ƏHMƏD ƏHMƏDZADƏ KİMDİR?

20:11 / 30.12.2017

 

 

Bu qoyduğum sualın Əhməd Əhmədzadənin son 24 ildə Meliorasiya və Su təsərrüfatı komitəsinin, səhmdar cəmiyyətin sədri olmasına heç dəxli yoxdur. Mən onu 1986-cı ildə tanımışam. Eləcə də yadımda qalıb. “Yadımda necə qalıb”ı oxucularımla bölüşməyə qərar verdim. Yazımın əvvəlindən ümumiləşdirmə aparsam, deyə bilərəm ki, Əhmədzadə yaxşı kişidir. 2017-ci ildə mətbuatın çox da yadına düşməyibsə, deməli... Oğlu Cüməni pis tamırsınızsa, deməli yüksək tərbiyə sahibidir. Əhməd dayı həm də çox ağır adamdır. Niyə məhz “əmi”, “müəllim”, “cənab” yox, “dayı” dedim? Bunun da öz tarixi var. Aşağıda bu məqamı açacağam. Elə isə, başladıq.

 

1986-CI İL

Əsgərlikdəyəm. Prişibdən Hadruta, Hadrutdan isə Füzulinin Horadiz stansiyasına gəlmişəm. Havayı gəzirəm görmədiyim Azərbaycanı. “KQB”-nin Sərhəd Qoşunlarındayam. Düzünü desəm, Azərbaycanda əsgəri xidmət keçməyim heç bir əlavə üstünlük vermədi mənə. Əksinə yanıb-tökülürdüm, kimsə mənə – Azərbaycanda olmusan, kefdə olmusan – deyəndə.

Zastavanın rəisi çağırır yanına:

– İmam, (familiyam İmamverdiyev olduğundan məni qısaca belə çağırırdılar) darvazada səni maşın gözləyir. Paradnı geyin, çıx qapıya. Axşam “otboy”a qayıtmalısan. Bildin?

Bu o demək idi ki, məni “uvolneniya”ya buraxırlar. Tez paradnı paltarımı geyinirəm. Darvazaya çıxıram. Uzaqdan qara QAZ-24 markalı Volqa maşını görürəm. Yanında atamı, anamı və dayım Rafiqi. Bizim “Jiquli – VAZ-2105 markalı maşınımız görəsən hardadır?”, “Hökumət nömrəli bu “Volqa” kimindir?” deyə düşünürəm. Növbətçi siqnalizasiyanı qapayıb, qapını açır. Zastavanın ərazisindən kənara çıxıram. Məni qucaqlayıb öpürlər. Mən də elə edirəm. Qabaqda atam, arxada anam və dayım oturur. Mən isə ortada. Axı hələ uşağam. Yol alırıq üzü Füzuli şəhərinə.

– Papa, bu gün Mürsəl əmi (Mürsəl Qocayev – Zəngilan rayon qəzetinin Baş redaktoru, atamın tələbəlik dostu, qısa desək – Mürsəl qağa) gəlmişdi. Ayın-oyun gətirmişdi.

– Pah. Biz isə onu Füzulidə gözləyirdik...

Demə atam Füzuliyə gələcəyini Mürsəl qağaya demiş, onu da dəvət etmişdi ki, burda görüşsünlər. Mürsəl qağa da xanımını götürüb gəlib Füzuliyə, daha doğrusu birbaşa Horadizə. Qabil isə yox. Mənimlə görüşüb, əsgər payımı verib, qayıdıblar təzədən Zəngilana. İndiki deyildi ha... cib telefonu yox, feysbuk yox, vatçap yox. Xülasə, papa da girib Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi Əhməd Əlmədzadənin yanına... Əhmədzadə zəng edib Zəngilan rayon Partiya Komitəsinin 1-ci katibi Cabbarova, sonra dəstəyi verib şair Qabilə, o da Mürsəl qağanı xəbər alıb. 1-ci katib də cavab verib ki, “bəs, Qabil müəllim, Mürsəl müəllimin arvadının gözü ağrayırdı, aparıb Bakıya – həkimə”. Heç bir siyasəti olmayan Qabil də deyib ki, “Nə göz, nə Bakı? Bu bəhanədir. Mürsəl qağa mənimlə görüşə gəlməliydi Füzuliyə”.

– ...Nə gətirmişdi Mürsəl qağa.

– Üzüm, kabab və sairə.

– Heyf. Görüşə bilmədik. Çoxdandı görməmişdim onu.

Qara “Volqa” şütüyüb gəldi dayandı bir binanın qabağında. Siyasi şüuru formalaşmayan mən hardan biləydim ki, bura Raykomun (indiki dildə rayon İcra Hakimiyyətinin) qonaq evidir. İçəri girdik. Bir nəfər yaxınlaşdı ki, bəs Qabil müəllim, mən Təbliğat-təşviqat şöbəsinin müdiriyəm. Yoldaş Əhmədzadə müşavirə keçirir. Biz başlayaq, katib də bir azdan gələcək.

Hövsələsiz atam təmkinini pozmadı.

– Ay şöbə müdiri (adı yadımdan çıxıb), QAİ-nin rəisini tanıyırsan? Qadiri deyirəm.

– Bəli, Qabil müəllim.

– Çağır onu bura.

Qadir dayım Rafiqin ailəvi dostuydu. Yardımlıda da yol milisinin rəisi olmuşdu. Əslən Füzulidən idi. Şöbə müdiri atamın bu arzusunu yerinə yetirdi. Çox alicənab, mədəni, ziyalı bir insan idi. Xülasə, Qadir əmi gəldi çıxdı. Məclis başlandı. Bir badə, iki badə... Qadir əmi elə bil iynə üstündə oturmuşdu. Elə hey qurcanırdı ki, “Qabil müəllim, icazə ver çıxım gedim”. Atam isə imkan vermirdi. Mən isə öz işimdəydim. Aclıqdan çıxan əsgər necə olar?! Sadəcə, yeyirdim. Süfrədə də nə desən vardı. Qara kürüylə osetrindən başqa. Saat 10-u vurdu. Bu zaman qapı açıldı.

İçəri bir nəfər daxil oldu. Yaxasında deputat nişanı. Atamla görüşdü. Birdən gözü QAİ-nin rəisi Qadirə sataşdı:

– Ə, julik, sən də burdasan. Özünü yaxşı aparmırsan. Vallah tutduracam səni, – deyə amiranə və ucadan Qadirə təpindi.

Ortaya sükut çökdü. Qadir:

– Qabil müəllim, sizə deyirdim axı mən gedim. İcazə vermirdiniz, – dedi. Və pərt vəziyyətdə məclisi tərk etdi.

Bu, Sərhəd Qoşunlarının əsgəri, Azərbaycan Dövlət Universitetinin 3-cü kurs tələbəsi olan mənə daha çox pis təsir etdi. Otaqdan çıxıb dayım Rafiqə barmağımla işarə etdim ki, çıx eşiyə. Eşiyə çıxan kimi oturduq öz Jiqulimizə.

– Hara gedək? – deyə dayım xəbər aldı.

– Sür Horadizə. Qayıdıram zastavaya, – deyə cavab verdim.

– Yaxşı deyil, Mahir.

– Görmürsən nə dedi Qadirə?

– O bu rayonun böyüyüdür. Səninlə atan, anan gəlib görüşə. Bir azdan gedək sağollaşaq, sonra aparıb səni zastavaya qoyaram.

Xülasə, dayım məni fikrimdən döndərdi.

– Onda, gedək poçta. Şəhərə zəng etmək istəyirəm, – dedim.

Soraqlaşa-soraqlaşa poçtu tapdıq. Bakıdan bir nömrəni sifariş etdim. Və başladım danışmağa. Düz yarım saat. Kiminlə danışırdım? Onu deməzlər. Özünüz başa düşün də... 18 yaşlı adam kiminlə danışa bilərdi? Dayım da maşında gözləyirdi. Sonra ordan çıxıb apteki aradıq. Özümçün isidici kəmər aldım. Pribaltikanın idi. Böyrəklərimi soyuqdan qorumaq üçün. Qiyməti 25 rubl idi. Bir ali təhsilli ziyalının aylıq maaşının dörddə biri həcmində. Yola çıxmağımızı görmüşdük. Bir də gördük ki, QAİ maşınları bizi əhatəyə alıb, “sürün dalımızca” dedilər. Beləcə bizi müşaiyət edib gətirdilər Raykomun Qonaq evinə. Demə, Əhmədzadə komandirə zəng edib, gecəqalma iznimi alıb. Qonaq evini də bizim ixtiyarımıza verib.

Əhməd Əhmədzadə mənə ayrıca bir otaq ayırmışdı. O otaq ki, Bakıdan gələn ən hörmətli qonaqlar orda gecələyirdi. Gecəni daş kimi yatdım. Səhər tezdən oyandım. Dünənki əsəbimdən əsər-əlamət qalmamışdı. İndiki kimi kinli deyildim. Yenə həminki otaqda böyük süfrə açılmışdı. Bu zaman qapı açıldı. Əhmədzadə içəri girdi. Məni yanında oturtdu. Səhər-səhər süfrədə nə olar? Əlbəttə ki, bal, yağ,

qaymaq, çay, pendir, təndir çörəyi... Ortaya böyük buludda pomidor-yumurta çığırtması gəldi. Əhmədzadə aşbaza:

– Get bundan ikisini də gətir! – deyib, buludu ortadan götürüb qoydu mənim qabağıma, – ye, soldat, ye. Bilirəm, zastavada sizə belə şeylər vermirlər, – deyib əlini çiynimə qoydu.

Buluddakı çığırtmanı yedim. Dünənki “insident”lə bağlı atama “Vallah, Qabil müəllim, bir balaca zabitəmi qırağa qoyan kimi, işləmirlər. Bunlarla başqa cürə davranmaq mümkün deyil” deyə dünənki sözlərinə izah verdi. Bəlkə də haqq qazandırdı. Yaxud da ki, bu formada üzrxahlıq etdi. Mənim isə hər şey yadımdan çıxmışdı. Bir azdan qapı açıldı, Şəki şəhər Partiya Komitəsinin 1-ci katibi Sadıq Murtuzayev, şair Gəray Fəzli və Sərdar müəllim (AzTV-də “Kamillik” verilişinin aparıcısı, alim) otağa daxil oldular. Sadıq Murtuzayev atamın çoxdankı dostuydu. Əhmədzadənin də bu cür isti qəbulu daha çox ona görə idi. (Amma bunu hiss etmirdim. Əhmədzadənin əsl ziyalı, sənətə-sözə hörməti Sadıq müəllimin “tapşırığını” üstələmişdi.) Füzuliyə də məhz atamla görüşməyə gəlmişdi. Söhbət qonşu otaqda bilyard stolu arxasında davam etdi. Gəray Fəzli Azıx mağarasına getmək arzusunu bildirdi. Əhmədzadə “mümkündür. Amma bir gün qabaqdan sərhədçilərə demək lazımdır ki, bizə o xüsusu fanardan ayırsınlar. Ora qaranlıqdı. Adi fanarla heç nə görməyəcəksiniz” dedi. Xülasə, ekskursiya qaldı gələn dəfəyə.

Günortaya yenə süfrə açıldı. Maraqlı söhbətlər bir-birini əvəz etdi. Bir haşiyə də çıxım ki, Əhməd Əhmədzadənin, daha doğrusu Qonaq evinin əla aşbazı vardı. Bunu onda da bildim, sonralar da...

Söhbət əsnasında həm Sadıq Murtuzayev, həm də Əhməd Əhmədzadə bir məqamı dəfələrlə qeyd edirdilər. Ümumi desəm belə: “Bəxtəvər o adamın başına ki, Şəkidə raykom katibidir”. Birdən atam üzünü bunlara tutub:

– Ay Sadıq, Azərbaycanda yüz rayon var. Bu Şəki o birilərindən nəylə fərqlənir ki?

Sadıq müəllim:

– Bilirsən, Qabil, Şəki camaatı dövlətin planını doldurur, artıq qalanı yeyir. Başqa rayonlar isə, nəzarət eləməsən, səndən qorxmasalar, planı da yeyirlər, artıq qalanı da...

Mən isə – cavan uşaq ağzımı açıb bunlara qulaq asırdım. Orda bildim ki, bəs Əhməd Əhmədzadə ən gənc “rayispolkom” olub. Yəni ki, 30 yaşında Qax rayon İcraiyyə komitəsinin sədri təyin edilib. 1975-ci ildə – Heydər Əliyevin hakimiyyəti

dövründə. Məhz orda bildim ki, üç ay “uçebka”da bir yerdə xidmət elədiyim Azər Əhmədzadə bu vəzifə sahibinin əmisi oğludur.

Əhməd Əhmədzadənin sayəsində bir günlük “uvolneniya”m beləcə başa çatdı. Özü də ki, onun hörmətinə mənə zastavadan kənar yerdə gecələməyə icazə vermişdilər. Xülasə, atamgil məni gətirib yenidən qaytardılar zastavaya. Sonradan bildim ki, özləri gediblər Tuğ kəndinə. Bir kənd müəllimi atamı tanıyıb. Aparıb evlərinə. Atam da ona Cəfər Cabbarlının obrazlarına əsaslanaraq, başlayıb sual verməyə ki, bəs Baxşı hanı? Müəllim isə “Siz onu tanıyırsız? Qonşumdur. Bu saat çağıraram” deyə qonşusunu haylayıb. Bəs Sona hanı..? Müəllim onu da çağırıb. Bütün “obrazlar” bir yerə toplanıb. Həyətdə böyük süfrə açılıb. Müəllim əvvəlcə elə bilib ki, Qabil bu adamları tanıyır. Sonradan məlum olub ki, Tuğ kəndini bugünə qədər görməyən Qabil bütün bu adları, yalnız Cəfər Cabbarlıdan oxuduğu “1905-ci ildə” əsərindən götürüb. Nə gözəl TƏSADÜF...

 

SIRAVİ ƏSGƏR ELÇİN MƏMMƏDOV

1986-cı ildə zastavaya “molodoylar” gəldi. Molodoy deyəndə ki, bizdən altı ay “cavan” idilər. Aralarında Elçin Məmmədov adlı bir oğlan da vardı. Bu, Əhmədzadənin bacısı oğlu idi. Günlərin bir günü arxamızca maşın gəldi. Hər ikimiz mindik maşına. Demə Əhməd müəllim məni bacısı oğlundan yan tutmayıb.

Burda bir haşiyə çıxım. Kim olursansa ol, Sərhəd Qoşunlarında bunun bir önəmi yox idi. Sadəcə, bir günlük icazə verə bilərdilər. O da ki, başqa yerdə gecələməmək şərtiylə. Evlə telefonla danışmaq lap çətin idi. Bizim zastava Horadiz stansiyasına yaxın olduğundan və əsgər poçtunu çox vaxt mən götürdüyüm üçün evlə tez-tez danışırdım. Elçini də özümlə aparırdım. Həm evlə danışırdı, həm də...

Horadizin telefonçu qızları evimizin telefon nömrələrini əzbər bilirdilər. Birinci atamla, anamla hal-əhval tutmasaydılar, məni calaşdırmırdılar. Atam 1986-cı ildə onlara “Telefonçu qızlar”adlı şeir də ithaf etmişdi.

Füzulili, Horadizli,

Ala, qumral, qaragözlü,

Xoş ləhcəli, şirin sözlü,

Gül çöhrəli, gülər üzlü

Telefonçu qızlar.

 

Teli telə calayırlar,

Dili dilə calayırlar,

Ürəkdə od qalayırlar,

Lap adam da dolayırlar

Telefonçu qızlar.

 

Kimi xalsız, kimi xallı,

Ay camallı, gül camallı,

Xoş niyyətli, xoş xəyallı,

Xoş qılıqlı, xoş əhvallı

Telefonçu qızlar.

 

Başımızın tacısınız,

Xalqa ana-bacısınız,

Şe`r-sənət acısınız,

Kövrəksiniz, ucasınız

Telefonçu qızlar.

 

Bu iki qış, iki yazı,

Əsgər balam sizdən razı,

Qovuşdurun tez-tez bizi,

Gözləyirik zənginizi

Telefonçu qızlar.

 

Dərdi-qəmdən uzaq olun,

Hər evdə bir çıraq olun,

Mahir mayda qayıdanda,

Siz də bizə qonaq olun,

Telefonçu qızlar.

 

Onu da qeyd edim ki, 1 il 9 ay xidmət dövründə Füzuli camaatından, Horadiz stansiya, Molla Məhərrəmli, Əhmədallar kəndlərinin camaatından böyük hörmət gördüm.

Qayıdım mətləbə. Gəldik Əhməd dayıgilə. Elçinin diliylə mən də ona dayı deməyə başlamışdım. Amma bir fərqimiz vardı. Onlar arasında dayı-bacıoğlu pərdəsi vardı. Amma ki, mən bir az həyasızdım. Əhməd dayı da bacıoğluya sataşmaq üçün məndən “istifadə edirdi”.

– Mahir, tez-tez gedirsiz poçta?

– Hə.

– Telefonla danışırsız?

– Hə.

– Kiminlə?

– Mən evlə.

– Bəs Elçin?

– O da evlə.

– Bəs bacım deyir ki, evə zəng etmir.

Qımışırdım. Necə deyim ki, Elçin kiminləsə danışır. Özü də ki, “10 saat”. Əhməd dayı mənə göz vurandan sonra Elçini satırdım. Oğlu Cümə isə balcaydı. Bilmirdim başa düşür atasının eyhamlarını, ya yox? Amma divanın başında oturub bic-bic gülürdü.

 

PLATİNA

Horadizdə platina deyilən yer vardı. Köçəri adlı nurani bir kişi oranın müdiri idi. Bu platina İranla sərhəddə yerləşdiyindən ora işləməyə xüsusi sərhəd postundan, bizim yoxlanışdan sonra gedə bilirdilər. KPP-nin (Nəzarət Buraxılış Məntəqəsi) yanında isə “Poqran komissarstva”nın (Sərhəd komissarının) iqamətgahı vardı. SSRİ tərəfdə görüş təyin olunanda danışıqlar burda aparılırdı.

Yenə postdaydıq. Sərhəd naryadının başçısı kimi mən aşağıda, iki nəfər isə yerdən altı pillə yuxarı qüllədə dayanmışdı. Xüsusi təlim görmüş ovçarka da yanımızda. Sərhəd komissarının evinin bacasından isə tüstü qalxırdı. Bu vaxt gördük ki, uzaqdan UAZ maşını gəlir. Bilirdim kim olduğunu. Əvvəlcədən demişdilər. Çünki, Sərhəd dəstəsinin rəisi, polkovnik Dmitriyev onu gözləyirdi. Təsadüfdən Elçin qüllədəydi (əgər qüllə demək olarsa.) O da bilirdi ki, gələn dayısıdır. Qaydaya əsasən maşını saxlatdırdım. Qapını açıb çest verdim. Yanında döşündə deputat nişanı olan başqa birisi də oturmuşdu. Hansısa rayonun raykom katibiydi. Əhməd dayı rəsmi təzimə görə gülümsündü.

– Necəsən? – deyə əlini kitelimə toxundurub, – Cibindədi? – deyə soruşdu. Partiya biletimi soruşurdu. Onda Sov.İKP üzvülüyünə – kommunistliyə təzəcə namizəd keçmişdim.

– Əlbəttə ki... – deyə fəxrlə cavab verdim.

– Təbrik edirəm, – sonra əliylə Elçini göstərib, – Yenə qızlara zəng edir?

– Lap tez-tez. Güc-bəlayla çıxarıram onu poçtdan, – deyə bir az da üstünə qoyub cavab verdim. Güldü.

– Arxada iki dənə kulyok var. Onları götür. Zastavada yeyərsiniz. Elçinin dayıdostusu göndərib.

Bunu eşidib, kefim açıldı. Soçinski paxlavanın isə ətri artıq burnuma dəymişdi. Üzümü Elçinə tutub:

– Elçin, gəl dayınla görüş, – dedim.

O biri qüllədə dayanan urus İvan isə yetim-yetim bizə baxırdı. Hə. Lap yadımdan çıxmışdı. Əhmədzadənin aşbazı ondan iki saat əvvəl gəlmişdi. Demə onun qabiliyyətini Dmitriyev də yaxşı bilirmiş.

 

FÜZULİNİN KREMLYOVSKİ ÜZÜMÜ

Bir dəfə Elçinlə poçta getmişdik. Evlə danışdıq. Hərəyə bir pors sosiska yedik. Sonra çıxdıq stansiyada var-gəl etməyə başladıq. Bizim Bulvarımız ora idi. Bu vaxt bir nəfər bizə yaxınlaşdı. Demə Elçini tanıyıbmış. Otuzdurdu bizi UAZ dövlət maşınına. Vaqonların arasıyla bir xeyli yol getdik. Bir refrijeratorun – soyuducu-vaqonun yanıda dayandıq. Üzüm dolu yeşiklər doldururdular ora. Sürücü tez maşının baqajını açdı. Dörd dənə yeşiyi ora yüklədilər. Sonra həmin adamın göstərişiylə sürücü gətirib bizi zastavanın qapısında düşürtdü. Rəis, rəis müavinləri hər giləsi gavalı boyda olan üzümləri görəndə gözləri kəlləsinə çıxmışdı. Mən özüm də o boyda üzüm giləsi görməmişdim. Demə o vaqon xüsusi olaraq Kremldəkilər üçün nəzərdə tutulubmuş. O gündən rəis bizi stansiyaya tez-tez göndərirdi. Ta üzüm yığımı başa çatana qədər. Füzulidə sərhədçilərə hörmət böyük idi.

 

EŞİTDİYİM HADİSƏ

1987-1991-ci illərdə Əhməd Əhmədzadə Şamxora (indiki Şəmkir) raykom katibi (indi İcra başçısı) kimi rəhbərlik edir. Ermənistandan soydaşlarımızın qovulduğu dövrə təsadüf edən bu zaman kəsiyində Əhməd Əhmədzadə çox böyük siyasətlə, bir güllə atılmadan ermənilərin kompakt yaşadığı Çardaxlı və digər ətraf erməni kəndlərinin boşaldılmasına və Qərbi Azərbaycandan didərginlərin orda yerləşdirilməsinə nail olur. Bəlkə də bu hərəkətinə görə mərkəzdən cəza da alır. Düşünürəm ki, Əhməd Əhmədzadə barədə eşitdiyim bu fakt digər yazımda daha geniş təsvir olunacaq. Əlbəttə ki, özü açıqlamaq istəsə.

 

SON

Bu qədər. Əhməd dayımdan ta o vaxtdan xəbər yoxdur. Nə edir, nə etmir, bilmirəm. Jurnalistlərin də yadından çıxıb. Heç arayıb axtarmırlar. Yəqin özü də inciyib onlardan. İlk addımı özüm atdım. Amma jurnalist kimi yox. Uzaq əsgərlik illərinin xatirə-yadigarı kimi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM