"Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir”

13:27 / 27.02.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

          

           Qoqolun yaratdığı obrazlar rus həyatı qədər ölməzdir.

 

Martın 4-də dünya şöhrətli yazıçı Nikolay Vasilyeviç Qoqolun vəfatından 165 il ötür.

 

“Rusiya, Rusiya!.. Niyə sənin hər yerində üfüqlərdən-üfüqlərə, dənizlərdən-dənizlərə yayılan qəmli nəğmələrin eşidilir? Bu nəğmələrdə çırpınan nədir?.. Ey Rusiya! Niyə səndə hər şey intizar dolu gözlərini mənə dikmişdir? Mən hələ də heyrət içində hərəkətsiz  durmuşam. Başımın üstünü isə yağış dolu qorxunc buludlar alıb, sənin əngilliyin qarşısında fikirlərim donub qalmışdır. Bu ucsuz-bucaqsız  əngillik nələr olacağınımı xəbər verir? Sən  özün ucsuz-bucaqsız  olduğun halda, sənin qoynunda böyük və hüdudsuz  fikirlər  doğmaya  bilərmi?! Sənin qoynun geniş bir meydan  olduğu  halda, burada  bahadırlar  doğulmaya bilərmi?! Bu əzəmətli  əngillik  böyük  bir qüvvə  ilə qəlbimin dərinliklərində  əks olunur, qüdrətli  torpaq  heybətlə məni   əhatə  edir; gözlərim  müstəsna  bir  hökmlə  işıqlanır.  Ah, Yer üzündə misli-bərabəri olmayan nə  qədər  parlaq, nə  qədər  gözəl  bir ənginlik!..  Ey Rusiya!..”.

 

                                                                Nikolay Vasilyeviç Qoqol

 

 

 

“Bizə böyük bir bədbəxtlik üz verdi: Moskvada  Qoqol  vəfat  etmişdir!.. Bu  dəqiqə  elə bir rus tapmazsan  ki, onun ürəyi  qana dönməsin. Bizim  üçün  Qoqol yazıçıdan  daha  artıq  bir adam idi; o, özümüzü  bizə  tanıtdırmışdır... Bizim, kimi  itirdiyimizi  yaxşı  dərk etmək üçün  hər  şeydən  əvvəl  bir  rus olmaq lazımdır”.

 

                                                              İvan Sergeyeviç Turgenev

 

 

 

“Yer  üzündə  çoxdan  bəri  elə bir yazıçı olmamışdır  ki, öz xalqına Qoqol  Rusiyaya  lazım  olduğu  kimi  lazım olsun”.

 

                                                    Nikolay  Qavriloviç  Çernışevski

 

 

 

“Qoqol  acı, ürəkyandırıcı  gülüş ilə gülür, zahirdə  güldüyü  adamların halına  batində  ağlayırdı...”.

 

                                                                         Firidun bəy Köçərli

 

 

 

                                                   “Allah  sənə  rəhmət  eləsin, Qoqol!”.

 

                                                                    Cəlil  Məmmədquluzadə

 

     Görkəmli yazıçı, dramaturq, şair, tənqidçi, publisist  Nikolay Vasilyeviç Qoqol Rusiya və Ukrayna ədəbiyyatının bütün dünyada sevilən klassikidir. Rus inqilabçı - demokratı Çernışevski onu Rusiyanın ədəbi-ictimai fikrinin inkişafı tarixində misilsiz rol oynayan görkəmli nümayəndə, “Rus nəsrinin atası” kimi tərif və təqdir etmişdir. Belinski, Gertsen, Dobrolyubov Qoqol yaradıcılığı haqqındakı məqalələrində onu real həyatın müğənnisi, rus yazıçılarının tacidarı, realizmin bayraqdarı adlandırmışlar.

 

         Öz qüdrətilə bütün dünya ədəbiyyatına yol göstərən XIX əsr rus ədəbiyyatının Turgenev və Ostrovski, Nekrasov və Qonçarov, Çernışevski və Saltıkov-Şedrin, Uspenski və Korolenko kimi böyük simaları Puşkindən sonra Qoqolun açdığı cığırla getmişlər. Belinski onu rus ədəbiyyatının başçısı, öz vətəninə bütün varlığı ilə bağlı olan bir insan, məmləkətin gələcək ümidini, şan və şərəfini düşünən, xalqının şüurlanması və tərəqqisi yolunda çalışan ən böyük rəhbərlərdən biri hesab edirdi.

 

           Qoqol Rusiya tarixinin çox ağır, mürəkkəb, ziddiyyətli bir dövründə, ölkədə qatı irticanın hökm sürdüyü, hər cür mütərəqqi-demokratik meyllərin, azadlıq ideallarının dəhşətli dərəcədə  təqib olunduğu, boğulduğu bir zamanda yaşayıb- yaratmışdır.

 

             Tarixi vəziyyət göstərirdi ki,  Rusiyanın inkişafını ləngidən, rus xalqının qüdrətini  məngənə içində sıxan, rus xarakterinə qanad açmağa imkan verməyən qüvvə  çar üsul-idarəsi və təhkimçilik sistemi idi. Buna görə də əsl vətənpərvərlik- istər yazıçılıqda, istərsə də başqa ictimai  mübarizə sahələrində,   çarizmi, təhkimçilik sistemini ardıcıl bir surətdə və qətiyyətlə ifşa etməkdən ibarət idi. Qoqol yaradıcılığı da həmin bu vətənpərvərlik, mübarizlik ruhunda inkişaf etmişdi.

 

         Qoqol vətənini azad, həmvətənlərini xoşbəxt görmək istəyirdi və bunun mümkün olacağına varlığı ilə inanırdı. Yazıçı deyirdi: “Bir zaman gələcək ki, Avropa bizim yanımıza xama və piy almaq üçün yox, hikmət, ağıl, mədəniyyət əldə etmək üçün gələcəkdir”.

 

Böyük ədibin arzuları həqiqət oldu, özü də əsl həqiqət...

 

Nikolay Vasilyeviç Qoqol 1809-cu il, yeni tarixlə aprelin 1-də Ukraynada çox da zəngin olmayan zadəgan ailəsində anadan olmuşdur.

 

Onun mənsub olduğu ailənin ulu babaları  əvvəllər Yanovski soyadı daşımış, “Qoqol” əlavəsi onların sənədlərində 1792-ci ilin oktyabrından əksini tapmışdır.

 

Nikolayın anası Mariya İvanovna Qoqol-Yanovskaya yaşadığı vilayətin birinci gözəli olub və 14 yaşında ikən Vasili Qoqol-Yanovskiyə ərə gəlmişdir. Ailənin 6 övladı dünyaya gəlmiş, gələcək yazıçının Mariya, Anna, Yelizaveta, Olqa adlı dörd bacısı və İvan adlı bir qardaşı olmuşdur.

 

Nikolay Mariya adlı xalası qızını saf bir məhəbbətlə sevmiş, ağıllı və elmli qız olan Mariya  erkən ailə qurmuş, Nikolay həyatı boyu bu məhəbbəti qəlbinin dərinliklərində yaşatmışdır.

 

 Qoqolun uşaqlığı Poltava vilayətinin Mirqorod qəzasının Bolşiye Soroçinski kəndində keçmişdir. Az sonra o, atasının Mirqorod yaxınlığındakı malikanəsinə- Vasilyevka kəndinə gəlmişdir.

 

       1820-cı illərdə Mirqorod çar Rusiyasının əldən-ayaqdan uzaq, heç kimin tanımadığı kiçik bir qəsəbə idi. Burada bir neçə əl və su dəyirmanları, yağ emalatxanası, kəndir fabrikası və kərpic zavodu var idi. Bu kustar müəssisələrində  təhkimli kəndlilər işləyirdilər. Qəza və qəsəbə məktəblərində cəmi 40 nəfər şagird oxuyurdu. Qəza məktəbində təhsil alan 20 şagirdin 19 nəfəri mülkədarların uşaqları, təkcə bir nəfəri vergiçi silk adlandırılan əhali təbəqəsindən idi. Xəstəxanası olmayan  qəsəbədə  sadə adamların azad şəkildə gedə biləcəyi ictimai yerlər yalnız dörd yeməkxana  və dörd kilsədən ibarət idi.

 

        “Mirqorod gözəl şəhərdir!.. Siz meydançaya yaxınlaşsanız, onun mənzərəsinə baxıb zövq almaq üçün yəqin ki, bir qədər dayanmalı olacaqsınız: meydançada bir bataqlıq, qəribə bir bataqlıq vardır! Ömrünüzdə belə bir bataqlıq görməmişsiniz. O, bütün meydançanı əhatə edir. Gözəl bataqlıqdır!” – Qoqol, şəhərin ən çox diqqətəlayiq yeri haqqında vaxtilə belə yazmışdı.

 

         Sonralar  mineral suları ilə tanınan Mirqorod, hazırda təbii müalicə və kurort-sanatoriya mərkəzlərindən birinə çevrilmişdir.

 

       Mirqorodda Qoqoldan sonra daha bir ədibin abidəsi var. O zaman gürcü poeziyasının klassik şairi, ölməz “Davitiani” əsərinin müəllifi David Georgiyeviç Quramaşvili  Qoqolun yaşadığı  kəndin qonşuluğundakı Zubovka kəndində yaşayırdı. Ukrayna xalqı onun da xatirəsini əziz tutur. Həmin kənddə şairin yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur. Mirqorod məzarlığında onun qəbri üzərində qara mərmərdən abidə qoyulmuş və mərmərin üstündə bu sözlər yazılmışdır:“Qardaş gürcü xalqının böyük şairi Devid Quramişvili, 1705-1792”.

 

         Qoqolun atası, 80 nəfər təhkimli kəndlisi olan Vasili Afanasyeviç öz mədəniyyəti və savadı ilə başqa mülkədarlardan fərqlənirdi. O, ədəbiyyat və teatr maraqlısı idi. Vasili Qoqol rus dilində şeirlər və Ukrayna dilində komediyalar yazardı. Bu komediyalar ayrı-ayrı mülkədarların evində tamaşaya qoyulardı.

 

         Atasi kimi Nikolay da ədəbiyyata və teatra çox həvəs göstərirdi. O, hələ uşaqlığında Jukovski, Batyuşkov və Puşkinin əsərlərini oxumuş, xalq ədəbiyyatını öyrənmişdi. Şirin, mənalı zarafatları və xoş rəftarı ilə dostları arasında çox sevilən Qoqol, məktəb tamaşalarında komik rollarda çıxış edirdi.

 

         Qoqol ibtidai təhsilini Vasilevka kəndində, xüsusi evlərdə dərs deyən bir seminariyaçı - müəllimdən almışdı. 1819-cu ildə 10 yaşında ikən atası onu Poltava qəza məktəbinə vermiş, iki il burada oxuduqdan sonra uzaq qohumları olan zəngin mülkədar  Troşinskinin köməyi ilə Nejindəki ali elmlər  gimnaziyasına qəbul edilmiş, 7 il burada oxuduqdan sonra 1828-ci ildə 19 yaşında ikən gimnaziyanı bitirmişdi.

 

         Gimnaziyanın mütərəqqi fikirli müəllimləri olsa da, burada tədris üsulunun ümumi qoyuluşu gənc Qoqolu razı salmırdı. Buna görə də Nikolay şəxsi mütaliəni daha üstün tuturdu.Böyük yazıçı məktublarının birində yazırdı: “Əgər mən hər hansı bir şeyi bilirəmsə, bunun üçün ancaq özümə borcluyam”.

 

         Nikolay gimnaziyada oxuyarkən  kitab gecə-gündüz onun əlindən düşmürdü. O, rəsm sənəti ilə də çox məşğul olurdı. Gimnaziyanın “Zvezda” və “Meteor literaturı” adlı  jurnallarında onun tez-tez şeirləri  və hekayələri dərc olunurdı. Təəssüf ki, bu ilk yaradıcılıq təcrübələrinin heç biri bizə gəlib çıxmamışdır, ancaq yoldaşlarının xatirəsindən aydın olur ki, gimnaziyaçılar  Qoqolun bu ilk yazılarını böyük maraqla oxuyarmışlar.

 

         1828-ci ildə təhsilini bitirən Nikolay Vasilyeviç,  əvvəlcə Vasilyevka  kəndinə, oradan da  Peterburqa yola düşür. Peterburqda özünə münasib iş tapa bilməyən Qoqol, 1829-cu ildə  V. Alov təxəllüsü ilə “Hans Küxelqarten” adlı bir poema nəşr etdirir. Romantik ruhda, təntənəli üslubda yazılmış bu poemaya qarşı o zamankı tənqidin kəskin münasibəti gənc yazıçını müəyyən müddət bədii yaradıcılıq işindən soyudur. Dövlət təsərrüfatı departamentində  xırda çinovnik vəzifəsinə girmiş Nikolay, iki il müddətində demək olar ki heç bir  şey yazmır. Nəhayət, 1830-cu ildə “Oteçestvennıye zapiski” jurnalında Qoqolun ilk müvəffəqiyyətli və ciddi əsəri olan “Basavryuk yaxud İvan Kupala ərəfəsində gecə” adlı povesti dərc edilir. Bu əsərilə özünün bədii yaradıcılıq istedadını göstərən gənc yazıçı, yavaş-yavaş tanınmağa başlayır, ədəbi mühitə qədəm qoyur, dövrün görkəmli yazıçıları və jurnalistlərinə yaxınlaşır.Onun  Delviq, Jukovski, Pletnyovla tanışlığı həmin bu dövrə təsadüf edir.

 

         Bu zaman Qoqol  Peterburq Universitetində tarix elmləri üzrə professor vəzifəsinə təyin edilir. İlk gənclik yaşlarından tarix elminə çoşqun həvəsi olan  Qoqolu bu yeni vəzifə çox sevindirir. O, hələ gimnaziyada oxuyarkən mövzusu tarixdən alınmış “Tverdislav qardaşları” adlı bir povest və “Rusiya tatarların zülmü altında” adlı poema yazmışdı. Bu əsərlər dövrümüzə gəlib çatmasa da,  Qoqolun hələ gəncliyindən rus tarixinə olan marağını təsdiq edirdi. Ədib rus tarixinə  ayrı-ayrı knyazların tarixi kimi deyil, xalqın tarixi kimi baxırdı. O zamanlar isə universitetlərdə tarix kursunu həqiqi xəlqilik prinsipi əsasında qurmaq mümkün deyildi. Mürtəce dairələr buna etiraz edir və belə dərs aparanları təqib edirdilər. Odur ki,  Qoqol bir ildən sonra universitetdə tutduğu kafedranı tərk etməli olur və bundan sonra həyatını ancaq bədii yaradıcılığa həsr edir.  

 

       “İvan Kupala”əsərinin müvəffəqiyyətindən ruhlanan gənc yazıçı, bədii yaradıcılıq işi ilə daha ciddi məşğul olur. 1831-ci ilin payızında Qoqolun ikinci mühüm əsəri olan  “Dikanka yaxınlığındakı xutorun axşamları” kitabının birinci hissəsi nəşr edilir. Bu əsər geniş oxucu kütləsi və ədəbi ictimaiyyət tərəfindən dərin bir rəğbət hissi ilə qarşılanır.

 

Qeyd etmək lazımdır ki, 1830-1831-ci illərdə Qoqolun görkəmli rus yazıçıları, o cümlədən dahi Aleksandr Sergeyeviç Puşkinlə yaxınlığı və dostluğu onun dünyagörüşünə müsbət təsir göstərdi.

 

Qoqol haqqında ilk dəfə mətbuatda çıxış edən Puşkin olmuşdu. Aleksandr Sergeyeviç Nikolay Vasilyeviçin ilk əsərlərini coşqun bir sevinclə qarşılamışdı. Qoqol hələ ilk əsərləri ilə həm qüdrətli, orijinal bir sənətkar, həm də böyük bir vətəndaş kimi Puşkinin diqqətini cəlb etmişdi. Qoqolun ilk povestləri haqqında  Puşkinin qeydlərindən: “İndicə “Dikanka yaxınlığında”nı oxudum. Insanı heyran edən əsərlərdir. Budur, hər cür sünilikdən, uydurmadan və qondarmaçılıqdan uzaq olan həqiqi və səmimi gülüş buna deyərlər! Həm də bəzi yerlərində nə qədər gözəl poeziya, nə qədər dərin həssaslıq var! Bunlar bizim indiki ədəbiyyatımızda  o qədər fövqəladə bir hadisədir ki, indiyədək mənim heç ağlıma gəlməmişdi... Əhalimizi bu yeni könül açan kitabla təbrik edir, müəllifə isə ürəkdən yeni nailiyyətlər arzu edirəm”.

 

            “Dikanka” əsərinin ikinci hissəsi 1832-ci ilin mart ayında çap edilir. Kitaba Qoqolun  “Milad bayramı gecəsi”, “Dəhşətli intiqam”, “İvan Fyodoroviç Şponka və onun xalası, “Tilsimlənmiş yer” adlı povestləri daxil idi. Burada biz realizm ənənələrinin nisbətən gücləndiyini, yazıçının real həyata, ictimai varlığa daha artıq yaxınlaşmış olduğunu görürük. Doğrudur, “Tilsimlənmiş yer”, “Dəhşətli intiqam”, “Milad bayramı gecəsi” əsərlərində yazıçı dərin xəyala, təxəyyülə dalmışdır, öz qəhrəmanlarını romantik planda açmış, romantik boyalarla səciyyələndirmişdir. Ancaq yazıçı eyni zamanda real həyatın hadisələrinə, xalq məişətinin canlı və maraqlı lövhələrinə, ictimai varlığın ziddiyyətlərinə biganə qalmamışdır. Bunu biz xüsusilə “İvan Fyodroviç Şponka və onun xalası” adlı povestdə görürük.

 

        Bu əsərilə Qoqol ilk dəfə olaraq xırda mülkədarlar mühitinə etirazını bildirmiş, burada baş verən çirkin və yaramaz hadisələr, bu mühitə hakim olan iyrənc ənənələr fonunda mülkədar həyatının bayağılığını, puçluğunu və mənasızlığını cəsarətlə qələmə almışdır.

 

        Həmin dövrdə Ukrayna həyatı ilə dərindən maraqlanan, xalq məişətini, xalqın milli ənənələrini dərindən öyrənən gənc yazıçıda eyni zamanda Ukraynanın tarixi keçmişinə ciddi bir maraq oyanır. O, bu sahədə olan bütün materalları araşdırır, əldə etməyə müvəffəq olduğu bütün tarixi kitabları, sənədləri, xatirə və memuarları gözdən keçirir. Bu məqsədlə Qoqol 1832-ci ilin yayında Moskvaya gedir. Burada professor Poqodinlə, məşhur aktyor  Şepkinlə tanış olur. Qoqol  Vasilevkaya qayıdaraq, Ukrayna həyatına aid yeni əsərlər üzərində işləməyə başlayır.

 

         Xalq  həyatı ilə dərindən  daimi və ardıcıl surətdə tanış olmağa can atmaq həmişə Qoqolu düşündürən əsas vəzifələrdən biri idi. Hələ kamil bir sənətkar olduğu zamanlarda belə Qoqol xalq həyatı haqqında bildikləri ilə kifayətlənmirdi. Qoqol belə hesab edirdi ki, xalq həyatı ilə müvəqqəti bir zaman üçün belə olsun əlaqəsini kəsən yazıçı böyük bir sənət əsərləri yarada bilməz. Bu barədə Nikolay Vasilyeviç tanışlarının birinə yazırdı: “Mənə hələ çoxlu bilik toplamaq lazımdır, mənə Rusiyanı yaxşı bilmək lazımdır... Mənim əzizim, incəsənət böyük işdir... Yaradıcılıq qabiliyyəti böyük qabiliyyətdir”.

 

                Puşkin, Qoqol haqqında yalnız yazmaqla, onun istedadını qiymətləndirməklə kifayətlənmədi. Böyük  şair gənc yazıçının  yaradıcılığını böyük bir müəllim kimi izlədi,  Qoqol ilə dostlaşdı, onu yeni, daha böyük əsərlər yazmağa  həvəsləndirdi; “Müfəttiş” və “Ölü canlar” kimi ölməz əsərlərin  sujetini   Qoqola Puşkin verdi.

 

         Çernışevski əsərlərinin birində iki böyük yazıçı arasında olan bu tarixi dostluğu qürurla xatırlayırdı:

 

       “Nə qədər fərəhli bir hadisədir ki,  Qoqolu birinci dəfə qiymətləndirən, birinci dəfə onun haqqında mətbuatda çıxış edən, fikir söyləyən Qoqola qədər bizim  yazıçılarımızdan ən böyüyü olan Puşkin olmuşdur. Puşkin 20 yaşlı Qoqolu  atəşin ürək salamı ilə qarşıladı və özünün xeyirxah məsləhətləri ilə ona yol göstərdi. Qoqol isə sonradan Puşkin  şöhrətinin varisi oldu.  Puşkin Qoqolu yalnız bir yazıçının yazıçını qarşılayıb təsdiq etməsi ilə  kifayətlənmədi. Puşkin Qoqola, hər şeydən əvvəl, bir insan kimi yanaşdı, bir insan kimi əlindən nə gəldisə, insandan əsirgəmədi. Belə şeyləri xatırlayanda, adamın  ürəyi dağa dönür, isinir, şadlıq və fərəhlə çırpınıb döyünür”.

 

 “Dikanka yaxınlığındakı xutorun axşamları” povestlərinin çoxunun mövzu və sujeti Ukrayna həyatından və Ukrayna folklorundan, xalq rəvayətlərindən, nağıl və əfsanələrdən alınmışdı. Insanı heyrətə salan gözəl təbiət təsvirləri, Ukraynanın cazibəli may gecələri, Dnepr sahillərinin  gözəl mənzərələri, bunlarla birlikdə köhnə məişət qalıqları, artıq unudulmağa başlanan adət-ənənələrin təsviri bu povestlərdə əsas yer tuturdu. Insanı həyata, yaşamağa, yeniliyə, mübarizəyə səsləyən incə, fərəhli bir komizm  bu əsərlərdə xüsusi yer tuturdu.

 

“Milad bayramı gecəsi”ni oxuyanda gənc kazakların öz səadəti uğrunda mübarizəsi, həyat və gözəllik eşqi, onların öz sevgililəri ilə səs-səsə verib mahnı oxumaları insanı heyran edir. Qoqol sadə adamlar, yoxsul, zəhmətkeş “mujiklər” haqqında danışarkən onun sözlərində açıq-adın bir səmimiyyət duyulur. Onun müsbət qəhrəmanlarından olan dəmirçi Vakula öz müqəddəs fikir və duyğularını dilə gətirərək deyir: “Əgər məni padşah çağırıb desə ki, dəmirçi Vakula, mənim səltənətimdə olan ən yaxşı şeyi istə, sənə verim, padşah desə ki, əmr edim sənin üçün qızıl bir dəmirçixana düzəltsinlər, sənə də orada işləməyə gümüş çəkiclər versinlər, mən deyərəm ki, istəmirəm, mənə nə sənin daş-qaşın lazımdır, nə qızıl dəmirçixanan, nə səltənətin! Mənə ancaq öz Oksanamı ver!”.

 

       Eyni zamanda insanda qəhrəmanlıq, fədakarlıq, alicənablıq kimi keyfiyyətlərin təsviri; bir tərəfdən tərbiyəvi əhəmiyyəti olan fərəhli sevgi macəraları, dostluqda və məhəbbətdə səmimiyyət, sədaqət, o biri tərəfdən hiyləgərlik, paxıllıq, xudpəsəndlik, şöhrətpərəstlik kimi mənfi əxlaqi vərdişlərin tənqidi bu povestlərin demək olar ki, hamısında özünü göstərirdi. Belinski Qoqol əsərlərinin yüksək tərbiyyəvi əhəmiyyətindən və təsirindən ruhlanaraq yazırdı:“Ağıldan bəla”dan sonra mən rus dilində elə bir əsər tanımıram ki,  Qoqolun povestləri qədər özünün təmiz əxlaqiliyi  ilə fərqlənsin, xasiyyət və əxlaqa qüvvətli və nəcib təsir buraxmış olsun. Ah... belə əxlaqın qarşısında mən həmişə diz çökməyə hazıram!..”

 

          Qoqolun ilk povestlərinin dərin təhlilini vermiş Belinskinin daha sonrakı qeydlərindən bəzi məqamlar: “Qoqol öz yaradıcılığına hələ yenicə başlamışdır. Demək, bizim vəzifəmiz onun bu ilk çıxışı və onun gələcək üçün verdiyi ümidlər haqqında öz mülahizəmizi bildirməkdir. Bu ümidlər böyükdür, çünki cənab Qoqol qeyri-adi, qüvvətli və yüksək bir istedada malikdir... O, Puşkinin qoyub getdiyi yerə keçəcəkdir”.

 

       Qoqol öz sənəti ilə rus ədəbiyyatında tam yeni bir dövr yaratdı. Çernışevski bunu “Rus ədəbiyyatının Qoqol dövrü” adlandırmış və qeyd etmişdi ki: “Qoqol yalnız dahi bir yazıçı kimi  əhəmiyyətli deyildir. Bununla birlikdə o, vahid bir əbədi məktəbin başçısıdır ki, bu ədəbi məktəblə rus ədəbiyyatı fəxr edir”.  

 

    Qoqolun bütün əsərləri öz üslub və  xarakteri etibarı ilə bir-birilərindən seçilirdi. “Soroçin yarmarkası”, “May gecəsi”, “Köhnə dünya mülkədarları”, “İvan İvanoviçlə  İvan Nikiforoviçin savaşması”, “Neva prospekti”, “Portret” sonra da “Taras Bulba”, “Müfəttiş” və “Ölü canlar”... Bu əsərlərin hərəsinin özünəməxsus bədii xüsusiyyəti, məziyyəti vardır. Bunlar Qoqol sənətkarlığının çoxcəhətliliyini, qüdrətini və dərinliyini parlaq bir sürətdə göstərir.

 

         Peterburqun təzadlı həyatı, onun xəyalən düşündüyü qəhrəmanları yazıçını rahat qoymurdu. Küt çinovniklər, tacirlər, Neva prospektində hər gün gördüyü bəzəkli xanımlar ona daha ciddi, daha öldürücü satiralarını yaratmağa imkan yaradırdı. Nikolay Vasilyeviç “Peterburq povestləri” silsiləsini davam etdirərək, bu əsərlərində dövrünün real əksini yaratdı.

 

        “Peterburq povestləri”, xüsusilə “Neva prospekti” və “Portret” Belinskinin diqqətini cəlb etmiş, Puşkin povestlərin sənətkarlığını, dilini və üslubunu, həmçinin gülüş obyektinin müvəffəqiyyətlə seçildiyini qeyd etmişdi. Bununla belə, Qoqol Belinskinin bəzi  iradlarını nəzərə alaraq, povestlərin üzərində yenidən işləmiş, realizmi gücləndirərək, mistikadan uzaqlaşmağa çalışmışdı. Bu silsilədən olan “Burun” və “Kolyaska” povestlərini Qoqol xeyli müddət çap etdirə bilməsə də, nəhayət, “Burun” povesti 1835-ci ildə Puşkinin “Sovremennik” jurnalında dərc olunmuşdu. Puşkin Qoqolu hücumlardan qorumaq üçün əsərə kiçik bir əlavədə göstərirdi: “Uzun müddət  Qoqol bu zarafatı çap etdirmək istəmirdi, ancaq biz əsərin əlyazmasını oxuyarkən onda elə qeyri-adi fantastik, orijinal, şən, gülməli şeylər gördük ki, onları oxuculara çatdırmaq üçün müəllifi dilə tutaraq onun çap olunması üçün icazə aldıq”.

 

 Çar senzurası isə bu “zarafatın” bir sıra yerlərini qorxulu hesab edib, çıxarmışdı.

 

             “Burun” əsəri fantastik ruhda yazılmasına baxmayaraq, həqiqi həyat hadisələrinin canlı təsvirini verir. Yazıçı povestin qəhrəmanlarının, xüsusən mayor Kovalyovun simasında xırda hisslər, əxlaqdan kənar niyyətlər, çirkin və yaramaz meyllərlə yaşayan, xalqın mənafeyinə xor baxan həmyerlilərinin ümumiləşmiş surətini yaratmışdı. Istehza, rişxənd, kinayə ruhunda yazılmış bu əsəri oxuyarkən, oxucu  ürəkdən gülürdü. Ancaq bu gülüş dərin mənalı gülüş idi. Bu gülüş insanların gözünü açan, onları dərindən düşündürən, ictimai hadisələrin mənasını dərk etməyə çağıran gülüş idi.

 

1832-ci ildə Qoqol “Mirqorod” və “Arabeski” adları altında yeni povestlər toplusunu nəşr etdirdi. Bu povestlərlə onun yaradıcılığının ideya-bədii inkişafında yeni bir mərhələ başlandı.  “Viy” və “Taras Bulba” povestlərini istisna etmək şərtilə,həmin toplulardakı nəsr əsərlərinin hamısı yeni bir ideya-estetik istiqamətdə realist sənət prinsipləri əsasında yazılmışdı.

 

“Mirqorod”a daxil olan “Köhnə dünya mülkədarları” və İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması” kimi povestlər məhdud, bayağı mülkədar həyatını, Rusiyanın ucqar yerlərində ölümə bərabər bir güzəran keçirən “avaraları” oxucunun gözləri qarşısında təbii boyalarla canlandırırdı.

 

Qoqolun “avaralar” adlandırdığı bu real obrazların arxasında 1861-ci il islahatına qədərki rus mülkədarları, tarix tərəfindən ölümə məhkum olan “köhnə dünya mülkədarları” dayanmışdı.Bu “avaralar” bütün dünyadan bixəbər yaşayan, gün ərzində yeyib-içməkdən başqa özgə bir işi olmayan Afanasi İvanoviçlərdən, Pulxeriya İvanovlardan, İvan Nikiforoviçlərdən ibarətdir. Yazıçı bu cür yaramaz  adamları istehza ilə “Mirqorodun bəzəyi və şərəfi” deyə təqdim edir. Bunlar o adamlardır ki, yağlı xörək, qutab və kompot haqqında uzun-uzadı söhbət etməkdən başqa bir şey qanmırlar.Bunlar yay günü boğaza qədər hovuza, suyun içinə girib, yanlarına samovar qoydurur, çay içirlər. Bunlar yedikləri qovunun tumlarını bir kağıza yığıb üstündə yazırlar ki, bu qovun filan vaxtda yeyilmişdir, yaxud həmin gün qonaqları olmuşsa, onu da əlavə edirlər ki, bu qovun yeyildiyi zaman filankəs də bizdə idi.

 

“Taras Bulba” tarixi-romantik qəhrəmanlıq povestində Ukrayna xalqının xarici işğalçılara qarşı apardığı mübarizəsi parlaq surətdə əks olunmuşdur. Bu povest yalnız rus ədəbiyyatında deyil, ümumən dünya ədəbiyyatında tarixi-qəhrəmanlıq eposunun gözəl, nadir nümunələrindən  biri hesab edilir.

 

Qoqol Rusiyanı, rus xalqını, rus kəndlisini çox sevirdi. O, 1812-ci il rus-fransız müharibəsi haqqında böyük iftixarla danışır və bu müharibənin şöhrət və qüdrətini  Vətənin müdafiəsinə bütün xalqın bir nəfər kimi qalxmasında görürdü. Böyük sənətkar başqa bir əsərində rus xalqını fırtınalı dənizdəki əzəmətli sıldırım bir qayaya oxşadır və “Yazıq o gəminin halına ki, bu qayaya toxunub, parça-parça olacaqdır” –deyirdi.

 

Belinski Qoqolu “Demokratiya Homeri” adlandırmaqda haqlı idi. Sözün əsl mənasında Qoqol  demokratiya Homeri, əsl xalq dastançısı idi. Çar məmurlarından və mülkədarlardan danışarkən istehza ilə gülən Qoqol, həqiqi xalqdan, mübariz insanlardan söz açarkən onun böyük qəhrəmanlığından, yenilməz qüdrətindən yazırdı.

 

Bu amallarını uca tutan Qoqol, “Taras Bulba” əsərində Ukrayna xalqının da azadlıq mübarizəsini  böyük məhəbbətlə tərənnüm edirdi.  Zaporojye kazaklarını xarakterizə edərkən onların  cəsarət, mərdlik, alicənablıq, fədakarlıq və vətənpərvərlik kimi keyfiyyətlərini sevə-sevə təqdim edirdi. “Düşmənə qarşı silah qaldırarkən kazak ya ölməli, ya da qalib gəlməlidir”-deyirdi.

 

 “Taras Bulba”nın ilk variantı 1835-ci ildə “Mirqorod” kitabında çap olunmuşdu. Lakin Qoqol sonralar onun üzərində 10 il işləyib, əsəri daha da təkmilləşdirmişdi. Yazıçı bu povestdə Ukrayna xalqının azadlıq uğrundakı böyük mübarizəsini əks etdirmişdi. Əsərdə yerli istismarçılarla xalq kütlələri arasındakı toqquşmaları göstərən real səhnələr  az deyildir. Qoqolun zaporojyeli qəhrəmanları “Qoy rus torpağı əbədi çiçəklənsin!”-deyə vuruşur və vətən yolunda canlarını qurban verirlər.

 

Əsərin baş qəhrəmanı Taras, onun oğlu Ostap və başqa kazaklar bu gün də bizim üçün ən əziz, ən nümunəvi insan -həqiqi vətəndaş surətləridir. Povestdən bir daha aydın olur  ki, özündən dəfələrələ güclü olan düşmən qarşısından  belə, kazak heç  bir vaxt qaçmaz, heç bir fəlakət, heç bir bəla, heç bir əzabdan qorxmayaraq, kazak Ana yurduna, yoldaşına, dostuna xəyanət etməyəcəkdir.

 

Qoqol kazakların bütün tipik xüsusiyyətlərini , qəhrəman sifətlərini toplayıb, parlaq bir surətdə Taras Bulba və onun mərd oğlu Ostap obrazlarında tərənnüm etmişdir. (Qeyd edim ki, Tarasın iki oğlu var. O biri oğlu Andrey haqqında  bir qədər sonra bəhs edəcəyəm). Yoldaşlıq hissini izah edərək, Taras Bulba deyir:

 

“Yoldaşlıqdan daha müqəddəs hiss yoxdur. Ata öz balasını sevir, ana öz balasını sevir, uşaq öz ata və anasını sevir; lakin qardaşlarım, bu, mən dediyim deyildir. Heyvan da öz balasını sevir, ancaq qanla yox, ruhla yaxınlaşmağı bircə insan bacarır.O biri ölkələrdə də yoldaşlıq olmuşdur, amma rus torpağındakı yoldaşlıq heç bir yerdə olmamışdır...Yox, qardaşlarım, rus qəlbi sevə bildiyi kimi, əql ilə, ya başqa bir şeylə sevməyi demirəm, Allah verdiyi, səndə olan hər bir şey ilə sevməyi... yox, bu cürə heç kəs sevə bilməz”.

 

Yoldaşlığı bu qədər yüksək və müqəddəs tutan yalnız Taras deyildir.Qoca kazak Bovdyuq da yoldaşlığı kazaklar üçün ən vacib vəzifə və borc bilir: “Kazağın birinci borcu və namusu yoldaşlığı qorumaqdır.Nə qədər ki, mən yaşayıram, qardaşlarım, ömrümdə eşitməmişəm ki, kazak öz yoldaşını bir yerdə atsın, ya da onu satsın”.

 

Taras Bulba öz yoldaşlarını başına yığaraq, düşmənə əsir düşmüş kazakları xilas etməyi tapşırır: “Bəs biz nəyik? Sizin hamınızdan xəbər alıram: yoldaşını fəlakətdə atan, onun bir köpək kimi qürbətdə itib getməyinə razı olan adam necə kazakdır?”.

 

Yoldaş üçün canından keçən qəhrəman kazaklar bütün varlığı ilə vətənini sevir, onun yolunda hər cür bəlalara, hər cür əzablara qatlaşır, ölümə belə razı olurlar.

 

Taras Bulba üçün vətənindən əziz heç bir şey yoxdur. Buna görə də o, Ana yurduna xəyanət edib, düşmən qızına aşiq olan, onun  gözəlliyinə satılan oğlu Andreyi bir an belə tərəddüd etmədən öz əli ilə, vətən adından, atalıq haqqı ilə öldürür. Qızğın vuruşma gedən zaman Taras Bulba, düşmənin zəngin və əlvan libası ilə geyinmiş, düşmən silahı ilə silahlanmış, düşmən atını minmiş oğlu Andreyi meşənin kənarına çəkir və atının cilovundan yapışıb, yerə düşməyini əmr edir.

 

Məğrur atanın bu sərt əmri qarşısında Andrey bütün iradəsini itirir, dinməz-söyləməz atından yerə düşür.

 

Qoqol ata-bala arasındakı, oğulun həyatının son dəqiqələrini yaşayan bu dəhşətli səhnəni sadə və kəskin sözlərlə təsvir edir:

 

-Xəyanət? Dinə xəyanət? Özününkülərə xəyanət?Dayan! Atdan düş!

 

Bir uşaq mütiliyi ilə Andrey atdan düşdü və ölü kimi Tarasın qabağında dayandı.

 

-Dur, tərpənmə! Mən səni əkmişəm, mən də səni öldürəcəyəm!

 

Bunu deyib, Taras bir addım geri çəkildi və çiynindən tüfəngini aldı. Andrey kətan kimi ağarmışdı.

 

Tarasın tüfəngi açıldı.

 

...Andreyin başı əyildi, səssiz-səmirsiz  otun üstünə sərildi...

 

Taras oğlunu sinəsindən vurur və “ Artıq məhv oldu, həm də şərəfsiz, alçaq bir it kimi məhv oldu!”-deyir.

 

Tarasın o biri oğlu Ostapı düşmənlər dar ağacından asırlar.

 

               Əsəri oxuduqca, kazakların hünər və cəsarəti ilə  qürurlandıqca,  bizim Azərbaycan xalqının mərd övladları yada düşür. Xalqlarımız  arasında oxşar keyfiyyətlər, ənənələr  doğrudan da çoxdur. Döyüş meydanında düşmən yarasından ölərkən hər bir kazak yalnız öz vətənini düşünür, rus torpağının qeydinə  qalır, onun yolunda öldüyü ilə fəxr edir.

 

               Vuruşda üç ölümcül yara almış kazak Balaban yoldaşlarına müraciətlə deyir: “Yoldaşlarım, mənə belə gəlir ki, mən yaxşı ölümlə ölürəm: yeddisini doğradım, doqquzunu nizəmlə deşdim, xeylisini atımın ayağı altında tapdalatdım, neçəsini güllə ilə öldürdüyümü heç özüm də bilmirəm. Qoy rus torpağı daima çiçəklənsin!”.

 

               Düşmənlə vuruşmada eyni fikri  Bovdyuq da söyləyir. Ürəyi güllə ilə parçalanmış qoca kazak, son nəfəsində bu sözlərlə canını təslim edir: “Dünyadan getməyimə yanmıram. Allah hər kəsə bu cür ölümü qismət eləsin! Qoy rus torpağı həmişə şərəfli olsun!

 

               Öz inadı nəticəsində  düşmənə əsir düşmüş Taras Bulbanı ağaca bağlayıb, ayaqları altında od qalayırlar. Qoqol yazır:

 

               “Od artıq alışmış, yüksəlirdi və alov onun ayaqlarını yalayır, ağacı bürüyürdü...Lakin Yer üzündə elə bir atəş, əzab, elə bir qüvvə tapılarmı ki, rus qüvvəsinə üstün gəlsin?!”.

 

               Qoqol olduqca həssas bir insan idi, onun güclü müşahidə bacarığı vardı. Öz təbiəti etibarilə şən və ünsiyyətcil  adam olsa da, çox zaman tutqun və dalğın görünürdü; nə isə mühüm bir fikir, yüksək bir arzu onu daim məşğul edirdi. Bir tərəfdən həyatsevərlik, şənlik, digər tərəfdən daxili bir hüzn, lirik bir kədər, qüssə, can sıxıntısı Qoqolun varlığında bir-birilə çarpışırdı.

 

Həyatın qanunu, ictimai münasibətlərin hökmü belə idi: kim yaşamaq istəyirsə, həyatın çirkabına bulaşmalı, öz mənliyini unutmalı, yüksək məqsədlər eşqinə düşməməli idi.

 

Ziddiyyətlər Peterburqunun bu “qanunu”  “Portret” povestinin qəhrəmanı rəssam Çartkovun da taleyində öz təsirini göstərir. Nə qədər ki, öz sənətkar idealına sadiqdir o, həqiqi sənət eşqilə yaşayıb- yaradır, öz əsərlərində həyatı bütün doğruluğu ilə əks etməyə çalışır.  O, yoxsuldur,  miskindir. Onu kimsə tanımır və tanımaq istəmir. Lakin həqiqi sənət prinsiplərinə xəyanət etdikdə, kübar cəmiyyətin zövqlərinə tabe olaraq, sənəti  ən aşağı peşəkarlıq səviyyəsinə endirib bayağı və yüngül əsərlər yaratmağa başladıqda, o, dərhal böyük şöhrət qazanır. Bəs bu yol sənətkar üçün ölüm deyildimi? Həqiqətdə də Çartkov bir sənətkar kimi məhv olur. Qoqol qələminin qüdrəti ondadır ki, o, bu faciənin köklərini  Çartkovun subyektiv keyfiyyətlərində deyil, barışmaz ziddiyyətlər əsasında qurulmuş cəmiyyətin tipik xüsusiyyətlərində, sərvətin, qızılın, pulun hökmranlığında görür.

 

Çartkovu uçuruma aparan da elə təsadüfən əldə etdiyi sərvətdir. Bu sərvət ona yüksək cəmiyyətə, kübar dairələrə yol açır. Bu cəmiyyət, bu dairələr isə onun fırçasını həqiqətə deyil, yalanlara, yüksək ideallara deyil, xudbin ehtiraslara, bayağı zövqlərə, meşşan görüşlərə xidmət etməyə məcbur edir.

 

         Qoqol təlqin edirdi ki, istedadı olan şəxs qəlbən təmiz, saf olmalıdır, sərvət ehtirası isə sənətkarda paxıllıq, insana nifrət hissi, zülm etmək, işgəncə vermək ehtirası doğurur.

 

       “Portret” povestində yazıçı  var-dövlətin, qızılın sadə insanlar arasında,  Peterburq  ucqarlarında,  “gələcəyin qədəm qoymadığı” qaranlıq küçələrdə törətdiyi müsibətlərdən də danışır. Əsərin bir yerində Qoqol yazır: “Xəlqi qürurumuzun şərəfinə qeyd etmək lazımdır ki, rus qəlbində həmişə məzlumun tərəfini saxlamaq kimi gözəl bir hiss yaşayır”. Qoqol öz əsərlərində rus xalqının, rus qəlbinin bu gözəl cəhətini son dərəcə ifadəli bir şəkildə göstərmişdir. Qoqol  humanizminin  təbiəti  həmin bu rus qəlbinə xas olan gözəl hisslə - zəhmətkeş insana, sadə adamlara dərin məhəbbətlə xarakterizə  edilir. Bu məhəbbətsə  çar despotizminə, bürokrat  üsul-idarəsinə, təhkimçilik hüququna qarşı odlu nifrət və qəzəb doğurur.

 

Qoqol teatrı çox sevirdi. Dünyaya göz açdığı ailədə teatrın dünyəvi ənənələrini görən ədib  deyirdi ki, dram ancaq  səhnədə yaşayır.Səhnəsiz o, bədənsiz  can kimidir. Dahi yazıçı teatr sənətinin bəşəri gücünü yüksək qiymətləndirirdi. Onun nəzərində teatr elə bir qüdrətli məktəb idi ki, oradan xalqa çox-çox xeyirli fikirlər aşılamaq olardı. Teatrı xalqa, onun mənəvi ehtiyaclarına, ictimai həyatın irəli sürdüyü mühüm  məsələlərə yaxınlaşdırmaq lazım idi.  Qoqol rus teatrını xalq teatrı ruhunda inkişaf etdirmək istəyirdi, o mənada ki, teatr xalqın həyatı üçün səciyyəvi və aktual olan ictimai məsələləri  qaldırıb rus varlığını, rus  xarakterini bütün doğruluğu  ilə, bütün təbiiliyi ilə göstərə bilsin. “Bizə rusları göstərin! Özümüzünküləri verin!  Fransızlar və dənizin o tayında yaşayanlar bizim nəyimizə lazımdır? Məgər öz adamımız azdırmı?  Rus xarakterləri lazımdır! Öz xarakterlərimiz! Özümüzü göstərin!” - deyə, Qoqol teatrdan bunu tələb edirdi. Və bu tələbə də ilk dəfə məhz özü sadiq qaldı.

 

Puşkin  bir dəfə “Müfəttiş”dəki əhvalata bənzəyən gülünc bir hadisənin şahidi olmuşdu. Şair  Puqaçov üsyanına dair materiallar toplamaq məqsədi ilə 1833-cü ildə Orenburq quberniyasına yola düşür. Nijni şəhərində qubernator  şairi olduqca  yaxşı qarşılayır. Puşkin Nijnidən Orenburqa  gəlib sabiq dostu qraf Perovskinin qonağı olur. Aleksandr Sergeyeviç elə orada ikən Perovski Nijni şəhərinin qubernatorundan aşağıdakı  məzmunda  bir məktub  alır  və  onu Puşkinə oxuyur:

 

“Yaxın  günlərdə Puşkin bizim şəhərə gəlmişdi. Onu tanıdığım üçün mehribanlıq göstərdim . Ancaq  etiraf  etməliyəm ki, onun Puqaçov üsyanına  aid material  toplamaq məqsədilə  səyahət etdiyinə heç inana bilmirəm. Mümkündür ki, gördüyü nöqsanlar  haqqında  məlumat  toplamaq üçün ona gizli tapşırıq verilmiş ola.Mənim sizə yaxın münasibətimi bilirsiniz. Ehtiyatlı  olmaq  üçün  sizə xəbərdarlıq etməyi özümə borc bildim”.

 

Lətifəyə  bənzəyən  bu  hadisə  şairin beynində  gözəl bir mövzuya çevrilir. 1835-ci ildə Qoqol  Puşkinə yazdığı bir məktubunda  ondan  xahiş edir  ki, iltifat edin, mənə bir süjet verin. Bu saat komediya yazmaq üçün əllərim gicişir... Beynim də, mədəm də hər ikisi acdır...

 

Qoqol öz ədəbi fəaliyyətində ədəbiyyatın demək olar ki, bütün janrlarından  istifadə  etmişdir. Lakin onun ən çox sevdiyi sahələrdən biri teatr və dramaturgiya idi. Bunu Puşkin də bilir və dəyərləndirirdi.

 

Həmişə Qoqola xüsusi qayğı və həssaslıqla yanaşan Puşkin, bu dəfə də  onu cavabsız qoymur. Şair  “Müfəttiş”in süjetini  dostuna verir. Əsərin gələcək  müvəffəqiyyətlərini  əvvəlcədən  hiss  edən müəllif, 1835-ci ilin sonunda  rus tarixçisi, yazıçı və naşıri Mixail  Petroviç  Poqodinə yazır: “İndi azad nəfəs  ala bilərəm. Gülmək, gülmək və yenə də gülmək! Yaşasın komediya!”

 

Qoqol “Müfəttiş” komediyası kimi möhtəşəm bir sənət abidəsi yaradır. Əsər  komediyanın  klassik  nümunəsidir. Ədib dram əsəri yazan yazıçıya hər  şeydən  əvvəl, həyatı  düzgün  göstərməyi  təlqin  edir  və  özünün  məşhur  “Tamaşadan sonra”  adlı  əsərində  yazır  ki, komediya  bizim ictimai  həyatımızın  əksi  və  aynası olmalıdır. Yazıçı  özünün  bu bədii  formuluna  ilk öncə  özü riayət edir. Nikolay Vasilyeviç “Müfəttiş”ində    özünün  qeyd  etdiyi  kimi, Rusiyada  olan bütün çirkin hadisələri ; insandan  ən çox  ədalət  tələb olunduğu yerlərdə və hallarda baş verən bütün ədalətsizlikləri bir yerə toplamağı və onların hamısına birdən gülməyi qərara alır. Təsadüfi deyildi ki, o zaman Qoqolun  bu əsərindəki  öldürücü  satirasından qorxuya düşən  senzura  “Müfəttiş”in tamaşaya  qoyulmasını qadağan etmişdi. 1835-ci ildə yazılıb qurtarmış olan bu  komediyanın səhnəyə  qoyulmasına yalnız 1836-cı ildə icazə verilmişdi.

 

Bu  ölməz  əsər  öz dövrü üçün son dərəcə böyük bir əhəmiyyətə malik idi. Rus yazıçı, filosof və pedaqoqu Aleksandr İvanoviç  Gertsenin təbirincə desək, “Müfəttiş” komediyasında  Qoqol  özünün  müasiri olan Rusiyanın  “xəstəlik tarixi”ni vermişdi.

 

Bəs  Qoqolun müasiri  olan Rusiyanın  “xəstəlik tarixi” nədən  ibarət idi? Belinski  Qoqola yazdığı  məşhur  məktubunda I Nikolay dövründəki çar  Rusiyasını  belə  xarakterizə  edirdi: “...Rusiya müdhiş səhnələrlə dolu olan bir məmləkətdir. Bu məmləkətdə  nəinki şəxsiyyət, vicdan və mülkiyyəti qoruyan bir amil, hətta polis qanun-qaydası da yoxdur; burada yalnız  mənsəb  sahibi, oğru və quldurlardan ibarət böyük zümrələr vardır”. “Müfəttiş” komediyasında  I Nikolay mütləqiyyətinin  eybəcər  şəklə saldığı çar  Rusiyasındakı  həmin  dəhşətli  səhnələrin bədii və son dərəcə sarsıdıcı təsviri verilmişdi.

 

Əsərin  əsas  surətlərindən biri olan  Xlestakov  Peterburq  dəftərxanalarının birində  xidmət  edən kiçik bir çinovnikdir. Çox da böyük rütbə  sahibi  deyildir, sadəcə  cızma-qara ilə məşğuldur.İşə  əsla  can yandırmır. Qulluq eləməkdənsə, küçələrdə  boş-boş  gəzməyə, qumar oynamağa  daha  çox həvəskardır. Pulu oldu, keyf edir, qumar oynayır, var-yoxdan  çıxdıqda isə paltarlarını  satmaq üçün nökəri Osipi bazara göndərir.

 

Xlestakovu fırıldaqçı hesab etmək düzgün olmazdı. Lakin onun özündən də kütbeyin olan və rüşvətə öyrənmiş  əyalət  çinovnikləri onu Peterburqdan  gəlmiş müfəttiş hesab etdikləri üçün şöhrətpərəst  Xlestakov özünü böyük və yüksək bir rütbə  sahibi  kimi göstərmək arzusuna düşür. Məzmunsuz  və  zəif iradəli Xlestakov, bir az içki qəbul edən kimi sərxoş olur, özünü   öyür  və olmazın yalanlar uydurur. Yalanları onu daha çox məst  edir. Artıq o, özü də paytaxtın böyük, bəlkə də lap birinci adamı olduğuna inanmağa  başlayır. Bu cəhətdən Xlestakovun çinovniklər qarşısında öyündüyü səhnə özü - özünü xarakterizə etmək üçün daha təbiidir. O, burada  rabitəsiz  və qırıq-qırıq danışaraq deyir: “...Yaxşı-yaxşı aktrisalarla  tanışam...Mən də cürbəcür məzhəkələr yazıram...Puşkinlə  lap dostam...Evimdə  bal  gecələri düzəldirəm...Stolun üstündə yeddi yüz manatlıq bir qarpız, qazandakı sup düz Parisdən gəmi ilə gəlir...Mən hələ yuxudan durmamışdan ... qəbul  otağıma  baxmaq  maraqlıdır; qraflar, knyazlar yığılıb arı kimi vızıldaşırlar...Mənə məktub  göndərəndə,  üstünə “əlahəzrət” yazırlar...Məndən lap dövlət şurası da qorxur...Saraya hər gün gedirəm...Məni elə günü sabah feldmarşal edərlər...” və s.

 

“Gizli müfəttiş”dən canlarına qorxu düşmüş əyalət çinovnikləri  də bu yalançının  sayıqlamalarına inanırlar. Xlestakov eyni zamanda əxlaqdan kənar  adamdır. O, bələdiyyə rəisinin qızını almaq istəyir, eyni zamanda qızın anasını  da xoşlayır. “Anası da pis deyil”- deyir. O, ucuz və süni iltifatlar göstərib, qəribə və anlaşılmaz ifadələr işlədərək (“Xanım qız, ürəkdən arzu edirəm ki, sizin yaylığınız olum və zanbaq boynunuza sarılım”), Mariya Antonovnanın qarşısında diz çökür, “məhəbbətini” ona bildirir. Bir az keçmədən qızın anasının ayaqlarına  düşüb  “Mən sizə aşiq olmuşam...”- deyir.

 

Peterburqdakı dostuna yazdığı məktub  Xlestakovun  iç üzünü bir daha tanıtdırır:

 

“Əzizim Tryapiçkin, tələsirəm ki, mənim başıma nə qəribə işlər gəldiyini sənə xəbər verim...Peterburq görkəmimə və paltarıma görə bütün şəhər  məni  general - qubernatora oxşatdı.İndi  mən  bələdiyyə  rəisinin evində yaşayıram. Keyf çəkirəm, onun arvadı və qızı ilə mazaqlaşıram...İndi iş lap ayrı cürdür. Hamı mənə nə qədər istəsəm, borc verir...”.

 

Xlestakov  obrazı  özü - özlüyündə puç  bir şey olsa da, bu obraz müəllifə  öz  ideyalarını  ifadə  etməkdə  əsas vasitədir.

 

Anton  Antonoviç  Skvoznik-Dmuxanovski  şəhər  idarəsinin rəisidir. “Müfəttiş” komediyasında verilmiş  ən gülünc, ən zərərli tipdir. Qoqol, I Nikolay dövrü üsul - idarəsinin bütün çürüklüyünü, eybəcərliyini, çinovniklərin  azğınlıq, rüşvətxorluq, riyakarlıq və şəhər əhalisi ilə kobud rəftarını - bir sözlə, dövrün hakim təbəqələrinə  xas olan bütün murdar sifətləri bu obrazda heyranedici sənətkarlıq istedadı ilə ümumiləşdirə bilmişdir. Buna görə  də Anton Antonoviçin xarakteri, dünyagörüşü və davranışı üzərində xüsusi dayanmaq istəyirəm.

 

Qoqol  qeyd edir ki, Anton Antonoviç  vəzifələrdə qocalmış rüşvətxordur. Siması  kobuddur  və üzünün cizgiləri  kəskindir. Bütün kobud ruhlu adamlar kimi o da qorxudan sevincə, alçaqlıqdan təkəbbür hissinə sürətlə keçir. Onun idarə etdiyi şəhərdə heç bir qayda - qanun, səliqə-səhman və təmizlik yoxdur. Xəstəxanada  xəstələrə  pis  baxılır. Onlar ac və çirkli saxlanılır. Məhkəmənin  qəbul  otağında , şikayətçilər yığılan yerdə xidmətçilərin  saxladıqları qaz  və qaz balaları  əl - ayağa  dolaşır. Poçt vasitəsilə  göndərilən məktublar  açlılıb  oxunur. Şəhərin  hər  yeri zibilli və kirlidir.

 

Anton  Antonoviç  kobud, qaba, eyni zamanda  yaltaq  və alçaq adamdır. Bu cizgilər onun əsas sifətlərindəndir. O, özündən  kiçik  qüvvə hiss etdikdə  zalımlaşır, tabeçiliyində olanlarla çox kobud və qaba rəftar edir . Xlestakovu  müfəttiş hesab  etdikdə, ona yaltaqlanır, qarşısında əyilir, nökərinə xidmət  edir və rüşvət verir. Qızını Xlestakova  verib, “böyük bir adamla” qohum  olandan sonra  isə  şirin xəyallar  içində  Peterburqa köçməyə hazırlaşır. General  paqonlarını çiyninə vurmağa tələsən  Anton  Antonoviç, şikayətçilərlə  olduqca  pis  rəftar  edir və onlara tez - tez  ədəbsiz  söyüşlər söyür.

 

Şəhər hakimi  Anton  Antonoviçin rüşvətxorluğu, mədəniyyətsizliyi, kütbeyinliyi və  riyakarlığı göz önündədir. Yazıçı çox real və canlı yaratdığı  bu obraz  vasitəsilə I Nikolay dövründə uzaq əyalətlərdə “rəhbərlik” edən şəhər  çinovniklərinin  real  tipini yaratmışdır. Beləliklə, komediyada  digər çinovniklər - məhkəmə  sədri, məktəblər nəzarətçisi, xeyriyyə müəssisələri  rəisi, poçt  müdiri; şəhər  mülkədarları - Dobçinski, Bobçinski,  qadın  surətlərindən  Anna  Andreyevna   və onun qızı Mariya Antonovna  və  Osip  obrazı  xarakterizə  edilir. Bu obrazlar ayrı - ayrılıqda  təqdim  olunduqca, çar  Rusiyasını içəridən  yeyən  və onu ölümə  sürükləyən  necə  deyərlər, irinli  yaralar  üzə  çıxır. Beləliklə, biz Qoqolun  müasiri  olan  dövrün “xəstəlik tarixi”ni  oxuyur, Nikolay Rusiyasının  zülm  və  istibdad  dünyasına,  əsarət,  hərcmərclik, ədalətsizlik  və ictimai bərabərsizliyə  nifrət edirik.

 

“Müfəttiş” komediyası 1836-cı ilin aprel ayında Peterburqun Aleksandrinski Teatrında, həmin ilin mayında isə Moskvada, Kiçik Teatrda tamaşaya  qoyulandan sonra çox  böyük  hay-küyə səbəb oldu. Adi bir əyalət məmurundan  tutmuş çar Nikolayın özünə qədər bütün təhkimçi çar Rusiyası bu gülüşə hədəf olmuşdu. Deyilənə görə, əsərin tamaşalarından birində çar Nikolayın özü də iştirak etmiş və qəhqəhə çəkib gülmüşdür. Sonra isə etiraf etmişdir ki, burada hamının özünə görə payı vardır, mənim payıma düşən isə daha çoxdur.

 

O  zaman  Moskva  teatrında  Anton  Antonoviç rolunu rus səhnəsinin böyük sənətkarı  Mixail  Semyonoviç  Şepkin ifa edirmiş. Müasirlərinin yazdıqlarına  görə,  bir dəfə  Şepkin  bələdiyyə  rəisinin  son monoloqundan  “Nəyə gülürsünüz? Öz - özünüzə  gülürsünüz?!”- sözləri ilə səhnədəki  artistlərə  müraciət  etmək  əvəzinə, açıq şəkildə tamaşaçılara xitab etmişdir. Tamaşa salonunda oturanların isə yarısından çoxu böyük mülkədarlar  və çar çinovnikləri imiş.

 

“Əsərdə nə üçün heç  bir müsbət  obraz  yoxdur?” sualına da Qoqol aydın və  konkret cavab vermişdi: “Vardır! Bu, namuslu, alicənab şəxs -gülüşdür!” Rusiyada  gördüyü  bütün  çirkinliklərə  gülə-gülə  “atəş açan” Qoqol, gülüşü obraz  səviyyəsinə  qaldırmışdı. L.N.Tolstoy  həyat həqiqətini özünün  əsl  müsbət  qəhrəmanı  hesab  etdiyi kimi, Qoqol da sağlam və ürəkdən qopan  gülüşü, öldürücü  qəhqəhəni  özünün  müsbət  qəhrəmanı, “alicənab şəxs” adlandırırdı.

 

Nikolay Vasilyeviçin öz komediyasına epiqraf kimi seçdiyi məşhur  “Üzün əyridirsə, güzgünü nahaq  yerə sındırma” xalq məsəli də “Müfəttiş”in geniş və ümumiləşdirilmiş ictimai mənasını göstərirdi.

 

         “Hamını aldadaraq, özün aldanma! - əsil məqsəd və məsələ budur”, - Qoqolun “Qumarbazlar” pyesindəki kələkbaz  İxarev belə  deyir. Həmin anda  İxarev hələ anlamır ki, o, özündən daha təcrübəli hiyləbazlar  - Stepan İvanoviç Uteşitelni və onun dostları tərəfindən artıq aldadılmışdır. Özünün necə ustalıqıa tovlandığını bildikdən sonra,  İxarev hiddətlə deyinir: “Hə, bundan sonra hiylə işlət, zərif ağlını işə sal, dəridən çıx, vəsait tap görüm, necə tapacaqsan? Əlüstü bu yandan bir lotu tapılacaq və səni barmağına dolayacaq, dələduzun biri sənin bir neçə il ərzində qurduğun binanı bir dəfəyə uçuracaqdır...”

 

Qoqolun “şeytan gülüşü” əleyhinə çıxanlar getdikcə güclənirdi. Əsərdən  sonra yazıçı  özünə  çox düşmən qazanmışdı. Qoqol özü Şepkinə  bu barədə  yazırdı: “Hamı mənim əleyhimədir. Qoca və möhtərəm çinovniklər bağırırlar ki, qulluq adamları haqqında bu cür yazmağa cürət etdiyimdən mənim üçün müqəddəs heç bir şey yoxdur. Polis adamları mənim əleyhimədir, ədəbiyyatçılar əleyhimədir”.

 

         Bütün bu hücumlar, ittihamlar, təhqirlər Qoqola çox ağır təsir bağışlayır. Demokratik  cəbhədən gələn dost səslərinə, təriflərə və alqışlara, Belinskinin hərarətli  çıxışlarına baxmayaraq, Qoqol daxilən çox narahat idi. O, hətta öz əsərindən qorxmağa, onun acılığından hürkməyə başlamışdı. Digər tərəfdən  Qoqol o zamankı Rusiyada  yazıçının son dərəcə  ağır  bir şəraitdə işləməyə  məcbur olduğunu, həyat haqqında doğru  söz  söylədiyi  üçün  təqib edildiyini görüb böhranlı anlar keçirirdi. Odur ki, Qoqol həm dərdlərini dağıtmaq, həm də yeni əsərlər ətrafında arxayın düşünmək məqsədilə bir müddət Rusiyadan uzaqlaşmaq, xaricə getmək qərarına gəlir. 1836 - cı il iyunun 6-da  Qoqol  xaricə yola düşür...

 

1911- ci ildə Azərbaycanın  görkəmli maarifpərvər  şairi  Abbas Səhhət  inqilabçı  satirik  Sabir yaradıcılığı haqqında  yazdığı  ayrıca  məqaləsində  Qoqola  “Rus ədiblərinin məşahirindən  və  göz  yaşlarının  arasından  gülən” bir  yazıçı kimi qiymət verir və  Qoqol, Saltıkov - Şedrin kimi böyük rus realistlərilə Sabirin yaradıcılıq  xüsusiyyətlərini  müqayisə  etməyin mümkün  olduğunu  yazırdı. “Sabir” adlı şeirində  isə A.Səhhət ölməz  satirikin  öz  sənəti  və  sənətkarlıq  xüsusiyyətlərilə  Qoqolu  yad etdiyini göstərirdi:

 

Sabir, ey aləmi-xəlqə tərcüman!

 

Ey hər anda kasə-kasə zəhr udan!

 

Ey qoca bir qövmə ağlarkən gülən,

 

Naləsilə xalqı dağlarkən gülən,

 

Şeirdə tərhi-növ icad eylədin,

 

Qoqolu, Hüqoları yad eylədin.

 

Qoqol  həqiqətən  də  rus xalqının tarixi inkişafında ən  xeyirxah, ən faydalı  adamlardan biri, doğma xalqının ictimai şüurunun qüvvətlənməsi yolunda  misilsiz  xidmətlər  göstərən vətənpərvər  sənətkar  olmuşdur. Onun Rusiyaya  müraciətlə  dediyi  və epiqrafa çıxardığım sözləri öz doğma vətəninin və  xalqının  əzəmətinə, qüdrətinə  inanan bir yazıçının ürəyinin dərinliklərindən  gələn sədasıdır.

 

Təəssüf ki, tarix boyu əqidə və  məslək  adamlarının  əqidəsizlər  və məsləksizlərin  təzyiqi,  fitnəsi, təqibi altında yaşaması   onların normal həyat  tərzini poza, sağlamlıqlarında  ciddi problemlər, psixoloji durumlarında  gərginliklər, sarsıntılar yarada bilirdi. Qoqol  haqqında yazılan “Yazıçı üzücü bir əsəb xəstəliyinə tutulur. Onun səhhəti  getdikcə pisləşir” cümlələrini oxumaq bu görkəmli simanın yaradıcılığını sevən bir oxucu kimi  mənim  üçün  çox  ağır idi. Düşünürdüm ki, doğrudan da poladdan, qayalardan  möhkəm  ola  bilən  insan,  bəzən  çiçəkdən də  zərif  ola  bilirmiş. Çoxsaylı düşmən öz çirkin məqsədinə nail  olmaq yolunda  bütün  qüvvələri  ilə yetkin  məfkurə sahiblərinə hər  cür  fitnələr işlətməyə  hazır  olur. “Qara əllər” dahilərin  ailələrinə belə uzanır, fiziki və mənəvi cəhətdən sıradan çıxarmaq üçün məhz doğmalarının əli ilə onlara  görünən və   görünməyən  zərbələr  hazırlanır. Yada  salaq, məgər  böyük  Puşkinin  məhz  namusunu  ləkələmək  yolunda  yaradılan  söz - söhbətlər  onu  “ölüm meydanı” na  sürükləmədimi?; 13 uşaqlı  ailənin başçısı,  ahıl vaxtında  evindən uzaq düşüb, 48 il birgə yaşadığı  həyat  yoldaşına  vida məktubunda  “dalımca gəlmə!” nidası  dünya  şöhrətli  Lev Tolstoyun  keçirdiyi  sarsıntıların “bəhrəsi” deyildimi?

 

 Müxtəlif millətlərin   ədəbi  aləmindən bu cür  hadisələrin siyahısını uzatmaq olar. Lakin doğma Azərbaycan  xalqının azadlığı, işıqlı sabahı naminə  haramzadələrə  qarşı mübarizə yollarında çarpışaraq, varlığından keçməyə hazır olan elə  Sabirin  özünü  xatırlatmaq  məni  daha  çox düşündürür. Odur ki , zəruri  bir haşiyəyə çıxmağa  özümü  borclu  hesab  edirəm.

 

1905 - ci ildə Rusiyada “Həyat”  adlı  birinci gündəlik müsəlman qəzeti nəşr  ediləndə, Mirzə  Ələkbər  Sabir  öz  əsərlərini  həmin qəzetdə  çap  etdirməyə başlayır. Bir qədər sonra “Molla Nəsrəddin” jurnalı işıq üzü görür, Sabir “Hophop” imzası ilə öz satirik şeirlərini burada dərc etdirir.

 

 Sabirin  fanatizmə,  təkrar edirəm, fanatizmə  qarşı  çıxışları Şamaxıdakı  mənsəb sahibləri  və  onların havadarlarının xoşuna  gəlmirdi. Mövhumatçı  mollalar  onu dinsiz  adlandırır və şairi hər yerdə, hər  vasitə ilə təqib edirdilər. Buna görə də jurnalın hər nömrəsində  şair imzasını dəyişməli olurdu.

 

Şamaxıda  gözümçıxdıya  salınan  şair, köçüb Bakıya gəlir. Burada onu  “Həqiqət” qəzetində  işləməyə  dəvət edirlər. Sabir  “Taziyanə” sərlövhəsi  altında  dərc etdirdiyi  kiçik şeirləri ilə cəmiyyətin nöqsanlarını hər gün yorulmadan qamçılayır...

 

Açıqfikirli Sabirin müharibə etdiyi - cəhalət və xürafat idi. O cəhalət və xürafat ki, milli şüurun qarşısında əsrlər boyu qorxulu maneə kimi dayanmış, xalqı özünü bir millət kimi dərk etməyə qoymamışdı. Sabirin amalı, istəyi, arzusu nə idi?Xalqını düşdüyü vəziyyətdən xilas etmək. Buna yol axtarmaq. Onun şeirləri həm özünün şəxsi tərcümeyi-halı idi, həm də doğma xalqının.

 

C. Məmmədquluzadə 1911-ci ildə “Molla Nəsrəddin” jurnalının 15-ci və 16-cı nömrələrində  sevimli şairimizin ağır  xəstəliyə  tutulması barədə məlumat  dərc edir. Mirzə Cəlil bu məlumatda  Sabirin böyük bir  şair olduğu halda, maddi  cəhətdən  olduqca  çətin  vəziyyətə  düşdüyünü, gündəlik məsrəfə  belə möhtac  olduğunu göstərir, öz oxucularını Sabirə yardım etməyə çağırırdı.

 

Sabir  “Molla Nəsrəddin”də  çıxış  etdiyi müddətdə  Mirzə Cəlil imkanları daxilində hər  ay  gizli olaraq ona pul göndərirdi. Amma  ədib vəsaiti  açıq - aşkar  şəkildə  şairin üstünə  göndərə  bilməzdi. Çünki  o vaxtkı  Şamaxı  camaatı  onu “Molla Nəsrəddin” jurnalı üçün şeir  yazdığını bilsəydi, Sabirin fəlakəti  ikiqat  artıq olardı. Sabir o dövrdəki  mövhumatçı Şamaxı camaatının nadanlığından şikayət  edər, “Mənim ciyərimi onlar yara ediblər”-  deyərdi.

 

Mirzə Cəlilin ömür - gün yoldaşı  Həmidə  xanım Məmmədquluzadənin xatirələrindən  oxuyuruq  ki, Sabir anasını çox  sevərdi. Onun ibadət  etməsindən, namaz  qılmasından, bir  neçə  dəfə  Məşhədə, Kərbəlaya getməsindən  və  buna  görə də Şamaxı  qadınları arasında  böyük hörmət qazanmış  olduğundan  danışardı. “O, toya, yasa gedəndə, hamı ona “Həzrəti Fatimə kimi” hörmət göstərərdi” - deyirdi.

 

Amma  şairi dinsiz  kimi lənətləyən bir çox  ruhani və mollalar, bunlarla  yanaşı xalqı  ayaqları altında  əzməyə  hazır olan məmur və çinovniklər  Sabiri  ləkələmək, gözdən  salmaq yolunda  hər  cür böhtan və  yalanlara  rəvac  verirdilər. Hücumların  ardı - arası  kəsilməsə də, şair yenə yazırdı. Maddi çətinliklər  bir yana, Sabirin həyatı  çoxsaylı  mənəvi faciələrlə  üz - üzə dayanmışdı. Övladlarını  ardıcıl itirmiş, 11 uşaqdan 3-ü sağ qalmışdı. Ailəni  hər kəsin hücumundam çox, qohum - əqrabaların təzyiqləri  incidirdi. Bütün bunlar şairlə canından artıq sevdiyi anası arasında  da  dərin uçurumlar  yaratmış, iş o yerə gəlib çatmışdı ki, ana öz şair balasına südünü halal etmədiyini demişdi. Hətta  oğlunun  evinə gedib gəlininə “ Niyə oturmusan, sən şərən  azadsan, o, babıdır, get boşan, mən də südümü ona halal  etməyəcəyəm!” hökmünü vermiş, lakin belə sözlərə öyrəşmiş  gəlin, qayınanansının qəzəbini səbrlə qarşılamışdı...

 

Ömrünü, taleyini xalqının səadəti yolunda mübarizə ilə bağlayan bütün mənəviyyat  və  məfkurə adamları həmişə dövrünün fırtınaları ilə üz-üzə gəlsə də, onlardan  gələcək nəsillərə yadigar qalan  zəngin irslər bəşəriyyətin  tarixində və qəlbində yaşamışdır. Puşkin də, Qoqol da, Lev Tolstoy da, Dostoyevski də, Çernışevski  də  öz  zamanında  Sabirdən  az təqib olunmamışdılar. Məgər ehtiyac kabusu Belinskini Sibir dəhşətlərindən azmı sıxmışdı? Lakin onların o zaman xalq tərəfindən təqib olunduğunu, başa  düşülmədiyini heç bir rus tarixçisi, heç bir rus ədəbiyyatşünası  öz əsərində  yazmamışdır. Çünki Puşkini, Qoqolu, Lev Tolstoyu, Dostoyevskini, Çernışevskini, Belinskini təqib edən xalq deyil, xalqın düşmənləri idi. Bu ədiblər kimi, Mirzə Cəlillər də, Sabirlər də xalqının, elinin vicdanı və danışan dili idi.

 

Mirzə Cəlil də,Sabir də sadə, yoxsul insanların əzizi, sevimlisi idi. Zəhmətkeş  xalq  və  xalqı həqiqi  mənada  təmsil  edən  təbəqələr  həmişə  onları  dərin bir məhəbbətlə sevmiş, əsərlərini, şeirlərini iftixar hissi ilə oxumuş, yaradıcılıqlarından maariflənərək ilham almış, çətin gündə kömək əlini onlara uzatmış, yazıçılarını mürtəcelərin təqib və təhqirlərindən qorumuşdular...

 

       ... Qoqol realizminin qüvvətli mahiyyətini başa düşməyən bəzi tənqidçilər də ölməz sənətkara  böhtanlar atır, onu ədəbiyyatı “tənəzzülə aparmaqda” və “zibilləməkdə” ittiham edirdilər. Lakin Qoqol bütün bu hücumlara sinə gərərək öz üzərində daha inadla  çalışırdı. Böyük realist həmişə nə məqsədlə, nədən və kimin üçün yazmaq məsələsini qarşısına qoyur, təsvir etdiyi hadisə və sürətlərin real və canlı olması üçün həyatı daha mükəmməl öyrənirdi.

 

Ucsuz-bucaqsız Rusiyanın hər yerində-Peterburqun kübarlar toplaşan  zəngin  saraylarından  tutmuş ucqar əyalətlərinə qədər hər yerdə realist sənətkarın mövcud qayda-qanunlara, cəhalət və avamlığa qarşı yönəldilmiş arasıkəsilməz qəhqəhələri eşidilməkdə idi.

 

 Böhranlı bir ruhi vəziyyət  içərisində  Rusiyanı tərk etməsinə, səyahət zamanı  Rusiyanın həsrətilə çırpınmasına baxmayaraq,  Qoqol Almaniya, İsveçrə, Fransa və İtaliyanın bir çox şəhərlərini gəzərkən  böyük  bir  məqsədlə  yaşayırdı. Hələ Rusiyada  ikən  Qoqol özünün şah əsəri  olan “Ölü canlar” üzərində işləməyə başlamış, hətta kiçik bir parçanı  Puşkinə oxumuşdu. Vətəndən  ayrılıq Qoqol üçün son dərəcə ağır olsa da, “Ölü canlar” üzərində böyük həvəslə işləyirdi.  Bununla, o, özünü daim Rusiyada  hiss edirdi. Onun bütün fikri- zikri  Rusiya idi. O, Rusiyanı öz  qəlbində duyur və etiraf edirdi ki, onun qələmi yalnız  Rusiyadan yazmaq üçün  yaranmışdır. Ayrılıq illərində Qoqol Rusiyanı daha dərin, daha qüdrətli bir məhəbbətlə sevərək, onun taleyi barədə yorulmadan düşünürdü. O,  Rusiyanın yalnız  eybəcərliklərini deyil, onun əzəmətini, qüdrətini də  görür, böyük gələcəyə malik olduğuna ürəkdən inanırdı.

 

        Yazıçı xaricdən göndərdiyi məktublarından birində yazırdı: “Rusiyada bir yığın iyrənc sifətlər var ki, onlara baxmağa artıq mənim səbrim qalmadı. Indi isə mənim gözümün qabağında duran qürbət ölkədir. Dörd tərəfim qürbətdir: lakin ürəyimdə isə Rusiya - təkcə gözəl  Rusiya yaşayır... Mənmi vətənimi sevmirəm? Mənim  Rusiyaya məhəbbətimin hüdudu yoxdur...”.

 

        N. V. Qoqol öz yaradıcılığı ilə rus klassik realizminin həqiqi inkişafına təkan verirdi. Xalqa xidmət etmək məqsədilə  həyata atılmış və A. S. Puşkin tərəfindən tərbiyə edilmiş Qoqol, öz əsərlərində dövrünün çirkinliklərini  təsvir  etməyə  bilməzdi.  Qoqol mütləqiyyət Rusiyasının bütün zillətlərini çəkinmədən ifşa edən, hər addımda öz xalqının taleyinə acıyan, vətəni  ilə nəfəs alan, qəlbi ucsuz - bucaqsız Rusiyanın mütləqiyyətin qanlı pəncəsindən xilas olması arzusu ilə çırpınan vətənpərvər bir yazıçı idi.

 

   Qoqolun “Ölü canlar”ı dövrü üçün son dərəcə böyük əhəmiyyətə malik bir əsər idi. Bu əsər Gertsenin qeyd etdiyi kimi, çar  Rusiyasını möhkəm sarsıtdı. Yazıçının əsərdə ustalıqla təsvir etdiyi Manilov, Karoboçka, Nozdrev, Sabakeviç, Plyuşkin, Çinikov kimi mülkədar sürətlərinə biz ona qədər olan heç bir yazıçının əsərində təsadüf etmirik. “Ölü canlar”da Qoqol hakim siniflərin həyat və adətlərini “Müfəttiş”də olduğundan daha dərin və daha ətraflı bir şəkildə təsvir etmişdi.

 

       Puşkin dostunun yaradıcılığından vəcdə gəlməkdə idi:“Ölü canlar”da  Qoqol qəti olaraq  malorus elementlərindən ayrıldı və sözün geniş mənasında rus milli yazarına çevrildi: oxucu onun bu əsərinin hər sözünü oxuyarkən deyə bilər ki: “Burada rus ruhu var, rus nəfəsi vardır”.

 

 “Mübaliğəsiz demək olar ki, “Ölü canlar” süstlüyə qapılmış müasir rus ədəbiyyatını canlandırdı”- deyə Belinski Puşkinin sözlərini təsdiq edirdi.  

 

Qoqolun yazdıqlarından: “İlk  mətbu əsərlərimdə nəzərə  çarpan şən əhval - ruhiyyənin əsas səbəbi  müəyyən mənəvi  ehtiyacımla  bağlı idi. Məndə özümə aydın olmayan kədərəqapılma halları görürdülər ki, bu da ola bilsin xəstə vəziyyətimdən irəli gəlirdi. Özümü əyləndirmək üçün bacardığım qədər gülməli  əhvalatlar  düşünüb uydururdum. Lakin Puşkin məni  məcbur  etdi ki, bu məsələyə  ciddi  baxım. O, çoxdan  idi  məni  böyük əsərlər yazmağa həvəsləndirirdi. Nəhayət, bir dəfə ona bir səhnə oxudum; bu, Puşkini indiyə qədər oxuduqlarımın  hamısından  çox  valeh etdi  və sonra  mənə dedi: “Necə ola bilər?.. Bu cür bacarığın ola, özün də böyük əsər yazmağa cəhd göstərməyəsən! Bu, günahdır!”. Sonra o, mənə Servantesi misal çəkdi: “Servantes bir sıra çox gözəl povestlər yazsa da, “Don Kixot”u qələmə almasaydı, yazıçılar arasında indi tutduğu yeri heç zaman tutmayacaqdı”.

 

Bütün  bunlardan sonra Puşkin poema səpkisində bir şey yazmaq istədiyi və özünün dediyinə görə, məndən başqa heç kəsə verməyəcəyi bir süjeti mənə verdi. Bu, “Ölü canlar”ın süjeti idi. Bu dəfə artıq mən özüm də ciddi düşündüm; həm də qarşıdan ömrümün elə illəri gəlirdi ki, belə vaxtlarda insan hər hansı hərəkətinin səbəbini bilmək istəyir: bu işi niyə və nə üçün görürsən?”.

 

O, İtaliyada  olduğu zaman “Ölü canlar” üzərində  gərgin işləməyə başlayır. Eyni  bir  fəsli yazıçı dönə - dönə təshih  edib dəyişdirir, yenidən köçürür, sonra  onu da kənara qoyub, yeni bir variant yaradır.

 

Bu  zaman  Qoqol  sevimli Puşkinin ölüm xəbərini alır. Dahi şair I Nikolayın  fitnəsi  ilə  öldürülmüşdü. Bu ağır itki Qoqolu dərindən kədərləndirir. Dostlarının birinə yazdığı məktubda  o, öz  kədərini izhar edərək deyirdi: “Mənim həyatımın bütün sevincləri, mənim bütün yüksək zövqlərim, həzzlərim onunla birlikdə məhv oldu. Mənim indi üzərində çalışdığım  əsər  (“Ölü canlara işarədir- R.Mirzəzadə)  onun  eşqi ilə yazılırdı...Məndə  artıq  onsuz  bu  əsəri  davam  etdirmək  qüvvəsi yoxdur. Neçə dəfə qələmi əlimə götürmüşəmsə  də, əlimdən düşüb.İfadə edilməsi mümkün olmayan ağır bir dərd!”.

 

Üç  illik ayrılıqdan  sonra yazıçı Rusiyaya qayıdır. “Ölü canlar”ın ilk altı  fəslini  dostlarına  oxuyur. Romanın həyatiliyi və orijinal obrazları hamını  heyran  edir. Bu əsər üzərində işini davam  etdirməklə bərabər, Nikolay Vasilyeviç “Evlənmə” adlı yeni bir komediya üzərində də çalışır.

 

“Ölü canlar”ın çapdan çıxması mürtəce dairələrin “Müfəttiş”dən daha çox  hiddətlənməsinə  səbəb olur. Gertsenin qeyd etdiyi kimi, bu əsər bütün Rusiyanı  lərzəyə  salır. Çarizmin nökəri olan qaragüruhçu ədəbiyyatçılar yenidən  Qoqola hücuma keçirlər. Bunun əksinə olaraq, “Ölü canlar”ın çapdan  çıxması rus cəmiyyətinin qabaqcıl simaları üçün fərəhli hadisəyə çevrilir. Müəllifin  özü bu əsərinə müstəsna əhəmiyyət verirdi. O, burada bütün Rusiyanı bitkin şəkildə, geniş epik planda təsvir etmək, həmçinin onun gələcək inkişaf yolunu da işıqlandırmaq fikrində idi. Qoqol Jukovskiyə məktubunda yazırdı: “Əsərim böyük və genişdir, həm də tez yazılıb qurtarmayacaqdır. Hələ çox-çox  yeni təbəqələr  və cürbəcür  ağalar  mənim əleyhimə  üsyan  qaldıracaqlar. Lakin nə etməliyəm? Taleyin hökmü ilə mən öz həmvətənlərimlə (yazıçı tənqid etdiyi hakim istismarçı sinifləri nəzərdə tutur -R.Mirzəzadə) düşmənçilik etməliyəm.

 

Qoqol rus zadəganlığını demək olar ki, hərtərəfli öyrənmişdi: o həm mülkədar  zadəganları, həm də mənfur zadəganları təsvir etmiş, aşağıdan yuxarıya - qəza, quberniya və paytaxt zadəganlarının sürətlərini yaratmışdı. Tipik olmayan bir hadisəni və ya xarakteri təsvir edərkən Qoqol həmin hadisədə  rus  zadəganlarının və üstəlik tufeyli və avarların bütün dərəcələri  üçün  tipik olan cəhətləri aşkara çıxarmağa, hər bir surəti ətraflı şəkildə ümumiləşdirmə həddinə çatdırmağa çalışırdı.

 

        “Ölü canlar”ın birinci hissəsi üzərində işləməyə aid qeydlərin birində o, yaddaş üçün yazmışdı:

 

        “Bütün növdən olan avarıçılıq mühitlərini şəhər avaraçılğına oxşarlıq səviyyəsinə  necə  endirməli və şəhər avaraçılığını avaraçılıq mühitinə necə qaldırmalı?”

 

         Və elə  oradaca əlavə edirdi:

 

        “Bunun üçün bütün oxşarlıqları birləşdirməli və tədricən hərəkətə gətirməli”.

 

         Elə buna görə də Qoqolun yaratdığı əsərlər nəinki yazıçının təsvir etdiyi və artıq indi mövcud olmayan keçmiş rus gerçəkliyini  ifşa edirdi, hətta zəmanəmizdə  də dünyanın bütün müasir Manilovlarının, Xlestakovlarının, Bobçinsklərinin, Dobçinsklərinin və başqa obrazlarının xarakter və hərəkətlərində istismarçı cəmiyyətləri rüsvay etməkdədir.

 

Boş xəyallara qapılan, avara və  tənbəl  Manilov, kütbeyin, yırtıcı qolçomaq  Sobakeviç, yalançı, davakar və  kefcil Nozdryov, insan simasını itirmiş  xəsis və  murdar  Plyuşkin... Bunlar  kimi  mənəviyyatsız, yaramaz, ləyaqətsiz  və  məsləksiz  adamlar  milyonlarla  təhkimli  kəndlilərin  zalım, iyrənc  və  yırtıcı ağalarıdır. Yazıq  kəndlilər  öz dözülməz,  zülm dolu əməkləri  ilə onların  puç və tüfeyli  həyatlarını  təmin etməyə, onları necə deyərlər, “donuz kimi bəsləməyə” məcburdurlar.

 

Bu aləm özü -özlüyündə  ölü  canlar yığınağı idi. Lakin  yazıçı bu aləmin alt- üst olub, Rusiyada yeni bir sağlam dünyanın qurulacağına, rus elinin xoşbəxt  gələcəyinə əmin idi. “Ölü canlar” əsərinin birinci cildinin sonunda  Qoqol  Rusiyanı  belə təsvir edirdi: “Rusiya, sən hara belə uçursan, cavab ver?! Zənglər ətrafı füsunkar səslə doldurur, küləyin parça - parça   etdiyi hava uğuldayır, torpaqda nə varsa, qopub kənara  uçur, bütün başqa  xalqlar, dövlətlər əyri - əyri baxaraq, Rusiyaya yol verirlər”.

 

Qoqol öz mövzularını xalq həyatından götürdüyü kimi, öz xalqını dərin məhəbbətlə sevdiyi kimi, onun dilini də sevir, rus dilinin bütün incəliklərindən istifadə edir, ədəbi dili mahir bir usta kimi gözəlləşdirir və cilalandırırdı.

 

Zaman-zaman insan  öz insanlığından  məhrum edilsə,  əgər  o, düşünə  bilirsə, bu gün olmasa da, sabah o, öz haqqı uğrunda mütləq mübarizəyə qalxacaqdır. Kəlam var, haqqını dərk edən qul, artıq qul deyildir, üsyançıdır. Rus insanı həmişə düşünə  bilən və  adı böyük hərflə yazılan İnsan olmuşdur. Elə bir insan ki, çarizm onu ömürlük qula çevirə bilməzdi. Puşkin və Qoqol kimi xalqın mənəvi kökündən qidalanıb və sözü, fikri atom bombalarından güclü olan şair və yazıçıların təkanı ilə rus xalqı insanlığı, azadlığı və işıqlı sabahı uğrunda üsyançı xalqa çevrildi.

 

1825-ci ilin sonunda Rusiyada baş verən dekabristlər üsyanı ideoloji baxımdan heç də yatırılmış üsyan olmadı.Bu üsyan rus insanının şüurunda, əqidəsində anbaan güclənib, genişlənib, Rusiya tarixinə öz diqtəsini və hökmünü verdi. Çünki əzilən rus xalqı mənən dikəldi. Milli şüuru oyandı, öz milli varlığını bir daha dərk etdi. Əzən çarizm isə bircə şeyi unudurdu:əzdiyi qədər də özünə müqavimət hazırlayırdı.

 

Unudulmaz Hüseyn Cavid 1917-ci il inqilabından sonra özünün “Şeyda” pyesində : “İştə inqilab marşı! Nihayət, istibdad heykəli devrildi. Rusiya çarlığı məhv oldu.İştə səadət günəşi parlayır, hürriyyət pərisi gülümsəyir.Bu gün məzlumlar üçün ən şərəfli bir bayram, zalimlər üçün isə qorxunc bir inqilab günüdür”-deyir.

 

Qoqol  “Ölü canlar”ın birinci cildinin əlyazmasını  Moskvadan Peterburqa  senzuraya  göndərir. Lakin xəbər  tutur ki, onun əsəri əldən- ələ gəzir. Görünür, poema məmurların çox  xoşuna  gəlmiş və  onu tələsik bir - birinə ötürmüşlər. Hətta  senzuranın icazəsindən sonra belə, Qoqolun əlyazması bir ay haradasa “gəzmiş”, müəllifə gec gəlib çatmışdı.

 

“Ölü canlar” Qoqol yaradıcılığının bir yekunu olmaqdan başqa, rus ədəbiyyatının sonrakı inkişafına da müsbət təsir göstərmişdi. Puşkinin “Yevgeni Onegin” romanı kimi, “Ölü canlar” da o zamankı Rusiya həyatının ensiklopediyası hesab olunurdu.

 

1842-ci ildən sonra  Qoqolun həm səhhətində, həm də mənəvi aləmində  kəskin  böhran başlayır. Yazıçının sağlamlığının itirilməsi ciddi müalicə  tələb edir. Bir tərəfdən də Puşkinin  ölümü yazıçı üçün ağır zərbə olur, onu ağıllı məsləhətçi  və böyük  dostdan  məhrum  edir. Qoqolun həyatının son illəri ağır xəstəlik və daxili təlatümlərlə keçir ki, bu da onun tərəfindən “Dostlara yazılmış məktublardan seçilmiş parçalar” adlı irticaçı kitabın yazılıb nəşr olunmasında  əksini tapır. Əsər Belinski  və qabaqcıl rus ictimaiyyəti tərəfindən olduqca pislənilir.

 

Böyük yazıçının həyata baxışındakı mənəvi böhrana səbəb hər şeydən əvvəl, o zamankı rus ictimai-siyasi mühitinin kəskin təzadları, ikinci səbəb isə yazıçının dərin  siyasi dünyagörüşünə malik olmaması idi. irəli gəlirdi. Böhranın kəskinləşməsinə  onun mürtəce dostları da  az  səbəb olmamışdı. Qoqol həmin əsərdə mütləqiyyətə və təhkimçilik hüququna bəraət  qazandırmağa çalışır, oxucularını çar üsul-idarəsi ilə  barışığa gəlməyə və dindarlığa çağırırdı.

 

Həmin irticaçı əsəri barədə Belinskinin Qoqola yazdığı məktub yazıçını möhkəm sarsıdır və o, “Ölü canlar” əsərinin ikinci cildi üzərində işləyib səhvini düzəltmək istəyir. Qoqolun həyatının axırıncı illəri “Ölü canlar”ın ikinci hissəsi üzərində keçsə də, o, bu işi başa çatdırmağa macal tapmır, çünki getdikcə şiddətlənən ruhi xəstəlik ona imkan vermir.

 

Təəssüf ki, dünya oxucularına “Ölü canlar”ın maraqla gözlədikləri  sonrakı cildlərini  oxumaq nəsib olmur. Qoqol ömrünün son günlərində  ağır xəstə ikən  əsərin ikinci cildinin bütün 11 fəslini yandırır. Hadisə gecə saat  3- də baş verir. Qoqol uşağı çağırıb soruşur ki, evin o biri başı istidir, ya yox? Uşaq  cavab verir  ki, sərindir. Bu zaman uşağa: “Plaşımı ver, gedək, orada işim var”- deyir.

 

O, əlində  şam,  xaç vura - vura otaqlardan keçir. Heç kəsi oyatmamaq  üşün  qapını  mümkün  qədər  ehmalca  açmağı və sonra dolabdan  portfelini  verməyi  tapşırır. Portfeli gətirdikdən  sonra  oradan qaytanla bağlanmış bir  topa dəftəri çıxarıb sobaya atır və  əlindəki  şamla yandırır. Məsələdən  agah olan uşaq, onun qarşısında diz çöküb yalvarır: “Ağa, bu nədir? Bəsdir”.

 

-              Sənə dəxli yoxdur! - deyə o, xaç vura - vura cavab verir.

 

Dəftərlərin küncləri  yanandan sonra  alov sönür. Qoqol  bunu gördükdə, dəftərləri  sobadan çıxarıb  qaytanını açır, onları  elə açır ki, alov yaxşı təsir etsin. Sonra  onları yenidən alışdırır və yanıb kül olana  qədər  oturub gözləyir.

 

O, xaç  vurub otağına qayıdır, uşağı öpür, divanına  uzanıb, ağlamağa başlayır...

 

Sonralar  “Ölü canlar” ildırım sürətilə  dünyanın  ən müxtəlif  dillərinə tərcümə olunub, təkrar - təkrar  nəşr edilmişdi. 1952- ci ilə qədər  təkcə Çin Xalq  Respublikasında  əsər  17 dəfə on milyonlarla  tirajla çap olunmuşdu. Məşhur  Çin yazıçısı Mao- dun xalqı arasında  rus ədəbiyyatına  olan sevginin artdığını qeyd edərək yazırdı: “ Qoqolun Çindəki  təsirini, onun  bir çox əsərlərinin Çin dilinə tərcümə olunmasından görmək olar. Hələ 25 il bundan əvvəl (yəni 1927-ci ildə - R.Mirzəzadə) ölkəmizdə Qoqolun məşhur  “Şinel” povestinin Çin dilinə iki tərcüməsi vardı. Sonralar isə “Mirqorod”, “Portret”, “Taras Bulba”, “Ölü canlar”, “Müfəttiş” və başqa əsərləri Çin dilinə dəfələrlə tərcümə olunmuşdur”.

 

Keçmişin  bütün mütərəqqi  incəsənət  və  ədəbiyyatı kimi, Qoqolun yaradıcılığı da müharibə qızışdırıcıları tərəfindən hazırlanan yeni qırğınlara qarşı sülh və demokratiya qüvvələrinin əlində qüdrətli bir silah idi. Buna görə  də Ümumdünya Sülh Şurası bütün tərəqqipərvər  bəşəriyyətin iradəsini  ifadə  edərək, alovlu humanist, böyük rus vətənpərvər  yazıçısı N.V.Qoqolun vəfatının 100 illiyinin Yer kürəsinin müxtəlif ölkələrində bayram edilməsi haqqında qərar çıxarmışdı.

 

 “Rus realizminin çox qiymətli keyfiyyətlərindən biri bu idi ki, o, əks etdiyi gerçəkliyə  müstəsna  dərinliklə nüfuz edirdi” -deməkdə Firidun bəy Köçərli düz buyururdu. Ədib deyəndə ki, həqiqi şair millətin səsinə səs verib onun qeyrət və təəssüb damarını hərəkətə gətirməlidir,- bu zaman rus realizminin gerçəkliyə dərin nüfuzu, vətəndaş cəsarəti, xəlqilik xüsusiyyətlərini səciyyələndirmiş olurdu. Görkəmli alim yazırdı: “Rus ədiblərinin ən məşhurlarından  birisi  Qoqoldur. Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olubdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, firənglərin, ingilislərin və nemeslərin ədəbiyyatı təsirindən xilas olmağa başlayıbdır”.

 

Firidun bəy qeyd edirdi ki, Qoqolun yaratdığı surətlər rus həyatı qədər ölməzdir. Daha  sonra  Qoqolun “Müfəttiş”inin  Azərbaycan  mühiti  üçün əhəmiyyəti  məsələsinə  keçərək, ədəbiyyatşünas  alim deyirdi: “Qoqol yazdığı komediyanın eynini  bu  halda  bizim  Qafqazın  çox  yerlərində  müşahidə etmək olur. Onun ədibanə vəsf qıldığı rüşvətxor, tamahkar, tənbəl, bacarıqsız, öz  vəzifəsini anlamayan, camaata  zülm  edən  və həməvaxt öz nəfslərini güdən çinovniklər ilə bizim uyezdlər  və mahallar doludur”.

 

F. Köçərli  Azərbaycan  ədəbiyyatında  da Qoqol kimi xalqını sevərək onun qeydinə qalan, onun maariflənməsi və tərəqqisinə çalışan sənətkarların  olduğunu  göstərir  və Mirzə Fətəli Axundovun  öz asari-qələmiyyəsilə Qoqola çox bənzədiyini yazırdı.

 

1911-ci ildə Köçərli  Tiflisdə  Axundov və  Qoqol  mövzusunda özünün “Mirzə Fətəli Axundov həzrətlərinin təvəllüdündən yüz il mürur etməsi münasibətilə  yazılmış  risaleyi- yadigaranədir” adlı əsərini kitabça kimi çap etdirmişdi. O, Axundovun sənətkarlğından bəhs  edərkən  onu Qoqol ilə müqayisə  edir, hər iki sənətkar arasında  oxşar  cəhətləri təhlil edib yazırdı: “Necə ki, Qoqolun Qorodniçisi, Xlestakovu  və Dobçinski-Bobçinskisi  hal - hazırda Rusiyanın  bəzi yerlərində  müşahidə olunmaqdadırlar, habelə də Mirzə Fətəlinin Hatəmxan ağası, Hacı Qarası, Zalxası, Bayramı, Ağa Kərim miyançısı, Molla İbrahimxəlili və qeyriləri bu halda  sağ və  salamat  bizim içimizdə dolanıb, hər biri öz fel və əməllərini işlətməkdədirlər”.

 

Əsərin  sonunda Köçərli  XIX  əsrin  bu iki böyük sənətkarının bəşəriyyətə xidmətlərini, humanist  qələm  sahibi  kimi  öz vəzifələrini şərəflə  yerinə yetirdiklərini yüksək  dəyərləndirərək, yazırdı: “Mərhum Mirzə Fətəli rus ədiblərindən və  dramnəvislərindən  məşhur  Qoqolun müasiri  idi. Hər iki ədib zatən psixoloq yaranmışdır. Bunlar  adamların boşluğunu, səfahət  və həmaqətini büxl, həsəd, şərarət və fəsadını, zahiri və  batini aləmlərini görürlərmiş, zahirdə  güldükləri  adamların halına ürəkdən yanıb ağlayır və onların əsərlərini mütaliə edən şəxslərin qəlblərində yatmış hissləri oyadıb, məhəbbət  çırağını yandırıblar. Bununla bəşəriyyət  aləminə  böyük  xidmət göstəriblər”. Başqa sözlə desək, F. Köçərli  bu  sənətkarların  bir - birinə yaxınlığını onların vətəndaşlığında, xəlqiliyində və humanistliyində  axtarıb tapırdı.

 

Qoqol  sənətkarlığından bir məktəb kimi istifadə edən tanınmış Azərbaycan dramaturqu Sabit  Rəhmanın  bu barədə  fikirləri  maraqlıdır: “Mən bu əsərlərdən ikisini - “Müfəttiş” və  “Taras Bulba”nı  Azərbaycan dilinə  tərcümə  etmişəm. Gözəl komediya nümunəsi olan “Müfəttiş” yazıçı üçün  bir  məktəbdir. Bu komediya mənim həyatımda  çox  mühüm  rol oynamışdır. Böyük rus  ədəbiyyatı  xəzinəsinin  inciləri ilə tanış olmaqda “Müfəttiş” mənim üçün  açar olmuşdur.Bu gözəl əsər hamı kimi məni də ilk səhifələrindən valeh etmişdir. Sonralar bu əsəri mən dəfələrlə səhnədə gördüyümə və tərcüməsi üzərində uzun əmək sərf etdiyimə baxmayaraq, yenə də oxuduqda və ya səhnədə tamaşa etdikdə, onda hər dəfə yeni-yeni məziyyətlər tapıram”.

 

Cəlil Məmmədquluzadə  rus  xalqının yetişdirdiyi böyük realist sənətkarlara böyük ehtiramla yanaşırdı. Onların yaradıcılığını izləyir, ədəbiyyata gətirdiyi  yenilikləri daim diqqətdə saxlayırdı. Rus sənətkarları arasında Qoqol ona xüsusilə yaxın idi. Qoqolun ictimai  məzmunlu kəskin satirası C.Məmmədquluzadə  üçün   ədəbi yaradıcılıq məktəbi idi. Mirzə Cəlil bir yazıçı, dramaturq və mühərrir kimi öz fəaliyyətində rus ədibinin satira üslubundan, dramaturji sənətindən bacarıqla istifadə edərək, gözəl, orijinal  əsərlər yaratmışdır. Həmin illərdə Mirzə Cəlil qeyd etdiyim kimi, “Molla Nəsrəddin” jurnalının səhifələrində  zülm  və  əsarətə, mövhumat və xürafata qarşı, istismarçı hakim siniflərin nümayəndələri olan bəylərə, mülkədarlara, ruhanilərə qarşı ifşaedici kəskin yazılarla çıxış etməklə bərabər, eyni zamanda özünün məşhur “Ölülər” komediyası üzərində də işləyirdi.

 

Mirzə Cəlil həyatda  gördüyü  eybəcərliklərin   ictimai  mahiyyətini dərindən dərk edərək, onları realist bir qələmlə təsvir edir. “Ölülər”in süjetini  müəllif  həyatdan götürmüşdür. O zaman dini mövhumat insanların şüurunu o dərəcədə  korlamışdı ki, fırıldaqçı Şeyx Nəsrullahın  guya  ölüləri diriltməsi  hadisəsi  həmin dövr üçün tamamilə inandırıcı idi.

 

C.Məmmədquluzadənin  öz  komediyasını  “Ölülər” adlandırması şübhəsiz  ki, Nikolay Vasilyeviçin “Ölü canlar” əsərinin təsiri idi. Qoqol əsərində  təsvir etdiyi  dövrün  cəmiyyətini  “Ölü canlar yığını”, Mirzə Cəlil isə  “Ölülər cəmiyyəti” adlandırırdı. Əgər  Qoqol  bütün Rusiyada çinovniklər  mühitini  göstərmək üçün  Xlestakovu  (“Müfəttiş”də)  ən uzaq əyalət  şəhərlərindən birinə  aparırsa, Mirzə Cəlil də bütün xürafatçı müsəlman  ruhanilərinin  iç  üzünü açıb  göstərmək üçün Şeyx Nəsrullahı  Azərbaycanın  uzaq  guşələrindən birinə gətirir. Hər iki müəllif Xlestakov və Şeyx Nəsrullah obrazlarını əsl mövcud vəziyyəti  tənqid etmək üçün yaratmışlar.

 

“Ölülər” komediyası Hacı Həsənin  Xorasanda  Kərbəlayı Fətulla adlı bir nəfərin dirilməsini, həmçinin bu möcüzəni göstərən şəxsin gəlməsini xəbər verməsi ilə başlanır. Əsərin belə başlanması  Qoqolun “Müfəttiş”ində şəhər  rəisinin  müfəttiş  gəlməsi haqqındakı  xəbərini yada  salır. Şəhərin mötəbər  adamları  Hacı  Həsənin evinə yığışırlar. “Dirilən  Kərbəlayı Fətulla”nın qardaşı  buraya  gəlib, qardaşından  aldığı məktubu oxuyur. Bu məktubun  oxunması  səhnəsi  “Müfəttiş”də  şəhər  rəisinin dostundan aldığı  məktubun  oxunması səhnəsini  xatırladır. Beləliklə, hər iki komediya xəbərlə  və məktub oxunması ilə  başlanır. “Müfəttiş”də müfəttişin, “Ölülər”də isə möcüzə göstərən  şeyxin gələcəyi  xəbər verilir. Oxşar xüsusiyyətlərdən  biri də budur ki, “Müfəttiş”də şəhər rəisi öz qızını Xlestakova , Hacı Həsən isə qızını Şeyx Nəsrullaha verir...

 

Qoqolun  “Köhnə dünya mülkədarları” ilə digər  yazıçımız  Əbdürrəhim bəy Haqverdiyevin “Şeyx Şəban” əsərinin məzmununda da ədəbi bağlılıq mövcuddur. Şedrinin, Çexovun əsərlərini xatırlayaq. Bu böyük yazıçılar cəmiyyətə, həyata ucadan baxmış, xalqın düşdüyü vəziyyətə qəlbən ağlayıb, onu bu kökə salanlara gülmüşlər. Məhz ağladıqlarından gülmüşlər. Bu gülüşü dəhşətli və çıxılmaz vəziyyətdə qəzəbindən və nifrətindən qəhqəhə çəkən adamın gülüşünə bənzətmək olar.Bu gülüş ürək ağrısından süzülüb gələn, təəssüfdən doğan acı gülüş, faciəvi gülüşdür. “Müfəttiş” və “Ölülər”in janrı komediyadır, özü isə faciədir, göz yaşıdır. “Ölülər” yalnız Azərbaycan xalqının deyil, ümumən Şərq xalqlarının dərd, müsibət və göz yaşları ilə yoğrulmuş faciəli həyatının danışan şəklidir.Bu mənzərəyə baxıb gülən adam- ata, anasının, əzizlərinin matəminə sevinən adama bənzəyir.

 

Xalq şairimiz Qabil Qoqola həsr etdiyi“Sən gülürsən” şeirində bu fikirləri poziyanın dilinə çevirir:

 

Sən gülürsən, yaşarınca gözlərin,

 

Sən gülürsən, çoxaldıqca kədərin,

 

         Səbrin böyük, qəlbin böyük,

 

         Rusiyanın dərdi-səri

 

         Doğulduğun gündən bəri

 

         Üzərində  ağır bir yük.

 

         Acıyırsan min zavallı insana,

 

         Düşündükcə bağrın dönür al qana.

 

         Onlar yazıq, onlar zəlil,

 

Heçə bağlı həyatları...

 

Şinelə də olsa barı

 

Onlar guya layiq deyil.

 

         Sən gülürsən, nə böyükdür möhnətin.

 

         Sən gülürsən, nə odludur  nifrətin.

 

         Həmin nifrət ildırım tək

 

         Zalımları, rəzilləri,

 

         Neçə-neçə zülmü, şəri

 

         Yandırmışdır kül edərək!

 

         Sən gülürsən, ömrününsə hər anı

 

        Qamçılayır o natəmiz dövranı.

 

         Orda fitnə, orda fəsad,

 

         Adamlarda nə ürək var,

 

         Nə məslək var, nə dilək var.

 

         Şərəfdənsə qalmamış ad.

 

          Vətəndaşlıq qürurundan xəbərsiz,

 

          Ömür sürən səmərəsiz, bəhərsiz,

 

         Mənsəbiyçün, şöhrətiyçün

 

         Gecə- gündüz əsənlərə,

 

         Hiyləylə baş kəsənlərə

 

         Sən gülürsən için- için,

 

         Rüşvət alan, rüşvət verən,

 

         Gündə min cür dona girən

 

         Mərhəmətsiz hakimlərə,

 

         Ədalətsiz həkimlərə.

 

Sən gülürsən bir sarsılmaz inamla,

 

Sən yazırsan bir tükənməz ilhamla,

 

Məsləkindən ayrılmırsan bircə an,

 

Söz açırsan cəsur Taras Bulbadan.

 

 

 

Rusiyanı məhəbbətlə sevirsən,

 

İftixarla, səadətlə sevirsən.

 

Dinlədikcə Vissarionu, Puşkini

 

Sən gülürsən, sevinc sarır qəlbini.

 

 

 

Rusiyanın aydın, geniş səması,

 

Doğma vətən torpağının havası,

 

İlıq yazı, xoş payızı, sərt qışı,

 

Əsən yeli, yağan qarı, yağışı...

 

Öz xalqının yenilməyən qüdrəti,

 

Kutuzovun, Suvorovun şöhrəti.

 

Sən gülürsən canlandıqca önündə.

 

Qəlbin bahar həsrətiylə çırpınır,

 

Yaşadıqca qaranlıq qış günündə.

 

 

 

Yaratdıqca saçlarına düşür dən,

 

Zülmətlərdə məşəl kimi yanırsan.

 

Al günəşli bir sabahı indidən

 

Bir eşq ilə, bir ümidlə anırsan.

 

 

 

Arzuların bir xəyala dönmədi,

 

Qırılmadı mətanətin, vüqarın,

 

Ölü canlar Rusiyanı yenmədi,

 

Sən gülürsən... Gülür qalib diyarın.

 

Qoqolun “Kolyaska” əsərinin nəşrinə xeyli müddət icazə verilməmişdi. Müəyyən dəyişikliklərlə “Kolyaska” çap olunduqdan sonra Puşkin dostlarından birinə yazdığı məktubda  Qoqola  özünün dərin minnətdarlığını bildirir və povestin çap olunduğu almanaxın  oxucular arasında böyük şöhrət qazanacağını söyləmişdi. Böyük sənətkarlıqla yazılmış “Kolyaska” povestində yüksək cəmiyyətin nümayəndələri, ali mənsəb sahibləri ifşa edilirdi.

 

Mirzə Cəlil Qoqolun “Kolyaska” povestinin fabulasını götürüb, onu Azərbaycan şəraitinə tətbiq etmiş və “Qurbanəli bəy”  hekayəsində azərbaycanlı bir mülkədarın dolğun obrazını yaratmışdır.

 

         Bir  anlıq əsərin süjet xəttini xatırlayaq. Qurbanəli bəy qonaqlıqda sərxoş olur və  orada iştirak edənləri öz evinə nahara dəvət edir. Qonaqlar onun  çox  təriflədiyi  atı ilə maraqlanırlar. Onlar  Qurbanəli bəyin atını görmək üçün ona  qonaq getməyə  razılıq verirlər. Lakin həmin qonaqlıqdan  evinə  çox gec  qayıdan Qurbanəli bəy başını qoyub yatır və adamları qonaq çağırdığını yadından çıxarır. Səhər qonaqların gəldiyini görəndə, çıxılmaz  bir vəziyyətə düşür, çarəsizlikdən gedib tövlədə gizlənir.

 

         Uzaqdan  gələn adamlar  Qurbanəli  bəyi  evdə tapa bilmirlər. Qonaqlar onun təriflədiyi ata baxmaq üçün tövləyə gəldikdə, Qurbanəli bəyin axurda gizləndiyini görürlər.

 

         Qurbanəli  bəy obrazı bir çox  xüsusiyyətləri ilə Qoqolun “Kolyaska” povestindəki  Çertokutski  obrazına  bənzəyir. Onların hər ikisi mülkədar sinfinin  nümayəndəsidir, hər ikisinin xudbinliklə lovğalanıb özlərini  tərifləməkdən  xoşu  gəlir və bunun nəticəsində də çıxılmaz vəziyyətə düşürlər.

 

Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”  povestindəki  kəndli Məmmədhəsən  əminin  taleyi  Qoqolun “Şinel”indəki  Başmaçkinin  taleyinə  çox  yaxındır. (Onu da qeyd edim ki, “Şinel”i 1909-cu ildə böyük alim və bəstəkarımız  Üzeyir Hacıbəyov  ana dilimizə tərcümə edib, “Tərəqqi” qəzetində çap etdirmişdi ). Məzlum  kəndli Məmməhəsən  kişi həyatı boyu bir eşşək alıb ziyarətə getmək arzusu ilə yaşayır. Qoqolun yaratdığı obraz  Akaki  Akakiyeviç  isə ömrü uzunu bir şinelin həsrətini çəkir. Məmməhəsən əmi  uzun illər min zülmə qatlaşıb, el dilində desək, əynindən, boğazından kəsib özünə bir eşşək alır. Akaki  Akakiyeviç də bir şinel aldığına görə özünü xoşbəxt  hesab  edir. Lakin onların bu xoşbəxtliyi uzun sürmür. Kəndxuda  şəhərə  getmək  üçün Məmmədhəsən  əminin  eşşəyini guya müvəqqəti  olaraq ondan  alır. Lakin yazıq kişi nə qədər çalışırsa, öz eşşəyini geri qaytara  bilmir. Akaki  Akakiyeviçin isə uzun illər çalışdıqdan sonra aldığı şineli oğurlayırlar. O, hər yerə baş vurub, şikayət etsə də, şinelini tapa bilmir. Eşşəyi əlindən çıxandan sonra Məmmədhəsən  əmi çox fikir  çəkir, axırda  dərddən xəstələnib  ölür. Akaki  Akakiyeviç  oğurlanmış  şinelini xeyli axtarır, xəstələnir  və  əsər onun ölümü ilə qurtarır.

 

Oxucuda mütləqiyyət  Rusiyasındakı ağır, boğucu şəraitə qarşı nifrət hissini qüvvətləndirən bu povest  rus realist  nəsrinin ən qiymətli incilərindən biri sayılır. Gertsen həcmcə  bir o qədər də böyük olmayan “Şinel”ə yüksək qiymət verərək, onu “nəhəng əsər” adlandırmış, Dostoyevski  “Biz hamımız Qoqolun  “Şinel” indən çxmışıq”- demişdir.

 

Həmin dövrdə Rusiyada olduğu kimi, Azərbaycanda da qabaqcıl yazıçılar  rus klassiklərini özlərinin böyük müəllimi hesab edir, tənqidi realizm  ruhunda, Qoqol kimi yazmağa can atırdılar. Genişmiqyaslı tərcümələr əsasında Azərbaycan oxucuları yazıçının demək olar ki, bütün əsərləri ilə öz doğma ana dilində tanış olmuşlar. Respublikamızın aparıcı teatrlarında Qoqol yaradıcılığına həmişə böyük ehtiramla yer verilmiş, əsərləri tamaşaya  qoyulmuşdur. Azərbaycan teatrsevərləri “Müfəttiş”ə hələ 1896, 1902, 1906, 1909-cu illərdə, “Evlənmə” komediyasına 1906-cı ildə böyük həvəslə tamaşa etmişlər. Bir maraqlı fakt da məlumdur ki, Azərbaycanın görkəml dövlət və siyasi xadimi Nəriman Nərimanov eyni zamanda yazıçı, publisist kimi tanındığı kimi, istedadlı aktyor kimi də sevilmişdir. Belə ki, 1896-cı ildə “Müfəttiş” i Azərbaycan dilinə tərcümə edən cənab Nərimanov, əsərin tamaşasında şəhər hakimi Anton Antonoviç obrazını özü ifa etmişdir.

 

Milli Teatrıımızın səhnəsində bu gün də Qoqol “Müfəttiş”i ilə çoxsaylı tamaşaçıları güldürərərək düşündürməkdə  davam edir.

 

                N.V.Qoqol elmi - nəzəri məqalələrin və bir sıra publisist əsərlərin müəllifi kimi də rus ədəbiyyatında böyük yer tutur. Onun həmçinin estetikaya  aid, naturalizm əleyhinə, ədəbiyyatda təsvirçiliyi tənqid edən və başqa bir sıra  məqalələri ədəbiyyat tarixində indi də öz əhəmiyyətini itirməmişdir. Bunlar Qoqolun fikirləridir: “Mənim düşüncələrim, mənim adım, mənim əsərlərim Rusiyaya məxsus olacaqdır”. Ədib belə hesab edirdi ki, incəsənət cəmiyyətdən, xalqın həyatından ayrılmamalı, əksinə, gerçəkliyin daxilinə enməli və  qaranlığa işıq saçmalıdır.  

 

         Qoqolun əsərləri haqqında “...Onlar bizimdir, çünki o əsərlər sağlam, doğru və inqilabidir...”- deyən Maksim Qorki, yazıçıları Nikolay Vasilyeviçdən, onun əsərlərinin dilindən, ustalığından öyrənməyə çağırırdı.  “Balzakın əsərlərinin Fransa üçün, Dikkensin əsərlərinin İngiltərə üçün nə qədər əhəmiyyəti varsa, Qoqolun əsərlərinin də Rusiya üçün bir o qədər əhəmiyyəti vardır” -bu müqyisə rus cəmiyyətində bu gün də geniş yayılmışdır.   

 

Qoqol öz mövzularını xalq həyatından götürdüyü kimi, öz xalqını dərin məhəbbətlə sevdiyi kimi, onun dilini də sevir, rus dilinin bütün incəliklərindən istifadə edir, ədəbi dili mahir bir usta kimi gözəlləşdirir və cilalandırırdı.                                                                                                     

 

Müasirlərinin  Qoqol haqqındakı xatirələri ilə tanış olduqda, yazıçının bir  çox  əlyazmalarının  maraqlı müqəddəratı  üzə  çıxır. Demək olar ki, heç  bir müəllif  öz əsərlərini Nikolay Vasilyeviç  Qoqol qədər tələf etməmişdir. Onun  uşaqlıq və gənclik illərində yazdıqlarının hamısı alov içərisində yanmışdır. “Hans Kyuxelharten” idilliyasiyasının bütün tirajını o bir-bir sobaya atıb yandırmışdır. Bu kitabın 4-5 nüsxəsi təsadüfən mühafizə olunmasaydı, biz onun məzmunundan xəbər tuta bilməyəcəkdik.

 

         Qoqol “Müəllif  iqrarnaməsi”ndə özünün ilk ədəbi təcrübələri haqqında  yazırdı: “Mənim məktəbdə oxuduğum son vaxtlarda əsər yazmaq sahəsində ilk təcrübələrim demək olar ki, tamamilə lirik və ciddi xarakter daşıyırdı”.

 

         Burada hansı ilk təcrübədən bəhs olunur? Məlumdur ki, Qoqol şeir yazmağa Nejinski gimnaziyasında başlamışdır. Lakin hər dəfə yaratdığı əsərin əlyazmasını yandırmışdır. O, litseydə yazdığı “Rusiya tatarların zülmü altında” poemasını, “Nejinsk əhvalatı, yaxud axmaqlar üçün qanun yoxdur” satirik əsərini, habelə “Tvyerdoslaviç qardaşları” povestini də odun içinə atmışdır.

 

         Ədəbiyyatçı  Pavel  Annenkov qeyd edir ki, həmişə öz fikirlərini gizli saxlayan  Qoqol, bir gün “Ölü canlar”ın əlyazmasının üzünü diqqətlə köçürməyə kömək etməyi ondan xahiş edir, çünki Qoqolun özünün xətti qarışıq idi. Bir dəfə  Annenkov  təsadüfən dəftərinin altında bir vərəqə rast gəlir. Həmin vərəqdə aşağıdakı sözlər yazılmışdı: “Görəsən Allah - təala bu dünyada qadınları nə üçün yaradıb, bəlkə onların işi yalnız kazak doğmaqdır?..”.

 

         Qoqol dostua tərəf yeriyir:

 

- O nədir?- deyə acıqlı - acıqlı soruşur və kağızı onun əlindən dartıb, yazı stolunun üstünə atır. Məlum olur ki, bu, Qoqolun yazdığı tarixi faciənin təsadüfən mühafizə olunmuş bir vərəqidir.

 

         Qoqol hələ 1839-cu ildə zaporojyelilərin həyatından faciə yazmağa başlayır və onu “Qırxılmış bığ” adlandırır. Bu əsərin də aqibəti  kədərli olur. 1841-ci ilin sentyabrında  yazıçı Almaniyada Vasili Jukovskini öz yanına dəvət edib yazdığı pyesi dinləməyi ondan xahiş edir. Jukovski əsəri darıxdırıcı hesab edir. Qoqol ondan təəssüratını soruşduqda, Jukovski deyir:

 

-Dostum Nikolay Vasilyeviç, bağışla, məni bərk yuxu tutdu.

 

-Madam yuxu tutur, deməli, yandırmaq olar,- deyə Qoqol əlyazmasını sobaya atır.

 

-Lap yaxşı elədin, qardaş, -deyə, Jukovski onu müdafiə edir.

 

         Lakin bunun doğrudan da pis, yaxud yaxşı əsər olduğunu demək çətindir...

 

         Əsl həqiqətdə isə Qoqolun əsərlərini- millətin mənəvi sərvətini özü deyil, çarizm zülmündən zədələnmiş həyatın ziddiyyətlərindən doğan qüvvə  idi  yandıran.Yanan  isə Qoqolun özü idi. O, bir yazıçı kimi xalqı üçün, vətəni üçün alışıb yanmasaydı, həmvətənlərinə haqq və həqiqət yolunu göstərə bilməzdi. Yazıçı dünyaya yaşamaq üçün deyil, özünü yandırıb, başqalarını yaşatmaq üçün gəlmişdi. Cəmiyyətin dərdini, xalqının yaşadığı ağır vəziyyəti öz şəxsi faciəsi kimi qəlbində daşıyandır əsl yazıçı. Qoqol –xalqı üçün, özünün dediyi kimi, gözlərini ona dikmiş Rusiya, rus eli üçün yanan əsl yazıçı idi.

 

O, ömrü boyu   xalq mahnılarından ruhlanmış sənətkar idi. Mahnı onun üçün tarixi biliklərin mühüm mənbəyi, tarixi həqiqətin meyarı idi. Ukrayna tarixinə dair material toplamağa başlarkən Qoqol deyirdi: “Mənim sevincim, mənim həyatım mahnılar, mən sizi necə də sevirəm. Bu canlı və cingiltili salnamələrin qarşısında mənim indi araşdırmaqda olduğum bütün bu kif atmış salnamələr nədir ki? Mən mahnısız yaşaya bilmərəm – deyə o, elə bu məktubunda yazırdı, - Bunun necə əzab olduğunu siz başa düşmürsünüz. Mahnıların tarixdə mənə kömək etdiyini  siz təsəvvür edə bilməzsiniz. Hətta tarixi olmayan mahnıların”.

 

Ukrayna xalqının qəhrəmanları Bayda, Severin Nalivayko, Boqdan Xmelnitski  (XVII əsrdə məşhur sərkərdə və siyasi xadim olub) və başqaları haqqında  Qoqol tərəfindən toplanmış və üzü köçürülmüş tarixi mahnılar sonralar dövlət arxivlərinin birində tapılmışdı. Sibir taciri Yudin tərəfindən toplanmış  kolleksiyanın salamat  qalmış hissəsi  Krasnoyarskdan keçmiş SSRİ Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət  Arxivinə göndərilmiş, bu kolleksiyanın əlyazmaları içərisində  Lomonosovun  “Saqqal himni”nin Qoqol tərəfindən üzü köçürülmüş nüsxəsi tapılmışdır. Son vərəqin arxasında  Qoqol  XVIII  əsr şairləri haqqında bir neçə epiqram yazmışdır.

 

N.V.Qoqol 1852- ci il, yeni tarixlə mart ayının 4-də şiddətli ruhi xəstəlik nəticəsində Moskvada vəfat etmişdir.

 

Həmin gündən 165 il ötür. Lakin bu tarix bəşəriyyət və xalqımız üçün yazıçının həyatdan getməsi ilə deyil, əbədiyyətə qovuşması ilə əzizdir.

 

       Əlbəttə,Qoqolun ölümü Rusiya üçün böyük bir itki idi. Bütün tərəqqipərvər  rus eli, rus və Ukrayna xalqları  bu itkinin  ağrısını hiss edirdi. Çar hökuməti isə  Qoqolun ölüsündən  də  ehtiyat edirdi; Qoqolu izdihamsız basdırmaq əmr edilmişdi. Buna baxmayaraq, Qoqolun dəfn mərasimi  böyük bir nümayişə çevrildi.  Şahidlərin yazdığına  görə,  bütün Moskva axışıb gəlmişdi. Yoldan ötən birisi “Kimi basdırırlar? Bu qədər adam mərhumun qohumudurmu?” - deyə soruşduqda,  cənazənin arxasınca gedən bir tələbə belə cavab verir:  “Qoqolu basdırırlar, biz hamımız onun doğma qohumlarıyıq, bizimlə bərabər bütün Rusiya”.

 

         ...Deyilənə görə, Qoqolun heç zaman öz  evi olmayıb. O, dostlarının və qohumlarının mənzilində yaşayıb-yazıb-yaradıb. Təəssüfə ehtiyac olmamalıdır. Çünki bu ölməz dahinin indi əbədi və qiyməti hesaba gəlməyən saysız-hesabsız  mənzilləri var. Bu “bahalı mənzillər” xalqların, millətlərin Qoqola olan sevgi dolu ürəyidir. Elə bir ürəyi ki, nəsillər davam etdikcə, bu ürək hər zaman döyünəcəkdir.

 

    

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM