Seçki-2018: namizədlər, vədlər və reallıqlar

10:30 / 14.03.2018

 

 

18 mart 2018-ci il tarixində dünyanın siyasi xəritəsində ən böyük dövlət olan şimal qonşumuz Rusiyada növbəti prezident seçkiləri keçiriləcək. Siyasi, hərbi, iqtisadi əməkdaşlıq sahəsində ən yaxın strateji müttəfiqimiz, qonşumuz, habelə soydaşlarımızın ən çox yaşadığı dövlətlərdən biri olan Rusiya Federasiyası vətəndaşlarının seçimi ölkəmizdə də diqqətlə izlənir desək, yanılmarıq. Xatırladaq ki, 2008-ci ildə Rusiya Federasiyasının müvafiq qanunvericiliyinə edilən dəyişikliyə əsasən, bu ölkədə prezidentin səlahiyyət müddəti 6 il olaraq müəyyən edilib (bundan qabaq 5 il idi) və bu müddəa 2012-ci ildən tətbiq olunmağa başlayıb. Yəni eyni şəxs iki dəfə 6 il müdddətinə dalbadal bu posta seçilmək hüququna malikdir.

Vladimir Putinin sonuncu müddətə seçilmək iddiasında olduğu budəfəki seçkilərdən hər hansı sürpriz gözlənilməsə də, prezidentlik üsul-idarəsinin mövcud olduğu dövlətlərin tarixində əlamətdar hadisələrdən hesab edildiyi üçün bu marafonda indiki prezidentlə rəqabətə girişənlərin kimliyinə və seçkiqabağı vəziyyətə qısaca nəzər yetirməyə ehtiyac duyduq. Ən azından ona görə ki, yürütdüyü xarici siyasi xətt V. Putini əlverişli mövqeyə çıxarsa da, rəsmi Moskva seçkiqabağı dövrdə ölkədaxili sabitliyə kifayət qədər önəm verdiyini bu günlərdə dəfələrlə nümayiş etdirib. Digər diqqətçəkən məqam isə ötən seçkilərlə müqayisədə bu dəfə bəzi maraqlı namizədlərin ortaya çıxmasıdır.

 

Eydelşteynin 6-cı cəhdi

 

Əvvəlcə maraqlı namizədlərin deyil, Rusiya vətəndaşlarının illərdir “gözünü yağır elədiyi” daimi alternativlərdən olanların kimliklərinə, imkanlarına və səciyyəvi xüsusiyyətlərinə diqqət yetirək. Onların başında gələn təbii ki, Rusiya liberal-demokratlarının əvəzolunmaz lideri Vladimir Jirinovskidir. 1946-cı ildə Qazaxıstanın keçmiş paytaxtı Alma-Atada anadan olan, MDU-nun Şərqşünaslıq İnstitutunda “Türk dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alan, türk dilini mükəmməl bilsə də, türklərə nifrətini hər addımda bəyan edən Vladimir Volfoviçin atası əslən Polşa yəhudisi olub, onun özü də 18 yaşına qədər Eydelşteyn familiyasını daşıyıb. Anasının familiyası Makarova olsa da, onun niyə ogey atasının soyadını götürməsi də cavabsız qalan suallardandır. V.Eldenşteynin nikahdankənar doğulan ikinci oğlu Oleq Qazdarovun anası isə milliyətcə osetin olub. Anası osetin olan O. Qazdarov da həyat yoldaşını Şimali Osetiyadan seçib.

Yalnız seçki marafonuna maraq qatmağa yarayan, 6-cı dəfə prezident seçkilərində iştirak edən RLDP-nin 72 yaşlı sədri həmişə məğlubiyyətə düçar olsa belə, prezident seçkilərində iştirak etməkdən bezib-usanmır. Onun şakəri təkcə prezident seçkilərində iştirak deyil, həm də bu kampaniya boyunca ən azı bir dəfə namizədlərdən hər hansı biri ilə və ya bir neçəsi ilə qalmaqal yaşayıb, gündəmi məşğul etməkdir. Bu dəfə də V.Eldenşteyn seçiciləri və tamaşaçıları çox intizarda qoymayıb. Yeganə qadın namizədlə canlı yayında qalmaqal yaşayan V.Jirinovskinin sifətinə su atan Kseniya Sobçak olub. Bu insidentə MSk reaksiya verib və deyilənə görə, təhqirdən ötrü RLDP sədrinin məsələsi məhkəməyə qədər gedib çıxa bilər.

Rusiya seçicilərini V. Jirinovskinin bu seçkilərdə nə namizdəliyi təəccübləndirib, nə də onun əldə edəcəyi nəticə maraqlandırır. Ona görə də V. Eydelşteynin bu dəfə də seçilmək yox, hazırkı prezident V.Putinin prezident seçilməsini seyr etmək üçün ortaya çıxması proqnozlarının hər hansı müzakirəyə belə ehtiyacı yoxdur. Bir nəfərin 5 dəfə uduzduğu seçkilərə yenidən qatılmasını hobbi kimi dəyərləndirməkdən başqa çarə də qalmır.

 

Yavlinski və Baburin yenidən səhnədə

 

SSRİ dağıldıqdan sonra siyasi səhnəyə atılan veteran demokratlardan olan Qriqori Alekseyeviç Yavlinski 10 aprel 1952-ci ildə Ukraynanın Lvov şəhərində anadan olub. Onun namizədliyi 1993-cü ildə Yuri Boldırev və Vladimir Lukinlə yaratdığı sol-mərkəzçi təmayüllü “Yabloko” Rusiya Birləşmiş Demokratik Partiyasından irəli sürülüb. Bir vaxtlar Rusiya Dövlət

Dumasında “Yabloko” (“YaBLoko”) fraksiyasının rəhbəri olan Q. Yavlinsiki, 3-cü dəfədir (1996, 2000, 2018), qeydiyyatdan keçə bilmədiyi 2012-ci il prezident seçkilərini də saysaq, 4-cü dəfədir ki, RF dövlət başçısı postuna iddialıdır. O namizəd olmaq yarışında sadəcə V. Jirinovski və G. Züqanovdan geri qalır.

İxtisasca iqtisadçı olan Q. Yavlinskinin iştirak etdiyi ilk prezident seçkiləri ərəfəsində, 1996-cı ilin yazında ailəsi ilə bağlı dəhşətli hadisə baş versə də, prezidentliyə namizəd olmaq üçün yenə də cəhd edib. Həmin vaxt şəxsiyyəti müəyyənləşdirilməyən cinayətkarlar tərəfindən oğlu Mixail qaçırılmış, ona “ya siyasi karyera, ya oğlunun həyatı” ultimatumunun göndərildiyi məktubda oğlunun əl barmaqlarının dırnaqları da qoyulmuşdu. Bu təhdiddən sonra cinayətkarlar dərhal oğlanı azadlığa buraxdılar. Cərrahlar onun dırnaqlarını bərpa etsələr də, o, oğlanlarını təhlükəsizlik səbəbiylə Böyük Britaniyaya göndərdi.

2018-ci il seçkilərində Q. Yavlinski adı seçicilər üçün yeni heç nə vəd etməsə də, onun seçicilər üçün hazırladığı “Gələcəyə yol” proqramında maraqlı tezislər var: Krımın Rusiyaya birləşdirilməsinin qanunsuz olduğunun qəbul edilməsi, Ukrayna ilə münaqişənin dayandırılması, Donbasdan silahlı qüvvələrin çıxarılması, dövlət KİV-ində Ukraynaya qarşı nifrətin təbliğ etdirilməsinə son qoyulması; mərhələlərlə Suriyadan qoşunların çıxarılması; Avropa ölkələri və ABŞ-la diplomatik əlaqələrin qaydaya salınması və digər ölkələrin siyasi həyatına müdaxilə etməkdən imtina edilməsi; daxili siyasi və ictimai həyatda azadlıqların təmin edilməsi; təbii ehtiyatların ixracından əldə olunan gəlirlərdən vətəndaşlara pay verilməsi; xüsusi mülkiyyət, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün iqtisadi islahatlar paketinin təqdim edilməsi. Seçkiqabağı proqnozlar onun elə bir ciddi nəticə əldə etməycəyini göstərir.

Rusiya Ümumxalq İttifaqından namizəd kimi irəli sürülən Sergey Nikolayeviç Baburin icraedici hakimiyyətdə elə ciddi vəzifədə çalışmasa da, Rusiyanın siyasi həyatında tanınmış simalardandır. 31 yanvar 1959-cu ildə Qazaxıstanın Semipalatinsk şəhərində anadan olsa da, onun türk əsilli olması barədə hər hansı məlumat əldə etmək mümkün olmadı. Amma bu şəxsin həm fizionomiyasından, həm də soyadından (böyük türk imperatoru Baburun adından gəlir) yola çıxaraq onun türk əsilli olmasını ehtimal etmək olar. İxtisasca hüquqşünas olan professor S. Baburin 1990–1993-cü illərdə Rusiya Federasiyasının xalq deputatı, Rusiya Federasiyası Ali Sovetinin üzvü, I, II və IV çağırış Dövlət Dumasının üzvü və sədr müavini olub. Rusiya vətənpərvərlərinin mövqeyindən çıxış etdiyi və hakimiyyətə qarşı radikal münasibət bəsləmədiyi üçün indiki siyasi vəziyyətdə onun V.Putinə rəqib olmasını siyasətlə maraqlanmayanlar belə təsəvvür etmirlər.

 

“Rusiya kommunistləri”nin gənc stalinçi namizədi

 

Rusiya kommunistləri budəfəki seçki marafonuna parçalanmış şəkildə gedirlər. Belə ki, V.Jirinovski kimi 1990-cı illərdən bəri 4 dəfə prezident seçkilərində namizəd kimi iştirak edən Gennadi Züqanov bu dəfə yarış meydanına çıxmayıb. Onun əvəzində seçkilərə RFKP-nin dəstəklədiyi bitərəf namizəd Pavel Qrudinin və partiyanı hələ 2004-cü illərdə tərk etmiş gənclərin yaratdığı “Rusiya kommunistləri” Kommunist Partiyasının (RKKP) namizədi Maksim Suraykin qatılıb.

8 avqust 1978-ci ildə Moskvada anadan olan Maksim Aleksandroviç Suraykinin fikrincə, o, sadə kommunist ailəsində böyüyüb və 1991-ci ildə SSRİ-nin dağılması ona çox pis təsir edib (onda onun 13 yaşı vardı) və bunu şəxsi faciə kimi qarşılayıb. Əlbəttə ki, bunların hamısı ictimai rəyə hesablanmış təbliğat “məhsulu”ndan başqa bir şey deyil. M. Suraykin 1996–2004 illərdə RF Kommunist Partiyasının Kirov rayon komitəsinin katibi vəzifəsində işləyib, RFKP Moskva şəhər komitəsinin üzvü seçilib. 2004-cü ildə RFKP sıralarından ayrılıb. RF Kommunist Partiyasının qalmaqallı plenumunda, G. Züqanova “gəmini tərk etməyi” məsləhət görənlərdən biri də M. Suraykin idi. Partiyadan ayrılanlar “Rusiya kommunistləri” siyasi təşkilatını yaradıblar. M. Suraykin 2010-cu ildə partiyaya çevrilmiş "Rusiyanın kommunistləri"nə rəhbər seçilib. 2013-cü ildə Moskva meri seçkilərində iştirak etməyə cəhd etsə də, qeydiyyatdan keçə bilməyib. 2014-cü

ilin sentyabr ayında Nijni Novqorod, 2016-cı ilin sentyabrında isə Ulyanovsk vilayətinin qubernatoru seçkiərində iştirak etsə də, məğlub olub.

2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyən uğursuz lider “Rusiya kommunistləri” tərəfindən “Yoldaş Maksim”, – deyə çağırılır. İndiki prezidentin xarici siyasətini dəstəkləsə də, gənc kommunist V. Putinin liberalların təsiri nəticəsində daxili siyasətdə zəif olduğunu düşünür. M. Suraykinin seçki proqramının adı da maraqldıır: “Kapitalizmə 10 stalinsayağı zərbə”. Qatı stalinçi olan M. Suraykinin ən maraqlı və alqışlanmağa dəyər təşəbbüslərindən biri SSRİ-nin keçmiş prezidenti M. Qorbaçovun cinayət məsuliyyətinə cəlb edilməsi olub. Hətta o, Dmitri Medvedev hökumətini “burjua hökuməti” adlandıraraq müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovu saxlamaq şərti ilə qalanlarını vəzifədən qovmağı tələb edib.

40 yaşındakı partiya başçısı və prezidentliyə namizədin maraqla qarşılanan və ən çox tənqid olunan cəhəti isə hələ də subay olmasıdır. Kommunst olsa da, M. Suraykin kasıb deyil. 2011-ci ildə Dövlət Dumasına namizədi kimi gəlirləri haqqında məlumatı qeyd edərkən iki kompüter şirkətindən qazancını 1,98 milyon rubl kimi göstəribmiş. Bununla yanaşı, Suraykinin 6 şirkətdə də payı var. Gənc stalinçi namizədin ilk dəfə iştirak etdiyi prezident seçkilərində seçicilərin 1 faiz belə səini toplamayacağı pronzlaşdırılır.

Prezidentin səlahiyyətli nümayəndəsi yenidən müxalifətdə

 

Namizədliyi “İnkişaf Partiyası” tərəfindən irəli sürülən Boris Yuriyeviç Titov 24 dekabr 1960-cı ildə Moskvada anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq iqtisadi əlaqələr faküləsini başa vuran, 2000-ci ildə Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSSİ) vitse-prezidenti və idarə heyətinin üzvü olan B.Titov 2003-cü ildə “İşgüzar Rusiya” ümumrusiya ictimai təşkilatının həmsədri, may 2004-dən isə sədri olub. Amma nədənsə həmin vaxt maliyyə naziri Aleksey Kudrinin yeritdiyi maliyyə siyasətini sərt tənqid edib. Yəni B.Titovun müxalifətçiliyi elə həmin vaxt ortaya çıxıb. “İşgüzar Rusiya” lideri kimi B. Titov bir sıra dövlət qurumları və ictimai təşkilatların, o cümlədən 2005–2008-ci illərdə Rusiya Federasiyasının İctimai Palatasının üzvü olub.

Siyasi fəaliyyətə də marağı olan B, Titov 2007-ci ilin oktyabrında “Vahid Rusiya” Partiyasının Ali Şurasının üzvü seçilib. 2008-ci ildə mətbuat tərəfindən “Kreml layihəsi” kimi qiymətləndirilən “Vətəndaş gücü” partiyasının Ali Şurasının sədri seçilib. Həmin ilin noyabr ayında Rusiya Demokrat Partiyası, “Vətəndaş gücü” partiyası və Sağ Qüvvələr İttifaqı buraxılıb, onun yerinə “Haqq işi” partiyası yaradılıb. Qurultayda Sağ Qüvvələr İttifaqının sabiq sədr müavini Leonid Qozman, jurnalist Georgi Bovt və Boris Titov həmsədr olublar. Bundan bir neçə gün sonra B.Titovun “Vahid Rusiya” Partiyasının X qurultayında Ali Şuradakı səlahiyyətləri ləğv edilib.

6 may 2011-ci il tarixində B.Titov yenidən iqtidara loyallıq nümayiş etdirməyə başlayıb. Belə ki, o dövrdə Baş nazir Putin tərəfindən yaradılan “Ümumrusiya Xalq Cəbhəsi”nə “İşgüzar Rusiya”nın da qoşulmaq istəyini bildirib. Bu və ya bəzi digər səbəblərdən “Haqq işi” partiyasının liderləri ilə fikirayrılıqları fevral 2011-ci ildə B.Titovun həmsədrlikdən istefasına gətirib çıxarıb. 2011-ci ilin iyun ayında həmsədrlik institutu ləğv edilib və Mixail Proxorov partiyanın vahid lideri seçilib. B. Titovun iqtidaryönümlü siyasəti mükafatsız qalmayıb və 22 iyun 2012-ci il tarixində artıq Rusiyanın prezidenti postunda əyləşən V. Putinin fərmanı ilə Rusiya prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndə təyin edilib.

Aldığı vəzifəni müqabilində B.Titov da əksər Rusiya siyasətçiləri və tanınmış şəxsləri kimi 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. 29 fevral 2016-cı ildə partiyanın VII qurultayında “Haqq işi” partiyası siyasi kursunun “biznes partiyası” kimi dəyişdiyini elan edib və B.Titov onun sədri seçilib. 26 mart 2016-cı il tarixdə partiya “İnkişaf partiyası” adlandırılıb. 21 iyun 2017-ci il tarixində B. Titov yenidən Rusiya prezidenti V. Putinin fərmanı ilə səlahiyyətli nümayəndə təyin edilib. Seçkiqabağı proqramında əsasən, iqtisadi

islahatlar ortaya qoyan B. Titovun indiyə qədər ən maraqlı təkliflərindən biri 2009-ci ildə orduda xidmət etmək istəməyən Rusiya vətəndaşlarının istəyinin leqallaşdırılması üçün pul ödənişi edilməsi ilə ölkənin büdcə kəsirinin qapanmasına çalışmaq olub. Ancaq indiyə qədər bu təşəbbüsün həyata keçirilməsi üçün heç bir qanunvericilik tədbiri görülməyib.

 

Əsl kommunistlərin bitərəf və sosialist namizədi

 

Rəy sorğularına başçılıq edən V. Putindən sonra ən çox diqqət çəkən maraqlı rəqiblərdən biri də G. Züqanovun sədri olduğu Rusiya Federasiyası Kommunist Partiyası (RFKP) tərəfindən namizədliyi irəli sürülən Pavel Nikolayeviç Qrudinin 20 oktyabr 1960-cı il tarixində Moskvada anadan olub. P. Qrudinin ana babası Zinoviy Pişik yəhudi olub.

İxtisasca hüquqşünas olan, 1995-ci ildən Moskvanın Lenin rayounun Lenin kənd yaşayış məntəqəsində yerləşən “Lenin adına sovxoz” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən P. Qrudinin dəfələrlə Moskva Vilayət Dumasının deputatı olub. 1999-cu ildə “Birlik” (sonradan “Vahid Rusiya”) partiyasına qoşulan P. Qrudinin 2000-ci ildə keçirilən prezident seçkilərində indiki rəqibi V. Putinin səlahiyyətli nümayəndəsi olub. 2007–2011-ci illərdə “Vahid Rusiya” partiyasının siyahısından 4-cü çağırış Moskva Vilayət Dumasının deputatı seçilib. Onun indi V. Putinə rəqib olması da həmin səbəblərdən birmənalı qarşılanmır.

Amma 2010-cu ildə P. Qrudinin Moskva vilayətinin Lenin rayonunun başçısı vəzifəsinə namizədlyinin qeydə alınmaması mövcud hakimiyyətə qarşı onun mövqeyini dəyişməyə kifayət edib. Belə ki, 2010-cu ildə “Vahid Rusiya”nı tərk edən sovxoz rəhbəri 2011-ci ildə RFKP siyahısından 5-ci çağırış Moskva Vilayət Dumasına seçkilərdə namizəd olub. Lakin bu dəfə keçmiş partiyadaşları – “Vahid Rusiya”dan olan rəqibləri onun qeydiyyatını ləğv etdiriblər. Buna görə də dekabr 2012-ci ildə və 2013-ci ildə onun namizəd kimi qeydiyyatından imtina edilib. Bu hadisələr isə onun iqtidara qarşı daha da radikallaşmasına səbəb olub.

Əslində bir neçə ay bundan qabaq, RFKP növbəti qurultayından əvvəl prezident seçkilərində partiya sədri G. Züqanovun yenidən namizəd kimi irəli sürülməsinə heç kimin şübhəsi yox idi. Amma qurultayda sürpriz baş verdi – partiya üzvü olmayan, Moskva ətrafında yerləşən “Lenin adına sovxoz” QSC-də çiyələk istehsalı ilə məşğul olan P. Qrudinin “xalqın vətənpərvər qüvvələrinin vahid namizədi” olmağa layiq hesab edilib. Onun “ana müxalifət”dən namizədliyinin ciddi səbəbləri var: rəhbərlik etdiyi sovxozda “sosialist cənnəti” yaradıb, işçilərini yüksək əməkhaqqı ilə və mənzillə, digər sosial ehtiyaclarla təmin edib, tabeliyində olanlarla eyni binada yaşayır. Son 17 ildə iki dəfə siyasi mövqeyini dəyişməsini qabardanların gətirdiyi arqumentlər də bunların qarşısında zəif qalıb.

İsveç, Finlandiya və Norveçdə tətbiq olunan sistemin Lenin tərəfindən elan edilmiş sosial prinsiplərə əsaslandığını iddia edən və bu yolla gedərək Rusiyada sosializm quracağını vəd edən P. Qrudinin digər məsələdəki mövqeyi onun gözdən düşməsinə bəs edir. Avropada həyata keçirilən sosializm üsul-idarəsini tətbiq etməyi qarşısına məqsəd qoyan sovxoz rəhbərinin ölkəni həbs düşərgələrinə, həbsxanalara çevirərək repressiya rejimi quran qatı kommunist lider İ. Stalinə olan böyük sevgisi solçuların ona olan bütün ümidlərini puça çıxarır. Belə ki, sosializm sistemi qurmaq istəyən P. Qrudinin Stalini sonuncu 100 il ərzində ölkənin ən yaxşı lideri olduğunu söyləyir. Müasir, mütərəqqi sosialist məmləkətlərində azad sözə yüksək dəyər verildiyini də yadda çıxaran RFKP namizədi “Stalinin ölümü” kinokomediyasına qarşı senzura tətbiqini “tarximizi lağa qoyurlar” arqumenti ilə müdafiə edir.

P. Qrudinin inkişaf etmiş ölkələrdə olduğu kimi, istehsalın 15–20 faizdən 70–80 faizə çatdırılmasını vəd etdiyi proqramının bir hissəsi G.Züqanovun sonuncu seçkiqabağı platfromasından alınıb, digər hissəsi isə birinciyə tamamilə zidd olan özünün əlavə etdiyi maddələrdən ibarətdir. Bura, əsasən, sosial xarakterli vədlər daxildir: minimum əməkhaqqının bir neçə dəfə artırılması, xalq hakimiyyəti sisteminin bərpası, yoxsulların gəlir vergisinin ləğv edilməsi və müdafiə sənayesinə daha çox pul ayrılması, Rusiyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, ərzaq məhsullarının böyük hissəsinin xaricdən idxalının aradan qaldırılması. Rusiya analtiklərinin bir çoxunun fikrincə, proqramda yer alan bir çox vədləri P. Qrudinin nə özü

oxuyub, nə də xəbəri var. Yəni proqramın əksər hissəsi Rusiyanın gələcəyini deyil, onun bu gününü təsvir edir, onu da indiki iqtidar həyata keçirməyə çalışır.

 

Ən maraqlı mövqeyə malik yeganə qadın namizəd

 

Son prezident seçkilərinin həm yeganə qadın, həm ən gənc, həm də verdiyi vədlər, sərgilədiyi mövqe baxımından maraq doğuran namizədi Kseniya Sobçak 5 noyabr 1981-ci ildə Leninqrad şəhərində anadan olub. Müstəqil Rusiyanın siyasi meydana atılan demokratlarından hesab edilən Sankt-Peterburqun ilk meri Anatoli Sobçakın və tarixçi Lüdmila Narusovanın qızı olan Kseniyanın atasının etnik mənşəyində polyak, çex, rus və ukraynalı kökləri var, anası isə rus və yəhudi ailənin qızıdır. Kseniya A. Sobçakın 2-ci nikahından olan sayca ikinci qız övladıdır. Şəxsi həyatına gəlincə, Rusiya mətbuatı Kseniya Sobçak haqqında müxtəlif xəbərlər yaysa belə, onun həyatında rəsmi heç bir nikah qeydə alınmayıb.

Əsasən müxtəlif teleradio şirkətlərində aparıcılıq edən jurnalist, aktrisa, nəhayət özünü siyasətdə sınayan K.Sobçak atasının xətir-hörmətinə görə indiki prezidentə yaxın olub. Belə ki, atasının ölümündən keçən 15 il ərzində K. Sobçakın məhz V.Putinin dəstəyi ilə özünə iş, kareyra əldə edib. 1970-ci illərdə universitetdə təhsil alan zaman qızın atası A. Sobçak indiki prezidentin müəllimi olub. 1991-ci ildə Sankt-Peterburqun meri seçkilərində qalib gələn A. Sobçak tələbəsi V. Putini özünə müavin götürüb. 1996-cı ilə qədər şəhər meri vəzifəsini icra edən A.Sobçakın korrupsiyada ittiham olunması, ikinci dəfə mer seçilməsinə əngəl törədib. RF Dövlət Dumasına və Sankt-Peterburq qubernatoru postuna keçirilən seçkilərdə məğlub olduqdan sonra bir qədər siyasi səhnədən kənara çəkilib.

Rusiyanın 1-ci prezidenti B.Yeltsinin yerinə varis elan etdiyi və 2000-ci ilin martında keçirilən seçkilərdə namizədliyi irəli sürülən V.Putin A.Sobçakı özünün səlahiyyətli nümayəndəsi təyin etməsi də onların arasındakı dostluq münasibətlərinin davam etdiyini göstərib. Lakin 2000-ci il fevralın 19-da elə V.Putinin ilk seçkiqabağı təbliğat kampaniyasında iştirak etmək üçün Kalininqrad vilayətinə gedən A. Sobçak naməlum səbələrdən Svetloqorsk şəhərindəki oteldə infarktdan dünyasını dəyişib. A. Sobçakın ölümü Rusiya prezidenti olmağa hazırlaşan V. Putin üçün ciddi zərbə olsa da, o vaxt xeyli gənc olan V.Putin dəyanətini qoruyub. Ailəvi münasibətlərini nəzərə alan V. Putin 19 yaşlı Kseniyanın Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsindən 2000-ci ilin yayında (atasının vəfat etməsindən sonra) Moskva Beynəlxalq Əlaqələr Universitetinin Politologiya fakültəsinə köçürülməsinə kömək edib. Rusiya prezidentinin köməyi ilə Kseniya tələbə vaxtlarından Rusiya telekanallarına işə düzəlib. Özünə yaxşı karyera quran K.Sobçak yaxşı da pul qazanıb. Hətta indi namizədlər arasında ən varlılardan sayılır.

Amma görünür, atasının demokratik dünyagörüşü K. Sobçaka da öz təsirini əks etdirib və ya bəzi prinsiplərdən güzəştə getmədiyi üçün V.Putinə minnətdar olmaq yerinə 2011-ci ilin sonlarından Kseniya hakimiyyətə qarşı müxalif mövqeyi ilə seçilməyə başlayıb. V. Putinin 3-cü müddətə prezident olmaq niyyətinə etraz olaraq Rusiya müxalifətinin koordinasiya şurasının üzvü kimi müxalifətin təşkil etdiyi mitinqlərdə hakimiyyəti tənqid edən K. Sobçak Moskvada keçirilən mitinqdə həbs olunub. Bir sutka sonra azadlığa çıxan telejurnalist yenə də siyasi fəaliyyətini davam etdirib. Onun evində axtarış aparan hüquq-mühafizə orqanı əməkdaşları K. Sobçaka məxsus 1 milyon avro məbləğində vəsaiti müsadirə edib. Yenə də əski dostluqlara verilən dəyər üstün gəlib və onun pul vəsaiti özünə qaytarılıb. Məhz V. Putin ilə atasının ailəvi dost olması müxalifətçilər arasında K. Sobçaka inamsız yanaşmaya səbəb olub. Halbuki V. Putin hakimiyyətinə müxalif olması Kseniyanın jurnalist karyerasına da mənfi təsir göstərir. Bir çox verilişlərdən uzaqlaşdırılıb, əvvəlki kimi fəaliyyət göstərə bilmir. Ona qarşı inamsızlığa görə 2013-cü il oktyabrında Rusiya müxalifətinin koordinasiya şurasını tərk etmək məcburiyyətində qalıb.

Buna baxmayaraq, hazırda iqtidara müxalif olan “Vətəndaş təşəbbüsü” partiyası tərəfindən namizədliyi irəli sürülən K.Sobçak Rusiyanın Avropaya inteqrasiyasının tərəfdarı olan, sağçı və mərkəzçi ideologiyaya malik elektorat, habelə müxalifət qüvvələri tərəfindən

nisbətən müsbət qəbul olunan bəlkə də yeganə namizəddir. Ukrayna hökumətindən icazə alıb Krıma getmək istəməsi, seçkiqabağı kampaniya zamanı Rusiyanı Avropanın bir hissəsi hesab etməsi, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması üçün bir sıra mühüm addımlar atılmasını təklif etməsi onun diqqət mərkəzinə çıxmasına şərait yaradır. Rusiyada parlament üsul-idarəsinin tətbiqinin tərəfdarı olan K. Sobçak demokratik dövlət kimi Rusiyanın totalitar simvol və işarələrdən imtina etməsini, Leninin dəfnini, Stalinə və XX əsrin 20–50-ci illərdə aparılan repressiyaya haqq qazandırmaq cəhdlərini qadağan olunmasını təklif edir. Xarici siyasətdə də maraqlı mövqe sərgiləyən K. Sobçakın cəlbedici platforması və proqramı Qərbdəki dairələr tərəfindən də maraqla izlənir. Lakin yuxarıda sadalanan səbəblərdən bəzi mütəxəssislər onun namizədliyinin məhz V.Putin hakimiyyətinin layihəsi olması barədə versiyaları da səsləndirirlər.

Beləliklə, namizədliyi hər hansı siyasi təşkilatdan deyil, özü tərəfindən irəli sürülən indiki prezidentdən başqa, fəaliyyətinə və avtobioqrafiyasına nəzər yetirdiyimiz 7 namizəddən ikisi solçu və stalinçi (M.Suraykin və P.Qrudinin), ikisi qərbyönümlü (Q.Yavlinski və K. Sobçak), biri indiki prezidentin sahibkarların hüququları ilə bağlı səlahiyyətli nümayəndəsi (B.Titov), biri “patriot” (S.Baburin), biri isə “ştatlı” alternativdir (V.Jirinovski). Sonuncu 3 namizədin seçkilərin nəticəsi baxımından elə ciddi rol oynamadıqlarını, M.Suraykin və Q.Yavlinskinin isə siyasi baxışa görə alternativ olan digər namizədlərlə (P. Qrudinin və K. Sobçak) elektorat baxımından problem yaşayacaqlarını nəzərə alsaq, əsas mübarizənin 3 namizəd arasında gedəcəyini güman etmək olar: V.Putin, P. Qrudinin və K.Sobçak.

Seçkilərin tam demokratik şəraitdə keçirildiyi təqdirdə və Rusiyanın indiki durumunda yuxarıda seçdiyimiz 3 namizədin arasında ən real seçilmək imkanına malik şəxsin kimliyini proqnozlaşdrımaq o qədər də çətin deyil. Məhz bu səbəbdən bütün namizədlərin sadalanan vədlərinə və səciyyəvi xüsusiyyətlərinə diqqət yetirəndə əldə edilən qənaətlər və aparılan rəy sorğuları belə Rusiyadakı prezident seçkilərində bu dəfə də hansısa sensasiyalı nəticələrin əldə olunacağına dəlalət etmir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM