Repressiyanın 80-ci ili (VIII yazı)
Qeyd etmək istərdim ki, bu günlərdə Rusiyada repressiyanın 80 illiyi münasibətilə bir sıra tədbirlər keçirilir və repressiya qurbanları yad edilir. Rusiya Federasiyasının prezidenti V.Putin də sovet dövründə repressiyanın qurbanlarının xatirəsini əbədiləşdirmək üçün inşa edilən abidənin açılışında iştirak edib. Sevindirici haldır ki, əvvəlki Sovet və Rusiya rəhbərlərinin əksinə olaraq indiki RF prezidenti tarixin ən utancverici səhifələrinin unudulmasına biganə qalmayıb. Çünki təxmini hesablamalara görə, təkcə 1937–1938-ci illərdə 800 minə yaxın sovet vətəndaşı güllələnib, ondan dəfələrlə çox insan isə həbs düşərgələrində ölümə tərk edilib.
Həmin dövrdə Azərbaycanın elm sahəsində iş görən, hərbi və siyasi rəhbərlikdə təmsil olunan qabaqcıl insanları, demək olar ki, yaradıcılıqla məşğul olan əksər ziyalı təbəqəsi məhv edilib. Repressiya dalğasından əziyyət çəkən xalqların başında gəldiymizi də nəzərə alaraq heç olmasa ildə bir dəfə həmin terror qurbanlarını yad etmək üçün Bakıda da abidə ucaldılması arzuolunandır.
Əvvəlki yazılarda, xüsusilə R.Axundov və Y.V. Çəmənzəminli ilə bağlı araşdırmadakı bəzi məqamlarda bir neçə dəfə soyadı çəkilən “A. Axundov”un kimliyi yəqin ki, oxucular üçün maraqlı olub. İndiyə qədər daha çox humanitar elmlər sahəsindən olan nümayəndələrin istintaq işlərinə və fəaliyyətlərinə diqqət yetirmişdik. Soyadı çəkilən həmin şəxs texniki elmlər sahəsinin ən parlaq nümayəndəsi olsa da, yəni onun yaradıcılığının siyasi aspekti qeyri-mümkün olduğu halda tamamilə uydurma və böhtanlarla repressiyaya məruz qalıb. Bu dəfə həmin şəxsin kimliyi və həyat fəaliyyəti haqqında bəhs edəcəyik.
Xalqına xidməti üstün tutan vətənpərvər Ağa Əbdülxaliq oğlu Axundov 21 mart 1882-ci ildə Şamaxıda anadan olub. 1900-cü ildə Bakı Realnı məktəbini bitirib. Ağa Axundovun taleyini tez-tez təsadüfi amillər müəyyən edib. Məsələn, A. Axundov Bakının neft milyonçusu Hacı Zeynalabidin Tağıyevin anbarında işləməsəydi, mühəndis ola bilməzdi. Bu təsadüf sayəsində əvvəlcə Kiyev Politexnik Universitetinə daxil olur. Sonra 1906-cı ildə Hacı Zeynalabdin Tağıyevin ilk təqaüdçülərindən biri kimi təhsilini başa çatdırmaq üçün Belçikaya gedir. Ağa Axundov Avropanın ən qədim və böyük Lyej (Liege) Universitetində (Lyej şəhəri) iki il təhsil alır və 1908-ci ildə məzun olur. Daha sonra Parisdəki "Erichon" zavodunda çalışır və sonra Belçikaya qayıdır.
1910-cu ildə A. Axundov Bakıya qayıdır və 1920-ci ilə qədər Realnı məktəbdən dostu olan Ağamirbəy Mahmudbəyovla birlikdə Bakıda ilk özəl elektrotexniki “Lümer” ("Lumiere") kantorunu
açır. Bakıda İtaliyanın “Fiat” avtomobillərinin satışını təşkil edən ilk şirkəti də Ağa Axundov açır. Bu şirkət sürətlə böyüyüb bütün Cənubi Qafqazda “Fiat”ın rəsmi filialına çevrilir. Hətta ona İtaliyanın Turin şəhərindəki “Fiat” zavodunun rəhbərliyini təklif edirlər. Lakin o, bu təklifi qəbul etmir və öz vətənində vətəndaşlarına xidmət etməyi üstün tutur. Onun tutduğu yol qardaşına da örnək olur. Belə ki, 1925-ci ildə Ağa Axundov Paris sərgisinə ezamiyyətə gedəndə yolüstü Almaniyanın Münhen Universitetinin tibb fakültəsini bitirmiş qardaşı İsmayıl Axundovla görüşür. Tropik xəstəliklər üzrə mükəmməl mütəxəssis kimi Hamburqda işləməyə dəvət edilən İsmayıl orada dissertasiya müdafiə edir, Fransada, Əlcəzairdə, İsveçrədə keçirilən simpoziumlarda çıxışlar edir. Lakin 1928-ci ildə İsmayılı təkidlə Bakıya qayıdıb o zaman az qala milli fəlakətə çevrilmiş malyariya xəstəliyi ilə mübarizə aparmağa çağırırlar. Parlaq karyerasından əl çəkib Azərbaycana qayıdan İ. Axundov tropik xəstəliklərə qarşı mübarizə işlərinə başlayır.
Paris sərgisində SSRİ-ni təmsil edən azərbaycanlı
Göründüyü kimi, XX əsrin əvvəllərində də Ağa Axundov siyasətdən çox uzaq idi və hakimiyyətdə bir-birini əvəz edən qüvvələrə hər zaman bitərəf qaldı. Yalnız Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Əhrar" Partiyasına üzv olmuş, lakin sonradan bitərəf olmağı üstün tutmuşdu. Sovet dövründə A.Axundov 1938-ci ilədək yerli millətin ali təhsilli olan barmaqla sayılacaq mühəndis nümayəndəsindən biri kimi rəhbər vəzifələrdə olmuş və karyerasını çox düzgün qurmuşdu.
1920-ci illərdə onun əsas fəaliyyət sahəsi Azərbaycan sənayesi üçün kadrların hazırlanması idi. Yəni A. Axundov milli texniki kadr hazırlamaq üçün özünün təşəbbüsü ilə yaradılan N.Nərimanov adına texnikumun direktoru idi. Araşdırmalar zamanı məlum olur ki, şahid olaraq dindirilmiş keçmiş texnikum tələbələri 1930-cu ildə həbs olunan və millətçiliklə ittiham olunan Əhməd Pepinovun A. Axundovun dostu olduğunu iddia edirdilər. O dövrdə bəzi müəllimlər müsavatçı adı ilə həbs edilmiş və müəllimlərdən Seyidbəyli isə xarici ölkəyə qaçmışdı. Xatırladaq ki, bu texnikumda vaxtilə Əhməd Cavad da dərs deyirdi.
1925-ci ildə Azərbaycan mühəndisinin həyatında daha sonra müfəssəl araşdırılmış və bizim yazılarda da bəhs olunan bir hadisə baş verdi. Parisdə Azərbaycanın da iştirak etdiyi dekorativ tətbiqi sənət üzrə beynəlxalq sərgisi təşkil edilirdi. Professor Dovnar-Zapolski SSRİ-nin sərgi eksponatlarını aparmalı olduğu halda Moskva onun namizədliyini geri çəkdi və fransız dilini mükəmməl bilən Azərbaycan alimini göndərmək haqqında qərar qəbul etdi. Bəzək sənəti ilə heç bir əlaqəsi olmasa da, Belçikada təhsil almaqla yanaşı, bir neçə dil öyrənən A. Axundovun namizədliyi üzərində dayandılar. O, Parisə gedərkən yolüstü Berlində olmaq fürsətindən istifadə edərək "Siemens-Schuckert" zavodlarında elektrik mühəndisliyinin inkişafını öyrəndi.
Sənaye İnstitutunun rektoru Axundzadə niyə güllələndi?
1930-cu illərdə A. Axundov müəllim-pedaqoq heyəti çoxmillətli olan, 1934-cü ildən Sənaye İnstitutu adlandırılan (indiki Dövlət Neft və Sənaye Universiteti) ali təhsil müəssisəsində işə başladı. Əvvəllər A. Axundov institutda yerli xalqın nümayəndəsi kimi yüksək qiymətləndirildi və 1932-ci ildə professor adını aldı. Ağa müəllim burada oxuyan azərbaycanlıların təhsili və tərbiyəsinə geniş diqqət göstərirdi. Lakin onların sayı çox az idi. Bəlkə də təzyiqlərə görə 1935 – 1938-ci illər arasında onların sayı daha da azaldı. Azərbaycanlı tələbələrin sayının azalması o dövr üçün "pozuculuq" kimi qiymətləndirilirdi.
1935-ci ilin əvvəlində (rəsmi mənbələrdə 1934-cü il tarixi qeyd edilir) institutun rektoru vəzifəsinə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü olan İ.S.Axundzadə (onun haqqında geniş məlumat yoxdur) təyin edilir. İstintaq işində qeyd edilir ki, İ.S.Axundzadə İnstitutda yeganə Azərbaycan professoru A.Axundovu himayə edirdi və o dövr üçün bu məqbul hesab edilirdi. 1935-ci ildə A.Axundov Mexanika və energetika fakültəsinin dekanı vəzifəsinə təyin olundu. 1937–1938-ci illərdə İnstitut müəllimləri arasında heç bir kollektiv həbs qeydə alınmadı. Bunun səbəbi müəllim-pedaqoq heyətinin tərkibinin etnik mənşəyi ilə bağlı idi. Lakin 1938-ci ildə qardaşı kimi, İ. Axundzadə də həbs olunaraq güllələndi. Rektorun güllələnmə səbəbi bir tərəfə, onun adı, atasının adı, həyat və fəaliyyəti haqqında ADNSU-nun saytından belə məlumat almaq qeyri-mümkündür.
Agentlərin aqibəti yaxşı olmur
İ. Axundzadə həbs olunduqdan sonra A. Axundovun mövqeyi pisləşdi. 1 fevral 1938-ci il tarixindən etibarən dekan vəzifəsindən uzaqlaşdırıldı, yalnız professor adını saxladılar. Amma hələ 1937-ci ildən A.Axundov haqqında məlumatlar toplanırmış. Ona qarşı ifadə verənlər arasında B.Cobanzadə, Ə. Qubaydullin və digərləri də varmış. Azərbaycan Daxili İşlər Xalq Komissarlığı (DİXK–NKVD) bunlara o vaxt diqqət yetirməmişdi.
Ən çox diqqət çəkən "ingilis kəşfiyyatının agenti" olan Zeynal Tağıyevin 8 oktyabr 1938-ci ildə verdiyi ifadə idi. Bu şəxs repressiya illərində çox sayda insanın həyatında mənfi rol oynamışdı. A.Axundovun 1937-ci ilə qədər təhsil almasına kömək edən, "İranlı şahzadə və milyonçu oğlu" – Ticarət Palatasının müətəxəssisi, DİXK yanında Birləşmiş Dövlət Siyasi İdarəsi (NKVD-OQPU) gizli bir agent kimi məşhurlaşmışdı.
A.Axundovun həyat yoldaşı Tamara Axundova 1945-ci ildə yazdığı şikayət ərzisəsində ərinin "təxribatçı Zeynal Tağıyevin iftirasına uğradığını" yazmışdı. Habelə M. Bağırovun əlaltılarından olan T. Borşev həbs olunduqdan sonra 14 sentyabr 1954-cü ildə etraf etmişdi: "Zeynal Tağıyev agent idi". A. Axundovun istintaq işinin bəraət hissəsində belə bir xülasə var: “Z. Tağıyev Azərbaycan Daxili
İşlər Xalq Komissarlığının gizli üzvü olaraq, bir "ştatlı şahid" kimi 1940-ci ilə qədər məhkəmələri gəzərək yüzlərlə təmiz şəxs haqqında çoxsaylı uydurma ifadələr verdi".
Əslində Z. Tağıyevin özü 18 oktyabr 1937-ci ildə həbs olunmuşdu və istintaq altında idi. Bu həbs müddəti üç il davam etdi. Bir çoxlarına qarşı saxta ifadələr verən agent Zeynal Tağıyevin aqibəti A.Axundovdan da pis oldu. Ondan kifayət qədər istifadə etdikdən və lazım olanı ondan aldıqdan sonra 26 iyun 1940-cı il tarixli qərarla Z. Tağıyev də həbs olundu və güllələndi. A.Axundovun həbsindən sonra həmin agentin verdiyi ifadələr istintaq işində yer almasına baxmayaraq, Z. Tağıyevin 09.10.1938 tarixli ifadəsi yoxdur. O da bəlli idi ki, Z.Tağıyev ilk dindirmələr zamanı artıq edam edlmiş İbad Əliyevə istinad edirdi. Bəraət prosesi zamanı İbad Əliyevin A. Axundov haqqında heç bir söz söyləmədiyi ortaya çıxdı.
Ağa Axundovun həbs tarixi naməlumdur
Ağa Axundovun istintaq işi Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsi (NKVD UQB) 3-cü Şöbəsinin rəhbəri Meşşeryakov tərəfindən hazırlanan "İnqilab əleyhdarı fəaliyyətlərindən bəhs edən" hesabatla başlayır. Tarixlər tamamilə qarışıqdır: fərdi axtarış protokolu – 14 oktyabr, həbsinə sanksiya – 22 oktyabr, yuxarıda məlumat verilən hesabat və xalq komissarı Rayev tərəfindən imzalanmış həbs haqqında qərar – 16 oktyabr tarixi daşıyır. Beləliklə, həbs tarixi qəti olaraq bilinmir, təxminən 1938-ci il oktyabr ayına təsadüf edir.
İstintaq işi, ümumiyyətlə, 3-cü Şöbənin əməkdaşı Kovrıjenko tərəfindən icra edilib. Onun soyadına Əhməd Cavadın bəraət işində də rast gəlinir. Orada qeyd edilir ki, bu “KQB” leytenatı 1937-ci ildə Kirovabadda (Gəncədə) xidmət etmiş və xüsusi olaraq kütləvi həbslər üçün göndərilmişdi. 1938-ci ildə Azərbaycan SSR NKVD-sinin (DİXK-nın) bir sıra zabitləri həbs olunduğundan boşluq yarandığı üçün Bakıya göndərildi. Bu istintaq işinə sabiq məhbuslardan Əliyevin onun etdiyi zülmlərə dair ifadəsi əlavə edildi. Ağa Axundova da fiziki güc tətbiq edildi.
Casusluq və pozuculuq ittihamı
Təxribatçı Z.Tağıyevin ifadələri əsasında istintaq A.Axundovun fəaliyyətini əvvəlcə üç istiqamət üzrə araşdırmağa başladı: XX əsrin əvvəllərində İran əlaqələri, 1925-ci ildə xaricə getməsi və son illərdə Sənaye İnstitutundakı "zərərli" fəaliyyəti. İnqilab öncəsi fəaliyyət dövrü ilə istintaq heç maraqlanmadı. Amma "Əhrar"a üzv olması və texnikumda müsavatçılarla əlaqələri ilə xüsusilə maraqlanırdılar. Artıq 20 oktyabrdakı ilk dindirmədə A.Axundov günahını “etiraf etdi”. 1921-ci ildən 1923-cü ilə qədər İranın Bakıdakı baş konsulunun müavini Mövsüm Xanla əlaqələri barədə məlumat tələb edildi. Bakının neft sənayesi ilə əlaqədar bir "casusluq" məlumatı verdiyini dərhal “etiraf etdi”, ancaq 1923-ci ildə İranın baş konsulunun müavini Bakıdan getdikdən sonra "casusluq" fəaliyyətinin sona çatdığını sübut etməyə çalışdı.
Bundan sonra Kovrijenko dərhal "alman kəşfiyyat xidməti lehinə casusluq fəaliyyəti" haqqında məlumat istədi. A.Axundov artıq ilk dindirmədə 1925-ci ildə Berlində Bakı elektrik qatarına dair məlumat verdiyini söyləmək məcburiyyətində qaldı. Sonrakı sorğu zamanı 22 oktyabrda ifadə etdi ki, guya daha sonra Bakıda yaşayan bir alman qadın, həkim Şahsuvarovun həyat yoldaşı vasitəçiliyi ilə alman kəşfiyyatı ilə təmasa keçib. 1937-ci ildə qadın Almaniyaya getdiyi üçün bu ifadə ona zərər verə bilməzdi. Onun B.Çobanzadə və ya Ə. Qubaydullinlə əlaqələrinə gəlincə, A.Axundov etirafı yumşaltmağa çalışaraq, onlar vasitəsilə heç bir təşkilata üzv olmadığını, yalnız məlumat toplamaq "vəzifəsi" aldığını söylədi.
Ancaq A.Axundovun hər yeni dindirilməsi zamanı daha çoxunu tələb edirdilər: o, Almaniyaya göndərdiyi "casusluq məlumatları”nı və görüşdüyü şəxslərin siyahısını yazmaq məcburiyyətində qaldı. Bu dəfə "casusluq işində onunla əlaqəli" olanlardan yalnız məhbus İbad Əliyevin adını verdi. Bunun əvəzində xəbərdarlıq edildi: "Sən düzünü demirsən".
"Təxribat"ı bir rus, bir yəhudi və bir erməni araşdırdı
Noyabr ayının sonlarında "casusluq fəaliyyəti" haqqında məlumat artıq kifayət qədər idi və Kovrıjenko Sənaye İnstitutunda "təxribat" üzərində dayandı. 23 noyabr 1938-ci il tarixindədki dindirmə zamanı o, 1936-cı ilin aprel və ya may aylarında institutun rektoru İ.Axundzadənin təsiri ilə “gizli təşkilat”a üzv olduğunu söyləmək məcburiyyətində qaldı. 1936-cı ilə qədər "gizli millətçi" təşkilatlara və onlara üzv olduğu barədə ifadə vermək tələb edildi, lakin A. Axundov müvafiq ifadə vermədi. Ancaq o, Axundzadənin "Azərbaycan xalqının əzilməsindən" danışdığını söylədi.
Bu kimi məlumatlara inanmaq mümkün ola bilər. Daha sonra irəli sürülən iddialar isə məqsədli bir qurğudur: guya rektor İ.Axundzadə rəhbərliyi altında olan dekanlardan xüsusi olaraq tələbələrin məzun olmalarını gecikdirməyi və məzunlar arasında azərbaycanlıların sayını azaltmaqla narazılıq yaratmağı tələb edirdi. Onu xatırlatmaq yerinə düşər ki, istintaq işində İ.Axunzadənin belə bir ifadəsi yoxdur. O vaxta qədər İ.Axundzadə artıq edam edilmişdi.
Bundan sonra istintaq Sənaye İnstitutundan birbaşa məlumat tələb etdi. Dekabrın 8-də Kovrıjenko və Meşseryakov Sənaye İnstitutunda xüsusi komissiyanın yaradılmasına dair qərar verdi. Bu zamana qədər Rayev onsuz da Mircəfər Bağırovun otağında həbs olunmuşdu və tezliklə güllələndi. Komissiya haqqında qərarı Xalq komissarı vəzifəsini icra edən R .Markaryan təsdiqlədi. O da M.Bağırov ilə birlikdə 1956-ci ildə edam edildi.
Komissiyanın dekabrın 7-də işə başlaması və dekabrın 10-da işi başa çatdırması üçün yekun qərar qəbul edildi. Komissiyaya Sənaye İnstitutunun üç üzvü daxil idi. Soyadlara baxanda hər şey məlum olur: rus, yəhudi və erməni. 9 dekabr tarixində protokollar imzalandı və işə əlavə edildi. Protokolda onun professor olaraq çalışdığı fakültə və kafedrada bir çox çatışmazlıqlar sadalandı: düzgün təhsil proqramları və kafedranın açıq tədris layihələri yoxdur, kafedranın işlərinin fakültə
iclaslarında müzakirəsi, diplom işlərinin müdafiə etmələri pis təşkil edilib, bir çox davamiyyət problemləri olub. Lakin birbaşa sabotaj üçün heç bir dəlil tapılmadı. Yekun qərar: "dekan A.Axundovun məsuliyyətsizliyi ilə işə səhlənkar yanaşma", amma "A.Axundovun fakültədə pozuculuq məqsədli fəaliyyətindən şübhə etmək" mümkündür.
Markaryanın göstərişi yerinə yetirildi
İstintaq işinə A. Axundovun həbsindən əvvəlki dövrə aid kritik materiallar da əlavə olundu: dekan vəzifəsindən çıxarmaq üçün komissiyanın nəticələri, məşhur qəzetlərin birinə aid məqalə və s. Bu məşhur qəzetdə gedən məqalədə professorun guya "ifrat millətçi tələbə Nasrullayevi himayə altına aldı" ifadəsini saymasaq, bütün tənqidlər siyasi deyil, tamamilə praktik bir təbiətə malikdir. İnstitut Partiya Komitəsi A.Axundovun dekan vəzifəsindən uzaqlaşdırma barədə qərar qəbul edərkən fəaliyyətində “təxribat” izi tapılmadı. Ancaq A. Axundovun həbs olunmasından dərhal sonra toplaşan partiya komitəsinin protokolunda çox fərqli qiymətləndirmələr yer alır. Burada, "tələbələr arasında süni bir narazılıq yaratmaq" məqsədilə professorun "pozuculuq fəaliyyətləri" haqqında bəhs edilməklə, açıq şəkildə NKVD tərzi bir ifadə təkrarlandı. Xatırladaq ki, protokolda sadalanan partiya komitəsi üzvləri arasında heç bir azərbaycanlı soyadı yoxdur.
16 dekabr 1938-ci il tarixində Kovrıjenko və Meşşeryakov Markaryan tərəfindən işarə edilmiş bəndlərin sıralandığı iddianaməni tərtib etdilər. İlkin istintaqda irəli sürülən Azərbaycan SSR Cinayət Məcəlləsinin 64 və 73-cü maddələrinə 68 və 69-cu maddələr də əlavə edildi. Ancaq 16 və 21 dekabr 1938-ci il tarixlərində Kovrıjenko hələ A.Axundovu dindirməyə davam edir, xüsusilə şübhəlinin qəbul etdiyi ittiham mətnini ona göstərirdi. O vaxt üçün yeni olan Z.Tağıyevin istintaq ifadələri də işə əlavə edildi. O bu istintaq işində, ümumiyyətlə, 1925-ci ildə Almaniyaya səfər əsnasında Ağa Axundovun "gizli millətçi" təşkilatla əlaqə qurduğu barədə ifadə verdi.
Eyni zamanda "Lümer" şirkəti üzrə sabiq şəriki 1937-ci ildən həbsdə olan A. Mahmudbəyov da istintaq işinə cəlb edildi. 1932–1934-cü illərdə həbs olunduqdan sonra Ağa Axundov ona baş çəkməkdən imtina etmişdi. 17 dekabr 1938-ci il tarixində A. Mahmudbəyov bu istintaq işi üçün ifadə verdi, amma dörd ay sonra məhkəmə iclasının protokolunda "vəfat etmiş" deyə qeyd var. A. Axundov haqqında o yalnız inqilaba qədər Almaniya pərəstişkarı olduğunu söyləyərək bu istintaq üçün əhəmiyyətli heç bir məsələ bildirmədi.
“İfadələri fiziki təzyiq altında imzaladım”
A. Axundovun istintaq işi üzrə istintaqın başa çatmasına dair protokol 21 dekabr 1938-ci il tarixində imzalanib. 26 dekabr 1938-ci il tarixində Kovrıjenko və Meşşeryakovun tərtib etdiyi iddianamə 28 dekabr 1938-ci il tarixində Markaryan tərəfindən təsdiqləndi. Bu sənədlərdə yeni heç nə yoxdur. Məhkəmənin gecikmə səbəbləri naməlum olsa da, nəhayət, 16 aprel 1939-cu il tarixində
baş tutdu. O vaxta qədər repressiya dalğasının əvvəlki gərginliyi və sürəti azalmağa başladı. Artıq 1 dekabr 1934-ci il tarixli fərman əsas gətirilmirdi, şahidlərin məhkəməyə çağırılmasında formallıq sayının artmasını müşahidə etmək mümkün idi.
Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının səyyar iclası 16 aprel 1939-cu ildə Bakıda keçirildi. Məhkəmədə şahid qismində çıxış edənlər arasında Ağa Axundovla birgə işlədiyi həmkarları, tələbələri, o cümlədən ekspert komissiyasının üzvləri də var idi. Müttəhim istintaq zamanı verdiyi bütün iddiaları rədd etdi: "Mən döyüldükdən sonra sonra o ifadələri verdim", "Casusluq haqqında məlumatları özüm uydurdum", "Bu yazıldığı zaman, mən elə bir haldaydım ki, yalnız istintaqın tamamlanması üçün hər şey demək istəyirdim”, “Tağıyev məşhur yalançı və bir təxribatçıdır”. Şahidlər ittihamın heç bir bəndini təsdiq etmədilər, hətta onlardan biri Professorun "millətçiliyi" haqqında heç bir şey bilmədiyini söylədi. Təsdiq edilən tək həqiqət daha əvvəl həbs olunan rektor İ.Axundzadə ilə dostluq münasibətlərinin olmasıydı.
1937-ci ildə və daha çox 1938-ci ilin əvvəlindən etibarən şübhəlilərin bir çox hallarda ifadələrindən imtina etməsi mümkündü. Amma məhkəmə üçün bunların heç bir mənası yox idi. Bununla yanaşı, Azərbaycan SSR Cinayət Məcəlləsinin həmin maddələri üçün artıq nadir hallarda edam cəzası verilə bilərdi. Hakimlər – Parsadanov, Vixlyayev və Strajkin əvvəlcədən hazırlanan hökmü təsdiqlədilər: 15 il həbs düşərgəsı cəzası.
Cavabsız ərizələr və jurnalda çap olunan “məxfi məlumatlar”
Təxminən altı il həbs düşərgəsində cəza çəkəndən sonra A. Axundovun həyat yoldaşının yazdığı 1 mart 1945 tarixinə aid olan sənəddə ərinin günahsızlığı və təxribatçı Z. Tağıyevin ona böhtan atdığı haqqında Azərbaycan SSR NKVD-sinə şikayətdə qeyd edilir ki, indi əri Kanskda Texniki Büroda mühəndis vəzifəsində çalışır (Krasnoyarsk diyarı) və hətta onun işi yüksək qiymətləndirilib. Həmin ilin 29 may tarixində müstəntiq Belopolov tərəfindən bu şikayət ərizəsi üzrə hesabat tərtib edildi və onu Xalq komissarı Yemelyanov təsdiqlədi. Onu xatırlatmaqda fayda var ki, hesabatda B.Çobanzadə və Ə. Qubaydulinin ifadələrindən bəhs edilir və müəyyən olunur: "Diqqətdən kənarda saxlamaq".
Üç il sonra, 1948-ci ildə A. Axundovun özü SSRİ Dövlət təhlükəsizlik naziri V. Abakumova bir ərizə yazdı. Yazır ki, günahkar deyil və təxribatçıların böhtanına məruz qalmış, fiziki təzyiqin təsiri və cəza üsulları altında özünü günahkar vəziyyətinə salmışdır. Xatırladılır ki, onun həbs əmrini verən Rayev və digərləri "onsuz da cəzalarını almışlar". Ona qarşı millətçilik iddilarına qarşı belə bir arqumenti qeyd edir ki, "rus dili, hətta bizim ailədə danışıq dilidir" və bu səbəbdən, mən millətçi ola bilmərəm. A. Axundov yazır ki, lap əvvəldən həbs düşərgəsində xəstə olduğu qəbul edilib, 3 may 1948-ci il tarixindən sənədlə təsdiq edilsə də, yəni düşərgədən kənarda fəaliyyət icazəsi verilsə də, bu
yerinə yetirilmir. O xəstəlikdən şikayət edir və "həyatının son günlərini Sovet vətəndaşı olaraq yaşamaq" üçün bir fürsət verilməsini tələb edir.
Ərizədə diqqət çəkən başqa bir arqument də maraqlıdır. A. Axundov yazır ki, iddia edildiyinin əksinə olaraq, almanlara dövlətin sirrindən deyil, heç bir əhəmiyyətə malik olmayan məlumatlardan danışıb. Əslində isə 1925-ci ildə Bakı elektrik qatarının sirlərini verə bilməzdi, şünki bu layihə daha sonra ortaya çıxmışdı. Amma nə 1938-ci ildə, nə də 1948-ci ildə bu "məlumat"la heç kim maraqlanmadı. Həmin vaxt diqqətdən kənar qalsa da, 1956-ci ildə bəraət qərarına əlavə olunan xüsusi hesabat köməyə gəldi: “İddia edilən gizli məlumatlar əslində "Elektrik stansiyaları" jurnalında nəşr olunmuşdu və Bakı ətrafında elektrik dəmiryol xətti 1926-ci ildə inşa edilmişdi”.
Son məkanı Sibirdəki həbs düşərgəsi oldu
Bəlkə də sorğu zamanı döyülmüş professor qəsdən bu yalan ifadələri verdi. O ümid edirdi ki, daha sonra onu inkar etmək asan olardı. Ona görə ki, bəzi sabiq məhbusların xatirələrində bənzər davranışlar məlum idi. SSRİ-nin Dövlət Təhlükəsizlik Nazirliyinə A. Axundovun yazdığı 29.10.1948-ci il tarixli ərizə baxılmaq üçün Azərbaycan Dövlət Təhlükəsizlik Nazirliyi göndərildi, yəni şikayət ərizəsi şikayət edilənə göndərildi. Nazirliyin İstintaq İdarəsi 04.12.1948-ci il tarixində Yemelyanov tərəfindən təsdiqlənən hesabat tərtib etdi.
Bir il sonra, Ağa Axundov üçün artıq ədalətin bərpasını mənasız edən hadisə oldu: 25 oktyabr 1949 tarixində biliyindən həbs düşərgəsində də istifadə olunan professor vəfat etdi. 67 yaşında idi, 11 il düşərgədə həbs cəzası çəkdi. Ümumi bəraət dövründə dul həyat yoldaşı və üç böyük uşağı ölümündən sonra, A. Axundovun şərəfli adını geri qaytarmaq üçün əmək sərf etməyə başladı. Vəziyyət indi fərqli idi. 18 fevral 1955-ci il tarixində ailəsi Azərbaycan “KQB”-sinin başçısı A. Quskova bir ərizə göndərdi. Yəqin ki, baxılan istintaq işlərinin sayının həddindən artıq çox olması onun baxılmasını bir il uzatdı.
1938-ci ildə qurulan mütəxəssis komissiyasının üç üzvündən ikisi tapıldı, hər ikisi də həmin institutda işləməyə davam edirdi. Onlar etiraf etdilər ki, iş zamanı bu nöqsanlar vardı, ancaq onların "təxribat" xüsusiyyəti olmayıb, "bir çoxu indi də mövcuddur". A. Axundovun casusluq fəaliyyətinin olub-olmadığına dair Daxili İşlər Nazirliyinin arxivlərindən bir məktub var idi, onun üzərində dərkənar da professorun günahsızlığını sübut edir: "Aşkarlanmadı". Bu bəraət üçün kifayət idi. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 11 avqust 1956-ci il tarixli qərarı ilə Ağa Axundova bəraət verildi.
Azərbaycanda elektrotexnika elminin banisi
Sonda Azərbaycanın ilk ali təhsilli və məhsuldar energetiklərdən, Azərbaycan dilində texniki təhsilin təşkilatçılarından biri olan Ağa Axundovun gördüyü mühüm işlər barədə qısa məlumat
vermək yerinı düşər. A. Axundov Bakının bir sıra elektrik stansiyaları, işıqlandırma və güc qurğularının layihəsini hazırlayıb. Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin – N. Nərimanov adına Bakı Sənaye Texnikumunun banisi və direktoru, 1934–1938-ci illərdə Azərbaycan Sənaye İnstitutunda fakültə dekanı, eyni zamanda Zaqafqaziya Dəmiryol Mühəndisləri İnstitutunun professoru olub.
10 dil bilən poliqlot Ağa Axundov Azərbaycan dilində ilk dəfə xüsusi texniki və elektrotexniki terminlər lüğətini tərtib edir. Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi olub. O, Krasnoyarsk həbs düşərgəsində də çalışır, öyrədir, tətbiq edir, həmin düşərgənin texniki şöbəsində rəis müavini işləyirdi. Alimin vəfatından sonra onun ailəsinə Krasnoyarsk düşərgəsinin rəisi tərəfindən başsağlığı göndərilmişdi.
Eyni zamanda Cenevrə elmi cəmiyyətinin üzvü olan Ağa Axundov Luqanoda ilk Su Elektrik Stansiyasının layihəsinin müəllifi kimi məşhurdur (layihənin müəllifi kimi bu gün də Luqanoda xatirə lövhəsi vardır). A.Axundovun orijinal layihələrindən biri də Hollandiyada salınmış körpüdür. Körpü bu gün də turistlərin diqqətin cəlb edir. Professor A. Axundov Tamara Axundova ilə ailə həyatı qurmuşdu. Onların Davud Axundov, Fuad Axundov adlı oğulları, Elmira Axundova adlı qızları vardı.
Strategiya.az
“Amulsar” qızıl mədəni məsələsi N.Paşinyanın sonunu yaxınlaşdırır
24 aprel 1915-ci il tarixinin özü erməni saxtakarlığını ifşa edir
VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM