözü
Coşacaq ilhamı indi elə bil
İncilər səpəcək o, açaraq dil.
Şeir söyləyəcək bu ağ günlərə
Böyük azadlığa, toy-düyünlərə...
Azərbaycanda Puşkini və onun yaradıcılığını yüksək qiymətləndirən jurnallardan biri olan “Haqq yolu” hələ 1912-ci ildə böyük şairə həsr etdiyi “Rus şairi və mühərriri Puşkinə” adlı məqalədə yazırdı: “Bizim boynumuzda Puşkinin çox-çox haqqı vardır, çünki rus məktəblərində təlim, elm və əxz-tərbiyə etmiş adamlarımız üçün Puşkinlər, Lermontovlar və s. rus şüərası böyük rol oynamışdır...
Cavanlarımız bu şairlərə mədyundurlar və bunları öz milli şairləri qədər sevirlər. Çünki onların şeirləri ilə, ali fikirləri ilə pərvərdə olub, insaniyyət, məhəbbət, gözəllik və hürriyyət nə olduğunu duymuşlar.
... Bu şeirlə ülfəti yaxınlıq və dostluğu yalnız rusca oxumuşlara müəssər etməyib, ümummüsəlmanlara təşmil, müəssər və hissədar etmək lazımdır. Bu da müqtədir yazıçılarımızın səmimiyyət və qeyrətinə vabəstədir. Puşkinlər, Lermontovlar türk lisanına (Azərbaycan dilinə) tərcümə edilib müsəlmanlar arasında rəğbət taparlarsa, milli ədəbiyyatımız böyük mənfəət qazanmış olur”.
Cəfər Cabbarlı “Puşkin-dramaturq” məqaləsində haqlı olaraq qeyd edir ki, Puşkin o dövrün zərərli ədəbi cərəyanlarına qarşı çıxmış, xüsusilə Fransız dramaturgiyası və onun Rusiyada məskən salması əleyhinə getmişdir. Çünki həmin dramaturgiya xalqdan ayrı düşmüş və yüksək təbəqənin, “xüsusi insanların” mənafeyinə xidmət edirdi. C. Cabbarlıya görə, Puşkinin “saray tragediyası”ndan “aristokratiya dramından” uzaqlaşaraq, əsl xalq dramına yiyələnməsində Şekspirin çox müsbət təsiri olmuşdur. Onun dərin ehtirasla yazılmış faciələri yüzlərlə sənətkara mənəvi qida verdiyi kimi, Puşkin üçün də əsl sənət nümunəsi olmuşdur.
Cabbarlı yazır:“Puşkin dramaturgiya sənətinin mərkəzində “insan və xalq” problemini qoyur. Insan xarakterinin hərtərəfli canlı təsirini irəli sürür, sənətin bədii qüvvətinə xalq pafosu və ictimai-psixoloji keyfiyyət kimi bir zəmin verərək, qəti sürətdə klassizm məhdudluğuna, statikliyinə qarşı durur. Hadisələrin və vəziyyətlərin həqiqətə uyğunluğunu, tipik olmalarını tələb edərək, dramaturgiyanı realist relslər üzərinə çıxarır”.
Görkəmli alim Firidun bəy Köçərli Puşkini Sədi, Hafiz, Şekspir, Bayron, Russo,Hüqo, Höte, Şiller, Tolstoy və Dostoyevski ilə eyni mövqedə bəşəriyyətin müəllimi və mürəbbisi hesab edirdi.Onun fikrincə, dünyanın ən məşhur sənətkarları kimi Puşkin də xalqların “təhzibi-əxlaqına, rüfət və səadət tapmasına, şöhrət və qüvvət kəsb etməsinə hüsn-tədbirlər və salamat təriqlər” göstərmişdir. Köçərliyə görə, Puşkin ona görə qiymətlidir ki, o, əlinə məşəl alıb, rus məişətinin bütün qaranlıq qatlarını işıqlandırmış, “millətin yaralarını, ruhani və cismani küdurətlərini” göstərmişdir.
Azərbaycanın xalq ədəbiyyatında da Puşkin haqqında aşıq şeirləri az deyildi. Azərbaycan aşıqları Puşkinə xeyli sayda şeirlər həsr etmiş, el şənliklərində və şeir məclislərində Puşkindən danışır və bu böyük şairi xalqa daha yaxından tanıtmağa çalışırdılar. Aşıq Ələsgərin qardaşı oğlu şair Nəcəf deyirdi:
Sərraf tapıb cəvahirin dadını,
Həvəslə oxudun mən kitabını.
Dilimdən salmaram əsla adını
Söz nurun aləmə saldıran Puşkin.
Sən sahib olubsan yüksək bir ada,
Əsərin inan ki, yetdi murada.
Sən də bizlə yaşayırsan dünyada,
Şeirinlə Nəcəfi güldürdün Puşkin.
Tovuzlu aşıq Mirzə də Puşkinin böyüklüyündən danışır, onun daim təqib olunduğunu, bütün ömrünü zülm altında keçirdiyini belə göstərirdi:
Zülm altında təng olurdu nəfəsi,
Hey deyirdi, gələr həqiqət səsi.
Yazdıqca yayıldı gövhər kəlməsi
Bütün dünya bundan baxəbər oldu.
Yeri gəlmişkən demək lazımdır ki, Puşkin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üzərində xalqımızın ən görkəmli və istedadlı şair, ədib və mütərcimləri çalışmışlar. Bunlardan M.S.Ordubadi, S.Vurğun, A.Şaiq, M.Rahim, R.Rza, M.Arif və b. göstərmək olar. Tərcümə işləri bu gün də davam etməkdə, Puşkin irsinə maraq isə bütün dünyada olduğu kimi, Azərbaycanda da genişlənməkdədir. Xalqımızın dünya şöhrətli rus şairinə olan ehtiramının təzahürüdür ki, sevimli paytaxtımız Bakı şəhərinin mərkəzində A.S.Puşkinin gözəl abidəsi ucaldılmışdır.
Hər il şairin doğum günü- 6 iyun tarixi dost Rusiyada Puşkin günü və Rus dili günü, 10 fevral isə şairin xatirə günü kimi qeyd olunur. Bu iki əziz günlərdə Bakıda xüsusi olaraq şairin abidəsi önünə təzə, tər çiçəklər və əklillər qoyulur, şair böyük sevgi ilə yad olunur.
Vaxtilə Puşkinin məzarı üstündə keçirilən poeziya bayramında unudulmaz Xalq şairimiz Cabir Novruz iştirak edirmiş.Mərasimdən sonra şairin yaradıcılığında “Puşkinin məzarı üstündə düşüncələr” parlamağa başlayır. Şairin şeiri qəlbimdən gələn arzuları rövnəqləndirdiyi üçün yazımı elə Cabir misraları ilə bitirmək istəyirəm:
...Orda gördük
əbədiyyət nə deməkdir,
Əsil şair,
əsil sənət nə deməkdir,
Orda gördük
torpaq altdan səsi gəlmək,
Yer altında ola-ola
Yer üstündə zinət olmaq nə deməkdir,
Orda duyduq
Torpaq üstdə
ömr eləmək çox asanmış,
Torpaq altda diri qalmaq nə deməkdir!..
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM