QANİÇƏN REJİMƏ MEYDAN OXUYAN PEDAQOQ

08:25 / 28.12.2017

Repressiyanın 80-ci ili (X yazı)

 

 

1937-ci ildə başlanan repressiya dalğasında yalnız Azərbaycanın tanınmış şairləri, yazıçıları, dövlət xadimləri, mədəniyyət və elm nümayəndələri zərər görmədi. “Xalq düşməni” elan edilən tanınmışların yaxınları da repressiyaya məruz qaldılar. Vəziyyət o yerdə idi ki, adi pedaqoq da kiminsə qohumu olduğuna görə işdən çıxarılır, etiraz edəndə də cəzası verilirdi. O dövrdə repressiyaya məruz qalsa da, çox kişidən daha qeyrətli hərəkətinə görə, xüsusilə xatırlatmağa ehtiyac duyulan bir qadın var. Mikayıl Müşfiqin bacısı Balacaxanım Qədir gızı İsmayılova-Şükürlünün (istintaq işində adı belə keçir) 28895 nömrəli istintaq işi bir qadının repressiya rejiminə meydan oxuması, həmçinin o dövrdəki vəziyyəti əks etdirmək baxımından doğrudan da maraqlıdır.

 

Şairin yaxınları məhv edildi

 

Həmin işə nəzər yetirməzdən əvvəl onu qeyd etmək gərəkdir ki, Mikayıl Müşfiqin həbsindən sonra onun ən yaxınları da təzyiqə məruz qaldılar. Görünən odur ki, M.Bağırov şairin təkcə özünü yox, nəslini yox etməyi qarşısına məqsəd qoymuşdu. M. Müşfiq həbs ediləndən az sonra 32 yaşlı böyük qardaşı Mirzə, bacıları – 30 yaşlı Böyükxanım və 29 yaşlı Balacaxanım, 16 yaşlı əmisi oğlu Yunis Dağlı repressiyaya məruz qaldılar. Mirzə Astarada hesabdar işləyirdi, elə oradaca yoxa çıxdı. Yunis 11 il həbs və sürgün həyatı keçirib qayıtdı. 30 yaşı olan Böyükxanım bibisi oğlu Zeynalabdində ərdə idi. Əri işdə olarkən, Böyükxanımı həbs etmək üçün gəlirlər. Evdə axtarış aparılır, şəkillər, kitablar müsadirə olunur. Böyükxanım paltar dəyişmək bəhanəsilə yan otağa keçir. Nefti üstünə tökür, həyətə çıxaraq özünü odlayır. Böyükxanım son nəfəsdə: "Müşfiqə canım fəda olsun", – deyir.

 

Müşfiq bacısını təhlükədən xilas etmək istədi

 

M.Müşfiqin istintaqı zamanı ona kiçik bacısı Balacaxanımın həyat yoldaşı, Bakı məktəblərinin birində müəllim işləyən Şükür Şükürlünü həbs etmək üçün bir çox suallar verilmişdi: “İstintaqa məlumdur ki, siz Şükür Şükürlünü əksinqilabi millətçi təşkilata cəlb etmisiniz. Bunu etiraf edirsinizmi?”. Onun qarşısına guya gizli təşkilata cəlb etdikləri arasında bacısını ərinin də olduğu barədə şahid qeydləri irəli sürsələr də, bacısını təhlükədən xilas etmək üçün Mikayıl Müşfiq bütün iddiaları rədd etmişdi. Onda Müşfiq bilmirdi ki, kiçik bacısı Balacaxanım artıq həbsdədir. Şükür Şükürlü isə ondan sonra həbs edilmişdi.

Balacaxanımın istintaqda ifadəsinə görə, müəllim olan atası 1914-ci ildə vəfat emiş, qardaşı kimi o da ailə peşəsi olan müəllimliyi seçmişdi. Anketin "təhsil" qisimində "orta" yazılmışdı, digər bir yerdə, sonra 1937-ci ildə onun Pedaqoji İnstitutundan məzun olduğu (görünür, qiyabi) qeyd edilmişdi.

Balacaxanım Bakı məktəblərində Azərbaycan dili və ədəbiyyat fənlərindən dərs deyirdi. Onun da qardaşı Müşfiq kimi şeirlərini nəşr etdirdiyi deyilir, ancaq bu istintaq işində əksini tapmayıb. Əri Şükür Şükürlü də müəllim idi. Uşaqları yox idi. 1937-ci ilədək məhkum edilməmişdi, bitərəf idi və NKVD-nin diqqəti (qardaşının istintaq işində xüsusi qeyd edilməmişdi) xaricində idi. Bu çox nadir bir hadisə idi. Bununla belə, Balacaxanımın özü bir çoxları kimi, susmaq əvəzinə etiraz səsini ucaltdı və bununla da özünü “repressiya maşınının təkərləri” altına atdı.

 

Haqsızlıqla barışmayan müəllimə

 

Onun NKVD-nin diqqətini cəlb etdiyi hadisə belə olmuşdu. Mikayıl Müşfiqin həbsindən sonra 8 saylı məktəbdə müəllimə işləyən Balacaxanım İsmayılzadə-Şükürlü məhz qardaşına görə

işdən xaric edilir. Dindirmə zamanı B.Şükürlünün verdiyi ifadəyə görə, qardaşının həbs olunmasından üç ay sonra, 9 sentyabr 1937-ci il tarixində səhər işə getmiş, ancaq onun dərsə girməyə icazə verilməmişdi.

Qardaşına görə işdən çıxarılan Balacaxanım qeyd edir ki, o, əsəbi olub və özünü döyməyə başlayıb. Buna qədər onun bacısı Böyükxanım özünü yandırmışdı. Bu faciəli hadisənin də təsiri də olmamış deyil. İşdən azad edildiyini bilən Balacaxanım Şükürlü həmin gün Bakı şəhərinin o vaxtkı Voroşilov rayon (keçmiş 26 Bakı Komissarı, indiki Səbail) Xalq maarif şöbəsinin müdiri Səkinə Axundovaya müraciət edir.

İstintaq işində bundan sonra şikayətçi tərəflərin və şahidlərin ifadəsinə yer verilir. İstintaq işninin tərtibat və savad baxımından ən aşağı səviyyədə olduğunu xatırlatmaq o dövrdə vəzifədə oturan milis və təhsil işçilərinin təhsil cəhətdən hansı səviyyədə olduğunu göstərir. Eyni zamanda, demək olar ki, bütün iştirakçıların rus dilini zəif bildiklərini bütün qeydlərdə görmək mümkündür. Müstəntiqlər və öz əl yazısı ilə ifadəsini yazan Maarif şöbəsinin müdiri başda olmaqla şahidlərin də rus orfografiyası və yazı üslubunu aşağı səviyyədə mənimsəməsi göz qabağında idi.

 

Qrafin atılıb, düşüb, yoxsa...

 

S.Axundova ifadəsində Balacaxanımın otağına gələrək ondan kim tərəfindən işdən çıxarıldığını soruşduğunu və səbəbi kimi "qardaşının ifşa olunduğu və həbs ediliyini" xatırlatdığını gizlətmir: "Mən ona söylədim ki, səni işdən mən çıxartmışam". Sonra Balacaxanım "Mənə bir çox təhdidlər yağdırdı və eyni zamanda müxtəlif antisovet və antiinqilabçı sözlər işlətməyə başladı. Yumruqlarını stola vurdu. Daha sonra mürəkkəbqabını əlinə aldı. Mürəkkəbqabı ilə mənə vurmaq istədi, amma otağımda olanların müdaxiləsi ilə bunun qarşısı alındı. Məni mürəkkəbqabı ilə vura bilmədi”.

Əslində S.Axundova onu təhqir edir. Balacaxanım daha dözə bilməyib stolun üstündəki mürəkkəbqabını çırpır. Özü də hirsini soyutmaq üçün dəhlizə çıxır, oradakı kresloda əyləşir. O dövrdə Voroşilov Rayon Maarif Şöbəsi (RONO) 1-ci mərtəbədə, Voroşilov Rayon Partiya Komitəsi isə 2-ci mərtəbədə yerləşirdi. Balacaxanım görür ki, S. Axundova kabinetindən çıxıb katibin otağına gedir. O da onun dalınca kabinetə daxil olur. Müəllimə Voroşilov Rayon Partiya Komitəsinin katibi Okinşeviçdən (bu onun digər istintaq işlərindəki soyadının düzgün yazılış formasıdır) niyə işdən azad edildiyini soruşur, o isə Balacaxanımdan otağı tərk etməsini əmr edir. S. Axundovanın ifadəsinə görə, daha sonra "o yenə mənim otağımda dediyi eyni antisovet, antiinqilabçı şüarları səsləndirməyə başladı. Amma B.Şükürlü ifadəsində başqa şey deyir: “Mübahisə əsnasında mən də hiddətlənib Okinşeviçin stolunun üstündən su qrafinini götürüb stolun üzərinə vurdum”.

 

Katib müəlliməni kabinetində döydürür

 

Daha sonra müstəntiqlər tərəfindən qeydə alınan bir izahatda Balacaxanım özü hadisəni danışır və gözümüzün qarşısında kişiyə, özü də kitablarda tərifi verilən sovet kişisinə yaraşmayan bir mənzərə canlanır: KP katibi Onkişeviç iki adamı çağırır və onlar Balacaxanımı qonşu otağa aparır və divara söykəyərək döyməyə başlayırlar. Daha sonra Onkişeviç döyməyə ehtiyac olmadığını söyləyir. Milisə müraciət etməyi əmr edir və milislər müəlliməni rayon komitəsinin binasından idarəyə aparırlar. Bu vəziyyətdən məharətlə istifadə edən partiya katibi B.İsmayılzadənin hərəkətlərinə yuxarıdakı şəkildə don geyindirərək onu həbs etdirməyə müvəffəq olmuşdur. Bu azmış kimi, bir qrup öyrədilmiş şəxsi yanına çağırıb Balacaxanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəxslər tərəfindən rayon milis şöbəsinə müəllimənin xuliqanlıq hərəkəti barədə müraciət edilir.

İstintaq işinin 13-cü səhifəsində sentyabrın 9-da Bakının Voroşilov Rayon KP binasında nümayəndələrinin toplaşdığı qeyd edilir. Hamısı yekdilliklə kabinetdə hadisə olduğunu və "isterik qışqırıqlar" eşidildiyini, B.Şükürlünün vəzifəli şəxsləri "ədəbsiz sözlərlə çağırdığını" və "antisovet ifadələri" səsləndirdiyini təsdiqlədilər. 13 sentyabr 1937-ci ildə 3 saylı şəhər milis şöbəsi belə nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, müəllimə Balacaxanım Qədir qızı İsmayılzadə (Şükürlü) Axundova və Okinşeviçi təhqir etmiş, əksinqilabi,

antisovet sözlər demişdir. Qərara alınır ki, Balacaxanım İsmayılzadə (Şükürlü) həbs edilsin. Müəllimənin özü ittihamların mürəkkəbqabı və bir qrafinlə əlaqədar hissəsini inkar etmədi, amma heç kimi təhdid etmədiyini və antisovet ifadələri işlətmədiyini söylədi.

 

“Turetski” sözünü “Trotski”yə çevirən istintaq

 

Baxdığımız ifadələrin hamısı həcmcə çox kiçikdir və tamamilə saxta görünür. Belə ki, S.Axundova Şükürlüyə istinad etdərək guya "Yaxında burada Trotski oturacaq" sözləri işlətdiyi də həqiqəti əks etdirmir. "Sovet əleyhinə ifadələr" S.Axundova tərəfindən qəsdən şişirdilmişdir. Balacaxanım ifadəsində deyir: “Okinşeviçə dedim ki, “əgər mənim sözlərimi başa düşmürsünüz, o zaman buradan siz durun (Okinşeviç əslən Odessadan olan yəhudilərdən idi), bir azərbaycanlı otursun, çünki bura Azərbaycandır. Bura “turetski” şəhərdir, burada azərbaycanlı olmalıdır, nəinki siz. Mənim dediyim "turetski şəhər" sözlərinə görə, raykomda mənə “trotskiçi” adı qoydular”.

Onun haqqında müxtəlif şahidlərin ifadələrində, Trotskinin adını istisna olmaqla, hətta S.Axundovanın və başqalarının ifadələrində də antisovet və antikommunist heç nə yoxdur. B.Şükürlünün bütün ifadələri antirus və ya antisemitikdir (Okinşeviçə qarşı). S.Axundova onun inqilab əleyhinə bu sözləri işlətdiyini ifadə edir: "Qardaşım həbsxanadadır, o türk xalqının xeyrinə işləyir və ancaq siz türklər ruslara satıldınız. Bizim Türkiyəmiz, İranımız var və sizi yox edəcəyik". Digər şahidlər Balacaxanımın adından bu sözləri çatdırır: "Siz cibinizdə qırmızı bilet gəzdirirsiniz və siz türkləri Tambov ruslarına satdıınz. Biz sizə göstərəcəyik ... Siz rus xalqının diktəsi altındasınız. Bakı rus şəhəri oldu ... Bütün türklər həbs olundu". Buradakı ifadələrə bəlkə də bəzi əlavələr edildi, ancaq bunların bəzisi həqiqət də ola bilər.

Çünki təzyiq altinda deyildiyi güman edilməyən ifadələrində Balacaxanım bəzi sözləri söylədiyini bəzi kişilərdən fərqli olaraq çəkinmədən deyir: “Okinşeviçin kabinetində söz soruşanda o mənə dedi ki, sən xalq düşmənisən. Mən də onun sözlərindən hiddətlənib dedim ki, sən özün "vraq narodasan", çünki sizə şikayət olanda heç əhəmiyyət vermirsiniz. Eyni zamanda azərbaycalılara əhəmiyyət vermirsiniz. S. Axundova mənə cavab vermədikdə mən ona dedim ki, sənin baban axunddur, nəyə görə sən cibinə qırmızı bilet qoymusan və nəyə görə firqəyə keçmisən, onda sənin də baban xalq düşmənidir. Həmçinin dedim ki, mən nə əfqan, nə Türkiyə təbəəsi deyiləm, mən azərbaycanlı olduğuma görə vətənimdən və cəmiyyətimdən ayrılmayacağam”.

 

Okinşeviçin soyadını “Ankişeviç” kimi yazan maarif müdiri

 

Aparılan ilkin istintaq zamanı dindirmə həbs olunmasından yalnız dörd gün sonra aparıldı. Həmin gün ittiham sənədi orataya çıxdı. Sənəd, ümumiyyətlə, S. Axundovanın eyni orfoqrafik səhvləri ilə yazılmış ifadələrindən ibarətdir: "Sovet əleyhdarı, inqilab əleyhdarı sözlər işlədərək, masanın üstündən qrafini qaparaq Ankişeviçə atdı... bir şübhəli olaraq və s.". S. Axundova və müstəntiqlər ən sadə sözləri belə düzgün yazmamışlar. Məsələn, o zaman tez-tez yazılan "antiinqilabçı" sözünü bir dəfə belə olsun düzgün yazmadılar. “Okinşeviç” sözünü Bakının mərkəzi rayonlarından birinin maarif müdiri S.Axundova həmişə “Ankişeviç” kimi yazmışdır.

Həmin sənədlərin içində Okinşeviçin kabinetində baş verən hadisə ilə bağlı olan akt da var. Akta rayon xalq maarif şöbəsinin müdiri Səkinə Rüstəm qızı Axundova, inşaatda fəhlə işləyən Vasili Straçennikov, 13 saylı məktəbin metodisti Sahib Hüseynov, 10 saylı məktəbin dərs hissə müdiri Çələbi Qasımov, teleqrafda texnik işləyən Mariya Tarasova, rayon partiya komitəsinin təlimatçısı Yakov Qolumb, şöbə müdiri Nataliya Abramova, Voroşilov rayonunda təbliğatçı işləyən Ruben Ayriyan və Simon Yüzbaşev imza atmışlar. Hadisənin bilavasitə iştirakçısı olan Okinşeviç nədənsə, akta imza atmır. Lakin bu hadisədən heç xəbəri olmayanları akta imza atmağa cəlb edirlər. Beləliklə, 9 nəfər – rus, yəhudi, erməni Balacaxanımın üzünə durdu, demədiyini boynuna qoydular.

 

Bir qrafinə görə 6 illik düşərgə cəzası

 

Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyasında baxılmaq üçün göndərilən istintaq işi əslində, fərqli qurumlar – daxili işlər və prokurorluq orqanları arasındakı gərginliyə görə ikinci mərhələyə qaldı. Nəticədə istintaq işi daxili işlər orqanından götürüldü və Voroşilov Rayon Prokurorluğuna təhvil verildi. 20 oktyabrda Balacaxanım yenidən (bu dəfə Azərbaycan dilində) müstəntiq Ələkbərov tərəfindən dindirildi. İttihamnamə 21 oktyabrda yenidən təsdiq edildi. Əvvəlki ilə müqayisədə dəyişiklik edildi: sənədlərdə adı açıqlanmayan, yəni naməlum "rayon partiya komitəsinin katibi" kimi təqdim edilən “Okinşeviç”in soyadı yox idi. Səbəbini anlamaq asandır, çünki Ağa Axundovun işinin bəraət qismində bu sual təsdiqini tapır: Okinşeviç repressiyaya məruz qalmışların siyahısındadır.

Azərbaycan SSR Ali Məhkəməsinin Xüsusi Kollegiyası 31 dekabr 1937 tarixində yığışdı. O zaman əhəmiyyətsiz kiçik istintaq işlərini Moskvaya göndərmirdilər. Bu iş, xüsusilə Axundova da daxil olmaqla, digər şahidlərin dəvəti ilə aşağı kateqoriyaya aid edildi. Amma ittihamnamədə B.İsmayılzadə (Şükürlü) «sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila» yazılması B.İsmayılzadənin “xuliqanlıq” etdiyinə görə yox, məhz “xalq düşməni” Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs olunmasını bir daha təsdiq edir. Bütün tərəflər dediklərini təsdiqlədilər. Hökmdə deyilirdi: "Sovet xalqlarına yönəldilən inqilab əleyhdarı milliyyətçi böhtanlara yer verdi, bəzi kapitalist dövlətləri və xalq düşmənlərini təriflədi". Şahverdiyanın sədrliyi ilə məhkəmə Balacaxanım Qədir qızı İsmayılzadənin altı il müddətinə azadlıqdan məhrum edilməsi üçün qərar çıxarır: “Hökmə etiraz qəbul edilmədən altı illik həbs düşərgəsi cəzası”. Hökmdə əmlakının müsadirə edilməsi nəzərdə tutlmasa da, B.Şükürlünün evindəki əşyalar sonradan itmişdi.

 

Arxangelsk, Şamaxı, Kokand və...

 

Mikayıl Müşfiqin qardaşının ölümü haqqında yuxarıda yazmışdıq. Ş.Şükürlünün ailəsinin taleyi də faciəli oldu. Balacaxanım həbs olunarkən əri Şükür Şükürlü həbs olunmadı. Digər məsələlərə əlavə olaraq, yuxarıda deyildiyi kimi, Mikayıl Muşfiqdən də kürəkəninin "əksinqilabçı" təşkilata qoşduğunu etiraf etməyi istənildi. Ancaq, o zamana qədər artıq sındırılmış şair, yenə də hər hansı bir səbəblə 27.10.1937-ci il tarixində yazdığı ifadədə şəxsi münasibətlərinin pis olduğunu əsas gətirərək hər hansı əməkdaşlığının olmadığını açıqladı. Bu da Şükür Şükürlünün köməyinə çata bilmədi və 1937-ci ilin noyabrında o da həbs olundu, 1938-ci ildə isə Sverdlovsk həbs düşərgələrindən birində edam edildi.

Balacaxanım Şükürlünün özü altı illik cəzasını Arxangelsk vilayətinin Plesetsk düşərgəsində çəkdi.1943-cü ildə sürgündən qayıtmamaq şərtilə, Plisetskaya stansiyasındakı məhbəs düşərgəsində tibb bacısı işlədi. Özbəkistanın Kokand şəhərində 1 may 1947-ci ilədək dərzi kimi fəaliyyət göstərdi.

B. Şükürlü 1947-ci ildə Azərbaycana qayıtdı, cəza müddəti başa çatsa da, Bakıda yaşamağa hüququ olmadığı üçün nəzarət altında Şamaxıya göndərildi. 1948-ci ildə Şamaxıdakı tibb bacısı ixtisası verən ikiillik məktəbə daxil oldu. Balacaxanım 1950-ci ildə Mərəzəyə işləməyə göndərildi. Bundan sonra o, Azərbaycanın kəndlərində tibb bacısı və həkim köməkçisi kimi doqquz il yorulmadan işlədi. 1954-cü il iyunun 5-də qadağa götürülsə də, yalnız 1956-cı ildə Bakıya qayıtdı. 24 avqust 1956-cı ildə Ortopediya və Cərrahi Bərpa İnstitutuna tibb bacısı vəzifəsinə işə düzəldi.

2 mart 1957-ci ildə qardaşı Mikayıl Müşfiq ölümündən sonra bəraət aldı. O da özünə bəraət verilməsi üçün ərizə göndərdi. Şahidlər axtarmağa başalandı. Onların arasında S.Axundovanın soyadı artıq qeyd olunmayıb və onun taleyinin də Okinşeviçinkinə oxşar olub-olmadığını bilmirik. Ancaq hadisəni eşidənlər və şahidlik edənlər arasında bir neçə nəfəri tapdılar. Onların əksəriyyəti özlərinin 1937-ci ildəki ifadələrini təsdiqlədilər. Onlardan biri, müəllimənin (B.Şükürlünün) əsəb böhranı keçirdiyi üçün belə hərəkət etdiyini izah etdi və bəraət verilməsini istədi.

 

20 ildən sonra əldə edilən bəraət

 

Azərbaycan SSR DTK İstintaq İdarəsinin 14.05.1957-ci il tarixli hesabatında bunlara yer verildi: "İsmayılova-Şükürlünün... inqilab əleyhdarı bir cinayət törətmək üçün pis bir niyyəti olduğu güman edilmir... İstintaq materialları və dindirmələrdə müəyyən olur ki, İsmayılova-Şükürlü

antisovet xüsusiyyətli düşüncələri və bu hərəkətləri qardaşı və onunla əlaqədar qeyri-qanuni hərəkətlərdən yaranan ağır şəxsi problemləri səbəbiylə ortaya qoydu... İttihamlar sübut edilmədiyi üçün işin qüvvədən düşmüş hesab edilməsi lazımdır". Biz qəbul etməliyik ki, KQB-nin necə qiymətləndirilməsindən asılı olmayaraq burada düzgün qərar verilib.

Lakin hələ hamısı deyildi. İstintaq işi bu məsələdə (onun antisemit çıxışı nəzərdən qaçmamışdı) fərqli bir fikirdə olan Azərbaycan Sovet Sosialist Respublikası Prokurorluğuna sövq edildi. Respublika prokuroru vəzifəsini əvəz edən Polyanski şahidlərdən yeni bir ifadə tələb etdi. Təkrar ifadələr həqiqətən yeni heç nə vermədi. Nəticədə İsmayılova-Şükürlü Balacaxanım Qədir qızının bəraəti üçün yenidən məhkəmə araşdırmasına zəmin olmaması səbəbindən icazə verilmədi. 1957-ci ildəki sənəddə ifadə edilirdi ki, Balacaxanım yəhudilərin əleyhinə söyüşlər söyüb.

Mübahisəli istintaq işi 20 dekabr 1957-ci il tarixində Azərbaycan Sovet Sosialist Respublikası Ali Məhkəməsinə göndərildi. Prokurorluğun deyil, KQB-nin fikirləri qəbul edildi. İstintaq işi ittihamların qanunsuz olduğu səbəbindən qüvvədən düşmüş hesab edildi. Balacaxanımın sonrakı həyatı və onun ölüm tarixini biz bilmirik. Məlum olan odur ki, 5 yanvar 1938-ci ildə güllələnən şair bəraət alanda Balacaxanımı DTK-ya dəvət edilir və Balacaxanım orada belə bir qəbz yazıb qoyur: "Mən, İsmayılova Balacaxanım Qədir qızı həmin qəbzi ondan ötrü verirəm ki, mənim qardaşım Mikayıl Müşfiq Qədir oğlu İsmayılzadə bəraət almışdır. Bu barədə məlum edirəm ki, Mikayıl Müşfiqin heç kəsi yoxdur, ailəsindən ancaq bir mən qalmışam. Onun yoldaşı Axundova Dilbər o vaxtdan ərə getmiş, Kirovabad şəhərində yaşayır. Evdə qalan şeylər Mikayıl Müşfiqindir... Qalan şeylərə mənim ehtiyacım yoxdur”. Balacaxanım qardaşının əmlakının dəyəri çox olsa da, "qardaşlarımın, bacımın qanpulu bahasına olan əmlak mənə lazım deyil", – söyləyərək əmlakdan imtina edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM