1937-ci ildə güllələnən general-mayor Qambay Vəzirov Azərbaycan hərb tarixində mühüm rolu olan sərkərdələrdəndir
Tarixə 37-ci il repressiyası kimi düşən həmin məşum kampaniya Sovet rejiminin rəhbərliyi tərəfindən II Dünya müharibəsinə qədərki dövrdə və ondan sonra da davam etdirilib. Siyasi repressiya qurbanlarının anım gününün də Sovet rejimi ilə bağlı olması təsadüfi deyil. Çünki tarixdə ən çox Sovet ittifaqında, xüsusilə İ.Stalinin hakimiyyəti dövründə ölkəsinə və xalqına böyük töhfələr verən, hələ gənc yaşlarındakı istetdadlı şəxslər heç bir günahı olmadan, saxta ittihamlarla repressiya qurbanına çevriliblər.
SSRİ-nin tərkibində olan Azərbaycanda həmin repressiya dalğasından ən çox əziyyət çəkən respublikalardan biri olub. O dövrdə respublikaya rəhbərlik edən Mircəfər Bağırovun mərkəzə yarınmaq və canfəşanlıqla Stalinə qulluq etmək ehtirası bu prosesin öz xalqının qanına susayacaq dərəcədə qəddarlıqla, həmçinin ermənilərin iştirakı ilə həyata keçirilməsi ilə nəticələnib. Tarixdə nadir yetişən sərkədlərimiz və generallarımız da həmin repressiyanın qurbanları olub.
Gümrüdən başlanan ömür yolu...
Sərkərdələrimiz arasında repressiyanın ilk qurbanlarından biri 77-ci Azərbaycan diviziyasının komandiri, general-mayor Qambay Vəzirov idi. Qambay Məmməd oğlu Vəzirov 1899-cu il avqustun 19-da İrəvan quberniyasının Gümrü şəhərində (o vaxtkı adı Aleksandropol olub) dövlət məmurunun ailəsində dünyaya gəlib. Bəzi məlumatlara görə, Qambayın atası Məmməd Ağa vaxtilə Gümrünün pristavı olub. Digər mənbələrdə onun atasının pristav olması faktı təsdiqlənməsə də, Qambayın Gümrüdə yaşaması, daha sonra isə İrəvan gimnaziyasında oxuması atasının bu şəhərdə məmur vəzifəsində çalışmasına dəlalət edir. Çünki onun əmilərinin Naxçıvanın Nehrəm kəndində yaşaması və Vəzirovlar nəslinin həmin dövrdə kifayət qədər nüfuzlu nəsil olması da danılmaz faktdır. Bu reallığa görə, demək olar ki, general-mayor Qambay Vəzirov da Azərbaycan hərb tarixinə beş cəsur general bəxş edən Naxçıvandakı nüfuzlu Kəngərli nəslindəndir.
İrəvan gimnaziyasında yeddiillik orta məktəbi bitirən Qambay 1918-ci ildə səfərbərliyə alınıb və daha sonra altı ay ərzində Türkiyədə hərbi təhsil alıb. 1919-cu ildə hərbi məktəbi başa vuran Q.Vəzirov Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusunda xidmət edib. 1920-ci və
1922-ci illərdə bolşevik qoşunlarının tərkibində daşnaklara qarşı döyüşlərdə iştirak edən Q. Vəzirov Qazax və Qarabağ bölgələrində onların məhv edilməsi üçün xeyli uğurlu əməliyyatlarda iştirak edib.
Vəzirov 1922-ci ildə ali hərbi təhsil almaq üçün Moskvaya – Frunze adına Fəhlə-Kəndli Qırmızı Ordusunun Hərbi Akademiyasına göndərilib. 1924-cü ildə Akademiyanı bitirən Q.Vəzirov bu hərbi akademiyada təhsil alan ilk azərbaycanlı olub. Üç illik hərbi təhsildən sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi (Hərbi-siyasi) Məktəbinin rəisi təyin olunub və burada işlədiyi iki ildə təşəbbüskarlığı, qətiyyətliliyi və işgüzarlığı sayəsində məktəbin rəisi vəzifəsinin öhdəsindən gələ bilib. 1927-ci ilin oktyabrında ölkədə hərbi islahatın həyata keçirilməsi ilə əlaqədar Zaqafqaziya milli hərbi ali təhsil məktəbləri birləşdirilir və Tiflisə köçürülür. Həmin il tale onu yenidən anadan olduğu Gümrüyə aparır, belə ki, Q.Vəzirov 1 il burada yerləşən III Qafqaz atıcı diviziyasında qərargah rəisi vəzifəsində xidmət edir.
1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilən Qambay Vəzirovun rəhbərliyi ilə Azərbaycan atıcı diviziyası 1929-cu ilin avqust-sentyabr aylarında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində müvəffəqiyyətlə iştirak edir. Bu manevrdə göstərdiyi komandirlik məharətinə görə silahla mükafatlandırılır. Diviziya komandiri Cəmşid xan Naxçıvanskinin, diviziya hərbi komissarı Hüseyn Rəhmanovun, hərbi komissar Korobkovun təqdimatında onun diviziyaya, hətta korpusa belə komandirlik edə biləcək bacarığı olduğu qeyd olunur. 1930-cu ilin noyabrında ən yaxşı döyüşçü zabit kimi Belarus Hərbi Diyarının 111-ci atıcı alayının komandiri və eyni zamanda Jizdra şəhərinin qarnizonunun rəhbəri təyin edilib. 1930-1932-ci illərdə nümunəvi döyüş komandiri kimi orada xidmət edir. 1932-1937-ci illərdə 77-ci Azərbaycan Dağ-atıcı diviziyasının komandiri olan Q.Vəzirov 1932-ci ildə general-mayor rütbəsinə və 1935-ci ildə isə diviziya komandiri rütbəsinə layiq görülüb.
...Bakıda repressiya ilə sona çatır
Sovet hakimiyyətinin qurulmasnda bu qədər xidmətləri olmasına baxmayaraq, nə yazıq ki, Azərbaycanda repressiya dalğası başlayan kimi hədəfə alınanlardan biri də millətin görkəmli şəxsiyyətlərindən olan general-mayor Qambay Vəzirov olub. 27 iyul 1937-ci ildə Bakıda keçmiş Krasnopresnenskaya (indiki Nizami) küçəsindəki mənzilində həbs edilən generalın Ağcakənddəki bağ evində də axtarış aparılıb. Onun xidməti kabinetində axtarış zamanı tərtib olunan akta əsasən, açılan seyfdən qızıl qol saatları, durbin, “Mauser” markalı tapança, 70 patron, “FED” fotoaparatı, “Browning” markalı tapança, SSRİ Mərkəzi İcraiyyə Komitəsinə, Azərbaycan İcraiyyə Komitəsinə, Zaqafqaziya İcraiyyə Komitəsinə və “Baksovet”ə üzvlük
vəsiqələri, “Qırmızı ulduz” və “ZSFSR-nin Qırmızı Əmək Bayrağı” ordeninin vəsiqələri götürülüb.
Həmin vaxt onunla birlikdə diviziyanın təxminən 40 nəfər yüksəkrütbəli zabiti və Hərbi Komissarlığın təxminən 20 nəfər əməkdaşı həbs olunaraq cinayət məsuliyyətinə cəlb edilib. Bir sıra şübhəlilərin ifadəsi ilə Q.Vəzirov guya Azərbaycanın SSRİ-dən ayrılması üçün silahlı qiyamın hazırlanmasının lideri, “Azərbaycan Milli Partiyası”nın üzvü və əks-inqilabçı millətçi təşkilatın üzvü kimi Azərbaycan SSR Cinayət Məcəlləsinin 72, 73, 21-6 maddələri ilə mühakimə olunub. İstintaq işinə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı (XDİK) Dövlət Təhlükəsizlik İdarəsinin (DTİ) 5-ci şöbəsinin müdiri erməni Ovanesyan rəhbərlik edib. İlkin dindirmədə Q.Vəzirov bütün ittihamları qəti şəkildə rədd edib. Ancaq bununla əlaqədar protokol işə tikilməyib və qanunsuz təzyiqlərə məruz qaldıqdan sonra “etiraflar” əldə edilib. İşə dair sonrakı ifadələrdən imtinalar təmin edilməyib.
İddianamə 3-cü dərəcəli dövlət təhlükəsizlik komissarı erməni Y.Sumbatov-Topuridze tərəfindən təsdiqlənib. Məhkəmə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar iclasında O.Matuleviçin sədrliyi ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70, 73-cü maddələrinə əsasən, demək olar ki, həmin iş üzrə həbs olunan bütün "şübhəli"lərə edam hökmü çıxarılıb. Bağlı qapılar arxasında keçrilən məhkəmə iclasında müttəhimlərin müdafiəçiləri iştirak etmədən, şahid olmadan qərar qəbul edilib. 13 oktyabr 1937-ci ildə Q.Vəzirovu əksinqlabi-millətçilik fəaliyyətinə görə “vətən xaini” kimi güllələyiblər. Q. Vəzirovla birlikdə həbs olunan diviziyanın zabitləri, Hərbi Komissarlığın azərbaycanlı əməkdaşları da “əksinqilabi hərbi təşkilatın üzvləri” kimi günahsız olaraq edam edilirlər.
Qambay Vəzirovun həyat fəaliyyətini tədqiq edən Şəmistan Nəzərlinin araşdırmaları arasında yer alan məktubda isə o dövrün ağrı-acısını təsvir edən bir epizod mövcuddur. Qambay Vəzirovun Çovğun adlı atı varmış, bu at hər səhər yəhərlənib Salyan kazarmasından birbaşa Qambay Vəzirovun yaşadığı Nizami küçəsindəki mənzilinə göndərirlərmiş, o isə evin həyətində iki-üç dəfə kişnəməklə gəlişini sahibinə bildirər, bu qaydada işə gətirərmiş. Q. Vəzirov həbs edilən günün səhərisi Çovğun narahat olub, amma həmişəki kimi yenə də birbaşa Nizami küçəsinə göndərilir, gedib görürlər ki, at evin yanında sakitcə dayanır və göz yaşı tökür. Zorla kazarmaya gətirilən at generalın iş yeri olan qərargah binasına yaxınlaşır, tükürpədici səslə kişnəyir. Generalın atı bir həftəyə yaxın heç nə yemir və axırda ölür.
Ailəsi də cəzalandırılır
General-mayor Qambay Vəzirovla yanaşı, qardaşı, universitetin dosenti Sədrəddin Məmməd oğlu Vəzirov və əmisi oğlu kənd təsərrüfatı xalq komissarı Heydər Sadıq oğlu Vəzirov
da həbs olunur. Onun həbsindən bir qədər sonra 1920-ci ildə ailə həyatı qurduğu, Azərbaycan diviziyasında qadınlar şurasının sədri işləyən, 1903-cü il təvəllüdlü həyat yoldaşı İzzət xanım İsmayıl ağa qızı Qiyasbəyli də 2 noyabr 1937-ci ildə həbs edilib və Bakıda ümumi həbsxanada saxlanılıb. Onu 8-ci şöbənin baş müfəttişi, dövlət təhlükəsizlik leytenantı Moşeçkov dindirib. Bütün təhdid və təzyiqlərə baxmayaraq, İzzət xanımdan Q. Vəzirovun əksinqilabi fəaliyyəti barədə heç bir ifadə alınmasa da, onunla bağlı hökm də ədalətsiz olur. “Vətən xaini”nin arvadı kimi İzzət xanım Vəzirova 9 dekabr 1937-ci ildə səkkiz il müddətinə Qazaxıstanın Akmolla şəhərindəki islah-əmək düşərgəsinə (rusca – А.Л.Ж.И.Р. (Акмолинский Лагерь Жен Изменников Родины) göndərilir.
Yeri gəlmişkən, bu günlərdə Bakı Rus Dram Teatrında həmin düşərgdə cəza çəkən günahsız qadınlardan bəhs edən “A.L.J.İ.R.” sənədli dramı Tbilisi Rus Dram Teatrı tərəfindən Avtandil Varsimaşvilinin quruluşu əsasında səhnəyə qoyulub. Tamaşada Tbilisi Teatrının 7 sənətçisi 1937–38-ci illərdə “Böyük terror” əsnasında “vətən xaini” kimi həbs olunan və repressiyaya məruz qalanların həyat yoldaşları, anaları, bacıları, qızlarının həmin düşərgədəki acı taleyi ilə bağlı məsələləri tamaşaçılara çatdırıb.
İslah-əmək düşərgəsində 8 illik sürgün həyatı yaşayan İzzət xanım göndərdiyi məktublarda oğlu ilə maraqlanır. 14 aprel 1938-ci il tarixində İ.Stalinə yazdığı məktubda isə yeganə övladının günahsız olaraq həbs olunmasından danışır və onun buraxılmasını xahiş edir. 1944-cü ildə həbsxanadan buraxılan İzzət xanım Bakıya qayıdır, lakin ona burada yaşamağa icazə vermirlər, Şamaxıya getməyə məcbur olur. Bir müddət Şamaxıda yaşadıqdan sonra 1950-ci illərdə Bakıya qayıdan İzzət xanım əri Q. Vəzirovun və özünün günahsız olduğu haqqında Moskvaya çoxsaylı məktublar ünvanlayır, son nəticədə bəraət alır və 1976-cı ildə Bakıda vəfat edir.
Q. Vəzirovun yeganə oğlu Yavuz da müharibənin əvvəlində məhkum edilib və müharibə başalayanda o, “atasının günahını öz qan ilə yumaq üçün hazır olduğu” barədə İ.Stalinə məktub yazaraq cərimə batalyonunda xidmətə göndərilib. Ən təzadlısı odur ki, 1942-ci ildə generalın yeganə oğlu atasının qatilinin adını daşıyan Stalinqrad şəhəri uğrunda döyüşlərdə həlak olub.
Ovanesyan generalımızı şallaqla döyürmüş
2 sentyabr 1955-ci ildə SSRİ Baş Prokurorluğunun apardığı araşdırmadan məlum olub ki, Q.Vəzirovun həbs olunduğu zaman məhbuslara fiziki təzyiq edilib. Azərbaycan diviziyasının Siyasi şöbə rəisi Cabir Əliyevi ondan ötrü döyüblər ki, o, istintaqa lazım olan, yəni Q.Vəzirov, R.Axundov və başqaları tərəfindən idarə edilən “əksinqilabi mərkəz” haqqında ifadələr verməyib. Şahid ifadələrinə görə, Q.Vəzirovu dindirmələr zamanı 5-ci şöbənin keçmiş rəisi
Ovanesyan şəxsən bərk döyürmüş. Özü də general Qambay Vəzirovu şöbənin başqa əməkdaşlarının yanında Ovanesyan şallaqla döyüb ondan tələb edirmiş ki, o, özünün “əksinqilabi mərkəzi”n fəaliyyətində iştirakı haqda ifadə versin. Məhkəmə şahidlər açıqca bildiriblər ki, Q.Vəzirovun işi də ondan və həbs edilmiş digər şəxslərdən zorla və işgəncələrlə alınmış yalan ifadələr üzərində quraşdırılıb. İstintaq zamanı şübhəlilər dəfələrlə bu ifadələri rədd edir, amma ifadələri işlərinə tikilmir, məhv olunurmuş. Həbs edilənlərin başqa ərizələri də heç vaxt işlərinə tikilmirmiş. İşlərə yalnız o ifadələr tikilirdi ki, onlar istintaq üçün lazım hesab edilirdi.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasında Q.Vəzirovun cinayət işinə yenidən baxılır. Məlum olur ki, ilkin dindirmədə o, MK katibi Ruhulla Axundov, xalq komissarı Dadaş Bünyadzadə və MİK sədri Sultanməcid Əfəndiyevdən əksinqilabi fəaliyyət üçün təlimat aldığı barədə iddiaları rədd edib. Sonrakı ifadələri ona görə etibarlı hesab etmək olmaz ki, onları Q.Vəzirovun döyülərək və təzyiqə məruz qalaraq imzalaması aşkar edilib. Buna görə də işdə cinayət tərkibi olmadığına görə SSRİ Baş Hərbi Prokurorluğunun vəsatəti əsasında SSRİ Ali Məhkəməsi Q.Məmmədovun bəraəti haqqında qərar çıxarıb. O da məlum olub ki, Q.Vəzirova fiziki təzyiqlə saxta ifadə imzalatdıran Azərbaycan SSR-nin XDİK DTİ-nin 5-ci şöbəsinin keçmiş rəhbəri Ovanesyan buna qədər güllələnibmiş.
Gecikmiş bəraət və gənc generalın xidmətləri
28 iyul 1956-cı il tarixində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə 77-ci Azərbaycan diviziyasının komandiri general-mayor Qambay Məmməd oğlu Vəzirova ölümündən sonra bəraət verilib. Amma artıq gec idi. Ona görə ki, ən çox ehtiyac duyulan bir dövrdə Azərbaycan ən dəyərli generallarından birini çoxdan itirmiş, bir ailə darmadağın olmuş, yeganə oğlu Yavuz atasını bir göz qırpımında qətlinə fərman verən Stalinin adını daşıyan şəhərin uğrunda döyüşdə həlak olmuş, həyat yoldaşı sürgündə xəstəlik tapmışdı.
Qambay Vəzirov Azərbaycan hərb tarixində mühüm rolu olan sərkərdələrdəndir. Onun tabeliyində olan komandir, zabitlər və əsgərlərin xatirələrindən məlum olur ki, xidmət etdiyi vaxtlar onun adı hər bir azərbaycanlı döyüşçü üçün fədakarlıq, igidlik rəmzi olub. Q.Vəzirovun bir çox azərbaycanlının komandiri vəzifəsinə qədər yüksəlməsində böyük xidmətləri olub. Qambay orduda, milli birləşmələrdə azərbaycanlı komandirlərin artması uğrunda var qüvvəsi ilə çalışıb. Bakıda ilk ordu klubunun yaradılması da Qambay Vəzirovun və Cabir Əliyevin adı ilə bağlıdır. Onlar dost olublar və hər ikisi otuz yeddidə günahsız güllələniblər. Onu da xatırladaq ki, general Qambay Vəzirov, Cəmşidxan Naxçıvanski, komissar Hüseyn Rəhmanov və Heydər Vəzirov hərb elmində həm də hərbi nəzəriyyəçi kimi yetişmiş hərbçilər idilər. Q.Vəzirov rus dilində olan hərbi ədəbiyyatları, nizamnamələri Azərbaycan dilinə tərcümə edib, milli diviziya
və birləşmələr haqqında həm publisistik, həm də elmi məqalələrlə “Qızıl əsgər”, “Hərbi bilik”, “Kommunist” və “Bakinski raboçi” kimi mətbuat orqanlarında müntəzəm olaraq çıxış edib.
Qeyd olunanlara əsaslanaraq, demək olar ki, general-mayor Qambay Vəzirovun güllənməsi Azərbaycanın hərb tarixi baxımından böyük itki idi. Onun şəxsində Azərbaycanın ən yaxşı sərkərdələrindən birini itirdi. Bununla yanaşı, 17 il ordu sıralarında xidmət edən Qambay Vəzirov sıravi əsgərdən general-mayor rütbəsinə qədər yüksəlməsi və milliyyətcə rus olmayan zabitin 33 yaşında general və diviziya komandiri olması həm Sovet hərb tarixində, həm o dövrün Azərbaycan reallığında nadir hadisə idi. Çünki o zaman belə bir yüksək vəzifə və rütbəyə layiq olmaq heç bir gənc hərbçiyə qismət olmamışdı.
Strategiya.az
“Amulsar” qızıl mədəni məsələsi N.Paşinyanın sonunu yaxınlaşdırır
24 aprel 1915-ci il tarixinin özü erməni saxtakarlığını ifşa edir
VƏZİR NƏSLİNİN SƏFİR ÖVLADI - Repressiyanın 80-ci ili (VII yazı)
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM