Publisist-politoloq
Bəşəriyyətin dahi övladı, görkəmli ensiklopedik alim Mixail Vasilyeviç Lomonosovun “Əsərləri külliyatı”nın nəşrindən 260 il ötür.
“Elm həqiqətin aynası, idrakın nuru, həyatın düzgün nəşəsi, gəncliyin tərifi, qocalığın dayağı, şəhər və ordu qurucusu, bədbəxtlikdə uğura inam, xoşbəxtliyin zinəti, həmişə sadiq və ayrılmaz yol yoldaşıdır”. “Rus xalqının şərəfi tələb edir ki, onun elm aləmində hünər sahibi olduğunu göstərək, sübut edək ki, bizim Vətənimiz öz oğullarından yalnız döyüş qəhrəmanlıqlarında və başqa mühüm işlərdə deyil, yüksək elmi biliklər sahəsində də istifadə edə bilər”.
Mixail Vasilyeviç Lomonosov
“Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq, Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineroloq, rəssam... o, bunların hamısını keçdi.Birinci olaraq Vətəninin tarixinə baş vurdu. Qanunlar işləyir, fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərirdi”.
Aleksandr Sergeyeviç Puşkin
“Lomosov öz dühasının gözəlliyi ilə şeir evini bəzədi...”.
Mirzə Fətəli Axundov
Hələ 1961-ci ildə dünya mədəniyyətinin inkişafında göstərdiyi misilsiz xidmətlərini təqdir üçün Ümumdünya Sülh Şurası rus elminin banisi, böyük mütəfəkkir, ensiklopedik alim, rus ədəbi dilinin əsasını qoyan dilçi-şair, dahi təbiyyatşünas Mixail Vasilyeviç Lomonosovun anadan olmasının 250 illiyinin geniş surətdə qeyd edilməsini bütün xalqlara tövsiyə etmişdi. Çünki Lomosovun fəaliyyəti ilk dəfə olaraq bütün qüdrəti ilə rus xalqının yaradıcılıq zəkasını bütün dünyaya göstərsə də, bu dühanı yalnız rus mədəniyyətinin görkəmli bir nümayəndəsi hesab etmək kifayət deyildi. Lomonosov bütün mütərəqqi bəşəriyyətin övladı kimi ən çoxsaylı millətdən ən azsaylı xalqadək hamı üçün əziz idi və hər zaman da əziz olaraq qalacaqdır.
Doğrudur, qədim rus mədəniyyətinin tarixi əzəməti xalq qəhrəmanlıq dastanları; o cümlədən “İqor polku haqqında dastan” kimi yazı eposu, Novqorod, Kiyev, Vladimir, Moskva, Uzaq Şimalda zəngin memarlıq abidələrinin möhtəşəm nümunələri, Andrey Rublyovun şah əsəri olan freska və ikona təsviri sənəti və digər heyranedici inciləri ilə bəşəriyyətə tanış olsa da, Qərbi Avropa və bəzi Şərq ölkələrindən fərqli olaraq, Rusiyada elm sahəsində XVIII əsrə qədər nəzərəçarpacaq nümunələr göstərmək mümkün deyildi. Lomonosovun xidməti bunda idi ki, həmin əsrin birinci yarısında rus elminin qüdrətini ümumdünya elmi səviyyəsinə qaldırdı və elmin bir çox sahələrində birinci olaraq çox böyük kəşflər etdi.
M.V.Lomonosovun əsərlərinin Rusiyada qabaqcıl elm və mədəniyyət uğrundakı əhəmiyyətini inqilabçı demokratlar – Gertsen, Belinski, Çernışevski, Dobrolyubov, mütərəqqi yazıçılar, şairlər, alimlər- Radişşev, Puşkin, Pisarev, Mendeleyev və başqaları təqdirəlayiq hesab edərək öz əsərlərində Lomonosov yaradıcılığına yüksək qiymət vermişlər. Dünya şöhrətli akademik Sergey İvanoviç Vavilov haqlı olaraq qeyd edirdi ki, hətta Leonardo da Vinçi (italyan alimi, yazıçısı, ixtiraçısı, musiqiçisi, rəssamı və heykəltəraşıdır – R.Mirzəzadə), Leybnits (Vilhelm Qotfrid Leybnits- alman filosofu, riyaziyyatçısı, fiziki, tarixçisi, dilçisi, hüquqşünası, diplomantı, Berlin Elmlər Akademiyasının yaradıcısı və ilk prezidentidir - R.Mirzəzadə), Franklin (Bendjamin Franklin- Amerikanın siyasi xadimi, ixtiraçısı, diplomantı, yazıçı-jurnalist-naşiri, masonudur-R.Mirzəazdə),Höte ( Yohann Volfqanq Höte – alman şair-dramaturqu, mütəfəkkiri və naturaçı rəssamıdır), Nyuton (İsaak Nyuton - ingilis fiziki, riyaziyyatçısı, astronomudur) və başqa dahi şəxsiyyətlərin fəaliyyət diapazonu Lomonosovun daha əhatəli geniş yaradıcılığına nisbətən məhdud idi.
Qeyd etmək lazımdır ki, təbiətşünaslıq haqqında Lomonosovun təlimi zamanına görə öz mütərəqqiliyi etibarı ilə o vaxtkı dövrdə idealizmin pəncəsində sıxılaraq məhdudlaşmış Qərb təbiətşünaslığından dəfələrlə irəli getmiş, XVIII əsrin ortalarında elmin bu sahəsinin yüksək zirvəsinə qalxmışdı.Dünyanın inkişafında təkamülün də rol oynadığını biologiya elmində ilk dəfə Lomonosov irəli sürmüş, bu ideya sonralar Layel və Darvin tərəfindən inkişaf etdirilmişdi.
Alim yazırdı: “Bu bir həqiqətdir ki, bu vaxta qədər tədqiqatçıların iti gözləri cisimlərin daxilinə dərindən nüfuz edə bilməmişdir.Lakin bir zaman bu sirr kəşf olunacaqsa, buna ilk yolu həqiqi kimya açacaqdır, təbiət məbədinin örtüyünü birinci olaraq kimya qaldıracaqdır”.
O, kimyanın inkişafını onun dəqiq elmlərlə sıx əlaqəsində görürdü. Lomonosov kimyanı əllər, riyaziyyatı isə fiziki gözlər adlandırırdı. Qəsidələrinin birində görkəmli alim elmi əsl zəhmət, əsl iş meydanına dəvət edirdi:
Sən ey mexanika, şərəflə ucal,
Suları gəmiylə doldur dalbadal.
Çaylarla birləşdir sən ümmanları.
Qurut bataqlığı, yüksəl yuxarı...
Ey kimya, sən də itigözlü ol,
Torpağın dibinə aç yeni bir yol.
Nəyi varsa, çıxar Rusiyanın üzə,
Döndər sərvətilə onu gündüzə...
Sən də, ey ulduzlar alimi, belə,
Göylərin sirrini aç, bizə söylə.
Küləklər coşarsa şiddətlə birdən,
Bizə qabaqcadan xəbər eylə sən.
Əkinçi qorxmasın havadan əsla,
Vaxtında toxumu səpsin torpağa...
Çernışevski Lomonosovun elmlərə verdiyi yüksək dəyər haqqında yazırdı: “Lomonosov böyük bir məhəbbətlə elmləri sevmiş, xüsusi olaraq elmdən vətənin xeyri üçün istifadə etmək haqqında düşünmüş və qayğı göstərmişdir. O, təkcə elmə yox, Vətənə xidmət etmək istəyirdi”.
Lomonosov akademiyalar və universitetlərin işıqlı zallarına zadəgan malikanəsindən deyil, kəndli daxmasından gəlmişdi.Kəndli balası olan, uşaqlığını və gəncliyini şimal kəndində keçirən Lomonosov yalnız öz zəhməti, gərgin əməyi sayəsində, onu yetişdirən köklü xalqın zəngin yaradıcılıq ənənələrinin coşqunluğu sayəsində buzlu dəniz sahillərində şimal işığı kimi parladı, böyük şöhrət qazandı.
Mixail Vasilyeviç öz zəmanəsində məlum olan bütün elmlər sahəsində çalışır və demək olar ki, bu sahələrin hər birində diqqətəlayiq kəşflər edirdi, çünki hər bir elm onun üçün təbiət, insan və cəmiyyət haqqındakı vahid elmin yalnız bir hissəsi idi. Lomonosov ömrünün son illərində də Buzlu okean vasitəsilə Avropadan Amerikaya su yolu yaratmaq imkanı ilə maraqlanırdı. O, öz nəzəriyyəsini elmi məqalələrində, yazılı məruzələrində və hətta şeirlərində təbliğ edirdi. Rus alimlərinin və dənizçilərinin çox sonralar yazılmış əsərləri Lomonosovun haqlı olduğunu sübut etdi.
Lomonosov elmin Rusiyaya verə biləcək xeyiri uzaqgörənliklə təsvir edirdi. Gəmiqayırmanın inkişafı, kanalların çəkilişi, bataqlıqların qurudulması vasitəsilə daha geniş torpaqlara yiyələnmək, şəhərlərin salınması, kənd təsərrüfatının inkişafı bu plana daxil idi.
Bu böyük şəxsiyyət haqqında fikir söyləyən görkəmli ziyalılar təsdiq edirdilər ki, Birinci Pyotr Rusiyanın tarixi inkişafında nə iş görmüşdüsə, Lomonosov da onun mədəni inkişafında eyni işi görmüşdür. Elə buna görə də Belinski onu “Rus ədəbiyyatının Birinci Pyotru”, Puşkin isə “Böyük Pyotrun böyük silahdaşı” adlandırmışdı.
Mixail Vasilyeviç Lomonosov 1711-ci ildə uzaq şimalda, Arxangelsk quberniyasının Xolmoqor şəhəri yaxınlığındakı Denisovka kəndində anadan olmuşdur. Onun uşaqlığı bu kənddə keçmişdir.Mixail Vasilyeviçin anadan olduğu uzaq şimal bölgəsi Rusiyanın digər yerlərinə nisbətən yaxşı inkişaf etmişdi. XVII əsrin sonu, XVIII əsrin əvvəllərində bura xalq mədəniyyətinin əsas mərkəzlərindən biri hesab edilirdi.Monqol hücumlarından və monqol zülmündən kənarda qalmış bu əyalət eyni zamanda ağır təhkimçilik şəraitindən də uzaq idi. Əyalətin mərkəz şəhəri olan Arxangelsk o zaman Rusiyanı Avropa ilə birləşdirən yeganə liman idi. Burada rus və xarici tacirlər yaşayırdı ki, onlar şəhərdə sənayenin, ticarətin və mədəniyyətin inkişafına müəyyən təsir göstərə bilirdilər. Xolmoqor şəhəri və onun ətrafında kitab nəşri, kitab ticarəti daha çox yayılmışdı.Buradakı monastırların ( monastır-rahib və ya rahibələrin torpaq və ya kapitala malik olan kilsə təsərrüfat təşkilatından ibarət dini icmanın kilsə, yaxud evi deməkdir – R.Mirzəzadə) birində mətbəə yaradılmışdı. XVIII əsrin əvvəllərində Xolmoqorda slavyan-latın ruhani məktəbi açılmışdı.
Mixail Lomonosov ilk təhsilini kənddə, İvan Şubin (Şubnoy) adlı bir şəxsdən almışdı. Şubinin kitabxanasında dini ədəbiyyatla yanaşı, müxtəlif mövzulara dair kitablar da vardı. Deyilənə görə, Mixailin oxuduğu ilk dərs kitabları Smotritskinin “Slavyan qrammatikası”, Maqnitskinin “Arifmetika”sı və Polotskinin “Psaltır”ı olmuşdu. Lomonosov coğrafiya, fizika, astronomiya, gəmiçilik, müxtəlif təbiət elmlərinə aid kitablarla bərabər, gözəl poeziya nümunələrini də həvəslə mütaliə edərdi.
Mixailin atası Vasili Dorofeyeviç balıqçı idi. Vaxtının çoxunu öz təsərrüfatına sərf etdiyinə görə oğlunun tərbiyəsi ilə az məşğul olardu.Ömrünün ilk illərini anasının himayəsi altında keçirən Mixailin sağlam və şən uşaqlıq dövrü olmuşdur.
Deyilənlərə görə, Vasili Dorofeyeviç safürəkli, həssasqəlbli, səmimi və xoşrəftar adam imiş. O, savadın əhəmiyyətini və faydasını anlayaraq, bilikli və özünə görə dünyagörüşü olan adamlarla oturub-durardı. O, evdə ciddi, tələbkar, bəzən də qəzəbli, zabitəli, səliqəsevən, ailəsinə qarşı qayğıkeş idi.
Atası Mixaili 10 yaşından 16 yaşına qədər hər il yaz və payız fəsillərində özü ilə birgə Şimal dənizində balıq tutmağa aparardı.Bir tərəfdən şimal təbiəti, digər tərəfdən atası ilə bərabər tez-tez üzgüçülüklə məşğul olması gənc Lomonosovda böyük fiziki qüvvə,dözümlülük, cəsarət. inadkarlıq, özünəgüvənlik və s. kimi balıqıçı uşaqlarına məxsus xarakter formalaşdırmaqda idi.
Anasının ölümündən sonra atası ikinci arvad alsa da, çox keçmədən bu qadın da vəfat etmişdi. Nəhayət, Vasili Dorofeyeviç üçüncü dəfə evlənmişdi.
Mixail doğma anasını unuda bilməyib, onun qəbrini ziyarət etmək üçün tez-tez evlərinin yaxınlığındakı məzarlığa gedərdi. Gənc oğlanı kədərli və qüssəli görən qonşular və yaxın tanışlar tez-tez kilsəyə getməsini məsləhət edir, onu dini yollara sövq etməyə çalışardılar. Lakin bunların heç bir faydası olmamış, inadcıl Mixail oxumaq üçün daim yeni-yeni kitablar axtarardı. Gecə-gündüz bu kitablardan ayrılmaz, onları özü ilə bərabər gəzdirər və acgözlüklə oxuyaraq, hətta bir çox yerlərini əzbərləyərdi.
Lomonosovun kitabsevərliyi, mütaliəyə coşqun həvəsi və buna çox vaxt sərf etməsi ögey anasına xoş gəlmirdi, odur ki, daim Mixaili atasının gözündən salmağa çalışırdı. Bunu hiss edən Mixail kitablarla kənar yerlərdə məşğul olmağa başlamışdı. Məşğuliyyət zamanı bir çox hallarda şaxtaya və soyuğa dözməli, ac-susuz qalmalı olurdu. Lomonosovun ailədəki vəziyyəti gündən-günə ağırlaşırdı.Çətin durumdan çıxmaq üçün ata oğlunu evləndirmək fikrinə düşsə də, Mixail buna razılıq verməmişdi.
Yeganə arzusu oxumaq, bilik almaq olan Mixail bir gecə hamıdan xəlvət evdən uzaqlaşıb donmuş balıq daşıyan xizəkçi arabasında pulsuz-parasız Moskvaya yola düşür.
Bir neçə həftə sonra Mixail Moskvaya yetişir. Birinci gecə balıqçı dükanında gecələyir. İkinci gün artıq onu ümidsizlik həyəcanı bürüyür. O, dizi üstə düşərək ağlayır və Allaha dualar edir. Bundan sonra nə etmək və haraya üz tutmağı aydınlaşdıra bilməyən Lomonosov, bu an təsadüfən mağazaya balıq almağa gələn yerlilərindən biri ilə rastlaşır. Mixailin Moskvaya gəlişinin səbəbini öyrənən bu adam tanışları vasitəsilə onu Rusiyada yeganə ali məktəb olan Akademiyaya qəbul olunmasına kömək edir.
Lomonosov “Spasskie şkolı” adlanan Slavyan-yunan-latın akademiysına daxil olur. O zaman kəndli balalarını Akademiyaya qəbul etmədiklərinə görə o, öz ictimai mənşəyini gizlədib kəndli olduğunu bildirmir və özünü Xolmoqor zadəganının oğlu kimi qələmə verir.
Lakin bu yalanın üstü açılır və yalnız Mixailin biliyinə və fərasətinə heyran olan arxiepiskop Feofan Prokopoviçin dəstəyi nəticəsində o, Akademiyada təhsilini davam etdirə bilir.
“Spasskie şkolı”ya daxil olanda Mixailin 19 yaşı vardı, lakin latın dilini bilmədiyinə görə aşağı sinifdə oturmalı olmuşdu.
Lomonosovun daxil olduğu Akademiya 1684-cü ildə təsis olunmuşdu. 4 aşağı sinifdə qrammatlka, 2 orta sinifdə ritorika və 2 yuxarı sinifdə fəlsəfə və ilahi elmlər tədris olunur, latın dilinə xüsusi fikir verilirdi. Ritorlar sərbəst latın dilində danışmağı bacarmalı idilər. Akademiyada ciddi və sərt intizam vardı. Şənbə günləri tələbələrin biliyi yoxlanılır və dərslərini bilməyənlər şiddətlə kötəklənirdi.
Yaşamaq xeyli çətin idi. Tələbələr ildə 10 rubl alırdı. Lomonosov sonralar bu barədə yazırdı: “...Danışılası mümkün olmayan kasıbçılıq:gündə 3 qəpik pul xərcləyirdim. Bu, yalnız çörəklə kvas içməyə çatırdı, bundan əlavə, yeməyə, kağıza, geyim şeylərinə və s. böyük ehtiyacım olsa da, buna heç cür imkan yox idi. Bu ehtiyaclar içərisində 5 il yaşadım, hər çətinliyə dözdüm, lakin elm öyrənməyi dayandırmadım”.
Akademiyada maddi və tədris şəraiti olduqca ağır idi, insana qəmginlik gətirirdi, elmə həvəs oyatmaq əvəzinə, ona qarşı nifrət oyadırdı. Lakin bunların heç biri Lomonosovun iradəsini və elmə, biliyə olan həvəsini azalda bilmirdi. Digər tərəfdən Mixaildən başqa övladı olmayan atası məktub yazıb yeganə oğlu olduğuna baxmayaraq, onu və ömrü boyu zəhmətlə qazandığı və ölümündən sonra yad adamlar tərəfindən dağıdıla biləcək varidatı atdığına görə Mixaili günahlandırırdı.
Şəraitinin son dərəcə ağır olmasına baxmayaraq, Lomonosov öz dərslərində çox böyük müvəffəqiyyətlər əldə edir.İlk günlərdən belə aşkara çıxan xüsusi istedadına görə Lomonosov qısa müddətdə aşağı sinifdən ikinci sinfə, elə həmin ildəcə ikinci sinifdən üçüncü sinfə keçirilir.
Burada 5 il oxuyan Lomonosov latın dilini yaxşı öyrənmiş, Moskva kitabxanalarında olan kitabları, xüsusən fəlsəfəyə, fizikaya, riyaziyyata aid elmi kitabları mütaliə etmiş, Bizans və qədim yunan mədəniyyəti ilə tanış olmuşdu. İstedadlı Mixail şeir nəzəriyyəsi və lirik şeirlər yazmağa da vaxt ayırırdı.Lakin Lomosovu narahat edən bir məsələ vardı ki, onun oxuduğu akademiyada çox sevdiyi təbiət-riyaziyyat fənlərindən dərs keçirilmirdi.Yalnız ruhani-tarix dərslərinin tədris olunması Mixaili kifayətləndirmirdi. O, darıxırdı.
1735-ci ildə dövlətin qərarına əsasən ruhanilər Akademiyasının elmdə üstünlük təşkil edən müdavimlərindən 25 nəfəri seçilib Peterburq Elmlər Akademiyasına göndərilməli idi. Bu məqsədlə yalnız 12 nəfəri seçmək mümkün olur ki, onlardan biri də bunu çoxdan arzu edən Mixail Lomonosov idi. Beləliklə, 1736-cı ildən Peterburq Elmlər Akademiyasının (Rus Akademiyasının) nəzdindəki Unuversitetin tələbəsi olan Lomonosov üçün təbiət elmlərini öyrənməyə geniş imkanlar yaranmışdı.Bu Akademiyanın əsasını 1725-ci ildə Birinci Pyotr qoymuşdu.
Həmin vaxtlar Peterburq imperiyanın mərkəzi idi, çarın iqamətgahı buradaydı. Eyni zamanda sənaye şəhəri olmaqla bərabər, Peterburq ölkənin böyük tucarət mərkəzinə çevrilmişdi. Dünyəvi əzəmətli tikintilər şəhəri olan imperiyanın bu paytaxtında Rusiyada ilk elm-maarif idarələri açılmışdı. Ölkədə birinci ali ixtisas məktəbi- Dəniz Akademiyası burada fəaliyyət göstərirdi.
Elmlər Akademiyasının təşkili barədə Pyotr çoxdan düşünürdü.O zamanlar, (elə indinin özündə də) “Akademiya” sözü iki mənada işlədilirdi; Akademiya dedikdə, həm ali məktəb, həm də elmi-tədqiqat idarəsi nəzərdə tutulurdu. Qabaqcil adamlar dəfələrlə çara yazdıqları məktublarında təklif etmişdilər ki, Rusiyada Akademiya yaradılsın. Belə layihələrdən birinin müəllifi Fyodor Saltıkov hələ 1714-cü ildə hər bir quberniyada Akademiya təşkil olunmasını tövsiyə etmişdi.Onun təsəvvüründə Akademiyalar zadəganların və tacirlərin 8 yaşından 23 yaşınadək olan övladları üçün tədris müəssisələri olmalı idil.Saltıkov həmin Akademiyalara 18 min nəfər tələbə qəbul etmək təklifini irəli sürmüşdü. Adətən Pyotr bu qəbildən olan məktubları oxuduqda maraq göstərdiyi təkliflərin qarşısında işarə qoyurdu.Akademiyalar barədəki bəndin qarşısında da çar işarə qoymuşdu.Bu, onu sübut edirdi ki, o, təklifi diqqətəlayiq hesab edirdi.Başqa bir müəllifin yazdığına görə, Pyotr 1718-ci ilin iyununda yazmışdı: “Akademiya yaradılmalıdır. Ruslar içərisindən elmli və bu işə həvəsi olan adamları axtarıb tapmaq lazımdır. Hüquq elmlərinə və digər elmlərə aid kitabları da tərcümə etməli.Həmin işlərə bu ildən başlamalı”.
1724-cü ildə və növbəti ilin bir neçə ayı ərzində əcnəbi alimləri Peterburq Elmlər Akademiyasında işləməyə dəvət etmək barədə danışıqlar aparıldı. Akademiya Pyotrun ölümündən sonra, 1725-ci ilin avqustunda açıldı.
... Akademiyaya gəldikdən bir müddət sonra Lomonosov mədən işlərini öyrənmək üçün əlavə 2 nəfər tələbə ilə Almaniyanın Marburq və Freyberq şəhərlərinə yola düşür.
Lomonosov Marburq Universitetində görkəmli alim Xristian Volfun yanında fəlsəfə, fizika, mexanika və Duyzingin yanında riyaziyyat və kimya təhsilini daha da təkmilləşdirir.Az müddət ərzində təbiət elmlərinə dərindən yiyələnən Lomonosov, qısa müddətdə latın, yunan dillərindən əlavə, fransız, alman dillərini də öyrənir.X.Volf Lomonosovun istedad, qabiliyyət və bacarığını yüksək qiymətləndirdiyi kimi, Lomonosov da Volfa dərin ehtiram hissi ilə yanaşırdı. O,1745-ci ildə sevimli müəlliminin “Təcrübi fizika” əsərini rus dilinə tərcümə etmişdi.
Marburqdan sonra Mixail Vasilyeviç kimya, dağ-mədən elmi sahəsində çalışmaq üçün Freyberq şəhərinə bu sahə üzrə mütəxəssis Genkelin yanına getmişdi.
Lomonosov dövri mətbuatı diqqətlə izləyirdi. Ədəbi fəaliyyində onun bir çox odalarının məzmunu bilavsitə dövri mətbuatdan alınan xəbər və mövzularla bağlı idi. Tələbə - şair özünün Xotinin alınmasına həsr etdiyi ilk odasını 1739-cu ildə Almaniyada təhsil alarkən yazmışdı. Əsər rus ədəbiyyatının başlanğıcı sayılırdı.Həmin odanın imperatriça Anna İvanovnaya ithaf edilməsi formal xarakter daşıyırdı. Əslində əsərdə imperatriça deyil, Rusiya dövləti, onun tarixi mövqeyi və müqəddəratı tərənnüm olunurdu.
Lomonosov Almaniyadan Rus Elmlər Akademiyasına “Rus şeirinin qaydaları haqqında məktub” göndərmişdi.Bu məktubunda rus şeirinin vəzni, ölçüsü haqqında fikirlərini əsaslandırmağa çalışmışdı. O, Avropa dillərində yaradılmış şeir nümunələri üzərində dərin tədqiqat işləri aparmış və belə bir qənaətə gəlmişdi ki, xore şeir ölçüsündən başqa, rus dilində yamba vəznində də gözəl şeirlər yazmaq mümkündür.Lomonosov şəxsən öz şeirlərini bu ölçüdə yazmışdır. Yamba sonralar rus şeirinin əsas ölçülərindən birinə çevrilmişdir. Lomonosov Akademiyaya göndərdiyi məktubuna yamba ölçüsündə yazılmış “Xotin qalasının alınması haqqında oda”sını da əlavə etmişdi.
Əlbəttə, həmin dövrdə poeziyaya yeni ölçülər gətirmək böyük cəsarət tələb edirdi. Alim -şairin bu sahədəki təşəbbüsü saysız - hesabsız hücumlara məruz qalsa da, əsər 1751-ci ildə işıq üzü görmüşdü.
Lomonosovun rus şeiri və rus ədəbi dilini yenidən qurmaq sahəsindəki fəaliyyəti tək onun müasirləri olan ədiblərə deyil, ondan sonra gələn yazıçı və şairlər nəslinə də faydalı təsir bağışlamışdır.
Lomonosov rus poeziyasının gələcək qüdrətinə böyük inam bəsləyirdi. Yazdığı odaların birində rus şeiri ilə səmimiyyətlə “dərdləşirdi”:
Deyirdilər şikəstsən, taleyin gülməyəcək,
Ailə ləzzətini heç zaman bilməyəcək.
Mən də düşünürdüm ki, yəqin elə beləyəm,
Ömürlük dul qalmaqçün anadan olmuşam mən.
İndi bütün Rusiya inanır ki, doğrudan,
Rus şeiri gözəllərin gözəlidir binadan.
Şeirə yeni formalar, yeni ölçülər gətirən şair, poeziyanın məzmun məsələlərinə də vacib amillər kimi baxır, sırf məhəbbət mövzusunun zamanın tələblərindən geri qaldığını aydın görür və şeirə yeni ictimai motivlər gətirməyə çalışırdı. Şair-alim bu sahədəki fikirlərini şərh etmək məqsədi ilə uyğun bir forma, qədim Yunanıstanın məhəbbət şairi Anakreonla mübahisə üslubunu seçmişdi. O, Anakreondan etdiyi tərcümələrə şeirlə cavablar yazırdı. Belə cavablardan birini təqdim edirəm:
Qəhrəmanlıq sədasıyla
Titrər rübabın telləri.
Məhəbbətdən dəm vuraraq
Azdırmayaq fikirləri.
Mənim incə qəlbim də var,
Sevgiyə də yad deyiləm.
Amma igidlərdir məni
Öz əbədi şöhrətilə
Valeh edən, düşündürən.
Lomonosov mürtəce ruhanilərin əməllərinə qarşı yazdığı “Saqqal himni” satirasında özünü zahirdə dindar və mömin kimi göstərən, əslində isə mövhumatçı, elmdən uzaq,geridə qalmış adamlar olan saqqallı kilsə xadimlərini kəskin tənqid etmişdi.
Lomonosov Marburq şəhərində yaşayarkən pivəbişirən və şəhər duması üzvünün qızı Yelizaveta ilə evlənmişdi. Bu nikahını o, xeyli müddət gizli saxlamış və kilsədə nikah mərasimi bir neçə ildən sonra, Almaniyadan gedişi ərəfəsində keçirilmişdi.
1740-cı ilin mayında Lomonosov bu ölkəni həmişəlik tərk etmiş və demək olar pulsüz-parasız olduğundan Peterburqa çox böyük çətinliklə, 1741-ci ilin iyulunda gəlib çıxa bilmişdi.
Lomonosovun zövcəsi Yelizaveta Xristina (Yelizaveta Andreyevna) Almaniyadan Peterburqa dördyaşlı qızı Yekaterina-Yelizaveta və öz qardaşı İohann (İohann Andreyeviç) Tsilx ilə 1743-cü ilin sonlarında gəldi. Xidməti işlərində qeyri-müəyyənlik və aldığı cüzi məvacib Lomonosova öz ailəsini Rusiyaya gətirməyə buna qədər imkan verməmişdi.Yalnız 1751-ci ildə Lomonosov “sənət elmlərində fərqləndiyinə görə” kollegiya müşaviri mənsəbinə yüksəldilmiş və bu mənsəb ona nəsillikcə əsilzadəlik və daha yuxarı illik məvacib hüququ vermişdi.
Lomonosovun ailə həyatı dinc axarında gedirdi, xoşbəxt idi. Doğrudur, ailə həyatının lap əvvəlində onun iki azyaşlı uşağı – qızı Yekaterina və oğlu İvan tələf olmuşdu. Ailə aza qane olub yaşayır, kübar əyləncələri ilə az maraqlanırdılar. O, bu barədə 1761-ci ildə yazırdı: “Müxtəlif elmlərə dair işlərim başımdan aşır, odur ki, bütün məclislərdən boyun qaçırıram; mənim arvadım və qızım evdə oturmağa vərdiş ediblər və komediyaçılara baxmağa heç həvəsləri yoxdur. Mən boş söhbətləri və özünü öyənləri dinləməyi xoşlamıram. İndiyədək biz can bir, qəlb bir yaşayırıq”.
Lomonosovun ölümündən sonra dul qadını ərinin mozaika fabrikasının borclarını ödəməyə vəsait tapmırdı: Lomonosovun fərsiz fabrikant və malikanə sahibi olduğu üzə çıxmışdı. Onun mozaik rəsmlərinə heç kəs pul saymaq istəmir, malikanədən isə gəlir demək olar ki,yox idi. Ailəsi hətta onun məzarına belə abidə qoya bilmirdi. Yada salmaq istərdim ki, Lomonosov Peterburqun 70 verstliyində yerləşən kiçik Ust-Ruditsa kəndində fabrik tikdirməyi qərarlaşdırmış, həmin fabrik bir müddət rəngli şüşədən qab-qacaq istehsal etmişdi. Lakin maddi cəhətdən bu iş özünü doğrultmamışdı. Gözəl rəssamlıq qabiliyyəti ilə də seçilən Mixail Vasilyeviç 1755-ci ildə mozaikadan Birinci Pyotrun əsrarəngiz bir portretini yaratmışdı.Lakin fabrikdə mozaik işlərin davam etdirilməsi və iqtisadi nailiyyəti əldə etmək imkanları da istənilən nəticəni verə bilməmişdi.
Yelizaveta Andreyevna Lomonosova özünün şan-şöhrətli ərindən cəmi ilyarım çox yaşamışdı. 1766-cı ilin payızında o da vəfat etmişdi. Qızı Yelena 1766-cı ildə kitabxanaçı A.Konstantinova ərə getmişdi...
Lomonosov Rusiyaya artıq bir mükəmməl alim kimi qayıtmış, bir il sonra fizika üzrə adyunkt, yəni kiçik elmi işçi,1745-ci ildə isə kimya professoru, başqa sözlə, akademik adı almışdı. Lakin necə almışdı?
Birinci Pyotrun yaratdığı Akademiya fəaliyyətə başlayarkən buraya xeyli əcnəbi alimlər dəvət olunmuşdu. Əksəriyyəti də bilik səviyyələrinin az olmasına baxmayaraq, Akademiyada rəhbər vəzifələr tutmuşdular. Vəzifədə öz üstünlüklərini qorumaq üçün onlar rus mədəniyyətinin inkişafına, eləcə də rus kadrların hazırlanması işinə hər cür bəhanələrlə mane olmağa çalışırdılar.Bunu başa düşən rus alimləri ilə əcnəbi alimlər arasında Akademiyada daim ziddiyyətlər yaranır və kəskin mübarizə gedirdi. Alman alimlərinə başçılıq edən İ.D Şumaxer və onun məsləkdaşı Taubert rusların və xüsusilə Lomonosovun qəddar düşməni idi. Akademiyanın bütün işlərini müstəqil aparan Şumaxer yaxşı bilirdi ki, yerli rusiyalıların elmdə üzə çıxması və professorluğa layiq görülməsi onun üçün qorxulu idi. Buna görə də öz Vətənini və xalqını ürəkdən sevən Lomonosov, Rusiya elminin düşmənləri ilə qəbrə qədər mübarizə aparmaq qətiyyəti ilə yaşayırdı. Şair üzünü həmvətənlərinə tutaraq, onları Rusiyanın, rus elminin gələcəyi naminə hər cür zəhmətlərə qatlaşaraq mübarizəyə qoşulmağa çağırırdı:
Çalışın, vuruşun, sübut edin ki,
Böyük neftonları, əflatunları
Doğmağa qadirdir rus torpağı da!
Maraqlıdır, bizim Hüseyn Cavid də vaxtilə Lev Tolstoyun “Zülmə, sitəmə, bəla və müsibətə qarşı səbr” fikirlərinə sonradan etiraz etmiş, sələfi Hötenin “Yaşamaq istərsən, vuruş həmişə!” kimi qəti hökmünə haqq qazandıraraq, “Haqqını sən yalnız mübarizə ilə alarsan!” qənaətinə gəlmişdi.
Onu da deyim ki, bu mübarizədə Lomonosov Eyler, Bernulli və Rixman kimi çalışqan, qabaqcıl xarici alimlərin səmərəli işlərini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşırdı.
Rus alimlərinə olan münasibət Mixail Vasilyeviçi gərginliklə düşündürürdü. Xaraktercə hövsələsiz olan Lomonosovun əcnəbi qrupla apardığı mübarizə bəzən kobud şəkil alır, ciddi toqquşmalara çevrilirdi .Belə qarşıdurmaların biri Lomonosovun altı ay evdə dustaq qalmasına səbəb olmuşdu.
V. Belinski Lomonosovun müqəddəs prinsiplərindən və bu məqsədə doğru əzmkar mübarizəsindən bəhs edib yazırdı: “Öz məqsədinə doğru belə bir inadla irəliləmək üçün ona kim vəsait vermişdi?-Dahinin əlində silah olan qüdrətli iradədən başqa heç kim!..Bu qüdrətli iradə ona demişdi:ey gənc dahi, sən öz yolunla get, öz böyük əməllərinə doğru irəlilə! İnsanlarla vuruş, bu insanların səadəti naminə onlardan əziyyət gör, varlıların əlini sıx, məmurların qarşısında başını əyib təzim et, lakin bunu onlar üçün və özün üçün yox, sevimli Vətəndə elmi yaymaq xatirinə et və unutma ki, bu, sənin üçün bir vəzifə deyildir, bu, sənin tərəfindən verilmiş bir qurbandır...”
Lomonosov Rusiyada Elmlər Akademiyasındakı işinə mətbuatdan başlamışdı.1741-ci ildə Almaniyadan Petrburqa qayıdan Lomonosova bir neçə ay ərzində iş verilməmişdi. O, təhsilini bitirib qayıtdığı üçün bir neçə dəfə raport verilmişdisə, buna cavab ala bilməmişdi. Lakin işsiz qalmayaraq “Sankt-Peterburqskiye vedomosti” qəzetində müəllif yazıları və tərcümə işləri ilə çıxış etmişdi.Qəzetdə o, maaşlı idə çalışmırdı və özünü dolandırmaq üçün arabir ona 10-15 rubl pul verilirdi. “Sankt-Peterburqskiye vedomosti”yə əlavə olaraq dərc olunan “Primeçaniya” məcmuəsində də (1728-ci ildən 1742-ci ilədək dərc olunan “Primeçaniya” Rusiyada ilk ədəbi-elmi jurnal idi) Lomonosovun əsərləri çap olunurdu. Onun tərcümələri bəzən jurnalın bir neçə nömrəsində ardıcıl təqdim olunurdu. Məsələn, akademik Kraftın “Səhhətin qorunması” məqaləsi “Primeçaniya”nın 80-83-cü nömrələrində verilmişdi. 1741-ci ildə jurnalın 10 nömrəsi Lomonosovun tərcümələrindən ibarət olmuşdu. Alim-şairin odaları da həmin jurnalın səhifələrində dərc edilirdi.
Qeyd etdiyim kimi, Lomonosov Akademiyada zəkası, biliyi və elmi qüdrətinin qarşısında çox balaca olan kiçik elmi işçi vəzifəsini son dərəcə yaradıcılıqla idarə etmişdi. Rus elm və mədəniyyətini hər vasitə ilə ucaltmaq naminə bütün imkanlarını səfərbər edən Mixail Vasilyeviç professor təyin ediləndə də mətbuatla əlaqəsini kəsmirdi.Əksinə, mətbuata daha çox yaxınlaşırdı. “Sankt-Peterburqskiye vedomosti” qəzeti Elmlər Akademiyası yanında çıxdığına görə, professor Lomonosov Akademiyanın qərarı ilə qəzetdə işə cəlb olunmuşdu.
Lomonosov öz ciddi elmi işləri ilə bərabər, “vedomosti”nin də real redaktoruna çevrilmişdi.Qəzetin və onun xəbərlərinin ümumi xarakterini dəyişdirə bilməsə də,onun dilinə, ifadə formalarına çox səmərəli təsir göstərə bilirdi. Lakin Akademiyada öz imkanlarından istifadə edib Lomonosovun redaktorluq işinə mane olanlar da vardı, onlar hər kiçik faktdan istifadə edib Mixail Vasilyeviçi gözdən salmağa çalışırdılar. Görkəmli alim 1751-ci ildə “Vedomosti”nin redaktorluğundan istefa versə də, ana Vətəni Rusiya üçün,elm və mədəniyyətin inkişafı üçün mətbuatın nə qədər zəruri amil olduğunu yaxşı dərk edirdi. Odur ki, mümkün olan hər yerdə mətbuat orqanı yaradılmasına çalışır, çox vaxt buna nail ola bilirdi.
Rusiyada ilk ədəbi-elmi jurnal olan “Primeçaniya” bağlandıqdan sonra 1755-ci ilədək “Sankt-Peterburqskiye vedomosti” yeganə mətbuat orqanı olaraq qalırdı. Lakin həmin il Lomonosovun təşəbbüsü və mübarizəsi nəticəsində yaradılmış “Yejemesyaçnıye soçineniya” jurnalı Rusiyada birinci əsl elmi-ədəbi çoxsəhifəli jurnal oldu.Lomonosov jurnalın ciddi elmi xarakterini təmin etmək üçün məqalələrin Akademiya iclaslarında oxunub təsdiq edilməsini təkid edirdi. Çünki o, bir tərəfdən jurnalın redaktoru təyin olunan Millerin rus elminə və alimlərinə olan mənfi münasibətini bildiyindən yeni jurnaldan da bu yolda istifadə edəcəyindən, digər tərəfdən isə qondarma alimlərin əsərlərinə yer veriləcəyindən ehtiyat edirdi.Lomonosovun təklifinin əleyhinə çıxanlar isə onun əzəmətindən çəkinirdilər.Akademiyada Lomonosova olan münasibətin ucbatından o, jurnalda fəal iştirak edə bilməsə də, cəmi iki şeirini dərc etdirsə də, alim jurnalda çap olunan yazıların məzmununu daim nəzarətdə saxlayırdı.
“Yejemesyaçnıye soçineniya”nın yarıtmaz qurulmasından narazı qalan Lomonosov elmi bilikləri və elmdəki yeni kəşfləri təbliğ etmək məqsədi ilə 1758-ci ildə rus və xarici alimlərin əsərləri və onların fəaliyyəti haqqında həftəlik nəşr olunan kiçikhəcmli orqan nəşr etməyi təklif edir və onun layihəsini verir. O, qeyd edir ki, bu orqanı elm adamlarının işləri haqqında “Sankt-Peterburqskiye vedomosti” adlandırmaq lazımdır.Bunun ardınca bir sıra mətbuat orqanları, xüsusilə elmi nəşrlər Lomonosovun adı ilə bağlıdır.Məsələn, 1759-cu il iyulun 15-də yeni dövri nəşrin yaradılması haqqında Mixail Vasilyeviç verdiyi təqdimatda yazırdı: “Zənnimcə, Elmlər Akademiyası yanında daxili Rusiya xəbərlərinin çap olunması faydalı olardı.Bu xəbərlər həm bütün dövlət idarələrinin məlumatlılığı, həm dövlətin daxili vəziyyəti - bir yerdə nəyin artıq olduğu və ya nəyin çatışmadığı; məsələn, taxılın bolluğu və ya qıtlığı, malların və ya ərzağın ixracı, bir çox başqa şeylər haqqında xəbərlərin ticarət və peşə adamlarının nəzərinə çatdırılması dövlət iqtisadiyyatında xüsusi adamları, ələlxüsus tacirləri vətənə xeyir verməyə sövq edərdi...”.Sonra Lomonosov yeni nəşrin layihəsini verirdi:
1) Bu xəbərlər təkcə rus dilində çap olunsun.
2) Məlumat üçün bütün adi xəbərlərdə təqdim olunan məsələlər burada çap edilsin.
3) Siyasi xəbərlərlə birlikdə eyni zamanda elmi işlər, kitablar və s.haqqında məlumatlar dərc edilsin.
4) 1760-cı ildən nəşr edilməyə başlanılsın.
5) Xəbərlərə quberniya və şəhərlərdən olan tələbat haqqında sorğu Senata təqdim edilsin və bu barədə Akademiyada layihə hazırlansın.
Lomonosovun “Jurnalistin vəzifəsi” məqaləsi üzərində xüsusi dayanmaq vacibdir. Dahi bu barədə yazır: “Jurnalistə qabiliyyət və iradə lazımdır.Qabiliyyət ona görə lazımdır ki, onun planına daxil olan məsələlər barəsində əsaslı və işi bilərəkdən mühakimə yürütsün. İradə ona görə lazımdır ki, heç bir mənfi rəyə uymadan, ehtirasa qapılmadan həqiqətdən başqa heç bir şeyi nəzərdə tutmasın.
Məqaləsinin sonunda Lomonosov jurnalistin vəzifəsinə dair bir neçə şərt, tələb irəli sürür.Bu tələblərin təhlili göstərir ki, onlar özünün əbədi müasirliyini, təravətini, çəkisini nəinki bu gün, sabah da, gələcək nəsillər üçün də qoruyub saxlayacaqdır:
1) Yeni əsərlərin məzmununu camaata bildirmək işinə girişən adam öz qüvvəsini əvvəlcədən ölçüb-biçməlidir, çünki o, öz üzərinə ağır və mürəkkəb zəhmət götürür.Bundan məqsəd heç də məlum şeyləri və ümumi həqiqətləri bildirmək deyil, əsərlərdə yeni və mühüm şeyləri qavramağı bacarmaqdır.
2) Əsər haqqında səmimi və ədalətli hökm çıxarmaq üçün jurnalist öz əqlini hər cür mənfi rəylərdən xilas etməli, yəni müstəqil düşünüb özü nəticə çıxarmalıdır.Müəllifi mövcud baxışlara tabe olmağa məcbur etmək olmaz.
3) Elmi iclaslarda baxılıb bəyənilmiş əsərlərin şərhinə daha ehtiyatlı yanaşmaq lazımdır, çünki belə əsərlər biliklərinin məcmusu, təbiiki jurnalistin biliyindən artıq olan adamlar tərəfindən müzakirə edilib nəşrə layiq görülmüşdür.
4) Jurnalist fərziyələri pisləməyə tələsməməlidir.Fərziyyə ən böyük adamların ən mühüm həqiqətləri açmaları üçün hətta yeganə yol olmuşdur.
5) Jurnalist yadda saxlamalıdır ki, öz qələm yoldaşlarının söylədiyi fikir və mülahizələri öz adına çıxmaq ən şərəfsiz işdir.
6) Jurnalist yeni əsərlərdə öz fikrinə görə lazım bildiyi şeyi rədd edə bilər.Lakin bunun üçün o, müəllifin fikri ilə axıra qədər dərindən tanış olub ona mahiyyət etibarı ilə və inandırıcı dəlillərlə etiraz etməlidir. Jurnalist heç də öyünməməlidir ki, ona aid olmayan və özünün izah edə bilməyəcəyəi şey müəllif üçün də aydın deyildir.
7) Nəhayət, jurnalist öz üstünlüyü,öz nüfuzu və mühakimələrinin ləyaqəti haqqında həddindən artıq yüksək rəydə olmamalıdır. Başqa sözlə desək, jurnalist təvazökar olmalıdır...
Akademiyada isə ən biabırçı vəziyyət kimya kafedrasında idi. Akademiyanın prezidenti Blyumentrostun yaxın dostu Byurgerin kimyadan heç məlumatı yox idi.O, vəfat edəndən sonra onun yerinə botanika mütəxəssisi Qmelin dəvət olunmuşdu. Bu “mütəxəssis” də kimya əvəzinə, Sibirdə topladığı botanika kolleksiyaları ilə məşğul olurdu.Kimya kafedrasında üçüncü sima tibb mütəxəssisi Miqend idi ki, bu da kimya elmi ilə heç bir əlaqəsi olmayan və dostluq münasibətlərinə görə vəzifə tutan adam idi.
Lomonosovun kimya sahəsində dərin biliyi və təcrübəsi vardı.Uzun vaxt süründürmədən sonra akademiklər nəhayət, Lomonosovun elmi əsərlərini yüksək qiymətləndirib, onun professor adına layiq görülməsini qərara aldılar. 1745-ci ilin iyun ayının 25-də Lomonosova kimya elmləri professoru və akademik adı verildi.Həmin vaxtdan etibarən 34 yaşlı gənc kəndli balası olan alim Elmlər Akademiyasının ilk rus akademiki kimi tarixə düşdü.
Professor adı alandan sonra alman alimlərinin dəstəsi ilə apardığı ciddi və çətin mübarizədən sonra, 1748-ci il oktyabrın 12-də Lomonosov Rusiyada ilk kimya laboratoriyasının yaradılmasına nail oldu.
Rus aliminin yaratdığı kimya laboratoriyasında ilk dəfə onun rəhbərliyi altında tələbələrlə fiziki kimyadan təcrübə məşğələləri keçirildi.Beləliklə, kimya elminin öyrənilməsində təcrübə üsullarından istifadə edilməsinə ilk olaraq Rusiyada başlanıldı.1754-cü ildə Lomonosovun tələbəsi olan V.İ.Klementyev fiziki kimyadan dünyada birinci dissertasiya işi müdafiə etmişdir.Qürurla qeyd etmək olar ki, fiziki kimyanın banisi və atası məhz Lomonosov olmuşdur.Boris Nikolayeviç Menşutkinin 1904-cü ildə çap olunan “Lomonosov fizik-kimyaçı kimi” adlı əsəri Lomonosovu bütün dünyada ilk fizik-kimyaçı rus alimi kimi tanıtdı.
Lomonosov hələ 1744-cü ildə nəşr etdirdiyi “Ritorika” əsərində bildirirdi ki, elm həqiqəti dərk etməyin rəhbəri, əqlin maarifi, xalqların rahatlığı deməkdir. Həmin əsərində alim yazırdı: “Rusiyanın gənc oğulları, şən əməklə məşğul olun.Səylə oxuyun. Mən Rusiya Akademiyasını Rusiya oğullarından ibarət görmək istəyirəm.Biliyinizi zənginləşdirməyə çalışın.Geniş vətənimizdə təbiətin bəxş etdiyi bol xəzinələr lazımınca öyrənilməmiş, sirr olaraq qalır və məharətli əlləri gözləyir.Təbii şeyləri öyrənməyə, dərk etməyə var qüvvənizi sərf edin”.
Vasili Kirilloviç Trediakovski rus ədəbiyyatı tarixində şair və ədəbiyyat nəzəriyyəçisi, klassizmin əsasını qoyanlardan biri kimi tanınır. Taleyin bənzərliyinə baxın ki, o da Lomonosov kimi təhsilə və elmə olan hədsiz marağı naminə ailəsindən gizli olaraq Həştərxanı tərk edərək, Moskvaya qaçmış və burada Slavyan- yunan-latın Akademiyasına daxil olmuşdu. İki ildən sonra elmlərə daha dərindən yiyələnmək üçün Fransaya getmişdi. Trediakovski zəmanəsinin ən məşhur ali məktəbləri sayılan Sorbon və Paris universitetlərində mühazirələr dinləmişdi.
Trediakovski Peterburq Elmlər Akademiyasında işlədiyi zaman o da buranın əsas heyətini təşkil edən alman akademikləri ilə üz-üzə gəlirdi.Bu adamlar müxtəlif yollarla rus aliminin inkişafına mane olur, ona elmi ad verilməsini illərlə süründürürdülər. Trediakovski də Lomosov kimi yalnız 1745-ci ildə professor adını almışdı.
Aleksandr Petroviç Sumarokovun atası qədim boyar ailəsindən idi.I Pyotrun dövründə böyük dövlət vəzifələrində çalışımış və bir zaman Finlandiyada canişin olmuşdu. Aleksandr Sumarokov elə Finlandiyada doğulmuşdu.
Yazıçı və teatr xadimi kimi tanınan Sumarokov dvoryan ideoloqu idi, dvoryan sinfini dövlətin istinadgahı bilirdi. Lalkin o, azmədəniyyətli, nadan və cahil dvoryanlara istinad etmirdi.Sumarokov ziyalı dvotyanları yüksək tuturdu.Onun fikrincə,öz şərəfli işləri, dövlətə namusla xidmət etmələri ilə ad qazanan maariflənmiş zadəganlar dvoryan adına layiq şəxslər idi.İctimai görüşlərində Sumarokov təhkimçilik tərəfdarı idi.O, təhkimçilyi ədalətli, qanuni və təbii bir üsul hesab edirdi.Yazıçı dvoryan sinfini “millətin başı”, kəndli sinfini isə “ayağın çeçələ barmağı” adlandırır, kəndnlilərin təhkimçilikdən azad edilməsi məsələsini “ağılsızlıq” hesab edirdi.
Sumarokov eyni zamanda kəndlilərlə kobud rəftar edən zalım mülkədarları insan saymır, onları “heyvan”, “öküz” adlandırırdı.O, kəndlilərin alınıb-satılması əleyhinə çıxırdı.Kölələrini qumarda uduzan mülkədarlar yazıçıda sonsuz nifrət oyadırdı. Ədib özünün “Ev quruculuğu” adlı məqaləsində kəndliləri həddindən artıq istismar edən mülkədarların yeyib-içdiklərini “insan qanı” və “göz yaşları” adlandırırdı.
1740-cı ildə gənc Sumarokov Lomonosovun şeirləri ilə maraqlanır, tezliklə iki şair arasında dostluq yaranır.Sumarokov Lomonosova mədhiyyəli şeirlər həsr edir və onu dünya ədəbiyyatının ən görkəmli qəsidəçi şairləri ilə bərabər tutur.Lakin bu pərəstişkarlıq çox davam etmir.Sumarokovun poeziyasında Lomonosova qarşı zidd motivlər yavaş-yavaş güclənməyə başlayır.Sumarokov Lomosovun əleyhinə çıxır, onu tənqid etməyə başalyır.Lomonosov üslubu haqqında istehzalı yazılar, satiralar “yaradan” Sumarokov, Mixail Vasilyeviçin yaradıcılığına daha bir xəyanət edib, “Mənasız qəsidələr” adlı şeirlər silsiləsi yazır.
Lomonosovla Trediakovski və Sumarokov arasında müxtəlif nəzəri məsələlər üzrə yaranan mübahisələr davam edir.Əvvəllər yoldaşlıq və dostluq xarakteri daşıyan bu mübahisələr illər keçdikcə, daha da şiddətlənir, kəskinləşərək şəxsi-qərəzliyə, ədavətə çevrilir.
M.Muratov “Lomonosov”da yazır ki, Lomonosovun adı bütün savadlı ruslara məlum idi. Onun kitabları yaxşı alınırdı.O zaman üçün adi tiraj hesab edilən 600 nüsxə ilə çap olunmuş “Tamira və Səlim” faciəsini dərhal yenidən nəşr etmək lazım gəldi.
Onun oxucuları və pərəstişkarları var idi.Lakin dostları isə demək olar ki, yox idi.
Peterburq akademikləri içərisində təbiət elmləri ilə məşğul olan alimlər çox az idi. Akademiklərdən Kraft və Qmelin xaricə çıxıb getmişdilər.Lomonosovun fizika məsələlərinə dair söhbət etdiyi Rixman həlak olmuşdu. Rixmandan bir qədər sonra Kraşeninnikov da ölmüşdü.Nisbətən görkəmli alim tarixçi Miller idi.O, işgüzar adam idi.Gərgin surətdə arxiv materialları toplayır, Akademiyanın dəftəxanasına qarşı açıq çıxış edirdi.Lalkin Miller Rusiya tarixi haqqında fikir söyləyərkən dəfələrlə Lomonosovun vətənpərvərlik hissinə toxunmuşdu.Onların arasında gedən mübahisələr daimi düşmənçiliyə çevrilmişdi.
Trediakovski şeir sənəti və qrammatika məsələləri üzərində gərgin və əsaslı iş aparırdı.Onun mühakimələrində çox qiymətli fikirlərə rast gəlmək olurdu.Lakin Lomonosov parlaq və iti sözü sevirdi.Trediakovski isə özü haqqında yazırdı: “Hər əlinə tüfəng götürən tərlan ovlaya bilməz”. O, çox şey bilirdi, lakin bəzən özünün yanlış mühakimələrini qızğın surətdə müdafiə edərək eyni bir şeyi adamı zinhara gətirəcək bir tərzdə təkrar edirdi. Lomonosov ilə Trediakovski arasında çoxdan başlamış ədavət illər boyu soyumurdu.
Sumarokov ədəbiyyat haqqında aydın və çox zaman ağıllı fikirlər söyləyirdi. Lakin o tez-tez Lomonosova hücuma keçirdi.
Onların baxışları çox fərqlənirdi.Sumarokoov təsdiq edirdi ki, Lomonosovdan daha sadə yazmaq lazımdır. Sumarokov tez-tez deyirdi ki, Lomonosovun təntənəli odaları həddindən artıq təmtəraqlıdır.
Lomonosov “Tamira və Səlim” faciəsini yazdıqdan sonra istər-istəməz Sumarokovla yarışa girdi. Bu zaman onlar qəti surətdə görüş etibarı ilə bir-birindən ayrıldılar.Lomonosov həm elm, həm də ədəbiyyat sahəsində xeyli tək işləməli oldu.
“Xeyli tək işləməli oldu” ifadəsi açığını deyim ki, qəlbimi titrətdi.Həyatın yazılmamış qanunları kimi insanların, hətta dahi insanların taleyinə yazılan bu mənəvi keşməkeşlərin zərbəsi sonda elə insanlığın özünə tuşlanır. Səməd Vurğunumuz necə də gözəldemişdir:
Ömür rövnəq tapır könül güləndə,
İnsanın qədrini insan biləndə...
Belinski Lomonosovun ömür yollarını, qarşısına çıxan çoxsaylı maneələri yaxşı bildiyindən ona bir an da olsa, dəstəyini unutmurdu. Dahiyə müraciətində bir daha bəyan edib yazırdı: “...Sən bu dünyadakı boş və mənasız işlərin xatirinə, yaxud hər növ parlaq rəzilliyə, qızıl suyuna çəkilmiş bütlərə qul kimi təəccüblə səcdə edənlərin xatirinə öz ləyaqətini, öz böyük adını və yüksək mənsəbini insanların qarşısında , kor-koranə xoşbəxtlik axtaranların qarşısında alçaltmamalısan, sən Allah tərəfindən seçilmisən, sən göylərin vətəndaşısan, kainatın məmurusan!..”.
“Çalışıram, dözürəm ona görə ki... rusiyalılar özlərinin nəyə qadir olduqlarını göstərə bilməyi öyrənsinlər...”- deyə Lomonosov ömrü boyu bütün qüvvəsi ilə gecəli-gündüzlü işlədi.Bütün həyatı elm və tərəqqi naminə qəhrəmanlıq dolu mübarizə və qələbədən ibarət oldu. O,hər şeylə həvəslə, məhəbbətlə və müvəffəqiyyətlə məşğul olurdu: “Qələbə yalnız ruh yüksəkliyi oyadan sonsuz arzudan, doğma vətənə ehtiraslı məhəbbətdən, cəsarət və qətiyyətdən yaranır. Özü də təkcə və bir o qədər də ayrıca sonsuz arzudan deyil, bütün qüvvələrin ardıcıl səfərbər edilməsindən, yavaş-yavaş, səbirlə dağları yerindən oynadan, əsrarəngiz dərinliyi üzə çıxararaq nurlandıran daim alışıb-yanmaq hissindən yaranır”.
Lomonosov yalnız şair, natiq və ədəbiyyatçı deyil, habelə böyük alim idi. Geniş və dərin bir elm olan təbiətşünaslıq onun hər şeylə maraqlanan zəkasını özünə cəzb edirdi və cənab Polevoyun gözəl dediyi kimi, “Elm və biliyə can atan Rusiya, Lomonosovun simasında Volfun qapısını döyürdü”...
Azərbaycanın tanınmış şairi Əli Tudənin yaradıcılığında sevdiyim motivlərdən biri də dil haqqında, xüsusən ana dili haqqında söylənən fikirlərdir: “Dil xalqın milli qüruru, könül sərvəti, ideya silahıdır”, “Hər xalqın mədəniyyət xəzinəsindəki ən qiymətli inci doğma ana dilidir.Dil xalqın ən böyük, ən əziz, ən nadir mənəvi sərvətidir. Dil ananın südü ilə yoğrulur, laylası ilə boy atır, xeyir-duası ilə pərvazlanır”, “Dil çağlaya-çağlaya, durula-durula, parlaya-parlaya nəsildən-nəslə əmanət qalır”, “Dil ipə-sapa yatmayan azadlıq fədaisidir”, “Dil təsəlli də, həyan da, arxa da olur. Dil xalq da, Vətən də, istiqlal da olur.Dil hünər də, cürət də, zəfər də olur.Dil Vətəndə sakinə, qürbətdə Vətənə çevrilir”. Bu məfkurə ilə öz ana dili-Azərbaycan dilinə böyük məhəbbət bəsləyən Əli Tudə rus qardaşının dilinə də sevgilə yanaşır, onu “Rus dili” şeirində ehtiramla vəsf edir.Şair göstərir ki, qələbə, sülh, azadlıq anlayışları ilə bağlı olan bir sıra rus sözləri bütün dünyada yayılmış, hamı üçün anlaşıqlı olmuşdur.O, göstərir ki, rus fəhləsi Zimniyə hücum edib “Svoboda” deyəndə, İkinci Dünya müharibəsi zamanı Ərdəbilə gələn rus əsgəri “tovarişi” deyəndə, Reystağın qülləsində “Pobeda” söylənəndə, Moskva elçisi Millətlər Məclisində “Mir” kəlməsini ifadə edəndə, dünya ictimaiyyəti o sözlərin mənasını yaxşı başa düşürdü.Şeir belə yekunlaşır:
Bu dil rus qardaşımın
Fəxridir, vüqarıdır.
Bu dil elə dildir ki,
Dillərin açarıdır.
Dillərin açarı olan rus dili haqqında böyük rus oğlunun fikirlərinə qayıdaq. Lomonosov qeyd edirdi ki, rus dilinin əsasını kilsə-slavyan dili təşkil edir. Rus mədəniyyəti kilsə-slavyan dili vasitəsilə yunan, Roma və Bizans mədəniyyəti ilə yaxından tanış olmuşdur. Kilsə-slavyan dili heç bir zaman rus milli zəminindən, rus dilindən ayrılmamışdır. Lomonosov dili təhlil etdiyi zaman burada 3 ünsürün olduğunu qeyd edirdi: təmiz rus dili, danışıq dili və ümumi rus dili ilə qarışmış slavyan dil ünsürləri. Lomonosov bu bölgünün əsasında məşhur “Üç üslub haqqında” əsərini yaratmışdır.
İlk rus professorunun ən böyük xidmətlərindən biri də bu idi ki, Elmlər Akademiyasının iclaslarında öz əsərlərinin nəticələrini birinci dəfə olaraq rus dilində məhz özü söyləmişdi. Peterburqda fizikadan məşhur açıq mühazirəni rus dilində ilk dəfə o oxumuşdu. Onun kitabları- Volfun fizikaya dair əsərinin tərcüməsi, metallurgiyaya dair kitabı və ümumi mühazirələri müasir dövrdə işlənən rus elmi dilinin əsasını qoymuşdu.
Rus dilçiliyinin tarixində dilçiliyin ümumi nəzəri cəhətləri, bədii dil və üslub, dil tarixi, dialektologiya, orfoqrafiya, fonetika, morfologiya və sintaksislə əlaqədar olan bir çox məsələlərin qoyuluşu və ilk elmi həlli məhz Lomonosovun adı ilə bağlıdır.Böyük alim rus dilində elmi-texniki terminologiyanın da yaradıcılarından biri olmuşdur. Mixail Vasilyeviç xarici dillərə məxsus olan terminlərin rus dilinə tətbiq olunmasını milli mədəniyyətin sağlam inkişafı üçün təhlükə hesab edirdi. Alim yazırdı: “...Belə sözlər dilimizə hiss edilmədən daxil olur, dilimizin özünəməxsus gözəlliyini pozur, onu daimi dəyişikliyə uğradır və durğunluğa vadar edir”.
Vətənpərvər şair-alim üçün rus xalqının dili bu xalqın ən qüdrətli sərvəti idi. Lomonosovun dövründə rus ədəbi dili yaxşı inkişaf etməmişdi.Hələ Puşkin şeirindən söhbət gedə bilməzdi.Mixail Vasilyeviç öz tədqiqatlarında rus ədəbiyyatının milli dəyərlərini mühafizə edir, milli rus dili və ədəbiyyatı uğrunda çarpışırdı.Alim deyirdi: “Söz adama ona görə verilmişdir ki, o, öz fikirlərini başqasına çatdıra bilsin.Əgər maşının hissələri düzgün qurulmasa və bir-birinə qarşılıqlı təsir edə bilməsə, o zaman onların olması faydasızdır.Həmçinin insanlar da əgər öz anlayışlarını bir-birilərinə izah edə bilməsəydilər, meşələrə və səhralara səpələnnmiş vəhşi heyvanlara bənzəyərdilər”.
“Ritorika”nın nəşrindən sonra Lomonosov digər çoxsaylı işlərlə yanaşı, qrammatikanın tərtibi üzərində də çalışdı.Onun belə bir qeydi vardı: “Hərçənd ki, məni öz əsas işlərim filologiya elmindən daha çox maraqlandırır, lakin gördükdə ki, heç kim bu işlə məşğul olmur...”.Burada ifadə yarımçıq qalmışdı, lakin ondakı məna aydın idi:Lomonosov heç kimin məşğul olmaq istəmədiyi rus qrammatikasını tərtib etməyi qərara almışdı.
Qədim rus atalar sözünü xatırlayaq : “Savad-müdrikliyə pilləkəndir”. Lomonosovun dili ilə desək: “Bütün elmlərin qrammatikaya ehtiyacı vardır, qrammatikasız natiqlik kütdür, poeziya pəltəkdir, fəlsəfə əsassızdır, tarix anlaşılmazdır”.
“Qrammatika” sözü yunanca “qramma”, yəni “hərf” sözündən götürülmüş, əvvəllər “yazı” mənasında işlədilmiş, sonra isə dilin quruluşu haqqında elm adlandırılmışdır.
Lomonosovun “Rusiya qrammatikası” 1755-ci ildə yazılıb sona çatdırıldı və sonralar 100 il müddətində 14 dəfə təkrar nəşr edildi.
Zəhmətkeş alimin “qrammatika”sı təkcə elmi əsər deyil, eyni zamanda sanballı dərs vəsaiti idi. Kitabın müqəddəməsində müəllifin belə bir qeydi vardı: “Roma imperatoru V Karl deyirmiş ki, ispan dilində Allahla, fransız dilində dostlarla, alman dilində düşmənlərlə, italyan dilində xanımlarla danışmaq lazımdır.Əgər o, rus dilini bilsəydi, əlbəttə, deyərdi ki, rus dilində onların hamısı ilə danışmaq yaxşıdır.Çünki bu dilin ispan dili kimi dəbdəbəli, fransız dili kimi şirin, alman dili kimi möhkəm, italyan dili kimi zərif olduğunu görərdi”.
Onu deyim ki, Lomonosov elmin bütün sahələrindən zəngin məlumatı olduğu kimi, o, eyni zamanda çox istedadlı poliqlot idi.Belə ki, o, 19 dildə sərbəst danışıb yaza bilirdi.
Lomonosov üçün rus tarixi ilə məşğul olmaq təkcə elmi iş deyil, eyni zamanda vətənpərvərlik işi idi.O, sübut etmək istəyirdi ki, rus xalqı böyük keçmişə malikdir.İ. Şuvalov təkid edirdi ki, Lomonosov Rusiyanın tarixi ilə mümkün qədər daha çox məşğul olsun.Etiraf edirdi ki, yalnız Lomonosov rus xalqının keçmişi haqqında parlaq və aydın kitab yaza bilər.
Lomonosov 1754-cü ildə Rusiya tarixinin birinci üç fəslinin qaralamasını tərtib etdi. Lakin onu qurtarmaq üçün xeli vaxt sərf etmək lazım gəlirdi. Alimin müxtəlif işlərlə məşğul olması kimya və fizika ilə çalışmasını getdikcə daha çox sıxışdırıb ikinci plana keçirirdi. Başqalarının istirahətə sərf etdiyi vaxtı o, bu elmlər üçün ayıra bilməyə çalışırdı.
“Qədim rus tarixi” əsərində Lomonosov qeyd edirdi ki, humanitar elmlər hökmdara ölkəni idarə etmək, döyüşçüyə cəsur, hakimə ədalətli olmaq, gənclərə qədim elmləri öyrənmək, ixtiyar babalara öz məsləhətlərinə böyük inam bəsləmək, hər bir kəsə isə xoşbəxtlyi əldə etmək imkanı verir.Eyni zamanda Lomonosov tarixi faktları düzgün və elmi əsaslarla şərh etməyi tələb edir, xarici ölkə alimlərinin Rusiya tarixini saxtalaşdırmaq cəhdlərini cəsarətlə tənqid edirdi. Alim göstərirdi ki, tarix elminin tədrisinin böyük tərbiyəvi əhəmiyyəti vardır, o, gənc nəslə həyat təcrübəsi verir, onda vətənpərvərlik hissi tərbiyə edir.
Lomonosov xalis rus təbiətli, şən, mərhəmətli, humanist, nəcib və eyni zamanda hövsələsiz bir adam idi. Onun şəxsiyyətini xarakterizə edənlər yazırdılar ki, Lomonosov qısa və mənalı danışardı, söhbət zamanı zarafat etməyi sevərdi, vətəninə və dostlarına sadiq idi, elmdə çalışanları ruhlandırıb onlara kömək edərdi.Camaatla rəftarında çox hallarda mehribanlıq göstərərdi.Onun köməyinə ehtiyacı olanlara qarşı səxavətli və eyni zamanda hövsələsiz idi.Hər tərəfdən onun mənafeyini sevməyən adamlarla əhatə olunması Lomonosov üçün çox çətinlik törədirdi. Bir tərəfdən ağır həyat şəraiti, digər tərəfdən həddindən artıq əmək Lomonosovun qüdrətli səhhətini pozmuşdu. Düşmənləri onun kəndli ailəsindən çıxmasına ə lağ edərdilər. Təzadlarla dolu olan cəmiyyətdə onun “nöqsanı”, yaxud “günahı” yalnız bu idi: o, sadə, zəhmətkeş və halal bir ocaqdan çıxmışdı. Lomonosovunsa bütün qəlbiqara xəbislərə cavabı bu idi:
Paxıllıq edənlərdən intiqam almaq üçün,
Mənə silah verirlər.
Heç olmasa bax, onlar mənə ziyan yetirmək
Qətiyyən istəmirlər.
Zoilovun danlağı ziyan deyilsə əgər,
Ona qarşı qəzəbli olmağıma heç dəyər?
Ancaq qəzəblənmişəm?Gəzirəm balta küpü
Qaldırmışam mən onu artıq endirəm gərək?
Kimdir ordakı?Milçək!
Təəssüf.Nahaq yerə, boş zəhmət çəkirəm mən.
Zavallı, sən uç, oxu, mənə düşmən deyilsən.
Qəribədir ki, əsrlər bundan əvvəl yazılmış bu misralar hər dövrdə aktualdır.Bütün istedadlı, seçilmiş adamlar daim paxıllığın, xainliyin, şərin, böhtanın bəlalarını yaşayır.
Xəbis, dar və daşürəkli, xudbin, sinəsi kin-küdurətlə dolu olan, cəmiyyətə xeyir verməyən adamlar Azərbaycanın Səmədinin də iti qələminə tuş gəlmişdi. Şair belələrini “ürəyi xain adam” adlandırır və onlar haqqında eyniadlı şeirində yazırdı:
Sənin soyuq baxışında nə həyat var, nə duyğu,
Donub qalmış sifətində qarlı bir qış soyuğu.
Açılmamış boğuq rəngin gülərüzlü baharda,
Elə bil ki, gəmin batıb qərq olmuşdur sularda.
Bir açılsın qaşqabağın, üzə şax bax bir kərə,
Qayda budur: mil salınar əyri baxan gözlərə.
Yoxsa sənin murdar ömrün qaranlıqda keçəcək,
Aydınlığın bulağından mərd oğullar içəcək,
Qaradinməz, yerəbaxan, şad xəbərə küsənən,
Yüz il belə yaşasan da dünəndən ölmüsən sən!
Heç şübhəsiz ki, Lomonosovun və Vurğunun bu və ya digər satirik şeirlərində tənqid etdiyi paxıllar və xainlər bu gün də cəmiyyətimizdə vardır və belələri durduqca bu şeirlər də öz təsir qüvvəsini itirməyəcəkdir.
Lomonosov rus gənclərinə bilik verməyin yollarını hər an düşünürdü.Elmlər Akademiyası nəzdində tələbələrin təhsil alması işi getdikcə pisləşirdi.Burada elmi işlə gənclərin təhsilini birləşdirmək cəhdi baş tutmadı. Birinci Pyotr da xarab olmuş bir işi düzəltməkdənsə, yeni işə başlamağı üstün tuturdu.Buna görə də Lomonosov layiqli bir universitet yaratmaq qənaətinə gəlmişdi. Bu universiteti ilk növbədə Moskvada tikdirmək lazım idi.Çünki həmin vaxtlar Moskvada nəinki ali məktəb, heç gimnaziya da yox idi.Uşaqlarına təhsil vermək istəyən valideynlər böyük məsrəflərlə xarici müəllimlər tutmağa məcbur olurdular.
İ. Şuvalov Moskvada universitet və gimnaziya yaratmaq fikrini təklif edir. Lomonosov universitetin yaradılması haqqında hazırladığı plan-layihəni Şuvalova verir.
Universitetdə 3 fakültə olmalı idi; bunlar hüquq, tibb və fəlsəfə fakültələrindən ibarət olub, burada üçillik kurs keçilməli idi. “Universitetdə hökmən gimnaziya olmalıdır, gimnaziyasız universitet toxumsuz şuma bənzər”- deyə Lomonosov təkid edirdi.
25 yanvar (köhnə tarixlə 12 yanvar) 1755-ci ildə, Müqəddəs Tatyananın xatirə günündə imperatriça Yelisaveta Petrovna “Moskva Universitetinin təsis edilməsi haqqında Layihə”ni imzaladı. Rusiyanın ilk ali tədris ocağının yaradılmasına ilk gündən ciddi yanaşıldı: Moskvanın düz mərkəzində, Qızıl meydandakı keçmiş Zemskaya prikazında bina ayrıldı (indi bu yerdə Tarix Muzeyi yerləşir). Hazırda jurnalistika fakültəsinin yerləşdiyi Moxovaya küçəsinə Universitet yalnız II Yekaterina zamanında köçdü. Lakin bu binanı elə həmin, əzəli bina adlandırmaq olmaz, belə ki, 1812-ci il yanğınında bina tamamilə məhv olmuş və bir də 1819-cu ildə bərpa edilmişdi.
Mesenatlar (Demidovlar, Stroqanovlar, knyaginya Daşkova) təhsil ocağının fəaliyyəti üçün çox böyük maddi yardım göstərdilər. Onlar Universitetə elmi cihazlar, kitablar aldılar, tələbələr üçün təqaüdlər təsis etdilər. Elə ilk günlərdən Moskva Universiteti çarizmin nəzarətindən sərbəst olan maarif və mütərəqqi ideyalar mərkəzinə çevrildi. 1756-cı ildə Moxovaya küçəsində mətbəə və kitab dükanı açıldı, burada ilk qeyri-hökumət qəzeti olan “Moskovskiye vedomosti” qəzeti buraxılmağa başlanıldı.
Universitetlə gimnaziya birlikdə fəaliyyətə başladı. Yelisaveta Petrovnanın fərmanında Lomonosovun adı çəkilməsə də, alimin adı onun planı ilə yaranmış Moskva Universitetinin tarixinə həmişəlik olaraq daxil oldu. Puşkinin dediyi kimi: “Lomonosov böyük adam idi.Birinci rus Universitetini o yaratmışdır. Daha doğrusu, o özü bizim üçün ilk universitet olmuşdur”.
Xalq kütlələrini maarifə, mədəniyyətə cəlb etmək niyyəti ilə Lomonosov xalqın balaları üçün tək ibtidai ümumtəhsil məktəblərinin deyil, eyni zamanda orta və ali məktəblərin də açılmasını tələb edirdi.O, “Moskva gimnaziyasının nizamnaməsi” layihəsində gimnaziyaya yalnız zadəgan uşaqlarını deyil, yoxsulların balalarını da qəbul etməyi lazım bilirdi. Buna görə də Akademiyanın gimnaziyasında oxuyan şagirdlərin ictimai tərkibi haqqında yeni təkliflər irəli sürdü.1758-ci ildə “Akademiya gimnaziyasının nizamnaməsi”ni yenidən işləyərək, o, elmin, gimnaziyanın qapılarını əhalinin bütün təbəqələrindən olan uşaqların üzünə taybatay açmağı təklif etdi.
Gənc nəslin təlim-tərbiyəsinin inkişafı ən mühüm məsələlərdən biri olduğu üçün Lomonosov gimnaziya şagirdlərinin ədəb qaydalarının hazırlanmasını da öz üzərinə götürmüşdü.Onun tərtib etdiyi qaydalar 15 maddədən ibarət idi. Orada deyilirdi:
“Gimnaziya şagirdləri elmə həddindən artıq səy göstərməlidirlər.Gimnaziya şagirdlərinin bir-birinə kömək etməsi təqdirəlayiqdir.Lakin müəllim bir şagirddən dərsi soruşan zaman o, dərsini bilmirsə, yerdən ona pıçıldamaq olmaz.Bu cür kömək edən hər bir şagirdə dərsini bilməyən şagirdlə bərabər cəza verilməlidir.
Dərs zamanı qışqırmaq, oynamaq, bir şeyi taqqıldatmaqla səs-küy qaldırmaq, başqasına mane olmaq yaramaz.Hər yerdə, stulda oturarkən , kitabları saxlayarkən, paltarları geyinərkən təmizliyə riayət etmək lazımdır.Kim özünü pis aparırsa, bu onun yalnız tənbəlliyini deyil, həm də əxlaqca qüsurlu olduğunu göstərir.
Lomonosovun fikrincə, müəllimin gözəl davranışı, səmimiyyəti, həssas və xeyirxah qəlbi şagirdin gözündə ülvi varlıq kimi ucalmalıdır. Alim deyirdi ki, inspektor və rektor (yaxud direktor) şagirdlərin yanında heç vaxt müəllimə irad tutmamalıdır.Belə olsa, şagirdlər müəllimə hörmət etməzlər.Lomonosova görə, müəllim hər bir şagirdə ədalətlə yanaşmalı, onun şəxsiyyətinə hörmət etməli, heysiyyətinə toxunan söz deməməli və eyni zamanda ondan tələb də etməyi bacarmalıdır.
Millətinə və vətəninə son dərəcə bağlı olan bu dahi xalqının sağlamlığı yolunda da az iş görməmişdir. 1761-ci ildə dövlətə ünvanladığı “Rus xalqının artması və mühafizəsi haqqında”kı məktubunda o, sağlamlığa, uşaqlara, xüsusən yeni doğulan körpələrə qayğı ilə yanaşılması və s.vacib məsələləri qarşıya məqsəd qoydurmuşdu.
Lomonosov Pyotru heç bir nöqsanı olmayan ideal hökmdar sayırdı.O, sənayenin və ticarətin inkişafında, orunun və donanmanın yaradılmasında, limanların və kanalların genişmiqyaslı tikintisində, maarifin yayılmasında Pyotrun böyük xidmətlərini qeyd edirdi.Mixail Vasilyeviç heyranlıqla yazırdı: “Böyük hökmdar hər yerdə təkcə öz sərəncamları və mükafatları ilə deyil, həm də özünün şəxsi nümunəsi ilə təbəələrini əməyə alışdırırdı”.
Lomonosov Birinci Pyotra bir vətənpərvər və alim kimi hörmət edirdi.Özünün ilk şeirlərində Pyotrun böyük işlərini parlaq surətdə təsvir edirdi:
Rus qəhrəmanlarını eyləyirəm tərənnüm,
Yeni şəhər, alaylar, flot yaradır, qurur.
Onlar kiçik yaşından bir qəzəblə vuruşur
Əzərək düşmənləri sakit edibdir həmən,
Qaldırır öz ölkəsin keçib dəhşət içindən.
Devirdi yaltaqları, zalımları hər nə var,
Həm əllə, həm ağılla,
İşlərilə dünyanı heyrətə saldı onlar.
Lomonosov öz şeirlərində sülh, bəşərin əmin-amanlığı, səadəti mövzusuna çox yer verirdi.O, Rusiyanın gələcəyinə inanırdı.Onun poetik yaradıcılığında Birinci Pyotr ona görə çox yer tuturdu ki, o, Pyotrun islahatlarının Rusiyanın gələcəyi, məhz işıqlı gələcəyi üçün böyük əhəmiyyətə malik olduğunu dərk edib qiymətləndirirdi. “Böyük Pyotr” poemasında alim-şair yazırdı:
Tale nə böyük şərəf
Verib rus xalqına bax,-
Buz bağlamış suları
Parçalayıb yol açmaq!
Deyirlər üzmək olmur
Buz örtülü o yerdə.
Fəqət, hünər doğulur
Yalnız çətinliklərdə
Rusiya kolumbları
Aləmə nur saçacaq,
Buz arasından Şərqə,
Amerika ölkəsinə
Yeni yollar açacaq!
Onun poeziyasında qeyd etdiyim kimi, vətəninin keçmişinin, bu gününün, gələcəyinin tərənnümü xüsusi yer tuturdu. “Şüşənin xeyiri haqqında məktub” adlı elmi-didaktik şeirində Lomonosovun mütərəqqi elmi fikirləri, vətəni Ana Rusiya üçün ülvi arzuları ifadə olunurdu. Qoqol haqlı olaraq qeyd edirdi ki, belə şeirləri Lomonosovdan başqa heç kəs yaza bilməzdi.
Pyotrla bağlı bir “informasiya” ilə yəqinki çoxları qarşılaşıb . Məlumdur ki,1812-ci il Vətən müharibəsində Napoleon Rusiyaya işğalçılıq yürüşü ilə özünün qələbəsi naminə bu əlkənin imicinə hərtərəfli mənfi təsir göstərmək məqsədilə Avropa ictimaiyyətinin diqqətini qondarma, qeyri-obyektiv məlumatlarla “zənginləşdirirdi”. Onun tapşırığı ilə tarixçi Lezyurun yazdığı kitabda deyilirdi: “Böyük Pyotrun öz əli ilə yazdığı məxfi xatirələr rus imperatorlarının şəxsi arxivlərində saxlanılır. Bu hökmdarın planları həmin xatirələrdə açıqca şərh olunmuşdur”.
“Böyük Pyotrun vəsiyyəti” haqqında şayiə belə yayılmışdı.25 il sonra, 1836-cı ildə saxta sənədin özü də “peyda olmuşdu”.Onun məzmunu bundan ibarətdir ki, Rusiya aravermədən işğalçılıq müharibələri aparmalı, daim öz hüdudlarını şimal və cənuba doğru, Qara dəniz sahilləri boyunca genişləndirməlidir”.Başqa bir bənddə isə deyilir: “İstanbula və Hindistana doğru mümkün qədər daha çox irəliləməli”.
Digər bir hissədə sərsəm məqsədə nail olmaq - Avropanı diz çökdürmək yolları və vasitələri konkretləşdirilir. Mətn bu sözlərlə bitir: “Avropa belə fəth edilə bilər və edilməlidir”.
N.Pavlenkonun yazdığına görə, nə rus arxivlərində, nə də xarici arxivlərdə Pyotrun heç bir vəsiyyəti saxlanılmır. Belə bir vəsiyyət yoxdur və ola da bilməzdi, çünki dəqiq məlumdur ki, çar heç bir vəsiyyət-filan yazmamışdır. Mütəxəssislər çoxdan bəri sübut etmişlər ki, “Böyük Pyotrun vəsiyyəti” deyilən vəsiyyət kobud saxtakarlıqdır.
Avropaya pəncərə açan Birinci Pyotr oradan xeyli dəyərləri Rusiyaya keçirsə də, Rusiyanın istiqlaliyyətini itirməyə qətiyyən yol vermirdi, xaricin üstün amillərinə yol açsa da, bu təsirə hədd və sərhəd qoyurdu. O, nəinki böyük islahatçı, eyni zamanda böyük maarifçi idi.Buna görə də XVIII əsr rus maarifçiləri; o cümlədən Kantemir, Lomonosov kimi zəngin dünyagörüşlü yazıçılar Birinci Pyotru ideal tuturdular.Pyotrun təşəbbüslərini davam etməyi lazım bilir və öz şeirlərində Pyotru ziyalı padşah kimi tərənnüm edirdilər.Onu da deyim ki, Birinci Pyotrdan sonra rus hökmdarları maarif və dövlət işləri ilə o qədər də maraqlanmırdılar. Mütərəqqi rus şairləri bunu görür, öz əsərlərində hədəf kimi Birinci Pyotrun şəxsiyyətini və işlərini tərənnüm edirdilər.
Lomonosov elektrik sahəsində də dəyərli tədqiqatlar aparmış və onun gəldiyi nəticələr “Elektrik qüvvəsindən baş verən hava hadisələri haqqında məruzə”, “Elektriklə əlaqədar olan hava hadisələri haqqında məruzəyə izahat” və “Lomonosovun riyazi surətdə ifadə etdiyi elektrik nəzəriyyəsi” əsərlərində şərh edilmişdir. Görkəmli alim Venerada atmosferin varlığını da kəşf etmişdi.
İlk dəfə “İqtisadi coğrafiya” ilə “İqtisadi landşaft xəritələri” terminlərini elmə daxil edən Lomonosov, Rusiyanın müxtəlif rayonlarında iqtisadi-coğrafi tədqiqatlar aparmaq üçün proqram rərtib etmiş və onun bu proqramı ölümündən sonra öz tətbiq sahələrini tapmışdı.
M.Muratovun qeyd etdiyi kimi, Lomonosov hələ gənc yaşlarında atasının “Çayka” gəmisində buzlu okeanı dəfələrlə seyr etmişdi. Ağ dəniz, Barents və Qara dənizlərin sahillərində balıq ovlamışdı.O vaxtdan 30 il keçsə də, Mixail Vasilyeviç həmin anları yaxşı xatırlayırdı.O, dənizin dibini görməyə imkan verən görmə borusu ixtira etmək istəyirdi. Eyni zamanda xüsusi qurğular vasitəsilə dənizçilərin istifadə etdiyi cihazların dəqiqliyinə dalğanın təsirini aradan qaldırmaqla dənizdə coğrafi uzunluğu və eni necə dürüst müəyyən etmək haqqında düşünürdü.
Arktikanın öyrənilməsi onu daha çox maraqlandırırdı.Bu həvəs təbii ki, onda uşaqlıq və gənclik illərini keçirdiyi şimal təbiətinin dərin təsiri nəticəsində yaranmışdı.
Lomonosov ömrünün son günlərində hər an yatağının yanında olan yaxın dostu akademik Ştelinə demişdi: “Dostum, görürəm ki, mən ölməliyəm, ölümümə də sakit və soyuqqanlılıqla baxıram.Yalnız ona təəssüf edirəm ki, vətənin faydası, elmin artması və Akademiyanın şöhrəti üçün nəzərdə tutduqlarımın hamısını yerinə yetirə bilmədim və indi, ömrümün sonunda görməliyəm ki, mənim bütün faydalı niyyətlərim mənimlə bərabər yox olacaq”.
Lomonosov 4 aprel (əvvəlki tarixlə 15 aprel)1765-ci ildə ömrünün 54-cü ilində onun köhnə xəstəliyini kəskinləşdirən soyuqdəymədən vəfat etdi. Peterburqun Aleksandr-Nevski monastırının Lazarev qəbristanlığında dəfn olundu. Lakin dahinin bütün faydalı niyyətləri heç də onunla bərabər yox olmadı.Böyük alim-şəxsiyyətin əsərləri və onun əbədiyaşar ideyaları heç də itmədi, elmdəki mütərəqqi fikirləri sonralar görkəmli rus alimləri tərəfindən səylə, inamla, həvəslə inkişaf etdirildi.
Lomonosov rus ədəbiyyatı tarixində istedadlı bir tərcüməçi kimi də tanınmışdır.Onun Homerdən, Anakreondan, Vergilidən, Horatsidən, Demosfendən, Lukiandan, Fakellondan və digər dühaların əsərlərindən etdiyi tərcümələr indiyə qədər sevilə-sevilə oxunmaqda davam edir.
Moskva Dövlət Universiteti dünyanın ən məşhur, ən nüfuzlu, ən güclü ali təhsil ocaqlarından biri kimi şöhrət qazanmışdır.Qürurverici haldır ki, Azərbaycan-Rusiya arasında olan qarşılıqlı əlaqələrin və sədaqətin təzahürünə növbəti töhfə kimi 2008-ci il yanvarın 15-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı yaradılıb.Hazırda burada dərslər innovativ texnologiyalardan və geniş yayılmış nou-haulardan istifadə edilməklə MDU-nun tədris proqramları əsasında aparılır. Hər il filialın tələbələri müxtəlif elmi tədbirlərdə fəal iştirak edirlər. Filial fəaliyyətə başladığı vaxtdan etibarən İsrail, Rumıniya, Türkiyə, Yunanıstan, Kanada və ABŞ-ın aparıcı universitetləri ilə əlaqələr yaratmağa nail olub.
Bu gün bu ali məktəb ölkəmizdə yeganə təhsil ocağıdır ki,diplomu bütün dünyada tanınır. M.V.Lomonosov adına MDU-nun çoxəsrlik ənənələrini davam etdirir. Görkəmli alimlərin bütöv bir pleyadası, o cümlədən 11 Nobel mükafatı laureatı, məsələn, kimyaçı Nikolay Semyonov, fiziklər İqor Tamm və əslən Bakıdan olan Lev Landau, Pyotr Kapitsa, şair və yazıçı Boris Pasternak, habelə Abel mükafatı (riyaziyyatçılar üçün Nobel mükafatının analoqu) laureatı Yakov Sinay və XX əsrin ən böyük riyaziyyatçılarından biri Andrey Kolmoqorov Moskva Dövlət Universitetinin yetirmələridir.
2016-cı ilin iyulunda MDU-nun Bakı filialında ənənəvi buraxılış gecəsi istər məzunların, valideynlərin,istərsə də müəllimlərin və bu gözəl bayramın qonaqlarının həyatında ən unudulnaz hadisələrdən birinə çevrildi.
MDU-nun Moskvadan tədbir üçün məxsusi gəlmiş akademik heyətini, o cümlədən MDU-nun kimya fakültəsinin dekanı, fiziki kimya kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının akademiki Valeri Lunin, MDU-nun iqtisadiyyat fakültəsinin dekanı, professor, tətbiqi institutsional iqtisadiyyat kafedrasının müdiri, Rusiya Federasiyası Prezidenti yanında İqtisadi Şuranın üzvü, iqtisad elmləri doktoru, professor Aleksandr Auzan, filologiya elmləri doktoru, professor, tərcümə məktəbinin direktoru Nikolay Qarbovski, psixologiya elmləri doktoru, MDU-nun sosial psixologiya kafedrasının professoru, Rusiya Təhsil Akademiyasının akademiki Aleksandr Dontsov mərasimdə iştirak edirdi.
M.V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor, AMEA- nın müxbir üzvü, çoxsaylı kitab, monoqrafiya, elmi məqalələrin müəllifi, özəl ÜNS yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, Azərbaycan Mədəniyyətinin Dostları Xeyriyyə Fondunun idarə heyətinin üzvü, “Azərbaycan - İrs” jurnalı ədəbi şöbəsinin redaktoru və İngiltərə - Azərbaycan cəmiyyətinin həmsədri, əsası XII əsrdə qoyulan, dünyanın ən qədim ingilisdilli universiteti - Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Bakı Dövlət Universiteti klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Nərgiz xanım Paşayevanın gözəl nitqi və tələbələrə əsl müəllim, pedaqoq və əsl Azərbaycan xanımı kimi tövsiyələri tədbir iştirakçılarını valeh etdi. Həmin çıxışdan bəzi məqamlar:
“...Siz öz biliyinizi, iqtisadi savadınızı, peşəkarlığınızı tətbiq edəndə, analitik məsləhətlər, hesablamalar verəndə, unutmayın ki, iqtisadiyyat elminin mühüm və hətta əsas tərkib hissəsi sosial iqtisadiyyatdır. Milyonlarla insanlar iqtisadi yüksəlişdən bəhrələnəndə bu, ictimai rifah, davamlı firavanlıq və sabitlik gətirir. O zaman neft, qaz, kömür, qızıl və s. kimi milli sərvətləri asanlıqla milli nailiyyətə, milli tərəqqiyə çevirmək olur... Lakin əgər siz nə vaxtsa biliklərinizə münasibətdə ədalətsizlik, anlaşılmazlıq, laqeydlik, qısqanclıqla qarşılaşsanız, qəm etməyin, həyəcanlanmayın, öz yolunuzla möhkəm və əminliklə addımlayın. Yadda saxlayın ki, kim sizin biliyinizə, ağlınıza qısqanırsa, o, sizə heç vaxt çatmayacaq. Sizə baxarkən “Faust” əsərindən “Mümkün olmayanı istəyən kəs mənə əzizdir” fikrini xatırlayıram. Nəsə alınmayanda bunu tez-tez ürəyinizdə təkrarlayın, ruhdan düşməyin, ümidinizi itirməyin. Sizin bütün həyatınız, böyük gücünüz, böyük imkanlarınız irəlidədir, heç zaman bunlara inamınızı itirməyin... Əziz məzunlarımız, ümidvaram ki, universitetimizdə görmək istədiyinizi gördünüz, eşitmək istədiyinizi eşitdiniz, başa düşmək istədiyinizi başa düşdünüz, inanmaq istədiyinizə inandınız, seçmək istədiyiniz peşəni seçdiniz, ən başlıcası isə universitetimizi seçdiniz. Siz MDU-nu yaxşıların yaxşısı olmaq üçün seçmişiniz. Mənim sözlərimdə nə pafos, nə də mübaliğə var, bu, həqiqətən də belədir. MDU məzunu elə MDU məzunudur, bununla da hər şey deyilib!
Əziz məzunlarımız, hansı zirvələrə can atırsınızsa-atın, qarşınıza hansı məqsədləri qoyursunuzsa-qoyun, sizə bu zirvələri fəth etməyi və məqsədlərinizə çatmağı arzu edirəm....Bu gün siz sınaqdan şərəflə çıxdınız. Siz Moskva Universitetinin diplomunu səyləriniz, zəhmətiniz, istedadınız sayəsində alırsınız. Amma heç vaxt unutmayın ki, sınaqlar həyatın müntəzəm təkrarlanan mərhələləridir. Deyilənə görə, məqsədinə çatmaq üçün həyatın bütün sınaqlarından, oddan-alovdan keçməyi, bərkdən-boşdan çıxmağı bacarmalısan. Əzizlərim, unutmayın ki, necə qəhrəmanlıqlar göstərirsinizsə-göstərin, necə uğurlar qazanırsınızsa-qazanın, peşənizdə hansı yüksəkliyə nail olursunuzsa-olun, həmişə yaxşı insan olmağa çalışın, bu, həm sizə, həm bizə lazım olan keyfiyyətdir... Qoy gənclərimizin yolu açıq, həyatı gözəl, canı sağlam, mənəviyyatı güclü olsun!”
“Mən tələbələrimlə fəxr edirəm” – deməkdə Nərgiz xanım haqlıdır. O, həqiqətən tələbələrinin yaxın dostu, sirdaşı olub, onların qayğıkeşi, düzgün yolgöstərənidir. Nərgiz xanım yalnız özünün deyil, tələbələrinin də taleyini yaşayır. Elm yolunda illərlə çəkdiyi zəhməti, fədakar əməyi bu gənclərin öyrənməsinə, maariflənməsinə bəxş edir.
Nərgiz Paşayeva öz səmimiyyəti, ziyası ilə tək tələbələrinin yoluna deyil, bütün cəmiyyətə, xalqının gələcəyinə işıq saçan alim-pedaqoqlarımızdandır. O, sabahın kadr və mütəxəssislərini geniş dünyagörüşünə, yüksək mədəniyyətə, dərin mənəviyyata malik, milli dəyərlərimizi ucaldan, xalqına, yurduna sadiq, vətənpərvər şəxsiyyətlər kimi yetişdirməkdə səylə çalışır.
Mərasimdə iştirak edən Rusiyanın təcrübəli diplomatı, Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vladimir Doroxin qeyd etdi ki, Bakıda 2009-cu ildən işləyir. Səfir dedi: “O vaxtdan etibarən diplomların təqdim olunması mərasimlərinin hər birində iştirak etmişəm. Buraxılış kvintessensiyadır və “MDU-nun Bakı filialı” adlı layihənin necə uğurla inkişaf etməsinin rəmzidir. Layihə bir çox səbəblər – Azərbaycan rəhbərliyinin, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi müdrikliyi, Moskva ilə Bakı arasındakı mövcud qarşılıqlı anlaşma sayəsində uğurlu olub. Biz Bakı filialı ilə fəxr edirik və onu başqa ölkələrə nümunə göstəririk”.
Özünün qeyd etdiyi kimi, cənab V.Doroxin 8 ildir Azərbaycanda ölkəsinin səfiri kimi fəaliyyət göstərir. Ölkə ictimaiyyəti onu fəal diplomat kimi tanıyır və sevir, Rusiya və Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafında cənab Doroxinin əməyi çoxdur. Məhz səmərəli və uğurlu fəaliyyətinə görə Rusiya Prezidenti cənab Vladimir Putin səfir V.Doroxini 2014-cü ildə ölkənin ən nüfuzlu təltiflərindən olan “Dostluq” ordeni ilə təltif etmişdir.
2017-ci ildə Mixail Vasilyeviçin əsərlərinin çapının yubiley tarixi bizlər üçün də yaddaqalandır. Belə ki, cənab kollegiya müşaviri və professor Mixail Lomonosovun müxtəlif nəzm və nəsr əsərlərinin külliyyatı – əlavələrlə nəşri Moskva İmperator Universitetində 1757-1765-ci illərdə çap edilmişdi. Bu, Lomonosovun əsərlər külliyatının müəllif əlavələri və düzəlişləri ilə sağlığında ikən ikinci nəşri idi.İlkin plana əsasən 1-ci cildə Lomonosovun yalnız bədii əsərləri, cildin həcminin yetərsiz olduğu halda isə, buraya “Kimyanıın faydaları haqqında” daxil edilməli idi.
I cild 1757-ci ilin fevralından 1758-ci ilin sentyabrınadək çap edildi və nəzərdə tutulduğundan xeyli genişləndirilmiş şəkildə, 1757-ci il nəşr tarixçəsi ilə işıq üzü gördü. Nəşr tarixi 1759-cu il göstərilən II cild 1765-ci ildə işıq üzünə çıxarıldı.
II cilddə yer alan, “Natiqlik fənninə dair qısa vəsait” əsərinin ikinci nəşri ilkin olaraq 1748-ci ildə çıxmışdı. Bu ikinci nəşrə Lomonosov tərəfindən edilən düzəlişlər “Ritorika”nın sonrakı nəşrlərində nəzərə alınmamışdı. 1758-ci ilin avqustunda əsərlər külliyyatının xüsusi olaraq bu nəşri üçün Lomonosov “Rusiya dilində kilsə kitablarının faydaları haqqında giriş sözü” yazmışdı.
Artıq dünyanın unudulmaz dahisinin bəşəriyyətə bəxş etdiyi zəngin elmi irsin bir hissəsinin -“Əsərləri küllüyatı”nın nəşrindən 260 il ötür.Üç əsrə yaxın vaxtdan bəri işıq üzü görən bu elmi, mənəvi xəzinə insanlığa və onun idrakına çox şey verdi və verməkdə davam edir.Lomonosov irsi indi dünya elminin ən qiymətli sərvəti kimi qorunmaqdadır.Hələ neçə-neçə əsr bundan sonra da kamil nəsillərin yetişməsində bu sərvətdən geniş istifadə olunacaq.
Görkəmli rus filosof, şair və nasiri A.N.Radişşev üzünü əbədiyaşar Lomonosov varlığına tutub necə də gözəl demişdi, lakin etiraf edək ki,bu sözlər tarixdə yalnız onun kəlamları kimi qalmamış, hazırda bütün Rusiyanın, bütün dünyanın mənəvi nidasına çevrilmişdir: “Nə qədər ki, rus sözü qulaqlarda səslənir, sən yaşayacaq və ölməyəcəksən!”.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM