(hekayə)
- Ay Hidayət, bəsdir də pul verdin qəzetlərə. Birinin puluna bir dənə çörək almaq olar.
- Fatma, neçə dəfə təkrar etmək olar. Mən qəzetə pul vermirəm. Köşkdə işləyən kişi havayı verir mənə. Mən də səliqəylə oxuyub aparıb qaytarıram özünə.
- Doğurdan e... keçən dəfə demişdin. Yadımdan çıxıb. Skalolaz lap məni çaşdırıb.
- Skalolaz nədir? Skleroz.
Bu, qoca vaxtında evdə tənha qalan Hidayətlə Fatmanın gündəlik davası idi. Tənha deyəndə ki, qocaların iki oğlu, dörd nəvəsi var. Amma yaddan çıxarıblar onları. Yalnız bayramdan- bayrama yad edirlər. Nəvələr də böyükdürlər. Artıq evlənəni də var. Qocalar isə ayda bir dəfə pensiyalarını alar, soyuducuları da ay boyu yarıdolu, yarıboş olardı. Eynən yarıac, yarıtox qarınları kimi. Hidayət bütün ömrünü layihə-konstruktor bürosunda çalışmışdı. Fatma isə evdar qadın idi. Nə yaxşı ki, qardaşı vaxtında adını işlədiyi JEK-də süpürgəçi yazdırıbmış, nə vaxtsa pensiya alsın deyə. 75 yaşında isə tək qalmışdılar. Yaşıdları olan qohum-əqraba, dost-tanış rəhmətə getmişdi. Cavanların isə yadına düşmürdülər.
- Ay kişi, yenə nə oxuyursan?
- Qəzet. “Xalq Qəzeti”.
- O nə qəzetdir?
- Əvvəllər “Kommunist” idi adı, indi dəyişib olub “Xalq qəzeti”. Mən də köhnə kommunistlərdənəm. Əvvəldən bunu oxumuşam, indi də bunu oxuyuram.
- Bilirəm ki, qəzet oxuyursan. Nə yazıblar, mənə də de.
- Axırıncı səhifəni oxuyuram.
- Axırıncını niyə? Elə başdan başla da.
- Axırıncı səhifə maraqlıdır. Əsasən də başsağlıqları. Vay. Vay. Mamed müəllim rəhmətə gedib ki? Bu gün saat 3-də götürəcəklər.
- Mamed kimdü?
- Mamed mənim keçmiş müdirim. Yaxşı kişiydi. Sonra böyük vəzifələrə qalxdı. Nazir müaviniydi.
- Hidayət, belə yaxın idüz?
- Həri.
- Bəs onda mən indiyəcən niyə tanımamışam?
- Sual verənəcən dur köynəyimi ütülə. Mən də bir-iki şeyə baxım.
Hidayət qəzeti oxuyub başa çatdı. Sonra hamama keçdi. Üzünü qırxdı, odekolon vurdu. Ağarmış saçlarına sığal verdi. Ayaqqabılarını əsgər şinelindən kəsdiyi parçayla parıldatdı. Kostyumunu geyinib, qalstukunu taxdı. Bədənnüma güzgünün qabağında dayanıb vurğunluqla özünə tamaşa etməyə başladı. Fatma yenə də dilini dinc qoymadı.
- Hidayət, sən dəfnə gedirdən, yoxsa görüşə? Lap işıq saçırsan e...
- Görüş nədir, ay arvad? O sovet vaxtı idi - yasa gedəndə üzü tüklü, pis paltarda getmək. Bu rəhmətlik böyük adam idi. Yasa gələnlər də hamısı kostyumda olacaq. Onlardan fərqlənə bilmərəm.
Hidayət evdən çıxdı. Axşam 8-də qayıtdı. Çox təsirlənmişdi.
- Fatma, bilirsən nə boyda çadır qurmuşdular? Oğlanları varlı-hallı adamlardır. Hər şey düzmüşdülər süfrəyə. Sonacan oturdum. Hüzürə gələnlərin ayağı yığışandan sonra aparıb məni də oturtdular yanlarında. Mamed müəllimdən xatirələr danışdım. Onlar da ağlaşdılar. Sabah da üç mərasimidir. Dedilər ki, xalaya da deyərsən ki, arvadları saat 11-ə çağırmışıq.
- Məni də dəvət etdilər?
- Hə.
Fatma bunu eşitmişdi ki, sevincək oldu. Tez ayağa durub dolabı açdı. Toya geydiyi tünd yaşıl rəngli donunu çıxartdı. Ütülədi. Asılqana keçirib dolabın qapısından asdı, üstündən qara örpəyini saldı. Ayaqqabılarını sürtüb parıldatdı. Çoxdan rəng görməyən saçlarına həna qoydu. Sonra hamama girib saçlarını yudu, çimdi. Yerinə girib yatdı. Səhərin açılmasını səbirsizliklə gözləyirdi.
Erkən durub çay dəmlədi, yağ-pendiri boşqaba qoyub stola düzdü. Çörəyi qara tavada qızdırdı. Hidayəti səslədi:
- Gəl, naharını ye, mən bir azdan yasa gedirəm.
- Nə nahar? Başın xarabdır? Yasa gedən də nahar yeyər?
- Toya getmirəm a... Yasdır də... Yasda ağlayarlar, sızlayarlar.
- Yığışdır yeməyi. Hayıf eləmə. “Ağlayarlar, sızlayarlar”... Ağez, aton ölüb, yoxsa anon? Get gör orda nələr düzməyiblər stola. Özünü niyə doydurursan.
Fatma heç nə demədi. Eləcə gözlərini döydü. Süfrəni yığışdırıb, tez paltarını geyindi. Ərinin yanına düşüb, hüzr verilən yerə gəldilər. Çadırın qarşısında Mamed müəllimin oğlanlarından biri Hidayət müəllimi mehribanlıqla qarşıladı. Fatmanı bir nəfər çadıracan müşaiyət etdi. Aparıb düz rəhmətliyin qızının yanında əyləşdirdilər. Təqdim elədilər ki, bəs Hidayət kişinin həyat yoldaşıdır. Hidayət müəllimi isə o biri çadıra apardılar. Burda qohumlar səhər yeməyinə otururdular. Hidayət müəllimə də təklif etdilər. O da “vallah, indi nahar edib evdən çıxmışıq, toxam” deyə etiraz elədi. Amma rəhmətliyin oğlanları əl çəkmədilər. Hidayət kişini başda əyləşdirdilər. Samovar çayı, bal, yağ, pendir öz yerində, arvadların çadırından plov, yanında üç cür qarası, daha nələr-nələr düzüldü stola.
- Hidayət kişi, sən mənim canım ye,- deyə Mamed müəllimin oğlu dilləndi, - bizə də nuş olsun. Axşama çox var. Ayaqüstə olacağıq. Qəbirüstünə gedəcəyik. Ayağımızda taqət olsun da...
Hidayət kişi oğlanın bu sözlərindən yumşaldı. Ağlamsındı da. Əlini yeməyə uzatdı. Sonra süfrə yığışdırıldı. Ortaya çay gəldi. O vaxta da arvadların məclisi başa çatdı. Hidayət Mamed müəllimin oğlanlarından üzrxahlıq edib “xalanızı evə qoyum, gəlirəm” dedi. Nə qədər istədilər ki, maşın ayırsınlar, Hidayət kişi razı olmadı. “Yaxında yaşayırıq” dedi. Fatmanın qoluna girib evə doğru addımlamağa başladı.
Fatma dinmirdi. Elə bil fikrə getmişdi. Bu aləmdən onu Hidayətin səsi çıxartdı:
- Xoşun gəldi?
- Nədən? – deyə Fatma suala sualla cavab verdi.
- Yası deyirəm.
- Yasdan da adamın xoşu gələr?
- Ay dilbilməz, süfrəni, ehsanı deyirəm, xoşuna gəldi?
- Gəldi ye... Amma məəttəl qaldım.
- Nəyə?
- Hidayət, aprel ayının əvvəlində də Bakıda şaftalı, üzüm yetişər?
- Xaricdən gətizdirirlər.
- Hidayət, toyda plova bir dənə qara verirlər, yasda isə üç dənə.
- Ay Fatma, toyda yüz cür yemək olur, burda bir cür.
- Yox e, ay Hidayət, stoliçnı salat, mimoza, toyuq, balıq ləvəngisi də vardı. Əvvəlcə də kaşa verdilər.
- Kaşa yox, ay qız, firni. Yəni ki, düyü sıyığı. Talış zonasında dəbdir. Mamed müəllim də o zonadan idi. Sən də yedinmi ehsandan?
- Yox.
- Niyə?
- Utandım. Gözüm qaldı şaftalıda, ərikdə, qara kişmişi üzümdə. Birinə də əlimi uzada bilmədim utandığımdan. Qorxdum rəhmətliyin qızı deyər ki, atamın dostunun arvadı nə yaman görməmişdir?!
- Fatma, sən məni dolamısan?
- Vallah, yeyə bilmədim. Utandım. Heç plov da yemədim. Qızı çəkdi qabıma, eləcə də qaldı. Ancaq ağladım.
- Mamed müəllimin ölməyinə?
- Yox, öz səfil həyatımıza, güzəranımıza.
- Yaxşı, Fatma, gedib evdə şirin çayla pendir çörək yeyərsən.
- Hidayət, səndən bir söz soruşum. Bu Mamed müəllim deyirsən ki, varlı adam olub. Amma qohumları yaman kasıb adama oxşayırdılar e...
- Onu hardan çıxartdın?
- Nə bilim e... gözlərinə təpirdilər meyvəni, yeməyi, şokoladı. Tədbir qurtarandan sonra da nə eləsələr yaxşıdır? Hərəsi cibindən bir kulyok çıxarıb süfrənin üstündəkiləri süpürləyib tökdülər ora.
- Ola bilməz. Gic-gic danışma. Hə...həəə... bildim, onlar tamam yad adamlar, kasıb-füğəradır. Yas yerlərini görən kimi girirlər çadıra, ya da məsciddəki mollalar xəbərləyir. Kim belə yer tapdı, bir-birilərinə xəbər də edirlər. Əsasən varlı adamların yaslarına gedirlər ki, bu cür oyunlar çıxaranda dinib-danışan olmasın. Adlarına 37-40 deyirlər, ya da ki, ehsanşik.
- O nə deməkdir?
- Yəni ki, üç, yeddi, qırx mərasimlərinə gedənlər. Əslində ehsan belələriyçündür. Amma bunlar həm yeyirlər, həm də süfrəni dağıdıb evdəkilər üçün aparırlar.
- Başa düşdüm. Hidayət, sənin ki, Mamed adında belə dostun olub, niyə onun sağlığında axtarıb tapmamısan? Bizə də arxa olardı.
- Nə bilim e, müsəlmanam da, özü də gicindən.
- Hidayət, qızı soruşdu ki, əriniz atamla nazirlikdə bir yerdə işləyib? Mən də dedim ki, yox. Layihə-konstruktor bürosunda. O da dedi ki, axı atam ömrü boyu nazirlikdə işləyib. Mən də dedim ki, sən uşaq olmusan yadına gəlməz.
- Düz demisən. Hə, çatdıq. Sən get evə, mən ora qayıtmalıyam.
Hidayət kişi arvadı qapıda buraxıb yenidən hüzür yerinə qayıtdı. Günorta Mamed müəllimin ailə üzvləri qəbir üstünə getdi. Geri qayıtdı. Bu dəfə gedib çadırda düz başda, mollanın yanında oturdu. Düz məclis bitənəcən. Evə qayıdanda Mamed müəllimin oğlanları onu maşınlarıyla yola saldılar. Qapıya çatanda sürücü maşının baqajından qutu çıxartdı. “Bu sizə çatacaq. Mamed müəllimin qızı dedi ki, xala atamın ölümündən o qədər kədərlənmişdi ki, dilinə heç nə vurmadı. Ona görə də payını evə göndərirəm”. Fatma qapını açdı. Qutunu ər-arvad köməkləşib mətbəxə gətirdilər. Açdılar. Qazanda plov, üstündə qarası, qazmağı. Birkərəmlik qablarda salatlar. Sellofan qablarda şaftalı, ərik, kişmişi üzüm, cürəbəcür şokoladlar, Badambura, yağlı fətir, təbii şirələr.
- Ay kişi, bu nədir? Utanmadın, dilinlə istədin?
- Başın xarabdır. Mən heç elə şey edərəm? Kişinin qızı narahat olub ki, səhər yeməmisən. O göndərib.
- Ay Allah qəbul eləsin. Gör nə vaxtdır dilimə belə şeylər dəymir. Gəl sən də mənimlə otur yeyək.
- Mən toxam. Yaman yorulmuşam. Mollanın yanında oturmuşdum. Salavat çəkməkdən üzümün tükləri gicişir.
- Ay kişi, sən dua, surə zad bilirsən ki, hələ salavat da çəkirsən?
- Ay arvad, burda nə var ki? Molla fatihə deyəndə hamı kimi salavat çevirirdim, sonra da yalandan dodaqlarımı tərpədirdim. Sonda da hamıyla birlikdə “Allah rəhmət eləsin” deyirdim.
- Məzən olsun, Hidayət. Sən Allah, güldürmə məni. Allah haqqı, qonşulardan kimə desəm ki, aprel ayında ərik, şaftalı, üzüm yemişəm, heç biri inanmaz. Görəsən neçəyədi?
- Bilmirəm. Onu bilirəm ki, bahadır. Sənin pensiyan çatmaz bunları almağa.
- Allah rəhmət eləsin Mamed müəllimə. Uşaqlarına da uzun ömür versin.
- Yaxşı hazırlaş. Dörd gündən sonra 7-dir. Orda olmalıyıq. Amma bu dəfə utanıb eləmə. Yaxşıca ye. Yoxsa bir də səni yasa aparmaram a...
- Baş üstə, Hidayət. Lap xəcalət çəkdim. Ona görə də bu dəfə yeyəcəyəm ki, evə day heç nə göndərməsinlər.
Dörd gündən sonra Hidayət kişi Fatmanın qoluna girib hüzür yerinə gəldilər. Mamed müəllimin övladları onları mehribanlıqla qarşıladılar. Fatma arvadların çadırına, Hidayət isə Mamed müəllimin qohumlarının oturduğu çadıra keçdi. Qadınların məclisi başa çatandan sonra, Hidayət kişi arvadı evə ötürməkçün üzrxahlıq etdi. Hüzür yerindən aralanmışdılar ki:
- Fatma, yenə də heç nə yemədin?
- Yedim, Hidayət, yedim. Qızı qabağıma nə qoymuşdusa, hamısını yedim. Çay da içdim şokoladla. İki stəkan. Yox, üç stəkan. Qız çox mehribanlıq göstərirdi mənə. Soruşdu ki, neçə nəvən var? Dedim ki, dörd. Oğlanlarım, gəlinlərim hər gün gəlib bizə dəyirlər. Elə indi də bizdədirlər.
- Niyə yalan dedin ki? Heç yadlarına düşürük onların?
- Utandım, ay Hidayət. Gəlmirlərsə, dəymirlərsə, deməli, düzgün tərbiyə verməmişik. Amma dostun Mamed müəllim düzgün tərbiyə verib övladlarına. Görürsən, necə yerdən götürdülər kişini? Hələ molla elan elədi ki, cüməaxşamılarını da bu səviyyədə verəcəklər.
- Doğurdan? Lap sevindirdin məni. Allah Mamed müəllimə rəhmət eləsin. Qəbri nurla dolsun. Allah o dünyasını versin.
- Amin.
Beləcə, Hidayət kişi Fatmanı qapıda buraxıb yenidən çadıra qayıtdı. Axşam qayıdanda sürücü yenə maşının baqaj yerindən qutu çıxarıb qapıya qoydu. Fatma qapını açıb, qutunu görəndə:
- Ay Hidayət, Allah haqqı tapşırdığın kimi də eləmişdim. Boğazacan yemişdim. Ondan artıq yeyə bilməzdim. Bax, gecədir, hələ də acmamışam.
- Ay qız, Mamed müəllimin qızı bunu səninçün qoymayıb. Dedi ki, nəvələrin payıdır.
- Kimin?
- Nəvələrin. Demisən ki, nəvələri evdə qoyub gəlmişəm. O da paylarını göndərib. Axır ki, nəvələrdən də bir xeyir gördük.
- Allah Mamed müəllimə rəhmət eləsin. Qəbrini nurla doldursun. Allah o dünyasını versin.
- Allah qəbul eləsin.
Hidayət kişiylə Fatma arvad Mamed müəllimin cüməaxşamlarını, qırxını onun ailəsiylə birgə yola verdilər. Hamısında da Mamed müəllimin qızı nəvələrin payını da evə göndərirdi. Oğlanları mollanın haqqını verəndə, onun yanında oturan Hidayət əmilərinin də cibinə xərclik basırdılar. Hidayət etiraz edəndə, təkid edirdilər. 40-cı gün də belə oldu. Hidayət kişi evə maşınla döndü. Sürücü qutunu qapıda qoyub getdi. Fatma qapını açdı. Hidayətin əlində cib telefonunu görüb:
- Bu nədir, ay kişi, cib telefonunu hardan almısan? Hardan yox e, hansı pula almısan?
- Mamed müəllimin oğlanları aldılar. Dedilər ki, bəs xeyir işimiz olanda səni necə tapaq? Pis gündə yanımızda oldun, xoş gündə də ağsaqqlımızsan.
- Yaxşı adamlardılar, vallah.
- Düz deyirsən. Adamın belə övladları ola. Hər gün bazarlığını edə, qulluq göstərə.
- Kişi, qırx qurtardı. Qaldı il.
- Hə.
- İndi deyirsən ki, biz bir il şokolad, meyvə, üç cürə qarası olan plov, salat yeməyəcəyik? Hə?
- Bilmirəm. Allahına şükür elə ki, xəstə deyilik. Özümüzü idarə edə bilirik. Yatağa düşsək, necə olacaq?
- Düz deyirsən. Təki pendir-çörək yeyək, amma sağlam olaq.
- Sağlam, ayaqüstə ölək de.
- Amin.
- Amin.
- Hidayət, ay Hidayət.
- Can! Fatma, a Fatma.
- Ay can!
Strategiya.az
15 ilin söhbəti olar... Mahir, bir lətifə var e... eşitmisən?
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM