Azərbaycan Respublikasının Əməkdar müəllimi
İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı - "Bağçasaraydan göndərilən məktub" (Tiflis,"Ziya" qəzeti, 08.11.1879, № 42 ) və ya bir daha Bağçasaray məktubu haqqında
Bu yazıya yenidən qayıtmağım səbəbsiz deyil.Məsələ burasındadır ki, çox vaxt səlahiyyətli şəxslərin sözünə daha çox inanırlar. Oxucularım məni məktəb və maarif məsələlərindən, mətbuat tariximizdən müəyyən dərəcədə ətraflı məlumatı olan, sözünü tarixi faktlarla, arxiv sənədləri ilə söyləməyi bacaran tədqiqatçı kimi tanıyırlar. Özünü tanımazlığa çəkənlər daha çoxdur. İlk cümlələrdəki "mən" lərə görə məni bağışlayın. Necə deyərlər, desəm öldürərlərər, deməsəm ölləm. Son vaxtlar elmi yazılarda (hətta dissertasiyalarda) başqasının dediklərini öz sözləri kimi deyənlərin sayı çoxalıb. Ən maraqlısı budur ki, imzalardakı tanıtmalardan (filan xarici akademiyanın akademiki, filan mükafatın laureatı...) sui-stifadə baş alıb gedir. Vallah, mən ingilis dilini yaxşı bilməyənləri alim saymıram. Ərəb yazılarını oxuya bilməyən filoloqların halına acıyıram. Asiya ilə Avropanın sərhəddini tanımayan coğrafiyaçıları təbəssümlə sorğu-suala tuturam. Qırxın qırx faizini tənasüblə tapmağa cəhd edən ziyalıların riyazi təfəkkürünü təbii ki, alqışlamıram.
Görkəmli türk psixoloqu Halil (Xəlil-N.N) Fikrət Kanadın Azərbaycanda ilkin və ardıcıl tədqiqatçılarından biri mənəm. Bu mövzuda real faktlara, zəngin arxiv materiallarına, tutarlı mənbələrə əsaslanan 10-dan çox məqalə müəllifiyəm. Yazılarımın çoxu (30 yazım) Ankarada Haldun Cezayirlioğlu Koleksiyonunun səhifələrində NAZİM NASREDDİNOVUN YAZILARI başlığı ilə dünyanın türk dilini başa düşən oxucularına ünvanlanmışdır. Bu yazıları oxuyan müəlliflərdən biri elmi jurnalların birində mənim yazılarımdan öz tədqiqatı kimi danışanda, təbii ki, əsəbiləşməyə bilmədim. Onu dərs dediyi tələbələr qarşısında səhvini etiraf etməyə çağırıram.
Əslən şəkili olan türkiyəli alim Abdulbaqi Gölpinarlı haqqında yazı yazanlardan da bilməlidirlər ki, istifadə etdikləri mənbələri göstərmələri gərəkli görünür. Həyatda olduğu kimi elmi yaradıcılıqda da subordinasiya (burada sonra yazanın ilkin yazanı xatırlaması nəzərdə tutulur-N.N.) gözlənilməlidir.
Etika xatirinə bəzən sözü birbaşa demək olmur. Bu xasiyyət fəsadlar da törədə bilər. Bəzən səhvli yazıları yada salmaqdan ötrü bir bəhanə ilə o mövzuya qayıtmalı olursan. Günahkar günahını başa düşməyəndə, birbaşa qaydalı döyüşdən elmi döyüşə keçmək olar.
Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə bizdə o qədər maraq var ki, hətta onu ölümündən sonra 4 il də artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini 1911-ci il kimi göstərməkdə öz israrlarını davam etdirirlər.
Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni (1825-1905) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, gələn il - 2015-ci ildə S.Ünsizadənin 190 illiyini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
...İl başa çatır. S.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 1879-1884-cü illərdə çıxan "Ziya" qəzetinin ilk nömrəsinin 135 illik təntənəsini - yubileyini keçirə bilmədik. Nömrələrini oxumadan "Ziya"dan yazırıq, Bağçasaraydan danışırıq, müqayisələr aparırıq....
Nə isə.... Keçək əsas məsələyə....
Böyük və çox əhəmiyyətli işlər üçün kiçik bir müqəddimə
1879-1884-cü illərdə Tiflisdə Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dilində nəşr olunan "Ziya" qəzetinin 135 yaşı tamam oldu.
S.Ünsizadə (1825-1905) 1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya (daş basmaxanası) və mətbəə açmaq üçün hökumət dairələrindən icazə alır. 1879-cu il yanvarın 18-də "Ziya" qəzetinin ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq üzü görür.
"Ziya" türk dünyasının ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. "Ziya" bir müddətdən sonra öz coğrafiyasını xeyli genişləndirmiş,"Ziyayi-Qafqasiyyə" adı ilə (bəzilərinin iddia etdiyi kimi "Ziayi-Qafqaziyyə" adı ilə yox-N.N.)çıxmışdır. "Ziya"nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə daimi müxbirləri var idi. Ümumi türk dili ideyası ilk dəfə "Ziya"nın səhifələrində öz əksini tapmışdır.
Uzun illər boyu unudulmuş bu mətbu orqanın 135 illik ildönümünün keçirməsinə aid hazırlığa gec də olsa, başlamaq lazımdır.
Bu istiqamətdəki ilk yazımızdan birini yenidən müəyyən artırmalarla oxucuların diqqətinə çatdırırıq.
Ovraq və məkatib (vərəqlər və məktəblər)
Bu, "Ziya"qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır :
"Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qrımdan aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli "Ziya" qəzetəsinin təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının bəzi danışıqlarında cüzi təfavüt var isə də, amma yazırlar ki, onlardan sahibi- savad olanlar sühulətlə (asanlıqla-N.N. ) "Ziya"nı oxuyub, mətləblərini fəhm edirlər. Necə ki zeyldə (aşağıda-N.N. ) dərc olunan "Bağçasaray məktubu" sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının arasında o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı ifadeyi-mənaya müstəidd (istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan göndərilən məktubu təğyir və təbdil etməmiş, kəmal-i məmnuniyyət ilə qəzetəmizə dərc elədük".
"Ziya"nın naşiri və mühərriri belə materialları diqqətlə araşdırandan sonra oxuculara çatdırırdılar.
"Ziya"nın o vaxt imtiyaz sahibi və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri isə onun ortancıl qardaşı Cəlal Əfəndi Ünsizadə idi.
Göndərilən material diqqətlə oxunandan sonra redaksiyanın yönəldici qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi."Bağçasaray məktubu"nda da bu qaydaya əməl olunmuşdur.
Bağçasaraydan göndərilən məktub
(Bu yazının tarixini yadda saxlayın- 07.11.1879-cu il,N42,səh.4.
Bəzi tədqiqtçılar "Tərcümanın"ın Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə Bağçasaraydan göndərilən məktubun "Ziya"qəzetinin1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar. Bu tarix səhvdir. "Ziya" nın 1879--cu ildəki 9-cu nömrəsi martın 20-də çıxmışdır -N.N.)
Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi çatdırırıq.
"Məlumdur ki, Rusiya dövləti içərisində olan millətlər, məsələn ...,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər. İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi bir ğazetəsiz olduqları çox təəccübdür.
Ğazeta millətin lisanıdır. Ğazetələr millətə mühafiz ola bilürlər. Ticarət və hansı səlahiyyət (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər. Millətin aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?) ola bilürlər. Qısası, ğazetəsiz, və kitabsız millət sağır (kar) və dilsiz adama bənzər. Bu halda tatar lisanında "Ziya" ğazetəsi nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. "Ziya" ğazetəsinin gündən-günə ilərü(irəlü) getməsini istəriz(istəyirik) və məmnun ediriz. Bundan sonra bəz-bəz "Ziya" qazetəxanəsinə məktub və ğeyr kağızlar göndərilməgini kəndimizə borc ediriz. Bu dəfə tərəfi-əhvalımızdan sual olunur isə həmd olsun bu sənə (il-N.N.) Qırım bərəkatı ("bərəkət" sözünün cəmidir-N.N.) pək əla olmuşdur. Əkin, meyvə, düxan (burada "tütün" mənasındadır-N.N. ) gözəl olub. Cümlə ticarət pək sırasındadır. Buğda çox oldusa da , qiyməti çox bahalıdır. Şöylə ki, puti on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan şimdilik zəhmət çəkməyürlər.
Bağçasaray şəhr məclisindən İsmayıl Mirza".
Bu, adı informasiyadır.Redaksiyaya göndərilən yüzlərlə məktubdan biridir.Lakin tarixilik,ədəbi-mənəvi baxımdan,dil qohuluğu və əqidə birliyi baxımından tarixdə qalacaq xəbərdir.Bu xəbər hələ çox çözələnməli,araşdırılmalıdır.O ki qaldı "Bağçasaraydan göndərilən məktub" başlığına, bu, redaksiyanın arayıb axtardığı, məsləhət bildiyi addır.
***
İsmayıl bəy Qaspralını tanıyırsınızmı?
Çətin sualdır. Hamı elə bilir ki,İsmayıl bəyi hamı tanıyır. Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir.
İsmayıl bəy Qaspıralı 1851-ci il martın 8 (21) -də Tavriya quberniyasının Yalta uyezdinin Avcıköy (bir sıra mənbələrdə Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur. Atası Mustafa Əli oğlu əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası Fatma Sultan Temur qızı Kantakurovadır.
Əvvəlcə ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur.
Atası oğlunu özü kimi zabit görmək istədiyindən İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına daxil olmuşdur.(Oğlan məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur - "erkək " sözünün cəmidir, yəni erkəklər-N.N.).
Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy Voronej Hərbi Liseyinə daxil olmuşdur. İsmayıl hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da, burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ).
İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini və Fransa həyat tərzini öyrənmək məqsədilə Fransaya gedir, ( adamın yadına M.F.Axudzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah..." əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İsmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox qərar tuta bilmir, Türkiyəyə üz tutur.
İsmayıl bəy Tükiyədə də cəmi bir il yaşayır, sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir. O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı - rəisi vəzifəsində işləyir. Maraqlıdır ki, bu, "Ziya" qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.
İsmayıl bəyin Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti "Ziya" qəzetinin nəşr işlərinə hazırlıq dövründən başlayır. Belə ki, Səid Ünsizadə "Əkinçi"nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq, tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.
İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə "Ziya"nın yayılmasına köməklik göstərmişdir.
İ.Qaspıralı bu əməkdaşlıq təklifindən sonra özü də qəzetçilik fikrinə düşmüşdür. O,1880-ci ilin əvvəllərində "Faydalı əyləncə" və "Qanun " adlı qəzet çıxarmaq istəyi ilə müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin mətbəəsində kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun "Ziya" mətbəəsində çıxardığı ilk məcmuə dörd səhifəlik "Tunğuc"dur. "Tunğuc"-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn " mənasını verir.
Maraqlı faktdır ki, İ.Qaspralı "Tunğuc"un "Söz-i əvvəl"ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı olduğu "Ziya" qəzetini və türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi xidmətlərini yüksək qiymətləndirmişdir.
... Azərbaycan və türk mətbuatında "Tunğuc" jurnalı haqqında haqqında yazdığım yazılar adi oxucuların və elm adamlarının ciddi marağına səbəb olmuşdur.
"Tunğuc"un bəzi materialları "Ziyayi-Qafqasiyyə" qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur. 1881-ci ilin avqustunda Tiflisdə S.Ünsizadənin "Ziya" mətbəəsində İ.Qasrpalının "Şəfəq" adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə "Ziyayi-Qafqasiyyə"nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. "Ziyayi- Qafqasiyyə" buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə "Şəfəq" jurnalını məccani( havayı,pulsuz-N.N.) olaraq göndərmişdir.
İ.Qaspralının "Tərcüman"a qədərki dörd səhifəlik digər jurnalları- "Günəş", "Ay", "Ulduz" və s. İ.Qaspralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
İ.Qaspralı türkdilli jurnalist kimi peşəkarlıq vərdişlərini "Ziya"dan, onun yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək yazılarımın birini "Tərcüman"ın təcrübə məktəbi" adlandırmışdım. Redaktor bu sərlövhəni "Tərcüman məktəbi" adı ilə çap etməyi daha münasib görmüşdü ("Oğuz eli" qəzeti, 27.01.1993,
N 2 ).
İ.Qaspralı uzun mübarizə və çarpışmalardan sonra 1883-cü ilin aprel ayında, nəhayət ki, "Tərcüman" qəzetin nəşrinə icazə aldı."Tərcüman"ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur. Artıq dörd il idi ki, görkəmli türk aydını dünyadan köçmüşdü: ölümündən sonra qəzeti onun oğlu çıxarmışdır.
İ.Qaspıralının Ünsizadə qardaşları ilə dostluq və əməkdaşlığı ictimai fikir tariximizin yaxşı öyrənilməyən bir sıra qaranlıq məqamlarını aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu da monoqrafik tədqiqat yolu ilə ciddi tədqiq edilməlidir.
Ədəbiyyat
1.İsmail Bey Gaspıralı İçİn. ( Başeditor Hakan Kırımli ). Ankara, Birinci Baskı.
ekim 2004, 697 səhifə.
2..Sona Vəliyeva. "Əkinçi"dən başlanan yol. "Kaspi" qəzeti-online ,23.07.2013.
3.Nazim Nasreddinov. 130 yaşlı "Tunğuc" veya açılmatan kapılar,pencereler.
22 aralık 2011."Halduncezayirliooğlu Kolleksiyon"
4.Nazim Nəsrəddinov. "Tərcüman məktəbi. "Oğuz eli" qəzeti,27.01.1993, 2.
5.Nazim Nəsrəddinov. "Ziya","Tunğuc","Şəfəq"... "Dalğa" qəzeti,18-24.05.1993 N19(125).
6.Nazim Nəsrəddinov. Unudulmuş Ünsizadə. "Həyat" qəzeti, 09.02.1993,N 13(7748) .
7.Nazim Nəsrəddinov. İsmayıl bəy Qaspralının "Tunğuc" məcmuəsi
və yaxud "Tərcüman"ın təcrübə məktəbi."Davam.az.,18.02.2013.
8.Nazim Nəsrəddinov. Səid Ünsizadə və M.Ə.Sabir. "Ziya" qəzeti,21.05.1992, N 9.
9.Aybəniz Kəngərli. İsmayıl bəy Qasprinski. Bakı, 2005. 275 səh.
10.Vilayət Quliyev. "Tərcüman"ın Azərbaycan səhifələri.
525-ci qəzet, № 166 (4183), 13.09.2014-cü il, səh.14-15.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM