(Azəbaycan tarixi.X sinif üçün dərslik. Bakı,2012-ci il,"Çaşıoğlu" nəşriyyatı, 240 səhifə)
Təlim prosesində fənlərarası əlaqənin əhəmiyyətini nəzərə alaraq, "Azərbaycan tarixi" dərsliyini (Azərbaycan tarixi,X sinif.Bakı, "Çaşıoğlu" nəşriyyatı,2012-ci il,240 səhifə) vərəqləməli oldum.Bəri başdan deyim ki, dərslik gözəl və nəfis tərtibatı, rəsmləri, müxtəlif xəritələri və tarixi fotoları ilə diqqəti cəlb edir. Dərslik formatına və həcminə görə də əvvəlki nəşrlərdən fərqlənir. 6 müəllifin kollektiv işi olan bu dərslik tarix elmləri doktoru,professor Tofiq Vəliyevin ümumi redaktəsi ilə çap olunmuşdur. Dərsliyə 5 mütəxəssis rəy vermişdir.
Tarix mütəxəssisi olmadığım üçün sırf tarixə aid məsələlərdən yox,dərslikdə təsadüf etdiyim bir sıra filoloji məsələlərin işıqlandırılmasında təsadüf etdiyim uyğunsuzluqlardan söz açmaq istəyirəm. Bunlar eləsəhvlərdirki, deməmək olmur.Bu nöqsanlara göz yumsaq,şagirdlərdə müəyyən bir mövzunun başa düşülməsində, anlanımasında etimadsızlıq və deyilən sözə qayğısızlıq yarana bilər.Müəlliflər bu faktları müvafiq mənbələrdən əxz etdikləri üçün uyğunsuzluqların çoxu məhz həmin mənbələrdən gəlir.
Dərslikdə "Kəşkül" qəzetindən danışılan yerdə (səh.120) bu mətbu orqanın 1880-ci ildə işıq üzü gördüyü yazılır. Halbuki "Kəşkül"ün jurnal fopmatlı tarixi 31 yanvar 1883-cü ildən başlayır.Bu barədə son illərdə bir sıra elmi əsərlərdə, ali məktəb dərsliklərində ətraflı olmasa da , kifayət qədər söz açılmış, tarixi faktlar ilkin mənbəyi göstərilməklə tədqiqatçıların diqqətinə çatdırılmışdır.
Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü, "Ziya" qəzetinin naşiri və sahibi-imtiyazı Səid Əfəndi Ünsizadənin ortancıl qardaşı, "Ziya" qəzetinin redaktoru və mühərriri Cəlaləddin (Cəlal) Əfəndi Ünsizadə Qafqaz Senzor Komitəsinə göndərdiyi 12 may 1882-ci il tarixli məktubu ilə 1882-ci il sentyabr ayından Tiflisdə ayda bir dəfə "Kəşkül" adlı məcmuə çıxarmağa icazə istəmişdir. Qafqaz Senzor Komitəsi 1882-ci ilin oktyabrında Cəlal Ünsizadəyə "Kəşkül" adlı jurnal çıxarmağa icazə vermişdir.
Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları öz ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdirdiyi proqram əsasında 1883-cü il yanvarın 31-də 28 səhifəlik "Kəşkül" jurnalını qardaşı Səid Ünsizadənin Tiflisdəki "Ziya" mətbəəsində çap etdirir. "Kəşkül" on bir nömrə jurnal kimi nəşr olunur,12-ci nömrədən sonra isə hətəlik qəzet kimi fəaliyyətə başlayır.
Sözümüzün təsdiqi və inandırıcı olması üçün "Kəşkül"ün ilk nömrəsi haqqında məlumat vermək istəyirik.Məsələ burasındadır ki,şagirdlər faktlarla birbaşa tanış olanda mövzunu daha yaxşı qavrayırlar.Tarixə düşən bə bu yolla tatixləşən səhvləri faktsız sübut etmək həmişə çətinlik törədir.
"Kəşkül" jurnalının birinci nömrəsində həm Azərbaycan dilində,həm də rus dilində yeni mətbu orqan haqqında ətraflı məlumat verilmişdir.
Ərəb əlifbalı nəşrlər soldan sağa oxunduğu üçün əvvəlcə Azərbaycan dilində yazılmış səhifəni oxuyuruq.
Kəşkül
1883 (miladi tarixlə-N.N.)-1300(islam tarixi ilə-N.N.)
ədəbiyyat və siyasiyatdan bahis(Səhv deyil.Bəhs yox, "bahis yazılıb.
Bahis -bəhs edən mənasını verir.-N.N.)
(türki və farsi və ərəbi məqaləti dərc edər)
Aylıq məcmuədir.
Birinci sənə. Mah rəbiüləvvəl -1300. Ədəd 1.
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Birinci cüzvinin(burada: nömrəsinin-N.N.)mündəricatı
Duayi-mənzumə
"Kəşkül"ün müqəddiməsi
Hekayə
S.Atamalıbəyovun vərəqəsi
Əlifba məsələsi
"İttilah" ğəzetəsi və İran xanı
A.Bakıxanovun müəllifatından
Tağıstan ixtişaşı
Mütənəvviyə və ixtilat
"Kəşkül"ün proqramı
Elanat
Mühərrir və naşiri Ünsizadə Cəlaləddin . "Ziya" mətbəəsində təb olunmuşdur.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Дозволено цензурою.Тифлисъ. 31-го января 1883 года
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bu səhifənin materialları rus dilində müəyyən əlavələrlə jurnalın 28.ci-sonuncu səhifəsində verilmişdir.
*********************************************************************************************
Bizə elə gəlir ki,"Azərbaycan tarixi" dərsliyinin yeni nəşrlərinə mütləq ictimai-fikir tariximizdə fundamental yeri olan mətbuat məsələlərinə bu işi bilən filoloqlar, mətbuat tariximizin biliciləri də cəlb olunmalıdırlar.
Burada bir məsələ xüsusilə vurğulanmalıdır: ali məktəblərə TQDK-nın xətti ilə keçirilən qəbul imtahanlarında məktəb və maarifçilik məsələlərini öyrənməyə məxsusi önəm verilmir. Lakin bu, heç də o demək deyil ki,məktəb və maarifçilik məsələləri kölgədə qalmalıdır.Otra məktəb hər nəsnədən əvvəl Vətənə layiq vətəndaş yetişdirməlidir.Təbii ki, hər bir vətəndaş da öz ölkəsinin keçdiyi inkişaf yolunu hərtərəfli öyrənməlidir.
Başqa bir məsələni də vurğulamaq istərdik.Dərsliklərin mütləq müəllif səviyyəli məsul redaktoru olmalıdır.Redaktorun haqlı iradları müəlliflər tərəfindən hörmət və həssaslıqla qarşılanmalı,orta məktəb auditoriyalarına bir səhv belə yol tapmamalıdır.Bəzən haqlı olaraq düşünürsən ki,100 il bundan qabaqkı tariximizin bəzi faktlarında qeyri-dəqiqlik varsa, təbii ki, əsrlərlə yaşı olan tariximizin bəzi faktları da dəqiqləşdirməli,xalqımızın tarıxi keçmişi daha düzgün, dəqiq yanaşma ilə, elmi əsaslarla öyrənilməlidir.
Məsələ burasındadır ki,dərsliklərimizdəki bəzi uyğunsuzluqların tarixi dünəndən, sırağa gündən başlamır.Mən TQDK-nınAzərbaycan dili və ədəbiyyatı seminarının ilk rəhbəri olmuşam.1995-1996-cı ilin qəbul imtahanlarına aid bunkerdə bu iş üçün səriştəsi olmayan mütəxəssislərin yarıtmaz işinə görə seminar rəhbərliyindən getməli oldum. (Bu gedişin səbəbkarları ilk növbədə Azərbaycan Milli Elmlər Akademiyasından və Bakı Şəhər Müəllimləri Təkmilləşdirmə İnstitutundan bunkerə dəvətolunmuş mütəxəssislərin seminarımız haqqında yaratdıqları aldadıcı təəssürat oldu. Öz sahələrinin yaxşı mütəxəssisləri olan bu kadrları, görünür, etik davranış baxımından hələ də kadr arxasında saxlamaq lazım gələcəkdir). Biz o vaxt ədəbiyyat və tarix kitablarındakı bəzi uyğunsuzluqları aradan qaldırmaq üçünTQDK-nın tarix seminarının rəhbəri professor Yaqub Mahmudova müraciət etdik.Təəssüf ki,onun daha məsul işlərə cəlb ediməsi bu işləri-gözlənilən əməkdaşlığı səngitdi.
Mövzuya aydınlıq üçün yazıda məcbur olduğumuz lirik olmayan ricətlərdən sonra yenidən X sinif üçün hazırlanan "Azərbaycan tarixi" dərsliyini vərəqləyirik.
1911-1912-ci illərdə Bakıda nəşr edilən "İşıq" adlı mətbuat orqanı şagirdlərə jurnal adı ilə tanıdılır. (səh.214).Halbuki Tiflisdəki Olqa Mamalıq İnstitutunun məzunu Xədicə xanım Əlibəyovanın redaktoru olduğu "İşıq" - həftəlik qəzet idi.Ərəb qrafikası ilə çıxarılan bu mətbu orqanın birinci səhifəsində rus qrafikası ilə "еженедельная газета" olduğu xüsusilə nəzərə çatdırılırdı.
Dərslikdə Zaqafqaziya Müəllimlər Seminariyasının "Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası " kimi təqdim olunması ( səh.117) yanlışlıq kimi başa düşülməlidir.
S.Ə.Şirvaninin şagirdlərə nasir kimi təqdim olunması da elmi cəhətdən düzgün deyil (səh.121 ).
Doğrudur , S.Ə.Şirvaninin bədii nəsrdə də müəyyən izləri vardır: onun "Rəbiül-ətfal"dərsliyinə daxil edilmiş əsərlərinin müəyyən hissəsi kişik həcmlə hekayələrdir. Amma S.Ə.Şirvanı ədəbiyyat tarıximizdə M.Füzuli irsinin layiqli davamçısi kimi daha çox tanınır.
Abdulla Şaiqin "Uşaq gözlüyü "(1910) dərslikdə "Uşaq çeşməyi" adı ilə göstərilmişdir (səh.208).
S.Ə.Şirvanin Şamaxıda məktəb açdığı barədə verilən informasiya düzfgün deyil. (114).Pedaqoji ədəbiyyatda S.Ə.Şirvaniyə aid edilən "Məclis məktəbi"nin yaradıcısı Səid Əfəndi Ünsizadədir. Bu il həmin məktəbin 140 yaşı tamam olur. Görkəmli maarifçi Səid Ünsizadənin təşəbbüsü, Bakı qubernatoru D.S Staroselskinin razılığı ilə açılan, təhsil sistemimizdə yenilik olan bu məktəbin yerində indi Şamaxı Avropa Litseyi fəaliyyət göstərir.
M.Ə.Sabir mollaxana təhsilindən sonra bu məktəbdə iki il S.Ə.Şirvanidən dərs almışdır.
Ədəbiyyat tariximizdə uzun müddət "Kitab yüklü Eşşək" romanı səhvən Mirzə Əbdürrəhim oğlu Talıbova (1834-1911) aid edilmişdir. Halbuki bu alleqorik əsəri fransız yazıçısı Şarl Pol de Kok
(fr.Charles Paul de Koks,1793-1871) yazmışdır. O,"Zövcəmin oğlu" (L'Enfant de ma femme) adlı romanını on dörd yaşında yazmıçdır. Fransız dilini öyrənən əcnəbilər əsas dil materialı kimi adətən Pol de Kokun əsərlərinə müraciət edirlər.
Artıq bir neçə ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin ədəbiyyat dərsliklərində M.Ə.Talıbovun həyat və yaradıcılığından bəhs olunmur. Ədəbiyyat dərsliklərindəki məşhur tarixi səhv isə tarix dərsliklərində (səh.132) hələ də qalmaqdadır.
Dərslikdə "Ziya" və onun davamı olan "Ziyayi -Qafqasiyyə" (Qafqaziyyə" yox- N.N.) qəzetləri haqqında verilən məlumatlar da dəqiqləşdirilməlidir. 1879-1884-cü illərdə nəşr edilən "Ziya"("Ziyayi-Qafqasiyyə") qəzetinin, dərslikdə iddia edildiyi kimi 104 yox, (səh.120) 200-ə yaxın nömrəsi dərc olunmuşdur. Dərslikdə XIX əsrin 80-90-cı illərində Bakıda nəşr olunan rusdilli qəzetlərin sırasında "Baku"nun da adı çəkilir. ( səh.120). Halbuki, rusdilli "Baku" qəzetinin ilk nömrəsi 18 oktyabr 1902-ci ildə , son nömrəsi isə 1918-ci ilin martında çıxmışdır.
Dərslikdə ədəbi janrların müəyyənləşdirilməsində də qarmaqarışıqlıqlar görünür, növlə janr qarışdırılır. M.F.Axundovun komediyalarından danışan müəllif belə bir nəticəyə gəlir ki,"o, Azərbaycan ədəbiyyatında dram janrının bünövrəsini qoymaqla təkcə ölkəmisdə deyil, bütün Yaxın Şərqdə özünə ədəbi şöhrət qazandırmışdır"(səh.121).Məsələ burasındadır ki, orta ümumtəhsil məktəbləri üçün tərtib edilmiş "Ədəbiyyat" dərsliyində M.F.Axundzadənin 1851-ci ildə yazılmış cəmi bir dramatik əsərindən-" Hekayəti- xırs quldurbasan"dan danışırlar. Özü də ehtiyatla. Əlbəttə, mübahisəli məsələnin dərsliyə düşməsi yolveriməzdir.
Tarix dərsliyində C.Məmmədqulusadənin doğum tarixi 30-40 il bundan əvvəlki kimi 1866-cı il göstərilir. Sonrakı tədaqiqatlarda bu tarix dəqiqləşdirilmiş, dərsliklərdə 1869-cu il kimi qəbul olunmuşdur.
Tarix dərsliyində bəzi sözlərin yazılışında da müəyyən səhvlər buraxılmışdır: "Nəşri Maarif " izafəti (alınma söz birləşməsi )bir neçə yerdə defissiz yazılmışdır.(səh.174,176 ).Qasım bəy Zakirin qız nəvəsinin adı da dərslikdə " Abdulla bəy " əvəzinə, "Abdullabəy" yazılmışdır.(səh.122). S.M.Qənizadənin XIXəsrin 80-90-cı illərinə aid edilən kitabı "Tarix" dərsliyində göstərildiyi kimi dərslik yox, lüğətdir.Bu kitab X sinif şagirdlərinə "İslahi-Azərbaycan" adı ilə təqdim olunur.
( səh.116). Əslində isə C.M.Qənizadənin nəzərdə tutulan bu kitabı 1890-cı ildə Bakı Quberniya İdarəsinin mətbəəsində nəşr olunan "İstilahi-Azərbaycan" (Azərbaycan dilinin istilahları) adlı terminlər lüğətidir.
"Tarix" (X sinif) dərsliyində II Dövlət Dumasının deputatlarının cərgəsində Mustafa Mahmudovun şəklinin verilməməsi də oxujuya yaxşı təsir bağışlamır. O, II Dövlət Dumasının ən fəal deputatlarından biri olmuşdur. ADR Parlamentinin üzvü olan M.Mahmudov repressiya qurbanı olmuş, 1937-ci ilin dekabrın 19-dan 20-nə keçəh gecə üçlüyün 8773 nömrəli qərarı ilə güllələnmışdir.
Dərslikdə ilk Azərbaycan filminin 1916-cı ildə yarandığı göstərilir. Əslində isə ilk filmimizin tarixi XX əsrin sonlarından başlayır.
"Tarix" (X sinif) dərsliyini ötəri vərəqləməklə ortaya çıxan bu çatışmazlıqlar redaktə zamanı asanlıqla düzəldilə bilərdi. Bu dərsliyin isə elmi redaktoru yoxdur.240-cı səhifədə adı nəşriyyat və mətbəə direktorundan sonra redaktor kimi göstərilən,çox güman ki, nəşriyyat redaktorudur.
Əgər o, elmi redaktordusa, onda adı dərsliyin ikinci səhifəsində-rəyçılərin adından əvvəldə yazılmalı idi.
Dərsliyin 5 rəyçisi var.Onlardan biri professor, biri dosent, ikisi lisey müəllimi, biri isə orta ümumtəhsil məktəbinin müəllimidir. Güvəniləsi mütəxəssislərdir.
İnanırıq ki, dərslik müəllifləri faktlara əsaslanan deyilən fikirlərlə razılaşacaq və növbəti nəşrdə haqlı bildikləri uyğunsuzluqları aradan qaldıracaqlar .