BOYNU BÜKÜK ACARA (III yazı – Siyasi təhlil)

08:17 / 26.09.2017

Bir səfərdən üç yazı

 

 

Ötən iki yazıda Batumda və Gürcüstanda müşahidə elədiyim mənəvi və sosial məsələlərə diqqət yetirmişdim. Sonuncu yazımda isə həm geostrateji, həm də geosiyasi baxımdan xüsusi önəm daşıyan Acarıstanın indiki durumuna tarixi-siyasi nöqteyi-nəzərdən subyektiv yanaşmamı təqdim etmək istədim. Nə qədər uğurlu alınıb-alınmaması oxucuların təqdirindədir.

100 illik tarixi hadisələrə nəzər yetirəndə gah tarixi olaylarin tam mərkəzində olan, gah da yaxın tariximizdə imzalanmış və hələ də qüvvədə olan mühüm regional müqavilələrin əsasını təşkil edən Batumdakı, ümumiyyətlə, Acarıstandakı vəziyyət ictimai-siyasi və teoloji baxımdan ürəkaçan deyil.

 

Muxtariyyət ləğv olunub?

 

2003-cü ilin 22 noyabrında Gürcüstandakı “Qızılgül” inqilabından sonra Acarıstandakı siyasi vəziyyətin o qədər də yaxşı olmadığını bilirdim. Amma hazırda Qərbi Ukraynada (???) siyasi mübarizəyə qoşulan Mixeil Saakaşvilinin hakimiyyətdən getməsindən sonra Rusiyadakı milyarderlərin pulu hesabına 2012-ci ildə iqtidara yiyələnən “Gürcüstan arzusu” Partiyası başda olmaqla Rusiya yönümlü qüvvələrin Acarıstana münasibətlərinin dəyişəcəyini zənn edirdim. Getdim gördüm ki, əslində belə deyil. Vəziyyət bir qədər də qəlizləşib. Bu ilin martında Batumda baş verən iğtişaşlar da buna dəlalət edir.

Təkcə siyasi vəziyyətin deyil, daxildəki etnik və dini durumda gərginliyin bu səviyyədə olduğunu bilmirdim. Batumun, ümumiyyətlə, Acarıstanın Osmanlı nəzarətindəki 350 illik tarixini və bu bölgənin Müsəlman Şərqinin bir hissəsi olduğu gerçəyini silməyə yönəlmiş siyasət yürüdülür. Digər regionlarda “Acariya” sözünün özü qıcıq yaradır. Acarıstanın varlığını tarixini danmağa cəhd siyasəti bununla bitmir. Yerli müsəlman acarların söylədiklərinə görə, 2004-cü ildən bu tərəfə siyasi cəhətdən regionun təzyiq altında saxlanması ilə yanaşı, burada kütləvi şəkildə xristianlaşdırma aparılır. Türkcə reklamlar hesabına gürcü xəngəlnini halal ətlə bişirildiyini iddia edərək müsəlman və türklərin hesabına pul qazanan dinini dəyişmiş sahibkar acar qadının “bura həmişə xristian torpağı olub” ifadəsi Acarada hansı vəziyyətin hökm sürməsindən az da olsa xəbər verir.

Əslində xristianlıqdan əvvəl bu ərazilərin hansı teoloji təlimin təsirində olduğunu aydınlaşdırmağa girişsəydim, onun tarixi iddialarını alt-üst eləmək olardı. Acarıstanın paytaxtında oturan bunun kimi millətçilər və İslam düşmənləri guya Acaranın muxtar respublika statusunun çoxdan ləğv olunduğu barədə saxta təbliğatla məşğul olmaqdan belə çəkinmirlər: “Nə muxtariyyət? Muxtariyyət yoxdur. Muxtariyyət ləğv olunub” (???). Doğrudan? Nə vaxt? Bu saxta təbliğata baxmayaraq, mənim zənnim belə bir addımın atılmadığını yadıma salmağıma kömək etdi. Acarıstan Muxtar Respublikasının statusu heç bir vaxt ləğv olunmayıb. Belə bir addm atıla da bilməz. Çünki beynəlxalq sazişlər statusundakı 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələrinin müddəalarına görə, bu mümkün deyil. Sadəcə Aslan Abaşidzenin 2004-cü ildə hakimiyyətdən uzaqlaşdırılmasından sonra, Acaranın muxtar respublika statusu Gürcüstan Konstitusiyasına edilən dəyişikliklərlə bir qədər məhdudlaşdırılıb.Mənim dəqiqləşdirmələrimə görə, respublikanin rəsmi olaraq bu dəqiqə də adı Acarıstan (Acariya, Acara) Muxtar Respublikasıdır (https://sputnik-georgia.ru/politics/20161205/234077779/Zurab-Pataradze-vnov-vozglavil-pravitelstvo-Adzharii.html). Əslində bu da həmin müqavilələrin müvafiq maddələrinin pozulmasıdır. Yeni statusa görə regional qanunverici orqan olan Ali Şura (parlament) 21 üzvdən ibarətdir və 5 ildən bir bu quruma seçkilər keçirilir. Acara Muxtar Respublikası Nazirlər Şurasının sədri və regional hökumət, Gürcüstan prezidenti tərəfindən təyin olunur. Dövlət tərəfindın Prezidentə regional hökuməti və parlamenti buraxmaq səlahiyyəti də verilib. Acarıstanın sonuncu parlament və hökumət rəhbərləri ciddi siyasi “çəki”yə malik olmayan

simalardır. O dərəcədə ki, paytaxt əhalisinin əksəriyyəti ya onların soyadlarını xatırlamır, ya da heç bilmirlər.

 

Yerdə xaç, göydə xaç, dənizdə xaç...

 

Acarıstan Muxtar Respublikası Türkiyə ilə tarixi, dini və mədəni yaxınlığa malikdir. “Qızılgül” inqilabından sonrakı proseslərdə Acara məsələsində Türkiyənin müşahidəçi qalması məsələsinə gəlincə, bunu Türkiyənin Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən siyasətinin nəticəsi kimi qiymətləndirmək olar. Yerli müsəlmanların fikrincə, Gürcüstan Türkiyənin ciddi proseslər qarşısında səssiz qalmasından istifadə edərək regiondakı əhalini xristianlaşdırmaqda davam edir. Digər tərəfdən, onu da xatırlatmaq lazımdır ki, rəsmi Ankara həmişə sakit qalmayıb, Gürcüstanın müstəqillik əldə etdiyi dövrdən Türkiyənin Acarıstan məsələsində Gürcüstanla bəzi problemləri olub. Bu problemlər Saakaşvili hakimiyyəti dövründə də artımla davam edir.

Acarıstandakı müsəlman əhalinin xristianlaşdırılması yönündəki “uğurlu” cəhdlər kilsəyə əsaslanan yeni bir dövlət sistemi və kimlik formalaşdırımağa çalışan Gürcüstandakı hakim qüvvələrin tətbiq etdiyi strategiyadan qaynaqlanır. M. Saakaşvili dövründə Acarıstanın bayrağına “xaç” işarəsinin əlavə edilməsindən sonra başlayan Acarıstanın avtomobil yollarının kənarında xaç işarələrinin qoyulması, dinlərini dəyişmələrinə həvəsləndirib kütləvi xaç suyuna salınma üzrə tədbirlərin keçirilməsi bu gün də müşahidə edilir. Bu vəziyyət indiki iqtidar təmsilçilərinin həmin məsələdə sabiqlərlə fikirlərinin üst-üstə düşməsindən xəbər verir. Mövcud siyasətin tərkib hissəsi olaraq Acarıstanın dağlarındakı ən hündür yerlərdə, hətta heç bir dəxli olmadan və yersiz şəkildə Batum bulvarının çimərlik hissəsində betondan postamentin üzərinə dəmir xaç inşa etmələrini göstərmək olar. Bəlkə də burada gənclərin əksəriyyətinin nümayişkaranə şəkildə boynunda xaçla gəzməsi də bu təbliğatın tərkib hissəsidir.

Aparılan siyasət öz bəhrəsini verir. Dünyanın heç bir yerinə bənzəri olmayan bir nəticə əldə edilib. Bütün mənbələrin də təsdiq etdiyi kimi, kütləvi şəkildə din dəyişdirmə prosesi həyata keçirilib. Belə ki, 1990-cı illərin əvvəllərində müxtəlif xalqların yaşadığı Acara Muxtar Respublikasında əhalinin 70%-i müsəlman gürcülərdən (acarlardan) ibarət idi. Nə yazıq ki, indiki vaxtda Acara Statistika İdarəsinin təxmini hesablamalarına görə, region əhalisinin 61 % -ni pravoslav xristian, 30%-ni isə sünni hənəfi məzhəbindən olan müsəlmanlar təşkil edir.

Vəziyyətin ən acınacaqlı tərəfi məhz qeyd olunan rəqəmlərə əsaslanan bu faktdır. Yəni son 25 il (daha dəqiqi 13 il) ərzində bütün dünyada, Avropada əhalinin İslama meyilləndiyi bir dövrdə müsəlman Acarıstanın əhalisinin müxtəlif yollar və metodlarla az qala 40 faizini xristianlaşdırmaq doğrudan da acınacaqlı vəziyyətdən xəbər verir.

 

 

Orta Batumda “Orta məscid”

 

Acarıstandakı müsəlmanların təzyiq və ya şirnikləndirmə yolu ilə dindən döndərilməsinin qarşısıalınmaz bir proses olduğuna tam əmin ola-ola, müsəlman acarların taleyinin yaxşı olacağına ümidim sönə-sönə rast gəldiyim türkcə danışan müsəlman acar Zeya xanım mənim fikirlərimi alt-üst etdi. Onun sözlərinə görə, Acara gəncləri artıq kütləvi şəkildə məscidə gedir, əsl müsəlman kimi ibadət edirlər.

Bu ümidin işığında burada müsəlmanlığın varlığının sübutu olan Batumun mərkəzində yerləşən məscidi də tapdım. Bizim məscidlər kimi təkminarəli olan məscidin qarşısında bu ibadət evinin qısa tarixi haqqında məlumat dörd dildə yazılıb. Təbii ki, ikisini (türkcə və rusca) tam oxuyub, tərcümə edə bilərəm: “Məscid 1866-cı ildə yerli müsəlmanlar tərəfindən tanınmış ictimai xadim Əhməd Paşa Ximşiaşvilinin anasının xeyriyyəçiliyi ilə inşa edilmişdir və Acara müsəlmanları üçün nəzərdə tutulmuşdur. Bina içərisindəki gözəl Şərq ornamentləri laz usta-sənətkarlar tərəfindən bəzənmişdir. Məscid 1866-1935-ci illər arasında davamlı fəaliyyət göstərmişdir. Daha sonra unudulmuş və 1946-cı ilə qədər hərbi anbar kimi istifadə edilmişdir. 1946-cı ildən yenidən öz fəaliyyətini bərpa etmiş və bu günə qədər də funksiyasını davam

etdirir”. Bu qədər basqıya və təhrikə rəğmən, hələ də Acarıstanda fəaliyyət göstərən ən möhtəşəm məscid olan “Orta came” Batumun köhnə məhəlləsi olan Orta Batumda yerləşir. Məscid orijinal adı ilə – "Orta məscid" (“Orta came”) olaraq adlandırılmaqdadır.

Qısa araşdırmadan məlum olan budur ki, Batum məscidi regionun Türkiyənin hakimiyyəti altında olduğu dövrlərdə şəhərdə fəaliyyət göstərən üç məsciddən günümüzə qədər sağ-salamat gəlib çatan tək məsciddir. Bu məscid digər ikisinə nisbətən şəhərin ortasında yerləşmişdir. 1879-ci ildə İstanbulda Osmanlı ilə Rusiya arasında əldə edilən "Köçürülmə müqaviləsi"ndən sonra şəhəri tərk etməyənlərin sayəsində İslam dini bu günə qədər də Batumda varlığını davam etdirir.

Osmanlı imperiyasının ərazisinə daxil olduğu müddətdə və Çar Rusiyası dövründə Acarıstanın hörmətli müsəlman liderləri Ankara və İstanbulda təhsillərini müvəffəqiyyətlə tamamladıqdan sonra qayıdıb aktiv olaraq Gürcüstanın milli maraqları çərçivəsində hərəkət etdilər. Hacı Loman Kartsivadze, Nuri Beridze, Əhməd Xalvaşi, Əhməd Xalipaşvili bu alimlərdən bəziləridir. Bu alimlər, İslamın qaydaları daxilində müsəlman gürcülərə xidmət ediblər. Üstəlik Əhməd Xalipaşvili Müqəddəs “Quran-i Kərim”i gürcü dilinə çevirmiş, şərhini vermiş və nəşr etdirmişdir. Osmanlı imperiyası dövründə Acarıstanda 200-ə qədər müsəlman icması fəaliyyət göstərmişdir. Daha dərin İslami fəlsəfə üçün mədrəsələrdə sürətləndirilmiş təhsil proqramıları ilə yanaşı, ənənəvi İslami təlimləri əldə etmələri məqsədi ilə, müvəffəqiyyətli şagirdləri İstanbula göndərirdilər. Məzun olanlara müəllim səlahiyyəti verilir və doğma məmləkətə göndərilirdi. Ancaq Rusiya imperiyası dövründə Acaradakı mədrəsələrin sayı azaldı. Sovetlər dövründə, buradakı müsəlmanlar da təzyiqə məruz qalmışlar.

Onu da qeyd edim ki, Batumun “Orta came” məscidi acar müsəlmanlarının və bütün müsəlmanların müqəddəs günlərdə yığıldığı yerdir. Batum məscidində Rusiya dövründən bu yana yalnız “daxili azan” oxunurdu. Acarıstan Muxtar Respublikasının lideri A.Abaşidzenin iqtidara gəlməsindən sonra təxminən bir il səsucaldanla kənara azan oxunmuş, ancaq Batumdakı xristianların şikayətindən sonra təkrar köhnə sistemə qayıtmışlar. A.Abaşidzenin devrilməsindən 12 il sonra, 2016-cı ildən yenidən səsucaldanla kənara azan oxunub və hazırda Batumdakı müsəlmanlar məsciddən yüksələn azan səslərini sevinclə qarşılayaraq ibadətə tələsirlər. Biz də bunun şahidi olduq və bunu Acaranın müsəlman əhalisi üçün burada müsbətə doğru ən mühüm hadisələrdən hesab etmək olar.

 

Acarıstanın tarixinə qısa ekskurs

 

Mərkəzi hakimiyyətin yürütdüyü ifrat xristianlıq siyasətinin nəticəsi olaraq acarlar və region haqqında yanlış fikirlər formalaşdırılır. Bunun əslində belə olmadığını sübut etmək üçün oxuculara Acarıstanın tarixi haqqında məlumat çatdırmaq istərdim. Acariya (Acara) Muxtar Respublikası Gürcüstanın cənub-qərb hissəsində Türkiyənin şimal-qərbində – Artvin və Ardahan vilayətləri ilə sərhəddə yerləşir. Paytaxtı Qara dəniz sahilindəki liman şəhəri Batumdur. Türkiyənin Artvin vilayətinin Hopa rayonunda yerləşən Sarp sərhəd keçid məntəqəsi Batuma keçidi təmin edir.

Antik dövrdə Kolxis Kartlinin bir hissəsi olan Acara eramızdan əvvəl V əsrdə yunanlar tərəfindən kolonizə edilmiş və Batum (Batıs) şəhərinin əsası yunan kolonistləri tərəfindən qoyulmuşdur. Region eramızdan əvvəl II əsrdə romalılar və daha sonra bizanslıların əlinə keçmişdir. IV əsrdə bizanslılar vasitəsilə acarlar xristianlığı qəbul etmişdir.

V əsrdə Bizansın geri çəkilməsindən sonra bölgədə Lazistan, Kılarçetya və Mesxetiya adlarında üç dövlət ortaya çıxmışdır. Ərəblərdən sonra bölgə Səlcuqlu türklərinin əlinə keçdi. 1064-cü ildə Qarsı ələ keçirən Səlcuqlu türkləri 1080-ci ildə Batum və Acarıstanı öz torpaqlarına qatmışlar. Qıpçaqların Kür və Çoruh (1124) çayları arasındakı bölgəyə gəlişinə qədər Səlcuqluların əlində qalan Acarıstan XIII əsrin ortalarından başlayaraq ortodoks xristianlığa ibadət edən Qıpçaq Atabəylərinə (Samtshe-Saatabego) bağlı bir bəylik kimi idarə edilmişdir. Elxanilərin dövründə bu ərazidə İslam geniş yayılmağa başlamışdır. Fateh Sultan Mehmet və Yavuz Sultan Səlim dövründə Osmanlı imperiyasının Qafqazı fəth etdiyi XV əsrdən bəri demək olar ki, bütün yerli əhali müsəlmanlığa daxil olmuşdur. Daha sonra Osmanlı dövləti Acara-yı

Ulya (Yuxarı Acarıstan) və Acara-yı Süfla (Aşağı Acarıstan) sancaqları yaratmışdır. Bu inzibati ərazi vahidləri gah Çildıra, gah da Axıska vilayətinə tabe olmuşdur.

1877-1878-ci illərdə Osmanlı-Rusiya müharibəsi (93 Hərbi) oldu.1878-ci ilə qədər Ruslara və digər qüvvələrə qarşı qəhrəmancasına döyüşən Acarıstan Berlin Müqaviləsi ilə Türkiyənin əlindən alındı, yəni müharibə təzminatı kimi (Üç Sancaq: Qars, Ardahan, Batum) Rusiyaya verildi. Bundan sonra Acara əhalisinin mühüm bir hissəsi Anadolunun müxtəlif şəhərlərinə köçdü. Bundan sonra Çar Rusiyası tərəfindən Batum qəzası idarəçiliyi quruldu. Daha sonra Batum və Artvin qəzaları Batum inzibati bölgüsünü təşkil etmək üçün birləşdirildi.

Region 3 mart 1918-ci ildə Brest-Litovsk müqaviləsi ilə Türkiyəyə təhvil verildi. Bu vaxt xalqın böyük əksəriyyəti Türkiyəyə qoşulmağın lehinə səs verdi. Həmin dövrdə regionda mühüm tarixi hadisələr cərəyan edirdi. Osmanlı Türkiyəsi və Qafqazın müstəqillik elan edən respublikaları arasında 4 iyun 1918-ci il Sülh müqaviləsi də Batumda imzalandı. Lakin Batumun sülh və rifah şəraitində tarixə şahidlik etdiyi dövr uzun sürmədi. 30 oktyabr 1918-ci ildə Mondros sülh müqaviləsinin şərtləri əsasında Türkiyə ordusunun qüvvələri Batumu boşaltmağa başladı. Vəziyyətin dəyişməsindən sonra acarlar daha da fəallaşdılar. Qarsda təşkil edilən Milli İslam Konfransında iştirak etdilər. Batumda “Sadeyi-millət” qəzeti Qars Milli İslam Şurasının mətbu orqanı idi. Acarıstan xalqı 1919-cu ilin dekabrında beş millət vəkili seçdi və onları son Osmanlı parlamentinə göndərdi. İngilislər 1920-ci ilin iyulunda Batumu gürcülərə verərək geri çəkildilər. Bu torpaqlar müstəqil Gürcüstan sərhədləri daxilində qaldı. Mustafa Kamal Paşa Batumun Misak-i Milli sərhədlərindən bu şəkildə çıxmasına etiraz etdi.

Gürcüstan 25 fevral 1921-ci ildə bolşeviklər tərəfindən işğal edildi və Sovet hakimiyyəti quruldu. Türk ordusu 11 mart 1921-ci ildə Batuma girdi. 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsi və 13 oktyabr 1921-ci ildə imzalanan Qars müqaviləsi əsasında Acarıstan Muxtar Sovet Sosialist Respublikası adı ilə mühüm şərtlər daxilində Gürcüstanın tərkibinə verildi. Türkiyə Böyük Millət Məclisində olan Batum millət vəkilləri, Moskva müqaviləsini "zərərli və amal-i milliyeyə zidd" hesab edərək buna qarşı çıxdılar. Amma artıq gec idi. 1920-ci illərdə acarlar dini təzyiqlərə və kollektivizmə qarşı çıxaraq Sovet hakimiyyətinə üsyan etdilər. Bu səbəbdən, çox sayda acar Orta Asiyaya sürgün edildi.

Hazırda Acarıstan Muxtar Respublikası 6 inzibati ərazi bölgüsünə malikdir: Batum şəhəri; Keda mahalı; Kobulet mahalı; Helvaçaur mahalı; Şuahev mahalı; Hulo mahalı. Acarıstanın əhalisi 376.016 nəfərdir. Bu gün əhalisinin bir hissəsi hələ də müsəlman olan Acarıstanda xristian gürcülər, Ahıska türkləri, ermənilər, yunanlar (rumlar), azərbaycanlılar və ruslar yaşayır. Yerli xalq etnik olaraq acar (acar-el-i) kimi adlanır və bu kimliyi tarixdə İslamla müəyyənləşdirilib. Gündəlik həyatda acarca (acar-ul-i) gürcü dilinin fərqli dialektidir. Acara ləhcəsi qonşu bölgə olan Quriya dialektinə çox oxşardır. Bunlar baxmayaraq, Acarıstanın yuxarı hissəsindəki əhali türkcə danışır. Osmanlı dövründə acarların dilinə türk, Qafqaz dilləri, meqrel və lazcadan çox söz daxil olub. Yazı və təhsil dili isə gürcü dilidir. 1926-cı ilə qədər Acaranın müsəlman gürcüləri Sovet siyahıyaalmalarında gürcülərdən ayrı millət kimi göstərilərək “acar” kimi yazılmışlar. Bu tarixdə acar əhalisinin sayı 71498 nəfərdən ibarət idi. Sonrakı Sovet siyahıyaalmalarında (1939-1989) acarlar “gürcü” kimi qeyd edildiyindən həmin dövrlərdə sayları barədə dəqiq məlumatlar da əldə etmək mümkün olmayıb.

 

Türkiyə Acaranın qarantıdırmı?

 

Hazırda Türkiyədə 93 Hərbindən əvvəl və I Dünya müharibəsindən sonra Türkiyənin ərazisi hesab olunan bu bölgədə Şimali Kiprdə olduğu kimi 1921-ci il Qars müqaviləsinə görə, rəsmi Ankaranın qarant hüququndan bəhs olunur. Yəni regionun daxili işlərində müstəqil, xarici işlərində isə Türkiyə və Gürcüstana bağlı olduğunu iddia edirlər. Acarıstan Respublikasının keçmiş prezidenti Aslan Abaşidze də vaxtilə bunu əsas gətirərək Gürcüstan müsəlmanlarının assimilyasiyaya müqavimət göstərməsi üçün Acarıstan məsələsinə Türkiyənin qoşulacağını güman edirdi. Gürcüstan 2004-cü ildə hərbi müdaxilə ilə administrasiyanı ələ keçirdi, Türkiyə

bölgəyə sahib çıxmadı. A. Abaşidzeni də qəbul etmədiyi üçün Türkiyəyə deyil, Rusiyaya qaçmaq məcburiyyətində qaldı.

Həmin hadisələrin Türkiyənin mövqeyinə təsir etməməsi qarant məsələsini bir qədər şübhə altına aldı. Buna görə də bu məsələnin də məğzinə diqqət yetirmək məcburiyyətində qaldım. Yəni Türkiyənin kifayət qədər səssiz qalması regiondakı geostrateji balansın pozulması kimi dəyərləndirilə bilərdimi? Halbuki 1993-cü ildən bəri Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində regionda hələ də mövcudluğu şübhə doğurmayan üçlü koalisiyanın bir üzvü Türkiyə, bir üzvü də Gürcüstandır.

1921 Qars müqaviləsinin mətnində "qarant" termini keçməsə də, 6-cı maddədə Naxçıvan məsələsində olduğu kimi, muxtariyyət statusunda Türkiyənin qarantor ölkə olmasından bəhs edilməkdədir: “Maddə 6. Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki, 1) bu maddədə göstərilən yerlərin əhalisi onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək; 2) Türkiyəyə Batum limanı vasitəsi göndərilən və ya Türkiyənin göndərdiyi bütün mallara rüsumsuz, hər hansı bir ləngitmə və hər hansı gömrük yığımı qoyulmadan sərbəst tranzit, Türkiyəyə Batum limanından buna görə ondan xüsusi rüsumlar tutulmadan istifadə hüququ veriləcək...”.

Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında imzalanan Qars müqaviləsinin digər bir maddəsi isə etnik və demoqrafik baxımdan Acarıstandakı mövcud vəziyyətin yaranmasının əsas səbələrindən biridir: “Maddə 13. 1918-ci ilə qədər Rusiyanın bir hissəsini təşkil etmiş və indi Türkiyənin suverenliyi altında olduğu tanınan ərazilərin hər hansı sakini əgər arzu edərsə, sərbəst şəkildə Türkiyəni tərk etmək, özü ilə əşyalarını, öz əmlakını və ya onun dəyərini götürmək hüququna malikdir. Eyni şəkildə üzərindəki suverenliyin Türkiyə tərəfindən Gürcüstana güzəşt edilmiş ərazilərin bütün sakinləri əgər arzu edərlərsə, Gürcüstan vətəndaşlığından çıxmaq, Gürcüstan ərazisini sərbəst şəkildə tərk etmək və özü ilə öz əşyalarını, və əmlakını və ya onların dəyərini götürmək hüququna malikdir. Yuxarıda göstərilən maddədə bəhs olunan sakinlər qeyd edilən əraziləri tərk etmək arzularını bildirdikdən sonrakı bir ay müddətində hərbi mükəlləfiyyətdən möhlət hüququndan faydalanacaqlar”.

Bununla da tarix sülh müqavilələrinin zərərli tərəflərindən olan ərazi güzəştlərinin doğurduğu ağır nəticələrindən birinin şahidi oldu. Sonuncu maddə əsasında etnik baxımdan Türkiyəyə daha yaxın və sadiq olan əhali Acarıstanı tərk etdi. Halbuki yerli əhaliyə toxunulmazlıq və muxtariyyət statusu verilirdi. Həmin müqavilə əsasında Türkiyənin güzəştə getdiyi müsəlman-türk əhalinin yaşadığı sərhədyanı Axılkələk, Axıska, Ağbaba və Şörəyel mahallarına bu üstünlükdən yararlanmaq imkanı verilmədi. Ağbaba mahalının tamamı, Şörəyel mahalının bir hissəi də həmin müqavilələr əsasında ermənilərə verildi. Nədənsə bu mahallar üçün heç bir status tələb edilmədi.

 

Abaşidzelər və Acarıstan

 

Abaşidze nəslinin Acarıstan tarixində özünəməxsus rolu olub. Bu haqda həmin nəsildən olan müsəlman acarların da fikirləri də maraqlıdır. Ata-babalarının qədim dövrdə Hindistan şahzadələrinin nəslindən gəldiyi iddia edilən Abaşidze adının “baş komandan” mənasını verən türkcə “Abaş” sözündən gəldiyi güman edilir. Digər bir əfsanəyə görə, Abaş çayının (Mingreli) sahilindəki döyüşdə Abaşidze tayfasından iki qardaş rəqibləri tərəfindən məğlub olur. Onlardan biri döyüş meydanında həlak olur. Digəri isə sağ qalır, İmeretiya böləgəsinə yerləşir və Abaşidze, yəni Abaşın nəslini davam etdirir. Abaşidze knyazları Şorapan qalasının (Kviril stansiyası yaxınlığında), Cruçs və Katsx monastırlarının sahibi idi. Cruçs Tsereteli knyazları tərəfindən zorla ələ keçirilib, Katsx isə hələ də bu nəsildən gələnlərə aiddir.

XVII əsrin ilk yarısında yaşayan, Osmanlı dövründə sancaq bəyliyi edən şahzadə Paata Abaşidzedən sonrakı nəsil Məmməd Abaşidze adında ortaya çıxmışdır. Siyasi lider, yazar və

xeyriyyəçi olan M.Abaşidze Acarada yaşayan müsəlman gürcülərin milli şüurunu inkişaf etdirmək üçün səy göstərmişdir. "Gürcülər arasında maarrifçiliyin yayılması dərnəyi"nin Batumdakı məktəbində gürcücə təhsil almış, atasının köməyi ilə ərəb, fars və türk dillərini öyrənmişdir. XX əsrin əvvəlində siyasi fəaliyyətə başlamış, gürcü mətbuatında yazdığı yazılarla müsəlman gürcülərin milli şüurunu artırmaq və Gürcüstana inteqrasiya olmalarını təmin etmək üçün səy göstərmişdir. Bu fəaliyyətə görə Çar Rusiyası tərəfindən bir neçə dəfə həbs olunub sürgünə göndərilmişdir. 1917-ci ildə Batuma qayıdan Məmməd bəy naməlum səbəblərdən 1918-ci ildə Batuma daxil olan Osmanlı qoşunlarına etiraz edincə (???), həbs olunaraq Trabzon həbsxanasına göndərilmişdir. Trabzon həbsxanasından qaçan Abaşidze, Tiflisdə "Müsəlman Gürcüstanını xilas Komitəsi"nin lideri, 1919-1921 arasında "Müsəlman Gürcüstanı" (“Samuslimano Sakartvelo”) adlı qəzetin redaktoru olmuşdur. Daha sonra Sovet rəhbərliyinin Acarada qurulması üçün çalışmış və müxtəlif vəzifələr öhdəsinə götürmüşdür. Repressiya dövründə həbs olunmuş, 17 sentyabr 1937-ci ildə ölüm cəzasına məhkum edilmiş və güllələnmişdir. 1958-ci ildə bəraət alan Məmməd Abaşidze, Ömər Xəyyam ilə Namık Kamalın şeirlərini gürcü dilinə çevirmiş, özü də bir neçə hekayə qələmə almışdır.

 

Yiyəsiz qalan Acara

 

M.Ababşidzenin qardaşı nəvəsi Aslan Abaşidze 1991-ci ildə müstəqilliyini elan edən Gürcüstanın daxilində Acarıstanın muxtariyyət statusunu qorudu və rəhbərlik etdiyi bölgəni Gürcüstandakı daxili münaqişələrin xaricində tutdu. Lideri olduğu "Gürcüstan Demokratik Oyanış Birliyi" ilə Eduard Şevardnadzeyə dəstək verən Abaşidze bu müddət ərzində mərkəzlə normal münasibətdə oldu. ABŞ və “Soros fondu”nun dəstəklədiyi “Qızılgül” inqilabı nəticəsində 2003-cü ildə Şevardnadzeni devirən Mixeil Saakaşvili rəhbərliyindəki müxalifət Cənubi Osetiya və Abxaziya problemindən əvvəl Acarıstana əl atdı. Sanki Gürcüstanın separatçıları abxazlar, osetinlər, Cavaxetiya erməniləri deyil, elə acarlar imiş. Mərkəzi rəhbərliyin arxasındakı dəstək nəticəsində yerli qüvvələrin təzyiqi nəticəsində A.Abaşidze 2004-cü ilin mayında ölkəni tərk edib Rusiyaya getmək məcburiyyətində qaldı. Hazırda da orada yaşayır. A.Abaşidze mərkəzdən göndərilən silahlı qüvvələrin qarşısını almaq üçün Acara sərhədindəki körpüləri partlatmaqla tarixə düşdü. Bu tarixi hadisənin deyil, A.Abaşidzenin devrildiyi günün şərəfinə Batumda “6 May meydanı” mövcuddur.

Yuxarıda qeyd edilən məlum səbəblərdən Acarıstanda A.Abaşidzeyə münasibət birmənalı deyil. Bəzilərinin daha radikal şəkildə Acarıstanın eks-prezidenti A. Abaşidzeni “faşist” adlandırmasını, hədyanlar söyləməsini aparılan siyasətin və ümumilikdə gedən prosesin nəticəsi olaraq qiymətləndimək lazımdır. Buna baxmayaraq, müsəlman acarların bir çoxu keçmiş rəhbərin dövründə həm sosial, həm də siyasi vəziyyətin daha yaxşı olduğunu bildirirlər. Hətta A.Abaşidzenin hakimiyyətdən uzaqlaşdırılması və ümumiyyətlə, Gürcüstanda hakimiyyət dəyişikliyindən təəssüflənən acarların bəziləri bunu “Soros”un gücü ilə deyil, regionun nəhəng siyasətçisi, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin geosiyasi səhnədən getməsi ilə əlaqələndirirlər. Yəni Azərbaycan rəhbərinin vaxtilə kiçik Acara torpağının qarantı olduğunu düşünürlər. Gürcüstanda və Acarıstanda baş verən dəyişikliyin tarixinə nəzər salanda bu fikirlərdə həqiqət payının nə qədər çox olduğuna şübhə yeri qalmır.

Çox güman ki, məhz bu səbədən A. Abaşidze Azərbaycan xalqının və rəhbərliyinin Gürcüstana münasibətini həmişə yüksək qiymətləndirirdi. E.Şevardnadzenin və Acarıstan Muxtar Respublikasının başçısı Aslan Abaşidzenin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlməsi də bu dəyərin nümunəsiydi. A.Abaşidze Azərbaycanın Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı vermiş, xalqımızın sonsuz kədərinə şərik olduğunu bildirmiş və yuxarıda deyilənləri bir daha təsdiq edən bəyanat vermişdi: “Mən bu dahi ilə həmişə fəxr etmişəm. Bu gün onun yoxluğu məni ürəkdən kədərləndirir. O, bizim xatirimizdə qüdrətli siyasətçi və müdrik Prezident kimi qalacaqdır”.

 

Sonda...

 

Ən nəhayət, mən deyərdim ki, “Əli və Nino” abidəsinin Batum bulvarında ucaldılması təsadüfün və ya Tamar xanımın birdən-birə ilhama gəlməsinin əsəri deyil. Ucaldılmasından qısa müddət keçsə də, az qala Batumun simvoluna çevrilən bu əsər 10 dəqiqədən bir qovuşub-ayrılmaqla bir-birinə sonsuz sevgi ilə bağlı olan gürcü qızı ilə azərbaycanlı gəncin nakam məhəbbətini əks etdirdiyi kimi, yiyəsiz qalmış Acaranin İslam dünyasına qovuşub-ayrılmağını da təcəssüm etdirir. Yəni 2004-cü ildən sonra daha da vüsət alan dini təzyiq və təsirlər altında əzilən Acaranın boynu bükük şəkildə İslam aləminə və Türk dünyasına həsrətini simvolizə edir. Bu durumun aradan qaldırılması üçün Gürcüstan tərəfindən beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələb edilməlidir. Yəni Türkiyə dövləti təkcə yatırımlarla, ticarət əlaqələrinin genişləndirilməsi ilə deyil, bütün beynəlxalq müqavilələrə zidd olaraq respublikanın statusuna dəyişikliklərin və əhalinin təzyiqlə xristian dinini qəbul etməsinin qarşısına almaq üçün tədbir görməlidir.

Bakı-Tiflis-Batum-Bakı

“MƏN GEDİRƏM BATUMA” (I) http://az.strategiya.az/index.php?do=xeber&id=97356)

“BİZ HARA AVROPA HARA” (II) http://az.strategiya.az/index.php?do=xeber&id=97975)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM