Şimali Azərbaycanda bolşevik rejiminin qurulması və mart soyqırımı N.Nərimanovun siyasi irsində əksi

09:04 / 30.06.2016

Vaqif Abışov

Tarix üzrə fəlsəfə doktoru

1918-1920-ci illərin siyasi və tarixi hadisələri haqqında düzgün və obyektiv məlumatlar əldə etmək üçün, 1918-1920-ci illərin siyasi burulğanında rəqiblərinə qarşı, xalqına arxalanaraq, təkbaşına mübarizə aparan və bu mübarizədə canını qurban verən N. Nərimanovun siyasi irsinə müraciət etmək lazımdır. O, həmin illərdə Azərbaycanda baş verən hər bir siyasi hadisəyə olduqca həssas və obyektiv yanaşmış, bolşevik ideyalarına bağlı olmasına baxmayaraq, bu ideyanı özünə bayraq edərək bilərəkdən və bilməyərəkdən səhv addım atanları açıq tənqid etməkdən çəkinməmişdir. O, “Hümmət” qəzetinin səhifələrində məqalələr çap etdirərək dövrün ən mühüm siyasi hadisələrini təhlil etmiş və 1918-ci ilin yazında Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında S. Şaumyanın bolşevik bayrağı altında türk-müsəlman əhaliyə qarşı apardığı soyqırımı siyasətini kəskin tənqid etmişdir. N. Nərimanov bolşevik siyasətinin onun düşündüyü kimi deyil, başqa yöndə həyata keçirildiyini, yəni zora əsaslanaraq həyata keçirilməsini gördükdə ona qarşı çıxmışdır. Onun 1923-cü ilin iyun-1924-cü ilin may aylarına aid edilən Mərkəzi Komitəyə-Stalinə yazdığı “Ucqarlarda inqilabımızın tarixinə dair” məktubu Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra 1992-ci ildə yenidən çap olunmuşdur (1).. Sovet dövründə N.Nərimanovun məktubu gizli saxlanılırdı. Onun məktubunda, əsasən, Şərq məsələsinə və bu məsələdə Mərkəzin tutduğu mövqeyi şərh olunmuşdur.

N. Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” adlı əsərində S. Şaumyanın rəhbərlik etdiyi bolşevik hökumətinin Azərbaycanda yeritdiyi siyasəti tənqid etmişdir. Xüsusilə, Bakı Sovetin erməni silahlı dəstələrinin Bakıda, eləcə də Azərbaycanın başqa qəzalarında 1918-ci ildə türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qətliamları kəskin ittihamla qarşılamışdır. O, 1918-ci ildə törədilən qırğınlara görə Bakıdakı sovet hökumətinin cavab verməli olacağını açıqca bildirmişdi (1, s. 33).

N. Nərimanov da sinfi mübarizənin tərəfdarı olmuş, lakin insanlara bədbəxtlik gətirən hər cür zorakılığın əleyhinə çıxmışdır. Buna baxmayaraq, o, “Bakı, 1 aprel” məqaləsində “rus inqilabının xarakteri hər yerdə sinfi mübarizənin başlamasını tələb etdiyini” də yazmışdır (2, s. 118). N. Nərimanov yeni yaranmaqda olan Sovet hakimiyyətinin ilk acı zərbəsini məhz Bakıda, 1918-ci il mart qırğını zamanı almışdır. Beləki, mart hadisələri zamanı S. Şaumyanın rəhbərlik etdiyi Sovet hakimiyyətinin müdafiəçiləri olan erməni silahlı dəstələri az qala Nərimanovu və onun ailə üzvlərini də qətlə yetirəcəkdilər. N. Nərimanov nəinki silahlı toqquşmanın qarşısını almaq imkanına malik idi, əksinə onun özü ölümlə üz-üzə qalmışdı. Daşnak silahlı dəstələri N. Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı (3, s. 32).

N. Nərimanov 1918-ci il mart hadisələri ilə əlaqədar yazırdı: “… mən sübut etməyə çalışırdım ki, vətəndaş müharibəsini indiki vaxtda başlamaq təhlükəlidir, belə ki, o milli qırğına çevrilə bilər. Mən bunu ona görə deyirdim ki, o zaman Bakıda ancaq daşnaklardan ibarət olan çoxsaylı erməni hərbi hissəsi yerləşirdi. Bakı şəhəri üzrə üç gün vəhşiləşmiş daşnakların dəhşətli azğınlığı baş verir. Nəticədə, daşnaklar, yəni “Sovet hakimiyyətinin müdafiəçiləri” əliuşaqlı müsəlman qadınlarını əsir edirlər … Burada bizim müdafiəçilərimiz haqqında susmaq lazım gəlir” (1, s. 32).

N. Nərimanov 1918-ci ildə baş vermiş hər bir siyasi hadisəyə olduqca həssas və obyektiv yanaşmış, bolşevik ideyalarına bağlı olmasına baxmayaraq, bu ideyanı özünə bayraq edərək bilərəkdən və bilməyərəkdən səhv addım atanları açıq tənqid etməkdən çəkinməmişdir. N. Nərimanov bütün ömrü boyu haqsızlığa qarşı mübarizə aparmışdır. Tənqid etdiyi şəxsin tutduğu vəzifəsindən asılı olmayaraq həmişə həqiqəti söyləmişdir. O, həm ədəbi yaradıcılığında, həm də siyasi mübarizəsində daima düzgünlüyü, həqiqəti təqdir etmiş və bunu öz ətrafında olan siyasi əqidədaşlarından da tələb etmişdir. O, həqiqətləri açıq söylədiyinə görə dəfələrlə təzyiqlərə məruz qalmış, lakin heç bir təzyiqdən qorxmayaraq, ömrünün sonunadək bu mübarizəni davam etdirmişdir. N. Nərimanov “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində yazırdı: “Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır” (1. s.43).

O, 1918-ci il mart qırğınları zamanı Bakıdakı Sovet hakimiyyətinin yürütdüyü siyasəti, 1918-ci il aprelin 3-də S. Şaumyana və P. Caparidzeyə göndərdiyi məktubunda da kəskin tənqid etmişdir. N. Nərimanov məktubda “mart qırğınlarının Sovet hakimiyyətinə böyük bir ləkə olduğunu və tezliklə bu qara pərdəni götürmək mümkün olmasa, onda bolşevik şüarı ilə Sovet hakimiyyətini burada saxlamaq mümkün olmayacağını” yazmışdır (2, s. 122).

N.Nərimanov Baki quberniyasının qəzalarında erməni silahlı dəstələrinin törətdikləri vəhşiliklərə görə 1918-ci ildə Bakıdakı Sovet hakimiyyəti cavab verməli olacağını yazanda, şübhəsiz, onun tərkibindəki erməni çoxluğunun olmasına işarə edirdi. O, “Qafqazın işğalına baxış” adlı məqaləsində yazırdı: “Tutaq ki, Bakıdakı mart hadisələrini vətəndaş müharibəsi kimi təsəvvür edək. Onda daşnak Əmirov və Stopa Lalayevin Şamaxıda törətdikləri əməlləri necə adlandırmaq olar? Vicdansız, mənfur Lalayevin Şamaxıdakı hərəkətlərini vətəndaş müharibəsi hesab etmək olarmı? O müsəlman qadın və uşaqları məscidə yığıb … sonra isə məscidi yandırmışdı” (2, s. 188). Daha sonra N. Nərimanov yazırdı: “ Şamaxıdan qayıdan … Məşədi Əzizbəyov gözlərindən yaş

axa-axa şahidi olduğu faciə haqqında danışanda mənim üçün aydın oldu ki, Bakıda Sovet hakimiyyəti daşnakların əlindədir. Bizim cəza dəstələrimizin adı altında erməni soyğunçu dəstələri müsəlman əhalisinə qarşı o cür qəddarlıqlardan sonra təbidir ki, müsəlman proletariatı Sovet hakimiyyətindən üz döndərməkdə tamamilə haqlı idilər” (2, s. 189). O, 1918-ci ilin mart qırğınlarından sonra yazmış olduğu məqalələrində Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin aparadığı “vətəndaş müharibəsini” kəskin tənqid etmişdir. N. Nərimanov əyalətlərdə öldürülənlərin yalnız bir millətin nümayəndəsi olduğunu xüsusi olaraq vurğulanmışdır. S. Şaumyan isə deyirdi ki, əgər vətəndaş müharibəsi bəzi yerlərdə milli xarakter alacaqsa, əsil sosialistlər bundan ötrü həyəcanlanmamalı, ruhdan düşməməlidir. N. Nərimanov isə “vətəndaş müharibəsində ölənlərin 99 faizi müəyyən millətin nümayəndəsidir” deməklə, S.Şaumyanın düşündüyü və həyata keçirdiyi vətəndaş müharibəsi siyasətinə qarşı çıxmış və onu ifşa etmişdir. N. Nərimanov yazırdı: “… İrəvan quberniyası, Lənkəran qəzası, Quba qəzası, Şamaxı qəzası özünün xarici görünüşünə görə mənim tərəfimdən deyilənləri təsdiq edə bilər (2, s. 151). Daha sonra o yazırdı: “...vətəndaş müharibəsində iştirak etməmiş və hətta, ola bilsin Sovet hakimiyyəti əleyhinə getməyən müəyyən millətdən olan dinc, kasıb və zəif kəndlilərin və yaxud fəhlələrin öldürülməsi, qarət və viran edilməsini ... təsdiq etmək üçün Şamaxı qəzası ilə bağlı “Hümmət”in bürosunda Bakı quberniya komissarı Məşədi Əzizbəyovun tarixi mühazirəsindən, onun alovlu, qəlbi ağrıdan, səbəbkarlara qarşı nifrət və qəzəb dolu çıxışını misal gətirə bilərəm” (2, s. 152).

N. Nərimanov S. Şaumyana və A. Caparidzeyə yazdığı məktubunda onların hər ikisini, onların simasında isə Bakıda Sovet hakimiyyətini ciddi ittiham etmişdir: “Siz müsəlman əhalisinə sübut etməlisiniz ki, mart qırğınları sizin Sovet hakimiyyəti istəyinin əleyhinə olaraq baş vermişdir. Bu işi satqınlar və sovet quruluşunun düşmənləri təşkil etmişdir. Bununla Qafqaz və Bakının müsəlmanlarına sübut etmiş olarsınız ki, Sovet hakimiyyəti qaniçən daşnakların

əlində deyil. Əks təqdirdə bu hadisə Bakıda və Qafqazda Sovet hakimiyyətinə dərin quyu qazmış olacaqdır” (2, s. 188). Həqiqətən də N. Nərimanovun Bakıda qurulan sovet hakimiyyəti ilə əlaqədar yazmış olduğu tarix sözlər dörd aydan sonra özünü doğrultdu və 1918-ci il iyulun 31-də fəhlə, kəndli və ordu tərəfindən müdafiə olunmayan S. Şaumyanın başçılıq etdiyi BXKS hakimiyyətdən məhrum oldu.

Bakıdakı sovet hakimiyyətinin süqutunun səbəblərindən bəhs edən N. Nərimanov 1919-cu ilin fevralında yazmış olduğu “Qafqazın işğalına baxış” məqaləsində qeyd edirdi: “Biz dərk etməliyik ki, bizim Qafqaziyadan getməyimiz yerli əhali arasında xüsusi bir təəssüf doğurmadı. Çünki onların adət-ənənələrini, milli-tarixi düşüncələrini, sosial-məişət həyat tərzini, mənəvi təlabatlarını, psixoloji cəhətlərini nəzərə almadan onlara qarşı tamamilə yad, düşmən siyasət tətbiq etdik. Biz hakimiyyətdə olanda adi, quru sosialist proqramına əsaslanaraq fəaliyyət göstərirdik. Biz əsl sosialist ideologiyasını həyata keçirmədik. Biz Rusiyada olduğu kimi Qafqazda da eyni ilə həmin metodu tətbiq etmək istəyirdik. Halbuki, burada bir-birinə mane olan, spesifik məişət şəraiti olan millətlər yaşayırdı” (2, s.185-186). N. Nərimanov, bunu Bakida qurulmuş Sovet hakimiyyətinin birinci səhvi kimi qeyd etmişdir. Daha sonra N. Nərimanov bolşeviklər partiyasının ikinci səhvini “ancaq fabrik və zavodların divarları arxasında” işlərini qurduqlarını və bu “divarlardan kənara çıxmaq istəmədiklərini” göstərmişdir (3, s.186). O yazırdı: “Zaqafqaziyada bu cür işləmək səhv idi, çünki burada zəhmətkeşlərin böyük bir hissəsi kəndlilərdən və yarımproletariatdan ibarət idi” (3, s.186).

N. Nərimanovun 1920-ci ilin aprel ayında Şimali Azərbaycanda bolşevik rejiminin qurulması ilə bağlı fikirləri də olduqca maraqlıdır. Onun “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində RSFSR-in Şərq siyasəti tənqid olunmuş, daha sonra isə Sovet Rusiyasının 1920-ci il 28 aprel işğalından sonra Azərbaycandakı vəziyyət təhlil edilmişdir. N.Nərimanov Azərbaycanda sovet

hakimiyyəti qurularkən Rusiyada edilmiş səhflərə yol verməməyi, yerli şəraitlə hesablaşmağı, müstəqil və nümunəvi Sovet respublikası yaratmağı ön plana çəkmişdir. O, bu siyasətin nəyə görə lazım olduğunu belə izah etmişdir: “Şərq zəhmətkeşləri, birincisi; bizim işğalçı imperialist məqsədlərimiz olmadığını bilsinlər və ikincisi; onlar görsünlər və hiss etsinlər ki, öz həyatlarını xanlarsız, bəylərsiz və başqaları olmadan qura bilirlər” (1, s. 16).

N. Nərimanov 1920-ci ilin may ayında Bakiya qayıtdıqdan sonra özü də bolşevik özbaşınalıqlarının şahidi olmuş və ona qarşı açıq və ciddi mübarizə aparmışdır. O, Sovet Azərbaycanını daimi müstəqil görmək istəyirdi və Sovet Rusiyası ilə qarşılıqlı iqtisadi, mədəni əlaqələrin olmasına çalışırdı. Lakin Mərkəzin Azərbaycana qarşı yürütdüyü siyasətin müstəmləkəçilik xarakterini gördükdən sonra onu kəskin tənqid etməkdən çəkinməmişdir. O, 1921-ci il mayın 8-də birinci Azərbaycan sovetlər qurultayında Bakıda sovet hakimiyyətinin ilk faciəli günlərini xarakterizə edərək demişdir: “Bolşeviklər hakimiyyəti ələ alırlar. Mən daha demirəm ki, ələ keçirirlər, alırlar və sonra öz proqramlarını inkişaf etdirməyə başlayırlar. Bax, burada bəzi sui-istifadə halları baş verir. Bu yerdə Rusiya şablonu ilə yenidənqurma başlayır” (2, s. 6).

N. Nərimanov yazırdı: “Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər” (2, s. 17). O, bu özbaşınalıqların qarşısını almaq üçün çox səylər göstərmiş, lakin bacarmamışdır. Çünki Azərbaycanı işğal edən Rusiya idi, N. Nərimanovun isə ona gücü çatmazdı. Digər tərəfdən, N. Nərimanov və onun silahdaşları bolşevik süngülərinin köməyi ilə hakimiyyətə gəldiklərinə görə ona qarşı mübarizə apara bilməzdilər. Azərbaycanın taleyini bolşevik Rusiyası ilə bağlayan N. Nərimanov, ancaq qələminə və şəxsi nüfuzuna görə bəzi haqsızlıqların qarşısını ala bilsə də, ümumilikdə, sovet müstəmləkəçilik siyasətinin qarşısını ala bilməməşdir.

N. Nərimanov Sovet imperiyası qarşısında gücsüzlüyünü hiss etməsinə baxmayaraq, Azərbaycanın müstəqil olmasından ötrü ardıcıl mübarizə aparmışdır. Lakin bu mübarizənin nəticəsi olmamışdır.

N.Nərimanov Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparanda da çox böyük çətinliklərlə üzləşməli olmuşdur. 1922-ci ildə S. Orconikidze Mərkəzi Komitə qarşısında məsələ qaldırmışdır ki, “Azərbaycan respublikası müstəqil yaşamalı, yaxud Sovet Rusiyasının tərkibinə daxil olmalıdır?” (2, s. 17). Bu taleyüklü məsələdə Ə. Qarayev, M.D. Hüseynov Sovet Rusiyasına birləşməyə razılıq versələrdə, həledici söz sahibi olan N. Nərimanov qəti olaraq bu məsələyə öz etirazını bildirmişdi. O, qəti şəkildə S. Orconikidzeyə bildirmişdir ki, Azərbaycan respublikası Gürcüstan və Ermənistan sovetləşənədək müstəqil olmalıdır, sonra isə baxarıq (2, s. 17).

N. Nərimanov 1920-ci il aprelin 28-ni çevriliş adlandırmışdı. Ümumiyyətlə, Sovet dövlət və partiya rəhbərləri 28 aprel hadisəsini çevriliş adlandırmış və bunu heç vaxt gizlətməmişdilər. Lakin sonrakı illərdə, yəni XX əsrin 30-cu illərinin ikinci yarısından sonra marksizm-leninizm konsepsiyası möhkəmlədikcə, sovet tarixçiləri aprel çevrilişini fəhlələrin inqilabi fəaliyyəti və silahlı üsyan nəticəsində baş verdiyini yazmaqla tarixi həqiqətləri saxtalaşdırmağa başlamışdılar. Tarixi həqiqətlər isə ondan ibarət idi ki, Sovet Rusiyasının açıq siyasi təzyiqi və XI Ordunun hərbi müdaxiləsi nəticəsində müstəqil Azərbaycan Xalq Cümhuriyyəti devrilmişdi.

Azərbaycan işğal olunandan və sovet hakimiyyəti qurulandan sonra Kommunist Partiyası əsas siyasi qüvvə olaraq qalırdı. Bütün milli və qeyri-milli partiyalar isə buraxılmışdır. R. Bayramovanın fikrincə yerli kadrlara qarşı inamsızlıq və etimadsızlıq, onların rəhbər vəzifələrə çəkilməməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi (4, s. 13).

Məlumdur ki, 1920-1933-cü illərdə RSFSR hökuməti Azərbaycanda siyasi rəhbərliyi rus, erməni, yəhudi millətindən olan şəxslərə tapşırmışdır. Beləki, Azərbaycan Kommunist Partiyasına M.C. Bağırova qədər aşağıdakı şəxslər rəhbərlik etmişlər - V.İ. Naneyşvili (23 iyul - 8 sentyabr 1920), E.D. Stasova (9 sentyabr - 15 sentyabr 1920), V.E. Dumbadze (15 sentyabr - 24 oktyabr 1920), Q.N. Kaminski (24 oktyabr 1920 - 24 iyul 1921), S.M. Kirov (24 iyul 1921 - 20 yanvar 1926), L.İ. Mirzoyan (21 yanvar 1926 - 11 iyul 1929), N.F. Qikalo (11 iyul 1929 - 4 avqust 1930), V.İ. Polonski (18 avqust 1930 - 6 fevral 1933), R.Q. Ruben (6 fevral 1933 - 10 dekabr 1933) (5, s. 60).

Bu dövrdə Azərbaycanda ikinci siyasi qüvvə AK(b)P-nın Bakı Komitəsi hesab olunurdu. Onun da rəhbərliyinə uzun müddət ermənilər təyin edilmişdilər. Bununla əlaqədar olaraq N. Nərimanov yazırdı: “Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a.” (2, s. 31) . O bunu “ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plan” adlandırmışdır (2, s. 31).

Müxtəlif vəzifələrdə azərbaycanlıların olmamasına qarşı çıxan N. Nərimanov yazırdı: “Əgər indi Neftkomun və Baksovetin qulluqçularının tərkibinə nəzər salınarsa, onda qərəzsiz müşahidəçi dəhşətə gələr. Yerli müsəlman mühəndislər və ümumiyyətlə, ziyalılar alver edir, bu müəssisələr isə rus, erməni və yəhudilərlə doldurulmuşdur” (2, s. 36). Daha sonra N.Nərimanov açıq-aydın yazırdı: “Həqiqətən, görəsən hal-hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya vardırmı. Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar öz iyrənc siyasətlərindən, Azərbaycanı simasızlaşdırmaq siyasətindən əl çəkməyənə qədər də olmayacaqdır” (2, s. 39) .

N. Nərimanov 1920-1923-cü illərdə Sovet hökumətini Azərbaycanla bağlı yürütdüyü siyasətini tənqid edərkən, ayrı-ayrı partiya və dövlət adamlarını ifşa etmişdir. Lakin o, sosializm quruluşunu deyil, sovet hakimiyyətinin başında

duranları və hökumətin siyasətini tənqid etmiş, amma sovet sisteminin özündən narazı olmamışdır.

Məlumdur ki, XI Ordunun Azərbaycanı işğal edən gündən Sovet hökuməti buraya müstəmləkə gözü ilə baxmağa başlamışdır. 1920-ci il aprelin 28-dən sonra Azərbaycan SSR-də siyasi hakimiyyət qeyri-azərbaycanlılara tapşırılır və azərbaycanlıların hökumət nümayəndələrinə müraciəti rus dilində yazılıması tələb olunurdu. Bununla bağlı N. Nərimanov, Mərkəzin (yəni Moskvanın) etimadını qazanmış məsul yoldaşların müstəmləkəçilik siyasətini tutarlı faktlarla ifşa edərək yazırdı: “Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar, yəhudilər və ermənilər türk dilində danışmırlar” (2, s. 39).

Daha sonra N. Nərimanov V.İ. Leninə müraciət edərək yazırdı: “Əziz Vladimir İliç, məgər “Müstəqil Azərbaycan” sizin” dilinizdən çıxmamışdır? Axı məhz buna əsaslanaraq biz Müsavatın qurduğu fitnəkarlığı məhv edə bildik. İndi vəziyyət belə şəkil alır: Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoyununa atılmış Azərbaycan həm ərazisini, həm də müstəqilliyini itirir” (2, s. 62). Görünür N. Nərimanov RSFSR hökumətinin Kremldaxili gizli danışıqlarından və Orconikidze, Kirov və Stalinin Sovet Azərbaycanın müstəqilliyi ilə əlaqədar olaraq Leninlə yazışmalarından məlumatsız olmuşdur.

Məlumdur ki, 1920-ci il aprelin 28-də Sovet ordusu Bakını yenicə işğal etməsinə baxmayaraq, artıq Azərbaycanın Sovet Rusiyasına birləşməsinə hazırlıq görülməyə başlanmışdır. 1920-ci il mayın 4-də Q.K. Orconikidze və S.M. Kirovun Mərkəzə göndərdikləri teleqramda Azərbaycanın Sovet Rusiyası ilə hərbi, təsərrüfat və iqtisadi birləşməsini həyata keçirməyin mümkünlüyündən bəhs olunmuşdur (6, v. 9-10).

N. Nərimanovun RSFSR hökuməti tərəfindən Azərbaycanda aparılan kadr siyasətinin tənqid etməsi Mərkəzi narazı salmışdır. Ona qarşı partiyada yüksək nüfuz sahibi olan qüvvələr birləşmişdilər (7, s. 26). Buna baxmayaraq, Moskva hökuməti daxil olan şikayətlə bağlı komissiya yaratmış və komissiya üzvləri – Yaroslavski, Şkiryatov, Rahimbəyov, Orconikidze, Kirov, Axundov və M.D. Hüseynov N. Nərimanovun haqlı narazılığna qarşı birləşərək, onu “haqsız” çıxartmışdılar.

N. Nərimanov daşnaklara qarşı da uzunmüddət mübarizə aparmış və hələ o dövrdə yazmış olduğu məqalələrində onların ikiüzlü, riyakar siyasətini kəskin tənqid etmişdir. N. Nərimanov daşnakların məkrli siyasəti ilə əlaqədar olaraq özünün “Qafqazın işğalına baxış” adlı məqaləsində yazırdı: “… daşnaklar özlərinin otuzillik siyasi həyatları ərzində göstərdilər ki, onlar Böyük Ermənistan haqqındakı arzularını həyata keçirmək üçün istənilən halda sifətlərini dəyişə bilərlər. Daşnaklar Qolitsinin dövründə (Rusiya imperiyasında Nazirlər Sovetinin sədri olmuşdur) inqilabi partiya hesab olunurdular, Voronsov-Daşkovun dövründə onun ayaqlarını öpürdülər və ən qatı əksinqilabçı idilər. Bunun səbəbi onda ki, Voronsov müharibədən sonra Böyük Ermənistan yaratmağa söz vermişdi. Əgər indi Qafqazda Sovet hakimiyyəti qurularsa, onda daşnaklar o saat sifətlərini dəyişib, bu dəfə kommunist olacaqlar. Yenidən Azərbaycanda və Gürcüstanda iş başında duracaqlar. … daşnaklar əllərində Böyük Ermənistan xəritəsi və dəqiq proqramla Peterburqda oturmuşdular. Onlar Böyük Ermənistan yaratmaqla məşğul idilər. Hətta, gürcü millətçiləri daşnakların bu həyasız və utanmaz hərəkətlərindən həyəcanlanmışdılar. Tam əminliklə elan edirəm ki, o vaxtlar Rusiyada mövcud olan heç bir milli partiya daşnaklar kimi bu qədər xəyanət və satqınlıq etməmişdir”(2, s.194-195).

Beləliklə, 1918-1920-ci illərdə Şimali Azərbaycanda baş vermiş siyasi və tarixi hadisələrə obyektiv qiymət vermək üçün N. nNərimanovun siyasi irsinin təhlili aşağıdakı nəticələrə gəlməyə imkan verir: 1) 1918-ci ilin yazında

S.Şaumyanın bolşevik bayrağı altında Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında türk-müsəlman əhaliyə qarşı apardığı soyqırımı siyasəti kəskin tənqid olunmuşdur; 2) bolşevik siyasətinin onun düşündüyü kimi, yəni insanları öz ideyalarına inandırmak yolu ilə deyil, zora əsaslanaraq həyata keçirilməsi tənqid olunmuşdur; 3) S. Şaumyan və A. Caparidzenin simasında Bakıda Sovet hakimiyyəti ciddi tənqid edilmişdir; 4) N. Nərimanov Azərbaycanın müstəqil olması, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi uğrunda ardıcıl mübarizə aparmışdır; 5) N. Nərimanov daşnaklara qarşı uzunmüddət mübarizə aparmış və onların ikiüzlü, riyakar siyasətini kəskin tənqid etmişdir.

 

İstifadə edilmiş ədəbiyyat

1. Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. (İ.V.Stalinə məktub). Bakı: Azərnəşr, 1992, 77 s.

2. Нариманов Н.Н. Избранные произведения. В 2-х т. Т. 2, Баку: Азернешр, 1989, 483 c.

3. Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: Azərnəşr, 2001, 535 s.

4. Bayramova R.M. Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925). Bakı: Elm, 2007, 196 s.

5. Həsənov H.Ə. Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti. Bakı, Elm, 2005, 248 s.

6. РГАСПИ, ф, 85. оп.13. д. 12. лл. 9-10.

7. Шатуновская О.Г. Об ушедшем веке. Рассказывает Ольга Шатуновская / сост.: Д.Кутьина, А. Бройдо, А. Кутьин. – La Jolla (Calif.) М.: DAA Books, 2001, 470 с.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM