Qonaq. Allah qonağı. “Allaha da qurban olum, qonağına da”. “Qonaq qonağı istəməz, ev yiyəsi heç birini”.
Qonaq haqqında çox misallar, lətifələr var. Neçəsi də sizin yadınıza düşdü. Amma elə qonaq var ki, gündəlik həyatımızda onları seçmirik. Qonaq da çağırmamışıq, vaxtsız qonaq kimi gəlişinə sevinməmişik. O evimizin yeganə sevimli qonağı olub. Sadəcə düyməciyə basmışıq, nağıllardakı kimi qarşımızda peyda olub. Hətta adını nağıllardakı kimi “Sehrli güzgü” də qoymuşuq. Mən də ağlım kəsəndən, 1970-ci ildən bu televiziyanın pərəstişkarlarından olmuşam.
Ordan bizə baxanların adlarını, familiyalarını, apardıqları verilişlərin adını əzbər bilirdim. Bəzilərinin ailə həyatını da. Çünki atam tez-tez Azərbaycanda yeganə olan AzTV-nin qonağı olurdu. Onda AzTV demirdilər. Telestudiya çağırırdılar. İlk adı belə olduğundan. Atam da o Bakı Telestudiyasında bir müddət çalışmışdı – Ənvər Əlibəyli, Seyfəddin Dağlı, rəssam Ağarəhim və digərləriylə birlikdə. Ona görə də televizorda kimisə görəndə əlavə şərhini də verirdi. Bu Gülşəndir – Məmməd Əkbərin qızı, bu Şahindir, bu Şəfəq – Ənvər Əlibəylinin övladları, İlqar Əlfi Qasımovun oğludur, Yusif Günaydın müəllimim Mirzə Cavadın oğlu. Qorxmaz Əlili Cəfər Cabbarlının müasiri böyük aktyorumuz Məhəmməd Əlilinin övladıdır. Təqdimatlar çox idi. Hamısını yazsam mövzudan çox kənara çıxaram.
Bu verilişlər içində ən çox sevdiyim isə “Günün ekranı” idi. Bilməzdim ki, nə vaxtsa özüm də bu redaksiyada işləyəcəyəm. Amma əksər jurnalistləri üzdən tanıyır, ad-familiyalarını əzbər bilirdim. Diktor-aparıcıları demirəm, onları bütün respublika tanıyırdı. Hamı elə bilirdi ki, televiziyada onlardan böyük adam yoxdur, televiziyamızın rəhbərləri də məhz onlardır. Amma onlar televiziya sədrlərindən irəlidəydilər. Müasir dildə desək AzTV-nin siması -brendləriydi. Rafiqlər, Hicran, Sabir, Roza, Şərqiyyə, Tamilla, Gülşən, Sevda, Kəmalə, Nailə, Ofelya, Davud. Çoxları onların heç familiyasını da bilmirdilər. Çünki hər evin doğma övladlarıydılar.
Belə bir qayda var. Yazı yazanda ad çəkməzlər. Kimsənin adı yadından çıxarsa, həmin adamlar müəllifdən inciyə bilər. Amma yazmaq lap yadımdan çıxsa belə, nəinki onlar, bütün AzTV və qocaman radiomuz həmişə mənim yaddaşımda, ürəyimdədir.
Amma televiziyamızda elə simalar da olub ki, onlar özləri ayrılıqda bir simvola – brendə çevriliblər. “Xəbərlər” proqramında çalışarkən, demək olar ki, hər gün Ənvər Qafarlının adı çəkilirdi. “Səhər” proqramı deyəndə Qullu Məhərrəmli o saat yada düşür. “Retro” kino zalı Ayaz Salayevin yetirməsidir. “Səhər görüşləri”ni, “Dalğa” proqramını, “215KL”-i necə, yaddan çıxaran varmı? Əsla. Bu seriyaya bir verilişi də əlavə etmək istərdim: Telli Pənahqızının müəllifi olduğu “Mədəniyyət xəbərləri”ni. İndi irad tutacaqsınız ki, Telli xanımı niyə quru-quru təqdim etdim. Əvvəlinə tanınmış telejurnalist, tele-aparıcı, televiziya xadimi, şairə, tərcüməçi, müəllim, rəhbər, iş yoldaşım kimi təqdimatlar qoymadım. Hələ rəsmi dövlət təltiflərini demirəm. Tələsməyin.
İLK TANIŞLIQ
Cəmiyyətin ən həssas təbəqəsi ziyalılar sayılır. Çox çətin adamlardır. Hər biri fərdi yanaşma tələb edir. Jurnalist ona yaxınlaşmazdan qabaq, oxumasa da, eşitməsə də, görməsə də heç olmasa bir iki əsərinin adını əzbərdən bilməlidir ki, istədiyini, yəni ki, müsahibəni ondan ala bilsin. Azərbaycan televiziyasında bu sahənin asları çox idi. Nahid Hacızadə, Mailə Muradxanlı, Vəlixanlılar, həm də televiziyanın rəhbərliyində təmsil olunanlar. Çünki ziyalılar cəmiyyətin qaymaqları olduğu üçün televiziya ekranı da məhz onların üzünə açıq idi.
Belə bir dövrdə xüsusi olaraq “Günün ekranı” proqramının sonunu gözləyirdim. Bilməyənlərə deyim ki, “Günün ekranı” sovet vaxtı 21.00 –da efirə çıxan yarım saatlıq informasiya proqramı idi. Moskvanın “Vremya” proqramı kimi. Məhz bu proqramın sonunda mədəniyyət xəbərləri gedirdi. Və Telli Pənahqızının mədəniyyət tədbirləriylə bağlı süjetləri diqqəti xüsusilə cəlb edirdi. Məlahətli, ürəyə yatımlı səsini demirəm hələ. Hər həftənin şənbə reportajı isə xüsusilə maraqlı olurdu. Xüsusi bənzətmələri, təsvirləriylə bəzənən süjeti quru, boz xəbərlər proqramına bir istilik gətirirdi. Mən onu ilk dəfə belə tanıdım.
ŞƏXSİ TANIŞLIQ
1996-cı ildə sədr Nizami Xudiyevin xeyir duası, Proqram baş direktoru Məmmədəli Zülfüqarovun məsləhətiylə məni Az.TV-yə, Proqram direktorluğuna buraxılış redaktoru götürdülər. Yadınıza gələr. Adına AzTV-2 deyirdilər. Səhv etmirəmsə 18.00-da başlayar, gecə saat 11-12-yə işini yekunlaşdırardı. Əsasən AzTV-1-də yayımlanan verilişlərin təkrarı gedirdi AzTV-2-də. Buna da hesablanmışdı. İş əsnasında Telli xanımla yaxından tanış olduq. Böyük kabineti vardı. Sol əlinin ətrafında müxtəlif telefonlar. Birinin üstündə gerb vardı. Heyrətimi gizlətmədim:
- Telli xanım sizin Hökumət telefonunuz da var? Deyəsən dörd nömrədir, hə?
Cavab vermədi. Sadəcə gülümsündü. Onda başa düşdüm ki, belə şeylərə əhəmiyyət vermir. Özünü sadəcə jurnalist sayır. Bir müddətdən sonra Telli xanımın otağında əlavə stol- stullar qoyulmağa, AzTV-2 özü veriliş istehsalına başladı. Kollektivdə digər jurnalistlərimizlə də tanış olmağa başladım. Əvvəllər qadın koloniyalarındakı məhbuslarla bağlı çox kövrək, yanğılı verilişlər hazırlayan Firuzə Nadir, şirin ləhcəsi və qələmi olan Şərəf Cəlilli, adı kimi özü də, verilişləri də gözəl Ceyran Rəhimova, gənc jurnalist, sonralar “Xalq Qəzeti”ndə birgə çalışdığım Aida Aysa, professional operator, mərhum Dünyamin Hüseynov, rejissor Elxan, indi estrada ulduzu olan balaca Xəyalə Manaflı və onun kiçik bacısı. Hazırlanan verilişlər də orijinallığı və yüksək səviyyəsiylə seçilir, sevilirdi. Xüsusilə də Xəyalə Manaflının və bacısının aparıcısı olduqları, balacalar üçün “Çərək, çərək, gəl görüşək” verilişi. Bir buraxılış redaktoru kimi vəzifə borcum idi verilişləri izləmək. Amma “Çərək, çərəy...”i çox sevirdim. Musiqi məktəbində oxuduğum illəri yadıma salırdı. Vlades Pelşin ORT kanalında “Uqaday melodiyu” verilişinin açılmasına hələ illər qalırdı.
MƏDƏNİYYƏT XƏBƏRLƏRİ
AzTV-2-nin orijinal verilişlərindən biri də Telli Pənahqızının aparıcısı da olduğu “Mədəniyyət xəbərləri” həftəliyi idi. Paralel olaraq AzTV-1-də də gedirdi bu veriliş. Telli xanım həftənin mədəniyyət mənzərəsinə son qoyurdu bu verilişlə. Şəxsən ziyalı ailəsindən olan məni qane edirdi. AzTV-2 ayrıca kanal təəsüratı yaradaraq əməlli başlı səs-küy qoparmışdı. Müsəlman mühitində yaşadığımızı, mentaliteti nəzərə alsaq belə davam edə bilməzdi. Hökmən badalağ qoşub, verilişləri bağlayıb, kollektivi isə pərən-pərən salmaq lazım idi. Belə də oldu. Bəlkə də AzTV-2-nin kollektivi özü buna şərait yaratdı. Beləcə kanal içində yaradılan kanalın xoş ovqatına son qoyuldu. İşçilərin bəzisi radioyaya keçirildi, bəziləri də digər redaksiyalara. Heyf.
AzTV-2 ləğv edildi
Kollektiv ixtisara salınmaqla yanaşı AzTV-2 də ayrıca qurum kimi yox, Baş proqram direktorluğunun bir şöbəsi kimi fəaliyyətə başladı. Telli xanım da direktorun müavini oldu. “Xəzər” redaksiyasının “Üz-üzə” verilişi də çox maraq doğururdu. Bir müddətdən sonra isə İctimai Televiziyanın yaranmasıyla bağlı ümumiyyətlə ləğv edildi. “Mədəniyyət xəbərləri” isə yaxşı ki, bu ixtisardan kənarda qaldı.
TELLİ XANIMIN İŞÇİSİ SAYILA BİLƏRƏM
Yaxşı bilirsiniz ki, mədəni tədbirlər əsasən axşam vaxtı olur. Teatr da, konsert də, yubiley də eyni vaxtda başlanır. Yox düz demədim – tamaşalar da, konsertlər də, yubileylər də eyni vaxtda başlanır. Indi gəl bunların hamısını lentə al və həftə sonu efirə gedən “Mədəniyyət xəbərləri”ndə işıqlandır.
Deyə bilərsiniz ki, birini ya ikisini yaddan çıxarsaydı nə olacaqdı ki, dünya dağılacaqdı? Düz bildiniz. Çünki səhəri gün inciklik, umu-küsü dolu telefon zənglərinə məhz proqramın yaradıcısı və aparıcısı Telli xanım cavab verməliydi. “Telli xanım, unutmusunuz deyəsən məni”, “Telli xanım, nə əcəb mənim yubileyimi işıqlandırmadınız?”, “Telli xanım, sən Allah, düzünü de, Nizami (Nizami Xudiyev –Az.TV-ninsədri) çıxartdı məni efirdən?” və sairə ilaxır. Hələ süjet nədir, ayrı-ayrı ziyalılar öz sifətlərini “Mədəniyyət xəbərləri”ndə görməyəndə də zəng edirdilər: “Öz gözümlə gördüm, Dünyamin çəkdi. Amma siz efirə vermədiniz”.
Ona görə Telli xanım bütün mədəniyyət xadimlərinə çox diqqətlə yanaşırdı. Bir operator idi, bir özü, bir də rejissor. Hər şeyi də çatdırırdı. Necə?
Mədəniyyət tədbirlərinə “Xəbərlər” proqramı da gedirdi. Mən də onda “Xəbərlər” redaksiyasında işləyirdim. Şair, ziyalı çörəyi yediyimdən elə bil ki, məni propiska eləmişdilər sərgi salonlarına, yazıçılar, bəstəkarlar, rəssamlar ittifaqlarına, akademiyaya, konservatoriyaya, Mədəniyyət və incəsənət universitetinə. Bəzən bir gecədə iki-üç yerə gedirdim. Hamısına da quru, xəbərlərsayağı 30-40 saniyəlik bir şey yazıb ötürürürdüm efirə. Amma kasetləri pozmurdum. Telli Pənahqızının mədəniyyətimizə, ziyalılara, öz verilişinə, öz sənətinə böyük məhəbbətinin xatirinə. Çəkdiklərimi məndən götürür, süjet hazırlayıb elə bir şövqlə tamaşaçıya təqdim edirdi ki, mənim efirə verdiklərim olurdu ...
Bəzən sancmadan, bir müəllim kimi məsləhətlərini də verirdi. Hiss edirdim ki, “Günün ekranı”nda bir vaxtlar hazırladığı mədəniyyətlə bağlı süjetləri, şənbə reportajları yadına düşür: “Bax, yazırsan “payız”. Nə olar ki, əvvəlinə artır “qızılı payız”, Quru ifadələrdən çıx. Təsvirlərə yer ver. Axı, şair oğlusan?!”
Bir şeyi unutdum. AzTV-2 bağlansa da Telli xanımın nə otağını əlindən aldılar, nə də verilişini başqa redaksiyaların yedəyinə qoşdular. Avtonom qaldı. Atam Qabil demişkən: “Ayrıca gəmiyəm, öz bayrağım var”.
ŞAİRƏ TELLİ PƏNAHQIZI
Günlərin bir günü Telli xanım mənə kitab verdi ki, “atana çatdır. Şeirlər kitabımdır. Təzəcə nəşr edilib”. Mən də çatdırdım. Üstündən üç gün keçmişdi ki, atam zəng elədi: “Telliyə de ki, o əsl şairdir. Belə də de”. Yaxınlaşıb, atamın sözünü ona dedim. Zəng edib minnətdarlığını bildirdi. Sonra ərkyana: “dediyini yazsa Qabil müəllim mənimçün böyük qiymət olardı” dedi. Atama çatdırdım bu arzunu. Razılaşdı. Heyf ki, xəstəliyi mane oldu. Bu sözləri isə qısa da olsa yazmaq mənə qismət oldu.
SPACE
Üstündən illər keçdi. Mən AzTV-dən ayrıldım. Üç ay Speysdə işlədim. Burda da “Mədəniyyət xəbərləri” adlı veriliş gedirdi. Amma Telli xanımın hazırladığı verilişin yerini vermirdi. 2007-ci il dekabrın 31-də mənim televiziya fəaliyyətim başa çatdı.
TELLİ XANIM HARDAN YADIMA DÜŞDÜ?
Amma televiziyada işlədiyim illər heç yadımdan çıxmadı. Çünki orda işləyənlər yadımdan çıxmır. Böyük dərs keçdilər mənə. Özləri də bunu hiss etmədən. Hamısından yığdım. Doğurdan da böyük məktəb idi. Həyatımda üç böyük məktəb keçdim. Birinci Qabilin və onun ədəbi mühitinin məktəbini, ikincisi əsgərlik – kişilik məktəbini, üçüncü isə AzTV məktəbini. AzTV-dən uzaqlaşanı mənim köhnə həmkarlarımın, müəllimlərimin əksəriyyətini görmürəm. Təsadüfən bu gün internetdə rast gəldim ki, Telli xanım bu yaxınlarda öz yubileyini qeyd edib. Vallah, xəbərim olmayıb. Dəstəyi götürüb quruca təbrik də etməmişəm. Bir də ki, altı yaş nədir ki, bunu təbrik də edəsən. Amma günahımın böyük olduğunu nəzərə alıb ürək sözlərimi yazmağa qərar verdim. Yazıda xətalara yol verdiyimi bilirəm. Hansı?
HAŞİYƏ: Bir gülüş ustası haqqında yazı hazırlayırdım. Dedi ki, mən oxumamış çapa vermə. Yazdım. Adının yanına görkəmli gülüş ustalarımız Yaşar Nuri, Nəsibə Zeynalova, Səyavuş Aslan və digərlərini də əlavə etdim. Güclü alınsın deyə. Yazını bitirib, kağıza çıxarıb gəldim yanına. Qələmi əlinə alıb birinci elə onların adının üstündən xətt çəkdi. “Yazı mənim haqqımdadır, bunların adını bura niyə əlavə etmisən? deyərək. (SON)
Telli xanım, sizin haqqınızda yazdığım bu yazı istərdim ki, davamlı olsun. Və müasirim, bir vaxtlar sadəcə iş yoldaşlarım olan digər televiziya korifeylərimiz də nə vaxtsa başladığım bu layihənin qəhrəmanlarına, gənc nəsillər üçünsə bir örnəyə çevrilsinlər.
SON
Hər dəfə televiziya fədailərimiz haqqında fikirləşəndə bir atalar misalı yadıma düşür. “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Çörəkçilər sağdırlar, tam həyat enejisiylə doludurlar, istedadlarının, bilik və bacarıqlarının pik nöqtəsindədirlər. Bircə çörəyi onlara vermək qalır, özü də birini də üstəlik.
Əvvəldə etmədiyim təqdimatın lap yeridir - tanınmış telejurnalist, tele-aparıcı, televiziya xadimi, şairə, tərcüməçi, pedaqoq, rəhbər, iş yoldaşım və ən nəhayət Azərbaycan Mədəniyyətinin brendi olan “Mədəniyyət xəbərləri” verilişinin yaradıcısı, aparıcısı Telli Pənahqızı, bizim Telli xanım, yubileyin mübarək!
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM