Mir Cəlal Paşayev: “Yazıçının ən böyük arzusu insanların səadətidir”

08:07 / 26.04.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması və 26 aprel-böyük ədibin xatirə günü münasibətilə

Hind filosof və mütəfəkkiri Rabindranat Taqorun gözəl bir sözü var: “Ədəbiyyat dünyanı insan qəlbinin işığı ilə nurlandırır”. Milyon-milyon insan könlünün və xalq ruhunun tərcümanı olan Mir Cəlal Paşayev həm yazıçı, həm də ədəbiyyatçı alim kimi öz əsərlərində dünyanın müxtəlif xalqları ilə bərabər, müsəlman milləti və dövlətlərinin tərəqqisi barədə də düşünmüş və yazmışdır. Yer üzündə bütün İslam xalqlarının qəmsiz, kədərsiz, azad, bolluq, əmin-amanlıq içində, zülm və əsarətdən, haqsızlıq və zorakılıqdan uzaq yaşaması üçün həm bir mədəniyyət xadimi, həm də ictimai-siyasi xadim kimi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi Mir Cəlal müəllim. Vaxtilə N. Nərimanov da eyni missiya ilə Azərbaycanın ictimai, mədəni və siyasi tarixinin səhifələrində əbədi və məfkurəvi izlər qoymuşdur.

Nərimanovun 1906-cı ildə yazdığı “Mərakeş məsələsi” və “Quzğunlar cəmdək üstə” məqalələrini oxuyanda bütün mənəvi-ideoloji keyfiyyətləri ilə bərabər, bu yazılardakı müsəlman həmrəyliyinin incə dəyərləri, təəssübkeşlik məqamları diqqətimə hakim kəsilmişdi. Dünyadakı ərəb problemlərinə biganə qalmayan Nərimanov yazırdı: “...Quzğunlar ölü ruhsuz cəmdəyin üstə yığılırlar. On iki milyon Mərakeş ərəblərini ruhsuzmu hesab edirlər? Ya köməksiz görüb ruhunumu puç etmək istəyirlər? Yox, cənab quzğunlar! Səhv edirsiniz, hal-hazırda şikarınızda olan mərakeşlilər Kordova igidlərinin nəvə, nəticə, kötükcəsidirlər! Bunları asanlıq ilə puç etmək olmaz! Sizin “ədalətinizi” görəndən sonra öz başlarına çarə qılarlar...Dəyənəyin iki başı olar...Bir başı cəmdəyə dəyəndə, o biri başı cəmdəyin üstə oturan quzğunlara dəyər...Bəli, Mərakeş əldən gedir...Quzğunlar gözlərini indi İrana tikiblər...”

N.Nərimanov imperialist dövlətlərin Mərakeşi öz müstəmləkəsi altında saxlaması üçün hər cür talana, istismara yol verdiklərini, müsəlman yurdunu rəzil vəziyyətə salmalarını qətiyyətlə pisləyir, növbəti müsəlman ölkəsi olan İrana göz dikmələrini də qələmi ilə ifşa edirdi.

 

Mir Cəlal Paşayev yazıçı, filologiya elmləri doktoru, professor, eyni zamanda sülhsevər ictimai xadim kimi iştirak etdiyi bütün beynəlxalq konfrans və tədbirlərdə İslam ölkələrinə, onların xalqlarının həyatına özəl duyğu və münasibətlə yanaşır və bunları qandan gələn istiliklə müşahidə olunan xüsusi bir hərarətlə qələmə alırdı.

Mir Cəlal 1958-ci ildə sovet Azərbaycanı nümayəndə heyətinin tərkibində Özbəkistanın paytaxtı qədim Daşkənd şəhərində Asiya və Afrika qitələri yazıçılarının beynəlxalq konfransında iştirak edirdi.

İnsan zəkasının qüdrətini, insan qollarının gücünü, insan qəlbinin hərarətini bəşəriyyətin səadəti üçün əsirgəməyənlər həqiqətən xoşbəxt adamlardır. Bədxah, şər qüvvələri cilovlayıb, Yer üzündə yeni həyat eşqi yaratmağa çalışan insanlar zaman və tarixin ən dərin hörmət və ehtiramını qazanmışlar. Mir Cəlal Paşayev belə nüfuz sahiblərindən biri idi. Yazıçı Daşkəndin “Tarixi görüş qarşısında” yazırdı: “...Azərbaycan ədəbiyyatı da bütün böyük ədəbiyyatlar kimi ta qədimdən bəri milli və coğrafi məhdudluqdan uzaq, gözəl, müqəddəs, pak insani hisslərlə zəngin, əsl humanist bir ədəbiyyat olmuşdur. Nizami, Xaqani, Füzuli kimi dahi sənətkarlar həmişə milyonlara xitab etmişlər. Onların parlaq və nəhəng zəkası nə coğrafi, nə irqi, nə də milli çərçivə tanımadan günəş kimi daim aləmə işıq saçmışdır və saçmaqdadır. Onlar bir neçə dildə əsər yaratmışlar.

Zamanın qansız, qəddar hakimlərinə, çürük ənənələrinə baxmayaraq, həmişə insansevərlik duyğularını böyük bir cürətlə, vətəndaşlıq qüruru ilə tərənnüm edən bu dahilərin musiqi qədər xoş səsi həmişə insanların qulağında səslənməkdədir. Onların müdrik siması nəsillərə ölməz bir timsal, coşqun bir ilham mənbəyi olmuş, həmişə irəliyə, yüksəklərə çağırmışdır. Bu sənətkarlar bütün böyük sənətkarlar kimi yalnız öz xalqlarının, öz vətəndaşlarının yox, həm də ümumən bəşəriyyətin, qonşu və qardaş xalqların, xüsusən Şərq xalqlarının həyat və məişəti, mübarizə və səadəti ilə yaxından maraqlanmışlar...”.

Mütərəqqi Azərbaycan ədəbiyyatını böyük humanist çalarları ilə təqdim edən Mir Cəlal, oxucu üçün eyni zamanda öz daxili aləmini təqdim

edir, bu dünyəvi ədəbiyyatımızın sədaqətli varisi kimi etibarını bir daha bəyan edirdi. Konfransqabağı qələmə aldığı digər yazılarından biri - “Birlik əzmi ilə” məqaləsi sanki keşməkeşli dünyamızın bugünkü həyəcanlarını əks etdirirdi. Gəlin, məqalənin bəzi məqamlarını diqqət edək:

“...Daşkənd konfransı çox məsul bir zamanda toplanır. İndi bütün bəşəriyyət tarixi gərgin bir dövr keçirir. Əsrimizin ikinci yarısı çarpışmalar, təlatümlər, həyəcanlar, intizarlarla zəngindir...Bütün ölkələrdə müharibə qızışdıranlara qarşı güclü bir səs: “Yox!” səsi ucalır. Deyirlər, qələm qılıncdan güclüdür. Belə məsul bir dövrdə yazıçıların, həm də iki böyük qitə yazıçılarının görüşməsi, məsləhətləşməsi, bir çox məsələlərdə əməkdaşlıq etməsi müasir ədəbiyyatın tarixi, ictimai rolunu artırmış olur. Daşkənd konfransında müxtəlif ölkələrdən, müxtəlif əqidəli, müxtəlif stilli yazıçılar gələ bilər. Burada romantik, realist, yeni romantik, satirik, lirik istiqamətli yaradıcılar toplana bilər. Hər bir sənətkarın yaradıcılıq xüsusiyyəti, istiqaməti, ənənələri diqqət və hörmətə layiqdir. Bütün nümayəndələr bir-birini diqqətlə dinləyəcək, fikir mübadiləsi edəcəklər. Ancaq bizim fikrimizcə, indi ədəbiyyatda daha vacib bir stil və daha güclü bir istiqamət bütün yaradıcıları düşündürməlidir: - Antimüharibə istiqaməti!

Zehnin, istedadın, qələmin bütün gücü müharibəyə qarşı, sülh, asayiş, dinc, xoşbəxt həyat uğrunda mübarizəyə sərf olunmalıdır.Çünki bu elə bir müqəddəs vəzifədir ki, bütün başqa arzu, ideallarımız bundan asılıdır. İndi bizim qələmlərimiz milyonların istək və arzusunu ifadə etməlidir. Nurani qocaların, ağsaçlı anaların, qəlbi məhəbbətlə dolu gənclərin, həyat və səadət səsli uşaqların, məsum körpələrin rəyini, istəyini müdafiə edərək qələmlərimiz qılıncdan, topdan, bombadan güclü olduğunu sübut etməlidir! Yazıçının ən böyük arzusu insanların səadətidir. Bəşəriyyəti yeni qırğınlara sürükləmək istəyənlər isə həyatın, səadətin, insanın ən qəddar düşmənləridirlər. Məsul bir dövrdə, məsul ictimai-ədəbi məsələlərin müzakirəsinə toplanan bütün yazıçıları böyük gələcək arzusu, insanlar arasında birlik, əməkdaşlıq, hörmət, məhəbbət arzusu birləşdirməlidir”.

Asiya və Afrika ölkələrinin həmrəylik komitəsinin üzvü, yapon yazıçısı Tomodzi Abe deyirdi: “...Mən ingilis vətəndaşıyam. Ancaq son on ildə ərəb şərqində yaşayıram. Ərəb dünyası mənim üçün əsl universitet oldu. Mən burada çox şey öyrəndim. Mən ərəb dünyasının sadiq dostuyam”.

Mir Cəlal müəllimin iştirak etdiyi konfransa Asiya və Afrikadan gələn nümayəndələr arasında (Çin, Hindistan, Koreya, Yaponiya və s) müsəlman

ölkələrindən gələnlər ( İraq, İran, Əfqanıstan, Misir, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri, ərəb aləminin demək olar bütün ölkələrindən) çoxluq təşkil edirdi. Onlarla yaxından təmas qurmaq, fikir mübadilələri aparmaq, ürək sözlərini dinləmək, mənsub olduqları xalqlarının qayğı və arzuları ilə yaxından tanış olmaq Mir Cəlalın diqqətini xüsusi cəlb edirdi. Çünki o, İslam dininin banisi Məhəmməd Peyğəmbərin əziz nəslindən olan seyid övladı idi. Bu seyid övladı üçün bütün müsəlmanlar bir-birinə qardaş, həm də sədaqətli, çətin gündə bir-birinə arxa, dayaq olan qardaş sayılırdı.

Seyid Mir Cəlal İslam övladlarına öz doğması, yaxını, sirdaşı kimi baxırdı. Onlarla mehriban ünsiyyəti, isti, səmimi söhbətləri ilə ürəklərdə məhəbbət dolu izlər qoyurdu. Digər qonaqlar kimi müsəlman dünyasından gələn bütün yaradıcı adamların da əsl dostuna, həmkarına çevrilən seyid Mir Cəlal, onları diqqətlə dinləyir, təcrübəli ziyalı kimi məsləhət və tövsiyələrini əsirgəmirdi.

Həmin vaxtlar cəsur ərəb qızı Cəmilə Buhiredin adı ərəblərin azadlıq mübarizəsindən bütün dünyaya məlum idi. Onun vətəni Əlcəzairdir. Xalqının azadlığı uğrunda igidliklə çarpışan Cəmilə, 1957-ci ilin yazında yaralanarkən fransız hərbçiləri tərəfindən tutulub həbsə salınmışdı.Əlcəzair vətənpərvərlərini dindirmək üçün ayrılan xüsusi binada qıza vəhşicəsinə divan tutub, işgəncələr vermişdilər. 1957-ci il iyulun 15-də müstəmləkəməçiərin məhkəməsi Cəmiləni edam cəzasına məhkum etdi. Cəmilənin faciəli taleyi Fransanın özündə belə, coşqun qəzəb oyatdı. Ölkənin bütün namuslu adamları Cəmiləni ölümdən xilas etmək uğrunda Əlcəzairdə rüsvayçı müstəmləkəçilik sisteminin dayandırılması uğrunda mübarizə aparmağa başladılar...

Mir Cəlalın konfrans haqqında məlumat verən “Daşkənddən məktub”u Bakıya doğru “pərvazlanaraq”, bu vətənpərvər ərəb övladından və onun əqidə yoldaşından soraq verirdi. “Ərəb qızı” adlanan “məktub” maraqlı bir girişlə başlayırdı:

“Leyli!

Leyl- ərəbcə gecə deməkdir. Ata-anası bəlkə də qızlarının uğursuz taleyini qabaqcadan duyduqları üçün Leyliyə bu adı vermişlər. Doğrudan da qızcığaz həyata göz açan, məktəbə qədəm qoyan kimi faciəli məhəbbət onu yaxaladı, iztirablardan, təqiblər və göz yaşlarından keçirərək məzara apardı. Min ildən çoxdur ki, mütərəqqi bəşəriyyət nakam məhəbbətin yanıqlı məcarasını hərarətlə deyir, yazır və xatırlayır. Şərqin hansı ölkəsinə

getsən, Leyli adına rast gələrsən. Əlbəttə ki, analar qızlarına Leylinin taleyini arzulamırlar, onlar köhnə dünyanın qurbanı olan böyük və ülvi, nakam və faciəli məhəbbətin acı və ölməz xatirələrini saxlamaq, Leylinin xarakterindəki pak, təmiz səmimiyyətə əbədi hörmət əlaməti olaraq bu adı qızlarına verirlər.

Şübhəsiz bu, az olardı. Müqəddəs, səmimi məhəbbətə qarşı edilən zülmə ümumi, dərin bir nifrət də zəruri idi. Bu nifrəti hər kəsdən əvvəl ərəb xalqlarının özündə, onların xüsusən son əsrdə cəsarətlə apardıqları qəhrəman mübarizədə görmək olardı. Dərk olunmuşdur ki, ərəb qızının qurtuluş və səadəti hər kəsdən əvvəl onun öz əlindədir. Zülmün və zorakılığın qurbanı olan Tamilla da öləndə bunu hiss etmişdi. Bu həqiqəti ən çox və ən dərin zərurəti ilə duyan bir ərəb qızını indi bütün dünya tanıyır.

Hamı bilir ki, əlcəzairli qız Cəmilə - qəhrəman Cəmilə Fransa imperialistlərini necə heyrətə, dəhşətə gətirmişdir. Cəmiləyə ölüm cəzası kəsənlər cəmilələrin qəlbində azadlıq mübarizəsini daha da alovlandırdılar. Ərəb ölkələrində, həm də nəinki təkcə ərəb ölkələrində, habelə bütün dünyada elə bir azadlıq sevən ailə yoxdur ki, Cəmiləni öz əzizi saymasın, onu alqışlamasın...”

Mir Cəlalın fədakar müsəlman qızı haqqında qələmə aldığı bu dəyərli fikirlər sonradan Azərbaycan poeziyasında ecazkar misraların yaranmasına sanki xeyir-dua verirdi:

Əsrlərin zülmətindən

baş qaldırır şərq elləri

Azadlığın bayrağını ucaldırsan

şərq dilbəri

Haqq yolunda mübarizə şüarıyla

çıxdın yola,

Ərəb qızı, bu əzmində sənə

min-min uğur ola!

Sənə cəllad bıçağını qaldıranlar,

saf qanına susayan o

ac canavar

Qoy eşitsin: qanlı bıçaq

onun ancaq

Öz bağrına saplanacaq!..

(Nigar Rəfibəyli)

Mir Cəlal daha sonra yazırdı: “Cəmilə oyanan, vuruşan yeni Afrikanın parlaq rəmzidir. Əlcəzair Respublikasının təşkili bu müqəddəs döyüşün dünyaya səs salan böyük qələbəsidir. Ərəb qızı yalnız maddi silahla vuruşmur. Onun əlində güclü mənəvi silah da vardır.Ərəb qızı müasiir mübariz kitab uğrunda, çirkin müstəmləkə qaydalarını ifşa edən bədii kitab uğrunda əzmlə vuruşur. Daşkənddə, Asiya və Afrika yazıçılarının konfransında şəvə saçlı, orta boylu, ağır yerişli, qarayanız, gülərçöhrəli bir qız müstəqim, nüfuzedici baxışı ilə çoxlarının diqqətini cəlb etmişdi. O, tribunaya qalxıb alovlu nitqə başlayan kimi bütün nümayəndələr onu gurultu ilə alqışladlar.

Qahirədən gəlmiş qız Aişə Əbdürrəhman mənəvi silaha sarılan müasir ərəb qızlarının nümayəndəsidir. O, doktordur. Qahirə Universitetinin müdərrisidir. Öz xalqının mübariz mədəniyyət və ədəbiyyat xadimidir. O, ərəb ədəbiyyatı tarixinin mütəxəssisidir, qabaqcıl yazıçıdır. O, yenipərəst, gözüaçıq bir adamdır. Ərəb ədəbiyyatına tarix materialı yox, müasir silah kimi baxır və ondan belə istifadə edir. O, bu ədəbiyyatı Əlcəzairdə, İordaniyada, Livanda müstəmləkə qaydalarını saxlamaq istəyən imperialistlərə qarşı döyüşə səfərbər etmək istəyir.

O, yüzlərlə gənclərə xitab edir. Aişənin tələbələri ondan nə öyrənirlər?

Sxolostik ədəbiyyatın, qəzəl, qəsidənin, dini kitabələrin ruh və ehkamınımı? Yox! Aişə ərəb gənclərinə mənəvi mübarizə öyrədir. Bədii sözü gülləyə bərabər tutmağı öyrədir. Ədəbiyyatda xalq həyatı və səadətini tərənnüm edən güclü mahnılar aramağı öyrədir. Aişə dənizləri, dağları keçərək buraya da həmin məqsədlə gəlmişdir ki, öyrənib görsün dünyanın qələm sahibləri bəşəriyyətin səadəti, gələcəyi yolunda necə əl-ələ verib sıx sıralarda vuruşurlar. Bombalar üzərində kitabın, güllə üzərində həqiqi sözün qələbəsini təmin etmək yolunda Aişə də nümayəndə yoldaşları kimi səylə şalışır.

Aişə konfransın fəal nümayəndələrindəndir. Müzakirə olunan məsələlər onu çox maraqlandırır, həyəcanlandırır.

Onun ən böyük arzusu bütün ərəb dünyasının, bütün dünyanın imperializm taunundan əbədi xilas olmasını görməkdir, yer üzündə xalqların müstəqil, dinc, məsud həyat sürməsidir, bütün qadınların, o cümlədən uzun əsrlərin iztirablarını görmüş ərəb qadınlarının maddi, mənəvi qurtuluşudur. O, aşkar görür ki, bu arzular təkcə Afrika, Asiyada yox, bütün qitələrdə qalib gəlir. İndi ərəb qızının taleyini öyrənənlər Leylinin qəmli macərasına yox, Aişənin fərəhli həyatına, mübarizə yoluna müraciət edib diqqət yetirməlidirlər.

Ərəb qızı xalqının xələf övladı kimi dünyanın ən qüdrətli, ən mədəni adamları cərgəsində, yeni həyat yolunda möhkəm və inamlı addımlarla irəliləyir.

Ona uğurlar olsun!

12 oktyabr”.

Mir Cəlal Paşayev Daşkənd konfransının bütün məram və məqsədlərini, dünyəvi əhəmiyyətini dəyərləndirən biri-birindən maraqlı yazılar yazırdı. Yüksək ruhda yazılan “Qüdrət birlikdədir” məqaləsində Livan şairi Yusif Səidin çıxışına xüsusi toxunan yazıçı, onun “Çörək əkini” şeirindən sitat gətirmişdir:

A dostlar, incidirlər əməkçi milyonları,

Mətin birləşməliyik, qardaşlarım, indi biz.

Səsləyək gələcəyə hər eli, hər diyarı

Getsin çiyin - çiyinə polad dəstələrimiz.

Qüdrəti birlikdə, o cümlədən o vaxtkı quruluşun tələblərinə də əks getmədən həssas sətiraltı məntiqi ilə İslam birliyində görən Mir Cəlal, məqalənin sonunda yazır: “Daşkənd konfransı illərdən bəri sinəsi söz ilə dolu olan, öz yaxın dost və məsləkdaşları ilə görüşmək, dilləşmək imkanı tapmış alovlu natiqlərin xitabət kürsüsünə çevrilmişdir. Bu kürsüdən xalqların sülh, birlik, əməkdaşlıq arzuları ifadə olunur”.

Haqlı kəlamdır ki, ədəbiyyat - əbədiyyəti ana, anı əbədiyyətə çevirir. Elə Mir Cəlalın əbədiyyəti ana, anı əbədiyyətə çevirdiyi Daşkənd konfransı kimi.

Mir Cəlalın yaradıcılığında islam həmrəyliyinin bir nümunəsi olan “Ərəb qardaş” hekayəsinin öz layiqli yeri vardır. Bakıya qonaq gəlmiş gənc ərəb oğlan paytaxtımıza sonsuz marağı və məhəbbəti ilə yazıçıya həssas duyğular aşılayır. Hekayədə bir-birini əvəz edən maraqlı süjetlər çoxdur, oxucu əsəri həvəslə oxuyur, dini, mənsəbi bir olan xalqların, onların övladlarının bir-birinə doğmalığı, mənəvi məsələlərdə bir-birinə dayaq olması, istiqmət verməsi, arzuların gerçəkləşməsi mübarizəsində qüvvətli və humanist ruh aşılaması əsərin təsirli amillərindəndir.

Bəs bu ərəb oğlu kimdir, Mir Cəlal onu haradan tanıyır? Yazıçının öz təqdimatı daha maraqlıdır: “Ərəb qardaş sarıyanız, qıvrımsaç, ucaboy, cəldhərəkətli, itibaxışlı, nəzakəti ilə adamı utandıran, yaraşıqlı bir oğlan idi ...Şəhərimizin görməli yerləri ilə maraqlanan ərəb qardaş üçün mən iki-üç günlüyə bələdçi olmuşdum. Cavan ərəbin bizim şəhəri yaxşı tanıması üçün əlimdən gələni əsirgəmirdim. Bu mənim rəsmi vəzifəm, həm də vicdan borcum idi.

Ancaq ərəb qardaş da çox utancaq idi. Bir şey soruşmurdu. Böyük bir həsrət və maraqla adamın üzünə baxır, eşitdiklərini isə tez dəftərinə yazırdı:

- Bakı əslində bir neçə şəhərə bölünür: Qara şəhər, İçəri şəhər, Bayır şəhər...Ən sürətlə artan yuxarı hissəyə camaat Təzə şəhər deyir.Təzə şəhər respublikada ən sürətlə artan Mingəçevir, Sumqayıt, Daşkəsən kimi sənaye ocaqları ilə yarışır. Vaxt gəlmişdir ki, respublikanın paytaxtı Böyük Bakı, Kiçik Bakı kimi müəyyən edilsin...”.

Mir Cəlalın hekayədəki təsvirləri məharətlə çəkilmiş bir kinofilmin ssenarisini xatırladır. Lakin bu “filmdə” səhnələri oxucular gözləri önündə özləri canlandırır:

“Ərəb qardaş əlini gözünün üstünə qoyub uzaq üfüqlərə, mavi sularda bir ördək kimi süzüb gedən, get-gedə kiçilən gəmilərə, dənizdə qüdrət simvolu kimi yüksələn polad sütunlara baxırdı. Bunların arxasında da şəhər, nəhəng daş binalar, maşınlar, kranlar, qurğular, sıralanmış buruqlar görünürdü.

...Ərəb qardaş dayanıb heyran-heyran dənizə, balıq kimi şütüyən matorlu qayıqlara, ağır gövdəli gəmilərə, ara-sıra göydən suya enib “üzən təyyarələr”ə, göy Xəzərin ayaz səmasında uçuşan sülh göyərçinlərinə baxır, düşünür, bəlkə də ürəyində doğan sualı deməyə münasib söz axtarırdı:

- Cənab filankəs, sizin bu dəniz böyük göl sayılır. Hər yandan qapalıdır. Gəmi ilə Xəzər dairəsindən kənara çıxmaq mümkün olmasın gərək?

- Əvvəl elə idi. Siz deyən kimi idi. İyirmi il olar ki, su yolları açılıb. İndi Xəzər dənizindən dünyanın bütün dənizlərinə, okeanlara çıxmaq olur. Xəzərin ən böyük mənbəyi Volqadır. Volqa ilə Moskva çayına, oradan da şimal dənizlərinə, habelə Don çayı vasitəsilə Qara dənizlə bağlanıb, Bakıdan su yolu ilə həm şimala, həm qərbə, Avropanın mərkəz ölkələrinə getmək olur.

Ərəb qardaş akademiya, universitet şəhərciyini gəzdi...

-Qız qalasına getmək mümkün olarmı?

-Olar!

-Lap minarəyə çıxa bilərikmi?

-Yorulmasanız, mümkündür.Çox ucadır.

-Yorulmarıq, gedək!

Qız qalasına çıxandan, əfsanə qəhrəmanlarının adını soruşub yazandan, şəhəri bir də seyr edəndən sonra, bir şey xatırlamış kimi dedi:

-Bakıda bir oğlanın xatirəsinə tikilən abidə-bina var, məşhur bina, çox istərdim görüm.

“Oğlanın xatirəsinə bina ...”-nəsə bu mənə qəribə və təəccüblü gəldi:

-Xatirəsi tutulan oğlan sənətkar, ya ictimai xadimdir?

-Xeyr, sadəcə bir atanın əzizi, belə eşitmişm ki, yanılmıramsa, vərəm xəstəliyinə tutulduğuna, nakam olduğuna görə atası onun adına bina tikib, gözəl bir abidə qoyub, çox istərdim görüm!..

Qonağın sualı Mir Cəlala aydın olur. Hansı abidədən söhbət getdiyi yadına düşür.

-Siz yəqin İsmaliyyəni deyirsiniz.

-Bəli, bəli. İsmailiyyə! İsmailiyyə!.. İsmailiyyə haqqında mən az-maz bilirəm, sonra sizə danışacağam! Oranı görmək istərdim”- deyə yazıçıya bildirir.

Mir Cəlal əvvəl zəng vurur, xahiş eləyir. Sonra qonağı həmin binaya gətirir və buranın indiki məziyyətlərindən danışır:

-İnqilabdan əvvəl bu bina bir varlı oğlunun, nakam gəncin xatirəsinə tikilib. Sonradan bura cəmiyyəti- xeyriyyə binası, indi isə Elmlər Akademiyası olub, şəhərin elm, sənət, mədəniyyət məclislərinin, dövlət tədbirlərinin çoxu burada keçirilir. İsmailiyyə adı köhnəlib, onu ancaq mənim kimi qocalar bilər. Siz yaşda gənclərin binanı belə adlandırdığını birinci dəfə eşidirəm...

-... Bakı haqqında mən o qədər gözəl və qızğın intiba ilə gedirəm ki, bunlar yazılmalıdır, yazılmaya bilməz. Ərəb jurnallarının birində səyahət qeydlərim nəşr olunan kimi sizə göndərəcəyəm. Bakıya olan rəğbətimin əsasları çoxdur. Bura tale etibarı ilə mənim ana yurduma çox oxşayır.

Ərəb qardaş səsini ucaldır:

“Mən Port -Səidliyəm. Ora da limandır. Ora da bir çox mühüm yollar ayrıcındadır. Oranın Bakı ilə oxşar cəhəti çoxdur. Əhalisi altı dəfə, imkanları isə bəlkə altmış dəfə Bakıdan az olsa da, mənim əziz şəhərim Bakının işıqlı yollarını izləməklə fəxr edə bilər. Siz ingilis imperialistlərini hələ qırx il əvvəl torpağınızdan qovmusunuz. Biz müstəmləkə canavarlarının ayağını dördcə ildir ki, torpağımızdan kəsmişik. Çoxları var ki, hələ də sərhədlərdə dayanıb dişlərini qıcayır, Süveyş kanalının qapılarına soxulmaq istəyirlər. Bakı ilə mənim atam da çox bağlı olub...Mənim atam buralarda olmuşdur. Özü də mənim kimi səyyah yox, dünyaca məşhur bir azadlıq məclisinin nümayəndəsi olmuşdur!..İyirminci ildə Şərq xalqlarının Bakıda çağrılan birinci qurultayının nümayəndəsi idi. Ismailiyyədə Şərq xalqlarının birinci beynəlxalq iclası haqqındakı şirin söhbətləri heç bir zaman mənim yadımdan çıxmaz...Bakı haqqında atamdan eşitdiyim xatirələr indi mənim üçün həqiqət olmuşdur...Bakı mənim üçün doğrudan da bir yenilik timsalı qədər əziz və böyükdür.

...Bir uşaq qəlbində yandırılan arzu çırağı get-gedə alovlanar ki, zəifləməz. İndi mən o şəfəqlərin nuru ilə addımlayıram və yollarımın işığına da etimadım gündən-günə artır...”.

Mir Cəlal ərəb qardaşın adını və kimliyini təqdim edir: “Əbül-Hissan Mosul nefti uğrunda vuruşan bir fəhlənin oğludur. Atası Bakıda olmuşdur”.

Görkəmli yazıçı ərəb oğlu ilə Bakının növbəti görməli yerlərini gəzərkən həmin dövrün abidəsinə məxsus zəncir və zəncir qırıqlarının 

simvolunu seyr edəndə, söhbətləri əsl İslam həmrəyliyinin doğma məramlarına qovuşur.:

-Bu zəncir Mosuldan da, Port-Səiddən, Qahirədən də keçirdi.

-Keçir idi?

-Bəli, idi!

“Ərəb fəhlələri də bu yolu tutdular!”-deyə Mir Cəlal zəncirin qırılan həlqələrini göstərir.

Əbül Hissan fəhlə abidəsinin güclü əllərinə işarə edib deyir:

-Sizdə də, bizdə də, zəncirləri qıran bunlardır.Sabahkı dünyada bu biləklər zəncir qoymayacaqlar!

-Zəncir hələ lazım olacaq.

-Harada?

-Ərzin çox yerində (yəni Yer kürəsinin - R.Mirzəzadə) qızğın müstəmləkəpərəstlərin qollarını bağlamaq üçün! Salavat ilə donuz darıdan çıxmaz! Zəncirləri qırmaq üçün ağıl gücü də, əl gücü də işlətmək lazımdır.

Əbül-Hissan böyük bir izdihamın qarşısındakı natiq kimi səslənir, Mir Cəlalın bu sözlərini müqəddəs bir şüar kimi təkrar edirdi:

“ Ağıl gücü də lazımdır, qardaş! Salavat ilə donuz darıdan çıxmaz. Atalar nə gözəl deyib!”.

Məzarın nurla dolsun, seyid Mir Cəlal! Bu gün o ağıl gücünün birlik, bərabərlik halında daha da qüdrətlənməsinə ehtiyac vardır. Artıq müstəqil Azərbaycan bütün dünyanın müsəlmanlarına qəlbinin, ağlının nurundan pay verir. Dost payı, qardaş payı.Dünyəvi, bəşəri dövlət olmaqla bərabər, xalqının -müsəlman xalqı, İslam övladı olmasını uca tutur. Bu qarşılıqlı ehtiramın təzahürüdür ki, 2009-cu ildə sevimli Bakımız İslam mədəniyyətinin paytaxtı elan olunmuş və hamımız 2018-ci ildə doğma Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan olunması məqamlarını səbirsizliklə gözləyirik.

Bu il Azərbaycan ağlın və gücün sıx vəhdətini bir daha dünyaya təqdim edəcək. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan olunması, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi əslində tək bizim xalqımıza deyil, bütün dünya müsəlmanlarına böyük töhfədir.

Bu şanlı və mənəvi töhfələr isə böyüklərimizdən, öz qələmi ilə millətinə, ümmətinə birlik, bərabərlik, qardaşlıq duyğularını əbədi yaşatmaq ruhu aşılayan Mir Cəlal kimi yazıçılarımızdan, ziyalılarımızdan, alimlərimizdən, ata - babalarımızdan bizlərə yadigar qalıb. Allah onlara rəhmət eləsin!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM