“Böyük şairlər xalqın vicdanıdır”

14:26 / 10.07.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

                       15 iyul - dahi rus şairi Mixail Yuryeviç Lermontovun əbədiyyətə qovuşduğu gündür. Həmin gündən 176 il ötür.

 

“Təzəlik, ətirlilik, zəriflik, formanın əlvanlığı və yüksək bədii bəzəyi, obrazların poetik gözəlliyi və əsl sadəliyi, səmimiliyi, enerji, dilin qüvvəti, şeirlərin almaz qədər möhkəmliyi, hiss zənginliyi, qəlb genişliyi, ideyaların dərinliyi, dolğunluğu və müxtəlifliyi, nəhayət, məzmunun ucsuz-bucaqsızlığı – bütün bunlar Lermontov poeziyasının doğma xarakterik əlamətləri və onun gələcək möhtəşəm inkişafının rəhnidir”.

                                                                                   V.Belinski                             

 

 “Heyf ki, o, tez öldü, o nə qədər də qüdrətli idi, o, nələr yarada bilərdi...” “Əgər  Lermontov sağ qalsaydı, nə mən, nə də Dostoyevski lazım deyildik”.

  

                                                                               Lev Nikolayeviç Tolstoy

 

 “Lermontov və Qoqol isbat edirlər ki, Rusiyada ağılla iş görmək vaxtı gəlib çatmışdır”.

 

                                                                   Nikolay Qavriloviç Çernışevski

 

 

“Rus milli mədəniyyətində Lermontovun yeri Puşkinlə yanaşıdır.Şəxsən mənə Puşkinə olan böyük məhəbbətimə baxmayaraq, Lermontovun yaradıcılığı daha yaxındır. Lermontov ədəbi irsinin müasir cəmiyyət üçün əhəmiyyəti başqa cəhətləri ilə bərabər, bir də bundadır ki, o, mənsub olduğu cəmiyyətin keçmiş, indiki və gələcək günlərini həqiqi bir

sənətkar kimi oxumağı bacarırdı”.

                                                                                       Rəsul Rza

 

“Azərbaycanda-şairlər ölkəsində şeir kimi əziz və sevimli, könülləri oxşayan şey nə ola bilər?Şeir bu xalqın qanına, iliyinə işləmişdir. Buna görə də onlar Lermontovun şeirlərinin tərcüməsinə və tədrisinə xüsusi fikir vermişdilər”.

 

                                                                                         Nikolay Tixonov                                                              

 

 “Poeziya həyatın ifadəsi, daha yaxşı deyilsə, həyatın özüdür. Hələ bu azdır. Poeziyada həyat, həyatın özündə olduğundan daha həyatidir. Poeziya- bu, bir körpənin günahsız, saf təbəssümü, onun aydın, büllur baxışları, şaqraq, cingiltili gülüşü, canlı sevincidir.  ...Poeziya- bu, bir gəncin odlu baxışları, qüvvət və iradəsi, onun mərdliyi və cəsarəti, ondakı gənclik hərarəti, həyat badəsini son damlasına qədər birdən-birə nuş etmək həvəsi, arzusu, ondakı sonsuz həyat sevgisidir...

         Poeziya – bu, dünyəvi həyatın döyünən nəbzi, onun qanı, hərarəti, onun işığı və günəşidir. Şair hiss və ehtirasların arfası, ruhun əsl qan damarı, dünyəvi həyatın orqanıdır. O hələ uşaqkən başqalarından daha çox özünün təbiətlə olan yaxınlığını, birliyini başa düşür. İlk gənclik yaşlarında şair artıq lal, dilsiz varlığın gizli, dərin mənasını aydın bir dillə tərcümə edir.

         ...Yerin, göyün, təbiət və bəşər ruhunun sirrlərini hər kəsdən əvvəl görə bilmək yalnız şairə məxsusdur.

         ... Lermontov belə aztapılan şairlərdəndir...

         ...Lermontovun şeirlərinə ümumi bir nəzər saldıqda, biz onlarda həyat və poeziyanı təşkil edən bütün elementləri, qüvvəti aydın görmüş oluruq.Bu dərin təbiilikdə, bu qüvvətli ruhda hər şey canlıdır, hər şey yaşayır. Ona hər şey mümkün, hər şey aydındır. O, hər şeyə cavab verib, cavab ala bilmir. O, həyat hadisələri padşahlığında qadir bir hökmrandır. O, həyat hadisələrini həqiqi bir sənətkar kimi yenidən canlandırır. O, bütün ruhu ilə rus şairidir.Onda keçmiş və hazırki rus həyatı yaşayıb düşünür. Onun yaradıcılıq sahəsi hələ yenicə genişlənməyə başlamışdır.Buna baxmayaraq, çox iş görmüş və sənət xəzinəsinin tükənməz  zənginliklərini əldə  emişdir”.

         Bu qeydlər  rus xalqının böyük oğlu, dahi ədəbiyyat  tənqidçisi, publisist - demokrat  V.Belinskinin “Lermontovun şeirləri” adlı məqaləsində əksini tapıb. Rus şairlərinin çoxuna, o cümlədən Lermontov yaradıcılığına da ilk dəfə düzgün qiymət verən məhz Belinski olub. Buna görə də böyük tənqidçinin adı Lermontovun adı ilə həmişə qoşa çəkilib.

 Mixail Yuryeviç Lermontov 1814-cü il oktyabr ayının 15-də Moskvada anadan olub. Şairin atası yoxsullaşmış mülkədar ailəsinə mənsub olan Yuri Petroviç Lermontov ordu kapitanı rütbəsində istefaya çıxmışdı. Mixail Yuryeviçin anası Mariya Mixaylovna zəngin iltizamçı-mülkədar Aleksey Yemelyanoviç Stolıpinin nəslindən idi. Mariyanın anası böyük sərvətə malik olan təhkimçi mülkədar qadın Yelizaveta Alekseyevna Arsenyeva Penza quberniyası  Çembar  qəzasının Tarxan kəndindəki malikənasında yaşayırdı. Mariya onun yeganə qızı idi.

         Mariya və Yuri bir-birilərini sevib evlənsələr də, qoca Yelizaveta ilk gündən bu sevdadan narazı idi. Ana öz qızını özü kimi varlı bir ailəyə ərə vermək istəyirdi.Bu arzusu baş tutmadığına görə o, çox qəzəbli olub, kasıb kapitanla qohum olmağı özünə təhqir hesab edirdi. Qayınananın öz kürəkəninə münasibəti soyuq və sərt idi. Ailə ziddiyəti və anasının bu cür rəftarı onsuz da səhhəti zəif olan gənc Mariyaya ağır təsir edirdi.

         Mariya Mixaili dünyaya gətirər-gətirməz ağır xəstəliyə düçar olmuşdu.Yelizaveta qızını  südəmər körpəsi ilə birlikdə öz evinə, Tarxana aparmışdı.

         Mixail 3 yaşında ikən Mariya vərəm xəstəliyindən dünyasını dəyişir. Ölümündən bir az əvvəl isə anasına deyir: “Anacan, bir ər öz qadınını necə sevə bilərsə, o da məni eləcə sevir, indi sən onun bu məhəbbətinin qarşısında məni əvəz et, mən hiss edirəm ki, ölürəm”.

Yelizaveta nəvəsini öz yanında saxlayıb , böyüdüb tərbiyə, gələcəkdə bütün var-dövlətini  ona vəsiyyət  etməyi qərara alır. Uşağın atası Yuri Petroviç istər-istəməz  qadınla razılaşmalı olur və özü Tula quberniyasındakı kəndinə qayıdır.

Yelizaveta qızının vəsiyyətinə əməl etmir. O, Yuri Petroviçə qarşı daha da amansız olur. Mixail 16 yaşına qədər ata üzü görmür.

Anasını çox erkən itirməsi ilə bərabər, üstəlik  ata nəvazişinə də həsrət qalması ömrü boyu ürəyini qubar edən və ona əzab verən duyğular olur. Dərin məhəbbətlə sevdiyi atası 44 yaşında vəfat edərkən ona həsr etdiyi şeirində sədaqətli oğulun çəkdiyi iztirabları görməmək mümkün deyil:

 

Nə müdhişdir taleyi atanın, həm oğulun-

Ayrı yaşayıb, ölmək biri-birindən uzaq

Vətənində vətəndaş adlanıb, fəqət onun

Yad taleli, qovulmuş, qərib övladı olmaq!

Lakin sən qəhrəmanlıq göstərdin, əymədin baş,

Çatdın arzu etdiyin ölümə mənim atam.

Bütün əzablarının bu səbəbkarı da kaş,

Allah etsin, sənin tək versin ömrünə xitam!..

         ...Sonsuz əzab qurbanı olsaq da hər ikimiz,

         Düşmənçilik tapmadıq ürəklərimizdə biz.

 

Yelizaveta  Alekseyevna kürəkəninə qarşı qəddar olsa da, qızının yeganə yadigarı olan nəvəsini çox sevir, uşağın yaxşı təlim-tərbiyə almasına, sağlamlığının qayğısına qalırdı. Məktəb yaşına çatmamış Mixailin ətrafında onun üçün xüsusi müəllimlər və mürəbbilər fəaliyyət göstərirdi.Uşağın səhhətində problemlər meydana çıxanda nənəsi onu 1818-ci, 1820-ci və 1825-ci illərdə üç dəfə Qafqaza, sonralar “Pyatiqorsk” adlanan müalicə ocağına aparmışdı.

Lermontov fiziki cəhətdən zəif  uşaq idi. Qızılcadan sonra ayaqları tutulmuş, yeriyə bilməmişdi.Buna görə də həkimlərin məsləhəti ilə nənəsi onu 1818-ci ildə Qafqaza şəfa qaynaqlarına aparmışdı. Mixail ikinci dəfə Qafqazda olarkən kükürdlü su vannasında müalicə edilməsi sayəsində ayaqları açılmışdı. 1825-ci ildə Qafqaza üçüncü gəlişində sevimli müəllimi Kape, həkim Xristiana Remer və başqaları da onunla birlikdə gəlmişdi.

         Lermontov Qafqazın cazibədar görkəminə, füsunkar təbiətinə məftun olmuşdu, Terekin hayqırtısından həyəcana gəlmiş, könlü quş kimi qanadlanaraq Kazbekin zirvələrinə uçub qonmuşdu. Bu barədə özü yazırdı: “Ey Qafqazın mavi dağları, sizi təbrik edirəm! Siz mənim uşaqlığımı öz qoynunuzda bəsləyib oxşamısınız.Siz məni öz vəhşiləşmiş dağlarınızda gəzdirmisiniz, buludlarla məni geyindirmisiniz, siz məni buludlara öyrətmişsiniz, mən də o zamandan bəri sizinlə, göyün xəyalı ilə yaşamışam...”.

Çox hazırlıqlı olduğuna görə, Lermontov  1828-ci ildə Moskvada Universitet pansionunun birbaşa dördüncü sinfinə qəbul edilir. Bu pansion dövrün ən yaxşı təlim-tərbiyə və təhsil ocaqlarından biri idi. Görkəmli rus yazıçılarından  Fonvizin, Jukovski, Turgenyev, Qriboyedov, Odoyevski və digəriləri  bu pansionda təhsil almışdılar. Burada oxuduğu zaman Mixail dekabrist şairlərin və Puşkinin qadağan edilən şeirlərini, Qriboyedovun  “Ağıldan bəla” əsərini böyük maraqla mütaliə etmişdi.

İstedadlı gənc yaradıcılığa da elə pansionda oxuyarkən başlamışdı. İlk əvvəl Şillerin bir neçə şeirini tərcümə edən Lermontov, sonralar  “Çərkəzlər”, “Dəniz qulduru”, “Qafqaz əsiri”, “Cani”, “Demon”un ilk variantını və “Napoleon”, “Romans”, “Türkün şikayəti”, “Monoloq”, “İki tərlan”, “Rus melodiyası”, “Tütək”, “Gürcü qızı”, “Çərkəz qızı” və digər lirik şeirlərini yazmışdı.

1830-cu ildə Mixail Moskva Universitetinin əxlaqi-siyasi şöbəsinə daxil olur. Lakin bir qədər sonra ədəbiyyat şöbəsinə keçir. Lermontovla bərabər bu universitetdə Belinski, Gertsen, Stankeviç, Oqoryov, Satin, Sazonov, Qonçarov  və başqaları  kimi fəal, azadfikirli tələbələr də təhsil almışdır.

Rus ədəbiyyatı ilə bərabər, fransız, ingilis, alman ədəbiyyatına dərindən bələd olan Lermontov, müxtəlif kitablar oxumaqla öz biliyini daha da artırır.

1831-ci ildə yazdığı bir məktubdan aydın olur ki, Lermontov, dahi ingilis şairi Şekspirin yaradıcılığına, xüsusən onun ölməz “Hamlet” əsərinə yüksək qiymət vermişdir. O, öz dövründə Şekspirin əsərlərini tərcümə və təbdil edərkən onları “şikəst” edən tərcüməçiləri amansız tənqid atəşinə tutaraq yazırdı: “Mən Şekspiri müdafiə edirəm.Əgər o, böyükdürsə, bu böyüklük ən çox “Hamlet” də görünür.Əgər o, həqiqətən Şekspirdirsə, əgər o, insanların ürəyinə,taleyin qanunlarına nüfuz etməyi bacaran, yüksək zirvələrdə dayanan bir dahidirsə, əgər o, təqlid edilməsi mümkün olmayan Şekspirdirsə, onun bütün bu cəhətləri “Hamlet”də əks olunur. Siz, Şekspirin əsərlərinin tərcüməsini oynamırsınız, sizin oynadığınız  Dyubissinin şikəst etdiyi pyeslərin tərcüməsidir...Bu tərcümələr təəssüf ki, bizim teatrlarda oynanılır...”.

Lermontov universitetdə oxuyan zaman “İspanlar”, “İnsanlar və ehtiraslar”, “Qəribə adam” kimi üç dram əsərini, “Bastunçı aulu”, “Qanlı”, “Azadlığın son övladı”, “İki məhbus” poemalarını və “Xəbərdarlıq”, “Novqorod”, “Qafqaz”, “Sovqat”, “Ulduz”, “Qafqazda”, “Qafqazda səhər”, “Vəsiyyət”, “30 iyul”, “Andre Şenyedən” və s. kimi siyasi-lirik şeirlərini yazır.

         Qabaqcıl fikirlərinə görə universitetdən xaric olunan Lermontov, təhsilini davam etdirmək üçün nənəsi ilə birlikdə Moskvadan Peterburqa köçür. Qohumu A.Stolıpinin məsləhəti ilə şair hərbi məktəbə - qvardiya kiçik zabitləri və süvari yunkerlər məktəbinə daxil olur və 1834-cü ildə buranı bitirib zabit rütbəsi ilə hərbi xidmətə başlayır.

1835-ci ildə onun “Hacı Abrek” poeması özünün xəbəri olmadan “Biblioteka dlya çteniya” jurnalının  XI nömrəsində çap olunur. 1834-1837-ci illər arasında Mixail Yuryeviç “Boyarin Orşa”, “Monqo” poemalarını, “Maskarad”, “İki qardaş” pyeslərini, “Knyaginya Liqovskaya” povestini və bir çox şeirlərini yazır.

Lermontovun əsərlərinə aktuallıq, mübarizlik, vətənpərvərlik coşqusu gətirən yüksək ideyalar heç də onun şair təxəyyülünün yaratdığı anlayışlar deyildi.Onların cəmiyyətdə və xalqın həyatında ictimai və siyasi kökləri vardı.Şair anlayırdı ki, azad və rahat gələcəyə gedən yol qanlı və amansız mübarizələr yoludur.Ona görə də “Yelkən” şeirində “fırtına axtaran üsyankar qayıq” obrazı digər əsərlərində olduğu tək, azadlıq mübarizəsinə çağırış kimi səslənirdi.

Lermontovun yaradıcılığında vətəni Rusiyanın istiqlaliyyəti uğrunda rus xalqının yadelli işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsi öz geniş əksini tapmışdır. “Borodino” şeirində əsərin qəhrəmanı sadə rus saldatıdır. Yeri gəlmişkən qeyd edim ki, “Borodino” şairin çap olunan ilk əsəridir. Əsər 1837-ci ildə “Sovremennik” jurnalında  nəşr olunmuşdur. Lermontovun haqlı düşüncəsinə görə, 1812-ci il Vətən müharibəsinin əsas qüvvəsi xalqın içindən çıxan və onun bütün gözəl keyfiyyətlərini özündə cəmləşdirən məhz vətənpərvər rus saldatı olmuşdur. “İki nəhəng” adlı balladası və digər əsərlərində də şair rus xalqının qəhrəman keçmişini, onun igid saldatlarının şücaətini məhəbbət və qürurla canlandırmışdır. “Borodino” da şair gənc bir saldatı təqdim edib onun dili ilə qoca saldatdan soruşur:

 

Bir söylə, əmican, bir söylə görək,

Yanan Moskvanı o zaman gərək

Asanca almamış heç fransızlar.

Şanlı vuruşmalar olmuş o zaman,

Deyirlər sel kimi axmış onda qan!..

Bu əbəs deyil ki, Rusiya bütün

Hələ Borodino gününü anır!

 

Bundan sonra əsərin əsas ideyasını əks etdirən qoca saldatın cavabı başlanır:

 

-Bəli, bizim vaxtda adamlar vardı,

İndiki nəsil tək deyildi onlar!

Hamı mərd, qəhrəman bahadırlardı!

Lakin qismətləri bəd oldu yaman:

Çoxu qayıtmadı hərb meydanından...

Allah verməsəydi belə bir qərar,

Əsla Moskvanı verməzdik, inan!

 

Lermontov öz dövründə fəaliyyətsizlik içində mürgüləyən nəsildən açıq narazılığını bildirib, bu barədə tənqidlərini söyləməkdən çəkinmir, qəhrəmanlıq hissi ilə zəngin, şərəflə dolu olan böyük keçmişə qibtə edir, bu şanlı keçmişi vəsf etməklə, onu bir məktəb, nümunə kimi təqdim edir.

Təsadüfi deyil ki, “Pravda” qəzeti Vətən müharibəsi illərindəki məqalələrinin birində yazırdı: “Borodino” şeiri rus ədəbiyyatının qiymətli incisidir. Öz vətənini sevən elə bir rus tapılmaz ki, bu şeiri əzbər bilməsin”.

“Borodino” şeirindəki vətənpərvərlik, döyüşkənlik, məğrurluq motivləri zamanın sərt sınaqlarından keçərək, bizim dövrümüzə qədər gəlib çıxdı.Məlumdur ki, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində “Borodino” şeirinin mübarizə dolu misralarından plakatlar düzəldilir, onlardan şüar kimi istifadə edilirdi.

Lermontovu rus xalqının qəhrəman keçmişi ilə əlaqədar olaraq Moskvanın tərənnüm edilməsi  onun “Çar İvan Vasilyeviç, cavan opriçnik və igid tacir Kalaşnikov haqqında nəğmə”nin əsas motivini təşkil edir. Belinski bu əsəri oxuyanda demişdi ki, bu nəğmə şairin ruhu ilə xalq ruhu arasındakı yaxınlığın ən canlı əlamətidir.

“Saşka” poemasında da şair doğma Moskvanı və onun qəhrəmanlıq mövqeyini tərənnüm edərək, “Moskva, Moskva, səni oğul kimi, rus kimi, atəşin, güclü və zərif bir məhəbbətlə sevirəm!” - deyə müraciət edir.

M.Y.Lermontovun ədəbi və ictimai-siyasi fəaliyyətinə nəzər saldıqca, ukraynalı yazıçı, şair və alim İvan Yakovleviç Frankonun gözəl bir sözü yadıma düşür: “Böyük şairlər xalqın vicdanıdır”. Xalqın vicdanı isə heç zaman susa bilməzdi. Lermontov rus xalqı başda olmaqla, bütün mütərəqqi xalqların övladı kimi sevilirdi, beynəlmiləl şair kimi nüfuz qazanmışdı.

O, böyük şair idi və böyük şair kimi tək öz xalqının deyil,  bəşərin təmiz vicdanına  çevrilmişdi. Gözünün önündə rus çarı bir tərəfdən Qərbdə  azadlıq hərəkatının boğulmasına çalışır, digər  tərəfdən də Rusiyanın  daxilində  azadlıq yolunda baş qaldıran bütün qüvvələri amansız lıq və qəddarlıqla  məhv edirdi. Belə bir dövrdə Lermontov Nikolay hakimiyyəti daxil olmaqla, bütün xalqları azadlıq naminə ölüm-dirim mübarizəsinə  səsləyirdi:

 

Paris küçələrini bürüdü fışqıran qan,

Belə nahaq qanları ah, ey zalım hökmran,

Ölən vətəndaşların söylə görüm bircə sən,

Qanlarını dünyada nəylə ödəyəcəksən?

Fransada azadlıq hərəkatını boğan X Karla nifrətlər yağdıran şair:

Yurdun istiqlaliyyəti uğrunda yenə,

Siz ey vüqarlılar, etdiniz üsyan.

Yenə azadlığın qədəmlərinə

Verdi mütləqiyyət qulları qurban

 

- deyərək, fransız xalqının burbonlar sülaləsinə qarşı mübarizəsini - 1830-cu ilin iyul inqilabını alqışlayırdı.

Sonralar davam edən mübarizədə fransızların fəalsızlığını, susduğunu görəndə: “Mən böyük xalqa demək istəyirəm ki, sən yazıq və bədbəxt bir xalqsan!”- deyə milləti yenidən hərəkətə gətirməyə can atırdı.

Dekabrist şairlərin yaradıcılığında olduğu kimi, Lermontovun da əsərlərində vətən və azadlıq mövzuları geniş tərənnüm edilirdi. Rus xalqına dərin inam, 1812-ci il Vətən müharibəsi qələbəsinin yaratdığı milli qürur hissi şairin yaradıcılığında vətənpərvərlik hisslərinin güclənməsinə  təsir göstərmişdi. Coşqun bir ilhamla yazılmış bu əsərlərdə vətənə məhəbbət hissi zülmə, istibdada, təhkimçiliyə qarşı nifrət duyğuları ilə səsləşirdi. “Türkün şikayətləri” adlı şeirində şair vətəninin gözəlliyindən , yurdunda misilsiz  zəkaların parladığından iftixarla söz açır. Lakin onun odlu bir məhəbbətlə sevdiyi bu vətəndə:

 

İnsanlara çox erkən ağırlıq edir həyat

Orda təsəllilərin ardınca qərəz gəlir.

Zəncirdən, köləlikdən qopur inilti, fəryad;

Əzizim, həmən diyar mənim öz vətənimdir

 

- deyə, şair kədərlənir. Xeyirli işlərin sakit şöləsinin çox erkən söndüyündən, doğrunun üstünü yalanın  tez  örtdüyündən qəzəblə danışır.

 

Lermontov musiqini çox sevirdi. Böyük sənətkarın yaradıcılığı xalq musiqisi inciləri , rus mahnıları ilə daha da zənginləşmişdi. Şair deyirdi ki, əgər xalq poeziyasını öyrənmək istəyirəmsə, onu yəqinki rus mahnılarından başqa ayrı yerdə axtarmalı olmayacağam.

Skripkada çox məharətlə ifa etdiyi kimi, şair pianoda, fleytada da çalır, gözəl oxuyurdu. O, nadir istedadlardan idi.Onun çıxışları o zamankı mətbuatda  əksini tapırdı. Məsələn, “Moskovskiye vedomosti”də və “Damskiy jurnal”da  istedadlı violonçelçi Mixail Lermontov haqqında yazılar dərc olunmuşdu.Musiqiyə olan sonsuz həvəsini o, belə təsvir etmişdir: “Üç yaşım olardı.Bir mahnıya qulaq asıb ağladım.İndi onu xatırlaya bilmirəm. Lakin o mahnını indi eşitsəm, mənə əvvəlki kimi təsir bağışlayar. Onu mənim üçün mərhum anam çalardı”.

Lermontovun müasiri, tanınmış şair və musiqiçi N.Oqaryov Lermontov şeirinin gözəlliyinə məftun olduğu barədə yazırdı: “Onları təkcə mütaliə etmək yox, həm də özünə xas bir havada oxumaq da olar.Onların hər biri həcminə görə ya mahnıdır, ya simfoniya”.

Lermontov opera, balet və konsertlərə tez-tez gedərmiş. O da məlumdur ki, böyük şair özünün “Kazak beşik nəğməsi”nə musiqi bəstələmişdir.Onun “Mən yola tək çıxıram” və “Kazak beşik nəğməsi” şeirləri dəfələrlə xalq mahnıları məcmuəsinə daxil edilmişdir. Maraqlıdır ki, Lermontov “Çar İvan Vasilyeviç, cavan opriçnik və igid tacir Kalaşnikov haqqında nəğmə” əsərini də qədim rus nəğmələri üslubunda yazmışdır.

         Bethoven, Şubert, Qlinkanın musiqiləri ona daha xoş təsir bağışlayardı. “Moskvanın panoraması”nda Bethovenə olan böyük məhəbbəti əksini tapmışdır.Bayron şeirini ona görə çox sevirdi ki, şairin poeziyasında musiqi güclüdür. “Lermontov qələmindən çıxan hər bir sətri oxuyanda elə bil musiqi akkordları eşidirsən” - bunu Belinski demişdi.

         Doğrudan da Lermontov rus şairləri içində musiqiyə ən çox bağlı olan sənətkardır.Vaxtilə  ən görkəmli rus bəstəkarları onun rübabına valeh olmuş, onun sözlərinə mahnı və romanslar bəstələmişlər.İlk rus romanslarının bir çoxu Lermontovun adı ilə bağlıdır. M.Qlinka, A. Alyabyev, A.Varlamov, A. Qurilyov, A. Darqomıjski, P. Çaykovski, T.Kyui, A. Arenski, Balakirev, A.Rubinşteyn, Borodin, Rımski-Korsakov və başqalarının yaradıcılığına  ecazkar Lermontov lirikasının böyük təsiri olmuşdur. Görkəmli rus musiqi xadimi, böyük pianoçu  A.Rubiynşteyn bir sıra romaslardan əlavə, Lermontov əsərləri mövzusunda “Hacı Abrek”, “Tacir Kalaşnikov” və “Demon” operalarını yazmışdır. Müəllifinə şöhrət gətirən bu əsərlər içərisində “Demon” Şərq haqqında ən geniş yayılmış lirik rus operasıdır.

Lermontovun poemasında Rubinşteyni Demonun romantik obrazı düşündürür.Operada Demon dərin daxili ziddiyyətlərə malik olan güclü bir xarakter kimi təqdim olunur.Bu mürəkkəb və çoxcəhətli obrazı təcəssüm etdirməklə, bəstəkar onun təkliyini, kimsəsizliyinin faciəsini göstərmişdir.

Operada gözəl Tamara obrazı  sənətkarlıqla işlənib.Bəstəkar onun uşaqlara  xas olan saflığını, məsumluğunu, sonrakı sarsıntılarını və daxili mübarizələrini, sevgi hisslərini məharətlə göstərə bilmişdir. Demon riyakarlıq, saxtakarlıqla dolu olan dünyaya, yaltaqlığa nifrət edir. O, aldanış və  səmimiyyətsizliklə “nəfəs alan” bəşər dünyasına baxır.

Mərhəmət  mələyi onu məhəbbətə, keçmişləri unutmağa çağırır.Guya o, sevərsə və olub-keçənləri bağışlayarsa, cənnətə qayıda bilər.Lakin Demon mələyin çağırışını rədd edir.Ona cənnətin sakitliyi və dincliyi lazım deyil, o, mübarizələrə, döyüşlərə ehtiyac hissi ilə çırpınır.O, yer üzünə buna görə enmişdir.

Burada o, gürcü knyazının qızı gözəl Tamaranı görür, qızın gözəlliyinə məftun olur. Tamaranı bu rəzalət  aləmindən qoparıb, uzaqlara, saf bir məkana, insanların günahlarından, xəbisliklərindən uzaq olan əsrarəngiz bir aləmə aparmaq istəyir. Demon qızı bu dünyada gördüklərini unutmağa, onunla birlikdə ulduzlar dünyasına getməyə çağırır.Orada qızın göylər şahzadəsi olacağını ona bildirir.

Qorxmuş qız rəfiqələri ilə birlikdə qəsrə qayıdır, lakin dinclik tapmır. Demon sirli surəti ilə onu həmişə, hər yerdə onu izləyir.

Təyin olunmuş toy günündə Tamaranın nişanlısı cavan knyaz Sinozal qəflətən ölür. Bu hadisə qızı sarsıdır. O, monastıra gedir. Lakin burada da Demonun sirli surəti qızdan əl çəkmir.Tamara ürəyində Demona qarşı baş qaldıran hissləri boğa bilmir və ona valeh olur.Demon Tamaranı ehtirasla öpərkən qız həlak olur. Qorxunc ruh qızın təmiz ürəyinə hakim olduğu üçün sevinir.Lakin mərhəmət mələyi Tamaranı bağışlayır.Onun ruhu göylərə çəkilir.Beləliklə, Demonun sonuncu ümidi də məhv olur.O, öz kədəri və dünyaya olan nifrəti ilə tək qalır.

Lermontov “Demon” poeması üzərində 10 ildən artıq işləyib.Əvvəllər həyəcanlı bir gənc qəlbin çırpıntılarını ifadə edən bu poema getdikcə püxtələşən dərin məzmunlu, kamil və fəlsəfi bir əsərə çevrilmişdir. Demonun üsyankar ruhu, azadlıq eşqi elə bir dərin həyəcan və çılğınlıqla verilmişdir ki, bu əsəri hər dəfə oxuyanda onun qüdrətli təsirindən qurtarmaq olmur.

Parlaq xüsusiyyətlərə malik olan “Demon” operası lirik-dramatik opera sayılır. Bəstəkar qəhrəmanların taleyini əks etdirmək üçün gərgin dramatik səhnələrdən istifadə  edir.

Şairin yaradıcılığında “müsbət  Demonlar” da mövcuddur. Onun 1831-ci ildə hind əfsanəsi  əsasında  qələmə aldığı  “Ölüm mələyi” poemasında ölüm mələyi can alan deyil, əksinə, can və həyat verən, ölümün qarşısını alan, nəcib, xeyirxah bir ruhdur.

17 yaşlı Lermontov bəzi şeirlərində bir qıza müraciət edir, lakin onun adını heç yerdə çəkmir.Həmin qıza həsr olunan şeirlərdə ad əvəzinə sərlövhələrdə təkcə üç baş hərf yazılır: N.F.İ. Həmin şeirlərin adları belədir: “N.F.İ”, “N.F.İ.-yə”, “İ...üçün romans”, “K.N.İ”.

         Bu şeirləri oxuyanda Lermontovun həmin qızı dərin məhəbbətlə sevdiyi məlum olur. Qızın özü də əvvəllər Mixaili sevmiş, sonra meylini saldığı başqa adama  ərə getmişdir. Təhqir olunmuş və kədərlənmiş şair ona acı bir tənə ilə müraciət edib yazır:

 

         Bəlkə də eşqinə layiq deyiləm,

         Çətin bu xüsusda söz deyə biləm;

         Lakin sən insafsız hərəkət etdin,

         Mənim ümidimin, arzumun hər an

         Odlu mükafatı aldanış, yalan.

         ...Hətta biz bir dəfə ayrılan zaman

         Bir busə qopardım dodaqlarından

         Lakin gün altında, quru çöllərdə

         Bir damcı su ilə atəş sönərmi?

         O günlər bir də heç geri dönərmi?..

        

Şeirin kiçik bir hissəsini təqdim etsəm də, bütöv mətndən aydın olur ki, bu qız Lermontovu başa düşmüş və onun ürək dostu olmuşdur.Lakin kimlərsə qızı şairə rəğbət bəsləməkdə günahlandırırmış. Lermontov həmin qızın adını bircə dəfə belə yazmamışdır. Hətta Lermontovun tədqiqatı ilə məşğul olanlar 100 il ərzində bu sirri aça bilməmişlər. Lakin  şairin əsərlərinin yeni nəşrində qısa və dəqiq bir əlavənin qeyd olunması zərurəti yaranır: Filankəsə həsr olunmuşdur.

         Dəqiqləşdirmə işi ədəbiyyatşünas alim, yazıçı, sənətşünas, filologiya elmləri     doktoru İrakli Luarsaboviç Andronikova həvalə edilir.Gərgin əmək və xeyli zəhmət tələb edən bu tədqiqat işindən sonra məlum olur ki, Lermontov həmin qıza 4 yox, 30 şeir həsr etmişdir və bu qız Nataliya Fyodorovna İvanovadır.

 1831-ci ildə Lermontov ivanovlar ailəsinin Moskva yaxınlığında, Klyazma çayı sahilində yerləşən  malikanəsində qonaq olur və Nataliyanın xəyanətindən xəbər tutub, Moskvaya qayıdır.

         Mixail Yuryeviç Moskvaya dönəndən sonra “Qəribə adam” pyesini yazır və əsərdə onu üzən həmin xəyanətdən bəhs edir.

         Əsərdə təsvir olunur ki, Arbenin və gözəl Nataliya Fyodorovna Zaqorskina bir-birilərini dərin məhəbbətlə sevirlər.Lakin budur, Nataliya başqasına aludə olub, Arbenini unudur, öz əhdinə xilaf çıxır. O, Arbeninə deyir: “Biz ayrılmalıyıq! Mən başqasını sevirəm!..Sizə nümunə olaraq mən sizi unudaram!

         Arbenin həyəcan və sonsuz bir çılğınlıqla: “Sən məni unudacaqsan?- Sən?- deyə soruşur,- Ah, belə şeyi ağlına gətirmə! Vicdan yaddaşdan daha sadiqdir; sənə məni məhəbbət deyil, peşmançılıq xatırladacaq!..”

         Əgər Mixail Yuryeviçin ivanovların evindən Moskvaya 1831-ci ilin 7 iyun günündə qayıtdığını və “Qəribə adam”da da məhz bu xəyanətdən bəhs etdiyini nəzərə alsaq, deməli, şair “1831-ci ilin 11 iyun günü” şeirində də nəhayətsiz dərəcədə sevdiyi həmin qıza müraciət etdiyi aydın olur:

 

         Qoynuna almır məzar səmaların oğlunu,

         Mən ölüb gedəndə də qəlbimdəki arzunu

         Dərk edə bilməsə də dünya heyrət içində

         Təqdir edəcək yenə, mələyim, onda sən də

         Birgə yaşayacaqsan mənimlə, mənim kimi.

         Yaşadacaqdır səni məhəbbətim daimi.

         Adın mənim adımla qoşa çəkiləcəkdir

         Ölmüşləri ayırmaq axı, kimə gərəkdir?

 

Lermontov son dəfə N.F.İ- yə ona solub ölmüş duyğuları ilə birdəfəlik ayrılıq üçün müraciət edir. Şeirdə keçmiş iki il haqqında  təəssüflə  danışır, bunula  belə, öz qüdrətli ilhamı ilə qürur duyduğunu və böyük gələcəyinə inam bəslədiyini  bildirir. “Heç zaman önündə əyilmərəm  mən”i  təqdim edirəm (tərcümə Rəfiq Zəkanındır) :

 

Heç zaman önündə əyilmərəm  mən,

Nə sənin ülfətin, nə məzəmmətin-

Qəlbimin hakimi deyil bu gündən,

Bu gündən yad oldu doğma surətin.

Nədir bu çəkdiyim əzablar, nədir?

Bir də can atmaram görüşlərinçin,

Onsuz da illərim qurban gedibdir

Sənin gözlərinçin, gülüşlərinçin.

Onsuz da aylarla xiffət  etmişəm,

Bağlayıb  adına  səadətimi,

Mən bütün cahana nifrət etmişəm,

Sənə göstərməkçin məhəbbətimi.

Dizlərin önündə keçən anları

Təbimin dəyərli anları sandım,

Getdi, geri çəkmək olmaz onları,

Getdi, əvəzində mən nə qazandım?

Bir zaman ilahi hisslərlə derdim,-

Ruhun qüdrətinə  arxalanaraq; -

Dünyaya bir gözəl töhfə verərdim,

O mənə baqilik verəydi  ancaq.

Sən mənə fikr etmə deyirdin onda,

Yadında varmıdır  nə andlar içdin?

Sənki  bu  şəkildə deyildin onda,

Sonra tamam döndün, tamam dəyişdin.

Mən də qürurluyam, yetər, əlvida!

Get  sev özgəsini, darılmaram mən,

Dünya dağılsa da, dünya qopsa da,

Kimsəyə ömrümdə qul olmaram mən.

Səninlə gəlmərik bir də üz-üzə,

Qoy qürbət diyarda ömr eləyim tək,

Heyhat, çox bələdik bir-birimizə,

Yetər unudulmaq, unutmaq gərək!

Sevgisiz yaşayıb ölmək yaxşıdır,

Daha əyyaşlığı pisləmərəm mən,

Hər kəslə əylənmək, gülmək yaxşıdır,

Heç kəslə ağlamaq istəmirəm mən.

Mən də aldadaram, buna nə var ki?

Görər hər tanıyan sevincək məni,

Qadına inanmaq necə olar ki,

Aldatdı ən ülvi bir mələk məni?!

Mən nələr edərdim sənin yolunda,

 Qorxmazdım üstümə dünya gələydi!

Ölümə gedərdim sənin yolunda,

Bir də əllərinə əlim dəyəydi,

Xəbərdar olmayıb xəyanətindən,

Mən sənə zavallı könlümü verdim,

Onun qiymətinə  bələddinmi  sən?

Bələddin, mən sənə bələd deyildim!..

 

        

         Yaxşı deyiblər ki, həyatın dözülməz olmaması üçün iki şeyə alışmaq lazımdır: zamanın vurduğu yaralara və adamların ədalətsizliyinə. Həyatın bu cür imtahanları Lermontovu sındıra, kiçildə bilməzdi. O, daxili əzabları ilə də hər an ucalmaqda idi. Həm qüdrətli poeziyası , həm də əyilməz vüqarı ilə.

         Süleyman Peyğəmbərin sözü yerinə düşür: “Qadın ömürdən şirin, ölümdən acıdır”. Kaşki dahi şairin ömrü uzun olaydı və ikinci dəfə qəlbinin evinə ölümdən acı deyil, ömürdən şirin olan qadın, sevgisi yolunda Mixailin özü kimi mübariz, qorxmaz  bir insan daxil olaydı. Şairə belə ömür- gün yoldaşı  layiq idi...

         Lermontovun bir çox şeirlərində təklik, tənhalıq, sükunət, buludların arxasından baxan hüznlü ay, qayalar arasında sıxılıb fəryad qoparan Terek, zülmətin qoynunda  min büsat çıxaran tufan və s. obrazlar da əlbəttə, sadəcə poetik obrazlar  deyildir.Onlarla şairin nakam taleyi arasında simvolik əlaqə vardır. “Tənhalıq” şeirində oxuyuruq:

 

         Necə dəhşətlidir, necə ağırdır

         Bir ömrün yükünü təkcə daşımaq.

         Sevinci bölməyə hamı hazırdır,

         Kədərə yananlar tapılmır ancaq!

        

 

Dahilərdən yadigarı olan “Poeziya sözlərin musiqisidir”, “Poeziya ruhun musiqisidir”, “Musiqi əsl ümumbəşəri dildir”, “Musiqi - sözsüz, bəzən də çox dərin mənaları ifa  edən nitqdir” fikirləri ürəklərə yol tapsa da, K.Silvestrin “Musiqi-insan hisslərinin riyaziyyatı, riyaziyyat isə insan təfəkkürünün musiqisidir” deməsi mənə maraqlı gəlirdi. Lakin Lermontovun şəxsində bu maraqlı fikir mənə təfsilatı ilə aydın oldu.

Yada salım ki, XIX əsrin birinci yarısında Rusiyada fransız alimi Etyen Bezunun riyaziyyata dair dərslikləri geniş yayılmışdı.Bu dərsliklərdən birində şairin öz əli ilə yazılmış “Mixail Lermontovun kitablarındandır” yazısı aşkar edilmişdir.

         Bir gün alayda  zabitlər bir yerə yığışır. Lermontov da orada olur. Böyük bir alim haqqında söhbət düşür və ən mürəkkəb riyazi məsələləri onun şifahi surətdə həll edə bilməsindən danışılır.Batalyon komandirlərindən biri, yaşlı zabit üzünü Lermontova tutub deyir: “Siz buna nə  deyirsiniz? Eşitmişəm siz də yaxşı riyaziyyatçısıınız?

         -Burada təəccüblü bir şey yoxdur,- deyə şair cavab verir,- əgər istəsəniz, mən də riyazi hesablamalardakı bəzi möcüzələrlə sizi tanış edərəm.

         Sonra o, zabitə belə bir misal təklif edir:

         -Fikrinizdə tutduğunuz hər hansı bir ədədin üzərinə 25 əlavə edin.

         Zabit bunu kağızda özü üçün qeyd edir.Lermontov isə bir-birinin ardınca təklif edir:

         -İndi yenidən 125 əlavə edin;

         -Alınan ədəddən 37 çıxın;

         -İndi isə fikrinizdə tutduğunuz ədədi çıxın;

         -Qalan ədədi 5-ə vurun;

         -Alınan ədədi 2-yə bölün.

         Deyilənləri zabit yerinə yetirir.Bundan sonra Lermontov deyir:

         -İndi görək sizdə neçə alınıb...əgər səhv etmirəmsə, 282 alınmışdır.

         Batalyon komandirini təəccüb götürür:

         -Bəli, tamamilə düzgündür, 282 alınmışdır.Mən fikrimdə 50 ədədini tutmuşdum...

         Lermontov  A.S.Puşkinlə şəxsən tanış olmasa da, onun zəngin yaradıcılığına, fitri istedadına yaxından bələd idi. Aleksandr Sergeyeviç onun ən sevimli şairi idi.

Puşkin dueldə öldürüldüyü zaman Lermontov xəstə yatırdı. Mixail Yuryeviçi müalicə edən həkim ona Puşkinin yanından gəldiyini və böyük şairin ölüm yatağında olduğunu, ağır əzablar çəkdiyini söyləyir.

         Rusiyada Puşkinin ölümünə bir sıra şair və poemalar həsr olunsa da, mübarizə gücü etibarı ilə onların heç biri Lermontovun yazdığı “Şairin ölümünə” şeiri səviyyəsinə qalxa bilmədi. Şeirin rəsmi olaraq 20 il sonra çap olunmasına baxmayaraq, onu hamı əzbər bilirdi:

 

         ...Ey namərd ataların dikbaşlı övladları,

Ey bədbəxt nəsillərin qəbrini tapdayanlar!

Ey qul ikən, zülümdən- cəfadan zövq duyanlar!

Ey acgöz sürü kimi taxt başına yığışan,

Ey hürriyyət, ey düha, ey şərəf cəlladları!..

Qanunun kölgəsində gizlənirsiz hər zaman,

Susur hüzurunuzda məhkəmə, haqq, ədalət...

Lakin, ey əxlaqsızlar, bilin siz bunu, əlbət,

Bir də haqq məhkəməsi, dəhşətli bir hakim var!..

Fikirləri, işləri o bilir əvvəlcədən...

O sizləri gözləyir... Nə rütbə, nə qızıllar

Ona təsir eləməz!.. Bilin siz bunu hökmən:

Riyakarlıq sizlərə kömək eləməz əsla,

Qurtara bilməzsiniz bu haqq məhkəmədən siz!

Bütün o murdar, qara, natəmiz qanınızla

Şairin saf qanını, yox, yuya bilməzsiniz!..

 

Bu odlu şeir Rusiyanı  iki məsələdən agah edirdi; dahi Puşkinin  çar qatilləri tərəfindən xaincəsinə öldürülməsini və mübarizə meydanına  yeni bir  üsyankar şairin gəlişini.

Mübarizə ruhu, haqsızlığa, ədalətsizliyə, xalqın əzilməsinə, insanların zülmünə qarşı üsyankar etiraz hissi Lermontov yaradıcılığına, əqidəsinə xas olan ən ümdə xüsusiyyətlərdən biri idi. Təhkimçilik üsuli-idarəsinə qarşı çıxan şair milyonlala məzlumun üzərində öz səadətini üstun tutanlara lənətlər yağdırırdı:

         “İnsanlar! İnsanlar!..Mən sizin gülüşlərinizə, sizin səadətinizə, sizin var-dövlətinizə lənətlər yağdırıram…Bütün bunlar qanlı göz yaşları bahasına  satın alınmışdır…Yazıq mujiklər! Bu necə həyatdır ki, mən hər dəqiqə nəyim varsa, itirmək, cəlladların pəncəsinə keçmək təhlükəsi qarşısındayam!..”

         Hələ uşaqlıq illərindən rus kəndlisinin acınacaqlı həyatının canlı şahidi olan balaca Mixail əsarət və işgəncə altında inləyən milyonlarla bədbəxtin güzəranına, həyatına acıyır, onlara kömək əli uzada bilməməsinə görə bəzən bədbinləşir, bəzən də üsyankar bir sərkərdə kimi insanları azadlığa, qələbəyə və səadətə  çağırırdı.

“Maskarad” dramı Lermontovun əsərləri arasında özünəməxsus yer  tutur.Əsl sənətkarlıq qüvvəsi və siyasi bir cəsarətlə dövrünün kübar cəmiyyətinin  eybəcərliklərini açıb göstərməklə onlara istehza edən, adı simvolik  məna daşıyan bu əsərdə “nəzakət  maskası örtülmüş bu sifətlər”də  əsl maskanı cırıb atır. Simasındakı maska yırtıldıqdan sonra mənəviyyatsız, xudpəsənd, əxlaqdanuzaq, küt  bir adam olan knyaz  ortaya çıxır. Qumar oynadığı zaman uduzduğu üçün dəhşətli bir vəziyyətə düşən knyazı  Arbenin xilas edir. Onun pullarını qaytarır. Knyaz  ömrü boyu öz xeyirxahına minnətdar olduğunu bildirir. Səhəri isə ona xeyirxahlıq göstərmiş adamın arvadına  “tor hörür”.

         Doğrudan da bu cəmiyyətdə heç bir həqiqi hiss, təmiz münasibət yoxdur. “Ehtiraslar oyuncağı”na çevrilən bu cəmiyyətdəki qadınlar hələ gənclik yaşlarından maddi qazanc naminə satılırlar.

Bu cəmiyyətdə  həqiqi dostluq hisslərindən söhbət gedə bilməz. İnsan ləyaqətinə, şəxsiyyətinə  hörmət deyiləsi şey əsla yoxdur

         1837-ci ilin   fevralında Lermontov çarın xüsusi əmri ilə məhz “Şairin ölümünə” şeirinin müəllifi kimi Peterburqdan Qafqaza, Nijeqorod alayına köçürülür...(Şairin Qafqaza sürgünündən bir qədər sonra yenidən bəhs edəcəyəm).

         Lermontov 1837-ci ildə görkəmli rus yazıçısı, tənqidçisi, dekabrist  Aleksandr  Aleksandroviç  Bestujev-Marlinskinin Qara dəniz sahilində, Soçi, Adler burnu yanındakı vuruşmada  öldüyü xəbərini eşidən zaman müalicəsini buraxaraq Tamana və  oradan da dəniz yolu ilə Kaxetiyaya gəlmişdir. Şairin  Azərbaycana  gəlişi də həmin vaxta təsadüf  edir.      Lermontova aid sənədlərin içində onun Azərbaycan və Qafqaz xalqlarının öz azadlıqları uğrunda apardıqları mübarizənin, o cümlədən Quba kəndlilərinin 1837-ci ildə inqilabi çıxışının şəxsən şahidi olduğu haqqında  maraqlı qeydlər vardır.

         1837-ci ildə növbəti dəfə Qafqaza gələn şair yarım il burada qalmış, nənəsinin köməyi nəticəsində o, 1838-ci ilin əvvəlində Peterburqa qayıtmışdır.

         23 yaşlı Lermontov  sürgün dövründə bir müddət  Azərbaycanın Qusar rayonunda , o zaman “Zabitlər küçəsi” adlanan Dvoryan  küçəsində. öz tanışı (bəzilərinin dediyinə  görə qohumu), hərbi həkim, podpolkovnik Aleksandr  Aleksandroviç  Marşevin evində yaşamışdır. (Hazırda bu küçə Fəxrəddin Musayev küçəsidir).

Şair burada yaşadığı qısa müddət ərzində rayonun Çiləgir kəndindən olan riyaziyyatçı, alim Hacı Əli Əfəndi ilə tanış olmuş, Ləzgi Əhməddən “Aşıq qərib” dastanını dinləmişdir. Ümumiyyətlə, şair Qusarda yaşadığı dövrdə  6 əsər ;3 poema və 3 şeir yazmışdır: “Aşıq Qərib”, “Qaçaq Hacı”, “İsmayıl bəy” poemaları, “Xəncər”,  “Ayrılıq” və “Gənc ləzgi” şeirləri məhz Azərbaycan torpağında - Qusarda yaranmış gözəl sənət nümunələridir.

Xalq şairimiz Nəriman Həsənzadə  “Qusarda ev” şeirini Lermontovun xatirəsinə həsr etmişdir:   

 

        

Yol üstə bir evi nişan verirlər:

Durur qoşa qapı, durur daş səki.

Durur o vədədən pəncərədəki

Bayır qapaqları... indiyə qədər.

 

Gəzib dolaşdıqca alnında vüqar,

Bədrəftar görməmiş burda kimsədən.

“Əlvida Rusiya!” – deyən sənətkar,

Kimə salam vermiş burda görəsən?

 

Şeirinə, sözünə qulaq asaraq,

Şairi ilk dəfə kim dinləmişdir?

Bulaq göstərirlər... deyirlər bir vaxt,

O, burada su içib sərinləmişdir.

 

Lakin yanan ürək soyuya bilməz,

Köksünün üstündə od qalanmışdır.

Böyük Rusiyaya sığışmayan kəs,

Qusarda bir evə daldalanmışdır.

 

Əziz qonaq oldu burda hər kəsə,

Ondan neçə evdə söz düşdü, getdi.

Gələndə bir kəslə görüşmədisə,

Gedəndə hamıyla öpüşdü getdi...

 

 

Rusiyanın ən qüdrətli milli şairlərindən biri olan Mixail Yuryeviç Lermontov Azərbaycana  böyük hörmət və məhəbbət bəsləirdi. O, Şamaxıda qaldığı müddətdə bir sıra yerləri gəzmiş, toylarda, el şənliklərində iştirak etmişdi. Yurdumuzun füsunkar təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına valeh olan şair, həvəskar ov (bəzi mənbələrdə laçın və tərlan ovu qeyd edilir - R.Mirzəzadə) mərasimlərinə də qatılmışdı.Şamaxı qəzasının Tircan kəndində ağsaqqalların danışdığı nağıllara qulaq asmış, məscid minarələrindən ucalan azan səsini dinləmişdi.

Lermontov Tiflisdə olarkən böyük Azərbaycan yazıçı, dramaturq və maarifçisi  Mirzə Fətəli Axundovla  tanış olmuş, bu tanışlıq qısa vaxtda dostluğa çevrilmişdi. Çünki Lermontov və Axundovun yaradıcılıqlarında onları bir-birinə yaxınlaşdıran ictimai-siyasi motivlər dəaz deyildi. Bunu ən azı hər iki şairin Puşkinin ölümünə həsr etdikləri üsyankar şeirləri sübut edirdi.

Lermontov Azərbaycan dilinin gözəlliyinə heyran olduğunu, onu öyrənmək isədiyini dostu M.F.Axundova bildirmişdi. Bu barədə şairin poetik müraciəti də mövcuddur:

 

Kaşki sizin dildə danışam aydın,

Kaşki müəllimim özün olaydın.

 

Azərbaycanın təbii gözəlliyi, xalqımızın qonaqpərvərliyi, dilimizin musiqililiyi şairi heyran etmişdi.O, bu barədə dostu Nikolay Pavloviç Rayevskiyə göndərdiyi məktubda yazırdı: “Rusiyanı tərk etdiyim andan bu günə kimi həmişə gəzməkdə olmuşam...dağlar aşmışam, Şuşada ( bu şəhər əslində Şuşa deyil, Şura – yəni Temir -xan -  Şura kimi oxunmalıdır), Şamaxıda, Qubada, Kaxetiyada olmuşam.Əynimdə çərkəz paltarı, çiynimdə tüfəng çöldə yatmışam, çaqqalların səsinə oyanmışam, dağlıların çörəyini yemişəm, hətta Kaxetiya şərabı belə içmişəm...tatarca (yəni azərbaycanca) öyrənməyə başlamışam, necə ki, Avropada fransız dili, bu dil də burada, ümumiyyətlə, Asiyada  zəruridir, təəssüf ki, indi axıra qədər öyrənə bilməyəcəyəm, gələcəkdə lazım ola bilərdi...”.

Lermontov Azərbaycan dilini mükəmməl öyrənə bilməsə də,ayrı-ayrı sözlər və ifadələrdən xəbərdar idi. Şair “ana”, “oğul”, “ağa”, “allah”, “namaz”, “salam”, “sağ” və s. kimi sözləri öz əsərlərində dönə-dönə işlətmişdir.

Azərbaycan folkloru ilə yaxından maraqlanan şair, “Aşıq Qərib” dastanı əsasında “Aşıq Qərib” nağılını yazmışdır. Lermontov “Aşıq Qərib”i sadəcə rus dilinə tərcümə etməmişdir.Onun Moskva Əlyazmalar Fondunda saxlanılan “Qaşıq Qərib”inin əlyazmasında aparılan düzəlişlər göstərir ki, şair nağılın üzərində xeyli işləmiş və onu çapa hazırlamışdır. “Aşıq Qərib” (türk nağılı”) adı ilə yazılan əsər 1846-cı ildə nəşr edilmişdir. Əsər 1912-ci ildə Gəncədə Əbilov və Haqverdiyevlər mətbəəsində də çap ounmuşdur.

         Lermontov nəsrində  ən yüksək yeri onun “Zəmanəmizin qəhrəmanı” romanı  tutur. Bütün dünyada məşhur olan bu roman hər biri müstəqil surətdə maraqla oxunan, lakin vahid bir qəhrəman obrazla birləşən 5 povestdən ibarətdir. Romanın baş qəhrəmanı Peçorin Lermontov dövrünün gəncliyini təmsil edən ümumiləşdirilmiş bədii obrazdır. Həmin dövrün gəncliyi çox ağır ictimai və siyasi problemlər, bəlalar  içində yaşayırdı. Dekabristlər üsyanını qan içində boğmuş çar I Nikolayın hakimiyyət başında olduğu bu illər Rusiya tarixində “zülmət səltənəti” kimi məşhurdur. Bu zama ən ağıllı, istedadlı adamlar belə öz istedad və bacarığından istifadə etmək üçün ölkədə imkan və  şərait  tapa bilmir, lazımsız, “artıq adamlar” vəziyyətinə düşürdülər. Məz bu siyasi burulğanlar mühiti ağıllı, həssas, bacarıqlı, zəhmətkeş bir adam olan Peçorinin də parlaq şəxsiyyətini zədələyib şikəst etmişdir.

         Əsər  öz zəngin dili baxımından rus klassik irsini yaradanların böyük bir qismi üçün əsl sənətkarlıq məktəbi olmuşdur. Aleksey Nikolayeviç Tolstoy “Zəmanəmizin qəhrəmanı”nı nəzərdə tutaraq demişdir: “Rus romanının nəhəng nəhri öz mənşəyini bu şəffaf bulaqdan götürmüşdür”.

         Böyük şairin 1839-cu ildə yazdığı “Mtsıri” poeması Qafqaza həsr olunan möhtəşəm əsərlərdən biri kimi ədəbi xəzinəyə daxil oldu  və sevildi.

         Lermontovun Yeni il münasibətilə yazmış olduğu şeiri necə deyərlər, səbr kasasının daşması üçün sonuncu damla oldu. Belə ki, 1840-cı ilin yeni il  axşamı nəciblər məclisində verilən və çar ailəsinin iştirak etdiyi bal-maskaradda Lermontov da iştirak edirdi. I Nikolayin qızı Mariya Nikolayevna maska taxmış halda Lermontovun yanından keçərkən ona söz atır. Bu hadisəni görənlər danışırlar ki, hazırcavab Lermontov ona sataşan adamın kim olduğunu bildiyi halda söz altında qalmır. S.V.İvanovun yazdığına görə, gənc  zabitin bu hərəkəti kənardan ədəbsiz  görünür.

Həmin gecə Lermontov 1840-1 yanvar tarixli  forma baxımından parlaq və qüvvətli  şeir  olan “Dəmir”i cəmiyyətə  təqdim edir:

 

Ah, onların nəşəsini necə pozmaq dilərdim,

Kədər dolu, qəzəb dolu öz dəmir şeirlərimi

Utanmadan gözlərinin lap içinə söylərdim.

 

Çarın qızı Mariya Nikolayevna ilə toqquşduğu günün tarixini (1840-cı il 1 yanvar gününü) Lermontov qəsdən şeirin altından yazaraq, bununla onun kimə qarşı söylənilmiş olduğunu gizlətmir...

1840-cı ilin fevral ayında kübar məclislərinin birində Lermontovla Fransa səfirinin oğlu Ernest de-Barant arasında Puşkinin fransız Dantes tərəfindən  öldürülməsi  qəzəbi ətrafında mübahisə baş verir. Bu halda duel “zərurəti” yaranır.

Duel fevralın 18-də Qara çayın üstündəki Porqolov yolunun yanında hazırlanır. Üç il əvvəl həmin yerdə komendant bağının yanında dahi Puşkin ölümcül surətdə yaralanmışdı. İndi həmin yerdə qılınclar  sıyrılmış, qar tapdalanmış və Rusiyanın ikinci böyük şairinin həyatına qəsd hazırlanmışdı. Duel qılınc döyüşü ilə başlanmış, sonra şairin əlindəki qılınc qırıldığından güllə ilə bir-birilərini hədəfə almaq məsləhət görülmüşdü. Əvvəlcə  Ernest de-Barant  atmış, lakin hədəfi vura bilməmişdi. Lermontov isə öz gülləsini havaya atmış, beləliklə, duel barışıqla qurtarmışdı. Ertəsi gün bir çox rus qəzet və jurnallarında  bu sözlər yazılmışdı: “Rus ədəbiyyatının çıxan ulduzu hələ parıldayır: Lermontov sağ qalmışdır”.

Bu dueldə heç kimin yaralanmamasına baxmayaraq, Lermontovu həbs edib, hərbi məhkəməyə verirlər.Həbs müddətində şair “Jurnalist, oxucu və yazıçı”, “Əsir cəngavər”, “Qonşu qız”, “Yelkən” və digər şeirlərini yazır.Həmin ilin aprelində Belinski həbsdə olan Lermontovla görüşür. Bu görüş hər iki dahiyə böyük təsir göstərir. 1840-cı ilin yayında Lermontov yenə Qafqaza sürgün edilir.

XIX əsrin birinci yarısı rus ədəbiyyatının Qafqaz mövzusunu mənimsəməsi baxımından çox mühüm bir dövrdür. O vaxtdan bəri qəzet və kitab səhifələri Qafqaza müraciətlə bağlı yazılmış əsərlərlə zəngindir.

         Böyük rus şairi A.S.Puşkinin Qafqaz mövzusuna müraciət etməsi və onun “Qafqaz əsiri” poeması  rus romantizminin inkişafında başlıca rol oynamış, ədəbiyyatda xeyli sayda  təqlidlərin meydana gəlməsinə səbəb olmuşdur.

         Xatırladım ki, şair Qafqaz mövzusuna 13 il ərzində müraciət etmiş, bu illər ərzində rus ədəbiyyatı Qafqazın yaradıcılıqla əxz edilməsində böyük nailiyyətlər qazanmışdır. Bu da Lermontov kimi həssas şairin əsərlərində öz əksini tapmaya bilməzdi.

         I Aleksandr Qafqazı “İsti Sibirya” adlandırmış və I Nikolayın dövründə sürgün edilən dekabristlər də buraya, cəbhəyə, “hərbi katorqa”ya göndərilmişdilər.

Qafqaz Lermontov üçün hər şeydən əvvəl azad diyar, azadlıqsevər xalqın vətəni idi. Öz əsərlərində hadisə yerlərini Qafqaza köçürməklə, Lermontov istibdad və əsarətlə barışmayan Qafqaz xalqlarının azadlıqsevər  həyatını , qəhrəmanlığını göstərirdi.

Şairin Qafqaz mövzusuna aid olan “İsmayıl bəy” poeması rus çarizminin istilaçı siyasətinə qarşı olan mübarizəyə həsr olunmuşdur.

İsmayıl bəyə aşiq olmuş ləzgi qızı Zəhranın sonralar oğlan paltarı geyinərək  Səlim adı ilə döyüşlərdə onun yanında olması insanı təsirləndirir. Əsərin bir hissəsində şair Səlimin dili ilə deyir ki, mənim oxuduğum nəğmə çox qəmlidir. Axı nə etmək olar ki, bizim ellərin nəğməsi kədərli nəğmələrdir.

 Bununla Lermontov Qafqaz xalqlarına olan məhəbbətini, onların həyat tərzinə, məişətinə, adət-ənənələrinə yaxından bələd olduğunu və bu xalqların istilaçı, zülmkar çar qoşunlarına qarşı mübarizədə çox haqlı olduğunu göstərir.

Bu məqsəd “Qafqaz əsiri” poemasında da əsas götürülüb.Əsir rusla gənc çərkəz qızının macərasında müəllif demək istəmişdir ki, qanlı müharibədə nə öz azadlıqlarını müdafiə etmək üçün ayağa qalxan dağlılar, nə də zorla Qafqaza müharibəyə göndərilən sadə rus döyüşçüləri müqəssir deyildir. Xalqlar arasında düşmənçilik yaradan fitnə-fəsadçılar olmasa, insanlar hər yerdə hansı millətdən, hansı dindən olursa-olsun, bir-biriləri ilə mehriban ünsiyyət yaratmağa hazırdırlar.Poemada beləbir fikir də söylənilir ki, harada mənəvi və cismani əsarət varsa, istər vətən olsun, istər qürbət, orada insan xoşbəxt deyildir. Əsir rus nəinki Qafqazda əsir düşəndən sonra, elə öz doğma vətəni Rusiyada da bir əsir kimi həyat  sürmüşdür...

Qafqaza ürək dolu məhəbbət və rəğbət bəsləyən Lermontov ,eyni zamanda istedadlı bir rəssam kimi də Qafqazın bir sıra səfalı yerlərini, füsunkar mənzərələrini öz  tablolarında  canlandırmışdır.

 

Şairin “Qafqaz” şeirini bu “tərənnümün marşı” da adlandırmaq olar:

 

Gəncliyim şölə saçarkən necə nurlu bir çıraq,

Ey cənub dağları, düşdümsə əgər sizdən iraq,

Yenə dalsam sizə, xoş xatirələr canlanacaq,

Vətənin dadlı, şirin nəğməsitək hey qəlbən

                               Sevirəm Qafqazı mən!

 

Bir uşaqdım o zaman, soldu, ölüb getdi anam,

Keçdi, heyhat, o düzənlər mənə hər gün axşam.

Yadıgar bir səsi əks eylədi, sakit, iham,

Yurdu dağlar, qayalartək nə qədər, ah, bilsən,

                             Sevirəm Qafqazı mən!

 

Sizdə xoşbəxtdim, a dağlar, kahalar, gen düzlər!

Keçdi beş il, yenə könlüm sizi həsrət izlər.

İki göz gördüm o yerlərdə, ilahi gözlər

Yada düşdükcə pıçıldar ürəyim min yerdən:

                             Sevirəm Qafqazı mən!

 

Şairin “Qafqaz” şeiri əsasında Ramiz Mustafayevin yazdığı romans özünəməxsus xüsusiyyətləri və incə lirizmi ilə seçilir. Şalyapin, Sobinova və Bülbül kimi məşhur müğənnilər Lermontovun əsərlərinə yazılmış romansları sevə-sevə ifa etmişlər.

K. Kələntərlinin “Lermontov Qafqazda” şeiri maraqlı poetik boyaları ilə könülləri oxşayır:

 

Onu göndərəndə düşünmüşdü çar:

Şair bir ləzginin qurbanı olar.

Fəqət o, bilmədi, ləzgilər onu

Əziz qonaq kimi qarşıladılar.

Onu göndərəndə düşünmüşdü çar:

Dağlarda adamlar adam yeyəndir,

Fəqət o, bilmədi, qoca Qafqazın

Dağı da, daşı da qonaqsevəndir.

Onu göndərəndə düşünmüşdü çar:

Nə yaxşı yol tapdım. Keyfi kökəldi.

Fəqət o, bilmədi, o, sürgünə yox,

Şeir diyarına səfərə gəldi.

Onu göndərəndə düşünmüşdü çar:

Qələmi əlindən aldım əbədi.

Fəqət o, bilmədi, şair Lermontov

Qafqazın qəlbində qaldı əbədi.

 

Lermontov qafqazlıların həyatından qəhrəmanlıq epizodlarını götürmüş və özünəməxsus ustalıqla bunlardan öz əsərlərində istifadə etmişdir. Bu cəhətdən şairin “Qaçaq” poemasını nümunə göstərmək istəyirəm. Müəllif bu əsərini “Dağ əfsanəsi” adlandırmışdır.

Poemanın qəhrəmanı Harun öz ata və qardaşını öldürənlərdən intiqam almaq əvəzinə, müharibə meydanını qoyub qaçır, sevdiyi qızın, dostunun və anasının yanına getməyə cəhd göstərir.Lakin onların üçü də Harunu qəbul etmir, qapıdan qovurlar.Hamıdan əlini üzən, ümidsizliyə qapılan Harun axırda özünü öldürür.Burada Lermontov Qafqaz xalqlarının azadlıq və vətən uğrunda şərəflə ölməyi düşmən qarşısında alçalmaqdan çox üstün tutduqlarını göstərir. Bir daha təsdiq edir ki, qafqazlılar üçün vətəndən əziz, vətəndən doğma heç nə ola bilməz.

K.Kələntərlinin “Sevirəm Qafqazı mən” şeiri bədii orijinal keyfiyyətləri ilə sanki Lermontovun “Qafqaz” şeirini salamlayır, səsinə səs verir:

 

        

Elə ki, qədəm basdı o, Qafqaz torpağına

Dağların sərin yeli toxundu yanağına.

Xalı kimi açıldı qabağında çöl, çəmən

Astaca pıçıldadı: -Sevirəm Qafqazı mən!..

Qubadan Şamaxıya,  Şamaxıdan Nuxaya,

Gedincə rast gəldi o,

Dodaqları nəğməli min bulağa, min çaya,

Yazılmamış min nəğmə gəlib keçdi qəlbindən,

Astaca pıçıldadı: -Sevirəm Qafqazı mən!..

Qəlbini boğdu qəhər,nənəsi düşdü yada...

Baharı da, qışı da güllü Kaxetiya da

Gürcüstan torpağına baxdı uca zirvədən,

Astaca pıçıldadı: -Sevirəm Qafqazı mən!..

Dadlı Şərq xörəkləri qabağına düzüldü,

Dadlı Kaxet çaxırı buynuzlara süzüldü.

Bu əvəzsiz məclisdə

Şairin sağlığına içdi hamı gülər, şən,

Astaca pıçıldadı:  -Sevirəm Qafqazı mən!..

O ildən illər keçib təzələnib əsr də ,

Şeir, sənət nəfəsli bizim yeni əsrdə,

Hər bir duyan ürəkdə ona sevgi bəslənir.

Bir zamanlar  Qafqaza

Astaca pıçıldamış

o, sevimli kəlmələr

Dünyanın hər yerində

çox ucadan səslənir!..

 

1840-cı ildə qeyd etdiyim kimi, növbəti  dəfə  Qafqaza sürgün olunan  Lermontov , Stavropola , Qafqaz qoşunları komandanlığının qərargahına gəlir və general-leytenant Qalafeyevin dəstəsinə təyinat alır. Şair bir sıra ekspedisiyalarda , qızğın vuruşmalarda iştirak edir, bu qanlı döyüşləri “Valerik” poemasında  təsvir edir. Vuruşmalarda şair özü böyük qəhrəmanlıqlar göstərir. Komandanlıq onu dövlət mükafatına təqdim etsə də, çar I Nikolay bunu rədd edir. Sonrakı döyüşlərdə yeni şücaətlər göstərən Lermontov ikinci dəfə mükafata təqdim edilir. Komandanlıq ona üzərində “İgidliyə görə” sözləri yazılmış qızıl qılınc verilməsini təklif edir. Lakin çar bunu da rədd edir.

Nəzərə çatdırım ki, 1840-cı ilə qədər Mixail Yuryeviç Lermontovun 400-dən artıq şeiri, 30 poeması vardı. Deyirlər, yaşadığımız hər an öz haqqını istəyir. Lermontov qısaca ömründə bu qədər qüdrətli ədəbi irsi ilə yaşadığı hər anın haqqını dəfələrlə artıq ödəmişdi.

         1841-ci ilin yanvar ayının ortalarında Lermontov Peterburqa, məzuniyyətə getmək üçün icazə alır. Mayın ortalarına qədər həm Peterburqda, həm də Moskvada qalan şair, hərbi qulluqdan çıxıb yalnız ədəbiyyatla məşğul olmağa çalışsa da, onun arzusu rədd edilir və Qafqaza qayıtması barədə  əmr verilir. 1841-ci ilin may ayında şair  Qafqaza qayıdır. Bu, onun çox sevdiyi Qafqaza son gəlişi olur.  

Lermontovu görməyə gözü olmayan Peterburq kübar cəmiyyəti orada da, Qafqazda da, Pyatiqorskda da Lermontova qarşı kin və nifrət münasibəti yaradırdı.Lermontov Pyatiqorska gələn gündən etibarən dövlət soveti  sədrinin oğlu Aleksandr Vasilçikov və bir generalın arvadı  E.Merlini başda olmaqla kiçik zadəganlar qrupu şairin əleyhinə ziddiyyətlər yaradaraq var qüvvəsi ilə özlərinin adlandırdığı kimi, bu “dözülməz ədəbsizdən və davakardan” yaxalarını qurtarmağa çalışırdılar. Bu qrup o zaman Pyatiqorskda  olan bir çox  zabitləri Lermontovun üstünə qaldırmağa cəhd edirdi. Deyirlər ki, Vasilçikov poruçik Lisaneviçi dilə tutaraq Lermontovu  duelə çağırmasında  israr edərkən Lisaneviç ona belə cavab vermişdi: “Siz nə danışırsınız?Belə bir adam üzərinə mənim əlim qalxarmı?”.

Lermontov Vasilçikovun və onun ətrafının şairə qarşı apardığı fitnə-fəsadları hiss edirdi, lakin bu onu qorxutmurdu.Çünki Peterburqda  da buna artıq öyrəşmişdi. Odur ki, özü “hücuma” keçir. O, bədahətən söylədiyi şeirlərdə və söhbətlərində Vasilçikovu ələ salır, ona ləqəblər qoşurdu. Bu ləqəblər isə Vasilçikovla demək olar ki, “qoşa addımlayırdı”.

Vasilçikov şairi öldürmək üçün adam tapır; bu adam istefa vermiş mayor  Nikolay Solomonoviç Martınov olur. Dahilərin sözü qulaqlarımda  səslənir: “Əgər bir yerdə kiçik insanların böyük kölgələri olursa, orada günəş batır deməkdir”.

Lermontovsa Martınovu çoxdan tanıyırdı. O, dardüşüncəli, təkəbbürlü, özünüöyən, hər yerdə və hər şeydə gözə girməyə çalışan bir adam idi. Vasilçikovun hiyləsi ilə Martınov boş bir şey üstündə Lermontovu duelə çağırdı. Lakin bu duel deyil, qabaqcadan hazırlanmış qətl idi...

Duel üçün elə bir şərait seçilmişdi ki, şairin salamat  qurtaracağına heç bir ümid yeri yox idi. Duel meydanında vuruşanlar arasında məsafənin az  olması, böyük tapançalar seçilməsi, iddiaçıya bir güllə deyil, üç güllə atmaq ixtiyarı verilməsi, duel yerində həkimin olmaması, bədbəxt hadisə baş verən zaman yaralını Pyatiqorska  tez çatdırılması  üçün hətta arabanın belə olmaması qətlin qabaqcadan ətraflı düşünüldüyünü və hazırlandığını sübut edirdi.

Sonralar aşkara çıxan bir sənəddə - Moskva poçtunun direktoru A.Bulqakovun 1841-ci il iyulun 31- də rus şair, tarixçi, ədəbi tənqidçi və tərcüməçisi Pyotr  Andreyeviç Vyazemskiyə yazdığı məktubda Bulqakov, Lermontovun öldürülməsi təfsilatını xəbər verdikdən sonra yazır: “Duel başlamazdan  əvvəl Lermontov Martınova dedi ki, əgər o (yəni Martınov) buna başqa cür baxırsa (yəni Lermontovun karikaturalarını zarafat hesab etmirsə), Lermontov burada ondan üzür istəməyə hazırdır, lakin bu sözə belə cavab alır: “Gülləni at!”.

Lermontov : “Mən atacağam, ancaq sənə yox”, - deyib, gülləni havaya  atır...

Martınov Lermontova lap yaxınlaşır, gülləni onun ürəyinin başına sıxır. Ölüm də güllə kimi sürətli olur...Güllə kimi olan sürətli ölüm günü 1841-ci ilin 15 iyulu idi...

         Tanınmış şairimiz  Fikrət Sadıq “Duel yerində” də elə təsvirlər yaradıb ki, insan bu qanlı hadisədə özünü sanki həmin duel yerində hiss edir:

 

Bir qartalın köksü qanadı burda,

Sındı bir şahinin qanadı burda,

Qırıldı bir selin inadı burda

          “Şahiddir ulu dağlar”,

 

Bir yanan şairin qəlbi dayandı,

Maşuqun ürəyi alışıb yandı,

Cəladdın əliylə qana boyandı

          “Çeşməli, sulu dağlar”.

 

Bir eşqin rübabı qırıldı burda,

Bir atəş parçası kül oldu burda,

Bir qərib, bir cavan vuruldu burda

          “Göy kişnər, bulud ağlar”.

 

 

Buradaca sevimli şairimiz Hüseyn Arifin ağıya dönmüş misralarını yada salmamaq mümkün deyil:

 

Nə qədər iztirab, nə qədər əzab,

Nə qədər ağrılar çəkərmiş insan...

İyirmi yeddi il gətirərək tab,

Həyatla əbədi vidalaşmısan.

Çiynində daşınmaz yük daşıdın ki,

Sənə çətin olsun, dostlara asan;

Nə deyim, bəlkə də az yaşadın ki,

Sonralar bu qədər çox yaşayasan.

 

 

Lakin çar hökuməti duel faktını gizlətməyə çalışırdı. Heç təsadüfi deyil ki, Lermontovun ölümü haqqındakı ilk rəsmi məlumatların birində deyilirdi: “İyulun 15-də  saat  5-ə yaxın ildırım və göy gurlaması ilə böyük fırtına qopmuşdu. Bu zaman Pyatiqorskda Maşuk və Beştau dağlarının arasında M.Y.Lermontov ölmüşdür”.

Filoloq- şair  B. Adilin “Şair burda vurulub” şeiri müəllifin ürək çırpıntılarının təsirli notları kimi yadda qalır:

 

Şair burda vurulub qərib axşamçağında,

Qafqazın gəlinüzlü, od qəlbli torpağında.

Deşib odlu bir güllə ürəyinin başını,

İlkin buludlar töküb üstündə göz yaşını,

Yağış yağıb, sel axıb, şimşək çaxıb dalbadal,

Rusiyanın qəlbini sarıb dərin bir məlal.

... Dayanardı qartaltək qayaların başında,

Qafqazın qan çilənmiş torpağında, daşında.

Öz üsyankar ruhunun ahəngini duyardı,

Şair Qafqaza yardı, Qafqaz şairə yardı.

Şair burda vurulub... yerlər, göylər ah çəkib,

Çar eçidib bu sözü ürəkdən qəh-qəh çəkib ,

Çünki o, döş gəriridi zülmətə qalxan kimi,

Fırtınasız dənizdə fırtına qalxan kimi -

O da lal sarayları təlatümə gətirmiş,

Sənətiylə cəllada ölüm fərmanı vermiş.

Budur onun günahı... vuruldu gənc yaşında,

Ədalətin, işığın zülmətlə savaşında.

O öldü... yox, bu sözü deməyə gəlmir dilim,

Ürəyinin arzusu, gəncliyinin nisgili -

Şirin nəğməyə dönüb yanan qəlblərə axdı,

O öz ölümüylə də ərzi heyran buraxdı.

Yox, onu öldürmədi bir zabitin gülləsi,

Knyazların nifrəti, əyanların tənəsi -

Bir gülləyə çevrilib onun köksünə dəydi.

O güllə qəzəb dolu, nifrət dolu gülləydi,

Onu hazırlamışdı neçə il Qış Sarayı.

Şairin ürək sözü, atəş dolu harayı -

Onun köksünə dəyən gülləyə bais oldu,

Ömrünün yollarına duman çökdü, sis oldu.

Şairi həlak edən uğursuz zabit hanı?

Tarix vurub alnına öz lənət damğasını.

Onun həlak etdiyi şair yaşayır fəqət,

Qəlbi günəşlə dolu, səfəri əbədiyyət.

Onun diləkləridir bu torpaqda hər çiçək,

Məzarının önündə səcdə edir gələcək!

 

 

Lermontovun ölümündən qərinələr keçsə də, Azərbaycan şairləri bu ağrı, acını ən yeni dərd kimi qəbul edirdilər. Çünki şairin ayaq izləri torpaqlarımızda, səsi-sədası dağlarımızda, yadigarları ədəbiyyatımızda qalmışdı . Odur ki, Xalq şairimiz Nəbi Xəzri  də “Lermontovun ölümü” ndə şairin yoxluğu ilə heç cür barışa bilmirdi:

 

Açıldı güllə... Şairim

Alovlandı ürəyindən,

Güllə keçdi ildırımtək

Arzusundan, diləyindən.

 

Axdı onun qızıl qanı...

Yer bulaşdı al qanlara.

Budur əsrin hədiyyəsi

Haqq söyləyən insanlara.

 

Sanki əsdi güllələrin

Səslərindən Maşuk dağı,

Sellər kimi yaş axıtdı

Gözlərindən Maşuk dağı.

 

Sanki günəş üfüqlərdən

Yas tutaraq qəmli keçdi,

Günəş baxdı, göy üzündən

Sanki gözü nəmli keçdi.

 

Mixail Yuryeviç Pyatiqorskun şəhər qəbiristanlığında dəfn olunur. Bir neçə ay sonra məzar şairin doğmalarının yaşadığı Tarxan kəndinə, əzizlərinin dəfn olunduğu həmin kəndin qəbiristanlığına köçürülür.

N. P. Rayevskinin dediyinə görə, Martınov sonralar söhbətlərində deyirmiş ki, Lermontovun bədənindəki yaranı yumaq lazım gələrkən onun qolları quruduğundan əynindəki paltarı çıxarmaq mümkün olmamışdı. Sağ əlindəki tapançanı necə  tutmuşdusa, eləcə də qalmışdı...

Bəli, bunu Martınov demişdi. Bəlkə də öz şeytan və iblis əməlindən qürrələnə - qürrələnə  söyləmişdi. Olsun! Bəs əbədi qazancı nə oldu onun? Bəşəriyyət  iki əsrə yaxındır  onu əli nakam bir gəncin, poeziya  kainatına yenicə nur çiləyən bir günəşi zülmətə döndərən yırtıcı qatil kimi tanıyır  onu. Hələ əsrlər boyu da bu adı özü ilə “yaşadacaq” o. İlk olaraq elə öz şəcərəsinin adamları qazandığı “ada”- qatil adına görə lənət  yağdıracaq ona. Gözəl  şairimiz Əliağa Kürçaylı bu mənfurun simasını “Martınov “şair” imiş...” şeirində  təsvir etdiyi kimi:

 

Şeirlər yazarmış Martınov özü,

Dövründə şair də deyiblər ona.

Fəqət bir kəlməsi, fəqət bir sözü

Gəlib çatmayıbdır  bizim zamana.

Əzəldən belədir - təbi, ilhamı

Hər kəsə verməyir ana təbiət.

Böyük əməllərçün yaranmır hamı,

Hər qəlbdə yurd salmır təmiz məhəbbət.

Hamı da ucalmır istedadıyla,

Ancaq şan-şöhrətə can atır yenə.

Zabit Martınov da qatil adıyla

Yazıldı tarixin səhifəsinə.

Şairtək çatmadı o, öz kamına,

Ancaq adı qaldı...

Taleyə bir bax!

Bununçün nə şeirə,

Nə ilhamına -

Atdığı gülləyə borcludur ancaq.

Nə vaxt Lermontovun çəkilir adı -

Durur Martınov da göz qabağında.

O nəğmə qatili, şeir cəlladı

Nifrətlə səslənir el dodağında.

Gəlir göz önünə Maşuk ətəyi,

       Yağışlı....

          Çisəkli...

             Kədərli bir gün.

Cavan bir dahinin odlu ürəyi...

Sonuncu anları şair ömrünün...

Dil açıb danışır bitməz, tükənməz

Dastanlar, nəğmələr...

Yenə nəğmələr.

İllərin dalından gəlir səda-səs:

“Lermontov” söyləyir canlı kəlmələr.

Düşür Martınov da yada bu dəmdə

Əlvida tapança...

Taleyə bir bax!

Lermontov nəğməylə gəzir aləmdə,

O - qatil adıyla yaşayır ancaq!..

 

Ə.Kürçaylının dərin məzmunlu şeiri məni xeyli fikrə daldırır. Çarpışan düşüncələrim içində hey fikirləşirəm: insan insana bu qədər qəddar ola bilərmi?Bəşər övladı bir-birinə bu qədər “zəhər dada” bilərmi? Axı niyə quşlar kimi uçmağı, balıqlar kimi üzməyi, kainatda daha nələri, nələri  öyrənə bilən insan, bircə şeyi öyrənə bilmədi: qardaş olaraq yaşamağı... Qəlbimdə, ruhumda min bir sual baş qaldırsa da, bu sualların bircəciyinə belə cavab tapmaqda çətinlik çəkirəm.Əfsus ki, ən qüdrətli poeziya nümunələri də köməyimə gələ bilmir. Nəhayət, düşüncələr burulğanından baş qaldıran poetik bir dərdlə - böyük Xəlil Rzanın “İnsanlığı düşünürəm” şeiri ilə baş-başa qalıram. Şeiri bir qədər ixtisarla təqdim etsəm də, görün burada insanlığa, məhz insanlığa nə qədər böyük çağırış var:

 

 

... Nə qədər üsyanlar, nə qədər qanlar,

Nə qədər fəğanlar, kor burulğanlar...

O göz yaşlarını bir yerə yığsan,

Bəlkə də ən dərin bir ümman olar.

 

Susan vuruşları üst – üstə qoysan,

Əyilər planet, cəhənnəmləşər.

Sönmüş yanğınları sönməmiş saysan,

Aya da, Marsa da od- alov düşər.

 

İnsan hara gedir bu qanacaqla?

Saçın biz – biz olur, düşünən zaman.

Tüfənglə, qələmlə, daşla, bıçaqla

Qıran da insandır, quran da insan.

 

Dəryadır ürəyi, günəşdir beyni,

Öldü ... dönür toza... bir də doğulmur.

Bircə an içində məhv etdiyini

Yüz ilə, min ilə yaratmaq olmur.

 

Tutuya qənd verir, göyərçinə dən,

Ancaq zəhərləyir qan qardaşını.

Dərənin dibinə dağ zirvəsindən

Enib öz dostunun kəsir başını.

 

...Baxı, Bethoveni dinləyirəm mən,

Üzeyir qəlbinə qulaq asıram.

Sevincdən göz yaşım süzülür dən – dən,

Elə bil yarama məlhəm basıram.

 

Bir yanda Osvensim – bəşər tabutu,

Bir yanda Fərqanə - bahar qoxulu.

İnsan – kainatdan min dəfə ulu,

Timsahdan, əqrəbdən qat – qat qorxulu!..

 

 

...Bəs neçə dahinin həyatına son qoyan, Rusiyada  rəsmi olaraq qadağan edilən bu “duel qaydaları” harada və kimin təşəbbüsü ilə meydana gəlmişdi?

 

Öyrənirəm ki, Parisdə  at çapmaq yarışlarını təşkil edən məşhur jokey klubunun üzvü qraf Şatovilyar 1836-cı ildə həmin klubun tapşırığı ilə xüsusi duel kodeksi kitabçası çap etdirmişdi. Bunu “Namus kitabı” da adlandırırdılar. Fransanın yüzdən artıq ən tanınmış zadəganları bu kitab-kodeksə imza atmışdılar. Kodeks qısa bir zamanda bütün Avropaya yayılmış və duel sənətinin bütün sonrakı nəzəriyyəçiləri Şatovilyarın vəsiyyətlərinə sadiq qalmışdılar.Bu kodeks Rusiyada da məlum idi.Həmin dövrdə Peterburqda Fransa səfirliyinin nümayəndələri bu kodeks əsasında rus xalqının ən görkəmli oğulları ilə duelə çıxmışdılar. Puşkinlə Dantes arasında olan dueldə sekundant Darşnak Şatovilyarın kodeksindən istifadə etmişdi.Bu kodeks Lermontovun Fransa səfirinin oğlu Ernest de Barantla olan birinci duelində də əsas qanun olmuşdur.

         Duel kodekslərində təhqir edənin və təhqir olunanın hüquqları bir-birindən fərqlənir. Duelin formasını təyin etmək, silah seçmək, şərt qoymaq təhqir edilən adam tərəfindən təyin edilir.Duel kodeksinə görə, tapança ilə həyata keçirilən duel altı formada ola bilərdi.Lermontovla Martınov arasında baş vermiş duel irəli yüyürməklə həyata keçirilən atışma forması idi. Bununla belə, duelin normal formasında hər kəsə bir güllə atmaq ixtiyarı verilirdi. Üç güllə isə ən son dərəcə hesab edilirdi ki, bu yalnız sekudantların razılığı ilə təyin edilə bilərdi. Lakin Lermontovu məhv etmək üçün on addımdan üç dəfə güllə atmaq variantı seçilmişdi.

I Nikolay isə şairin ölüm xəbərini eşidərkən “Onun yolu oraya gedirdi” – deyə, sevinmişdi.

Lakin Lermontovun ölümü ilə bağlı araşdırmalar sonralar yeni faktları üzə çıxardı. Həkim İvan Barklay de Tollinin məhkəmə tibbi rəyinə görə Lermontovu öldürən güllə on ikinci qabırğanın aşağasından girib, beş və altıncı qabırğaların arasından çıxıb.Güllə aşagıdan yuxarıya 45 dərəcə bucaq altında hərəkət edib. Kimsə yerə uzanaraq, gizləndiyi yerdən şairə atəş açıb. Başqa bir uyğunsuzluq isə Lermontovu öldürən güllənin onu dəlib keçməsidir ki, o dövrün tapançaları üçün bu olduqca böyük deşmə qabiliyyətidir. Bu cür xüsusiyyət o dövrün yalnız atıcı tüfənglərində var idi.

Lermontov haqqında povest yazmış Konstantin Paustovski də  bu barədə demişdi: “ Martınovun atəşi ilə eyni zamanda onun dayandığı sıldırımın aşağısındakı kolluqlardan bir atəş də açıldı”. Ədəbiyyatşünas alim Yuri Tınyanov əminliklə qeyd etmişdir ki, Lermontovu qətl ediblər: “Qriboyedov, Puşkin, Lermontov - onlar ölməyiblər. Onları sadəcə aradan götürüblər”.

Onlar Paustovskinin yazdığı kimi, sadəcə aradan götürülsələr də, Ukrayna və rus yazıçısı, ictimai xadimi Vladimir Qalaktionoviç Korolenko yaxşı deyib: “ Söz həyatın ən böyük silahıdır”. Görkəmli Azərbaycan şairi Səməd Vurğun etiraf edib ki, şairin sözü insan qüvvəsinin sərkərdəsidir.

Əslində  Qriboyedov da, Puşkin də, Lermontov da insan qüvvəsinin sərkərdəsi, həyatın ən böyük silahı olan sözləri ilə çarizmi və onların martınovlar kimi qullarını tarix və ədalət qarşısında çoxdan gülləbaran etmişdilər.

Lermontovun  taleyini qələmə aldıqca, Azərbaycanın nəğməkar şairi Tofiq  Mütəllibovun bu misralarından təsəlli tapıram:

 

Mənə elə gəlir o, yenə sağdır,

Görürəm gözündə qızıl yazı mən.

Dil açıb yenidən danışacaqdır:

-Sevirəm, sevirəm bu Qafqazı mən.

 

O, yenə çıxacaq uca dağlara,

Çiçək dənizində üzəcək yenə,

Ürək sözlərini qayalıqlara

Qızıl lalə kimi düzəcək yenə.

 

Vüqarlı dağlarla duracaq qoşa

Şeirin gülləbatmaz qalası kimi.

Yenə bu yerlərdə gələcək coşa

Qocaman Qafqazın balası kimi.

 

Qəlbində dil açır sədəfli bir saz,

Hər yerə, hər yana salam söyləyir.

Açıb qollarını ağsaçlı Qafqaz

Ona məhəbbətlə BALAM  söyləyir.

 

Azərbaycan şairləri rus xalqının sevimli övladı, bəşəri poeziyanın böyük nümayəndəsi Mixail Yuryeviç Lermontova çoxsaylı şeirlər həsr etmişlər. Eyni zamanda Qafqazın, Azərbaycanın balası, ürəklər şairi Lermontova ithaf olunan bu əsərlər əbədi ünvan kimi xalqlarımızın qəlbində yaşayır və yaşayacaqdır.

 

Hüseyn Hüseynzadə necə də gözəl deyib:

 

Dolandı yuz bahar, ötdü yüz payız,

Qalandı üst- üstə nə qədər kağız,

Kitablar şairi saysız-hesabsız,

Ürəklər şairi çox az olubdur.

 

Bənzədin dağlarda çağlayan çaya,

Səsini əks etdi hər daş, hər qaya.

Birinci vətənin ana Rusiya,

Ikinci vətənin Qafqaz olubdur.

 

         V.Belinskinin sözlərində böyük həqiqət  “parlayırdı”: “Qafqaz  elə bil bizim poetik istedadların beşiyi, onların şeir ilahələrinin ilhamvericisi, onların poetik vətənləri olmaq üçün yaranmışdır”.

Sevimli vətənimiz Azərbaycanda illər boyu gənc nəslin dilində əzbər söylənən və oxunan      “O, yaşayır” adlı məşhur romans vardı.

Musiqisi Nəriman Məmmədova, sözləri  Arif Abdullazadəyə məxsusdu. Lermontova aid olan “O, yaşayır” ifadəsini romansın özünə də şamil etmək olar:

 

Sənətin göylərində

O, parlaq ulduz oldu;

Dünyanın hər yerində

Deyilən bir söz oldu;

 

O, bir mehriban addır-

Ürəklərdə yaşayır;

O bir şirin həyatdır-

Diləklərdə yaşayır.

 

Lermontov

Yaşayır,

Yaşayır hər bir yanda-

Yaşayır  hər zamanda...

 

Lermontov  dünyasını dəyişəndən qısa müddət sonra irsi gimnaziyalarda tədris olunmağa başlanıldı. I Nikolayin arvadı onun pərəstişkarı idi. Belə ki, imperatrisa böyük qızını ərə verəndə toy hədiyyəsi kimi zinət əşyası deyil, Lermontovun şeirlər kitabını vermişdi.

Rusiyanın böyük şairinə ilk heykəl 1899-cu il okyabrın 15-də dahinin 75 illik yubileyi münasibətilə məhz Pyatiqorskda qoyulmuşdur. Elə həmin vaxtdan da abidə  şairə olan ümumxalq məhəbbətinin simvoluna çevrilmişdir.

Lermontovun bir sıra əsərləri onun ölümündən sonra nəşr edilmişdir. “Borodino” kimi məşhur şeiri 1831-ci ildə yazılsa da, 1860-cı ildə, “İspaniyalılar” pyesi şairin ölümündən 16 sonra, “Qəribə adam” pyesi 16 il sonra, “Demon” poeması bütünlüklə 15 il sonra nəşr edilmişdir.

Lermontovun Azərbaycan dilində çap edilən ilk əsəri onun poeziya xəzinəsinin ən qiymətli incilərindən biri olan “Üç xurma ağacı”dır. Şeiri dilimizə görkəmli ədəbiyyatşünas alim və tənqidçi Firidun bəy Köçərli tərcümə edib və 1895-ci ildə Aleksey Vasilyeviç Koltsovun “A kişi niyə yatmısan?” şeiri ilə bir kitabçada Şuşa şəhərində - Məsiihi ruhaniyyəsinin vəqf basmaxanasında  çap etdirib. Bu kitab 1900-cü ildə Ümumdünya Paris sərgisində nümayiş olunub. “Üç xurma” şeiri 104 misradan ibarətdir. Heca vəzni ilə tərcümə olunan şeir bu misralarla başlalyır:

 

Ərəblər diyarında, qumlu çöllərdə,

Üç xurma bitmişdi keçmiş illərdə...

 

1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində nəşr olunmuş “Asari Əhmədbəy” adlı kitabçanın müqəddiməsində F.Köçərli Əhmədbəy Cavanşirin həyat və yaradıcılığından yazarkən qeyd edir ki, Jukovski, Puşkin və Lermontovun əsərlərini Azərbaycan dilinə Əhmədbəy tərcümə etmişdir.Lakin bu tərcümələrin heç biri Abbas Səhhətin tərcümələri kimi geniş yayılıb tanınmamışdır.

Azərbaycan şairlərindən Əhməd Cəmil, Rəsul Rza, Mikayıl Rzaquluzadə, xüsusilə Məmməd Rahim Lermontovun əsərlərinin çoxsaylı azərbaycanlı oxuculara çatdırılması sayəsində böyük əmək sərf etmişlər.

Lermontovun ana dilimizə tərcümə olunmuş “Kazak laylası” şeiri dilimizin ahəgdarlığı  ilə necə də doğma notlarla səsləşdiyinə bir daha diqqət yetirək:

 

Göylərin üzərində sakit - sakit axır ay,

Arabir üz döndərib beşiyinə baxır  ay.

Mən sənə gözəl nağıl söylər, səni bəslərəm.

Şən nəğmələr oxuyar, xoş avazla səslərəm.

Endir kirpiklərini, a mənim nabat  balam,

Laylay dedim yatasan, yum gözünü, yat balam!

 

Xalqımız  Lermontov yaradıcılığındakı  azadlıq meylini, coşqun vətənpərvərliyi, yurdsevərliyi, zülmə, haqsızlığa qarşı etirazı, üsyanı və bu kimi əsl vətəndaşlıq motivlərini həmişə ehtiramla xatırlamışdır. Lermontov şeirlərindəki humanizm ideyaları Azərbaycanın görkəmli maarifpərvəri, siyasi və mədəniyyət xadimi Nəriman Nərimanovun, müəllimlərdən Mahmud bəy Mahmubəyovun, Rəşid bəy Əfəndizadənin, Fərhad Ağazadənin və başqalarının da diqqətini cəlb etmişdir. N.Nərimanov Qori seminariyasında  təhsil  alarkən Jukovski, Puşkin, Qoqol və digər şair və yazıçılarla yanaşı, Lermontovun əsərlərini də sevə-sevə oxuyub öyrənmişdir.

Lermontovun  “Zəmanəmizin qəhrəmanı” hələ 1908-ci ildə Azərbaycan dilinə tərcümə olunmuşdur. Bu mövzudan təsirlənən   Abdulla Şaiq  Azərbaycan həqiqətlərini əks etdirən “Əsrimizin qəhrəmanı” romanını yazmışdır.

Lermontovun Pyatiqorskdakı ev-muzeyində dünyanın müxtəlif ölkələrindən göndərilmiş hədiyyələr, eksponatlar vardır. Üstündə “Lermontovsuz  Qafqaz  qaşsız  üzük kimidir. O, sənət üzüyünün ən parlaq incisi, ən qiymətli qaşıdır” sözləri yazılan “İstiqbal təranələri” adlı kitabı Lermontov  muzeyinə  S. Vurğun bağışlamışdır.

Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyli də Lermontov muzeyində olub. Muzeyin rəy kitabında dahi sənətkarın fikirləri var: “Lermontov təkcə  şair deyil, həm də mahir bəstəkar idi. Onun şeirlərində gözəl bir musiqi var. “Zəmanəmizin qəhrəmanı” ən gözəl simfoniyadır”.

 

Tarixin ədəbi səhifələrində böyük rus şairi haqqında yaşayan maraqlı xatirələr  az deyil. Onlardan üçünü təqdim edirəm.

Şairin dostu və uzaq qohumu Akim Şan- Kireyin yazır: “Onunla tanış olduğum illərə qayıtmaq indi mənim üçün çox ağırdır. Amma bircə onu bilirəm ki, Mişel (yaxınları uşaq vaxtı Mixailə Mişel deyirdilər - R. Mirzəzadə) ən yaxşı sözlərə layiq adam idi. İlk tanışlığımız 1825-ci ilə təsadüf  edir. O zaman şairin sevimli nənəsi Yelizaveta Alekseyevna Arsenyeva  anamla  tez - tez görüşərdi.  Biz iki il bir yerdə qaldıq. 1827-ci ildə Y. A. Arsenyeva nəvəsi Mişeli də götürüb Moskvaya yola düşdü. Mişel orada, pansionda təlim-tərbiyə  almalı idi. Bir ildən sonra mən də onun yanında idim. Biz yenidən bir yerdə qalası olduq. Bu az müddətdə onun daxilən dəyişməsi mənə çox qəribə göründü. 14 yaşı hələ tamam olmasa da, özünü təmkinli aparırdı. Burada, onun evində ilk dəfə rus şairlərindən Lomonosovun, Derjavinin, Batyuşkovun, Krılovun, Jukovskinin və Puşkinin şeirlərinə rast  gəldim. Mişel mənə öz şeirlərini əzbərdən dedi. Onu da deyim ki, şeiri ahənglə o qədər də yaxşı oxumurdu. Sonralar  da  özünün ən yaxşı şeirlərini dinləyicilərə yaxşı çatdıra bilmirdi. Mənim gözümün qabağında  Bayronu  oxuya - oxuya  ingilis dilini öyrənməyə, dili öyrənə-öyrənə Bayronu oxumağa başlamışdı. Valter Skottun əsərlərini də orijinalda mütaliə  eləyirdi. Ancaq danışıq dilini yaxşı mənimsəyə  bilməmişdi. Fransız və alman dillərində isə mükəmməl danışırdı. Mənə  elə gəlir ki, o, həmin illərdən başlayaraq Bayronu az da olsa, təqlid eləmək fikrinə düşdü. 1829-1833-cü illərdə  onun şeirlərində bədbinlik, ümidsizlik duyulurdu. Bunun səbəbi mənə aydın deyildi; axı Mişel çox şən, gümrah adam idi, qadın məclislərində  hamının sevimlisinə çevrilirdi. Teatra, bal, maskarad  gecələrinə  tez-tez yolu düşərdi. Həm də nənəsinin, yaxın qohumlarının sayəsində  maddi  ehtiyac duymazdı. Bəs  bu ümidsizliyə  səbəb nə idi? Mənə elə gəlir ki, Mişel ətrafdakı cəmiyyətin, adamların daxili boşluğunu çox gözəl duymuşdu.

...Bütün bunlar göstərir ki, onun yazılarında hiss elədiyim bayronizmin ictimai  səbəbləri vardır.

Rəssam Moisey Melikovun xatirəsindən: “ Lermontov mənim yaddaşıma həkk olunan nadir  adamlardan  biridir. Onun bütün hərəkətləri məni  heyrətləndirirdi. İri, işıqlı gözləri var idi. O gözlərin dərinliyi, nüfuzedici təsiri indiyə kimi yadımdan çıxmır... Gözlərindəki  məhəbbət , səmimiyyət bircə  anın içində qəzəbə, nifrətə çevrilərdi. Nə qədər götür-qoy eləsəm də, Lermontovun portretini  işləməyə  girişə bilmirdim. Bu baxışların, bu gözlərin ifadəliliyini , müxtəlif psixoloji anlardakı vəziyyətini  ancaq olsa-olsa, rəssam K. Brüllov canlandırardı.

...Moskvadan sonra  axırıncı görüşümüz  Sankt-Peterburqda oldu, özü də gözlənilmədən. Mən o zaman rəssamlıq akademiyasında idim. Sarskoselski  bağında gəzə-gəzə etüd götürürdüm. Kölgəliyə çəkilib fikrə getmişdim. Birdən kimi görsəm yaxşıdır? On il ayrılıqdan sonra Lermontov mənim qarşımda dayanmışdı . O, indi tamam başqa görkəmdə idi. Qusar forması ona necə də yaraşırdı. Bu, mənim gördüyüm zarafatcıl, dəcəl uşaq deyildi. Gözlərindəki məyusluq və qəmginlik məni pərt elədi. Dodaqlarında istehzalı t əbəssüm  görməyəndə  də  təəccübləndim. O, mənimlə mehribanlıqla  görüşüb ayrıldı. Görünür, harasa  tələsirdi. Bu, bizim son görüşümüz  idi...

“Rus klassikləri içərisində mənim Lermontovdan çox sevdiyim bir şair çətin tapıla bilər. Mən yaradıcılığa başladığım ilk günlərdən Lermontovu oxumağa, ondan  öyrənməyə  çalışmışam. Nizaminin, Füzulinin, Vaqifin, Aşıq  Ələsgərin  əsərləri ilə yanaşı, onun əsərləri  də mənim masamın üzərində durur. Mən 1929-cu ildən Lermontovu  müntəzəm  oxuduqca,  ona daha  dərindən bağlandım. Bu bağlılıq bir gün məni onun şeirlərini tərcüməyə  sövq  etdi. Heç  bir nəşriyyatla müqavilə  bağlamadan, bu barədə  rəsmi  heç  kəslə  danışmadan Lermontovun əsərlərini tərcüməyə girişdim. Oxudum, oxuduqca  oxudum, sevdiyim şeir  və  poemaları  bir-bir tərcümə  etdim. Günlərin birində gördüm ki, artıq balaca bir kitablıq tərcümə əmələ gəlmişdir. 1932-ci ildə Azərnəşrə müraciət  etdim və Lermontovun şeir  və  poemalarından  ibarət  “Qonşu qız” adlı kiçik bir kitab nəşr etdirdim. Sonralar  Uşaqgəncnəşrin vasitəsilə  “Kalaşnikov haqqında nəğmə” və “Mtsıri” poemalarını iki kitab halında çap  etdirdim. Eləcə də 1939-cu ildə Azərnəşr tərəfindən “Seçilmiş şeirlər və poemalar” adı altında Lermontovun  bir  kitabını  buraxdırmağa  müvəffəq oldum”-  bu isə unudulmaz  şairimiz  Məmməd Rahimdən nəsillərə yadigar  qalan  əziz xatirədir.

Məmməd Rahimin  Lermontova  olan  sonsuz  ehtiramı  şairin “Mən səni  sevmişəm” şeirində bütün saflığı, səmimiyyəti  ilə  əksini  tapıb. Şeirin misralarındakı  incə  duyğular  öz  qəlboxşayan  rayihəsi  ilə oxucunun ürəyini  rövnəqləndirir. Öz Nizamisi, Füzulisi, Nəsimisi, Xaqanisi, Babəki qədər  sevdiyi  Lermontov  M. Rahimlə bərabər, hamımız  üçün  əzizdir.  Bir daha inanırsan ki, xalqların dostluğuna, birliyinə, bir sözlə, həyat  fəlsəfəsinə  gedən  yol  doğrudan  da  ədəbiyyatdan keçir:

 

        

Mən səni sevmişəm öz canım kimi,

Füzulim, Nəsimim, Xaqanim kimi.

Hissinlə, fikrinlə qardaş olmuşam,

Hər sözü çəkməyə nəqqaş olmuşam.

Sən,  ey rus şeirinin qoç sərkərdəsi,

Azad insanların azadlıq səsi

Lermontov! İstədim oxusun səni,

Nizamilər yurdu, Babək ölkəsi

Vüqarın gözümdə canlı Elbrus,

Bilir azad vətən, bu el, bu ulus,

Mən səni sevmişəm öz canım kimi,

Füzulim, Nəsimim, Xaqanim kimi.

 

2014-cü ildə Lermontovun  200 illik yubileyi YUNESCO-nun rəhbərliyi ilə bütün dünyada qeyd olundu. Azərbaycanın bir neçə  şəhər  və rayonlarında görkəmli  şairin həyat və yaradıcılığına həsr olunmuş  tədbir və mərasimlər keçirildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, artıq Azərbaycanın  birinci vitse-prezidenti  olan Mehriban  xanım Əliyevanın təşəbbüsü ilə Bakıda Heydər Əliyev mərkəzində şairin yubileyi ilə bağlı Dəyirmi Masa və musiqili gecə keçirildi. Dəyirmi masada dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət  xadimləri, Rusiyadan və müxtəlif ölkələrdən gələn çoxsaylı qonaqlar iştirak edirdilər.

Heydər Əliyev Fondunun vitse-prezidenti, yazdığı gözəl şeirləri ilə də cəmiyyətdə  sevilən istedadlı xanım Leyla Əliyeva  görkəmli  rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecədə  çıxış  edib  dedi:

“ Hörmətli qonaqlar, əziz dostlar!

İlk növbədə hamınızı Bakıda salamlamaq istəyirəm. Bu gün bizi sizinlə  çox gözəl bir hadisə - Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyi birləşdirir. Mən bilirəm ki, bu tarix bir çox ölkələrdə qeyd olunur, çünki Lermontovun dühası bütün bəşəriyyətə məxsusdur.

Onun yaradıcılığı dünya mədəniyyətinə böyük töhfə verib və bütün xalqların ürəyinə yatıb. Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun  poeziyası həm  parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət  lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və  şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib. Hətta onun qəhrəmanlarının çoxu  Azərbaycan, Gürcüstan, Çeçenistan və Dağıstanın həqiqi  sakinləri olub. O, həm də bizə mədəni müxtəlifliyin nə dərəcədə  əhəmiyyətli olduğunu göstərib.

Azərbaycanda böyük rus mədəniyyətinə  və  ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi  tam  həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti  fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur  duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli  olduğu  qədər  Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir.

…Həmişə olduğu  kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində  isə Lermontov muzeyi  fəaliyyət  göstərir. Bu, şairin qaldığı həmin evdir.

Əziz dostlar, bu gün biz Mixail Yuriyeviç Lermontovun anadan olmasının  200  illiyini qeyd edirik. Şəxsən mənim üçün o, daim yaşayır. O, bütün dünyada insanların qəlbində yaşayır. O, yaşlıların və uşaqların ürəyində yaşayır…Bu gün şairin yubileyini qeyd edən  Azərbaycan ona ehtiramını nümayiş etdirir, məhəbbətini bəxş edir”.

 

Əlavə edim ki, Leyla xanımın  Lermontovun  200 yaşına  həsr  etdiyi  təsirli  şeiri isti duyğularla qəlblərə və  yaddaşlara köçmüşdür.

İyulun 15- də ölməz  şairin əbədiyyətə qovuşduğu günün 176- cı ili qeyd olundu. Məşhur Amerika şairi Uolt Uitmenin sözü yadıma düşür : “Böyük qəhrəmanlıq poeziyasının yaranması üçün qəhrəman oxucular lazımdır- auditoriya qəhrəmanlığa susamış olmalıdır”.

Dünyaşöhrətli  filosof, elmdə Aristoteldən sonra “İkinci müəllim” fəxri adını qazanmış Əbu Turxan isə deyib ki, klassik oxucu - sənətkarın yazdığını onun özündən yaxşı  başa düşə biləndir.

Sevinir və qürur duyuram   ki, böyük qəhrəmanlıq poeziyasının yaranmasına  şərəflə xidmət  edən Azərbaycanın qəhrəmanlığa  susamış qəhrəman və  klassik oxucuları sənətkarların yazdıqlarını onların özlərindən yaxşı  başa düşə  bilənlər  sırasına daxildir.

Doğru deyiblər, klassiklər  müxtəlif  xalqları və millətləri bir araya gətirən ümumbəşəri məbədin sütunlarıdır. Lermontov bu möhkəm və əbədi sütunlardan biri kimi hər zaman yaşayacaqdır.

Yazımınsa  “son akkordları”na  Lermontov irsinə  heç  də “əlvida” demədən E.Mehdiyevə məxsus “Şairlə söhbət”in misraları ilə yekun vururam:

 

Şəklinə baxıram, deyirəm görən

Yol çəkən gözlərin dikilmiş hara?

Bu vaxt gözlərimin keçir önündən

“Mtsıri”, “Klara”, “Demon”, “Tamara”.

 

Sevdin al günəşi, tər çiçəkləri,

Vuruldun qəhrəman, igid ellərə.

Könlünü oxşadı dağ küləkləri,

“Sevirəm Qafqazı” – dedin min kərə.

 

Odlu şimşək kimi parladın, çaxdın,

Səsin göyü  tutdu,  şəfəqin yeri.

Çay kimi çağlayıb dənizə axdın,

Sevmədin bulanıq gölməçələri.

 

Sənə bu yerlərdə bir güllə dəydi,

Qafqaz dağlarının əyildi qəddi.

Puşkini öldürən o güllədəydi

Çarın intiqamı, kini, nifrəti.

 

Durur  Maşuk dağı sən gördüyün tək,

Fəqət  bambaşqadır  bugünkü  həyat

Terek sahilində gəl, qoşa gəzək,

Oyansın yuxudan köhnə xatirat.

 

Dəyişib insanın ömrü, iqbalı,

Acı xatirələr unudulubdur.

Qırıb qolundakı paslı qandalı,

Qafqaz  əsirləri  azad olubdur.

 

Şairim, hörmətlə sıxım əlini,

Axı neyləyirik biz mütərcimi?

Sən Aşıq Qəribin  şirin dilini

Sevirsən öz doğma rus dilin kimi.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM