Xəlil Fikrət."Tərbiyə və tədris tarixi". Bakı,1926 və ya tərbiyədən başlanan tədrisin tarixi
Xəlil Fikrət dünyanın yaxşı tanıdığı,bilik və bacarığına güvəndiyi və fəxr etdiyi, Avropanın elm və mədəniyyət baxımından ən sivil ölkələrindən birində-Almaniyanın Leipziq universitetində dünya şöhrətli, poliqlot alimlərindən ali təhsil almış ilk türkiyəli ziyalısıdır. 82 il ömür sürmüşdür:1892-ci il yanvarın 5-də Yunanıstanın Serficə qəsəbəsində anadan olmuş, 1974-cü ildə Ankarada dünyasını dəyişmişdir.
Mən bu adı ilk dəfə Əsəd Yaqubinin məqalələrinin birində oxumuşam. Müəllifin qədim türk abidələrinə,məktəb tarixinə aid fikirləri mənə çox maraqlı göründü. Araşdırmalar apardım, türkiyəli alim dostlarımla fikir mübadiləsi apardım. Ankaralı dostum Haldun Cezayiroğlunun araşdırmaları mənə yol göstərdi, bələdçilik etdi.
Xəlil Firəti Türkiyədə Halil Fikret Kanad adı ilə yaxşı tanıyırlar. Onun əsərləri 1927-ci ildən Türkiyədə çap olunmağa başlanmışdır. Onun həm pedaqoji, həm də kooperativçilik fəaliyyəti haqqında türk ictimaiyyətinin bilgiləri çoxdur. Almaniyada ali təhsilini bitirəndən sonra Halil Fikrət Türkiyənin müxtəlif təhsil ocaqlarında işləmişdir. O, 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə bir neçə türk alimi ilə birlikdə Azərbaycanın ovaxtkı yeganə ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində işləməyə dəvət olunmuşdur. Xəlil Fikrət və onun pedaqoq həmkarları Bakıda işlədikləri 3 il ərzində elmi,elmi-pedaqoji və hətta Azərbaycan dilində bədii yaradıcılıqla məşgul olmuş,dərslik və monoqrafiyalar çap etdirmişlər. Bu faktlar barədə Türkiyə alimlərinin elmi yaradıcılıqlarında demək olar ki, heç nə yoxdur. Halbuki o vaxtlar Bakıda işləyən türk alimlərinin burada nəşr etdirdikləri əsərlər bir çox nəsnələrdən xəbər verə bilər.
Bütün bunları nəzərə alaraq, Haldun Cezayirlioğlu ilə birlikdə Azərbaycanda və Türkiyədə ya elmi-praktik konfrans və yaxud simpozium keçirmək fikrinə düşdük.Təşkilatçılıq çətin iş imiş,alınmadı. Gücümüz mətbuat səhifələrində faktlara,sənədlərə əsaslanan elmi məqalələr çap etdirməyə çatdı. Biz əqidə və məslək dostlarımızı Xəlil Fikrətin elmi,elmi-pedaqoji irsinin yeni faktlar və sənədlər əsasında araşdırılmasına dəvət etdik. Təəssüf ki, yuxulu pedaqoqlar yuxudan oyanmaq istəmirdilər.
Azərbaycan-Türkiyə pedaqoji əlaqələrinin tarixi XIX əsrin II yarısından başlanır. Bizə məlum olan sənədlərə və faktlara əsasən bu işin M.F.Axundzadə tərəfindən başandığını söyləmək olar. Onun 1863-cü il may ayının 27-də başlanan, iki aydan artıq davam edən İstanbul səfəri əslində pedaqoji məsələlərlə-ərəb əlifbasının islahı ilə əlaqədar idi.M.F.Axundzadə burada Türkiyənin sədri-əzəmi Fuad Paşa ilə iki dəfə ünsiyyətdə olmuşdur. Cəmiyyəti-Elmiyeye Osmaniyye Məclisində xarici işlər nazirliyinin baş mütərcimi Münif Əfəndinin sədrliyi ilə keçən məclisdə yeni əlifba layihəsinin müzakirəsi M.F.Axundzadəyə türk pedaqoji irsinin bir çox məsələləri ilə tanış olmağa imkan vermişdir. Münif Paşa mütərcimlikdən sonra üç dəfə Türkiyədə maarif naziri təyin olunmuşdur.O, bu dövrlərdə Azərbaycanın işılı fikir adamları ilə dostluq və işgüzarlıq əlaqələri yaratmış, Tiflisdə Səid Ünsizadənin rəhbərliyi ilə Azərbaycan dlində nəşr olunan "Ziya"qəzetində Ezop maneralı, çox incə nüktəli "Ey bülbül" şeir müsabiqəsinin təşəbbüskarı kimi çıxış etmişdir. Münif Əfəndinin Səid Əfəndi Ünsizadə ilə dostluğu və bu dostluq çərçivəsində görülən böyük maarifçilik tədbirlərinin cidi araşdırılması hələ də öz inadkar və cəsarətli tədqiqatçısını gözləyir.
Həsən bəy Zərdabi, Cəlal Ünsizadə, Rəşid bəy Əfəndizadə,Ömər Faiq Nemanzadə, Hüseyn Cavid Rasizadə, Məhəmməd Hadi və daha bir neçə Azərbaycan və türk ziyalısının Türkiyə pedaqoji fikir adamları ilə iş və əqidə birliyi də ictimai fikir tariximizin tam və hərtərəfli öyrənilməmiş məqamlarını ortaya çıxara bilər.
1919-cu ildə Azərbaycanın ilk ali məktəbi yaradılanda kadr siyasəti məsələlərinin həlli yolunda bir sıra addımların atılması gündəmə gəldi.Bu istiqamətdə görülən işlərdən biri Türkiyənin qabaqcıl alimlərinin Bakıya işləməyə dəvət edilməsi oldu.Bu məsələ bir neçə il ləngisə də, nəhayət 1923-cü ildə İsmayıl Hikmət, Mehmet Fuad Köprülüzadə, Xəlil Fikrət, Mühittin Birgin kimi ziyalılar Bakıya gəldilər.Türkiyənin Azərbaycandakı səfiri Memduh Şevket Esendal, Lenin və Stalinlə şəxsi tanışlığı
olan, bir müddət Türkiyədə kəşfiyyat xarakterli vəzifədə çalışan başqırd Şərif Manatov da Azərbaycanı və Türkiyən pedaqoji fikrinə rəvac verən ziyalılar idilər.
Bu sadalanan ziyalıların cərgəsində ən aparıcı qüvvə o vaxtlar Xalq Maarif Komissarlığının tabeliyindəki nəşriyyata cavabdeh olan Mühitdin Birgin idi. 31 yaşlı Xəlil Fikrət Bakıya gələndə orijinal bir kitabın həmmüəllifi idi. Xəlil Fikrət 1916-cı ildə 24 yaşında, müəllimi Hans Stumme ilə şərikli 31 səhifəlik "Türkische lesostoffe...(türk antologiyası)" adlı maraqlı bir kitab yazaraq, onu Almaniyanın Leypziq şəhərindəki "Otto Harrassowitz" nəşiyyatında çap etdirmişdi. (Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu kitabı dünya türkologiyasına mən tanıtmışam-N.N.).Türk dostum,dəyərli və təmənnasız insan Haldun Cezayirlioğlu bu kitab haqqında türk mətbuatında yazdığı məqalədə ( 06 aralık 2011-ci il ) mənim xidmətlərimi çox yüksək qiymətləndirmiş, Azərbaycanın Təhsil Nazirinə təşəkkür məktubu göndərmişdi.Bu təşəkkürnamə nədənsə nazirə çatdırımadı.Halbuki burada iki ölkənin pedaqoji əməkdaşlığına aid çoxlu maraqlı fikirlər vardı.Mən bütün bunları məktub müəllifinin mənə göndərdiyi surətə görə deyirəm).
" Türkische lesostoffe ..."türk dünyasının latın qrafikalı ilk kitabıdır. Onu da yaddan çıxarmayın ki, bu kitab oxuculara çatdırılanda Bakıda keçiriləcək I Türkoloji qurultaya hələ 10 il qalırdı.
Bakıda Xəlil Fikrətə məsul vəzifələr tapşırılmışdı: o, Xalq Maarif Komissarlığında ibtidai məktəblərinə nəzarət və rəhbərlik edir, ali məktəbdə pedaqogika və psixologiyadan dərs deyir, dövri mətbuatda Azərbaycan dilində elmi,elmi-kütləvi ,
elmi-metodiki və bədii yazılarla çıxış edirdi. 1923-cü ildə nəşrə başlayan "İnqilab və mədəniyyət" jurnalnda Xəlil Fikrətin onlarla yazısı dərc olunmuşdur. Xəlil Fikrət məqalələrinin sonunda imzasının şəklini də verirdi ki, bu da oxucuların diqqətini uzaqdan cəlb edirdi.
Bir faktı bu gün ucadan deyə bilərik ki, "İnqilab və mədəniyyət" jurnalı Türkiyədən gələn müəllimlərin, ələlxüsus şair Nazim Hikmətin qohumu Mühitdin Birginin diktəsi və hökmü ilə çıxırdı. Jurnala göndərilən heç bir yazı M.Birginin diqqətindən yayına bilməzdi.
Bakıda Xəlil Fikrətin bir kitabı çap olunmuşdur.Bu da iki hissədən (cilddən yox-N.N.) ibarət "Tərbiyə və tədris tarixi "dir. Kitabın üz qabığında onun dərslik olmasına aid heç bir qeyd və işarə olmasa da fehristi-kitabdan (kiabın mündəricından -N.N.) onun ali məktəb proqramı əsasında yazıldığı aydın hiss olunur. Ərəb əlfbalı yazıları oxumaqda çətinlik çəkənlərə kömək məqsədilə I hissənin üz q abığında yazılanları oxucuların diqqətinə çatdırırıq :
Müəllifi doqtor (Tərbiyə doktoru nəzərdə tutulur-N.N.) Xəlil Fikrət
TƏRBİYƏ VƏ TƏDRİS TARİXİ
I - hissə
I - 5 min (Biz bunu kitabın tirajı,sayı kimi başa düşdük-N.N.)
Azərnəşr
Bakı-1926
___________________________________________________________________________________
"Tədris və tərbiyə tarixi" dərsliyinin II hissəsinin üz qabığı da birinci hissənin üz qabığında olduğu kimidir.YEGANƏ FƏRQ burada "I hissə "əvəzinə, "II hissə" yazılmasıdır.
Bəzi tədqiqatçılar kitabın iki CİLDDƏN ibarət olduğnu yazır ,I cildin nəşrini həm 1924-cü il ,həm də 1926 -cı il kimi göstərirlər. Çox güman ki,tədqiqatçıları çaşdıran kitabları siyahıya alıb, kataloqa daxil edən biblioqraflar olmuşlar.Belə ki, M.F.Axundov adına Respublika Milli Kitabxanasında qeydə alınan, üz qabığı və son səhifələri qoparılmış nüsxələrdən birinin - II hissənin 556- səhifəsindəki 1924 rəqəmi ərəb əlifbalı mətndə uzaqdan əsərin nəşr ili təsiri bağışlayır. Biblioqraflar səhifələrdəki materialları oxumadan bu rəqəmi əsərinnəşr olunduğu il kimi kataloqa qeyd etmişlər. Əslində bu, "Tərbiyə və tədris tarixi" nin II hissəsindəki "Montessori sistemi" oçerkinin ətək yazısına aiddir.Həmin yazını olduğu kimi diqqətinizə çatdırırıq:
-----------
*} "Montessori haqqında əsas məaxəzim ( məxəzim, mənbələrim-N.N.) Möhibbə Hikmət xanımın "Maarif Mədəniyyət "( "və" bağlayıcısız yazılıb-N.N.) məcmuəsindəki yazılanlardır. Montessori sistemi haqqında daha ətraflı məlumat almaq istəyənlər məcmuənin 1924-ci yılındakı müxtəlif nüsxələrinə müraciət etməlidirlər".
Müəlif bu qeydləri ədəbiyyat siyahısının yerinə -digər oçerklərdə verilən kitabiyyat yerinə yerləşdirmişdir.
Yeri gəlmişkən qeyd edək ki, Maria Montessori (31.08.1870-06.05.1952) görkəmli italyan həkimi və pedaqoqudur. Bu gün də onun tərbiyə sistemindən dünyanın br sıra özəl məktəblərində istifadə olunur.
Xəlil Fikrət Montessorinin həyatının və tərbiyə üsulunun işıqlandırılmasına öz dərsliyində 12 səhifə yer ayırmışdır.(səh.544-556).
Xəlil Fikrətin dərsliyinin I hissəsinin əvvəlində Roma rəqəmi ilə işarələnmiş 13 səhifənin 7-si müqəddiməyə ayrılmış,sonrakı
2 səhifədə dərsliyin fehristi (mündəricatı -N.N.)verilmişdir. Dərsliyin bu sıradakı " Yanlış -doğru cədvəli" də diqqəti cəlb edir. (Təəssüf ki, müasir dərsliklərdə belə etiraf cədvəlləri yoxdur). Müəllif bu cədvəldə səhifəsini, sətrini göstərməklə 41 səhvinin düzəlişini verib. I hissə "Karl Marks" (1818-1888) oçerki ilə qurtarır (səh.328-332).
I hissənin sonunda kitabın Xalq Maarif Komissarlığının mətbəəsində 5000 nüsxə tirajla çap olunduğu göstərilir.
Mənfəətdən xali olmadığı üçün I hissənin materiallarını ixtisarla tədqiqatçıların və maraqlanan oxucuların diqqətinə çatdırırıq.
Səh. 1-9. Yunanıstan: Sparta tərbiyəsi-Afina tərbiyəsi- Sokrat-Əflatun-Ərəstu.
10-14. Roma tərbiyəsi
15-73. İslam və türk tərbiyəsi-Azərbaycanda maarif və mə ktəblər
74-81. Humanizm və reformasiyon dövrlərində təlim və tərbiyə
82-102. Xəlq və qadın tərbiyəsi
103-104. XV əsrdə tərbiyə və tədris
105-109.Monten (Bəzi adların düzgün oxusunu bu sahənin mütəxəssisləri müəyyənləşdirə bilərlər.Yanlışlıq olacağı təqdirdə üzr istəyirəm-N.N.).
110-113. Dekart və Jan Sentler
114-117. Fenelon
117-119.Beyqen
120-126. Ratke
127-140. Qomanyus (Qamanski)-( Komenski- kimi anlamalı-N.N.)
141-144. Franqa və piyetizm
145-146.Realizm və nourealizm
147-155.Con Luq
156-180.Jan Jak Russo
181-198.Bazadov və filantroplar
199-203.Zaliçman
203-210.Filantrop cərəyanına tənqidi baxış
211-215.Filantropların məktəblərə təsiri (18-ci əsr)
215-219.Nouhumanizm-Kesne-Ternesti-Hayne
220-239.Pestalici və Prusiyaya təsiri
239-242.Disterbeq
243-244.Kant
245-252.Fixte və Jan Pavel
253-265.Şlayer Maxor
267-288.Herbart və Tajir
289-297.Frobel və çocuk bağçaları
298-308.Məktəb təşkilatı
309-327.Herbert Spenser
328-332.Karl Marks
Xəlil Fikrətin dərsliyinin II hissəsi " XX əsrdə tərbiyə cərəyanları və yeni məktəb" adlı geniş və yönəldici müqəddimə ilə başlayır (səh.333-340). Sonrakı materiallar 29 başlıq altında yerləşdirilmişdir. Buradakı bir sıra oçerklər- Lenin(Vladimir İliç Ulyanov,səh.529-544),Montessori (səh.344-557),kompleks sistemi( səh.575-586) bu gün də dünya pedaqoji irsini cidi və hərtərəfli ğyrənmək baxımından gərəkli görünür.
2016-cı ildə tərbiyə doktoru, babalarımızın müəllimi türk Xəlil Fikrətin alman Hans Stumme ilə şərikli yazdığı "Türkis lesostoffe (Türk antologiyasının ) kitabının 100, Azərbaycan dilində yazdığı ikinci kitabının-i ki hissəsi bir yerdə 600 səhifə həcmində olan "Tərbiyə və tədris tarixi" kitabının isə 90 yaşı tamam olur. Bu yubileylərə qədər hər iki kitabı nəfis şəkildə çap edib, oxuculara çatdırmaq dünya pedaqoji irsini maraqla öyrənənlərə qiymətli ərməğan ola bilər.
Ədəbiyyat siyahısı
1.Hans Stumme, Halil Fikret. "Türkische lesostoffe ..." Leipziq,1916.
2. Nazim Nasreddinov."Mektep Mecmuası Dergisi"
Haldun Cezayirlioğu Koleksiyonu.10 eylül 2011,Ankara.
3.Nazim Nasreddinov. "Dr.Halil Fikretden. Okuma Parçaları".
Hadun Cezayirlioğlu Koleksiyonu,04 aralık 2011.
4.Nazim Nasreddinov. "Halil Fikretin Bakı ve Şeki yazıları".
Halduncezayirlioğlu Koleksiyonu, 04 aralıq 2011.
5.Nazim Nəsrəddinov. "Türk dünyasının ilk psixologiya doktoru Xəlil Fikrət və yaxud babalarımızın müəllimi".
Strategiya.az saytı,20.11.2011.
6.Nazim Nasreddinov. "Doktor ve Ovide Decrolu Baküde" .
Halduncezayirlioğlu Kolleksiyonu.08 temmuz 2013.
7.Haldun Cezayirlioğlu. "Türkçe,Latın harfleriyle ilk kez 1916 yılındamı?"
Halduncezayirlioğlu Kolleksiyonu, 6 aralık 2011.
8.Fərrux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinininkişaf tarixindən.
"Azərbaycan məktəbi" jurnalı,2013 6,səh.21-28.
9. Fərux Rüstəmov.Azərbaycan-Türkiyə elmi-pedaqoji əlaqələrinin inkişafında professor Xəlil Fikretin rolu.
" Kaspi "qəzeti,23.10.2014,səh.14-15.