Açar sözlər-pedaqoji yazılar, soyad qanunu, bilimsəl psixologiya, Xəlil Fikrət
1923-26 cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığının xətti ilə Türkiyədən Bakıya - yeni Respublikanın cümhuriyyət dövründə yaradılmış ali məktəbində, eləcə də digər tədris müəssisələrində işləmək üçün Türkiyədən Nəriman Nərimanovun tapşırığı ilə bir neçə türk eğitimçisi dəvət olundu. Onlardan biri də Almaniyada təhsil almış, Türkiyənin ilk ali təhsilli psixoloqu, pedaqoqu Xəlil Fikrət idi. O, sonralar "hər türkün türklüyünü bildirən adı olmalıdır" fikrinə rəvac verən 21 iyun 1934-cü il tarixli 2525 saylı Türkiyə Soyadı Kanununun qəbulundan sonra KANAD soyadı ilə tanınmışdır.
Xəlil Fikrət 1892-ci ildə indi Yunanıstana aid olan Serficedə anadan olmuş, ilk və orta təhsilini orada aldıqdan sonra 1910-cu ildə Almaniyaya göndərilmiş, Berlin və Leypsiq universitetlərində fəlsəfə üzrə ali təhsil almışdır. O, 1917-cü ildə Leypsiq Universitetində dünya şöhrətli pedaqoq İ.H.Pestalaossinin (1746-1827) həyat və yaradıcılığına aid elmi əsəri ilə doktorluq mərtəbəsinı yüksələrək Türkiyəyə qayıtmışdır. Bakıda işləyərkən o, hələ yalnız Xəlil Fikrət idi, daha doğrusu, Azərbaycan yazısı ilə adı və soyadı XƏLİL FİKRƏT yazılırdı və onu belə də tanıyırdılar. Mənə elə gəlir ki, Xəlil Fikrət haqqında Avropa arxivlərinin kataloqlarında bu görkəmli pedaqoqa aid materialların az görünməsi elə ən çox bu soyad məsələsi ilə ilgilidir.
Xəlil Fikrət ali məktəbdə dərs deməklə yanaşı , həm də Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinə müdirlik edirdi. O, Azərbaycan dilində məqalələr yazır, ilk böyük kitabını nəşrə hazırlayırdı.
Əvvəlki yazılarımın birində yazmışdım ki,Xəlil Fikret ilk kitabını hələ 1916-cı ildə Almaniyada universitet tələbəsi olarkən öz müəllimi Hans Stumme (1864-1936) ilə birlikdə çap etdirmişdir (3).
"Türkische lesestoffe..." adlanan bu kitabdakı matetiallar türk və alman dillərindədir. Kitabın əsas hissələrinin Xəlil Fikrət tərəfindən yazılması heç kəsdə şübhə doğurmur. Xəlil Fikrət türk dilini kitablardan öyrənməmişdi. Türk dili onun ana dili idi. Kitabdakı "Zurub-i-emsallar" ( ata sözləri-N.N.), lətifələr, "Çanakkaladan bir türk askerinin mektubu" başlıqlı, sərlövhəli yazıları türk oğlu türk yaza bilərdi. Hans Stumme latın qrafikalı bu kitabın yazılmasının ideya müəllifi kimi daha önəmli görünür.
Kitabin girişinin imzalama tarixi (yanvar,1916) göstətirir ki, "Türkische Lesestolffe ..." nin yazılma tarixi onun çap tarixindən xeyli əvvələ -1915-ci ilə aiddir. Bu kitab Haldun Cezayiroğlunun çox doğru olaraq göstərdiyi kimi, latın qrafikalı ilk kitablardandır ( 2 ).Yeganə məsələ , hələ həllini tapmayan yeganə məsələ, bu xəttin müəllifinin kimliyidir.
Kitabın çalışmalar və mətnlər olan hissəsində ( səh. 4-31) cütrəqəmli səhifələr (4,6,8,10, v. s.) ərəb yazısı, təkrəqəmli səhifələr isə ( 5,7,9,11 və s.) isə xəttatı məlum olmayan müəllifin yazdığı latın qrafikası ilədir.
Xəlil Fikretin 1916-1923-cü ilədək- Bakıya gələnədək yazdığı yazıları Türkiyədə axtarmaq lazımdır. Heç cür inanmaq olmur ki, o, bu illər ərzində elmi, elmi-metodoloji yazı yazmasın. Bakıya gələn Xəlil Fikret burada , eləcə də Azərbaycanın əyalətlərində nəşr olunan əksər qəzet və jurnallarda maraqlı yazıları ilə çıxış etmişdir (2). "Maarif və mədəniyyət "jurnalının 1923-cü ilə aid bir neçə nömrəsində (N 10,11,12 ) onun "Sənət" başlıqlı silsilə məqalələri çap olunmuşdur.
Xəlil Fikrətin "Yeni məktəb","Bilgi", "Maarif işçısi" və sair mətbu orqanlarındakı məqalələri Türkiyə alimlərinə , məncə, tanış deyil. Hər halda Türkiyə alimlərinin tədqiqatlarında bu yazılardan söhbət açılmlr. Onun bu mətbu orqanlarındakı yazılarının bir neçəsinin adını məlumat və axtarış və çözələmələrə açar kimi sadalayırıq: "Gənc müəllimlərə tövsiyələr","Çocuqları tanımağın əhəmiyyəti", Gənc nəslin tərbiyəsi nə tələb edir?", "Hötenin şəxsiyyəti və "Faust" ilhamları", "Höte və həyatı", "Faust", "Öz-özünü idarəsi haqqında bir neçə söz", "Türkcə tədrisatın vəzifələri", "Türkcə tədrisatda sərfü nəhv məsələləri" və s.
Xəlil Fikrətin ən maraqlı Bakı məqalələrindən biri Bakıda çap olunan "Yeni məktəb " jurnalının 1925- ci ildəki 1-2 qoşa nömrəli sayının 117-124-cü səhifələrində yerləşdirilən "Doktor Deqroli" ("Jean-Ovide Dekroly" və ya jurnaldakı yazınının ilk səhifəsində ərəb qrafikalı yazının içərisindəki kimi - DR DECROLY kimi oxuya bilərsiniz-N.N.) məqaləsidir (1).
Yazının "Yeni məktəb" məcmuəsində çap edilməsi heç də təsadüfi deyildi. "Yeni məktəb" Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının orqanı idi. Jurnala rəsmən maarif komissarı Mustafa Quliyev (1893-1938 ) redaktorluq edirdi. Mustafa Quliyev jurnalın ətrafına ciddi, səriştəli, peşəkar aydınları toplamışdı. Onlardan İsmayıl Hikmət, Xəlil Fikret, Taninçi Mühiddin Birgen türk ziyalıları idi. Onlar M.Quliyevin əqidə və məslək dostlarından idi.
"Yeni məktəb" məcmuəsi haqqında "Azərbaycan məktəbi" jurnalında bir-iki yazı yazılsa da, bu mətbu orqanın təqqiqi hər iki ölkənin-Türkiyə və Azərbaycanın eğitim tarixi üçün maraqlı materiallar verə bilər (4).
Xəlil Fikret in "Yeni məktəb"dəki "Doktor Decroli" məqaləsindən hiss olunur ki, o, elmi oçerkinin qəhrəmanını yaxşı tanıyır.
Dr Decroli (1871-1932) Belçikalı eğitimçi və psixoloq, bilimsel psixologiyasının qurucularından biridir. O, 1901-cü ildə "sapkın çocuklar " üçün məktəb açmış, çoxlarının çəkindiyi, ehtiyat etdiyi çətin bir eğitim fəaliyyətinə başlmışdır. Onun 1907-ci ildə yaratdığı başqa bir okul isə zehincə əngəlli çocuklara xidmət edirdi.
Doğulduğu RONSE şəhərindəki məktəblərdən biri 61 yaşında dünyadan köçən məşhur pedaqoqun -Deqrolinin adını daşıyır.
Yeri gəlmişkən qeyd edək ki, Xəlil Fikretin Bakı və Şəki mətbuatında, elmi məcmuələrdə dərc olunan yazılarının bir neçəsi- eğitim tarixinə, pedaqoji fəaliyyətə aid olan yazıları , eləcə də "Doktor Deqroli ( " Dr DECROLY" ) onun 1926-cı ildə Bakıda "Azərnəşr"- dövlət nəşriyyatı tərəfindən nəşr olunan "Tərbiyə və tədris tarixi" adlı kitabına yerləşdirilmişdir. Maraqlıdır ki, Xəlil Fikret sonralar "Tədris və tərbiyə tarixi" kitabına daxil etdiyi elmi oçerklərin, risalələrin hamısını elmi və metodiki jurnallarda yazının başlığından sonra mötəriuzə içərisində "Tədris və tərbiyə tarixindən bir yapraq" qeydləri ilə vermişdir.
"Doktor Deqroli " ( Dr Decroly" ) məqaləsinin ilk səhifəsinin ətək yazısında idarənin (redaksiya-N.N.) belə bir qeydi verilmışdir : *) Bu məqalə ğeyri- təbii çocuqların tərbiyəyi xüsusunda əldə edilən müsbət təcrübə və nəticələri göstərdigindən bunun ilə uğraşanlar üçün bir material sifətilə dərc olunur.
Xəlil Fikret məqaləsini "XX əsrin pedaqoqları arasında böyük bir əhəmiyyət qazanan və yaratdığı müəssisə ilə körk ( bəlkə də "kərn" oxunmalıdır-N.N.) tədris və körk tərbiyə cəhətindən böyük müvəffəqiyyətlər qazanaraq, bütün dünyada ismi eşidilən şəxsiyyətlərdən biri Doktor Deqroli (DR Decroly)dir " cümləsi ilə başlayır.
Məlum olur ki, məşhur pedaqoqun açdığı məktəb Belçikada ermitajdadır. Onun Birinci Cahan Müharibəsindən əvvəl açdığı məktəbdə sağlamlığı normal olan uşaqlar oxuyurdular. Bu məktəblə yanaşı , şəhərdə zehni cəhətdən əngəlli olan uşaqlar üçün ( normal olmayan çocuqlara məxsus) digər bir məktəb də var idi. Doktor Deqroli hər iki məktəbdə uzun müddət çalışmışdır.
Xəlil Fikret məşhur pedaqoqun yaratdığı məktəbi nəzərdə tutaraq, Fransanın maarif naziri Ferriye istinadən yazır ki, Deqroli bütün dünya üçün diqqətəşayan bir şah əsər vücudə gətirmişdir.
Deqrolinin yaratdığı uşaq müəssisəsi ümumi müharibəyə görə müvəqqəti olaraq öz fəaliyyətini dayandırır.Məktəb Birinci Cahan Müharibəsi bitdikdən sonra yenidən fəaliyyətə başlayır.
Xəlil Fikrətin adını çəkdiyi Ferri haqqında bir çeçə söz demək istəyirəm. J.Ferri , tam şəkildə JÜL FRANSUA KAMİL FERRİ (1832-1893) iki dəfə -1880-1881 -ci və 1883-1885-ci illərdə Fransanın Baş naziri, XIX əsrin sonlarında isə maarif və incəsənət naziri olmuşdur. Ölümündən 3 il sonra doğma şəhərində Jül Ferrinin şərəfinə - vaxtilə ölkənin baş naziri , maarif və incəsənət naziri olan ləyaqətli vətəndaşın şərəfinə əzəmətli adidə ucaldılmışdır.
Ferrinin təşəbüsü ilə Fransanın təhsil sistemində, ələlxüsus ibtidai təhsildə bir sıra dəyərli qanunlar qəbul edilimişdir.
***Yenidən Doktor Deqroliyə qayıdırıq.
Doktor Deqroli müəssisəni meydana gətirəndən sonra bir sıra böyük şəxslərdən ilham alır : Con Devrey, Qrenvill Stenli Holl, Kirx Patriq.
Deqroli bunları tədqiq və tətəbbö (ətraflı öyrənmə-N.N.) etmiş , onların fikirlərinə istinadən,qüsurlu uşaqlar üçün xüsusi metodlar vücudə gətirmişdir.
Deqroli qeyri - təbii (zehniyyətcə əngəlli olan -N.N.) çocukların yavaş addımlarla irəlilədikləri yerlərdə , təbiilərin dəxi səri ( sürətlə-N.N.) addımlarını təsbit etmişdir (sabitləşdirmişdir-N.N). Yəni qeyri -təbii çocuklar bir qabiliyyət məsələsini müəyyən bir müddət zərfində bürüməglə müvəffəq olurlarsa, eyni məsafənin təbii çocuklar tərəfindən səri olaraq qət edilməsi üsullarını araşdırmışdır.
Müvəffəqiyyət o qədər böyükdür ki, ğeyri-təbii çocuklar təbii və normal olan çocukları keçmişlərdir. Hər kəs buna bir möcüzə nəzərilə baxırdı. Halbuki möcüzə ,səbr , həlim və nüfuz nəzərdə idi. Ondan sonra Deqroli bulduğu üsulları , təbii çocuklara tətbiq etmənin mümkün olub-olmadığını araşdırır , normal çocukların məsafəni daha çapuq qət elədikləri şübhəsizdir, təcrübə yapılır və əldə edilən təcrübə cəmən xariqüladə olur.
O dərəcədə ki, hər növ çocuklarda , yəni kərk (istər-N.N.) xəlq və kərk digər təbəqədən olan çocuklarda böyük müvəffəqiyyətlər əldə edildi, zəkaları canlandı , elm və fənni təmamən qavramaq meyili oyandı, hətta həyatın və ümumi hərbin qarşılarına çıxardığı məsələləri həll edəcək qədər bir elmi səviyyə meydana gəldi.
Bu məktəbdə qız və erkək çocuklar müxtəllətdir (ayrıdır-N.N.) və şikayəti mucəb (zəruri-N.N.) şeyə təsadüf etmək şöylə dursun , müxtələt tərbiyədən faidəli nəticələr əldə edildi.
Xəlil Fikretin məqaləsində Deqrolinin istifadə etdiyi ƏLAQƏ və MARAQ üsulundan danışılarkən maraqlı fikirlər söylənilir : "Əlaqə iki tövrlüdür. Bir qismi həqiqi və istənilən əlaqədir ki, fəaliyyəti meydana gətirən və onu təhrik edən əlaqədir. Bir də (qapris) və zövqdən ibarət əlaqədir ki, bu, əlaqənin fəna qismidir.
Ğayə ,əsridir (sıxma,basma) və canlıdır.Üç növ ğayə vardır ki, əsas etibarilə bunlar bir vəhdət təşkil edirlər :
birincisi, bu gün və yarın üçün hər şeydən əvvəl insan yetişdirmək -həyati vəzifələri və zərurətləri inkişaf etdirmək ğayəsidir ;
ikincisi, zehni və bədəni fəaliyyətləri inkişaf etdirmək ğayəsidir.Çocuğun oyun əsnasında psixolojisinin tədqiqindən toplanan məlumat buna əsas olmalıdır".
Xəlil Fikrətin "Doqtor Deqroli ( Dr Decroly) " məqaləsi pedaqoji fikir tarixini , şagird və tələbələrin fərdi- psixoloji dünyasını öyrənmək baxımından bu gün də maraqlı və dəyərli olan, insanlığa xidmət edən əsərlərdəndir.