“Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi”

11:30 / 09.08.2017

Reyhan Mirzəzadə

Publisist-politoloq

 

22 avqust – Rusiyanın dahi yazıçısı İ.S.Turgenevin  xatirə  günü, 24 avqust – görkəmli şairi və mütəfəkkiri  A.K.Tolstoyun  200 illik yubileyi münasibəti ilə.

 

“Biz cavan və güclü xalqıq. Elə bir xalq ki, o, öz gələcəyinə inanır və inanmağa da haqqı vardır”.

                                                                                      İ.S.Turgenev

 

“Rudinin bədbəxtliyi ondadır ki, o, Rusiyanı tanımır. Bu, böyük bədbəxtlikdir. Bizim hər birimiz olmadan Rusiya keçinə bilər, lakin bizim heç birimiz  Rusiyasız keçinə bilmərik”.

(Turgenevin “Rudin” romanındakı obrazlardan biri olan Lejnevin əsərin baş qəhrəmanı Rudin haqqında söylədiyi fikirlərdən).

 

“Mən nifrət etdiyim təzahürlərlə və adamlarla yanaşı yaşaya bilmir, nəfəs ala bilmirdim...Təhkimçilik hüququ mənim düşmənim idi. Axıradək mübarizə aparmağı qət etdiyim, heç bir zaman barışmayacağıma  and içdiyim hər şeyi “təhkimçilik hüququ” anlayışında cəmləşdirmişdim”

                                                                                      İ. S.Turgenev

“Mən bizdə  sənət sənət üçündür bayrağını daşıyan iki və ya üç yazıçıdan  biriyəm, çünki mənim əqidəm bundan ibarətdir ki, şairin təyinatı -  insanlara hansısa bilavasitə  mənfəət və ya fayda vermək deyil,  gözəlliyə sevgi təlqin etməklə, onların mənəvi səviyyəsini yüksəltməkdir...”

                                                               Aleksey Konstantinoviç Tolstoy

 

Nəyə gərəkdir ürək – eşq məhv oldusa!

İndi mənim itirməyə daha qalmır heç nəyim –

Ölümü və cəhənnəmi çağırıram döyüşə!

 

                                          A.K. Tolstoyun  “Don Juan” əsərindən

 

“Avropada rus yazıçılarından Turgenev qədər çox oxunan ikinci bir yazıçı yox idi. Onu təkcə rus yazıçısı yox, həm də beynəlxalq yazıçı hesab etmək daha doğru olardı”.

                                                                                           Qeorq Brandes

                    Danimarka ədəbiyyatşünası, yazıçı, tənqidçi və publisisti.

 

“Turgenevin Avropadakı və daha geniş desək, bütün dünyadakı şöhrəti on illər ərzində qazanılmışdır.Onun əsərlərinin dünyada yayılması tarixində müəyyən fasilələr də olmuşdur.Bütün əsərləri ona xaricdə, eləcə də öz vətənində qeyd-şərtsiz şöhrət gətirməmişdir.Lakin elə xalqlar var ki, onların ədəbiyyatının bütöv bir dövrü Turgenevin adı ilə bağlıdır”.

                                                                 Mixail Pavloviç Alekseyev

ədəbiyyatşünas alim, akademik, rus və Qərbi Avropa ədəbiyyatının tədqiqatçısı

 

“Mən hələ də sizin bütünlüklə həyatdan götürüb çap etdirdiyiniz geniş portretlər qalereyasının təsiri altındayam. Bunlar sənətkar fırçasından çıxmış necə də canlı lövhələrdir.Bu, tamam yeni bir aləmdir ki, siz lütfkarlıqla bizim onunla tanış olmağımıza imkan yaratdınız. Heç bir tarixi abidə Rusiyanı bizə bu qədər geniş şəkildə aça bilməzdi...Siz hər şeyi görə bilmək qabiliyyətinə malik olan realistsiniz, həm də sərəncamında çoxlu rənglər olan şairsiniz, hamıya rəhm edən və hamını başa düşən böyük ürək sahibisiniz”.

                                                                                       Jorcj  Sand

                                                                                 Fransız yazıçısı

 

 

 “Sən Puşkindən sonra rus yazıçılarının hamısından daha çox şairsən.Sən təzə yazıçılar içərisində formaya xüsusi diqqət yetirənlərdənsən.Başqaları oxucuya çiy material verdiyi halda, sən oradan poeziya əxz etməyi bacarırsan”.

                                                                  Nikolay Alekseyeviç Nekrasov

                       Rus ədəbiyyatının klassiki, görkəmli şair, yazıçı və publisistİ

 

“Siz yaxşı vətənpərvər olmasaydınız, indi sizi gözləyən ölkədə bu qədər məşhur ola bilməzdiniz. Sizin qəlbiniz bütün bəşəriyyətə məxsusdur. Lakin ruhən bağlılığınız baxımından Rusiya əlbəttə, birinci yeri tutur”.

       (Turgenevin tabutu Fransadan Rusiyaya gətirilərkən matəm yığıncağında natiqlərdən birinin çıxışından)

 

 “Turgenevin yaradıcılıq metodu  Balzaka, Dostoyevskiyə  bənzəməz.Bunlar tələsiyir və əsərini məcmuələrə, ya mətbəəyə yetirməyə can atırlar.Turgenev isə Tolstoy kimi sakit, səbrli, mövzu və tipləri ətraflı düşünən və əsər üzərində diqqətlə işləyən bir yazıçıdır. Turgenev hər bir əsəri üçün plan düzür, tiplərin adını və familini, doğulduqları ili, əsərdəki yaşlarını qeyd edir.Hər bir tipin üzərində dayanır, onların tərcümeyi-halını və danışdıqları sözlərin qısaca məzmununu verir.Əvvəlcə əsərin sonluğunu aydınlaşdırır, konspektini düzəldir, sonra ayrı-ayrı fəsillərə ayırır.

Bunlar bitdikdən sonra əsəri yazmağa başlayır.Əsər qurtarır, lakin məsələ bununla bitmir.Turgenev əsərinin üzünü iki-üç dəfə köçürür və hər dəfə də düzəldir, artırır, əskildir.Əsər çapdan çıxdıqda müəllif oxucuların rəyini dinləyir və kitabın ikinci təbində bəzi yeni dəyişikliklər törədir”.

                                                                Yusif Vəzir Çəmənzəminli

        ( Müəllifin “İ.S.Turgenevin yazı üsulu haqqında” məqaləsindən)

 

Bu bir həqiqətdir ki, dünyanın heç bir mədəni xalqı  XIX əsr ədəbiyyat tarixində  Rusiyada olduğu qədər görkəmli ədəbi simalar, parlaq zəka və istedadlı qələm sahibləri yetişdirməmişdir. Puşkin, Lermontov, Qoqol kimi bəşəri dühaların mübariz və prinsipial ənənələrini davam və inkişaf etdirərək rus tənqidi realizminin, bədii nəsrinin, ictimai-siyasi fikrinin inkişafında böyük rol oynayan görkəmli şəxsiyyətlərdən, dərin düşüncə sahiblərindən biri də İvan Sergeyeviç Turgenevdir. Həmin Turgenev ki, böyük Belinski onunla tanış olduqdan sonra əqidə dostlarından birinə yazırdı: “Bu adam qeyri-adi ağıla malikdir”.

Azərbaycan xalqının da  çox sevdiyi və rəğbət bəslədiyi qeyri-adi ağıl sahibi - İvan Sergeyeviç Turgenevin həyat tarixçəsində mühüm iz qoyan günlərdən biri yaxınlaşmaqdadır. Avqustun  22-si dahi yazıçının, şairin, dramaturqun, tərcüməçinin xatirə  günüdür və  bu tarix özünün 134-cü ilini yola salacaq. Gələn il isə dünyanın mütərəqqi ədəbi ictimaiyyəti bu görkəmli mədəniyyət xadiminin 200 illik yubileyini təntənə ilə, sevgi ilə qeyd edəcəkdir.

         Avqustun 24-də  qüdrətli Rusiya özünün daha bir dahisinin – dünya ədəbiyyatında yüksək nüfuz qazanan üç Tolstoy soyadlı məşhur ədiblərindən birinin, təvəllüd baxımından birincisinin, Turgenevin müasiri – Aleksey Konstantinoviç Tolstoyun  200 illik doğum tarixini bayram etməyə hazırlaşır.

Turgenev Tolstoya dərin hörmət və ehtiramla yanaşır, onun ədəbi fəaliyyətinə, şair-yazıçı kimi zəngin yaradıcılığına yüksək qiymət verirdi. Odur ki, Turgenevə  aid topladığım sənədlərin içərisində  biri diqqətimi daha çox cəlb etdi. Bu, A.K.Tolstoy dünyasını dəyişən vaxt – 1875-ci ilin noyabrında Turgenevin yazdığı məktub-müraciətdir. Sənədi qiymətli  irs kimi  görkəmli yubilyar  ədibin həyat və yaradıcılığına dair məlumatla önə çəkməyi qərara  aldım. Qoy bu ədəbi xatirə  22 avqust- Turgenevin anım, 24 avqust - Tolstoyun iki əsrlik doğum günündə hər iki dahinin ruhlarını şad etsin, bu ruhları sevgi ilə bir-birinə qovuşdursun.

Rus ədəbiyyatının görkəmli klassiki, tanınmış dramaturqu, tərcüməçisi, şair-satiriki, məhəbbət lirikasının gözəl yaradıcısı olan Aleksey Konstantinoviç Tolstoy 1817-ci ildə Peterburqda qraf ailəsində anadan olmuşdur .Uşaqlıq illərini Çerniqov quberniyasında əmisi  A.Petrovskinin “Krasnı Roq” malikanəsində keçirmişdir.

Tolstoyun  ana tərəfdən doğma ulu babası görkəmli rus əyanı, qraf, Rusiya Elmlər Akademiyasının çoxillik prezidenti və Ukraynanın sonuncu getmanı Kiril Qriqoryeviç Razumovski idi, deməli,  imperatriça Yelizaveta Petrovnanın gizli əri Aleksey Kirilloviç Razumovski onun ulu babasının qardaşı idi. Gələcək şairin babası, qraf və varlı bir adam olan  Aleksey Kirilloviç Razumovski II Yekaterina zamanında senator və I Aleksandr zamanında  xalq maarif naziri vəzifəsində işləmişdi.

Aleksey gənc yaşlarında xaricdə olarkən Almaniya ərazisinə daxil olan Veymar şəhərində  alman mütəfəkkiri, dahisi  qoca  Höte ilə görüşmüş, İtaliyada incəsənət abidələri ilə tanış olmuşdu.

Tolstoy 1834-cü ildən xarici işlər nazirliyinin Moskva arxivində işləmiş, sonralar bir çox yüksək vəzifələrdə çalışmış və 1861-ci ildə istefaya çıxmışdı.

Ev şəraitində gözəl təhsil alan Aleksey Konstantinoviç gənc yaşlarından poeziya ilə dərindən maraqlanaraq, şeirlər yazmağa başlamışdı. 1841-ci ildə onun “Xortdan” fantastik povesti çapdan çıxmışdı. Rusiyanın görkəmli ədəbi tənqidçisi V.Belinski həmin povestə yüksək qiymət verərək demişdi ki, hələ çox gənc olan bu gözəl istedad gələcək üçün ümid verir.

1851-ci ildə  A.Tolstoyun  A. Jemçujnikov ilə birlikdə yazdığı, çar mütləqiyyətinin eybəcərliklərini ifşa edən “Fantaziya” komediyası Peterburqda tamaşaya qoyulur.İlk tamaşadan sonra komediyanın göstərilməsi  I Nikolay tərəfindən qadağan edilir. Bundan sonra gənc yazıçı Jemçujnikov qardaşları ilə ( əmisi oğlanlarıdır) birlikdə məzəli şeirlər silsiləsi yaradır.Həmin şeirlər 1854-cü ildə “Sovremennik” jurnalında dərc edilir. Sonralar A.Tolstoy satirik janrlara  daha çox meyl edir.Bu sahədə onun 1878-ci ildə dərc edilmiş “Popovun yuxusu” adlı satirik şeiri daha səciyyəvidir.Şeirdə mənfur çar bürokratiyası, jandarm və liberal boşboğazlar şiddətli tənqid atəşinə tutularaq ifşa olunmuşdur.

İllər keçdikcə çar mütləqiyyətinin eybəcərliklərinə yaxından bələd olan Tolstoy tənqid hədəfini daha da genişləndirir. Şair-yazıçının “Rusiya dövlətinin  Qostomısldan Timoşevə  qədər tarixi” şeiri oxucular tərəfindən böyük maraqla qarşılanır.

Ümumiyyətlə, AlekseyTolstoyun yaradıcılığı ziddiyyətli olmuşdur.O, çar mütləqiyyətini ifşa edən şeirlər yazmaqla bərabər, demokratik hərəkata da qarşı çıxmışdır.

A.K.Tolstoy tarixi mövzuda da bir sıra əsərlər yazmışdır. “Knyaz Serebryanı” romanında o, slavyanofil ruhunda feodal Rusiyasını və boyarlığı ideallaşdıraraq, İvan Qroznı və I Pyotr tərəfindən aparılan islahatlara qarşı çıxmışdır. Onun dramatik trilogiyasında  - “İohann Qroznının ölümü”, “Çar Fyodor İohannoviç, “Çar Boris” adlı pyeslərində də eyni fikir əks olunmuşdur.

Tolstoyun lirik şeirləri  XIX əsr rus poeziyasının parlaq və qiymətli inciləridir. “Qaraçı nəğmələri”, “Mən saf məhəbbətə inanıram”, “Şair”, “Teleskop”, “Bağışla”, “Özgə qəmi” və digər çoxsaylı şeirləri bu gün də ədəbiyyatsevərlərin  böyük həvəslə oxuduqları əsərlərdir. Məşhur rus bəstəkarlarından Çaykovski, Rimski- Korsakov, Küi, Rubinşteyn, Borodin Tolstoyun şeirlərinə musiqi bəstələyərək rus vokal musiqisini bir çox romans və mahnılarla zənginləşdirmişlər.

A.K.Tolstoyun zəngin və müxtəlif janrlı yaradıcılığı XIX əsr rus ədəbiyyatında dərin izlər qoymuşdur. Onun Viktor Hüqo, Henrix Heyne, İohann Höte, Andre-Mari Şenye, Corc Bayronun yaradıcılığından rus dilinə etdiyi tərcümələr də klassikin rus ədəbiyyatına verdiyi böyük töhfələrdir.  Görkəmli mədəniyyət xadimi 1873-cü ildə Petrburq Elmlər Akademiyası rus dili və sözçülüyü bölməsinin müxbir üzvü seçilmişdir. Tolstoy 1875-ci ildə vəfat etmişdir.

Dahilər haqlı deyib ki, ölüm - yaradılmışın Yaradana qovuşmasıdır...

Ədibin vəfatı ilə bağlı Turgenevin tarixi məktubu haqq dünyasına qovuşan böyük insanın ədəbi nekroloqu kimi bu gün də yaddaşlarda yaşayır.

Redaktora qraf A.K.Tolstoyun ölümü ilə bağlı məktub (Turgenev)

(Sankt-Peterburqda çıxan liberal yönlü «Вестник Европы» dərgisinin redaktoru  Mixail Matveyeviç Stasyuleviç nəzərdə tutulur)

Çox lütfkar Mixail Matveyeviç,  üçüncü gün axşamüstu mən sizin teleqramı aldım; bu xəbər qəlbimi kədərli bir hüznlə doldurdu. Əvvəldən də bilirdim ki,  Tolstoya yer üzündə uzun bir ömür yaşamaq nəsib olmayacaq: hardasa bir üç ay olar  Karlsbadda onun həkimi mənə demişdi ki,  bizim yazıq dostumuz  bir il də çəkməz; lakin hətta gözlədiyin itki ilə,  özəlliklə də Tolstoy kimi bir adamı itirməklə o saat barışmaq özü də çətindir. Mən elə bu saat onun tam qiymətini təqdim etmək,  müasir rus ədəbiyyatında onun yerini və önəmini müəyyənləşdirmək  niyyətindən uzağam: bu – onun gələcək bioqraflarının işidir;  mən əbədi dünyasına köçmüş şairin  hüsn-rəğbət oyadan şəxsiyyəti barədə xatirələrimin təlqin etdiyi yalnızca bir neçə fikrimi söyləmək istərdim.

Mən şair söylədim. Bəli, o heç şübhəsiz, tamamilə, bütün varlığı ilə şair idi;  o, şair doğulmuşdu, bu isə bizim zəmanədə hər yerdə - ən çox da Rusiyada – olduqca  nadir haldır. Təkcə bu sözlə onun mənsub olduğu nəsil müəyyənləşir (bəllidir ki, bizim indiki zəmanədə  gənc şairlər yoxdur), eləcə də onun əqidəsi, onun qəlb meylləri, onun bütün təmənnasız və səmimi arzu-istəkləri müəyyən olunur.  Tolstoyun cəmiyyətdəki mövqeyi, onun əlaqələri adamların  əksəriyyətinin böyük qiymət verdiyi hər şeyə doğru ona geniş yol açırdı, lakin o özünün istedadına və həvəsinə - poeziyaya, ədəbiyyata sadiq qaldı; o, təbiətin yaratmış olduğundan başqa bir şey ola bilməzdi; o, bu sözün ən yaxşı mənasında ədib olan kəsə xas olan bütün keyfiyyətlərə, özəlliklərə, əda və xasiyyətlərə malik idi.  Ona birinci dərəcəli istedada xas yaradıcılıq qüvvəsi,  fantaziya zənginliyi vergisi verilmiş olmasa da, Tolstoy bədii əsərlərə həyat və məna verən şeylərə, məhz özümlü, orijinal və eyni zamanda olduqca rəngarəng fizionomiyaya xeyli dərəcədə malik idi; təkəmseyrək hallarda virtuozluq  -  doğrudur, çox vaxt uğurlu alınan arxaik ifadələr işlətməklə özünü göstərmək,  başqa bir yerdə siyasi məzmunlu bütün hər şey kimi  mahiyyət etibarilə onun ağlına və qəlbinə yad olan ani mülahizələr həvəsinə  düşsə də, doğma dildən sərbəstcə, ustalıqla istifadə edirdi. O, öz  həmvətənlərinə  miras olaraq dramların, romanların, lirik şeirlərin gözəl örnəklərini qoyub, onları – uzun illər ərzində  - bilməmək  hər hansı təhsilli, oxumuş rus üçün ayıb sayılacaq; o, bizdə yeni ədəbi növün – tarixi balladaların, əfsanələrin  yaradıcısı idi; bu zəmində onun rəqibi yoxdur – və onlardan «Вестник Европы»nın oktyabr sayında (onun ölüm xəbərinin gəldiyi gündə!) yer alan sonuncusunda demək olar Dante obrazlılığına və qüvvəsinə yetişir. Nəhayət – ona verilmiş ilahi verginin çoxtərəfliliyi haqqında yuxarıda söylənən fikrin bir növ təsdiqi olaraq – kim bilmir ki, onun ciddi ideal və boy-buxunlu təbiətində təbii yumor bulağı qaynayırdı –  “İvan Qroznının ölümü” və “Knyaz Serebryanı” müəllifi olan qraf A.K.Tolstoy eyni zamanda hamının yaddaşında özünə yer eləmiş “Kuzma Prutkov”un yaradıcılarından biri idi?

Bax belə bir şairdən məhrum olduq və ağılların indiki istiqamətində  çətin ki, bu tezlikdə əvəzi tapılsın.  Qoy bu sətirlərə gözləri sataşan gənclər çiyinlərini çəkməsin və düşünməsinlər ki,  bu itki mənim tərəfimdən şişirdilib; onları inandırmaq cəsarətində bulunuram ki,  yalnız bu itkini anlyan və etiraf edən kəs zaman keçdikcə özünə yol açacaq və özündən sonra iz buraxa biləcəkdir...

Mən Tolstoyun bir şair olaraq fizionomiyasının bəzi çizgilərini qeyd etməyə çalışdım; onun bir insan olaraq  haqqında nə demək olar?

Onu tanıyan hər kəsə onun necə bir ürək sahibi olduğu yaxşı bəllidir, dürüst, namuslu, həqiqətsevər, hər hansı xeyirxah hisslərə açıq, fədakarlığa hazır, zəriflik, şəfqət  həddinə qədər sədaqətli, dönmədən sadiq və sözü üzə açıq deyən. “Cəngavər təbiəti”  -  bu ifadənin Tolstoy haqqında  düşünəndə demək olar hər kəsin dilinə gəldiyi qaçılmazdır; mən başqa  bir –  bizim zəmanədə bir qədər şübhə doğuran, ancaq gözəl və bu halda ən yerində olan - epiteti işlətməyi özümə rəva görərdim.   Humanist, dərindən humanist təbiət! -  bax Tolstoy bu idi və yaşadığı həyatın dönmədən onun yaradıcılığına axıb dolduğu hər hansı şairdə olduğu kimi Tolstoyun bu humanist təbiəti onun yazdığı hər şeydən keçib gedir və onlarla nəfəs alır.

Mən bu məktubu şəxsiyyətimə dair  nə iləsə bitirmək istəməzdim; lakin hələ təzə olan bu məzarın önündə minnətdarlıq duyğusu bütün digər məsələlər barədə susmağa məcbur edir: qraf A.K.Tolstoy mənim əllinci illərin lap əvvəllərində  məhkum edildiyim qovulmanın  dayandırılmasına rəvac vermiş başlıca şəxslərdən biri idi.

Ruhun behiştlik olsun, unudulmaz rus insanı və rus şairi!.. Bilirəm ki,  bizim ümumi dərdimizə dərindən şərik olursan və dərdimizə şərik olman  səbəbincə əllərini bərk-bərk və dostcasına sıxıram.

Sizə sadiq  İv.Turgenev

1875

 

         Rusiyanın tanınmış ədəbiyyat xadimləri, istedadlı qələm sahibləri İvan Sergeyeviç Turgenev, Afanasi Afanasyeviç  Fet, Leonid Nikolayeviç Andreyev, Nikolay Semyonoviç Leskov, İvan Alekseyeviç Bunin rus ədəbiyyatına Oryol yazıçıları dəstəsi kimi daxil olmuşlar. Turgenevin özünün qeyd etdiyi kimi, onlar Rusiyanın lap içərilərində doğulub formalaşmış, milli söz mədəniyyətini elə bir səviyyəyə qaldıra bilmişlər ki, onların şan-şöhrəti Rusiyanın hüdudlarından çox-çox kənara yayılmışdır.

         Ailənin ikinci övladı olan İvan Sergeyeviç Turgenev 1818-ci il oktyabrın 28-də Orle şəhərində anadan olub. Atası Sergey Nikolayeviç Turgenev hələ 16-cı əsrdən Rusiyada tanınmış dvoryan nəslinə mənsub idi. Bu nəsl əvvəllər çox zəngun olsa da, sonralar maddi cəhətdən zəifləmişdi. Sergey Nikolayeviç hərbidə polkovnik rütbəsinə qədər yüksəlmişdi.

Yazıçının anası Varvara Petrovna Lütovina uşaq yaşlarından atasını itirmiş, atalığının sərt rəftarına dözə bilməyib 16 yaşında dayısı varlı mülkədar olan İvan İvanoviç Lütovinova pənah gətirmişdi. Dayısının övladı olmadığından Varvaranı özünün varisi hesab etmiş və gənc qızı mülkədar təsərrüfatının idarəçiliyini öyrənməyə istiqamətləndirmişdi.

Varvaranın gəncliyi Spasski kəndində, dayısının malikanəsində keçmişdi. O, savadlı xanımlardan biri idi, dvoryan qızları kimi mükəmməl ev tərbiyəsi almış, fransız dilini öyrənmiş, rus və fransız ədəbiyyatı ilə yaxından tanış olmuşdu.

Dayısı vəfat etdikdən sonra Varvaraya bir neçə mülk, xeyli torpaq və 1000 təhkimli kəndli qalmışdı.Beləliklə, o, Rusiyanın ən varlı mülkədar qadınlarından biri sayılırdı.

Varvaranın çox zəngin bir ev kitabxanası vardı.Burada Avropanın ən məşhur yazıçı və filosoflarının əsərləri toplanmışdı.

Turgenev 4 yaşında olanda Varvara əri və uşaqları ilə bərabər xarici ölkələrə səyahətə çıxır.Onlar Almaniyanı, İsveçrəni,Fransanı gəzirlər, altı ay Parisdə qalırlar, sonra Kiyev yolu ilə Spasskiyə qayıdırlar.

Turgenev 17 yaşında ikən atası dünyasını dəyişir. Anası isə sərt və özündənrazı xudpəsənd xarakteri ilə təhkimli kəndlilərlə amansız rəftarına davam edirdi. Anasının məzlum insanlarla kobud rəftarından Turgenev çox narazı idi.Sonralar yazdığı “Mumu” hekayəsində mülkədar qadın Lyubov Lyubimovna, “İlk məhəbbət” povestində Mariya Nikolayevna, “Dvoryan ocağı” romanında Lavretskinin nənəsi Qlafira Pyotrovna surətlərində anasını təsvir etmişdir.

1827-ci ildə ailə Moskvaya köçür. İvan qardaşı Nikolayla birlikdə əvvəlcə xüsusi pansionda, sonra Lazarevski pansionunda təhsil alır. Qardaşlar hər iki pansionda alman, fransız, ingilis dillərini, rus ədəbiyyatını öyrənir, tarix və təbiət elmlərindən ümumi məlumat alırlar. Bununla belə, orta təhsili kamil başa çatdırmaq üçün qardaşlara evdə xüsusi müəllimlər də dərs keçirlər.

Turgenev 15 yaşı tamam olmamış zəmanətlə Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olur. İkinci kursa keçəndə ailə Peterburqa köçür.

1834-cü ildə Turgenev Peterburq Universitetinin fəlsəfə fakültəsinin tarix-filoloji şöbəsində təhsilini davam etdirir.

Peterburq Universitetində Turgenevə orta əsrlər tarixindən rus ədəbiyyatının görkəmli klassiklrindən biri, tanınmış şair, yazıçı, dramaturq, tənqidçi Nikolay Vasilyeviç Qoqol dərs deyir. Turgenev sevimli müəllimi ilə Horatsi, Tatsit, Homer, Sofokl və dünyanın başqa klassiklərinin əsərlərini birlikdə oxuyub müzakirə edir. Peterburqda Turgenev çox sevdiyi Puşkini görür, Jukovski və Koltsovla tanış olur.Ədib özünün ilk bədii əsəri olan “Steno” dramatik poemasını, “Bizim əsrimiz”, “Veneraya”, “Gecə” şeirlərini və Muravyovun  “Müqəddəs yerlərə səyahət” əsərinə resenziya yazır.Puşkinin ölümünə həsr etdiyi  “Gecə” şeiri yeni nəsillərə gəlib çatmır. Hələ tələbə ikən Turgenev Şekspirin “Otello”, “Kral Lir”, Bayronun “Manfred” əsərlərinin tərcüməsi üzərində işləyir, lakin nədənsə bu tərcümələr də mühafizə olunmur.

Turgenev 18 yaşında Peterburq Universitetini bitirir.İstər elm və mədəniyyət, istərdə də siyasi dünyagörüşü baxımından xeyli inkişaf edən Turgenev Rusiyada təhkimçilik quruluşunun ləğv edilməsini və respublika üsul-idarəsinin yaradılmasını arzulayır.

1841-ci ildə 23 yaşlı Turgenev Spasskiyə qayıdır. Varvara bundan sevinsə də, çox çəkmir ki, ana və oğul arasında narazılıq baş verir. Anasının təhkimli kəndlilərlə qəddarcasına rəftarına İvan Sergeyeviç dözə bilmir. O, anasını məzəmmət edir, töhmətləndirirdi.

Ailədə baş verən bir hadisə ana və oğul arasında münasibəti daha da mürəkkəbləşdirir. Turgenevlə Moskvadan Spasskiyə gətirilmiş yoxsul ailədən olan qulluqçu qız  Avdotiya Yermolayevna bir-birini sevirlər.Lakin adət-ənənəyə görə, dvoryan ailə əxlaqı bu sevginin aşkara çıxarılmasına imkan vermir.Varvara bu gizli sevgidən xəbər tutanda Avdotiyanı dərhal Spasskidən uzaqlaşdırmağı əmr edir. Lakin Moskvaya  göndərilən xidmətçi qız yola düşən zaman hamilə idi.

1842-ci ildə Turgenevin Avdotiyadan bir qızı dünyaya gəlir.Körpənin adını Pelagegya qoyurlar. Varvara uşağı anasından ayırıb Spasskiyə gətirir. Bir qədər sonra Avdotiya başqa birisinə ərə gedir.

Turgenev Avdotiyaya ömürlük təqaüd təyin edir və özü də bu hadisədən sonra ömrünün axırına qədər evlənmir.

Turgenevin təhkimçiliyə qarşı nifrəti getdikcə güclənirdi.Lakin o, Rusiyada despot üsuli-idarəsi şəraitində mübarizəni mümkün hesab etmir, yenidən xaricə getməyi qərara alaraq yazırdı: “Mənə düşmənimdən uzaqlaşmaq, sonra da uzaqdan ona daha qüvvətlə hücum etmək vacib idi. Mənim nəzərimdə bu düşmənin müəyyən obrazı vardı və məşhur ad daşıyırdı: bu düşmən təhkimçilik hüququ idi”.

1847-ci ildə Turgenev Almaniyaya gedir. Almaniya sərhəddinin lap yaxınlıgındakı Zalsburq şəhərində (hazırda bu şəhərin mərkəzi tarixi hissəsi YUNESCO-nun ümumdünya irsi siyahısına daxildir – R.Mirzəzadə) müalicə alan Belinski ilə görüşür.Belinskinin Qoqola yazdığı məşhur məktubla tanış olur. Sonra Fransaya gəlib üç il Parisdə yaşayır.

Həmin illərdə Parisdə xeyli rus ziyalıları yaşayırdı və Turgenev onlarla tez-tez görüşürdü.Ədib xaricdə yazdığı əsərlərini Rusiyaya göndərir, onları “Sovremennik” jurnalında dərc etdirirdi.

1850-ci ildə 33 yaşı tamam olmamış və saçlarının çoxu ağarmış Turgenev Rusiyaya qayıdır. Səkkiz yaşlı qızı ilə görüşür. Varvara nəvəsini paltaryuyan xidmətçi bir qadına tapşırmış, uşağın tərbiyəsi ilə məşğul olmamışdı. Bu, Turgenevə ağır təsir bağışlayır. O, anasından küsüb, atasından qalan Turgenevo kəndinə gedir. Qızını isə Parisə, Polina Viardonun yanına göndərir ki, Polina öz uşaqları ilə birlikdə Pelageyanın da tərbiyəsi ilə məşğul olsun.

Turgenevi çox sevən, onun ağlına, istedadına heyran qalan Polina məmnuniyyətlə qızın tərbiyəsini öhdəsinə götürür.

Bəs Turgenevin həyatında müstəsna rol oynayan bu xanım Polina Viaordo kim idi? Bu suala cavab vermək üçün tarixin bir qədər əvvəlki səhifələrinə qayıtmalı oluram.

1843-cü ilin payızında italyan operası Rusiyaya qastrol səfərinə gəlir. Peterburqun İtalyan  Operasının tamaşalarındakı baş rollarında gözəl, ecazkar səsi, təkrarolunmaz istedadı ilə Avropanın bütün görkəmli bəstəkarlarının diqqətini cəlb  etmiş  22 yaşlı gənc müğənni Polina Viardo çıxış edir. Tamaşaların  birində Turgenev müğənninin ifasında dünya şöhrətli italyan bəstəkarı Coakkino Antonio Rossininin “Seviliya bərbəri”ndəki  Rozina partiyasını dinləyir. Gənc xanımın ifası onu məftun edir.

         Məşhur mədəniyyət xadimlərindən alman bəstəkarı və dirijoru Rixard Vaqner, fransız bəstəkarı və incəsənət xadimi Şarl Fransua Quno, macar bəstəkarı, dirijoru, pedaqoq və pianoçusu Ferents List, rus bəstəkarı, dirijoru, pedaqoqu və  pianoçusu Anton Qriqoryeviç Rubinşteyn, rus bəstəkarı Mixail İvanoviç Qlinka da Polinanın ifaçılıq sənətinə heyran idilər.

         Turgenev Polina ilə tanış olur, bu tanışlıq güclü bir sevgiyə, dərin  bir məhəbbətə çevrilir. Artıq o, 1845-ci ildə  avtobioqrafik “Memorial”ında  yazır: “Moskvada Polinanın konsertləri. Birlikdə qayıdış.  Yad ölkələrə yola çıxma”.

Müğənninin qabiliyyəti yalnız musiqi istedadı ilə bitmirdi. Deyilənə görə, o, dörd dildə - fransız, ispan, italyan və ingilis dillərində sərbəst danışırdı. Polina  ərli olsa da, İvan Sergeyeviç ondan ömrünün sonuna qədər, düz 40 il  ayrıla bilməmişdi. Polina onun əsərlərinin ilk oxucusuna çevrilmişdi.

         Tam adı Polina Mişel Ferdinand Qarsia Viardo olan ispan-fransız müğənnisi, bəstəkarı, vokal pedaqoqu Polinanın ailəsinin demək olar bütün üzvləri mədəniyyət və incəsənətlə bağlı insanlar olublar.Atası Manuel Qarsian ispan müğənnisi və pedaqoqu idi. Bacısı Mariya Malibran dünya opera sənətinin əfsanəsi sayılırdı. Qardaşı Manuel Patrisio Rodriqes Qarsia müğənni və vokal müəllimi idi.Əri Lui Viardo fransız yazıçısı, sənətşünası, incəsənət tənqidçisi və teatr xadimi kimi tanınırdı. Lui Viardo Polinadan 20 yaş böyük idi.

         Polinanın qızı Luiza Eritt-Viardo da musiqiçi, müğənni, bəstəkar kimi tanınırdı. Oğlu  Pol Viardo gözəl skripka ifaçısı, eyni zamanda dirijor və bəstəkar idi.

         Polina Viardoya  sevgisi – özü də bütün ömrü boyu qəlbində yaşatdığı böyük sevgi  25 yaşlı Turgenevi həyatının  bir çox illərini xaricdə,  əsasən də Fransada keçirməyə məcbur etdi. Qadın da ona qarşı laqeyd deyildi. Bu iki yaradıcı insanın arasında bir-birinə doğma münasibət yaranmışdı. Qəlbindəkiləri  bir-biri ilə asanlıqla bölüşürdülər.

         İvan Sergeyeviçin  şəxsi həyatının olmasını isə həyat özü tələb edirdi, evlənmək  niyyətinə  yazıçı dəfələrlə cəhd etsə də, nəticə uğursuz olmuşdu. Yazıçının ürəyindəki sevgi möhürü artıq əbədiyyət qazanmışdı, Polina onun taleyinin əvəzsiz varlığına çevrilmişdi.

         Turgenev məktublarının birində Polinaya yazırdı: “...İcazə verin, sizin ayaqlarınızı ehtirasla  öpüm. Hansı ki, o ayaqlar mənim bütün ruhumda dolaşır...Sizi bütün qəlbimlə öpürəm və həmişəlik dostunuza çevrilirəm...”.

         Başqa  bir məktubunda isə yazıçı kədərlə yazırdı: “Bir gün əlimdə olan hər şey məhv olub gedəcəksə, yeganə dostum, mənim böyük əzabla sevdiyim qadın, sən həmişə mənimlə birlikdə yaşayacaqsan! Ancaq səndən bir xahişim  var: ölsəm, qəbrimin üstünə gəlmə...Orada sənin edəcəyin heç bir şey yoxdur...”

         Viardoya yazılmış bu məktub, yazıçının son nəfəsində qadına çatmışdı...

Fransada yaşayarkən Turgenevin Qustav Flober, Alfons Dode, Emil Zolya, Edmon de Qonkur kimi böyük yazıçı, mədəniyyət adamları ilə  sıx əlaqələri yaranır və onlar bu son dərəcə ağıllı və istedadlı rus yazıçısı ilə birlikdə  ədəbi birlik yaratmağa nail olurlar. Bu birlik ədəbiyyat tarixinə “beşlər dərnəyi” adı ilə daxil edilir. Özünü Turgenevin şagirdi hesab edən Gi de Mopassan da tezliklə onlara qoşulur.Qərbin bir çox mədəni adamları ilə yaxından tanış olan Turgenev, rus yazıçıları içərisində ilk dəfə olaraq “Böyük romançı” adını qazanır.

1843-cü ildə “Turgenev- Litovinov” imzası ilə yazıçının “Paraşa” adlı mənzum hekayəsi çapdan çıxır. Əsər böyük bir sevinclə qarşılanır. Belinski bu barədə yazır: “Cənab T.L-nın hekayəsində təmiz rus həyatından alınmış dərin və həqiqi fikir, əsərin ən kiçik təfərrüatlarında belə yüksək sənətkarlıq vardır”.

         “Paraşa”dan sonra Turgenev bütün həyatını bədii yaradıcılığa həsr edir. 1843-1847-ci illər arasında “Mülkədar”, “Andrey” poemalarını, “Ehtiyatsızlıq”, “Nazik yerdən üzülər” komediyalarını, “Üç portret”, “Yəhudi” adlı hekayə və povestlərini, “Ovçunun xatirələri” silsiləsindən olan “Xor və Kaliniç” hekayəsini yazır.

 

 

 

Turgenev  yaradıcılığa şair kimi başlamışdı. Onun sözlərinə yazılmış “Dumanlı səhər, ağaran səhər...” romansı indiyədək məşhurdur. Onun ilk nəsr əsəri  olan “Andrey Kolosov”  “Отечественные записки” jurnalında çap olunmuşdu. 1846-cı ildən 1850-ci ilə qədər Turgenev  dramaturji təcrübələrə  üstünlük  verdi: “Pulsuzluq”,  “Dvoryanlığın  nümayəndəsinin yanında qəlyanaltı”, “Subay”,  “Özgə çörəyi”  pyeslərini həmin vaxtlar  yazdı. Bu pyeslərdən bəziləri indiyədək ən müxtəlif səhnələrdə oynanılır.

         1848-ci ilin yanvarında Turgenev yenidən Berlinə, oradan da Parisə gedir. O, Fransada 1848-ci il fevral inqilabının şahidi olur, mühacir kimi Parisə  gəlib  Avropanın böyük siyasi hadisələr mühitində yaşayan məşhur rus inqilabçı-demokratı, eyni zamanda yazıçı, publisist, pedaqoq və filosofu Aleksandr İvanoviç Gertsenlə yaxınlaşır.

         Vətənpərvər yazıçı Qərbi Avropa həyatını yaxından müşahidə edib öyrənir, Gertsenlə birlikdə qabaqcıl Rusiyanın, rus xalqının  həqiqi övladı kimi öz xalqına xidmət edirdi.

         Turgenev öz vətəninin sərhədləri xaricində  rus ədəbiyyat və incəsənətinin təbliğatçısı kimi müstəsna rol oynamışdı. Rus mədəniyyətinin yaradıcılıq məhsullarının, Turgenevin özünün dediyi kimi, “bütün sivil dünyanın sərvətinə çevrilməsindən” ötrü bu qədər vaxt, əmək sərf edən, bu qədər qayğı göstərən ikinci bir rus yazıçısı yox idi.

         . Mütərəqqi rus ədəbiyyatını yayır, Puşkinin, Qoqolun, Saltıkov-Şedrinin əsərlərinin tərcüməsini təşkil edir, onların dünya ədəbiyyatı xəzinəsinə daxil olmalarına böyük səəylə çalışır.

Şekspir, Höte sənətini Rusiyada təbliğ etməklə yanaşı, “Xəyallar”, “Bahar suları” əsərlərində Qərbin burjua meşşan həyatını, ikiüzlü siyasətçiləri satira atəşinə tuturdu.

         Turgenev inqilabçı demokrat deyildi.Lakin o, təhkimçilk quruluşuna bütün varlığı ilə nifət edirdi. Onun əsərləri vətəninə, xalqına alovlu məhəbbət hissi ilə dolu idi. O, öz əsərlərində dvoryan-mülkədar cəmiyyətinin çürüklüyünü və bu cəmiyyətin məhv olacağının labüdlüyünü açıb göstərirdi. Turgenevin  vətənpərvərliyi o vaxtkı hakim dairələrin, Rusiyanın mürtəce bürokratlarının “vətənpərvərliyindən” olduqca seçilirdi. O, deyirdi: “Mən Rusiyanı, indi onu əllərində tutan cənablardan fərqli olaraq, tamamilə başqa cür sevirəm!”.

         XIX əsrin rus klassiklərinin hamısı kimi Turgenev də rus kəndlilərinin insani ləyaqətini alçaldan, varlığını tapdayan, onun həyatını zəhərə döndərən təhkimçiçlik zülmünün dəhşətlərini gözləri ilə görmüşdü. Hələ uşaq ikən  mülkədar anasının kəndlilərlə qəddar rəftarını görən və bu məzlum bədbəxtlərin başına gətirilən fəlakətlərin bilavasitə şahidi olan Turgenev sonralar yazırdı: “Mən elə bir şəraitdə doğulub böyümüşəm ki, orada daim şillə, yumruq, kötək, şallaq, hökm sürürdü. Elə o vaxtdan da məndə təhkimçilyə qarşı dərin nifrət baş qaldırdı”.

         Turgenev haqqında zəngin tədqiqatın müəllifləri V. Afanasyev və P. Boqolopov “Turgenevə yol” əsərində yazıçının təhkimli rus kəndlisinin həyatı, Rusiya təbiəti ilə yaxınlığından bəhs edərək yazırlar: “Ov zamanı yolüstü təsadüfi mağaralarda gecələyən, başı üstündə mavi səmadan başqa daldanacaq olmayan yazııçı, kəndlilərlə ağa kimi yox, sərkərdan ovçu kimi görüşürdü. Kəndlilər onun xeyirxahlığını, onların həyatına dərin diqqət yetirdiyini görür və onunla həvəslə söhbət edirdilər. “Ovçunun xatirələri”nin vətəndaşlıq və antitəhkimçi pafosu belə yetişmişdir.Bu meşələrdə gələcək yazıçının təhsili heç də universitetlərdən pis getmirdi;o, demokratizm, xalq dili və Rusiyaya inam öyrənirdi”.

         Müasirləri Turgenevin bir yazıçı kimi böyüklüyünü onda görürdülər ki, ədib yalnız öz qaynar zəmanəsində baş verən mühüm hadisələri görməklə kifayətlənmir, bunları eyni zamanda təkraredilməz bədii bir qüvvəti ilə göstərirdi.Vətəni haqqında, xalqı haqqında yazıçı elə ustalıqla, elə səmimiyyətlə yazırdı ki, bu, yalnız tək-tək sənətkarlara qismət ola bilərdi.Təsadüfi deyil ki, onun əsərləri hətta Rusiyada heç vaxt yaşamayan, onun təbiətini görməyən, rus kəndlisinin, şəhər ziyalılarının mənəvi aləmi ilə tanış olmayan adamlara da güclü təsir göstərirdi.

         Turgenev hələ sağlığında dünya şöhrəti qazanmış ilk rus yazıçısı idi. Əcnəbi oxucular üçün əsl bir kəşf olan “Ovçunun xatirələrindəndən” başlamış, Turgenevin demək olar hər bir yeni əsəri dərhal bir çox dillərə tərcümə olunur və dünya mədəniyyətinin görkəmli nümayəndələrində geniş əks-səda doğururdu.

         Avropanın  böyük yazıçılarından biri Qustav Flober Turgenevə yazdığı məktubların birində ədibin əsərlərindən bəhs edərək deyirdi: “Siz xüsusini təsvir etməklə bütövü, ümumini yaradırsınız, mən yaşadığım, duyduğum bir çox hissləri yenidən sizin əsərlərinizdə tapdım...Bütün əsərlərinizdə!”

         Fransanın məşhur xanım yazıçısı Jorj Sand isə Floberə ünvanladığı məktubda Turgenevdən söz açıb bildirirdi: “Nə qədər gözəl istedaddır! Nə qədər özünəməxsus və qüdrətlidir! Mən görürəm ki, xaricdə bizdən də yaxşı yazırlar”.

         Xanım Sand Turgenev əsərlərinin parlaq xüsusiyyətlərini, yazıçının həyat eşqi ilə zəngin nikbinliyini, ürəkləri hərarətləndirən humanizmini, dərin fikri və geniş təfəkkürünü olduğu kimi səciyyələndirərərək demişdir: “Siz hər şeyi görən realist, hər şeyi gözəlləşdirən şair, hamıya rəhmi gələn və hər şeyi anlayan böyük bir ürək sahibisiniz”.

         Turgenev istedadının parlaqlığı müxtəlif sahələrdə özünü göstərmişdir: şeir, poema, oda, dram, komediya, hekayə, povest, roman, məqalələr, memuar, mənsur şeirlər, tərcümələr və s. Şair Turgenevin hələ 1837-ci ildə qələmə aldığı “Axşam” və “Xovrinaya” şeirlərinin neçə dilə çevrildiyini bilmirəm. Onu bilirəm ki, hər iki şeir rus poeziyasının zərif inciləri kimi bu gün də sevilməkdədir:

Yenə çılpaq sahildə mürgüləyir dalğalar,

Günün vida şəfəqi tutqun göydə görünür.

Dumanlar arxasında dənizdə bir qayıq var;

Ürəyimdə qüssələr, düşüncələr, qayğılar -

Sahildəyəm, dörd yanım qaranlığa bürünür.

 

Qıvrım telli bir palıd- meşələr hökmdarı

Mürgü vuran sulara salır öz kölgəsini;

Çatır artıq dincliyin, sükunətin anları,

Gecənin boyaları - zülmət qəhrəmanları -

Bürüyür  nəhayətsiz  səmanın qübbəsini.

 

Sakitlik... ətrafımda nə səs var, nə  hərəkət.

Hər yer yuxuya gedib – tutqun göy, qara  torpaq.

Çayın dalğın suları səslənir hərdən fəqət,

Hərdən də xəzəl düşür görkəmində bir həsrət;

Təkcə mənim ürəyim sakit deyildir ancaq.

 

Bəli, duydum, anladım, bu müqəddəs zamanda

Bir əsrarlı dərs deyir  ana təbiət bizə.

Bu səs mənim ruhuma, varlığıma dolanda,

Bu səs mənim qəlbimin hökmüdarı olanda,

Dayandım, taleyimlə - gələcəklə üz – üzə.

 

Düşündüm ki, sakitdir hər tərəf məzar kimi,

Elə bil canlıların əlindən gedib canı.

Sükutdur indi ancaq təbiətin hakimi...

Qəribə düşüncələr çulğaladı qəlbimi –

Bu sükut  sanki  mənə şərh elədi dünyanı.

 

Bəlkə  taleyimizdir  bu sükut, qərib yuxu?

Bəlkə də gələcəkdən bizə gətirir xəbər?

Burda – zülmət və işıq, orda – sevinc və qorxu;

Məhv olmaq, unudulmaq, neçə söz, neçə sorğu...

Ah, nə qədər ağırdır bu suallar, şübhələr?!

 

 Qəlbimdən baş qaldırır bir tükənməz  həyəcan;

Nahaq sorğu – suala çəkdim təbiəti mən.

O dayanıb lal kim, o danışmır bayaqdan.

Həyatın sirlərini, məncə, heç vaxt, heç zaman –

Təbiət  açmayıbdır  bir  kimsəyə  əzəldən.

(“Axşam” şeiri)                                 

 

 

Səni sevmədiyimi

Deyirəm səhər- axşam.

Sən də mənə soyuqsan

Mən bunu da duymuşam.

Axtardığım nədir bəs?

Səni sevirmi bir kəs?

Bəs niyə yuxularda

Səni görürəm təkcə?

Ürəyim aram olmur

Səsini dinlədikcə?

Yaxınıma gələndə

Artır qüssə-kədərim.

Görməkdən də qorxuram

Səni, zərif dilbərim!

Yanıram səhər- axşam

Yoxsa  aşiq  olmuşam?!

 

Şairin mənsur şeirləri içində “Rus dili” nin xüsusi yeri vardır. Rus dili bəşəriyyətin sevdiyi, hörmət elədiyi dillərdən biridir.Turgenevin  dili rus dilinin  inkişafında  böyük bir mərhələni təşkil edir.Yazıçı dilin təbiiliyinə, bədiiliyinə  xüsusi fikir vermişdir. Odur ki, onun nəsr əsərlərini oxuyanda belə, şeiriyyət duyursan, lazımsız təmtərağa rast gəlmirsən.

1882- ci ilin iyununda Turgenev doğma xalqının müqəddəs ana dili olan rus dilini vəsf edərək yazırdı:

“Şübhə əzabları ilə dolu günlərdə, vətənimin taleyi haqqında ağır düşüncələrə daldığım  günlərdə yalnız sən mənim üçün dayaq və arxa olursan, böyük, qüdrətli, doğrucul və azad rus dili! Sən olmasaydın, evimizdə baş verən bütün bu müsibətləri gördükcə  biz ümidimizi necə itirməzdik? Lakin inanmaq olmaz  ki, böyük xalqa belə bir dil verilməyə bilərdi!”.

Turgenevin  fikirləri xalqımızın  çoxsaylı şair və yazıçılarının, digər təfəkkür sahiblərinin dil haqqında düşüncələri ilə üst-üstə düşür. Azərbaycan xalqının sevimli şairlərindən biri Osman Sarıvəlli  “Min sirri var hər xalqın öz dilinin” -deyərək, ana dilini öyrənməyi, qorumağı insanlar üçün vətəndaşlıq borcu hesab edirdi. Şair deyirdi ki, başqa dilləri öyrənmək, bilmək yaxşı cəhətdir, lakin heç bir dil ana dilini əvəz edə bilməz, ona görə də heç bir dili ana dilinin hesabına öyrənmək, ana dilini unutmaq olmaz:

Deyin, şirin nə var ana dilindən?

Dil dostluq, qardaşlıq xəzinəsidir.

Xoşbəxtdir öyrənib çoxlu dil bilən.

Qara torpağa da layiq deyildir

Öz ana dilini bilməyib ölən...

Unudulmaz şairimiz Rəsul Rza deyirdi ki, dil xalqın malıdır.Hər xalqın dili özü üçün əzizdir.Ona görə də ana dilini sevməklə yanaşı, başqa xalqların dilinə də hörmət etmək vacibdir. Biz bu gün uşaqlarımıza yalnız Azərbaycan dilini deyil, başqa qardaş xalqların dillərini, birinci növbədə böyük rus xalqının dilini də öyrədirik.

Böyük şairimiz Səməd Vurğun 1939-cu ildə yazırdı: “...Rus dili sayəsində , bizi ruscaya  tərcümə edən böyük qələm qardaşlarımız  rus şairləri və yazıçılarının böyük əməyi sayəsində əsərlərimiz  xarici ölkələrdəki  oxucu  dostlarımız  arasında da yayılmışdır.

Mənim P. Antakolski tərəfindən tərcümə edilmiş “Xanlar” pyesim bu yaxınlarda  Çexoslavakiyanın (hazırda ölkə iki müstəqil dövlətə ayrılıb-R.Mirzəzadə) paytaxtı  Praqada  tamaşaya qoyulmuşdur. Bunun üçün mən bütün dünya xalqları arasında mədəni əlaqələrin möhkəmləndirilməsində  qüdrətli bir vasitə olan böyük rus dilinə minnətdaram”.

“Vaqif” pyesinin rus dilində səhnəyə qoyulması münasibətilə rus dram teatrı kollekktivinə yazdığı məktubda S.Vurğun qeyd edirdi: “Xoşbəxtəm ki, mənim “Vaqif” pyesim rus teatrının səhnəsində, böyük rus qardaşımın dilində, Vaqifdən sonra yaradıcılıqda  ikinci müəllimim  olmuş  A.S.Puşkinin dilində səsləndi”.

Şair rus dilini eyni zamanda dünya söz xəzinəsi qapılarının açarı hesab edir və yazırdı ki, biz hamımız, Qafqaz adamları böyük rus dili vasitəsilə dünya ədəbiyyatı ilə tanış olmuşuq.Biz rus dili vasitəsilə  Avropa mədəniyyətinin gözəl cəhətlərini mənimsəmiş, bu dil vasitəsilə yeni, proqressiv mədəni xəzinə sahibi olmuşuq...

Azərbaycanın bütün mütərəqqi şair və yazıçıları rus dilinə olan ehtiramıını öz əsərlərində, şeir və çıxışlarında tərənnüm etmişlər.

Turgenevin “Sevginin yolu” adlı digər mənsur şeiri əslində insanların bir-birinə rəğbətlə, qarşılıqlı inam hissi ilə yanaşmasına, münasibətlərində həssas və diqqətcil olmalarına bir müdrik ziyalı çağırışıdir:

            “Bütün hisslər sevgiyə, ehtirasa gətirib çıxara bilər, bütün hisslər: kin, təəssüf, laqeydlik, ehtiram, dostluq, qorxu – hətta nifrət hissi də. Bəli, bütün hisslər ... yalnız birindən – minnətdarlıqdan başqa.

         Minnətdarlıq -  borcdur, vəzifədir; hər kəs öz borcunu verir... lakin sevgi pul deyildir”.

O, qələmini müxtəlif sahələrdə sınasa da, rus ədəbiyyatına, eləcə də dünya ədəbiyyatına qüdrətli bir nasir kimi daxil olmuşdur. Rus sözünün təkraredilməz memarı, böyük sənətkar Turgenevin ədəbi irsinin əbədi dəyəri onun gözəllik romantikasında, realizmində, daxili insanpərvərliyində, bədii əzəmətində, sözçülüyə və əzbərçiliyə zidd olan müdrik sadəliyindədir.

Turgenev insanpərvər, humanist, dərin mənəviyyatlı adam idi. Belə saf məfkurəli ziyalılar xalqın böyük mənəvi sərvəti, ən qüdrətli kapitalı, dara düşən ölkənin uzaqgörən həqiqi yolgöstərənidir.Bütün bunlarla bərabər, İvan Sergeyeviç əyilməz, qorxmaz, cəsur bir dost, yoldaş, həmkar idi.

1852-ci ildə Qoqolun vəfatı  sadə xalq və mütərəqqi ziyalılar üçün kədər dolu hadisə və ağır itki olur. Qoqolu özünün ən böyük müəllimlərindən biri hesab edən Turgenev, Puşkin və Lermontovdan sonra Qoqolun ölümünün Rusiya üçün  çox böyük itki olduğu kədərini xalqla bölüşmək istəyir. Senzura məqalənin çap olunmasına icazə vermir.I Nikolayın əmrinə görə Qoqolun adı rus mətbuatında böyük yazıçı kimi çəkilməməli, ölümü sükutla qarşılanmalı idi. Lakin Turgenev I Nikolayın əmrinin ziddinə gedərək, Qoqolun ölümünə həsr etdiyi “Peterburqdan məktub” məqaləsini dostlarının köməyi ilə inadla “Moskovski  vedomosti”də dərc etdirir. Məqalədə deyilir:

“Qoqol vəfat etmişdir! Hansı bir rus qəlbini bu söz sarsıtmaya bilər?O, ölmüşdür. Bu itki, bu ölüm o qədər gözlənilməzdir ki, biz hələ də onun həqiqət olduğuna inana bilmirik...Bəli, o, ölmüşdür.Bu ölüm, bu acı həqiqət bizə tam hüquq verir ki, onu böyük yazıçı, böyük insan adlandırıb, xatirəsini əzizləyək, elə bir insan ki, öz sənəti ilə ədəbiyyatımız tarixində dövr yaratmışdır, elə bir insan ki, biz onunla, onun böyük şöhrəti ilə fəxr edirik...”.

Məqalə dərc olunandan sonra Turgenev həbs olunur, bir qədər həbsxanada saxlandıqdan sonra Spasskiyə sürgün edilir, burada da nəzarət altında saxlanılır.

Bu təhqirin əvəzində həssas yazıçı özünün bəla və əzablarla dolu olan əsərini - “Mumu” hekayəsini yazır.

Tanınmış rus şairi, yazıçısı, ədəbiyyat, teatr tənqidçisi və ictimai xadimi Sergey Timofeyeviç  Aksakov 1852-ci ildə Turgenyevə yazırdı: “Mumu üçün sağ olun, mən bu əsəri məcmuədə mütləq çap edəcəyəm...Sizin qəhrəmanınızın uydurmamı, yoxsa  həqiqətmi olmasının, dalandar Gerasimin doğrudan da mövcud olub-olmamasının mənim üçün fərqi yoxdur. İş burasındadır ki, dalandar Gerasim surətində başqa şeylər təzahür edir.Bu, rus xalqının, onun nəhəng qüvvəsinin təcəssümüdür. O, bir zaman şübhəsiz, dilə gələcəkdir, lakin indi əlbəttə, lal, kar görünə bilər...Bu hekayə fövqəladə canlıdır, onda usandırıcı uzunçuluq, mübaliğə yoxdur, hər şey ölçülüb-biçilmişdir”.

Əslində Turgenyevin “Mumu”su  “Moskovski sbornik”in ikinci nömrəsində çap olunmalı idi, lakin məcmuənin buraxılışı hakim dairələr tərəfindən qadağan edildiyi üçün əsər ancaq 1854-cü ildə “Sovremennik” məcmuəsində çap olunur.

Turgenev hekayələr və oçerklər silsiləsi kimi  qələmə  aldığı “Ovçunun xatirələri” kitabı sonralar Rusiyada və xaricdə ona böyük şöhrət gətirdi.Bu kitabda yazıçı o zamankı rus həyatında mülkədarlarla kəndlilər arasındakı kəskin ziddiyətləri təsvir etmişdir. “Ovçunun xatirələri”ndəki 25 hekayənin hamısı həm məzmun, həm də bədii forma cəhətindən biri-birindən qüvvətlidir.Mülkədarların həddindən artıq harınlığı, qudurğanlığı,eyş-işrətçiliyi, zülmkarlığının nəticəsi olaraq onların məişətinin sürətlə çürüməyə doğru getməsi “Ovçunun xatirələri”ndə geniş əksini tapmışdır.

Hekayələrin əksəriyyətində rus kəndlisinin müsbət mənəvi keyfiyyətlərindən bəhs edilir. “Lqov” hekayəsində Kuzma Suçkov ağasının evində həm aşpaz, həm faytonçu, həm paltaryuyan, həm də həm də aktyordur. Sahibkar ona hətta evlnəməyə belə icazə vermir. Bununla belə, sadəlövh Kuzma ağasının hər bir əmrini qul kimi yerinə yetirməyə  hər an hazırdır.

“İki mülkədar” hekayəsində mülkədarların əmri ilə günahsız olduğu halda ölümcül vəziyyətə düşənə qədər döyülmüş kəndli Vasilidən soruşurlar ki, agan səni niyə döydürüb? Cavab verir ki, ağam yaxşı adamdır.

“Moruqlu bulaq” hekayəsində artıq qocalıb əldən düşmüş iki kəndli- Stepan və Mixail həyatlarından çox şikayət edirlər. Bədbəxt qocaların evi-eşiyi yoxdur, çöldə-bayırda qalırlar. Cavan, qüvvətli olanda ağaları onları o ki var işlədir, əvəzində heç olmasa yemək, paltar, yatmağa yer verirdi. Qocalandan sonra ağaları onları çölə atmışdır.

Turgenev harınlamış kübar cəmiyyətinin rus kəndlisinə atdığı çirkin böhtanları qətiyyətlə təkzib edərək, təhkimli kəndlilərin öz ağalarından bacarıqlı, fərasətli, zəhmətkeş, incəsənəti duyan və zövqlü insanlar olduqlarını bir real həqiqət kimi açıb göstərmişdi. Belə ləyaqətli adamları nahaqdan və insafsızcasına  cəzalandıran köhnə haramxorları “İki mülkədar” əsərində, “yeni, müasir” azğınları isə  “Burmistr”də  qəzəb və nifrət hədəfinə çevirmişdi. Yazıçı “Torpaqyeyən” adlı bir hekayə yazmaq istəmişdi ki, bu yazılmamış hekayənin məzmunu barədə onun qeydləri də diqqətdən yayınmır: “Bu hekayədə mən bizdə baş verən belə bir faktı göstərirəm ki, kəndlilər, hər il onların torpağının müəyyən hissəsini kəsib alan və buna görə də “torpaqyeyən” ləqəbi qazanan öz mülkədarlarını necə yeddi funt qara torpaq yeməyə məcbur etmiş və sonra da öldürmüşlər”.

 “Canlı cəsəd” hekayəsində Turgenev başqa ad altında öz anasının malikanə xidmətçiləri ilə kəskin rəftarını və bu rəftarın olduqca dəhşətli, ürəkparçalayan nəticələrini yada salır.

İncə ruhlu, şair təbiətli sadə kəndli qızı Lukeriya Spasskidə birinci gözəl sayılırdı.Onun ecazkar səslə çalıb oxuması, oynaq rəqsləri ilə bərabər işgüzarlığı hamını heyran qoyurdu. Bütün qızlar kimi, Lukerkiya da aşiq idi. Ev byfetçisi Vasili ilə bir-birini sevirdilər. Bir dəfə Vasili bağçadan onu çağıranda Lukeriya  tez  özünü Vasiliyə çatdırmaq istəyərkən tələsib özünü itirir, ikinci mərtəbənin pilləkənlərindən yıxılır, ayağı sınır, qol-qabırğası əzilir. Heç bir dəva-dərman ona kömək etmir. O, yerindən tərpənə, bir addım belə ata  bilmir. Malikanə sahibi onu lazımsız bir əşya kimi kəndə göndərir.

İndi yeddi ildir ki, Lukeriya  yatağa məhkumdur. Uzun sürən xəstəlikdən  əriyib çöpə dönmüşdür. Sevgilisi Vasili   əlbəttə ki, çoxdan evlənib  oğul - uşaq sahibi olmuşdur. Lukeriya  isə  tənhadır, heç kəsi yoxdur. Bununla belə, qızın insana, təbiətə olan sevgisi hələ də sönməmişdir. Yeddi il əvvəl gözəl səslə oxuduğu el nəğmələrini hələ də unutmamışdır.Xalqın milli-mənəvi sərvəti olan mahnıları unudulmasın deyə, Lukerkiya onları kəndli qızlarına öyrədir...

 “Ovçunun xatirələri”nin çapına icazə verdiyinə görə isə senzor V.B.Lvov vəzifəsindən azad olunur.

         Yazıçı 1854-cü ildən 1860-cı ilə qədər Nekrasovun “Sovremennik”i ilə tənqidçi, resenziyaçı, yazıçı olaraq fəal əməkdaşlıq edir. “Hamlet və Don Kixot” məqaləsi, “Qonaq evi”, “Artıq adamın gündəliyi” (yeri gəlmişkən, məhz bu əsəri  rus tənqid terminologiyasına “artıq adam” anlayışını gətirib),”Şiqrov qəzasının Hamleti”, “Yakov Pasınkov” kimi hekayə və povestləri burada işıq üzü görür. “Faust”, “Asya” povestlərini  də həmin  vaxtlar yazır.

         1860-cı ildə  “Russki vestnik” jurnalında çap olunan “Ərəfə” romanında yazıçı cəmiyyət üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir məsələni önə çəkir. Turgenev vətəninin səadəti uğrunda mübarizə aparan bolqar Dimitri İnsarovu və məzlum xalqın azadlığı uğrunda mübarizə aparmağa can atan rus qızı Yelena Staxanovanı göstərir.

         İnsarov həqiqi mənada qəhrəmandır.Yazıçının müasirləri İnsarovu Rusiyanın məhz gözlədiyi bir inqilabçı surəti hesab edirdilər.Bu roman münasibətilə “Əsl gün nə vaxt gələcəkdir?”adlı böyük tənqidi məqalə ilə çıxış edən Dobrolyubov Turgenevin “Ərəfə” romanının geniş təhlilini verir və  Rusiyada artıq insarovların, inqilabçı gənclərin yetişdiyini söyləyir.

         1866-1869-cu illərdə “Briqadir”, “Bədbəxt”, “Bozqır kral Liri”, 1870-1883-cü illərdə “Bunin və Baburin”, “Ölümdən sonra-Klara Miliç”, “Qalib məhəbbətin mahnıısı”, “Yuxu”, “Ata Alekseyin nağılı”, “Köhnə portretlər” ərsəyə gəlir.

Turgenev altı roman yazmışdır: “Atalar və oğullar”, “Dvoryan  ocağı”, “Ərəfə”, “Tüstü”, “Rudin” və  “Xam torpaq”.

Qeyd etmək istərdim ki, XIX əsrin əvvəllərində Rusiyanın sağlam qüvvələri  dvoryan ailə münasibətləri və ailə tərbiyəsindən narazı idilər. Bu mühüm həyat məsələsinə digər rus yazıçıları kimi,Turgenev  də öz yaradıcılığında müdaxilə  edirdi. Onun “Dvoryan ocağı” romanında bu problemə geniş yer verilmişdir.

Yazıçı “Dvoryan ocağı” romanının qəhrəmanı Lavretskinin dili ilə gənc nəslə müraciət edərək deyir:

“Gənc qüvvələr, oynayın, şənlik edin, böyüyün... Sizin həyatınız irəlidədir, siz bizdən rahat yaşayacaqsınız, siz bizim kimi zülmət içərisində özünüzə yol axtarmayacaqsınız...Biz sağ-salamat qalmağımız üçün çalışırdıq,- lakin bizdən gör nə qədər məhv oldu! - amma siz iş görməlisiniz, çalışmalısınız, biz qocaların da xeyir- duası sizin üstünüzdə olacaqdır”.

Bayaq qeyd etdiyim kimi, dvoryan ailə münasibətləri və ailə tərbiyəsi Turgenev üçün əsas mövzulardan biri olmuşdur. Yazıçının ispan həyatından bəhs edən “Ehtiyatsızlıq” adlı ilk komediyasının tənqid hədəfi də mühafizəkar dvoryan əxlaqıdır.

27 yaşlı Donya Dolerisin taleyi gətirməyib. Axmaq əri Don Baltazar onu “quşu qəfəsdə saxlayan kimi qoruyur, yemləyir”, lakin gün işığına həsrət qoyur, evdən kənara addım atmağa qoymur.Baltazarın əmri ilə xidmətçi qadın Marqaritanın vəzifəsi Donyanı güdmək, hətta onun fikrindən, xəyalından keçənləri belə öyrənib ərinə xəbər verməkdir.Özünü Baltazara yaxın dost kimi göstərən səfehlərdən biri Don Pablo Sanqre Donyaya gizli məhəbbət bəsləyir, lakin gənc qadının ona etinasız və laqeyd olduğunu, hətta nifrət etdiyini gördükdə, bu “gizli məhəbbət” intiqam hissinə çevrilir.O, Donyanı ləkələmək üçün fürsət axtarır. Belə bir fürsət tapılır. Gənc Don Rafael Donyanı özünə cəlb edə bilir: “Axı nə qədər dörd divar arasında oturub, yaxın bir həmdəmə həsrət qalmaq olar?..Bu qorxulu, səksəkəli, eyni zamanda şirin ehtiras Donyanın bütün varlığına hakim kəsilir. Donya “ehtiyatsızlıq” edib, Rafaeli otağına dəvət edir. Onları güdən Pablo çirkin məqsədinə nail olur, Baltazarı qızışdırıb  qısqandırır. Ər arvadını öldürür.Əsərin sonu ölümlə bitsə də, Donyanın taleyi faciəli olsa da, bütün qalan tiplər satira və yumor hədəfidir.

         Turgenyevin əsərləri içərisində ən çox mübahisəyə, fikir müxtəlifliyinə səbəb olanı “Atalar və oğullar romanıdır. Yazıçının müasirləri qeyd etmişlər ki, bu vaxta qədər heç bir roman bu qədər səs-küy yaratmamışdı. Tanınmış  rus ədəbi tənqidçisi, publisist və filosofu Maksim  Alekseyeviç Antonoviç bir məqaləsində romanı “müasir gəncliyə böhtan”, “gənc nəsil üçün amansız və öldrücü tənqid” adlandırmışdı. Görkəmli rus publisist, yazıçı və ədəbi tənqidçiləri  Çernışevski və  Dobrolyubovdan sonra üçüncü nüfuzlu inqilabçı demokrat sayılan Dmitri İvanoviç Pisarev isə əsəri yüksək qiymətləndirmiş, “Bazarov” adlı məqaləsində romanın qəhrəmanı Bazarova xüsusi rəğbət bəslədiyini və onun fəal, qabaqcıl gəncliyi təmsil etdiyini bildirmişdi.

         Turgenevin son romanı olan “Xam torpaq” ictimai, siyasi və psixoloji romandır. Turgenev bu romanında Rusiyada davam edən xalqçılıq hərəkatına, bu hərəkatın nəzəriyyəsinə, “narodnaya volya” qəhrəmanlarına, raznoçin inqilabçılarına öz münasibətini göstərmişdir.

Turgenev bəşəri ideyalar carçısı olan sənətkarlar haqqında böyük məhəbbətlə danışır, yazılarında onlardan ədalətlə bəhs edirdi.Onun rus ədəbiyyatının namusu, şöhrəti və fəxri adlandırılan İvan Andreyeviç Krılovun yaradıcılığı, ömür yolu, əsərlərinin poetik təsir gücü, qüdrətli sənətkarlığı haqqındakı fikirləri bu gün də öz dəyərli qiymətini saxlamışdır.

Krılov istedadlı sənətkar,sözün həqiqi mənasında əsl təmsilçi idi.Elə buna görə də Belinski demişdi ki, düşüncə poeziyası olan təmsil müqəddəs Rusiyada nail olduğu həqiqi təntənə üçün Krılova borcludur. Elə isə, görkəmli təmsilçinin gözəl bir təmsilini yada salmaq yerinə düşərdi.

         Pişik və bülbül

Bir gün pişik hardasa bir bülbülü ovladı,

Pəncəsində oxşayıb bu sayaq miyovladı:

“Ay canım – gözüm bülbül, eşitmişəm ki, səni

Hamı sevir, bəyənir  xoş səsini, nəğməni.

Tülkü lələm deyir ki, olub səsinə heyran,

Zövq alır cəh – cəhindən bağda gül, dağda çoban...

Nə  olar, oxu, mən də bir eşidim səsini!

Nə var, niyə qorxursan, çəkmirsən nəfəsini?

Qorxma, səni yemərəm, nəğmənlə et  məni şad,

Mən də buraxım səni, get, uç çəməndə  azad.

Musiqi  aşiqiyəm, bil ki, əzizim, mən də

Zümzümə  eləyirəm daim yuxum gələndə...”

 

Pişiyin pəncəsində yazıq tir – tir əsirdi.

Necə nəğmə söyləsin? Özü – qəlbi əsirdi.

Pişik yenə dilləndi:

                            “Hə, niyə susdun yenə?

Nə  olar ki, a dostum, bircə ağız desənə!..”

 

Bizim yazıq nəğməkar  zarıdı – civildədi.

Pişik bunu eşitcək istehza ilə dedi:

“ Bunamı heyran olub göy meşə, yaşıl çəmən?

Balamdan  bu  səsləri çox – çox eşitmişəm mən”

Səsindəki  o qüdrət, o məlahət  bəs hanı?

Sənin ki, nəğmələrin olub dillər dastanı!

Gördüm artıq sənətdə sənin məharətini,

İndi də dadım görüm, ətinin ləzzətini!..”

Belə deyib o yazıq bülbülü parçaladı,

Yedi, sonra  da qanlı pəncəsini yaladı...

 

Turgenev Krılovla ilk dəfə Peterburqda ədəbiyyat həvəskarı olan bir məmurun evində görüşdüyünü yazır və qeyd edirdi ki, Krılov pəncərənin yanında üç saat sakitcə oturub qulaq asdı.Onun əzəmətli şəxsiyyəti,bulud kimi saçı, insanı valeh edən səbri və qüruru vardı.Gözlərindən məlum olurdu ki, çıxış etmək, nəyi isə demək istəyirdi.Deməli, Krılov ədəbiyyatı qəlbən sevir, bədii əsərin keyfiyyət və qüsurlarını deməkdən çəkinmirdi.Həyat hadisələrini real və canlı təsvir edən, bədii şəkildə ümumiləşdirən sənət əsərləri İvan Andreyeviçə gözəl təsir bağışlayırdı…

Turgenev 1871-ci ildə çap etdirdiyi “Krılov və onun təmsilləri” adlı məqaləsində Krılov təmsillərinin bədii keyfiyyətlərindən, dil və ifadə xüsusiyyətlərindən danışır,onların başqa dillərə tərcümə etməyin çətinliyindən söhbət açır. O, göstərir ki, Krılovun təmsillərini başqa dilə çevirmək mütərcimdən böyük bacarıq və istedad tələb edir.

Hələ 1868-ci ildə Turgenev  Krılovun təmsillərini ustalıqla ingilis dilinə tərcümə etmiş görkəmli ingilis tərcüməçisi V.Ralstona məktub yazmış, onun mahir mütərcim olmasını göstərmiş, gözəl tərcümələr etdiyinə görə onu qəlbən salamlamışdı. Turgenev Ralstona yazırdı ki, bizim orijinal sənətkarlardan İ.A.Krılovun təmsillərini ingilis dilinə çevirməklə , siz böyük faydalı iş görmüşsünüz.

Doğrudan da Ralston dahi rus təmsilçisi Krılovun təmsillərini elə bir mahir sənətkarlıqla ingilis dilinə tərcümə etmişdi ki, Turgenev ona valeh olmuşdu.

         Ömrünün sonlarında Turgenev  iki dəfə - 1879-cu və 1880-ci illərdə vətəndə  olmuşdu. Hər dəfə  də Rusiya onu hərarətlə, məhəbbətlə, sürəkli alqışlarla  qarşılamışdı. Turgenevin Moskvada Puşkinin abidəsinin açılışı mərasimində söylədiyi nitq (Dostoyevskinin məşhur “Puşkin nitqi” ilə yanaşı) ən parlaq hadisələrdən biri idi. Həmin çıxışdan bəzi məqamlar:

         “Puşkinə  abidə ucaldılmasında bütün mədəni Rusiya iştirak edib, bu işə mənəvi dəstək vermişdir və bu hadisənin bayram edilməsinə bizim bu qədər çox  sayda ən yaxşı adamlarımız,  vilayətlərin, hökumətin, elmin, bədii sözün və incəsənətin təmsilçiləri cəm olmuşdur  - bu abidə bizə görə cəmiyyətin onun ən layiqli üzvlərindən birinə minnətdarlıqla dolu sevgisinin ifadəsidir. Bu sevginin mənasının və önəminin bəzi cizgilərini müəyyənləşdirməyə çalışaq.

 Puşkin rusların ilk bədii söz üstası, şairidir. Bədii söz – poeziyanı da öz geniş məna dairəsinə alan ifadədir. Xalqın həyatının təməlində dayanan, onun mənəvi və əxlaqi fizionomiyasını müəyyənləşdirən idealların  inikası, təcəssümü olaraq bədii söz – insanın ən köklü özəlliklərindən birini təşkil edir. Hələ təbiətin özündən duyulan və göstərişi oradan gələn bədii söz – incəsənət – özü də həqiqətən təqliddir, lakin hələ xalqın varlığının erkən çağlarından bəri ilhamlı,  haradasa, nədəsə bir insanı digərindəən fərqləndirən təqliddir.

...Puşkin, təkrar edirik, bizim birinci bədii söz ustamız, şairimizdir. Şairdə xalqın mahiyyətinin dilmancı olaraq, onun iki başlıca cəhəti: qavrama qabiliyyəti və özfəaliyyət çulğalaşır,  buna cəsarət edib qadın və kişi başlanğıcı da deyə bilərdik. Bizdə,  Avropa ailəsi dairəsinə digərlərindən gec daxil olmuş ruslarda, bu iki başlanğıc özəl bir çalar kəsb edir; qavrama qabiliyyəti bizdə:  həm öz həyatımızda, həm də digər qərb xalqlarının həyatında onun bütün zənginlikləri – və çox vaxt bizim üçün acı meyvələri ilə ikilidir; bizim özfəaliyyət isə eynilə hansısa özəl, qeyri-müntəzəm,  kəskin, amma bəzən dahiyanə qüvvə kəsb edir: ona həm təbiətinə yad olan çətinliklər ilə, həm də öz ziddiyyətləri ilə mücadilə etməsi lazım gəlir.

...Puşkinin yaratdığı dildə biz yaşarılığın bütün şərtlərini tapırıq: rus yaradıcılığı və rusun qavrama qabiliyyəti bu möhtəşəm dildə nizamlı bir şəkildə çulğalaşıb və Puşkin özü möhtəşəm rus bədii söz ustası idi.

Məhz rus! Onun poeziyasının  mahiyyətinin özü, bütün özəllikləri bizim xalqın  özəllikləri, mahiyyəti ilə  üst-üstə düşür. Onun dilinin  mərdanə gözəlliyini, gücünü və aydınlığını bir kənara qoyaq, bu safürəkli həqiqətdir, onda saxtalıq və bəlağət yoxdur, bu sadə və anlaşıqlı bir dildir,  bu duyğuların açıqlığı və düzlüyüdür – yaxşı rus adamlarının bütün bu yaxşı cizgiləri Puşkinin əsərlərində təkcə bizi, onun həmvətənlərini deyil, onun əsərləri ilə tanış olan əcnəbiləri də heyran qoyur. Bu kimi əcnəbilərin mühakimələri son dərəcə qiymətli olur; vətənpərvəranə ruh onların qarşısını kəsmir. “Sizin  poeziya, - deyə tanınmış fransız  yazıçısı və Puşkinin pərəstişkarı,  az qala Viktor Hüqonun özünün hüzurunda tərəddüd etmədən onu öz əsrinin çox böyük şairi adlandırmış olan Merime bir dəfə necə oldusa  bizə söylədi, -  öncə həqiqəti arayıb-axtarır,  gözəllik isə sonrasında  öz-özünə gəlir; bizim şairlər, bunun əksinə, tamamilə əks yolla gedirlər: onlar ilk öncə effektin, sözün sərrast deyilişinin, parıltının qayğısına qalır və əgər bütün bunlardan əlavə  onara həqiqətə bənzərliyi təhqir etməmək imkanı düşərsə, onlar bunu da təbii ki, əlavə olaraq götürərlər... ”  “Puşkində, - o sözünə əlavə etdi, -  poeziya  möcüzəli bir şəkildə ayıq nəsrin özündən öz-özünə çiçəkləyir”.

...Necə olurca olsun, Puşkinin Rusiya qarşısında xidmətləri böyükdür və xalqın minnətdarlıq duyğularına layiqdir. O, bizim dilimizdə son cilalanmanı apardı, indi bu dil öz zənginliyinə, mənəvi qüvvəsinə, məntiqinə və gözəlliyinə görə hətta xarici filoloqlar tərəfindən  qədim yunan dilindən sonra az qala birinci dil sayılır; o, bu dildə rus həyatının bütün tərəflərinin tipik obrazlarını, ölümsüz səslərini əks etdirmişdir.

...Poeziyada – xilasedici, yəni ucaldıcı, mənəvi qüvvə vardır. Eləcə də ümidvarıq ki,  bizdən çox uzaq olmayan gələcək zamanda  hətta indi bizim şairi oxumayan sadə xalqın oğullarına da bu adın – Puşkin adının! – nə anlam daşıdığı aydın olacaq. Və onlar artıq bizim bu yaxınlarda qeyri-şüuri olaraq dillənən ağızlardan eşitdiyimiz:  “Bu – müəllimin abidəsidir!” sözünü şüurlu olaraq  təkrar edəcəklər”. 

Turgenev 1882-ci ilin əvvəlində  xəstələnir. May ayında xəstə yazıçı həmkarı, tanınmış rus şairi və ədəbiyyatşünası Yakov Petroviç     Polonskiyə yazırdı: “Siz Spasskda olduğunuz vaxt evə, bağa, mənim cavan palıdıma salam yetirin. Yəqin heç vaxt üzlərini görməyəcəyim qohumlarıma salam yetirin”.

Bu dövrdə Turgenevin  rus və dünya ədəbiyyatının daha bir nəhəngi Lev Nikolayeviç Tolstoyla  ilk  görüşü  olur, Tolstoy isə  şəxsən  tanış olmazdan hələ xeyli əvvəl “Meşə qırımı”nı məhz Turgenevə  həsr etmişdi.

1861-ci ildə, Turgenev və Tolstoy arasında  az qala duellə başa çatası bir mübahisə yaranır, lakin rus ədəbiyyatının bəxtindən  bu  duel  baş tutmur. Lev Tolstoy isə Turgenev üçün qüdrətli bir sənətkar kimi qalmaqda  davam edir.

Turgenev ölümündən düz bir ay, 11 gün əvvəl Tolstoya məktub yazır.

L.N.Tolstoya məktub, 11 iyul 1883-cü il. (Turgenev)

Mehriban və əziz Lev Nikolayeviç, xeyli müddət sizə heç nə yazmadım, çünki, açıq deyirəm, ölüm yatağında idim, indi də o haldayam. Sağala bilməyəcəyəm, bu barədə heç düşünməyə dəyməz. Sizə isə məxsusən - sizin müasiriniz olduğuma nə qədər fərəh hissi keçirdiyimi deməkdən və sizə mənim sonuncu ricamı dilə gətirməkdən ötrü  yazdım.      Mənim dostum, ədəbi fəaliyyətə dönün! Axı bu istedad sizə digər hər şeylərin gəldiyi yerdən verilib. Mənim bu ricamın sizə əsər etdiyini düşünə bilsəydim, ah, nə qədər bəxtiyar olardım.   Mənim isə işim bitmişdir, doktorlar hətta bilmirlər buna nə ad qoysunlar: “Nevralgie stomachale gouteuse”.  Yerimək yox, yemək yox, yatmaq yox... halım bu! Hətta bunları təkrarlamağın özü usandırıcıdır. Mənim dostum, rus torpağının böyük yazıçısı,  - mənim sözümə bax...   Əgər bu kağızı almış olsanız, mənə xəbər verin  və icazə verin sizi, zövcənizi, bütün ailə fərdlərinizi bir  daha bağrıma basım. Qələm tutmağa daha gücüm qalmayıb. Yoruldum!!!

İ.S.Turgenev 1883-cü il avqustun  22-də (köhnə tarixlə sentyabrın 3-də) gündüz saat 14.00-da Parisin yaxınlığındakı Bujival şəhərində Polina Viardonun yanında vəfat edir.

Vəsiyətinə  görə, cənazəsi Rusiyaya gətirilib, Peterburqda Belinskinin yanında dəfn edilir.

Ölümündən bir neçə gün əvvəl Gi de Mopassan xəstəyə baş çəkmək üçün onun yanına gəlir. Ağrılar və əzablar içində inildəyən Turgenev özünün vurmaq üçün ondan tapança xahiş edir. Maraqlıdır ki, dünya şöhrətli yazıçının son əsəri də avqustun əvvəllərində Polinaya bir neçə dildə diqtə etdiyi “Son” hekayəsi olur. 

Turgenevin ölümü bütün dünyanın mədəni insanlarını kədərləndirmişdi. Peterburqda buraxılan vərəqələrin birində yazılmışdı: “...Gəncliyin ən qabaqcıl hissəsi Turgenevi ona görə ehtirasla sevir ki, Turgenev onların məfkurəsinin tərənnümçüsü, daxili mübarizə və iztirablarının ifadəçisi olmuşdur”.

Azərbaycanın ədəbiyyatşünas alimi Firidun bəy Köçərli məqalələrinin birində Azərbaycanda XX əsrin əvvəlindəki vəziyyəti Turgenevin “Atalar və oğullar” romanında təsvir olunan həyata bənzətmişdi.Firidun bəy “Tərəqqi” qəzetində yazırdı: “Bu halı rus ədiblərindən məşhur Turgenev “Atalar və oğullar” sərlövhəsi ilə yazdığı bir romanda artıq məharətlə kəşf və bəyan edibdir. Heyif ki, bizim əhli-qələmimiz belə mühüm mətləblərdən qafildir”.

Turgenev rus həyatının təzadlı reallıqlarını məharətlə və bütün çalarları ilə əks etdirən  istedadlı yazıçı idi. Ona əbədi şöhrət gətirən yaradıcılığındakı milli ruh, xəlqilik, hüquqları tapdanmış köməksiz insanların, məzlumların taleyinə biganə qalmaması, onu həm vətəndaş ürəyi ilə, həm də xalqına sədaqətlə bağlı olan yazıçı kimi qələmə alması idi.

Azərbaycanın görkəmli sənətkarları M.F.Axundov, H.Zərdabi, Q.Zakir və başqaları rus yazıçılarının, o cümlədən Turgenevin yaradıcılığına dərin ehtiram bəsləmiş və yüksək qiymətləndirmişlər.

Turgenevin yaradıcı irsi ilk əvvəllər Azərbaycanda görkəmli ictimai xadimlər, yazıçılar və alimlərin müntəzəm çıxış etdiyi “Kaspi” qəzetində (bu qəzet XIX əsrdə Azərbaycan ziyalılarının ən kütləvi və ən görkəmli mətbuat orqanı idi) rus dilində yayılmışdır.Rusiyada baş verən ədəbi, mədəni hadisələrə operativ yanaşan “Kaspi” qəzeti Turgenevin ilk dəfə “Vestnik Yevropı”da dərc olunmuş mənsur şeirlərini bir neçə ay sonra öz səhifələrində dərc etmişdi. 1883-cü ilin sentyabr-oktyabr aylarında “Kaspi”qəzeti Turgenevin xatirəsinə bütöv bir seriya məqalə və məktublar həsr  etmişdi. Qəzetin oktyabr ayında çıxmış iki nömrəsində Peterburq müxbirinin “Turgenevin dəfni” başlığı altında böyük yazıları dərc olunmuşdu. Növbəti nömrədə “Kaspi” qəzeti Xruşşov-Sokolnikovun “İ.S.Turgenevin ölümünə” (“Əks-səda”) şeiri çap edilmişdi.

Azərbaycan oxucusu Turgenevin adı ilə ilk dəfə “Kəşkül” jurnalının səhifələrində tanış olmuşdur.Jurnalın 1891-ci il 123-cü nömrəsində mənsur şeirlər silsiləsindən Turgenevin “Barelyef” və “Onu asın!” adlı iki lirik miniatür hekayələrinin tərcüməsi təqdim olunmuşdu.

1911-ci ildə Ceyhun bəy Hacıbəyovun tərcümə etdiyi “Pulsuzluq” komediyası Bakıda tamaşaya qoyulmuş, pyes Azərbaycanın digər şəhərlərində - Şuşada, Zaqatalada, Salyanda, Gəncədə, Balakəndə, Lənkəranda və Ordubadda da oynanılmışdı.

1935-ci ildə “Ədəbiyyat”qəzetində Yusif Vəzir Çəmənzəminlinin “Turgenevin yazı üsulu”adlı məqaləsi dərc olunmuşdur.”Klassiklərin yazı üsulunu öyrənmək yalnız yeniyetmələr üçün deyil, oturuşmuş yazıçılarımız üçün də maraqlıdır.Çünki böyük ədiblərin yazı texnikasını öyrənmək ədəbi irsi qavramağa yol açır”-deyə müəllif məqalənin əvvəlində yazır. Lakin eyni zamanda Çəmənzəminli təəssüflə qeyd edir ki, yazıçıların əlyazmalarının, arxivlərinin olmaması üzündən onların yaradıcılığını öyrənmək də mümkün deyil. Əksər halda yazıçılar özləri hər hansı əsəri yazdıqdan sonra planları, konspektləri, qeydlərini öz  əsərlərinə əlavə etmişlər.Görkəmli ədib yazırdı: “Ədəbi üsulundan bəhs edəcəyimiz Turgenevin arxivi dünya klassiklərinin arxivləri arasında diqqətəlayiq yer tuta bilər”.

Sonralar Azərbaycanın neçə-neçə yazıçı və ədəbiyyatşünas alimləri Turgenevin çoxsaylı əsərlərini sevə-sevə ana dilimizə tərcümə etmişlər.

Gələn il 200 yaşını qeyd edəcəyimiz Turgenev qüdrəti, onun bütün əsərləri  haqqında   bir məqalədə bəhs etmək çətindir. Lakin Mixail Yevqrafoviç Saltıkov-Şedrinin bu sözləri Turgenev irsini sevən bir oxucu kimi ürəyimdən xəbər verir:

“...Ümumiyyətlə, Turgenevin bütün əsərləri haqqında nə demək olar? Onları oxuyandan sonra rahat nəfəs alırsan, hər şeyə asanlıqla inanırsan, canına xoş bir istilik yayılır. Mənən yüksəldiyini aydın duyursan, müəllifə xəyalən  xeyir-dua verirsən və onu sevirsən...Gözəgörünməz  tellərdən toxunmuş kimi şəffaf olan bu surətlər, hər sətirdə çeşmə kimi qaynayan bu sevgi və işıq aləmi adamda məhz belə bir təəssürat oyadır”.

 

Reyhan Mirzəzadə

Publisist-politoloq

     

             

 

 

 

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM