Hacı Zeynalabdin Tağıyevin yaratdığı ibtidai məktəb və yaxud Bugünkü bəzi məmurların pedaqoji tariximizə etinasızlığı
…Hacı Zeynalabdin Tağıyevin elm və maarif sahəsində gördüyü əzəmətli işləri dünyanın ən böyük xeyriyyəçilərinin fəaliyyəti ilə müqayisə edəndə, qeyri-ixtiyari olaraq, birinci yerdə həmişə H.Z.Tağıyev durur.
7 oktyabr 1901-ci ildə Bakıda fəaliyyətə başlayan H.Z.Tağıyevin qızlar məktəbi hələ açılmamışdan məşhurlaşmışdı. Məktəbin açılışı günü Bakıya Rusiya müsəlmanlarından, dini idarə rəhbərlərindən onlarla təbrik teleqramı gəlmişdi.
Qonşu ölkələrin dövlət başçıları və ömrünü məktəb və maarif işinə həsr edən ziyalılar bu məktəbin uğurları ilə tanış olmaq istəyirdilər.
1902-ci ilın sentyabrında İran şahı Müzəffərəddin şah (1853-1907) Avropa səfərindən öz ölkəsinə qayıdarkən zövcəsi ilə bərabər yolüstü Hacı Zeynalabdin Tağıyevin və Bakının mötəbər din xadimlərinin müşayiəti ilə qızlar məktəbinə ziyarət edir. Məktəb şahın çox xoşuna gəlir. O,burada oxuyan qızların hərəsinə hədiyyə olaraq medalyonlu qızıl zəncir bağışlayır. Heç kəsə borclu olmaq istəməyən H.Z.Tağıyev şaha öz ləyaqətini göstərmək fikrinə düşür.
H.Z.Tağıyev 1902-ci il noyabrın 13-də Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin direktoruna rəsmi şəkildə müraciət edərək, Əhmədli kəndində ona məxsus olan toxuculuq fabriki fəhlələrinin uşaqlarının yaxşı təhsil almaları, cəmiyyət üçun faydalı vətəndaş olmaları məqsədilə onlar üçün ibtidai məktəb açmasına icazə istəyir. O, bu məktubunda məktəbə İran şahı Müzəffərəddinin adının verilməsini xahiş edir.
Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsindən Qafqaz Təhsil Dairəsinin popeçitelinə (hamisinə - N.N.) göndərilən 4 mart 1904-cü il tarixli məktubda da bu xahişlər təkrar olunur.
Tədqiqatçı Marat Cəfər oğlu İbrahimov yazır ki, H.Z.Tağıyev Lifli Materiallar və Pambıq Məhsulları Səhmdar Cəmiyyəti yaratmaq üçün çar hökumətinə 1897-ci ilin əvvəllərində müraciət etmiş, həmin ilin iyun ayının 27-də onun xahişinə əməl olunmuşdur . Çox güman ki, H.Z.Tağıyev bu addımı Səhmdar Cəmiyyəti fabrikinin gələcəyini daha etibarlı,savadlı insanlara etibar etmək məqsədilə atmışdır.
Xalq Məktəbləri İdarəsinin direktoru H.Z.Tağıyevin xahiş məktubunun məzmununu Qafqaz Tədris Dairəsinə xüsusi məktubla xəbər verir. Qafqaz Tədris Dairəsinin hamisi 1903-cü ilin martında
381 nömrəli məktubu ilə məktəbin açılışına öz razılığını bildir , lakin nədənsə məktəbə İran şahının adının verilməsi xahişinə məktəbin açılış məqamında məhəl qoyulmur. Çox güman ki, bu, ölkədə gündən-günə qüvvətlənən qarışıqlıq və hərc-mərcliklə əlaqədar idi.
İran şahı Müzəffərəddin şah bəzi mənbələrdə yazıldığına görə, 1900-cü ildə Osmaniyyədə rəsmi səfərdə olarkən Sultan Əbdülhəmiddən Cənubi Azərbaycan məktəblərində türk dili tədrisinin bərpa olunmasını xahiş etmişdi. Görünür, İran şahının Bakıdakı qızlar məktəbinə səfəri də məktəb və maarif məsələlərinin tərəqqisi yolunda görmək istədiyi yeni layihələrlə bağlı olmuşdur.
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbinin rəsmi açılışını Müzəffərəddin şahın Bakı səfərindən iki il sonra - 1904-cü il oktyabrın 1-də keçirmək qərara alınsa da, bu iş bir az ləngiyir.
9 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin direktoruna göndərilən məktubda göstərilir ki, dərslər 1904-cü il dekabrın 4-dən başlasa da, ibtidai məktəbin rəsmi açılışı 1905-ci ilin aprelində olacaqdır.
17 dekabr 1904-cü ildə H.Z.Tağıyevin adından Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinə göndərilən bir məktubdan məlum olur ki, məktəbin 46 şagirdi var; onlardan 10-u rus, 2-si alman, qalanları müsəlmandır.
O vaxtlarda Bakıda rus və başqa əcnəbi dillərdə çıxan qəzetlərdən məktəbin açılışı haqqında ətraflı məlumat toplamaq mümkündür. Rəsmi sənədlərdə bu məktəbin H.Z.Tağıyevin Əhmədlidəki toxuculuq fabriki işçilərinin uşaqları üçün açıldığı xüsusi qeyd edilir. Lakin burada yaxın kəndlərdə yaşayan yoxsul balaları da təhsil alırdılar.
Məktəbin Nizamnaməsində burada üç müəllimin işləməsi nəzərdə tutulurdu. Müəllim əməyinin qiymətləndirilməsində nədənsə çox böyük fərqlər var idi: elmi fənlər müəlliminin əmək haqqı ildə 600 rubl, Azərbaycan dili və şəriət müəlliminin maaşı isə ildə 300 rubl müəyyənləşdirilmişdi.
Məktəbin kadr siyasəti ilə təsisçi şəxsən özü məşğul olurdu.
H.Z.Tağıyev tanıdığı, bilik və bacarığına inandığı müəllimlərin işə qəbul olunmasına üstünlük verirdi.
1904-cü il oktyabrın 27-də Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinin direktoru Əbdülkərim bəy Vəlibəyov H.Z.Tağıyevin ibtidai məktəbinə direktor vəzifəsinə dəvət olunur.
Əbdülkərim bəy Vəlibəyovun kənddən paytaxtın kənd məktəbinə rəhbər vəzifəyə dəvət edilməsi heç də təsadüfi deyildi. Əbdülkərim müəllimin qardaşı Əbdüləli bəy Bakıdakı 8 nömrəli rus-tatar məktəbində direktor vəzifəsində işləyirdi, o, paytaxt ictimaiyyətinin tanıdığı, pedaqoji fəaliyyətinə və savadına güvəndiyi ziyalılardan idi.
Görkəmli maarif xadimi Əlməmməd Əbdüləli oğlu Mustafayev (1883-1976) xatirələrində Əbdüləli bəy Vəlibəyovun maarifçilik fəaliyyətini çox yüksək qiymətləndirmişdir:
"Səkkizinci rus-tatar məktəbinin müdiri Əbdüləli bəy Vəlibəyovdur. Qori seminariyasının məzunlarındandır. Özü də bir qədər lovğadır. Buna görə də onu "qraf Vəlibəyov" çağırırlar. Bu adam seminariyanı bitirdikdən sonra xeyli müddət Stavropol şəhərində rus dili müəllimi işləmişdir.
Bakıda onun məktəbi nümunəvi hesab olunur. Çünki Vəlibəyov qaydaları gözəlcəsinə bilir. Baxmayaraq ki, onun məktəbi "Güllü dərə" rayonundadır (müəllif etik qaydalara görə söz birləşməsinin birinci tərəfini dəyişmişdir - N.N.), şəhərin geridə qalmış yerindədir, ancaq məktəbdə səliqə-sahman, təmizlik, təzəlik yarada bilmişdir. İctimai işlərdə iştirak etmir. Sənəti məktəbdarlıqdır”.
"Qraf Vəlibəyov"- Əbdüləli bəy Vəlibəyov 1904-cü il oktyabrın 27-də H.Z.Tağıyevin xahişini teleqramla Gülablıda yaşayan qardaşına xəbər vermiş, onun Bakıya gəlişini tezləşdirmişdi. Bakıya dəvət olunan qardaş - Əbdülkərim bəy Vəlibəyov ölkə təhsilinin tanınmış nümayəndələrindən biri idi.
Əbdülkərim əli bəy Vəlibəyov 1896-cı ildə Qoridəki Zaqafqaziya (Cənubi Qafqaz) Müəllimlər Seminariyasını bitirmiş, təyinatla Yelizavetpol quberniyasının Gülablı kənd məktəbinə direktor (smotritel) vəzifəsinə göndərilmişdi. Əbdülkərim bəy Vəlibəyov burada səkkiz il kənd məktəbinə başçılıq etmişdir.
Əbdülkərim bəy Vəlibəyov Əlahəzrət Cənab Hacı Zeynalabdin Tağıyevə (Eqo Vısokorodiö Qospodinu Qadji Zeynal Abdinu Taqievu - N.N.) 20 noyabr 1903-cü ildə yazdığı məktubunda şəhərin yeni kənd məktəbində işləmək təklifini məmnuniyyətlə qəbul edir, məktubunun sonunda tapşırılan işin məsuliyyətini dərk etdiyinə görə ailəli olduğunu xüsusilə vurğulayır (1,v.9).
8 il Xalq Maarif Nazirliyi sistemində səmərəli fəaliyyət göstərən kənd məktəbi müdiri Əbdülkərim bəy Vəlibəyovun Bakıya məktəb rəhbəri vəzifəsinə dəvət edilməsi H.Z.Tağıyevin yaxınlarından biri olan, Vəlibəyovları həmyerli kimi yaxşı tanıyan, mühəndis Fərrux bəy Vəzirovun təklifi də ola bilərdi.
Məktəbə Azərbaycan dili və şəriət müəllimi vəzifəsinə o vaxtlar Bakıdakı şəhər məktəblərində ehtiyat şəriət müəllimi və ana dili müəllimi kimi fəaliyyət göstərən Mirzə Abdulla Talıbzadə (Abdulla Şaiq - N.N.) dəvət olunmuşdu.
Hacı Zeynalabdin Tağıyev Talıbzadələri yaxşı tanıyırdı. Axund Molla Mustafa Talıbzadə uzun illər Cənubi Qafqaz Şiə Ruhani İdarəsində işləmiş, anadilli dərsliklərin hazırlanmasında, onların metodiki hazırlığında fəal iştirak etmişdir. Ailənin böyük oğlu - Mirzə Yusif Talıbzadə (1877-1922) H.Z.Tağıyevin dini maarifçilik və mədəni siyasət ideyalarının həyata keçirilməsində fərqlənən ziyalılardan idi.
Yusif və onun kiçik qardaşı Xorasanda təhsilini başa vurandan sonra ailəyə maddi kömək göstərmək məqsədilə Bakıya gəlmiş, burada pedaqoji işlə məşğul olmuşlar.
Mirzə Abdulla Talıbzadə 20 noyabr 1903-cü il tarixli ərizəsində sənədlərinin yeni məktəb rəhbərliyinə təqdim etdiyini göstərir. Lakin o, məktəb açılanacan Sabunçudakı üçsinifli kənd məktəbində işə düzəldiyinə görə H.Z.Tağıyevin Əhmədli kənd məktəbində işləməmişdir.
İkinci təklif Əlauddin Əfəndiyə olmuş və o, 1906-cı il sentyabrın 17-dək - Bakı Kommersiya Məktəbinə keçənədək burada Azərbaycan dili və şəriət dərslərini keçmişdir.
Məktəbdə bir müddət Azərbaycan dili və şəriət dərsləri boş keçmiş, sonralar bu iş Rza bəy Lətifbəyova həvalə olunmuşdur.
Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin müfəttişi S.M.Qəniyevin H.Z.Tağıyevə ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 1887 nömrəli məktubundan məlum olur ki, Rza bəy Lətifbəyovdan sonra Əhmədli kənd məktəbində Azərbaycan dili dərslərinin tədrisi
01 sentyabr 1915-ci ildən əmrlə Aleksandra məktəbi (H.Z.Tağıyevin qızlar məktəbinin rəsmi adı İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbi olduğundan bəzi mənbələrdə Aleksandra məktəbi kimi də qeyd olunurdu – N.N.) nəzdindəki kursların məzunu Törə xanım Zamanovaya tapşırılmışdır.
Yuxarıda qeyd olunduğu kimi, məktəbin ilk direktoru Əbdülkərim bəy Vəlibəyov olmuşdur. Sənədlərdən məlum olur ki, o, Əhmədli kənd məktəbində 4 il işləmişdir. Əbdülkərim bəy Vəlibəyovdan sonra - 1908 -ci ilin sonunda R.Cəfərov soyadlı müəllim məktəbə direktor təyin olunmuşdur.
R.Cəfərov Əhmədli kənd məktəbinə Şuşadan gəlmişdi. Görünür, onun namizədliyini şuşalı Əbdülkərim müəllim vermişdir.
R.Cəfərov Əhmədli kənd məktəbində bir neçə ay işləyir. R.Cəfərovdan sonra direktorluq vəzifəsi Vera Stefanovskaya adlı bir müəlliməyə tapşırılır. Cəmi bir neçə aydan sonra o da rəhbərlikdən uzaqlaşdırılır.
Vera Stefanovskayanın yerini M.Reyn tutur . M.Reyn hər il yay tətilini Kiyevdə keçirirdi. Onun valideynləri Kiyevin 8-ci Jitomir küçəsindəki 15 nömrəli evin 4-cü mənzilində yaşayırdı. Fonddakı sənədlərin məlumatına görə, M.Reyn H.Z.Tağıyevin Əhmədli kənd məktəbinin orijinal təklifləri ilə yadda qalan direktoru olmuşdur.
O, Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsinin müfəttişi S.M.Qəniyevə ünvanladığı 24 oktyabr 1914-cü il tarixli məktubunda Əhmədli kənd məktəbində ondan qabaq işləyənlərin fəaliyyətini pisləyir. Yaranmış vəziyyətdən çıxış yolunu ikinci qrupla üçüncü qrupu birləşdirməkdə görür.
Əhmədli kənd məktəbi ilə ilgili maraqlı faktlardan biri də burada M.Reynin direktor olduğu vaxtlarda yaşlılar üçün axşam kurslarını açmasıdır. Məktəbin direktoru M.Reyn 18 yanvar 1916-cı ildə H.Z.Tağıyevə yazdığı məktubda Xalq Maarif Nazirliyinin axşam məktəblərinə aid 20 mart 1907-ci il qərarına əsasən ona Əhmədli kənd məktəbində yaşlılar üçün axşam kurslarının açılmasına icazə verilməsini xahiş edir. Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin
25 fevral 1916-cı il tarixli 2093 nömrəli məktubunda kurslarda müəllimlik vəzifəsi müvəqqəti olaraq əmrlə Bakı Şəhər Məktəbinin məzunu Abdullayev Mirməcidə tapşırılır. Məktubda yeni dərs ili üçün (1916/1917-ci dərs ili üçün - N.N.) yaşlıların axşam qrupuna daha münasib müəllim tapılacağına ümid bəslənilir.
1909-cu il yanvarın 1-nə aid siyahıdan öyrənirik ki, məktəbin 4 şöbəsində oxuyan 34 şagirdin 24-ü müsəlman, 10-u isə rus idi. Müsəlman şöbəsində oxuyanların sayı 7 nəfər idi. Tarixi dəyərləndirmə üçün onların hamısının ad və soyadını tədqiqatçılara təqdim edirik:
1.Abdullayev Əlisəftər
2.Babayev Məmmədtağı
3.Həcıyev İbad
4.Dadaşov Heydər
5.Cəlalov Əbülfəz
6.İsayev İsa
7.Salmanov Salman.
Digər müsəlmanlar (azərbaycanlılar - N.N.) beynəlmiləl siniflərdə oxuyurdular.
H.Z.Tağıyevin Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin Direktoruna yazdığı 13 noyabr 1903-cü il tarixli 253 nömrəli məktubunda Əhmədli kənd məktəbində həm oğlanların, həm də qızların bir yerdə təhsil alacağı göstərilsə də, 1 yanvar 1909-cu ilə aid siyahıya görə məktəbdə əsasən oğlanların oxuduğu göstərilmişdir.
Fikrin təsdiqi üçün birinci şöbədə oxuyanların siyahısını təqdim edirik:
1.Ağazamanov Ağa İbrahim oğlu
2.Aslanov Hacı Baba oğlu
3.Atamoğlanov İbrahim
4.Həsənov Qüdrət
5.Zeynalov Zeynal
6.Koşelyov Konstantin
7.Nəsirov Əli
8.Popov Andrey
9.Samoletov Aleksandr
10.Şəfiyev İsmayıl
11.ŞEMİXİNA VARVARA
12.Şibayev Konstantin .
1909-cu ilin sentyabrında H.Z.Tağıyevin ibtidai məktəbinin dörd şöbəsində oxuyanların sayı 80 nəfərə çatmışdı. Burada "xalqın böyük ehtiyacı olan, bilməyəcəyi təqdirdə əlacı olmayan" (S.Ə.Şirvani - N.N.) rus dili ilə yanaşı, Azərbaycan dilinin tədrisinə də böyük qayğı göstərilirdi. Şagirdlər əsas fənlərdən başqa, əl əməyi, nəğmə, hüsnxətt dərsləri də keçir, islam dininin tarixini öyrənirdilər.
H.Z.Tağıyevin Əhmədli kənd ibtidai məktəbinin 1914-cü ilə aid həftəlik dərs cədvəli də arxiv sənədləri kimi diqqəti cəlb edir. Cədvəli Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəbləri İdarəsinin müfəttişi, məktəbin tədris işləri üzrə direktor müavini xanım V.Ottomar Şteyn imzalamışdır. Cədvəldən məlum olur ki, birinci şöbədə hər gün 4 saat dərs keçmək planlaşdırılmışdır. Dərslərin çoxunu direktor özü keçmişdir. 24 saatlıq dərs həftəsinin 19 saatlıq dərs yükü direktora həvalə olunmuşdur. Həftənin birinci günü keçirilən şəriət dərslərində sinif iki qrupa bölünmüş, dərsləri xristian tələbələrə M.Reyn, müsəlmanlara isə R.Lətifbəyov keçmişdir .
Təlimi Azərbaycan dilində olan hazırlıq sinfində gündə 3 saat dərs keçirilir.1914-cü ildə 18 saatlıq dərs həftəsinin 6 saatı tatar dili adı ilə keçirilən Azərbaycan dili dərsləridir. Bu dərslər üç gün dərs gününün birinci saatında, üç gün isə ikinci saatında keçirilmişdir. Hazırlıq kurslarında hər həftə rus dilində 8-9 saat leksik dərslərin keçirilməsi də hakim dili yaxşı öyrənmək siyasətinə əsaslanırdı.
Dərs cədvəlinə görə, şəriət dərsinə həftədə cəmi bir saat vaxt ayrılmışdır. Hazırlıq şöbəsinin şagirdlərinə həftədə 6 dəfə sistemli rus dili dərsi keçirilməsi planlaşdırılmışdır.
Məktəbdə şagirdlərin yazı savadına da xüsusi fikir verilmişdir: yazı vərdişlərinə yiyələnmək üçün şagirdlərə hər dərs gününün sonunda ayrıca dərs keçirilmişdir.
1910-cu ildən hazırlıq şöbəsinin bütün dərslərini Rza bəy Lətifbəyov tədris etmişdir ,
H.Z.Tağıyevin ibtidai məktəbinə aid tədrislə ilgili son sənədlər 1917-ci il iyulun 27-də imzalanıb. Sənədlər içərisində pedaqogika tariximiz üçün maraqlı görünən materiallar çoxdur.
Məktəbdə keçirilən ədəbi-bədii gecələrin proqramları ), dərs bölgüsü və cədvəllər, müxtəlif yazışmalar bu qəbildəndir. Məktəbdə şagirdlərin bədii-estetik tərbiyəsinə, vətənpərvərlik uğrunda böyümələrinə həmişə xüsusi diqqət verilmişdir.
25 mart 1916-cı ildə məktəbdə Novruz bayramı ilə ilgili ədəbi-bədii uşaq axşamı keçirilmişdir. Tədbirin iki hissəli proqramından məlum olur ki, uşaqların ifasında səslənən materiallar diqqətlə seçilmiş, onların hamısı gənc nəslin bədii və idraki zövqünün formalaşdırılmasına yönəldilmişdir.
Tədbirdə rusdilli şagirdlərlə yanaşı, Azərbaycan bölməsinin uşaqları da fəal iştirak etmişlər; Rəhimov rus dilində "Quşların şikayəti" şeirini oxumuş, Bagiyev isə Abdulla Talıbzadənin tolerantlığın təbliğinə yönəlmiş "Hamımız bir günəşin zərrəsiyik" ("Həpimiz bir günəşin zərrəsiyik" - N.N.) şeirini Azərbaycan dilində ifa etmişdir.
Yeri gəlmişkən qeyd edək ki, H.Z.Tağıyevin maarifçilik fəaliyyəti Bakının sərhədlərindən xeyli uzaqlarda da geniş vüsət alırdı. Azərbaycan Respublikası Dövlət Tarix Arxivində 372 nömrəli fondda saxlanılan bir məktubdan məlum olur ki, maarif və mədəniyyət məsələlərinə müntəzəm və operativ qayğı göstərən H.Z.Tağıyevin Petrovskidə də (indiki Mahaçqala - N.N.) qız pansionu var imiş.
Tağıyevlər ailəsinə yaxın olan Heydər Tarkovski H.Z.Tağıyevdən ona məxsus olan qız pansionunda oxuyan qızı Şirni xanımın 1914-1915-ci tədris ilinin ikinci yarısı üçün 100 rubl təhsil haqqını ödəməsini xahiş edir. Əlbəttə, 100 rubl səxavətdə Hatəm Taidən geri qalmayan H.Z.Tağıyev üçün o qədər də böyük məbləğ deyildi.
(Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, məni 372 nömrəli fonddakı bu faktları öyrənməyə istiqamətləndirən tarix üzrə fəlsəfə doktoru, H.Z.Tağıyevin irsini, həyat və fəaliyyətini ardıcıl öyrənən, qatı açılmamış arxiv fondlarından zərrə-zərrə topladıqlarını elmi ictimaiyyətə qalın-qalın kitablarla çatdıran ftarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovdur. Ona öz minnətdarlığımı bildirirəm).
İşinin çoxluğuna, əhatə dairəsinin genişliyinə baxmayaraq, H.Z.Tağıyev himayədarlıq etdiyi və yardım göstərdiyi təhsil ocaqlarının bütün problemlərinə atalıq qayğısı göstərir, təhsil uğurlarını milli mədəniyyətimizin göstəricisi kimi dəyərləndirirdi.
H.Z.Tağıyevin Əhmədli kəndindəki ibtidai məktəbində keçirilən tədbirlərdə şəhərin adlı-sanlı adamları, o cümlədən təsisçinin özü də fəal iştirak edirdi. Məktəbin bir şox məzunları sonrakı təhsillərini şəhərin rusdilli məktəblərində uğurla davam etdirmişlər. Onların adlarını tapıb üzə çıxarmaq, maarifçilik tariximizdə özünə şərəfli yer tutan bu nümunəvi təhsil ocağının tarixini hərtərəfli öyrənmək, onun unudulmuş yubileyini keçirmək pedaqoji ictimaiyyətimizi ciddi düşündürməlidir.